Press "Enter" to skip to content

Nizami xudiyev azerbaycan edebi dilinin uslublarikitabi

…Dedim: Məni görmək istəsə hər kim,

Böyük Azərbaycan şairi Nizami Gəncəvi – İsa Həbibbəyli yazır.

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyət, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Gəncəvi (1141-1209) də Dante, Servantes, Şeks­pir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Dünyanın harasından, Şərq­dən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə mədəni dünya Nizami Gəncə­vini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mü­təfəkkir kimi qəbul edir. Bu mənada Nizami Gəncəvi söz sənətinin möh­təşəm bahadırıdır. Onun əsərlərində dünyanın bir çox ölkə­lərinin və xalqlarının həyatından alınmış ibrətamiz sü­jetlər və işıqlı, düşün­dürücü obrazlar vardır. Ölməz sənətkarın «Xəmsə» adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklope­diyasıdır. Yunanıstandan Hindis­tana, Ərə­bis­tan­dan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri və şəxsiyyətlərini Nizami Gəncəvi böyük mə­harətlə ədəbiyyata həkk et­mişdir. Böyük fateh Makedoniyalı İsgəndərin az qala dün­yanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiy­yatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bil­mə­mişdir. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgən­dərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada Nizami Gəncəvi dün­ya ədəbiy­yatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır. Makedoniyalı İsgəndərin bir xidməti də Qərb anlayışını Şərq xalqlarına çat­dırmaq olduğu kimi, Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri va­sitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanmışlar. Bu mənada Ni­zami Gəncəvi Şərq dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən dünyada ən böyük bələdçisidir.

Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan ol­muşdur. Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid ol­muş, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tay­fa­ları yaşa­mışlar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili almış, həyatını əsasən bu şəhərdə keçirmişdir. Ehtimala görə o, çox az hallarda Gəncə şəhərindən kənara çıxmışdır. Şairin Gəncədən çıxaraq getdiyi yerlərdən bi­rinin Həmdünyan kəndi olduğunu iddia edirlər. «Xosrov və Şirin» poemasında yazıldığına görə, Nizami Atabəy Qızıl Arslan tərəfindən 1187-ci ildə ona bağışlanmış bu kəndə getmiş, “gəlirindən artıq onun xərci” olan cəmi “yarımca ağac”lıq” bu kəndin ona ərməğan edilməsindən razı qalmamışdır.

Tədqiqatçıların əksəriyyəti Həmdünyan kəndinin bağışlan­ması faktının Qızıl Arslanın Nizami ilə Gəncə şəhəri ətrafındakı görüşü zamanı baş tutduğu qənaətindədirlər. Bununla belə, hə­min tarixi görüşün Gəncə yaxınlığında deyil, Gəncə şəhəri ilə Təbriz arasındakı ortaq bir məntəqədə baş verdiyini ehtimal edən müla­hizələr də vardır. Görkəmli Nizamişünas alim, professor Rüstəm Əliye­və məxsus olan bu mülahizəyə əsasən, Nizami Gəncəvi Qızıl Ars­lanla Naxçıvan ərazisindəki məşhur Batabat yaylağına yaxın bir yerdə – Zəngəzur mahalına aid Şəki kəndi ətrafında görüş­müş­dür. Tədqiqatçı Əjdər Fərzəli isə həmin görüşün marşru­tunu da müəyyən etmişdir: Gəncə-İstisu-Naxçıvan.Bütün hal­larda Nizami Gəncəvi­nin Qızıl Arslanla tarixi görüşü Azərbaycan coğ­rafiyasına aid olan ərazidən kənarda deyildir.

Yeri gəlmişkən deyək ki, Nizami Gəncəvinin dövrünün gör­kəmli sənətkarı, böyük müasiri, Şərq memarlıq məktəbinin yaradıcısı və ən böyük nümayəndələrindən biri Əcəmi Əbu­bəkr oğlu Naxçıvani ilə görüşməsinə dair də ehtimallar var­dır. Fik­ri­mizcə, bir çox səbəbdən bu iki nəhəng sənətkarın gö­rüşməsi haqqındakı mülahizələr məntiqə uyğundur. Memar­lığın daş «Xəm­sə»­sini yaratmış böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin onunla eyni dövrdə yaşamış söz sənə­ti «Xəmsə»sinin qüdrətli yaradıcısı Nizami Gəncəvi ilə görüşməsi bu iki bö­yük dühanın bir-birinin yaradıcılığına və xidmətlərinə hörmət və ehtiramının ifadəsi deməkdir. Eyni əsrdə, vahid ölkə da­xilində yaşayan bu qədər nəhəng sənətkar­ların bir-birini görməyə, tanımağa ehtiyac duymamaları qeyri-mümkündür. Bu mütəfəkkir simaların hər ikisinin Azərbaycan Atabəylər dövlətinə yaxın olmaları da onların görüşünü şərtləndirir. Atabəylər dövlətinin paytaxtının Gəncədən Naxçıvan şəhərinə köçürülməsi iki böyük dühanın görüşünün Naxçıvan ərazisində baş tut­masını düşünməyə əsas verir. XIX əsrin tanınmış rus rəs­samı A.Bondarenko da Nizami Gəncəvi ilə Əcəmi Əbubəkr oğ­lu Naxçıvaninin görüşünə dair geniş yayılmış rəsm əsərində fonda Nax­çıvan məq­bə­rəsinin görüntülərini canlandırmışdır. Azərbaycanın xalq şairi Nə­­riman Həsənzadənin «Atabəylər» tarixi dramında da Nizami Gən­­cəvi ilə memar Əcəminin Naxçıvandakı görüşü qələ­mə alın­mışdır.

