UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu başa çatdı
Bu nümunələrin UNESCO siyahılarına salınması tarixlərini diqqətə çatdırırıq.
Parisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclası keçirilib
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının YUNESKO-nun mədəniyyət bölməsinin təşəbbüsü ilə keçirilmiş ilk iclasında iştirak etmək üçün iyunun 26-da Parisə gəlmişdir. Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru tərəfindən yığıncağa dəvət olunmuş yeganə xoşməramlı səfirdir.
YUNESKO-nun iqamətgahına gələn Mehriban xanımı qurumun xoşməramlı səfirlər proqramının rəhbəri Basma İrşeyd, protokol rəhbəri Jan-Lük Şan və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin başçısı, səfir Eleonora Hüseynova qarşıladılar.
Yığıncağı giriş sözü ilə baş direktorun mədəniyyət üzrə köməkçisi Fransuaz Ribiyer açdı.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura qonaqları, o cümlədən ölkəmizdə şifahi mədəni irsin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan, yeganə xoşməramlı səfir kimi belə mötəbər tədbirdə iştirak edən Mehriban xanım Əliyevanı salamladı.
Baş direktor “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanı artıq 45 ölkənin ratifikasiya etdiyini, son bir neçə ayda daha 7 dövlətin bu Konvensiyaya qoşulduğunu xatırlatdı. Qeyri-maddi mədəni irsin hər bir xalqın tarixinin güzgüsü olmaqla yanaşı, bütün dünyanın sərvəti olduğunu vurğulayan cənab Koişiro Matsuura dedi ki, bu sərvətin qorunması hamının işidir. Baş direktor rəhbərlik etdiyi beynəlxalq təşkilatın bu sahədə gördüyü işlər barədə də məlumat verdi.
Əlcəzairin xarici işlər naziri, Yaponiyanın elm, təhsil və texnologiya naziri öz çıxışlarında ölkələrində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı görülən işlərdən söhbət açdılar, hər bir ölkənin konvensiyaya qoşulmasının vacibliyini xüsusi vurğulayaraq, xalqların keçmişindən xəbər verən istər maddi, istərsə də qeyri-maddi mədəni irsin son vaxtlar bəzi ölkələr tərəfindən vəhşiliklərə məruz qaldığını bildirdilər və YUNESKO-nu öz nüfuzundan istifadə edərək belə halların qarşısını almağa çağırdılar.
İbtidai icma dövründən bu günə kimi yaradılmış və nəsildən-nəslə ötürülmüş qeyri-maddi mədəni irsin mənsub olduğu xalqın tarixini özündə əks etdirdiyini söyləyən nazirlər bu irsin qorunması sahəsində ölkələrarası əməkdaşlığın yaranması və inkişaf etdirilməsinin vacibliyini, bu sahədə xüsusi səriştəsi olan ölkələrin təcrübəsindən istifadənin əhəmiyyətini vurğuladılar.
Mehriban xanım Əliyeva iclasda çıxış etdi.
Mehriban xanım Əliyevanın çıxışı sürəkli alqışlarla qarşılandı.
İclasda “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulmuş ölkələrin xarici işlər, təhsil, elm və mədəniyyət nazirləri, səlahiyyətli nümayəndələri, YUNESKO yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak edirdilər.
UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu başa çatdı
Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu ikinci günündə davam etmişdir.
Qonaq çıxışçı kimi təlim kursunda iştirak edən “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayevaya “Azərxalça” ASC-nin Azərbaycan xalça sənətinin inkişafı və dünyada tanıdılmasında gördüyü işlərdən danışdı, həmçinin 15 regional emalatxanasında təqribən 600 xanım toxucunun fəaliyyət göstərdiyini qeyd edərək həm ənənəvi, həm müasir dizaynlarla xalçaların, o cümlədən ipək xalçaların toxunulduğunu qeyd etdi. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə fəaliyyətlərdən danışaraq, xarici ölkələrdə təşkil olunan sərgilər, beynəlxalq ekspozisiyalar haqqında təcrübələri haqqında məlumat verdi.
Ardından, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun UNESCO-nun qeyri-maddi irs nümunələrinin beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən orqanlar Baş Konfrans, Hökumətlərarası Komitə, Komitənin Bürosu, Qiymətləndirmə Orqanı və Katibliyin fəaliyyətlərinə dair real təcrübəyə əsaslanan vacib bilikləri və faydalı məsləhətləri təlim iştirakçıları ilə bölüşdü. Sonra, iştirakçıların mövzuya dair sualları cavablandırıldı və təlim kursu müzakirə şəklində davam etdirildi.
