Mülki müdafiə və tibbi biliklərin əsasları
Z O N A L A R
Tibbi Bililklərin Əsasları
Tibbi biliklərin əsasları bütün ali məktəblərdə tədris edilən fənn proqramı əsasında yazılmış, müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur. Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi biliklər aydın, sadə dildə verilmişdir. Dərslik ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını düşünən hər bir insan üçün çox faydalıdır.
Hər bir bioloji varlıq, o cümlədən, insan ömür boyu zədələnmələrə və xəstəliklərə məruz qalır. Düzdür, bəzən bunlar orqanizmin öz təbii fizioloji qüvvələri hesabına, yəni mühafizə və kompensasiya reaksiyaları vasitəsilə aradan qaldırılır. Lakin bunlar həmişə kifayət etmir. Odur ki, insanlar daim yeni müalicə vasitələri axtarır və mövcud olanları təkmilləşdirirlər. Uk əvvəl xalqın təcrübəsinə əsaslanan xalq təbabəti formalaşmışdır. Onun bazası əsasında tibb elmi yaranmışdır. Tibb elmi öz inkişafında çox böyük nailiyyətlər qazanmışdır. Belə ki, bir çox xəstəliklərin səbəbi aydınlaşdırılmış, infeksion xəstəliklərin törədiciləri müəyyən edilmiş, əksər xəstəliklərin müalicəsi tapılmışdır.
Bütün elmlər kimi, tibb elminin də inkişafında digər elmlərin, xüsusən biologiyanın, fizikanın, kimyanın, fəlsəfənin, sonralar isə genetikanın, kibernetikanın və s. böyük rolu olmuşdur.
Əvvəllər tibb elminin müəyyən sahələri, ilk növbədə, terapiya və cərrahlıq daha çox inkişaf etmişdi. Sonralar nevropatologiya, mamalıq-ginekologiya, oftalmologiya, stomatologiya, otorinolarinqologiya kimi müstəqil elmlər formalaşdı.
Hazırda tibbi biliklər xeyli genişlənmiş və dərinləş¬miş, buna uyğun olaraq şaxələnmiş, bir sıra müstəqil elmlərə başlanğıc vermişdir. Məsələn, terapiyadan kardiologi¬ya, pulmonologiya, qastroenterologiya və s. kimi müstəqil elmlər ayrılmışdır. Buna müvafiq olaraq, tibb elminin müxtəlif sahələrini dərindən öyrənmək üçün tibb mütəxəssisləri də konkret sahələr üzrə ixtisaslaşırlar (endokrinoloq, kardioloq, pulmonoloq, uroloq, kardiocərrah, neyrocərrah, onkoloq və s.). Beləliklə, indi tibb elminin ən müxtəlif sahələrində çalışan mütəxəssislərin böyük bir ordusu insanların sağlamlığını qoruyur. Bununla belə insanlar öz sağlamlığını təkcə həkimlərin, tibb işçilərinin öhdəsinə buraxa bilməzlər. Hər kəs, ixtisasından asılı olmayaraq, minimum tibbi biliklərə yiyələnməlidir. Bu onların sağlam olması, həyatda düzgün mövqe tutması, özünə və yoldaşına təhlükəli anlarda ilk tibbi yardım göstərməyi bacarması üçün zəruridir. Ona görə də kitabda hər kəsə ən vacib olan məsələlər, tibb elminin hər bir sahəsindən həyatda daha çox lazım olan biliklər, xüsusilə orqanizmin quruluşu, xəstəlikləri, xəstəliklər zamanı ilk yardım üsulları öz əksini tapmışdır.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Kafedralar
Kafedra keçən əsrin 60-cı illərindən müxtəlif kafedraların nəzdində fəaliyyət göstərib. 1973-cü ildən Ali Orta İxtisas Təhsil Nazirinin və Azərbaycan Pedaqoji Xarici Dillər İnistitunun rektorunun iyul-sentyabr aylarındakı əmrə əsasən Mülki müdafiə kafedrası yaradılmışdır. 1973-cü ildən kafedraya Həmidullazadə Qəmər Yusif qızı başcılıq etmişdir. Kafedrada o dövrlər 3 müəllim fəaliyyət göstərmişdir. 1976-cı ildən isə kafedraya Əbilova Tamara İldırım qızı rəhbərlik etmişdir. 2009-cu ilin yanvar ayından isə Zamanova Sevda Xasay qızı rəhbərlik edir.
