Press "Enter" to skip to content

Müasir inteqrasiya proseslri

Bütün bunlar isə koqnitiv (idraki) təhsilin atributlarındandır ki, ona yalnız inteqrativlik şəraitində nail olmaq mümkündür.

Müasir inteqrasiya proseslri

Ümumi təhsildə inteqrasiya: müasir yanaşmalar

Təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartları ilə uyğunlaşsın.

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

Dünyanın təhsil məkanında daha geniş istifadə edilən təhsildə inteqrasiya anlayışı ilkin olaraq onun semantikasını düşünməyi tələb edir. Müəllimlərin təbii olaraq öyrənmək istədikləri bu anlayış qloballaşmanın meydana qoyduğu mühüm tələblərdən biri olmaqla müasir təhsil prosesinin özünəməxsus keyfiyyət göstəricilərindən biri kimi diqqəti cəlb edir. Daha çox fəlsəfi yöndə başa düşülən inteqrasiya sözü həyatın bütün sahələrinə aid olmaqla sintetik xarakter daşıyır və bütövləşmə istiqamətində yeni yaranışın əsasında durur. Xüsusən cəmiyyət hadisəsi kimi inteqrasiya onun inkişaf istiqamətində dəyişikliklərini tənzimləməklə müasirliyi təmin edir. Bu anlayışın mahiyyətinə varmaq üçün, ilk növbədə, onun mənasını bilmək əhəmiyyət daşıyır. “İnteqrasiya latın dilində “integer” – “bütöv”, “bütövləşmə” deməkdir, əslində sözün etimologiyası inteqrasiyanın siyasi proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. “İnteger” söz ündən yaranan “integratio” sözü də latın dilində “bərpa”, “tamamlanan” mənasını verir”.

İlkin araşdırmalar onu göstərir ki, inteqrasiya termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlasa da onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olmuş, onun varlığını təşkil etmişdir. � Zaman-zaman diferensial yanaşmalar hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır. Bəşəriyyətin tarixi boyu proqressiv xarakter daşıyan yeniliklər diferensial və həmçinin interaktiv yanaşmaların fonunda yaranmışdır. Bütün elm sahələrində, o cümlədən sosiologiyada, eləcə də pedaqogikada inteqrasiya önəmli yer tutmuşdur. Ona görə də pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, eləcə də “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunmağa başlamışdır.

Müasir zamanda inteqrasiya qlobal dünyanın təhsil aləmində aparıcı yer tutur. Ona görə də informasiyaların genişləndiyi bir dövrdə cəmiyyətin sürətlə və dəyişkən dinamikasını izləmək və ona müvaze olaraq inkişaf etmək üçün birləşmələr, bloklar yaratmaqla ümumiləşdirmələr aparmaq ən səmərəli strategiyalardan biri kimi qəbul edilir . Başqa sözlə, inteqrasiyaya müasir təhsilin sadə epitetlərindən biri kimi, şou xarakterli anlayış kimi yanaşmaq olmaz. “Təhsildə inteqrasiya dəb, növbəti kampaniya deyildir. O, bu gün insan fəaliyyətinin bütün sferasını xarakterizə edən, əks etdirən bir tendensiyadır”.

İnteqrasiya təhsilin bütün struktur elementlərinə aid olduğundan son dövrlərdə “inteqrativ təlim”, “inteqrativ dərs”, “inteqrativ fənn” və s. anlayışlar da işlənir. Eyni zamanda inteqrativ təlimə xüsusi pedaqoji texnologiyalardan biri kimi yanaşılır.

Təhsildə inteqrasiya ilə bağlı son dövrlərdə yaranmış fikirləri bir neçə qrupa bölmək olar. Onlardan birincisi, inteqrasiyanın ümumipedaqoji və eləcə də fənlərə aid məsələ kimi qoyulması, onlar barəsində mülahizələrin irəli sürülməsi, onların inteqrasiya olunması məsələsidir. Burada inteqrasiyaya cəmiyyətin tərbiyə gücünün inteqrasiyası kimi baxılması, biliklərin fəndaxili inteqrasiyası kimi dəyərləndirilməsi, didaktik sistemin sintezi kimi müddəalar prioritet təşkil edir. Göründüyü kimi, bu müddəalar konseptual mahiyyət kəsb edir və daha ümumi xarakter daşıyır. Bizim fikrimizcə də, təhsildə inteqrativliyin konseptual yanaşma kimi nəzərə alınması onun şəxsiyyətyönümlü mahiyyət kəsb etməsindən irəli gəlir. Şəxsiyyətyönümlülük isə daha çox inteqrativ bilik və bacarıqlara söykənən dəyərlərin mənimsənilməsini tələb edir ki, buna da yalnız inteqrativ təhsil prosesində nail olmaq mümkündür. Çünki “təlimdə inteqrasiyanın nəticəsi şagird təfəkkürünün inkişafında özünü göstərir. O, tədris-idrak fəaliyyətinin səmərəliliyində, sistemləşdirilməsində, eləcə də mədəni savadlılığın mənimsədilməsində təzahür edir”.

Bütün bunlar isə koqnitiv (idraki) təhsilin atributlarındandır ki, ona yalnız inteqrativlik şəraitində nail olmaq mümkündür.

İkinci fikir daha ümumi xarakter daşımaqla inteqrasiyanın təhsil prosesinin bütün mexanizmlərində özünü göstərməsini, onun mahiyyətinə çökməsini əhatə edir. Bu zaman inteqrasiya üçün zəruri hesab edilən zahiri görüntülər, əlamətlər istisna olunur.

Azərbaycan pedaqoji fikrində “inteqrativ təhsil”, yaxud “təhsilin inteqrasiyası”, eləcə də “inteqrativ təlim”, “inteqrativ dərs” və s. anlayışlar artıq özünə yer tutmaqla istifadə olunmaqdadır. Müasir təhsil quruculuğunda onlardan yaradıcı şəkildə istifadə edilməkdədir. Azərbaycan təhsilinin elmi-nəzəri, psixopedaqoji problemləri ilə bağlı geniş tədqiqatları olan görkəmli psixoloq professor Əbdül Əlizadə islahatın ilk dövrlərində yazırdı ki, “Müasir dövrdə humanitar fənlərin təbii-elmi fənlərlə inteqrasiyası daha çox vurğulanır. Bu ideya özü-özlüyündə son dərəcə durumludur. Bir tərəfdən elmi-tərəqqi şəraitində məktəb sadəcə olaraq humanitar fənlərin ekstensivləşdirilməsi yolu ilə inkişaf edə bilməz. Digər tərəfdən, fənlərin inteqrasiyasını dövrün sərt məntiqi “təhsil gündəminə” çıxarıb”. Respublikamızda bu sahədə ilk addımlar atılıb. “İnsan və cəmiyyət” inteqrativ fəndir. Bu sahədə əldə edilmiş təcrübə elmi-metodik meyarlarla təhlil olunmalıdır. Ən başlıca fənlərin inteqrasiyasının konseptual modeli işlənməlidir. Humanitar fənlərlə təbii-elmi fənlərin inteqrasiya məsələsi də ancaq bu kontekstdə həll oluna bilər � (Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Bakı, “Adiloğlu” nəşriyyatı, 2001).

Ölkəmizdə aparılan təhsil islahatları dövründə prioritet fəaliyyət istiqamətlərindən biri inteqrativ təhsilin formalaşdırılması sahəsində aparılan işlər olmuşdur. Bu işləri də iki istiqamətdə qruplaşdırmaq mümkündür ki, bütün hallarda ümumtəhsil, eləcə də digər pillələrdə əldə olunmuş fənlərarası, fəndaxili əlaqələr sahəsində nailiyyətlər öyrənilərək ümumiləşdirilmiş, yeni təcrübənin yaradılmasında onlardan istifadə olunmuşdur. Eyni zamanda inteqrasiya məfhumuna aid mülahizələr nəzərə alınmış, yeni təhsil konsepsiyasının yaradılmasında onlardan istifadə edilmişdir. Belə qənaətə gəlinmişdir ki, “inteqrasiya müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin b ütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaqla onları sistemləşdirməkdir” (Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, “Təhsil”, 2008).

Məlum olduğu kimi, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ilə müstəqillik yolunda ilk addımlarını atan Azərbaycan bütün sahələrdə, o cümlədən təhsil sahəsində ümumi siyasətin zəruri prioritet istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev ölkənin təhsil sahəsində milli siyasətin müəyyənləşdirilməsi ilə bağlı öz töhfələrini verdi. O, Azərbaycanın inkişaf etdirilməsi və müasir dünyadakı mövqeyinin möhkəmləndirilməsi məqsədilə Təhsil İslahatı komissiyasının iclasında çıxış edərək bildirdi ki, “indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan dünya təhsili sisteminin standartlarına uyğunlaşsın” (Azərbaycanın təhsil siyasəti (1998-2004). Bakı, “Çaşıoğlu”, 2005.).

