Peyğəmbər sünnəsi
Başqa şərif hədislər ki, Peyğəmbərin onlardan qəsdi öz itrətindən olan pak imamlar olmuşdur. Amma onlar bu rəvayətləri bəzi haqqı olmayan xəlifə və səhabələrə təfsir etmişlər!
ŞİƏNİN NƏZƏRİNDƏ PEYĞƏMBƏR (S)-İN SÜNNƏSİ QURANLA MÜXALİF DEYİLDİR
ŞİƏNİN NƏZƏRİNDƏ PEYĞƏMBƏR (S)-İN SÜNNƏSİ QURANLA MÜXALİF DEYİLDİR
Şiə və əhli-sünnət əqaidini araşdırdıqdan sonra məlum olur ki, şiə özünün bütün fiqhi hökmlərində yalnız Qurani-kərimə və Peyğəmbərin sünnəsinə müraciət edirlər. Quranı birinci, Peyğəmbərin sünnəsinə isə ikinci yerdə qərar verirlər. Yəni sünnəni Quranın nəzərinin altında qərar verir, onu Quranla üzbəüz qoyurlar. Hər bir şey Quranla düz gəlirsə, qəbul edir, hər şey müxalif olursa, ondan əl götürürlər. 2
Şiələr bu barədə imamların cədlərindən – Peyğəmbərdən olan rəvayət əsasında Əhli-beyt imamlarının əmrlərinə əməl edirlər. Peyğəmbər (s) buyurur: Məndən sizə hədis yetişdiyi zaman, onu Allahın Kitabı ilə tutuşdurun. Onunla düz gəldiyi zaman əməl edin, düz gəlmədiyi zaman onu divara vurun (kənara qoyun).
İmam Cəfər Sadiq (ə) dəfələrlə buyurmuşdur: Quranla düz olmayan hər hədis boş sözdür, (Peyğəmbərin sözü deyil).
“Üsuli-kafi” kitabında gəlmişdir: Peyğəmbər (s) Minada camaat üçün nitq söyləyib buyurdu: “Ey camaat! Məndən eşitdiyiniz hər şey Allah Kitabı ilə düz gələrsə, onu mən demişəm, məndən eşitdiyiniz hər bir şey Allahın kitabı ilə düz gəlməzsə, onu mən deməmişəm.”
Şiə bu möhkəm təməl üstündə öz fiqh və əqaidini bina etmişdir. Hər bir hədis – səhih sənədə malik olmuş olsa da belə, bu tərəzilə və Allahın Kitabı ilə (ki, heç bir batilin ona yolu yoxdur) düz gəlməlidir.
Başqa İslam firqələrinin arasında yalnız imamiyyə şiələri bu şərti qəbul etmişlər. Məxsusən rəvayətlər bir-birlərilə zidd olduqda, bundan istifadə edirlər. Şeyx Müfid “Təshihul-etiqad” kitabında deyir: Uca Allahın kitabı bütün hədis və rəvayətlərdən irəlidir. Hədisin düz olmasında və ya olmamasında ona müraciət olunur. Quran hər nəyə hökm edirsə, o, haqdır, ondan başqa heç bir şey.
Beləliklə, hədisi Quranla üzləşdirmək yalnız şiəyə aiddir. Elə bu üzləşdirmə şiəni bir çox əqli və fiqhi məsələlərdə əhli-sünnədən ayrıdır.
Mühəqqiq şiənin bütün şəri hökmlərinə və əqaidə aid olan məsələlərinə Allah kitabından şahid tapır. Bunun ziddinə olaraq əhli-sünnət və camaatdan çoxlu əqli və şəri hökmlər tapa bilər ki, Quranın aşkar nəssi ilə müxalifdir. Biz sizin üçün tezliklə bu haqda dəlil və nişanələr sayacağıq.
Beləliklə, mühəqqiq daha bir məsələ ilə yaxından tanış ola bilər ki, o da şiənin öz kitablarının heç birini yüz faiz “düz və səhih” bilməməsidir. Elə buna görə də kitablarının heç birini Quranla bərabər tutmurlar. Əhli-sünnət və camaata gəldikdə isə, onlar “Səhihi Buxari” və “Səhihi Müslüm”ün bütün hədislərini düzgün bilirlər. Amma həqiqətdə onların arasında yüzlərlə hədis vardır ki, Allahın Kitabı ilə ziddir.
Ola bilər bu özü də bu məzhəbin xəlifələrinin rəftarından götürülmüş olsun. Əhli-sünnət və camaat o kəslərin yolunu tutdular ki, Quran və sünnətlə tanış olmamış, ya da bilmiş, amma onların xilafına olan şəxsi ictihad və nəzərlərinə əməl etmişlər. (Keçən bəhslərdə bir miqdar onların dəlillərindən bəhs olundu.)
Amma imamiyyə şiələri Peyğəmbərin pak itrətinə itaət edirlər (ki, Quranın təfsirçiləridirlər). Onunla müxalifətçilik və onda ixtilaf etmirlər.
أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمَن يَكْفُرْ بِهِ مِنَ الأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّنْهُ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ
“Öz Allahından aşkar dəlili və arxasınca şahidi olan (yaxşıdır, yoxsa özgələri)? Ondan əvvəl Musanın kitabını rəhbər və rəhmət ünvanında göndərdik ki, onlar ona iman gətirirlər və bu hizblərdən ona kafir olanın yeri atəşdir, Onda heç şəkk etmə ki, haqq olan Allah tərəfindəndir, amma insanların çoxu iman gətirmirlər.” 1
QURAN VƏ SÜNNƏ ƏHLİ-BEYTİN YANINDA
İmamiyyə şiələrinin Quranı sünnətdən qabaq və eyni zamanda onu sünnənin qoruyucusu bildiklərini başa düşdükdən sonra diqqət yetirməliyik ki, əhli-sünnət və camaat düz onun əksini fikirləşirlər, yəni sünnəni Qurandan qabaq və Quranın qoruyucusu bilirlər.
Buradan özlərini “əhli-sünnə” adlandırmalarının dəlili ələ gəlir. Dediyimiz həqiqət deyildirsə, bəs niyə görə özlərini əhli-Quran və sünnə adlandırırlar. Məxsusən öz kitablarında qeyd etmişlər ki, Peyğəmbər (s) buyurmuşdur: “Mən sizin aranızda Allahın Kitabını və öz sünnəmi qoyuram.”
Buradan sözümüzün əsl səbəbi aydın olur. Sünnə onların nəzərində Qurana hakimdir. Bu doğrudan da təəccüblüdür. Onlar Quranla müxalif əməl etmiş, öz əməlləri ilə ünsiyyət tapmış, hakimlər də bu işlərə onları vadar etmişlər. Öz işlərini düzgün göstərmək üçün hədislər düzəldərək yalandan Peyğəmbər (s)-in adı ilə bağlamışlar. Düzəltdikləri hədislər Quranın hökmləri ilə müxalif olduğu üçün sünnənin Qurana hakim olmasını ya Quranı nəsx etməsini söyləmişlər.
