Press "Enter" to skip to content

Paris Sülh konfransının GİZLİNLƏRİ

Mayın 15-də Bandırma gəmisi ilə Samsuna çıxan 37 yaşlı Mustafa Kamal paşa müttəfiqlərin arasında baş verən davadan istifadə etdi və Türkiyə Almaniyanın başına gətirilən faciədən qurtuldu. Belə ki, Paris “Sülh” konfransının sonuncu günü 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə “Sülh müqaviləsi” imzalandı. Müqaviləyə görə, Almaniya və müttəfiqləri müharibə təqsirkarları elan edildi və vurulan ziyana görə təzminat ödəməli oldular. Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu.

“Paris Sülh Konfransı Zəngəzur, Dərələyəz və Göyçənin Azərbaycana aid olduğunu ortaya qoyur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan lideri ilə birgə Füzuli və Zəngilana səfəri zamanı səslənən bəyanatların ardınca Ermənistan rəhbərliyinin mövqeyində yumşalma hiss olunur. Paşinyan aylar öncə kommunikasiyaların açılması ilə bağlı 10 noyabr Bəyanatında hər hansı razılaşmaların olduğunu inkar etdiyi halda, 27 oktyabrda fərqli mövqe sərgilədi, belə bir razılaşmanın olduğunu dedi və bildirdi ki, Ermənistan anlaşmalara razıdır. İrəvan Türk Cümhuriyyətinin başqanı, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı ilə müsahibəmizə elə bu mövzudan başladıq.

– Qafar bəy, rəsmi İrəvanın mövqe dəyişikliyi nədən xəbər verir? Sizcə, bu, növbəti erməni hiyləgərliyidir, yoxsa geridönüş mümkünsüz olmasının nəhayət, dərk olunmasıdır?

– Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın olduğu bir gerçəkdir. Hətta kommunikasiyaların açılması ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində komissiya yaradılıb və onların da təkliflər irəli sürdükləri məlumdur. Paşinyanın bu dəhlizlə bağlı fərqli fikirlər irəli sürməsi Ermənistandakı siyasi proseslərlə bağlı idi və daxilə hesablanmış fikirlər idi. Ermənistanda indinin özündə də belə fikir var ki, bu dəhlizin açılması Ermənistan ərazisini iki yerə böləcək və Qərbi Zəngəzurda əhalinin yaşaması mümkün olmayacaq. Paşinyan bu fikrə qarşı gedə bilmirdi və belə bir razılaşmanın olmadığını deyərək daxildəki qüvvələri sakitləşdirmək istəmişdi. Elə onun özü tərəfindən alternativ bir layihədən bəhs edilməsi də həmin məqsədi güdürdü. O layihə Hindistandan başlanacaq, Ermənistanı da əhatə edəcək variant idi və onun qeyri-mümkünlüyü çox tezliklə ortaya çıxdı. Hətta Hindistan XİN rəhbərinin Ermənistan səfəri buradaki qüvvələri ürəkləndirmişdi ki, nəhayət, belə bir yolun çəkilməsi Zəngəzurla bağlı Ermənistanı imtina siyasətinə qədər aparıb çıxara bilər. Amma region ölkələrinin, xüsusən Rusiyanın bu yolla bağlı israrı Ermənistandakı qüvvələri xəyal qırıqlığına düçar etdi. Əslində Paşinyan bu məsələ ilə bağlı çətin durumdan çıxdı. O, indiki bəyanını iki həftə edə bilməzdi və indiki anda hələ tam demək olmaz ki, Paşinyanın liderliyindəki hakimiyyət buna razıdır. Ermənistan daxildəki həm parlament, həm də parlamentdənkənar müxalif qüvvələrlə hesablaşmaq zorundadır. Sabah Paşinyan başqa bir fikir bildirsə, mən ona da təəccübləmərəm. Onda dövlət başçısı ciddiliyi yoxdur.

