Press "Enter" to skip to content

Payızlıq buğda bitkisinin becərilmə texnologiyası və mövsümi aqrotexniki tədbirlər

Məhsul dənin tam yetişmə fazasında taxılyığan kombaynla birbaşa yığılır. Taxıl biçininə səhər tezdən başlamaq məsləhət görülmür. Çünki bu zaman sünbüllərdə nəmliyin miqdarı çox olduğuna görə onlar yaxşı döyülmür. Nəticədə kombayndan çıxan samanın tərkibində bütöv və tam döyülməmiş sünbüllər müşahidə olunur və dən itkisi artır. Ona görə də buğdanın biçininə səhər saat 10 00- dan sonra başlamaq lazımdır.

Buğda

Bugda bitkisinin sortları: Hazırda 54 yumşaq buğda, 14 bərk buğda sortları Dövlət Reyestrinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmişdir. Azərbaycan seleksiyasına aid Qızıl buğda, Şəfəq 2, Fatimə, Günəşli, Fərəhim, Abşeron, Ləyaqətli 80, Pərvin, Xəzri, Gilavar, Əsgəran, Mətin, Start və Nurcahan yumşaq buğda, həmçinin Saray, Zəngəzur, Maya, Göytəpə bərk buğda sortları və s. mövcuddur.

Buğda əkini:

Əkin üçün şum məhsul sahədən yığıldıqdan sonra aparılır. Şumun dərinliyi 27-30 sm olmalıdır. Səpindən əvvəl sahədə kəltənlərin diametri 1-2 sm (65%), 2-4 sm (30%) və 4-5 sm (5%) təşkil etməlidir. Sahə tam hamar olmalıdır ki, səpin vaxtı toxumları eyni dərinliyə səpmək mümkün və sahəni suvarmaq asan olsun.

Dəmyə şəraitində-dağətəyi və dağlıq ərazilərdə sentyabrın ortalarından başlayaraq (15 sentyabr-15 oktyabr) payızlıq buğda sortlarının kondisiyalı, sertifikatlı toxumlarından istifadə etməklə səpini aparılmalıdır.

Suvarılan aran rayonlarında buğdanın optimal səpin müddəti 15 oktyabr-10 noyabr tarixləri hesab olunur. Səpindən əvvəl sahəyə asan mənimsənilən 100-150 kq nitrofoska və ya ammofoska tipli mürəkkəb gübrələr verildikdən sonra kultivatorla 14-15 sm dərinlikdə yumşaldılır, yaxud disklənmə, malalama işləri aparılır. Bəzi şəraitlərdə kompleks gübrələrin hektara fiziki çəkidə 20-30%-nin səpinlə birlikdə verilməsi daha səmərəlidir. Toxumlar cərgəarası 12,5 və ya 14,2 sm olmaqla 4-5 sm dərinliyə səpilir. Səpindən sonra şırımlar açılır və 600-700 m 3 /ha su norması ilə səpsuvar aparılır.

Suvarma şəraitində adi və tirəli səpin üsullarından istifadə etməklə səpin aparılır. Payızlıq buğda adi cərgəvi səpinlərdə optimal səpin norması hektara 4,0-4,5 milyon (180-200 kq), tirəli səpinlərdə isə 3,0-3,5 milyon (130-140 kq) cücərən dən hesabı ilə səpilir. Suvarma şəraitində buğdanın tirəli səpin üsulu ilə səpilməsi daha yaxşı nəticə verir. Bu üsulla aparılmış səpinlərdə dən məhsuldarlığı adi cərgəvi səpinlərə nisbətən, sortlardan asılı olaraq 5-10 s/ha yüksəlir.

Payız aylarında gəmiricilər payızlıq əkinlərə, o cümlədən buğda sahələrinə böyük ziyan vurur. Gəmiricilərə qarşı mübarizə aparmaq üçün mütəxəssis tövsiyəsi ilə zəhərləyici aldadıcı yemlər hazırlanır və işlək yuvalara qoyulur.

Əkinlərə qulluq: Bitkilərin normal böyümə və inkişafı üçün şum altına verilən gübrələrlə yanaşı, fevral-mart aylarında yemləmə şəklində hektara 100-200 kq azot gübrəsi verilir.

Alaq otlarına qarşı mübarizə məqsədilə kimyəvi üsullardan istifadə edərək kollanma mərhələsində mütəxəssis tövsiyəsi ilə herbisidlər seçilir və çiləmə aparılır.

Hava şəraitindən asılı olaraq, boruyaçıxma fazasının əvvəlində və sünbülləmədən əvvəl buğda sahələri hər biri 600-800 m 3 /ha normasında 2 dəfə suvarılır. Vegetasiya suvarmalarının süni yağışyağdırma və ya şırım üsulu ilə aparılması daha səmərəlidir. Çiçəkləmə dövründə yağışyağdırma üsulu ilə aparılan suvarmada mayalanma prosesi pozulduğuna görə məhsuldarlıq göstəriciləri aşağı düşür. Ona görə də çiçəkləmə-mayalanma fazalarında yağışyağdırma üsulu ilə suvarmanı dayandırmaq lazımdır.