Həmin dövrdə qəbul olunmuş İslahat Proqramında bu fikir prioritet istiqamət kimi əsas götürülməklə fəaliyyətlərin əsasına gətirildi. Artıq ilk dəfə olaraq dövlətin islahatçılıq fəaliyyətinin didaktik əsasını təşkil edən prinsiplər qəbul edildi. “Demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanmaqla yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm vəzifələrdən biri kimi İslahat Proqramına daxil edildi və islahatların aparıldığı dövrdə praktik olaraq həmin prinsiplərin reallaşdırılması istiqamətində işlər görüldü. Bu ideya aparıcı bir xətt kimi davam etdirilməklə 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir daha təsbit olundu.

İslahat dövründə quruculuq işlərinin inteqrasiya prinsipi əsasında aparılmasında başlıca istiqamətlərdən biri məzmunun müasir müstəvidə formalaşdırılması olmuşdur. Təhsilin məzmunu anlayışından danışarkən həmişə onun bilik, bacarıq və vərdişlər sistemindən ibarət olması və proqramlarda, dərsliklərdə əks edilməsi göstərilir. Təbii ki, bu özlüyündə yaddaş məktəbinin göstəricilərindən biri olmaqla zamanında əhəmiyyətli rol oynasa da, informasiyaların sürətlə artdığı elmi-texniki dövrün tələblərinə cavab vermir. Artıq müasir dövrdə insanların həyati bacarıqlara nail olmaları, idraki vərdişlər qazanmaları üçün təfəkkür məktəbini keçməli, məntiqi, tənqidi və yaradıcı təfəkkür qabiliyyətlərinə yiyələnmələri əsas tələb kimi meydana çıxır. Bu isə öz növbəsində məktəb təhsilinin məzmununun inteqrasiya müstəvisində qurulmasını zəruri tələb kimi qarşıya qoyur. Ona görə də ümumi təhsilin yeni məzmununun qurulması zamanı cəmiyyətin ehtiyac və tələbatları nəzərə alınmaqla ölkə miqyasında ümumi təhsilin müxtəlif səviyyələri üçün ümumi nəticələr hazırlandı. Bu nəticələr hər təhsil səviyyəsinin sonu üçün müəyyənləşdirilməklə daha çox insanın idraki, hissi və fiziki inkişafına aid edildi. Milli səviyyədə qəbul olunmuş bu nəticələri mahiyyət etibarı ilə kompetensiyalar kimi də adlandırmaq mümkündür.

Milli səviyyədə qəbul olunmuş nəticələrin reallaşdırılması üçün fənlər müəyyənləşdirildi. Bu fənlərin inteqrativ xarakterdə olması, onların şagird şəxsiyyətinin formalaşdırılmasına yönəldilməsi başlıca cəhət idi.

Ümumiyyətlə, fənn təhsildə nəzərdə tutulmuş məqsədlərin və nəticələrin həyata keçirilməsində mühüm əhəmiyyəti olan məzmun elementidir. Onlar elm sahələrinə əsaslansalar da, zəruri elmi anlayışlardan ibarət müəyyən sistemi təqdim etsələr də, məzmun və struktur elementlərinə görə fərqlidirlər. Fənlər pedaqoji, psixoloji, fizioloji elementləri ilə daha çox öyrədici xarakterə malik olduğundan praktik əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən yaş səviyyəsində inkişafını başlıca məqsəd kimi qarşıya qoyur. Ona görə fənlərə məzmun sahəsində pedaqoji araşdırmaların nəticəsi kimi yanaşılır. Onun həm adlandırılmasında, həm də məzmununun müəyyənləşdirilməsində inteqrativliyin nəzərə alınması vacib tələblərdən hesab edilir. Təhsil islahatlarının aparıldığı dövrdə bu cəhət xüsusilə nəzərə alınmış, məzmun islahatlarının aparılmasında inteqrativliyin gözlənilməsinə önəm verilmişdir.

İnteqrativliyin nəzərə alınmasında iki cəhət əsas götürülmüşdür. Birinci, fənlərin inteqrativ xarakterdə olmasına diqqət yetirilmişdir. Fənlərin nəzəri və praktik funksiyalarının artırılması üçün onların imkan daxilində, daha çox elm sahələrinə aid anlayışları əhatə etməsinə, sinkretik xarakterdə olmasına diqqət yetirilmişdir. Əldə olunmuş təcrübələr də onu göstərir ki, uyğun elm sahələrinin müəyy ən müstəvidə əlaqələndirilməsi, bütövləşdirilməsi və vahid formada təqdim olunması təlim marağını yaradan başlıca vasitələrdən hesab edilir. Uşaqlar müxtəlif elm sahələrinin qovşağında, əlaqəli anlayışların sintezində daha məhsuldar çalışmaqla təlim nailiyyətləri qazana bilirlər.

Təhsil islahatının gedişi dövründə bu cəhət nəzərə alınmaqla ümumtəhsil fənlərinin tərkibi ölkə səviyyəli ümumi təlim nəticələri (standartlar) baxımından müzakirə olunaraq yeniləşdirilmişdir. Hər fənnin ümumtəhsil sistemindəki yeri və rolu əsaslandırılmış, ondan gözlənilən nəticələr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində fənlərin sayı azaldılmışdır. Belə ki, “İnsan və cəmiyyət”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “İqtisadiyyatın əsasları”, “Təbiətşünaslıq” “Həyat bilgisi”nə, “Rəsmxət”, “Əmək hazırlığı” “Texnologiya”ya, “Astronomiya” “Fizika”ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirilmişdir. Bütün fənlərin praktik istiqamətdə gücləndirilməsi, onların şəxsiyyətdə dəyərləri formalaşdırılmasına yönəldilməsi prioritet hesab edilmişdir. Ən başlıcası onların koqnitiv (idraki) istiqamətdə funksiyalarının artmasına üstünlük verilmişdir.

İnteqrativ fənlərin yaradılması məntiqi olaraq inteqrativ proqram və dərsliklərin, eləcə də dərs vəsaitlərinin yaradılması zərurətini doğurur. Təhsil siyasətindən irəli gələn vəzifə kimi yeni fənlər üzrə təhsil proqramlarının (kurikulumların) inteqrativ xarakterə malik olması onların şəxsiyyətin formalaşması baxımından konseptual xarakter daşıması, istiqamətverici mənbəyə çevrilməsi mühüm şərt hesab edilir. Yeni təhsil proqramlarında (kurikulumlarda) bu məsələyə xüsusi olaraq diqqət yetirilmiş, şagirdlərin siniflər, səviyyələr üzrə inkişafına qoyulan standart tələblər hazırlanmışdır. Ölkə miqyasında ilk dəfə hazırlanan bu standartlar özlərinin inteqrativ xarakterinə görə təlim əhəmiyyəti daşıyır. Əvvəla, onlar hər mərhələdə şagirdlərin inkişaf səviyyələrinə qoyulan dövlət tələbi hesab edilməklə həm təlim, həm də inkişafın idarə olunması baxımından maraq doğurur. Təhsildə maraqlı olan hər kəsin fəaliyyətinin nizamlanmasına imkan yaradır.

İkinci isə fənlər arasında və fəndaxili inteqrasiyanın nəzərə alınmasıdır. İnsanlar özlərini inkişaf etdirmək üçün bu təhsil yanaşmasına həmişə istinad etmişlər. Ona görə də ənənəvi və klassik pedaqogikada bu məsələyə yer ayrılmış, fənlərarası əlaqə və fəndaxili əlaqələrin əhəmiyyətindən bir prinsip, yaxud metod kimi danışılmışdır. Fənlərin tədrisi metodikasında həmin məsələ praktik əhəmiyyəti olan bir problem kimi özünə yer tutmuş, ötən əsrin sonlarında ayrı-ayrı fənlərin proqramlarına gətirilmiş, orada xüsusi qeydlərin verilməsi məqsədəuyğun hesab edilmişdir. Bu qeydlər ümumi epizodik xarakter daşısa da, müəllimlərin marağına səbəb olmuş, tədris fəaliyyətlərinin səmərəli qurulmasında � əhəmiyyətli rol oynamışdır. Müasir dünyada informasiyaların çoxalması əlaqələrin sıxlaşması, ardıcıl və sistemli qurulması zərurətini yaratmışdır. Xüsusilə təhsildə onun didaktik əsasda qurulması mühüm pedaqoji problem kimi meydana çıxmışdır. Fənlərarası və fəndaxili əlaqələrin inteqrasiya müstəvisinə gətirilməsi, onun mühüm təhsil prinsiplərindən birinin tərkib hissəsi kimi nəzərə alınmaqla tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir. Elə bu səbəbdən də təhsilin bütün səviyyələri üzrə təlimin məzmunu, təşkili və idarə olunması parametrlərində onun ciddi nəzərə alınması barədə nəticələrə gəlinmişdir.

Araşdırmalar göstərir ki, fənlərarası və fəndaxili münasibətlərin sadəcə əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, fənlərarası və fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.