Bəzən də ermənilər elə hesab edirlər ki, qarşısındakını asanlıqla aldada bilərlər. Bu, erməni xarakteridir. Bundan əvvəlki erməni liderlər də belə olublar, tarixə nəzər salsaq, görərik ki, öndə olan, dövlət aparatında işləyən ermənilərin heç birində sabit mövqe, xarakter, kişilik olmayıb. Məsələn, 1918-ci ildə bir tərəfdən Osmanlı hakimiyyətini qətliamda suçlayan erməni lider Aram Manukyan İrəvanda Xəlil Qut paşanı qəbul edib, şərəfinə ziyarət verib, ona yaltaqlanıb. Bir erməni heyəti İstanbula gedib orada Ənvər paşa, Tələt paşa və başqa Osmanlı böyükləri ilə görüşüb. Erməni Xatisov Ənvər paşadan xahiş edib ki, Nuri paşadan xahiş etsin, Azərbaycan Ermənistana taxıl versin. Bütün bunlar o dövrün erməni mətbuatında yer alıb.

“Paris Sülh Konfransı Göyçə, Zəngəzur, Dərələyəz və başqa ərazilərin Azərbaycana aid olduğunu ortaya qoyur”

– Kifayət qədər ciddi arqumentlərlə erməni məkrini ifşa etdiyiniz üçün təşəkkürlər! Qafar bəy, noyabrın ilk ongünlüyündə liderlərin görüşəcəyi və hətta sülh sənədinin imzalanacağı barədə məlumatlar yayılsa da, Ermənistan bunu qətiyyətlə təkzib edir. Necə bilirsiniz, sülh sazişi yaxındadırmı? Məntiq onu deyir ki, hələ razılaşdırılmayan çox məsələlər var. Bu mənada bəlkə də prosesin uzanması Azərbaycanın faydasına olar, elə deyilmi?

– Hələ sülh sazişindən danışmaq məncə, tezdir. Ermənistanla Azərbaycan və Türkiyə arasında olan problemlər aradan qaldırılmayıb. Hələ 10 noyabr 2020 və 11 yanvar 2021 öhdəliklərini yerinə yetirilməsindən söhbət gedir. Sülh sazişinin imzalanmasına Ermənistan hazır deyil, bunun üçün bu ölkə Konstitusiyasını dəyişməlidir, məsələyə Ermənistandan baxsaq, həm də onlar belə bir tezisi ortaya atırlar ki, Qarabağ ermənilərinin taleyi həll olunmadan buna gedə bilməzlər. Onların nəzərində Azərbaycanın ərazi bütövlüyünü tanımaq Qarabağdan imtina etmək deməkdir. Paşinyan qarışıq, bütün erməni cəmiyyəti gözləyir ki, Minsk Qrupu fəaliyyətə başlasın, bu çərçivədə danışıqlarla və beynəlxalq qüvvələri bu işə cəlb etməklə işğaldan azad olunmamış ərazilərdə ermənilərə hansısa haqq alsın. Onlar buna “status” deyirlər, amma eyni zamanda dərk edirlər ki, artıq problemə əvvəlki ölçülərlə baxıla bilməz. Azərbaycanla Ermənistan arasında hər hansı saziş bütün bunların üstündən xətt çəkə bilər deyə, hələ buna risk etmirlər. Paşinyan da “xain ” olmaq istəmir. Bu mənada Ermənistan sülhə hazır deyil. Bu prosesin uzanması indiki halda Ermənistanın xeyrinə işləyir. Bizim xeyrimizə o anlamda xeyirdir ki, Ermənistanla bağlı həll edə bilmədiyimiz bir sıra məsələlər hələ də qalır. Sülhə qədər bir sıra məsələləri sonlandıra bilərik. Məsələn, Xankəndi və çevrəsindəki ərazilərdə suverenliyimizi bərpa və qalıcı etmək addımları ata bilərik, buradan erməni hərbi birləşmələrini sonuncusuna qədər çıxara bilərik.

