Press "Enter" to skip to content

Poçt qutusu hekaysi

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

Poçt qutusu hekaysi

Mirzə Cəlilin “Poçt qutusu”na nəzəri baxış

Dünya ədəbiyyatında yeni ədəbi hadisə daha çox kollektiv şəkildə meydana gəlirsə (ədəbi cərəyanlar formasında), Azərbaycan ədəbiyyatında bu, fərdlər şəklində baş vermişdir. Azərbaycan tənqidi ədəbi hadisə kimi klassik ədəbiyyatda Nizami “Xəmsə”sini, Nəsiminin fəlsəfi şeirlərini, Füzulinin “Leyli və Məcnun”unu və s. qiymətləndirir. XIX əsr ədəbiyyatında M.F.Axundzadənin yaradıcılığında yeni janrların, fərqli yaradıcılıq formalarının meydana gəlməsindən sonra ədəbi hadisə kimi dəyərləndirilə biləcək əsərlər Cəlil Məmmədquluzadə yaradıcılığında qarşımıza çıxır.

Ədibin ilk qələm təcrübələrindən olan “Çay dəstgahı” mənzum dram sahəsində, “Ölülər”, “Anamın kitabı” tragikomediya sahəsində, “Molla Nəsrəddin”də çıxan məqalələr publisistika sahəsində yeni ədəbi hadisələrdir. Sadalananlara əlavə “Poçt qutusu” hekayəsini də qeyd etmək lazımdır. Cəlil Məmmədquluzadə nəsri üçün xarakterik olan “adi” insanların həyatının ədəbiyyata gətirilməsi ilk dəfə “Poçt qutusu” ilə başlayır.

Bu kiçik hekayə “kiçik” adamın hekayəsidir, amma təkcə Azərbaycan ədəbiyyatının yox, dünya ədəbiyyatının da bu janrda ən yaxşı nümunələrindəndir. “Poçt qutusu” təkcə həcminə, surətlərinə, hadisələrin baş verdiyi zamana görə hekayə prinsiplərinə uysa da, ictimai məsələlərin təsviri baxımından daha da böyükdür. Akademik İ.Həbibbəyli “Poçt qutusu”nu məhz belə qiymətləndirir: � “Poçt qutusu” hekayəsi Cəlil Məmmədquluzadənin kiçik bir hekayənin hüdudları daxilində az qala roman mövzusu ola biləcək böyük ictimai mətləbləri ifadə etmək imkanlarının əyani göstəricisidir. Divanxananı yaxşı tanımağa məcbur edildiyi halda, poçt qutusunun, poçtxananın mahiyyətini bilməyən Novruzəlinin qəribə, zavallı taleyinin təqdimi əsasında ədib Azərbaycan kəndlisinin, mənsub olduğu xalqın böyük müdafiəçisi olduğunu nəzərə çarpdırmışdır” (İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. (Əsərləri, 10 cilddə, II cild). Bakı, “Elm və təhsil”, 2017, 1068 səh. S. 145).

Filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova hekayəni fərqli şəkildə tərif edir: “Adətən “romandan qoparılmış səhifə” adlandırılan hekayə həyatımızın mərkəzində olan, dövrümüzün, cəmiyyətimizin rənglərini bütün çalarları ilə əks etdirən, insani halların ən kiçik məqamlarını üzə çıxarmaq qüdrətinə sahib bir janrdır” (Nərmin Cahangirova, “Ədəbiyyat qəzeti”, 20.08.2017). Yerində və doğru təsbitdir. Hekayə ən xırda detallara qədər vara bilən, insanı fiziki cizgilərindən çox, mənəvi cizgiləri ilə təsvir etmək gücünə malikdir.

