Press "Enter" to skip to content

Orta dövr azrbaycan dbiyyatı

Anın üçün gedərsə başum bənüm.

Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 1-ci hissə

Uzaq keçmişdən Azərbaycanın zəngin təbii sərvətlər diyarı olması barədə tarixçilər, salnaməçilər və səyyahlar maraqlı məlumatlar verirlər. Apadığımız tədqiqatlar göstərir ki, ölkəmizin qədim və orta əsrlər dövrünə aid zəngin təbiəti Azərbaycana səfər edən səyyahların və salnaməçilərin diqqərtini özünə cəlb edib. Qeyd etmək lazımdır ki, hələ eramızdan əvvəl V əsrdə yaşamış, “Tarixin atası” sayılan qədim yunan tarixçisi Halikarnaslı Herodot (e.ə 484-425-ci illər) özünün 9 kitabdan ibarət məhşur “Tarix” əsərində Azərbaycanın da qədim tarixinə nəzər yetirmiş, yaşadığı dövrdə əhalinin ətraf mühitə münasibəti ilə bağlı maraqlı fikirlər söyləmişdir. Məsələn, o, mağların adamlardan və itlərdən başqa bütün heyvanları öldürdüklərini, Misir kahinlərindən fərqli olaraq, ölüləri əvvəlcə vəhşi quşların və itlərin ixtiyarına verdiklərini, yalnız sümükləri dəfn etdiklərini qeyd edir (1, s.125). Bununla mağlar sanitariya baxımdan ətraf mühitin qayğısına qalıblar. Biz, buna sonralar zərdüştilərin fəaliyyətində də rast gəlirik [2].

Herodot massagetlərdən bəhs edərkən onların taxıl əkmədiklərini vurğulayır, maldarlıqla və balıq ovlamaqla dolandıqlarını və bir də süd içdiklərini qeyd edir: “Onların səcdə etdikləri bircə Allah var ki, o da Günəşdr. Onlar Günəşə ən yaxşı atı qurbanı kəsirlər və bunun mənasını belə yozurlar ki, dünyada ən sürətli Allaha ən bərk yerişli heyvanı qurban vermək lazımdır” Herodot massagetlərlə bağlı başqa maraqlı bir məsələyə toxunur. Onun məlumatına görə massagetlər insan ömrü üçün heç bir hədd qoymurdular. Lakin, qocalana qədər ömür sürən adamı bütün qohumları yığılıb qurban kəsir, ətini isə başqa qurbanlıq heyvan əti ilə birlikdə bişirib yeyirdilər. “Belə ölüm onlarda böyük xoşbəxtlik hesab edilir. Hər hansı xəstəlikdən ölmüş adamı isə yeməyiblər, torpağa tapşırıblar. Bununla yanaşı, yaşlı olub xəstəlikdən ölənləri qurban kəsmək mümkün olmadığı üçün beləsini bədbəxtlik sayırlar”[1, s.93]. Burada da massagetlər, mağlarda olduğu kimi ətraf mühitdə xəstəliklərin yayılmamasının qarşısını almaq üçün ölü heyvanları, yaxud adamları yeməkdən çəkinib torpağa basdırıblar.

E.ə. 64 – b.e.-nın 24-cü illərində yaşamış yunan coğrafiyaçısı və tarixçisi Starbonun “Coğrafiya” əsərində Azərbaycanla bağlı oxuyuruq: “bu torpaq nəinki, cürbəcür bostan məhsulları, həm də hər cür bitkilər yetişdirir, həqiqqətən orada, hətta həmişəyaşıl bitkilər yetişir. Həm də torpaq heç bir xırda qulluq tələb etmir.” Torpağın münbitliyi, məhsuldarlığı da antik dövr tarixçisinin diqqətini cəlb etmişdir: “Üzüm tənəklərinin dibini orda heç vaxt axıradək belləmirlər və yalnız beş ildən bir budayırlar. Cavan tənəklər artıq ikinci il məhsul verir, yetkinliyə çatanda isə artıq o qədər salxım gətirir ki, onların çox hissəsini saxlamaq lazım gəlir”[3].Münbit torpaq qidalı maddələrlə zəngi olduğu üçün buradakı bitkilərlə qidlanan heyvanın balaverimi (çoxalması) ehtimalı da çox olur. Qida rasionu tərkibcə zəngin və müxtəlif olan heyvanlar, həm sağlam və gümrah, həm də nəsilartırması baxımdan davamlı olurlar. “Mal-qara, ev heyvanları da, çöl heyvanları da onların ölkəsində yaxşı çoxalır”, deyəndə Starbon bunu nəzrdə tuturdu. O, bu ölkədə bir çox zəhərli sürünənlər, həmçinin əqrəblər və zəhərli hörümçəklər olduğunu göstərir.

Nizamülmülk. XI əsrdə yaşamış və dövlət işlərində yüksək mənsəb sahbi olmuş Xacə Nizamülmülk Həsən ibn Əli səlcuq sultanlarından Alp Arslan (1063-1072-ci illər) və Məlik şahın (1072-1092-ci illər) vəziri vəzifəsində çalışıb və Səlcuqilər dövlətinin inkişafında çox böyük işlər görüb.