Nizami Gəncəvinin tərcümeyi-halı qədim Azərbaycan əraziləri olan Gəncə ilə yanaşı, Bərdə, Naxçıvan, Dərbənd şəhərləri, Həmdünyan və Şəki kəndləri kimi Azərbaycan coğrafiyasına aid olan yaşayış məntə­qə­ləri ilə bağlı olmuşdur.

Ailə qurduğu «qıpçaq gözəli» Afaqın Azərbaycanın ta­rixi ərazilərindən sayılan Dərbənd şəhərindən olması Nizami Gəncəvinin azərbaycanlı ailəsi qurması faktını təsdiq edir. Dahi şair «İs­gən­dərnamə» poemasında Dərbənd qalasını da ilhamla tə­rən­nüm et­mişdir:

Burda bir qala var ki, cənub yeli,

Əssə də o yerə uzanmaz əli.

Minadan bir daşdır, saçar müşk, ənbər,

Həm gözəl, həm şəndir, bir cənnət qədər.

Qıpçaq gözəli Afaq xanım Nizami Gəncəviyə Dərbənd hakimi Müzəffər ibn Məhəmməd Arslan ibn Xələf əs Sultan tərəfindən göndərilmişdir. Bu nikahdan Nizaminin Məhəmməd adlı oğlu dün­yaya gəlmişdir. Nizami Gəncəvi ayrı-ayrı əsər­lə­rində oğlu Məhəm­məddən bəhs edərək, onu «gözümün nuru», «dilimin əzbəri», «ömrümün ilk gülü», «ağız ləzzətim», «ciyər­parəm», «ilk piyalam» kimi vəsf etmişdir. Rəvayətə görə, oğlu Məhəmməd də atası kimi şair olmaq is­təmiş, hətta şeirlər də yazmışdır. Lakin Nizami Gəncəvi oğluna həkim olmağı məsləhət bilmişdir:

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da.

Hərçəndi sənətin çox rütbəsi var,

Həyatda faydalı bir elmi axtar.

…Elmlər elmidir demiş peyğəmbər,

Din elmi, təbabət elmi müxtəsər.

…İsa mərifətli həkim ol, amma,

İnsanı öldürən bir həkim olma.

…Həyatda, ölümdə qul olar sana,

Səadət və şöhrət düşər payına.

Nizami Gəncəvinin müxtəlif əsərlərində öz əksini tapmış oğlu Məhəmmədə nəsihətləri ümumən Azərbaycan ədəbiyya­tında nəsi­hət­namə janrında yazılmış dəyərli poetik nümunə­lərdir. Bu də­rin mənalı nəsihətlər neçə yüz illərdir ki, həm Azər­baycanda, həm də dünyada yeni nəsillərin yetişib formalaş­masına öz töhfəsini verir.

Nizami Gəncəvi dünya ədəbiyyatında «Xəmsə» adı ilə tanınan 5 məşhur poeması ilə böyük şöhrət qazanmışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında «Xəmsə» («Beşlik») adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. Böyük ustad sənətkardan sonra «Xəmsə» yaratmaq Şərq ədəbiyyatında ənənəyə çevrilmiş, bir çox xalqların şairləri «Beşlik» poemalar yaratmışlar. Fars-tacik ədəbiyyatında Əbdürrəhman Cami, cığatay poeziyasında Əlişir Nəvai, Hindistanda Əmir Xosrov Dəhləvi və başqaları Nizami Gəncəvinin yolunu davam etdirərək «Xəmsə»lər yazmış, bu böyük işi əsrlərdən-əsrlərə daşımışlar.

Qüdrətli sənətkarın «Xəmsə»sinə daxil olan ilk əsəri 1174-cü ildə yazılmış «Sirlər xəzinəsi» poemasıdır. Cavan yaşlarında yazılmasına və birinci böyük əsəri olmasına baxmayaraq «Sirlər xəzinəsi» poeması Nizami Gəncəvinin həyata və ədəbiyyata bələdlik mənasında həqiqətən sirlər xəzinədarı olduğunu göstərir. Poemada verilmiş 20 məqalədə (hekayədə) Nizami Gəncəvi dövrünün ən aktual məsələlərini təsvir etmiş, bədii sənətin ali qayələrini diqqətə çatdırmışdır. Nizami Gəncəvini bütün yaradıcılığı boyu düşündürən humanizm və bərabərlik, ədalətli hökmdar və xalq, əməkçi insan və mənəvi kamillik, sərvət və şəxsiyyət kimi böyük ictimai mətləblər ilk dəfə «Sirlər xəzinəsi» əsərində öz əksini tapmışdır. Şairin bu əsərdə yaratdığı Kərpickəsən kişi obrazı nəinki Azərbaycan poeziyasında, geniş mənada Şərq ədəbiyyatında yeni idi. Bu mənada «Sirlər xəzinəsi» poeması Nizami Gəncəvi yaradıcılığının ədəbi proqramıdır. Dahi şairin sonrakı ölməz əsərlərindəki mövzuların və ideyaların mütləq əksəriyyəti «Sirlər xəzinəsi»ndən qida alır.

