Press "Enter" to skip to content

Musa yaqub şerləri

Nə bir əlləşirəm, nə can çəkirəm,

“Sən mənimləsən. ” – Musa YAQUB

Baxmayaraq ki, “Yazmaq da bir növ ibadətdir” (Kafka). Amma buna rəğmən, poeziya din deyil. Ona görə də burda bütləri sındırmaq asandır. Önəmli olan şairin kahinliyidir. “Şair bütün duyğuları uzun müddət idrakla qarışdıraraq, sistemsizləşdirərək kahinləşir” (Artur Rembo). Tonqalların yerində gülüstan deyil, güllük deyil, küllük yaranacaqsa, bütləri sındırmağın nə mənası? Çağdaş Azərbaycan şeirində sözləri, rəngləri, hətta bir-birinə zidd sözləri və rəngləri, antonimləri çılpaqcasına üryan edib sevişdirən, “eşqi bir-birini tamamlayan iki uyğun rəngi “evləndirərək” (Van Qoq) ifadə edən gənc kahinlər niyə yoxdur? Nə üçün gənclərimizin “dünyanı yaradan və idarə edən xəyal gücü” (Bodler) yoxdur?

Yeni, üst şeir bəkləntimiz gənclərdən ikən, budur, 81 yaşlı Musa Yaqub dekabrın son günündə yazdığı “Sən mənimləsən” adlı şeirini bizə göndərdi. Əsən mehin doğurduğu mistik bir qımıltı Musa Yaquba çağımızın ən gözəl və ən gözlənilən şeirini yazdırıb. Tərəddüdsüz, kimin necə qarşılayacağından asılı olmayaraq deyirəm: sevgi, həsrət, nisgil, hicran duyğularının belə ruhsal şeirləşməsi Azərbaycan poeziyasında Yenidir. Öz xəyal gücünün yaratdığı asimanda qanad gərib uçan Musa Yaqub çağdaş dünya şeirinin səviyyəsindən də üstün ən gözəl sevgi şeirlərindən birini 81 yaşında yazdı. “Kahin olmaq, kahinləşmək gərəkdir” deyən Rembonu düşündüm. “Sən mənimləsən” – Musa Yaqubun kahinliyidir.
Azər Turan

Məhəbbətin davamı
Unudulub çapdan qalmış bir şeirim

Mən sənin könlündə ölən sevgini

Bir qəfil sehr ilə dirildəcəyəm.

Bu eşqə qayıdıb,

Sızlar ürəyini kiridəcəyəm.

Üstünü qar basmış tənha əkinin

Yaşılı yenə də haçalanacaq.

Bu nakam sevginin, ölən sevginin

Külü sovrulacaq, qoru yanacaq.

Bu eşqə təzədən söz verəcəyik,

Ona baxışmağa göz verəcəyik.

Bir də diksinəcək o toxum, o dən,

Ağacın gül olmaz, güllərin həşəm.

Qul tək ayağına düşüb yenidən

Səni şah taxtına qaldıracağam.

Tapıldı o cığır, bitdi o yoxuş,

Yanar üfüqümüz qızıl dan kimi.

Dünyanı dolaşan bala qaranquş

Köhnə yuvasına qayıdan kimi

Səni bu baharla göyərdəcəyəm.

Sonra şirin-şirin həsrətlər ilə,

Təzə görüşlərə həsədlər ilə

Yenidən sinəni göynədəcəyəm.

Arı beçəsini çöldən qaytarıb

Təzədən pətəyə öyrədən kimi

Səni bu sevgiyə öyrədəcəyəm.

Sonra bu sevgini qırıq saz kimi

Bir sarı sim üstə söylədəcəyəm.

“Xaqaniyə salamlar”

silsiləsindən

1

Babadağdan gələn çaylar,

Tanrıdan bir buyruqdumu?