Nizamülmülkün dövrünün hökmdarlarını və məmurlarını tərbiyə etmək məqsədilə yazdığı “Siyasətnamə” kitabı sonrakı yüzilliklərdə də şahların dövləti ədalətlə idarə etmələrində, əhaliyə münasibətlərində mühüm əhəmiyyətə malik olub. Bu əsər tarixən heç vaxt qiymətini itirməyib, hüquq və vəzifəsindən asılı olmayaraq əhalinin mənəvi cəhətdən formalaşmasında sözünü deyib. İnsan ekologiyası baxımından onun bu əsəri tarixi əhəmiyytə malikdir. Örnək gətirdiyimiz nümunələr də bunu sübut edir. Məsələn, Nizamülmülkə görə Şah – dünyanın abadlığı ilə məşğul olmalı, kəhrizlər çəkdirməli, arxlar qazdırmalı, böyük çaylar üzərində körpülər saldırmalı, kəndləri abad etməli, qalalar ucaltmalı, yeni şəhərlər saldırmalı, yüksək binalar, gözəl malikanələr tikdirməli, böyük cadələrdə (böyük karvan yollarında) karvansaralar yaradılmasına əmr etməlidir. “Bu işlərdə onun adı əbədi olaraq qalar, savabı isə o dünyaya çatar, ona həmişə xeyir-dua oxunar” [4, s.33]. O, tövsiyə edirdi ki, “xidmətçilərdən kim yaxşı bir iş gördüsə, dərhal onu tərifləmək və mükafatlandırmaq, kim səbəbsiz olaraq səhv etsə, nöqsan buraxsa qulaqburması vermək lazımdır ki, qulların işə həvəsi artsın, günahkarın canına qorxu düşsün, işlər düz getsin…”[4, s. 116].

Nizamimülk ehtiyac olmayan qulları incitməyi lüzumsuz sayır və hesab edirdi ki, “Şahlar Allahı razı salmalıdırlar, Allahın (adı böyük olsun) razılığı ilə xalqa ehsan vermək, onlar arasında yayılan ədalətlə olar” [4, s.34]. O, deyirdi: “Elə ki, rəiyyət itaət edib öz işləri ilə məşğul olmağa başladı, onları incitmək olmaz, rahat güzaran keçirmələrinə imkan yaradılmalıdır” [4, s.32].

Nizamülmülkün dövlət başçılarına tövsiyyələrindən biri də ölkənin rifahı üçün çalışan, iqtisadi cəhətdən özü ehtiyac içində yaşayan əkinçiyə kömək göstərməklə bağlıdır: “Rəiyyətdən biri yoxsullaşıb, öküzə, toxuma ehtiyacı olsa, ona əl tutub borc vermək, yükünü yüngülləşdirmək lazımdır ki, yerində qalsın, evini tərk edib, qürbət vilayətlərə getməsin… Rəiyyətdən nə isə artıq alınsa, onu dərhal geri qaytarmaq və rəiyyətə verdirmək lazımdır. Belə iş tutanların öz malı müsadirə edilməlidir ki, başqalarına ibrət olsun və əluzunluq etməsinlər [4, s.41-42].Nizamülmülk dövlətin möhkəm olması və inkişafında başlıca amillərdən biri kimi onun başında dayanan şəxsin bilik səviyyəsini və yaxşı ənənələrini əsas götürürdü: “Onun biliyi elə məşələ bənzər ki, ondan çoxlu işıq yaranar və xalq bu işıqlı yolu tapıb, zülmətdən xilas olar” [4, s.33]. O,qeyd edirdi ki,padşah hər kəsi necə gəldi cəzalandırmamalı, eləcə də cinayətkara layiqli cəza verməlidir ki, digərləri üçün ibrət olsun: “Çarə yoxdur, padşah ən azı həftədə iki gün şikayətə baxıb zalımlara cəza verməli, bilavasitə öz qulağı ilə rəiyyətin sözünü eşitməlidir. Elə ki, şahın həftədə iki dəfə məzlumları, şikayətçiləri qəbul edib onlara qulaq asmaq xəbəri ölkədə yayıldı, bütün zalımlər vahiməyə düşüb yerlərində rahət oturar və cəzanın qorxusundan heç kəsə əziyyət verməyə cəsarət etməzlər” [4, s.35]. Təkcə hökmdarlar deyil, məmurlar da, varlı-imkanlı adamlar da öz ölkəsində nüfuza malik olmalı, xalq arasında hörmət qazanmağı bacarmalıdırlar. O, bununla həmçinin padşahın etimadını qazanmış olur: “Dövlətli olan bir şəxs şahdan fəxri fərman almaq, xalq içərisində hörmət qazanıb “böyük”, “ağsaqqal” çağrılmaq istəyirsə, hər gün süfrə açmalıdır. Dünyada kim ad qazanıbsa, çoxu çörək verməkdən qazanıb” [4, s.116].

Azərbaycanın ekoloji mühiti və təbii sərvətlərinin qədim və orta əsrlərdəki vəziyyəti barədə ölkəmizə səfər etmiş bir çox səyyah və tarixçilər, şair və yazıçılar öz müşahidələri, səfərnamələri ilə maraqlı və zəruri məlumatlar qoyub getmişlər. Araşdırmalarımız nəticəsində əldə etdiyimiz bu məlumatlardan bəzilərini təqdim edirik.