Hər müsəlmanın gündə neçə dəfə yerinə yetirdiyi çox aydın bir misal gətirirəm. O da hər namazdan qabaq alınması lazım olan dəstəmaz məsələsidir. Quranda gəlmişdir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ
“Ey iman gətirənlər! Namaz üçün qalxdığınız zaman üzlərinizi, əllərinizi dirsəyə qədər yuyun, baş və ayaqlarınıza ayaq çıxığına qədər məsh çəkin.” 1
İstər “nəsb” və istərsə də “cərr” halında oxunmasına baxmayaraq bundan öncə qeyd etdiyimiz kimi, Fəxri Razi – ərəb dili üzrə əhli-sünnə və camaatın ən məşhur alimlərindəndir – deyir: Hər iki cür oxunmasına baxmayaraq, məsh etmək vacibdir. 2
Həmçinin İbni Həzm deyir: “Ərcul” kəlməsində olan “lam” hərfini istər kəsrə ilə oxuyaq, istərsə də fəthə ilə, hər iki halda “rüus” kəlməsinə ətf olunmuşdur. Belə olduqda, ya ləfzinə ətf olub, ya da mövzusuna. Başqa bir şey caiz deyildir. 3
Fəxri Razi Quranın məshi vacib etməsinə etiraf etməsinə (hər iki qiraətdə) baxmayaraq, öz sünnü məzhəbinə təəssübkeşlik etmiş və demişdir: Amma sünnə “ğəsl” (yumağı) gətirmişdir, o da Quranı nəsx edir (hökmünü batil edir.) 4
Bu onların xəyal etdiyi sünnədən bir nümunədir ki, Qurana hökumət, ya da onu nəsx edir. Bundan başqa bir çox başqa nümunələr də vardır. Düzəldilmiş çoxlu rəvayətləri Allahın hökmünü batil etməyə dəlil gətirirlər. Peyğəmbər (s)-in onu nəsx etdiyini iddia edirlər.
Biz “Maidə” surəsində nazil olmuş dəstəmaz ayəsinə diqqət etsək, (Quranın axırıncı nazil olmuş surəsidir) görərik ki, deyirlər: Peyğəmbər (s) dünyadan getməmişdən iki ay qabaq bu ayə nazil olmuşdur. Belə olduqda, bəs Peyğəmbər nə cür və nə zaman dəstəmaz hökmünü nəsx etmişdir?! Peyğəmbər iyirmi üç ili məshlə keçirmişdir. Hər gün beş dəfə o bu işi görürdü. Bu heç cür ağıla sığmır ki, dünyadan getməmişdən iki ay qabaq nazil olmuş bu ayə ilə “Vəmsəhu birüusikum və ərculəkum” – Quranın xilafına əməl edərək ayağını yumağa başlasın? Bu sözə heç kəs inanmaz.
Bundan əlavə, camaat bu cür Peyğəmbəri necə qəbul etsin və sözünü eşitsin ki, özü buyurur: “Bu Quran ən möhkəm yola dəvət edir” və yenə də onun əksinə əməl edir? Bunu ağıl qəbul edərmi? Ya da müxaliflər, müşriklər və münafiqlər ona deyəcəklər: Əgər özün onun xilafına əməl edirsənsə, nə cür bizi ona itaətə məcbur edirsən? Belə bir halda Peyğəmbər zəhmətə düşər, onların cavabını verə bilməz.
Biz də bu iddianı (ki, həm əql və həm də nəql onu qəbul etməkdən çəkinir) qəbul etmirik. Kitab və sünnəni qəbul edən hər kəs də bu iddianı qəbul etməyəcəkdir.
Amma əhli-sünnət və camaat (ki, həqiqətdə həmin Bəni Üməyyə hakimləri və onların ardıcıllarıdır), keçən bəhslərdə qeyd olunduğu kimi, Peyğəmbərin dilindən hədis düzəltməyə başladılar. Bu yolla azmış rəhbərlərinin nəzər və ictihadlarını düz göstərməyə çalışırdılar. Əvvəl onlara şəri icazə verirdilər. Bundan əlavə, əgər aşkar rəvayətlər qarşısında ictihad etmiş olsalar, Peyğəmbərin Quranın aşkar dəlilləri qarşısında ictihad etməsini bəhanə gətirərdilər. Beləliklə, bidət əhli yalandan Peyğəmbərə itaət etmələrini bəhanə gətirərək şəri dəlillərlə olan müxalifətçiliklərini ört-basdır edirlər!
Keçən bəhslərdə möhkəm dəlillərlə Peyğəmbərin bir gün belə olsun, öz şəxsi nəzərinə əməl etməməsini dedik. Həmişə Allah vəhyinin nazil olmasını gözləyirdi. Quran buyurur:
لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ
“Ki, camaat arasında Allah göstərdiyi kimi hökm edəsən.” 1
وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
Yəni: “Bizim aşkar ayələrimiz onlar üçün oxunan zaman bizimlə (hesabla) üzbəüz qalacaqlarına imanları olmayanlar deyirlər: Bundan başqa Quran gətir, ya onu başqa bir şeyə çevir. De: Mən özüm onu dəyişdirə bilmərəm, mənə nazil olandan savayı başqa bir şeyə itaət etmirəm, doğrudan da əgər öz Pərvərdigarıma itaətsizlik etsəm, böyük günün əzabından qorxuram.” 2
(Əgər özündən bir söz Allaha nisbət versə,) Allah bundan da şiddətli sözlə onunla nə edəcəyini deyərək qorxutmadımı? Necə ki, buyurur:
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ
“Əgər (özündən) Bizə bəzi sözlər nisbət versə, sağ əlini ondan alarıq və boyun damarını kəsərik, sizlərdən heç biriniz onu saxlaya bilməzsiniz.” 3
Bu, Quran və o da Peyğəmbər (ki, əxlaqı Quran idi)! Amma əhli-sünnə və camaat 4 Əli ibni Əbi Talib və Əhli-beytlə düşmən olduqları üçün hər şeydə onlarla müxalifətçilik edirdilər. Onların düşmənçiliyi elə həddə çatmışdı ki, hər şeydə Əli və onun şiələri ilə müxalif idilər. Hətta bu işləri sünnə ilə müxalif olmuş olsa idisə də, ondan çəkinmirdilər. 5
Məşhurdur ki, imam Əli (ə) Peyğəmbər (s)-in sünnəsini diri saxlamaq üçün hətta ahəstə qılınan namazlarda (zöhr və əsr) “bismillah”ı uca səslə deyərmiş. Onlardan bəzisi deyir: Bu iş namazda məkruhdur. Həmin bu sözü sair işlərdə, o cümlədən əlləri yana salmaqda, ya bir-birinin üstünə qoymaqda, duada, qunutda və gündəlik namazlara aid olan başqa əməllərdə əncam vermişlər.
Elə buna görə də Ənəs ibni Malik ağlayıb deyirdi: Allaha and olsun! Allah Rəsulunun namazında gördüyümü indi tapa bilmirəm. Sonra əlavə edib deyirdi: Onda çox dəyişiklik etmisiniz.
Təəccüblüdür, əhli-sünnə və camaatın tanınmış dörd məzhəbi bu barədə ixtilaflı nəzərdə olduğu üçün onlar da bu ixtilafın qarşısında susmuş, onların ixtilaflarını rəhmət adlandıraraq heç bir mane onda görməmişlər.