Hekayənin digər nəsr janrlarından fərqli xüsusiyyətləri odur ki, burada süjet vahiddir, hekayədə hadisələrin təsviri daha qısa zaman kəsimini əhatə edir, həm də roman və ya povestdə rastlaşdığımız qədər obraz bu janrda gözə dəyir. Mərkəzi obraz( lar)la yanaşı, bir neçə köməkçi surətlər hesabına hadisələr təsvir olunur. Bu xüsusiyyətlərinə görə hekayə oxucusunu daha tez tapır.

Mirzə Cəlilin süjeti hansısa ədəbi faktın təkrarı və ya dükonstruksiyası deyil. “Poçt qutusu” həyatın özüdür. XX əsrin əvvəllərində Azərbaycan kəndlisinin durumu, acınacaqlı vəziyyəti burada əks olunmuşdur. Kiçik adam – Novruzəli yaxşı insan ikən pis adam kimi, yaxşılıq etmək istəyərkən pislik etmək istəyirmiş kimi görünür. Xanın, “naçalnikin”, poçt işçisinin gözündə alçaldıqca alçalır. Amma bu günah Novruzəlinin günahı deyil, bu günah cəhalətə və geriliyə, elmsizliyə və savadsızlığa sürüklənmiş bütöv bir xalqın günahıdır. Və bu günahın cəzasını da çəkən təkcə Novruzəli yox, bütün xalq olmuşdur.

Əli Nazim XX əsrə qədərki ədəbiyyatı “yüksək, mümtaz siniflərin zövqünə xidmət edən müqəddəs” bir nəsnə adlandırır, bu müqəddəsliyə ən sarsıdıcı zərbə “Poçt qutusu”ndan gəlir və obrazlı düşünsək, belə qənaətə gələrik ki, Novruzəlinin məktubları aparan rus işçiyə vurduğu yumruqlar ədəbiyyatı bütləşdirənlərə, onu əlçatmaz edənlərə endirilən zərbədir.

“Poçt qutusu” ədəbiyyata ilk dəfə və birdəfəlik olaraq milli cəmiyyətin aşağı qatlarını, zümrələrini, insanlarını gətirir. Novruzəlilər birbaşa bədii ədəbiyyatın tədqiq predmetinə çevrilir, mətbu haqlarında söhbət gedir. Hekayədə Mirzə Cəlil başlıca olaraq milli cəmiyyətin zəminini təşkil edən bəy-xan və kəndli münasibətlərinin anatomiyasına varmağa çalışır. Ən kiçik təfərrüatlardan tutmuş süjet həllinə qədər hər yerdə Vəli xanın teleqraflı, məktublu, səfərli dünyası Novruzəlinin ulaqlı, iş-güclü, gün-güzəranlı dünyasına tuş gəlir, bir-birini tamamlayır. Vəli xan üçün əyləncə, nağıl, “qah-qah” olan məktub əhvalatı Novruzəlinin həyat mündəricəsi, qəziyyəsi, faciəsidir.

Əsərin baş qəhrəmanı olan Novruzəli avam, amma təmiz və safqəlbli xeyirxah bir kəndlidir. Bundan əlavə, o, savadı olmayan, xanın qulluğunda çalışan � ( bu çalışma təkcə muzdla iş deyil, can-başla, bütün varlığı ilə fəaliyyətdir) bir insandır. Novruzəli xanın ona verdiyi məktubu alandan sonra ağasının “poçtxanaya getməlisən” sözü qarşısında donub qalır. Çünki Novruzəli poçtxananı tanımır. Amma buna baxmayaraq, xana sadiqdir. Məhz buna görə də məktubu götürüb birbaş poçtxanaya gedir. Qutuya məktubu salandan sonra nə edəcəyini bilmir və orda daşın üstündə oturub gözləyir. Bir-iki nəfər gəlib, məktublarını Novruzəlinin yanında dayandığı qutuya atıb gedirlər. Sonra bir rus gəlir və poçt qutusunu boşaldıb getmək istəyəndə Novruzəli xanın məktubunu oğurladığını zənn edərək onu əzişdirir. Novruzəlinin qolundan tutub həbsxanaya salırlar və xanın bütün cəhdlərinə baxmayaraq, ona adam döydüyünə görə üç ay iş kəsirlər.

