S.allahverdiyev azərbaycan tarixi bakı 2007
1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikasının gənclərinin I Forumu işə başladı. Müstəqil Azərbaycan gənclərinin ilk mötəbər toplantısında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev proqram xarakterli çıxış edərək, Azərbaycan gəncləri qarşısında duran əsas vəzifələri müəyyənləşdirmiş, onların problemlərinin həlli yollarını göstərmişdir.
S.allahverdiyev azərbaycan tarixi bakı 2007
İxtisas: 5503.02 – «Vətən tarixi» Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın
A V T O R E F E R A T I
DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Hər bir ölkənin maddi və mənəvi tərəqqisi cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin sosial-psixoloji vəziyyətindən, həyat və fəaliyyət şəraitindən, əmək fəaliyyətindən bilavasitə asılıdır. İctimai-iqtisadi münasibətlərin təkmilləşdirilməsində gəncliyin, gənclər hərəkatının böyük rolu vardır. Gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Ona görə də, cəmiyyətin tərəqqisi dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsindən və həyata keçirməsindən bilavasitə asılıdır.
Azərbaycan Respublikasında gənclər hərəkatının təşəkkül tapmasına və inkişafına təsir edən amillərin öyrənilməsi, müasir dövrdə ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərinin, prinsiplərinin, metodlarının, vasitə və formalarının tədqiqi gənclərin ictimai-siyasi dəyişikliklərdə rolunu və yerini dərindən dərk etməyə və qiymətləndirməyə kömək edir.
Gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən müvafiq ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.( Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu. 9 aprel 2002-ci il // «Gələcək gənclərindir», Bakı: Azərbaycan, 2004, s. 410-416.) Gənclər siyasətinin əsas məqsədi yaşı 29-dək olan insanların fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.
Dövlətin gənclər siyasətinin çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, şəxsi problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı, gənclər təşkilatlarının fəaliyyəti, beynəlxalq əlaqələri və s. ilə bağlı məsələləri əhatə edir.
Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olmuşdur. Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsində də gənclərin böyük xidmətləri olmuşdur. Sovet imperiyasına qarşı azadlıq mübarizəsinin, Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. Lakin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə bağlı, demək olar ki, heç bir iş aparılmırdı, başlı-başına buraxılmış gənclərin bir çoxu xalqımızın mənəvi dəyərlərinə zidd vərdişlərə qurşanmış, bəziləri isə ölkədə nizami ordu olmaması səbəbindən fərarilik edərək ölkəni tərk etmişdilər.
Hakimiyyət hərc-mərcliyi, siyasi qeyri-sabitlik və bütün bunların məntiqi nəticəsi olaraq torpaqlarımızın bir hissəsinin işğalı gənclərimiz arasında pessimist əhval-ruhiyyənin artmasına, milli dövlət məsələlərinə laqeyd münasibətin formalaşmasına, vətənpərvərlik hisslərinin azalmasına gətirib çıxarmışdı.
Yalnız 1993-cü ilin iyununda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan anarxiya və özbaşınalıq məngənəsindən çıxa bildi. Həmin həyəcanlı günlərdə Heydər Əliyev xalqın çağırışına səs verərək, xilaskarlıq missiyasını öz üzərinə götürdü, ölkəni vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi.
Böyüməkdə olan nəslin və gənclərin mənəvi-etnik tərbiyəsinin möhkəmləndirilməsi məsələsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyevin hələ 70-ci illərdə gənclərlə bağlı həyata keçirdiyi ideya və proqramlar artıq yeni, müasir şəraitdə konkret işlərdə təzahür etməyə başladı. Gənclər siyasəti sahəsində sabit tərəqqi təmin edildi, dövlət gənclər siyasətinin milli hüquqi – qanunvericilik bazası formalaşdırılmağa başlandı. Tam əminliklə demək olar ki, Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanılmış və bu iş bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk anlardan Heydər Əliyev atdığı hər addımında, qəbul etdiyi hər qərarında öz xalqına, onun gəncliyinə güvənmiş, gənclərin enerjisinə, gələcəyə olan böyük ümidlərinə istinad etmişdir.(Əliyev H.Ə. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il. Müstəqilliyimiz əbədidir, I kitab, Bakı: Azərnəşr, 1997, s.164-182.)
Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında gənclərin fəal iştirakının təmin olunması, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşmaları üçün onlara münbit şərait yaradılması, bütövlükdə gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirməsi Heydər Əliyevin dövlət rəhbəri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi.
Bütövlükdə, 1993-2003-cü illərdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində mühüm təcrübə qazanılmışdır. Bu gün gənclər problematikası ilə məşğul olan ictimai elmlər, o cümlədən tarix elmi qarşısında müstəqillik illərində Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin tarixi təcrübəsini, xüsusiyyətlərini, nəticələrini tədqiq etmək, bu əsasda ölkədə gənclərlə bağlı strategiyanın təkmilləşdirilməsi üçün təklif və tövsiyələr hazırlamaq kimi mühüm vəzifələr durur. Təqdim olunan dissertasiya işi bu vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlardan biri kimi mühüm aktuallıq kəsb edir.
Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiyanın xronoloji çərçivəsi onun vəzifələri ilə müəyyənləşir və əsasən 1993-2003-cü illəri əhatə edir.
Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993- 2003-cü illərdə dövlət gənclər siyasətinin əsas prinsipləri müəyyənləşdirilmiş, bu sahəni tənzimləyən normativ-hüquqi baza yaradılmış, gənclər siyasətini həyata keçirən dövlət strukturları formalaşdırılmış, gəncliyin ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, mənəvi-iqtisadi problemlərinin həllinə yönəlmiş proqram və layihələr həyata keçirilmişdir. Mövzunun tam açılması üçün 1993-cü ilə qədər Azərbaycanda gənclərlə iş sahəsində mövcud olmuş vəziyyət təhlil edilmiş, əvvəlki mərhələdə gəncliyə münasibətin siyasi əsasları nəzərdən keçirilmişdir. Bu, birinci növbədə gənclərlə bağlı həyata keçirilmiş siyasətin əsas problemlərinin müəyyənləşdirilməsi baxımından zəruri olmuşdur.
Tədqiqatın obyekti və predmeti. Dissertasiyanın obyekti kimi Azərbaycan Respublikasının dövlət gənclər siyasəti seçilmişdir. Heydər Əliyevin gənclərlə bağlı çoxşaxəli fəaliyyətinin bütün aspektləri, Azərbaycanda vahid gənclər siyasəti və dövlət strukturlarının formalaşdırılması, ölkə gənclərinin sosial-iqtisadi, mənəvi ehtiyaclarının ödənilməsi, cəmiyyət həyatının bütün sahələrində onların iştirakının təmin edilməsi, Azərbaycan gəncliyinin həyat dinamikası tədqiqatın əsas predmetini təşkil edir.
Mövzunun öyrənilmə səviyyəsi. Qeyd etməliyik ki, müstəqillik illərində Azərbaycanda dövlət gənclər siyasətinə, gənclər hərəkatının vəziyyətinə, gənclərimizin sosial-mənəvi problemlərinə, ölkənin ictimaisiyasi, mədəni həyatında iştirakına, xarici əlaqələrinə aid xüsusi tədqiqat əsərləri hələlik işıq üzü görməsə də, son dövrlərdə nəşr edilmiş ədəbiyyatda mövzu ilə bağlı bir sıra məqamlar diqqəti cəlb edir. Heydər Əliyevin siyasi-nəzəri irsinin, dövlətçilik fəaliyyətinin tədqiqinə həsr edilmiş fundamental əsərlərdə (Abdullazadə F.H. Heydər Əliyev: siyasi portret. Bakı: XXI əsr, 1998; Axundova E.H. Heydər Əliyev: Şəxsiyyət və zaman: 4 cilddə, Bakı: Ozan, 2007; Cəfərov N.Q. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə. Bakı: Çaşıoğlu, 2004; Hacıyev İ.M. Heydər Əliyev və tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003;) ümummilli liderin gənclərin cəmiyyətdə yeri, təhsili, mənəvi tərbiyəsi, vətəndaşlıq və vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə bağlı fikir və düşüncələri ümumi şəkildə də öz əksini tapmışdır.
Xüsusilə, R.Ə.Mehdiyevin (Mehdiyev R.Ə. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı: AMEA Nəşriyyatı, 2001; Yenə onun. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: 2 cilddə, Bakı: XXI-YNE, 2008) Y.M.Mahmudovun(Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002; yenə onun; Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: Təhsil, 2011) əsərlərində Heydər Əliyevin siyasi fəaliyyətində, nəzəri irsində mühüm yer tutan cəmiyyətin mənəvi problemləri, milli ideologiyanın əsasını təşkil edən Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi gənc nəslin mədəni-mənəvi ehtiyacları ilə bağlı məsələlər öz əksini tapmışdır.
Azərbaycanın müstəqillik dövrü tarixinə həsr edilmiş əsərlərdə (Azərbaycan milli dövlət quruculuğu yollarında. Bakı: Azərnəşr, 1996; Qaffarov T.B. Azərbaycan Respublikası Əsrə bərabər on il (1991-2001). Bakı: Tural, 2001; ) gənclər siyasəti ilə bağlı bir sıra məsələlərə toxunulmuş xüsusən, «Azərbaycan Respublikası 1991-2001-ci illər» adlı kitabda (Azərbaycan Respublikası. 1991-2001. Bakı: XXI Yeni nəşrlər evi, 2001) Azərbaycan Respublikasında gənclər siyasətinin inkişafı ayrıca paraqraf kimi nəzərdən keçirilmişdir.
H.R.Cəfərovun Azərbaycanda gənclər hərəkatının tarixinə aid monoqrafiyalarında (Cəfərov H.R. Azərbaycanda gənclər hərəkatı (XX əsr). Bakı: Nurlan, 2009; Yenə onun Azərbaycanda gənclər hərəkatının təşəkkülü və inkişafı. Bakı: Nurlan, 2008) müstəqillik dövründə Azərbaycanda gənclər hərəkatına ayrıca fəsil həsr edilmişdir. Fəsildə ölkədə dövlət gənclər siyasətinin formalaşması və inkişafı, gənclərin respublikanın ictimai-siyasi və sosialmədəni həyatında iştirakı məsələləri (2007-ci ilə qədər) təhlil edilmişdir. H.R.Cəfərovun əsərləri Azərbaycanda gənclər hərəkatının ümumi tarixinə həsr edildiyindən, 1993-2003-cü illərdə Heydər Əliyevin gənclər siyasəti də məhz bu kontekstdən işıqlandırılmışdır.
R.A.Hacının namizədlik dissertasiyası (Hacı R.M. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakı. Tarix elm. nam. . dis. avtoref. Bakı: 2008) mövzusu araşdırılan problemlə bilavasitə bağlı olsa da, orada məsələlər əsasən 80-ci illərin sonu-90-cı illərin I yarısını əhatə edir və gənclərin ictimai-siyasi və mədəni fəaliyyətinə həsr edilmişdir.
Mövzuya aid ədəbiyyatın əksər hissəsini müxtəlif mətbuat səhifələrində işıq üzü görmüş məqalələr təşkil edir.(Qarayev Ə. Müstəqil Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti // Dirçəliş-XXI əsr, 2004, №72, s. 59-69; Gənclərimiz dünya ilə dost olmaq istəyir. «Azərbaycan» qəzeti, 2001, 10 aprel;) Publisist xarakter daşımasına baxmayaraq, onlardakı müəyyən faktiki material mövzunun işlənməsində müəyyən rol oynamışdır.
Bütövlükdə müasir dövrdə Azərbaycan Respublikasında gənclər siyasətinin, gənclər hərəkatının öyrənilməsi və tədqiqi ictimai elmlər qarşısında duran əsas məsələlərdəndir. Təqdim olunan dissertasiya məhz bu istiqamətdə atılan ilk addımlardan biri sayılmalıdır.
Tədqiqatın mənbə bazası. Dissertasiyanın əsas mənbəşünaslıq bazasını Heydər Əliyevin zəngin elmi-mənəvi irsi, onun dövlət quruculuğu, mənəvi dəyərlərin və milli-mədəni sərvətlərin qorunub saxlanılması sahəsində gənclərin roluna dair fikirləri təşkil edir.
