Press "Enter" to skip to content

Текст книги Qafqaz günləri

Ümm-Əl-Banu dördüncü qızını dünyaya gətirərkən, körpəsinin üzünü görmədən dünyadan köçür. Qızcığaza anasınının əziz xatirəsinə Ümm-Əl-Banu adı verilir.

Azərbaycanı sevməyən nazir qızının acı taleyi – Foto

XIX əsrin sonları, XX əsrin əvvələrində Bakının neft maqnatlarının sayı durmadan artırdı. Elə bu dövrdə neft səltənətinin milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin ailəsində toy çalınır. Nağıyevin qızı Ümmülbanu ilə Əsədullayevin oğlu Mirzə ailə qururlar. Mirzə öz dövrünə görə olduqca savadlı gənc idi. O, ailə biznesini idarə edirdi. Mirzə Əsədullayev həmçinin Azərbaycan Demokratik Respublikası dövründə Ticarət və Sənaye naziri vəzifəsində çalışmışdı.

İki milyonçunun ailəsində dünyaya göz açmaq bəlkə də, kimlər üçünsə böyük xoşbəxtlik sayıla bilər. Lakin qəhrəmanımızın acı taleyi elə onunla birgə doğulur. Sonralar öz “Qafqaz günləri” əsərində yazacaqdı: “Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram”.

Ümm-Əl-Banu dördüncü qızını dünyaya gətirərkən, körpəsinin üzünü görmədən dünyadan köçür. Qızcığaza anasınının əziz xatirəsinə Ümm-Əl-Banu adı verilir.

Balaca Banu və bacılarını alman əsilli Anna adlı mürəbbiyə böyüdür. Odur ki, bacılar hələ kiçik yaşlarından alman, fransız və ingilis dillərində danışmağa başlayırlar. Əsədullayevlər ailəsi hər ilin yay aylarında Mərdəkanda yerləşən bağ evinə köçürdü. İllər sonra Ümmülbanu bağ həyatını belə xatırlayırdı: “Bağda hər yer mənim dostum idi, armud ağacları, çiçəklər, qızılgül tağları, hətta hovuz və pilləkanlar. Hər yerdə özümə yeni sirdaş tapırdım və çox xoşbəxt idim. Onlar insanlardan fərqli olaraq yaxşılığı yadda saxlayıb, təşəkkür etməyi də bacarırdılar”.

Ögey ana, yad ölkə.

Dul Mirzə Əsədullayev yenidən ailə qurmaq qərarına gəlir. Bu dəfə onun seçimi zərif və şarmlı gürcü qızı Tamara Datiyeva olur. Tamara çox müasir və qərb mədəniyyətinə meyilli qadın idi.

1920-ci ildə bolşevik dəstələri Azərbaycanı zəbt edir. Bununla da şərqin ilk demokratik Cümhuriyyəti süquta uğrayır.

Ölkənin aydın səmasını bürüyən qara buludlar Ümm-Əl-Banunun ailəsindən də yan ötmür. Cümhuriyyətin ticarət və sənaye naziri Mirzə Əsədullayev də digər dövlət rəsmilərilə birgə həbs edilir. Əsədullayevin gənc xanımı və böyük qızları Fransaya qaçırlar.

Günbəgün atasının həbsdə vəziyyətinin pisləşdiyini görən 15 yaşlı Ümm-Əl-Banu taleyin acı zəhərini yenidən içməli olur. O, öz arzularını, xəyallarını tapdayıb, atasının yeganə xilaskarı Balabəy Qocayevlə ailə qurmalı idi. Qocayev Mirzə Əsədullayevin həbsdən azad olub, Parisə köçməsini təmin edir. Gənc ailə isə öncə Gürcüstana, oradan da Türkiyəyə köçür. 1924-cü ildə isə Ümm-Əl-Banu Fransaya ailəsinin yanına gedir. Bir damla belə sevgi bəsləmədiyi ərindən ayrılmaq ona hürriyətin ləzzətini daddırır. O, bir neçə il sürən əziyyətdən sonra Balabəydən boşanmağa nail olur.

Parisdə yaşayan Əsədullayevlər ailəsinin maddi durumu getdikcə pisləşirdi. Onlar bir neçə ildən sonra Azərbaycanda vəziyyətin durulacağına və geri dönəcəklərinə ümid bəsləyirdilər. Lakin günlər bir-birini əvəzlədikcə xəyalları da Bakıdan gətirdikləri daş-qaşlar kimi puç olurdu.

Ailəyə məxsus bütün zinyət əşyaları satıldıqdan sonra Əsədullayevlərin səfil həyatları başlayır. Analığı ilə daim mübahisə edən Ümm-Əl-Banu ata evindən ayrılıb, balaca bir daxmada sığınacaq tapır.

“Paris günləri”

Gənc qız Parisdə təkbaşına ac qalmamaq üçün bir neçə işdə çalışırdı. Model, satıcı, katibə, musiqi müəlliməsi və nəhayət yazıçı. Elə onu Fransa oxucusuna tanıdan Banin təxəllüsünü də bu dövrdə götürür. O, bu təxəllüsə məşhur fransız yazıçısı Jean Paulhanın məsləhətilə sahib olur. Çünki məhz bu adı fransız oxucusu daha rahat yadda saxlaya bilərdi. Ümm-Əl-Banu bütün yazılarını bu təxəllüs imzası ilə tamamlayırdı. Çox keçmir ki, yazıçı həyatda da bu adla çağırılmağını istəyir. Beləcə Ümm-Əl-Banu Baninə çevrilir.

Baninin ilk kitabı “Nami” 1942-ci ildə işıq üzü görür, ardınca isə “Qafqaz günləri”, “Paris günləri”, “Yungerlə görüş”, “Sonra” və digər əsərləri onu fransız oxucusuna tanıdır. Lakin Banini ən çox Fransada mühacirətdə olan rus yazıçılıarı sevirdilər.

Banin və Bunin

İvan Alekseyeviç Bunin ədəbiyyat sahəsi üzrə Nobel mükafatına layiq görülən ilk rus yazıçısı idi. O, Baninlə tanış olanda 76 yaşı vardı. Baninsə 40 yaşlı müdrik qadın idi. Bu maraqlı yaradıcı cütlüyün ilk tanışlığı 1946-cı ildə baş turur. Həmin dövrdə Bunin milyonların məhəbbətini qazanmış adlı-sanlı qələm ustası, Baninsə həyat nərdivanını enən ahıl ədəbiyyat dühası ilə ünsiyyətdən zövq alan qadın idi.

Bunin həyatının qürubunda ona yenidən gənclik eşqi yaşadan bu Şərq gözəlindən ilhamlanır, ona şeirlər həsr edir və incəliklə “qara gözlü ceyranım” bəzənsə “qara qızılgülüm” adlandırırdı. Bunin tez-tez Qərbli Şərq gözəlinə öz imzalı kitablarını yollayır və içərisində qeydlər qoyurdu. Məktublar adətən “Qaranlıq gecələrimin günəşi” xitabı ilə başlayırdı.

Onlar sanki od və külək idilər. Bütün görüşləri öncə ədəbi, sonra isə şəxsi mübahisələrlə bitirdi. Və Bunin Baninin evini tərk edib, gedirdi. Bir neçə gündən sonra isə yenidən ona məktub göndərirdi.

Bir dəfə yaşlı ədəbiyyat dühası Baninə deyir: “Kaş ki, sizinlə 20 il öncə rastlaşardım”. Baninsə cavabında sakit səslə: “Bu, necə də gözəl olardı, lakin biz tezliklə bir-birimizin sonuna çıxıb, cəhənnəmə düşərdik” deyir.