Amma şiə bəzi məsələlərdə onlarla ixtilaf etdiyi zaman onu danlamış və etdikləri ixtilafı əzab adlandırmışlar. Onların rəhbərləri elm, əməl, fəzilət və məqamda Peyğəmbər (s)-in itrətindən olan pak imamlarla bərabər olmadıqları halda, yalnız onların fikirlərini qəbul edirlər.
Ayaqları yuma məsələsində deyildiyi kimi, Quranın və sünnənin 1 dəstəmazda ayaqlara məsh etməyi açıqlamasına baxmayaraq, bu məsələdə heç nəyi şiədən qəbul etmirlər. Bununla kifayətlənməyib onları Quranı dəyişdirmə və dindən çıxmada günahlandırırlar.
Xatırlanması lazım olan ikinci məsələ həmin “mütə nikahı” məsələsidir. Quran bu məsələni qeyd etmiş, Peyğəmbərin sünnəsi isə təsdiqləmişdir. Amma Ömər ibni Xəttabın ictihadını ört-basdır etməkdən ötrü onu haram hesab edirlər. Yalandan hədis düzəldərək onu Peyğəmbər (s)-ə nisbət verirlər. Şiəni belə bir ailə qurmanı halal bildiyinə görə danlayırlar.
Həqiqətdə isə öz “Səhih” kitablarında belə bir ailə qurmanın Peyğəmbər (s), Əbu Bəkr və Ömərin xilafətinin bir hissəsində (haram edənə qədər) olmasına və səhabələrin bu işi görmələrinə şəhadət verirlər. Bundan əlavə, özləri bu işin səhabələr arasında ixtilaflı olmasını bildirərək, bəzilərinin onu halal və bəzilərinin onu haram deməsini qeyd edirlər.
Quranın aşkar ayələrini yalan bir hədislə nəsx etmə nümunələri daha çoxdur. Biz təkcə iki nümunə gətirməklə əhli-sünnət və camaatın məzhəbinin üstündən pərdə götürmək istədik. Oxucu buna diqqət yetirərək bilsin ki, onlar hədisi Qurana hakim bilir və etiraf edib deyirlər ki, sünnə Quranı nəsx edir!
Böyük sünnü alimi fəqih Abdullah ibni Müslüm ibni Qüteybə açıq-aşkar etiraf edir ki, hədis və rəvayətlər Quranı öz təsiri altında saxlayaraq onun hökmlərinə birbaşa dəxalət edir. Lakin Quran rəvayətləri bəyan etmək qüdrətinə malik deyil. 1
Əhli-sünnə və camaatın üsuli-din rəisi imam Əşəri deyir: Sünnə Quranı nəsx edir və ona hakimdir. Quran sünnəni nəsx etmir və onun üstündə hökuməti də yoxdur.
İbni Əbdül-Birr deyir: Əhli-sünnət və camaatın rəhbərlərindən biri olpn imam Ovzai demişdir: Quranın sünnətə olan ehtiyacı, sünnənin Qurana olan ehtiyacından daha çoxdur!! 2
Əgər qeyd olunan sözləri onların əqidəsi saysaq, onların Əhli-beytin nəzərləri ilə müxalif olması təbii olacaqdır. Əhli-beytin nəzərinə əsasən, Quran hədisə hakim olduğuna görə, hər bir hədis Quranla tutuşdurmalı və onunla ölçülməlidir. Lakin təbiidir ki, onlar Əhli-beyt imamlarından gəlib yetişən hədisləri qəbul etməyəcəklər, çünki bu hədislər onların məzhəbinin puçluğunu faş edir.
Beyhəqi “Dəlailun-nubuvvət” kitabında yazır ki, Peyğəmbər (s)-dən rəvayət olunmuş: “Sizə məndən hədis yetişəndə, onun Quranla tutuşdurun” hədisi batildir və düz deyildir. Belə ki, onun yalan olmasını hədis özü açıqlayır. Çünki Quranın özündə hədisin Quranla tutuşdurulması barədə heç bir nişanə yoxdur!!
İbni Əbdül-Birr Əbdürrəhman ibni Mehdidən nəql edir deyir: Həzrət Peyğəmbər (s)-dən rəvayət olmuş: “Məndən sizə yetişən hər şeyi Allahın kitabı ilə müqayisə edin, əgər Allah Kitabı ilə düz gəlsə, mən onu demişəm, yox əgər Allah Kitabı ilə müxalif olsa, mən onu deməmişəm” – sözlərinin düzlüyü elm əhli üçün sabit olmamışdır. Sonra əlavə edərək: Bu hədisi zındıqlar və xəvaric düzəltmişdir!! 3
Bu kor təəssübə diqqət edin. Elmi təhqiq və həqiqəti qəbul etmək üçün heç bir yol qoymamışdır. Onlar bu hədisi rəvayət edənləri – Peyğəmbərin pak itrəti olan Əhli-beyt imamlarını zındıq, kafir, xarici adlandırıb hədis düzəltməkdə günahlandırırlar.
Biz onlardan sual edib soruşa bilərik ki, bu hədisi düzəltmədə zındıq və xəvaricin hədəfi – bildiyimiz kimi Allahın kitabına heç bir batil üçün yol yoxdur – nə ola bilər? Ağıllı və insaflı şəxs bu “Allahın kitabını uca tutan bu zındıq və xəvaricə” inanıb etiqad bəsləyir. Allahın kitabını dini hökmlərdə ilk mərcə bilir. Onun bu işi əhli-sünnətc və camaatın işindən də daha yaxşıdır, çünki onlar yalan rəvayətlərlə Allah Kitabına hakimlik edir, düzəltdikləri bidətlərlə onun hökmlərini aradan aparırlar.
مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا
“Böyük sözlər ağızlarından çıxmışdır və yalandan savayı bir şey demirlər.” 1
Onların zındıq və xəvaric adlandırdığı insanlar, Peyğəmbər (s)-in Əhli-beyti, hidayət imamları gecə qaranlığında işıq saçan çıraqlardır. Allah Rəsulu onları ixtilaf zamanı ümmətin ümid yeri adlandırmışdır. Onlarla müxalifətçilik edən hər bir tayfa Şeytan hizbindəndir. Yeganə təqsirləri cədlərinin sünnətinə sadiq qalaraq Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Mərvan və Bəni Üməyyənin bidətlərini qəbul etməmələridir. Qüdrət həmişə bunların əlində olduğu üçün müxaliflərini söymüş, xarici və kafir adlandıraraq onlarla müharibə etmiş, kənara qoymuşlar. Onlar Əli (ə) və Əhli-beyti səksən il minbərlərdə lənətləmiş, övladları imam Həsən (ə)-ı zəhər, imam Hüseyn (ə)-ı isə qılıncları ilə qətlə yetirmişlər.
