Pedaqoji fikir tarixi
“ Pedaqoji fikr tarixindən” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı” na əlavə edilməsi gənc nəslin maariflənməsinə verilən dəyərin bariz nümunəsidir.
“Pedaqoji fikir tarixindən” kitabının təqdimatı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali Məclisin Sədri tərəfindən təsdiq olunmuş 2019-cu il üzrə Tədbirlər Planına əsasən, “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev tədbirdə çıxış edərək deyib: “Pedaqoji fikir tarixinə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan qüvvət aldığını görürük. Keçmişlə müasirliyi düzgün uzlaşdırmadan, onu düzgün dəyərləndirmədən və müqayisə etmədən bugünkü məktəbimizin və pedaqoji fikrimizin səviyyəsini müəyyənləşdirmək olmaz. Bu səbəbdən kitab ali məktəb tələbələri və pedaqoqlar və ümumilikdə, ziyalılar üçün dəyərli mənbə, stolüstü kitab səciyyəsi daşıyır”.
Rektor qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunda növbəti tədris semestrindən “Pedaqoji fikir tarixi” adlı seçmə fənnin tədris planına salınması və pedaqoji fikir tarixi ilə əlaqəli mövzuların tədqiqata cəlb olunması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında vurğulayıb ki, elmin və təhsilin davamlı inkişafı muxtar respublika rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2014-cü il 4 sentyabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bu günədək fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, ümumilikdə, elmi innovasiyaların, elmi yeniliklərin, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. Bilik Fondunun maliyyə dəstəyi ilə onlarla kitab və jurnal nəşr olunaraq müvafiq qurumlara hədiyyə edilib. Əhalinin elmi-texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması istiqamətlərində görülmüş bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu 2019-cu ilin Tədbirlər Planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 10 min tirajla “Pedaqoji fikir tarixindən” kitabı nəşr etdirib.
Yeni nəşrdə tərbiyə, təhsil, təlim problemləri, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji xidmətləri və görüşləri, ayrı-ayrı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən şəxslərin fəaliyyəti ümumiləşdirilib, yaşanmış tarixin elmi-pedaqoji mənzərəsi öz əksini tapıb. Təbii ki, bu tarixi təcrübələr, görüşlər və nəzəri fikirlər təkcə tarixiliyinə görə deyil, varisliyi və müasir əhəmiyyətinə görə də qiymətlidir. Bu əsər Azərbaycan mütəfəkkirlərinin elm, təhsil, təlim, tərbiyə haqqında fikirlərinin sistemləşdirilmiş ilk məxəzidir. Maarifçilik ideologiyasının carçısı olan “Füyuzat” jurnalında əks etdirilən bir dəyərli fikri xatırlatmaq yerinə düşər: “Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”. Əhalini maarifləndirmək, ictimaiyyətə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, Azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi dəyərlərin carçısı olan bu kitab hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, “Naxçıvan” Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, son illər Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan dövlət sənədləri mütərəqqi təhsil imkanlarını artırmaqla yanaşı, milliliklə bəşəriliyin nümunəvi modelini təqdim edir.
Qeyd olunub ki, uzun illər milli zəmindən uzaqlaşdırılmış, xalq pedaqogikasının məzmunundan ayrı salınmış tərbiyə sistemimizi formalaşdırıb meydana çıxarmaq müstəqillik dövrü təhsil islahatlarının mühüm hissələrindən biridir. Yeni nəşr şifahi xalq ədəbiyyatımızda, zəngin və dünya şöhrətli klassik irsimizdə, Azərbaycan xalqı üçün yaxın olan Şərq ənənələrində və həm də ümumbəşəri dəyərlərdə öz əksini tapan təlim-tərbiyə məsələlərinin tədqiqi və təbliği baxımından nümunəvi qiymətli əsər hesab oluna bilər.
Sonda kitabda əsərləri yer alan müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş slaydlar, tələbələrin ifasında “Pedaqoji fikir tarixindən” kitabından seçmələrdən ibarət bədii kompozisiya nümayiş etdirilib, kitab müəllim və tələbələrə təqdim olunub.
Tədbir iştirakçıları üçün təşkil edilmiş “Oxunması zəruri olan kitablar”dan ibarət sərgi də maraqla qarşılanıb.
Pedaqoji fikir tarixi
Cəmiyyətin inkişafında mühüm bir istiqamətin – təhsilin əsas daşıyıcılarından biri müəllimlərdir. Cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsində, təhsil sistemi qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində müəllimin rolu böyükdür.
Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, təhsilalanları informasiya cəmiyyətinin fəal üzvlərinə çevirən təhsil islahatları uğurla davam edir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyən ölkə Prezidenti cənab İlham Əliyev inkişafda təhsilin rolunu yüksək dəyərləndirərək bu vacib sahənin inkişafı üçün ardıcıl qərarlar qəbul etmişdir. Təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin monitorinqinin aparılması, təhsil sahəsində inkişafyönümlü tədbirlərin həyata keçirilməsi məqsədilə pedaqoji sahədə cap olunan dərsliklərin, pedaqoji kitabların keyfiyyəti ilə yanaşı mənəvi dəyəri də diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların pedaqoji ideya daşımaları, xalqımızın milli mənəvi dəyərlər zəminində mariflənməsinin bariz nümunəsidir.
“Pedaqoji fikir tarixindən” kitabını on min tirajla capı və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün orta və ali təhsil müəssələrindəki hər bir təhsil işcisinə və müəllimlərə hədiyyə olunması intibahın bəşəri ideyalarındandır.
“Pedaqoji fikir tarixindən” kitabı dünya pedaqogika tarixində iz qoymuş Uşinski, Çerniyayevski, Suxomolinski, Maksim Qorki, Cəlil Məmmədquluzadə, Məhəməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəlli bəy Sultanov, Məhəmməd Ağa Şaxtaxtılı, Məmməd Səid Ordubadi kimi pedaqoqların maarifçilik ideyaları bəddi nümunələrdən cox incə, ali təfəkkürlə seçilmiş, bəsirət gözü ilə təhlil edilərək cəmləşdirilmişdir. Kitabın ABŞ-ın 16-cı prezidenti Avram Linkolnun oğlunun müəlliminə yazdıgı məktubla başlaması təsadüfi deyildir. Müəllifin sadəcə bu gün deyil, gələcək bəşəri ideyaların da məhz, müəllim sayəsində gerçəkləşəçəyinə, təhsilin son dərəcə əhəmiyyətli bit vasitə olmasına verdiyi ciddi dəyərdir. Kitabda Reyhan Mirzəzadənin pedaqoji tədqiqatınında yer almsı böyük maraqla dəyərləndirilir.
Kitabda 217-ci səhifədə Hüseyn Cavidin “Naxçıvanda nə gördüm sualına cavab”ı bu gün Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəllimlərin fəaliyyət qayəsinə çevrilməlidir. “….Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diskinmək ehtiyacı duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi. Mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli. ” və ya “….Naxçıvani Müəllimi yol göstərən, nəsihət verən, rəiyyəti istiqamətləndirməyi bacaran ulu şəxsiyyət kimi qələmə verir və onun əməyindən çox şeyin asılı olduğunu söyləyirdi”, “Pedaqoji fikir tarixindən” səh. 80.
Azərbaycan xalqının çoxəsrlik tarixi gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər yaratmış marifpərvərlərlə nümunəvidi. Bu mənəvi əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək müəllimləi istiqamətləndirmək ciddi problemlərdən biridir. Çünki yeni pedaqoji fikir keçmişin mütərəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərimizə təlim və tərbiyənin müdrik kəlamlar vasitəsi ilə təhsildə ənənəvi üsulla yeni konsepsiyanı, inkişaf tendensiyalarını müəyyənləşdirməyə, Dünya və Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya və təcrübələrin, təlim-tərbiyə ilə bağlı fikirlərin tədqiq edilib öyrənilməsində mühüm rol oynayacaqdır.
Alimlər, müəllimlər və tələbələr bu kitabı təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər.
Pedaqoji irsinin öyrənilməsi tək tarixilik nöqteyi-nəzərindən deyil, həm də bu gün üçün də faydalıdır. Çünki bu kitabdakı təlim-tərbiyəyə aid fikirlər müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi keyfiyyətlər ruhunda tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikadakı təhsil ocaqları daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Müntəzəm diqqət və qayğı sayəsində müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil daha geniş vüsət alır, təhsil müəssisələrinin maddi-texniki, tədris bazası ciddi surətdə möhkəmləndirilir.
Təhsilin inkişafına dövlətin göstərdiyi yüksək diqqət və qayğı gənc nəslin sağlam ruhlu, yüksək intellektli, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcək vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə əminlik yaradır. Hər bir təhsil işçisi təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalı, öz bilik və bacarığını sərf edərək gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışmalıdır.
“ Pedaqoji fikr tarixindən” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı” na əlavə edilməsi gənc nəslin maariflənməsinə verilən dəyərin bariz nümunəsidir.
Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Comments are closed, but trackbacks and pingbacks are open.