Kafedranın missiyası:
Kafedra xüsusi əhəmiyyətli kafedra hesab olunur. Sülh və muharibə dövrlərində fövqəladə hallarda əhalinin həyat fəaliyyətinin təhlükəsizliyi, muhafizəsi, ilkin yardımın edilməsi, həmçinin əhalini fövqəladə hadisələr zamani muhafizə qurğularında yerləşdirmə, köçürülmə tədbirlərini yerinə yetirmə, fərdi muhafizə vasitələrindən istifadə etmə, kütləvi qırğın silahlardan necə mudafiə olma yollarını öyrədir. Universitetimizin tələbələri əsasən gələcəkdə pedaqoji fəaliyyətə hazırlandıqları üçün onların daha çox azyaşlı əhali arasında olacaqlarına görə ilkin olaraq fövqəladə hallar zamanı davranış qaydalarını bilməli və həmin şəraitdən asılı olaraq qaydalara necə riayət edəcəklərini öyrənməlidirlər. Ona görə də tələbələrimiz ən azından insan anatomiyası, fiziologiyası, gigiyenası, gündəlik həyat şəraitində istifadə olunan dərman maddələri, onlardan istifadə qaydaları, geniş yayılmış infeksion, terapeftik, cərrahi xəstəliklər, ilkin tibbi yardımlar haqqında geniş biliklər almalıdırlar. Bu baxımdan kafedrada aşağıdakı fənnlər tədris olunur:
Mülki müdafiə və ilkin tibbi yardım
Tibbi biliklərin əsasları.
Uşaq anatomiyası vı fiziologiyasının əsasları
Uşaq anatomiyası, fiziologiyası və gigiyenası.
Fənnlər universitetin yalnız bakalavr pilləsində tədris olunur. Fənnlərin tədrisi zamanı tələbələrə orqanizmin quruluşu, orqanların topoqrafiyası, funksiyaları, ilkin tibbi yardım zamanı tətbiq olunan dərman vasitələri, istifadə forması, təxirəsalınmaz tədbirlər – qanaxmaların dayandırılması, ürəyin qapalı masajı, süni tənəffüs, qızdırma və arterial təyziq zamanı ediləcək tədbirlər, sarğıların qoyulması, banka və xardal yaxmaları, vanna və kompresslərdən istifadə qaydaları, inyeksiyaların yeridilmə üsiulları hərtərəfli öyrədilir..
Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin, Mülki müdafiə və ilkin tibbi yardım fənninin proqramları Azərbaycan Respublikası Nazirlər kabinetinin 20.12.1992-ci il 700 və 703 saylı qərarlarına və Azərbaycan Respublikası Təhsil və Səhiyyə Nazirlikləri və Mülki Müdafiə Qərərgahının 18.02.1995-ci ildə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin mülki müdafiə üzrə tibb bacıları və sanitar təlimatçılarının hazırlanması” haqqında əsas təlimata əsasən işlənib hazırlanmışdır.
Kafedrada tədris olunan fənnlər məcburi fənnlər hesab olunur və xüsusi fənn blokuna daxıl olunmuşdur.
Kafedranın fəaliyyəti:
Hazırda kafedra Azərbaycan Respublikası Prezidentinin 17.04.1998-ci il tarixli 700 saylı fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16.12.2005-ci il tarixli 1182 saylı fərmanı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasnaməsi (19.04.2006 1394) əsasında işlənib hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2009-cu il tarixli 1157 saylı əmri ilə təsdiq olunmuş yeni proqramla işləyir.
Mülki müdafıə fənni universitetimizin bütün fakültələrində, tibbi biliklərin əsasları, mülki müdafiə və ilkin tibbi yardım, Filologiya, Təhsil 1 və Təhsil 2 fakültələrində, uşaq anatomiyası və fiziologiyası, uşaq anatomiyası, fiziologiyası və gigiyenası Təhsil 1 fakültəsində korreksiyaedici təlim ixtisasında, uşaq anatomiyası, fiziologiyası və gigiyenası fənni isə Təhsil 2 fakültəsində, məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi ixtisaslarında tədris olunur. Tədris ilinin sonunda tələbələr mülki müdafiə və tibbi biliklərin əsasları, mülki müdafiə və ilkin tibbi yardım fənnlərindən buraxılış imtahanları verərək qızlar ehtiyatda olan tibb bacısı, oğlanlar isə sanitar təlimatçısı ixtisası üzrə şəhadətnamələr alırlar. Digər fənnlər isə hər iki semestrdə yazılı imtahanla sona yetirilir.