Əhli-beyt (ə)-ın çəkdiyi saysız-hesabsız əziyyətləri açıqlamaq istəmirik. Sözümüzü özünü əhli-sünnə və camaat adlandıran insanlar barəsindədir. Onlar hədisi Quranla üzləşdirmək istəmədikləri halda, görəsən Əbu Bəkri niyə görə xəvaric, ya zındıq adlandırmırlar? Həmin Əbu Bəkr hədisləri yandırıb camaata moizə edərək deyirdi: Siz Peyğəmbərdən elə bir halda hədis rəvayət edirsiniz ki, özünüzün onlarda ixtilafınız vardır. Sizdən sonra gələnlərin ixtilafı daha çox olacaqdır. Belə isə Peyğəmbərdən heç bir hədis nəql etməyin. Sizdən hər kəs soruşsa, cavab verib deyin: Bizimlə sizin aranızda Kitab vardır. Onun halalını halal, haramını isə haram bilin. 1
Görəsən Əbu Bəkr bu sözü ilə Quranı sünnədən qabaq bilməmişdirmi? Quranı yeganə mənbə bilərək sünnəni xalqın ixtilafı adlandırıb kənara qoymamışdırmı?!
Bəs nə üçün Ömər ibni Xəttabı xəvaric, ya zındıq adlandırmırlar? O, həmin adamdır ki, elə ilk gündən Peyğəmbərin sünnəsini kənara qoyub demişdi: Allahın Kitabı bizə bəsdir. Səhabələrin hədis və sünnədən yığdıqları hər nə vardısa, yandırdı. 2 Bununla kifayətlənməyib hədis rəvayət etməyi də qadağan etdi. 3
Niyə – dinin yarısı ondan götürülmüş – Ümmül-möminin Aişəni xəvaric, ya zındıq adlandırmırlar? Məşhurdur ki, o hədisi Quranla tutuşdurar, müxalif olduğu zaman onu rədd edərmiş.
Ömər ibni Xəttabın bu hədisini “Ölüyə onun ailəsinin ağlaması ilə əzab olunur” rədd etmişdi. Aişə dedi: Quran sizin üçün kafidir:
“La təziru vazirətən vizra uxra.” 4
Həmçinin Aişə Abdullah ibni Ömərin rəvayət etdiyi “Peyğəmbər müşriklərin düşdüyü quyunun qırağında durub onlarla danışdıqdan sonra üzünü yoldaşlarına tutub buyurdu: “Onlar dediklərimin hamısını eşidirlər” hədisini qəbul etməmiş, demişdi: Allah Peyğəmbəri təkcə bunu buyurmuşdur: “Onlar bilirlər ki, dediklərimin hamısı haqdır.” Sonra hədisin yalan olmasını sübut etmək üçün Qurandan dəlil gətirərək bu ayəni oxudu:
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى
Yəni, “Sən heç bir şeyi ölülərin qulağına çatdıra bilməzsən.” 1
وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ
“Sən heç nəyi qəbirdə olan ölülərin qulağına çatdıra bilməzsən.” 2
Aişə hər dəfə rəvayətləri Quranla üzləşdirdikdə, onların çoxusunu inkar edirdi. “Mühəmməd (s) Allahı görmüşdür” – deyənin cavabında belə demişdi: Sənin sözündən bədənimin tükləri biz-biz durur. Sən nə bilirsən? Bu üç şey haqqında hər kəs sizə söz desə, yalan demişdir!
1. Hər kəs “Mühəmməd Allahı görübdür” desə, yalan danışıbdır. Bu ayəni oxudu:
لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
“Heç bir bəşər elə bir yerə çata bilməz ki, Allah onunla danışa, yalnız vəhy, ya pərdə arxasından istisna olunubdur.” 3
“La tudrikuhul-əbsaru və huvə yudrikul-əbsarə və huvəl-lətiful-xəbir.” 4
2. Hər kəs sənə “sabah nə olacağını bilirəm” – desə yalan demişdir. Sonra Allahın bu sözünü oxudu:
وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا
Yəni: “Heç kəs bilmir sabah nə olacaqdır? (ya da ki, nə ələ gətirəcəkdir? ) 5
3. Hər kəs sənə “Peyğəmbər söz gizlətmişdir” – desə, yalan demişdir. Sonra bu ayəni oxudu:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ
Yəni: “Ey Peyğəmbər! Allah tərəfindən sənə yetişən şeyi (xalqa) çatdır.” 6
Əhli-sünnət ravisi Əbu Hüreyrə çox vaxt hədisi oxuyub sonra deyərdi: “Əgər istəyirsiniz, bu ayəni oxuyun.” Öz hədisini Quranla müqayisə edirdi. Eşidənlər onun sözünü qəbul etmirdi.
“örəsən əhli-sünnət və camaat bütün bunları niyə görə xəvaric və zındıqlardan saymır? Bunlar ki, eşitdikləri hədisləri Quranla tutuşdururdular! Quranla düz gəlmədikdə, onu kənara atır, yalan adlandırırdılar? Çünki bu işə cürətləri çatmır, amma növbə Əhli-beytə çatdıqda, təqvalı olmanı kənara qoyur, hər cür söyüş və günahla onlara töhmət vururlar. Həqiqətdə isə onların təkcə bir günahı olmuş olur, o da hədisi Quranla üzləşdirməkdir. Onlar hədisləri Quranla üzləşdirməklə hədis düzəldənləri, fırıldaqçıları üzə çıxarıb rüsvay edir, onların Allah əhkamını ayaq altına qoyaraq yalan hədis düzəltmələrini açıqlayırdılar.
Yaxşı bilirlər ki, düzəltdikləri hədisləri Quranla üzləşdirsələr, hər on hədisdən doqquzu yalan, təkcə biri sadiq olaraq Peyğəmbərin sözü olacaqdır. Hədislərin mənasını bəzən elə dəyişirlər ki, Peyğəmbər (s) özü o mənanı qəsd etməmiş olur. Məsələذn, bu hədisə diqqət edin: “Məndən sonra xəlifələr on iki nəfərdir. Hamısı Qüreyşdəndir.” Ya bu hədis: “Məndən sonra raşidin xəlifələrinin sünnətinə əməl edin.” Başqa bir hədis: “Ümmətimin ixtilafı rəhmətdir.”
Başqa şərif hədislər ki, Peyğəmbərin onlardan qəsdi öz itrətindən olan pak imamlar olmuşdur. Amma onlar bu rəvayətləri bəzi haqqı olmayan xəlifə və səhabələrə təfsir etmişlər!
Səhabələrə qoyduqları ləqəblər də elə bu qəbildəndir. Məsələn: Əbu Bəkrə “Siddiq”, Ömərə “Faruq”, Osmana “Zunnureyn”, Xalidə “Seyfullah” verilən adlar Peyğəmbərin zəmanəsində Peyğəmbər (s)-in dili ilə Əli (ə)-a verilən adlardır. O Həzrət buyurur: Siddiqeyn üç nəfərdir: Həbib Nəccar (Mumini Ali Yasin); Hezqil (Ali-Fironun mömini) və Əli ibni Əbi Talib (ə) ki, onların hamısından üstündür. 1
Əli (ə) özü buyurur: “Mən ən böyük Siddiqəm, məndən sonra hər kəs bunu desə, yalançıdır. Mən ən böyük Faruqam ki, Allah mənim vasitəmlə haqla batilin arasına ayrılıq salır.” 2
Məgər Peyğəmbər buyurmamışdırmı: “Onunla dostluq iman, düşmənçilik nifaqdır və hara getsə, haqq onunladır?”