Ümummilli liderimizin gənclərin cəmiyyətdəki roluna, statusuna, onların dövlət quruculuğu, siyasi-ictimai və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı vəzifələri, gənc nəslin mənəvi və vətəndaşlıq tərbiyəsi, sosial-iqtisadi problemlərinin həlli ilə bağlı fikirləri çoxsaylı çıxış və nitqlərində öz əksini tapmışdır.(Əliyev H.Ə. Ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşdə nitq. 30 avqust 2002-ci il, Gələcək gənclərindir, Bakı: Azərbaycan, 2004, 357-362;) Heydər Əliyevin bilavasitə gənclər haqqındakı çıxışları, həm də gəncliyin cəmiyyətdəki yeri, onların problem və vəzifələri ilə bağlı məsələləri əks etdirən digər fikirləri onun əsərlərindən ibarət toplu və məcmuələrdə toplanmışdır.(Azərbaycan beynəlxalq aləmdə. 7 cilddə, Bakı: Göytürk, 1996-2007-ci illər; Azərbaycan Prezidentinin gənclərlə görüşü. Bakı: Sabah, 1997;)
Mühüm digər qrup mənbələr sırasına Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi imzaladığı müxtəlif fərmanlar, sərəncamlar, proqramlar daxildir ki, onlar gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini, istiqamətlərini öyrənməyə imkan verir. (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (ARGİN) haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. «Azərbaycan» qəzeti, 1994, 27 iyun;)
Mənbələr sırasına, həmçinin 1993-2003-cü illərdə və sonrakı dövrdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətini özündə ehtiva edən müvafiq qanunvericilik aktları və qərarları, dövlət proqramları daxildir. Hər iki qrupa aid mənbələr həm Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həm dövri mətbuatda, həm də müxtəlif toplularda nəşr edilmişdir.(Azərbaycan dövlət quruculuğunda gənclərin rolu. Bakı: ADBTİ-nin mətbəəsi, 1998; Azərbaycan gəncliyi. Dövlət Proqramı. 2005-2009-cu illər. «Azərbaycan» qəzeti, 2005, 2 sentyabr;)
Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bilavasitə məşğul olan Gənclər və İdman Nazirliyinin Cari Arxivinin materialları ölkədə gənclərlə bağlı görülən işləri, toplanmış təcrübəni araşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.( Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Cari Arxivi. 1993-2005-ci illər.)
Azərbaycanda 1993-2003-cü illərdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin əsas mərhələlərini, nəticələrini araşdırmaq, gənclərin sosial-iqtisadi, mənəvi-mədəni ehtiyaclarının təmin edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətinin, gənclərin siyasi, ictimai, mədəni həyatda iştirakını öyrənmək baxımından Gənclər və İdman Nazirliyinin, digər dövlət strukturlarının, gənclər təşkilatlarının müxtəlif xarakterli sənədləri (normativ aktlar, hesabatlar, arayışlar, proqramlar) mühüm əhəmiyyət kəsb edən mənbələrdir.(Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyəti haqqında arayış Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti. İnformasiya bülleteni (ARDGS İB). Bakı: Elm, 2001, №6, s.50-90;)
Ölkə gənclərinin təhsil, mədəni məşğulluq səviyyəsinin dinamikasını öyrənmək baxımından müxtəlif statistik məlumat kitablarından dissertasiya yazılarkən geniş istifadə edilmişdir.(Azərbaycan dövlət quruculuğunda gənclərin rolu. Bakı: ADBTİ-nin mətbəəsi, 1998, 82 s.; Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasəti. İnformasiya bülleteni, Bakı: Elm, 1998-2001-ci illər, №1-6;) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışlarında, imzaladığı dövlət proqramlarında Heydər Əliyevin gənclər siyasətinin mahiyyətini daha dərindən anlamaq baxımından mühüm məqamlar mövcuddur və onlardan da mənbə kimi istifadə edilmişdir.( Azərbaycan gəncliyi. Dövlət Proqramı. 2005-2009-cu illər. // «Azərbaycan» qəzeti, 2005, 2 sentyabr; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı. «Azərbaycan müəllimi» qəzeti, 2007, 20 aprel.)
Tədqiqatın məqsəd və vəzifələri. Elmi problemin aktuallığını və əhəmiyyətini nəzərə alaraq, tədqiqatın əsas məqsədi kimi Heydər Əliyevin gənclərlə bağlı siyasi və nəzəri irsinin araşdırılması, Azərbaycan Respublikasının dövlət başçısı kimi vahid gənclər siyasətinin hazırlanması və həyata keçirilməsi istiqamətində fəaliyyətinin öyrənilməsi, ölkəmizdə 1993-2003-cü illərdə gənclərlə bağlı həyata keçirilən strategiyanın əsas nəticələrinin tədqiq edilməsi müəyyənləşdirilmişdir.
Göstərilən məqsədə uyğun olaraq aşağıdakı məsələlərə xüsusi diqqət yetirilmişdir:
– Müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində Azərbaycanda gənclərin vəziyyəti, gənclərlə bağlı həyata keçirilən siyasətin təhlili;
– Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə gənclərlə bağlı vahid dövlət siyasətinin hazırlanaraq həyata keçirilməsi, dövlət idarəetmə strukturlarının formalaşdırılması, gənclər siyasətinin normativhüquqi bazasının yaradılması və təkmilləşdirilməsi prosesinin izlənilməsi;
– Heydər Əliyevin başçılığı altında Azərbaycan gənclərinin sosial, iqtisadi problemlərinin həlli istiqamətində ölkədə həyata keçirilən tədbirlərin işıqlandırılması;
– Bu məqsədlə qəbul edilmiş proqram və layihələrin məzmununun və tətbiqinin nəticələrinin təhlili;
– Heydər Əliyevin gənclərin mənəvi tərbiyəsinin yaxşılaşdırılması, onların ölkənin layiqli vətəndaşları kimi yetişmələri üçün irəli sürdüyü fikir və ideyaların öyrənilməsi;
– Ulu öndərin dövlət rəhbəri kimi gənclərin mədəni-mənəvi inkişafı sahəsində həyata keçirdiyi strateji kursun əsas mahiyyətinin və məzmununun açılması;
– Uşaqların hüquqlarının təmin edilməsi sahəsində Azərbaycanda 1993- 2003-cü illərdə həyata keçirilən hüquqi, siyasi və təşkilati tədbirlərin təhlili;
– Ölkənin ictimai, siyasi, mədəni həyatında gənclərin iştirakının genişləndirilməsi, gənclərin təşkilatlanması, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması və inkişafı istiqamətində həyata keçirilən işlərin təhlili;
– Gənclərin problemlərinin həlli, onların maraq və mənafelərinin müdafiəsi sahəsində gənclər təşkilatlarının fəaliyyəti, bu fəaliyyətin səmərəliliyinin müəyyənləşdirilməsi.
– İctimai həyatın bütün sahələrində gənclərin və onun müxtəlif qruplarının yerini və rolunu müəyyən edən statistik göstəricilərin, gənclərin hüquq və təminatlarına dair normativ hüquqi sənədlərin öyrənilməsi;
– Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişafı, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində onların fəaliyyətinin öyrənilməsi;
– Dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının gənclər siyasətinin həyata keçirilməsi sahəsində qazandıqları təcrübənin təhlili.
Dissertasiya işinin metodoloji əsası. Heydər Əliyevin gənclərlə bağlı irəli sürdüyü elmi-nəzəri müddəalar, gənclərin mənəvi tərbiyəsi ilə bağlı strategiyası, bütövlükdə böyük öndərin dərin fəlsəfi-sosioloji irsi dissertasiyanın əsas nəzəri-ideoloji bazasını təşkil edir. Əsas tədqiqat prinsipləri kimi tarixi yanaşma, obyektivlik, formal-məntiqi və müqayisəli təhlil metodları tətbiq edilmiş, cəmiyyətin sosial-demoqrafik qrupu olan gənclərin problemlərinin kompleks öyrənilməsinə həsr edilmiş metodoloji xarakterli ədəbiyyatdan da geniş istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi. Dissertasiyada Azərbaycanın müasir tarixşünaslığında ilk dəfə olaraq dövlət gənclər siyasətinin formalaşması və həyata keçirilməsi istiqamətində Heydər Əliyevin titanik fəaliyyəti kompleks şəkildə tədqiq edilmişdir.
– Gənclərlə bağlı Heydər Əliyevin siyasi-nəzəri görüşləri, həyatın müxtəlif sahələrində gənclərin fəallıq təzahürü ilk dəfə olaraq tədqiqat obyekti olmuşdur.
– 1993-2003-cü illərdə Azərbaycan cəmiyyətində gənclərin vəziyyəti, müxtəlif həyat sahələrində onun yeri və rolu kompleks şəkildə araşdırılmışdır.
– Müstəqillik dövrünün mühüm mərhələsi olan 1993-2003-cü illərdə dövlət gənclər siyasətinin əsas məqsədləri, prinsipləri, istiqamətləri, həyata keçirilmə mexanizmləri araşdırılmış, ölkədə bu sahədə qazanılmış təcrübə və nəticələr ümumiləşdirilmiş, gənclər siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə rəy və təkliflər irəli sürülmüşdür.
– İlk dəfə olaraq gənclər tərəfindən yaradılmış qeyri-hökumət təşkilatlarının fəaliyyətinin, onların gənclərin hüquq və mənafelərinin müdafiəsində rolunun təhlilinə cəhd edilmişdir.
Gənclərin beynəlxalq əlaqələrinin inkişafı dövlətin ümumi xarici siyasət kursu ilə sıx əlaqədə işıqlandırılmışdır. Bütövlükdə gənclər siyasəti Heydər Əliyevin milli inkişaf strategiyası kontekstindən təhlil edilmişdir.
Dissertasiyanın nəzəri və əməli əhəmiyyəti. Təqdim olunan dissertasiya işi Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsində, gənclərin mənəvi, vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsində, bütövlükdə Azərbaycanda gənclər siyasətinin və gənclər hərəkatının daha geniş şəkildə araşdırılmasında mühüm vasitə rolunu oynaya bilər. Dissertasiyanın əsas müddəaları və nəticələri tədris vəsaitlərinin, mühazirə və xüsusi kursların hazırlanmasında, gənclər siyasəti ilə məşğul olan dövlət və qeyri-dövlət qurumlarının, siyasi partiyaların işinin təkmilləşdirilməsində geniş istifadə oluna bilər.
Tədqiqatın aprobasiyası. Dissertasiyanın mövzusu AMEA Tarix İnstitutu Elmi Şurasının 7 may 2010-cu il tarixli iclasında təsdiq olunmuş, iş institutun “Əliyevşünaslıq” şöbəsində yerinə yetirilmişdir. Müəllifin dissertasiya mövzusuna dair məqalələri müxtəlif elmi məcmuələrdə və jurnallarda dərc edilmişdir. Dissertasiya AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin 30 aprel 2012-ci il tarixli iclasında müzakirə olunmuş və müdafiəyə məsləhət görülmüşdür.
Dissertasiyanın quruluşu. Dissertasiya işi giriş, üç fəsil, nəticə, istifadə edilmiş mənbə və ədəbiyyat siyahısından ibarətdir.
DİSSERTASİYANIN ƏSAS MƏZMUNU
Dissertasiyanın «Giriş» hissəsində tədqiqatın aktuallığı, elmi əhəmiyyəti əsaslandırılmış, öyrənilmə səviyyəsi və mənbəşünaslıq bazası təhlil edilmiş, məqsəd və vəzifələri, elmi yeniliyi müəyyənləşdirilmişdir.
«Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasətinin təşəkkül tapması» adlı birinci fəslin birinci yarımfəslində 70-ci illər və 80-ci illərin birinci yarısında Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR-də gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, əldə edilmiş uğurlar, müstəqilliyin ilk illərində ölkə gənclərinin problemləri qısa təhlil edilmişdir.
Heydər Əliyevin başçılığı altında Azərbaycan SSR-də cəmiyyətin bütün sahələrində həyata keçirilən kompleks tədbirlər gənclər siyasətində də öz əksini tapmış, gənclərin maddi və mənəvi problemlərinin həlli, onların həyat şəraitinin, mədəni-təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində çox ciddi dönüş baş vermişdir. Respublikada mənəvi-psixoloji iqlimin yaxşılaşdırılması, neqativ hallara qarşı ardıcıl və prinsipial mübarizə gənclərin sosial-siyasi fəallığının artmasına səbəb olmuş, onlar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəal iştirak etməyə başlamışdılar.
Bu dövrdə Heydər Əliyevin gənclərlə bağlı yeritdiyi siyasət öz müsbət nəticəsini vermiş, gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş, gənclərin fəallığı həyatın bütün sahələrində təzahür etməyə başlamış, Azərbaycan gəncliyi ölkəmizin dinamik inkişafında mühüm xidmətlər göstərmişdir.
80-ci illərin sonlarından Azərbaycan gəncliyinin həyatında totalitar sovet sisteminin iqtisadi, siyasi, mənəvi, ideoloji böhranı və süqutu ilə əlaqədar olaraq yeni mərhələ başlandı. Yenidənqurmanın sosial-iqtisadi və mənəvi fəsadları birinci növbədə gənclərə təsir göstərirdi. Respublika əhalisinin 60%-ni təşkil edən gənclərin, xüsusən 30 yaşına qədərki nəslin sosial problemləri daha da kəskinləşmişdi.