Nizami Gəncəvinin «Xosrov və Şirin» poeması (1180) Şərq ədəbiyyatında meydana çıxmış mükəmməl mənzum romandır. Dahi şair bu əsərində mövzunu hökmdarların həyatından alsa da, sələflərindən və müasirlərindən fərqli olaraq böyük eşq dastanı yaratmışdır. 1

«Xosrov və Şirin» poemasında ilahi eşqin fonunda bir çox ictimai mətləblərdən bəhs olunmuş, dövlət, cəmiyyət və xalq münasibətləri ibrətamiz hadisələr və yaddaqalan bədii obrazlar vasitəsilə canlandırılmışdır. Nizami Gəncəvi Fərhadın Şirinə olan pak sevgisi əsasında əsl məhəbbətin insanı ucaltmaq qüdrətini göstərmişdir. Dahi şair əsərdə Xosrov Pərvizlə Şirinin macəralarının işığında isə eşqin hökmdarı da dəyişib kamilləşdirmək imkanlarını isbat etmişdir. Bundan başqa, Nizami əsərdə mahir daşyonan Fərhadın timsalında əməkçi insanın böyük obrazını yaratmışdır.

Nizami Gəncəvinin 1188-ci ildə yazdığı «Leyli və Məcnun» poemasında insanın mənəvi dünyasının zənginlikləri parlaq və təsirli bədii vasitələrlə canlandırılır. Bu əsərdə Nizami Gəncəvi eşqin qüdrətini iki gəncin ilahi sevgisi vasitəsilə tərənnüm etmişdir. “Leyli və Məcnun” poeması Leylinin elegiyası, Məcnunun dastanıdır. Böyük sənətkarın Azərbaycan ədəbiyyatına gətirdiyi bu mövzu bütün Şərq aləmində məşhurlaşmış, sonrakı dövrlərdə yeni-yeni əsərlərin meydana çıxmasına səbəb olmuşdur.

Dahi şair «Yeddi gözəl» poeması ilə (1196) dünya xalqlarının həyatına və bəşər mədəniyyətinə dərindən bələd olan böyük sənətkar olduğunu nümayiş etdirir. Poemada təsvir edilən Bəhram şahın yeddi ölkənin şahzadəsi ilə söhbətləri Nizami Gəncəvinin bilik və dünyagörüşünün geniş miqyasını təsəvvür etməyə imkan verir. “Yeddi gözəl” əsəri ideal insan və kamil həyat haqqında yazılmış mükəmməl mənzum romandır.

Fikrimizcə, 1197-1200-ci illərdə yazdığı məşhur «İsgəndərnamə» poeması Nizami Gəncəvi sənətinin ümumiləşmiş möhtəşəm yekunudur. «İsgəndərnamə» Nizami Gəncəvi yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək, mövzunu Azərbaycan təfəkkürü və gerçəkliyi ilə uzlaşdıraraq ədəbi mühitə, bədii əsərə gətirmişdir.

«İskəndərnamə» Azərbaycan ədəbiyyatında janr baxımdan ilk dilogiyadır. Əsərin birinci hissəsi olan «Şərəfnamə»də Makedoniyalı İskəndərin hərbi yürüşlərinin fonunda Nizami Gəncəvinin ədalətli hökmdar və ideal cəmiyyət axtarışlarına dair görüşləri öz əksini tapmışdır. «İqbalnamə» hissəsində isə şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İskəndərdən bəhs edir. Nizami Gəncəvi «İqbalnamə»də dövlətin idarə olunmasında ellin amilinin rolunu ön mövqeyə çəkmişdir. Əsərdə Makedoniyalı İskəndərin dövrünün görkəmli alimləri olan Platon, Aristotel, Sokrat və başqa alimlərlə söhbətləri və məsləhətlərinin təsviri ideal cəmiyyətin formalaşmasında müdriklik və kamilliyin əhəmiyyətini təsdiq etməyə imkan verir.

Nizami Gəncəvinin yaradıcılığında onun lirikası xüsusi yer tutur. Şairin lirik şeirlərində kiçik epik cizgilər nəzərə çarpır. O, qəribə, macəra təəssüratı yaradan süjetvari fon zəminində lirik ovqatın ən incə və dərin təzahürlərini tərənnüm edir. Nizami Gəncəvinin lirikası dərin və nəcib insan düşüncələrinin bədii tərcümanı olan yaddaqalan və təsirli sənət nümunələridir. Dərin lirizm, həyata və insana obrazlı poetik baxış onun şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Nizami Gəncəviyə məxsus məşhur «Sənsiz» qəzəlində sənsizliyin mənalı, həyəcanlı, düşündürücü ovqatı səmimi şəkildə mənalandırılmışdır. Şairin «Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi» misrası ilə başlayan qəzəli şeirlə yazılmış kiçik mənzum novella təsiri bağışlayır:

Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Hazırda dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır.

