Müasirləri Rəsul Rza haqqında – Xatirə
İlya Selvinski
Rəsul rzanın əsərləri
� Rəsul Rza və ana dili
� Rəsul Pza Azərbaycan SSR-in o zamanlar Baş Sovet adlanan Ali Sovetinin ikinci sessiyasının iclasındakı çıxışında demişdi: “Mən bilmirəm, “Kommunist” qəzeti hansı əsasa görə və haqla maliyyə, vətəgə, təpə, məhsul, həvəs, fincan sözləri varkən, finans, promısel, sopka, produkt, stimul, çaşka və bu kimi sözləri özbaşına bizim dilimizə soxur? Nə üçün traktorçu sözünün əvəzinə traktorist yazmaq lazımmış. İş o yerə çatır ki, qəzet işçilərimiz, “kapitalist okrujenisi” şəklində bütün bir cümləni olduğu kimi dilimizə doldururlar. Bu misalların sayını çox artırmaq olardı. Yevropa, İndiya və bu kimi”.
Aşağıdakı sözləri də Rəsul Rza həmin iclasda deyib: “Bir neçə adam dilin taleyini həll edə bilməz. Dilin böyük bir qoruyucusu var, o da xalqdır. Sovet xalqı öz ruhuna uyğun olmayan qondarma sözləri böyük bir bacarıqla unudur. Bir xalqın dili o xalqın tarixi deməkdir. Bu tarixə etinasızlıq göstərmək istəyənlər, yenilik pərdəsi altında onu eybəcərləşdirmək istəyənlər xalq tərəfindən nifrətlə qarşılanırlar ki, insan üçün də bundan daha böyük bir cəza yoxdur. Bir adamın nifrəti yüngül külək kimi iz buraxmadan keçib gedir, lakin xalqın nifrəti, özü kimi böyük və ölməzdir”.
Bu sözləri deyəndə Rəsul Rzanun 29 yaşı var idi. Respublika Baş Sovetinin deputatı idi. “Kommunist” qəzeti Azərbaycan Kommunist (bolşevikər) Partiyasının, Baş Sovetin, Xalq Komissarları Sovetinin orqanı idi. 1938-ci repressiya illərindən bircə il ötmüşdü. Rəsul Rzanın rədd elədiyi sözlərin hamısı “qardaş xalq”ın dilindən alınmış sözlər idi. Belə bir şəraitdə, belə bir iclasda belə sözlər demək, hətta həmin məqamda “soxur”, “doldururlar” kimi vulqarizmlər işlətmək çox böyük cəsarət tələb edirdi və hər oğulun hünəri deyildi.
Böyük xalq şairi ömrünün sonuna kimi ana dilinin xidmətində olub, keşiyində durdu. Öz ölməz əsərləri ilə bu gün də həmin şərəfli vəzifəni yerinə yetirməkdə davam edir.
Unudulmaz şairimiz Rəsul Rzanın 100 illiyinin keçirildiyi bu günlərdə ana dilinin saflığının qorunması, ədəbi və bədii dilimizin inkişafındakı böyük xidmətləri barədə düşüncələrimi oxucularla, xüsusən, onu sağlığında görməyən gənclərlə bölüşmək üçün bu məqaləni yazmağı özümə borc bildim.
Rəsul Rza və ana dili mövzusunun 2 tərəfi var: vətəndaş-alim kimi və vətəndaş-şair kimi Rəsul Rzanın ana dilinə xidməti.
Ana dilinin milli varlığını və ruhunu qorumaq Rəsul Rza üçün bütün ömrünü əhatə edən şərəfli bir vəzifə olmuşdur.
Yenə 1939-cu il Rəsul Rzanın sədr olduğu Yazıçılar İttifaqının təşkil etdiyi dil müşavirəsində məruzəçi şairin özüdür. Məruzə bütünlüklə aktual dil, hətta mən deyərdim, dilçilik məsələlərinə həsr olunub.
Rəsul Rzaya görə ən mühüm dil problemi, nəinki şairin dövrü üçün, bu günün özündə də aktuallığını itirməmiş olaraq qalan lüğət tərkibi və onun zənginləşməsi yollarını tapmaq məsələsi idi. Şair bir dilçi-filosof alim kimi çox doğru olaraq göstərirdi ki, “şüurun əsas elementi olan dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şüurun özü kimi dəyişir və irəliləyir” və dediyini tarixi faktlarla əsaslandırırdı: “Böyük fransa revolyusiyası zamanında fransız dili o qədər dəyişmişdi ki, Napoleon Bonapart və ondan sonra gələn fransa padşahları dilin köhnə aristokrat qayda və çərçivələrinə qayıtması üçün xüsusi qanunlar verməyə məcbur olmuşlardı. Lakin canlı həyatı əks etdirən dil geri qayıtmadı. Pol Lafarq yazırdı ki, “XVIII əsrin yazıçıları ölən dilin yatağı qarşısında bir şəfqət bacısı kimi oturub akademik qərarların köməyi ilə bu xəstənin ömrünü uzatmaq istəyirdilər”.
fransada artıq başa çatmış hadisə Rusiyada başlamışdı. Əməlli-başlı ali təhsil görməyən 29 yaşlı gənc şair-alimin bundan da xəbəri var idi: “XVIII əsrin axırlarında Rusiyada bir qrup adam vardı ki, vitse-admiral Şişkovun başçılığı ilə onlar necə olursa-olsun rus dilini fransız sözlərindən təmizləmək istəyirlərdi. Karamzin və onun tərəfdarları da rus dilini saf bir hala salmağa çağırırdılar. Onlar rus dilinin kəlisa-slavyan dili olduğunu iddia edirdilər. “Qaloş” sözünü atıb “mokrostup”, “bulvar” sözünün əvəzinə “qulyat” sözündən “qulvar” işlətmək və bu kimi axmaq iddialar irəli sürürdülər”.
Bəlli olduğu kimi, dili gəlmə və gətirmə sözlərdən təmizləmə ideyası purizm adlanan xüsusi bir hərəkat kimi Türkiyədə də özünü göstərmişdir.
Bəs şair-alimin vətəni Azərbaycanda necə? Rəsul Rza bunu müşavirə iştirakçılarına belə təqdim etmişdi: “Bilirsiniz ki, belə bir cərəyan bizdə də vardı, revolyusiyanın ilk illərində bütün azərbaycanca olmayan sözlərin hamısını Azərbaycan sözləriylə əvəz etmək istəyənlər vardı. Onlar aeroplana “uçquc”, samovara “qur-qur”, paravoza “buğla gedən” deyir və bu kimi yönəmsiz sözlərlə dili düzəltmək istəyirdi. Sovet xalqı belə dil alimlərini rədd etdi. Ancaq bu gün də yuxarıda göstərdiyim cərəyanları diriltmək istəyənlər var.
Bu adamlar dili təmizləmək bayrağı altında dilə girmiş bütün ərəb və fars sözlərini atmağı təklif edirlər. Yaxud dilimizi saflaşdırmaq pərdəsi altında dili dəmir hasar içinə almaq, ona heç bir yeni sözün gəlməsinə imkan verməmək istəyirlər. Bu təşəbbüslərin hər ikisiylə bir burca fikri kimi mübarizə aparmaq lazımdır. Biz ərəb, fars , osmanlı dillərinin təsiri ilə mübarizə deyəndə, o dillərin vaxtilə dilimizə soxulmuş ruhu ilə mübarizə məsələsindən danışırıq. “Şayani-diqqət”, “hissi-qəbləlvüqu” və bu kimi xalqımıza yad olan, xalq tərəfindən mənimsənməmiş, xalqın dilinə girməmiş, dilimizin ruhuna uymamış sözlərin və ifadələrin dildən qovulmasından danışırıq. Bu işdə solçuluq edənlər və məsələnin mahiyyətini anlamayıb Azərbaycan dilini ancaq Azərbaycan sözlərindən ibarət bir dil etmək istəyənlər zərərli iş görürlər.”