80-ci illərin sonu-90-cı illərin əvvəllərində Azərbaycan gəncliyinin qarşısında siyasi, iqtisadi, mənəvi sahələrdə bir sıra həlli vacib, mürəkkəb vəzifələr və problemlərin durmasına baxmayaraq, mövcud şəraitdə gənc nəslin həyat fəaliyyəti üçün mütərəqqi şəraitin yaradılmasına yönəldilmiş səmərəli dövlət gənclər siyasətini formalaşdırmaq və həyata keçirmək mümkün olmadı. Dövlət gənclər siyasətini özündə ehtiva edən bir sıra addımlar atılsa, o cümlədən müvafiq qanun qəbul edilsə də təşkilati mexanizmlərin, maliyyə-iqtisadi resursların olmaması, bütövlükdə mövcud ictimai-siyasi və iqtisadi şərait vahid dövlət gənclər siyasətinin hazırlanıb həyata keçirilməsinə imkan yaratmadı. Nəticədə gənclərlə iş sahəsində böyük boşluq yarandı.
Birinci fəslin «Heydər Əliyev və gənclərlə bağlı yeni dövlət siyasəti və strukturlarının formalaşması» adlı ikinci yarımfəslində 1993-cü ildən sonra Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması prosesi işıqlandırılmışdır.
1993-cü ilin iyununda Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasında ali siyasi hakimiyyətə qayıdışı ölkəmizi ağır fəlakətlərdən, parçalanmaqdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə gənc nəslə qayğı və diqqət dövlətin ən vacib fəaliyyət istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev uşaq, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərinin və prinsiplərinin müəyyənləşdirilməsi, onların sosial-iqtisadi, mənəvi problemlərinin aradan qaldırılması, ictimai-siyasi fəallıqlarının artırılması və yenidən təşkilatlanması üçün kompleks strategiya işləyib hazırladı və həyata keçirməyə başladı.
1993-cü ilin sentyabrında Azərbaycan Respublikası Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev ölkənin bir qrup gənci ilə görüşmək üçün vaxt taparaq onların respublikanın və gəncliyin problemlərinə dair fikir və mülahizələrini dinlədi, gənclərə öz tövsiyələrini verdi. Proqram xarakterli bu çıxışında Heydər Əliyev Azərbaycanın düşdüyü mürəkkəb şəraiti dərindən təhlil edərək gəncləri ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağırdı.( Əliyev H.Ə. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il // Müstəqilliyimiz əbədidir, I kitab, Bakı: Azərnəşr, 1997, s.164-182)
Hərbi əməliyyatların dayandırılması, ictimai-siyasi sabitliyin və qanunçuluğun təmin edilməsi ilə ölkənin qarşısında duran mürəkkəb sosialiqtisadi, ictimai-siyasi problemlərin həlli üçün ilkin şərait yarandı. Ölkə vətəndaşlarının üçdə bir hissəsini təşkil edən gənc nəslin problemlərinin həllini özündə ehtiva edən vahid gənclər siyasətinin formalaşdırılması istiqamətində də ilk səmərəli tədbirlər həyata keçirilməyə başlandı.
1994-cü ildə gənclərlə iş sahəsində vahid dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) yaradıldı. Qısa zaman kəsiyində Gənclər və İdman Nazirliyin strukturları formalaşdırıldı, maliyyə və maddi-texniki təchizatı ilə bağlı məsələlər öz həllini tapdı.
1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikasının gənclərinin I Forumu işə başladı. Müstəqil Azərbaycan gənclərinin ilk mötəbər toplantısında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev proqram xarakterli çıxış edərək, Azərbaycan gəncləri qarşısında duran əsas vəzifələri müəyyənləşdirmiş, onların problemlərinin həlli yollarını göstərmişdir.
Azərbaycan gənclərinin I Forumundan sonra gənclərlə bağlı dövlət siyasəti daha mütəşəkkil və məqsədəuyğun şəkildə aparılmağa başlandı. Prezident Heydər Əliyev bu işlərə bilavasitə rəhbərlik edirdi.
1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikasının gənclərinin Birinci Forumunun keçirildiyini nəzərə alaraq Azərbaycan Prezidenti elə həmin gün imzaladığı sərəncamla 2 fevralın «Azərbaycan gənclər günü» elan edilməsi haqqında sərəncam verdi. Bununla da ölkəmizdə gənclər bayramının qeyd edilməsi mütərəqqi bir ənənəyə çevrildi.
1999-cu il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Dövlət gənclər siyasəti» haqqında fərman imzaladı. Fərmanda Azərbaycan gəncliyinin XX əsrdə keçdiyi yola nəzər salınmış, xalqımızın əldə etdiyi uğurlarda onun rolu qeyd edilmiş, müstəqillik əldə edildikdən sonra gənclər siyasəti sahəsində atılan addımlara toxunulmuşdur. Fərmanda dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlərin mövcudluğu qeyd edilir, bu problemlərin elmi şəkildə öyrənilməsi, ayrı-ayrı dövlət hakimiyyətinin və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması vacibliyi vurğulanırdı.
Bütövlükdə 1997-2000-ci illərdə dövlət gənclər siyasətinin normativhüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı mühüm işlər görülmüşdü. Həmin illərdə uşaq və gənclərin fiziki, mənəvi vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, sosial-iqtisadi problemlərini həll etmək üçün bir sıra qanunvericilik aktları və dövlət proqramları qəbul olunmuşdu.(Forumdan foruma. Bakı: Azərbaycan, 2003, s. 35.) Eyni zamanda Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapmışdı.
Azərbaycan Respublikasının Prezidentinin 6 may 2002-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş «Dövlət gənclər siyasəti haqqında» 3 fəsildən və 14 maddədən ibarət qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi və bu sahədə yaranan münasibətləri tənzimləməyə başladı.(Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu. 9 aprel 2002-ci il // «Gələcək gənclərindir», s. 410-416)
1993-cü ildən sonra Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin hüquqi-normativ bazası və təşkilati mexanizmləri formalaşmış, gənclər siyasətinin əsas prinsipləri, məzmunu, istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda dövlətin vahid gənclər siyasətinin əsaslarını müəyyən edən və həyata keçirən mükəmməl milli qanunvericilik və idarəçilik sistemi mövcuddur.
Dissertasiyanın II fəsli «Heydər Əliyevin gənclər siyasətinin əsas istiqamətləri» adlanır. Fəslin birinci yarımfəslində Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi problemlərinin həlli istiqamətlərində görülən işlər, qazanılan təcrübə ümumiləşdirilmişdir.
Azərbaycan Respublikasında 1993-cü ildən sonra həyata keçirilməyə başlayan dövlət gənclər siyasətinin əsas məqsədlərindən biri gənclərin şəxsiyyət kimi formalaşması və inkişafı, onların cəmiyyətin sosial-iqtisadi, siyasi, mənəvi tərəqqisində yaxından iştirakının təmin edilməsindən ibarətdir.
Heydər Əliyevin rəhbərliyi altında qısa müddət ərzində həyata keçirilmiş düşünülmüş, məqsədyönlü milli strategiya, ölkə həyatının bütün sahələrində olduğu kimi gənclərlə iş sahəsində də canlanma yaratdı, onların spesifik sosial-iqtisadi problemlərinin həllində ciddi uğurlar əldə edildi.
Heydər Əliyev gənclərin problemləri ilə bilavasitə tanış olmağa üstünlük verir, dövlət orqanlarından, vəzifəli şəxslərdən gənclərə diqqəti artırmağı, onların problemlərinin həlli ilə yaxından məşğul olmağı, irəli sürdükləri təkliflərin həyata keçirilməsi üçün bütün lazımi tədbirləri görməyi tələb edirdi.
Heydər Əliyevin rəhbərliyi altında 1996-cı ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar və dövlət proqramları sosial-iqtisadi inkişafın dönməzliyini, mövcud problemlərin aradan qaldırılmasını təmin etməklə yanaşı, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına da əlverişli şərait yaratmış, cəmiyyətin həyatında onların daha fəal iştirakı üçün hüquqi-siyasi, sosial, iqtisadi təminatlar yaradılmasını sürətləndirmişdi.
Gənclərin sosial-iqtisadi problemlərinin həllində dövlət gənclər siyasətinin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş proqramlar mühüm rol oynamışdı.
Gənc ailələrə dövlət qayğısının artırılması məqsədi ilə ölkənin aparıcı mütəxəssis və ekspertlərinin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «Gənc ailə» proqramı hazırlandı.(Gənc ailə proqramı. ARDGS. İB. Bakı, 2000, № 2, s. 27-38)
Gənclər və İdman Nazirliyi kiçik və orta sahibkarlıqla məşğul olan gənc sahibkarların problemləri, qarşılaşdıqları bürokratik maneələrin səbəblərini araşdırmaq, bu sahənin inkişafında gənclərin rolunun artmasına şərait yaratmaq məqsədi ilə mütəmadi olaraq sosioloji tədqiqatlar, təhlillər aparır, dəyirmi masalar, seminar və konfranslar təşkil edirdi. Təkcə 2000- ci illərin əvvəllərində sahibkarlığa kömək sistemi çərçivəsində təşkil olunmuş treninq, kurs və seminarlarda 3000-dək sahibkar xüsusi hazırlıq keçmişdi ki, onların əksəriyyətini gənclər təşkil etmişlər. 2002-ci ildə Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən «Sahibkarlığın inkişafında gənclərin rolunun artırılması» mövzusunda isə dəyirmi masanın keçirilməsi gənc sahibkarların problemlərinə dövlət səviyyəsində diqqətin artmasını sübut edirdi.(Forumdan foruma. Bakı: Azərbaycan, 2003, s. 32-34)
Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini qaçqın və köçkün gənclərin sosial müdafiəsini və cəmiyyətə inteqrasiyasını təmin etmək, onların problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində saxlanılması təşkil edirdi. 90-cı illərin ortalarında Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkün əmək qabiliyyətli 260-312 min gəncin yalnız 45 mini işləyən gənclər idi, qalan 115 min nəfər gənc isə işsiz idi. 191.346 qaçqın isə təhsil alırdı.(Gənclər və problemlər. «Azərbaycan Ordusu» qəzeti, 1996, 5 mart.) Heydər Əliyev bu təbəqələrdən olan gənclərə xüsusi qayğı, diqqət göstərməyi bütün dövlət orqanlarının, birinci növbədə Gənclər və İdman Nazirliyinin əsas vəzifəsi hesab edirdi.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar dövlət gənclər siyasətinin səmərəli reallaşmasına, gənclərin sosial-iqtisadi problemlərinin həlli üçün əlverişli şəraitin formalaşmasına müsbət təsir göstərmişdi.
II fəslin ikinci yarımfəslində Heydər Əliyevin Azərbaycan gənclərinin mədəni-mənəvi inkişafı sahəsində xidməti təhlil edilmişdir.
Heydər Əliyev gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərini gücləndirmə sahəsində məqsədyönlü və sistemli iş aparılmasını bütün dövlət orqanları, təhsil müəssisələri, ictimai təşkilatlar qarşısında dövlət gənclər siyasətinin təxirə salınmaz məqsədi kimi müəyyənləşdirmişdi.
Heydər Əliyev gənclərin mənəvi tərbiyəsində vətəndaşlıq hisslərinin formalaşmasında tədrisin, təhsilin çox böyük əhəmiyyətə malik olduğunu göstərir, bunu təhsilimizin əsas istiqaməti, məktəblərin, müəllimlərin borcu hesab edirdi. Təhsili millətin gələcəyi hesab edən böyük öndər təhsilin əsas məqsədini Azərbaycan vətəndaşını hazırlamaqda görürdü.
Heydər Əliyevin məktəb qarşısında qoyduğu mühüm vəzifələrdən biri də vətəndaşlıq tərbiyəsi konsepsiyasının əsas sahələrindən olan Azərbaycanın müstəqilliyinin atributlarının təbliği ilə əlaqədar idi. Heydər Əliyev məktəblərdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənasını, məzmununu geniş tədris etməyi, vətənpərvərlik hisslərinin insanlara uşaq vaxtlarından aşılanmasını tövsiyə edirdi. Onun üçün Azərbaycan bayrağı sadəcə bayraq deyil, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi idi. Bayrağa olan məhəbbət, eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətdir.(Əliyev H.Ə. Yeni dərs ilinin başlanması münasibətilə Bakıda 18 nömrəli məktəbdə keçirilmiş mitinqdə çıxış. 1 sentyabr 1997-ci il // «Gələcək gənclərindir». Bakı: Azərbaycan, 1997, s. 162-169.)
Heydər Əliyev bizə gənclərin vətəndaşlıq tərbiyəsinin, mənəvi tərbiyəsinin bütün aspektlərini özündə birləşdirən bütöv elmi nəzəriyyə, zəngin irs qoyub getmişdir.