İstəxriİbn Haqvəl. X-X əsr ərəb səyyahları İstəxri və İbn Haqvəl Azərbaycanın ixracatında mühüm əhəmiyyətə malik nadir boyaq – qırmız haqqında məlumat verirlər. Səyyahlara görə, bu qəribə həşərat təbii boyaq alınmasında yaxşı xammaldır.Həmin həşərat növləri Kürün dənizə töküldüyü yerin qarşısındakı və Xəzər dənizində yerləşmiş adalarda çox olur. Onlar Bərdə ərazisində də qeyd edilib [5, s.36-42[.

Marko Polo. Orta əsrlərdə Azərbaycanda olmuş müxtəlif ölkə səyyahları öz qeydlərində burada təbii sərvətlərdən istifadəyə və təbii ətraf mühitin real vəziyyətinə də toxunublar. Məsələn, italyan səyyahı Marko Polo (XII əsr) Xəzər dənizində çoxlu balıq olduğunu qeyd edir: “Bu dənizdə, çayların ağzında çoxlu balıq olur. Nərə balığı, qızıl balıq və başqa böyük balıqlar çoxdur”[5, s.69[.

Rubrik Vilehelm.XIII əsr flamand səyyahı rahib Rubrik Vilehelm Kür çayında “əla qızıl balıqlar olduğunu” bildirir.

Professor Ə.Əlizadə orta əsr mənbələrinə istinadən Azərbaycanın müxtəlif bölgələrində yeraltı sərvətlərdən biri kimi suvarma işlərində kəhrizlərdən istifadə olunduğunu yazır. O, H.Qəzvinə istinad edərək, təkcə Təbriz şəhərində kəhrizlərin sayının 900-dən çox olduğunu bildirir [6, s.41]. Qeyd etmək lazımdır ki, hazırda ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində yüzlərlə bu cür kəhrizlər fəaliyyət göstərirdi. İndi onların taleyi qaranlıqdır.

XII-XIV əsrlərdə Azərbaycan özünün təbii ehtiyatları ilə şöhrət qazanmışdı. Ölkədə faydalı qazıntılardan qızıl, gümüş, neft, mis, qurğuşun, civə və s.-nin bol ehtiyatı var idi. Orta əsrlərdə Bakı neftinin sorağı hər yerə yayılmışdı. Hələ X əsrdə Bakı nefti dünyanın müxtəlif ölkələrinə daşınırdı. Bundan başqa, Bakı duz mədəni kimi də tanınırdı. Onların istismarından xeyli gəlir əldə olunurdu[6, s.25-29]. Ölkənin münbit torpağı, əverişli iqlim şəraiti ölkədə mədəni bitkilərin inkişaf etdirilməsinə şərait yaradırdı. Şəhər və kəndlərdə meyvə və giləmeyvə, bostan və texniki bitkilər əkilirdi. Yabanı meyvə ağaclarından ibarət meşə sahələri geniş yayılmışdı[6, s.60-65].

Əbdürrəşid Bakuvi. XIV-XV əsrlərdə yaşamış Şərqin tanınmış səyyah, coğrafiyaşünas və astronomu Əbdürrəşid Bakuvi Azərbaycanın təbii şəraitindən, onun son dərəcə zəngin maddi nemətlərindən bəhs edərək çoxlu məlumatlar verib. Məsələn, Güney Azərbaycanda müalicəvi əhəmiyyətli isti və soyuq mineral suların, əkinə yararlı torpaqların və bol su sərvətinin, faydalı qazıntılardan mis, dəmir, malxit, göydaş, lazurit və s. olduğunu qeyd edir. O, eyni zamanda Quzey Azərbaycanın təbiətindən bəhs edərək, öz doğma şəhəri Bakı və Abşeron haqqında çoxlu məlumatlar verib. Bakıda güclü küləklərin əsməsindən danışan müəllif qeyd edir ki: “Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə, burada ildə 200 dəvə yükündən çox neft çıxarılır.”

Bakı ətrafı təbii sərvətlərə toxunan Ə.Bakuvi yazır: “Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər”[7, s.87-89]. Azərbaycandafaydalı qazıntı yataqlarının bol olduğunu digər qaynaqlar da təsdiq edir.

Həmdulla Qəzvini. Tanınmış orta əsr coğrafiyaçısı – kosmoqraf Həmdulla Qəzvini “Nüzətül qülub” əsərində metal və mineralların çıxarıldığına toxunub:

Dəmir – Aranda Gəncə yaxınlığında və Azərbaycan hüdudunda Kələnbər yaxınlığında mədənləri var.

Mis – Bu metal çıxarılan mədənlər olduqca çoxdur, öz məhsuldarlığına görə ən tanınmışları isə Gilan və Azərbaycandır. Azərbaycanda Səbəlan dağı (Savalan-müəll.) yanında çox gözəl mis verən mədən var.

Xalsedon – Azərbaycanda xalsedon mədəni Dizmardadır; orada su qayanın içindən çıxaraq donub buza çevrilir və daş kimi bərkiyir.

Yaqut – Azərbaycan dağlarının hündür bir yerində mədəni var, ancaq burada çıxarılan yaqutlar sütül olub, maviyə çalan qara rəngdədir. Buna görə böyük qiymətə getmir.

Lyanis – lazur (lazurit – qiymətli daş). Dizmarda onun mədəni var.

