Bakı Beynəlxalq Humanİtar Forumu
Dəyirmi masanın “Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi “ mövzusuna həsr olunmuş iclasının moderatorları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, YUNESKO-nun İcra Şurasının sədri Maykl Vorbs, Link Kampus professoru Annamaria Kossiqa idilər.
Multikulturalizmin Azərbaycan modeli
“Bakı Mədəniyyətlərarası Gənclər Forumu: dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib. İyulun 17-də “Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilən sessiyada ölkəmizin bu sahədə təcrübəsindən ətraflı bəhs edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov bildirib ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi göstərilir və eyni zamanda öyrənilir.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizmin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Abbas İsmayılov dövlətimizin başçısının müvafiq fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib. Mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sessiyada çıxış edən Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, Azərbaycan multikulturalizmin, tolerantlığın, birgəyaşayışın təkcə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə məşğul olur. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını alıb.
Vasif Eyvazzadə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində reallaşan layihələrdən bəhs edib. Bildirib ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. O, həmçinin multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya və islamofobiyanın acınacaqlı təzahürlərindən danışıb.
Daha sonra “Bakı Prosesi”nin 10 illik fəaliyyətini əks etdirən videoçarx göstərilib.
“Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiyanın moderatoru Sara Rahim Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz Təşkilatının (ACWAY) fəaliyyətindən, gənclərlə bağlı reallaşdırdığı layihələrdən danışıb.
Qriffit Universitetinin Dinlərarası və Mədəni Dialoq Mərkəzinin direktoru Brayan Adams çıxışında dini və milli tolerantlıq mühitinin millətlərarası münasibətlərin sağlam şəkildə inkişafına töhfələri barədə söhbət açıb. O, müxtəlif millətlərdən olan gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müzakirələr aparmalarının əhəmiyyətli olduğunu bildirib. Eyni zamanda, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq kimi təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsinin, onların liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib. Brayan Adams bu cür imkanların yaradılmasına görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.
Plenar sessiyalar müzakirələrlə davam edib.
Xatırladaq ki, Bakı Mədəniyyətlərarası Gənclər Forumu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ənənəvi “Yay məktəbi” layihəsi çərçivəsində təşkil edilib. İyulun 15-də başlanan “Yay məktəbi” iyulun 21-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərəcək.
Bakı
Beynəlxalq
Humanİtar Forumu
2016-cı il sentyabrın 30-da Fairmont Baku mehmanxanasında V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masaya Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Kamal Abdullayev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (Universitetin) rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Anatoli Torkunov, İtaliyanın “Link Campus” Universitetinin prezidenti Vinçenzo Skotti rəhbərlik etmişlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvi Kamal Abdullayev giriş nitqində vurğuladı ki, Avropa ölkələrinin əksəriyyətində multikulturalizmə olan bədbin münasibətə baxmayaraq, Azərbaycan multikulturalizmi modeli bütün dünyada qəbul olunur və öyrənilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə öz çıxışında qeyd etdi ki, Azərbaycan tarixən çoxkonfessiyalı və tolerant ölkədir və , bu gün də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayır.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Rusiya və Azərbaycan nümunələrini əsasında postindustrial cəmiyyətdə multikulturalizmin rolundan bəhs etdi. Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott və ABŞ Simon Vizental Mərkəzi rəhbərinin müavini ravvin Abraham Kuper Azərbaycanın multikulturalizm modelinin unikallığını qeyd etdilər və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Vole Şoyinka öz çıxışında tolerantlığın əsası kimi rasionalizm və humanizm məsələləri üzərində dayandı.
İclasda çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanda multikultural cəmiyyətin yaradılmasında ümummilli lider Heydər Əliyevin rolunu, eləcə də bu günə qədər bu siyasətin davam etdirilməsinin əhəmiyyətini vurğuladı.
Rus Pravoslav Kilsənin Kilsə, Cəmiyyət və KİV-lə əlaqələr üzrə Sinodal departamentin sədri, “Foma” pravoslav jurnalının baş redaktoru Vladimir Legoyda və Çin Buddist Assosiasiyasının prezidenti Sue Çeng dini dəyərlər və cəmiyyətdə dinin yeri, dinlərarası dialoq mövzusu tlə bağlı fikirlərini bölüşdülər.
Dəyirmi masanın “Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi “ mövzusuna həsr olunmuş iclasının moderatorları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, YUNESKO-nun İcra Şurasının sədri Maykl Vorbs, Link Kampus professoru Annamaria Kossiqa idilər.
YUNESKO-nun İcra Şurasının sədri Maykl Vorbs çoxmədəniyyətli cəmiyyətlərin qarşılaşdıqları problemlərə, o cümlədən də qaçqın və məcburi köçkünlər probleminə toxundu, dünya dövlətlərində etnik müxtəlifliyin təşviqi və multikulturalizmin çoxsaylı təzahürlərində YUNESKO-nun rolunu qeyd etdi.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqlarının coxmədəniyyətlilik kimi özəlliyini qeyd edərək, tarixi nümunələr və müasir reallıqlar əsasında Azərbaycan multikulturalizminin geniş təsvirini verdi.
Link Kampus Universitetinin professoru Annamaria Kossiqa qeyd etdi ki, forumda iştirak etmək ona diaspora və multikulturalizm mövzularına daha geniş nəzər salmağa imkan verdi. Bu baxımdan müsəlman ölkəsi olan Azərbaycanda qədim zamandan etibarən yəhudi icmasının yaşaması faktı bu cür yanaşmaya əsas verən bir nümunədir.