O, gənclərin tərbiyəsində milli ənənələrin, milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə vəhdətdə götürülməsi, bunun gənclərimizin mənəvi kodeksini təşkil etməsini, gənclərlə işin bu istiqamətdə aparılmasını tövsiyə edirdi. O, milli vətənpərvərliyin Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyat prinsipinə çevrilməsini, xüsusən ölkəmizdə yeni müstəqil, hüquqi dövlət, yeni iqtisadi-siyasi sistem quruculuğu dövründə xüsusi önəm daşıdığını qeyd edirdi. Eyni zamanda, Heydər Əliyevə görə işğal edilmiş torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi dövlətin əsas məqsədlərindən biri olduğuna görə milli vətənpərvərlik prinsipi körpəlikdən başlayaraq, hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olmalıdır.(Əliyev H.Ə. Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun 1 illiyi ilə əlaqədar olaraq Forum nümayəndələrinin bir qrupu ilə keçirilən görüşdə çıxış. 1 fevral 1997-ci il // Müstəqilliyimiz əbədidir, VIII kitab, Bakı: Azərnəşr, 1998, s. 382-395.)
Gənclərin qarşısında duran əsas vəzifələrdən birinin də mənəvi tərbiyə olduğunu göstərən Heydər Əliyev onları ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli mənəvi dəyərlərini mənimsəməyi, tariximizi, dinimizi yaxşı bilməyi tövsiyə edir və qeyd edirdi ki, milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Heydər Əliyevin fəlsəfəsinə görə vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.(Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Bakı: Azərbaycan, 1999, s. 54.)
Heydər Əliyevin gənclərin mənəvi inkişafının əsas amili kimi azərbaycançılıq, azərbaycanlılıq amalını görür və bu hissiyyatları hər bir gəncdə yaratmağı arzulayırdı: «Azərbaycanı sevmək azərbaycançılıq hissiyyatını özündə cəm etmək deməkdir».(Əliyev H.Ə. Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci Forumunda çıxış. 2 fevral 1996-cı il // «Gələcək gənclərindir», s. 91-134)
Heydər Əliyev gənclərin hərbi vətənpərvərlik tərbiyəsini, onlarda orduya hörmət hisslərini, döyüş ruhunun möhkəmləndirilməsini gənclərin mənəvi tərbiyəsinin ən mühüm istiqaməti və müqəddəs vəzifəsi hesab edirdi. Vətəni, torpağı müdafiə etməyi hər bir gəncin müqəddəs borcu hesab edən liderimiz millətini, torpağını sevən hər bir namuslu gənci torpaqlarımızın zəbt olunmasına dözməməyi, hərbi xidmət keçmələrini həyatın tələbi sayırdı.(Əliyev H.Ə. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il // Müstəqilliyimiz əbədidir, I kitab, Bakı: Azərnəşr, 1997, s. 164-182)
Gənclərlə görüşlərdə Azərbaycan gəncliyinin qarşısında duran ən birinci, ən ümdə vəzifənin ordu ilə əlaqəni möhkəmləndirmək, orduya qayğı göstərmək, ordunun hörmətini qaldırmaq olduğunu göstərən Prezident qeyd edirdi ki, orduda, Azərbaycan silahlı qüvvələrində xidmət edən hər bir kəs cəmiyyətimizin ən hörmətli, ən mötəbər adamı olmalıdır.(Əliyev H.Ə. Azərbaycan gəncləri gününün qeyd edilməsi ilə bağlı bayram mərasimində çıxış. 2 fevral 1998 // Müstəqilliyimiz əbədidir, XIV kitab. Bakı: Azərnəşr, 2005, s. 197-205) «Hər bir gənc orduda sədaqətlə xidmət etməlidir. Orduda xidmət etməyən gənc cəmiyyətdə hörmət qazana bilməz».(Əliyev H.Ə. Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatı nümayəndələrinin Ümumrespublika toplantısında çıxış. 18 fevral 1998-ci il // Müstəqilliyimiz əbədidir, VIII kitab, Bakı: Azərnəşr, 1998, s. 287-309)
Heydər Əliyev hər imkan tapdıqca hərbi hissələrə və hərbi məktəblərə baş çəkir, onların qayğı və problemləri ilə bilavasitə tanış olmağa çalışırdı. Onun silahlı qüvvələr günündə çıxışları ordu quruculuğu sahəsində hər bir dövlət strukturunun vəzifəsini müəyyənləşdirmək baxımdan mühüm rol oynayırdı.
Gənclik dövrünü insan həyatının ən gözəl hissəsi adlandıran Heydər Əliyev hər bir gəncə bu dövrü uğurla keçməyi, gənclik illərini boş keçirməməyi, sağlam həyat tərzi keçirməyi, yüksək mənəvi dəyərlər əsasında yaşamağı arzulayırdı.(Əliyev H.Ə. Ali məktəblərə ən yüksək balla qəbul olmuş gənclərlə görüşdə nitq. 3 sentyabr 2001-ci il // «Gələcək gənclərindir», Bakı: Azərbaycan, 2002, s. 325-333)
Dissertasiyanın üçüncü fəsli «Heydər Əliyev və Azərbaycan Respublikası gənclərinin ictimai siyasi təşkilatlanması və beynəlxalq əlaqələrinin genişlənməsi» adlanır.
Üçüncü fəslin birinci yarımfəslində Azərbaycan Respublikasında gənclər təşkilatlarının fəaliyyəti işıqlandırılmışdır.
Müstəqillik əldə edildikdən sonra Azərbaycanda gənclər hərəkatının ən bariz göstəricilərindən biri gənclərin müstəqil təşkilatlanması oldu.
1991-ci ildə Azərbaycanda 80-ə yaxın gənclər təşkilatı yaranmışdı. Lakin həmin təşkilatların əksəriyyəti 1996-cı ilin əvvəlində öz işlərini müasir tələblər səviyyəsində qura bilməməkləri, maddi-texniki bazalarının zəifliyi və s. ucbatından öz fəaliyyətini dayandırmış, yalnız 55-i real fəaliyyət göstərirdi. Təşkilatların əksəriyyəti əsasən tələbələri və qismən də müharibə veteranlarını əhatə edirdi.(Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Azərbaycan Respublikası Gənclərinin I Forumu (2 fevral 1996). Bakı: 1996, s. 143)
«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli 179 saylı fərmanında və Nazirliyin Əsasnaməsində gənclər təşkilatlarının formalaşmasına və inkişafına kömək göstərilməsi nazirlik qarşısında əsas vəzifələrdən biri kimi qoyulmuşdur.
Respublikada fəaliyyət göstərən gənclər birliklərini dövlət gənclər siyasətinin həyata keçirilməsinə, gənclərlə bağlı qanunvericilik aktlarının hazırlanmasına və təkmilləşdirilməsinə yaxından cəlb etmək məqsədilə 1995-ci ildə, həmçinin GİTN Kollegiyasının nəzdində Gənclərlə İş üzrə İctimai Şura yaradılmışdır.(Forumdan foruma. Bakı: Azərbaycan, 2003, s. 32-33)
Gənclər təşkilatlarının ictimai-siyasi həyatın mühüm subyektləri kimi tanınması və cəmiyyətdə nüfuzunun artması GTİN fəaliyyətinin mühüm hissəsini təşkil edirdi. Gənclər təşkilatları ilə əlaqələr Nazirliyin Gənclərlə İş üzrə Baş İdarəsi və onun Gənclər Təşkilatları ilə İş Şöbəsi vasitəsilə həyata keçirilirdi.
1995-ci ildə gənclər təşkilatlarının konfederativ qurumu olan Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. GTMŞ-nin yaradılması gənclər arasında əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsində mühüm və vacib bir addım oldu.
Azərbaycanda gənclər hərəkatının keyfiyyətcə yeni mərhələyə qalxmasında, gənclərin təşkilatlanmasında və dövlət quruculuğu sahəsində rolunun artmasında Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun mühüm əhəmiyyəti oldu. Forum Azərbaycanın tarixində ən müxtəlif spektrli gənclər təşkilatlarını, müxtəlif sahələrdə çalışan, təhsil alan gəncləri bir araya gətirərək, gəncliyin ümdə problemlərini açıq və hərtərəfli müzakirə edərək həlli yollarını müəyyənləşdirən bir hadisəyə çevrildi.
1997-ci ilin ortalarınadək 90-dan çox uşaq və gənclər birliyi yarandığı elan edilsə də, onlardan təxminən 30-u müəyyən səbəblərdən, ilk növbədə, maddi texniki bazanın zəifliyi və maliyyə vəsaitinin olmaması nəticəsində öz fəaliyyətini dayandırmışdı.
2000-2003-cü illərdə gənclər təşkilatları tərəfindən təqdim olunmuş 85 layihənin qismən maliyyələşdirilməsinə dövlət büdcəsindən 653 milyon manatdan çox (köhnə qiymətlərlə) vəsait ayrılmışdı.
Gənclərin ictimai-siyasi fəallığının mühüm təzahürlərindən biri onların dövlət quruculuğu prosesinə, dövlət idarəetmə orqanlarına geniş cəlb edilməsini təşkil edir.
Azərbaycan Gənclərinin II Forumundakı çıxışında Heydər Əliyev bu məsələyə xüsusi diqqət yönəldərək hökumət orqanlarından, nazirliklərdən, yerli hakimiyyət strukturlarından gəncləri qətiyyətlə irəli çəkməyi, öz imkanlarını həyata keçirmək, reallaşdırmaq üçün gənclərə şərait yaratmağı, bu istiqamətdə konkret tədbirlər görməyi tövsiyə etmişdi.
Heydər Əliyevin sərəncamı ilə nazirlik, dövlət komitələri, hüquq mühafizə orqanları, yerli hakimiyyət orqanları rəhbərliyinə 30 yaşadək çoxlu gənc təyin edilmişdi. Gənclərin 1999-cu ildə ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə keçirilən seçkilərdə fəal iştirakına müvafiq şərait yaradılmışdı. Ölkə üzrə bələdiyyə üzvü seçilmiş 21 min nəfərdən 6 mini gənclərin nümayəndəsi idi.
Fəslin «Azərbaycan gənclərinin beynəlxalq əlaqələri» adlanan ikinci yarımfəslində Azərbaycan gənclərinin beynəlxalq əlaqələri öz əksini tapmışdır.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında uğurla həyata keçirilən dövlət gənclər siyasəti, həmçinin Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin təşəkkül taparaq genişlənməsinə münbit şərait yaratmışdı.
Qısa müddət ərzində Avropa Gənclər Forumu, Avropa Gənclər Mərkəzi və beynəlxalq gənclər təşkilatları, MDB üzvü olan ölkələrin gənclər strukturları ilə əlaqələr yaradılmışdı. Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan, Özbəkistan, Moldova, Türkiyə hökumətləri arasında bağlanmış sazişlərdə gənclər arasında əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edən xüsusi bəndlər öz əksini tapmışdır. Bunu Azərbaycan gənclər hərəkatının mühüm uğuru kimi qiymətləndirmək olar.
Azərbaycan dövlətinin rəsmi xarici siyasət kursunun beynəlxalq arenada qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənməsinə xüsusi əhəmiyyət verən Azərbaycan Respublikasının GİN ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin artırılması və nüfuz qazanmaları üçün ciddi addımlar atırdı.
Azərbaycanın dövlət və qeyri-dövlət gənclər təşkilatları ilə türk dünyası və islam ölkələrinin gənclər təşkilatları arasında da əlaqələr təşəkkül taparaq inkişaf etməkdə idi. Gənclər təşkilatlarının, ayrı-ayrı yaradıcı qrupların, istedadlı və yaradıcı gənclərin müxtəlif sahələr üzrə beynəlxalq əlaqələri genişlənmiş, beynəlxalq qeyri-dövlət gənclər təşkilatlarına inteqrasiya prosesi dönməz xarakter almışdı. Müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq, regional tədbirlərdə Azərbaycan gənclərinin nümayəndə heyətləri müntəzəm iştirak etməyə başlamışdılar. BMT Gənclər Forumu, Avropa Şurası Gənclərə dair İdarəetmə Komitəsi, Avropa Gənclər Forumu, Avropa Şurası Gənclər və İdman Direktorluğu, YUNİSEF, BMT-nin İnkişaf Proqramı, Əhalinin İnkişaf Fondu, ECOSOC ilə əlaqələr daha səmərəli olmuşdur.
Azərbaycan gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin gücləndirilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz nəticələrini göstərirdi. 2000-ci illərin əvvəllərində artıq Azərbaycan gəncliyi ümumdünya gənclər hərəkatının mühüm subyektinə çevrilməkdə idi. Ölkə tanınmış beynəlxalq gənclər təşkilatlarının xətti ilə bir çox mötəbər tədbirlərin keçirildiyi məkana çevrilmişdi.
Nəticədə dissertasiya işinə yekun vurulmuş, tövsiyə və təkliflər irəli sürülmüşdür.
Dissertasiyanın əsas məzmunu müəllifin nəşr edilmiş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:
1.SSRİ-nin süqutu ərəfəsində və Azərbaycanın müstəqilliyinin ilk illərində gəncliyin inkişaf problemləri // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2010, № 4, s. 123-128.
2.Heydər Əliyev və Azərbaycan Respublikasında uşaq hüquqlarının təminatı // Dirçəliş-XX əsr. Bakı, 2011, № 157, Xüsusi baraxılış. s. 156- 164.