“İnteqrativ öyrənmə şagirdlərin ətraf mühitin müəyyən aspektlərini müxtəlif fənlərə aid biliklər vasitəsilə geniş araşdırılmasıdır” (Kərimov F.Y., Əhmədova M.C., Varella G, Reyli Ə. İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Bakı, “Adiloğlu”, 2006). Fənlərarası və fəndaxili əlaqə bu imkanları genişləndirməklə şagird fəaliyyətini məntiqi, tənqidi və yaradıcı məcrada istiqamətləndirir, onun koqnitiv xarakter almasına təsir göstərir.

Yeni konsepsiyaya uyğun yaradılmış təhsil proqramlarında (kurikulumlarda) inteqrasiya əsas tələblərdən biri kimi nəzərə alınmışdır. Orada bütün hissələrin arasında inteqrativliyin gözlənilməsinə xüsusi diqqət yetirilmişdir. Ona görə də hər bir fənn üzrə yeni təhsil proqramlarının (kurikulumların) məzmun, strategiya və qiymətləndirməyə aid hissələri arasında bağlılıq yaradılmış, onları bütöv bir konseptual sənəd kimi formalaşdırmaq mümkün olmuşdur.

Fənlər üzrə təhsil proqramlarında (kurikulumlarda) inteqrasiya, fənnin təlimi məzmunun komponentlərindən biri kimi hazırlanmışdır. Xüsusi cədvəllər formasında verilən həmin materiallarda fənlər üzrə uyğun gələn nəticələrin əlaqəliliyi ifadə edilmişdir. Nəticələrin kodları göstərilməklə əlaqəlilik koordinasiya olunmuşdur. Hər bir fənnə aid nəticələrin məntiqi bağlılığı, ardıcıl inkişafa xidmət göstərməsi mühüm tələb kimi diqqət mərkəzində saxlanılmışdır.

Təhsil proqramlarının (kurikulumların) məzmununda fənlərarası və fəndaxili inteqrasiyanın nəzərə alınması, təhsil standartlarının əlaqəliliyi baxımından onların konkret olaraq göstərilməsi və təsdiq olunaraq istifadəyə verilməsi, ilk növbədə, bu inteqrasiyanın ciddiliyinə dəlalət edir və onun yerinə yetirilməsini şərtləndirir. Hər hansı dərslik komplektinin yazılmasında ona minimum tələb kimi dəyər verilir. Ona görə də dərslikləri və dərs vəsaitlərini yazanlar, birinci növbədə, təhsil proqramlarının (kurikulumların) bu baxımdan xüsusiyyətlərini yaxından öyrənməli və fəaliyyətlərinin əsasına gətirməlidirlər.

Yeni təhsil konsepsiyasında təlimin inteqrativ məzmununun ardıcıl olaraq davam etdirilməsi, onun yeni texnologiyalar zəminində mənimsənilməsini tələb edir. Başqa sözlə, inteqrativ məzmun inteqrativ texnologiyanın olması zərurətini meydana çıxarır. Sinkretik xarakterinə görə dərs bunların içərisində ən əhəmiyyətlisi hesab edilir. Akademik M.M.Mehdizadənin təbirincə demiş olsaq, “. dərs pedaqoji prosesin hüceyrəsi deyil, onun özəyidir, onun həlledici hissəsidir. Onda pedaqogikanın xeyli hissəsi deyil, şagirdlərin təlim və tərbiyəsinin məzmunundan, yollarından, prinsip və metodlarından bəhs olunan əsas hissəsi cəmlənir” (Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim və tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı, “Maarif”, 1982.). Bu mənada dərs özü də təlimin ən inteqrativ formalarından biri kimi dəyərləndirilir və orada müxtəlif parametrli pedaqoji fəaliyyətlərin birləşdirildiyi aydın görünür.

Təbii ki, bu inteqrativlik, ilk növbədə, təlimin inteqrativ məzmununun məntiqi davamıdır. Onun növbəti addımda reallaşdırılmasıdır. İkinci isə müəllimin bir dərs saatında fəaliyyətini istiqamətləndirən plandır. Bu planda inteqrasiya elementinin olması, onun mövzu, məqsəd, üsul və təchizatlar sisteminin daxil edilməsi müasir pedaqoji tələblərdən hesab edilir. Belə ki, müəllim özünün gündəlik dərs planında təlim məqsədinə uyğun olaraq reallaşdırdığı strategiyalara inteqrasiya məsələlərini daxil edir. Fəaliyyətinin inkişafyönümlü olmasında ona mühüm amil kimi yanaşır. Müəllim həm də planının ümumi müddəalarında dərsin gedişinə aid apardığı qeydlərdə inteqrasiyadan necə istifadə etdiyini nəzərə çatdırır. Təhsil proqramlarına daxil edilən dərs planı nümunələrində inteqrasiya elementlərinin seçilməsi, yerləşdirilməsi, bir texnologiya kimi ondan istifadə olunması barədə tövsiyələr verir.

Bu tövsiyələr təlim prosesinin, onun təşkilat formalarının bilavasitə inteqrativ əsasda qurulmasına aid istiqamətverici bir resursdur. Ona bir nümunə kimi yanaşmaq və ondan yaradıcı istifadə etmək hər bir müəllimin vəzifəsidir. Bundan əlavə, təhsil proqramlarında (kurikulumlarda) perspektiv (illik) planlaşdırma nümunələrində də inteqrasiya xüsusi komponent kimi nəzərdə tutulur.

Ötən ilin dekabrında Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan – 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında ölkəmizdə aparılan təhsil islahatlarına, onun məzmununda gedən dəyişikliklərə xüsusi qiymət verilir. Göstərilir ki, “Təhsilin məzmunca yeniləşməsinə istiqamətlənmiş islahat tədbirləri görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır”.

İlk növbədə, burada ümumi təhsilin kulturoloji yanaşma tərzi ilə formalaşmış şəxsiyyətyönümlü və nəticəyönümlü məzmununun yaradılması bu addımlardan biri kimi diqqəti cəlb edir. Eyni zamanda ümumtəhsildə dəyərləri ifadə edən ümumi nəticələrin (kompetensiyaların), eləcə də inteqrativ fənlərin yaranmasını, ümumiyyətlə, fənlərdə inteqrativliyin güclənməsi əldə olunmuş nailiyyətlərdəndir.

Hazırda aparılan islahatyönümlü işlərə və onların sürətinə gələcəyin prizmasında daha yüksək tələblər qoyulur. “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasında qeyd olunur ki, Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası güclənəcəkdir”. Bu fikir ulu öndər Heydər Əliyevin 90-cı illərin sonunda Azərbaycan təhsilinin dünya və Avropa təhsilinə inteqrasiya olunması barədə söylədiyi fikirlərin davamı kimi səslənməklə müasir dövrdə təhsil sahəsində vəzifələrimizi müəyyənləşdirir.

Dünya və Avropa təhsilinə inteqrasiya olunma, hər şeydən əvvəl, təhsilin bu sahələrində qlobal təhsil tendensiyalarını davam və inkişaf etdirmək zərurətini doğurur. Bu tendensiyalardan biri təhsildə inteqrasiyadır. Təhsilin inteqrasiyası ilə bağlı fəaliyyətləri qurmaq üçün artıq normativ-hüquqi baza vardır. Azərbaycanda həyata keçirilən təhsil siyasətində inteqrasiya mühüm prinsip kimi qəbul olunaraq təhsil sahəsindəki fəaliyyətlərin əsasına gətirilmişdir.

Gələcəkdə ümumi təhsilin məzmununun inteqrasiyasında nələr prioritet ola bilər?

Bu ritorik sualın ətrafında düşünərkən əldə olunmuş təcrübələri və təhsildəki mövcud durumu nəzərə almaqla bir daha “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasının təhsil haqqında müddəalarına qayıtmaq məntiqi cəhətdən məqs ədəuyğun hesab edilir. Bu sənəddə ümumtəhsillə bağlı qeyd olunur ki, “12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcəkdir”.

Göründüyü kimi, bu müddəadan Azərbaycanın gələcək məktəbinin üfüqləri görünür. Həmin üfüqlərdə bərq vuran, parıldayan “düşüncə məktəbi”nin zərrin işıqlarıdır ki, ona çatmaq üçün ümumi təhsilin elmi-metodiki sferasını dəyişmək, müvafiq yanaşmalardan, texnologiyalardan istifadə etmək lazımdır. Dünya təhsilində “inteqrativ təhsil” belə texnologiyalardan biri hesab edilir ki, islahatın ilk illərindən başlayaraq ondan istifadə olunur. Pedaqoji mənbələrdə göstərilir ki, “XX əsrin 70-ci illərindən başlayaraq təbiət elmləri sahəsində yeni fənlərarası elmi istiqamət – sinergetika meydana gəlir. Hansı ki, həmin sahə müxtəlif mürəkkəb makrosistemlərin – fiziki, kimyəvi, bioloji, texniki, iqtisadi, sosial və sair elmlərin özünütəşkilini, ümumi qanunauyğunluqlarını, prinsiplərini ehtiva edir. Fənlərarası biliklərin metodologiyasının spesifikası başlıca olaraq inteqrativlik sintezləşdirmə tendensiyası ilə bağlıdır” (Pedaqoqiçeskiye texnoloqii: Uçebnoe posobiye dlya studentov � pedaqoqiçeskiye spesialnostey/Pod obşey red. V.S.Kukulina. – Seriya “Pedaqoqiçeskiye obrazovaniya”. – Moskva KKÇ “MarT”; Rostov N/D: İzdatelskiy sentr “Mar T”, 2004.).