Genuya Universitetinin professoru Nikoletta Varani və insan hüquqları üzrə müstəqil ekspert, politoloq Aleksandr Vladıçenko dəyirmi masa iştirakçılarına müasir Avropada, xüsusilə də Balkan və Aralıq dənizləri bölgəsində miqrasiya prosesləri və adaptasiya siyasətinin problemləri barədə məlumat verdilər.
“Uşaqlar üçün aviasiya” Ümumdünya Xeyriyyə Fondunun Hüquq təminatı şöbəsinin müdiri Oleq Kuznetsov öz çıxışında Avrasiya sivilizasiya məkanına mənsub iki ölkə olaraq, Rusiya və Azərbaycanın mədəniyyətlərarası dialoq istiqamətində tarixi əlaqələrinin mövcudluğunu vurğuladı. Qeyd edildi ki, bu əlaqələr ədəbi-bədii sahədə olduğu kimi, intellektual və akademik sahələrdə də geniş şəkildə təbliğ və təşviq olunmalıdır.
AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə Oleq Kuznetsovın məruzəsində təklif olunan mövzunu davam etdirdi və istənilən ölkənin inkişafı üçün elm və mədəniyyətin sintezinin əhəmiyyətini xüsusi vurğuladı. O, öz növbəsində, plüralistik mədəni paradiqmaya dair yeni bir yanaşma ilə səciyyələnən elmi mentalitetdə ciddi dəyişiklikləri ehtiva edən fəlsəfənin universallığını qeyd etdi.
Dəyirmi masanın ikinci iclasının mövzusu “Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsirlik tolerant mövcudluğunun nəticəsi kimi” müəyyən edilmişdi. İclas Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman,Vürtsburq Universitetinin Orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann, Lusofona Humanitar Elmlər və Texnologiya Universitetinin Beynəlxalq əlaqələr departamentinin direktoru Tereza Do Rozario Do Damasio, Ural Federal Universiteti İctimai və Siyasi Elmlər İnstitutu Avropa tədqiqatları kafedrasının müdiri, tarix elmləri doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru Aleksandr Nesterovun moderatorluğu ilə keçdi.
Rusiya Federasiyası Dövlət Dumasının Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Moskva filialının icraçı direktoru Natalya Krasovskaya, Ural Federal Universiteti İctimai və Siyasi Elmlər İnstitutu Avropa tədqiqatları kafedrasının müdiri, tarix elmləri doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru Aleksandr Nesterov multikulturalizmin müxtəlif modellərinin təhlili əsasında multikulturalizm və mədəniyyətlərarası dialoqun Azərbaycan modelinin xüsusiyyətlərini göstərdilər.
Berlin Humbolt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri Yeva-Maria Aux Azərbaycanın multikulturalizm təcrübəsini yüksək qiymətləndirərək, Azərbaycanda olan alman icmasının da bu modelin formalaşmasına töhfə verdiyini vurğuladı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Moldova filialının icraçı direktoru Aureliya Qriqoriu və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının baş məsləhətçisi Südabə Zeynalova Azərbaycanda multikulturalizmin tarixi və hüquqi aspektlərinə toxundu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçisi Aytən Qəhrəman, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Drezden filialının icraçı direktoru Birgit Vaysgerber, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliya filialının icraçı direktoru Sandro Teti, Lusofona Humanitar elmlər və Texnologiya Universiteti Beynəlxalq əlaqələr departamentinin direktoru Tereza Do Rozario Do Damasio Bakı Beynəlxalq Mərkəzinin və onun Almaniya, İtaliya, Portuqaliya filiallarının fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verdilər.
Dəyirmi masa işini “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu ” mövzusunda iclasla davam etdirdi.
İclasının moderatorları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Simon Vizental Mərkəzi rəhbərinin müavini ravvin Abraham Kuper, ABŞ Kaliforniya ştatı Lüteran kilsəsinin yepiskopu Xuan Karlos Mendez, Qafqaz Universitetləri Birliyinin prezidenti Ramazan Korkmaz idilər.
Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuper və «Churches in Actions» xeyriyyə fondunun prezidenti, ABŞ Kaliforniya ştatı Lüteran kilsəsinin yepiskopu Xuan Karlos Mendez dünya dinlərinin tarixi rolundan bəhs etdilər.
San Paulo Universiteti Beynəlxalq Münasibətlər Institutunun direktoru Pedro Bohomoletz de Abreu Dallari öz çıxışında siyasi olaraq bölünən dünyada beynəlxalq hüququn rolundan danışdı.
Qafqaz Universitetləri Birliyinin prezidenti Ramazan Korkmaz vurğuladı ki, Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasət, eləcə də Humanitar Forumlar Bakını multikulturalizmin paytaxtına çevirir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein öz məruzəsində vurğuladı ki, Azərbaycan multikulturalizminin uğuru onun dövlət siyasətində və Azərbaycan xalqının mentalitetinin daxili məzmununda üzvi şəkildə birləşməsi ilə izah olunur.
Dəyirmi masa iclasında çıxış edən Bakı Avropa Yəhudiləri Sinaqoqunun ravvini Şneor Seqal və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycandakı dini tolerantlığı, eləcə də dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını xüsusi dəyərləndirdilər.
Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin Dinlərarası məsələlər üzrə katibi Dmitriy Safonov öz çıxışında müasir çağırışlara cavab axtarışı üçün dinlərarası dialoqun əhəmiyyətinə diqqət çəkərək, müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülhməramlı səylərinin sülh və əməkdaşlığın təmin edilməsində, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətini qeyd etdi.
Azərbaycanda Gürcü Yəhudiləri dini icmasının sədri Abiq Çaruxçev Azərbaycanda multikultural cəmiyyətin formalaşmasında Gürcü Yəhudi icması nümayəndələrinin də fəaliyyətini vurğuladı.
Filippin İslam və Demokratiya Mərkəzinin prezidenti Amina Zalmia Rəsul Bernardo Filippində dinlərarası dialoqun tarixinə toxunaraq, dəyirmi masa iştirakçılarını ölkədə dini azlıq təşkil edən müsəlmanların həyatı və sosial vəziyyəti haqqında məlumatlandırdı.
Hindistan İslam Mədəniyyət Mərkəzinin direktoru Zikrur Rəhman Hindistanın multikulturalizm modeli və dinlərarası dialoq sahəsindəki fəaliyyətindən danışdı.
Sonda Forumun Bəyannaməsi yekdilliklə qəbul edildi.
– Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsini, BMT Baş Assambleyasının 2030-cu ilədək davamlı inkişafa dair 2015-ci il 25 sentyabr tarixli Qətnaməsini və iqlim dəyişikliklərinə dair 2015-ci il 12 dekabr tarixli Paris Razılaşmasını rəhbər tutaraq;
– Minillik Bəyannaməsində hədəflənmiş məqsədlərə nail olunmasında müəyyən irəliləyişlər əldə edildiyini vurğulayaraq;
– çox sayda humanitar problemlərin, xüsusilə təhsil və səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya-kommunikasiya texnologiyalarının yayılması, “rəqəmsal fərqlər”in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılmış əhəmiyyətli nailiyyətləri yüksək dəyərləndirərək;
– davamlı inkişaf sahəsində 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni miqyaslı və ambisiyalı ümumi gündəliyə sadiqliyimizi bəyan edərək və insan kapitalının qorunması və artırılmasının əhəmiyyətini vurğulayaraq;
– insan ləyaqətinin, hüququn aliliyi, ədalət, bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə hörmət prinsiplərinin başlıca əhəmiyyət daşıdığını etiraf edərək və insan kapitalının artırılmasının minilliyin məqsədlərinin gerçəkləşdirilməsində əsas şərt olduğunu hesab edərək;
– hamını davamlı inkişaf sahəsində bəyan edilmiş 17 məqsədə nail olmaq üçün qüvvələri səfərbər etməyə və bəşəriyyət qarşısında qoyulmuş 169 məsələnin həllində qərarlılıq nümayiş etdirməyə çağıraraq;
– sülh olmadan davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərək və bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin təxirə salınmadan və ədalətli həllinə çağıraraq;
– davamlı inkişafı təşkil edən iqtisadi, sosial və ekoloji komponentlərin həyata keçirilməsinin tarazlıqlı təmin olunmasının zəruriliyi ilə razılaşaraq;
– bir çox ölkələrin davamlı inkişafı yolunda qısamüddətli və uzunmüddətli müxtəlif proqramların tərtib olunmasını tələb edən böyük problemlərin hələ də mövcudluğunu dərk edərək,
– kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bunlarla əlaqədar humanitar böhranları və insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyərək;
– mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətləri və imkanlarının nəzərə alınmaması hallarının olduğunu qeyd edərək;
– gender bərabərliyi siyasətinə və həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqliyimizi bəyan edərək;
– yalnız humanitar etikanın əsas prinsiplərinin nəzərə alınmasının və bütün intellektual, mədəni və sosial potensialın səfərbər edilməsinin ekoloji sivilizasiya hüququnda təsdiqinin mümkünlüyünə diqqət yetirərək;
– humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin və informasiya texnologiyalarının böyük əhəmiyyətini nəzərə alaraq;
– yaşadığımız planetin və onun təbii ehtiyatlarının etibarlı qorunması, iqlim amilləri və bioloji müxtəlifliyin mühafizəsi zərurətini nəzərə almaqla inkişafın və texnologiyalardan istifadənin təminatı üçün qüvvələrin səfərbər olunmasını arzu edərək;
– qloballaşma şəraitində elmi ictimaiyyətin XXI əsrin çağırışlarına adekvat cavab axtarışları, elmlərin konvergensiyası və innovativ texnologiyaların, eləcə də biotexnologiyaların çox sayda fəlsəfi və etik problemlər meydana gətirdiyini xatırladaraq;
– diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində qlobal humanitar problemlərin • multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru; • insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi; • jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu; • davamlı inkişaf və ekoloji sivilizasiya; • molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər; • texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları kimi aspektlərini nəzərdən keçirərək:
– V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu və heç şübhəsiz, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan edirik;
– yalnız insan kapitalına yatırılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik, istehsal, elmi və informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərti olduğunu hesab edirik;
– Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikuluralizmin nəzəriyyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;
– Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində, eləcə də əhalinin qaçqınlar və məcburi köçkünlər kimi həssas qrupundan bu amilin davamlı inkişaf məqsədilə effektli istifadəsində yüksək nəticələr əldə olunduğunu ifadə edirik;
– insan kapitalının həmçinin fənlərarası ən yeni bilik və bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları və eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yoluyla inkişafının davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik;
– sivilizasiyararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vurğulayırıq;
– ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyinə xüsusi diqqət yetiririk;
– elmi ictimaiyyətin ən müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyaların konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk;
– humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və dəyirmi masaları mütəmadi surətdə keçirməyə çağırırıq;
– bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk;
– bu Bəyannamənin qəbul edilməsini və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə istifadə olunmasını vacib sayırıq.