3.Heydər Əliyev və Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin formalaşması // ADPU-nun Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2011, s. 135-143.
4.Государственная молодежная политика в Азербайджанской Республике. Этапы формирования и особенности (1993-2003 гг.) // Кавказ и мир. Международный научный журнал. Тбилиси. 2011, №11, s. 105-109.
5.Heydər Əliyev və Azərbaycan gənclərinin mənəvi tərbiyəsi (1993-2003- cü illər). Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş konfransın materialları / Tarix və onun problemləri. Nəzəri, elmi, metodiki jurnal. № 2, Bakı, 2012, s. 212-215.
Bakı şəhərinin tarixi
Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaradıb. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb.
Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Yuliy Maksim, XII «İldırımsürətli» legionun senturion vaxtıdır».
Ehtimal ki, Bakı ətrafındakı Ramana və ya Romana kəndinin adı da eramızın I əsrində Roma qoşunlarının Abşeronda olmasından xəbər verir. Roma qoşunlarının Qobustanda yerləşməsi yaxınlıqda yaşayış məntəqəsinin və ya şəhərin olduğuna dəlalət edir. Həmin vaxt Roma qoşunlarının istiqamət aldığı bu şəhər Bakı da ola bilərdi.
Bakıda və onun ətrafında aparılan arxeoloji qazıntılar burada bizim eradan əvvvələrədək də yaşayışın olduğunu göstərir. 1888-ci ildə keçmiş Aleksandr Nevski kilsəsinin özülünün altında aparılan qazıntılar zamanı köhnə müsəlman məzarlığından zərdüştiliyə qədəki arxaik qəbirlərin tapılması da şəhərin qədim mənşəyə malik olmasını sübut edir. Özül yerindən tapılan daş qutu qəbirlər biri-birinin üstündə yerləşməklə, bir neçə cərgə təşkil edir. Böyük təndiri xatırladan məzarda aşkar olunan altı-yeddi insan skeleti isə, oturaq vəziyyətdədir. Skeletlər üzərində kiçik, saxsıdan olan əyri-üyrü piyalələr var. Bu, icmanın qohum tayfalardan ibarət olduğu dövrdən bəri əsrlərin dərinliyindən bizə qədər gəlib çatan ailə məzarıdır.
Bakı, onun nefti, «yanan torpaq» hələ qədimdən onun hüdudlarından kənarda da məşhur idi. Orta əsrlər Bakısı ilə bağlı yazılı mənbələrdə daim onun ətrafındakı «yanan atəş»dən danışılır. Bu barədə ilk söz açanlardan biri bizanslı Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, «sualtı qayadan qalxan od»dan söz açır. Ərəb tarixçisi əl-Balazuri həmçinin 754-cü ildəŞirvanın neftindən və duzundan danışır. IX əsrdən etibarən bölgədə islam dininın yayılması ilə bağlı Bakı ərəb coğrafiyaçılarının və tarixçilərinin yazılı mənbələrində kiçik, amma inkişaf etmiş feodal şəhəri kimi xatırlanır. Hər dəfə də qeyd olunur ki, Bakıda ağ və tünd-boz neft mənbələri var. Neft üçün bütün Yaxın Şərq ölkələrindən bura karvanlar gəlirdi. Bakıya slavyan, xəzər, Bizans, Çin, İraq, Suriya, Keniya, Venesiya, İran və Hindistan tacirləri səfər edirdilər. Ticarət yollarının kəsişməsində yerləşən Bakı daim bölgədəki maraqları uğrunda mübarizə aparan yadelli işğalçıların diqqət mərkəzində idi.
IX əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və xilafətə tabe olan ölkələrdə mərkəzi hakimiyyətdən uzaqlaşma meyllərinin güclənməsi bir sıra müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Onlardan biri dəŞirvanşahlar dövləti idi. Orta əsrlər Bakısı, Şamaxı ilə birgəŞirvanın əsas şəhərlərindən birinə çevrildi. X əsrdəŞirvanşahlar dövlətinin tədricən bölgədəki hadisələrin mərkəzinə çevrilməsi ilə şəhər, həqiqətən də, inkişaf etdi. Məhz bu vaxt Bakıda ilk dəfə qala divarların tikintisinə başlanıldı. Bərpa işləri zamanı divarlardan tapılan daş yazı da bunu sübut edir, orada qeyd olunur ki, divarlar II Mənuçöhrün (11201160) zamanında tikilib.
Şirvanşahlar dövlətinin sonrakı inkişafı II Mənuçöhrün oğlu I Axsitanın hakimiyyəti dövrünə təsadüf edir. O, səlcuqların və köçəri qıpçaqların hücumlarını uğurla dəf edirdi. Onun zamanında Bakı limanında qüdrətli donanma yaradılmışdı. Beləliklə, o, 1175-ci ildə 73 gəmiylə Bakı ətrafına hücum edən rusların basqınının qarşısını almışdı. 1191-ci ildəŞirvanşah I Axsitan öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. İlk dəfə Bakı Şirvanşahlar dövlətinin baş şəhəri oldu.
Şirvanşahların Abşeron yarımadasında güclənməsi böyük tikinti işlərinin həyata keçirilməsi ilə müşayət olunurdu. Bir çox qala və minarələr, mədrəsə və qüllələr, karvansaralar və hamamlar, məscidlər və yaşayış evləri bu dövrdə tikilib. Həmin zamanın günümüzədək gəlib çıxan ən erkən tikili 1078-1079-cu illərdə Bakı qalasında ucaldılmış Məhəmməd məscididir. Həmin dövrün tikililəri arasında qüllələr və qalalar xüsusi yer tutur
— feodallar üçün onlar daxili mübarizədə etibarlı dayaq və hucümlar zamanı sığınacaq yeri idi. Qala divarlarının, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi diqqət ayırılırdı. Bakının dəniz istiqamətindən müdafiəsi üçün 1232-35-ci illərdə Bakı buxtasında qala tikildi — bu hazırda suyun altında qalan Səbail qalasıydı.
XII əsrdə bütün ölkə monqol əsarəti altına düşdü. 1230-cu illərdə uzun sürən mühasirədən sonra Bakı da monqollara təslim oldu. Şəhər müqavimət göstərdiyi üçün «cəzalandırılaraq», amansızcasına dağıdıldı və talan edildi. Neft hasilatı və ticarət tənəzzülə uğradı. Yerli hakimlər şəhər həyatını yenidən canlandırmağa çalışırdılar. Xüsusən də, Sultan Məhəmməd Olcaytunun (1304-16) qədim qaladakı Cümə-məscidinin divarlarına oyulmuş fərmanı buna sübutdur. Fərmana əsasən, ticarəti dirçəltmək və iqtisadiyyatı bərpa etmək üçün bəzi vergilər ləğv olunurdu.
XIV əsrin əvvəlində ticarət, xüsusən də, dəniz ticarəti yenidən canlandı. Bakı limanına Genuyadan və Venesiyadan olan italiyalı tacirlərin gəmiləri yan alırdılar. Bakı Qızıl Orda, Moskva knyazlığı və Avropa ölkələri ilə ticarət aparırdı. Buradan neft, xalça və digər mallar xaricə çıxarılırdı. Eyni zamanda Həştərxana və Mərkəzi Asiyaya da əmtəə aparılırdı. XIV əsrin birinci yarısında Bakının iqtisadi və siyasi rolunun yüksəlməsi ilə bağlı Xəzər dənizini tez-tez Bakı dənizi adlandırırdılar. Məsələn, 1375-ci ilin xəritəsində dənizin adı bu cür qeyd olunur. Bakı qalasında qorunan memarlıq abidələri — Buxara karvansarası (XIV əsr), Multanı karvansarası (XIV əsr) və digərləri — Bakının Orta Asiya və Hindistanla genişəlaqələrindən xəbər verir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsində Şirvanşah Xəlilullah (1417-62) Şirvanşahların iqamətgahını Şamaxıdan Bakıya köçürdü. Şəhərdə böyük tikinti işləri həyata keçirilməyə başladı. Bu zaman Şirvanşahlar sarayı kompleksi — Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun nəhəng abidəsi tikildi. Ticarət, incəsənət, sənətkarlıq inkişaf edirdi. Moskva knyazlığı ilə diplomatik əlaqələr qurulurdu.
1501-ci ildə Səfəvilər sülaləsindən olan Şah İsmayıl Xətai Şirvana hücum etdi və Bakını mühasirəyə aldı. Bu vaxt şəhərin əzəmətli divarları bir tərəfdən dənizlə hüdudlanır, qurudan isə, enli xəndək xətti ilə müdafiə olunurdu. Mühasirədə olan bakılılar istehkamlarının
alınmazlığına inanıb, mətanətlə döyüşürdülər. Şəhərin hakimi Qazi bəy olmayanda onun müdafiəsinə arvadı rəhbərlik edirdi. O, yanına təslim olma təklifi ilə gəlmişŞah İsmayıl elçilərini asmağı əmr etmişdi. İsmayıl mühasirədəkilərin təslim olmaq istəmədiklərini görüb, lağım atmağı və divardakı böyük daşı partlatmağı buyurdu. Şəhər daha üç gün dözdülər, sonra səfəvi qoşunları çoxlu sakinləri öldürərək, istehkamın müdafiəsini yardılar. Bundan sonra müqavimətin faydasızlığını görən 70 nəfər əllərində Quran, boyunlarında qılınqc və çiyinlərində kəfənləİsmayılın yanına gəldilər və ona tabe olduqlarına bildirdilər. İsmayıl dərhal istehkamı aldı. Şirvanşahların xəzinəsindən xeyli qızıl və daş-qaş çıxarıldı. Şah İsmayılın bu səfəri Şirvanşahlar dövlətinə böyük zərbə vursa da, dövlət 1538-ci ilədək mövcudluğuna davam etdi. 1538-ci ildə Səfəvi hökmdarı Şah Təhmasib Şirvanşahların hakimiyyətinə son qoydu və Bakı da daxil olmaqla bütün Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.
XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəli Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasındakı müharibələrlə yadda qaldı. Bu dövrdə Bakı əldən-ələ keçirdi. 1578-ci ildə Osmanlı ordusu şəhəri aldı. 1580-ci ildə Səfəvilər Osmanlı qoşunlarını dağıtdılar, amma 1684-cü ildə osmanlılar yenidən Bakını tutdular.
1590-cı ildə Səfəvi şahı I Abbas türklərlə ağır şərtlərlə sülh bağlamalı oldu. Bu razılaşmaya əsasən, onlar Azərbaycanın şimal və cənub bölgələrini ələ keçirdilər. I Şah Abbas osmanılarla müharibədə yaranan fasilədən istifadə edib, ordunu möhkəmləndirdi və yenidən müharibəyə başladı. 1607-ci ildə Bakı yenə Səfəvilərin hakimiyyətinə keçdi. 1612-ci ildəİstanbulda imzalanan müqaviləyəəsasən, Səfəvilər bütün Azərbaycanı və qonşu bölgələri əldə etdilər.
Mərkəzi hakimiyyətin möhkəmlənməsi, dağıdıcı müharibələrə və feodal dağınıqlığına son qoyulması XVII əsrin 40-cı illərində şəhər həyatının tərəqqisinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı, xalçaçılıq, eyni zamanda neft hasilatı, neft və duz ticarəti inkişaf edirdi. XVII-XVIII əsrlərdə şəhərdə tikilən binalar memarlığın və daş üzərində oyma sənətinin yüksəlişindən xəbər verirdi. Bu zaman Bakı ikinci dəfə qala divarları yla yeniləndi.
XVII əsrdə Abşerona Don və Volqa kazaklarının basqınları müşahidə olunur. 1660-cı ildə Stepan Razinin kazakları Xəzərin Bakı sahillərinə hücum etdilər və Maştağa kəndini dağıtdılar. Rəvayətə görə, o özü Sabunçu qəsəbəsi yaxınlığında mağarada yaşayır və quldur hücumlarını da oradan təşkil edirdi.
XVII əsrdən etibarən, zəngin təbii ehtiyatlar və şəhərin mühüm strateji əhəmiyyəti Rusiyanın diqqətini özünə çəkdi. I Pyotr Xəzərin qərb və cənub sərhədlərini tutmağa və türklərlə iranlıları oradan sıxışdıraraq Xəzərə sahiblənməyə çalışırdı. Xəzəryanı ərazilərin ələ keçirilməsi üçün o, xüsusi hərbi-dəniz ekspediyası yaratdı. 1723-cü ilin iyun ayının sonunda Həştərxandan yeddi gəmidən ibarət eskadra general-mayor Matyuşkinin rəhbərliyi ilə şəhərə göndərildi. 1723-cü ilin iyunun 26-da uzunsürən mühasirəyə alınan və top atəşinə tutulan Bakı ruslara təslim oldu. Pyotrun fərmanı ilə şəhər komendantı knyaz Baryatyanskinin rəhbərliyi altında Bakı qarnizonunda iki əsgər alayı (2382 nəfər) saxlanıldı.