Nizami Gəncəvinin dünyaya, bütün bəşəriyyətə məxsus olması barə­də heç bir mübahisə, fikir ayrılığı yoxdur. Bu mənada Qərb də, Şərq də Nizamidən ümumbəşəri idealları özündə əks etdirən əsərlərin dahi yaradıcısı kimi ürək do­lusu söz açır. Lakin təəs­süf ki, hələ də Nizaminin fars-tacik, yaxud fars ədəbiy­yatını təmsil etməsi və ya ümumi şəkildə müsəlman xalqlarına aid şair olması fikrini irəli sürən bəzi mülahizələr mövcuddur. Və bu qəbildən olan fikirlərin sahiblərinin ən çox istinad etdikləri amil dil fak­torudur. Halbuki Nizami Gəncəvinin yaşadığı XII-XIII əsrlərdə fars dilində yazıb-yaratmaq təkcə Azərbaycanda deyil, Anadoluda, Qafqazda, Orta Asiyada, Hindistanda ümumən Şərq xalqları­nın ədəbiyyatlarında qəbul olunmuş qaydalardan biri idi. Şərqdə uzun əsrlər, o cümlədən Nizaminin zamanında da «fars dili – şeir di­li, ərəb dili elm dili, türk dili isə hərb dili» ki­mi qəbul edilmişdi. Qoca Şərqin böyük dühası olan onlarla şair­lər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb-yarat­mışlar. Hətta öz zamanında bunun bir çox üstünlükləri də var idi. Əvvəla, ərəb-fars dillərində elmi-ədəbi əsərlər yazmaqla görkəmli sənətkarlar geniş mənada ümumşərq məkanında oxunmaq, tanın­maq imkanları qazan­mış­lar. İkincisi, bu dillərdə danışan xalqlar avro­pa­lılara bəlli ol­duq­ları üçün ərəb-fars dilində yazıb-yaratmaq sənət­karların Qərbə çıxış­la­rına da mü­nasib şərait yaratmışdır. Üçüncüsü, ərəb-fars dillərini bilməklə Nizamilər Şərq xalqlarının tarixini, ədəbiyyatlarını və mədəniy­yət­lərini öyrənmək, əsərlərinin mövzu­larını, süjetlərini və qəhrə­man­larını çox geniş ictimai-tarixi mühit­dən almaq imkanı əldə etmişlər. Beləliklə, Azərbaycanda ədəbiyyatın əhatə etdiyi coğrafiyada təbii olaraq fars dili daha geniş məkanı özündə cəmləş­dirmişdir. Bu mənada Nizami Gəncəvi Şərqin qüdrətli sənətkarıdır – dedikdə, ən azı aşa­ğı­da­kılar nəzərdə tutulur: Nizami İslam dininə mənsub olan böyük şairdir; O ilk növbədə Şərq aləmində tanınıb şöhrət qazanmışdır; Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tap­mışdır; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaratmışdır; Şairin əsərləri Şərqdə daha çox oxunur… Türk-müsəlman dünyasında sanki hər xalq Nizami Gəncəvinin əsərlərində öz taleyini görür, çarə­sini ax­tarıb tapa bilir.

Bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan xal­qına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir.

Nizami Gəncəvinin əsərlərində Azərbaycan mövzusunun özünəməxsus yeri vardır. Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar nəzərə çarpır. «Xosrov və Şirin» poemasında Kəpəz dağının, «İsgəndər­na­mə»də Dərbənd qalasının təsvirində də Nizami Gəncəvinin doğma Azərbaycana dərin məhəbbəti yüksək bədii səviyyədə ifadə olunmuşdur.

Nizami Gəncəvinin Bərdə hökmdarı Nüşabəyə münasibə­tində də eyni doğmalıq hiss olunur. Şair özünün ədalətli hökm­dar kon­sepsiyasını Azərbaycan hökmdarı Nüşabə obrazı ilə yeni çalarlarla zənginləş­dirmişdir. Bəlkə də Bərdə hökmdarı Nüşabə Nizami Gəncəvinin düşündüyü ideal hökmdar obrazının yekunudur. Dünyanı fəth etmiş Makedoniyalı İskəndəri özünün ağıllı fikirləri ilə heyrətləndirməyi bacarmış Azərbaycan qadın hökmdarı Nüşabəni şair rəğbətlə vəsf etmiş, onun aydın bədii obrazını yaratmışdır:

Ağıllı, tədbirli olması, müdrikliyi ilə dünyaca məşhur olan Makedoniyalı İsgəndəri mat qoyması Nizami Gəncəvinin Azər­bay­can hökmdarı Nüşabənin tim­salın­da əsl ədalətli hökmdar ob­razını yaratdığını düşünməyə əsas verir.

Nizami Gəncəvinin Şirvanşah Axsitanın «Leyli və Məc­nun» mövzusunda fars dilində əsər yazdırmaq təklifini qəzəblə qar­şılaması faktı da şairin azərbaycanlı ol­ma­sını təsdiqləyən amil­lər­dəndir. Şirvanşah Axsitanın məktublarından «Türk dili yaraş­maz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə» kimi misraların Ni­zami Gəncəvini narazı salması şairin azərbaycanlı oldu­ğu­nu açıq şəkildə göz önünə gətirir. «Leyli və Məcnun» poema­sında həmin münasibətlə yazılmış aşağıdakı misraları yalnız azər­baycanlı şair ifadə edə bilərdi:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçım,

Nə də gözüm vardı xəzinə açım.

Ömrüm viran oldu, solub-saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Məlum olduğu kimi, Nizami Gəncəvi Şirvanşah Axsitanın tapşırığına yalnız oğlu Məhəmmədin xahişindən sonra əməl etmişdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvi ölməz əsərlərini, o cümlədən məşhur “Leyli və Məcnun” poemasını fars dilinin Azərbaycan ləhcəsində qələm almışdır. Dahi şairin əsərlərinin öz dövründə və vəfatından dərhal sonra köçürülmüş əlyazmaları Azərbaycan ləhcəsi ilə fars dilində qələmə alınmışdır. Şairin əsərlərinin XIII əsrə aid əlyazmalarında fars dilinin Azərbaycan ləhcəsi hiss olunacaq səviyyədə qorunub saxlanılmışdır. Lakin sonralar farsdilli katiblər Nizami Gəncəvinin əsərlərinin üzünü köçürərkən Azərbaycan ləhcəsini “redaktə” edərək aradan qaldırmışlar. Dünya arxivlərində isə şairin XIV əsrdən sonrakı əlyazmaları geniş yer tutur. Nizami Gəncəvinin “Xəmsə”sinin fars dilində Azərbaycan ləhcəsində yazılmış əlyazmaları indi də dünya muzeylərində və kitabxanalarında saxlanılır. Böyük sənətkarın əsərləri kitab halında nəşr olunarkən farsdilli katiblərin köçürdükləri əlyazmalara üstünlük verildiyi üçün Azərbaycan ləhcəsinin izləri itmişdir.

