Press "Enter" to skip to content

Текст книги Yazılmayan yazı

Qonşumuz İsgəndər oğlu Mustafa atamgil yuxarıda İsgəndər yurdu sayılan məhlədə yer götürüb ev tikəndə, demişdi: “Sizin torpağınız odur, Ləmbərəndədir. Gedin orda ev tikin”. O torpaqlar qədimdən Mustafagilinmiş. Amma artıq kiminsə dədə-baba torpağına yiyəlik eləməsi götürülmüşdü. Kim harada istəyir, yerli sovet harada yer verir, orada da tikirdilər. Bəyin, xanın, mülkədarın nə həddi vardı, indinin indisində dura torpaq davasına. Heç bəyliyini söyləyə bilirdi? Bəs bu söhbət haradan? Mən öz soyumuzu tapmaqdan ötrü, Mustafa kişinin söylədiyi sözü açmalıyam.

Sabir Əhmədli – Ağrılarına sığınıb yaşayan yazıçı

Sabir Əhmədli Azərbaycan nəsrinin yeni meyarlarla qurulmasında, fərdi bədii ədaları ilə onun üslub, tipaj, problem və düşüncə yeniliyi səviyyəsində yenilənməsində əvəzsiz rolu olan yazıçılarımızdandır. Milli düşüncənin ən həssas məqamlarına toxunmaqda, cəmiyyətin yaralarını bədii təcəssümün predmeti etməkdə xüsusi yerə və dəyərə malikdir.

1960-cı illərdən başlayaraq nəsrdə güclənən bir çox əlamətlər bir neçə yazıçının yaradıcılığında daha sərt boyalarla təzahür etdi ki, onlardan biri də Sabir Əhmədli idi.

Qəhrəman olaraq seçilən adi insanların daha çox düşündürücü obraz qismində səciyyələndirilməsi, ailə-məişət mövzularına üstünlük verilərək mənəvi-əxlaqi məsuliyyət yükünün artırılması, romantikadan imtina edib əvəzində psixoloji dərinliyə meyillik, istehsalat aləmlərində robotlaşmış personajları cəmiyyət həyatının içərilərinə salıb onların individual, fərdi başlanğıca köklənmələrinə yol açması, təhkiyədə daha çox obrazlılığın və reallığın önə çəkilməsi kimi əlamətlər Sabir Əhmədli ustalığının hələ zahiri, görünən tərəfləridir. Görünməyən tərəfləri ilə daha çoxdur və onun bir nasir kimi fərqliliyi bu tərəflərin səciyyəsindədir.

