Press "Enter" to skip to content

Qarabağ xanlığı muğam

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan – türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. “Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”.

Qarabağ xanlığı muğam

Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti – Qarabağ xanlığı yarandı.

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri – doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan – türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. “Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”.

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: “Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana “xan” adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı”.

Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi “hakimlik” şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.

Pənah xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: “Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq” (və ya “Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim”). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: “…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi”.

Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: “Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi”.

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.

Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: “Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…”.

Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri – məlikliklər haqqında yazırdı: “Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.

İkincisi – Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.

Üçüncü – Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı – Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəvsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.

Dördüncü – Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik omuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…

Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur”.

Qarabağ məliklikləri

Məlikliyin adı Qarabağa gəlmələri
Nə vaxt Haradan
Vərəndə 1603 Göyçə mahalından
Çiləbürd 1637 Zəngəzurdan (Sünikdən)
Xazın XVIII əsrdə yaranmışdır Yerli
Dizaq XVIII əsrin əvvəlləri Lori vilayətindən
Gülüstan (Talış) XVIII əsrin əvvəlləri Şirvandan (Qəbələ sultanlığının
Nic kəndindən)

Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına “haqq” qazandırmaq üçün həmin məliklərə “erməni dövlətçiliyinin” davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. “Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər”.36 Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.

Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.

Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: “Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…”.Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.

Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.

İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə “xristian dövləti”, daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.

Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı “xaç yürüşü”nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu “xaç yürüşü” baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə38 Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.

XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.

İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. 39 Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu

  • QARABAĞ RUSİYA İMPERİYASI TƏRKİBİNDƏ
  • QARABAĞ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ (1918-1920-ci illər)
  • QARABAĞ 1920-1980-Cİ İLLƏRDƏ

Xankəndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə həsr olunan tədbirlər çərçivəsində, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının beynəlxalq müstəvidə təqdimatları bu həftə UNESCO-da davam edib.

AzVision.az xəbər verir ki, kitab Gürcüstan Milli Muzeyində (GMM) saxlanılan Qarabağ xanlığının zəngin mədəni irsinə aid nadir eksponatları özündə əks etdirir. Layihə çərçivəsində gürcü alimləri tərəfindən aparılmış bu dəyərli tədqiqat işi oktyabrın 21-də Parisdə, UNESCO-nun baş qərargahında “Maddi mədəni irsin aşkarlanması və qorunmasında regional əməkdaşlığın rolu” mövzusunda keçirilən seminarda geniş müzakirə olunub. Tədbir iştirakçılarını salamlayan Azərbaycanın UNESCO-dakı Daimi nümayəndəsi Elman Abdullayev tədqiqat layihəsini 1972-ci il Ümumdünya İrs Konvensiyasından irəli gələn mədəni irsin qorunması üzrə beynəlxalq əməkdaşlıq tələbinə töhfə kimi qiymətləndirib.

Tədbirin aparıcısı fransalı jurnalist Jan Mişel Brun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan Qarabağ bölgəsi mədəni irsinin muğam, memarlıq, xalçaçılıq, atçılıq kimi sənətlərinin nəinki Azərbaycan, o cümlədən, dünya mədəniyyətinin inciləri olduğunu bildirib.

Tədbirdə geniş məruzə ilə çıxış edən Gürcüstan Milli Muzeyinin direktoru, məşhur arxeoloq professor David Lordkipanidze son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstan Milli Muzeyində saxlanılan və Azərbaycanın zəngin tarixi-mədəni irsinə aid maddi dəlillərin aşkarlanması istiqamətində aparılan unikal layihələr haqqında məlumat verib. O, bu əməkdaşlıq nəticəsində bir neçə il əvvəl Bakıda Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Tarixin şah əsərləri” adlı sərginin, Gürcüstan Milli Muzeyinin fondlarında tapılmış Azərbaycan İrəvan xanlığının tarixi və mədəni irsinə aid nadir eksponatlarla, geniş xarici auditoriyanın tanışlığına imkan yaratdığını qeyd edib.

“Qarabağ xanlığı” kitabının müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze bildirib ki, Rusiya İmperiyası dövründə toplanmış obyektiv etnoqrafik materiallar əsasında hazırlanmış bu tədqiqat işi Qarabağ bölgəsində uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstünlüyünü və dərin tarixi köklərini bir daha sübut edir.