Araşdırmalardan belə nəticəyə gəlinir ki, “. sinergetikanın nailiyyətləri humanitar və dəqiq elmlərin ənənələrinin, metodlarının � və yanaşmalarının köməyi ilə təhsilin modernləşdirilməsi üçün geniş imkanlar açır” (Pedaqoqiçeskiye texnoloqii: Uçebnoye posobiye dlya studentov pedaqoqiçeskiye spesialnostey/ Pod obşey red. V.S.Kukulina. – Seriya “Pedaqaqiçeskiye obrazovaniya”. – Moskva KKÇ “MarT”; Rostov N/D: İzdatelskiy sentr “MarT”, 2004).

Bu modernləşmə prosesində � humanitar və dəqiq elmlərin qovşağı yaranır. Həmin qovşaqda inteqrativ standartlar hazırlamaq, inteqrativ dərslər keçmək və inteqrativ düşüncə tərzi formalaşdırmaq istiqamətində fəaliyyətlər birləşir.

Məlum olduğu kimi, ümumi orta təhsil icbaridir. “Təhsil haqqında” Qanunda onun məqsədi belə göstərilmişdir: “Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir” (“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. Kurikulum jurnalı, 2009, � 4.).

Göründüyü kimi, ümumi təhsilin bu səviyyəsində şagirdlərin inkişafı ilə bağlı müəyyən olunmuş məqsədlər daha çox həyati xarakterdə olub praktik əhəmiyyət daşıyır. Onları reallaşdırmaq üçün şagirdlərə ən zəruri biliklər əsasında daha çox praktik faydası olan bacarıqlar, qabiliyyətlər aşılamaq lazımdır. Bu təhsil səviyyəsi üçün Milli Kurikulumda müəyyən olunmuş ümumi nəticələr də bilavasitə idraki, hissi və psixomotor bacarıqlardan ibarət dəyərlərin formalaşmasına yönəldilmişdir. O səviyyəyə aid fənlər də məhz həmin tələblər əsasında bir daha nəzərdən keçirilməli və müvafiq fənlərin birləşməsindən ibarət inteqrativ fənlər yaradılmalıdır. Bu baxımdan “Kimya”, “Fizika”, “Biologiya” fənlərinin inteqrasiya olunaraq bir fənn kimi tədris planına daxil edilməsi məntiqə uyğun hesab edilir. Eyni zamanda şagirdlərin artıq təlim yükündən azad olması, onlarda inteqrativ təfəkkürün formalaşması baxımından faydalı bilinir.

Ümumi orta təhsil səviyyəsində şagirdlərdə ictimai şüurun formalaşdırılması onlarda müəyyən təsəvvürlərin yaradılması heç də ictimai elmlərin diferensiasiya olunaraq geniş planda tədrisini tələb etmir. Əksinə, ictimai fənlərin bir müstəvidə inteqrasiya olunması şagird şəxsiyyətinin formalaşdırılması baxımından əhəmiyyətli sayılır.

Məlum olduğu kimi, “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərinin təlimi sahəsində ölkəmizdə böyük ənənə yaranmış və geniş təcrübə toplanmışdır. Son dövrlərdə bu fənlər üzrə yeni təhsil proqramları (kurikulumları) hazırlanarkən bu baxımdan həm Azərbaycanda, həm də dünyanın inkişaf etmiş ölkələrində mövcud vəziyyət öyrənilərək təhlil olunmuş, yeni fənn standartlarının yaradılmasında onlara istinad edilmişdir. Azərbaycan dilinin müxtəlif üslublu mətnlər üzərində öyrədilməsi texnologiyası praktik əhəmiyyəti olan təcrübə kimi genişləndirilmiş, onun icbari təhsil səviyyəsində ədəbiyyatla birləşdirilərək inteqrasiya olunması imkanları reallaşdırılmışdır. Əslində bu reallıq hər iki fənnin məqsəd və vəzifələrinə uyğun olaraq hazırlanmış sinif standartlarındakı oxşarlıqdan irəli gəlmişdir. Eyni zamanda hər iki fənnin nitq mədəniyyəti formalaşdırmaq istiqamətində müəyyənləşdirilmiş vəzifələrinin məntiqi davamı kimi meydana çıxmışdır. Ona görə də bu fənlərin icbari təhsil səviyyələrində bir adda inteqrasiya olunması gələcəkdə həyata keçirilən islahatyönümlü tədbirlərdən biri ola bilər.

Ümumtəhsildə inteqrasiyanın aparılması bu sahədə ciddi elmi, pedaqoji, metodik araşdırmaların təşkilini istisna etmir. İnteqrasiya sahəsində praktik fəaliyyətimizin nəzəri-pedaqoji əsaslarının öyrənilməsi, bütövlükdə islahatçılıq fəaliyyətimizin əsasına gətirilməsi bu günümüzün təxirəsalınmaz vəzifələrindən biri kimi öz həllini gözləyir. �

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyinin şöbə müdiri,

“Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” �

alt-komponentinin koordinatoru, əməkdar müəllim

Ənvər ABBASOV,

Təhsil Problemləri İnstitutunun direktor müavini,

Kurikulum Mərkəzinin direktoru, əməkdar müəllim

NEWTIMES

İnteqrasiya prosesləri: intibaha gedən yol, yoxsa imperiya meylləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
0 şərh  Yazı aralığı+- A Font Ölçüsü+-  Çap
26532
 Yazı aralığı+- A Font Ölçüsü+-  Çap
Ərəstü Həbibbəyli eresthebib@yahoo.com Müəllifin digər yazıları
5.10.2012 10:00

Geosiyasi proseslərdə ənənəvi olaraq etnik, dini, siyasi-ideoloji və sosial-iqtisadi faktorlar ən mühüm element kimi qəbul olunur. Hər hansı konkret regionda və tarixi dövrdə geosiyasi mühiti qiymətləndirdikdə, sadalanan amillərin aktuallığı, təsir gücü və əhəmiyyət dərəcəsi zamanın və ya məkanın xarakterik xüsusiyyətlərini müəyyən edir. Yeni minillikdə isə geosiyasi proseslər siyasi dəyişikliklərin intensivliyi və gözlənilməzliyi, qloballaşma və beynəlxalq inteqrasiya proseslərinin artma tendensiyası ilə səciyyələnir.

Qlobal və regional müstəvidə inteqrasiya proseslərini, o cümlədən qloballaşmanı heç şübhəsiz müasir dövrümüzün başlıca trendi hesab etmək olar. İnteqrasiya prosesləri regionlar, inkişaf səviyyəsi, eləcə də siyasi, hərbi, iqtisadi, mədəni, humanitar kriteriyalar üzrə təsnifləşdirilir. Artıq dünyada elə bir bölgə qalmamışdır ki, bu proseslərdən kənar qalsın. Köhnə qitədə Avropa İttifaqı, Şimali Amerikada NAFTA, Cənubi Amerikada MERKOSUR, Afrika və Yaxın Şərqdə Ərəb Ölkələri Liqası, Afrika İttifaqı, Asiyada Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN kimi təşkilatların adını qeyd etmək olar.

Müşahidə olunan trendlərdən biri də odur ki, inteqrasiyanın yüksək səviyyəsi vahid siyasi-iqtisadi məkanın yaradılmasına gətirib çıxarır. Avropa İttifaqı üzv dövlətlərin suveren hüquqları qorunmaqla məhz belə bir məkandır. Lakin tarixə nəzərə saldıqda aydın olur ki, bugünkü siyasi birlik səviyyəsinə gəlib çatmaq üçün təxminən 50 ildir ki iqtisadiyyat, ticarət, miqrasiya, sosial, qanunvericilik və digər sahələrdə ölkələrarası münasibətlərin harmonizasiyası gedir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu səviyyədə təşkilatlanma prosesi 1951-ci ildə Avropa Polad və Kömür Birliyinin yaradılması ilə başlamışdır. 1986-cı ildə “Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı”nın imzalanması ilə təşkilata daxil olan dövlətlərin münasibətlərində iqtisadi sahədə sinxronluq öz təsdiqini tapdı. Sonrakı dövrdə Maastrixtdən Lissabonadək gedən yolda İttifaqın təhlükəsizlik, vahid xarici siyasət, valyuta-kredit siyasəti də daxil olmaqla bütün sahələrdə əsas prinsipləri müəyyən olundu.