1960-cı ildə nəhayət Banin sevimli qocanın xatirəsinə həsr etdiyi “İvan Buninin son mübarizəsi” əsərini tamamlayır.

“Mən tiryəki seçdim”

“Qafqaz günləri”ndən sonra Baninin yaradıcılığının zirvəsi “Mən tiryəki seçdim” əsəridir. Bu kitabda söhbət dindən gedir və Karl Marksın “din xalq üçün tiryəkdir” fikri əsas götürülüb. Əsər ispan, holland, italyan, alman hətta yapon dilinə tərcümə edilib. Yazıçı bu əsərdə mənəvi qida olaraq xristianlığı seçməyindən, Şərq və Qərbin fərqində, eləcə də mühacir həyatından bəhs edib.

Rolf Henrix Ştürmer-Baninin mənəvi oğlu ilə müsahibə

Baninin heç vaxt övladı olmayıb. Lakin Rolf Ştürmer adlı gənci öz övladı kimi sevib və onu rəsmi varisi elan edib. Çətinliklə də olsa, Cənab Ştürmeri axtarıb tapdıq və Baninin canlı şahidi, eləcə də rəsmi varisi olaraq fransalı yazıçımız barədə qaranlıq qalan məqamları işıqlandırmağı xahiş etdik.

Cənab Ştürmer, nə yaxşı ki, internet və sosial şəbəkələr var, yoxsa sizinlə tanış olub, söhbətləşmək imkanından məhrum olardıq. Rica edirəm, öncə özünüz haqda bizə məlumat verin.

– 61 yaşım var. Alman və polyak əsilliyəm. Almaniyanın Münxen şəhərində fəsləfə, tarix və ədəbiyyat üzrə təhsil almışam. Həyatımın 30 ilini Parisdə yaşamışam. Orada öncə kitab satıcısı, sonra isə tərcüməçi və yazıçı kimi fəaliyyət göstərmişəm. Hazırda Berlində yaşayıram. Rəssamlıqla məşğulam, həmçinin yazıçılıq fəaliyyətimi davam etdiririəm. Artıq uzun müddətdir ki, Ümm-Əl-Banu ilə dostluq münasibətimdən, onun yaradıcılığından bəhs edən yazılar yazıram. Mən Baninin ölümündən sonra onun rəsmi siması sayılıram.

– Maraqlıdır, Avropada o, Banin kimi tanınır, amma siz öz adını qeyd edirsiniz.

– Doğrudur, o, sağlığında istəyirdi ki, hamı onu Banin deyə çağırsın, amma dünyasını dəyişəndən sonra qərara aldım ki, bütün yazılarımda, xatirələrimdə əsl adını qeyd edim. Bununla həm onun haqda məlumatlar təhrifə uğramır, həm də Azərbaycan əsilli olduğu bilinır.

– Bəs Baninlə tanışlığınız necə baş tutub?

– 1986-cı il idi, bizi alman yazıçısı Baninin yaxın dostu Ernest Yunger tanış etdi. Ümm-Əl-Banunu gördüyüm ilk andan etibarən hiss etdim ki, onu daha yaxından tanımaq istəyirəm. Sonradan bəlli oldu ki, bu sevgi və hörmət qarşılıqlıdır. Biz onunla tez-tez görüşür, söhbətləşirdik. Şəxsən tanıdığı məşhurların həyatı haqda gülməli əhvalatlar danışardı. Söhbətlərimiz bəzən bir neçə saat davam edirdi. Bir müddət sonra o, məni dostlarına təqdim edib dedi: “Tanış olun bu, mənim mənəvi oğlumdur!” Bu münasibət məni çox təsirləndirdi. Bilirsiniz, mən onu heç vaxt unutmuram və xatirələrini imkanım çatdığı qədər yaymağa çalışıram.

– Sizcə, Banin niyə Azərbaycanda az tanınır?

– Çünki azərbaycancaya cəmi iki kitabı tərcümə edilib. Həm də, həyatının cəmi 18-19 ilini Azərbaycanda, qalan böyük hissəsini isə Parisdə keçirib. Etiraf edim ki, o vətənindən küskün idi. Azərbaycan Ümm-Əl-Banu üçün puç olmuş arzular ölkəsi idi. Heç vaxt bolşeviklərin qələbəsini həzm edə bilmirdi.

Bəs bacıları ilə əlaqəsi vardımı?

– Ailəsi haqda çox danışmazdıq onunla. Bəzən özü deyrdi ki, doğmalarından tək o, sağ qalıb. Böyük bacısı Qövsərin bir oğlu var. O, digər bacıları Kübra və Sürəyyanı çox sevirdi. Hətta Sürəyyanın imtina etdiyi bir oğlu da vardı. Həmin şəxs doğulan kimi bir ingilis dayəyə övladlıq verilib və hazırda jurnalıstdir. Baninin ögey qardaşı Şəmsi ilə isə isti münasibəti heç vaxt olmayıb. Xatirələrində yalnız onun ölümü haqda qeyd edib. Ümumiyyətlə, bu ailənin çox acı taleyi olub.

– Baninin ölümü müəmmalı olub. Bildiyimə görə, qəbri yoxdur. Buna aydınlıq gətirə bilərsinizmi?

– O, hərdən deyirdi ki, öləndə məni yaşadığım məhəllədəki, Eyfel qülləsinə yaxın ərazidə yerləşən kiçik “Cimetière de Passy” qəbiristanlığında basdırın. 1992-ci ildə vəfat edəndə isə öyrəndim ki, orqanlarını elmi təcrübələr üçün anatomiya institutuna bağışlayıb. Düşünürəm ki, bunun səbəbi pulsuzluq idi. O, kasıb yaşayırdı və çox güman ki, dostlarını xərcə salmaq istəməyib. Vəsiyyətinə əməl edib, onun nəşini Anatomiya institutuna verdim. Lakin bu, fakt məni çox məyus etdi, çünki indi Baninin ziyarət edə biləcəyim məzarı yoxdur.
Bilmirəm Banin sonda öz qərarını niyə dəyişdi. Bəlkə də Avropada dəfn xərcləri baha olduğundan dostlarına əziyyət vermək istəməyib. Bu sualın cavabını heç kim bilmir.
Mən buna görə kədərlənirəm, çünki Baninin ruhuna yad etmək üçün gedə biləcəyim bir yer yoxdur.

Bu gün ilk fransız dilli Azərbaycan yazıçısı Ümm-Əl-Banu Əsədullayeva və ya sadəcə Banin öz vətənində kifayət qədər tanınmır. Əsərləri dilimizə tərcümə edilmir, bu yolda təbliğat aparılmır. Halbuki bir soydaşımızın Fransada yaşayıb, yaradıcılıqla məşğul olması artıq Azərbaycan ədəbiyyatının böyük uğuru deməkdir. Əziz Banin, Qafqazda görüşmək ümidi ilə. /Publika.az/

Текст книги “Qafqaz günləri”

Azərbaycan əsilli, Fransada yaşamış yazıçımız Ümmülbanu – Banin artıq oxuculara yaxşı tanışdır. Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı İ.A.Buninin şərəfinə özünə “Banin” təxəllüsünü götürən yazıçının ədəbi irsi fransız dilindədir. Onun məşhur “Qafqaz günləri” (“Jours caucasiens”) avtobioqrafik-romanı ilk dəfə 1945-ci ildə Parisdə nəşr olunmuşdur. Bu əsər müəllifin gördükləri əsasında qələmə alınmış memuardır. Mətndə 20-ci əsrin əvvəllərində Azərbaycanda cərəyan edən hadisələr, sinfi mübarizə, milli qarşıdurmalar, xüsusən azərbaycanlı-erməni münasibətləri öz əksini tapmışdır. Bəzi yerlərdə müəllifin bədii düşüncələri hətta öz zamanının çənbərinə sığmamış, daha sərbəst ifadə olunmuşdur. Elə buna görə də əsəri Azərbaycan dilinə orijinaldan çevirən Hamlet Qoca bəzi səhifələri ixtisar etmiş, belə desək, tərcümə etməmişdir. Bu səbəbdən əsər Bakıda həm əvvəlki nəşrlərdə, həm də 2006-cı ildə demək olar ki, naqis şəkildə nəşr olunmuşdur.