İyun ayından başlayaraq buğda sahələrində məhsul yığımına hazırlıq işləri götürülür, sahənin ətrafı şumlanaraq yağından mühafizə tədbirləri aparılır, dəndə nəmliyin miqdarına nəzarət edilir. Sahələrdə taxılbiçən kombaynların və digər texnikanın normal işləməsi üçün su arxları doldurulur.

Məhsul dənin tam yetişmə fazasında taxılyığan kombaynla birbaşa yığılır. Taxıl biçininə səhər tezdən başlamaq məsləhət görülmür. Çünki bu zaman sünbüllərdə nəmliyin miqdarı çox olduğuna görə onlar yaxşı döyülmür. Nəticədə kombayndan çıxan samanın tərkibində bütöv və tam döyülməmiş sünbüllər müşahidə olunur və dən itkisi artır. Ona görə də buğdanın biçininə səhər saat 10 00- dan sonra başlamaq lazımdır.

Payızlıq buğda bitkisinin becərilmə texnologiyası və mövsümi aqrotexniki tədbirlər

Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə 2025-ci ilədək buğdaya olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığı yüksəltməkdir. Bol və keyfiyyətli məhsul alınmasını təmin edən mühüm aqrotexniki tədbirlərdən biri gübrələrin tətbiqidir. Gübrələmə sistemi elə nizamlanmalıdır ki, sələf bitkisindən asılı olmayaraq torpaqda qida maddələrinin balansı müsbət olsun.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının müdiri Nizami Hüseynov payızlıq buğda bitkisinin becərilmə texnologiyası və mövsümə uyğun olaraq görülməli aqrotexniki tədbirlər barədə danışarkən deyib.

O bildirib ki, payızlıq buğda məhsuldar və yüksək keyfiyyətli dənli taxıl bitkisidir. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar, yağ, vitaminlər, karbohidratlar və mineral maddələr var. Buna görə də ərzaq məqsədi üçün çörək bişirmədə və qənnadı sənayesində, yarma istehsalında, makaron, vermişel və başqa ərzaqların hazırlanmasında geniş istifadə olunur.

“Əsas aqrotexniki tədbirlərdən biri olan gübrə torpağa səpinə qədər, səpinlə birlikdə və vegetasiya dövründə verilir. Nəzərə alsaq ki, payızlıq buğda əkinləri kollanma fazasını keçir, ona görə də hektara tövsiyə olunan azot gübrəsinin 40 faizini yemləmə şəklində tətbiq etmək lazımdır. Bundan başqa əgər buğda əkilmiş sahədə ziyanvericilər varsa onlara qarşı da mübarizə tədbiri aparmaq vacibdir. Fosfor və kaliumun illik norması bir qayda olaraq əsas şum altına verilməlidir”, – deyə N. Hüseynov bildirib.

Həmçinin mütəxəssis deyib ki, payızlıq buğdanın qışadavamlılığını artırmaq üçün səpin zamanı cərgələrə lokal üsulu (cərgəyə yaxın müəyyən hüdudda) ilə fosfor gübrəsi verilməlidir. Səpinlə birlikdə cərgələrə mikroelementlərdən bor, manqan, sink, molibden və kobaltın verilməsi cücərtilərin qida elementləri ilə təmin olunmasına şərait yaradır və onlar tez kök sistemi əmələ gətirərək yaxşı inkişaf edirlər. Payızda kollanma fazasında superfosfatla yemləmə verdikdə bitkinin kök sistemi və yarpağı yaxşı əmələ gəlir və qışın əlverişsiz şəraitinə daha davamlı olurlar. Azot gübrəsi isə hissə-hissə verilməlidir.

Nizami Hüseynov bir çox təsərrüfatlarda payızlıq buğda və ya arpa yerinə yenidən buğda səpildiyini deyib: “Belə olduqda sahənin səpin üçün hazırlanmasına daha çox diqqət yetirmək lazımdır. Respublikamızın suvarılan ağır qranulometrik tərkibli torpaqlarında şumun dərinliyi 28-30 sm, qərb bölgələrində 25-28 sm, Abşeronda 23-25 sm, dəmyə rayonlarda nisbətən dayaz 20-22 sm dərinlikdə laydırsız kotanlarla aparılması məsləhət görülür. Ağır mexaniki tərkibli torpaqlarda şum altına illik peyin normasının hamısını, fosforun isə 80-90 faizini vermək lazımdır. Şumdan səpinə qədər sahəyə bir neçə dəfə kultivasiya çəkilərək alaq otları məhv edilməlidir”.

Comments are closed, but trackbacks and pingbacks are open.