Elə Zunnureyn 3 də Əli (ə)-dır. Çünki behiştin cavanları Həsən və Hüseyn (əleyhimus-səlam)-ın atasıdır. Onlar nübüvvətdən ayrılan iki nurdurlar. Allahın qılınca də o kəsdir ki, Cəbrail Ühüd müharibəsi zamanı onun barəsində buyurmuşdur: “Əlidən savayı bir comərd, Zülfüqardan savayı bir qılınc yoxdur.”
Həqiqətən də o, Allahın qılıncı idi. O, qılıncını müşriklərə qarşı çəkmiş, pəhləvanlarını öldürmüş, qəhrəmanlarını yerlə yeksan etmişdi. Çarəsiz qalıb ürəkdən də olmasa, haqqı qəbul etmişdilər. O, Allahın qılıncıdır, heç vaxt döyüşdən qaçmamış, onunla üzləşməkdən qorxmamışdır. O həmin kəsdir ki, bütün səhabələr Xeybər qalasını almaqdan aciz qaldıqdan sonra, o, həmin qalanı fəth etmişdi.
Siyasət elə xilafətin ilk günü Əli (ə)-ı tərksilah edib onun haqqında hər cür fəzilət söyləməyi qadağan etdi. Müaviyə qüdrətə çatdıqdan sonra bu əməli daha da şiddətləndirdi. Əli (ə)-ı lənətləyərək onu kiçiltməyə başladı. Onun düşmənlərini ucaldaraq Əli (ə)-ın fəzilət və ləqəblərini özgələrinə verdi. Bu yolda heç bir yalan və böhtandan çəkinmədi. O vaxt kim Müaviyəni yalançı adlandırıb onunla müxalif ola bilərdi?
Onlar Əli (ə)-ı söyməyi və lənətləməkdə Müaviyə ilə birlik edirdilər. Onun əhli-sünnət və camaatdan olan tərəfdarları bütün həqiqətləri alt-üst edib, pis işi yaxşı, yaxşı işi isə pis qələmə verdilər. Əli (ə)-ı və onun şiələrini zındıq və xarici adlandırdılar. Bu yolla onları lənətləyib öldürmələrini rəva gördülər. Allahın, Onun Rəsulunun və Əhli-beytin düşmənlərini “əhli-sünnə” adlandırdılar. Oxu təəccüb et! Əgər şəkdəsənsə, axtarış və təhqiq et!
مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ
“İki qrupun misalı kor və karın, görən və eşidənin (misalı) kimidir. Bunlar misalda bərabərdirlərmi, niyə xatırlamırsınız?” 1
Peyğəmbər sünnəsi
Nəriman Qasımoğlu
tərcüməçi, şərqşünas-alim
“İslam” sözü ərəbcədən tərcümədə “təslimolma” deməkdir və yaxşı olardı dinimizin ərəbcədəki adını da həmin sözün informativ yükünə uyğun ana dilimizdə elə “təslimolma” kimi qəbul edib işlədək. Belədə tarixən tapındığımız dini təktanrılığın sadəcə yenilənmiş versiyası kimi qavramaq imkanı qazanırıq və bunun da ən gözəl yanı odur ki, dinimizi nəhəng zaman genişliyində tarixöncəsinədək gedib çıxan görürük.
Təslimolmanın tarixindən söhbət düşəndə nisbətən mütərəqqi ilahiyyatçılar bütün Tanrı elçilərini – Nuh, İbrahim, Musa, Yaqub, Yusif, Yunus, Zəkəriyyə, İsa və b.-nı “təslimolma” elçiləri kimi tanımlayan Quran (“Quran” sözünə də bundan sonra informativ yükünə uyğun tərcümədə daha çox “Oxu” deyək!) mətninə istinad edərək “Adəmdən Xatəmə” ifadəsini işlədirlər. Nəzərdə tutulan tarix Adəmdən son peyğəmbər Məhəmmədə qədərki dövrdür. Ancaq dinimizin, təslimolmanın təcrübi arealında olduqca az şeyə rast gəlmək olur ki, bu tarixin gedişatı və ayrıntılarına söykənsin.
Əksər ilahiyyatçıların müsəlmanlar üçün vacib bildiyi nə varsa, hər şey Məhəmməd peyğəmbərin “sünnə”sində (Oxu-da “peyğəmbər sünnəsi” ifadəsi yoxdur, “Tanrı sünnəsi” var!) – onun “gətirdiyi”, islam şəriəti adına qələmə verilən qayda-qanunlarda müəyyənləşir. Bununla da təəssüf ki, təktanrılığın Oxu-da ifadəsini tapan universal məntiqi gözardı edilir. Mən hələ bu təslimolma dininin zamansızlığı içərən məntiqindən danışmıram…
Problemlər həddindən artıq çoxdur, tarixilik, ənənəçilik, siyasi konyunkturlar baxımından çoxşaxəli, çoxparametrlidir ki, ilahiyyatçılıqda da keçilməz sədlər yaradır.
Bu sədlərin biri ərəb dili səddidir. Ənənəvi islami təfəkkürdə yenilikçiliyə, islahatçılığa, zamanla ayaqlaşmayan, elə Oxu-nun çağımızda anlaşılan öz məntiqinə də açıq-aşkar tərs düşən ən çeşidli etiqadi və fiqh təlimlərinə – cəfəri, şafii, maliki, hənəfi, hənbəli, hənbəli-sələfi, nurçu və s. və i.-ə xas ümumi cəhətlərdən biri bu dil məsələsinə münasibətlə bağlıdır.
İslam adına mövcud bütün təlimlərdə Quran dili olduğu üzündən ərəbcənin xüsusi statusu var. Bəri başdan deyim ki, Oxu orijinalının ərəbcə nüzulu əslində möcüzəvi bir şey deyil, obyektiv bir zərurətin ifadəsidir: “Öz qövmünün dilində göndərdik hər elçini aydınlatsın, açıqlasın soydaşlarına…” (14:4). Əlbəttə, hansısa topluma anlamadığı yabançı birisinin ilahi ismarışlar çatdırması absurddur.
Bu adi və obyektiv məntiqlə şərtlənən və heç də xüsusi olmayan statusun möhkəmləndirilməsinə tarixən subyektiv cəhdlər də edilib. Peyğəmbər adına xalq rəvayətləri qəbilindən hədislər uydurulub ki, ərəbcəni bir dil olaraq müqəddəsləşdirsinlər. Guya Məhəmməd peyğəmbərin dediklərindən biri bu imiş: “Üç səbəbə görə ərəb dilini sevin: çünki mən ərəbəm; Quran-i Kərim ərəbcə nazil olub; cənnət əhlinin danışdıqları dil ərəbcədir”. Uydurma olduğu bir kənara, hədisin məntiqi belədir ki, peyğəmbər ərəbdirsə, aldığı vəhylər ərəbcədirsə, yaxşı insanlar cənnət-məkanda hökmən başlayacaqlar bir-biri ilə ərəb dilində danışmağa. Fərqi yoxdur, türk ol, fars ol, rus ol, kim olursansa ol, mömin müsəlmansansa, cənnətliksən və orada dilin dönüb olacaq ərəb dili…
Yeri gəlmişkən, burada bir haşiyə çıxıb ənənəçilərə etirazən deyim ki, axirət əcri üçün heç də şərt deyil Məhəmməd peyğəmbərə enmiş Oxu ismarışlarını qəbul edəsən, çünki Oxu-nun öz mətni əməli-saleh xristianlara, yəhudilərə qucaq açaraq onları da cənnətlə müjdələyir: “O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar… xristianlar, sabiilər… Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə – ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları”(2:62); “Həqiqətən, o kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar… xristianlar, sabiilər… Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə, nə qorxu gözlər, nə qəm üzər onları”(5:69). Göründüyü kimi, Oxu-nun orijinal mətni cənnətin təkcə ənənəvi müsəlmanlara aid olmasını beləcə açıq-aşkar təkzib, hədisçilərin ərəb dilinin statusu ilə bağlı saxta məntiq dəlilini də etibarsız edir.
