Press "Enter" to skip to content

Qafar Cebiyev – Wikipedia

Geniş oxucu kütləsinə çox yaxşı bəllidir ki, professor Q.Cəbiyev elm sahəsindəki səmərəli fəaliyyəti ilə paralel olaraq, jurnalistika sahəsində də imzası yaxşı tanınan simalardandır. O, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Zaman-zaman respublika mətbuatında gedən və geniş ictimai rəy doğuran çoxsaylı elmi-publisistik yazıları onun həqiqətən də peşəkar jurnalist olduğundan xəbər verir. Konfrans materiallarına daxil edilən yazımda qeyd olunduğu kimi, onun ürəyində döyünən qoşa qanadın biri arxeologiyadırsa, digəri jurnalistikadır. Bu sahələr bir-birini tamamlayır, bir-birini təsdiqləyir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru və yaradıcılıq xoşbəxtliyidir. Onun “Azərbaycan keramikası”, “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası” və “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli, fundamental monoqrafiyaları arxeologiya və tarix elmimizə, “Bura Vətəndir”, “Can Azərbaycan”, “Yazılan qalacaq” və “Düşüncələr” adlı əsərləri isə peşəkar jurnalistikamıza əvəzsiz töhfədir.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu

Ümumdünya tarixinin ən dərin qatlarının belə araşdırılaraq öyrənilməsində arxeologiya elminin çox mühüm rolu və əhəmiyyəti olduğu şəksizdir. Bəşəriyyətin hələ yazı və yazmaq düşüncəsi olmadığı min-milyon illərə bərabər tarixi məhz arxeoloq alimlər tərəfindən öyrənilməkdədir. Bəli, məhz onlar obrazlı desək “iynə ilə gor qaza-qaza” torpağın altında yatan və istisnasız olaraq bütün xalqların qürur mənbəyi olan qədim tarixin sirlərini aşkara çıxararaq cəmiyyətə təqdim edirlər. Bu mənada Azərbaycan arxeologiya elminin inkişafı, çox ciddi araşdırmaları və sensasiya effekti yaradan tapıntıları ilə dünya miqyasında şöhrət qazanmış görkəmli arxeoloq alimlərimizin də zəhməti və xidmətləri danılmazdır. Ona görə də çox ciddi elmi axtarışları və nadir tapıntıları ilə tariximizin dərin qatlarını üzə çıxarmaqla yanaşı, həm də hər birinin özünəməxsus arxeoloji məktəb yaratmış olduğu İshaq Cəfərzadə, Saleh Qazıyev, Məmmədəli Hüseynov və neçə-neçə başqalarının adı hər zaman ehtiramla yad edilməkdədir.

Sevindirici haldır ki, Azərbaycanda arxeologiya elminin “pionerləri” olan o görkəmli alimlərin başladıqları işlər bu gün onların layiqli varisləri tərəfindən uğurla, həm də daha geniş spektrdə davam və inkişaf etdirilməkdədir. Bu çətin, lakin çətin olduğu qədər də şərəfli yolun layiqli davamçılarından biri də çoxdan tanıdığım, elminə və şəxsiyyətinə dərin hörmət bəslədiyim dəyərli arxeoloq alimimiz, professor Qafar Cəbiyevdir. Bu yerdə onu da xüsusi olaraq qeyd edim ki, Azərbaycanda tarix və arxeologiya elminin inkişafı istiqamətindəki bir sıra ilklər məhz professor Qafar Cəbiyevə məxsusdur. Qədim Azərbaycan dövləti olan Albaniyanın hərbi-siyasi və dini-mədəni həyatında olduqca mühüm rol oynamış olan Girdiman vilayətinin lokalizəsi, yazılı mənbələrdə adı çəkilən, lakin yeri elm aləminə bəlli olmayan Mehrəvan şəhərinin aşkar olunaraq tədqiqi, Azərbaycanda arxeoloji tədqiqatlar yolu ilə ilk dəfə olaraq qızıl pullardan ibarət dəfinə aşkar edilməsi, XIV əsrin ortalarında Azərbaycanda təşəkkül tapan və Avrasiya məkanında geniş yayılmış olan Xəlivətilik sufi təliminin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsinin aşkar olunaraq tədqiqi məhz istedadlı arxeoloq Qafar Cəbiyevin adı ilə bağlıdır.