Gürcü həmkarlarına fədakar əməkləri üçün təşəkkürünü bildirən Azərbaycan Tarixi Muzeyinin nümayəndəsi, Qarabağ Xanlığının mədəni irsinin ondan əvvəl bu bölgədə hökmranlıq etmiş tarixi Azərbaycan dövlətlərinin minillik mədəniyyət qatının davamı olduğunu qeyd edib.

“Azad edilmiş Qarabağa səfərim zamanı mən Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində barbarcasına dağıdıldığının şahidi oldum”, – deyən Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli eyni zamanda, Azərbaycanın Qarabağda bütün, o cümlədən, xristian irsini həssaslıqla mühafizə etdiyinə diqqəti çəkib.

Müzakirələri yekunlaşdıran Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, işğal zamanı Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin demək olar tamamilə məhv edildiyini nəzərə alaraq “xarici muzeylərdə qorunmuş Qarabağ Xanlığı irsinin dərindən tədqiq olunmasının tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyətə malikdir”. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli” təşəbbüsü Qarabağ bölgəsi və xüsusilə, Şuşa şəhərinin qədim tarixə malik Azərbaycan kimliyi haqqında elmi həqiqətlərin beynəlxalq səviyyədə tədqiqi və tanıdılmasına təkan vermiş oldu. Məhz “Şuşa İli”ndə Heydər Əliyev Fondunun himayəsi ilə Qarabağ Xanlığının tarixinə aid 100 ildən çoxdur Tiflis arxivlərində gizli qalan zəngin kolleksiyanın nüfuzlu elmi nəşr halında işıq üzü görməsi və bu nəşrin ilk təqdimatının azad edilmiş Şuşada keçirilməsi dərin rəmzi məna daşıyır. Elşad İskəndərov gürcü alimlərinin bu istiqamətdə tədqiqatının bundan sonra da geniş tarixi və mədəni ictimaiyyətin diqqət mərkəzində olacağına əminliyini bildirib.

Tədbirin sonunda seminarda iştirak etmiş diplomatlar, UNESCO-nun ekspertləri, həmçinin Fransanın mədəniyyət, ictimaiyyət və media nümayəndələrinə “Qarabağ Xanlığı” kitabının ingilis, fransız və ərəb dillərinə tərcümə edilmiş nəşri hədiyyə edilib.

