Press "Enter" to skip to content

Kərli diabet

Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, muxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.

Şəkərli diabet

Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur.

Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.

Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, muxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.

Şəkərli diabetin iki forması vardır: 1-ci tip (insulin asılılıqlı) və 2-ci tip (insulin asılılığı olmayan).

1-ci tip – insulin asılılıqlı şəkərli diabet zamanı mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin 90%-i bu və ya digər səbəbdən dağılmış olur. Beləliklə, şəkərli diabetin 1-ci tipində mədəaltı vəzi ya xeyli dərəcədə az insulin istehsal edir, ya da ümumiyyətlə, insulin ifraz etmir. Şəkərli diabetin 1-ci tipi ilə xəstə olanların əksəriyyətində xəstəliyin başlanğıcı adətən 30 yaşınadək olan dövrə təsadüf edir.

Alimlər 1-ci tip şəkərli diabetin əsas səbəbinin virus mənşəli olduğunu qeyd edirlər. Virus bir tərəfdən mədəaltı vəzidə olan insulin hazırlayan hüceyrələri zədələyir. Digər tərəfdən isə virus ilə mübarizə aparan immun sistemi xüsusi qoruyucu hüceyrələr hazırlayır ki, onlar da mədəaltı vəzinin özünün virusla yoluxmuş hüceyrələrini dağıdır.

Bunun nəticəsində mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin sayı fəlakətli dərəcədə azalır. Məhz buna görə 1-ci tip şəkərli diabet xəstəliyinə məruz qalanların orqanizmində qlükozanın normal şəkildə sərf olunmasını təmin etmək üçün lazım olan insulindən “asılı” olurlar. Məhz bu asılılıqdan irəli gələrək xəstəliyin bu forması insulin asılılıqlı şəkərli diabet adlanır.

Şəkərli diabetin 2-ci tipində (insulin asılılığı olmayan şəkərli diabet) mədəaltı vəzi insulin hazırlamaqda – bəzən isə hətta lazım olduğundan da artıq olmaqla davam edir. Ancaq bu zaman qlükoza orqanizmdəki hüceyrələrə daxil ola bilmir. Bunun səbəbi isə odur ki, orqanizmin hüceyrələri insulinin təsirinə, demək olar ki, heç bir reaksiya vermirlər. Bunun nəticəsində insulinin artıq dərəcədə olmasına baxmayaraq, hüceyrələrə kifayət qədər qlükoza daxil ola bilmir. Şəkərli diabetin 2-ci tipi əsasən 30 yaşından sonra inkişaf etməyə başlayır. Şəkərli diabetin bu formasının inkişaf etməsində irsi faktor və piylənmə çox vacib rol oynayır.

Şəkərli diabetin inkişaf etməsinin risk faktorları:

Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv edən virus infeksiyaları. Şəkərli diabetin inkişaf etməsində əsas rol oynayan məxmərək, viruslu (epidemik) parotit, suçiçəyi, hepatit və s. virusları qeyd etmək olar. Həkimlərin müşahidələrinə əsasən, virus infeksiyası əksər hallarda şəkərli diabetə irsi meylliliyi olan şəxslərə öz təsirini göstərərək onlarda xəstəliyin yaranmasına səbəb olur. Virus infeksiyası xüsusilə uşaqlarda və yeniyetmələrdə şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.

İrsi faktor. Şəkərli diabet, adətən, şəkərli diabet xəstəliyi olanların qohumlarında bir neçə dəfə daha çox təsadüf edilir. Xüsusən də valideynlərinin hər ikisində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski daha yüksək olur. Valideynlərindən yalnız birində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski iki dəfə azalsa da, yenə də yüksək olaraq qalır. Ancaq valideynlərinin hər ikisində şəkərli diabet olan uşaq bu xəstəliyə tutulmaya da bilər. Belə ki, uşaq öz valideynlərindən xəstəliyin özünü deyil, ona meylliliyi irsən almış olur. Yuxarıda adı çəkilən infeksiyalar isə xəstəliyin inkişaf etməsinə təkan verə bilərlər.

Piylənmə – 2-ci tip şəkərli diabet xəstəliyinin inkişaf etməsi üçün əsas faktorlardan biridir. Çünki piylənmə zamanı orqanizmdə maddələr mübadiləsi pozulur ki, bu da şəkərli diabetin inkişafı üçün yol açır.