“Öz qövmünün dilində göndərdik hər elçini aydınlatsın, açıqlasın soydaşlarına…” ayəsi ilahiyyatçıların o mənada karına gəlir ki, Quranın başqa dillərə tərcümə edilməsi, qeyri-ərəb dillərində açıqlanması zərurətini əsaslandırsınlar. Bu aydındır və hərçənd o da aydın olmalıdır ki, Oxu heç bir ayrı-seçkiliyə yol vermədən bütün dillərə də, etnik-irqi müxtəlifliyə də ayə statusunda, yəni Tanrının yaradıcılıq işinin əlaməti statusunda münasibət bildirir: “O-nun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə” (30:22). Əslində elə təkcə bu ayənin təlqini imkan verir ərəbcənin təslimolma dini üçün əlahiddəliyini rahatca kənara qoyasan.
Ancaq məsələ düşündüyümüz qədər sadə deyil. Hədislər, əsrlərcə müəyyənləşib qəlibləşən ənənələr öz yerində, bəs orijinalı ərəbcə olan Oxu-da necə, ərəbcənin xüsusi statusu varmı?
Əvvəlcə, aşağıda Oxu orijinalından təqdim etdiyim tərcümələrə baxaq. Bəzi məqamlar digər tərcümə variantlarında keçən ifadələrdən xeyli fərqlənsə də, ümumi bir cəhət var ki, onu ənənəvi təqdimatda saxlamışam. Bu, “ərəbcə”, “ərəb dili”, “ərəb” sözlərinin vurğulanmasıdır. Bu sözlərin işləndiyi ayələri təqdim edirəm:
– “Biz bunu ərəbcə bir Oxu olaraq endirdik bəlkə ağıl işlədəsiz” (12:2);
– “Beləliklə, Biz onu ərəbcə bir hökm olaraq endirdik” (13:37);
– “Onların göstərdiyi şəxsin qəlizdir dili, bu isə aydın ərəbcə bir dil” (16:103);
– “Beləliklə, Biz bunu ərəbcə Oxu olaraq endirdik də hallandırdıq ondakı təhdidləri bəlkə çəkinələr deyə, ya da bir anım yarada onlardan yana” (20:113);
– “Etibarlı Ruh endirmiş bunu sənin qəlbinə. Ki, xəbərləyən kimsələrdən olasan aydın ərəb dilində”(26:193-195);
– “Bu Oxuda hər şeydən bir nümunə gətirdik insanlara bəlkə xatırlayalar. …Əyərsiz-əskiksiz ərəbcə Oxu olaraq. Bəlkə çəkinələr…” (39:27-28);
– “Rəhman Rəhimdən bir endiriş, bir Yazı ki, ərəbcə bir Oxutək açıqlanmış ayələri bilənlərə müfəssəl” (41:2-3);
– Biz onu qeyri-ərəb dilində bir Oxu eyləsəydik, hökmən deyəcəkdilər: “Məgər bunun ayələri müfəssəl açıqlanmalı deyildimi? Qeyri-ərəb dilində… və ərəb?!” (41:44);
– “Və beləcə Biz sənə vəhy eylədik ərəbcə bir Oxunu ki, xəbərləyəsən şəhərlərin anasını, ətrafında olanları…” (42:7);
– “And olsun aydınladan Yazıya, Biz bunu ərəbcə bir Oxu qıldıq bəlkə ağıl işlədəsiz” (43:2-3);
– “…Bu da ərəb dilində doğrulayan bir Yazı ki, xəbərləsin zülm eyləyən kəsləri, müjdələsin gözəl davrananları” (46:12)
Əlbəttə, bu ayələri tərcümədə oxuyanlarda o qənaət yarana bilər ki, təslimolmanın Oxu ifadələri də ərəb dilinə xüsusi yanaşmanı ortaya qoyur. Belədə ərəb olmayan inanclı müsəlman əqlinə güc verib necə anlaya bilsin ki, axı ərəbcənin öz doğma dilindən dini anlamda da özəl bir üstünlüyü ola bilməz. Və bütün dilləri eyni statusda təqdim edən ayənin (30:22) hökmü necə olsun?
Oxu ayələrində ərəbcənin bunca təbliği təsirini bağışlayan ifadələr islamın ateist düşüncəli əleyhdarlarına “ərəblərin dinidir”, tərəfdarlarına isə ərəbcənin müsəlmanlar arasında vacib birləşdirici amil olduğu dəlilini verir. Birincilərin dəlilini ciddiyə almamaq olar. İkincilərin iddiası da həyatda təsdiqini tapmır, çünki müsəlmanlar arasında tarixən olmuş və hazırda davam edən dərin ziddiyyətlər həmin iddianı sadəcə etibarsız edir. Ancaq yenə də bəziləri bu birləşdirici amildən möhkəm yapışaraq və ərəbcənin Quran dili statusunu vurğulayaraq vacib bilirlər car çəksinlər ki, ibadətlər hökmən ərəb dilində icra edilməlidir. Belələri “namazlar fərqli dillərdə olsa, dinimiz əldən gedər” əndişəsini də yaşayırlar.
Bu dəlilə qarşı fikirlərimi mətbuatda dəfələrlə səsləndirmişəm. Əlavə olaraq bir məqamı qeyd edim: Oxu vəhylərinin özü də bir xeyli mətləbləri tərcümədə, yəni ərəb dilinə tərcümədə təqdim edir! Fərqli etnoslara mənsub Tanrı elçilərinin Oxu mətnində ifadələri keçir. Onlar, təbii ki, ərəbcə danışmayıblar. Oxuda onların xitabları tərcümədə təqdim edilir. Məsələn, “Məsih isə demişdi: “Ey İsrail oğulları, Rəbbim, Rəbbiniz olan Tanrıya qulluq qılın” (5, 72). Isa Məsih hansı dildə bunu demişdi? Quran-da olduğu kimi ərəb dilindəmi? Əlbəttə, ərəb dilində yox, öz dilində, arami dilində. Quran vəhyi tərcümə variantında təqdim edilirsə, bu elə onun nümunəsi deyilmi ki, ərəbcə vəhylər də anlaşılsın deyə tərcümədə namaz qılanın dilində səslənsin? Oxu-da bütün Tanrı elçilərinin – fərqli etnik qruplara mənsub elçilərin namazları haqqında onlardan ibrət götürməyi təlqin edən ayələr var. Təbii ki, namazları ərəbcə olmayıb onların.