Avropa İttifaqının əsas fəaliyyət prinsipləri ilə tanış olduqda aydın olur ki, təşkilatla milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü mövcuddur. Qərarların qəbulunda böyük dövlətlərin (Almaniya, Britaniya, Fransa, İtaliya) xüsusi çəkisi olsa belə, bütün iştirakçı dövlətlərin suveren hüquqlarına hörmət edilir. İnteqrasiya proseslərinin dövlətlərlə yanaşı ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi də daim gözlənilir. Məhz belə model dünyada Avrointeqrasiyanı cəlbedici etmişdir və təşkilatın üzvlərinin sayının artmasını da bu amillə əlaqələndirmək olar. Baxmayaraq ki, hətta Avropa İttifaqı daxilində də kiçik dövlətlərin və xüsusən də keçmiş sosialist bloku ölkələrinin iqtisadi sahədə ayrı-seçkiliyə məruz qalmaları haqqında iradlar səslənməkdədir. Ölkədaxili bazarlar inteqrasiya proseslərinin müəyyən mənada qurbanına çevrilirlər. İttifaqın lider ölkələri isə vahid valyuta-kredit mexanizminin təşkilində və proporsional bölgüsündə bunu nəzərə almırlar. Bir çox mütəxəssislər hazırkı qlobal iqtisadi böhranın Avropadakı təzahürlərinin səbəbini də bu amillə əlaqələndirirlər. Təsadüfi deyil ki, Yunanıstan, Macarıstan, Baltik ölkələri Avropa İnvestisiya Bankından və Avropa Mərkəzi Bankından əlavə vəsait ayrılması tələblərinin yerinə yetirilməməsində Brüsseli və Almaniyanı günahlandırırlar. Bununla belə, Avropa İttifaqını nisbi də olsa qlobal məkanda bərabərhüquqlu əsaslara söykənən inteqrativ model adlandırmaq olar.

Son dövrlər Rusiyanın da inteqrasiya proseslərində fəal iştirakçı olmaq meyli görünür. Xüsusilə, Vladimir Putin prezident seçildikdən sonra Rusiya xarici siyasətində yeni dəyişikliklər müşahidə olunmaqdadır. Rusiyanın təşəbbüskarı olduğu və postsovet məkanında “ən dərin inteqrasiya” adlandırılan Avrasiya İttifaqının və Gömrük İttifaqının region ölkələrini əhatə etməsi planlaşdırılır. Hazırda Rusiya, Belarus və Qazaxıstan Vahid İqtisadi Məkana daxildirlər. Mərkəzi Asiyanın digər ölkələri ilə bu istiqamətdə intensiv danışıqlar aparılır. Ermənistana da Avrasiya İttifaqına qoşulmaq təklif edilmişdir. Görünən odur ki, Rusiyanın hazırkı rəhbərliyi məşhur sivilizoloq Lev Qumilyovun “Əgər Rusiya yenidən ayağa qalxacaqsa, bu yalnız Avrasiyaçılıq vasitəsilə ola bilər” – ideyasını rəhbər tutur.

Rusiyanın tarixi təcrübəsi göstərir ki, bu dövlətin geosiyasi nəzəriyyə və doktrinaları hər zaman könüllü deyil, zorakı istila üzərində qurulmuşdur. Keçmişə nəzərə salsaq, həm Çar Rusiyası, həm də SSRİ Avrasiyaçılıq ideyalarını o qədər daşımasalar belə, Avrasiya məkanını əldə edə bilmişdir. Rusiyanın yeni geosiyasi doktrinasında da bu konturlar görünür. Bu doktrinanın əsas prinsipləri onun üzərində qurulub ki, Rusiyanın təkcə hazırkı vəziyyətini deyil, həm də geosiyasi potensialını nəzərə alsın. Avrasiya İttifaqı da məhz bu ideyaya xidmət edən təşəbbüsdür.

Rusiyanın post-sovet məkanında bu aktivliyi ilə bərabər qlobal çərçivədə də qüvvələr nisbətində dəyişiklik etmək istəyi nəzərə çarpır. Belə ki, Rusiya regional inteqrasiya ilə yanaşı dünya geosiyasi konfiqurasiyasında da kardinal dəyişikliklər hədəfləyir. Aydın məsələdir hazırkı təkqütblü model bu dünya nəhəngini razı sala bilməz. Ona görə də son dövrlər Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Asiya-Sakit Okean Forumu, ASEAN çərçivəsində fəallıq göstərir, BRİC ölkələri ilə xüsusi münasibətlər yaratmağa çalışır. Rusiyanın hazırkı xarici siyasət doktrinası sivilizasiya yanaşması üzərində qurulub. Rusiya yeni dünya nizamında Qərbə, transmilli cəmiyyətə alternativ və tarazlayıcı vasitə olaraq ŞƏT timsalında kontinental nəhənglərin daxil olduğu (Rusiya, Çin, Hindistan) Avro-Asiya sivilizasiya alyansının yaradılmasını təklif edir.

Bütün bunları nəzərə alaraq Rusiyanın Avrasiya İttifaqının yaradılması təşəbbüsünü bir neçə aspektdən qiymətləndirmək olar. Birincisi, sivilizasiya yanaşması. Maraqlıdır ki, Rusiyanın daxilində yaşanan problemlərin əsas səbəblərindən biri sivilizasiya müxtəlifliyidir. Yəni, hazırda Rusiyanın həyata keçirdiyi xarici siyasətdə sivilizasiyalararası əməkdaşlığa söykənən doktrina daxili siyasətdə özünü doğrultmur. Şimali Qafqazda baş verən proseslər bunu aydın göstərir. İkincisi, Rusiyanın tarixi ənənəsi də inteqrasiya proseslərinin bərabərhüquqlar üzərində heç vaxt qurulmadığını təsdiqləyir. Üçüncüsü, Avrasiya İttifaqı təşəbbüsündə siyasi proseslər iqtisadi konturları indidən üstələyir. Müqayisə üçün qeyd etmək olar ki, hətta 50 ildən çox ölkələr arasında iqtisadi harmonizasiya üçün səy göstərən Avropa İttifaqının belə daxilində ciddi fikir ayrılıqları yaranır.

Beləliklə, qloballaşan dünyada inteqrasiya proseslərinin dərininə inkişafı müsbət tendensiyadır və ölkələr arasında bütün sahələrdə əlaqələrin sadələşdirilməsinə və asanlaşdırılmasına xidmət edir. Lakin bu prosesdə bərabərhüquqluluq başlıca şərtdir. Əks halda inteqrasiyanın imperiya ambisiyalarına xidmət edəcəyi şübhəsizdir.

Ərəstü Həbibbəyli,

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Müasir tarixdə miqrasiya prosesi haqqında

Day.Az AZƏRTAC-a istinadən Novruz Məmmədovun yazsını təqdim edir:

Öz gərginliyi, ziddiyyətləri, mövcud problemlərinin xarakteri və miqyası baxımından XXI əsrin ilk onilliklərinin beynəlxalq münasibətlər tarixində özünəməxsus yer tutacağı şübhəsizdir. Hər halda, beynəlxalq aləmdə böyük dövlətlərin kəskin geosiyasi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardıqları rəqabətdə yeni status almış aktorların – transmilli korporasiyaların, müxtəlif QHT-lərin, mətbuat orqanlarının, terror təşkilatlarının ciddi təsirə malik olan oyunçulara çevrilməsi əvvəlki dövrlərdə indiki qədər açıq və qabarıq şəkildə müşahidə olunmamışdır. Bütün bu prosesin ortaya çıxardığı problemlər isə göz qabağındadır: beynəlxalq münasibətlər sistemində “davranış kodeksi” hesab edilən beynəlxalq hüquq yalnız söz və bəyanat formasında bəzi sənədlərdə görüntü yaratmaq xatirinə qeyd olunur, insanlar və dövlətlər səviyyəsində ədalət anlayışı iflasa uğrayır, böhranlı regionların və ərazi münaqişələrinin sayı durmadan artır, zəngin və kasıb cəmiyyətlər arasındakı fərq getdikcə çoxalır.

Müasir dövrün ziddiyyət palitrasında özünü qabarıq nümayiş etdirən problemlərdən biri də miqrasiya prosesidir. Bu mövzu hazırda dünya siyasətinin gündəmindən düşmək bilmir. “Miqrant böhranı”, “qaçqın böhranı” kimi ifadələr isə mətbuatda və siyasi müzakirələrdə ən çox istifadə olunan terminlərdəndir. Xüsusən Yaxın Şərqdə və Afrikada silahlı münaqişələrdən, terror hücumlarından, ağır siyasi-iqtisadi vəziyyətdən əziyyət çəkən çoxlu sayda insan öz yaşayış yerlərini tərk edərək başqa ölkələrə köç etməyə məcbur olurlar.