DƏYİRMİ MASALAR
- I. Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru
- II. İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi
- III. Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu
- IV. Davamlı inkişaf və ekoloji sivilizasiya
- V. Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər
- VI. Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları
Plenar İclas İştrakçılarının çıxışlarının qısa xülasəsİ
İclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edib.
Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova mühüm məsələlərin müzakirə olunduğu Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. O, belə mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, ölkəmizin multikultural dəyərlərin inkişafı və təbliği işinə töhfəsini xüsusi qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə son dövrlər dünyada baş verən hadisələrin dini ekstremizmin tüğyan etməsinə təkan verdiyini diqqətə çatdırıb. Bildirib ki, radikal cərəyanlar niyyətlərini həyata keçirmək üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq doğurur.
İnsan qırğınının, maddi və mənəvi irsin məhvinin səngimədiyi dövrdə Avropada islamofobiya, ksenofobiya meyillərinin gücləndiyini, miqrant axınına qarşı sərt tədbirlərin həyata keçirildiyini vurğulayan şeyxülislam bunun mədəniyyətlər və dinlərarası dialoqa ciddi zərbə olduğunu deyib. A.Paşazadə bu baxımdan dövlət başçılarının, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığının önəmini xüsusi vurğulayıb.
Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirildiyini diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizin məruz qaldığı işğal faktı nəticəsində terror, qaçqın problemi ilə üzləşdiyini, məscid, kilsə və sinaqoqların məhv edildiyini deyib. Bildirib ki, buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüququn prinsipləri çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində və problemin dini qarşıdurmaya çevrilməməsində Patriarx Kirill başda olmaqla, Rus Pravoslav Kilsəsinin səylərini yüksək qiymətləndirib.
A.Paşazadə bildirib ki, dünyada mövcud humanitar problemləri həll etmək üçün Azərbaycanın qədim və zəngin tolerantlıq modelindən bəhrələnmək məqsədəuyğun olardı.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç son illər Avropada ksenofobiya meyillərinin artdığını vurğulayaraq, bu məsələdə bəzi media orqanlarının, sosial şəbəkə istifadəçilərinin və bəzi siyasətçilərin məsuliyyətsiz fəaliyyətinin rol oynadığını vurğulayıb. Bildirilib ki, müasir dövrdə mövcud problemlərin həllində medianın obyektiv, qərəzsiz fəaliyyətinə böyük ehtiyac var. Mədəniyyətlər və dinlərarası dialoqun dünyada problemlərin həllində mühüm rol oynadığını qeyd edən S.Mesiç bu baxımdan Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.
Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti Əlahəzrət İlarion birgəyaşayışın müasir cəmiyyətlərin aktual məsələsinə çevrildiyini bildirib. Qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoqun inkişafı üçün bütün insanlar bərabər imkanIara və hüquqlara sahib olmalıdırlar. Müasir dövrdə terrorizmin sürətlə yayıldığını, terrorçuların din pərdəsinə bürünərək fəaliyyət göstərdiklərini vurğulayan İlarion bildirib ki, onlar bütün ənənəvi dinlərin əsas prinsiplərinə qarşı çıxış edirlər. Dini radikalizmin yayılması təhsilin səviyyəsinin aşağı olmasından qaynaqlanır. Buna görə də biz insanları, xüsusən gəncləri qorumalı, onlar arasında ənənəvi dinlərlə bağlı geniş maarifləndirmə işi aparmalıyıq. Bakı Beynəlxalq Humanitar Forumu məhz bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzunun ildən-ilə artdığını bildirib. Qonaq vurğulayıb ki, bu Forum müxtəlif xalqlar və mədəniyyətlər arasında münasibətlərin inkişafı baxımından hər il yeni ideyalar təklif edir. Ş.Zuxurov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfəsi kimi dəyərləndirib.
Hindistanın məşhur dini lideri və mütəfəkkiri Şri Şri Ravi Şankar Həzrətlərinin davamçılarından olan Svami Cyotirmaya vurğulayıb ki, insanlar din, coğrafi sərhədlər, sərvətlər uğrunda müharibələr aparırlar: “Ancaq biz başa düşməliyik ki, həyata bir dəfə gəlmişik və qısa ömür sürəcəyik. Buna görə də sülh şəraitində yaşamalı, bir-birimizə hörmət etməliyik. Buna nail olmaq üçün isə təhsil inkişaf etdirilməli, insanlara hələ uşaq yaşlarından digər dinlərə hörmət hissi aşılanmalıdır. Bütün dünya böyük bir ailədir və biz birləşərək dünyada sülhü bərqərar etməliyik”. Svami Cyotirmaya Forumun təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Uruqvay Şərq Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilla qarşılıqlı hörmətin və dözümlülüyün multikulturalizmin inkişafında əhəmiyyətini qeyd edib. X.Amarilla ölkəsində multikultural dəyərlərin tarixindən və bu ideyaların gənc nəslə aşılanması istiqamətində görülən işlərdən danışıb.