Kafedrada tədris olunan fənnlər üçün 3 dərs vəsaiti, 4 metodik vəsait, muhazirə materialları və kafedranın özünün hazırladığı bütün materiallar yerləşdirilmiş panaseya.az saytı, əyani vəsaitlər – mulyajlar, anatomik orqanlar, skelet, plakatlar, əleyhiqazlar, respiratorlar, maskalar, dozimetrlər, şinalar, turnalar, tanometr əyani vəsait kimi istifadə olunur.
Kafedra yuxarıda göstərilən fənnləri tədris etməklə yanaşı son dövrlər üçün daha aktual olan mövzular-daha geniş yayılmış infeksion xəstəliklər, onların profilaktikası, zərərli vərdişlər və onlardan qorunma yolları ilə bağlı tez- tez geniş tədbirlər, dəyirmi masalar, respublikamızın əlamətdar günləri ilə bağlı tədbirlər təşkil edir.
Hal hazırda Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında 31 əməkdaş fəaliyyət göstərir.
Siyahı cədvəl formasında əlavə olunur.
Soyadı,adı,ata adı
Elmi dərəcəsi
HƏYAT FƏALIYYƏTININ TƏHLÜKƏSIZLIYI
Mülki Müdafiə – dinc dövrdə və ya müharibə dövründə əhalini (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Mülki müdafiə ölkəmizdə 1961-ci ildə təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də “Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də “Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır (21 müddəadan ibarətdir).
Yeni əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərinin planlaşdırmaq və həyata keçirilməsinin təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Baş Nazirinin yanında respublika mülki müdafiə qərərgahının rəisi mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşın iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Mülki Müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
- fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
- mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması – insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanununa, «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Mülki Müdafiə üzrə zonalar bu qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.
Mülki Müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup) şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir:
- xüsusi əhəmiyyətli (XƏ),
- birinci dərəcəli (I dərəcəli) və
- ikinci dərəcəli (II dərəcəli) obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər:
- fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssəsinə;
- xüsusi konstruktor bürolarına: neft-qaz mədənləri idarələrinə;
- dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası);
- material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə.
Z O N A L A R
- Bakızonası Bakı şəhərinin 11 rayonu və Apşeron rayonu.
- Gəncəzonası Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Xanlar, Goranboy, Samux rayonları.
- Sumqayıtzonası Sumqayıt şəhəri, Dəvəçi, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları.
- Mingəçevirzonası Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları.
- Şirvanzonası Şirvan şəhəri, Haciqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları.
- Naxçivanzonası Naxçivan Muxtar Respublikasının bütün rayonları.
- Ağdam zonası Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları.
- Cəbrayılzonası Cəbrayıl, Zəngilan, Qubadlı, Laçin, Fizuli rayonları.
- Şamaxızonası Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları.
- Lənkəranzonası Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.
ŞƏHƏRLƏRİN QRUPLARI
1 qrup − Bakı şəhəri
2 qrup − Sumqayıt şəhəri
3 qrup − Gəncə şəhəri, Mingəçevir şəhəri, Şirvan şəhəri, Naxçivan şəhəri.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.
Bu zaman 6-17 yaşlı şəxslərə – sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.
İşçilər fəaliyyətə hazırlanarkən onlara «Mülki müdafiə» mövzularının öyrədilməsi nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir.
Kollektiv və fərdi əmək müqaviləsi, digər müqavilələr bağlanarkən bunlarda mülki müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Dövlət və qeyri-dövlət təhsil müəssələrində şagirdlərin, tələblərin və dinləyicilərin mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının FH Nazirliyi ilə razılaşdırılır.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı – hökumətlər arası humanitar təşkilatdır. Həmin təşkilat 1972-ci ildə yaranıb. Hər il 1 mart Mülki Müdafiə günü kimi qeyd edilir və konkret bir mövzuya həsr olunur.