Şair dediklərini konkret dil materialı ilə əyaniləşdirir və əsaslandırırdı: “Bəzi adamlar ərəb və fars dillərinin təsiri ilə mübarizə pərdəsi altında dilimizi anlaşılmaz sözlərlə doldururlar. Mən soruşuram: kasıb, ağıllı, sovqat, fəhlə, fabrik, sovet və yüzlərlə belə sözləri işlədəndə kim bu sözlərin Azərbaycan sözü olmadığı barədə düşünür? Kim bu sözləri anlamır? Dilin qüdrəti də orasındadır ki, onillər sürən ərəb istilası, fars təzyiqi, osmanlı təsiri altında öz ruhunu saxlamışdır. Xalqımız ərəblərdən, farslardan, osmanlılardan və başqa millətlərdən aldığı sözləri özünün dil süzgəcindən keçirərək, onları Azər-baycan dilinin ahənginə, qanunlarına uyğunlaşdıraraq elə bir hala salmışdır ki, indi çox çətinliklə o sözlərin ibtidai halını axtarıb tapmaq olar”.
Ali Sovetdəki çıxışında olduğu kimi, yazıçıların dil müşavirəsindəki məruzəsində də Rəsul Rzanın əsas tənqid hədəfi ən yuxarı partiya və dövlət qəzeti olan “Kommunist” qəzetidir. Burada əksəriyyəti rus dilindən gətirmə olan lüzumsuz sözlərin siyahısını 6 dəfə yarım artırmaqla bərabər, cümlələr də həmin mövqedən tənqid edilir: “Kommunist” yazır ki, “Qlavneftsbıtın Kaspi dənizində neftdaşınması üzrə müvəkkilliyi böyük tonnaclı tankerlərin prostoy etməsinə səbəb olur”. Bu gətirdiyim misallar savadsızlıqdır, yoxsa cinayətdir? Mənə elə gəlir ki, bunların içində hər ikisi vardır. Görün qəzetdə gedən səhvlər haqqında təshihi necə verirlər: “Qəzetimizin 10 iyul tarixli “Pravda”nın Sosyalist heyvandarlığının yeni yüksəlişinə doğru” sərlövhəli baş məqaləsinin birinci sütununun başdan ikinci abzasının yuxarıdan ikinci sətrindəki “XVIII Qurultayda XVII Qurultayda oxunmalıdır”. Aydın bir şeydir ki, belə təshih oxucunu təzədən elə dolaşdıracaq ki, yazıq bayaqki bir səhvin əvəzində indi bütün cümləni bir daha oxuyub heç nə anlamayacaqdır”.
Rəsul Rzanın “Kommunist” qəzetini belə kəskin tənqid etməsi səbəbsiz deyildi. Bu haqda məruzəçi özü belə yazır: “Bunu da yaddan çıxarmaq olmaz ki, “Kommunist” qəzeti nüfuzlu qəzetdir, rəhbər qəzetdir. Onlarla mərkəz və rayon qəzetləri, aşağı partiya və sovet işçiləri, fəhlə və kolxozçu ziyalılar ondan öyrənirlər. Bunun üçün də “Kommunist” qəzetində buraxılan səhvlərin üstündən keçmək olmaz”.
Ana dilinin lüğət tərkibinin, onun əsas lüğət fondunun qorunması uğrunda o, öndə qeyd etdiyimiz kimi, davamlı mübarizə aparmışdır. 1961-ci ildə şair irihəcmli “Uzaq illərin yaxın töhfələri” adlı məqaləsində yazmışdı: “� dilin yiyəsi bir ovuc avantüristlər, canilər deyil, xalqdır! fitnəkarlar , canilər məhv olub gedir. Xalq qalır. Xalqın dil sərvəti qalır. Bizdə isə, görürsən, xalq qarşısında heç bir məsuliyyət duymayan adamlar, mənşəyi doğma dilimizdən götürülən neçə-neçə sözü, kəlməni “uf” demədən qoparıb atırlar. Bəzən də biz konkret təfəkkür forması olan dilimizdə mövcud bəzi kəlmələri elələri ilə əvəz edirik ki, onları işlətməyə utanırsan”.
Rəsul Rza ana dilinin əsas lüğət fondunu qorumaqla bərabər, onun inkişaf etdirilməsini, zənginləşdirilməsini əsas vəzifələrdən sayırdı: “Dilimizin lazım olmayan kəlmələrlə zibilləndiyindən danışmaq heç də dili qıfıl altında saxlayaraq, ona heç bir yeni kəlmə və terminin gəlməsinə yol verməmək deyil”. O özü dilimizin lüğət tərkibini 10-larla, bəlkə də 100-lərlə yeni söz və deyimlərlə (ifadələrlə) zənginləşdirmişdi (bu haqda konkret olaraq bir az irəlidə).
Şairin bir dilçi alim kimi ana dilinin qrammatik quruluşu, şəkilçiləri, söz birləşmələri haqqında da dəyərli fikirləri var. Onun “Mülahizələr” adlı məqaləsi başdan-başa qrammatikaya aid aktual məsələlərə həsr edilmişdir. Məsələn, öz təyini əvəzliyinin işlənmə məqamları üzrə onun çox dəqiq müşahidələri var. Həmin müşahidələrdən biri: “Hələ də bir məntiqi və semantik gərək olmadan təsdiqedici əlavə sözlər bol-bol işlədilir. Özü, özünün, özünə və bu kimi. Müşavirə işini qurtardı yerinə “Müşavirə öz işini qurtardı” yazırıq, deyirik. “Əhməd oğluna nəsihət elədi” yerinə “Əhməd öz oğluna nəsihət elədi”.
Şair-alim öz sözünün işlənmə yerini dəqiq müəyyənləşdirir: “Bəzən bu “öz” sözü gərək olur. Məsələn, belə bir cümlədə: “Əhməd uşaqların mübahisəsinə qulaq asdı, öz oğlunu danladı”, ya “Əhməd kitablar arasından öz kitabını götürdü”. Dilçiliyə dair kitablarda mən belə dəqiqləşdirməyə rast gəlməmişəm.
Dilimizin sifət nitq hissəsində sifətləndirmə dərəcəsinin əlaməti üzrə onun müşahidəsi diqqətə layiqdir: “qırmızı”, “düz”, “yaşıl” sözlərinə “qıp”, “düm”, “yam” əlavələr etməklə onların mənasında yeni şiddət, daha artıq məna çalarları yaranır: “qıpqırmızı”, “dümdüz”, “yamyaşıl”. Burada tədqiqi və izahı gərək olan bir hal da var. Bütün belə qoşalaşdırmalarda əlavə hissə əvvəl, sözün əsli sonra gəlir – “yumyumşaq”. Yalnız ağ sözündə əlavə ikinci sıraya keçir: “Ağappaq”. Niyə?” Doğrudanda niyə? Məgər apağ demək olmazmı?
Rəsul Rzanın dilimizə əsla uyğun gəlməyən izafət tərkibli söz birləşmələri haqqında dedikləri də tamamilə doğrudur: “Əhvali-ruhiyyə, rifahi-hal, sərf-nəzər, nöqteyi-nəzər, tərcümeyi-hal və bu kimi. Belə sözlərin bəzisini anlaşımlı Azərbaycan sözü ilə əvəz etmək olar və lazımdır. Məsələn, “rifahi-hal” yerinə “dolanacaq” demək daha yaxşı deyilmi? “Güzəran” sözü də daha aydın və dilə yatımlıdır”. Yeri gəlmişkən qeyd edim ki, bu 5 izafət tərkibindən 3-ü artıq ədəbi dilimizdə ovqat, güzəran, baxım sözləri ilə əvəzlənib, sərf-nəzər son dərəcə az işlənir, tərcümeyi-hal isə hələlik ədəbi dil normasına çevrilməsə də ömürlük sözündə öz qarşılığını tapmaqdadır.