Sonra ötən gün dünyasını dəyişmiş İsrailin sabiq Prezidenti Şimon Peresin xatirəsi ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuperin təşəbbüsü ilə bir dəqiqəlik sükutla yad edilib.
Bakıya ilk səfərinin “Soyuq müharibə” dövrünə təsadüf etdiyini vurğulayan Abraham Kuper bildirib: “Biz tolerantlığı inkişaf etdirmək üçün səylərimizi əsirgəməməliyik. İnsanların potensialı bütün bu hədəflərə çatmağa imkan verir. Məhz buna görə də multikulturalizmin inkişaf etdiyi ölkədə keçirilən bu Forumda iştirak edirik”.
“Özünün multikulturalizm modelini dünyaya təqdim etdiyinə görə Azərbaycana minnətdarıq”, – deyən Abraham Kuper ölkəmizdə bu sahədə dövlət siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və onun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanda yəhudi icmasının əsrlərdir mövcud olduğunu, müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşamalarını, sünnilərlə şiələrin bir yerdə ibadət etmələrini ölkəmizdə multikulturalizmin tarixinin çox qədim olmasının göstəricisi kimi qiymətləndirib.
Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenez bəşəriyyəti narahat edən problemlərin həlli yollarının müzakirə olunduğu Bakı Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Argentina parlamentində təmsil etdiyi Mendoza bölgəsinin qədim tarixi və adət-ənənələri ilə seçildiyini vurğulayıb. P.Ximenez Argentinada aborigen əhalinin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.
Çin Buddistləri Assosiasiyasının sədri Syue Çenq bu Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, dünyada baş verən problemlərin həllinin konkret addımların atılmasını tələb etdiyini vurğulayıb və bu baxımdan belə məsələlərin müzakirəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Qazaxıstanın dövlət katibi xanım Gülşara Abdıkalikova ölkəsində 100-dən çox etnik azlığın və 18 dini icmanın nümayəndələrinin mövcud olduğunu bildirib. O, Qazaxıstanda elmi-texniki, səhiyyə və digər sahələrə böyük sərmayə qoyulduğunu, ölkəsinin 2050-ci ildə dünyanın inkişaf etmiş 30 ölkəsindən biri olmağı hədəflədiyini deyib.
Forumun dünyada sülhün təmin olunması baxımından konkret həll variantları təklif edəcəyinə əminliyini bildirən G.Abdıkalikova deyib ki, Azərbaycan belə mühüm tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə fəxr edə bilər.
Fransa İmamları Konfransının sədri Hassen Şalqumin Forumun təşkilinə və tədbirə dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. H.Şalqumin bildirib ki, müasir dövrdə Avropada və digər bölgələrdə baş verən etnik, dini və milli zəmində münaqişələr həmin cəmiyyətlərdə ciddi narahatlıqlar doğurur və bu, insanların gündəlik həyatına böyük təsir göstərir. Azərbaycanda isə insanlar sülh, əmin-amanlıq şəraitində yaşayırlar və bu, bütün dünya üçün nümunədir.
Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakdan məmnunluğunu bildirib. Qeyd edib ki, bu Forumun keçirilməsi humanitar problemlərin həllinin vacibliyinə bir daha diqqət çəkir. O, son illər dünyada humanitar problemlərin artmasında təhsilin səviyyəsinin aşağı olmasının, terrorizmlə yanaşı, iqlim dəyişikliyinin də böyük rol oynadığını vurğulayıb.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif müxtəlif xalqların, dinlərin nümayəndələrini bir araya gətirən belə mötəbər Forumun əhəmiyyətini xüsusi qeyd edib. Son illər dünyada humanitar problemlərin daha da artdığını vurğulayan H.Yussif bu problemlərin həllinə töhfəsinə görə Türkiyə hökumətinə təşəkkürünü bildirib.
UNESCO-nun İcra Şurasının sədri Maykl Vorbs vurğulayıb ki, UNESCO Humanitar Forumun təşkil edilməsi ideyasını ilk gündən yüksək qiymətləndirib və fəal dəstəkləyib. Çünki bu Forumun məqsəd və məramı UNESCO-nun hədəfləri və fəaliyyət istiqamətləri ilə eynidir. M.Vorbs dünyanın sülhsevər ictimaiyyətinin səylərini birləşdirərək bəşəriyyəti təhdid edən bütün problemləri həll edə biləcəyini diqqətə çatdırıb.
Müzakirələrə yekun vuran moderator Elmar Məmmədyarov səmərəli fikirlərinə görə iclas iştirakçılarına minnətdarlığını bildirib.
Plenar iclasın ikinci hissəsində Nobel mükafatı laureatlarının çıxışları olub.
İclasın ikinci hissəsinə sədrlik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Forumun dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platforma olduğunu bildirib. O deyib ki, plenar iclasda 13 Nobel mükafatçısı çıxış edərək dünyamızda mövcud olan problemlər və onların həlli yollarından danışacaq.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka didərgin düşmüş insanların taleyi ilə bağlı fikirlərini bölüşüb. O, bunun baş verməməsi üçün vacib addımların atılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, belə taleyi yaşayan insanlara biganə yanaşmaq olmaz, onlara kömək göstərilməlidir. Bu, harada yaşamasından asılı olmayaraq hər kəsin insanlıq borcudur. Diqqətə çatdırılıb ki, müasir dünyada mövcud olan ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.