Türkiyənin Ənənəvi Sənətlər Birliyinin əməkdaşı, təlimçi Sona Tomaç Konvensiyaya uyğun olaraq milli səviyyədə qoruma tələb edən qeyri-maddi mədəni irs nümunələri ilə bağlı zəruri fəaliyyətlər haqqında danışaraq nümunələrin inventarlaşdırılması, nümunələrin yaşadılması üçün bilik-bacarıqların artırılması, milli dəstək mexanizmlərindən bəhs etdi. Ardından, xanım Aslihan Erkmen “Türkiyənin Ustaları” adlı layihədən, onun Marmara bölgəsi üzrə pilot mərhələsi üçün kompleks layihə fəaliyyətlərindən və nəticələrindən, ayrı-ayrı ənənəvi sənət növləri üzrə inventarlaşdırma, sənətlər və həmin sənətlərlə məşğul olan ustalara dair məlumatların təhlili imkanlarından danışdı. Vasif Eyvazzadə Türkiyənin Ənənəvi Sənətlər Birliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Azərbaycan Sənətkarları” layihəsi, bu layihənin ölkəmizdə ənənəvi sənət növlərinin qorunması və vəziyyətin təhlili imkanlarının artırılmasına verəcəyi töhfələr və bu sahədə həllini gözləyən məsələlər haqqında danışdı. Sonra, iştirakçılarla regionlar üzrə qeyri-maddi irs nümunələrinə dair fikir mübadiləsi aparıldı və hər birinə dair xarakterik elementlər sadalanaraq onların gələcəkdə daha yaxşı qorunması və yaşadılması üçün layihə və təşəbbüslərə çağırış edildi.
İkinci yarım gündə, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev ənənəvi sənət növlərinin yaşadılması və bu istiqamətdə ailə bizneslərinə və təsərrüfatlarına dəstək istiqamətində bir dövlət layihəsi kimi bu çərçivədə icra olunan fəaliyyətlər barədə danışaraq ABAD-ın əhatə dairəsi, ABAD-çı sənətkarların kateqoriyaları, regionlar üzrə vəziyyəti əks etdirən məlumatları və ABAD məhsullarını təşkilati sayt üzərindən təqdim etdi. Təlimçi Sona Tomaç qeyri-maddi irs nümunələrinin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən, dəstək mexanizmlərindən və bu istiqamətdə Beynəlxalq fondun imkanlarından, dəstəklənən layihələrdən danışdı. Xanım Aslihan Erkmen dövri hesabatlarla bağlı qaydalardan, eləcə də qeyri-maddi irsin etik qavramı barədə, qeyri-maddi irsin qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolundan bəhs etdi. Sonda, təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edildi.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak etmişdir.
Mədəni irsimizin UNESCO-da yeni təntənəsi
2020-ci ilin 16 dekabrı da Azərbaycanın mədəniyyət təqviminə və zəngin mədəni irs tarixinə əlamətdar gün kimi yazıldı. Həmin gün UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyasında mədəni irsimizin daha iki nümunəsi – ənənəvi Nar bayramı və miniatür sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edildi.
Xəbər verdiyimiz kimi, 14-19 dekabr tarixində Yamaykanın “ev sahibliyi” ilə təşkil olunan builki sessiya qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfə virtual formatda gerçəkləşir.
UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərarası Komitənin sessiyaları 2006-cı ildən etibarən ildə bir dəfə keçirilir. 2013-cü ildə sayca 8-ci sessiyaya Bakı ev sahibliyi etmişdi. Hökumətlərarası Komitə seçkilər vasitəsilə formalaşan 24 üzv-ölkədən ibarətdir. İndiyədək UNESCO üzvü olan 180 ölkənin qoşulduğu “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 18 yanvar 2007-ci ildə ratifikasiya edib. Ölkəmiz 2018-2022-ci illər üçün komitənin üzvüdür.
Komitənin illik sessiyalarında bir qayda olaraq ən diqqətçəkən məsələ müxtəlif ölkələr tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına təqdim olunan nominasiya fayllarının müzakirəsidir. 15-ci sessiyaya “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilmək üçün ümumilikdə 42 nominasiya faylı, “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya salınmaq üçün isə 4 nominasiya faylı təqdim edilib.
Onu da qeyd edək ki, hər iki siyahı “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın qüvvəyə minməsindən sonra – 2008-ci ildən etibarən formalaşmağa başlayıb. Ötən illər ərzində Azərbaycanın bu siyahılara ümumilikdə 13 qeyri-maddi mədəni irs nümunəsi salınıb.
Azərbaycanın 15-ci sessiyada “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiya faylına dekabrın 16-da baxılıb və Hökumətlərarası Komitə tərəfindən müsbət qərar qəbul olunub. Beləliklə, Nar bayramı mədəni irs ənənəsi ölkəmizin UNESCO siyahısına daxil edilən 14-cü nümunə olub.
Ölkəmiz üçün mühüm önəm kəsb edən bu qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunan qərara görə UNESCO-ya və qurumun qiymətləndirmə orqanına təşəkkürünü bildirib, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulayıb. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə bu irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunub.