“Mülahizələr” məqaləsində müəllif dilçiliyin sözyaradıcılığı sahəsinə aid fikirlərini bildirib: “Hansı məntiqlə “səciyyə daşıyır” demək olar, “vurğun kəsildim” demək olmaz . “Duymaq”dan “duyum” sözu yaratmaq niyə qəbahət olsun?” “Olmaq” sözü var, “ölmək” sözü var. Hansı məntiqlə “olum” sözünü rədd edib “ölüm” sözünu işlətməliyik? Deyirlər: çünki belə demirlər. Nə olsun, demirlər, deyərlər”.
Böyük sənətkar bu sualları verməkdə tamamilə haqlı idi. Dilimiz də, dilçilik elmimiz də bu suallara artıq müsbət cavab verib.
Rəsul Rza böyük rus yazıçısı Turgenyevin, habelə Puşkinin qrammatik səhvlər barədə dediklərini xatırladaraq yazmışdı: “Bunlar sözgəlişi deyilmişdirmi? Yox! Bu, qrammatik qaydalara etinasızlıq çağırışıdırmı? Yox. Bu, olsa-olsa, dilin canlı bir orqanizm olduğuna, daim zənginləşmə, təkmilləşmə prosesində olduğuna işarədir. Qrammatik qaydalar mövcud dil əsasında yaranır. Dilin qanunauyğunluqlarını sistemləşdirir, bir sözlə, dil materialından doğur. Bu gün səhv sayılan bir ifadə, söz, tərkib sabah varlığını doğrulda bilər”.
Dilimizin elə bir məsələsi, dilçiliyimizin elə bir sahəsi yoxdur ki, onlar böyük şairin diqqətini cəlb etməmiş olsun. Hətta sintaqmatik fonetika, punktuasiya sahələrinə aid olan durğu işarələri məsələsi də onun diqqətindən yayınmayıb. Onun sözləridir: “� mən prinsipcə belə hesab edirəm ki, durğu işarələrindən imtina etmək məqsədəuyğun deyil” (“Kanonları pozaraq” məqaləsindən).
Şairin digər məqalə və çıxışlarında, ana dili haqqında, onun çeşidli müsahibələrində də dəyərli mülahizələr var. Təbii, onların hamısından qəzet çərçivəsində bir məqalədə danışmaq çətindir. Amma mən onun Azərbaycan SSR Ali Sovetinin 1956-cı ilin 20 avqustunda keçirilən iclasında dediklərini oxucularımıza çatdırmaq istəyirəm: “Dilimizi hər cür təcavüzdən qorumaq lazımdır. Ona gündəlik praktiki işimizdə daha artıq yer vermək, onun daha geniş dairədə işlənməsi üçün lazım olan bütün şəraiti yaratmaq lazımdır”.
Əziz şairimiz, ana dilinin böyük qayğıçəkəni və təəssübkeşi arxayın ola bilər ki, onun arzuları vətəni müstəqil Azərbaycanda artıq tamamilə yerinə yetirilmiş və həyata keçirilmişdir.
İndi də vətəndaş-şair kimi Rəsul Rzanın ana dilinə xidməti barədə.
Vətəndaş-şair, hər şeydən öncə ana dilinin lügət tərkibinin öz daxili imkanları hesabına zənginləşməsinə fikir verirdi. Onun əsərlərində başqa dillərdən alınmış bir dənə də neologizmə (yeni sözə) mən rast gəlməmişəm. Maraqlıdır ki, alınma sözləri gəlmə və gətirmə (hər iki termin özününküdür) olmaqla iki yerə bölürdü. Özü bu haqda heç nə deməsə də, yazmasa da, hiss etmək çətin deyil. Gəlmə sözlərə o, dilimizdə artıq sabitləşmiş, semantik və fonetik baxımdan dilimizin qanunlarına tamamilə uyğunlaşmış sözləri daxil edirdi: onun məqalələrində adları çəkilən ağıl, kitab, qələm, kağız, məktəb və s. sözlər. Gətirmə sözlərə gəldikdə isə, dilimizdə qarşılığı olan, heç bir ehtiyac olmadan, süniliyi uzaqdan görünən sabor (kilsə), kupol (qüllə), kaşa (sıyıq), geroik (qəhrəmancasına, qoçaq), təht (alt, aşağı), qəbl (əvvəl, öncə), vüqu (vaqiə) və s. kimi sözləri nəzərdə tuturdu. Rəsul Rza bunlardan birinciləri qəbul, ikinciləri isə inkar edirdi. Tamamilə haqlı olaraq.
Şairin yaratdığı və əksəriyyəti artıq ədəbi dilə daxil olmuş ana dilli mənşəli sözlər olmuşdur: özümləşmək, özümlü, gətirmə, bəlirmək, bəlir, gərəklik, nəğmələnmək, ayrılış, eşidimli, doyumsuz, öyrənc, çağdaş, sənətdaş, əsrdaş, çimərlik, uçarlıq və onlarla, bəlkə, yüzlərlə belə sözlər.
R.Rza bədii dilimizdə bir ucu “Kitabi-Dədə Qorqud”a gedib çatan perifrastik felləri də ilk işlədəndir (Bəlli olduğu kimi, bu fel forması feli sifətlə “olmaq” köməkçi felinin birləşməsindən yaranır: gəlmiş olmaq, yatmış olmaq, gələr olmaq və s.)
“Bəlkə yarım gələr oldu” şerindən bir parça:
Dərələrdən ağır duman sürünür,
Göy yamaclar ağ örpəyə bürünür.
O aydırmı çıxdı qara buluddan,
Yoxsa yarım gözlərimə görünür?
Əsmə, külək, əsmə külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
“Gəldi” yox, məhz “gələr oldu”.
Bu gözəl misraların yaratdığı təbiət mənzərəsinin oxucuların təsəvvüründə bir lövhə kimi canlanmasında “gələr oldu” fel formasının həlledici rol oynadığı şübhəsizdir.
Dilçilik terminləri ilə desək, bədii dilin leksik və qrammatik vasitələrinə aid şairin başqa əsərlərindən də belə çoxlu örnəklər gətirmək və hər birinin konkret təhlilini vermək olar. Amma nəinki yalnız bədii dilimizin, eləcə də ədəbi dilimizdə sözlərin semantik, yəni məna baxımından zənginləşməsində böyük şair-vətəndaşın bənzəri olmayan xidmətləri vardır.
Semantik baxımdan zənginləşmə dedikdə, mən sözün məna dairəsinin genişləndirilməsini nəzərdə tuturam. Rəsul Rzanın bütün əsərlərinə xas olan bu poetik üsul, şairin vaxtilə çox böyük mübahisələrə səbəb olan, əslində isə ədəbiyyatımızı dünya miqyasına çıxaran “Rənglər” şeir silsiləsində özəlliklə güclüdür. O bu şeir silsiləsində 22 rəngin (ağ, şirmayi, boz, gümüşü, püstəyi, mavi, xurmayı, tünd qəhvəyi, narıncı, kürən, qızılı, sarı, saman sarısı, bənövşəyi, badımcanı, sürməyi, çəhrayı, alqırmızı, firuzəyi, innabı,sumağı, qara), 4 əsas rəngin (ağ, mavi, qırmızı, qara) 6 məna çalarlarının (sevinc, məhəbbət, təsəlli, ümid, inam, dərd) poetik mənaları verilir.
Şairin rənglərə münasibəti də maraqlıdır. Onu rəngin fiziki mənasından daha çox, poetik, fəlsəfi, psixoloji, ictimai mənaları maraqlandırır. Bunu ağ , mavi, qırmızı, qara rənglərin məna çalarlarının adları da təsdiq edir. O da diqqəti çəkir ki, çaları verilən rənglərin hamısı əsli sifətlərdir. Şairin rəngləri seçməyində də diqqəti çəkən cəhətlər var. Göründüyü kimi, bu rənglərin siyahısında əslən rəng olan yaşıl rəngin adı yoxdur. Düzəltmə, özü də isimdən düzələn sifətlərin sayı isə 3-4 dəfə çoxdur.