Bölgədə möhkəmlənmək arzusunda olan I Pyotr Bakıya xristianların, xüsusən də ermənilərin yerləşdirilməsi üçün fəal siyasət yürüdürdü. Ölümündən bir qədər əvvəl, 1724-cü ilin noyabrın 10-da I Pyotr erməni xalqının dörd deputatını qəbul etdi, onlar «ermənilərə yardım göstərilməsini və onların Xəzəryanı əyalətlərdə məskunlaşmalarına imkan verilməsini» xahiş edirdilər. Elə həmin gün I Pyotr erməni patriarxı İsayanın və bütün erməni xalqının Gilanda, Mazandaranda və Bakıda yerləşmələrinə imkan verən fəxri fərman imzaladı. General Matyuşkinə və briqadir Levaşevə «hər yolla ermənilərin Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər bölgələrdə yerləşdirməyə, farsların (azərbaycanlıların) isə, fürsət düşən kimi sıxışdırmağa çalışmaq» (Butkovun məlumatı) tapşırılırdı. Beləliklə, Bakıda ermənilərin yerləşdirilməsi əsasən həmin dövrə təsadüf edir. 1724-cü ildə Bakıda gəmiçilik işlərində çalışmağa göndərilən 5 min nəfər Kazan tatarları, çeremisin, çuvaşın da Bakıda yerləşdirilməsinə başlandı.
1725-ci ildə Pyotrun ölümündən sonra Xəzəryanı torpaqlar ruslara ağır yük olmağa başladı. İşğal olunmuş torpaqların saxlanması üçün böyük orduya ehtiyac vardı, məsrəflər isə, gəlirlərdən çox idi. 1730-cı ildə bu vəziyyət bir qədər də pisləşdi, İranda istedadlı sərkərdə Nadir şah güclənməyə başlayırdı. Nadir şahın Şirvandakı uğurları 1735-ci ilin martın 10-da rusları Gəncəətrafında saziş bağlamağa vadar etdi, bu sazişə əsasən, rus qoşunları Bakıdan çıxarılmalı idi. Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
Nadir şah 1747-ci ildə saray çevrilişi nəticəsində öldürüldükdən sonra onun imperiyası dağıldı. Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar yarandı, Bakı xanlığı onların ən mühümləri arasında yer alırdı. Hakimiyyəti ələ alan Mirzə Məhəmməd xan (1747-1768) bu xanlığın başına keçdi. İyirmi illik hakimiyyəti dövründə Mirzə Məhəmməd xan iqtisadiyyatın bərpasına və ticarətin inkişafına yardım göstərdi. O, admiral idi, yük nəqli və hərbi məqsədlər üçün gəmiçiliyə rəhbərlik edirdi.
Ondan sonra oğlu Məlik Məhəmməd xan Bakı xanlığının başına keçdi. Ayrı-ayrı xanlar arasında feodal müharibələri dayanmırdı. Bakı xanı da bu mübarizəyə qoşulmuşdu və qohumu, tabe olduğu Quba xanı Fətəli xanın tərəfində döyüşürdü. 1784-cü ildə Məlik Məhəmməd xan Bakı xanlığının taxt-tacını oğlu II Mirzə Məhəmməd xana (gələcəkdə məşhur Azərbaycan tarixçisi olacaq Abbasqulu ağa Bakıxanovun atasına) ötürərək öldü. Sonrakı illər də xanlar arasında daxili müharibələrlə keçirdi. Bakı xanlığında daxili müharibələr əsasən böyük gəlirlər gətirən neft mədənləri uğrunda aparılırdı.
Bu mərhələdə iqtisadiyyat müəyyən qədər canlansa da, XVIII əsrin sonlarında İran hökmdarı, ölkəsinin bütün əyalətlərini və Azərbaycanın cənubunu özünə tabe dən Ağa Məhəmməd xan Qacarın dağıdıcı hücumları nəticəsində Azərbaycana böyük ziyan dəydi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Bakını ələ keçirib, viran qoydu, amma tezliklə onun ordusu Şirvanı tərk etdi.
Ağa Məhəmməd xan Qacarın gücləndiyini görən çar hökuməti Azərbaycanın Rusiyaya tabe olunması üçün siyasət yürütməyə başladı. 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə general Zubovun rəhbərliyi altında çar qoşunlarının Qafqaza yürüşü başladı. Şəhərin ələ keçirilməsi üçün 6 min nəfərlik qoşun göndərən Zubovun ilk tələbindən sonra Bakı təslim oldu. 1796-cı ilin iyunun 13-də Xəzər donanması Bakı buxtasına daxil oldu və rus qoşunları qarnizonu Bakıda yerləşdirildi. P.D.Sisyanov şəhərin komendantı təyin olundu. Amma II Yekaterinanın ölümündən sonra onun oğlu I Pavel rus qoşunlarının yürüşünü dayandırmağı və onları Rusiyaya geri qaytarmağı əmr etdi. 1797-ci ilin martında çar qoşunları Bakını tərk etdilər. 1801-ci ildə I Pavelin ölümündən sonra onun hakimiyyətə gələn oğlu I Aleksandr yenidən Xəzəryanı ərazilərin, xüsusilə də işğalına xüsusi maraq nümayiş etdirdi. Rus-İran müharibələri (1804-1813) onun planlarını daha da tezləşdirdi. Knyaz Sisyanov Qafqazdakı qoşunların baş komandanı təyin olundu.
1803-cü ildə Sisyanov Bakı xanı ilə şəhərin güzəştə gedilməsi barədə razılaşma əldə etdi. Xan hətta Rusiyanın təbəəliyini qəbul etdi, amma tezliklə razılaşma pozuldu. 1806-cı ilin əvvəllərində böyük ordu ilə gələn Sisyanov Bakının iki verstliyində general Zavalişinin donanması ilə birləşdi. Yenidən Bakı xanı ilə şəhərin təslim olunması ilə bağlı danışıqlara başladı. Təslim olmaqdan imtina edən şəhər dəniz donanmasının atəşlərinə məruz qaldı, bundan sonra Bakı xanı Hüseynqulu xan şəhəri təslim etməyə razılaşdı. 1806-cı ilin fevralın 10-da Bakı xanı Hüseynqulu xanı əyanlarının müşayiəti ilə şəhərin açarlarını Sisyanova vermək üçün şəhərdən çıxdı. Açarları qəbul edərkən Sisyanovla knyaz Elizbar Erstov şahın əyanları tərəfindən qəfil öldürüldülər. Sisyanovun meyiti yerindəcə istehkamdan çıxan bakılılar tərəfindən doğranıldı. Bundan sonra onun başı İran şahı Fətəli şaha göndərildi, meyiti isə, qətlin baş verdiyi Şamaxı darvazaları önündə basdırıldı. Sisyanovun ölümündən xəbər tutan rus qoşunları geri çəkildilər. Amma bu qətl şəhərin işğalını yalnız tezləşdirdi. 1806-cı il oktyabrın 3-də general Bulqakovun qoşunları Bakını döyüşsüz ələ keçirdilər və Bakı xanlığı Rusiyaya birləşdirildi. Bakı xanı Hüseynqulu xan İrana qaçdı.
Rusiya və İran arasında 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi həm də Bakı xanlığının Rusiyaya birləşdirilməsini rəsmiləşdirdi. Amma razılaşma bütün Rusiya-İran narazılıqlarını həll etmədi. Bakının keçmiş xanı da şəhərə qayıtmaq ümidlərini üzməmişdi. 1826-cı ilin iyulunda İran ordusu Şimali Azərbaycana daxil olanda Hüseynqulu xanın rəhbərliyi altında dəstə də Bakıya doğru istiqamət aldı və şəhərin mühasirəsində iştirak etdi. Bakının vəətraf kəndlərin sakinləri ruslar əleyhinə üsyan qaldıraraq, ona fəal şəkildə yardım edirdilər. Amma İran ordusunun məğlubiyyəti, eyni zamanda rus ordusunun Bakı xanının əleyhinə atdıqları addımlar onu 1826-cı ildəİrana dönməyə məcbur etdi. Sonuncu Rusiya-İran müharibəsinin bitməsi ilə 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı, bu sənədəəsasən, Azərbaycan Araz çayı vasitəsilə Rusiya iləİran arasında bölündü. Müqavilə rəsmən torpaqların, o cümlədən Bakının Rusiya tərəfindən işğalını təsdiqlədi. Bu, milli faciə idi, amma müqavilə bölgədə müharibələrin bitməsinə və onun gələcək inkişafına yardım göstərdi.
Bu zaman Bakının sərhədləri qala divarları iləəhatə olunmuş İçəri Şəhərlə məhdudlaşırdı, burada üç yüz ev və üç min sakin vardı. Yalnız Rusiya-İran müharibəsindən sonra şəhər tədricən böyüməyə başladı.
Rusiya Bakı xanlığını ələ keçirildikdən sonra Bakı xanının əmlakı və onun mülkü müsadirə olundu. Azərbaycanda hərbi-inzibati idarəetmə tətbiq edildi: xanlıqlar əyalət və mahallara bölündü. Onlara çar zabitləri olan komendantlar rəhbərlik edirdilər. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna görə, komendant üsulidarəsi ləğv olundu və ümumilikdə Zaqafqaziyada Ümumrusiyadakına bənzər idarəetmə sistemi tətbiq edirdi. Bakı şəhəri Kaspi vilayətinin Bakı uyezdinin mərkəzi oldu. 1846-cı ildə Qafqazda canişinliyin təsdiq olunması ilə ölkə yeni inzibati-ərazilərə bölündü. Bu bölgüyəəsasən, Bakı uyezdi yeni yaranmış Şamaxı quberniyasının tərkibinə daxil edildi.
Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra, 1859cu ildə mərkəz Bakıya köçürüldü və quberniya Bakı quberniyası adlanmağa başladı. Şəhərdə dövlət müəssisələri yarandı. Nəticədə, Bakı inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu və XIX əsrin ikinci yarısında öz sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın digər şəhərləri arasında birinci yerə keçdi.
Şəhərin inkişafında neft hasilatı mühüm əhəmiyyət kəsb edirdi. Rusiyanın iqtisadiyyatının neftə ehtiyacı artmışdı. Bakı Rusiya sənayesinin inkişafına cəlb olunmuşdu. Neft quyularına nəzarət edən çar hökuməti ilkin dövrlərdə onları müəyyən müddətə ayrı-ayrı şəxslərə icarəyə verirdi. Amma artıq 60-cı illərdə məlum oldu ki, neft yataqlarının icarə sistemi keçmişin yarasız qalıqlarından biridir və bu sənaye sahəsinin inkişafı üçün neft işinin təşkilinə ehtiyac var. 1872-ci ildə yeni qaydalar təsdiq olundu. Bu qaydalara əsasən, dövlətin icarə hesabında olan neft mənbələri hərracdan fərdi şəxslərə ötürüldü. İcarə sisteminin ləğvi bütün neft işində həlledici dönüş yaratdı. Bu neft ehtirası yalnız Klondaikdəki qızıl ehtirası ilə müqayisə edilə bilər. Bakıdakı neft yataqlarının qızğın istismarı başladı vəəcnəbi neft şirkətlərinin kapital axını təmin olundu. Qısa müddət ərzində Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı. Onlardan ən məşhurları — Nobel və Rotşild qardaşlarının firmaları idi. 1873-ci ildən etibarən Bakının «Qara Şəhər» adı ilə məşhurlaşan «neft kəməri» formalaşmağa başladı. Bundan bir qədər sonra Bakının «neft kəndlərini» — Suraxanı, Bibiheybət, Balaxanı və Sabunçunu əhatə edən Bakı sənaye rayonu yarandı. 1848-ci ildə dünyada ilk neft quyusu burada qazılmışdı, nefti nəql etmək üçün ilk tankerlər burada tikilmişdi (1880-1885), Bakı-Batumi neft kəməri çəkilmişdi (1897-1907). Neftə və onun hasilatına həsr edilmiş ilk dövri nəşr — «Neftyanoye delo» jurnalı da (1899-1920) məhz Bakıda işıq üzü görmüşdü. XX əsrin əvvəllərində dünyada çıxarılan bütün neftin, demək olar ki, yarısı Bakıda hasil edilirdi. Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başladı. Sement, mexanika və pivə zavodları, elektrik stansiyaları, tökmə karxana, tekstil və tütün fabrikləri, buxarla işləyən dəyirmanlar, banklar açıldı. Ticarət və gəmiçilik firmalarının nümayəndəlikləri yaradıldı. Onlar arasında «Qafqaz və Merkuri» də vardı.
Həmin vaxt Rusiyanın dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilən daşımaların 40%-i Xəzər dənizi ilə aparılırdı. 1883-cü ildə Bakını Tiflislə birləşdirən dəmiryolu açıldı, 1892-ci ildə şəhərdə ilk konka işə düşdü, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxışı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tiflis və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkildi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi. 1917-ci ildə şəhər bu gün də fasiləsiz işləyən Şollar kəməri vasitəsilə su ilə təmin olundu.