Forumda iştirakından məmnunluğunu ifadə edən kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus müasir dünyada baş verən dəyişikliklərdən danışıb. Alim deyib ki, göstərilən ciddi səylər nəticəsində kimyəvi maddələrin sənayedə tətbiqinin qarşısı alınıb. O, insanları əzmkar olmağa çağıraraq bildirib ki, cəmiyyətdə baş verən problemlərin elmi yolla həlli mümkündür. Dünyada sosial rifahın bərabər olmaması səbəbindən müasir dövrdə cəmiyyətlər bir sıra çətinliklərlə qarşılaşıb. Bu problemlərin qarşısının alınması üçün nisbətən zəif inkişaf etmiş ölkələrdə elm, təhsil, səhiyyə sahələrində iri layihələr davamlı şəkildə həyata keçirilməlidir.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts insan orqanizmində baş verən dəyişikliklər, qida və GMO haqqında danışıb. O deyib ki, genetik modifikasiya edilmiş qida ilə bağlı insanlara düzgün məlumat verilməlidir. Alimlər uzun illərdir bu istiqamətdə iş aparırlar. Amma bu, düşündüyümüz kimi çox da təhlükəli deyil. Bu gün nəinki inkişaf etmiş böyük ölkələr, hətta kiçik ölkələr də GMO vasitəsilə bitkilərin yetişdirilməsinə çalışırlar.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel isə dünyadakı aclıq, qida çatışmazlığı problemlərindən söz açıb. O bildirib ki, elmin inkişafı və tədqiqatların aparılması insanlara dünyanı daha yaxşı dərk etməyə imkan verə bilər. Bu səbəbdən də insanlar, xüsusilə də qadınlar daha çox təhsilə cəlb olunmalıdırlar.
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin elm, iqtisadiyyat və mühəndislik haqqında fikirlərini bölüşüb. Alim deyib ki, bu Forumda dünyada mövcud olan problemlərin həlli yolları müzakirə edilir. Bu, çox mühüm məsələdir. Bu səbəbdən də belə tədbirlərin təşkili olduqca önəmlidir.
Texnoloji inkişafın sonsuz proses olduğunu bildirən alim artıq elektron inqilabın fəsadları haqqında da düşünməyin zamanının çatdığını vurğulayıb.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott müxtəlif dövrlərdə əldə edilmiş elmi kəşflərin tətbiqi nəticəsində bu gün iqtisadiyyat, tibb, texnologiya və digər sahələrdə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.
Artıq beşinci dəfədir Bakıda olmaqdan məmnunluğunu bildirən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland dünyadakı iqtisadi böhranın səbəblərindən və bu böhranın həlli istiqamətində görülən işlərdən danışıb. O, dünya iqtisadi böhranının hökumətləri iqtisadi inkişafla bağlı proqnozlarını konkret tərtib etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu söyləyib.
Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover bildirib ki, bəşəriyyəti təhdid edən problemlər yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə həll edilə bilər. Mübahisələr güc yolu ilə həll olunmamalıdır. Tarix bizə göstərir ki, bütün münaqişələr dəhşətli insan tələfatı ilə nəticələnir. Son illərdə millətçilik, zorakılıq hallarına tez-tez rast gəlindiyini, bunun çox böyük çətinliklər yaratdığını deyən alim bildirib ki, bu mənfi hallara qarşı mübarizə aparmaq üçün səylər birləşdirilməlidir.
Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko biotibb sahəsi ilə bağlı fikirlərini bölüşüb. O, fundamental tədqiqatlar sayəsində tibbin inkişaf etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, tarixən nailiyyətlər elementar tədqiqatlar sayəsində əldə edilir. Natiq bildirib ki, bu Forum çox gözəl platformadır, qlobal məsələlərlə yanaşı, mühüm mesajları çatdırmaq baxımından da əvəzsizdir.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland da Forumda beşinci dəfə iştirak etdiyini söyləyib. Bildirib ki, hər gəlişində o, çox böyük yeniliklərin şahidi olur. Alim son 15 ildə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Forum iştirakçılara insanların həyatını yaxşılaşdırmaqla bağlı məsələlərin müzakirəsi baxımından olduqca əlverişli imkanlar yaradır. Təsisatların zəif olduğu ölkələrdə iqtisadi siyasəti sabit saxlamaq çətindir. Bəzi ölkələrin iqtisadiyyatlarındakı tənəzzül gələcək maliyyə siyasətinin qeyri-müəyyənliyi ilə bağlıdır. Bu qeyri-müəyyənliklər sərmayə qoyuluşuna təsir edir.
Alim deyib ki, bütün dünyada təhsil sistemində imkanların artırılmasına diqqət yetirilməlidir.
Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smut bildirib ki, dünyada baş verən inkişaf bir çox ölkələrdə yoxsulluq problemini həll etməyə imkan verib. Dünya əhalisinin 20 faizi aclıqdan əziyyət çəkir və bunun qarşısı alınmalıdır. Dövlət təsisatları qlobal problemlərin öhdəsindən gələ bilmir. Sərmayə yatırımında insanlar müdrik olmalıdır və bununla problemlərin həllinə nail olmaq mümkündür. İlk məsələlərdən biri maliyyə resursu və davranışlarımızdır. Enerji mənbələri, təhlükəsizlik, yoxsulluq daha təkmil idarəçilik tələb edir. Ziyalı təbəqələr bu problemlərin həll variantlarını təqdim edəndən sonra hökumətlər elmi, siyasəti, texnologiyanı bir araya gətirərək bu sahədə işləməlidirlər.