Rənglər həmişə Rəsul Rzanın maraq dairəsində olub. Yaradıcılığında rənglərə həsr olunmuş əsərləri çoxdur: “Rənglər aləmində”, “Rəngli ulduzlar”, “Həyat adamı”, “Gördüm”, “Həyatdan parça” və s. şeirləri rəng bildirən sifətlərin poetik açımıdır. Amma şairin rənglərə həsr olunmuş əsərlərinin apofeozu, heç şübhəsiz, orta formatlı kitabın cəmi 9 vərəq yarımını tutan “Rənglər” şeir silsiləsidir. Rəsul Rza bu şeirləri 2 ilə yazıb (1960-1962). Çox ağır əməyin bəhrəsi olan bu dastanın (mən belə düşünürəm) elə başlanğıcından bəlli olur ki, müəllifi Azərbaycan dilində özümlü yeri olan rəng adları semantikasının hansı məsələləri maraqlandırır:
Ağ, qara, sarı, yaşıl, qırmızı –
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
Biri dərdimizi, biri arzumuzu.
Bu qeyri-adiliyi deyəndən sonra, şair həmin qeyri-adiliyin mənşəyini, kökünü arayır:
Kim bunu ilk dəfə demiş:
Sarı nifrət rəmzi imiş.
Kim bilir, kefinin nə vaxtında,
Kim olmuş, rəngləri belə damğalayıb,
Qırmızı qan da ola bilər,
Bahalı üzük qaşı da,
Doğrudan da, rəng adlarının hamısı çoxmənalı sözlərdir. Dilimizin izahlı lüğətlərində qara sözünün 14, sabit söz birləşmələri daxilində daha 10, ağ sözünün 8, sabit söz birləşmələri daxilində daha 9, qırmızı sözünün 6, sabit söz birləşmələri daxilində daha 3 mənası var və s.
Rəsul Rza özünün rənglər silsiləsində mənaların sayını iki, bəzilərinkini qat-qat çox artırmışdır. Hamısı da siyasi, ictimai, poetik səviyyələrdə. Məsələn, qara rəng:
Şüurdan gizlənən qorxu.
Əbədi ayrılığın ağrısı.
Yaşamaq üçün sürünənlərin çoxu.
Dodaqları yandıran ah.
Edam gününə açılan sabah .
Qaranəfəs olmuş ceyranın əti.
bəzi insan niyyəti.
Bu misraların hamısında qara rəngin kölgəsi var: qara qorxu, qara sabah , qara camaat, qara yaxmaq. Ceyran ətində bu daha aydın duyulur. “Qaranın dərd çaları”nı “Kor bulaqlar, ovsuz ovlaqlar, odsuz ocaqlar, yaşayan ölülər, ölməli sağlar, dili ali məclislərdən qovulan, qolları buxovlu olan qəbilələr, xalqlar” açımlarında isə biz doğrudan da kədərli hisslər keçiririk, qəmli hisslər yaşayırıq.
“Sarı” şeri də sözün həqiqi mənasının açımı və əyaniliyi ilə seçilir. Şeirdən bəzi misralar:
Dolu dənli sünbül dənizi.
Payıza bürünmüş ağaclar.
Payını güclülər yemiş aclar.
Məhəbbətə ləkə salan
Burada sünbüllə yanaşı, xəzəlin, acların solub-saralmış sifətlərinin, qızılın sarı simin rənginin nəzərdə tutulduğu aydın hiss olunur.
Rəng adlarının linqvistik (dil) açımları, izahları bizə məlumat verirsə, poetik açımları bizi duyğulandırır və həyəcanlandırır.
Öncə dediyim kimi, “Rənglər” silsiləsi 1960-62-ci illərdə yazılmışdı və o zamanın adı oxucu kütləsi üçün müəyyən dərəcədə anlaşılmaz, qorxaqlar üçünsə “müəmmalı” olması tamamilə təbii idi. “Kürən” rəngini isə ikincilər böyük təşvişlə qarşılamışdılar:
Arxadan vurulmuş bıçaq.
Tünd mavidə gizlənmiş yaşıl.
Kiçiyin ögey qardaşı.
“Rənglər” silsiləsinə daxil olan bütün şeirlər belə “ağla çətin gələn” məcaz-açımlarla zəngindir.
Rəsul Rza rəng adlarını mənaca zənginləşdirdiyi kimi sayca artmasına da öz bənzərsiz məcazları ilə diqqət yetirmişdi. Şeirlərindən birindəki “Gözləri sevgi rəngli” misrasında olduğu kimi.
Rəsul Rzanın bu gün də yeri görünür. Ulduz sözü ola-ola dilimizə star (Azəristar – Azərbaycan ulduzu ola-ola), dükan ola-ola şop (Beybi Şop – uşaq dükanı ola-ola), bazar ola-ola market, neft ola-ola oyl (Salyanoyl – Salyanneft əvəzinə) və s. onlarla belə sözlər gətirənlərə o, öz sözünü deyərdi. 70 il öncə dediyi sözləri.
Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.3, 4.
Müasirləri Rəsul Rza haqqında – Xatirə
1981-ci il aprelin 1-də Rəsul Rza dünyasını dəyişdi. Şairin vəfatından qırx il keçir. Bu günü müasirlərinin Rəsul Rza haqqında sözləriylə qeyd etmək istədik.
Redaksiyadan
“Bu gün bizi hamımızı bu salona gətirən Rəsul Rzanın xatirəsidir və onun 90 illik yubileyidir. Bizim xalqımız, millətimiz bu yubileyi son-iki il içərisində demək olar ki, Azərbaycanın bütün bölgələrində çox təntənə və böyük məmnuniyyət hissi ilə keçiribdir. Bu gün biz yubileyin son gözəl mərasiminə gəldik.
Çox gözəl, qeyri-adi tamaşa göstərdiniz. Eyni zamanda, Rəsul Rza yaradıcılığını aça bildiniz. Çünki Rəsul Rza yaradıcılığı çox gözəldir, yüksək səviyyədə, amma eyni zamanda mürəkkəbdir, çox çətindir. Siz onu aça bildiniz.
Bu, bir tərəfdən Rəsul Rzanın nə qədər böyük şair olduğunu və onun yaradıcılığının nə qədər dərin olduğunu, Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Biz hamımız bu gün böyük şairimiz Rəsul Rzanı və Nigar Rəfibəylini – burada Nigar xanımın şeirlərinə yazılmış mahnılar, musiqilər səsləndi, – bir daha xatırlamalıyıq, onların Azərbaycan xalqı qarşısında böyük xidmətlərini bir daha – qeyd etməliyik və onların xatirəsinin bizim üçün nə qədər əziz olduğunu bir daha bildirməliyik.
Prezident Heydər Əliyevin çıxışından
Heydər Əliyev Rəsul Rzanı Sosialist Əməyi Qəhrəmanı nişanıyla təltif edir.
Rəsul Rza bugünki Azərbaycan poeziyasına şəhərin danışıq dilini, bu dilin ahəngini gətirib.
Rəsul Rza elə şairlərdəndir ki, Azərbaycan deyil, bütün Sovet poeziyası ənənəsinə novatorluq gətirib. O, həmişə şeirin dil elementini, ölçü, qafiyə elementini yeniləşdirir, zənginləşdirir. Özü də təkcə Azərbaycan deyil, bütün Sovet poeziyasında. Məzmununa gəldikdə isə şairin yeni kitabından bir misal gətirmək istəyirəm. “Qızılgül olmayaydı” poeması şəxsiyyətə pərəstiş dövründə bir insanın faciəli taleyindən bəhs edir. Poema 1960-cı ildə yazılıb. 1961-ci ildə isə dərc edilib. Bu, Sovet ədəbiyyatında ilkin yazılmış əsərlərdən biri olub. Mövzu baxımından gərəkli və bizim hamımızı narahat edən məsələdir.
Rəsul Rza filosofdur. “İki buruğun söhbəti” şeiri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq həyat, nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.