Stres. Tez-tez baş verən streslər, bir çox ciddi xəstəliklərin yaranmasında olduğu kimi, şəkərli diabetin yaranmasında da risk faktorlarından biri hesab olunur. Şəkərli diabetə meylli olan şəxslərdə güclü sinir sarsıntısı nəticəsində xəstəliyin ilnkişaf etməsi barədə xeyli sayda sübutlar mövcuddur. Ancaq şəkərli diabetə genetik meylliliyi olmayan şəxslərdə tez-tez baş verən güclü streslər, bu xəstəliyin inkişaf etməsinə səbəb ola bilərlər. Streslər immun sisteminin fəaliyyətini pozaraq bütün orqanizmi fövqəladə rejimdə işləməyə vadar edir. Bu zaman qana adi halda olduğundan xeyli artıq miqdarda hormonlar ifraz olunur. Bu, insulinə də aiddir. Bu zaman mədəaltı vəzi üzülmə həddinə qədər yüksək rejimdə işləyir ki, bu da bir çox patoloji dəyişikliklərə səbəb ola bilər.

– Ateroskleroz – yaşlı adamlarda şəkərli diabetin inkişaf etməsinin əsas səbəblərindən biridir. Mədəaltı vəzi damarlarının sklerozu onun qidalanmasının pisləşməsinə səbəb olur ki, bu da son nəticədə orqanizmdə insulinin istehsalı və daşınması prosesinin pozulması ilə nəticələnir.

– Xroniki pankreatit – mədəaltı vəzin iltihabı da onun funksiyasını pozaraq şəkərli diabet xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər.

– Alkoqol orqanizmdəki bütün orqanlara olduğu kimi, mədəaltı vəzi toxumasına da dağıdıcı təsir göstərir.

– Bəzi dərmanları (prednizalon, hipotiazid, furosemid, antibiotiklər və s.) uzun müddət istifadə etdikdə. Ona görə də heç zaman özünüz-özünüzə dərman “təyin etməyin”! Mürəkkəb xroniki xəstəliklərin müalicəsi zamanı isə hər zaman müalicə həkiminizin nəzarətində olaraq, sağlamlığınızda baş verən hər hansı dəyişikliklər barədə ona vaxtında xəbər verin.

– Müxtəlif xroniki xəstəliklərin uzun müddət davam edən streslər, keyfiyyətsiz və düzgün olmayan qidalanma, həddindən artıq fiziki gərginlik və s. səbəblərdən immunitetin zəifləməsi;

Eyni zamanda bir neçə risk faktorunun olması şəkərli diabet xəstəliyinin inkişaf riskini xeyli artırır.

Şəkərli diabetin əlamətləri:

– Qanda şəkərin miqdarı müəyyən bir həddə çatdıqdan sonra o, sidiyə keçməyə başlayır. Xəstənin vəziyyəti ağırlaşdıqca, sidikdə olan şəkərin miqdarı xeyli yüksək olur. Bunun da nəticəsi olaraq sidiklə ifraz olunan şəkəri durulaşdırmaq üçün böyrəklər də xeyli miqdarda su xaric etməli olur. Beləliklə, şəkərli diabetin ilkin əlaməti – sidik ifrazının artmasıdır (gün ərzində 1,5-2 litrdən çox).
– Tez-tez sidik ifrazı baş verdiyi üçün xəstə daim üzücü susuzluq hiss edir və xeyli miqdarda da maye qəbul edir.

– Sidik ifrazı ilə xeyli miqdarda kalori itirildiyi üçün, xəstənin çəkisi azalır. Bundan başqa, xəstəni daim aclıq hissiyyatı narahat edir və o daha çox qida qəbul etməyə başlayır.

Şəkərli diabetin digər – az spesifik əlamətləri:

– Zəiflik, yorğunluğun artması;

– Tez-tez baş verən soyuqdəymələr;

– Dəridə irinli xəstəliklərin, frunkulyozun, gec sağalan xoraların olması;

– Cinsi üzvlər nahiyəsində güclü qaşınmanın olması.

Xəsəliyin ilkin əlamətləri qeyd olunan kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Həkim ilk növbədə, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi üçün xəstəni laborator müayinəsinə göndərəcək. Sağlam adamda qanda şəkərin miqdarı acqarına 5,5 mmol/l-dən yuxarı olmamalıdır.