– Qafar bəy, son günlər Qazaxın 7 kəndi və Sədərəyin Kərkisi əvəzinə, Başkəndin qaytarılması planının masaya çıxarıla biləcəyindən danışılır. Sizcə, Azərbaycan qalib ölkə, həm də 30 il ərzində Ermənistanın müharibə cinayətlərinə, vandalizm aktına məruz qalmış, yüz milyardlarla ölçüləcək ziyan görmüş tərəf kimi hansısa güzəştə getməlidir, yaxud gedə bilərmi?

– Putin son çıxışlarının birində hansısa qarşılıqlı güzəştlərdən bəhs etdi. O bilir ki, kommunikasiya xətlərinin açılmasında mane olacaq xüsusiyyətlər var. Azərbaycanın bir sıra əraziləri Ermənistanın işğalı altındadır. Bəli, bunlar Qazaxın 7 kəndi, Kərki kəndi və bir sıra yerlərdə örüş sahələridir. Qəribə də olsa, bu məsələlərdən daha çox bizim bəhs etməmiz gərəkərkən, ondan ermənilər danışırlar. Yeri oldu-olmadı, Gədəbəy ərazisində olan anklavdan – Başkənddən bəhs edirlər. Həm də Goranboy ərazisində olan keçmiş Şaumyan (kənd) rayonundan danışırlar. İkinci tamamilə yersiz və həyasız iddiadır. Şaumyan rayonu heç vaxt nə DQMV-ın , nə də Ermənistanın ərazi vahidi olmayıb. Bu, sadəcə həyasızlıqdır. Danışıqlar prosesində belə erməni həyasızlıqları olacaq. Bilirsiniz, danışıqlar prosesinə bütün detalları incəliyinə qədər bilərək getmək lazımdır. Həm də əlimizdə Ermənistanın 30 il ərzində vurduğu zərərin məlumatları ilə gedilməlidir. Ermənistanda bundan qorxurlar ki, Azərbaycan bu danışıqlara təzminat davaları ilə gələcək. Amma biz bundan nədənsə uca səslə bəhs etmirik.

– Daha məntiqli olmazmı ki, böyük sülh sazişi Beynəlxalq Məhkəmənin qərarından sonra imzalansın? Əks halda, məhkəmə iddiası sülh sazişinin imzalanması səbəbindən bir kənara qoyula, yaxud hansısa mərkəzlərin vasitəçiliyinin məntiqi nəticəsi olaraq iddialardan qarşılıqlı imtina qərarı verilə bilməzmi?

– Mən elə onu deyirəm. Ermənistanla məğlub ölkə kimi danışmaq lazımdır. Kapitulyasiya sənədi imzalamış ölkə kimi. Ona bərabər tərəf kimi baxmaq yanlış olardı. Ermənistanı məhkum edən hansısa beynəlxalq sənəd əlimizdə olmalıdır. 30 il burada etdiklərinin cavabını verməlidir. Buraya uyğun beynəlxalq təşkilatları da cəlb etmək lazımdır. Ermənistan tərəfindən səsləndirilən BMT-nin iştirakının olması da bizə zərər verməz. Düzdür, onlar bunu başqa məqsədlə ortaya atırlar. Demarkasiya, demilitasiya məsələləri belə, nüfuzlu təşkilatların iştirakı aparıla bilər. Sonucda ərazi bütövlüyü məsələsi BMT-nın təsdiqindən keçməlidir.

– Rusiya prezidentinin məlum açıqlamasından sonra delimitasiya və demarkasiyanın hansı xəritələr əsasında aparılacağı müzakirə mövzusudur. İrəvan Türk Cümhuriyyəti tarixi torpaqlarımıza iddialı olaraq yəqin ki, ən azı Cümhuriyyət xəritələrinə istinadı tələb edir, elə deyilmi? Sizcə, razılaşmanın 70-ci illər xəritələrinə uyğun aparılması Azərbaycan üçün qanedici variant ola bilərmi?

– Fikrimcə, nə 1920-ci illərin, nə də 70-ci illərin xəritələri əsas götürülə bilməz. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğundan həmin dövrdəki xəritələrlə çıxış etməliyik. Paris Sülh Konfransı Göyçə, Zəngəzur, Dərələyəz və başqa ərazilərin Azərbaycana aid olduğunu ortaya qoyur. Ermənistanda da danmırlar ki, 28 may 1918-ci ildə elan olunan Ermənistan Respublikasının ərazisi 9 min kvadrat kilometr olub. Digər ərazilər SSRİ zamanı Azərbaycandan alınıb, Ermənistana verilib.