Gəlib səndən keçən vaxtı,

Su payını içən vaxtı

Ayağını daşlar əzən,

Ağzı qara bala cüyür

Suda qoyub başmağını,

Süzgəc edib yaşmağını

Burnuna su dolan vaxtı

Çaydaçapan çapıb gedər,

Öz ovunu tapıb gedər,

Sel suları artdı gəldi,

Sahilləri dartdı gəldi.

Nohurlanıb su ləngidən

2

Babadağdan gələn çaylar

Hər dərmanın suyundadır.

Dərinlərin at belində,

Dayazın quş boyundadır.

Bulaqların bir parası

Qımıldanır ot arısı.

Bir bulağın nur aynası

Köhnə marxal donub durub,

Daşını sel yonub durub.

Şehotları donub durub,

İncisi gül boynundadır.

Köynəkləri dolub durub.

Gölməçələr məclis qurub

Hübabı bərk oyundadır.

Ağ suları gümüşlənir,

Qara suyu dəmir dadır.

3

Babadağdan gələn çaylar,

Peşnu sənin qolundumu?

Gah bir olur, gah ayrılır,

Bu yol sənin yolundumu? –

Daşlar selə sinə gərir,

Elə bil ki, nər oynadır,

Novda sular cuşa gəlir,

Dəyirmanda pər oynadır.

Suyu gəlir daşa-daşa.

– Nə deyim, nə yaradım:

Gah özümü qınadım

Gül üstündə qanadım

Bir kəpənək gücündə –

Ah, bu dövran, bu dövran

Keçmək olmur yanından,

Çıxdım başqa biçimdə.

Hava duman, yol uzaq,

Gecə uzun, gün yasaq.

Mən bir asi yalquzaq,

Qurd ulayır içimdə.

“Bənzəyir kündə ayağımda

Qanlı göz yaşımla işlər

bu dəyirmanım mənim”.

Suyu gəlir daşa-daşa.

Vələsində qara suda

dəyirmanın işlər ikən

Dəyirmanda dən növbəsi

bəlkə də min beşlər ikən

Quru dəni əzib-vurub

şindan gəlib dolan vaxtı,

dar boğazda qalan vaxtı

çax-çax haray salan vaxtı

Onda bildim ey Xaqani,

bu dəyirman səninkidi.

İşləyir söz dəyirmanı,

“Mədhiyyə”də xaqan üçün

De, işlət bu dəyirmanı,

“Həbsiyyə”də dövran üçün

De, işlət bu dəyirmanı.

Könlün haqqın sorağında

Sən işlət bu dəyirmanı.

Ömür keçdi, yaş qalmadı,

Bir tişəkli daş qalmadı.

Gözlərində yaş qalmadı,

Sən işlət bu dəyirmanı.

Sərt illərin yaxasından,

heç dəyirman işlətməyin vaxtı deyil.

Bu Süleyman taxtı deyil,

təzə bir imana gedir?

İnsan kosmosdan qayıdır,

şair dəyirmana gedir.

Bəs sənin söz dəyirmanın –

O hansı ümmana gedir?

Çay sellənib bənddən çıxıb,

İlan cızdan, xətdən çıxıb

İnsan itaətdən çıxıb

Hərəsi bir yana gedir.

Yox vəzifə biletləri,

Yanında qəssab itləri

Var kef yeri, xərac yeri,

Şum birinin əlac yeri.

Min əkənin qazanc yeri

Yığılıb xırmana gedir.

Gedişləri saxla görüm,

Günümüzə ağla görüm. –

Saxla, saxla dəyirmanı, sən Allah!

Sıxır məni dağ dumanı, sən Allah

Sənsən yenə söz sarvanı, sən Allah

Nə olsun ki, müdriklər var, Quran var,

Eh, hələ də qırdıran var, qıran var.

Yer üzünün Süleymanı neyləsin,

Xaqaninin dəyirmanı neyləsin.

Bir saatlıq şeir

Dünya, məndən nə istərsən?

Hesabla bir borcum hanı?

Yerdə yerim, göydə havam,

Ulduz içrə bürcüm hanı?

Çox incilər itirmişəm,

Ömrü başa yetirmişəm.