Şəkərli diabetin profilaktikası üçün əsasən aşağıdakı qaydalara riayət etmək lazımdır:

– bədən çəkisini hər zaman normada saxlamaq lazımdır. Qida xeyirli və müxtəlif çeşidli olmalıdır. Qida rasionunda yağlı qidaları və şirniyyatları azaltmaq, onların əvəzinə isə təzə meyvə və tərəvəzlərin miqdarını artırmaq lazımdır. Mədəaltı vəzinin normal fəaliyyəti üçün kükürd və nikel elementləri (bütün kələm növləri, qıtığotu kökü (“xren”), sarımsaq, soğan, ağ turp, balqabaq, yerkökü, motmutu, gavalı, əncir, badam, xiyar, yumurta sarısı, qoz-fındıq, süd məhsulları, çuğundur və s), sink (ən çox çuğundurda, cücərdilmiş buğdada, buğda kəpəyində olur), B qrupu vitaminləri (buğda kəpəyi, üyüdülməmiş – bütöv buğdalarda, cücərdilmiş buğdada, mayada, qatıqda) tələb olunur;

– immun sistemini daim möhkəmləndirmək;

– aktiv həyat tərzi sürmək;

– zərərli vərdişlərdən imtina etmək.

Əgər sizdə şəkərli diabet xəstəliyinə irsi meyililk varsa, qanda şəkərin səviyyəsinin yüksəlməsini vaxtında aşkar etmək üçün, siz vaxtaşırı olaraq həkim endokrinoloqun müayinəsindən keçməlisiniz!

Saglamolun.Az

Şəkərli diabet

Şəkərli diabet artıq uzun illərdir ki, ölümcül xəstəlik sayılmır. Amma bu xəstəliyin özü yox, fəsadları təhlükəlidir. Müxtəlif üsullarla şəkərli diabetin fəsadlarını minimuma endirmək və ya tam neytrallaşdırmaq mümkündür. Əgər şəkərli diabet xəstəliyi ilkin mərhələdə aşkar edilibsə, bunu etmək asandır.

İstənilən adam bu xəstəliyə yoluxa bilər. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən artıq dünyada şəkərli diabet xəstlərinin sayı artır. Təəssüflər olsun ki, şəkərli diabet dünya əhalisinin ölümünə səbəb olan ilk on xəstəlik siyahısına daxildir. Bu xəstəlik ölüm sayına görə ürək-damar xəstəlikləri və xərçəngin bir neçə növündən geri qalır. əslində isə statistikanı gözəçarpan dərəcədə azaltmaq mümkündür. Diabetli şəkər xəstəliyini idarə edərək ona qalib gəlmək olar.

Şəkərli diabetin simptomları

Diabet xəstəliyinə gəldikdə, onun elə də simptomu yoxdur. Xüsusən də xəstəliyin ilkin mərhələsi və 2-ci növ şəkərli diabet xəstəliyi zamanı simptomlar yoxdur. Bu səbəbdən də həkimlər bu tip xəstəlikləri “sakit qatillər” adlandırırlar.

Beləcə, diabet bir neçə il simptomsuz davam edir, bir çoxları öz xəstəliyindən heç şübhələnmir. Bu xəstəlik barədə ya təsadüfən tibbi müəssisələrdə, ya da şəkərli diabetin ilk təsirləri üzə çıxanda bilinir. Susuzluq və tez-tez sidiyə getmə, arıqlamaq, yorğunluq-bunlar şəkərli diabetin ağırlaşmasıdır.

Müntəzəm olaraq qandan diabet üçün analiz verin. Çünki qanda qlükozanın səviyyəsinin müəyyən edilməsi şəkərli diabet xəstəliyinin olub-olmamasını təyin edən yeganə üsuldur. Şəkərin miqdarını qlyukometr adlı tibbi cihazla ölçmək mümkündür. Bu aləti istənilən aptekdə tapmaq mümkündür.

Əgər acqarına verilən qan analizində qlükozanın səviyyəsi 7 mmol və ya günün istənilən vaxtı yeməkdən sonra 11 mmol-dursa, deməli siz şəkərli diabetsiniz.

Birincisi, başlanğıc üçün kökəlməmək kifayətdir. Bədənin normal çəkisi olanda şəkərli diabetin inkişaf riski piylənmədə olan riskdən aşağıdır.

Bu məsələdə mərkəzi piylənmə, yəni qarın çıxartma xüsusən təhlükəlidir. Mərkəzi piylənmə çox asanlıqla müəyyən edilir. Bunun üçün bel ətrafını ölçmək lazımdır. Kişilərdə bel ətrafı 94 sm, qadınlarda isə 80 sm olanda artıq piylənmə hesab edilir. Bu zaman boy ölçüsü faktoru nəzərə alınmır.