İrəvan Türk Cümhuriyyətinin mövqeyinə gəlincə, biz Ermənistanla Azərbaycan arasında bağlanacaq hər hansı sənədə sayğı duyacağıq. Amma biz Ermənistan adlı dövləti tanımırıq. Çünki bu dövlət bizim tarixi ərazilərimizdə qurulub. Bu ərazidən qovulub çıxarılanların nəsillərinin sayı 5 milyondan çoxdur. Bu əhali öz torpaqlarına qayıtmaq və onun sahibi olmaq istəyir. Mücadilələrimiz də bu istiqamətdə davam edəcək.

– Zəngəzur dəhlizinin təməlinin qoyulması prosesində Türkiyə liderinin iştirakı və əminliklə “buradan İstanbula gedəcəyik” deməsi bu nəhəng layihənin uğurlu sonluğundan xəbər verir. Necə bilirsiniz, Laçın dəhlizinin bənzəri Zəngəzurda yaradılacaqmı, yoxsa sadəcə dəmir yolu və avtomagistralla kifayətlənmək qərarı veriləcək?

– Zəngəzur dəhlizinin açılacağına əminəm. Çünki dövlət başçılarımız Ərdoğan və İlham Əliyev son görüşlərində bununla bağlı qərarlı olduqlarını ortaya qoydular. Ermənistan da buna məcbur ediləcək. Əslində Ermənistanın başqa yolu yoxdur, bu da 10 noyabr 2020-ci il razılaşması ilə edilməlidir. Amma bu yolu Laçın dəhlizi ilə müqayisə etməzdim. Laçın dəhlizi müvəqqəti humanitar yoldur və qarşıdakı illərdə onun əhəmiyyəti aradan qalxa bilər. Amma Zəngəzur dəhlizi yalnız Azərbaycanı deyil, bütün Türk dünyasını dünya ilə birləşdirən yoldur, onun siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var. Bizim üçün Zəngəzur dəhlizi Azərbaycanı Türkiyə ilə bütövləşdirən müqəddəs bir bağa çevriləcək, gələcək nəsillərə buraxacağımız ən böyük hədiyyəmiz olacaq. /Musavat.com

Paris Sülh konfransının GİZLİNLƏRİ

Birinci Dünya Savaşından sonra qalib dövlətlər – Antanta ölkələri və ABŞ bəşəriyyətin taleyinin həlli adı altında 1919-cu ilin yanvarında Parisdə “Sülh Konfransı”na başlayır. Yanvarın 18-dən iyunun 28-ə qədər davam edən konfransın sehrli sözü “Sülh” idi və əsl məqsədi sonrakı zamanlarda gün üzünə çıxır. Baş rolda ABŞ prezdenti Vudro Vilson, İngiltərənin baş naziri Lloyd Corc və Fransanın Baş naziri C.Klemanso oynayırdı.

Müstəqilliyini yenicə qazanmış Azərbaycan Xalq Cümhuriyyəti parlamenti də konfransda iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul edir və parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olunur.

Çətinliklə də olsa, Vilsonun qəbuluna düşə bilən nümayəndə heyətimizin təklifləri qəbul olunmur və Vilson onlara heç bir ümidverici söz demir. Bundan sonra vəziyyətin heç də yaxşı olmayacağını anlayan heyət üzvləri ölkəyə qayıtmağın bir mənasının olmadığını anlayır və əbədi olaraq Azərbaycana dönmürlər.

Konfransda maşa rolunu ermənilər ifa edir, Osmanlı və Azərbaycandan gedən nümayəndə heyətlərinə qarşı hörmətsizlik, təhqiramiz hərəkətlər edir, təxribatlar törədirdilər. Belə bir çətin durumda Türkiyə nümayəndəsinin başçısı Damad Fəridin heç nə olmayıbmış kimi əvvəlki sərhədlərini istəməsi konfrans iştitakçılarının gülüşünə səbəb olur və aşağılanaraq zaldan qovulur.