Bu yaxınlarda Ç.Vəliyeva əsərə yenidən göz yetirmiş, həmin buraxılmış hissəni tərcümə edərək memuarı bütövləşdirmişdir.

Biz əsəri fransızcadan tərcümə edən Hamlet Qocanın gördüyü işin dəyərini azaltmadan, “Qafqaz günləri” avtobioqrafik romanını Azərbaycan dilində ilk dəfə tam halda nəşr edib oxucuların ixtiyarına veririk.

Əsərin 1945-ci ildə Parisdəki ilk nəşrinin üz qapağı

Birinci hissə

I

Bəzi adamlar kasıblıqlarına baxmayaraq, nəcib ailələrdə doğulurlar. Mənim dünyaya gəldiyim ev isə çox varlı olsa da, “yaxşı” nəsildən deyildi. Ailəm o dərəcədə imkanlı idi ki, var-dövlət bəlaya döndü və neçə il əvvəl haqlı olaraq bütün sərvəti əlindən çıxdı. Əslimlə-nəslimlə maraqlananlar nəzakətlə soruşa bilərlər ki: “Bəs, nə üçün ailənizi “yaxşı” saymırsınız? Əvvəla, ona görə ki, ailəmizin tanınma tarixi çox uzaqdan deyil, atamın babasından, Əsədullahdan başlayıb. Bu sözün mənası “Allahın sevimlisi” deməkdir və həqiqətən də ad özünü doğruldub. Həmin ulu babam adi kəndli ola-ola, bir gün qoyun axtardığı daş-kəsəkli torpağından neft fəvvarə vurub və kişini milyonçuya çevirib. Digər tərəfdən isə nəslimizin üzvlərindən əksəriyyəti çox yönsüz, vecsiz adamlardır və haqlarında söhbəti uzatmamaq daha yaxşıdır. Amma başladığım bu hekayətdə əgər həvəsə gəlsəm, həmin qohumlarımın şəxsiyyəti barədə də, bəlkə geniş məlumat verəcəyəm. Bunu bir müəllif kimi arzulasam da, bir şahid kimi çətinlik çəkirəm. Çünki qəlbimin hansı guşəsindəsə ailə heysiyyətinin kiçicik bir işartısı qalmaqdadır.

Axır ki, mən qalmaqallı bir ilin qış günündə belə qəribə, ekzotik, varlı bir ailədə doğulmuşam. Həmin il tarixin unudulmaz, dəhşətli dövrlərindən idi. İnsan dühasının ictimai çaxnaşmalar naminə yaratdığı tətillər, talanlar, qırğınlar və bu kimi başqa əməllərlə dolu idi. Bakı əhalisinin əsasını təşkil edən azərbaycanlılarla ermənilər bir-birini öldürməklə məşğul idilər. O zaman ermənilər daha yaxşı hazırlaşdıqlarından azərbaycanlıları qırıb keçmişin heyifini çıxırdılar.

Azərbaycanlılarsa başqa çarələri olmadığına görə gələcək üçün ibrət dərsi alırdılar. Bir sözlə, hər kəsin öz qəsdi vardı.

Qəsdi-filanı olmayanlarsa bu hadisələr vaxtı qırılan saysız-hesabsız günahsız adamlardı.

Heç kəs inanmasa ki, mən də o vaxtkı qırğında iştirak etmişəm, əslinə varsan, elə elədi ki var, mən dünyaya gələndə anamı öldürmüşəm. Anam qırğından canını qurtararaq neftçi qəsəbələrindən birinə gedib çıxıbmış. Amma o vaxt aləm elə qarışıbmış ki, yazıq qadın ən rəzil vəziyyətdə azad olub və doğuşdan pozularaq qızdırmaya tutulub. Elə həmin vaxt başlayan güclü tufan bütün kömək yollarını kəsib, qadının səhhəti getdikcə daha da ağırlaşıb. Belə bir vəziyyətdə hər cür yardımdan məhrum qalan anam xəstəliklə təkbətək çarpışıb. Və beləcə cavan öldüyünə görə heyifsilənə-heyifsilənə, doğmalarının taleyindən soraq gözləyə-gözləyə canını tapşırıb.

Özüm o vaxt dünyaya gəlsəm də, ağlımın kəsməsinə, şüurlu həyata qədəm qoymağıma hələ neçə il lazım idi. Bu həyat isə atamın mənə Berlindən gətirdiyi oyuncaqlarla başladı. Gözümü dünyaya qəribə səs çıxaran məxmər pişiklə, meşindən düzəldilmiş boz filin belinə minən yaraşıqlı hindliyə, alabəzək geyimli xırdaca klounla açdım. Mən bütün bunların hamısını gördüm, duydum, şənləndim və yaşamağa başladım.

Doğrusu, körpəliyim çox yaxşı keçib: dörd bacıdan ən kiçiyi olduğumdan, hamı mənə xüsusi qayğıyla yanaşır, mən də bundan istifadə etməyi bacarırdım. Amma gördüyüm qayğılar arasında ən böyüyü, məni müqəddəs bir insanın (bunu ürəkdən deyirəm), əslən Baltik dənizi sahilindən olan bir alman qadının boya-başa çatdırmasıydı. O mənim dayəm, anam, həyatımın keşikçisiydi. Səhhətini, ömrünü, əsəblərini bizə sərf elədi, bizə görə hər cür əzaba dözdü, üzü gülmədi, bütün fədakarlığının əvəzində isə heç nə istəmədi. Bir sözlə, o, əvəz istəmədən fədakarlıq etməyi bacaran adamlardan idi.

Fröyleyn Annanın dərisi dümağ, saçı ipək kimi sığallıydı. Biz dörd bacı isə qaraşın, qarasaç, qol-qıçı tüklü Şərq uşaqlarıydıq. Onun başına toplaşan biz qarmaqburun, qalın– qaş, o isə əsl şimal xanımı. Onu da deyim ki, həmin vaxtlar (Peyğəmbər qadağa buyursa da) tez-tez xatirə şəkilləri çəkdirərdik; özü də ən gözəl paltarlarda parkda, qohum əqrəba arasında. O vaxtlar bu yeni dəb sayıldığından bizimkilər də başqa “görməmişlər” kimi həvəsə düşmüşdülər və həmin həvəsin sayəsində yaranmış bəzi məzəli, həm də əzik şəkilləri bu gün də qayğı ilə saxlamaqdayam.