Mülki Müdafiə – həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsizliyini təmin edir. Mülki müdafiə və tibbi biliklərin əsasları fənni uzun illərdir ki, respublikamızın müxtəlif ali məktəblərində tədris olunur. Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin proqramı Azərbaycan Respublikasının “MM haqqında” qanununa, AR Nazirlər Kabinetinin 20.12.1992-ci il tarixli, 700 və 703 saylı qərarlarına, AR Təhsil və Səhiyyə Nazirliklərinin və MM Qərargahının 18.02.1995-ci il tarixdə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” təlimata əsasən hazırlanmışdır.
Mülki müdafiə fənni tələbələrə insanların sağlamlığına mənfi təsir edə biləcək fövqəladə halların növləri, onların baş vermə səbəbləri, gedişatı və nəticələri haqqında məlumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir. Son illər qeyd olunan fövqəladə halların durmadan artması fənnin əhəmiyətini və aktuallığını bir daha sübut edir.
Dünya statistikası göstərir ki, son iyirmi ildə qəzaların sayı iki dəfə artmışdır. İrimiqyaslı fövqəladə halların təsirini bütün bəşəriyyət öz üzərində onilliklər boyu hiss edir (misal üçün Çernobıl qəzası). Dünyanın bütün qitələrində minlərlə potensial təhlükəli obyektlərdən istifadə olunur. Bu cür obyektlərdə fövqəladə hal baş verəcəyi halda ətraf mühitə fəlakətli ziyan dəyə bilər, hətta planetimizdə həyat məhv olar.
Fövqəladə hallar Nazirliyi
Təbii və texnogen səciyyəli fövqəladə halların baş verməsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin tələf olması və maddi itkilərin azaldılması məqsədilə istər dünya miqyasında (BMT), istərsə də dövlətlər səviyyəsində fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün xüsusi strukturlar yaradılır. Azərbaycan Respublikası da bu baxımdan istisna deyil. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il 1182 №-li sərəncamına əsasən əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təsdiq edilmişdir.
Nazirliyin əsasnaməsinə uyğun olaraq FHN
- mülki müdafiə,
- əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması,
- fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması,
- yanğın təhlükəsizliyinin,
- su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin,
- sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin,
- tikintidə təhlükəsizliyin təmin olunması,
- dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən,
- fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Nazirliyin Regional mərkəzləri: Bakı RM; Sumqayıt RM; Şimal-Qərb RM; Şimal RM; Gəncə RM; Aran RM; Muğan RM; Qarabağ RM; Cənub RM.
Fövqəladə hallar baş verən ərazilərdə əhalinin fövqəladə hadisələrdən mühafizəsi tədbirləri dövlət orqanları, müəssisələri, Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən təşkil olunur.
Fövqəladə hadisələrdən əhalinin mühafizəsində dövlət əsas rol oynayır və bu tədbirdə bütün mülki müdafiə dəstələri, dövlət orqanları iştirak edir.
Əhalinin mühafizəsi kompleksinə aşağıdakı tədbirlər aiddir:
- Mümkün Fövqəladə hadisələrin proqnozlaşdırılması və onun nəticələrindən əhalinin xəbərdar edilməsi.
- Ətraf mühitin vəziyyətinin müşahidə edilməsi və onun nəzarətdə saxlanılması.
- Fövqəladə halların baş verməsindən əhalinin qabaqcadan xəbərdar edilməsi
- Təhlükəli bölgə və rayonlardan əhalinin evakuasiya edilməsi.
- Mühəndis, tibbi, radiasiya və kimyəvi mühafizə.
- Insanların sağlamlığı üçün təhlükə yaranmış ərazilərdə əhalinin mühafizəsi üçün xüsusi tədbirlərin təşkil olunması.
- Əhalinin mühafizəsi üçün qəbul olunmuş tədbirlərdən, proqnozlaşdırılan və baş verən fövqəladə hadisələrdən dəqiq və operativ, mütəmadi surətdə xəbərdar edilməsi.
- Fövqəladə hallarda əhalinin mühafizəsi üçün keçirilən tədbirlərdə təşkilatların, müəssisələrin, orqanların və FHN-in birgə fəaliyyəti.
- Fövqəladə hallar baş verən rayonlarda və zərərçəkmiş ərazilərdə təxirəsalınmaz tədbirlərin təşkil olunması.
- Fövqəladə hadisələr baş vermiş ərazilərdə suyun və ərzağın mühafizəsi.
- Fövqəladə hadisələr baş verən hallarda maliyyə və material ehtiyatlarının yaradılması.
Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili
FH komissiyası Respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir. İdarəetmə orqanları:
1) rəhbər orqanlar;
2) gündəlik idarəetmə orqanları;
3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələr, rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər müəyyən edilmişdir.
MM üzrə respublikamızın qanununa əsasən, mülki müdafiə dəstələri (qüvvələri) ərazi-istehsalat prinsipi üzrə Naxçivan Muxtar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.
Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mühafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
- Naxçıvan Muxtar Respublikasında – Muxtar Respublikanın Baş Naziri;
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;
- təsərrüfat birliklərində və obyektlərdə – onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə – fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah, mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.
MM qərargahlarının ümumi vəzifələri və onların təşkili quruluşu
Azərbaycan Respublikası MM sistemi qarşısında bir sıra vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Nazirliklərdə, Komitələrdə, Baş idarələrdə, təsərrüfat obyektlərində, tədris müəssələrində və s. MM qərargahları yaradılır. Bütün tədbirlərin vaxtında və dəqiq həyata keçirilməsində MM qərargahının rolu böyükdür. MM qərarğahları Mülki Müdafiənin əsas İdarəetmə orqanı olub, MM-ə üzrə əsas tədbirlərin hazırlanmasını planlaşdırır.
Qərargahlar həmçinin nəqliyyat təminatı, yol-körpü, yanğından mühafizə, hidrometeoroloji, texniki və maddi təminatı, habelə inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir.
MM qərargahları aşağıdakı kimi təşkil edilir:
- Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə qoşunlarının komandanlığı, onun Mülki Müdafiənin təşkili Baş idarəsi və onun qoşun hissələri (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli qərarla FHN-nin sərəncamına keçmişdir);
- Şəhər (rayon) İcra Hakimiyyəti başçısının aparatı nəzdində şəhərin (rayonun) MM qərargahı;
- Yerlərdə – idarənin müvafiq şöbəsi (bölməsi, xidməti, qrupu) hüququna malik MM qərargahları;
- Nazirliyin (dövlət komitəsinin, baş idarənin) – MM qərargahı;
- Birliyin (idarənin, təşkilatın, müəssisənin, digər təsərrüfat obyektinin) nəzdində MM qərargahı yaradılır.
Regional şöbələr bilavasitə MM işinin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Agdam, Cəbrayıl, Şamaxı, Lənkəran) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər. (Bütün regional mərkəzlərdə 9 qoşun növü (alay, tabor) yerləşir. Bakıda 3 alay yerləşir).
Fövqəladə hadisələr dövrlərində Mülki Müdafiə üzrə müxtəlif və vacib vəzifələri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur.
Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi fövqəladə hadisələr dövründə obyektdə MM vəzifələrinin yerinə yetirilməsi üçün görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilən sənədlərə deyilir. Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır, yəni belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.
Hazırda MM sistemində, o cümlədən itehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.
Fövqəladə hadisələr dövrü üçün istehsal və sosial MM planı hər il yanvar ayınin 1-nə MM qərargahının rəisi tərəfindən dəqiqləşdirilir və bu barədə plandakı duzəliş vərəqəsində qeydlər edilir.
MM qərargahının əsas vəzifələri:
- rayonun mülki müdafiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək;
- əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş hazırlığını daim təmin etmək;
- əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək;
- kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək;
- əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh mahiyyətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
- mülki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək;
- rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir.
Mülki müdafiə dəstələri (qüvvələri). Mülki müdafiə xidmətlərinin, qüvvələrinin vəzifələri
Mülki müdafiə qüvvələri – fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və başqa vəzifələri icra etmək üçün yaradılır.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla təsərrüfat obyektlərinin bazasında yaradılan və mülki müdafiənin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı qüvvələrdən, müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə) mülki müdafiə tədbirlərini yerinə yetirən, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini təmin edən qurumdur.
Mülki müdafiə qüvvələrinin əsasını – hərbiləşdirilməmiş dəstələr təşkil edir. Hərbiləşdirilməmiş dəstələr – xüsusi texnika və avadanlıqla təchiz edilmiş, zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz tədbirləri yerinə yetirmək üçün öyrədilmiş insanlardan ştata uyğun olaraq qruplaşdırılır (dəstə, komanda, briqada, drujina, manqa, məntəqə).