Sabir Əhmədli ötən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yazdığı hekayələr və «Aran” roman ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intellektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illər yaradıcılığı isə onun milli-azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı.
1990-cı illər — Qarabağ. Sabir Əhmədlinin əsərlərində konflikt, çarpışma daim işlək olub. Sovet dövründə yazdığı əsərlərdə həmin qütbləşmə, çarpışma mühitlə qəhrəman, xeyirlə şər, doğru ilə yalan arasında gedirsə yazıçının 90-cı illərdən başlayaraq Qarabağ müharibəsinə həsr etdiyi romanlarda metafizik anlamda çevrilmə baş verir. Bu dəfə yazıçını düşündürən nəsnələr „olumla ölüm, cənnətlə cəhənnəm, ruhlar aləmi ilə həqiqət dünyası, zalımlıq və adillik” (Famil Mehdi) məqamları olur.
Sabir Əhmədli bu dövrdə xalqımızın üzləşdiyi bəlaları nəsrə gətirən və bunu epik panoram təsvirləri ilə canlandıran nadir yazıçılardandır. Təsadüfi deyil ki, bu illərdə yazıçının yaratdığı bütün əsərlər, onların mövzu və əhatə dairəsi çağın diktə etdiyi reallıqlara adekvat olaraq yazılır. “Kütlə”, „Yanvar hekayələri”, “Axirət sevdası”, „Kef”, “Ömür urası” və ölümündən sonra çap olunan „Yazılmayan yazı” əsərləri Sabir Əhmədlinin bir yazıçı kimi ölkədə yaşanan situasiyalara həssas yazıçı baxışıdır. Meydan prosesləri, milli azadlıq hərəkatı, 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, erməni təcavüzü, Sumqayıt hadisələri, qaçqınlıq problemi, yurd həsrəti motivləri və başqa bu kimi müharibənin ardınca gətirdiyi bəlalar çeşidi yazıçının əsərlərindən başlıca xətt olaraq keçir.
“Kütlə” romanı 1980-ci illərin sonlarında alovlanan meydan hərəkatına həsr edilən əsərdir. Meydanlara axışan xalq, tribunalarda xalqı mübarizəyə, azadlıq uğrunda mücadiləyə səsləyən ziyalılar, eyni zamanda, bu ağır gündə, insanların ərzaq məhsullarının çoxunu talonla aldığı bir zamanda yuxarı eşalonda çalışan partiya işçilərinin firavan yaşayışı və s. bu kimi məsələlər əsərdə geniş əksini tapıb. Ad məsələsində həssas olan Sabir Əhmədlinin romanını „Kütlə” adlandırmasını təsadüfi saymırıq. Burada bir amal uğrunda küçələrə axışan insanların yumruq kimi birliyi ilə bahəm onların fərqli ambisiyalar, ideologiya və dünyagörüş nəticəsində kütlə olaraq qalması da nəzərdə tutulur. Yazıçı, eyni zamanda, meydanı yalnız görünən qüvvələrin deyil, həm də “görünməz dalğa”nın idarə etdiyini anladır.
Sabir Əhmədli hələ yenicə haqq səsini qaldırmağa çalışan xalqın toplandığı meydanı bütün detalları ilə təsvirə çalışır, insanların psixologiyasının qatlarını açır, qınaq və ittihamlar, üsyana hazır olmamağın fəsadları, düşüncədəki natamamlıqları təsvir edir. Bəzən bu təsvirlərdə qarışıqlıq hakim olur, sanki kütlə ab-havası əsərin daxilində də yaşanır. Bu da ondan irəli gəlir ki, müəllif o dövrə dair müşahidə etdiyi bütün nəsnələri mətnə hopdurmağa çalışır, qarışıq üslub, dolaşıq dialoqlarla yüklənən əsərdə bəzi yerlərdə nəzərə çarpan çaparaqlıq, cilalanmamış fikirlərin təqdimi xaotik bir dalğa yaradır. Buna baxmayaraq, „Kütlə” romanı xalqın üzləşdiyi problemləri incəliklərinə qədər əhatələyib içinə almaq baxımından, tarixilik nöqteyi-nəzərindən dəyərli nümunədir. Həmin proseslərdə iştirak edən elə bir siyasi lider, yaxud ziyalı zümrəsi yoxdur ki, romandan adı keçməsin. Yazıçının oğlu Etibar Əhmədovun müsahibəsində oxuyuruq: “Xalqın bir araya gəldiyi bu hadisələrə atamın, eləcə də mənim münasibətim çox yaxşı idi. Gündüz o gedirdi, axşamlar isə mən. Atam gələndən sonra Sabir Rüstəmxanlının, Xəlil Rza Ulutürkün meydanda yüz minlərlə insanın qabağında necə çıxış etməsi barəsində rəğbətlə danışırdı. Deyirdi ki, şəxsən mən kütlənin qabağında o cür çıxış edə bilmərəm”.