Hə, fröyleyn Annadan danışaq. O, fanatik müsəlman ailəsində, şərq görkəmini qorumuş bir şəhərdə yaşasa da, ətrafında məxsusi bir mühit yaratmışdı. Əvvəllər sarışın uşaqlara oxuduğu mülayim mahnılara, bəzəkli yolkalara, üstü kremli ləziz piroqlara bizi də öyrəşdirə-öyrəşdirə sübut etmişdi ki, mülayim olduğu qədər məğrur, zərif olduğu qədər də iradəli bir insandır. Həmin vaxtlar biz hələ onu üzüb əldən salmamışdıq və dayəmiz də özünü hər cür pis münasibətdən, bəd rəftardan qoruya bilirdi. Onun bizə təsiri, elə evimizin birinci mərtəbəsində yaşayan ata nənəmin təsiri ilə bir növ tarazlıq yaradırdı. Nənəm iri, kök, amiranə xasiyyətli bütün müsəlman qadınları kimi yerdə, döşəkcə üstündə oturan, çarşab örtən fanatik bir qadın idi. O, vaxtlı-vaxtında yuyunub namazını qılar, yeri düşəndə isə xristianlara lənət oxuyardı. Əgər qab-qaşığına müsəlman olmayan bir şəxs toxunsa, onları kasıb-kusuba paylayardı. Yad bir kişi yaxınlığından keçsə, tüpürüb söyüş söyərdi. Ən mülayim söyüşü isə “köpəkoğlu” idi. Tərbiyəçilərimiz xristian olduğundan nənəm bizdən də bir az ürpənərdi. O bəzən təmiz, qırışlı əli ilə başımıza sığal çəkib oxşadıqdan sonra üzümüzdən öpər, amma iyrənirmiş kimi tez də üz-gözünü turşudardı. Şübhəsiz, ona qalsa bizi heç vaxt fröyleyn Annanın ixtiyarına buraxmazdı. Atamı bizə kafir təhsili verdiyi üçün nə qədər danladığını təsəvvür edirəm, rusların ölkəni müstəmləkəyə çevirdiyi vaxtdan çox keçmişdi: onların hər tərəfli təsiri duyulur və bu təsirlə də mədəniyyətə, avropasayaq həyat tərzinə həvəs artırdı. İnsanlar gənc nəslə çadra əvəzinə azadlıq, fanatizm əvəzinə isə təhsil verməyi üstün tuturlar.

Beləliklə də, bizi fröyleyn Annanın ağ əllərinə təhvil verəndən sonra atam ailəyə vaxt itirmirdi. O, tez-tez səfərə çıxırdı. Ailənin böyük oğlu olduğuna görə neft firmamızın Xəzər sahillərinə, Volqa boyuna səpələnən, Moskvada böyük filialı olan, bir ucu Varşavaya gedib çıxan müxtəlif müəssisələrinə rəhbərlik edirdi. Belə tərəqqidən həvəslənərək təsərrüfatı daha genişləndirmək fikrindəydi. Geniş Rusiya ərazisində səfərlərə öyrənmiş bir adam üçünsə Berlin çox da uzaq yer deyildi. Odur ki, sorağı tez-tez Almaniyadan da gəlirdi.

1914-cü ilin müharibəsindən əvvəlki Almaniya tərəqqinin dadını yenicə duymuş həmvətənlərimizin diqqəti və maraq mərkəzindəydi. Avtomobillər də, xidmətçilər də, pianolar da, hətta Vilhelm kimi “bığqoyma” dəbi də Almaniyadan gəlirdi. Atam hər dəfə ordan qayıdanda çoxlu hədiyyələr gətirməklə yanaşı, bığını da uzadır, getdikcə qalınlaş– dırıb lazımi formaya salırdı. O vaxtlar II Vilhelm özünü türklərin və İslamın mühafizəçisi elan etmişdi, bizimkilər də (azərbaycanlılar – H.Q.) türklərlə bir kökdən olduğundan ona rəğbət bəsləyirdilər.

Zənnimcə, atamın ikinci dəfə evlənməsindən əvvəlki illər ömrünün ən xoş dövrləriydi. Atam gənc, varlı, subay, yaraşıqlı bir kişiydi. Ona ərə getmək istəyən, yaxud məşuqəsi olmaq arzusuna düşən qadınlar istənilən qədər idi. Atam dəfələrlə məhəbbət macəralarına uysa da, evlənməyə tələsmir, qohum-əqrəbamız üçünsə subaylıq çoxarvadlılıqdan daha pis cəhət sayılırdı. Göstərilən namizədləri atam bəyənmirdi. Çünki onlar əsasən az təhsilli, nə məlahətli, nə də gözəlliyi olan müsəlman qadınları idi. Atamsa “mədəni” həyat yoldaşı seçməyi qərara almışdı. Onun səfər vaxtı xaricdə görüb xoşladığı xanımlarsa, nənəmin ifadəsincə “köpək qızları” idi və xristian qızları olduğuna görə onlarla evlənmək yaramazdı. Bütün ailə bu cür nigahdan qorxur, nənəmsə dini əqidəsinə görə belə izdivaca nifrət edirdi. Çünki öz əri vaxtı ilə onu atıb, keçmişi şübhəli bir rus qızı ilə evlənmişdi. Həmin qadınla evləndiyi gündən (onda altı yaşım vardı) ölümünə qədər babam Moskvada ikonlarla dolu bir mənzildə yaşamışdı. Təzə arvadına görə bütün nəslindən üz çevirsə də, həmin qadın babamla yola getmirmiş. Hər müsəlman üçün ibrət sayıla biləcək bu əhvalat, görəsən, atamı da xristian qızı ilə evlənmək fikrindən çəkindirirdimi? Amma hər halda, qohumlarımız onun ikinci dəfə evlənməsini çox gözləməli oldular.

Şəhərdəki evimizin üçüncü mərtəbəsi bizim üçün ayrılmışdı. Evin hər iki tərəfində başqa binalar vardı və bir üzü də paralel küçəyə baxırdı. Hər iki tərəfə bir-birinin eyni olan iki mənzil yerləşirdi. Bu evləri aradakı həyət ayırsa da, uzun dəhlizlər birləşdirirdi.

Biz bacılar fröyleyn Anna ilə birgə binanın cənub tərəfində, həmişə gün döyən mənzildə yaşayırdıq. Şimal üzdəki alaqaranlıq, sakit mənzildə isə atam səfərlər arası günlərini keçirirdi. Bizim qürurla “qəbul otaqları” adlandırdığımız böyük yemək otağı və royal qoyulmuş zal da burada yerləşirdi. Bayram günlərində fröyleyn Anna böyük bacım Leylaya həmin royalda musiqi parçaları çaldırıb başqa tərbiyəçiləri mat qoyurdu. Buradakı kamodlardan birinin üstünə qızıl suyuna çəkilmiş, əlində lampa tutmuş zənci fiquru qoyulmuşdu. Lampanı ancaq böyük mərasimlərdə yandırırdılar və mən də onun tamaşasından doymazdım. Bəlkə də ilk dəfə elə həmin heykəlciyə tamaşa edə-edə dövlətli olduğumuza sevinmişdim.