İkincisi, gündəlik fiziki aktivliyə diqqət yetirin. Az hərəkətli həyat tərzi hüceyrə reseptorlarının aktivliyini aşağı salır. Bu hüceyrələr isə qlükozanın sovrulması prosesində iştirak edirl.

Üçüncüsü, doyunca yatmaq lazımdır. Qanda şəkəri azaldan yuxu vaxtı sutka ərzində 5-8 saatdır.

Eyni zamanda siqaret çəkməyi tərgitmək də vacibdir. Nikotin hüceyrə reseptorlarına mənfi təsir edir və hüceyrə reseptorları insulinə qarşı zəifləyir. Bu zaman isə hüceyrələr daha az qlükoza sovururlar və qlükoza qanın tərkibində qalır.

Beləcə, diaqnoz qoyuldu-şəkərli diabet. Müalicəyə başlamaq lazımdır. Amma öncə düşünək, diabeti müalicə etməsək və ya vaxtında diaqnoz qoyulmasa, nələrə səbəb ola bilər?

Qanda şəkərin miqdarı artanda bütün maddələr mübadiləsi pozulur. İlk olaraq qanla yaxşı təmin olunmağa ehtiyac duyan orqanlar ziyan çəkir. Şəkərli diabetin əsas hədəfi qara ciyər, dəri, göz və ürəkdir. Bu orqanlara zərbə xarakterik fəsadlarla müşayət olunur.

Şəkərli diabetin müalicəsi

Şəkərli diabetin müalicəsi yoxdur. Dünyada qanda şəkərin miqdarına təsir edən bir sıra dərmanlar ixtira olunub. Amma təkcə medikamentoz müalicəyə ümid etmək düzgün deyil. Effektiv müalicə həyat tərzini dəyişməklə bağlı kompleks tədbirlərlə mümkündür. Əlavə olaraq isə təbii ki, tibbi preparatlar da lazımdır.

Şəkərli diabetin müalicə məqsədi qanda qlükoza midarını normal səviyyədə saxlamaq, nə azalma, nə də artmasına imkan verməməkdir. Diabetlə mübarizədə əsas üç qayda var. Bu, düzgün qidalanma, fiziki aktivlik və dərman preparatlarıdır.

Milli.Az

Muhazire 3 şəkərli diabetin müalicəsi

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı “Olimp Hospital”ın baş direktoru, yüksək ixtisaslı mütəxəssis, həkim-endokrinoloq Samir Şükürovdur. Müsahibimiz şəkərli diabet xəstəliyi haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Peşəkar endokrinoloq Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetini, 2015-ci ildə isə Türkiyə Respublikasının Bezmialem Vakıf Universitetini bitirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantıdır. S.Şükürov ixtisası üzrə Böyük Britaniya, İtaliya, İsveç, Almaniya, İspaniya da daxil olmaqla Avropanın 15-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) fəxri, Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) Amerika Klinik Endokrinologiya Assosiasiyasının (AACE) həqiqi üzvüdür.

Dr. Samir Şükürov şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri (zob), hipofiz vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, endokrin sonsuzluq, osteoporoz (sümük əriməsi), endokrin hipertoniya (yüksək qan təzyiqi), menstrual tsikl pozğunluğu, boy qısalığı, artıq çəki kimi bütün növ endokrinoloji problemləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir.

2021-ci ildən “Olimp Hospital”ın baş direktoru vəzifəsində çalışır.

– Şəkərli diabet xəstəliyi nədir?

– Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində ortaya çıxan, qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir.

– Bu xəstəliyin hansı risk faktorları var?

– Araşdırmalara görə, risk daşıyan genlər var. Odur ki, birinci dərəcəli qohumları şəkərli diabet olan şəxslər risk qurupuna daxildir. Eləcə də artıq çəkidən və yüksək qaz təzyiqindən əziyyət çəkən, 4 kiloqramdan artıq uşaq dünyaya gətirən, az hərəkət edən, yaşı 45-dən yuxarı olan şəxslər risk qrupuna aiddir. Genetik faktor mühüm əhəmiyyət kəsb etsə də, şəkərli diabeti yaradan başqa səbəblər də var. Bura artıq çəki, oturaq həyat tərzi, sağlam qidalanmamaq kimi amillər daxildir. Genetik faktor mühüm rol oynadığından birinci dərəcəli qohumlarınız arasında şəkərli diabet xəstəsi varsa, həyat tərzinə, qidaya və çəkiyə xüsusi diqqət yetirməlisiniz. Lakin bu heç də o demək deyil ki, şəkərli diabet xəstəsi olan qohumunuz varsa, siz də mütləq bu xəstəliyə yoluxacaqsınız. Sadəcə, bütün ehtimallara qarşı özünüzü qorumağınızı tövsiyə edirik.