Nazim Hikmət
Rəsul Rza, Nazim Hikmət, Süleyman Rüstəm
Mən qələm yoldaşım Rəsul Rzanın Lenin haqqında yazdığı qüvvətli, təsirli poemasından parçalar oxumuşam. Bu əsərin çap olunan və mənə məlum olan ayrı-ayrı parçalarına əsaslanaraq, cəsarətlə deyə bilərəm ki, Mayakovskininin Lenin haqqında poemasından sonra Lenin haqda bütün sovet poeziyasında belə bir vüsətli əsər oxumamışam. Poemanın ən çox diqqətəlayiq yeri şeirin qoca bir arvadın dili ilə Lenin haqqında tam bir dastan, poetik dastan yaratmasıdır. Şair Lenin haqqında öz ideyalarını, öz fikirlərini, öz böyük hissələrini sadə, savadsız bir qoca qarının dili ilə ifadə edir. Mən bir yazıçı və şair kimi, bu ədəbi üsulun nə qədər çətin olduğunu hiss edirəm. R.Rza poemanın bu hissəsinin oxuyarkən mən ona dedim ki, bu təsvir üsulu şairin ixtirası sayılmalıdır. Bu hünərdir.
Şair zəmanəmizin ən böyük insanı olan Leninin əzəmətli, həmişə canlı, həqiqi obrazını, dərin humanizmini parlaq bədii lövhələrlə əks etdirmişdir.
“Lenin” poeması bütün sovet poeziyasında əhəmiyyətli hadisədir.
. Rəsul Rzanın “Lenin” poeması bütün dünyanı gəzəcək.
Səməd Vurğun
Rəsul Rza, Səməd Vurğun
“Əziz Rəsul İbrahimoviç!
Sizin yaradıcılığınızı mən çox sevirəm və “Davamlı əks-səda” kitabını heyranlıq hissi ilə oxuyuram. Sizə ən yaxşı arzularımı göndərirəm.
Dmitri Şostakoviç Jukovka. 29.11.1972”
Əziz Rəsul Rza – mənim gözəl dostum! Çoxdan, lap çoxdan Sizi görmürəm, çoxdandır məktublarınızı almıram. Amma heç vaxt Sizi unutmuram və unutmayacam. Qəzet və jurnallarda Sizin şeirlərinizi oxumaq çox xoş idi mənimçün. Sizin bütün şeirlərinizdə canlı insan səsinizi eşidirəm. Kitabınız mənim masamın üstündə hörmətlə qoyulub. Böyük maraqla oxuyuram, bəzi silsilələri isə (məsələn “Rənglər”i) böyük ləzzətlə yenidən mütaliə edirəm. Sizin poetik və insani simanız gözlərimdə bir az da böyüyür. Kitabınız məni hətta ilhama gətirir və işləməyə sövq edir: ətrafında dostlarının necə işlədiyini görəndə özün də daha çox və daha yaxşı işləmək istəyirsən. . .
Möhtəşəm vüsətinizə, poetik istedadınıza, insanlığınıza görə, insanlığa bəxş etdiyiniz hər şeyə görə çox sağ olun! Siz həmişə mənim duyğularımda, qəlbimdəsiniz. Mən həmişə Sizinləyəm.
Hörmətli və məhəbbətlə Eduardas Mejelaytis”
Moskvada “Nedelya” həftəliyində dərc olunandan sonra “Rənglər” başqa dillərə də tərcümə edildi, bir neçə ölkədə çıxdı, həqiqi sənət sərrafları tərəfindən yüksək dəyərləndirildi və heç yerdə ilk nəşr zamanı Azərbaycanda olduğu kimi cahil hücumlara məruz qalmadı. Abbas Zamanov deyirdi:”Necə olur ki, bu şeirləri müxtəlif ölkələrdə anlayırlar, amma özümüz anlamırıq?”
Məşhur rus şairi İlya Selvinski yazır:
“Rəsul Rza qələmində zəngin harmoniyası açılan Rənglər ilkin folklor anlamına uyğun şəkildə yəni “ağ – təmizlik”, “qara – matəm”, “qırmızı” – qəzəb” və s. kimi elementar səciyyələr daşımır. Bu və başqa rəngə müəllifin fərdi yanaşa bilməsi sayəsində hər bir şeir digərindən qəti şəkildə fərqlənir və tamamilə sərbəst tonda səslənir. Bu şeirləri rəsmdən fəlsəfəyə doğru hərəkət birləşdirir. Bu rəng əlvanlığı boyalan hərflərdə görən Artur Rembonun zənginliyini kölgədə qoyur”.
Aydındır şeirin dili
İstəyirsən qəmdən yaz.
Elə aydındır bu dil
nadan yüz yol oxusa,
yenə bir şey anlamaz
Nə qədər iti və incə deyilmişdir. Bu şeirdə Şərqin təmkinli müdrikliyi canına hopmuş Azərbaycan şairinin siması nə qədər aydın hiss olunur. Belə şeirin altından Nizami və ya Sədi imza qoya bilərdilər. Yəni hər hansı bir ölkənin hər hansı müasir şairi də öz lirikasında belə incinin olması şərəfindən imtina etməzdi.
İlya Selvinski
“Döyüşən Krım” qəzetinin redaksiyasında qəzetin redaktoru D.Berezin, İlya Selvinski, Rəsul Rza. Krım 1942
Mən Rəsulun şeirlərini dönə-dönə oxuyuram və hər dəfə onlar mənə yeni görünür. Ona görə ki, şair yenilik xətrinə yenilik eləmir, formal axtarışlar aparmır, hər sözü, hər ifadəni ölçüb-biçir, onları həyatın öz rəngi, öz səsi, öz nəfəsi ilə cilalayır. Mənim təsəvvürümdə Rəsul Rza Azərbaycan poeziyasının, Azərbaycan mədəniyyətinin fəxridir.
Rəsul Rza elə sənətkarlardandır ki, onların yaradıcılığının qocalmaq və ya kasıblamaq qorxusu yoxdur. Əksinə, o daim zənginləşir və dünən nail olduğuna bu gün müdriklik, təmkin, müasir hadisələri düzgün qiymətləndirmək bacarığı əlavə olunur.
Qara Qarayev
“Əziz Rəsul müəllim!
Zəmanəmizdə ən çox hörmət bəslədiyim şairlərdən biri də sizsiniz. İlhamlı təfəkkürünüz, obrazlarınız üçün sizə təşəkkür edirəm.
Çingiz Aytmatov”
Rəsul Rza, Əziz Nesin, Çingiz Aytmatov
Moskvaya vardığınız gün soruşmuşdum:
– Sovyetlər Birliyinin indi ən məşhur şairi kimdir?
Bir az düşündükdən sonra:
– Rəsul Rza – demişdilər.
Mənsə Yevtuşenkonun, Voznesenskinin adının çəkiləcəyini sanmışdım.
Rəsul Rza ilə bir neçə axşam öncə Yasnaya Polyanadan (Tolstoyun kəndində) qayıdandan sonra tanış olmuşduq.
Rəsul Rzanın otelində buluşub küçəyə çıxdıq. Mən Rəsul Rza ilə ağır-ağır arxadan gedirik. Müxtəlif məzmunlar üzərində dururuq, uzun sükutlarla danışır Rəsul Rza, mən də “Vaz keçdi bu məzmunun üzərində dayanmaqdan” deyə düşünmək istərkən məzmunu can evindən qavrayan ən açıqlayıcı sözü bulur. Doğru, içdən, duyğulu və inandırıcı. Şəxsiyyəti hörmət oyandırır. Şeirlərinə maraq edirəm için-için.
Məlik Cövdət Anday
HÖRMƏTLİ RƏSUL MÜƏLLİM!
70 yaşınız mübarək olsun! Mənə elə gəlir ki, ömrün onillikləri, yəni 50, 60, 70, 80 və s. həyat yolunun böyük duracaqlarıdır. Yəqin elə buna görə də xalq öz sevimli adamlarının yubiley bayramlarını məhz bu illərdə keçirir.
Həmişə özünü xalqa borclu bilənlərin borcu heç zaman tükənmir. Mən sizi həmişə belə görmüş, belə tanımışam.