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yonat dərmanlara bakteriyaların müqaviməti haqqında danışıb. Qeyd edib ki, bakteriyaların təsirindən asılı olaraq strukturunu dəyişən antibiotiklər kəşf edilməlidir.
Alimin sözlərinə görə, Forum hökumətlərə yeni antibiotiklərin icad olunması ilə bağlı çağırış etməklə yanaşı, bu istiqamətdə birgə layihələrin reallaşmasına təkan verə bilər.
Demoqrafik vəziyyətdən danışan kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman müxtəlif ölkələrdəki vəziyyətləri müqayisə edib. Diqqətə çatdırıb ki, dünyada 55 milyon qaçqın və məcburi köçkün var. Hər bir ölkənin potensialı insan resursudur. Təhsilin inkişafı hər bir ölkənin bir nömrəli vəzifə borcu olmalıdır. Multikulturalizmin elmin inkişafına töhfəsini yüksək qiymətləndirən alim bildirib ki, elmin əsas vəzifələrindən biri bəşəri dəyərləri təbliğ etməkdir. Dan Şextman bu işdə siyasətçilərin elmi dairələrə inamının, eləcə də praqmatik qərarların qəbulunda, onların əsaslandırılmasında alimlərin roluna geniş yer verilməsinin əhəmiyyətini vurğuladı.
Üçüncü dəfədir Forumda iştirak etdiyini söyləyən kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel deyib ki, son 30 il ərzində strukturuna görə yeni antibiotiklər əldə edilməyib. Yeni dərman vasitələrinin hazırlanması üçün kifayət qədər vəsait yoxdur. Perspektivli istiqamət kompyuterlərdən istifadə edərək dərmanların hazırlanmasıdır. Kompyuterlər alimlərə bu istiqamətdə çox böyük yardım edə bilər. Bunun vasitəsilə onlar dərmanların təsirini də qabaqcadan öyrənə bilərlər.
Plenar iclasa yekun vuran akademik Akif Əlizadə məşhur alimlərin, Nobel mükafatı laureatlarının Forumda iştirak etmələrinin və çıxışlarının dünya elminə mühüm töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb.
Plenar iclasın üçüncü hissəsində təhsil naziri Mikayıl Cabbarov Bakıda artıq beşinci dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər sentyabrın 30-da keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. “Dəyirmi masa”larda çox vacib mövzularda müzakirələrin aparılacağını vurğulayan təhsil naziri qeyd edib ki, Azərbaycanda humanitar məsələlərə böyük önəm verilir və bu istiqamətdə faydalı diskussiyalar aparılacaq.
İtaliyanın Link Kampus Universitetinin rəhbəri, professor Vinçenzo Skotti sədrlik edəcəyi “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barədə məlumat verib. O, ilk növbədə Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Alim vurğulayıb ki, Azərbaycanda multikulturalizm həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin tərkib hissəsidir.
“Bu Forum bir çox digər forumlardan fərqlənir. Çünki burada nəzəri çərçivələrdən kənara çıxırıq və praktik məsələlər gündəmə gətirilir. Bu gün tolerantlıq cəmiyyət üçün vacib amillərdən birinə çevrilib. Forumda toplaşan ziyalılar gələcək nəsillərə mesajlarını vermək fürsəti əldə edirlər”, – deyə o, qeyd edib.
Professor V.Skotti deyib ki, insanların birgə sülh şəraitində yaşamasının əsas şərtlərindən biri də dialoqun qurulmasına nail olmaqdır. Onun fikrincə, bu yolla cəmiyyətdə radikallaşmanın, dözümsüzlüyün qarşısını almaq olar.
“İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” adlı “dəyirmi masa” haqqında danışan BMT Baş katibinin köməkçisi Rəşid Xalikov miqrasiyanın müxtəlif səbəblərinin olduğunu deyib. “Bəziləri qazanc arxasınca digər ölkələrə üz tutur, başqaları isə münaqişələr və təbii fəlakətlər səbəbindən evlərini tərk edirlər. Hazırda dünyada 65 milyon qaçqın var”, – deyə o, məlumat verib.
BMT Baş katibinin köməkçisi bildirib ki, hazırda milyonlarla insan miqrant həyatı yaşayır. Onların arasında qadınlar, uşaqlar, yaşlılar var. Onlar həyatlarını qurmaqda çətinliklərlə üzləşirlər. Beynəlxalq hüququn tövsiyələrinə görə, ölkələr onlara qaçqın kimi təşrif buyuran insanlara lazımi kömək göstərməlidirlər. Əminəm ki, Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi V Bakı Beynəlxalq Humanitar Forumu bu problemlərin həlli istiqamətində dünyaya faydalı mesajlar verəcək.
“Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” adlı “dəyirmi masa”nın moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxış edib. O bildirib ki, Bakı Forumu ilk dəfə Azərbaycan-Rusiya humanitar forumu kimi işə başlayıb və Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq status qazanıb. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması təsadüfi deyil, çünki əsrlər boyu burada müxtəlif dinlər və xalqlar birgə sülh şəraitində yaşayıblar.
Mixail Qusman müasir texnologiyaların sürətli inkişafında, sosial medianın geniş yayılmasında müəyyən təhlükənin gizləndiyini qeyd edib. “İnsanlar Tvitter, Facebook və digər sosial şəbəkələrdən geniş istifadə edirlər. Amma ənənəvi informasiya sahəsinin tərəfdarı kimi burada müəyyən təhlükənin gizləndiyini demək istəyirəm. İnformasiya sahəsində təhlükəsizlik məsələsi böyük önəm daşıyır. Bu sahədə çalışanlar daim çaşdırıcı məlumatlardan nəinki özlərini, həm də cəmiyyəti qorumağa çalışmalıdırlar”, – deyə o bildirib.