Bir il öncə dünyada, o cümlədən Azərbaycanda pandemiyanın tüğyan etdiyi, özünün də COVID-19-a yoluxduğu və xəstəxana şəraitində müalicə aldığı o ağır günlərdə dostları, həmkarları və yetirmələri bir araya gələrək 70 illiyinə həsr olunmuş “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq konfrans keçirdilər. Onlayn formatında keçirilən konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İtaliya, Şimali Makedoniya, Rusiya və Gürcüstandan olan 50-yə yaxın elm adamının məruzə və çıxışları dinlənildi.

Orta əsr Ağsu Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Miras”İctimai Birliyinin, mənzil qərərgahı Romada olan YOCOCU Beynəlxalq Assosiasiyasının və Gürcüstandakı Qafqaz Mədəni İrsi Araşdırma İnstitutunun təşkilatçılığı ilə keçirilmiş konfransın materialları bu günlərdə kitab halında nəfis şəkildə nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Məmnunluq hissi ilə bildirim ki, mənim professor Qafar Cəbiyevin 70 illiyi münasibəti ilə yazmış olduğum “Arxeologiya və jurnalistika: onu uğura aparan qoşa qanad “ adlı yazım da həmin kitabda yer alıb. Kitabda mənimlə yanaşı, həmçinin Azərbaycanda tarix və arxeologiya elmlərinin tanınmış simaları olan akademik Nailə Vəlixanlının, tarix elmləri doktorları, professor Şikar Qasımovun, Tarix Dostiyevin, Abbas Seyidovun, Əsədulla Cəfərovun, Habil Məmmədovun, Vəfa Quliyevanın, sənətşünaslıq doktoru Kübra Əliyevanın, siyasi elmlər doktoru Xalid Niyazovun və digər müəlliflərin yazıları da var. Hansı ki, həmin yazılarda professor Qafar Cəbiyevin çoxşaxəli və səmərəli elmi fəaliyyətinin müxtəlif aspektlərinin dərindən və hərtərəfli təhlili verilib. Bu yerdə onlardan bəzi seçmələri oxuculara təqdim etmək məncə yerinə düşər:

Akademik Nailə Vəlixanlı: “Professor Qafar Cəbiyevin demək olar, hər bir elmi axtarışı Vətən tarixini yeni, bu vaxtadək naməlum olan səhifələrlə zənginləşdirir. O, Azərbaycan tarixşünaslığına yeni bir fikri – Girdiman vilayətinin Albaniyanın qərbində və ya şimal-qərbində deyil, Şirvan ərazisində olduğu fikrini gətirdi. Onun tarix elminə gətirdiyi yeniliklərdən biri də tarixi mənbələrdə adı çəkilsə də yeri elm aləminə bəlli olmayan Mehrəvan şəhərinin qalıqlarını aşkar etməsi oldu. Bu isə, doğrudan da istedadlı tədqiqatçının tarix elmimizə gətirdiyi böyük uğur idi. ”

Yeri gəlmişkən, onu da qeyd edim ki, onun Girdiman tarixinə dair doktorluq dissertasiyasında qoyulan prinsipial əhəmiyyətli məsələlər digər tarixçi alimlər tərəfindən də elmi yenilik kimi dəyərləndirilib.

Akademik Yaqub Mahmudov: “Qafar Cəbiyev tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə, tarix elmimizin də böyük uğurudur”.

Professor Şikar Qasımov: “Qafar Cəbiyevin zəngin və səmərəli elmi fəaliyyəti, onun arxeologiya elmimizin inkişafı sahəsindəki xidmətləri Azərbaycan ictimaiyyətinə kifayət qədər tanışdır. O, öz tədqiqatları və əsərləri ilə qədim tariximizi göz önündə canlandırmağı bacaran tədqiqatçılardandır. Onun gəldiyi elmi nəticələr erməni tarixçilərinin və onların havadarlarının Qafqaz Albaniyası tarixini saxtalaşdırmaq cəhdlərinə tutarlı cavabdır”.

Geniş oxucu kütləsinə çox yaxşı bəllidir ki, professor Q.Cəbiyev elm sahəsindəki səmərəli fəaliyyəti ilə paralel olaraq, jurnalistika sahəsində də imzası yaxşı tanınan simalardandır. O, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Zaman-zaman respublika mətbuatında gedən və geniş ictimai rəy doğuran çoxsaylı elmi-publisistik yazıları onun həqiqətən də peşəkar jurnalist olduğundan xəbər verir. Konfrans materiallarına daxil edilən yazımda qeyd olunduğu kimi, onun ürəyində döyünən qoşa qanadın biri arxeologiyadırsa, digəri jurnalistikadır. Bu sahələr bir-birini tamamlayır, bir-birini təsdiqləyir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru və yaradıcılıq xoşbəxtliyidir. Onun “Azərbaycan keramikası”, “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası” və “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli, fundamental monoqrafiyaları arxeologiya və tarix elmimizə, “Bura Vətəndir”, “Can Azərbaycan”, “Yazılan qalacaq” və “Düşüncələr” adlı əsərləri isə peşəkar jurnalistikamıza əvəzsiz töhfədir.

Siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov: “Əməkdar jurnalist Qafar Cəbiyevin mövzusundan asılı olmayaraq, qələmə aldığı hər bir yazısında təfəkkür dərinliyi ilə yanaşı, təhlil genişliyi, professional səriştə, üslub orijinallığı hakimdir. Bu isə yalnız illər boyu səbirlə toplanıb cilalanmış təcrübə sayəsində ərsəyə gələn keyfiyyətdir. Qafar müəllim söz sənətində ucaldığı yüksəkliyi elmdə də fəth etmiş bəxtəvər insanlardandır”.

Konfrans materiallarında oxuculara təqdim olunan yazılar içərisində professor Tarix Dostiyevin “Qəbələ şəhəri professor Qafar Cəbiyevin tədqiqatlarında”, professor Abbas Seyidovun “Tədqiqatçı-alim Qafar Cəbiyevin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasındakı fəaliyyətinə dair”, professor Əsədulla Cəfərovun “Azərbaycanın Orta əsr arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin fəaliyyəti”, Həbibə Əliyevanın “Şirvan abidələrinin aşkarlanmasında arxeoloq Qafar Cəbiyevin rolu”, Taleh Əliyevin “Azərbaycan arxeologiyasında Qafar Cəbiyev məktəbi”, Samir Əliyevin “Professor Qafar Cəbiyevin Atropatenanın maddi mədəniyyətinin öyrənilməsinə dair tövsiyələri” adlı yazıları ilə tanış olduqca həm də bir Azərbaycan ziyalısının, elm adamının vətən üçün, elmimiz üçün, milli jurnalistikamızın inkişafı üçün edə biləcəklərinin hüdudlarının nə dərəcədə geniş olduğunun şahidi oluruq.

Xatırladaq ki, bu günlərdə Orta əsr Ağsu Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda konfrans materiallarından ibarət kitabın təqdimatı keçirildi. Açıq havada, pandemiya şəraitinin tələblərinə uyğun keçirilən tədbirdə arxeoloq alimlər, ziyalılar, Qəbələ, Basqal və Ağsu tarix və mədəniyyət qoruqlarının əməkdaşları iştirak edirdilər. Tədbir çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov professor Qafar Cəbiyevin ölkəmizdə mədəni irsinin və arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə və 70 illik yubileyi ilə əlaqədar respublikanın Mədəniyyət naziri Anar Kərimovun imzalamış olduğu Fəxri Fərmanı yubilyara təqdim etmişdir.

Son olaraq əminliklə onu da bildirim ki, bir il öncə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransın materiallarının kitab halında nəşr olunaraq oxuculara təqdim edilməsi yetişməkdə olan gənc arxeoloq kadrlar üçün, gələcəkdə tarixçi və ya arxeoloq olmaq arzusunda olan gənclər üçün, bütövlükdə tarixi keçmişimizə, zəngin mədəni irsimizə maraq göstərən bütün insanlar üçün sözün əsl mənasında stolüstü kitab olacaqdır.

Teymur BÜNYADOV, akademik

Qafar Cebiyev – Wikipedia

Qafar Cəfər oğlu Cəbiyev — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar jurnalisti (2012).

Qafar Cəbiyev
Qafar Cəfər oğlu Cəbiyev
Doğum tarixi 17 avqust 1950 (72 yaş)
Doğum yeri Talıstan, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi tarix elmləri doktoru
Mükafatları 2012

Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə “Bilik” cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə “Zəhmətkeş” qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-cı ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. “Qızıl qələm” mükafatı laureatıdır.

Evlidir. İki övladı var.

  • Qafar Cəbiyev. Girdiman tarixi (IV-IX əsrlər). Bakı, «Şərq-Qərb»,2010, 616 səh.[1]Arxivləşdirilib 2020-06-12 at the Wayback Machine
  • Şura üzvləri
  • Ekspedisiya üzvləri.Qafar CəbiyevArxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  • http://www.ebooks.azlibnet.az/book/rA6GcPJz.pdfArxivləşdirilib 2020-06-12 at the Wayback Machine
  • https://atalar.ru/novoe-issledovaniya-po-istorii-kavkazkoj-albanii.html

Comments are closed, but trackbacks and pingbacks are open.