Şələ verdin, götürmüşəm,

Aparmağa gücüm hanı?

Mən dünyanı eşq bilmişəm,

Yaşamağı məşq bilmişəm.

Bir oxuyub beş bilmişəm,

Sınaq üçün üçüm hanı?

Tanrım, uzat ətəyini,

Bir az azalt kötəyini.

Daha bundan betərini

Götürməyə ölçüm hanı?

Dayan soltan! Dayan başqan!

Yol görmürəm gözüm yaş-qan,

İçim başqa, çölüm başqa,

Sözdə ölçü-biçim hanı?

Ocaq yerim körük yerim,

Otlanıbdı örük yerim.

Bütün meşə kötük yerim,

Köç edirəm köçüm hanı?

Torpağı çox aldatmışam,

Sünbül yoxsa biçin hanı?

Həm üzülüm, həm süzülüm,

Arxamcadır, gəlir ölüm,

Bundan başqa seçim hanı?

14 dekabr 2017
Mərdəkan

Bu mənim ömrümdür

Bir yorğun torpağam dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam içi oyulmuş,

Bir də körpülənib keçilməyim yox.

Bütün körpüləri keçmişəm daha

Səbir kasamı da içmişəm daha.

yanım duman, çən –

Bircə yarpağıma gün düşənəcən

Nələr çəkdiyimi özüm bilmışəm,

O gülən yarpağı üzüm bilmişəm.

Hanı o yamacda gün dəyən tərəf.

Yolda taleyimin yaşıl işığı,

Kolda sarmaşığım dolaşan kələf.

Mən o kələfləri aça bilmədim,

Bir namərd əlindən qaça bilmədim.

Hanı bu dünyanın dağ tərəfləri,

Qızıldöş qayanın tağ tərəfləri?

Ayağım dəyməmiş bir daş qalmadı,

Heyif, gücdən düşən o ayaqlara!

Çayına çiyindaş, daşına yoldaş

Heyif, ömrümdəki o ortaqlara,

Özüm ola-ola mənim olmayan,

Heyif yaylaqlara, ulu dağlara.

Havaxan doğrudan havada xandı,

Heyif o xanlara, o sələflərə,

Daha üz çevirməz biz tərəflərə.

Pətək də saxlamır işsiz arını.

Bu külək payızdan gələn havadı.

Quşlar da uçurdu balalarını

Mənim də ürəyim yetim yuvadı.

Uçub məndən gedən söz qanadlarım –

Görən harda qalır o övladlarım?

Hansı budaqlarda böyüyür görən,

Hansı ürəklərdə döyünür görən?

Görsəm çoxlarını tanımaram heç.

Daha o uyğular, şirin duyğular,

Sevgidən sorğular mənimki deyil.

Hanı bu dünyanın sevgi tərəfi?

İnsanın insana ərki tərəfi?

Dayan, oturduğum yeri dəyişim –

Hə, bu daş yaxşıdı, mamırlı, yumşaq –

Dünyanın işiylə daha nə işim,

O fincan çayımı gətir, balacan!

Daha mən xatirə çözələmirəm,

Köhnə dərdlərimi təzələmirəm.

Bir də izim qalmaz çaylaq daşında,

Sel coşar üstündən, daş atar məni.

O köhnə dərdlərim bağrım başında

Sızlaya-sızlaya yaşadar məni.

Əlim ki, o ələ yetişməyəcək,

O sınıq güzgü ki, bitişməyəcək,

Olmuşda daha nə təsəlli gəzim?

Xatirə yazmağa, yuxu yozmağa

Heç qulaq asmağa yoxdu həvəsim.

Hanı cəmiyyətin cəm tərəfləri,

Yaşayış tapmağa çəm tərəfləri?

Günahım gözündə oxunur, tubu,

Yenə o gözlərdə baxışlanıram.

Mən payız durnası, axşam qürubu,

Pənbə buludlarda naxışlanıram.

Uçuram gecənin durna səfində,

Üzü görünməyən ay tərəfində.