Bakı həm də mədəni sahədə inkişaf edirdi. 1873-cü ildə Azərbaycanın ilk milli teatrı yaradıldı. 1875-ci ildə ilk qəzet nəşr olundu. 1894-cü ildə Nəriman Nərimanov ilk milli kitabxananın əsasını qoydu. 1908-ci ildə Şərqdə ilk opera «Leyli və Məcnun» tamaşaya qoyuldu. Nəşriyyat işi inkişaf etdi, mətbəələr açıldı, Azərbaycan və rus dillərində qəzetlər («Bakı», «Kaspi», «Bakinski raboçiy», «Hümmət», «Yoldaş»), o cümlədən broşuralar, kitablar və jurnallar nəşr olunmağa başladı.
Abşeron yarımadasındakı bu şəhər Rusiyada və ümumiyyətlə Avropada görünməmiş sürətlə inkişaf edirdi. Rusiyanın bütün guşələrindən, xarici ölkələrdən müxtəlif millətlərin iş və səadət axtaran nümayəndələri Bakıya axışırdı. Artıq 1883-cü ildə Bakı əhalisinin sayı 45 min nəfəri keçmişdi, 1913-cü ildə isə bu rəqəm 200 minə çatırdı. Şəhərin ətrafı abadlaşdırılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən memarlıq abidələrinin sayı artırdı. Onların arasında dəmiryolu vağzalı; Bakı şəhər duması; «realnı» məktəb (İqtisadiyyat Universitetinin binası); «İsmailiyyə» (Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti) və s. Eyni zamanda şəhər yaşıllaşdırılırdı, şəhər hamamı kompleksi ilə birgə Dənizkənarı bulvar, bağlar: Mixaylovski (indiki «İçərişəhər» metro stansiyası), Mariyinski (Molokan bağı), Nobel bağı (Nizami parkı) salınırdı.
Beləliklə, XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş Bakını Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük vəəhəmiyyətli şəhərə çevirdi. XX əsrin əvvəllərində Bakı davamlı inkişaf edirdi, amma zaman-zaman böhranlar bu inkişafı ləngidirdi. Neftin qiymətinin düşməsi istər-istəməz maaşların azalması, əmək şəraitinin pisləşməsi və işsizliyin artması ilə nəticələndi. Ağır iqtisadi vəziyyət 1901-ci ildə bir sıra fəhlə tətillərinə səbəb oldu. Bunlardan ən böyüyü Bakı fəhlələrinin 1903-cü ilin iyulundakı ümumi xarakter alan tətilidir.
1904-cü ilin dekabrın 12-də «Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı» bütün sənaye işçilərini ümumi tətilə çağırdı. Nobel, Rotşild, Mantaşev və Mirzəyevin mədənlərində iş dayandı, Bibiheybət, Qara və Ağ şəhərin, Balaxanı-Sabunçu sənaye rayonunun fəhlələri də tətilə qoşuldular. İlk gündən bu böyük etiraz 40-a yaxın firmanın fəhlə və qulluqçunu öz sıralarında birləşdirdi. Dekabrın 30-da «Elektrik qüvvəsi» zavodunda fəhlələrin böyük kütləsinin əhatəsində Rusiya fəhlə hərəkatının tarixində «Mazut konstitusiyası» adı ilə məşhurlaşan ilk kollektiv müqavilə imzalandı. Bakı fəhlələrinin böyük uğuru olan bu müqavilə onların maddi vəziyyətlərini yaxşılaşdırdı. 1905-ci il xalq kütlələrinin sosial və milli əsarətə qarşı istibdadla mübarizəsində kulminasiya mərhələsi oldu. Bakı fəhlələrinin yanvar ayındakı etirazları dekabrdakı ümumi tətilin davamı idi. İstibdadın xalq hərəkatı ilə mübarizə formalarından biri millərarası qarşıdurmaya təhrik etmək idi. Bunlardan biri 1905-ci ilin fevralında Bakıda təşkil olundu. Ehtirasları qızışdırmaq üçün çar hökuməti azərbaycanlı və erməni burjuaziyası arasındakı müəyyən ziddiyyətlərdən istifadə edirdi. Polis və qoşunlar yüzlərlə insanın ölümünə səbəb olan qanlı mübarizəyə müdaxilə etmirdi. 1905-ci ilin fevralında Bakıda və Bakı quberniyasında hərbi vəziyyət tətbiq olundu. Amma bir il sonra, yayda inqilabi fəallığın yeni mərhələsi başlandı. Fəhlə etirazlarının qarşısını almaq üçün avqustun 22-də mühasirə vəziyyəti elan olundu. Çar hökuməti tətilçilərə qarşı qoşun yeritdi, təqiblər başladı. Şəhərdə polis terroru tüğyan edirdi. Eyni zamanda hökumət neft sənayeçiləri ilə fəhlələr arasında münasibətləri nizama salmağa çalışırdı. Bakının və ona bitişik neft sənayesi rayonlarının idarəsi üçün 1906-cı il 28 oktyabr fərmanı ilə Bakı qradonaçalnikliyi yaradıldı. Buraya birbaşa imperatorun təyin etdiyi qradonaçalnik rəhbərlik edirdi və o, qubernator səlahiyyətlərinə malik idi. 1906-cı ilin dekabrında Bakıda və Bakı quberniyasında hərbi vəziyyət fövqəladə vəziyyətləəvəzləndi və müvəqqəti general-qubernator vəzifəsi ləğv olundu.
1914-cü ildə başlayan Birinci dünya müharibəsi Bakı neft rayonunun da iş üsulunu pozdu. İşsizlik kəskin şəkildə artdı, zəhmətkeşlərin vəziyyəti pisləşdi. Ölkədə inqilabi hərəkat genişlənirdi. 1917-ci ilin fevralında Rusiyada çar hökuməti devrildi. Yeni şəraitdə Azərbaycanda hakim vəziyyətə «Müsavat» partiyası nəzarət etməyə başladı. Yarandığı 1911-ci ildən bu təşkilat millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin müdafiəçisi idi. 1917-ci il oktyabrın sonunda Bakıda «Müsavat» partiyasının birinci qurultayı işə başladı, burada qurumun qarşıdakı mübarizə taktika və strategiyası müəyyən olundu. Partiyanın lideri M.Ə.Rəsulzadə idi.
Müvəqqəti hökumətin devrilməsindən və Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra, 1917-ci ilin noyabrın 2-də Bakıda Bakı Sovetinin genişlənmiş konfransı keçirildi. Burada bolşeviklər bu orqanı şəhərdə ali hakimiyyət adlandırmağa və Sovet hakimiyyətinin qurulduğunu elan etməyə nail oldular. Amma Bakı Sovetinin hakimiyyəti Bakı kəndlərinin hüdudlarını aşmırdı. Zaqafqaziyanın qalan hissəsini Zaqafqaziya komissarlığı idarə edirdi. Sonradan bu qurum Zaqafqaziya federasiyası şəklini alacaqdı.
1918-ci ilin martında Bakı Soveti Bakıda türk məhəllələrinin silahsız dinc əhalisinə qarşı soyqırım törətdi, bu qırğın zamanı on min nəfərə yaxın şəhər sakini öldürüldü. Müsavatçılara qarşı mübarizə adı altında bolşevik və erməni dəstələri dinc azərbaycanlı əhalinin məhvinə başladı. Azərbaycan məhəllələri havadan və sudan atəşə tutulurdu. Şəhərin müsəlman əhalisinə divan tutulmasına Bakının İnqilabi Müdafiə Komitəsinin rəhbəri S.Şaumyan başçılıq edirdi. Qırmızı Ordunun Bakıdakı qərargahının rəhbəri çar ordusunun polkovniki, daşnak partiyasının üzvü Z.Avetisyan idi. Martın 30-dan aprelin 2-dək Bakıda, sonra isə uyezdlərdə davam edən qarışıqlıq Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdan başqa bir şey deyildi. Bu səbəbdən də Bakıda sovet hakimiyyəti uzun sürmədi və elə 1918-ci ildə də rüsvayçılıqla səhnədən getdi.
Zaqafqaziya Federasiyasının dağılmasından sonra, 1918-ci il mayın 28-də Müsavat Partiyası başda olmaqla Azərbaycan Demokratik Respublikası elan edildi. Bu, bütün müsəlman Şərqində ilk respublika idi. Yaranan vəziyyət üzündən Azərbaycanın ilk hökuməti iclaslarını Bakıda deyil, Tiflisdə keçirirdi. Sonra hökumət Gəncəyə köçdü. Bu vaxt Bakı əvvəlcə Bakı kommunasının, sonra isə daşnaklardan və menşeviklərdən ibarət Sentrokaspi Diktaturasının əlində idi. Türkiyə gənc Azərbaycan Respublikasının köməyinə gəldi. Onun 15 minlik Qafqaz İslam Ordusunun tərkibində türklərlə yanaşı general Şıxlinskinin rəhbərliyi ilə yeni yaranmış azərbaycanlı hissələri də döyüşürdülər. Qafqaz İslam Ordusu döyüşə-döyüşə bütün Azərbaycan ərazisindən keçərək, 1918-ci il sentyabrın 15-də ona qarşı duran çoxminlik ordunun müqavimətini qıraraq, Bakıya daxil oldu.
Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edildi və 1918-ci il sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə hökumət Bakıya köçdü. Dövlət hakimiyyətinin yeni orqanları yaranmağa başladı. 1918-ci il dekabrın 7-də Azərbaycan Respublikasının parlamenti iclasını keçirdi.
Birinci dünya müharibəsində məğlubiyyətə uğrayan Türkiyə Mudros barışığının şərtlərinə görə, noyabrın ortalarında qoşunlarını Azərbaycan sərhədlərindən çıxarmaq məcburiyyətində qalmışdı. Həmin razılığın şərtlərinə görə, ingilis qoşunları buraya çağırıldı. 1918-ci il noyabrın 17-də özünü Bakının hərbi qubernatoru elan etmiş general V.Tomsonun başçılığı ilə 5 min əsgər Bakıya girdi. Tomsonun əmri ilə «hərbi vəziyyət o vaxtadək davam edəcəkdi ki, vətəndaş hakimiyyəti qoşunları ictimai asayişin mühafizəsindən azad edəcək qədər güclü olsun».
Gənc respublika sınaqlardan uğurla çıxırdı və onun qarşısında mədəni, ictimai və iqtisadi tərəqqiyə geniş yol açılmışdı. 1919-cu ilin aprelində Tomson məhdudiyyətləri götürüldü, bu məhdudiyyətlərəəsasən, hərbi nazirlik Gəncədə yerləşirdi. Azərbaycan qoşunları təntənə ilə Bakıya daxil oldular. 1919-cu il avqustun sonunda ingilis qoşunlarının Bakıdan kütləvi çıxarılmasına başlandı. Beləliklə, dövlət aparatının istisnasız olaraq bütün qurumları tamamən Azərbaycan hökumətinin tabeliyinə keçdi.
Azərbaycan Demokratik Respublikası cəmi iki il mövcud oldu və Rusiya tərəfindən devrildi. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu Azərbaycan sərhədlərini keçərək, Bakıya doğru istiqamət aldı. Eyni vaxtda Sovet Rusiyası Azərbaycan Respublikasına hakimiyyətin təslim olunması ilə bağlı ultimatum təqdim etdi. Aprelin 28də XI Qırmızı Ordu Azərbaycanın paytaxtına daxil oldu. Xain müdaxilə və dövlət çevrilişi «fəhlə kəndli sosialist inqilabı» elan edildi. Qırmızı Ordunun ilk işi neftin qapılarını Rusiyanın üzünə açmaq oldu. Yalnız 1920-ci il aprelin 30-dan mayın 2-dək, başqa sözlə, Bakıda Sovet hakimiyyətinin qurulmasından dərhal sonra 12 gəmi ilə 1,3 mln. pud neft Rusiyaya göndərildi. Artıq həmin ilin mayında nəql olunan neftin və neft məhsullarının miqdarı 15 mln. puda, iyunda — 21,2 mln. puda qədər artırıldı.
Gürcüstanda və Ermənistanda Sovet hakimiyyətinin qurulmasından sonra, 1922-ci ilin martında Zaqafqaziya Respublikalarının Federativ İttifaqı imzalandı və tezliklə bu ittifaq Zaqavqaziya Federativ Respublikasına çevrildi. Həmin ilin dekabrında Zaqafqaziya Respublikası Ukrayna, Belorusiya və Rusiya Federasiya ilə birliklə SSRİ-ni yaratdılar. Azərbaycanın yeni, 1936-cı ildə qəbul olunan Konstitusiyasına əsasən, Azərbaycan, Gürcüstan və Ermənistan SSRİ tərkibində müstəqil respublikalara çevrildilər.