Bu kütləvi miqrasiyanın əsas istiqaməti isə sosial-iqtisadi baxımdan cəlbedici və coğrafi cəhətdən nisbətən yaxın olan Avropadır. Prosesin miqyasının nə dərəcədə böyük olduğunu izah etmək üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, təkcə 2014-cü il ərzində Avropaya köç edən miqrantların sayı 6 dəfə artaraq 300 mindən 2 milyona çatdı. Rəqəm sonrakı illərdə daha da artıb. Avropadan kənarda məskunlaşanların, yolda aclıqdan və xəstəlikdən ölənlərin, Aralıq dənizində batan, həlak olanların sayı isə bu rəqəmlərdə əks olunmur.

Böhranın digər üzü isə bu insanların köç etdikləri Avropada qarşılaşdıqları vəziyyətdir. Artıq Avropa ölkələrinin miqrantları qəbul etməyə meylli olmaması və yerli əhali arasında dözümsüzlüyün artması fonunda aclıq, məhrumiyyət, şəxsiyyətin alçaldılması, qeyri-insani rəftar miqrantlara münasibətdə adi hala çevrilmişdir. Ola bilsin ki, Avropa İttifaqının (Aİ) bəzi dövlətləri miqrantları qəbul etməməkdə özlərini haqlı sayırlar. Amma bu gün Aİ bir siyasi, iqtisadi, mədəni sistem kimi formalaşmağı qarşısına əsas məqsəd qoyduğu üçün məsuliyyət də, öhdəliklər də müvafiq qaydalara uyğun paylaşılmalıdır.

Tarixin bütün mərhələlərində müntəzəm şəkildə davam etmiş miqrasiya – ilk növbədə, əmək miqrasiyası Qərb elmi ədəbiyyatlarında bütövlükdə mütərəqqi proses kimi təqdim olunur, istənilən cəmiyyətin (əlbəttə, miqrant qəbul edən ölkə nəzərdə tutulur) inkişafının və yenilənməsinin əvəzolunmaz resursu kimi xarakterizə edilir. Demoqrafik böhranla üzləşən ölkələr insan resursları uğrunda fəal rəqabət aparırlar.

Əvvəlki dövrlərdə miqrasiya prosesi indiki səviyyədə olmasa da, geniş vüsət almışdı, lakin bugünkü kimi böyük narazılıq doğurmur, əksinə müsbət qarşılanırdı. İndi isə bir çox hallarda Yaxın Şərq və Afrika ölkələrindən məcburi miqrasiyaya məruz qalan insanlara yardım göstərilməsindən imtina edilir, onların etnik, dini kimlikləri ön plana çıxarılır. Həmçinin bu miqrantların tarixi ölkələrində baş verən silahlı münaqişələr miqrasiyanın yalnız bir səbəbi kimi göstərilir, kütləvi köçlərin əsas səbəbləri isə siyasi qeyri-sabitlik, sosial ədalətsizlik, ağır iqtisadi və ekoloji vəziyyət hesab olunur.

Şübhəsiz ki, bu gün baş verən miqrant axınının səbəblərini anlamaq üçün daha əvvəlki dövrlərdəki bənzər proseslərə nəzər yetirilməli, bir sıra paralellər aparılmalı, fərqlər və ümumi cəhətlər müəyyən edilməlidir. Niyə asiyalılar və afrikalılar son bir neçə əsrdə öz torpaqlarını tərk edən miqrantların əsas hissəsini təşkil edirlər? Onları öz doğma torpaqlarını tərk etməyə vadar edən amillər hansılardır? Zəngin təbii sərvətlərinə baxmayaraq, bu ölkələrdəki həyat səviyyəsi niyə Qərbdən məntiqəsığmaz dərəcədə aşağıdır? Şübhə yoxdur ki, bu istiqamətlərin hərtərəfli təhlili müasir miqrasiya proseslərini izah etmək baxımından faydalı olar.

Bu məsələdə diqqəti cəlb edən əsas məqamlardan biri də odur ki, indi miqrant və qaçqın vəziyyətinə düşmüş insanların ilkin olaraq yaşadıqları ölkələrin əksəriyyətini birləşdirən bir ümumi cəhət onların əvvəllər Qərbin müstəmləkəsi olmalarıdır. Qeyd etmək lazımdır ki, Yaxın Şərqdəki silahlı münaqişələr, miqrasiya böhranı və beynəlxalq sistemdə bütün bunlardan irəli gələn qeyri-sabitlik siyasi və akademik dairələrdə müstəmləkəçiliklə bağlı yeni müzakirələrə təkan vermişdir.

Müstəmləkəçilik siyasəti və miqrasiya proseslərinin mərhələləri haqqında

Bu gün Qərb ölkələrinin siyasi, iqtisadi, sosial, elmi, texnoloji cəhətdən digər ölkələrə münasibətdə üstün mövqedə olduqları şübhəsizdir. Belə görünür ki, onlar uzun illər ərzində formalaşmış bu üstünlüklərini xeyli müddət qoruyub saxlamaq imkanına malikdirlər. Hazırda dünyada baş verən proseslərin də bu istiqamətdə davam etdiyi aşkardır. Siyasi-iqtisadi konyunktur zənginlərlə kasıblar arasında uçurumun daha da dərinləşməsinə şərait yaradır. Təsadüfi deyil ki, bir sıra ölkələrdə qloballaşma da müstəmləkəçiliyin müasir formasına xidmət kimi xarakterizə olunur.

Təbii olaraq, belə bir sual yaranır: Qərb bu üstünlüyünü nəyin hesabına əldə edib? Çünki tarixin müəyyən dövründə Qərbin Şərqdən, xüsusən İslam aləmindən hər cəhətdən geri qaldığı məlumdur. Məsələn, bəşəriyyətin inkişafında həlledici rol oynamış elmi kəşflər, ixtiralar ilk olaraq məhz Şərqdə edilsə də, bir neçə əsr sonra Qərbdə tətbiq edilməyə başlanmışdır. XVI əsrə qədər Avropanın hansısa sahədə üstünlüyündən danışmaq çətindir. Lakin etiraf etmək lazımdır ki, məhz həmin ixtiraların mənimsənilməsi və tətbiqi nəticəsində Avropa ölkələri cəmiyyətin həyatında sosial-iqtisadi inqilab etməyə müvəffəq olmuşlar. Müstəmləkəçilik siyasəti isə əldə olunmuş bu nailiyyətlərin daha da inkişafına xidmət etmişdir.

Digər maraq doğuran məqam budur ki, görəsən Britaniyanın, Fransanın, İspaniyanın, Portuqaliyanın və digər ölkələrin bir neçə yüz il müstəmləkəsi olmuş ölkələrdə nə üçün bu gün də vəziyyət acınacaqlıdır. Nə üçün bu ölkələr ötən əsrlər ərzində nəzərəçarpacaq inkişafa nail ola bilməyiblər? Səbəbi budur ki, onları müstəmləkədə saxlayan Avropa ölkələri, həmçinin bu sərvətlər hesabına inkişafa nail olublar. Bu gün Avropanın muzeylərində və meydanlarında yerləşdirilmiş zəngin tarixi-mədəni irs nümunələrinin əksəriyyətinin Asiya və Afrika ölkələrinə məxsus olduğu danılmazdır. Lakin təəssüf doğuran budur ki, Avropa ölkələri müstəmləkələri idarə etdikləri illər ərzində yalnız öz maraqlarını güdüblər və həmin ölkələrin sonrakı müstəqillik illərində öz inkişaflarını təmin edəcək zəruri amillərin formalaşmasına nəinki cəhd etməyiblər, hətta imkan belə verməyiblər. Şübhəsiz ki, keçmiş müstəmləkələrin bu gün kasıb vəziyyətdə olmasının səbəblərini araşdırarkən, bu məqamın nə dərəcədə mühüm əhəmiyyət daşımasını sübut etməyə ehtiyac yoxdur.

Miqrasiya proseslərinin tarixini öyrənərkən təbii fəlakətlərin (zəlzələ, quraqlıq, subasma və s.) və müharibələrin rolunun və təsirinin araşdırılması da maraqlıdır. Lakin bizim əsas məqsədimiz miqrasiya proseslərinin müstəmləkəçiliklə bağlı dövrünü araşdırmaq, miqrasiya proseslərinin imperiya maraqlarına, geosiyasi maraqlara tabe etdirilərək həyata keçirilməsi üzərində dayanmaqdır.

Miqrasiya prosesini müstəmləkəçilik siyasəti çərçivəsində nəzərdən keçirərkən, bu prosesin miqyas və xarakter baxımından bir-birindən fərqlənən üç mərhələsini xüsusi qeyd etmək lazımdır. Mərhələləri bir-birinə bağlayan ümumi cəhət isə prosesin eyni məqsədin reallaşdırılmasına xidmət etməyə yönəldilməsindən ibarətdir.