»Kütlə” romanında tarixi qata nüfuz müasir proseslərlə qoşa verilir. Müəllif bu xətti əsərdə Adaş müəllim obrazı vasitəsilə əyaniləşdirir. Nəşriyyat işçisi, azadlıq hərəkatının alovlu iştirakçısı, xalqın hürriyyətini ürəkdən arzulayan Adaş müəllimi yazıçının prototipi, avtobioqrafik obraz kimi də qəbul etmək olar. Hadisələrə soyuqqanlı tərzdə yanaşan Adaş müəllim baş verənlərə tarixin ibrət məqamlarından nəzər yetirir, keçmiş olaylara ekskurs edir, fikirlərini ya özü, ya da Asif, Qulamla paylaşır. Ermənilərin zaman-zaman xalqımızın başına açdığı oyunlardan, torpaqlarımızı işğal etməsindən, törətdiyi vəhşiliklərdən, ötən əsrin əvvəllərində zülmü ərşə dayanan işgəncələrin vüsətindən bəhs edir, 1915-ci ildə Türkiyəyə qarşı xəyanətlərini, ziyalılarımıza qarşı riyakar və bədnam əməllərini xatırladır. Müəllif Adaş müəllim, Asif və Qulam obrazlarında proseslərə daha ayıq, daha analitik münasibət izhar edə bilir.
Sabir Əhmədlinin 1990-1991-ci illərdə yazdığı «Yanvar hekayələri” bizim nəsrdə 20 Yanvar faciəsinə həsr olunan hələlik ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib. Öz azadlığı naminə meydanlara axışan xalq, silahsız xalqa hücum edən sovet ordusu, qana boğulan insanların fəryadı hekayələrin əsas təsvir predmetini təşkil edir. Sabir Əhmədli bu hekayələrdə insan hisslərini, ondakı vətənpərvərlik duyğularını, yurdu üçün əzmlə mücadilə etməsini psixoloji nüans dəqiqliyi ilə ifadə etməyə çalışır. Eyni zamanda, rus imperialist siyasətinin obrazı, bir xalq olaraq dəfələrlə aldanışlarla üz-üzə qalmağımız kimi məsələlər də hekayələrin içindən əsas xətt olaraq keçir. Qeyd edək ki, kitabda yer alan „Dənizdən gələn səda” hekayəsi ABŞ-da da yayımlanmışdır. Hekayədə 20 Yanvar faciəsi ilə bağlı məqamlara, gizlin qatlara varılır ki, məsələn, meyitlərin dənizə atılması, yandırılması, ölülərə edilən həqarətlər, izi itirmək üçün onları sulara qərq etməklə bağlı faktlar və s., — onların həqiqətə əsaslandığı çox keçmədən etiraf edildi.
“Dənizdən gələn səda” hekayəsi „son mənzili Xəzər olan” oğlanın, beş bacının tək qardaşının nisgilli, nakam taleyinə həsr olunub. Rusların hücumu ilə 20 Yanvarda həlak olaraq neftdaşıyan gəmidə Dərbənd sularına atılıb suitilərə yem edilən bu oğlandan təsəlli olaraq geridə qalan anasına yazdığı məktubdur. Yazıçı o məktubdakı sözləri ümumən 20 Yanvar hadisələrində itkin düşənlərin son xatirəsi kimi əbədiləşdirir. O kəslər ki, onlara heç Şəhidlər xiyabanında dəfn olunmaq belə qismət olmadı:

“Alatoranda göyərtə kranları işə düşdü. Türümlərdəki bağlamaları çıxartmağa əl qatdılar. Bəlkə, tonqal çatacaqdılar. Yox, bunların niyyəti özgə imiş. Brezent bağlamaları göyərtənin qırağına sürüdülər.
»Raz! Dva! Vzyali!” — meyit çatılmış mafraşlar dənizə quylandı.
Sonra… sahibindən ayrı düşmüş qollar, qıçlar, başlar tolazlandı.
Bu, bir məşəqqətdi. Bizi yandıran o idi ki, başımıza gətirdikləri bəs deyilmiş, ardımızca söyüş yağdırır, təpiklə vurub bağırırdılar: «Vot vam Şaxidlyar xiyabanı!»
Bir də gördük ki, ana, üstümüzdə vertolyotlar dolanır. Köməyimi gəlmişdilər? Endi, az qaldı dalğalara toxunsun. Qapı açıldı, oradan dənizə atılmağa başladılar.
Paraşütləri yox idi, dalğaların arasına düşür, batır… çıxmırdılar. Hə, bunlar desant deyilmiş, eləcə bizdənmişlər. Amma onları vertolyotla gətirmişdilər.
Beləcə, başı Həştərxan, ayağı Lənkəran — dəniz oldu məzarımız, can ana”.
Amerikalı ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis Betty Blair hələ 1990-cı illərin əvvəlində ingilis dilinə tərcümə edərək «Azerbaijan International» dərgisində nəşr etdiyi bu hekayəni belə təqdim edirdi: «Sabir Əhmədlinin üslubu sürreal hesab oluna bilər. „Dənizdən səda“ hekayəsində xaotik gecədə öldürülmüş bir oğul anasına məktub dilində ölümünü və ölüsünü təsvir edir. Bu müddətdə dəniz cəsədi kənara atıb, suitilər cəsədlə çarpışır».
Müəllifin həmin silsilədən çap olunan «Cəza”, „İşığı söndürmə”, “Şəhidlər xiyabanı”, „Qisas”, “Heç nə” hekayələri də şəhid ata və anaların harayını, emosional baxışlarını, övlad itkisinin onlara hansı psixoloji zərbə vurduğunu, erməni quldurlarının bədnam əməllərini, xalqımıza olan mənfur niyyətlərini meydana qoyur.
»Kütlə” və «Yanvar hekayələri” Sabir Əhmədlinin yazıçı, vətəndaş olaraq xalq, millət qarşısında mənəvi cavabdehlik hissindən hasilə gələn əsərlərdir. Ölkənin çətin günündə baş verənlərə tarixi qiymətin verilməsində, onun taleyüklü məsələlərinin ədəbiyyata gətirilməsində bu əsərlərin müstəsna rolu oldu.
Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur. Hələ „Ədəbiyyat qəzeti”nin 1993-cü il mart-aprel aylarında “Qarabağın qarlı səngərləri” adlı publisistik yazısında yazıçı Füzuli və Cəbrayıl bölgəsində apardığı müşahidələrini oxucularla bölüşərkən cəbhədə rastlaşdığı bütün reallıqları təfərrüatı ilə nəql etmiş, erməni qüvvələrinin dinc əhaliyə tutduqları divanları, onların yaşadıqları ərazilərə qəfil basqın etmələrini, əliyalın insanların çarəsizliyini, eyni zamanda, belə ağır günlərdə arxa cəbhədə aparılan oyunları, vəzifə hərisliyi, dəstəbazlıq, ön cəbhədəkilərin vəziyyətinə biganəlikləri və digər bu kimi amansız gerçəkləri sərt formada sərgiləmişdir. Sonrakı illərdə müharibə mövzusu yazıçının yaradıcılığında daha çox o kontekstdən işlənmişdir ki, dünyanı idrak, özünü dərk, son problematikası, heçlik duyğusu önə keçmiş, iç yaşantıları, mənəvi iztirabları ancaq bu məqsədin ifadəsinə yönəlmişdir: „Məni ölüm düşündürür”!