Yazıçı Novruzəlinin avamlığını onun savadsızlığında görür və onun simasında Azərbaycandakı cəhaləti ifşa edir. Ancaq Novruzəlinin savadsızlığından daha ağır məqam var. O öz savadsızlığının heç fərqində belə deyil. Onun üçün ağasına sadiq olmaq, onun bir sözünü iki etməmək əsasdır. Ona görə də, Novruzəli başına gələn hadisənin mahiyyətini anlamaqdan uzaqdır.

Cəlil Məmmədquluzadə bu hekayəsi ilə Novruzəlinin timsalında yüzlərlə, minlərlə novruzəliləri tənqid edir, onların savadsızlıqlarını acı gülüş hədəfinə çevirir. Öz dövründə Azərbaycan və müsəlman aləmində savadsızlığın belə vüsət alması yazıçını düşündürür və sonrakı əsərlərində də o, dönə-dönə bu problemə qayıdır.

C.Məmmədquluzadənin bu əsərində tənqid hədəfi kimdir? Novruzəli, yoxsa xan? Yuxarıda qeyd etdik ki, müəllif geniş mənada xalqı savadsızlığa və geriliyə çəkənləri günahlandırır. Bəs dar mənada isə əsərin konkret obrazları arasında axtaracağımız bir satira hədəfi kimdir?

“Poçt qutusu”ndakı Novruzəlinin adi poçt qutusuna nabələdliyi bir xalqın gerilik və savadsızlığının ümumiləşdirilmiş faktı kimi maraqlıdır. Lakin bu kiçik hekayə həm də azərbaycanlının pis mənada şükranlıq, öz hüquqları uğrunda mübarizə barədə düşünməkdən belə çəkinmək faktını da ifadə edir: Novruzəli onun savadsızlığına bais olan, onu mütiliyə alışdıran xanda heç bir günah görmür, əksinə, əsərin sonunadək ona layiq olmadığını dilə gətirərək səmimi bir ehtiram göstərir. Yazıçı, əslində, novruzəlilərin sivil bir xalq kimi formalaşmasına mane olan xanı – bu kontekstdə ziyalını – daha çox satira atəşinə tutur. (Allahverdi Məmmədli, filologiya elmləri namizədi, “525-ci qəzet” .- 2010.- 28 aprel.- S.7.)

Hekayəni nəzərdən keçirdikdə ədibin Novruzəlinin saflığını hər şeydən yüksək tutduğunu görürük. Müəllif poçt qutusunun nə olduğunu bilməyən bu avam kəndliyə deyil, onun əməyinin məhsulunu mənimsəyən, amma güzəranının qayğısına qalmayan xana qəzəblənir. (Səadət Vahabova. Cəlil Məmmədquluzadə nəsrinin poetikası. Bakı, 2013, 164 səh. 84).

Bu hekayə Cəlil Məmmədquluzadə yaradıcılığı üçün xarakterik olan üslubun əsas cəhətlərini, müəllifin nəsr poetikasının üslubi çalarlarını kamil bir formada əks etdirir. “Poçt qutusu”nda qeyri-xətti süjet və metaforik deyim və hadisə təsviri səciyyəvidir. Dahi Nizaminin “Sözündə çoxluğa qoyma yer olsun, // Birin yüz olmasın, yüzün bir olsun” əmrinə uyan Mirzə Cəlil az sözlə çox fikir söyləmək ustalığını nümayiş etdirir, eyham, işarə sistemini işə salır. Əsərin süjeti çılpaq oxucu gözü ilə baxıldıqda belə, iki hissəyə ayrılır: xətti və ümumiləşdirmə.

Süjetin xətti hissəsi əsərin əvvəlindən – xanın məktubu oxuması, Novruzəlinin sovqat gətirməsi ilə başlayır və Novruzəlinin dalaşıb həbs olunması, xanın gəlib onu həbsdən çıxarmasına qədər davam edir. Bu hissədə obrazlarla bağlı bütün məlumatlar əlimizdə olur. Obrazlar haqqında fikir söyləmək mümkündür.