Hanı dan üzünün ağ tərəfləri,

Dövrünün qızılı cağ tərəfləri?

Bir az saymazyana, bir az biganə

Hələ ki, canımda can saxlayıram –

Ruhum uçmaq üçün dəli-divanə –

Nə bir əlləşirəm, nə can çəkirəm,

Gümüş türbə, nə də qızıl cam üçün

Mən cığır çəkirəm, ağac əkirəm,

Mən çiçək dərirəm o dünyam üçün.

Buraxdım ömrümü üstdən aşağı

Tanrıdan gələcək sərəncam üçün –

Hanı bu dünyanın ruh tərəfləri?

Gəmi tərəfləri, Nuh tərəfləri?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Musa yaqub şerləri

Bir payız tənhalığı – Musa Yaqubun payız şeirləri

Manera.az Xalq şairi Musa Yaqubun payız şeirlərini təqdim edir:

Bir payız tənhalığı

Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm,mən də itərəm,
Bir xəzən yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm,keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdır bu nə qəm,kədər,
Sən Allah ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına-qanadı islaq-
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan,otum yarımcan,
Sən Allah bir qanad göndər dalımca
Məni bu payızın içindən keçirt.

Yarı alatoran,yarı işığam
İndi günbatana yol gedir idim
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı-gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə belim demişdim
Çinar yarpağına əlim demişdim-
O da budağından üzüldü düşdü.
Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm,gələrsən haçan?-
Bəlkə son körpümdü,sonuncu keçid,
Ağ atlı bir nağıl göndər dalımca
Məni bu payızın içindən keçirt.

Otaqda yazmıram bu şerimi mən,
Yapışıb payızın titrək əlindən
Qızıl bədənini sıxıb köksünə,
Lap belə təpədən dırnağa kimi
Payıza bürünüb yazdım şeirimi.

Geydim libasını,
gördüm barını,
Atımı xəzana sürdüm bu payız.
Ömrümün saralmış yarpaqlarını
Gözümlə çox aydın gördüm bu payız.

Gizli gəlişini,
pünhan işini,
Dağda yerişini gördüm payızın.
Özümdə, ocaqda, torpaqda, suda
Çıxış-girişini gördüm payızın.

Ovcuma da baxdım,
bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.

Pərişan lipanın arxlara dolan
Yarpaqlarında da payız yaşayır.
Sevgi məktubunun saralıb solan
Varaqlarında da payız yaşayır.

Bağlı xəzinədə bəlkə payız var,
Lap var-dövlətdə də ömrü var onun.
Qızıl da payızdır daşlaşıb yaşar,
Çox ömrün sonunda möhrü var onun.

Bu gün əynimdədir o qızıl libas,
Yarpaqlar saçımda yatdı bu payız.
Dünyanın işindən danışdıq bir az,
Payızla söhbətim tutdu bu payız.

Sandım ən duyğulu çağım da budur,
İstədim ən zərif sözə toxunam.
Gördüm ki, payızla söhbətim tutur,
Bildim ki, payıza mən də yaxınam.

Dedim, solan çinar, özünü saxla,
İnsanam, mənim də gözlərim dolar…
Kövrək bir ürəklə,
kövrək budaqla
Bu sərt həqiqətə neyləmək olar?!

Bir kövrək budağa atdım əlimi,
Gördüm nəfəs alır yarpaqlar hələ.
Əvvəl payızlanıb o budaq kimi,
Sonra bu şeirimi gətirdim dilə

Payız duyğuları

Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın-bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın.

Palıdlar tab etdi sükuta, yasa,
Gilas yarpaqları qızardı, düşdü.
Hansı bəxtəvərin növcavanınsa
Üzünə bir yarpaq qızartı düşdü.

Çox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.

Bir yarpaq da düşdü Bəzz qalasına,
Divarlar bir yarpaq çökdü aşağı.
İgid Babəklərin, Koroğluların
Bir yarpaq uzaqdan gəldi sorağı.

Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı.
Tarixin yüz illik yarpaq tökümü,
Olacaq bir yarpaq yaddaş kağızı.

Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Payıza baxıram

Bu gün duyğum oyaq, düşüncəm oyaq,
Bu gün çox arxayın, çox soyuqqanlı,
Bir az dərdi-sərdən, qayğıdan uzaq
Dayanıb beləcə payıza baxdım.
Baxıram…
Payızın nəyi olacaq?-
Ələnən ələyi,
Solan çiçəyi,
Soyuyan torpağı
Düşən yarpağı.
Ayaqlar altında xəzəl o ki var,
Tapdayır adamlar, keçir adamlar,
Hə, bax, o gedəndi, o da gələndi…
İki cavan baxır biri-birinə
Bir də belə baxa bilməyəcəklər,
Necə ki, mən durub baxıram indi

Yəqin ki, indiki vaxtın yerinə
Heç vaxt belə baxmaq olmayacaq, yox.
Yəni o su gəlib bu arx dolacaq,
Amma bu su ilə doymayacaq, yox.
Orda bitməyəcək o solan çiçək,
Torpaq o xəzəli ayıltmayacaq.
Düzdür, hələ min-min payız gələcək,
Amma heç bu payız qayıtmayacaq.
Həyat qəribədir, yaman qəribə,
Həm düşməyib, həm də düşüb qəlibə.

Dayanıb baxıram, bu qoca dünya
Doğrudan heç günah dünyası deyil.
Zər-ziba, nə bilim yığıb toplamaq,
Bu dünya heç tamah dünyası deyil.
Bu əsəb, bu qəzəb, bu nifrət, bu kin,
Bu döyüş, bu silah dünyası deyil.
Yamanlıq eləmək dünyası deyil,
Nə bilim, bu mənim, hə, bu da sənin –
Ya qarın, ya yemək dünyası deyil.
Ömrün işi böyük, uca, qəribə,
Həm düşməyib, həm də düşüb qəlibə.
Bu dünya, bu dünya…
Qurtardı sözüm,
Özüm dediyimə mat qaldım özüm.

Budaqlar içindən çıxıb qəfləti,
Yox, çinar yarpağı deyil o düşən;
Məhsəti xanımın tanış surəti
Gördüm ki, payıza baxır pərişan.
Bəlkə də o baxır, mənəm sehrdə;
Onun da payıza baxdığı yerdə,
“Fələyin damından ucaldı bir səs;
Bu dünya bir saman çöpünə dəyməz”.

Bu payızın dərdi

Bu payızın dərdi götürüb məni,
Çox mətləb üstünə gətirib məni –
Görəsən bir daha açılmacayaq
Gedəri ağaclar sonuncu kərə
Yarpaq tökümünə necə dözəcək.
Taleyin hökmünə necə dözəcək.
İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar necə dözəcək?
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək? –

Bu payızın dərdi götürüb məni.
Vaxt özü fırladır ömür çarxını,
Çətin o həvəsdə bir daha bitim.
Yaman çayır basıb payız arxını,
Bulaq nəğməsi də donacaq, bildim
Xəzan budayacaq, yonacaq, bildim…
Torpaq bu yonqara necə dözəcək.
Nə zərif bədəni var o ağacın,
İlk qara, son qara necə dözəcək –

Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək –
Bu payızın dərdi götürüb məni.

Guya ki, xəzanı almaz eyninə,
Yaman inadkardı o tənha yarpaq –
Qışacan birtəhər necə dözəcək?
Bu payız toyları geciksə yenə
Görən sevgililər necə dözəcək –
Bu payızın dərdi götürüb məni.