Türkiyəyə və Azərbaycana qarşı aşağı münasibət erməniləri daha da ruhlandırır və onlar Türkiyənin Güneydoğu ərazisindən Anadoluya hücumlar təşkil edir, kəndlərdə qətllər törədir, qadınlara və uşaqlara zülm edirlər. Bu məqalədə beş aydan biraz çox davam edən konfransın qərarları ilə Türkiyədə yaşanan hadisələrdən və tarixi Sevr müqaviləsinə gedən yoldan bəhs edəcəyik.

“Türklər xəritədən silinməlidir” planı

Üzünə “Sülh” maskası taxan imperialist ölkələrin keçirdiyi konfrans gündəliyində iki məsələ: 1.Avstriya-Macarıstan və Almaniyanı parçalamaq: 2.Anadolunu qalib dövlətlər arasında paylaşmaq, Osmanlını tarixdən silmək, türk millətini yox etmək, Anadolunun şərqində Ermənistan dövləti, ətraf ərazilərdə isə Kürdüstan yaratmaq idi.

Konfransın ikinci günü çıxış edən Vudro Vilsonun açıq-aşkar “Türklər xəritədən silinməlidir” mesajı indiyədək tarixin gizli bucağında saxlanılıb.

Həmin toplantıda Vilsonun çəkdiyi xəritə müzakirəyə çıxarılır. Xəritədə Anadolunun şərqində Ermənistan dövlətinin qurulması işarələnmişdi. Qərara alınır ki, Anadolunun bölünməsini və paylaşımını gecikdirmək olmaz və bunun üçün Osmanlıya hücum etmək lazımdır.

Ancaq İngiltərə də, Fransa da, İtaliya da savaşda çox itkilərə məruz qalmış, yorğun düşmüşdü. Ona görə də, özləri savaşa girmək istəmirdilər. Çox düşünüb daşındıqdan, dəfələrlə toplaşıb dağıldıqdan sonra qərara alınır ki, Anadolunu işğal etmək üçün yunanlar maşa kimi istifadə edilsin. Üç ay ərzində keçirilən 102 genel toplantının 76-sı Türkiyənin imperilaist ölkələr arasında paylaşmasına həsr olunur.

Yunan ordusu və erməni silahlı birləşmələri qızışdırılır, Osmanlı Ege bölgəsinə və İzmirə sahibdir, Konistantinopolu işğal edib və sairə. Lakin onlar Anadoludan bir mil də yunanlara torpaq vermək niyyətində deyildi, yalnız onlara işğal etmək tapşırılmışdı. İngiltərə baş nazirinin konfransda yunanlara söylədiyinə diqqət edək: “Afinadan olan bir dostum mənə məktubunda yazmışdı ki, Ege də türklər rumalara işgəncə verir, yardıma gəlinməsə, bölgədəki rum kökənlilər tamamilə məhv edilə bilər”.

Sülh konfransında Anadolu torpaqları kağız üzərində olsa da, bölüşdürmüş, qalib ölkələrin əsgər və donanmaları əvvəlcədən İstanbulda idilər. İlkin anlaşmaya görə Adana fransızlara, Urfa, Qaziantəp və Maraş ingilislərə, İzmir, Ege bölgəsi italiyanlara verilmişdi, paylaşımlar davam edir, bəzən maraqlar toqquşurdu.

Hər tərəf ingilis, italyan, fransız, əsgərləri ilə dolu idi. Konfransın gündəliyində yunanların İzmirə hücumu planlanarkən İtaliyanı oyundan kənarda saxlayırlar. Çünki İtaliya güclü idi. Əgər Ege bölgəsi İtaliyanın olsa, çox keçmədən Anadolunun içərisinə, hətta İstanbula da iddia edər deyə düşünürdülər. İngiltərə baş nazirinin gözü İzmirdə idi. O, ərəb torpaqlarını, Mosul neftini də digər dövlətlərə güzəştə getmək istəmirdi. Umduğu payı almayınca İtaliya növbəti toplantını boykot edir və İngiltərənin acgözlüyü Fransanı da özündən çıxarır. Çünki Fransa da Mosul neftinə iddialı idi.