Müstəmləkə sisteminin yarandığı XVI əsrdən XX əsrin ortalarına kimi davam edən birinci mərhələ miqrasiya axınının kütləviliyi baxımından deyil, daha çox prosesin özünə təkan verəcək tendensiyaların formalaşması baxımından diqqəti cəlb edir. Belə ki, Asiya, Afrika və Latın Amerikası ölkələrinin işğalından sonra siyasi, iqtisadi və hərbi metodlarla müstəmləkələrin təbii və insan resurslarının istismarı geniş vüsət aldı. Bu da Qərb ölkələrində siyasi, iqtisadi, hərbi, elmi və mədəni inkişafı stimullaşdıran böyük həcmdə kapitalın cəmləşməsinə, müstəmləkələrin isə siyasi və iqtisadi inkişafının dayanmasına gətirib çıxardı. Aydın məsələdir ki, geniş əraziləri zəbt etdikdən sonra onları yalnız metropoliyanın öz imkanları hesabına əldə saxlamaq olduqca çətindir. Məhz bu məqamdan etibarən müstəmləkəçilik maraqlarına xidmət edən miqrasiya prosesinin məqsədyönlü istiqamətdə aparılmasının əsası qoyulub. Bu dövrdə miqrasiya prosesi iki məqsədə xidmət edib. Birincisi, müstəmləkə əhalisindən Avropa və Amerikada ən aşağı səviyyəli işlərdə qul əməyi kimi istifadə olunması, ikincisi və daha vacibi isə öz dilini, mədəniyyətini və idarəçilik sistemini həmin əhaliyə aşılamaq və qəbul etdirmək üçün onların bir növ metropoliya ilə müstəmləkə arasında körpü rolunu oynamasını təmin etmək və bununla da ələ keçirilmiş torpaqlar üzərində nəzarəti qoruyub saxlamaq. Müxtəlif dövrlərdə keçmiş müstəmləkələrin iştirakı ilə yaradılmış və hazırda da fəaliyyət göstərən Millətlər Birliyi (Britaniya), Frankofoniya Beynəlxalq Təşkilatı (Fransa), İbero-Amerikan Dövlətləri Təşkilatı (İspaniya), Portuqal Dilli Ölkələrin Birliyi (Portuqaliya) kimi qurum və təşkilatlar, əslində, tətbiq olunan mexanizmlərin müstəmləkəçilik maraqları baxımından nə dərəcədə əhəmiyyətli olduğunun bir göstəricisidir.

İkinci mərhələ soyuq müharibə illərini əhatə edir. II Dünya Müharibəsinin başa çatması müstəmləkə sisteminin dağılması və yeni beynəlxalq münasibətlər sisteminin formalaşması ilə nəticələnsə də, Qərbin öz keçmiş müstəmləkələrinə baxışlarında mahiyyətcə dəyişiklik baş vermədi. Yeni müstəqillik qazanmış ölkələrin Qərbdə “Üçüncü dünya ölkələri” adlandırılması da bunun sübutudur. Bu ölkələrlə əlaqələrdə tətbiq olunan yeni mexanizmlər yenə də Qərbin siyasi və iqtisadi maraqlarının təmin olunması prinsipi üzərində qurulmuşdu. Sadəcə neo-müstəmləkəçilik sistemi keçmiş müstəmləkələrin zənginliklərinin kortəbii şəkildə qarət olunmasına deyil, ilk baxışdan bu ölkələr üçün cəlbedici görünən, lakin əslində onların asılılığını artıran yeni siyasi və iqtisadi münasibətlərə, transmilli şirkətlər vasitəsilə xammal və əmək resurslarının istismarına əsaslanırdı.

Bu dövrdə daha geniş xarakter alan miqrasiya da mahiyyət etibarilə keçmiş müstəmləkələr üzərində nəzarəti qoruyub saxlamağa hesablanmış proses idi. İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi inkişafı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Digər tərəfdən isə daxildə əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin “Üçüncü dünya ölkələri”ndən miqrasiyanı təşviq etməsini vacib edirdi. Maraqlıdır ki, bu zaman hər bir Avropa ölkəsi yalnız öz keçmiş müstəmləkələrindən olan miqrantlara üstünlük verirdilər. Məhz miqrantların vasitəsilə metropoliya və müstəmləkə arasında mədəni körpü qorunub saxlanılmalı idi ki, bu da həmin ölkə üzərində siyasi və iqtisadi nəzarəti daha da asanlaşdırırdı.

Avropada multikulturalizm anlayışının bu dövrdə siyasi leksikona daxil edilməsi də təsadüfi deyil. İlk baxışdan miqrantların “yeni vətənlərində” onların dəyərlərinə, mədəni-dini fərqliliklərinə hörmət kimi görünən bu ideologiya əslində bir tərəfdən onların assimilyasiyasını və Avropa dəyərlərinə inteqrasiyasını, digər tərəfdən isə öz ölkələrinə geri qayıtdıqdan sonra mədəni körpünü təmin edən vasitə kimi istifadəsini nəzərdə tuturdu. Bu da əslində Qərb multikulturalizminin yalnız öz dəyərlərini universal norma kimi qəbul edən və müstəmləkəçilik maraqlarına xidmət göstərən məfhum olduğunu sübut edir.

SSRİ və Varşava Müqaviləsi Təşkilatının dağılması ilə Qərbin soyuq müharibədə qələbəsindən sonrakı dövr üçüncü mərhələni təşkil edir. Bu dövrdə faktiki dominant gücə çevrilən və heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb bu mərhələdən etibarən öz geosiyasi və iqtisadi maraqlarını tam şəkildə reallaşdırmaq, bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti təmin etmək üçün səylərini əsirgəmədi.

Yeni beynəlxalq münasibətlər sistemində daha çox arxa planda və ABŞ-ın kölgəsində qalan Avropa isə bu yeni sistemdən elə ABŞ qədər faydalanmış oldu. Varşava Müqaviləsindən çıxmış Şərqi Avropa ölkələri Avropanın öz sərhədlərini genişləndirməyə və nəticə etibarilə iqtisadi mənfəətlərini artırmağa imkan yaratdı. Avropanın güclü inkişafı da bu dövrə təsadüf edir. Yeni bazarlar və Avropa ilə eyni dəyərləri “paylaşmalı olan” ölkələrdən gələn ucuz işçi qüvvəsi bu inkişafın əsasını təşkil edirdi. Şərqi Avropa ölkələrinə “inklüziv xristian klubu”na qoşulmaq şansı təqdim olunanda heç kim bu ölkələrin yeni inteqrasiya modelinə nə dərəcədə hazır olması sualını ortaya qoymadı. Sonrakı proseslər bu hazırlığa heç ehtiyacın da olmadığını göstərdi. İqtisadiyyatın liberallaşdırılması adı altında Qərb kapitalı tərəfindən Şərqi Avropanın sənaye sahələrinin özəlləşdirilməsi bu ölkələrin iqtisadiyyatlarının məqsədyönlü şəkildə dağıdılmasına və rəqabətin aradan qaldırılmasına imkan yaratdı. Az inkişaf etmiş yeni üzvlərin milli iqtisadiyyatı daha güclülərlə azad və qeyri-bərabər rəqabətə açıq elan edildi və elə bunun nəticəsində həmin ölkələrin bir çox mühüm istehsal sahələri iflasa uğradı. Yeni üzvlər primitiv olaraq ixrac bazarı rolunu oynamağa məcbur oldular. Bu dövrdə baş vermiş miqrasiya isə çoxlarının diqqətini cəlb etmədi. Aİ daxilində işçi qüvvəsinin sərbəst hərəkəti mütərəqqi ideya kimi təqdim olundu. Əslində isə Şərqi Avropa ölkələrində daxili istehsalın tənəzzülündən qaynaqlanan işsizlik problemindən çıxış yolu bu ölkələrin əmək qüvvəsinin ən təhsilli və ixtisaslı hissəsinin daha yaxşı yaşamaq və iş imkanı əldə etmək üçün Qərbi Avropa ölkələrinə köç etməsi ilə tapıldı. Onların sayı yüz minlərlə ölçülürdü.

Nəticə etibarilə, miqrasiya prosesinin yuxarıda qeyd olunan hər üç mərhələsinin bir sıra parametrlərə görə ümumi xarakterə malik olduğu müşahidə edilməkdədir. Hər üç mərhələdə proseslər Avropa dövlətləri tərəfindən onların müəyyən etdiyi qaydalar, çərçivə və saya əsasən idarə olunurdu. Necə adlandırılmasından asılı olmayaraq, başlıca məqsəd Avropanın siyasi və iqtisadi maraqlarının təmin olunması idi.

Amma XXI əsrdə baş verən proseslər Qərbin müəyyən hesablamalarının yanlış olduğunu, bu dövrə qədər aparılan siyasətin davam etdirilməsinin və əvvəlki dövrlərdə olduğu kimi, siyasi, geosiyasi və iqtisadi maraqlara xidmət etməsinin mümkün olmadığını göstərdi.

Geosiyasi gərginliklər fonunda miqrasiya: çıxış yolu varmı?

2015-ci il artıq “Xalqların ikinci böyük köçü adlandırılır”. Bu da təəccüblü deyil. Yaxın Şərq və Afrikada öz evlərini tərk etməyə məcbur olan insanların sayı həqiqətən böyükdür və Avropaya köç edənlərin sayı artmaqda davam edir. Budəfəki miqrasiyanın əvvəlkilərdən fərqi isə bundan ibarətdir ki, artıq indiki prosesi Qərb öz maraqlarına uyğun idarə edə bilmir və bu proses müstəmləkəçilik maraqlarının reallaşmasına yardım etmir.