Tədqiqatçılar Nizami Gəncəvinin fars dilində yazılmış əsərlərində şairin öz ata-anasının türk olması haqqında da məlu­mat verildiyini diqqət mərkəzinə çəkirlər. Şairin atası Yusif Zəki və anası Rəisə xanım türk milli kimliyinə mənsub idilər. Nizaminin əsərlərində fars di­lində yazılmış «Rəiseye-qord» kəlməsi igid, yaxud vüqarlı, qü­rurlu Rəisə mənasını daşıyır. Atası Yusif Zəki Gəncə şəhərində sənət­karlıqla məşğul olmuşdur. Bəlkə də şairin «Kərpickəsən kişinin dastanı»ndakı böyük məhəbbətlə yaradılmış usta, bənna obrazı onun doğma atasının prototipidir.

Nizami Gəncəvinin müasirləri ilə əlaqələri də onun Azərbaycanda yaşayıb-yaratdığını yəqinləşdirməyə əsas verən dəlillərdəndir. Bu cəhətdən Nizami Gəncəvi-Xaqani Şirvani münasibətləri xüsusi əhəmiyyətə malikdir. Müşahidələr göstərir ki, Nizami Gəncəvi böyük azərbaycanlı müasiri Xaqaninin (1120-1199) yaradıcılığına rəğbət bəsləmiş, onu qəlbinə yaxın sənətkar kimi qəbul etmişdir. Hətta bir rəvayətdə Nizami Gəncəvinin müasiri Əfzələddin Xaqaninin vəfatı ilə əlaqədar mərsiyə yazması faktı öz ək­sini tapmışdır.

Dahi şairlə təxminən eyni dövrdə yaşayıb-yaratmış məşhur təzkirəçi Dövlətşah Səmərqəndi “Daneşmandani-Azərbaycan” təzkirəsində Nizami Gəncəvinin Azərbaycan dilində yazılmış “Divan”ının olması barədə məlumat vermişdir. Təəssüf ki, həmin “Divan” itmiş, dövrümüzə qədər gəlib çatmamışdır.

Məzarının Gəncə şəhərində olması da Nizami Gəncəvi­nin Azərbaycan şairi olduğunu təşdiqləyən mühüm faktlardandır.

Nizami Gəncəvinin zəngin və mənalı yaradıcılığı Şərq intibah mədəniyyətinin əhəmiyyətli hadisəsidir. Şairin ölməz əsərləri dünya ədəbiyyatı xəzinəsinin qiymətli sərvətidir. Nizami Gəncəvi Azərbaycan xalqının ümumdünya mədəniyyətinə bəxş etdiyi böyük düha və qüdrətli sənətkardır.

Nizami Gəncəvinin ölməz «Xəmsə»si orta əsrlərdə və XIX əsrdə əlyazma halında Azərbaycanda və Şərq ölkələrində geniş yayılmışdır. Şair «Xəmsə»yə daxil olan əsərlərindən hər birinin əlyazmasını Şərq ölkələrinin hökmdarlarına göndərmişdir. Bu əsərlər müxtəlif ölkələrin saraylarında, rəsmi dairələrində oxunub müzakirə mövzusuna çevrilmişdir. Beləliklə, Nizami Gəncəvini hələ öz dövründə geniş dairədə, Şərq miqyasında nəinki tanımış, qüdrətli sənətkar kimi qəbul etmişlər. Hazırda dünyanın ən məşhur muzeylərində və kitabxanalarında Nizami Gəncəvinin əsərlərinin əlyazma nüsxələri saxlanılır. Dahi şairin əsərləri əlyazma halında Azərbaycanda da yayılmışdır. Nizami Gəncəvinin əsərləri hər bir azər­baycanlı üçün əvəzsiz hədiyyə hesab olunmuşdur. Bu, indi də be­lədir.

Göründüyü kimi, dünya şöhrətli dahi Nizami Gəncəvi hər şey­dən əvvəl böyük Azərbaycan şairi və mütəfəkkiridir. Bu qüd­rətli sənətkarı Azərbaycan xalqı dünyaya bəxş etmişdir. Nizami Gən­cəvinin əsərləri dünyanın əksər mədəni xalqlarının dillərinə tər­cü­mə olunmuşdur. Bəlkə də Nizami dünya ədəbiyyatında xarici dillərdə ən çox oxunan na­dir sənətkarlardandır. Nizami irsinin tədqiqi ilə də az qala bütün dünya məşğuldur. Nizamişünaslıq dünya şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Niza­mi Gəncəvinin haqqında ayrı-ayrı dillərdə yazılmış kitablardan və dahi sənətkarın müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən nəhəng bir kitabxana yaratmaq müm­kün­dür. Bu dahi sənətkar haqqında uzun əsrlər ərzində ən çox elmi əsərlər şairin Vətəni Azərbaycanda yaradılmışdır. Azərbaycan – dünya Nizamişünaslıq elminin əsas mərkəzidir. Bununla belə, hansı dildə yazıb-yaratma­sından, hansı ölkədə öyrənilib-oxun­masından asılı olmayaraq, Ni­zami Gəncəvinin əsərləri azərbaycanlı ruhu­nun yüksək bədii ifa­dəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədə­biyyatında Azər­bay­ca­nın qüdrətli təmsilçisi, böyük elçisidir. Azərbaycan xalqı Nizami Gəncəvi kimi ölməz sənətkarı ilə haqlı olaraq fəxr edir.