Bunlar sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə cəlb olunan mülki müdafiə qüvvələrinin sayca ən böyüyüdür.
Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əsyalarla, texnika və nəqliyyat vasitələrilə, habelə, təchizat normasına uyğun, digər avadanlıqlarla idarə və təşkilatların daxili imkanları hesabına təchiz olunurlar.
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan, 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 57 yaşadək qadınlar cəlb edilirlər.
Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır.
Mülki müdafiənin əsas xidmətləri bunlardır:
- rabitə və xəbərdarlıq;
- tibbi;
- yanğından mühafizə;
- ictimai asayişi mühafizə;
- sığınacaq və daldalanacaqlar;
- mühəndis; avtomobil nəqliyyatı;
- maddi-texniki təchizat;
- ticarət və energetika;
- xüsusi riskli xilasetmə xidməti;
- kimya və radiasiyadan mühafizə və s.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
1.Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
2.Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli MM dəstələri – zədələmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə – kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr aiddir.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) – ixtisaslaşdırılmış dəstələr yaradılır.
Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Mövcud qanunvericiliyin icrası ilə əlaqədar, şəhər, rayon, qəsəbələrdə, habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq, adətən, sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin nətiticələrini aradan qaldırmaq və digər təxirəsalınmaz işləri görmək üçün, aşağıda adları qeyd olunan MM dəstələri yaradılır:
- MM xilasetmə dəstələri (komandaları, qrupları);
- MM kəşfiyyat qrupları (manqaları);
- Radiasiya, kimyəvi müşahidə postları;
- MM rabitə komandaları;
- MM sanitar drujinası (dəstələri);
- MM yanğınsöndürmə komandaları (manqaları);
- MM içtimai asayişin mühafizə komandası (manqaları);
- Kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları) və s.
Kənd yerlərindəki müalicə – profilaktika, rayon və şəhərlərin tibb müəssisələrinin bazasında:
- ilk tibbi yardım dəstələri;
- ixtisaslaşdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);
Şəhər, rayon Gigiyena və Epidemiologiya, Sanitar İnspektorluğu Mərkəzlərinin bazasında isə:
- epidemiya əleyhinə dəstələr;
- epidemioloji kəşfiyyat qrupları, həmçinin, digər mühüm əhəmiyyətli istiqamətlər üzrə, o cümlədən də, bütün növ nəqliyyat-kommunikasiya xətləri üzrə, MM qüvvələri yaradılır.
MM dəstələri istehsalat prinsipi əsasında, tam komplektləşdirilərək, təlimə cəlb edilirlər.
Xilasetmə dəstəsi (komandası, qrupu) – 2 və daha çox komandadan (qrupdan, manqadan) ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasetmə dəstəsinin şəxsi heyəti zədələnmiş adamları axtarmaq, ucqunlar altından, dağıdılmış sığınacaq və binarardan çixarmaq, həkimə qədər (ilk tibbi yardım) yardım göstərmək, habelə, onları zədələnmə ocağından təxliyyə etmək üçün nəzərdə tutulur.
Xilasetmə dəstəsi (komandası, qrupu) bir iş növbəsi (8-10 saat) ərzində, aşağıdakı işlərdən birini görə bilər:
- zədələnmiş 1700-2000 (800-1000, 200-350) nəfəri zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;
- qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək;
- 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.
Həmin işləri yerinə yetirmək üçün, dəstə (komanda), adətən, mühəndis texnikası, o cümlədən də, kənd təsərrüfatı texnikası, habelə xüsusi məqsədli dəstələr və avadanlıqlarla gücləndirilir.
Kəşfiyyai qrupu – 3-5 manqadan ibarət olur.
Kəşfiyat qrupu – adamların, texnikanın, əmlakın, ərzağın, alafin və suyun zəhərlənməsinə və ya səviyyəsinə nəzarət etmək, o cümlədəndə, digər işlərədə cəlb oluna bilər.
Zərərsizləşdirmə komandası– 2 və daha çox qrupdan (manqadan) ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur.
Sanitar drujinası (dəstəsi) – 4-5 sanitar manqasından (drujinasından) ibarət olub, kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün, nəzərdə tutulur.
Dəstə (drujina) bir iş növbəsində (10 saat ərzində):
- Axtarışsız və daşınmasız 2000 – 2500 nəfərədək zədə almışa ilk tibbi yardım göstərə bilər.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.