Adi günlərdə həmin salona təsadüfi hallarda girirdik. Bütün vaxtımız geniş, işıqlı təlim-təhsil zalında ötürdü. Burada bir piano da vardı. Bu piano dərs alətiydi və bizə əzab verirdi. Az qala, bütün gün dörd bacıdan hansımızsa piano arxasında oturaraq naşı barmaqlarımızla darıxa-darıxa şirmayı dilləri döyəcləyirdik. Qammalar, arpejiolar göydən yağar, Motsartın sonatasını üzüb əldən salardıq. Bu qarışıq musiqi səsləri arasında biz gülür, ağlayır, etiraz edir, fröyleyn Annanın himayəsi altında boya başa çatırdıq. Fröyleyn Anna irsi əlamətlərimizi heçə endirib, özünün təmiz sentimental alman qızı ruhunu qəlbimizə köçürməyə çalışırdı. O bizi yaraşıqlı, yumşaq qəlbli Qretşenlərə çevirmək istəyirdi. Amma əcdadlarımızın irsiyyəti canımızda idi: böyüdükcə yambızlarımız kobudlaşır, burnumuz uzanıb sallanır, döşlərimiz o vaxtlar dəbdə olan dənizçi köynəyinin altında şişib iriləşir, üzümüzdəki narın tüklər uzanıb qaralırdı. Zavallı fröyleyn Anna da bizim belə böyüməyimizə mat-mat tamaşa edirdi. Nə qədər ki, ancaq bədənimiz dəyişirdi, fröyleyn Anna bir təhər dözürdü. Elə ki, qəlbimiz, ruhumuz dəyişməyə başladı, işlər korlandı. On üç yaşa yenicə yetmiş bacım Leyla günlərin birində bığ yeri təzəcə qaralmış qaynar gözlü əmioğlumuza vurulduğunu açıqca bildirdi. Fröyleyn Anna bu əhvalata çox təəccübləndi və elə həmin vaxtdan rahatlığını itirdi. Canına qəsd edərək böyük canfəşanlıqla bizi bir müddət qoruya bildi. Amma bütün ömrü şübhə və sıxıntı içində keçirdi. Biz isə qoruq qadağasına dözmədiyimiz dayəyə kinli və qəddar olmağa başlayırdıq. Şərqli qızların avropalı həmyaşıdlarına nisbətən sərt heysiyyətli olması bizim şıltaqlığımıza azca haqq qazandırsa da, bununla fröyleyn Annanın dərdi azalmırdı.

Nə qədər ki, kiçik idik, biz onu lap çox sevirdik. Hər halda mən özüm onu ürəkdən sevdiyimə əmin idim və inanmıram ki, anaya məhəbbət başqa cür də ola bilər. O mənim gözümdə ən gözəl qadın idi. Səhərlər ağzını açıb vurğunluqla uzun, sığallı, sarışın saçlarını daramasına tamaşa edirdim; ağ dərisi səhərin işığında gözümü qamaşdırırdı, mavi gözləri isə mehribanlıqla mənə baxırdı. Onda özümü xoşbəxt sanırdım. Bibilərim, bibim uşaqları, bacılarım, əmilərim, bir sözlə, hamımız qaraşın idik. Təkcə fröyleyn Anna başqa bir dünyadan gəlmişdi, qəribə, gözəl, parıltılı bir məxluq idi.

Uşaqlıq illərimin, az qala, bütün xoş anları onunla bağlıdır. Bir dəfə milad bayramı səhəri alaqaranlıqda gözlərimi açanda mənə elə gəldi ki, çarpayımın yanında nə isə parıldayır. Yana çevriləndə duydum ki, həmin şey parıldamaqla yanaşı, gözəl ətir də saçır. Əlimi uzadanda barmağıma tikan batdı; bu, küknar ağacı idi – xristian uşaqlarının yolka ağacı. Fröyleyn Annanın xəlvəti alıb bizə yedirtdiyi Frankfurt kolbasası kimi bu ağac da dünyamızı dəyişmək üçün alınmışdı. Bəlkə də, İslam tarixində birinci dəfə idi ki, müsəlman uşaqlarının otağında bəzəkli yolka qoyulmuşdu. Neçə illərdi bizi belə xoşbəxtlikdən məhrum etmişdilər. Axır ki, günlərin bir günüdə atamınmı, nənəminmi, bəlkə də elə ikisinin də birdən iradəsi qırıldı və yolka ağacı evimizə gəldi. Bu ağac məni tilsimləmişdi, həyəcan və sevincdən, elə bil dilim tutulmuşdu. Ağacın başına sakitcə dolanır, ona toxunur, qoxusunu ciyərlərimə çəkirdim. Ağac gözəl bəzədilmişdi: üstündən gümüşü saçaqlar, rəngbərəng kürəciklər, qırmızı, yaşıl şamlar, xırdaca qanadlı məlakələr sallanırdı. Dibinə isə ağ pambıq döşənmişdi. O gün xoşbəxt gün idi: nə alman dili dərslərini hazırladıq, nə feilləri təslif etdik, nə də Motsartın əsərlərini çaldıq. Həmin gün ancaq gözəllik yaşayırdı, bütün pis cəhətlər yoxa çıxmışdı. Hələ üstəlik, fröyleyn Anna söz verdi ki, bizi Alman Qadınları Cəmiyyətinə aparacaq. Bu hörmətli, dindar bir cəmiyyət idi və biz, böyük həvəslə ora gedir, yüzlərcə gənc, yaxud qarımış alman qızına qoşulub dadlı çərəzlər yeyir, pivə içirdik. Mərasimdən sonra isə Tanrının şərəfinə dini mahnılar oxuyurduq, maraqlı burasıdır ki, biz dörd müsəlman qızı həmin dini mahnıları həvəslə oxuyurduq. Belə bir həyat yeniliyi və mərasim dəyişikliyi bizi valeh edirdi. Amma bu barədə evdə heç nə demirdik, çünki peyğəmbər belə hərəkətlərə icazə vermirdi. Həmişə düzlük tərəfdarı olan fröyleyn Anna bu yerdə hiylə işlətməyə məcbur olurdu; zavallı qadın həvəsimizi nəzərə alaraq, bizi ciddi təsiri olmayan belə mərasimlərdən məhrum etmək istəmirdi. Amma xristian dini şən bayram mərasimlərini rəhmdilliklə bizə göstərsə də, mənəviyyatımızı tamam dəyişməkdə ehtiyyatla, incəliklə hərəkət edirdi. Həmin iş isə əslində çətin deyildi, çünki atam da, ailəmiz də, müsəlmançılığa sadiq olanlar da, bizə təlim vermək qeydinə qalmırdılar. Mənə heç dua da öyrətməmişdilər. Qurandan isə kiçicik bir surə əzbərləmişdim. Dini əqidəm elə korlanmışdı ki, nənəmə sataşmaq istəyəndə, arvadın qarşısında açıq Quran, yaxud namaz qılan anları seçirdim. Onu namaz üstündə bezikdirir, şalının ucunu, yaxud ətəyini dartır, Quran qoyulmuş kətilin ətrafında atılıb-düşür, üz-gözümü əyib gözlərinə baxırdım. Nənəm də ibadətini kəsib acıqlanmadan, mülayim səslə məni məzəmmətləyir, yenə mızıltı ilə namaz qılırdı.

Dini mərasimlər, məsələn, Novruz, ya da Ramazan ayının son günü rəsmi və kütləvi bayramlar idi. Mənim belə bayramlardan xoşum gəlirdi, çünki həmin günlər şənlənirdim.

Martın 21-də qeyd olunan Novruz (həmin gün baharın ilk gününə təsadüf edir) uşaqların varlanma bayramı idi. Bütün günü evdən-evə qaçır, qonum-qonşunu təbrik edirdik. Əvvəlcə bizi şirniyyata qonaq edirdilər, çoxlu dadlı paylar alırdıq. Masaların üstü müxtəlif şirniyyat və ləziz yeməklərlə dolu olurdu. Hər masanı bəzəyən bayram xonçası ilə ailənin mədəni səviyyəsini təyin etmək mümkündür. Sadə evlərin süfrəsində ancaq yerli şirniyyat, mer-meyvə və bişmiş yumurta olurdu. Mədəni ailələrin süfrəsində isə rus mətbəxindən gəlmə hər cür yemək tapılırdı; rənglənmiş, üstü bəzəkli yumurtalar pasxa bayramını xatırladırdı; soyutma hind toyuğu isə yalnız dadlı yemək deyil, həm də mədəniyyət əlaməti sayılırdı. Moskvadan gətirilmiş ləziz şokoladlar bizə müqəddəs Rusiyanın ab-havasını paylayırdı.