Dahi şair əsər­lərində elmi, istedadı və zəhmətkeşliyi, mənəvi kamilliyi, insanpərvərliyi var gücü ilə təbliğ etmişdir. Nizami Gəncəvi bu fikirdə idi:

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

Nizaminin fikrincə, şüurlu əmək, məsuliyyət, zəhmət insanı ucal­dan əsas həyati mənbədir. O, yazırdı ki:

Qana qəltan etsə də, səni zəhmət tikanı,

Çalışmaqdan usanma, işə alışdır canı.

Öz halal zəhmətində namuslu insan sayıl,

Həryetənə alçalma, ə laçıb olma sail!

Bir sözlə, Nizami Gəncəvinin zəngin yaradıcılığı indiki və gələcək nəsil­lər üçün də ən faydalı həyat və ədəbiyyat dərsləri, faydalı və ibrətamiz öyüdnamələrdir.

Kimdir Nizami Gəncəvi?

Bu suala verilmiş ən yüksək cavab belədir: Şeyx Nizami!

Qədim dövr və orta əsr fəlsəfi təliminə görə Şeyx ya torpaq sahibi, ya da qəbilə başçısı, yaxud da ruhani atadır. Lakin Nizaminin timsalında Şeyx kəlamı daha çox mənəvi ucalığı fəth etmiş ağıl və kamal sahibi, öz sözlərilə desək, «könül mülkünün sul­tanı» de­məkdir.

Şeyx Nizami Gəncəvi böyük mütəfəkkirdir. Dövlətşah Səmərqəndi onu sadə və təvazökar həyat ke­çirən, çox iti zehinli, bilikli və məlumatlı bir şəxs kimi qiymət­ləndirmişdir. O, şairin yaradıcılığından bəhs edərkən, Nizamini «Xərabatın bülbülü» adlandırmışdır. Xərabat «huşyar adam­ların yığınaq yeridir». Qədim və orta əsr şairləri içərisində Nizami Gəncəvi qədər ağıl və kamalın qüdrətinə möhkəm inam bəsləyən sənətkar tapmaq çətindir:

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

Kimki, yetişmədi ağıldan bara,

Oxşar insan sifət əjdahalara.

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz!

Sələfi Şeyx Əbülqasım Firdovsi, necə deyərlər, hərb və sülh şairi idi. Xələfi Məhəmməd Füzulini bütün dünya qəlb şairi kimi tanıyır. Nizami Gəncəvi cəng ədəbiyyatı ilə, əməllə qəlb arasında ağıl zirvəsidir.

Nizami Gəncəviyə «Pənc gənc» şairi deyənlər də olmuşdur. Bu sözləri onun məşhur «Xəmsə»sinə və özünə də aid edirlər. Yəni yazdığı beş möhtəşəm əsər – «Xəmsə» daima əbədi olaraq gəncdir, təzə-tərdir, köhnəlməyəndir. Yaxud da Nizami Gəncəvinin özü də əsərləri – «Xəmsə»si kimi həmişə cavandır. Nizami Gəncəvi ağıl və idrak şairidir.

Dünya elmi-ədəbi fikrində Homer «kor ozan», Şekspir «faciə usta­dı», Puşkin «rus şeirinin günəşi» adlandırılıb. Ulduzlarla və ayla müqayisə edilən başqa sənətkarlar da vardır. Lakin obrazlı şəkildə desək, təsəvvüredilməz qədər böyük ucalıq sahibi olan Nizami Gəncəvi ədəbiyyatda müəllimlərin müəllimidir:

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dür, daşdan da gövhər çıxarar.

Nizami Gəncəvinin əsərlərində az qala hər beyt aforizm kimi səslənir. «Xəmsə» başdan-başa aforizmlər külliyyatıdır:

. Qələmə gərəkdir elə söz almaq,

Şüurdan, ağıldan olmasın uzaq.

. Doğruya azacıq bənzəyən yalan,

Yaxşıdır yalana bənzər doğrudan.

Əbədiyyət qazanmış Nizami Gəncəvi bizim müasirimizdir. Onun XII əsrdə canlandırdığı böyük ideyalar bu gün üçün də aktual və əhəmiyyətlidir. Bu, bö­yük sənətin ölməzliyinin inkaredilməz gerçəkliyidir. Dahi şairin vaxtilə özünün əbədi şöhrəti haqqında böyük uzaqgörənliklə bəyan etdiyi aşağıdakı fikirlər bu gün üçün də, uzaq gələcək üçün də qəbul edilən obyektiv reallığın

…Dedim: Məni görmək istəsə hər kim,

Beytimdə görünər ona surətim.

…Şeiri oxunanda bu Nizaminin,

Özü də hər sözdə görünər yəqin.

…Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: Burda, burdadır!

Nizami Gəncəvi əbədiyyət qazanmış görkəmli sənətkardır.

