Mülki müdafiə və tibbi biliklərin əsası
Mərcanə Əsədova
Mülki müdafiə və tibbi biliklərin əsası
Ölkədə alternativ, müstəqil, sərbəst ekspertizanın təşkili haqq-ədalətin, demokratik prinsiplərin, insan hüquqlarının müdafiəsinin təminatı baxımından vətəndaş cəmiyyətinin mühüm ehtiyacı kimi qalmaqdadır. İctimaiyyəti narahat edən hal – işin həlli üçün vacib faktor olan ekspert rəyinin alternativsiz yalnız tək bir dövlət strukturunun nəzdində keçirilməsidir. Hüquq müdafiəçiləri, müstəqil mütəxəssislər və ekspertlər bildirirlər ki, sovet dövründən qalan bu cür vəziyyət demokratik hüquqi dövlət anlayışına uyğun gəlmir. İnsanlar dövlət ekspertizası ilə yanaşı müstəqil ekspertlərə də müraciət etmək imkanı əldə etməli və məhkəmə tərəfindən bu ekspert rəylərinin də baxılması mümkün olmalıdır. Bu barədə müxtəlif ideyalar və fikirlər irəli sürülür və bəzi inkişaf etmiş ölkələrdəki təcrübələr nümunə kimi göstərilir. Cəmiyyətdə yaranmış bu ehtiyac xüsusuilə məhkəmə ekspertizalarının o sahələrinə aiddir ki, orada insan haqlarının pozulmasına dair faktların təsadüfü daha çox ola bilər.
Burada ilk növbədə insan həyatına və sağlamlığına qarşı olan cinayələtlərin və hüquq pozuntularının (qətillər, müəmmalı ölümlər, işgəncə və digər xarakterli hərəkətlər, bədən xəsarətlərinin yetirilməsi) araşdırılmasında və mülki hüquqi işlərdə tətbiq edilən məhkəmə-tibbi ekspertizalar durur. Bu sistemin yaradılmasının zərurəti ondan doğur ki, Azərbaycanda ancaq dövlət məhkəmə-tibbi ekspertizası mövcuddur və dövlət məhkəmə-tibbi ekspertizası yalnız tək bir qurumda aparılır.
Azərbaycanda məhkəmə ekspertiza fəaliyyəti “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli Qanunla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) müddəaları və digər normativ-hüquqi sənədlərlə tənzimlənir. Qanunda birbaşa göstərilir ki, məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarəsi tərəfindən həyata keçirilir. Məhkəmə-tibbi ekspertizası sahəsində isə bu fəaliyyət Azərbaycanda Səhiyyə Nazirliyinin nəzdində olan “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi” tərəfindən aparılır. Qanuna əsasən Birliyin ekspertlərinin hüquq-mühafizə orqanlarından hər hansı bir asılılığı və tabeçiliyi yoxdur. Müstəqil ekspertiza fəaliyyətinə isə qanunvericilik icazə vermir. Hətta ekspertə özəl fəaliyyət göstərmək qadağandır. Həmin Qanunda göstərilmişdir ki, ekspert başqa idarənin əməkdaşı qismində, həmçinin, özəl ekspert kimi məhkəmə ekspertiza fəaliyyətini həyata keçirə bilməz. Bununla da bu Qanun məhkəmədə alternativ ekspertizanın təyin edilməsini birbaşa mümkünsüz edir.
Lakin, bu Azərbaycan Respublikasının CPM-ə ziddir. CPM-nin 268-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxsin aşağıdakı hüquqları var:
268.1.1.protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq;
268.1.2. ekspertə etiraz etmək;
268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət vermək;
268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək;
Təəssüf ki, qanunvericiliyin şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutduğu bu demokratik müddəalar hal-hazırda həmin hüquqların həyata keçirilməsi üçün lazım olan mexanizmin olmaması səbəbindən sadəcə bir qanun olaraq kağız üzərində qalmışdır. Azərbaycan Respublikası CPM-nin 268-ci maddəsində olan müddəalarla “Dövlət ekspertiza fəaliyyəti haqqında” Qanunun müddəaları arasında ziddiyət yaranır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 268-ci maddəsi şübhəli və ya təqsirləndirilən şəxsin alternativ ekspertiza keçirilməsi haqqında vəsatət vermək hüququnu nəzərdə tutsa da, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir.
Bundan başqa Azərbaycan Respublikasının CPM-nin 97-ci maddəsinə əsasən ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər. Burada “ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş” ifadəsinin qanunvericilikdən çıxarılması göstərilən ziddiyyəti aradan qaldırmaqla məsələyə daha demokratik yanaşmanı təmin edər və məntiqə uyğun olardı. Qeyd etmək istərdik ki, bu ifadə əvvəllər CPM-də olmayıb. Bu müstəqillik illərində CPM-ə salınıb və bunun ədalətin aliliyinə xidmət etdiyi tam aydın görünmür.
Alternativ məhkəmə tibb ekspertizasının yoxluğu Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin “hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir” müddəasına da ziddir. Buna görə də bu problemin köklü şəkildə aradan qaldırılması, vətəndaşların konstitusion hüquq və azadlıqlarının təmin edilməsi üçün ya mövcud qanunvericiliyə alternativ məhkəmə tibbi ekspertizası ilə bağlı müvafiq dəyişikliklər və əlavələr edilməli, yaxud da bu barədə ayrıca qanun qəbul edilməlidir. Yalnız bu yolla vətəndaşların öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnu təmin etmək olar.
O biri tərəfdən, hüquqi demokratik dövlətdə sübutların toplanması və məhkəmə-tibbi ekspertizanın təyinində tərəflərin bərabərliyi olmalıdır. Lakin bu əsla belə deyil. Belə ki, müstəntiq və prokurordan fərqli olaraq müdafiə tərəfinin təmsilçiləri müstəqil olaraq ekspertiza təyin etmək, onların aparılmasında iştirak etmək, ibtidai istintaq məlumatlarının yaymayacağı barədə iltizam vermiş məhkəmə tibb ekspertləri ilə məsləhətləşmək, ekspertiza təyin etmək hüququndan məhrumdur. Bundan başqa istintaqın bütün mərhələlərində müstəntiq ilə birbaşa əlaqəli şəkildə işləməklə məhkəmə tibb eksperti cinayət hadisəsinin qiymətləndirilməsinin gedişatında ibtidai istintaqla bilavasitə əlaqəsi olan iştirakçıya çevrilir. Bu hal açıq-aşkar şəkildə ekspertin müdafiə tərəfinin mövqeyinə zidd olan mövqeyinin formalaşmasına səbəb olur və bununla da ittiham və müdafiə tərəfinin səlahiyyət və hüquq balansını pozur. Öz növbəsində ekspertlərlə bilavasitə birgə işləməkdən məhrum olan vəkillər yalnız məhkəmə tibb icraatının metodologiyası, taktikası və texnologiyasını kifayət qədər əhatə etməyən məhkəmə tibbi məlumatları ilə məhdud olan ədəbiyyatlarla kifayətlənməli olurlar. Buna görə də məhkəmə iclasları zamanı onların sualları bir qayda olaraq ekspertiza zamanı yol verilmiş formal çatışmamazlıqların aşkar edilməsinə yönəlir və həll edilməsi müdafiə tərəfinə xeyir gətirə biləcək problemlərin mahiyyətinə toxunmur. Ekspertin səhflərinin ifşa edilməsinə yönəlmiş suallar isə sadəcə ekspertin müdafiəyə əks mövqeyinin möhkəmlənməsinə səbəb olur. Nəticədə isə müdafiə tərəfi ekspertdən yararlı cavab almaq imkanından məhrum olur. Bu cür vəziyyətdən yeganə çıxış yolu isə alternativ ekspertizanın təyini ola bilərdi. Bu cür sistemdə ekspert bütün imkanlarından və elmi texnologiyanın ən son nailiyyətlərindən istifadə edərək obyektiv, bitərəf və düzgün rəy verməkdə maraqlı olacaqdır.
