Press "Enter" to skip to content

Kamal Abdulla: Azərbaycan multikulturalizmi bəşəri dəyərlər sisteminə çox şey verə bilər

“Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyinin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial kataklizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətinə sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə tutulmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir”.

Kamal Abdulla: “Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib”

Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-fən fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş – 2016” adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşündə deyib.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən K.Abdulla bildirib ki, bu il elan edilərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanıb.

K.Abdulla qeyd edib ki, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbinin iştirakçılarının Azərbaycan haqqında nəzəri bilikləri olub: “Bu nəzəri biliklərə ciddi əlavələr etmək lazımdır. Biz çalışmalıyıq ki, Azərbaycana olan maraq məhəbbətə çevrilsin”.

Tədbirdə dövlət müşaviri “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabı haqqında məlumat verib. O bu nəşrin “Azərbaycan multikuralizmin qaynaqları” seriyadından ilk kitab olduğunu deyib. K.Abdulla qeyd edib ki, bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində öz əksini tapan multikultural dəyərlər toplanıb, onların yaradıcılığı tamamilə yeni rakursdan təqdim edilib.

Qeyd edək ki, qış məktəbi fevralın 15-dək Bakı, Quba, Xaçmaz və Qusarda işini davam etdirəcək.

Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva və Almaniya ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Kamal Abdulla: Azərbaycan multikulturalizmi bəşəri dəyərlər sisteminə çox şey verə bilər

– Hörmətli Kamal müəllim, 2014-cü ilin əvvəllərində Prezident İlham Əliyevin Fərmanı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradıldı. Ölkə Prezidentinin Sərəncamı ilə siz bu Xidmətə rəhbər təyin olundunuz. Bu müdət ərzində Xidmət ölkəmizin müxtəlif rayonlarında, şəhər və qəsəbələrində, həmçinin Bakı şəhərində dini, milli və mutikutluralizm istiqamətində faydalı, çoxşaxəli tədbirlər həyata keçirdi. Yeni 2015-ci ildə davam etdirəcəyiniz işlər barədə konkret məlumat vermək istərdinizmi?

– Mart ayından fəaliyyətə başlayan Xidmət, əslində, Prezident İlham Əliyevin Azərbaycanın ideoloji həyatının ahəngdar inkişafını təmin etmək istiqamətindəki düşüncələrinin real təzahürüdür.

Doğru qeyd olundu ki, gördüyümüz işlər çoxşaxəlidir və onlardan yalnız biri ilə bağlı xüsusi danışmaq istərdim.

Prezident İlham Əliyev daim qeyd edir ki, multikulturalizm vətənimizdə özünəməxsus həyat tərzinə çevrilib. Eyni zamanda, multikulturalizm dövlət siyasətinin əsas xətti kimi dünya ölkələrinin də xüsusi marağına səbəb olur və biz bu sahədəki təcrübəmizi hamı ilə bölüşməyə hazırıq. Azərbaycan multikulturalizmi həm siyasi, həm sosial təcrübəsi ilə bəşəri dəyərlər sisteminə bu gün çox şey verə bilər.

Möhtəşəm Heydər Məscidinin açılışı zamanı Prezident İlham Əliyev bir məsələyə toxundu. Dünya siyasətçiləri, ictimai, elmi xadimlər, mədəniyyət nümayəndələri çox zaman belə bir sualla müraciət edirlər ki, necə ola bilir, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, ruhani başçıları bir-birinə qarşı bu cür səmimi və xeyirxah qardaşlıq münasibətilə yaşaya bilirlər?! Bunun səbəbini soruşurlar. Əlbəttə ki, bu fenomenin ciddi səbəbini elmi araşdırmalar aparıb vermək də mümkündür. Amma, məncə, bunun səbəbini elmi araşdırma aparmadan da açmaq olar. Cavab budur: Prezident İlham Əliyevin şəxsiyyəti! Bəli, məhz Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı onların dövlətə və bir-birinə səmimi münasibətini formalaşdıran həm insani, həm də siyasi səbəbdir. Bunun isə əsasında Ulu öndər Heydər Əliyevin şəxsi nümunəsi durur. Siyasi və insani varislik bu şəkildə öz təntənəsini yaşayır.

– Azərbaycan multikulturalizmin bir fənn kimi ali məktəblərdə tədrisinə başlanılacağı ilə bağlı cəmiyyətdə artıq müəyyən məlumat var. Bu məsələ haqqında xüsusi olaraq nəyi qeyd etmək istərdiniz?

– Bu gün Azərbaycan multikulturalizmi şaxələri, istiqamətləri, qatları ilə artıq elmi-nəzəri və praktik tədqiqat obyektinə çevrilmə mərhələsinə qədəm qoyub desək, səhv etmərik. Onun mənəvi, mədəni, siyasi əsaslarının öyrənilməsi, dünya multikultural ənənə və təcrübəsinin mühüm məqamları ilə faydalı mübadilə potensialı bu istiqamətin ictimai, fəlsəfi, siyasi elmlər sırasında öz yerini tutmasını şərtləndirir. Biz öz təcrübəmizi, Ulu Öndərin bu sahədəki yorulmaz fəaliyyətini dünya səviyyəsində ortaya qoymalıyıq. Ölkəmizin multikultural təhlükəsizliyinin qarantı kimi çıxış edən Prezident İlham Əliyevin fəaliyyətini örnək kimi öyrənməli və öyrətməliyik.

