NƏŞRİYYAT İŞİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 1 APREL TARİXLİ 583-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər.
“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343; 2013, № 5, maddə 483; 2017, № 2, maddə 143) aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilsin.
2. 25-ci maddə ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.
XƏBƏRLƏR 18 mart 2023
19:10
XƏBƏRLƏR 18 mart 2023
19:10
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm.
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:00
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər 18 mart 2023, 19:00
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
18:55
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar 18 mart 2023, 18:55
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
18:50
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib 18 mart 2023, 18:50
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:21
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti.
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti.
SƏNƏDLƏR Müraciətlər 17 mart 2023
19:15
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz.
SƏNƏDLƏR Sərəncamlar 17 mart 2023
15:28
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra.
SƏNƏDLƏR Fərmanlar 17 mart 2023
15:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı.
© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
- FAQ
- Sayt haqqında
- 2007-2010-cu illərin materialları
“NƏŞRİYYAT İŞİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 1 APREL TARİXLİ 583-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 583-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2008-ci il.
Nəşriyyat işi.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 581)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Nəşriyyat işi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:
nəşriyyat – əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi;
dövlət nəşriyyatı – dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri;
qeyri-dövlət nəşriyyatları – xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar;
nəşriyyat işi – nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi;
naşir – nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs;
nəşriyyat məhsulu – çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu;
çap məhsulu – poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu;
nəşriyyat məhsulunu istehsal edən – nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki və ya hüquqi şəxs;
yayıcı – nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və ya hüquqi şəxs;
sifarişçi – maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs;
tiraj – nəşr nüsxələrinin miqdarı;
kitabın beynəlxalq standart nömrəsi (İSBN) – hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;
nəşr – nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu;
redaktə – nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması;
nəşriyyat redaksiyası – nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə;
redaktor – nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis;
nəşriyyat proqramı – nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə;
zəruri nəşrlər – siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər;
nəşriyyat işinin subyektləri – nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları;
kitabın pirat nüsxəsi – “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kitabın hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan nüsxəsi. [1]
Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri
Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi;
nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi.
Nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması;
əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablara təmin etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması;
nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab yayımının təmin edilməsi;
idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi;
milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması;
mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi; [2]
uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən edilməsi;
milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi;
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında həyata keçirilməsi;
Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədilə xarici dillərdə buraxılan zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi.
Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 4. Nəşriyyat işinin sərbəstliyi
Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir.
Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur.
Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcılar tematik plan və proqram hazırlamaqda, mövzu və müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərlə əlaqə formalarını müəyyənləşdirməkdə tam sərbəstidirlər.
Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər.
Maddə 5. Nəşriyyat işinin sərbəstliyindən sui-istifadənin yolverilməzliyi
Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və digər qanun pozuntularına çağırışlara yol verilmir.
II fəsil
Nəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ
Maddə 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati-hüquqi formaları
Nəşriyyat işi sahəsində fəaliyyət mülkiyyətin bütün növlərinə əsaslanan müxtəlif təşkilati-hüquqi formalarda həyata keçirilə bilər.
Maddə 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı
Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar.
Maddə 8. Təsisçi (həmtəsisçi)
Hüquqi və fiziki şəxslər nəşriyyatların, poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri (həmtəsisçiləri) ola bilərlər. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə müəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola bilərlər.
Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir.
Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi iştirak edir.
Təsisçi eni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər.
Maddə 9. Nəşriyyatın (naşirin) hüquq və vəzifələri
Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır:
nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək;
nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında paylaşdırmaq;
nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönünə) uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək;
müəlliflərlə müəllif müqavilələri bağlamaq;
müəlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə müəllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək;
xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr bağlamaq;
çap məhsulunun hazırlayanı və yayıcısı qismində çıxış etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək;
nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək;
müəyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək.
Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır:
istehlak ehtiyaclarının ödənilməsini təmin etmək;
öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək;
müəlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;
nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatı müəyyən olunmuş qaydada təqdim etmək.
Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və vəzifələr daşıyır.
Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər.
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam məsuliyyət daşıyır.
Nəşriyyat dövri mətbu orqanın təsisçisi kimi çıxış etdikdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun normalarına əməl etməlidir.
Maddə 10. Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri
Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər.
Nəşriyyat məhsullarını istehsal, edən poliqrafiya müəssisələri nəşriyyatdan və naşirlərdən daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə bilərlər.
Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə ilə müəyyən edilir.
Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl etməlidir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, maket və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə, habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz.
Maddə 11. Sifarişçinin hüquq və vəzifələri
Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat məhsulunun sifarişçisi ola bilər.