Neft – Neft quyuları çoxdur və onlardan ən çox yanacaq verəni Bakıdadır. Burada torpaqda dayaz quyular qazıb neftli laya çatırlar və bu quyulara vurulan su nefti basıb yuxarı qaldırır. Mənbədə həmçini, ölkədəki dağların da adı çəkilir [8, s. 191]. Səbilan (Savalan), Səhənd, Siyahkuh (Qaradağ), Qəbələ, Gülüstan dağlarının coğrafiyası və təbiəti yığcam təsvir olunur. Təəssüf ki, müəllif ərazidəki digər məhşur dağlar barədə heç bir məlumat vermir.

Ə.Bakuvi Pirallahı adasını təsvir edərkən, şəhərin yaxınlığında sakinlər tərəfindən suiti ovlandığını yazır: “Onun dərisini çıxarır, yağını əridirlər, həmin yağı çıraqlara töküb yandırırlar. Dərisindən tuluq hazırlayıb neftlə doldurub gəmilərlə başqa ölkələrə göndərirlər”. Ə.Bakuvi indi yalnız qoruq ərazisində saxlanan ceyranların bu adada böyük sürülərini xüsusi qeyd edir: “Orada çoxlu ceyran var, bu qədər ceyran heç yerdə yoxdur” [7, s. 91]. O, Azərbaycanın ayrı-ayrı bölgələrinin təbiətinə də diqqət yetirib. Səyyah, Şirvanın dağları, mağaraları və bitki örtüyünə toxunaraq qeyd edir ki, burada “tülkü yumurtası” adlanan təəccüblü bitki var: “Həmin bitki iki yumurtaya oxşayır, biri soluxmuş, o biri isə təzədir. Soluxmuş yumurta cinsi əlaqəni zəiflədir, o birisi isə əksinə qüvvətləndirir”. Müəllif burada yalnız bitkinin adı və yayıldığı yeri deyil, müəyyən morfoloji xüsusiyyətlərini və müalicə əhəmiyyətini də qeyd edir. Ola bilsin ki, bitki haqqında ümumi anlayışlar bioloji baxımdan səhvdir. Şübhəsiz, bitkinin adı yerli xarakter daşıyır. Hər halda tanınmış səyyahın diqqəti ölkənin florasının zənginliyinə yönəltməsi maraqlıdır. Həmçinin Ə.Bakuvi Şabranda rəng almağa yararlı müxtəlif boyaq otlarının, Gəncə şəhəri yaxınlığındakı dağlarda Suriya tutuna oxşayan “hur” adlı bitkinin olduğunu yazır. O, hur bitkisinin qara ciyər xəstəliyinə faydasını bildirir. Bizə görə, hur bitkisinin adı da sakinlərin işlətdiyi yerli addır.

Bu gün daha çox Abşeronda geniş becərilən zeytun ağaclarının o vaxt Bərdə ərazisində böyük plantasiyalarının mövcudluğunu qeyd edən Bakuvi, müharibələr nəticəsində işğalçıların vaxtaşırı hucumları və yerli əhalinin neqativ təsirindən zeytunun tamamilə sıradan çıxdığını bildirir. Bərdə ətrafında çətin keçilən sıx meşələr və bu meşələrdə bol yabanı meyvələr olduğundan bəhs edir. Muğan düzünün təbii otlaqlarının, çəmənliyin çoxluğu da Bakuvi tərəfindən diqqətdən yayınmayıb. Naxçıvanın təmiz havası, şəfalı suyu barədə məlumat verən səyyah burada sıx meşə örtüyündən danışır 9, s.94-95]. Təəssüf ki, hazırda onun izləri xeyli məhdud formada Biçənək aşırımında qalıb.

Kirakos. Gəncəli Kirakos “Ermənistan tarixi” əsərində Muğan düzənliyinin varlı, bərəkətli, hər cür nemətlə dolu (su, ağac-bitki, meyvə, ov-heyvan) ilə dolu təbiətini qisaca xarakterizə edir[8, s.180]

Moisey Kabankatuklu. Alban tarixçisi Moisey Kabankatuklu Arran (Albaniya) torpağının münbitliyi və yeraltı sərvətləri haqqında yazır: “Uca, Böyük və Kiçik Qafqaz dağının qoynunda yerləşən Albaniya ölkəsi öz saysız – hesabsız təbii sərvətləri ilə həddindən artıq gözəl və heyranedici bir məmləkətdir. Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından axır, iri və xırda balıq gətirb sularını Xəzər dənizinə tökür. Çayın sahilləri boyu münbit çöllərində külli miqdarda taxıl və üzüm, neft və duz, ipək və pambıq, çoxlu zeytun ağacları var. Dağlarında qızıl, günmüş, mis və oxra çıxarılır. Vəhşi heyvanlara gəldikdə, burada şir, bəbir, panter, çöl eşşəyi, çoxlu quşlardan isə qartallar, qırğılar və buna bənzərlər var. Ölkənin paytaxtı əzəmətli Bərdədir.” [10]

