Motivasiya məktubu necə yazılır
Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?
Yashar Ahmadov
Motivation Letter / Cover Letter / Statement of Objectives – hər uni fərqli cürə adlandırır, amma məntiq eynidir.
Baxmayaraq ki, özüm haqqında məlumatları sosial mediaya car çəkməyi sevmirəm, düşündüm ki bunu paylaşmağın çoxlarına xeyri dəyər. Bir çox tələbəmiz xaricdə bakalavr/magistr/doktorantura başvurusu mərhələsindədir. MIT-yə qəbulumda əsas rollardan birini oynayan “Motivation Letter”i sizinlə olduğu kimi paylaşıram (link yazının sonunda). Amma xahiş edirəm, olduğu kimi köçürüb heç hara göndərməyin, bunun onsuz da xeyri olmayacaq. Hər şəxs, hər başvuru ayrıdır və məktub da fərqli olmalıdır. Sadəcə formatı nümunə olaraq istifadə etməyiniz üçün paylaşıram. Eləcə də mənimlə bir qəbul olan 40 nəfər var idi, hamının məktubu bir-birindən fərqli idi. Yəni mənim yazdığım qəbul görən üslublardan sadəcə biridir. Gələk məsələnin özünə. Adətən universitetlər aşağıdakı ardıcıllıqla tələbələri qiymətləndirirlər:
– Məktəb/bakalavr/magistr harda oxumusunuz və qiymətləriniz
– Iş/praktika təcrübəniz
-Standard imtahan ballariniz (GRE/SAT)
– Magistr və PhD üçün thesis proposal
– Motivasiya məktubunuz
– Referans məktublarınız
– Əlavə sertifikatlarınız
Başvuru edərkən artıq keçmişə qayıdıb qiymətlərinizi yüksəldə və ya praktika artıra bilməyəcəksiniz. Yəni onlarla bağlı edə biləcəyiniz çox da bir şey yoxdur. Amma iki şey öz əlinizdədir: güclü motivation/cover letter və referanslar. Bu postda motivasiya məktubundan danışacağıq. Əgər zəif qiymətləriniz varsa və ya kifayət qədər təcrübəniz yoxdursa bu məktub sizin üçün səbəbləri izah etməyə imkan verir. Motivasiya məktubunda aşağıdakılara diqqət yetirmək lazımdır:
– Normal, oxunaqlı şrift (məsələn Arial, Palatino Linotype – mən bu şrifti çox sevirəm!)
– Əvvəldə öz adınızı və baş vurduğunuz proqramı yazın
– Məktubunuz oxunaqlı olsun, qrammatik səhvlər qəti dərəcədə olmaz. Lazımdırsa dost-tanışlarınıza da oxudun.
– Məktub Introduction – Main Body – Conclusion formasında olsun. Mövzuya giriş edin, sonar bütün detalları yazın, sonda da mövzunu bağlayın.
– Yuxarıda da qeyd etdiyim kimi, məsələn tələbə vaxtı işləmək məcburiyyətində qalmısınızsa və qiymətlərinizə təsir edibsə, yazın. Qəbul olan heç də hamının super ortalaması (GPA) olmur. Mənim kimi.
– Proqrama baş vurma səbəbinizi açıq və inandırıcı şəkildə ifadə edin. Oradan alacağınız diplomun uzun dönəmdə özünüzə və başqalarına nə xeyri olacaq, bunu izah edin.
Belə. Əgər soruşmaq istədiyiniz suallar varsa, aşağıda yazın, cavablandırım.
Motivasiya məktubu necə yazılır?
Bu yazıda motivasiya məktubunun necə yazılması haqqında əsas mərhələləri və diqqət edilməli məqamları vurğulayacağıq.
Bu mövzunu üç hissəyə bölmək olar:
1. Motivasiya məktubu nədir və nə üçündür?
2. Motivasiya məktubu hara təqdim etmək üçün yazılır?
3. Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?
Motivasiya məktubu nədir və nə üçündür?
Motivasiya məktubu xəyalların yazıdakı əksidir. Şəxsin inandırıcılıq qabiliyyətinin əyani sübutudur. Bir yerə müraciət edərkən onlarla, yüzlərlə, bəlkə də, minlərlə namizəd içindən “Niyə məhz səni seçməli olduqlarını” izah edən qısa hekayədir. Motivasiya məktubunda şəxs özü, arzuları, xəyalları, təhsili və gələcəkdə olmaq istədiyi yer və ya statusu haqqında məlumat verib, qarşısındakı şəxsin və ya şəxslərin məhz onu seçməsi üçün onlara bir hekayə danışır. Bu hekayənin inandırıcılığından və digər lazımi kriteriyaların mövcudluğundan asılı olaraq qəbul və ya razılıq alır.
Motivasiya məktubu hara təqdim etmək üçün yazılır?