“Poçt qutusu” janr olaraq novator olduğu üçün tədqiqatlara da geniş cəlb olunmuşdur. Amma əsərlə bağlı yazılanları oxuduqca diqqətçəkən əsas məqamlardan biri bu oldu ki, ayrı-ayrı tənqidçilər “Poçt qutusu” əsərinin mahiyyəti üzərində dayanmış və bu suallara cavab axtarmışlar. “Poçt qutusu” oxucunu güldürürmü və ümumiyyətlə, bu əsər oxucunu güldürmək üçünmü yazılıb?

Suala 1942-ci ildə “Ədəbiyyat qəzeti”ndə Mehdi Hüseyn cavab verir: “Poçt qutusu” hekayəsini diqqətlə nəzərdən keçirən hər kəs bu nəticəyə gələcəkdir ki, Molla Nəsrəddin maraqlı bir sərgüzəşti yazıb, oxucunu güldürmək istəmişdir. (Mehdi Hüseyn. Dahi sənətkar. “Ədəbiyyat qəzeti”, Bakı, 1942, 10 yanvar).

Bizim qənaətimiz isə tamamilə fərqlidir. Mirzə Cəlil tragikomediya kimi təqdim olunan əsərlərində “Ölülər”də, “Anamın kitabı”nda gülüşü əsas seçmədiyi kimi, “Poçt qutusu”nda da gülüşü hədəf götürməmişdir. Düzdür, tənqidçi M.Hüseyn sonra əlavə edir ki, bizim heç birimiz Novruzəliyə sona qədər gülə bilmirik, bunu biz istəsək də, bacarmırıq, çünki Novruzəlinin vəziyyəti yalnız zahirən gülməlidir. Əslində isə ağlamalıdır (Mehdi Hüseyn. Dahi sənətkar. “Ədəbiyyat qəzeti”, Bakı, 1942, 10 yanvar.) Qeyd etdiyimiz kimi, Novruzəlinin avamlığı üzümüzə gülüş qonmasına qətiyyən icazə vermir. Bu hekayə elə əvvəldən sonadək bir xalqın faciəsini ifadə edir, o xalq biz olduqda bu avamlığımıza necə gülə bilərik.

Nəzərə alsaq ki, XX əsrin əvvəllərində Azərbaycan fərdlər şəklində olan Novruzəlilər deyildi, fərdlər Vəli xan kimilər idi. Novruzəli isə toplumun özü idi. Mirzə Cəlilin qəflət yuxusundan ayıltmaq istədiyi xalq Novruzəlinin özü idi.

Novruzəli “tənqidi realizmin proqram tipli qəhrəmanı” na (Yaşar Qarayev. Realizm, sənət və həqiqət. Bakı, “Elm” 1980, səh. 176) çevrilir və özündən sonrakı tənqidi realist ədəbiyyata işıq tutur. Cəlil Məmmədquluzadə kəndli Novruzəli və “Poçt qutusu” əhvalatı ilə mənəvi intibaha, tərpənişə, dəyişməyə ehtiyacı olan insanı və onu əhatə edən cəmiyyəti realistcəsinə təsvir etməyə, göstərməyə müvəffəq olmuşdur. Bu mənada “Poçt qutusu” hekayəsi yeni çağa və yeni insana çağırışın ilk mükəmməl hekayəsidir. (Akademik İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. (Əsərləri, 10 cilddə, II cild). Bakı, “Elm və təhsil”, 2017, 1068 səh. S. 145).

“Poçt qutusu” hekayəsi janr olaraq ilk olmasa da, mövzu və qaldırdığı problem səviyyəsində ilkdir. İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovla yola çıxan Azərbaycan hekayəsi Cəlil Məmmədquluzadə yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə çatmışdır. Yazılmasından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, “Poçt qutusu” öz təzəliyini və təravətini heç vaxt itirməyəcək, harda bir cahillik görünsə, avamlıq, bielmlikdən doğan bəla yaransa, � Mirzə Cəlil və onun “Poçt qutusu” da xatırlanacaq.