Ziya Bünyadov. Akademik Ziya Bünyadov Arranda yaxşı suvarma sisteminin olduğunu göstərir və bununla əlaqədar Kür çayı sahilindəki torpaqların çox yaxşı dənli bitkilər və bağ-bostan məhsulu verdiyini qeyd edir[11] O, orta əsrlərə aid mənbələrə (Əbu Diladi, Əl-Biruni, Həmdullah Qəzvin, Əl-Bakuvi və b.) istinadən Azərbaycan Atabəylər dövlətində faydalı qazıntıların çıxarılması işinin hazırda eyni mineral və metalların çıxarldığı yerlərdə aparıldığını söyləyir. Qeyd olunur ki, bu dövrdə Azərbaycanda (Gəncə, Urmiya, Gədəbəy, Təbriz, Şiz, Bakı, Mərənd, Naxçıvan, Dizmar, Bəyz) çoxlu mis, malaxit, lazurist, dəmir, civə, neft, arsen, qurğuşun, kolçedan, daş duz, rubin, qırmızı zəyin ehtiyatı var idi. Müəllif həmçinin bu dövrdə Azərbaycanın məhşur müalicə əhəmiyyətli mineral suları (isti bulaqlar, kükürdlü-yodlu sular ) və dərman bitkiləri haqqında da məlumat verir, onların əsasən Şirvan, Gəncə, Xoy, Təbriz, Marağa və başqa bölgələrdə olduğunu göstərir [12].

Adam Oleari. XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı maraqlı müşahidələrindən birində qeyd edir: “Biz, bir neçə böyük sürü-tabun vəhşi heyvan gördük. Türklər (azərbaycanlılar) onu “ceyran”, farslar isə “ahu” adlandırırlar. Bu heyvanlar görünüşcə demək olar ki, maral kimidirlər. Lakin, rəngləri qırmızıdır və buynuzları çıxıntılı deyil, keçi buynuzları kimi arxaya yatıqdır. Çox bərk qaçırlar. Deyirlər ki, ceyrana ancaq Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağa tərəflərdə olur” [7].

Göründüyü kimi, alim gündəliyində təsvir etdiyi heyvanın adını çəkməklə kifayətlənməyib, həm də morfoloji əlamətlərini, davranış xarakterini, yayılma arealını dəqiq görsədməyə çalışıb. Buradan məlum olur ki, ceyran vaxtilə Azərbaycanın düzən rayonlarında geniş yayılmış bioloji növ olub. Ancaq indi ona yalnız Şirvan Milli Parkında məhdud sayda rast gəlmək mümkündür, “Qırmızı kitab”a daxil edilib, qorunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü səmərəli işlər nəticəsində Qobustan yaxınlığına və İlisi Dövlət Qoruğuna müəyyən sayda buraxılıb. Çox güman, onların azalmasında təbii amillərlə bərabər, antropogen faktorlar da böyük təsirə malik olub. Xüsusilə, qidalı ətinə və göbəyindən alınan xoş qoxulu maddəyə (müşk) görə ovçuların amansız təsirinə məruz qalıb.

Xəzər dənizi və Kür çayındakı qızıl balıqların və “başqa böyük balıqların” nəslinin kəsilməsi qorxusu bu heyvanlara antropik və antropogen faktorların intensiv neqativ təsirindən irəli gəlib.

Azərbaycan qiymətli balıq sərvəti ilə keçmişdən dünyada tanınıb. Əvvəlcə Kür çayından nərələr, qızıl balıq və şəmayı tutulub, XIX-cu yüzilliyin axırlarında naxa, sıf, çəki və xəşəm ovu da başlanıb, XX yüzillikdən dəniz vətəgələri də yaradılıb. Azərbaycan sularında yaşayan 30 növdən çox balığın 2/3 hissəsinin nəsil verməsi Kür çayı ilə bağlıdır. Hələ X-cu əsrdə coğrafiyaşünas-səyyah İbn-Haqvəl yazırdı ki, Kür və Araz çaylarının hər ikisinin suyu içməli və yüngüldür [8, s.163]. Hazırda Araz çayının suyu tamamilə çirkli və istifadəyə yararsızdır. Kür isə içmək üçün istifadə olunmasına baxmayaraq, tərkibinə və çirkllənmə səviyyəsinə görə heç bir standarta və normativə uyğun gəlmir. Mingəçevir və Varvara bəndi isə balıqların kürüləmə miqrasiyasının qarşısını kəsib

Qarabağ salnamələrində “Kür, Araz, Xaçın, Tərtər, Əkərə, Bərgüşad çaylarında qiymətli balıqların”, “Qarabağın nəinki dağlıq hissəsində, hətta ovalıqlarında sıx meşələr”in olduğu vurğulanıb. Xüsusilə qeyd edilib ki, “meşələrin faunası olduqca zəngin idi. Burada qaban, Qafqaz maralı, cüyür, ayı, canavar, tülkü, porsuq, çaqqal və s. heyvanlarla yanaşı, pələngə də var idi”[13, s.158-159].