Qarabağ xanlığı muğam

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiyanın dağılmasından sonra yaranmışdı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycan ərazisinin xeyli hissəsini əhatə edirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Qarabağ xanlığının banisi Pənahəli xan (1747-1763) Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Azərbaycanda hələ qədim dövrlərdə məskunlaşmış Cavanşirlər tayfasının başçıları XVI əsrdən başlayaraq Qarabağı irsi hakim hüququ ilə idarə edirdilər. 1736-cı ildə Nadirin şah seçilməsinin əleyhinə çıxış edən digər tayfalar kimi, Cavanşirlər tayfası da Xorasana sürgün edilmişdi. Bu dövrdə tayfaya başçılıq edən Pə-nahəli xan Nadir şahın ən nüfuzlu sərkərdələrindən birinə çevrilmişdi. Lakin sonralar Nadir şahla Pənahəli xan arasında yaranmış münaqişə ona gətirib çıxardı ki, sonuncu özünün və yaxın adamlarının həyatını xilas etmək üçün Xorasandan Qarabağa qaçmağa məcbur oldu və tezliklə müstəqil Qarabağ xanlığının əsasını qoydu.
Pənahəli xan yenicə yaranmış Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı uzun və gərgin mübarizə aparmalı olmuşdu. Daxildə onun hakimiyyəti üçün ən böyük təhlükəni Qarabağın xristian məlikləri (Çiləbörd, Gülüstan, Xaçın, Vərəndə və Dizaq) yaradırdı. Nadir şahın hakimiyyəti dövründə nisbi müstəqillik əldə etmiş bu məlikliklər müstəqil Qarabağ xanlığının yaranmasını düşmənçiliklə qarşıladılar. Tezliklə Azərbaycan torpaqlarını işğal etməyə çalışan Rusiyanın və onun əlaltısı olan Kartli-Kaxetiya çarlığının əlində oyuncağa çevrilən məliklər Qarabağ xanlığını məhv etmək və onun yerində erməni dövləti yaratmaq üçün fürsət axtarırdılar. Lakin Pənahəli xanın yeritdiyi uğurlu siyasət onlara öz niyyətlərinə çatmağa imkan vermədi.
Qarabağ xanlığının yarandığı ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən birini xanlığın paytaxt şəhərinin yaradılması təşkil edirdi. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə qonşu xanlıqların və İranda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı feodal hakimlərin hücum təhlükəsi Qarabağ xanını güclü müdafiə imkanları olan şəhər-qala tikdirməyə məcbur edirdi. Bu qala eyni zamanda Qarabağ xanlığının paytaxtı rolunu oynamalı idi. 1748-ci ildə əsası qoyulmuş Bayat qalası məhz bu məqsədə xidmət edirdi. Lakin qalanın düşmən hücumlarının qarşısını almaq baxımından kifayət qədər etibarlı olmaması Pənahəli xanın 1751-ci ildə daha bir şəhər-qalanın – Şahbulaq qalasının əsasını qoymasına gətirib çıxardı.
Lakin Şahbulaq qalası da çox qısa müddətdə – cəmi üç-dörd il ərzində Qarabağ xanlığının paytaxtı funksiyasını yerinə yetirə bildi. Bölgədə getdikcə qızışmaqda olan ara müharibələri Pənahəli xanı daha etibarlı, əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir şəhər-qala tikdirməyə məcbur edirdi. Bu məqsədlə toplanmış məşvərət məclisində Pənahəli xan əyanlara müraciətlə demişdi: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilməməlidir”. Uzun axtarışlardan sonra dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylası xanlığın yeni paytaxtı üçün əlverişli hesab edildi və 1753/1754-cü illərdə onun tikintisinə başlanıldı. Şəhərin normal fəaliyyəti üçün zəruri olan işlər başa çatdırıldıqdan sonra, daha doğrusu, 1756/1757-ci illərdə xanlığın paytaxtı Şahbulaq qalasından buraya köçürüldü. Yeni şəhər-qala mövcud olduğu ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırıldı və Qarabağ xanlığının daimi paytaxtına çevrildi.