Yunan ordusu İzmirə çıxarıldı

Müttəfiqlər arasında narazlılıq getdikcə artsa da Sülh konfransının qərarına əsasən 15 may 1919-cu ildə yunan ordusu İzmirə çıxarıldı. Adı yunanlar olsa da, imperialist güclərin gəmiləri və əsgərləri Ege donanmasında İzmiri yerlə bir etməyə hazır vəziyyətdə idi. Yunan ordusu İzmirdə ağlagəlməz qətllər törətdi, ermənilər yunan ordusunun tərəfinə keçib kəndlərə soxularaq qətl və qarətlər törədirdilər. Çünki ABŞ prezidenti Vudro Vilsonun səbri tükənmiş, bir türk uşağın belə nəfəs almasını istəmirdi. Konfrans bitənədək yer üzündən türk irqi də bitməli idi.

Bir sözlə, İzmiri işğal etmək çətin olmadı və qısa zamanda plan başa çatdı. Lakin çox keçmədən izmirli türklər arasında təşkilatlanma-müqavimət hərəkatı başladı. Bu, Kuvayi-Milliyyə adlanırdı. Elə bu vaxt İtaliya konfransların birində ayağa qalxaraq ona vəd olunan İzmiri istəyir və paylaşımdan məmnun qalmadığını açıq-aşkar ifadə edir. İşin türklərin xeyrinə olan tərəfi, bu dəfə Fransa da ayağa qalxır və İngiltərə ilə Mosul neftini, ərəp torpaqlarının bölünməsini müzakirəyə çıxarır.

Beləcə İzmirin işğalı bir tərəfdən türklərin işinə yarayır. Mustafa Kamal Atatürk tarixi “Nitq” əsərində yazır: “İzmir işğalı olmasaydı, hər halda mücadiləmiz uzun zaman alacaqdı, İzmir keçiləcək çox uzun yolumuzu kəsədən etdi. Bu işğal ölkənin bir çox yerlərində Müdafieyi-Hüquq (haqqın müdafiəsi) adlı təşkilatların yaranmasına və ulusun dört bir yanında yayılmasına səbəb oldu”.

Mayın 15-də Bandırma gəmisi ilə Samsuna çıxan 37 yaşlı Mustafa Kamal paşa müttəfiqlərin arasında baş verən davadan istifadə etdi və Türkiyə Almaniyanın başına gətirilən faciədən qurtuldu. Belə ki, Paris “Sülh” konfransının sonuncu günü 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə “Sülh müqaviləsi” imzalandı. Müqaviləyə görə, Almaniya və müttəfiqləri müharibə təqsirkarları elan edildi və vurulan ziyana görə təzminat ödəməli oldular. Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu.

Fransa həmçinin Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı aldı. Saar kömür mədənləri 15 il müddətinə Millətlər Cəmiyyətinin nəzarətinə verildi. Bu müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi. İngitərə Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, İraqı aldı. İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi. Belçika Eyren dairəsini və Malmedi aldı, həmçinin Ruanda və Urundini, Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi. Danimarka Şlezviqin şimal hissəsinə, Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu.Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi.

Siyasi səhnəyə Mustafa Kamal çıxır

Beləcə, “Sülh” adlı konfransda Almaniya parça-parça bölünərkən Osmanlının paylaşılması 1920-ci ilin avqustuna – Sevr anlaşmasına qədər gecikdi. Qazi Mustafa Kamal dərin zəkası və uzaqgörənliyi ilə bu vaxtan yetərincə əla istifadə etdi, necə deyərlər fürsəti fövtə vermədi.