Ölüm haqqında düşünmək üçün Sabir Əhmədlinin böyük ağrıları vardı. Qardaşını Böyük Vətən müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirmişdir. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, „Kef” və “Ömür urası” romanlarında əksini tapmışdır.
Bu üç əsəri ilk trilogiya adlandıran və „Qarabağ müharibəsi mövzusu ümumən ədəbiyyatımıza bu trilogiya ilə girir”, — yazan AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Sabir Əhmədlinin Qarabağ trilogiyası” adlı məqaləsində oxuyuruq:
»Axirət sevdası” üç romandan ibarət trilogiyadır; əgər eyni adlı birinci romanda Müharibə ilə üz-üzə İnsanın Əbədiyyət axtarışları (ruhi varlığı) predmet seçilmişsə, «Kef”də müharibə şəraitində İnsanın başlıca olaraq nəfsi — cismani yaşamları hədəfdədirsə, „Ömür urası”nda yazıçının diqqəti bu dəfə İnsanın mənəvi siması, “yer sakini”nin məğzi-mənası, Yer ölçüləri üzərindədir.
Romanın poetexnologiyası barəsində təzə nəsə deməyə lüzum yox. Ümumən bu yaşda, bu yetkinlikdə yazardan təzə bədiiyyat istəməyin özü yanlış olar; bu yenə də həmən XX əsr Avropa romançılığıdır ki, İnsanın mənəvi (sosial, psixoloji, ekzistensial, altşüur. ) dünyasını verir qəhrəmanın düşüncə selinin qabağına və oxucu ilə bahəm baxır-görsün sonu nə olacaq”.
»Axirət sevdası” və “Ömür urası”nda tale, ölüm, ruhun fəlsəfəsi, fanilik və əbədiyyət haqqındakı düşüncələr aparıcıdır. İtirdiyi torpağı ilə bağlı narahatlığını yanıqlı bir dillə qələmə alan yazıçı qəfil intonasiyanı, ritmi dəyişir və hadisələrin obyektivi müəllifin mənəvi yaşantılarının dərin qatına fokuslanır: «Мəni ölüm düşündürür”! Bundan sonra daha çox fəlsəfi mündəricə önə keçir. Bu fəlsəfi düşüncə ilə yüklənmiş obraz yazıçının özüdür. Sabir Əhmədlinin yazıçı, vətəndaş, ata kimi duyğularını danışdırdığı əsərdir „Axirət sevdası”. Roman boyu qəhrəmanın – özünün daxili nitqi, şüur axını, irəli-geri zaman dönümlərinə sıçrayışları, oğlu Məhəmmədin itkisi ilə bağlı yaşadığı dərin psixoloji-hissi sarsıntıları o qədər dərin işlənir ki, oxucu yazıçının şəxsi kədər və iztirabının fonunda bütöv vətənin yaralarını, portretini görür.
“Axirət sevdası” romanındakı əsas surət yazıçının oğlu Məhəmməd olsa da o, romana təhkiyəçinin xatirələri, düşüncələri, yaddaş qəlpələri əsnasında adlayır. Təhkiyəçi isə yazıçının özüdür. Oxucu yazıçının seçdiyi belə bir bədii üsul vasitəsilə müharibə və onun acı reallıqları, oğlu Məhəmmədin ön cəbhəyə könüllü qoşulması, az sonra şəhid olma faktı ilə tanış olur.
Oğlunun ardınca cəbhə bölgəsinə yollanan ata onu Beyləqanda, Goranda, Gəncədə, Murovda axtarmalı olur. Oradan Gəncəyə, dostunun evinə qayıdır. Bu zaman ona Məhəmmədin yaralanması xəbərini verirlər və o, dərhal Bakıya üz tutur. Və… Evə daxil olunca oğlunun hüzür məclisi ilə qarşılaşır:
»Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
-Y O X! Yox! Yox… Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!-cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.
-Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə”.