Şuşa şəhərinin yaranması Qarabağ xanlığının sonrakı hərbi-siyasi tarixində mühüm rol oynadı. Məhz bu qalanın mövcudluğu sayəsində Qarabağ xanlığı çox güclü düşmənlərin hücumlarının qarşısını almış, öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Qarabağ xanlığına ilk belə güclü hücum 1757-ci ildə baş vermişdi. İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizədə müvəqqəti üstünlük qazanmış Məhəmmədhəsən xan Qacar həmin ilin avqustunda 30 minlik ordu ilə xanlığın paytaxtı Şuşaya hücuma başladı. Xatın arxı deyilən yerdə düşərgə salan Qacar ordusu şəhəri mühasirəyə aldı. Bir aydan artıq davam edən mühasirə zamanı Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələndi. Qarabağ xanlığının tarixini yazmış Mirzə Adıgözəlbəy yazır ki, Şuşanın qəhrəman müdafiəçiləri düşmən əsgərlərini qırır, “azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və malqarasını qarət edib aparırdılar”. Böyük itki verən və aclığa davam gətirməyən düşmən ordusunda döyüş intizamı pozuldu. Nəticədə Məhəmmədhəsən xan Qacar Şuşa qalasını ələ keçirə bilmədi və çox böyük itkilər verərək geri döndü.
Məhəmmədhəsən xan Qacarın məğlubiyyətindən az sonra Şuşa daha bir hücuma – Urmiya hakimi Fətəli xan Əfşarın hücumuna məruz qaldı. Faktiki olaraq Qaradağ, Marağa, Urmiya və Təbriz xanlıqlarının hakiminə çevrilmiş Fətəli xan 1760-cı ildə Azərbaycanın şimal xanlıqlarını da ələ keçirmək qərarına gəlmişdi. O, ilk növbədə Cənubi Qafqazın açarı hesab edilən Qarabağ xanlığını tabe etməyə cəhd göstərdi. A.Bakıxanov yazır ki, Nadir şahın əsas məmurlarından olmuş və İran taxtını ələ keçirməyə çalışan Fətəli xan Əfşar Cənubi Azərbaycanı ələ keçirdi və öz ordusu ilə Qarabağa gəldi.
Fətəli xan Əfşarın bu hücumu haqqında məlumat verən digər Qarabağ tarixçisi Mirzə Camal yazır ki, “Urmiya hakimi əvvəllər Pənah xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı”. Pənahəli xandan rədd cavabı alan Fətəli xan 30 min nəfərlik ordu ilə Qarabağa yürüşə başladı. Lakin onun Şuşanı qəfil hücumla ələ keçirmək planı baş tutmadı. Belə olduqda o, Şuşanı mühasirəyə alaraq şəhərin müdafiəçilərini aclıqla taqətdən salıb öz məqsədinə çatmağa cəhd göstərdi. Əhməd bəy Cavanşir yazır ki, Fətəli xan Əfşar Pənahəli xandan narazı olan bir çox yerli hakimləri və qonşu xanları öz ətrafına toplayaraq Şuşanın 17 verstliyində olan Xocalı kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənahəli xanın başqa silahdaşları bu yerlərə bələd olmayan düşmən qüvvələrini müvəffəqiyyətlə tələyə salaraq qırırdılar. Şuşanın altı aya qədər davam edən mühasirəsi zamanı Fətəli xanın ordusu ciddi itkilərə məruz qaldı. Şəhəri ələ keçirmək üçün təşkil edilmiş sonuncu hücum əməliyyatı xüsusilə ağır oldu. Mirzə Camalın verdiyi məlumatdan aydın olur ki, bu hücum zamanı Urmiya xanı ölənlər və əsir düşənlərlə birlikdə 2 min nəfər əsgər itirmişdi.
Şuşa şəhərini döyüşlə ələ keçirməyin mümkün olmadığını başa düşən Fətəli xan hiyləyə əl atdı. O öz qızını Pənahəli xanın oğlu İbrahimxəlil ağaya ərə vermək və bununla da guya düşmənçiliyə son qoymaq istədiyini bildirdi. Uzun sürən döyüşlər zamanı xeyli qüvvə itirmiş və zəifləmiş Qarabağ xanı təklifin hiylə olduğunu başa duşsə də, buna razılıq verdi. Fətəli xanın düşərgəsinə gələn İbrahimxəlil ağa həbs edildi və Urmiyaya aparıldı. Bununla belə, Fətəli xan Əfşar əsas məqsədinə nail olmadı. Şuşa qalasını ələ keçirə bilmədi.
Qarabağ xanlığı XVIII əsrin 90-cı illərində daha bir güclü düşmənlə – Ağa Məhəmməd xan Qacarla üz-üzə gəldi. Bu dövrdə artıq bütün İranı və Cənubi Azərbaycanı itaət altına almış Qacar öz hakimiyyətini Azərbaycanın şimal xanlıqlarına da yaymaq qərarına gəlmlşdi. Onun bu xanlıqları, o cümlədən Qarabağ xanlığını danışıqlar yolu ilə tabe etmək cəhdi heç bir nəticə vermədi. İbrahimxəlil xan Ağa Məhəmməd xanın təklifini nəinki qəbul etmədi, onu hətta hökmdar kimi tanımaqdan imtina etdi.