Ədalət mühakiməsi prossesində xüsusi rol oynayan ekspertlərin müstəqilliyinə və onların inamlı sərbəst fəaliyyət göstərməsinə böyük ehtiyac var. Bunun üçün bu unikal bilik sahiblərinin maddi təminatı və xüsusuilə hüquq mühafizə orqanlarından asılılığının olmaması vacibdir. Çünki düzgün olmayan ekspert rəyi real cinayətkarın cəzasız qalmasına, təqsiri olmayan şəxslərin isə cəza almasına səbəb ola bilər. Ekspert rəyinin rəsmi bir sənəd kimi təhqiqatçı, müstəntiq, prokuror, hakim və müdafiə tərəfi üçün əhəmiyyəti təkzibolunmaz faktdır. Lakin əksər hallarda ekspert rəyi birtərəfli olur və alternativ tibbi ekspertizanın keçirilməsi üçün hər hansı digər ekspert təşkilatlarının olmaması səbəbindən bu cür rəylərin yenidən digər ekspert tərəfindən qiymətləndirilməsi mümkün olmur. Nəticədə məhkəmələr də öz növbəsində ancaq Birliyin ekspert rəylərinə əsaslanmaq məcburiyyətində qalır. Yəni rəy verildikdən sonra məhkəmə digər sübütlara ehtiyac duymur. Düzgün olmayan ekspert rəyi isə cinayətin cəzasız qalmasına və təqsiri olmayan şəxsin cəza almasına səbəb ola bilər.
Hal-hazırda dövlət qurumları tərəfindən bu məsələnin həlli ilə bağlı hər hansı bir addım atılmamış və bunula bağlı təkliflər yoxdur. Hesab etmək olar ki, bunun əsas səbəblərindən biri, həm Azərbaycan Respublikasında, həm də keçmiş SSRi respublikalarında bu sahədə müvafiq qanunvericilik normalarının və təcrübənin olmamasıdır. Yalnız CPM-nin 264.3-cü maddəsinə əsasən (Ekspertizanın aparılmasının əsasları) ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır.
Beləliklə bizim qanunvericiliyə əsasən ekspert müstəqil, obyektiv, işdə marağı olmayan və təyin edilmiş ekspertiza sahəsi üzrə kifayət qədər zəruri bilik, təcrübə və vərdişlərə malik olan, həm ittiham tərəfi, həm də müdafiə olunan tərəfindən də dəvət və təyin edilə bilən bir şəxs olmalıdır. Ancaq bu prinsiplərin işləmə mexanizmi hazırkı qanunvericiliklə tənzim edilmədiyindən bu hüquqların həyata keçirilməsi mümkün deyil. Məsələnin həlli – müstəqil ekspertizanın əsaslarının qoyulmasıdır. O həm dövlət, həm də qeyri-dövlət ola bilər.
Bir sıra ölkələrdə müstəqil ekspertiza artıq mövcuddur. Əgər vətəndaş məhkəmə-tibbi ekspertizanın nəticələri ilə razı deyilsə bu halda onun alternativ müstəqil ekspertizaya müraciət etmək hüququ və imkanı olur. Bizdə də müstəqil tibbi ekspertizanın yaradılması zəruriyyəti bundan doğur. İnkişaf etmiş Avropa ölkələri, ABŞ, Kanada, Türkiyə, İran, Rusiya və bəzi digər dövlətlərdə artıq tətbiq edilmiş bu mexanizm öz effektivliyini göstərməkdədir. Bunun nəticəsidir ki, həmin dövlətlərin həm hüquq mühafizə orqanları, həm məhkəmələri, həm də ki, vətəndaşları alternativ məhkəmə-tibbi ekspertizaya müraciət edə bilirlər. Xüsusilə qeyd etmək lazımdır ki, bir cox ölkələrdə bu məqsədlə həmin ekspertiza sahələrinə aid müvafiq kafedralara malik olan universitetlərin mütəxəssislərindən istifadəyə üstünlük verilir.
Məsələn, Böyük Britaniyada meyitin məhkəmə tibbi ekspertizası universitet kafedraları və xəstəxanaların patoloji-anatomik şöbələrində həyata keçirilir. Patoloji-anatomik və məhkəmə tibbi xidmətin hər hansı icra hakimiyyəti orqanı nəzdində vahid mərkəzləşdirilmiş təşkilati sistemi yoxdur. Ekspertlər tamamilə müstəqildir və yalnız məhkəmə qarşısında cavab verirlər. Ekspertizanın keyfiyyətinə, tədqiqinə, standartlarına və peşəkar inkişafına yardım etmək üçün ictimai peşəkar təşkilat kimi fəaliyyət göstərən Royal Patoloji Kollec (Royal College of Pathologists) mövcuddur. Böyük Britaniyada canlı şəxslərin məhkəmə tibbi müayinəsi bir çox hallarda ümumi praktikasi olan ve polis idarələrində yarım ştat isləyən həkimlər ya da sırf polis həkimləri tərəfindən aparılır. Böyük Britaniya qanunları huquq muhafizə orqanlarına həkim lisenziyası olan istənilən şəxsi ekspert qismində dəvət etmək hüququ verir. Bu sistem ölkədə ekspert kimi fəaliyyət göstərən həkimlər arasında sağlam rəqabət mühitinin yaranmasına kömək edir və həmin həkimləri daim öz üzərilərində işləməyə və öz təcrübələrini artırmağa təşviq edir. Alternativ məhkəmə tibbi ekspertizasının təşkilinin Böyük Britaniya modeli bu sahədə rəqabət mühitinin yaranmasının bariz nümunəsidir.