Şair Musa Yaqub: “Xalqımı, millətimi sevirəm, şerimi yazıram, qulaq asırlar assınlar, asmırlar özləri bilər”

24saat.org şair Musa Yaqublu müsahibəni təqdim edir. – Musa müəllim, həmkarınız Rüstəm Behrudi Yazıçılar İttifaqından çıxdı. Nədənsə siz bu mövzuda açılan müzakirələrə qatılmır, sanki baş verənləri kənardan izləyirsiniz. Nəyə görə, bu məsələdə seyrçiniz? – Bilirsinizmi, bu daha çox fərdi məsələdir. Fərdi yaradıcılıq olduğu üçün qərar da fərdidir. Əlbəttə, istəməzdim ki, Behrudi kimi gözəl şairimiz Yazıçılar İttifaqından çıxın. Amma özünün şəxsi fikri və qərarıdır. Mən onun getməsini alqışlamıram. Yazıçılar İttifaqından son illər bir neçə nəfər gedib. Səbəb kimi ad günlərinin, yubileylərinin yada düşməməsini göstərirlər. Ancaq münasibətlər də müxtəlifdir. Mən durub kimi tənqid edim, deyim ki, mənə və ya Behrudiyə diqqət etmirlər. Düzdür, Yazıçılar İttifaqı bir təşkilat olaraq hamı ilə maraqlanmalı, ad günlərini təbrik etməlidir. Əlbəttə, kimlə maraqlandıqları, kimlə maraqlanmadıqları bizə bəllidir. Bu da, münasibətdən, zamandan, bir qədər də hakimiyyətdən asılı olan işlərdir. – Yazıçılar İttifaqı sizinlə maraqlanırmı? – Ad günlərimdə jurnal və qəzetdə təbrik ediblər. Vəssalam. Bunu ediblər. Ad günümə dəvət edəndə Anar başda olmaqla gəlib iştirak ediblər. Bilirsinizmi, maraqlanmağın dərəcəsi yoxdur ki, deyim mənimlə bu qədər filankəslə bu qədər maraqlanıblar… – Səhhətinizdə müəyyən problemlər var, hazırda Bilgəhdə müalicə alırsınız. Sizə təklif ediblər ki, Musa müəllim səni müalicəyə göndərək? – Yox. Belə bir təklif yoxdur. Mən özüm də istəmirəm. Türkiyədə əməliyyat olundum, xərci də özüm çəkdim. Bakıya gələndən sonra xəbər tutdular. Əlbəttə, mən də istəyərdim ki, maraqlansınlar. Bu da, bir şəfadır. Amma dəri deyəndə və dərman olmayanda daha pis olur. Bu haqda böyük Fizuli də gözəl bir söz deyib. Mən baxmıram ki, kimsə mənə kömək etsin, kiməsə xahiş edim və s. – Böyük Fizulini xatırlatdınız. Fizuli həm də deyirdi ki, salam verdim, rüşvət deyildi deyə almadılar… – Məndən rüşvət ummurlar. Mən öz dərdimi deyirəm, dərman da istəmirəm. Mənə bu barədə heç bir kömək etməyiblər. Nə hökumət, nə də təşkilatlar. – Hökumətdən sizinlə maraqlanırlarmı? -Nə maraqlanırlar? Yox. Belə bir şey yoxdur. Mən ancaq və ancaq xalqdan səs eşidirəm. Hər dəfə zəng edib şerlərimi əzbərdən deyirlər, məclisdlərdən danışırlar. Sosial şəbəkələrdə yazırlar və s. Hakimiyyət mənə nə formada desin? Mən bu qayğını görmürəm və heç ummuram da. – Hər dəfə yaradıcı şəxslərə, qələm adamlarına, yazıçı və şairlərə adlar veriləndə Musa Yaqub siyahıdan kənarda qalır. Buna səbəb nədir? – Vallah mən bu mükafatların, adların arxasınca baxmıram. Məni maraqlandırmır. Səbəbinin də nə olduğunu bilmirəm. Yalandan nə deyim? Bəlkə xoşları gəlmir. Bəzən deyirlər ki, Musa müxalifətdir. Müxalifət başqa şeydir. Mən millətimi, xalqımı, vətənimi sevən adamam. Fikrimi deyirəm, şerimi yazıram. Qulaq asırlar assınlar, asmırlar