Sifarişçi qismində müəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları nəşriyyatı (naşirə) təqdim edə bilər:
belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər;
çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr;
mətnli və mətnsiz musiqi əsərləri;
dram, musiqili dram əsərləri;
tətbiqi sənət əsərləri;
fotolar, illüstrasiyalar, xəritələr, planlar, eskizlər;
tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri və əsasında törəmə əsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri;
almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular;
Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir.
Naşir nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər.
Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə müəyyən edilir.
Maddə 12. Xüsusi şərtlər
Naşir, müəllif, çap məhsulunu hazırlayan poliqrafiya müəssisəsi və onun yayıcısı olan kitab ticarəti təşkilatları öz müqavilə öhdəliklərində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan xüsusi şərtlər də müəyyən edə bilərlər.
Maddə 13. Mühafizə prinsipli sənədlərin nəşri
Dövlət əhəmiyyətli sənədlərin, qiymətli kağızların, nömrəli çap məhsullarının nəşrinin qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 14. Nəşrdən imtina
Müqavilə öhdəliklərinin pozulma faktının məhkəmə tərəfindən müəyyənləşdirildiyi hallardan başqa, heç kəs nəşriyyatı (naşiri) çapından imtina olunmuş əlyazmaları, yaxud digər materialları çap etməyə məcbur edə bilməz.
Maddə 15. Müəllif nəşrləri
Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif redaktəsi ilə çap etdirə bilərlər.
Maddə 16. Nəşriyyat məhsulunun buraxılışı
Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər) nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu buraxa bilməzlər.
Maddə 17. Nəşriyyat işi sahəsində reklam [4]
17.1. Mülkiyyət formasından asılı olmayaraq reklam yayıcısı nəşriyyat məhsullarındakı reklam yerinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.
17.2. Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).
17.3. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə alkoqollu içkilərin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə, həmçinin onlara aid olmayan əmtəələrin reklamı yerləşdirilə bilməz.
17.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
17.5. Dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.
17.6. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
17.7. Audiovizual məhsulların qabının üzərində “reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır.
17.8. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr materiallarına həmin Qanunun tələbləri şamil olunmur.
Maddə 18. Buraxılış məlumatı
Hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır:
nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə tarixi; [5]
buraxılış yeri və ili;
əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix;
şriftin növü (qarnituru);
qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi.
Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır.
Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.
Maddə 19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ
19.1. Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar yaradılmış məhsul üzərində əqli mülkiyyət hüququ nəşriyyata (naşirə) məxsusdur.
19.2. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin elektron və kağız daşıyıcılarda nüsxələrinin qeyri-qanuni hazırlanması (istehsalı) və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlər “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [6]
Maddə 20. Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti
Nəşriyyat və nəşriyyat işinin subyektləri:
müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına;
naşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam etdirilməsinə;
dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət daşıyır.
Nəşr olunmuş, müəlliflik hüququ ilə qorunan obyektlərin hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.
Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət standartlarını pozaraq buraxılış məlumatları olmadan nəşrinə yol vermiş fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməyə borcludur. [7]
Maddə 21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi
təsisçinin qərarı ilə;
bu Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda məhkəmənin qərarı ilə xitam verilə bilər.
Maddə 22. Məcburi nüsxələr
Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara , ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir. [8]
Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir.
Maddə 23. Nəşriyyat məhsullarının yayım qaydası
Müəlliflik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, çap məhsulunun yayımı naşir, yaxud onun nümayəndəsi buraxılışa icazə verdikdən sonra mümkündür.
Nəşriyyat məhsulunun yayımı aralarındakı razılaşmaya əsasən təsisçi, naşir, nəşriyyat məhsulunu hazırlayan və müəllif tərəfindən, yaxud müqavilə və ya digər qanuni əsaslarla hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
Maddə 24. Nəşriyyat işinin maliyyələşdirilməsi
Nəşriyyat işinin subyektləri:
dövlət büdcəsindən qanunvericilikdə müəyyən edilmiş ayırmalar;
hüquqi və fiziki şəxslərin ianələri;
dövlət və ictimai təşkilatlardan ayrılmış qrantlar;
nəşriyyatların (naşirlərin) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər;
qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilərlər.
Maddə 25. Dövlət Kitab Palatası [9]
Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını, onların biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət statistikasının aparılmasını Kitab Palatası həyata keçirir. Kitab Palatası öz nizamnaməsi əsasında fəaliyyət göstərir və dövlət büdcəsindən maliyyələşdirilir.
Kitab Palatası özəlləşdirilə bilməz.