Amerika Birləşmiş Ştatlarında hər bir ştatın özünün baş məhkəmə tibb eksperti vardır. Bu ekspert nəzarət etdiyi ərazidə olan bütün ölüm halları barəsində bütün məlumatlara sahib olur. Yəni, hər bir ölüm hadisəsi baş verdikdə, o bu barədə meyitin yarılmasını həyata keçirən ekspert, zorakı ölüm hallarının baş verməsi zamanı autopsiyanı həyata keçirmədən hadisə yerində yalnız ölmüş şəxsin meyitinin müayinəsini həyata keçirən ekspert müəssisələrinin əməkdaşları və ölüm faktı baş vermiş tibb müəssisələrindən baş vermiş hallar barədə hesabat əldə edir. Bu sistem bütün ölüm halları barədə informasiya əldə etməyə və hər hansı ölüm faktının məhkəmə tibbi ekspertizasının keçirilməsinin lazımlı olub-olmaması barədə qərar verməyə imkan verir. Əgər məhkəmə-tibbi ekspertizanın keçirilmə zəruriryyəti yoxdursa ölüm haqqında həkim şəhadətnaməsi müalicə həkimi tərəfindən imzalana bilər. Əgər müalicə həkimi yoxdursa və ya ölən şəxs həkim nəzarəti altında olmamışdırsa bu halda məhkəmə tibbi ekspertiza təyin edilir. Əgər məhkəmə tibbi eksperti tərəfindən meyitin müayinəsi barədə qərar qəbul edilirsə bu zaman meyit morqa gətirilməlidir. Bu halda ekspertiza bütün lazımi avadanlıqlar və köməkçi heyətin iştirakı ilə aparılır və hətta bu zaman laborator analizlər üçün müvafiq nümunələr də götürülür. Əgər meyitin yarılmasını hüquq mühafizə orqanları tələb edirlərsə bu zaman ekspert hadisənin və ölümün baş verdiyi yerə də baxış keçirir. Əgər şəxs xəstəxanada ölübsdə bu zaman ekspert xəstəxana ilə yanaşı ölümün baş verməsi ilə bağlı olan digər yerlərə də baxış keçirir və ölümlə bağlı olan bütün sənədləri toplayaraq ərazi məhkəmə ekspertinə göndəriləcək hesabata əlavə edir. Hər bir halda bütün hesabatlar yekun nəticədə baş məhkəmə tibb ekspertinə daxil olur ki, o da bütün bu faktları ümumiləşdirərək bazaya daxil edir. Bu isə ölüm hallarının yaranma səbəblərini dəqiq şəkildə ümumiləşdirməyə və onlara qarşı profilaktik tədbirlərin təkmilləşdirilməsinə kömək edir.
Son illər ərzində Rusiya Federasiyasında məhkəmə – tibbi ekspertiza xidmətinin inkişafı istiqamətində bir çox işlər aparılmışdır. Hüquq mühafizə orqanlarının ekspert tədqiqatlarına olan tələbatları əhəmiyyətli dərəcədə artmışdır. Bununla bərabər xidmətin maddi texniki xidmət bazasının qeyri qənaətbəxş olması, işin həcmi ilə müqayisədə kifayət etməyən maliyyələşdirmə, həmçinin hüquq mühafizə orqanlarının artan tələbləri əhalinin məhkəmə tibbi təminatını mümkünsüzlük dərəcəsinə gətirib çıxarmışdır. Məhz indi hüquq mühafizə orqanlarının hərəkətlərinin nə qədər humanist olması tibbi ekspertizanın keyfiyyətindən asılıdır.
Rusiya Federasiyasında da alternativ tibbi ekspertiza məsələsi ekspertin rəyindən narazı olan vətəndaş tərəfindən verilmiş şikayət əsasında məhkəmənin qərardadı əsasında təyin edilir. Vətəndaşın ölməsi və ya xəstələnməsi hallarında onun bu hüququnu həyat yoldaşı, yaxın qohumları və qanuni nümayəndələri həyata keçirir. Məhkəmə-tibbi ekspertizanın nəticəsindən şikayət edilən ekspertizada iştirak edən təşkilatın ekspertlərinə ekspertiza tapşırıla bilməz. Məhkəmədə ekspert rəyindən şikayət vermiş şəxs alternativ tibbi ekspertizanın konkret səhiyyə təşkilatı və ya konkret ekspert tərəfindən keçirilməsi haqqında vəsatət verə bilər. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında bu məsələnin həlli digər keçmiş SSRİ respublikalarından fərqli olaraq xeyli inkişaf etmişdir və orada artıq bu sahədə fəaliyyət göstərən bəzi xüsusi və özəl təşkilatlar mövcuddur. Həmin təşkilatların və yaxud ayrı-ayrı mütəxəssislərin xidmətlərindən isə vətəndaşlar istifadə edə bilərlər və bu təşkilatların verdikləri rəylər məhkəmə tərəfindən qəbul olunub baxılır. Lakin Rusiya Federasiyasında da hələ də bu sahədə öz həllini tapmayan bir sıra məsələlər mövcuddur. Ən üstün cəhətlərdən biri də burada odur ki, vəkillər müstəqil ekspertlərə, o cümlədən özəl ekspert təşkilatlarına da müraciət edib müayinələr keçirdir və ekspert rəylərini dövlət ekspertinin verdiyi rəyə alternativ kimi məhkəməyə təqdim edə bilirlər. Məhkəmələr də bir qayda olaraq onları diqqətə alır.
Alternativ məhkəmə-tibbi ekspertiza məsələsi Qırğızıstan Respublikasında “Tibbi Ekspertiza haqqında” Qanunda öz əksini tapmışdır. Həmin Qanuna əsasən vətəndaş tərəfindən ekspertin rəyindən şikayət verilərsə məhkəmənin qərardadı əsasında təkrar məhkəmə-tibbi ekspertiza təyin edilə bilər və adətən bu başqa təşkilatda edilir. Vətəndaşın ölməsi və ya xəstələnməsi onun şikayət verməsinə mane olduğu hallarda bu hüquq həyat yoldaşı, yaxın qohumları və qanuni nümayəndələrinə keçir. Məhkəmədə ekspert rəyindən şikayət vermiş şəxs alternativ tibbi ekspertizanın konkret səhiyyə təşkilatı və ya konkret ekspert tərəfindən keçirilməsi haqqında vəsatət verə bilər. Alternativ məhkəmə tibbi ekspertizanın keçirilməsi ilə bağlı xərclərin kimin tərəfindən ödənilməsi məsələsi isə Qırğızıstan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən həll edilir.