Yusif Dirili

Ətraf mühit üzrə tədqiqatçı, şair

Orta dövr azrbaycan dbiyyatı

Orta dövr Azərbaycan ədəbiyyat

(XIII əsrdən XVI əsrə qədər)

XIII-XVI əsrlərdə baş verən tarixi –siyasi hadisələrin axarı anadilli ədəbiyyatımızın inkişafına, doğma dilimizdə kamil sənət əsərlərinin meydana gəlməsi üçün münbit zəmin yaratdı. Doğma dilimizin rəvac tapdığı bu dövrdə yazıb–yaratmış Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, kimi görkəmli şairlərin əsərlərində cəmiyətdə baş verən hadisələrə münasibət, fəal həyat mövqeyi, mənəvi-əxlaqi dəyərlərlə bağlı düşüncələr öz əksini tapmışdır. Tənqidi ruhu ilə seçilən, cəmiyyətdəki haqsızlıqlara, insan hüquqlarının tapdalamasına etirazı ifadə edən əsərlər dərin humanist mahiyyətə malikdir.

Orta əsrlər ədəbiyyatında humanizm, xeyir­xahlıq, insana inam, şərə qarşı mübarizənin zəruriliyi motiv­ləri geniş yer tuturdu. Klassik sə­nət­karların yaradıcılığında bəşəri ideyalar, elmin, biliyin yüksək dəyərlən­diril­məsi, cahilliyin, nadanlığın, eqoizmin mənfi cəhətlər kimi tənqidi, ibrətamiz həyat hadisələri, insan taleyi, xalq mənafeyinin müdafiəsi kimi məsələlər öz əksini tapırdı. Həmin əsərlər məzmun, ideya baxımından xəlqi səciyyəlidir, xalqın ideallarını, həyatın reallıqlarına münasibətdə sənətkarın vətəndaş mövqeyini ifadə edirdi.

XIII-XVI əsrlərdə dünyəvi məzmunlu poeziyanın inkişafı ilə yanaşı, sufiliyin, onun panteist qolunun ideyaları – humanizm, kamil insan problemi ədəbiyyatın, bədii fikrin mərkəzinə gətirir, cahillik, mənsəbpərəstlik, acgözlük, müftəxorluğa nifrət aşılanırdı. Sufi panteizmdə insana müqəddəs varlıq kimi yanaşılır, Allah, insan, kainat vəhdətdə götürülür, eyniləşdirilirdi.Sufi poeziya özünə məxsus məcazlar sistemindən, poetik-fəlsəfi mənalardan istifadə edərək ictimai zülm və haqsızlığa motivlərinə geniş yer verir, insanın mənəvi inkişafında , kamilləşməsində, həqiqət mərtəbəsinə yüksəlməsində söz sənətinin rolu yüksək qiymətləndirilirdi.

Anadilli şeirin ilk nümunələrini yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilindəki şeirlərini Həsənoğlu, farsca şeirlərini “Puri-Həsən” (pur- farsca oğul deməkdir) təxəllüsü ilə yazmışdır. Sağlığında istedadlı sənətkar kimi şöhrət qazanmış şairin əsərləri başqa ölkələrdə də geniş yayılması barədə məlumatlar vardır. “Apardı könlümü bir xoş qəmər üz , canfəza dilbər” qəzəlində n aşağıdakı beytdə şair əsərlərinin Misirdə yüksək dəyərləndirildiyindən bəhs edir:

Şəha şirin sözün qılır Misir bir zaman kasid,

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər

Əsərdə sufi “badə”, “məst”, “sürahi”, “qül-qül” rəmzlərindən istifadə, sevgilisinin surətinin (ilahi surətin) əzələdn can içində yazılması fikri lirik qəhrəmanın hislərinin ilahi məhəbbət səciyyəsi daşıdığını göstərir:

Başımdam getmədi hərgiz, səninlə içdigim badə,

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Qəzəlin lirik qəhrəmanın sevgilisinə bəslədiyi saf məhəbbət hisləri, onun gözəlliyinə heyranlığı tərənnüm olunmuşdur. Sadiqlik , məhıbbətdə sabitqədəmli olmaq nəcib insana xas olan məziyyət kimi dəyərləndirilir:

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Qəzəlin sənətkarlıq xüsusiyyətləri müəllifin yetkin şair olduğunu göstərir. Qəzəlin hər misrasının sonunda işlədilən sözün ikinci misranın əvvəlində sual-cavab şəklində təkrarı orijinal bədii üsul kimi diqqəti cəlb edir. Əsərdə “xoş qəmərüz”, “apardı könlümü”, “başımdan getmədi,” “mən ölsəm” kimi xalq danışıq dilinə xas olan ifadələr əsərin dilində axıcılığı, məzmunun daha asan qavranılmasını təmin edir.

Hökmdar və şair kimi şöhrət qazanmış Qazi Bürhanəddinin (1314-1398) yaradıcılığını ingilis şərqşünası E.Braun türk ədəbiyyatında dünyəvi poeziyanın ilk örnəyi kimi dəyərləndirir. Şairin ana dilində “Divan”ı həmin dövrdə Azərbaycan dilinin yüksək bədii səviyyəyə çatdığını göstərir. “Divan”a daxil edilmiş şeirlərdə məhəbbət və qəhrəmanlığın tərənnümü, şairin humanist, fəlsəfi düşüncələri öz əksini tapmışdır. Şair sırf türk poetik janrlarından olan tuyuğları “Divan”a daxil etməsi də də mühüm poetik yenilik idi.