Nəticədə Almaniyanın edə bilmədiyini TBMM və Mustafa Kamal Atatürk etdi və Sevr anlaşmasını qəbul etmədi. 433 maddəlik Sevr anlaşmasını qəbul edən Osmanlı padşahı Vəhdəddin vətən xayini elan edildi. Padşah ingilis gəmisi ilə qaçarkən ailəsini ermənilərə amanət etdi.

Padşahın kürəkəni Fərid ingilislərin qızışdırılması ilə ölkədəki şəriətciləri Atatürk hərəkatına qarşı üsyana hazırlayır, ən çox dinçilərdən, şəriətçilərdən istifadə edirdi. İzmirin və İstanbulun işğalını fəlakət kimi qəbul edən Mustafa Kamal fikirdaşlarını başına toplayaraq Anadolu insanını imperializmə qarşı üsyana çağırıdı.

“Demokratiyanın beşiyi” imperialist ölkələr etiraz mitinqlərində Türkiyənin 60 deputatını həbs edib Maltaya sürgün edir. Yeni bir milli mücadiləyə ehtiyac olduğunu anlayan Mustafa Kamal Ankaraya gəlir və 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisini (TBMM) yaradır. İngilislərin planlarına alət olan bu dəfə yunanlar deyil, Türkiyənin içindəki düşmanlar, Səltənət hakimiyyəti idi. TBMM-ni dağıtmağa gedən yunan ordusunun önündə Damad Fərid və yaratdıqları xilafət ordusu gedirdi. İngilislərə təslim olan Sultan Vəhdəddinin qərarı ilə xilafət ordusu yaradılır. İki-üç qat artıq maaşla şirnikləndirilən xilafət ordusunun vəzifəsi başda Mustafa Kamal olmaqla Kuvayi-Milliyyə döyüşcülərini öldürmək, TBMM-ni dağıtmaq idi.

Sülh konfransının aldığı qərarlar Damat Fəridin əli ilə həyata keçirilir, Türkiyə başdan sona işğal olunmuş halda, Ermənistan dövləti qurulmaq üzrə idi. İdarəçilik ingilislərə aiddir, camilərdən ingilis, fransız bayraqları asılmışdı. Hansı ki, həmin ölkələr Paris Sülh Konfransında Damat Fəridi təhqir edərək kürsüdən düşürmüş və Parisdən çıxarmışdılar. 10 aprel 1920-ci ildə İngiltərə Damad Fəridin əli ilə İstanbul müftisi Dürrizadə Abdullaha fətva hazırlatdırır. Fətvada deyilir: “Anadoluda padişahın buyruqlarınaın əksinə olan başıpozuklar – adlar çəkilir Mustafa Kamal və tərəfdaşları – bunları öldürmək dinən caizdir. Bu fətvalar ingilis vertalyotları ilə Ankarada havadan xalqın üzərinə səpələnir.

Ardınca da İstanbulda kürd kökənli hakimin rəhbərliyi ilə məhkəmə çağrılır, Mustafa Kamal Atatürk və qəhrəman Türk zabit və əsgərlərinə məhkəmə edam qərarı kəsir. Sadrazam Damad Fərid 11 may 1920-ci ildə ingilislərə təslim olmuş sultan Vəhdəddinə bir çağırış imzalatdırır.
Bu çağırışda xalqı padşah ətrafında birləşməyə səsləyir, dediyimiz kimi padşah artıq təslim olmuşdu və artıq onun heç bir sənəd imzalamaq səlahiyyəti yox idi. Ölkəyə rəsmi nəzarət İngiltərə hökumətinə məxsus idi.

Çağırışda Kuvayi-Milliyyə hərəkatının üzvlərini, yəni vətənini düşməndən xilas etmək üçün təşkilatnan qrupları “çetelər” terror bilrikləri adlandırır, onların üzərinə ordu göndəriləcəyi bəyan edilir. Bu tarix 5 avqust 1919-cu ildə baş vermişdi. Avqustun 10-na – Sevr anlaşmasına 5 gün qalmışdı. Növbəti yazımızda Sevr və Lozan anlaşması nədir və nəticələrindən bəhs edəcəyik. Cəbhə.info

Comments are closed, but trackbacks and pingbacks are open.