Ümumiyyətlə məhkəmə tibbi ekspertiza digər ekspertiza novləri ilə muqayisədə ən mürəkkəb və ən çətin ekspertiza növlərindən biridir. Ekspertizanin çətinliyi onun həcmi, tətbiq olunan metodikaların sayi, müayinə obyekti ilə, istifadə olunan metod ve üsulların çoxşaxəliliyi ilə ölçülür. Bununla yanaşı ekspertizanın müayinə obyektinin xarici görkəminin və onun üzərindəki izlərin uzun muddətə dəyişmədən saxlama qabiliyyətinə malik olmaması, onun özünün uzun muddətə ekspertiza qurumunda saxlanılmasının mümkünsüzlüyü ekspertizanin ən agır və mühüm problemlərindəndir. Meyit ekspertizanin yeganə obyektidir ki, onun prosessual statusu yoxdur. Digər obyektlərlə işləmək asandır. Onları istənilən vaxt muayinə etmək mümkündür. Meyit isə belə deyil. Digər ekspertizalarda beş-altı metodika tətbiq etməklə rəy vermək mümkündür. Ancaq meyitlərin ekspertizasinda fərqli olaraq bu metodların sayı bəzən otuzdan əlliyə qədər də ola bilər. Həmçinin meyitlərin ekspertizası zamanı ekspertiza qarşısında həlli üçün qoyulan sualların sayı istənilən digər növ ekspertizalarla müqayisədə dəfələrlə qəliz və çoxdur. Butun bu cətinlikləri nəzərə alaraq, ekspertlərin fəaliyyətlərinin elmi-təcrübi qiymətləndirilməsi mütəmadi olaraq nəzarətdə saxlanılmalı, onların peşəkar hazırlığı və ixtisaslaşdırılması, o cümlədən beynəlxalq aləmdə ekspert təcrübəsində hamı tərəfindən qəbul olunan vahid elmi-metodik üsülların mənimsənilməsi planlı surətdə həyata keçirilməlidir. Lakin bu onların müstəqilliyinə mane olmamalıdır. İnkişaf etmiş ölkələrdə bu funksiyaları dövlətlə yanaşı peşəkar assosiasiyalar icra edir.
Mübahisələrin ədalətli həlli üçün alternativ məhkəmə-tibbi ekspertiza apara bilən qurumlar olmalıdır. Bunun ücün də əsas şərtlərdən biri və ən vacibi müvafiq qanunvericilik bazasının olmasıdır. Məhz həmin hüquqi normalar yaranacaq alternativ müstəqil ekspertlərin fəaliyyətini tənzimləyə bilər. Bununla yanaşı həm də dövlət və qeyri-dövlət ekspertlərinin münasibətlərini də tənzimləyərək ziddiyyətli nəticələrin qarşısını ala bilər. Alternativ müstəqil ekspertizanin qanunvericilik əsasında təşkili həm də bu strukturun maddi-texniki və kadr bazasının təşkilinə şərait yaradar. CPM-də bu nəzərdə tutulub, lakin AR “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”Qanun bunun işləməsini mümkünsüz edib.
Bugünkü reallığımızda bu problemin ədalətli həllinin bir necə yolu barədə fikirlərimizi catdirmaq istərdik:
1. Məhkəmə təbabəti sahəsində mütəxəssislərin çalışdığı universitetlərdə alternativ məhkəmə-tibbi müayinə və ekspertizalarının keçirilməsi üçün şərait yaradılsın (Azərbaycan Tibb Universitetinin Məhkəmə Təbabəti kafedrası, Bakı Dövlət Universitetinin Kriminalistika və Məhkəmə Ekspertiziları kafedrası).
2. Məhkəmə təbabəti sahəsində mütəxəssisləri olan universitet, elm və tədqiqat dövlət və qeyri-dövlət təşkilatlarına ekspert müəssisəsi adı şamil olunsun.
3. Səhiyyə Nazirliyinin tabeçiliyində olmayan peşəkar Məhkəmə-Tibb
Ekspertiza Assosiasiyası yaradılsın ki, ekspertlərin peşəkar səviyyəsini Assosiasiya qiymətləndirsin.
4. Özəl ekspert qurumlarının yaradılması üçün şərait yaradılsın.
5. Məhkəmələr alternativ məhkəmə-tibbi ekspertiza və ya müayinə rəyini qəbul etsin.
Yuxarıda yazılanları həyata keçirmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər etmək lazımdır.
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2012.
2. Azərbaycan Respublikasınin Konstitusiyası. Bakı: Qanun, 2012.
3. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2012.
4. Герасименко Н.Ф., Григорьев И.Ю.,Александрова О.А., Муравьева М.Р. Права граждан в области охраны здоровья. Учебное пособие. – М.:ММА им.И.М.Сеченова, 2004.
5. Гражданский Процессуальный Кодекс Кыргызской Республики. Глава Судебные расходы. 24 ноября 1999г. №146. online.adviser.kg /Dokument/?doc_id=30247411.
6. Дерягин Г.Б.Процессуальные основы медицинской судебно – экспертной деятельности. – Архангельск, 2002.
7. Закон Кыргызской Республики «Об охране здоровья граждан в Кыргызской Республике». Глава IV. Медицинская экспертиза. 11 ноября 2004г. №6. www.baldar.kglindex.php?option=com_content &view =article&id=212:-q-q&catid=54:2010-02-22-04-07-34<emid=121.
8. Мaмeдов В.Г. Развитие судебно-медицинской науки Азербайджана // Dirçəliş XXI əsr, Bakı, 2008-2009, № 130-131, s. 268-269.
9. Мамедов В.Г. О месте и перспективах судебной медицины в системе медицинских наук и здравоохранения Азербайджана // Azərbaycan Tibb Jurnalı, 2009, № 1, s.19-21.
10. Мамедов В.Г. О роли патологоанатомического и судебно-медицинского исследования смерти для развития медицины и здравоохранения // Azərbaycan Tibb Jurnalı, 2010, № 2, s.6-7.
11. Мамедов В.Г. Причины смерти: продолжим ли мы оставаться во тьме невежества? // “Эхо” qəzeti, 24 aprel 2010, № 71, ст.6-7.
12. Маслов A.E. Верлин A. К вопросу об альтернативной судебно-медицинской экспертизе, http:// www.advpalata.vrn.ru./p_tvor_01.html.
13. Основные нормативно – правовые документы по судебно – медицинской экспертизе: Сборник 1953 – 2003 г.г. / Под ред. В.В.Хохлова. – Смоленск, 2003.
14. Поплавский А.Э. Судебно – медицинская экспертиза как предмет социального конфликта. Дисс…канд. мед. наук. Волгоград, 2004.
15. Сидиров П.И.,Соловьев А.Г., Дерягин Г.Б. Руководство по медицинскому праву / Под. ред. академика РАМН П.И. Сидирова. – М.: Редакционна – издательская группа НИИ общей патологии и патофизиологии РАМН, 2004. – 448 с.
16. Соседко Ю.И. Внезапная смерть при травме рефлексогенных зон тела. – М., 1996
Mülki müdafiə və tibbi biliklərin əsası
“İnkişaf etmiş xarici ölkələrdə olduğu kimi, ölkəmizdəki təhsil müəssisələrində mülki müdafiə və tibbi anlayışlar fənni tədris edilməlidir”.
Tehsil.biz xəbər verir ki, bu təklifi təhsil eksperti Əli Ələkbərov irəli sürüb.
O bildirib ki, hər kəs ilkin tibbi yardım göstərməyi bacarmalıdır:
“Bildiyimiz kimi qardaş ölkə Türkiyə Respublikasında baş vermiş zəlzələ zamanı yüzlərlə, uşaq, cavan, qoca həyatını itirmişdir. Baş vermiş təbii fəlakət və fövqəladə hallar zamanı hər bir vətəndaş həm özünə, həm də digər insanlara ilk yardım göstərməyi bacarmalıdır. Mülki müdafiə və tibbi anlayışlar fənni ölkəmizdəki məktəblərdə həftədə azı 1 saat tədris edilməlidir. Bu fənnin tədris olunması baş verəcək hər hansı bir hadisə zamanı şagirdlərin necə davranmalı olduqlarını bilmələri vacibdir. Hesab edirəm ki, bu fənn yalnız 10 və 11-ci sinif şagirdlərinə tədris edilməlidir”.