Beləliklə, bizi əvvəlcə, şirniyyata qonaq edirdilər, sonra ev sahibi – əmi, xala, bibi yaxud yaxın-uzaq qohumlardan biri bərəkətli pul kisəsini çıxarırdı. Əvvəlcə kisədən qızıl sikkə götürüb oynadır, sıxıla-sıxıla onunla vidalaşır, sonra da pulu ovcumuza qoyub əlimizdən marçıltılı yaş bir öpüş alırdı. Axşama qədər qarnımız çətin həzm olunan yeməklərlə, cibləri– mizsə sikkələrlə dolurdu.

Orucluq bayramı isə tamam başqa bayram idi. Bu bayram mənim uşaqlıq illərimdə həmişə isti yay günlərinə düşürdü (hər il bayram günləri dəyişirdi) və biz onu kənd evində qeyd edirdik. Bizim kimi “mədəni” adamlar oruc tutmur, yalnız hərdən Ramazan ayının son günlərini ac qalırdılar. Bunda da hər kəsin öz məqsədi vardı, heç kim bizi oruc tutmağa məcbur eləmirdi. Öz payıma mən, Allahın xoşuna gəlmək üçün deyil, onu özümə borclu salmaq üçün oruc tuturdum. Ürəyimdə bir arzu tutur və güman edirdim ki, dinə xidmətimə görə Allah arzumu yerinə yetirəcək.

Bütün günü sudan və yeməkdən məhrum olmalıydıq, ağzımıza su keçməsin deyə heç diş yumağa da icazə yox idi. Papiros çəkənlər həmin gün papirosu tərgidirdilər. Kişilər arvadlarına toxunmazdılar (təkcə iftar saatlarından başqa). Amma elə ki, göydə ilk ulduz göründü, camaat süfrəyə daraşardı. Bütün gün ac qalmış dindarlar xirtdəyəcən yeyirdilər. Sonra bir də yeyib yenidən həzm edirdilər. Səhər açılana qədər beləcə davam edirdi. Hətta yatanları da oyadırdılar ki, hərə qarnı tutan qədər özünü doyuzdursun.

Orucluq ayı başa çatanda qoyun kəsir, həyətdə ocaq qurub, əvvəlcə içalatı qovururdular. Beləliklə, bizim kef məclisimiz başlayırdı. Uşaqlıq illərində ən dadlı yeməkləri bayram günlərində yeyirdik. (Alman qızları ilə keçirdiyimiz məclislər də əla keçirdi). Adam barmaqlarını yalayır, dadlı, ətirli xörəklərdəki yağın bir damlasını da yerə düşməyə qoymurdu. Hər yandan ədviyyat iyi gəlirdi… “Ah! Necə kef əyyamı idi. “

Başqa bir dini mərasimdən də xoşum gəlirdi. Bu da 680-ci ilin Kərbala faciəsi, Həzrət Əlinin oğlu Həzrət Hüseynin və ailə üzvlərinin öldürülməsi ilə bağlı Məhərrəmlik mərasimi idi. Sünnülüyə düşmən kəsilmiş şiəliyin əsasını bu hadisə ilə bağlayırdılar. Nənəm o günü hər il qeyd edirdi. Yerli adətə görə otağa xalça və döşəkçələr divar boyu, qonaqların sayına görə yuxarı başdan yönü aşağı bir neçə cərgə düzülürdü. Qonaq çox olanda isə bütün döşəmə döşəkçə ilə örtülürdü. Yalnız ortada divara söykənmiş bir kürsü qoyurdular, bu da “Molla xanımın” taxtı sayılırdı.

Çadraya (Avropada “çador” deyirlər) bürünmş qonaqlar axışıb gəlirdilər, onlar yeridikcə başmaqları taqqıldayır, ipək tumanları xışıldayır, özləri isə ucadan danışa-danışa söhbətə başlayırdılar.

Bayram günlərinin milli geyimi adətən bahalı parçalardan tkilir, dəbdəbəli paltarlar adama əsl şərqli görkəmi verirdi. Ağ köynək üstündən geyinilən yaraşıqlı donun yaxası yarıya qədər açıq idi. Açıq yaxadan görünən köynəyin üstü mirvari və “imperial” boyunbağıları, asma qızıl zəncir, cürbəcür yaxa sancaqları ilə örtülürdü. Bu zərgərlik məmulatları keyfiyyətcə çox vaxt yüksək olmasa da, parıldayır, cingildəyir, cilvələnir, göz oxşayırdı. Sahiblərinin xoşbəxtliyi üçün elə bu da bəs idi. Geyimin əsasını tuman, daha doğrusu üst-üstdən geyinilmiş tumanlar təşkil edirdi. Qadının var-dövləti tumanların sayına, dəyərinə görə təyin olunurdu: “tumanını mənə göstər, sənin kim olduğunu deyim”.

İmam Hüseynin qətli günü isə matəm sayılırdı! Elə buna görə də qadınlar qara paltar geyinir, matəm münasibəti ilə bər-bəzək taxmırdılar. Otaq adamla dolur, döşəkçələr qırçınlı tumanların altında yoxa çıxırdı. Molla xanım taxta əyləşib Quran, ya da mərsiyə oxumağa başlayanda səs-küy kəsilirdi. Çox keçməmiş molla Quranı kənara qoyub, Azərbaycan dilində İmam Hüseyn faciəsinin təfsilatını danışırdı. Əvvəlcə, arvadlar dinməzcə oturub qulaq asırdılar. Sonra kimsə ağlamağa başlayır, yanındakılar da bir-bir ona qoşulur və beləliklə də bütün arvadlar göz yaşı tökürdülər. Onlar hıçqırır, hönkürür, inildəyir, “Ay Allah” deyə qışqırırdılar. Elə bil ki, bu ağlaşma qurtaran deyil. Amma elə ki, mollanın səsi qəfildən kəsildi, həmin andaca arvadlar ağlaşmanı kəsib söhbətə qurşanırdılar. Biz uşaqlar da xırda gülab qablarını əlimizə alıb döşəkçələr arasıyla dolaşır, arvadların irəli uzanmış əllərinə gül suyu damızdırırdıq. Onlar gülabı üzlərinə, gözlərinə sürtür, beləliklə də fasilə edilirdi. Sonra Quran oxunması ilə moizə yenidən başlananda ağlaşma da təzələnir, fasilədə yığılmış göz yaşları təzədən axırdı. Bu arvadlar göstərişlə ağlamağı necə bacarırdılar? Bilmirəm. Amma belə məclislərə də hüzr yerlərində dil-dil ötən, adam ağlatmağı peşəkarcasına bacaran qadınlar da dəvət olunurdular. Ağlamağı birinci onlar başlayır, mollanın sözlərinə qarışan hönkürtü sədalarının təsiri başqa arvadlara da sirayət edirdi. Bir sözlə qəribə sənəti olan bu arvadların sayəsində məhərrəmlik təziyyəsi lazımi səviyyədə keçirdi. Ancaq göz yaşı tökən arvadların əhvalından duyulurdu ki, onlar ürəkdən kədərlənib ağlamırlar.