Sənətin sonu yoxmuş. Sənət yollarında zirvədən zirvə doğur. Bu yolda addımlayanlar üçün bu günün zirvəsi sabahın pilləsidir. Buna görə də siz heç zaman çatmadığınız zirvəni zirvə bilməmiş, daha böyük üfiqlərə can atmış, durduğunuz zirvədən yaxınlara baxmısınız, çünki siz həmişə böyük amallarla yaşamış, xırda hislərdən uzaq olmuş, “sözün cəng cidalında” saç ağartmış, sənət eşqi ilə yazıb-yaratmışsınız. Mən sizi həmişə belə görmüş, belə tanımışam.
Sənət aləmində siz heç kəsi təkrarlamamış, həmişə öz yolunuzu gedib, öz qəlbinizin kökündə yalnız öz mahnımızı oxumusunuz. Sənətkar üçün bundan böyük üstünlük tanımıram.
Bəxtiyar Vahabzadə
Deyə bilmərəm ki, Rəsul Rza ilə tez-tez görüşürdüm. O, müəllimlər nəslinə mənsub idi. Hərçənd gənc ədəbiyyat adamları heç də yaşca böyük olan hər bir şairi bu hörmətli nəslə daxil etmirlər, buna yalnız əsl sənətkarları layiq bilirlər. Rəsul Rza ən hörmətli və sevilən ağsaqqalların sırasında idi. O, ənənələri dərindən bilməklə yanaşı, ənənələri novatorluq ruhu ilə birləşdirə bilən nadir adamlardan biri, novatorluğu dərin ənənəvi biliklərlə uyğunlaşdıranlardan biri idi. O, başa düşürdü ki, yeni reallıq ifadə vasitələrinin yeniləşməsini tələb edir. Milli və dünya poeziyasında çox düzgün orientirlər seçmişdi – Sabir, Mayakovski, Uitman.
Oljas Süleymenov
Rəsul Rza Azərbaycan poeziyasının görkəmli simalarından biridir. O qədim zamanlardan bəri ənənə halını almış şeir formalarından fərqli olaraq Azərbaycan poeziyasına yeni şeir forması gətirmişdir. O, novator şairdir. Rəsul Rza yaradıcılığının xüsusi cəhəti dilinin təbiiliyi, rəngarəngliyi, müasir lirikaya xas olan incəlik və lakonikliyidir. O, fikir və zəka şairidir. Dolğun ideya və dərin məzmun onun şeirlərinin əsasını təşkil edir.
İrji Taufer
Çex şairi
Maraqlıdır ki, əcnəbi oxucular “Rənglər”in məhz milli Azərbaycan duyumunu hiss edir və bunu xüsusi vurğulayırdılar. Macar şairəsi Juja Rab yazır:
“Coğrafi mənada məndən çox uzaq olan şairə məni cəlb edən “Rənglər” adlı şeirlər silsiləsi oldu. Bu şeir də mətinin mahiyyəti beləydi – şairin incə, cilalanmış diliylə ifadə olunmuş rəngli assosiasiyalar tufanı. İlk dəfə Bakıya 1975-ci ildə orada təşkil olunmuş ədəbiyyat həftəsinin qonağı kimi gəldim. Orada qulaqlarımda yenidən “Rənglər”in misraları səsləndi, onlar mənim təcrübəmi genişləndirdilər, hər şeyi daha dolğun dərk etməyə yardım göstərdilər. Bu ana qədər inanırdım ki, həmin şeirlər yalnız “xəyali görüm” poeziyasıdır. Orada isə anladım ki, şeirlər tam realistikdir. Sanki Azərbaycan torpağının adi günlərindən alınmış kadrlardır. Məsələn, “Mavinin təsəlli çaları”nda “qızmar səhrada qaratikan kolunun naxışlı kölgələri”, yaxud “Sumağı”da “nənəmin gəlinlik şalı”, “kabab qoxusu” və ya da “Xurmayı”da “səhrada dəvə karvanı”, “babamın zər naxışlı quranı” sətirləri Azərbaycan torpağının adi, gündəlik gerçəkliyindən alınan dəqiq kadrlardır”.
Juja Rab
“Rənglər” bütünlüklə ya ayrı-ayrı örnəklərlə Türkiyə türkcəsində, eston, latış, polyak, çex, macar, ingilis, fransız, ərəb, fars, serb (Çexoslavakiya, Macarıstan, Serbiya və Estoniyada kitab şəklində) nəşr olundu. Stokholmda İsveç Elmlər Akademiyası tərəfindən nəşr olunan “Artes” (“Mədəniyyət”) jurnalında Uldis Berzinş və Yuris Kronsberqin tərcüməsində “Rənglər” silsiləsi çap edilmişdir. Tanınmış İsveç şairi Yuris Kronberqs şeirləri təqdim edərək yazır:
“Rəsul Rza poeziyası sovet ölkəsindən çox-çox uzaqlarda səslənir. Şairin “Rənglər” silsiləsi bütünlüklə 60-cı illər sovet şeirinin ən layiqli nümunələrindəndir”.
Rus ədəbiyyatşünası N.Fedorenko Rəsul Rzanın “Rənglər”ini Yaponiyada xatırlayır, onları Orta əsrlərin klassik yapon rəssamı Utimaronun əsərləriylə müqayisə edir.
Çex şairəsi Daniçka Kozlova yazır:
“Çex oxucuları Rəsul Rzanı ilk növbədə bildir bizdə nəşr olunmuş “Rənglər” silsiləsinin müəllifi kimi tanıyırlar. Sovet İttifaqında bir neçə il bundan qabaq dərc olunmuş bu şeirləri bəziləri “formalistik”, başqaları “impressionistik”, üçüncüləri isə “mücərrəd’i” adlandırırdılar. Lakin bu silsilənin bir sıra ədəbi tənqidçilər və yazıçılar müdafiə etdilər ki, onların arasında Nazim Hikmət və Eduardas Mejelaytis də vardı”.
Daniçka Kozlova
Kanadadan yazıçı və naşir Dizon Karterdən gələn məktubda deyilir:
“Kanadada poeziyanı az oxuyurlar və şeir kitablarını çox nadir hallarda təkrar nəşr edirlər. Ancaq Rəsul Rzanın şeirləri özünün yüksək humanizmi ilə o dərəcədə fərqlənir ki, Kanadada və Amerika Birləşmiş Ştatlarında minlərlə oxucu onları cəmi bir neçə ay ərzində alıb oxudu. Bu şeirləri ikinci dəfə, indi isə üçüncü dəfə nəşr etməli olduq.
Heç birimiz qəfil ümidsizlik hissindən, birdən-birə bədbinliyə qapılmamaqdan azad deyilik. Bax, belə anlarda köməyimizə böyük ürəklərin xilasediciləri çatır. Bax, belə anlarda köməyimizə böyük Sovet şairi Rəsul Rza gəlir. Hadisələrdən usananda, gələcəyə ümidimiz sarsılanda, dərhal bu heyrətamiz və ilhamlı sözləri – insan qəlbinin böyüklüyü haqqında sözləri oxuyun.
Ümidlərini itirmiş adamlara təklif edin, oxusunlar bu şeirləri.
“Şimal qonşusu” jurnalı
Kanada, 1971
Bizim şairəmiz Liy Seppel həqiqi mənada böyük şair olan Rəsul Rzanın ecazkar şeirlərini eston dilinə çox gözəl çevirmişdir. Estoniya SSR-in Dövlət mükafatına layiq görülmüş həmin tərcümələr bizim respublikanın oxucularına R.Rza yaradıcılığının dərinlikləri ilə tanış olmaq və bu vasitə ilə şairin vətənini, xalqını tanımaq imkanı vermişdir.
Aleksandr Suuman,
Eston şairi
Estonlar hələ özləri üçün qonşu latışların korifeyləri Raynisi açmamışdır. Amma biz, məsələn türk şairi Dağlarcanın mənimsəmişik. Yaxud həmçinin Kataloniyalı Espriunu. Yaxud həmçinin Rəsul Rzanın “Rənglər”ini.