Mərcanə Əsədova
Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri
Mülki hüquq münasibətləri. Fiziki şəxslər. Mülki hüquq münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki hüquq münasibətlərinin subyektlərinə fiziki şəxslər, hüquqi şəxslər, dövlət və inzibati-ərazi qurumları daxildir. İstənilən ictimai münasibət kimi mülki hüquq münasibətləri də insanlar arasında əmələ gəlir. İnsanlar bu hüquq münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış edirlər. Mülki qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır.
Hüquq subyektliyi – şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır.
Hüquq subyektliyi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin məcmusunu təşkil edir. Hüquq qabiliyyəti dedikdə, subyektin mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti başa düşülür. Fəaliyyət qabiliyyəti isə subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Mülki hüquq subyektliyi mülki hüquq münasibətlərinin müxtəlif iştirakçıları üçün eyni deyildir. Vətəndaşlarda bu ümumi, hüquqi şəxslərdə xüsusi, dövlət üçün isə universal xarakter daşıyır.
Hüquq subyektliyini subyektiv hüquqla eyniləşdirmək olmaz. Onun mahiyyəti «hüquqda» deyil, qabiliyyətdə əks olunur. Hüquq subyektliyi ilə subyektiv mülki hüquq arasında fərq ondan ibarətdir ki, əgər birincisi subyektin hüquq əldə etmək qabiliyyətini göstərirsə, ikincisi subyektin qanunla müəyyən olunmuş davranış ölçüsüdür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 – 42-ci maddələrində mülki hüquq münasibətlərinin subyektlərindən biri olan fiziki şəxslərdən bəhs edilir. Fiziki şəxslər dedikdə, təkcə respublika vətəndaşları deyil, həm də Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də başa düşülür. Respublikamızda mülki hüquq qabiliyyətinin xarakterik cəhəti ondan ibarətdir ki, bu hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin edilir.
Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Bəzi normalar hələ doğulmamış uşağın hüquqlarının qorunduğunu nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 25.3-cü maddəsinə əsasən, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxslərin mülki hüquq qabiliyyətinin məzmununa xüsusi mülkiyyətdə əmlaka malik olmaq, yaşayış yeri seçmək, elm, ədəbiyyat, incəsənət əsərlərinin, kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin müəllifi olmaq, ümumiyyətlə respublika ərazisində istədiyi kimi hərəkət etmək və s. hallar daxildir.
Respublika qanunvericiliyinə uyğun olaraq fiziki şəxslərin hüquq qabiliyyətindən məhrum edilməsi yolverilməzdir.
Fiziki şəxslərin mülki hüququn subyekti sifətində çıxış etməsi üçün mülki hüquq qabiliyyəti ilə yanaşı, fəaliyyət qabiliyyətinə də malik olması vacibdir. Fəaliyyət qabiliyyətinin olub-olmaması hüquq qabiliyyətinin məzmununa təsir göstərmir. Məsələn, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hüquq qabiliyyətini tam saxlayır.
Bütün vətəndaşlar eyni ölçüdə fəaliyyət qabiliyyətinə malik deyil. Qanun insanın intellektual, iradəvi və yetkinlik səviyyəsini, onun öz hərəkətlərini başa düşmək və onlara rəhbərlik etmək qabiliyyətini nəzərə alaraq fəaliyyət qabiliyyətinin müxtəlif dərəcələrini müəyyən edir. Fiziki şəxsin fəaliyyət qabiliyyətindəki fərq qanunvericilik tərəfindən yaş və tibbi əsaslara görə müəyyən olunur.
Fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bu cür şəxslər hüquqlar əldə etməkdə və həyata keçirməkdə, öz üzərinə müvafiq vəzifələr qoymaq və onları icra etməkdə, habelə öz hərəkətlərinə görə məsuliyyət daşımaqda müstəqildir. Şəxsin tam fəaliyyət qabiliyyətinə malik olması bir sıra sosial və psixoloji hallardan asılıdır.
7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlıların) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki qanunvericilik bu yaşda olan şəxslərin də aşağıdakı qruplarını fərqləndirir:
1) 7 yaşından 14 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər;
2) 14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər.
Mülki Məcəllənin 29-cu maddəsinə əsasən xırda məişət xarakterli əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın vurduğu ziyana görə onun valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müstəqil surətdə öz qazancları, təqaüdləri və digər gəlirləri barəsində sərəncam vermək; elm, ədəbiyyat və ya incəsənət əsərlərinə, ixtiralara dair müəllif hüquqlarını həyata keçirmək; qanuna uyğun olaraq kredit idarələrinə əmanət qoymaq və onlar barəsində sərəncam vermək; bir sıra xırda məişət xarakterli əqdləri bağlamaq hüququ vardır. Digər hallarda bu şəxslər əqdləri yalnız öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yazılı razılığı ilə bağlaya bilərlər.
14 yaşından 18 yaşınadək olan şəxslər vurduqları ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Yetkinlik yaşı çatmayan şəxslərin fəaliyyət qabiliyyəti üçün xarakterik cəhətlərdən biri də budur ki, onların fəaliyyət qabiliyyəti darala və genişlənə bilər. Belə ki, on səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam fəaliyyət qabiliyyəti əldə edir.
Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır.
Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.
Şəxsin nəinki yaş, habelə psixi vəziyyəti onun fəaliyyət qabiliyyətini müəyyən edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Şəxsin, fəaliyyət qabiliyyəti olmayan sayılması üçün hüquqi və tibbi kriteriya lazımdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi (hüquqi kriteriya) ağıl zəifliyi və ya ruhi xəstəlik (tibbi kriteriya) ilə şərtlənir. Bu cür şəxslər üzərində qəyyumluq müəyyənləşdirilir. Onların adından əqdləri həmin şəxsin qəyyumu bağlayır.
Şəxs sağaldıqda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
Mülki qanunvericilikdə fiziki şəxsin hüquqi taleyi ilə bağlı mübahisə doğuran məsələlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsidir. Ümumi qaydalara görə, bizim qanunvericilikdə şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi kimi kateqoriyanın olması, mülki hüquq münasibəti subyektlərindən birinin, məsələn, borclunun, ərin (arvadın), digər qohumların və s. olmaması ilə yaranan hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmaq zəruriyyəti ilə əlaqədardır.
Mülki Məcəllənin 40.1-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Xəbərsiz itkindüşmə faktı müəyyən hüquqi nəticələrə səbəb olur: həmin şəxsin qanuni əmlakının daimi idarə edilməsi üçün qəyyumluq müəyyən edilir; bu əmlak hesabına onun borcları ödənilir; öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir; əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ əmələ gəlir və s.