Bacılarımla məni belə matəm mərasimlərində hər şeydən çox yalançı ağlaşma maraqlandırırdı. Doğrusu, bu məclislərdə əylənirdik, hamıdan çox da əsl artist kimi göz yaşı tökən qoca xalalardan birinə gülürdük. Onun hərəkətləri, yalançı ah-vayı, haldan-hala düşməsi, ikiüzlülüyü bizə ləzzət verirdi. Qarı nalə çəkib nərildəyəndə, yaxud yaxasını cırmaq istəyirmiş kimi köynəyini dartışdıranda, xırdaca gözlərini oynadıb canfəşanlığını ətrafdakılara necə təsir bağışladığını öyrənmək istəyəndə biz çarşabın altında gülməkdən boğulurduq. Belə məclislərdə çarşab örtürdük və başımız örtülü olduğundan gülməyimizi gizlədə bilirdik. Çiyinlərimizin əsdiyini görənlərsə elə bilirdilər ki, hıçqıra-hıçqıra ürəkdən ağlayırıq. Belə dindarlığımıza görə nənəmizin hörmət və rəğbətini qazanmaq imkanımız daha da artırdı və biz bundan məharətlə istifadə edirdik. Fröyleyn Anna gəlib bizi öz otaqlarımıza yatmağa çağıranda bütün ailə üzvləri, xüsusilə də nənəm dayəmizi acıqla süzürdü. Belə hallarda o, tək qayıtmalı olur, bizsə çarşablarımızın altında hırıldaşaraq həmin gecəni lap gec yatırdıq.

Uşaq vaxtı nənəmi çox istəyirdim və bizi ayıran cəhətləri o vaxt yaxşı duymurdum. Elə ki, həmin fərqləri duydum, nənəmin tamam başqa dünyanın adamı olduğunu anladım, onda ilk məhəbbətim də tamam soyudu. Bəs, qan qohumluğu? Boynuma almalıyam ki, özümdə heç kimə qohumluq duymamışam. Bilmirəm. Bu yeni bir bəşəri hissdi, yoxsa ki, mən təbiətən pis adamam? Adi şübhələrimdən belə bir təxmini nəticə çıxır ki, ailə üzvlərinin fərdi maraqları fərqlənəndə qohumlar arasında kin və ədavət düşür; fərdi maraqlar haçalanmayanda ailədə bəzən mehribanlıq hökm sürür. Amma hərdən bir qayğıkeşliyə, qohumluq borcuna oxşar bir hiss də olur ki, adam bunu məhəbbətə də bənzədə bilər. Sözün düzü, mənim zənnimcə ailə üzvləri arasındakı laqeydlik təbii bir haldır. Adam özünə dostu neçə-neçə tanış arasında seçməli olur; ona görə də kiçik bir dəstədən, ailədən yaxşı adam seçmək çox çətin məsələdir.

Bizimlə nənəmiz arasındakı uçurum getdikcə dərinləşirdi. Onun ömrü müsəlmanların hicrəti ilə başlayan tarixin davamı idi, deməli, aramızdakı yaş fərqi də bir neçə onillik yox, On dörd əsrdən ibarətdi. Nənəm “Mədəniyyət ocağından” – yəni rus mədəniyyətindən heç nə götürmək istəmirdi. Heç rus dilini də bilmirdi, çünki gəncliyində bu dili öyrənmək məcburi deyildi. Onun gözündə rus müstəmləkəçi, qədim adət-ənənələri vurub dağıdan, başqa irsli, yad dinli bir kafirdi və onlardan zəndeyi zəhləsi gedirdi. Bu kinin tərzi yavaş-yavaş korlanırdı; əri ayrılaraq bir rus qadını ilə evlənmişdi. Özü kimi tərbiyələndirib böyütdüyü qızlar isə ərə gedəntək çadralarını atmışdılar, avropasayağı geyinməyə, qarışıq bir dildə – yarı azərbaycanca – yarı rusca danışmağa başlamışdılar. Qızların mədəni həyata atdıqları bu sadə addımların nənəmin əhvalını pozması azmış kimi, hələ oğlanları da işləri tamam korlamışdılar: onlar atasının istəyi ilə bir neçə il litseydə oxumuş, iki-üç dəfə səfərə çıxmışdılar. Sonra dinin ağır şərtlərindən imtina edib yalnız bir-iki yüngül ayinə əməl edirdilər. Bakıda neft yataqlarının tapılması Qafqaz müsəlmanlarının sürətli inkişafına zəmin yaratmışdı: onlar əllərindəki var-dövlət hesabına “mədəni həyatın” bütün imkanlarından istifadə etməyə can atır, keçmiş nəsillərin sərt və sadəlövh həyatına çəpəki baxmağa başlayırdılar.

Bütün bu dəyişiklikləri nənəm biz nəvələrindən daha çox duyurdu. O öz uşaqlarım boya-başa çatınca özü tərbiyə eləmiş, onlara əqidə aşılaya bilmişdi. Bu əqidə hələ də hiss olunurdu. Biz isə tamamilə yad bir şəraitdə böyüdüyümüz üçün keçmişə meydan oxuyanları təmsil edirdik. Azərbaycan dilini yaxşı bilmirdik. Bəzi sözləri tez-tez unutsaq da, nənəmin sayəsində söyüş öyrənmiş, onları yaxşı əzbərləmişdik. Nənəmi xatırlamaq istəyəndə o, söyüş söyən, acıqlanan, lənət yağdıran adamtək yadıma düşür. Bəzən elə belə heç hirslənmədən, ancaq öz böyüklüyünü göstərmək üçün deyinirdi. Hərdənsə, doğrudan da, qəzəblənir, söyüşü, dava-dalaşı evi başına götürürdü.

Bədəncə böyük – həm ucaboy, həm də kök olan nənəm çox ağır tərpənirdi və tərpənişi də ona bir amiranəlik verirdi. Bir dəstə uşağa da xidmətçilərinə də rəhbərlik etməyə çoxdan öyrənmiş nənəmin çox əzəmətli görkəmi vardı, hətta nifrətlə ağzından söyüş yağdıranda da öz nəcib görkəmini itirmirdi. Beləliklə, onun şəxsiyyətində amiranəliklə sadəlik çox qəribə şəkildə bir-biriylə çulğaşır, uyğunlaşırdı.

Mənə münasibət əslində yaxşı olsa da, mürəkkəb idi, söyüşdən, danlaqdan əskik deyildi. Mən onun qılığına girir, hərdənbir pay da istəyirdim. Qılığına girməyimə imkan versə də, pul istəməyimi xoşlamırdı, çünki çox xəsis idi.

Demək olar ki, hər gün aşağıya enib onunla görüşürdük. O isə təsadüfi hallarda yuxarı qalxırdı. Yuxarı qalxmaq istəyəndə pilləkəni çox ləng çıxır, hər iki-üç pillədən bir xeyli dayanır, sürahidən yapışıb elə tövşüyürdü ki, adamın ona yazığı gəlirdi. Sonra təngənəfəs, birtəhər özünü otağımıza çatdırıb ən iri kreslolardan birinə pərçim olur, hənalı koppuş əllərini dizləri üstünə qoyub həyatımıza, davranışımıza tamaşa edirdi. O bizim məşğuliyyətimizin nə əhəmiyyətini, nə də ləzzətini duya bilir, danışdığımız yad dilsə arvada kobud görünürdü. Nənəm bizim yeni həyatımıza qibtə ilə deyil, rəhmdilliklə baxırdı. Özü və özü kimilərin sadə, məhdud həyatını daha arxayın, səhvsiz bir yol sanırdı. Bizim kimilərin, yəni çoximkanlı həyat tərzini isə çox səhv buraxılacaq ömür yolu sayırdı. O, haqlı idi, azadlıq çox vaxt baha başa gəlir.