Məqsədinə dinc yolla çata bilməyən Ağa Məhəmməd xan 1795-ci ilin yayında çox güclü bir ordu ilə Qarabağa hücuma başladı və tezliklə Şuşa şəhərinə yaxınlaşdı. Lakin Qacar ordusunun çox böyük üstünlüyünə baxmayaraq, Ağa Məhəmməd xanın Şuşanı hücumla ələ keçirmək cəhdi baş tutmadı. Bir tərəfdən şəhərin çox güclü hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə Qarabağ əhalisinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması Qacara öz planını həyata keçirmək imkanı vermədi. Vəziyyəti belə görən Qacar Şuşanı mühasirəyə alıb əhalini aclıq yolu ilə təslim olmağa məcbur etmək qərarına gəldi. Eyni zamanda, düşmən artilleriyası Şuşanın qala divarlarını fasiləsiz atəşə tutmaqla onu dağıtmağa çalışdı. Lakin bu da gözlənilən nəticəni vermədi. Fransız müəllifi Jan Gevr yazırdı ki, “Ağa Məhəmməd xan müşahidə etdi ki, bu hasara onun topları kar etməyəcək. Bir müddət toplardan atəş açıb bir daha əmin oldu ki, toplar qalanın hasarını dağıtmağa qadir deyil, bu işdən əl götürdü, nəticəsi olmayan işə vaxt və barıt sərf etmək istəmədi”. Şuşalıların iradəsini qırmağın mümkün olmadığını görən Qacar hakimi İbrahimxəlil xanı dilə tutmağa cəhd göstərdi. Lakin bu da uğursuz oldu. Otuz üç gün davam edən hücumun heç bir nəticə vermədiyini və şuşalıların müqavimətini qırmağın mümkün olmadığını görən Ağa Məhəmməd xan şəhərin mühasirəsindən əl çəkməyə məcbur oldu və öz ordusunu Gürcüstana yeritdi. Doğrudur, Qacar hakimi 1797-ci ildə baş vermiş ikinci yürüşü zamanı Şuşaya daxil ola bildi. Lakin cəmi üç gün sonra yaxın adamları tərəfindən qətlə yetirildi.
Çox güclü düşmən hücumları qarşısında baş əyməməsi Şuşanın şöhrətini artırmaqla yanaşı, onun sürətlə inkişaf etməsinə və əhalisinin sayının artmasına gətirib çıxardı. XVIII əsrin sonlarında burada artıq 17 məhəllə mövcud idi. Bu məhəllələrdən 9-u Pənahəli xanın, 8-i isə onun varisi İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) salınmışdı. Müasirlər XVIII əsrin sonlarında Şuşada təxminən 2-3 min ev olduğunu qeyd edirlər ki, bu da 10 min nəfərdən çox əhali deməkdir. Şəhər camaatının əsasını vaxtilə Bayat və Şahbulaq qalalarından köçürülənlər təşkil edirdi. Bununla yanaşı, Şuşanın əhalisi içərisində mənşəcə qarabağlı olmayanların da xüsusi çəkisi böyük idi. Hələ Pənahəli xanın hakimiyyətinin ilk dövrlərində Təbrizdən və Ərdəbildən xeyli əhali, xüsusilə sənətkar, Bayat qalasında yerləşdirilmişdi ki, bunlar da sonralar Şuşada sakin olmuşdular. Şuşaya Azərbaycanın digər xanlıqlarından əhalinin köçməsi sonralar da davam etmişdi.
Pənahəli xanın və İbrahimxəlil xanın fəaliyyətində Qarabağ xanlığının ərazisini genişləndirmək və son nəticədə pərakəndə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasəti özünü aydın göstərirdi. Bu istiqamətdə ilk addımlar hələ Pənahəli xanın hakimiyyəti dövründə atılmışdı. O, xanlıq daxilində öz mövqelərini möhkəmləndirməklə yanaşı, qonşu xanlıqların da torpaqlarını ələ keçirmək siyasəti yeridirdi. Qarabağ tarixçisi Mirzə Adıgözəl bəyin verdiyi məlumatdan aydın olur ki, Pənahəli xan Şuşa şəhərinin əsasını qoyduqdan sonra əvvəllər Qarabağ xanlığının tərkibində olmuş Mehri və Sisian mahallarını, Təbriz xanlığının tərkibində olmuş Zəngəzur və Qafan mahallarını, habelə İrəvan və Gəncə xanlıqlarına məxsus olmuş bir çox torpaqları ələ keçirib Qarabağ xanlığının tərkibinə qatmışdı.
