Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur
2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli Lider demişdir: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.
MÜASİR AZƏRBAYCAN ROMANI
Azərbaycan romanının üçüncü mərhələsi ilk növbədə, özünün yeni müəllifləri ilə diqqəti cəlb etdi. Bu yazıçılar Azərbaycan romanında bir sıra yeniliklərin, novator meyllərin də müəllifləri oldular. Nəsrdə öz lirik-psixoloji hekayələri ilə uğur qazanan İlyas Əfəndiyev “Söyüdlü arx”, “Körpü salanlar”, “Dağlar arxasında üç dost”, daha sonra “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca” romanları ilə nəsrimizə yeni bir nəfəs gətirdi. Uzun müddət inqilabi-tarixi, sosial məzmunlu, istehsalat və quruculuq motivləri üzərində qurulan romanlarımızda məhz lirika qıtlığı duyulurdu, az qala robotlaşan “müsbət qəhrəmanlar”ı İlyas Əfəndiyevin zəngin daxili dünyası, intellektual mənəvi aləmi ilə diqqəti cəlb edən yeni ruhlu qadın və kişi obrazları əvəz etdi. Əlbəttə, bu fikri söyləyərkən biz qətiyyən iddia etmirik ki, lirik-psixoloji üslub “sırf ictimai motivi sıxışdırıb kənara qoydu, əlbəttə, belə düşünmək sadəlövhlük olardı. Bu məsələnin ən dəqiq, doğru izahını sonralar görkəmli tənqidçi Yaşar Qarayev belə əsaslandırmışdı: “Məsələ ondadır ki, fərdi duyğular, surətin mənəvi aləmi ictimai dövrü və mühiti nə dərəcədə inikas edə bilir. Təbiidir ki, bütün mühüm ictimai hadisələr cəmiyyət üzvlərinin mənəvi həyatında dərin iz buraxır və sənətkar ictimai həyatı bu fərdi-mənəvi aləmin güzgüsündə əks etdirə bilir (Yaşar Qarayev).
Yeni roman müəllifləri sırasında İlyas Əfəndiyevlə yanaşı, İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədlinin, Bayram Bayramovun, Salam Qədirzadənin də adları xüsusi qeyd olunmalıdır.
İsa Hüseynov Azərbaycan ədəbiyyatına “Yanar ürək”, “Doğma və yad adamlar” kimi həyatı, ictimai mühiti bütün reallığı ilə əks etdirən, cəmiyyətdə gedən mənəvi aşınmaları sərt psixoloji səpgidə canlandıran romanlarla gəldi. Sonra tarixi-fəlsəfi romanın ilk nümunəsi -“Məhşər” yarandı. İsmayıl Şıxlı “Dəli Kür” romanı ilə milli xarakter anlayışına münasibəti kökündən dəyişdi. Bu fikri Fərman Kərimzadənin “Qarlı aşırım” romanı barədə də söyləyə bilərik. Sabir Əhmədli “Aran”, “Görünməz dalğa”, “Dünyanın arşını” romanları ilə Azərbaycan kəndinin kəskin ziddiyyətlər doğuran sosial-mənəvi mənzərəsini əks etdirdi. Burada indi adları az qala unudulan Bayram Bayramovun “Yarpaqlar”, Salam Qədirzadənin “Qış gecəsi” romanlarının da o zaman oxucularda yeni hisslər, duyğular oyatdığını qeyd etməliyik. Populyar yazıçı olduğu kimi, romanların da müəyyən müddət belə populyarlığı olur və bu populyarlıq geniş oxucu kütlələrinin marağı ilə ölçülürsə, Vidadi Babanlının Azərbaycan ziyalılarının mənəvi-əxlaqi həyatından söz açdığı “Vicdan susanda” romanını da gərək unutmayaq.
Əlbəttə, biz Azərbaycan romanının yeni mərhələsində vaxtilə bir sıra əsərləri ilə geniş oxucu kütlələrinin rəğbətini qazanmış Mirzə İbrahimovun, Mehdi Hüseynin, Əbülhəsənin də xidmətlərini xüsusi qeyd etməliyik. “Böyük dayaq”, “Pərvanə” (Mirzə İbrahimov), “Yeraltı çaylar dənizə axır” (Mehdi Hüseyn), “Tamaşa qarının nəvələri” (Əbülhəsən) romanları məhz yeni mərhələnin yaratdığı bədii-estetik ab-havaya tam uyğun idilər.
Beləliklə, altmışıncı illərdə yeni tipli Azərbaycan romanı nəsrin “sükanı” arxasına keçdi.
Sonrakı onilliklərdə Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Çingiz Hüseynov, Vidadi Babanlı, Süleyman Vəliyev, Əlibala Hacızadə, Hüseyn Abbaszadə, Ənvər Yusifoğlu, Cəmil Əlibəyov, Həsən Seyidbəyli, Yusif Səmədoğlu, Anar, Elçin, Sabir Azəri, İsi Məlikzadə, Əlisa Nicat, Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc, Afaq Məsud, Əli Əmirli, Mustafa Çəmənli, Arif Abdullazadə kimi romançılar yetişdi. Bu müəlliflərin əsərlərinin elə təkcə adlarını sadalasaq, böyük bir kəmiyyət “mənzərəsi” yaranar. Lakin milli romançılığımızın yeni mərhələsi kəmiyyət faktoru ilə deyil, keyfiyyət göstəricisi ilə qiymətləndirilməlidir. Və burada qətiyyən pessimizmə yuvarlanmarıq.