TASS-ın baş direktorunun birinci müavini qeyd edib ki, jurnalistikada peşəkarlıq daim əsas amil olacaq, yalnız texnologiyalar və yazı vasitələri dəyişəcək. Biz bu məsələləri sabah keçiriləcək “dəyirmi masa”mızın panellərində geniş müzakirə edəcəyik.
“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya sədrlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və təbiəti barədə məlumat verərək ölkəmizin Şərq ilə Qərbin qovuşuğunda, tarixi İpək yolunun üstündə yerləşdiyini vurğulayıb və bu amilin Azərbaycanda zəngin mədəniyyətin formalaşmasına təsir etdiyini bildirib.
Leyla Əliyeva bildirib ki, ətraf mühitin mühafizəsi hökumətin başlıca vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, xüsusilə də gənclərin bu prosesdə iştirakı zəruridir. O, 2011-ci ildə təsis olunan IDEA İctimai Birliyinin fəaliyyəti və nailiyyətləri, o cümlədən gənclərin maarifləndirilməsi, təşkilatın layihəsi çərçivəsində ölkədə 5 milyondan artıq ağac əkilməsi, biomüxtəlifliyin mühafizəsi üzrə görülmüş tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, IDEA-nın “Bir planet – bir gələcək” şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaşayan gəncləri təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri təbiətin itkilərinin artıq aylarla, illərlə deyil, dəqiqələrlə ölçüldüyünü diqqətə çəkib və insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin məhvi barədə danışıb. O, xoşməramlı səfiri olduğu FAO-nun “Sıfır Aclıq” təşəbbüsündən də söhbət açıb. Qeyd edib ki, artıq qlobal problemə çevrilən yoxsulluq və aclığın aradan qaldırılması, xüsusilə də uşaqların qida çatışmazlığı və susuzluqdan əziyyət çəkməməsi üçün bütün dövlətlərin birgə səy göstərməsi zəruridir.
Leyla Əliyeva gələcək nəsillərdən ötrü yaşıl və təhlükəsiz planetin təmin edilməsi üçün hər kəsi təbii resurslardan səmərəli istifadə etməyə və təbiətə qarşı qayğıkeş olmağa çağırıb.
ABŞ-ın İllinoys Universitetinin professoru Mark Roznblat “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” adlı “dəyirmi masa”da müzakirə olunacaq mövzular barədə məlumat verib. O, elmin gücündən səmərəli istifadə etməklə tibb sahəsində irəliləyişlərə nail olmağın mümkünlüyünü qeyd edib. Professor yeni texnologiyaların, müasir tədqiqatların köməyi ilə sağalmaz xəstəliklərin çarəsinin tapılması məsələlərinin “dəyirmi masa”da diqqət mərkəzində olacağını bildirib.
“Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, V.A.Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun laboratoriya rəhbəri Aleksandr Buqayev müzakirə olunacaq məsələlərdən danışıb. O, ilk növbədə Azərbaycanda elm və təhsil sahəsinə böyük diqqət yetirildiyini, çalışdığı institutun azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq etdiyini bildirib. A.Buqayev “dəyirmi masa”da nanotexnologiyalardan və nüvə texnologiyalarından istifadə məsələlərinin müzakirə olunacağını, bu sahədə tanınmış alimlərin məruzələrinin dinləniləcəyini vurğulayıb.
Bütün hüquqlar qorunur © / 2023
“Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda elmi-praktik seminar keçirilib
Bakı. 22 fevral. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində bu gün “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda elmi-praktik seminar keçirilib. Bu barədə “Report”a mərkəzdən məlumat verilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, bugünki seminar öz aktuallığı ilə cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən aktual və əhəmiyyəli bir mövzuya həsr edilib. A.Kərimli bildirib ki, 2015-ci il ərzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, onun müxtəlif sahələrdəki zəngin xidmətlərini aşkara çıxaran mövzular araşdırılıb və dəyərli alimlərimiz, ictimai-siyasi xadimlərimiz tərəfindən təqdim edilib, Mərkəzdə bu mövzulara həsr olunan müxtəlif elmi-praktik seminarlar təşkil olunub. “Təbii ki, bugünki seminarın mövzusunun dərin kökləri var və ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində multikulturalizm ideyası əsas yer tutur”. İctimaiyyət nümayəndələri, tələbələrin iştirakı ilə keçirilən elmi-praktik seminarda çıxış edən Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. K.Abdullayev bildirib ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” – deyən ümummilli lider bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi: “Əslində, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib”. K.Abdullayev deyib ki, ümummilli lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü: “Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir”. Dövlət müşaviri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: “Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. İlham Əliyev daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir”. K.Abdullayev vurğulayıb ki, Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Dövlət müşaviri həmçinin qeyd edib ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu əhəmiyyətli layihələr həyata keçirir: “Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar”. K.Abdullayev bildirib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Bütün bunların nəticəsində 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub”. Çıxışdan sonra K.Abdullayev seminar iştirakçılarının Azərbaycanda multikulturalizm ənənələri, tarixi və gələcək inkişafı istiqamətində müxtəlif suallarını cavablandırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.