Pənahəli xanın ölümündən sonra hakimiyyət başına gəlmiş İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. Pənahəli xanın Qarabağ xanlığının sərhədlərini genişləndirmək siyasəti İbrahimxəlil xan tərəfindən uğurla davam etdirilirdi. Ayrı-ayrı vaxtlarda Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlıqları Qarabağ xanlığından asılı vəziyyətə salınmışdı. Avar hakimi Ömər xanla qohumluq əlaqəsi yaradan Qarabağ xanı hərbi cəhətdən daha da güclənərək Cənubi Qafqazın ən nüfuzlu hakimlərindən birinə çevrilmişdi. Artıq tam müstəqil xarici siyasət yeridən Qarabağ xanlığı dövlətlərarası münasibətlərdə müstəqil tərəf kimi qəbul edilirdi. Heç də təsadüfi deyil ki, İbrahimxəlil xanın 1784-cü ildə Sankt-Peterburq şəhərinə göndərdiyi Musa sultan Rusiya tərəfindən böyük bir dövlətin nümayəndəsi kimi qəbul edilmiş, onun şərəfinə təntənəli qəbul düzəldilmişdi.
Beləliklə, XVIII əsrin 60-80-ci illərində Qarabağ xanlığı yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilmişdi. Bu dövrdə Azərbaycanla qonşu olan Osmanlı Türkiyə, İran və Rusiya kimi daha güclü dövlətlər özlərinin Qafqaz siyasətini həyata keçirərkən Qarabağ xanlığının mövqeyi ilə hesablaşmalı olurdular. Bununla belə, XVIII əsrin sonlarından başlayaraq Azərbaycanın şimal xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyi üçün ciddi təhlükə yaranmağa başladı. Ağa Məhəmməd xan Qacarın 1795 və 1797-ci illər yürüşləri, V.Zubovun başçılığı ilə rus ordusunun 1796-cı il yürüşü tezliklə İran-Qacar dövlətinin və Rusiyanın Cənubi Qafqaza münasibətdə daha qətiyyətli addım atacaqlarından xəbər verirdi. Təəssüf ki, hətta belə təhlükəli bir şəraitdə Azərbaycan xanları öz qüvvələrini birləşdirmək əvəzinə vəziyyətdən yalnız öz qüvvələri ilə təkbaşına çıxmağa cəhd göstərirdilər. Bu baxımdan qarabağlı İbrahimxəlil xan da istisna deyildi. İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə Şuşada qətlə yetirilməsindən sonra İran-Qacar dövləti ilə yaranmış gərginliyi sovuşdura bilsə də, öz xanlığının müstəqilliyi və təhlükəsizliyi üçün təminat ala bilmədi.
Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran-Qacar dövlətində hakimiyyət uğrunda yeni qüvvə ilə qızışan mübarizədən qalib çıxan Fətəli şah 1797-ci ildə İrəvan qalasını ələ keçirdi və Azərbaycan xanlarından, o cümlədən İbrahimxəlil xandan itaət etməyi tələb etdi. XIX əsrin əvvəllərində Qarabağ xanlığı daha güclü bir düşmənin – Rusiya imperiyasının hücum hədəfinə çevrildi. 1801-ci ildə Şərqi Gürcüstanı ələ keçirən bu dövlət az sonra Azərbaycanın Car-Balakən camaatlığını, İlisu sultanlığını və Gəncə xanlığını işğal etdi. 1804-cü ildə başlamış Rusiya-İran müharibəsinin ilk günlərindən üzü bəri hər iki dövlət Qarabağ xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. İran-Qacar dövlətini Qarabağ üçün daha böyük təhlükə hesab edən İbrahimxəlil xan Rusiyanın himayəsi altına keçməklə öz hakimiyyətini saxlayacağına ümid bəsləyirdi. Elə bu səbəbdən o, Qafqazdakı rus qoşunlarının komandanı general P.Sisianovun Rusiyanın himayəsi altına keçmək təklifini qəbul etdi və danışıqlara başladı. Uzun sürən bu danışıqlar 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsinin bağlanması ilə nəticələndi. Kürəkçay müqaviləsi ilk baxışdan Qarabağ xanlığının müstəqilliyinin saxlanılması görüntüsü yaratsa da, əslində onun imzalanması həm İbrahimxəlil xan, həm də onun xanlığı üçün ağır nəticələrə gətirib çıxardı. Ruslar 1806-cı ildə İbrahimxəlil xanı ailə üzvləri ilə birlikdə çox böyük amansızlıqla qətlə yetirdilər. 1813-cü ildə İran-Qacar dövləti ilə müharibəni qələbə ilə başa vuran çar hökuməti bundan bir qədər sonra, daha doğrusu, 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi.

Camal MUSTAFAYEV,
tarix üzrə elmlər doktoru, professor

Comments are closed, but trackbacks and pingbacks are open.