Azərbaycan romanı özünün malik olduğu milli “ərazidən” sıyrılıb tədricən üfüqlərini genişləndirir və o zamankı postsovet məkanında da “bayrağını” sancmalı olur. Söhbət təkcə ondan getmir ki, bizim bir sıra romanlar Ümumittifaq, hətta ondan kənarda – xarici ölkələrdə də çap olunur, yayılır və Amerika, ingilis, fransız, alman romanları ilə müqayisədə lap cüzi də olsa, tanınırdı. Söhbət həm də ondan gedir ki, Azərbaycan romanı dünya roman praktikasına və poetikasına uyğunlaşmağa, o böyük təcrübədən faydalanmağa başlayır. Bunu daha çox səksəninci illərdə yazılan romanlarımızda müşahidə edirik. Azərbaycan romanına mifoloji-fantastik elementlər daxil olur – Çingiz Hüseynovun “Fətəli fəthi”, Elçinin “Mahmud və Məryəm”i yaranır. Dastan poetikasının, folklor ruhunun bütünlüklə bir roman süjetinə “çökməsi” Mövlud Süleymanlının “Köç” romanının yaranmasına səbəb olur. İsa Hüseynov “Yanar ürək” romanından “imtina edib” tamamilə yeni roman strukturu yaradır, məlum tarixi qaynaqlara tamam fərqli bir münasibətlə yanaşıb əcdadlarımızın yeni tarixini “bərpa” edir və bu bədii prosesin özü müəyyən etiraz doğursa da, maraqlı hadisə idi. Və indi tam qətiyyətlə deyə bilərik ki, İsa Hüseynovun bu roman təcrübəsi Azərbaycan ədəbiyyatında doqmatik şüura təsirsiz qalmadı. (“İdeal”, “Cəhənnəm” romanları).Yusif Səmədoğlu “Qətl günü” romanı ilə, Qərb roman təcrübəsi ilə Şərq roman təcrübəsini bir araya gətirdi, “roman içində roman” nümunəsini ortaya qoydu. Yox, bunları qətiyyən eksperiment saymaq olmaz, Azərbaycan romanında baş verən bu “hadisələr” dünya roman sənəti ilə səsləşən məqamlar idi. Sonralar Afaq Məsudun “İzdiham”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Həmid Herisçinin “Nekroloq” romanları meydana gəldi və bu nümunələr də sübut elədi ki, milli roman ənənələri öz yerində, amma dünya romanında baş verən proseslərə də qoşulmaq vacib və zəruridir.
Burada bir mühüm məqamı da qeyd etmək istəyirik. Bəziləri iddia edir ki, Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb. Bu, kökündən yanlış bir fikirdir. Necə ola bilər ki, 127 illik tarixi olan Azərbaycan romanı Dünya romanı səviyyəsində bir nümunə ortaya qoya bilməsin? Əgər “dünya romanı səviyyəsi” məsələsi ortalığa qoyulursa, biz “Qılınc və qələm” kimi klassik nümunədən tutmuş ən azı on romanın (“Şamo”, “Gələcək gün”, “Dəli Kür”, “Məhşər”, “Qarlı aşırım”, “Qətl günü”, “Dünyanın arşını”, “Mahmud və Məryəm”, “Fətəli fəthi”, “Köç”) adını çəkərik. Çox təəssüf ki, biz bu romanları dünyada tanıtdıra bilməmişik.
Bir də axı, “dünya romanı səviyyəsi” özü sürüşkən bir ifadədir. Kim sübut edə bilər ki, “Dəli Kür”, “Qətl günü”, “Mahmud və Məryəm”, “Fətəli fəthi” dünya romanı səviyyəsində deyilg
Azərbaycan romanında milli gerçəkliyin inikası ilə yanaşı, tarixi xəttin güclənməsi prosesi baş verdi. Təbii ki, bu prosesdə əvvəlki sabit ənənələrə kortəbii sədaqət daha çox diqqəti cəlb edir. Tarixi romanlarda bioqrafik ünsürlər, tarixi hadisələri və şəxsiyyətləri yalnız “bədiiləşdirmək” prinsipləri hələ də qalmaqda idi, belə əsərlərdə “tarixi özünüdərk”, milli idrakın işığı, “vətəndaşlıq ağrısı”, tarixi gerçəkliyin öz fəlsəfəsi müasir, miqyaslı bir ölçüdə” (Y.Qarayev) reallaşmırdı. Və onlarla belə tarixi romanlarda müasirlik deyil, yalnız statistik mənada “tarixizm” nəzərə çarpırdı. Lakin bu stereotipin əksinə olan romanlar da yarandı. “Dəli Kür” (İ.Şıxlı), “Məhşər” (İ.Hüseynov), “Geriyə baxma, qoca” (İ.Əfəndiyev), “Babək” (Ə.Məmmədxanlı), “Qətl günü” (Y.Səmədoğlu), “Fətəli fəthi” (Ç.Hüseynov), “Mahmud və Məryəm” (Elçin), “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Təbriz namusu” (F.Kərimzadə), “Bakı-1501” (Ə.Cəfərzadə), “Mirzə Şəfi” (Ə.Nicat), “Köç” (M.Süleymanlı) romanları milli tariximizə yeni baxış bucağını müəyyənləşdirdi.