Bu məqsədlə Xidmət tərəfindən iki tədris proqramı hazırlanıb. Onlardan biri bakalavr səviyyəsi üçün “Multikulturalizmə giriş” proqramıdır. Digəri magistratura səviyyəsi üçün “Azərbaycan multikulturalizmi” proqramıdır. Bu proqramlar həm Azərbaycan, həm də xarici ölkə universitetlərinin tələbələri üçün nəzərdə tutulur. Təsəvvür edin, müxtəlif xarici ölkələrdə bu istiqamətdə çoxlu tədbirlər – konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər təşkil edilir, xeyriyyəçilik aksiyaları həyata keçirilir. Bunlar çox yaxşıdır. Eyni zamanda, bəzi əlavələrə də ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə öz missiyasına uyğun konkret addımlar atmağa hazırlaşır. Qarşıdakı semestrdən etibarən Avropanın bir neçə universitetində həm də “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Artıq Rusiyanın, Litvanın, İtaliyanın, Gürcüstanın, İsveçrənin, Türkiyənin, Bolqarıstanın bəzi tanınmış universitetləri onlara təklif edilən bu fənnin tədrisinə razılıq veriblər. Fənn yeni olduğundan onu tədris edəcək mütəxəssislər üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hazırda hazırlıq məşğələləri keçirir. “Azərbaycan multikulturalizmi” fənni ya xarici ölkə universitetlərinin mütəxəssisləri tərəfindən tədris ediləcək, ya da həmin fənn üzrə müəllim buradan göndəriləcək. İndi bu böyük işin hazırlığı gedir. İnanıram ki, ildən-ilə həm xaricdə, həm də ölkə daxilində bu tədris ocaqlarının sayı artacaq və daha çox xarici ölkə gənci Azərbaycan barədə məlumat alacaq, onun dostuna çevriləcək.

Digər tərəfdən belə bir universal fənnin Azərbaycan gəncliyinə də təqdim edilməsinə ehtiyac var. Multikulturalizm xalqın tarixi, mədəniyyəti, psixologiyası, dünyagörüşü, dili, ədəbiyyatı, siyasi baxışları, durumu, gələcək inkişaf istiqamətləri, hədəfləri, bəşəri dəyərlər sisteminə verdiyi töhfələr barədə ümumiləşdirici elmi təlimdir. Tutalım, bu saydıqlarımız humanitar yönlü universitetlərdə bu və ya başqa şəkildə (dil, ədəbiyyat, tarix, mədəniyyət yönlərindən) tədris edilir. Bəs texniki istiqamətli universitetlərimizin tələbələri təhsili boyunca belə fənlərin heç qoxusunu belə almırlar – bu, necə olsun?! Niyə bizim texniki, tibb, iqtisadi, neft universitetlərimizin tələbələri Azərbaycanla bağlı bu dərəcədə vacib mətləblərdən xəbərsiz olsunlar?! Xəbərdar olsalar, bu gənclərin həyata atıldığı zaman vətənpərvərlik, azərbaycançılıq, dinlə bağlı təsəvvürləri daha möhkəm və səbatlı olmazmı?

Bütün bunları nəzərə alaraq, bir daha o fikrə gəlirik ki, Prezident İlham Əliyevin “multikulturalizm bizim həyat tərzimizdir və ona alternativ yoxdur” kəlamının ölkəmiz və xalqımız üçün əhəmiyyəti sonsuzdur. Cəsarətlə demək olar ki, müasir dünya ictimai-siyasi fikir tarixində bu yanaşmanın çəkisi böyükdür və əhəmiyyətli yeri var.

Azərbaycan multikulturalizmi bu gün dünya masştabında elmi və təcrübi nümayişini həyata keçirməyə hazırdır. Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa hazırıq və bunu əzmlə edəcəyik. Nəticədə ümidvaram ki, bütün dünyada Azərbaycanın dostlarının sayını artırmış olacağıq. Bu, Ulu Öndərin göstərdiyi hədəflərə doğru aparan yoldur, bizim həm borcumuz, həm də haqqımızdır.

– Kamal müəllim, sonda Yeni il arzularınızı öyrənmək istərdik.

Əlbəttə, Yeni il özü ilə yeni fikirlər, yeni yanaşmalar gətirəcək. Arzu edirəm ki, 2015-ci il millətimiz və Vətənimiz üçün, Prezidentimiz üçün uğurlu olsun.

Multikulturalizmin nikbin qütbü təntənə çaldı – Kamal Abdulla

Kult.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizm – cəmiyyətdə sabitliyin əsas faktoru” mövzusunda çıxışı zamanı deyib.

K.Abdulla bu gün multikulturalizmin dövlət siyasəti olduğunu və bunu dəfələrlə cənab Prezident İlham Əliyevin dilə gətirdiyini bildirib.

“Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyinin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial kataklizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətinə sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə tutulmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir”.

K.Abdulla multikulturalizmin Avropada özünü doğrultmadığını deyib:

“Azərbaycanda isə multikulturalizmin nikbin qütbü təntənə çaldı. Bu da Azərbaycanda dil, milli və dini ayrı-seçkiliyin olmamasından irəli gəlir”.

Comments are closed, but trackbacks and pingbacks are open.