Qazi Bürhanəddinin tuyuğlarında üzünü elin igid oğullarına tutur, dünyada on­ların tayı-bərabəri olmadığını, hətta günəşin də öz cövlanında belə cəsurları görmədiyini söyləyir. Belə ərənlər meydanında deyi­lən hər söz hərb meydanında sübut edilməli, əsl igid döyüş mey­danında bəlli olmalıdır. Şair belə bahadırlardan iftixarla danışır, onların mərd­liyini yüksək insani məziyyət kimi dəyərləndirir:

Gün necə ki, cövl edir cövlanında,

Görməmiş siz tək cəvan dövranında.

Ərənlər cərgəsində deyilən söz,

Yerinə yetmək gərək meydanında.

Lirik qəhrəmanı düşmənin sayca çoxluğu, qüvvəsi qay­ğı­landır­mır. Çünki o, elə aslandır ki, adını eşidəndə düşmən qor­xu­dan titrəyəcəkdir. Şairin poeziyasında qeyrət, namus, yaxşı ad xal­qı­mızın uzun illərin sınağından çıxmış mənəvi dəyərləri kimi təsdiq və təbliğ edilir. Mənasız, ali məqsədsiz əməllər yox, xalq işinə səda­qət, haqq yolunda vuruşmaq, yeri gəlsə, baş qoymaq əsl hünər sayılır.

Seyl axar hələ bu dəm yaşum bənüm,

Yürəgüm qanıyladır aşum bənüm.

Qeyrət üçün bir quşax quşanalum,

Anın üçün gedərsə başum bənüm.

Şairin bahadırlıq tuyuğlarında həyat və ölüm haqqında düşün­cələri dini – fəlsəfi məzmun daşıyır. Tuyuğlarda lirik qəhrəman dünyada ölümdən qorxmadığını bəyan edir, “insana canı Allah əma­nət vermişdir, onun izni olmadan insanın canını heç kim ala bil­məz” fikri ilə yaşayır:

Qorxmazam bu dünyada heç kişidən,

Canumun əmanəti Allahadur.

Tuyuğlarda atalar sözünü xatırladan ifadələr geniş yer tutur: “Hər zaman bir yigidin dövranıdur”, “Əldə beş barmağı kim görmüşdür”, ” Mərd olan yerdə labüd na­mərdi var”, “Yola çıxanın işin Allah bilür”, “Məhəkə tutmayınca kim nə bilə, Safimüdür, yaxud qatıxlumı zər”, “Ömür ilə əcəl həmkasədür”, “Aləmdə min qarğaya bir sapan bəs”, “Təngri sax­lasun anı yaman gözdən” və s. Ədibin “Yemək-içmək, yaxşılıx günün görən ər günündə gər dönə namərd ola” aforistik misraları “Dost dar günündə sınanar” atalar sözünü xatırladır.

XIII yüzillikdə yazılmış, kamil sənət əsəri olan “Dastani-Əhməd Hərami” məsnəvisi quruluşca müxtəlif hadisələrin təsvir olunduğu məclislərdən ibarətdir. Əsərdə nağıl və dastanlar üçün səciyyəvi olan məzmun və forma xüsusiyyətləri diqqəti cəlb edir. Əsərin baş qəhrəmanı adından da göründüyü kimi quldurluqla məşğul olan, həyatda şər qüvvələri təmsil edən Əhməd Həramidir. Əhməd Həraminin başlıca düşməni Bağdad sultanının qızı mübarizliyi, igidliyi ilə seçilən Güləndamdır. Güləndam Bağdad sultanının xəzinəsini oğurlamağa cəhd edən Əhməd Həramini yaralayır, doqquz yoldaşını öldürür, xəzinəni ələ keçirməyə imkan vermir. Beləliklə, o, özünə Əhməd Hərami kimi qisas almaq arzusu ilə alışıb-yanan, təhlükəli bir düşmən qazanır. Bu hadisədən sonra Güləndam üçün çətin günlər başlayır. Şahzadə Güləfruxa ərə gedən Güləndam Şirazda böyük bir sarayda yaşayır. Qırx igid və iki arslan gecə-gündüz onun keşiyini çəksə də, Güləndam bilir ki, hiyləgər və kinli Əhməd Hərami harada olsa, onu axtarıb tapacaq, öldürməyincə sakitləşməyəcəkdir. Lakin Əhməd Hərami onun yaşadığı sarayı tapıb igidləri və arslanları öldürsə də, özü Güləndam tərəfindən öıdürülür.

Əsərdə Güləndamın keçirdiyi həyəcanlar, doğmalarından ayrılıq həsrəti, zəmanədən şikayəti “Yalvarış” adlı şeirdə təsirli bir dillə ifadə olunur:

Görün imdi bana netdi zamanə,

Əlimi aldı uş, atdı yabanə.

Nədir bunca bənə cövrü cəfalar,

Məgər qəhr üçün bəslədi anə.

Suçum nədir, cəb netdim, nə qıldım,

Qara bağrım bənim qərq oldu qanə.

Hənuz dəxi qızıl gül qönçəsindən

Açılmadan nə tez döndü xəzanə.

Cəfa imiş bu dünyanın vəfası

Ki, bin yaxşı işi dəyməz yamanə.

Görün bu çərxi-gərduni ki, bəni

Sapana qoyuban atdı yabanə.