özləri bilər. – Referendumda iştirak etdiniz? -Mən xəstəxanada olmuşam. Könülüm istəsəydi belə üzrlü idim. Xəstəxanada idim. Yəqin onların da imkanı olmayıb qutu gətirsinlər və məndə səsimi verim. – Şəhərdə eviniz varmı? – Əvvəl 2 otaqlı evim vardı, indi artıq uşaqlarındır. Yoxdur evim, neyləyək, vermirlər. Versələr yaxşı olar. O vaxt Yazıçılar İttifaqına ərizə yazdım ki, əgər ev tikdirirsinizsə, bir az ucuz olsa məndə kooperativə qoşulmağa hazıram. Ancaq səs çıxmadı. İndiyə qədər də xəbər yoxdur. – Hökumətə ev almaq üçün müraciət etməmisiniz? – Etməmişəm və etmək də istəmirəm. Bilirlər özləri. Etmək istəyirlər etsinlər. Mən Bakıda darıxanda kəndə qaçıram. Şükür allaha, kənddə balaca evim var, şəraiti də pis deyil. Öz dərmanımız öz başımız. Əgər gömək etmirlərsə, sən durub deməyəcəksən ki, mənə dəstək verin. Evdir, mükafatdır, addır – bunlar həm də paydır. Adam payı istəməz, onu verərlər. – Son dövrlər ictimai fəaliyyətinizdə bir qədər sakitlik hökm sürür. Özünüz ictimaiyyətdən məsafə saxlayırsınız? – O mənada sakitlikdir ki, daha tədbirlərə gedə bilmirəm. Amma şerimi yazır, sözümü deyirəm. Bir xeyli təzə şerim var və onları çap etdirəcəyəm. Qardaş, mənim işim yazmaqdır. Daha o meydan deyil. Əvvəl yaxşı məclislərdə olurduq, yaxşı da vururduq. İndi bunlar əldən çıxıb, durub hara gedim? Hara dəvət edirlərsə gedirəm. Rayonda əksər tədbirlərə dəvət edirlər, məndə yaxından iştirak edirəm. – Bir ara televiziyalarda çıxışlar edirdiniz, şerlər oxuyur, ziyalı sözü deyirdiniz. İndi yerli televiziya kanallarında da görünmürsünüz… – Bu təkcə mənim üçün deyil. O vaxt yazıçıları, şairləri görüşlərə dəvət edirdilər, adam olan yerlərə yığırdılar, bizdə sözümüzü deyirdik. İndi bunu sevmirlər. Bir şairlə görüş yox, söz-söhbət yoxdur. Yazıçı, ziyalı məclisi yox, televiziyada belə adamlar lazım deyil. Çox məhdudlaşdırıblar. – Yəni ziyalının sözünə daha ehtiyac yoxdur? – Yəqin yoxdur. Amma əslində şairin, yazıçının, ziyalının sözünə ehtiyac var, lakin onları eşitmək istəmirlər.

Son Xeberler

You must log in to post a comment. This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Bizim Tərcümə
Son Xəbərlər

  • Əvvəlki səhifə
  • Sonrakı səhifə

© Copyright 2021. Heç bir hüququmuz qorunmur, amma siz yenə də qorunurmuş kimi davranın və saytda gedən özəl yazılardan istifadə zamanı 24saat.org və ya az24saat.org saytına istinad edin. Özəl yazılara istinad olunduğu zaman “Media Haqqında Azərbaycan Respublikasının Qanunu”un 13-cü maddəsinin tələbinə uyğun olaraq müqavilə tələb olunmayacaq. 24saat.org və az24saat.org saytı Mətbuat Şurasının üzvü deyil, heç bir zaman da olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür! Baş redaktor: Vüqar Qurdqanlı (Ələkbərov)

Bizi İzləyin
Yazı təqvimi

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

pulsuz elanlar

  • SAYTDAN İSTİFADƏ QAYDALARI, GİZLİLİK SİYASƏTİ VƏ TƏHLÜKƏSİZLİK
  • Əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.