Maddə 26. Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündə əks etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat müəssisəsidir.
Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycanın Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir.
Azərbaycan Milli Ensiklopediyası:
dövlət proqramına uyğun olaraq milli-universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat və sorğu kitablarının, müxtəlif lüğətlərin nəşrini həyata keçirir;
öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;
ölkədə universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat ədəbiyyatının nəşrini koordinasiya edir;
Azərbaycanı təbliğ edən informasiyaları toplayır, hazırlayır və onların ölkə daxilində və xaricdə yayılmasını təmin edir, informasiya mübadiləsi ilə məşğul olur;
ensiklopedik nəşrlərdə bağlı beynəlxalq tədbirlərdə, sərgi və yarmarkalarda iştirak edir.
Dövlət təşkilatları, elmi müəssisələr Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları təqdim etməlidirlər.
Maddə 27. Kitabxana Kollektoru
Kitabxana Kollektoru aşağıdakı vəzifələri həyata keçirir:
dövlət proqramına uyğun olaraq nəşr olunmuş kitab məhsulları ilə dövlət və qeyri-dövlət kitabxanalarının fondlarını zənginləşdirir;
elm və təhsil müəssisələrinin, dövlət təşkilatlarının, idarə və müəssisələrin, özəl qurumların, icra hakimiyyəti orqanlarının, bələdiyyələrin sifarişləri əsasında nəşriyyat məhsullarını əldə edərək onların kitabxanalarının təchiz olunmasına köməklik göstərir;
kitabxanaların və oxucuların nəşriyyat məhsullarına olan tələbatını öyrənir, bu sahədə sosioloji sorğular aparır və onun nəticələri barədə əlaqədar təşkilatlara məlumat verir;
öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün mülkiyyət formasından asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;
xarici ölkələrin kitabxana kollektorları ilə əməkdaşlıq edir, qanunvericilikdə müəyyən olunmuş qaydada nəşriyyat məhsullarının ölkəyə gətirilməsini və xaricə göndərilməsini təmin edir.
III fəsil
Yekun müddəaları
Maddə 28. Beynəlxalq əməkdaşlıq
Nəşriyyat işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət
Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri, 30 may 2000-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709)
2. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)
3. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
4. 1 aprel 2008-ci il tarixli 583-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103)
5. 1 aprel 2008-ci il tarixli 583-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 343)
6. 30 aprel 2013-cü il tarixli 637-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 483 )
7. 30 dekabr 2016-cı il tarixli 480-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 fevral 2017-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 143 )
8. 1 fevral 2019-cu il tarixli 1479-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 377 )
9. 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 aprel 2013-cü il tarixli 637-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 48 3 ) ilə 1-ci maddənin iyirminci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə iyirmi birinci abzas əlavə edilmişdir.
[2] 6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 709) ilə 3-cü maddənin ikinci hissəsinin onuncu abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
ixtisaslaşmış nəşriyyatlar arasında qapalı tender keçirməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi;
[3] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 7-ci maddənin ikinci hissəsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət əhəmiyyətli sənədlərin, uşaq ədəbiyyatının, dərsliklərin, elmi, elmi-texniki kitabların, tərcümə ədəbiyyatının, ensiklopedik nəşrlərin hazırlanması ilə məşğul olan ixtisaslaşmış nəşriyyatlar (naşirlər), nəşriyyat məhsulunu istehsal edənlər və yayıcılar dövlət qeydiyyat rüsumunu güzəştli qaydada ödəyirlər.
[4] 30 dekabr 2016-cı il tarixli 480-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 fevral 2017-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 14 3 ) ilə 17-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və yaxud güzəştli şərtlərlə reklam oluna bilər.
[5] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 18-ci maddəsinin birinci hissəsinin ikinci abzasından “xüsusi razılığın nömrəsi və verilmə tarixi” sözləri çıxarılmışdır.
[6] 30 aprel 2013-cü il tarixli 637-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 483 ) ilə 19-cu maddənin mətni 19.1-ci maddə hesab edilmişdir və Qanuna 19.2-ci maddə əlavə edilmişdir.
[7] 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882 ) ilə 20-ci maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[8] 1 aprel 2008-ci il tarixli 583-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103) ilə 22-ci maddəsinin birinci hissəsində “Kitab Palatasına,” sözlərindən sonra “Azərbaycan Mətbuat Şurasına,” sözləri əlavə edilmişdir.
1 fevral 2019-cu il tarixli 1479-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 377 ) ilə 22-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilmişdir.
[9] 1 fevral 2019-cu il tarixli 1479-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 377 ) ilə 25-ci maddə ləğv edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.