İbadətin ruhiyyəsinə diqqət çəkən hörmətli yazarımız Pərviz Cəbrayılın bu məsələyə şərhi də ibrətamizdir: “İnsan Tanrıyla, əlbəttə, ruhunun diliylə danışır. Ancaq o ruhun dilini sözlərlə ifadə etmək gərəkəndə ana südü qədər qutsal olan ana diliylə ifadə edir. Və ana südüylə bəslənmiş dilin daha şirin, daha ürəkdən, daha içdən olacağı, ünvana daha uğurla çatacağı şübhəsizdir. Tanrı dili yox, mənanı, niyyəti qəbul edir, ancaq məna və niyyəti anlamadan söylənilənlərin kəsərinin güclü olacağı qaranlıqdır. Məhəmməd Füzulinin üç divanı var – türkcə, ərəbcə, farsca. Üçündə də möhtəşəmdir, lakin kim dana bilər ki, o, öz ana dilində Tanrıya bir köynək daha yaxın olub?!”.
Yuxarıda ərəb dilinin Oxu-da xatırladılmasına dair verdiyim sitatlarda yalnız ərəbcəyə aid ənənəvi olaraq qəbul edilən ifadələri bilərəkdən dəyişməz saxladım. Bu natamam yenilədiyim tərcümə nümunələrindən məqsəd problemli mətləbin kökünə bir qədər aydınlıq gətirməkdir.
Tarixi ənənələrin yaratdığı sədlər bəzən elə sıx olur ki, Quran açıqlamalarının müəllifləri sözün lüğəti məna tutumundan daha çox onun klassik yozumlarına, ürfi-ənənəvi təlqinlərinə mexaniki olaraq bağlanır və bununla həmin sədlərin xidmətində dururlar. Hərçənd bu da var ki, “Yer üzündə ağaclar qələmlərə dönsəydi, dəniz də mürəkkəbə – yeddi dəniz də üstəlik, Tanrının sözləri tükənməzdi heç…” (31:27). Və təfsir azadlığını təşviqləyən başqa bir ayə (75:17) isə peyğəmbərdən sonrakı bütün dövrlərdə vəhylərin yozumunun Yaradanın Öz öhdəsində olduğunu təlqin edir. Yeni zamanlara uyğun yeni yozumların Tanrıdan insanlara çatdırışı elm elçilərinin öhdəsindədir: “…O Yazının yozumunu başqaları deyil də yalnızca Tanrı bilər və elmdə dərinləşən kimsələr…” (3:7).
Oxu mətni dəyişməzdir, dəyişməzliyi də ilahinin zəmanətində olduğu vurğulanır ayələrin birində (15:9). Mətnin möcüzəsi ondadır ki, bu dəyişməzliyin müqabilində ayələrdə ifadə olunan mətləblər statik, dəyişməz deyil, ilahi həqiqətlərin dəyişməzliyi fonunda yeni hikmətlər açır, yeni sözlər deyir. Məsələn, 84-cü surənin 19-cu ayəsinin hərfi tərcüməsi “siz boşqabdan-boşqaba mütləq minəcəksiniz”, yaxud “siz təbəqədən-təbəqəyə mütləq minəcəksiniz” kimi bir ifadəni ortaya qoyur. Ənənəvi tərcümə variantlarında həmin ifadə “siz haldan-hala mütləq düşəcəksiniz” kimi gedir və əlavə olaraq da mötərizədə izah olunur ki, “ölüb diriləcəksiniz”. Halbuki hərfi tərcümə indilikdə daha münasibdir, çünki elmi təxəyyülə təkan verən bir məzmundadır və mətnin bilavasitə özündən gəlir. Və çünki həmin ifadə göy cisimlərinə verilən andlar fonunda təqdim edilir…
Bəs Oxuda təkrar-təkrar səslənən və ənənəvi olaraq “ərəbcə” kimi qəbul etdiyimiz sözün necə, belə bir potensialı varmı ki, hansısa başqa mənaya, daha ağlabatan hikmətə yol açsın? Var, əlbəttə! Və ən mütərəqqi müsəlman alimlərinin belə diqqətindən bu mətləbin indiyədək yayınması təəccüb doğurur. Oxucularımız üçün bildirim ki, həmin sözlə bağlı yeni iddia ilk dəfə yenicə çapdan çıxmış Quran açıqlaması kitabımda və bu qəzetdə, bu yazıda irəli sürülür…
Mahiyyətə varmazdan öncə ehtiyac duyuram ərəb dilində sözyaranma qaydalarına aid bəzi məqamları nəzərə çatdırım. Bu dildə sözlər əsasən feillərə aid bilinən köklərdən düzəlir. Ərəbcə lüğətlər də bu köklərə uyğun tərtib edilir. Məsələn, K-T-B samitlərindən ibarət feil kökü “kə-tə-bə” “yazmaq” mənasında qəbul edilir. Niyə qəbul edilir deyirəm? Çünki əslində “kə-tə-bə”nin mənası “o yazdı” deməkdir. Keçmiş zaman feilinin yazılışca bu ən sadə şəkli əsas götürülür (qeyri-ərəblər də bu sadə şəkli şərti olaraq məsdər kimi qəbul edirlər) ki, ondan düzəlmə sözlərin etimolojisi aydın bilinsin. Dilimizdə işlənən “katib”, “kitab”, “yazı”, “məktəb”, “məktub” sözlərinin, eləcə də ərəbcə bu kökdən yaranan bir xeyli başqa sözlərin etimolojisində həmin o feil kökü dayanır.
Ərəbcə sadə sifətlərin də etimolojisini başqa dillərdən fərqli olaraq feil kökləri təşkil edir. Məsələn, “böyük” mənasını verən “kəbir” sifəti “K-B-R” samitlərindən ibarət “kə-bu-ra”, yəni “böyük olmaq” feilindən düzəlir. Düzəlmə sifətlərin əksəriyyəti isə qrammatik cincə görə, “iyyun”-“iyyətun”, yaxud “avıyyun”-“avıyyətun” şəkilçisilərinin müvafiq sözlərə artırılması ilə gəlişir. Dilimizdə bunun izini ərəbcədən alınma sifətlərdəki “i” sonluğunda görmək olur: ibtidai, nizami, icbari, kütləvi, ailəvi və s. Sifət düzəltmək üçün həmin şəkilçilər isimlərə də, ismi-məsdərlərə də artırılır. Feillərdən düzəlmə ismi-məsdərlər dilimizdə məsdər şəkilçiləri olan “maq” – “mək”lərdən sonuncu samitlərin atılması ilə düzələn sözlərə ekvivalentdir. Məsələn, “yazmaq” feildir, “yazma” isə ismi-məsdər.
“Ərəbcə” sifətinə gəlincə, bu, çox zaman “dil” mənasında “lisənun”, “luğatun” sözlərilə birgə işlənən və “arabun” sözünə artırılan “iyyun”, yaxud “iyyətun” sonluqları ilə düzəlmə sifətdir.
İndi baxaq izahlı lüğətlərdə bu “arabun” sözünün A-R-B kökünə. Bu kökdən yaranan “a-ri-bə” feilinin ilkin mənası “aydın, ifadəli danışmaq”dır. Özü də bu “aydın, ifadəli danışıq” mənasız, mədəniyyətsiz danışıqdan sonra baş verəndə olur “a-ri-bə”. Feilin başqa bir mənası da var: “bol sulu olmaq”, “enerjili, canlı olmaq”. Ərəbcədə bu sonunculara aid belə ifadələr işlənir: “aribəti-l-bi’r” – “quyu bol sulu oldu, quyunun suyu artdı”. Sadə keçmiş zamanda ayrıca işlənəndə üçüncü şəxsin təkini bildirən insan haqqında bu mənanı verir: “o canlı, enerjili oldu“, yaxud “o canlı, enerjili idi”. İzahlı lüğətlər bu feildən düzələn ismi-məsdərin “arabun”, sinoniminin isə ərəbcədə “fəaliyyət” mənasını verən “naşatun” olduğunu diqqətə çəkir.