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Mülki Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Ölmüş elanetmə halında ölüm günü məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir.
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə əvvəlki qətnaməni ləğv edir; ölüm haqqında qeydiyyat ləğv olunur; əgər yeni nikah bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı olmayaraq, şəxs, onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakdan qalanının qaytarılmasını tələb edə bilər. Əvəzli əqdlər üzrə əmlak o vaxt qaytarılır ki, həmin şəxs əmlakı əldə edərkən şəxsin sağ olmasını bildiyi sübut edilsin.
Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə keçmiş və satılmışsa, onda əmlakmın satışından götürülmüş məbləğ ona qaytarılır.
Hüquqi şəxslər və dövlət mülki hüquq münasibətlərinin subyektləri kimi
Mülki hüquq münasibətlərinin subyekti təkcə fiziki şəxslər deyil, həm də təşkilatlar, idarə və müəssisələr ola bilər. Mülki qanunvericilikdə idarə, müəssisə və təşkilatları fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxs adlandırırlar. Hüquqi şəxsin anlayışı Mülki Məcəllənin 43.1-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, hüquqi şəxs, qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Göründüyü kimi, hər bir qurum deyil, yalnız aşağıdakı əlamətlərə malik olanlar hüquqi şəxs hesab olunurlar:
1. Təşkilati vahidlik.
Bu o deməkdir ki, hüquqi şəxs tam, vahid təşkilat qismində təşkil edilir. Hüquqi şəxsin təşkilat vahidliyinə malik olması onun nizamnamə və ya əsasnaməsi ilə müəyyən olunur. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Nizamnamədə hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Dövlət büdcəsində olan idarə və müəssisələr, həmçinin, ictimai və s. təşkilatlar həmin növ təşkilatlara dair ümumi əsasnaməyə uyğun olaraq hərəkət edirlər.
2. Ayrıca əmlaka malikolma.
Əgər təşkilati vahidlik çoxlu şəxslərin vahid bir kollektiv halında birləşməsi üçün vacibdirsə, onda əmlak ayrılığı da bu birliyin fəaliyyətinin maddi bazasını əmələ gətirir. Hər hansı bir təşkilat özünün maddi bazasına – torpaq sahələrinə, texniki predmetlərə, daşınar obyektlərə, pul vəsaitlərinə və s. malik olmadan fəaliyyət göstərə bilməz. Bütün bunlar kompleks halında hüquqi şəxsin xüsusi əmlakını təşkil edir və onu digər şəxslərdən fərqləndirir.
3. Müstəqil əmlak məsuliyyəti.
Ümumi qaydaya görə hüquqi şəxsin əmlakının mülkiyyətçiləri və yaxud iştirakçıları onun öhdəliklərinə görə cavab vermirlər, eyni zamanda hüquqi şəxslər də onların öhdəliklərinə görə məsuliyyət daşımırlar. Başqa sözlə, hər hansı bir hüquqi şəxs öz öhdəliklərinə görə müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşıyır.
Hüquqi şəxsin kreditorları öhdəlikdən yaranan tələblə yalnız həmin hüquqi şəxsə müraciət edə bilərlər. Bu tələbə görə çərimə, qanun-vericiliklə müəyyən edilmiş qaydada yalnız hüquqi şəxsin əmlakından alına bilər.
4. Mülki dövriyyədə öz adından çıxış etməsi.
Hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi özünü onda göstərir ki, o, öz adından mülki hüquqlar əldə edə və həyata keçirə, habelə vəzifələr daşıya bilər, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Bəzi hallarda hüquqi şəxsin marağına uyğun olaraq hüquqi hərəkətləri onun adından etibarnaməyə əsasən, onun təmsilçiləri həyata keçirirlər. Yuxarıda göstərilən maddənin 3-cü bəndinə müvafiq olaraq hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri özündə cəmləşdirir. Maddi və təşkilati zəmin əsasında yaranaraq, bu əlamət, hüquqi şəxsin müstəqilliyinin və mülki hüquq subyektliyinin son ifadəsidir.
Göstərilən bu dörd əlamətin hamısının birlikdə olması vacibdir. Bu və ya digər təşkilat, idarə və müəssisə göstərilən əlamətlərdən biri-nə belə malik deyilsə, hüquqi şəxs hesab oluna bilməz.
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər, yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsin fəaliyyət qabiliyyəti hüquq qabiliyyəti ilə eyni zamanda əmələ gəlir. Hüquqi şəxslər xüsusi hüquq qabiliyyətinə malikdirlər. Bu onunla izah edilir ki, hüquqi şəxs öz əsasnaməsi (nizamnaməsi) dairəsində fəaliyyət göstərir. Hüquqi şəxsin fəaliyyət qabiliyyəti dedikdə, onun mülki dövriyyədə müstəqil olaraq çıxış edəbilmə qabiliyyəti başa düşülür. Qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyət qabiliyyəti faktiki cəhətdən onun orqanlarının yaradılması ilə əmələ gəlir. Hüquqi şəxslərin orqanları vahid və kollegial olmaqla iki qrupa bölünür. Dövlət hüquqi şəxsləri vahid rəhbərlik prinsipi əsasında təşkil edilir və adətən bir orqanları olur. Vahid rəhbərliyə hüquqi şəxs olan idarə, müəssisə və təşkilatın direktoru, rəisi və s. misal ola bilər. Kollegial orqanlardan fərqli olaraq onlar təyin edilirlər. Kooperativ, ictimai və digər hüquqi şəxslər isə kollegial orqanlara malikdir. Bu cür tipli hüquqi şəxslərin orqanları onların ümumi yığıncağı tərəfindən təyin edilir. Kollegial orqanlara ümumi yığıncaqdan əlavə, yuxarı orqana tabe olan icra orqanı, nəzarət orqanı olan – təftiş komissiyası və s. misal ola bilər.
Hüquqi şəxsin orqanı onun tərkib hissəsidir. Orqanın nizamnamə ilə müəyyən edilən fəaliyyəti həyata keçirməsi hüquqi şəxsin fəaliyyəti kimi qiymətləndirilir və onun üçün hüquq və vəzifələr yaradır.
Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, həmçinin onun nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik funksiyalarmı həyata keçirən ayrıca bölməsi filial sayılır.
Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır:
1) sərəncam;
2) icazə;
3) təqdimedici normativ üsul.
Sərəncam qaydasında dövlət hüquqi şəxsləri əmələ gəlir. Bunun mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxsin yaranması üçün səlahiyyətli dövlət orqanlarının xüsusi inzibati sərəncamı lazımdır.
İcazə qaydasında yeni hüquqi şəxsin yaradılması təşəbbüsü təşkilatçılara – fiziki və yaxud hüquqi şəxslərə aiddir. Belə hüquqi şəxsin yaradılmasında dövlət orqanının iştirakı həmin hüquqi şəxsin yaradılmasına icazə verməsində ifadə olunur. Burada icazə ya dövlət orqanları, ya da buna səlahiyyəti çatan kooperativ və ictimai təşkilatlar tərəfindən verilir. İcazə qaydasında yaranan hüquqi şəxslərə həmkarlar ittifaqlarını, idman cəmiyyətlərini və s. misal göstərmək olar.