Adətən xaricdə təhsil üçün motivasiya məktubu lazım olur. Lazımi sənədlərlə birlikdə ayrıca motivasiya məktubunun yazılması və göndərilməsi tələb olunur. Lakin motivasiya məktubu sadəcə bu məqsədlə istifadə olunmur. Həmçinin yerli və ya xarici seminarlar, təlimlər, staj təklif edən şirkətlər, bəzi layihə proqramları və s. motivasiya məktubu tələb edə bilir. Adətən onların tələbində motivasiya məktubu ya müraciət formasının daxilində qeydiyyatdan keçərkən, ya da ayrıca tələb oluna bilir.
Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?
1. Qərar ver: orada iştirak etmək sənin (xəyalların, təhsilin, gələcəyin) üçün nə qədər əhəmiyyətli və ya lazımlıdır?
Zəruri olub-olmamasına, maraq dairəsini əhatə edib-etməməsinə baxmayaraq hər gördüyü təlimə, seminara, ixtisaslara müraciət edən insanlar görmüşəm. Sən onlardan olma. Həyatınla bağlı edəcəklərin aydın olsun. Bu həyatı necə yaşamaq istədiyini, nələr etmək istədiyini, özünəməxsusluğu harada ortaya çıxardacağını bil və maraq dairən çərçivəsində sənə həqiqətən əhəmiyyəti dəyə biləcək yerlərə müraciət et. Beləliklə, həm qızıldan dəyərli zamanının qədrini bilər, həm də müraciət edəcəyin yerdən gözləntilərini də ayırd etmə imkanına sahib ola bilərsən.
2. Kofe/Çay beyni
“Coffee Mind” deyə adlandırdığım bu mərhələni tələsməmək adına yaratmışam. “Tələsən təndirə düşər” atalar sözünün gücünə inanaraq müraciət etmək istədiyim yer üçün vaxt ayırıb, sakit beyinlə və bütün diqqətimi ona verərək müraciət formasını doldurmağa və motivasiya məktubumu yazmağa çalışıram. Bu mərhələnin gözardı edilməsi özünü motivasiya məktubunda da göstərir. Oxuyucu yazılan məktubun yola verildiyinin fərqində olur və bu da həmin şəxsin qəbul alma imkanını azaldır.
3. Giriş maksimum kreativ və ya səmimi olsun
Giriş hər şey olmasa da, çox şeydir. Yəni girişi nə qədər kreativ, özünəməxsus şəkildə yazsan və nə qədər səmimi olsan, o qədər uğurlu alınacaq. Girişdə diqqət etməli olduğun məqam “NİYƏ” sualına fokuslanmaqdır. Niyə müraciət etmək istədiyini uyğun ifadə tərzi ilə izah etməyin lazımdır.
4. Emosiyalara toxun
Bu mərhələdə hekayə danışacağını fərz et. Əslində qismən də doğrudur. Bu mərhələ öz hekayəni emosiyalara toxunacaq şəkildə və “NİYƏ MÜRACİƏT ETDİYİNİ” daha geniş şəkildə izah etmə mərhələsidir. Burda diqqət etməli olduğun məqam hekayəni maksimum inandırıcı və əlaqəli təsvir etməkdir. Niyə müraciət etdiyini, həmin proqramın sənin üçün əhəmiyyətini uşaqlığından gələn bir xəyalla, ailə ilə bağlı bir səbəblə və ya daha başqa şəkildə emosiyalara toxunacaq və inandırıcılıq qabiliyyətini itirməyəcək şəkildə əlaqələndirib, təsvir etməyin məsləhətdir.
5. Yaxın gələcək üçün həyatındakı rolu / təsiri
Burda iki suala cavab verəcəksən:
1) O proqramda/kursda/təlimdə iştirak etməyin və ya universitetdə o ixtisas üzrə oxumağın sənin yaxın gələcək üçün məqsədlərinə nə dərəcədə təsir edəcək? Yaxın gələcək üçün planlarına nə kimi bir positiv təsiri olacaq?
2) Niyə məhz ora vasitəsilə? Oranın – o təşkilatın, universitetin – sənə və həyatına qatacaqları nə olacaq? Oranı digərlərindən fərqləndirən nədir?
6. Sonluq mütləq yazılmalıdır
Sonluğu da ən az giriş qədər cəlbedici və kreativ yazmaq əhəmiyyətlidir. Bir cümlə ilə danışdıqlarının xülaləsini və ya istəyini vurğulaya bilərsən. Bu, artıq sənin seçimin olacaq.
7. Öz fərqini ortaya qoy: təşəkkür
Yüzlərlə motivasiya məktubu içərisində seçilmə və öz fərqini ortaya qoyma adına özünəməxsus bir tərz yarat. Məsələn, mən hər zaman məktublarımı təşəkkürlə sonlandırıram. Qarşımdakı şəxs məni qəbul etsə də, etməsə də, təşəkkürü özümə borc bilirəm. Bu mənim tərzimdir. Sən də öz tərzini yarada bilərsən.
Bu mövzu ilə bağlı qeyd etmək istədiklərim bunlardır. Diqqətin üçün təşəkkürlər, əziz oxucu.
Şahanə Dostəliyeva
Comments are closed, but trackbacks and pingbacks are open.