Elmi ədəbiyyatlarda miqrasiyanın siyasi və iqtisadi formaları müəyyən edilib. Siyasi miqrasiyanın səbəbləri sırasında siyasi rejimlərin süqutu, hərbi münaqişələr və s. göstərilir. Lakin bu cür təsnifat kifayət qədər dar çərçivəni əhatə edir və müasir dövrdə baş verən miqrasiya proseslərinin mahiyyətini tam şəkildə əks etdirmir. İlkin səbəbləri baxımından hazırkı kütləvi miqrasiyanı “geosiyasi miqrasiya” kimi xarakterizə etmək daha doğru olardı. Belə ki, İraq, Liviya və Əfqanıstan kimi ölkələrdə həyata keçirilən rejim dəyişikliyi, “Ərəb baharı” prosesi, terrorçu qrupların fəaliyyəti nəticəsində geniş vüsət almış miqrasiya daha geniş regionda ciddi dəyişikliklərə yol açmaq imkanına malik oldu.

Hazırda avropalı liderlər situasiyanı sabitləşdirmək üçün müxtəlif proqramlar işləyib hazırlayırlar, lakin bunlar müvəqqəti xarakter daşıyır. Miqrantların gələcək taleyi ilə bağlı dəqiq fikir yoxdur. Onları cəmiyyətə inteqrasiya etmək mümkündürmü? Yoxsa müharibə nəticəsində dağılmış ölkələrinə geri qaytarılmalıdırlar? Bu, insan hüquqları ideallarına nə dərəcədə uyğundur?

Avropa ölkələrinin yeni kütləvi miqrasiya qarşısında aciz qalması onların bu vəziyyətə hazır olmadığını göstərir. Hər halda, yanlış siyasətin bu dərəcədə əks effekt verəcəyi gözlənilmirdi. Tərtib olunan proqramlar isə prosesin səbəblərini deyil, nəticələrini aradan qaldırmağa yönəldiyindən uğur qazanmaq şansı yüksək deyil. Halbuki, artıq bir neçə il öncədən vəziyyətin bu cür olacağı ehtimal edilə bilərdi. Miqrasiyanı öz mənfəətlərinə uyğun idarə olunan, demoqrafik problemləri aradan qaldıracaq müvəqqəti xarakterli proses kimi görən avropalılar sonradan bu siyasətin bir sıra fəsadlarının olacağını anladılar.

Bu dövrdə ən çox diqqəti cəlb edən məqamlardan biri Avropada irəli sürülən multikulturalizm ideyasının iflasa uğramasının islamofobiya meyllərinin güclənməsi ilə paralel şəkildə getməsi oldu. Belə ki, miqrantların sonrakı nəsillərinin əvvəlkilərdən fərqli olaraq öz mədəni-dini dəyərlərini qoruyub saxlamaqda israr etməsi Avropanın təbliğ etdiyi “universal dəyərlər” konsepsiyası ilə üst-üstə düşmürdü. İqtisadi böhran şəraitində həyat səviyyəsinin aşağı düşməsi, yoxsulluq və işsizliyin səviyyəsinin yüksəlməsi isə avropalıların miqrantlara qarşı dözümsüzlüyünün və cəmiyyət daxilində gərginliyin artmasına gətirib çıxardı. Artıq 2010-2011-ci illərdən başlayaraq Fransa, Almaniya və Birləşmiş Krallığın rəhbərləri bir qədər əvvəl əllərində bayraq etdikləri multikulturalizmin ümidləri doğrultmadığını bəyan etməyə başladılar. Bu isə onu göstərir ki, əslində Avropanın özünün bəyan etdiyi liberal, demokratik dəyərlər, insan hüquqları prinsipləri yalnız özləri üçün nəzərdə tutulub və onların təbliğ etdiyi multikulturalizm isə geosiyasi təməllərə əsaslanmışdı.

Bu həqiqət danılmazdır. Avropanın özünün təzyiq mexanizminə çevrilmiş “universal dəyərlər”in bu qədər geniş təbliği o zaman uğurlu olardı ki, beynəlxalq münasibətlərdə ədalət prinsipi, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kənara atılmazdı. Son 30 ilə yaxın dövrün volyuntarizmi, “biz necə istəyirik, elə də olmalıdır” prinsipi bu gün dünyada müşahidə olunan görünməmiş gərginliyin əsas səbəbidir.

Miqrantların əksəriyyətinin İslam dininə etiqad etməsi və Avropada müsəlmanların sayının kəskin artması Avropanın öz xristian dəyərlərini itirmək qorxusunu gücləndirir. Qərbin dünyanın müxtəlif regionlarında həyata keçirdiyi ssenarilərin birbaşa nəticəsi olan terror qruplaşmalarının Avropada törətdikləri terror aktları da islamofobiya meyllərinin güclənməsinə səbəb olub. Nəticədə isə öz təbliğatlarını miqrantlar və müsəlmanlar əleyhinə şüarlar üzərində quran, İslamı təhlükəli ideologiya adlandıran ultra millətçi qüvvələrin əhali arasındakı nüfuzu gündən-günə artmaqdadır ki, bu da “liberal Avropa” üçün başqa bir təhlükə mənbəyidir.

Beləliklə, bugünkü miqrasiya prosesi yalnız Avropanın coğrafi sərhədləri və sosial-iqtisadi vəziyyəti çərçivəsində nəzərdən keçirilməməlidir. Bu proses həm də Qərbin bütün dünya üçün universal anlayışlar kimi təqdim etməyə çalışdığı demokratiya, insan hüquqları prinsiplərinin etibarlılığı üçün də olduqca aktualdır. Miqrantların gələcək taleyi ilə bağlı qəbul olunan qərarlar Qərbin özünün bəyan etdiyi dəyərlərə sadiqliyi baxımından bir sınaqdır.

Miqrasiya prosesi bu gün beynəlxalq aləmin və beynəlxalq birliyin mühüm problemlərindən biridir. Bu problemin yaranmasına səbəb olan digər amil isə müxtəlif münaqişələrin illərlə həll olunmayaraq qalması, həmçinin bir sıra ölkələrdə sabitliyin pozulması və daha çox kənardan idarə olunan daxili çəkişmələrin baş verməsidir. Aparılan müşahidələr göstərir ki, son 20-30 ildə bu problemlərin həlli istiqamətində lazımi addımlar atılmayıb, əksinə vəziyyət getdikcə pisləşib, hətta gərginlik qlobal xarakter alaraq böyük, qarşısıalınmaz təhlükəyə çevrilib.

Təəssüflər olsun ki, mühüm problemlərin yaranmasında da, onların aradan qaldırılmasında da əsas aktorlar beynəlxalq birliyin aparıcı dövlətləri, onların nəzarətində olan beynəlxalq və regional qurumlar, ya da yaradılaraq onların nəzarətinə verilən təsisatlardır. Əsas məqsəd isə siyasi, geosiyasi, iqtisadi maraqlarının təmin olunmasıdır.

Vəziyyət nə qədər mürəkkəb olsa da, çıxış yolu kifayət qədər aydındır. Artıq beynəlxalq birlikdə gedən proseslərdə dünyaya köhnə “müstəmləkə eynəyi” ilə baxmaqdan imtina etməyin, ədalət anlayışını öz maraqları çərçivəsində həyata keçirməyə çalışmaqdan əl çəkməyin vaxtı çatmışdır. Şübhəsiz, bütün problemlərin kökündə məhz bu amillər dayanır. Qərbin Yaxın Şərq və Afrika kimi regionlarda əsrlər boyu həyata keçirdiyi siyasəti təftiş edərək ona ədalətli yanaşma nümayiş etdirməsi və məsuliyyəti öz üzərinə götürməsi yaxşı başlanğıc olardı. Lakin etiraf etmək lazımdır ki, müasir dövrdə bu cür yanaşma daha çox idealist düşüncə tərzinə xasdır. Ədalətli yanaşma isə beynəlxalq hüququn aliliyinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, insan hüquqları prinsiplərinə həqiqətən hörmət edildiyi güclü beynəlxalq münasibətlər sistemində mümkündür.

Deyəsən fransız filosofu Mişel Onfrenin öz fikirlərində haqlı olduğunu qəbul etmək məcburiyyətində qalacağıq: “Misir piramidaları, yunan məbədləri, Roma forumları (müəllif daha qədim dövrə ekskurs edə bilərdi) haqqında hamının məlumatı var. Belə ki, qədim sivilizasiyaların izlərini araşdırarkən, onları süquta aparan səbəblər aydın müşahidə olunur. Görünür, 2000 yaşı olan yəhudi-xristian sivilizasiyası bu qaydadan kənarda qalmayacaq və onun taleyi əvvəlkilər kimi olacaq”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.