Sessiyanın 16 dekabrda keçirilən iclasında Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdim etdiyi “Miniatür sənəti” çoxmillətli nominasiya sənədi müzakirə edilib. Müzakirələr nəticəsində bu nominasiya faylının da “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilməsi haqqında qərar qəbul olunub.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən ölkələrin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.
Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan Respublikası sessiyadan bir neçə həftə öncə UNESCO-ya etiraz müraciətləri göndərərək sözügedən nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə edib.
Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğu iddia edilib. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyasının ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq layiqli cavab verilib.
Beləliklə, ölkəmizin UNESCO siyahılarına daxil edilən qeyri-maddi mədəni irs nümunələrinin sayı 15-ə çatıb.
Mədəniyyət Nazirliyi bu iki əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik edir.
Qeyd edək ki, ölkəmizin UNESCO ilə əməkdaşlığının genişləndirilməsi, mədəni irsimizin qorunması və təbliğində müstəsna xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi sayəsində hazırda Azərbaycanın 13 irs nümunəsi (Azərbaycan muğam ifaçılığı; Novruz bayramı; Azərbaycan aşıq sənəti; Azərbaycan xalça sənəti; tar ifaçılığı; kəlağayı sənəti; Lahıc misgərlik sənəti; lavaş bişirmə və paylaşma ənənəsi; dolma hazırlama və paylaşma ənənəsi; kamança hazırlanması və ifaçılıq sənəti; Dədə Qorqud irsi – dastan mədəniyyəti, xalq nağılları və musiqisi) “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”nda, 2 nümunə (“Çövkən – ənənəvi Qarabağ atüstü oyunu” və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”) “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”da yer alır.
Bu nümunələrin UNESCO siyahılarına salınması tarixlərini diqqətə çatdırırıq.
Xatırladaq ki, Azərbaycan muğam sənəti hələ 7 noyabr 2003-cü il tarixində UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri” elan edilmişdi. Qeyri-maddi mədəni irslə bağlı Konvensiya qüvvəyə minəndən (2008) sonra tərtib edilən Reprezentativ siyahıya da ilk olaraq muğam sənətimiz salınıb. Bu barədə qərar 2008-ci il 4-8 noyabr tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 3-cü sessiyasında qəbul olunub.
Azərbaycan aşıq sənəti 2009-cu ilin 28 sentyabr – 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO Hökumətlərarası Komitəsinin 4-cü sessiyası zamanı Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya salınıb.
Həmin sessiyada qəbul edilmiş daha bir qərara əsasən, “Novruz bayramı” çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESCO-nun sözügedən siyahısına daxil edilib. Qeyd edək ki, yeddi il sonra Hökumətlərarası Komitənin 11-ci sessiyasında (2016, Əddis-Əbəbə şəhəri) İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da “Novruz bayramı” nominasiyasına qoşulub və bununla bağlı müvafiq qərar qəbul olunub.
2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.
Tar ifaçılığı sənətimiz 2012-ci ilin 3-7 dekabr tarixində UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya (“Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti” nominasiyası) salınıb.
3 dekabr 2013-cü il tarixində Hökumətlərarası Komitənin Bakıda keçirilən 8-ci sessiyasında “Qarabağ atüstü oyun ənənəsi – Çövkən” nominasiya faylı UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib.
UNESCO Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya salınması barədə qərar qəbul olunub.
2015-ci il 30 noyabr – 4 dekabr tarixlərində Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən 10-cu sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası da bu siyahıda yerini alıb.
2016-cı ilin 28 noyabr – 2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş 11-ci sessiyada ölkəmizin təşəbbüsü ilə daha bir çoxmillətli nominasiya – Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Onu da qeyd edək ki, bundan iki il əvvəl – 9-cu sessiyada (2014, Paris) Ermənistan tərəfindən “Erməni çörəyi lavaşın hazırlanması ənənələri” adlı nominasiya təqdim edilmiş, Azərbaycan tərəfinin qəti etirazından sonra bu cəhdin qarşısı alınmışdı.
2017-ci ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən 12-ci sessiyada Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiya faylı, həmçinin Azərbaycan və İranın birgə təqdimatı ilə “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyada da qeyri-maddi mədəni irsimizlə bağlı iki nominasiya qəbul olunub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyası UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na, Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi – dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiyası isə Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.
Beləliklə, dekabrın 16-da qəbul olunan iki qərardan sonra hazırda UNESCO siyahılarında Azərbaycanın 15 qeyri-maddi mədəni irs nümunəsi var.
Əlavə edək ki, UNESCO-nun digər mötəbər reyestrində – Dünya irsi siyahısında da ölkəmizin 3 tarixi-mədəni irs məkanı yer alıb: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu (Şirvanşahlar sarayı və Qız qalası) – 2000; Qobustan Milli Tarixi-Bədii Qoruğu (2007); Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi (2019).
Bundan əlavə, UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə Şəki (sənətkarlıq və xalq yaradıcılığı tematikası) və Bakı (dizayn tematikası) şəhərləri yer alır.
Comments are closed, but trackbacks and pingbacks are open.