– Xəstəliyin əlamətləri nələrdir?

– İlkin mərhələdə halsızlıq, yorğunluq, yuxululuq, sonrakı etaplarda isə tez-tez sidiyə getmək, ciddi çəki itkisi, dəridə və ağızda quruluq hissi, bulanıq görmə, dəridə qaşınma, sidik yolu infeksiyalarının yaranması kimi hallar müşahidə olunur. Bu xəstəlik zamanı bədən su, su ilə birgə də şəkər itirir. Orqanizm şəkəri enerji mənbəyi kimi istifadə edə bilmədiyindən öz yağlarını əritməyə başlayır. Nəticədə xəstə sürətlə arıqlayır. Odur ki, tez-tez sidiyə gedir, ağızda quruluq hiss edir və ciddi çəki itirirsinizsə, gecikmədən həkim-endokrinoloqa müraciət edin.

– Gecikmək hansı ağırlaşmalara səbəb olur?

– Şəkərli diabet gözə, ürəyə, böyrəklərə, beyinə, ayaq damarlarına ciddi təsir edir. Gözdə yaranan diabetik retinopatiya nəticəsində görməni tamam itirən, qanqrena səbəbindən hər iki ayağı amputasiya edilən xəstələr olur. Halbuki düzgün diaqnoz və beynəlxalq protokollar əsasında müalicə ilə bütün ağırlaşmalardan qorunmaq mümkündür. Diabetlə əlaqəli yaranan bütün fəsadların səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasiyent qanda şəkərin miqdarını idarə edə bilsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcək və heç bir ağırlaşma ilə üzləşməyəcək.

– Ayaqları amputasiya olunan şəkər xəstələrinə çox rast gəlirik. Ayaqları necə qorumaq olar?

– Bu xəstəliyin ən sıx rast gəlinən ağırlaşmalarından biri diabetik ayaq problemidir. Müalicəsiz qaldıqda, yaxud da yanlış müalicə nəticəsində ayaqlarda qanqrena yaranır və amputasiya olunur. Odur ki, bu xəstələr ayaqlarına qulluq etməli, hər cür zədələnmədən qorumalıdırlar. Ayaqlar hər gün yuyulmalı, corablar düzgün seçilməli, xüsusi ortopedik ayaqqabı geyinilməli, dəridə quruluq varsa, nəmləndirici kremlərdən istifadə olunmalıdır. Bayırda, hətta evdə belə ayaqyalın gəzmək olmaz. Bu cür xəstələrdə hissiyyat zəif olduğundan bəzən ayaqlarına yad cismin batmasını belə hiss etmirlər. Nəticədə dəri toxumasında infeksiya yaranır, yayılır və zamanla diabetik ayağa çevrilir.

– Bu xəstəliyin bir neçə tipi var?

– Şəkərli diabet yaranma faktorlarına görə “Tip 1 DM”, “Tip 2 DM”, hamiləlik diabeti kimi bir neçə tipə bölünür. Əgər insulin çatışmazlığı varsa, yaxud da ümumiyyətlə insulin ifraz olunmursa, bu hal “Tip 1 DM”ə aiddir. Adətən, bu tip 30 yaşa qədər insanlarda rast gəlinir. Bura uşaqlar və yeniyetmələr də daxildir. Bu xəstələrin müalicəsində insulin inyeksiyalarının qəbulu və qidalanmaya diqqət etmək şərtdir. Həmçinin fiziki aktivlik də önəmlidir. Çünki xəstə müalicə olunmadığı halda diabetik komaya girə, hətta ölə bilər.

“Tip 2 DM” isə insulinə qarşı müqavimətin və ya insulin sekresiyasının azalması il bağlıdır. Daha çox 30 yaşdan yuxarı və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Bu tip xəstəlikdə genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər valideynlərdə şəkərli diabet varsa, uşaqlar 38 faiz risk daşıyırlar.