O ki qaldı milli gerçəkliyin, müasir reallığın bədii inikasınag müəyyən şablonçuluğu və stereotipi bu tipli romanlarda da izləyə bilərik. Hələ də bir çox romanlarda “istehsalat” romanlarının təsiri özünü göstərirdi, hələ də “müsbət qəhrəman” bütün işləri yoluna qoyan və əsərin sonunda “mənfilər” üzərində qələbə çalan obraz kimi diqqəti cəlb edirdi. Bu romanlarda əllinci illərin bir sıra bəsit romanlarının sxemi təkrar olunurdu, konflikt və xarakterlər eyni modellə quraşdırılırdı, dəyişilən, yeniləşən həyatın ritmi qətiyyən duyulmurdu. Yalnız bu stereotipi dağıdan bir sıra romanlar yarandı və romanlarda sosrealizmin məlum prinsiplərinə sığmayan fərqli obrazlar, “gəmidə oturub gəmiçi ilə dava edən” (Elçin) qəhrəmanlar ədəbiyyata yol açdı. Həmin romanlarda həyat hadisələri bəzəksiz-düzəksiz, bütün təzadları, mürəkkəb hadisə və olayları ilə canlandırıldı. Buna nümunə kimi Sabir Əhmədlinin “Yaşıl teatr”, “Dünyanın arşını”, “Yasamal gölündə qayıqlar üzürdü”, Elçinin “Ağ dəvə”, “Ölüm hökmü”, Mövlud Süleymanlının “Səs”, Əfqanın “Gülyanaq”, Sabir Azərinin “Dalanda” romanlarını misal gətirə bilərik.
Son iyirmi ildə yaranan Azərbaycan romanlarını ilk növbədə, müəyyən problemlər üzrə nəzərdən keçirmək lazımdır.
Burada müəyyən ümumiləşdirmə aparsaq, belə bir nəticəyə gələrik ki:
a) Azərbaycan romanı son iyirmi ildə mövzu-tematika baxımından heç də qıtlıq çəkməmişdir. Tarixi roman ənənəsi davam etmiş, müasir mövzuda, dövrün, zamanın, ictimai-siyasi hadisələrin təsiri ilə yeni romanlar yazılmışdır.
b) Yeni roman axtarışları bu janrın forma-struktur baxımından da təsnifatına yenidən baxmağa imkan yaradır. Roman-reportaj, roman-dialoq, roman-xronika, roman-utopiya, roman-pamflet, roman-besseller, roman-tədqiqat, roman-kino kimi təzə roman tipləri yaranmışdır.
c) Azərbaycan romanının poetikası da özünün yeni bədii-estetik çalarları ilə diqqəti cəlb edir. Romanların dili, üslubu, sənətkarlıq xüsusiyyətləri barədə də müəyyən müsbət fikirlər söyləmək olar.
(ardı gələn şənbə sayımızda)
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.
Bakı, 11 may (AZƏRTAC). Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü heç şübhəsiz, xalqımızın Ümummilli Lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir.
Ulu öndər Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanmışdır. O, təkcə xalqımızın deyil, eyni zamanda, bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəslədiyi siyasi lider idi. Tarixdə bu cür aqibət çox az şəxsiyyətlərə müyəssər olur. Tarixin xalqlara verdiyi şansları nadir sərkərdələr reallaşdırmağa qadir olurlar. Heydər Əliyev bu mənada xalqı, dövləti qarşısında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş bir şəxsiyyətdir.
Ümummilli Liderin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı.
Qeyd etmək lazımdır ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdur. Təsadüfi deyildir ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da bu, sadəcə olaraq kağız üzərində qalmışdı. O zamankı iqtidarın yaratdığı xaos, özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərmişdi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələnmişdir.
Lakin hər zaman ən çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq özünün əbədiyaşar liderini yenidən hakimiyyətə gətirdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyuldu. Ulu Öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti Ali Baş Komandana ordumuzdakı mürəkkəb problemləri həll etməyə və Azərbaycan Silahlı Qüvvələrini elmi-nəzəri əsaslar üzərində qurmağa imkan vermədi.
Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşlar. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır.
2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli Lider demişdir: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım olmuşdur. Belə ki, Ali Baş Komandan milli ordu quruculuğu Silahlı Qüvvələrin modernləşməsi proseslərində beynəlxalq təcrübəyə istinad edilməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmışdır. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır.
Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb keçmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır.
Bu gün tam əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu – Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini dərhal və uğurla yerinə yetirməyə hazırdır, buna tam qadirdir.
Comments are closed, but trackbacks and pingbacks are open.