Sovet hakimiyyəti qurulandan sonra da Bakının inkişafı davam etdi. Rusiya Bakı neft rayonunu özünə daha sıx bağlamaq üçün Azərbaycana «müsəlman Şərqində nümunəvi sovet respublikası» statusunun verilməsi istiqamətində tədbirlər həyata keçirirdi. Bu sırada Bakı fəhlələrinin, xüsusilə də neft sahəsində çalışanların həyat-məişət şəraitinin yaxşılaşdırılması və eyni zamanda paytaxt şəhərsalma problemlərinin həlli də daxil idi. 1924-1937-ci illərdə Bakının baş planının üç variantı işlənib hazırlanmışdı. Bu ərəfədə şəhərin mərkəzi-tarixi hissəsində və onun ətrafında geniş quruculuq işləri aparılırdı, yeni yaşayış massivləri: M.Məmmədyarovun, P.Montinin, S.Razinin və s. adını daşıyan qəsəbələr tikilirdi. 1926-cı ildə Bakını şəhəryanı fəhlə qəsəbələri ilə birləşdirən SSRİ-də ilk elektrik dəmiryolu tikildi. Həmin illərdə Bakının yaşıllaşdırılması işləri də həyata keçirilirdi. Minlərlə bakılının iştirak etdiyi çoxsaylı məcburi iməciliklərdə həm şəhərin tarixi hissələrində, həm də yeni rayonlarda bağlar və parklar salınırdı.
Sadə bakılıların fədakar ruh yüksəkliyi və əməyi nəticəsindəəldə olunan bu nailiyyətlərlə yanaşı, Stalin repressiyasının günahsız qurbanlarını xatırlamaq da vacibdir. Azərbaycanın yeni yaranan ziyalı təbəqəsi içərisində itkilər xüsusən böyük idi, onların bir hissəsi sürgün edilmiş, digər qismi güllələnmişdi.
İkinci dünya müharibəsinin başlanması ilə Bakı yenidən beynəlxalq aləmin diqqət mərkəzinə çevrildi. 1939cu ildə biri-birinə hücum etməmək barədə sovet-alman paktının bağlanmasından sonra SSRİ Almaniyanı neftlə təchiz etməyə başladı. Fransa vəİngiltərə 1930-40-cı illərdə Bakını bombalamağı və Bakı neft sənayesi rayonunu ələ keçirməyi planlaşdırırdılar. Fransız generallarının fikrincə, beləəməliyyat Sovet İttifaqının iqtisadi qüdrətini zəiflədər və sovet quruluşunun iflasına səbəb ola bilərdi. İngiltərənin də analoji planları vardı. Britaniya Kral Hərbi Hava Qüvvələrinin qərargahı ehtimal edirdi ki, «üç bombardmançı eskadrilya 6 həftədən 3 ay müddətinədək fəaliyyət göstərməklə neft mədənlərini sıradan çıxara bilər». Amma almanların qərbdən güclü hücumu müttəfiqləri Bakı ilə bağlı planları təxirə salmağa vadar etdi.
Faşizmin uğurla darmadağın edilməsində Bakının böyük əməyi vardı. Müharibə zamanı Bakının neft ehtiyatları ölkənin neft ehtiyatlarının 75 faizini təşkil edirdi. Təyyarə yanacağının 90 faizi Bakı neftindən ibarət idi. Neftə artan ehtiyacları nəzərə alan şəhər neftçiləri 1941-ci ildə neft hasilatını rekord səviyyəyə — 23.482 milyon tona çatdırdılar. Əvvəllər heç vaxt Bakıda bu qədər neft çıxarılmamışdı və hələ də bu rekord keçilməyib.
Alman qoşunları Qafqaza hücum edəndə Hitler Bakının ələ keçirilməsi tarixini 1942-ci il sentyabrın 25-nə təyin etmişdi. Bakı üzərində alman kəşfiyyatçı təyyarəçiləri görünməyə başladılar, onlardan biri şəhər yaxınlığında vuruldu. 1942-ci ilin payızında, şəhərin düşmən əlinə keçmə təhlükəsi olduğundan, Bakı neft mədənlərində 764 quyu qapadılmışdı, onlar məhvə hazır vəziyyətdə idi. 81 qazma qurğusu komplekti işçi heyətlə birlikdə Türkmənistana göndərilmişdi. Eyni zamanda Bakıda quyuların bərpası və istismarı işləri davam edirdi, şəhər cəbhənin neftlə təmin etmək vəzifəsini üzərinə götürmüşdü. Minlərlə neftçi cəbhəyə vuruşmağa gedirdi, mədənlərdə onların yerlərini qadınlar tuturdular. Hərbi texnikanın, döyüş sursatlarının böyük bir hissəsi Bakıda istehsal olunurdu. İran vasitəsilə SSRİ-nin müttəfiqlər tərəfindən hərbi və humanitar yardımla təmini üçün Bakı mühüm nəqliyyat qovşağı idi. Müharibə illəri ərzində arxa cəbhə şəhəri kimi, Bakı 440 min yaralını qəbul etmişdi.
Şəhərdə müharibədən sonra da inkişaf gedirdi. 1949-cu ildə Neft Daşları tikilməyə başladı. Bu, dünyada açıq dənizdə yataqların mənimsənilməsi sahəsində ilk təcrübə idi. Müharibədən sonrakı mərhələnin ilk illərindən yaşayış evlərinin və ictimai binaların tikintisi davam etdirildi. Azərbaycanın klassik memarları M.Hüseynovun, S.Dadaşovun, H.Məcidovun, E.Qasımzadənin, Q.Əlizadənin, Q.Ələsgərovun və başqalarının istedadı və ustalığı sayəsində Bakının mərkəzi və onun gənc rayonları yeni memarlıq tikililəri ilə zənginləşirdi.
Bakı keçmiş ittifaqın böyük, əhəmiyyətli sənaye mərkəzlərindən birinə çevrilirdi. Neft hasilatı, neft emalı və neft maşınqayırması ilə yanaşı, intensiv şəkildə elektronika, cihazqayırma, yüngül sənaye və yeyinti sənayesi inkişaf edirdi. Qısa müddət ərzində Bakıda məişət kondisionerləri zavodu, cihazqayırma zavodu, EHM zavodu, şampan şərabı zavodu, dərin özüllər zavodu və s. kimi böyük müəssisələr tikilirdi. Bu müəssisələrin rəqabətədözümlü məhsulları təkcə Sovet İttifaqının daxili bazarını deyil, həm də bir sıra əcnəbi bazarları da fəth etmişdi.
Bakı keçmiş SSRİ-nin mühüm nəqliyyat qovşağı idi. Həmin illər yük dövriyyəsinin həcminə görə o, bütün ittifaq respublikalarının şəhərləri arasında üçüncü yeri tuturdu. Bakı dəniz ticarət limanı mühüm əhəmiyyət daşıyırdı. Bu liman tək Xəzər dənizinin deyil, ittifaqın bir çox digər limanlarının arasında da ən nəhəngi idi. Mühüm hadisələrdən biri də Bakıda 1967-ci ildə Yaxın Şərqdə ilk metropolitenin açılması idi.
Bakı iri təhsil və mədəniyyət mərkəzinə çevrilirdi. Azərbaycanın bütün böyük ali təhsil müəssisələri paytaxtda yerləşirdi. Onlarla teatr, mədəniyyət evləri burada fəaliyyət göstərirdi, dünya və ittifaq əhəmiyyətli ictimai, elmi, peşəkar forumlar bu şəhərdə keçirilirdi.
80-ci illərin ortalarında başlanan yenidənqurma hərəkatı bütün ölkəni, o cümlədən Bakını uzunmüddətli xaosa və qeyri-stabilliyə bürüdü. SSRİ ərazisində çoxlu sayda qanlı beynəlxalq münaqişə ocaqları yarandı. Onlardan biri də hələ də həll olunmayan Qarabağ münaqişəsi idi. Münaqişə erməni millətçilərinin ərazi iddiaları nəticəsində yarandı. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ortaya çıxdı. Eyni zamanda bütün azərbaycanlı əhali — 200 min nəfərdən çox insan Ermənistandan çıxarıldı və onların böyük bir hissəsi Bakıda məskunlaşdı. Azərbaycanda ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı hərəkat başladı. SSRİ rəhbərliyinin erməni millətçilərinin iddialarının qarşısını almaq istəməməsi bu mübarizəni milli azadlıq hərəkatına çevrildi. Sovet hökumətinin yürütdüyü siyasətə etiraz olaraq, 1988-ci il noyabrın 17-də Bakıda Lenin adına mərkəzi meydanda (hazırkı Azadlıq meydanında) milli müstəqillik naminə fasiləsiz mitinqlər başladı. Bu tarix bu gün Milli Dirçəliş günü kimi qeyd olunur. Noyabrın 25-də Bakıda xüsusi vəziyyətin elan olunmasına baxmayaraq, mitinqlər dekabrın 5-dək davam etdi. Həmin gün qoşunlar meydanı aksiya iştirakçılarından təmizlədilər. Amma Azərbaycanda milli hərəkat davam edirdi.
Müstəqillik meyllərinin qarşısını almaq və SSRİ-nin dağılmasına yol verməmək üçün sovet rəhbərliyi 1990cı il yanvarın 20-də Bakıda görünməmiş amansızlıqla və həyasızlıqla cəza aksiyası həyata keçirdi, şəhərin silahsız əhalisinə dəhşətli divan tutuldu. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi. Hərbi hissələrin və birləşmələrin şəhərə yeridilməsi atışma ilə müşayiət olundu, nəticədə Bakının dinc, silahsız sakinləri — gənclər, qocalar, uşaqlar qurban getdilər. Onlardan bəziləri çağırılmamış ordunun şəhərə girməsinə etiraz edirdisə, digərləri təsadüfən qoşunların yolunun üstünə çıxmışdılar. Tanklar yaxınlıqdan keçən «Təcili yardım» maşınlarını, yolun kənarında dayanan avtomobilləri əzirdilər, yaralılara aman vermirdilər, yerindəcə təxirəsalınmaz yardım göstərən tibb işçilərinə güllə atırdılar. Ölüm insanları öz mənzillərində, evlərin həyətində, avtobuslarda və iş yerlərində haqlayırdı. Nəticədə, 131 nəfər şəhid oldu, 744 nəfər yaralandı. 1990-cı ilin Yanvar faciəsi Azərbaycan xalqının milli şüurunda əbədi olaraq hüznlü xatirə kimi yaşayacaq. Amma bu faciə eyni zamanda Azərbaycanın XX əsr tarixində, onun milli müstəqillik uğrunda mübarizəsində dönüş yaratdı.
SSRİ dağıldıqdan sonra Azərbaycanın Ali Şurası «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası barədə» bəyannamə qəbul etdi. Bəyannaməyə əsasən, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi elan edildi. Bakı XX tarixdə ikinci dəfə müstəqil dövlətin paytaxtı oldu.
1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın bütün bölgələri kimi, Bakı da plan iqtisadiyyatının dağılması və keçid dövrü ilə bağlı bir sıra mürəkkəb problemlərlə üzləşdi. Qonşu Ermənistanın müstəqil Azərbaycanın ərazisinin beşdə birini işğal etməsi bir sıra ağır çətinliklər yaratmışdı. Ən mürəkkəb məsələlər eveşiyini tərk etməli olmuş milyon nəfərdən çox qaçqının məişət və mənzil problemlərinin həlli ilə bağlı idi. Erməni təcavüzünün Azərbaycan iqtisadiyyatına vurduğu ciddi zərbə islahatların həyata keçirilməsini ləngidir, makroiqtisadi göstəricilərə təsir göstərir və ölkənin gələcək iqtisadiyyatının qurulmasına əngəl törədir.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı respublikada daxili siyasi vəziyyəti stabilləşdirməyə və dövlətin gələcək inkişafı üçün iri beynəlxalq neft şirkətlərinin sərmayələrinin cəlb etməyə imkan verdi. Bu qəbildən olan ən mühüm hadisələrdən biri 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adı altında məşhur olan nəhəng neft müqaviləsinin imzalanması idi. Bu, respublikanın müstəqilliyinin möhkəmləndirilməsi, şəhər təsərrüfatının və Bakıda quruculuğun inkişafı və s. ilə bağlı bir sıra konkret vəzifələrin realizəsinə yardım etdi.
Fəal inkişaf edən Azərbaycanın paytaxtı, bölgənin ən böyük siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilməklə artıq bu gün mühüm əhəmiyyət kəsb etməkdədir.
Bakılılar həmişə, ən çətin anlarda belə gələcəyə inamları və böyük nikbinlikləri ilə fərqləniblər. Bu gün, bizim gənc respublikamız müstəqil inkişaf yoluna qədəm qoyarkən, biz inanırıq ki, Bakı gücü-gündən ucalaraq, dünyanın məşhur paytaxt şəhərləri arasında öz keçmişinə, bu gününə və gələcəyinə layiq yer tutacaq.
- Teqlər:
- Bakı
- , Bakı şəhəri
- , Bakının tarixi
- , Bakı seherinin tarixi
- , bakı şəhərinin tarixi haqqında məlumat
- , bakı şəhərinin tarixi haqqında
Comments are closed, but trackbacks and pingbacks are open.