– İnsanları ən çox bu sual maraqlandırır: şəkərli diabet tamamilə sağalırmı?

– Bu xəstəlikdən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin düzgün müalicə ilə qanda şəkərin səviyyəsini normada saxlaya və heç bir ağırlaşma olmadan həyatına davam edə bilərsən.

– Bəs qanda şəkəri necə normada saxlamaq olar?

– Sağlam həyat tərzi, pəhriz, fiziki aktivlik, artıq çəkidən xilas olmaq, düzgün müalicə ilə şəkəri normada saxlamaq mümkündür.

– Bütün şəkər xəstələri insulin qəbul etməlidir?

-İnsulin hər şəkər xəstəsinə təyin olunmur. Bunun üçün tibbi göstəriş lazımdır. Bəzi xəstələrin insulinsiz də qanında şəkəri normada saxlamaq olur. Həkim buna xəstəni müayinə edəndən sonra qərar verir. Qan təhlillərinə əsaslanaraq hər bir pasiyentə uyğun düzgün müalicə metodunu təyin edirik.

– İnsulin təyin olunmuş xəstə ömrünün sonunadək onu qəbul etməlidirmi?

– Xeyr! Kiməsə insulin təyin olunubsa, bu o demək deyil ki, ömrünün sonunadək insulin qəbul etməlidir. Əgər müalicə effekt verərsə, qan təhlillərinə əsasən həkim insulini dərman müalicəsi ilə əvəz edə bilər.

– Şəkərli diabet xəstəliyinin müasir müalicə metodları hansılardır?

– Bu xəstəliyin müalicəsində insulin inyeksiyalarından və dərman preparatlarından istifadə olunur. Şəkərli diabetin müalicəsi üçün istehsal olunmuş yeni dərmanlar artıq ölkəmizə də gətirilir. Burada önəmli olan düzgün diaqnoz və müalicə taktikasını təyin etməkdir. Bəzən deyirlər ki, xəstənin şəkəri düşmür. Deməli, ya yanlış, ya da yetərsiz müalicə alır. Doğru müalicə ilə bütün xəstələrdə şəkəri normada saxlamaq mümkündür.

– Bir az öncə pasiyentlərinizlə tanış olduq. “Samir həkimin sayəsində illərdir heç bir şikayətimiz yoxdur”,- dedilər. Bu uğurlu nəticəni necə əldə edirsiniz?

– Bildiyiniz kimi, tibb inkişaf edən bir sahədir. Hər bir həkim gərək tibbdə baş verən yenilikləri izləsin, daim öz üzərində çalışsın. Xarici ölkələrdə keçirilən təlimlərə, konfranslara qatılır, beynəlxalq protokolları təqib edirik. Həkim pasiyenti lazımi təhlillərdən keçirib düzgün müalicə təyin edərsə, şəkər xəstəsi də heç bir şikayəti olmadan, ayağında, gözündə və digər orqanlarında problem yaranmadan həyatına davam edə bilər.

Təbii ki, hər bir xəstəyə fərdi yanaşmaq da mühüm amildir. Yeri gəlmişkən, ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, şəkərli diabet xəstəsi olan insanlar bu xəstəliyi olmayan şəxslərlə müqayisədə daha uzun ömür yaşayırlar. Bu nəticə şəkər xəstələrinin daim həkim nəzarətində olması, vaxtlı-vaxtında müayinələrdən keçməsi, yanaşı xəstəliklərinin tez aşkar edilməsi və müalicə almaları ilə bağlıdır.

Bir məqamı da xüsusən vurğulamaq lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin şəkərli diabet xəstələrinə xüsusi diqqət və qayğısı var. Bildiyiniz kimi, Azərbaycanda “Şəkərli diabet üzrə Dövlət Proqramı” həyata keçirilir və bu xəstələr dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunur.

– “Olimp Hospital”da fəaliyyət göstərirsiniz. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikanız var. Şəkərli diabet xəstələri elə “Olimp Hospital”da bütün müayinə və təhlillərdən keçə bilərlər.

– Bəli. Peşəkar heyətimizlə vətəndaşlarımıza yüksək tibbi xidmət göstərməyə çalışırıq. Sağlamlığını bizə etibar edən hər bir xəstə “Olimp Hospital” üçün çox dəyərlidir. Bizim üçün pasiyent məmnunluğu ən böyük mükafatımızdır.

Comments are closed, but trackbacks and pingbacks are open.