Türk xalqlarının dillərində Verlibrə – sərbəst şeirə gəlincə, üç adı çəkməklə kifayətlənəcəm – Nazim Hikmət, Dağlarca, Rəsul Rza – bunların üçü də gözəl sərbəst şeir yaradıcılarıdır. Bundan sonra niyə görə hələ kimsə iddia edir ki, bu şeir sistemi türk dilləri üçün məqbul deyil.
Liy Seppel
Eston şairəsi
Rəsul Rzaya qarşı aparılan hücum kompaniyalar çox vaxt məhz Kommunist Partiyasının ideoloji aparatı tərəfindən təşkil olunurdu. 1959-cu ilin aprelində Bakıda partiya fəallarının toplantısında çıxış edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı ideoloji katibi məruzəsində deyirdi:
“Yaradıcı işçilərimizin heç də hamısı həyatla ayaqlaşmır. Bəzən ədəbiyyat və incəsənətimizdə ideya və bədii cəhətdən zəif əsərlər meydana çıxır. Rəsul Rzanın “İnsan” şeiri buna misal göstərilə bilər. . . Kommunizm qurucusu olan sovet adamı ədəbiyyat və incəsənət əsərlərinin əsas qəhrəmanı olmalıdır”.
Elə həmin 59-cu ilin aprel ayında ideoloji katibin tənqidindən dəhral sonra “isti-isti” “Ədəbiyyat və incəsənət” qəzeti (11 aprel 1959-cu il) “İnsan” şeirinə şairin başqa əsərlərinı də qataraq hücuma keçir:
“Rəsul Rzanın “İnsan” adlı bədbinlik təlqin edən zərərli şeiri, eləcə də “Anket əhvalatı”, “Sadə səbəb”, “Təcrübəsizlik”, “Ceyran dedi”, “Sığorta” və başqa şeirləri müasir həyatımızdan, onların (Kimlərin? Həyatın?) dünyagörüşündən uzaq əsərlərdir. Belə əsərlərin dərc edilməsi təkcə öz yaradıcılığına qarşı az tələbkar olan müəllifin qüsuru deyil, həm də onların çapına icazə verən redaksiya heyətinin də nöqsanıdır”.
Ədəbi qəzetdə bir rəy kimi söylənmiş bu fikir Kommunist Partiyasının rəsmi mətbu orqanı olan “Kommunist” qəzetində artıq bir rəy kimi yox, bir hökm kimi səslənirdi. 1959-cu il aprelin 18də “Kommunist” qəzeti iki padval yazı – Rəsul Rzanın SON şeirlərinin kəskin tənqidinə həsr olunmuş “Günün tələbləri səviyyəsinə” adlı məqalə verdi. Məqalə imzasız idi və sovet ideoloji sisteminin qaydalarına bələd olanlar bilirlər ki, bu daha da təhlükəli idi. Çünki imzayla hətta rəsmi mətbuatda dərc olunmuş yazı müəyyən bir adamın şəxsi fikri qəbul edilə bilərdi, rəsmi partiya orqanında imzasız verilən yazı isə ümumən Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin, yəni, ən ali hakimiyyətinin rəyi, daha doğrusu, hökmü və qərarı kimi anlaşılırdı.
Bu yazıya reaksiya çox uzaqlardan gəldi.
“Azərbaycanın müasir Sovet yazarları arasında müqayisə edilməyəcək şairlik qüdrəti və həssas daxili aləmiylə çoxdan bəri oxucularının diqqətini çəkməkdə olan Rəsul Rzanın son aylarda nəşr olunan şeirlərinin bu cəhətdən önəmlə üzərində durmağa dəyər. 1959-cu il fevral ayında çap olunan bu şeirlər Azərbaycanda böyük bir hadisəyə çevrildi. Haqqında danışdığımız şeirlər qızıl tənqidçilərdən başqa bir çox Partiya çevrələrini də çox narahat etmişdir ki, bu hadisənin əks-sədası hələ də davam etməkdədir. Təqribən 40 illik həyatdan bəri sözdə “ən bəxtiyar insanların yaşadıqları bir cəmiyyətdə – Azərbaycan Sovet Kommunist cəmiyyətində – daxildə və xaricdə yapılan propoqandadan sonra, eyni cəmiyyətə mənsub bir yazarın günlərin birində ortaya çıxaraq “burada insanların ölümü cana minnət bildiklərini” göstərmək surətiylə bu cəmiyyətin həqiqi mənzərəsini təsvirə təşəbbüs etmiş olması qızıl idarəçiləri özlərindən çıxarmağa kafi gəlmişdir. Dərhal qələmə sarılan münəqqidlər “İnsan” şeirini yaylım atəşinə tutdular. Həssas bir şairin “çürük bir fəlsəfə ifadəçisi” və ya “insanlara qarşı iftiraçılıq” kimi töhmətlər altında qalması hər şeydən öncə Sovet kommunist cəmiyyətinin üzərində qurulduğu şikəst bir zehniyyətin məhsuludur. “Kommunist” qəzetinin şair Rəsul Rzanın son şeirlərini şiddətli tənqid edən məqaləsində şairin “Sığorta” başlıqlı şeiri üzərində də xüsusi durulmaqdadır”.
Süleyman Təkinər Rəsul Rzanın tənqidə məruz qalmış “Qədim əlyazması”, “Yazıq” kimi şeirlərini də geniş təhlil edib, haqsız tənqidlərə əsaslı cavab verəndən sonra “Sığorta” şeiri üzərində dayanır:
“Və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı – “Kommunist” qəzeti şair Rəsul Rzanın son şeirlərini şiddətli tənqid edən məqaləsində “Sığorta” başlıqlı şeir üzərində də önəmlə durmaqdadır.
Özünə – həyatının sığorta edilməsini təklif edən sığortaçıya şairin verdiyi cavab budur:
De görüm, böhtandan, qaradan,
nahaq sözün acısından,
Sığorta edə bilərsənmi?
Şairin “Sığorta” şeiriylə ilgili olaraq “Kommunist” qəzeti bunları yazır: “Əvvəla sığorta yapılmasına etiraz etmək qabaqcıl bir görüş məhsulu deyildir. Bununla bərabər, şayət şair bu nəticəyə varmışsa, o halda bu mövzuda yeni bir düşüncəyə malik olmalıdır.
Qəzetə görə, şair ona xitab edən sığortaçıya bunları söyləməliydi:
Təki razı gedin!
Qəlbim də, canım da
Xalqa isə ölüm yoxdur.
Demək, yoxdur mənə də.
Mənim şüarım budur.
Bax, deyirəm yenə də,
Süleyman Təkiner
“Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində araşdırmalar”. (Azərbaycanlı mühacir Süleyman Təkinerin bu məqaləsi 1959-cu ildə Münxendə türkcə nəşr olunan “Dərgi” adlı jurnalda çıxmışdır)
Yazıq Süleyman əfəndi belə “tənqid üsuluna” təəccüb qalmasın, neyləsin? Ədəbiyyat tarixində bu yəqin ilk və yeganə faktdır ki, tənqidçi şairə NECƏ şeir yazmağın nümunəsini ÖZÜ yazdığı “şeir”lə göstərir.
“Müxtəlif parçalar içərisində işlənmiş “soyuq tənhalıq”, “cansız barmaqlar”, “boş ürəklər”, “kədər çökmüş üzlər”, “dəryalarla göz yaşı”, “milyonlarla qəbir daşı”, “yanmış ürək”, “şaxta qorxusu”, “hicran qorxusu” “yanıqlı göz yaşı”, “gecənin tabutuna sahnmış örtük”, “buz nəfəsli qaraltı”, “ömürlük dustaq”, “həsrətli gözlər”, “pərişan saçlar”, “titrək dodaqlar”, “nəğməsiz dağlar”, “kor bulaqlar”, “ovsuz ovlaqlar”, “odsuz ocaqlar” və bir sıra başqa ifadələr şeirlərə bir ümidsizlik əhval-ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir”.