Təqdimedici normativ qaydada hüquqi şəxsin əmələ gəlməsi üçün dövlət orqanlarının sərəncamı və icazəsi lazım deyildir. Belə hüquqi şəxslərin əmələ gəlməsi onunla izah edilir ki, onların yaradılması qabaqcadan xüsusi hüquq normalarında müəyyən olunmuşdur. Dövlət orqanı isə belə hüquqi şəxsin yaradılmasında hüquq normalarına əməl olunmasını yoxlamaq səlahiyyətinə malikdir. Hüquqi şəxslərin əmələ gəlməsinin belə qaydası istər respublikamızda, istərsə də xarici ölkələr-də daha çox yayılmışdır.
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası göstərilir:
1) yenidən təşkiletmə;
2) təsviyyə, yəni ləğvetmə.
Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Hüquqi şəxsin yenidən təşkiletmə yolu ilə xitamının beş növü vardır:
1) birləşmə;
2) qoşulma;
3) bölünmə;
4) ayrılma;
5) çevrilmə.
Yenidən təşkiletmə qaydasında universal (ümumi) hüquq varisliyi tətbiq olunur, yəni bu zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi şəxsə keçir.
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Hüquq ədəbiyyatında hüquqi şəxslərin sərəncam, könüllü və məcburi qaydada xitam edilmələri göstərilir. Sərəncam qaydasında bir qayda olaraq dövlət hüquqi şəxsləri xitam edilirlər. Bu, onları təşkil edən dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Məcburi və könüllü qaydada isə kooperativlər, ictimai təşkilatlar və s. xitam edilirlər. Könüllü qaydada hüquqi şəxsin ləğvi həmin təşkilatın ümumi iclasının qərarı ilə, məcburi qaydada hüquqi şəxsin ləğvi isə buna səlahiyyəti olan dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Hüquqi şəxsin mövcudolma müddəti qurtardıqda, o, fəaliyyət həddini aşdıqda, dövlətin mənafelərinə zidd olaraq fəaliyyət göstərdikdə və s. hallarda qanun həmin hüquqi şəxsin ləğv olunması haqqında məcburedici tədbirlər nəzərdə tutur.
Hüquq ədəbiyyatında hüquqi şəxslər bir sıra əsaslara görə növlərə bölünürlər.
Mülkiyyət formasından asılı olaraq hüquqi şəxslər dövlət və xüsusi (qeyri-dövlət) hüquqi şəxslərə bölünür.
Fəaliyyət məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya təşkilatları fərqləndirilir.
Təsisçilərin tərkibinə görə:
- təsisçiləri yalnız hüquqi şəxslərdən ibarət olan hüquqi şəxslər (ittifaqlar və assosiasiyalar);
- təsisçisi yalnız dövlət olan hüquqi şəxslər (unitar müəssisələr);
- təsisçiləri, hüququn ayrı-ayrı subyektləri çıxılmaqla istənilən hüquqi şəxslər (yerdə qalan bütün hüquqi şəxslər).
İştirakçılarının hüquqlarının xarakterinə görə:
- əmlakı üzərində təsisçilərinin mülkiyyət və yaxud digər əşya hüququna malik olduğu təşkilatlar: dövlət və bələdiyyə unitar müəssisələri, habelə idarələri;
- iştirakçılarının münasibətlərdə öhdəlik hüququna malik olduğu təşkilatlar: təsərrüfat şirkətləri və cəmiyyətləri, kooperativlər;
- iştirakçılarının münasibətlərdə əmlak hüquqlarına malik olmadıqları təşkilatlar: ictimai birliklər, dini təşkilatlar, fondlar və hüquqi şəxslərin ittifaqları.
Təşkilatların əşya hüquqlarının həcminə görə:
- əmlak üzərində əməli idarəetmə hüququna malik olan hüquqi şəxslər: dövlət idarə və müəssisələri;
- əmlakı üzərində təsərrüfatçılıq aparmaq hüququna malik olan hüquqi şəxslər: dövlət və bələdiyyə unitar müəssisələri;
- əmlakı üzərində mülkiyyət hüququna malik olan hüquqi şəxslər – bütün digər hüquqi şəxslər.
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə) və sərəncam qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə) yaradılan hüquqi şəxslərə bölünürlər.
Hüquqi vəziyyətinə görə hüquqi şəxslər milli və xarici hüquqi şəxslərə bölünürlər. Ölkə daxilindəki hüquqi şəxslər milli qanunvericiliyə uyğun olaraq yaradılır və fəaliyyət göstərirlər. Xarici hüquqi şəxslər isə, xarici ölkələrin qanunvericiliyinə əsasən, yaradılırlar. Lakin onlar öz fəaliyyətlərini milli qanunvericiliyə əsasən, həyata keçirirlər.
Mülki Məcəllənin 43-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda onların səlahiyyətlərini onların hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə, yəni hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Lakin digər subyektlərdən fərqli olaraq bu hüquq qabiliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, onunla izah olunur ki, dövlət ümumi hüququn əsas subyekti olmaqla hakimiyyətin daşıyıcısıdır. Bu xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur.
Suverenlik daxili və xarici ifadəyə malikdir. Öz ərazisi hüdudlarıda dövlət ən ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz.
Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə çevirir. Bu mənada:
- dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan qanunlar qəbul edir;
- dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq münasibətləri əmələ gətirən inzibati aktlar qəbul edir;
- dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində iştirak etdikdə belə, hakimiyyət funksiyasını saxlayır;
- dövlət immunitetdən istifadə edir.
Mülki hüquq münasibətlərinin obyektləri
Mülki hüquq münasibətlərinin mühüm ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq münasibətlərinin obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı yönəldiyini başa düşmək lazımdır. Mülki hüquq subyektlərinin öz aralarında hüquq münasibətlərinə daxil olmalarına səbəb olan maddi və mənəvi nemətlər mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin (obyektlərin) dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir:
1) əşyalar;
2) yaradıcılıq fəaliyyətinin nəticələri;
3) işlər və xidmətlər;
4) qeyri-maddi nemətlər.
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur. Bu, mülki dövriyyədə onların daha çox yayılması və mülkiyyət hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır.
Əşyalar insanlar arasındakı münasibətlərə görə müəyyən edilən zahiri maddi predmetlərdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə, əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Əşyalar maddi və mənəvi mədəniyyətin predmeti kimi insan əməyinin məhsulu, yaxud da təbiətin özü tərəfindən yaradılmış və insanların öz həyat fəaliyyəti üçün istifadə etdiyi – torpaq, faydalı qazıntılar, bitkilər və s-dən ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən mühüm əlaməti insanların bu və ya digər tələbatlarının ödənilməsində özünü göstərir.
Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
1) istehsal vasitələri və istehlak predmetləri;
2) daşınar və daşınmaz əşyalar;
3) dövriyyədən çıxarılmamış, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyədən çıxarılmış əşyalar;
4) istehlak edilən və istehlak edilməyən əşyalar;
5) fərdən və cinsən müəyyən edilən əşyalar;
6) bölünər və bölünməz əşyalar;
7) əsas və yardımçı əşyalar;
8) cüt və tək əşyalar;
9) bəhər, gəlir və məhsul.
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi qəbul edilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsində göstərilir ki, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara şamil edilir.
Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus hüquqi vəziyyəti müəyyən olunur. Əşyaların hüquqi vəziyyəti dedikdə, mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə edilməsini və onlar üzərində sərəncam verilməsini tənzim edən hüquq normalarının məcmusu başa düşülür.
Əşyaların xüsusi qrupunu pul və qiymətli kağızlar təşkil edir. Mülki hüquq münasibətlərinin obyekti kimi pulun əsas xüsusiyyəti onun ümumi əvəzedici olması və bu xüsusiyyətinə görə digər əşyalardan əhəmiyyətli dərəcədə fərqlənməsindən ibarətdir. Başqa sözlə, əgər qanun qadağan etmirsə, yaxud da kreditorun buna etirazı yoxdursa, istənilən əmlak borcunu praktiki olaraq pul ilə ödəmək olar.
Öz təbiətinə görə pullar cinsən müəyyən edilən, əvəz olunan və bölünər əşyalara aid edilir. Bunlar öz təbii xüsusiyyətlərinə və xüsusi mal dəyərinə görə yox, onda ifadə olunan pul məbləğinə görə digər cinsən müəyyən edilən əşyalardan fərqlənir.
Azərbaycan Respublikasında rəsmi pul vahidi manatdır. Manat respublikanın bütün ərazisində nominal dəyərinə görə müəyyən edilən, qanuni ödəmə vasitəsidir. Dövriyyədə olan pulların tədavülə buraxılması və tədavüldən götürülməsi hüququ, yalnız Azərbaycan Respublikası Milli Bankına məxsusdur. Respublika ərazisində xarici valyutanın əldə edilməsi və istifadəsi yalnız qanunvericiliklə müəyyən edilən qaydada mümkündür.
Mülki dövriyyədə istifadə olunan materiallar içərisində qiymətli kağızlar da mühüm yer tutur. Qiymətli kağızlar özündə əmlak hüquqlarının vacib şərtlərini əks etdirən, müəyyən formada yerinə yetirilməsi ilə təsdiq edilən və yalnız təqdim olunması ilə həyata keçirilən qiymətli sənədlərə deyilir.
Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir:
- Təqdimedici (adsız) qiymətli kağızlar;
- Adlı qiymətli kağızlar;
- Orderli qiymətli kağızlar.
Təqdimedici qiymətli kağızlar dedikdə, təqdim olunması ilə icra edilən və orada göstərilmiş hüquqların konkret olaraq kimə məxsus olması qeyd edilməyən kağızlar başa düşülür. Onlara səhmlər, lotereya, adsız istiqrazlar, özəlləşdirmə çekləri və s. daxildir.
Adlı qiymətli kağızlar müəyyən şəxsin adına yazılmış qiymətli kağızlardır. Yəni kağızda adı qeyd olunan şəxsin özü və ya onun nümayəndəsi tərəfindən təqdim olunduqda orada göstərilən hüquqlar həyata keçirilə bilər. Adlı qiymətli kağızlara əmanət kitabçaları, adlı istiqrazlar və s. misal ola bilər.
Orderli qiymətli kağızlarda isə icranın kimin üçün yerinə yetirilməsi göstərilir. Bu qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir.
Mülki hüquq münasibətlərinin böyük bir hissəsi yaradıcılıq fəaliyyətinin nəticələri – elm, ədəbiyyat, incəsənət əsərləri, kəşf, sənaye nümunələri və i.a. yaradılması və istifadəsi ilə əlaqədar əmələ gəlir. Yaradıcılıq fəaliyyətinin bu məhsulları əqli mülkiyyətin obyektini təşkil edir. Əqli mülkiyyət – bu, şərti ümumiləşdirilmiş anlayış olub, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin qanunvericiliklərində və beynəlxalq konvensiyalarda istifadə olunmaqla əqli, hər şeydən əvvəl yaradıcılıq fəaliyyətinin nəticələrinə olan xüsusi hüquqların məcmusunu ifadə edir.
Yaradıcılıq fəaliyyətinin nəticələri əşyalardan fərqli olaraq özündə qeyri-maddi nemətləri əks etdirir. Belə ki, elm, ədəbiyyat, incəsənət əsərləri – yeni ideyaların, obrazların, anlayışların məcmusu; ixtira, faydalı nümunə və səmərələşdirmə təklifləri – məsələlərin texniki həlli; sənaye nümunələri – məmulatların xarici görünüşlərinin bədii-konstruktor həllini və s. əks etdirir. Onlar mülki hüquq münasibətlərinin obyekti onda ola bilərlər ki, digər şəxslərin onları mənimsəmələrini təmin edən hər hansı bir obyektiv formada ifadə olunsunlar. Belə ki, ədəbiyyat əsərləri əlyazma şəklində mövcud ola bilər, maqnit lentinə yazıla bilər və i.a; ixtira çertyojlar, sxemlər formasında ifadə oluna bilər və i.a.
Yaradıcılıq nəticəsinin maddi daşıyıcıları (əlyazma, maqnit lentinə yazılma, çertyoj və i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf oluna bilər və i.a. Yaradıcılıq fəaliyyətinin həmin nəticələri qeyri-maddi nemətlər olmaqla onun müəlliflərinin razılığına əsasən digər şəxslər tərəfindən ancaq müəllifliyi saxlanılmaqla istifadə oluna bilər (qanunda nəzərdə tutulan hallar istisna olmaqla).
Mülki hüquq münasibətlərinin obyektinə yaradıcılıq fəaliyyətinin nəticələri ilə yanaşı, digər fəaliyyətlərin nəticələri də daxildir. Belə ki, podrat müqaviləsinin predmetini podratçının sifarişçi üçün yerinə yetirdiyi işin nəticələri təşkil edir. Podrat müqaviləsində və podrat tipli digər müqavilələrdə nəticə maddi forma alır, yəni yaradılmış, təmir olunmuş, hazırlanmış əşyalarda maddiləşdirilir. Bu nəticə həmin fəaliyyətlərdən ayrılmaqla mülki hüquq münasibətlərinin müstəqil obyekti hesab oluna bilər.
Mülki hüquq münasibətlərinin xüsusi qrupunu qeyri-maddi nemətlər təşkil edir. Qeyri-maddi nemətlər dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan və mühafizə edilən, şəxsiyyətdən ayrılması qeyri-mümkün olan və iqtisadi məzmuna malik olmayan nemət və azadlıqlar başa düşülür. Onlara həyat və sağlamlıq, şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, işgüzar nüfuz, şəxsi və ailə sirri, ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir.
- Teqlər:
- fiziki şəxs
- , hüquqi şəxs
- , mülki hüquq
Comments are closed, but trackbacks and pingbacks are open.