Elxan Nəcəfov

Ədəbiyyat qəzeti. – 2019.- 3 avqust.- S.30.

Poçt qutusu | Cəlil Məmmədquluzadə

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”.

Xan kağızı bükdü qoydu paketə, üsyünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi “İtqapan” kəndinin əhli Noruzəlidi. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfərdə Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:

— A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?
Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:
— Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam.

Bu sözü, deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə. çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Noruzəli aparıb salsın poçta.

Xan üzünü tutdu qonağa:
— Noruzəli, poçtxananı tanıyırsan?
Noruzəli cavab verdi:
— Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?
— Çox əcəb, nəçərnik divanxanasını ki, tanıyırsan?
— Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim.

— Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

— Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!
— Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.
— Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.
— Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.
— Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal gəl!

Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:
— Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.

Noruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi:
— Yox, yox. qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta! Noruzəli əl ağacını götürüb, başladı uşaq kimi qaçmağı. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana.
— Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.

Xan daha ucadan səsləndi:
— Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir.

Noruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:
— Noruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!

Noruzəli dəxi də ucadan cavab verdi:
— Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.

Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:
— Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:
— Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib? – Xan cavab verdi:
— Ədə, o şeyləri yerbəyer elə! Onları bizə itqapanlı Noruzəli sovqat gətirib.

Nökər cücələri və yumurtaları apardı aşbazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi:
— Xan, yaxşı ağ undu.

Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.

Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə Noruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.

Xan, nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökərqayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi – polis yasovolu dayandı qapıya və xanı görcək dedi:

— Xan, pristav buyurur gələsininz polsaya (polisə — red.) və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta (qazamat — red.).

Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:
— Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb?
Yasovul cavab verdi:

— Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar; yoxsa yazıqdı o kişi.

Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dusdaqların damına baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaqlar ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir.

Xan, Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Novruzəlini yanına çağırıb dedi:

— Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən; yəni hamısını birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi.
Noruzəli durdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı:

— Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar,bir qələtdi eləmişəm, ta neyləmək? İşdi belə oldu. Bular hamısı allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə.

Bu sözləri deyib, Noruzəli bir az da yavıqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:
— Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?
— Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.
— Kim kağızı qoydu cibinə, qoydu getdi?
— O kafir oğlu urus, dana!
— Hara qoydu getdi?
— Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora.
Xan bir qədər duruxdu:
— Bəs sən kağızı qutuya salmadın?
— Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.
— Qutuda sən saldığın kağızdan başqa ta özgə kağız yox idi?
— Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı.
Xan qah-qah çəkib güldü.
— Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.

Noruzəli başladı.
— Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım; çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.
— Yox, Noruzəli, sənin işin yoxdu… De, de sonra necə oldu?

— Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum; sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi; heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı bir urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəldim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox baş ağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.

— A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu?
— Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı?

Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.
— Hələ tələsmə, gedərsən… Sonra necə oldu?
— Qoy görüm harda qaldım… Ədə, qoyma-qoyma, ulağ tənəkləri sındıracaq.

Noruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı.
— Noruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu?
— Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim barı mənim xanımın kağızını ver; illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə; çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?

Xan çox güldü, çox qah-qah çəkib güldü.
Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.
Üç gündən sonra xana İravandan teleqraf çıxdı ki, “kağızın yetişib və otaqlar hazırdı”. Xan yığışıb getdi İravana.

Ay yarımdan sonra Noruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İravanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi.

  • Teqlər:
  • ədəbiyyat
  • , Azərbaycan ədəbiyyatı
  • , hekayə
  • , Cəlil Məmmədquluzadə
  • , Poçt qutusu

Comments are closed, but trackbacks and pingbacks are open.