“Şeir yoxsa tapmaca”, “Ədəbiyyat qəzeti”
“Şeir yoxsa tapmaca” məqaləsi belə tamamlanır:
“Qoca Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi əsrlərin arxasından baxa bilsəydi yəqin ki, müasir şeirimizin bəzi nümayəndələrinə üzünü tutaraq deyərdi: “Axı mən də, bir zaman təbiətin hər an dəyişən gözəlliklərinin təravət və rayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olan əsl insana da ürəyimdə yer vermişəm. Mən də rənglərdən yazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, ağ. . . Amma insansız bu gözəlliklər nəyə gərəkdir?”
“Nizami” də daxil olmaqla əhli-qələmlərin “Rənglər”ə qarşı səlib yürüşünə, nəhayət, Partiya rəhbərliyi də münasibət bildirməli oldu. Əvvəlki tənqidlərdən sonra dəyişmiş növbəti ideoloji katib 1963-cü il martın 21-də Respublika yaradıcı ziyalılarının müşavirəsində etdiyi məruzədə Rəsul Rzanın xidmətlərindən, “Lenin” poemasının geniş oxucular arasında rəğbət qazanmasından bir-iki söz deyəndən sonra, keçir “Rənglər”ə.
“Rəsul Rzanın yaradıcılığında, daha doğrusu, onun axtarışlarında artıq ədəbi ictimaiyyəti narahat etməyə başlayan cəhətlər də müşahidə edilir. Şairin əsərləri içərisində bəzən faydalı və aydın fikir ifadə etməyən, konkret həyatı məzmundan məhrum olan şeirlərə də rast gəlirik. “Rənglər” silsiləsi buna canlı misal ola bilər. Bu silsiləyə daxil edilmiş şeirlərin çoxunun məzmunu mücərrəd, dumanlı fikirlərdir; bəzən hətta müəllifin nə demək istədiyi əsla məlum olmur. Bu nöqsan üzərində ciddi düşünməsi, bu nöqsanı aradan qaldırması Rəsul Rza yoldaşın özü üçün də, ümumiyyətlə, bugünkü Azərbaycan şeiri üçün də faydalı olardı” (“Ədəbiyyat və İncəsənət” qəzeti, 23 mart, 1963-cü il)
“Şübhəsiz, Rəsul Rza bir kommunist şair, bir vətəndaş kimi öz nöqsanlarını boynuna almaqdan çəkinməyəcəkdir. Lakin təkcə bu azdır. Oxucu ondan günün tələbləri ilə səsləşən yeni-yeni əsərlər gözləyir”
Anonim məqalə müəllifi də, adından danışdığı “oxucu” da çox gözləməli oldular. Rəsul Rza nə bu “nöqsanlarını”, nə də bundan əvvəl və bundan sonra ona irad tutulan və tutulacaq başqa “nöqsanlarının” heç birini heç bir vaxt boynuna almadı.
“R.Rza “Rənglər”i çap etdirməklə indi çıxılması çətin olan bir vəziyyətə düşmüşdür. Əlbəttə, müəllif deyə bilər ki, burada bir çətinlik yoxdur. Bu nədir ki, mən bundan çətin vəziyyətlərə düşüb çıxmışam. Hələ neçə il bundan qabaq formalizmə meyl etməyim üstündə məni möhkəm tənqid etdilər. Nə oldu? Nə itirdim?
. . . Novatorluğu “novatorluq” xatirinə deyil, əsərlərimizlə xalqımızın böyük işlərinə daha yaxından və daha layiqli kömək göstərmək xatirinə etməliyik. “Rənglər” müəllifi necə, beləmi etmişdir? Çox təəssüf ki, yox. Bəlkə müəllif yuxarıda göstərilən səhvlərini səmimiyyətlə etiraf edəcəkdir. Yaxud, bəlkə o, “imkan verin, düşünüm, o səhvlərin nədən ibarət olduğunu özüm üçün aydınlaşdırım. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədii keyfiyyətlərdən məhrum olan bu “rənglərin”, “çalarların” bizim üçün heç bir ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə, formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif “çalarları” lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdən qovulmasa, oxucularımızda şeirə, sənətə ikrah hissi doğurar”.
“Ədəbiyyat qəzeti”
Rəsul Rzanın şeirləri Londonda çağdaş”dünyanın bir “Sıra böyük şairləriylə yanaşı “Qızıl Şərq” almanaxında dərc edilmişdir. İngilis ədəbiyyatşünası Boni Korey “Veld litreçe tudey” jurnalında (1980) yazır:
“Rəsul Rzanın sənət dünyası təzadları, sevgini və nifrəti, yaxşılığı və pisliyi, həyatı və ölümü, xoşbəxtliyi və kədəri realistcəsinə təsvir və tərənnüm edir. Şairin yarı canı dəhşətdən gözləri qaralan vyetnamlı körpənin yanındadır. Şairin qəlbində gələcəyə inam şeirin uğurlu finalına çevrilir. Bütün dünyada sülh və əminamanlığı, bütün bəşər övladlarının birliyini görmək arzusu Rəsul Rza poeziyasının canına hopmuşdur”.
Fransız şairi Jak Qoşeron 1966-cı ildə Rəsul Rzanın bir neçə şeirini çevirərək “Lete Fransez” və “Humanite” qəzetlərində çap etdirmişdir.
Şairin ayrıca kitabı Monqolustanda, şeirləri və şeir silsilələri Çində, Hindistanda – Dehlidə və Kəlkütddədə (ingilis və benqal dillərində), Pakistanda ingilis dilində də nəşr olunmuşlar.
“Novator bir şair olan Rəsul Rza Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Onun şeirlərində nikbinlik, həqiqətin qələbəsinə inam var. Onun əsərləri öz işığı və təravəti ilə qəlblərə məhəbbət gətirir. Şairin bəşər övladına olan məhəbbətinin özü bu şeirləri yazdırmışdır”. (“Ələxbar” qəzeti, Misir, 1963. )
“Rəsul Rzanın poeziyası qəlbimin dərinliyinə qədər məni sarsıtdı. Mən Azərbaycanın gözəlliklərini dərk etmək istəyirdim. Bu gözəlliyin bir hissəsini şairin qəlbində özünə məskən salmış baharda tapdım”.
Adnan Səlim
İraq alimi və jurnalisti. 1967
Azərbaycanda ideoloji mühitin “saflaşdırılması” üçün Sov.IKP “Pravda” qəzetinin baş redaktoru P.Satyukov Bakıya ezanı edildi. 1959-cu ilin aprelində ideoloji müşavirədə çıxış edərkən Rəsul Rzanın hələ rus dilinə tərcümə olunmamış yeni şeirlərini kəskin tənqid etməyə başladı. Görünür, Satyukov üçün rus dilinə məxsusi, sətri tərcümə edilmişdi. Və bu tərcümənin əsasında da “Pravda”nın baş redaktoru öz hökmünü verirdi: “Biz şeirlərlə, əsərlərlə, insanların səviyyəsini yüksəltməliyik, amma biz başa düşmürük ki, Rəsul Rza nə demək istəyir, bu fəlsəfə ilə nə çatdırmaq istəyir. Bəs Siz nə üçün çap edirsiniz.
Mətbuat kommunizm uğrunda mübarizədə ən kəskin silah olmalıdır, hər cür cəfəngiyyatı çap etmək olmaz.
Biz gözləyirdik ki, şair Rəsul Rza çıxış eləsin və söz desin, – ancaq o, axıra kimi sakitcə oturdu və ağzını açıb bir kəlmə də söz söyləmədi. Bu, saymamazlıqdır. Bir halda ki, Sizin ünvanınıza kommunistlər söz deyirlər, siz çıxış edib bu tənqidlərin əsl həqiqət olduğunu deməyə borclusunuz. Davranışınızdan belə çıxır ki, Siz nə istəyirsiniz danışın, mənim heç vecimə də deyil”.
Satyukov bir məqamda haqlı idi.
Nə bu ittihamdan qabaq, nə də sonra şairi tənqid edənlərin heç biri onun dilindən peşmançılıq sözü eşitmədilər.
öz inamına görə
təriflərə Rəsul Rza dözdü.
ərk eləyən Rəsul Rza.
Hamıdan çox döyülən,
hamıdan çox bərkiyən
Comments are closed, but trackbacks and pingbacks are open.