A-R-B kökünə aid başqa bir feil “a-ru-bə”dir, tərcüməsi yuxarıda qeyd etdiyim mənaya yaxındır: “nöqsansız danışmaq”.
Ərəbcə feillərin sadədən mürəkkəbə doğru şəkillənən, mənaları öz ibtidai anlamına yaxın məzmunda dəyişikliyə uğrayan variantları var ki, ərəb qrammatikasında bunlara feilin babları deyilir. Nümunə gətirdiyimiz feil birinci babdadır. Feilin ikinci babının nümunəsində “ar-ra-bə”də bu mənalarla rastlaşırıq: “bir şeyi aydınlaşdırmaq, aşkar etmək”; “danışıqda nöqsanı düzəltmək”. Həmin feilin ismi-məsdəri “tə’rib” isə, “müalicə etmə, xəstəliyi sağaltma” mənasını da verir. Və yaxud feilin dördüncü babı “ə’-ra-bə” – “fikri nöqsansız, aydın ifadə etmək” deməkdir.
Sözsüz ki, istinad etdiyimiz müvafiq feilin göstərdiyimiz və göstərmədiyimiz digər bablarında “ərəb olmaq”, “ərəbləşdirmək”, “ərəbləşmək” mənaları öz yerində, bir xeyli başqa mənaları da var ki, bunlara ayrı-ayrılıqda toxunmağa lüzum görmürəm. Ancaq istinad etdiyim feil kökünə aid yuxarıda sadaladığım ifadələr daha qədimdir və əslində sözün etimolojisini məhz həmin mənalar təşkil edir.
Qeyd etdim ki, “ərəbcə” sifəti “arabun” sözünə qrammatik cinsə görə “iyyun”, yaxud “iyyətun” sonluğunun artırılması ilə formalaşıb və bu “arabun”, yuxarıda diqqət yönəltdiyim “daim canlı, enerjili olma” mənası bir yana, “ərəblər” kimi də qəbul edilir. Əlbəttə, bu mənaların hər birinin müasir ərəb dilində öz yeri var. Bəs Quran-Oxu kontekstində necə, bunlardan hansı daha məqbul sayılmalıdır?
Oxu orijinalının ərəbcəsi göz önündə. Oxuyuruq, görürük ki, ərəbcədir. Sual olunur, hansı ehtiyacdan doğub ki, hamının görüb bildiyi bu aydın həqiqət haqqında Oxu-da dəfə-dəfə vurğulansın: “bunu ərəbcə bir Oxu olaraq endirdik”, “ərəbcə bir hökm olaraq endirdik”, bu “aydın ərəb dilində”dir, bu, “ərəb dilində doğrulayan bir Yazı”dır”? Axı Yazının xitabı bütün insanlaradır! Bəlkə ilahi ismarışların ilkində ünvanlandığı toplum ərəblər olmuşlar, ona görə belə vacib imiş? Əlbəttə, bu sualların müsbət cavabları var və cavablar keçmişə aid cavablardır, bu günümüzün idrak tələblərinə, yaxud da deyək, elə Oxu-nun müasirliyə yönəlik məntiqinə uyğun gəlmir.
Bir daha vurğulayım ki, kosmik-ilahi informasiya qaynağı Oxu zamansızlığa iddiaçı mətn kimi daxili dinamikasını özündə saxlayan, yeni təfsirlərə, islaha, yeniliyə, tərəqqiyə, inkişafa, mənəvi zənginləşməyə, elmi təfəkkürə meydan açan və yönəldən bir məzmundadır. Ona görə də daim canlı, aydın dillə danışan bir Yazıdır, oxuyanları ilə canlı, fəal əlaqədədir. Və Oxunun bu özəllikdə qavranılması onu şərtləndirir ki, ayələrdə tarixən “ərəbcə” kimi anlaşılan müvafiq sifət indi yerinə görə “canlı”, “aydın ifadəli” kimi qəbul edilsin. Sözün “ərəbcə”dən başqa digər müvafiq məna çalarları məhz bu variantlara üstünlük qazandırır.
Ənənəçilərin Oxu-da ərəbcənin yerini nişan verdiyi sitatlara aid tərcümələri aşağıdakı qaydada yenilənməsinə ehtiyac var:
– “Biz bunu canlı bir Oxu olaraq endirdik bəlkə ağıl işlədəsiz” (12:2);
– “Beləliklə, Biz onu canlı bir hökm olaraq endirdik” (13:37);
– “Onların göstərdiyi şəxsin qəlizdir dili, bu isə aydın, canlı bir dil” (16:103);
– “Beləliklə, Biz bunu canlı Oxu olaraq endirdik də hallandırdıq ondakı təhdidləri bəlkə çəkinələr deyə, ya da bir anım yarada onlardan yana” (20:113);
– “Etibarlı Ruh endirmiş bunu sənin qəlbinə. Ki, xəbərləyən kimsələrdən olasan aydın, canlı bir dildə”(26:193-195);
– “Bu Oxu-da hər şeydən bir nümunə gətirdik insanlara bəlkə xatırlayalar. …Əyərsiz-əskiksiz canlı Oxu olaraq. Bəlkə çəkinələr” (39:27-28);
– “Rəhman Rəhimdən bir endiriş, (3) bir Yazı ki, canlı bir Oxu-tək açıqlanmış ayələri bilənlərə müfəssəl” (41:2-3);
– Onu qəliz bir Oxu eyləsəydik, hökmən deyəcəkdilər: “Məgər bunun ayələri müfəssəl açıqlanmış olmalı deyildimi? Qəliz… və aydın ifadəlimi?!” (41:44);
– “Və beləcə Biz sənə vəhy eylədik canlı bir Oxu-nu ki, xəbərləyəsən şəhərlərin anasını, ətrafında olanları…” (42:7);
– “And olsun aydınladan Yazıya, Biz bunu canlı bir Oxu qıldıq bəlkə ağıl işlədəsiz” (43:2-3);
– “…Bu da canlı bir dildə doğrulayan bir Yazı ki, xəbərləsin zülm eyləyən kəsləri, müjdələsin gözəl davrananları” (46:12).
Və son olaraq, ümidliyəm ki, bu yazıda ifadə etdiyim dəlillər, gəldiyim qənaət təslimolma dinimizin universal mahiyyətinə uyğun anlayışla qarşılanacaq və ənənəvi müsəlman zehniyyətində ərəbcənin özəl statusu ətrafında ötən zamanların gəlişdirdiyi bulanıq təsəvvürləri azacıq da olsa duruldacaq.
“Ədəbiyyat” qəzeti
Ana səhifəyə qayıt Baxış: 1 014 Tarix: 5-06-2018, 17:16
Comments are closed, but trackbacks and pingbacks are open.