Çarşablı arvadlara bədbəxt demək olmazdı, onların şənliyinə, gülüşlərinə, rəqs etmələrinə, zarafatlaşmalarına (hətta bəzən kobud) başqalarında az-az rast gəlinirdi. Belə qadınların arzuları da həyatları kimi çox sadə idi. Bu qədər tənqid atəşinə tutulan çoxarvadlılıqsa əri ilə nə eşqbazlıq, nə də dostluq-yoldaşlıq etmək imkanına malik olan müsəlman arvadına əsla əzab vermirdi. Ər arvadın ağasıdır və əsas işi uşaq doğuzdurmaq idi. Arvad ərini az görür, ərinin o biri arvadları, yəni öz günüləri ilə yoldaşlıq edir, onlarla birgə çalışır, uşaqlarını böyüdürdü. Bizim öz ailəmizdə baş vermiş bir əhvalatı danışa bilərəm.

Nənəmin qardaşının altmış yaşı olardı, tək bir arvadı vardı və arvadının uşağı yox idi. Arvad yaman darıxırdı. Nə günüsü, nə də uşağı olmadığından tək qalıb əzab çəkirdi. Bir gün o qərara gəldi ki, daha tək qalmağı bəsdir: əri təzə arvad almalıdır.

Bir səhər nənəm mənim saçlarıma həna yaxdığı vaxt Bəyim bizə gəldi. Arvad yaman acıqlı idi və tövşüyə-tövşüyə dedi:

– Bu Abbası görürsünüz… Deyirəm: “Ay Abbas, bir arvad da al!” Bilirsiniz mənə nə cavab verdi? “Həvəsim yoxdur”, – deyir. İmkanım olsa öldürərdim onu. “Necə yəni həvəsim yoxdur!” “Elə beləcə, həvəsim yoxdur. Bir arvad mənə bəs edir. Vəssalam!” “Bura bax” – dedim. – “Peyğəmbərin (Allahın salamı olsun) bir neçə arvadı vardı, sən ikicə arvadı saxlamaq istəmirsən?” “Peyğəmbər heç kimi çox arvad almağa məcbur etməyib”, dedi mənə, özü də lovğalandı ki, yaxşı cavab tapıb. “Hə, – dedim, düzdü. Amma mən səni məcbur edirəm ki, heç olmasa bircə arvad alasan. Əvvəla, ona görə ki, təzə arvad bizə uşaq doğar. Sonrası da ki, tək qalmaqdan bezmişəm. Evdən-evə qaçıram ki, söhbət eləməyə bir yoldaş tapım. Bütün rəfiqələrim arasında bircə mənəm yalqız qalıb darıxan. Yox, Abbas evlənəcəksən, vəssalam!”

O da istədi məni rəhmə gətirsin:

– “Axı, indi mənim gücdən düşən vaxtımdı”. “Heç nə olmaz, toy gecəsi bir uşaq düzəltməyə gücün çatar”. Abbas acıqlandı: “Əl çək məndən, axmaq arvad! Mənim altmış yaşım var və özüm bilərəm nə etməliyəm, vəssalam”.

Sonra da başladı məni söyməyə, mən də qışqırdım:

– “Yox evlənəcəksən, evlənəcəksən”.

– “Ay insafsız kişi, aciz, fərsiz kişi. Adını da kişi qoyub, iki arvad saxlamaq istəmir”.

Sonra da ağzıma gələni dedim ona.

O da acıqlanıb evdən çıxdı. Mənim yanımda lovğalıq edir. Yox, mən bu işi belə qoymaram. Bəs necə olsun?

Bəyimin gözləri yaşarmışdı. Üzünü nənəmə tutub soruşdu:

Nənəm isə səliqə ilə başıma yaxdığı hənanın üstünə püstə yarpaqları düzürdü. Axırda o dilləndi:

– Xoşuna gələn cavan qızlardan birini seç. Elə ki, qız seçdin, gəl mənə de. Çalışaram Abbası yola gətirim. Səfeh, fərsiz, dəli! Bəlkə ruslara oxşamaq istəyir. (Onları ilan çalsın). Uşağı yoxdur, özü də bircə arvad saxlamaq istəyir! Yaxşı işdir! Get özünə bir yoldaş tap, sonra baxarıq. Hə, bilirsən. Bizim Məhəmmədin qaynı qozbel Aslanın təzəcə yetişmiş balaca bir qızı var. Qəşəng qızdır, deyirlər xasiyyəti də mülayimdir. Get bax o qıza, zənnimcə, xoşun gələr. O sənə yaxşı yoldaş olar.

Bəyim məsləhətə əməl edib, həmin qızla görüşdü, qız xoşuna gəldi. Nənəm Abbasla söhbət etdi. Əvvəlcə, o, qəti etiraz edib, evlənmək istəmədiyini bildirdi. Deyişmə, mübahisə başlandı. Daha sonra dava-dalaş oldu, o ki var savaşdılar, didişdilər və nəhayət, taqətdən düşmüş zavallı kişi təslim oldu. Kişinin sonralar da uşağı olmadı, amma Bəyim özünə yoldaş tapmışdı, evdə tək qalıb darıxmırdı.

Страницы книги >> 1 2 | Следующая

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

FantazEU Festivalı : Baninin « Qafqaz günləri » əsərinə həsr olunmuş ədəbi gecə – Bakı Kitab Mərkəzi – 16 mart saat 19.00

Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutu (İFA), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Art Council-in əməkdaşlığı ilə, mədəni irsə həsr olunmuş FanatzEU Avropa festivalı çərçivəsində, Azərbaycan əsilli fransız müəllif Banine-nin “Qafqaz Günləri” əsərinə həsr olunmuş ədəbi gecə təşkil edir.

Bu gecə, şairə və bu əsərin fransızcadan rus dilinə tərcüməçisi Ülviyyə xanım Axundova, fəlsəfə müəllimi, Lion Normal Ali Məktəbinin məzunu cənab Bönua Filu, Bakı Dövlət Universitetinin fransız dili müəllimi, Akademik Palma mükafatının zabit dərəcəsi ilə təltif edilmiş, xanım Azelma Həsənova kimi bir çox şəxsiyyətlərin ədəbi təəssüratları ilə canlandırılacaq. Yekun proqram tezliklə təsdiqlənəcə: azərbaycan dilində proqram PDF. Gecə üç dildə, Azərbaycan, fransız və rus dillərində keçiriləcək. Tədbir boyu fransız və azərbaycan dillərində ardıcıl tərcümə təmin olunacaq.

Banin 1905-ci ildə, Bakıda azərbaycanlı neftçi oliqarxın zəngin ailəsində anadan olub. O, İlk Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı idi. Bolşevik inqilabından sonra o, 1924-cü ildə ailəsi ilə birlikdə ölkəsini tərk edərək Fransaya sığındı. Banin ömrünün sonu 1992-ci ilə qədər orada yaşadı. O, Fransa vətəndaşlığını aldı və iki ən məşhur əsəri olan “Qafqaz günləri” və “Paris günləri” də daxil olmaqla, fransız dilində çoxsaylı kitabın müəllifi olub. Bunlar avtobioqrafik təəssüratlardır ki, birincisi onun Bakıda gənclik illərindən, ikincisi isə 1920-ci illərdə rus və Qafqaz ziyalıları icması ilə Parisdə sürgün illərindən bəhs edir.

“Qafqaz günləri” kitabının mütaliəsi valehedicidir və XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin və o dövrün həm firavan, həm də əzablı kontekstində gedən dərin dəyişikliklərin diqqətəlayiq avtobioqrafik təsvirini təqdim edir. Fransız dilində olan nəşr satışda yoxdur, lakin əsər Azərbaycan Fransız İnstitutunun mediatekasında mövcuddur və götürülə bilər.

Bu tədbirə qeydiyyat aşağıdakı ünvanda e-poçt vasitəsilə aparılır: FantazEU2022@gmail.com

Zəhmət olmasa bu ünvana ingilis, rus və ya azərbaycan dillərində yazın.

Comments are closed, but trackbacks and pingbacks are open.