Dahi sənətkarın adı onun vətəni Azərbaycanda əbədiləşdirilmişdir. Bakı şəhərində Nizami Gəncəvinin heykəli ucalır. Ölkəmizdə Nizami Gəncəvinin adına məktəblər, muzeylər, küçələr vardır. Müstəqil Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə Moskvada, Pekində, Romada Nizami Gəncəvinin heykəlləri ucaldılmışdır. Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 800, 840 və 850 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunmuşdur.

Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gənc­dir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.

Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır.

Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi bütün zamanların və gələcəyin qüdrətli şairi və böyük mütəfəkkiri kimi əbədiyyət qazan­mış­dır.

İsa Həbibbəyli

Akademik

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Azərbaycan ədəbi dilinin ÜSLUBLARI

Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdir.

Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışlari bir-biri ilə qarışdırmaq olmaz.

Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xaricində mövcud deyildir. Bu ümumidən asılı olaraq onun bir hissəsidir. Bədii yaradıcılıqda hər bir sənətkarın öz üslubunun olması əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallıgını müəyyən edir və onu başqalarından fərqli bir sənətkar kimi tanıdır. Elə buna görədir ki, Səməd Vurğun demişdir: —öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq şair üçün səadətdir! Başqalarından söz, düşüncə və duyğu pərdələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.”

Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil vasitələrindən istifadə edilərkən yaranır. Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm yazıçıların, həm də alim-müəllim və digər qrup ziyalıların böyük xidməti olur.

Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. Üslubiyyatda dilin ifadə vasitələrinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə öyrənilir.

Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üslub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub. Bu üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.

1.Ədəbi dilin bədii üslubu

Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir. Bədii üslub eyni zamanda bədii dil də adlanır.

Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir.

Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu.

Bədii üslubun bu formaları bir sıra cəhətlərinə və əlamətlərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində isə bu ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuşdur).

Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra üslublar da olur; məsələn, qəzəl üslubu; qoşma üslubu; hekayə üslubu; dram üslubu; satira üslubu və s.

Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.

  • Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə hər nə varsa bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla bərabər həmin üslubda sözlərin məna qruplarından — eyni səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif formalı, lakin yaxın məna ifadə edən sözlərdən (antonom) bədii ifadə vasitəsi kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.
  • Sözlərin işlədilməsində. Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları çox müxtəlif formalarda və müxtəlif məqam və vəziyyətdə işlətmək olur.
  • Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda istifadə olunması. Onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və bu cəhətinə əsasən digər üslublardan fərqlənir.
  • Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda bəzi dil vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa bir vasitə bədii qanunlara müvafiq olaraq bədii zərurət əsasında işlənilir. Bədii üslubda sintaktik fiqurlar — ritorik suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da öz növbəsində onu başqa üslublardan fərqləndirir.
  • Fonetik materialın istifadəsində. Bədii üslubda dilin səs sistemi bir növ estetik təsir vasitəsinə çevrilir. Xüsusən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır. Eyni zamanda, səslərin fonetik sıralanması vasitəsi ilə bəzən ifadənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən, bədii üslub üçün xarakterikdir.
  • Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş istifadə olunur. Burada işlənilən hər bir poetik sitat öz vəzifəsinə görə elmi sitatdan fərqlənir. Poetik sitatlar bədii surətlərin nitqini fərdiləşdirmək və s. kimi üslubi cəhətlər üçün işlənilir.
  • Epiqrafların verilməsində. Bədii üslubda epiqraflara tez-tez müraciət olunur. Hər bir epiqraf mətnin əvvəlində verilərək həmin mətnin məzmunu ilə uyğun gəlir. Bunların vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır.

Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obrazlı, emosional və ekspressivdir. Bu üslub başqa üslublara nisbətən xalq danışıq dilinə daha yaxındır. Hazırda Azərbaycan ədəbi dilinin bədii üslubu çox inkişaf etmişdir. Bu üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsasında get-gedə daha da təkmilləşir.

2.Ədəbi dilin elmi üslubu

Fikrin elmi şəkildə ifadə olunması elmi üslub adlanır. Elmi üsluba eyni zamanda elmi dil də deyilir. Elmi üslubda obrazlılıq, emosionallıq olmur. Buraya bütün elmi və metodik əsərlərin dili daxildir.

Azərbaycan ədəbi dilində elmi üslub bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və inkişaf yolu keçirmişdir. Hazırda elmin bütün sahələrinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir.

  • Fikrin elmi izahı. Elm — təbiət və cəmiyyət qanunlarını aydınlaşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir.
  • Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahələrinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə olunur.
  • Sözün həqiqi mənada işlənməsi. Elmi üslub üçün əsas əlamətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda sözlərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə əsasən yol verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən do-laşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.
  • Xüsusi ifadələrin işlənilməsi. Elmi üslubda bu və ya digər məsələ şərh olunarkən “tədqiqat göstərir ki, ” “belə nəticəyə gəlmək olur ki”, “bu nöqteyi — nəzərdən” və s. kimi xüsusi ifadələrdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri ilə bağlı ifadələrdir.
  • Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürəkkəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir.
  • Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif işarələr sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış əsərlərdə transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər.
  • Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi elm sahələrində yunan və latın hərflərinə müraciət olunur.Məsələn, iks (x), iqrik (y) və s.

Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər bir müəllifin fərdi üslubu yaranır. Lakin bu fərdi üslub bədii üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur.

Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid yazılan əsərləri hamı dərk edə bilmir.

Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də eyni üslubda yazılır. Bu növ əsərlər elmi üslubu ictimai-publisistik üsluba yaxınlaşdırır.

3. Ədəbi dilin ictimai-publisistik üslubu

İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi ictimai-publisistik üslub adlanır. Bu üsluba eyni zamanda kütləvi üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, qəzet xülasələrinin və s.dili daxildir.

İctimai-publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Lakin qeyd etməliyik ki, qəzet və jurnallar-dakı məqalələrin hamısı publisistik üslubda yazılmır; orada müxtəlif üslubda yazılan materiallar olur. Elə buna görə də bütün məqalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir: mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a) qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. Bu fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa düşülən sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni terminlər, tərkiblər, qısaltmalar və sairə çox işlədilir.

Azərbaycan ədəbi dilinin ictimai-publisistik üslubu əsasən XIX əsrdə milli mətbuatın meydana çıxdığı dövrdən formalaşmağa başlamışdır.

İctimai-publisistik üslubun janrlara görə müxtəlif qolları olmasına baxmayaraq, bunların hamısının ümumi və digər üslublardan fərqli xüsusiyyətləri vardır. İctimai publisistik üslubun səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:

  • Sözün istehza ilə işlədilməsi;
  • Sarkazmlar yaradılması;
  • Frazeoloji vahidlərdən geniş istifadə olunması;
  • Bədii ədəbiyyatdan sitatlar verilməsi;
  • İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi.

İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Burada xalq danışıq ünsürləri yox olur. Məsələn, —Kirpi” jurnalın-dakı məqalələrin əksəriyyətində istənilən qədər xalq ifadə və tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və s. vardır.

İctimai-publisistik üslubda yazılan oçerklər bunu bədii üsluba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə rəsmi üsluba yaxınlaşdırılır.

4.Ədəbi dilin rəsmi üslubu

Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi üslub adlanır. Buraya bütün dövlət sənədlərinin — protokol, akt, nota, əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir.

Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır.

Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə izahı tələb olunur. Buna görə həmin üslub üçün aşağıdakı cəhətlər xarakterikdir:

  • hər bir məsələ aydın və olduqca qısa izah edilir;
  • artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yer verilmir;
  • ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir.
  • hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur;
  • ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə olunur.

Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dəyişir və inkişaf edir. Sovet dövründə Azərbaycan ədəbi dilinin üslubları hər cəhətdən geniş inkişaf etmişdir və indi də bu iş davam edir.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

  • Teqlər:
  • üslublar
  • , üslubiyyat
  • , Azərbaycan dili
  • , üslub
  • , Azərbaycan dilinin üslubları

Nizami xudiyev azerbaycan edebi dilinin uslublarikitabi

Hər bir dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən onun mənsub olduğu xalqdır. Məşhur ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır.” Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Elmi, bədii, üslubi imkanları ilə sayılıb-seçilən bu dil xalqımızın, mədəniyyətimizin ən dəyərli, orijinal göstəricisidir. Bu məqamda görkəmli türk alimi Mehmet Hengirmenin sözlərini xatırlatmaq yerinə düşər. O yazırdı: “Dil olmayınca düşüncə olmaz. Düşüncə olmayınca da heç bir şey olmaz, millət, yüksəliş olmaz.”

Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.

Dilçi alim, filologiya elmləri doktoru, professor N.Xudiyev yazır: “Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.”

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan . nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi.

Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderimizin atdığı tarixi addımlardan biridir. Bu qanunla idarə, müəssisə və təşkilat adları lövhələrdə ilk növbədə ana dilimizdə, sonra xarici dildə yazılmalıdır. Bu isə Azərbaycan dilinin yüksəlişi, tərəqqisi yolunda daha bir yenilik idi.

Dahi rəhbərin dilimiz haqqındakı yüksək fikirlərinə onun gənclərlə, xüsusilə tələbələrlə görüşlərindəki çıxışlarında tez-tez rast gəlirik. Tələbələrlə görüşlərinin birində ulu öndər Heydər Əliyev demişdir: “Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz.”

Hər bir xalqın milli varlığının təcəssümü, daşıyıcısı olan doğma dilin tərəqqisinin, statusunun, işlənmə dairəsinin yüksək səviyyədə təsbit olunması müstəqil dövlət quruculuğu prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində ən vacib faktorlardan biridir. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Ulu Öndərin azərbaycançılıq təlimində ana dilinin roluna verilən aşağıdakı qiymət, irəli sürülən dəyərli tövsiyələr bu baxımdan xarakterikdir: “Hər bir Azərbaycan gənci. birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin.”

Dilimizin inkişafı, sürətli tərəqqisi istiqamətində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Lakin bu yazıda biz görülən işlərə çox qısa nəzər saldıq. Deyilənlər bir daha göstərir ki, XX yüzilliyin ikinci yarısında və əsrimizin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin intellekti, uzaqgörən siyasəti, dönməz fəaliyyəti sayəsində ana dilimizin hərtərəfli inkişafı və dövlət dili statusu təmin edilmişdir.

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Biz inanırıq ki, yetişən gənc nəslin və ümumiyyətlə, Azərbaycan xalqının bacarıq və iradəsi ilə dilimiz daha da inkişaf edib zənginləşəcək və bütün dünyada beynəlxalq danışıq dilinə çevriləcəkdir.

Rəşad Zülfüqarov,

AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru

Comments are closed, but trackbacks and pingbacks are open.