XV-XVI əsrlərdə yaşayıb –yaratmış qüdrətli sənətkarlardan olan Həbibi Göyçayın Bərgüşad kəndində anadan olub. Uşaq yaşlarından çobanlıq edən Həbibinin hazırcavablığı, iti ağlı Ağqoyunlu hökmdarı Sultan Yəqubun diqqətini cəlb etmiş, saraya gətirilərək burada təlim-tərbiyə almışdır. Burada şair kimi ad-san qazanan Həbibi Ağqoyunlu hakimiyyətinin süqutundan sonra Şah İsmayıl Xətayinin sarayına dəvət olunmuşdur. Ş.İ.Xətayi onun istedadını, şeirlərini yüksək dəyərləndirərək saraydakı şairlərin başçısı kimi “Məliküş-şüəra” (şairlərin məliki) adlandırmışdır.

1514-cü ildə baş vermiş Çaldıran döyüşündən sonra Həbibi Türkiyədə yaşamış, burada elm, mərifət sahibi, aiqanə şeirlər yazan istedadlı şair kimi nüfuz qazanmışdır. Həbibinin mükəmməl “Divan”ı haqqında məlumatlar olsa da, ədəbiyyatımız üçün böyük hadisə ola biləcək bu şeirlər toplusu tapılmamışdır. Şairin “Tövhidnamə” sində , peyğəmbərə həsr etdiyi “Ya Nəbi” nətində dini görüşləri, Allaha və Məhəmməd peyğəmbərə məhəbbəti böyük sənətkarlıqla ifadə olunb. Şairin yaradıcılığında həm ilahi, həm də dünyəvi məhəbbətin tərənnümünə həsr olunmuş şeirlər mühüm yer tutur.

Sufiyanə şeirlərində şair bütün hikmətlərin, gözəlliklərin, sevginin Allahın neməti, onun varlığının nişanəsi olduğunu söyləyir. Şair məhəbbət mövzusunda əsərlərində lirik qəhrəmanın həqiqət mərtəbəsinə çatmaq, kamillik, vəhdət məqamına yetişmək istəyindən söz açır. “Xərəbat, “Edəlim” şeirlərində mey, saqi, cam, xərəbat kimi rəmzi məna daşıyan sufi terminlərindən istifadə edərək insanı mənəvi saflığa, azad olmağa, kamilləşməyə dəvət edir.

Dünyəvi məhəbbəti, gözəlliyi tərənnüm edən şeirlərində şair lirik qəhrəmanın sevmək-sevilmək arzusuna, həyəcanlarına, sevinc və kədərinə insanın təbii hiss, duyğularının ifadəsi kimi yanaşır:

Düşdü şəbnəm bağə, gəl ta gük nisar etsün sana,

Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

Necə dinlənsin Həbibi sənsiz , ey əndamı gül.

Çün batar cisminə təndə hər tük, olmuş bir tikən.

Dirili Qurbaninin təravəti və səmimiliyi ilə seçilən, real həyat hadisələrinin təsiri ilə yaranan qoşma və gəraylılarında insan və təbət gözəllikləri sənətkarlıqla tərənnüm edilmişdir. Sənətkarın “Bənövşə” qoşmasında təbiətin gözəlliyindən vəcdə gələn insanın real duyğuları əks etdirilmişdir.

Qurbani irsinin tədqiqatçısı Q.Kazımov yazır:”Qurbani insanı, insanın daxili, ruhi aləmini, təbiətin gözəlliklərini dərindən duymuş, yüksək şair istedadının gücü ilə onları ustalıqla mənalandıra bilmişdir. Təbiətin gözəl guşəsində doğulan Qurbaninin təsvir etdiyi sevgili obrazı – Pəri bu təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbani Pərisi bahar nəsimi kimi xoş, dağ çiçəkləri kimi ətirlidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də. Küsməyi də var, barışmağı da. Təbiətin və gözəlin həmahəng, əlaqəli, müqayisəli təsviri Qurbani şeirinin ən mühüm keyfiyyətidir. Bu müqayisədə təbiət, əfsunlu bir aləmə çevrilir.

Şairin lirik poeziyasında sevgili ğz yerişi, duruşu, geyimi, hərəkətləri, boy-buxunu, ədaları ilə canlı və təbii insandır, real el gözəlidir:

Sallana-sallana gələn Salatın,

Gəl belə sallanma, göz dəyər sənə.

Dəstələ, zülflərin yerə dəyməsin.

Yollar qubarlanar, toz dəyər sənə.

(Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I cild. Bakı, 2004, s.535, 537)

Həbibinin istər klassik Şərq şeiri, istərsə də xalq şeiri üslubunda yazılmış əsərləri anadilli ədəbiyyatımızın parlaq səhifələrindən birini təşkil edir. O, dilimizin zəngin bədii təsvir və ifadə imkanlarından məharətlə istifadə edərək yazdığı şeirlərləhəm öz dövründə yaşayıb-yaratmış şairlərə, həm də özündən sonrakı ədəbiyyatımıza təsir göstərmişdir.

XIII-XVI yüzilliklər Azərbaycan ədəbi və fəlsəfi fikrinin ən böyük nümayəndələri, mütəfəkkir şairlər İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi yaradıcılığı anadilli ədəbiyyatımızın zirvəsini təşkil etməklə istər öz dövrlərində, istərsə də sonrakı mərhələlərdə söz sənətimizin inkişafına güclü təsir göstərdi.

Comments are closed, but trackbacks and pingbacks are open.