Bu kiçik parçada müharibə məşəqqətlərini, onun insan həyatına qatdığı acıları dərk etmək üçün hər şey var. Oğul itirən atanın ağrıları, canını vətən üçün könüllü sipər edən oğullarımızın nakam taleyi, insan həyəcanlarının ekstaz biçimdə təqdimi və bütün bu mənəvi yaşantıların sonda insan psixologiyasına vurduğu zərbələr. Bu mənada «Axirət sevdası” əsərinin əsas leytmotivini təşkil edən fanilik və əbədiyyət haqqında düşüncələr heç nahaq deyil. Vaqif Yusifli yazır: „Sabir Əhmədlinin “Axirət sevdası» romanı bu ata dərdini əbədiləşdirən bir əsər kimi yarandı. Bu roman «Ata ağrısı» da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində Yazıçı-Atanın oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik”.
Əlbəttə əsərin içinə aldığı çox problem, çox mənzərə var. Müharibə ritmi əsərin hər səhifəsində duyulur. Düzdür, müəllif savaş səhnələri canlandırmır, buna baxmayaraq, yazıçının həm arxa, həm də ön cəbhədə görüb şahid olduğu reallıqlar, əsgərlərimizin orduda vəziyyətlərinin qənaətbəxş olmaması, silahsızlığı, əyin-başlarının nazikliyi, belə bir çətin durumda, onların ölüm-qalım savaşında canları ilə əlləşdikləri bir zamanda müxtəlif rayonların icra başçılarının toy-büsat qurmaları, öz eyş-işrətlərindən qalmamaları haqqında təhkiyəçi yolboyu düşünür, ağrıyır.
Romanda şəhidlik ali bir məqam olaraq mənalanır «Olum, Ölüm eyni hadisədir. Birindən insan, о birindən ruh doğulur. Ölüm də Doğuluşca heyrət oyatmalı, seviclə qarşılanmalıdır. Ölüm əbədi ömrün başlanmasıdır. Ölüm məqamında doğulan ruh – işıqdır”.
Məhəmmədin ölümündən sonra əsər ölümlə bağlı, ruhun fəlsəfəsi ilə bağlı metafizik qata enişi ilə davam edir. Yazıçı əsərdə ruhsal müstəvidə olan düşüncələrini ilahiyyatçı müəllim obrazı kimi təqdim etdiyi Maliklə söhbətində bölüşür. Bu artıq „Məni ölüm düşündürür”, — yazan müəllifin gəlib çatdığı nöqtədir… Bəli, müharibə ölüm haqqında düşündürür, müharibə insan ruhunun ölümü tanıyıb dərk etməsinə daha yaxşı yol açır. Hələ olsun sinəsinə qardaş, oğul dağı çəkilmiş yazıçı ruhu ola. Bir az təəssüf, bir az da təmkinli nəzərlərlə baxıb anladır ki, “Başlıcası sağlıqdır, hər şey gəlib yerini alacaq. Evlər təzədən tikiləcək, şəhərlər, kəndlər əzəlkindən abad qurulacaq. Ötən müharibədə Kiyev, Varşava, Rostov yerlə-yeksan olmuşdu. İndi gedin baxın! Beş dəfə özündən artıq tikilmiş, böyümüşdür… Amma gedənlər, ölənlər qayıtmayacaq. Ölümdən qayıdış yoxdur”.

»Kef” romanında yazıçının toxunduğu problemlər çoxyönlüdür. Bir yazıçının ailəsindən başlanan hekayət az sonra ictimai sferaya adlayır. Əsərin mövzusunu ölkəmizdə gedən ictimai-siyasi proseslər, ərazi bütövlüyü uğrunda çarpışmalar, milli müstəqilliyimizin bərpa olunması, qaçqınların öz doğma ocaqlarına qayıtması, savaş ruhunun dirçəldilməsi, müharibənin fəsadlarının aradan qaldırılması kimi məsələlər təşkil edir. Romanla bağlı bir müsahibəsində yazıçı deyirdi: «Baş verənləri mürəkkəb bir axın şəklində görmək lazımdır. Ən ağıllı və fərasətli adam odur ki, bu axında cəmiyyəti hansı xəttin səciyyələndirdiyini ayırd etməyi bacarıb, öz işlərini o istiqamətdə qurur. Sənət adamları, məsələn, yazıçılar da dövləti idarə edən, onun siyasətini müəyyənləşdirən adamlardan köməklərini əsirgəməməlidirlər”.
Nəhayət, yazıçının sağlığında çap olunan „Ömür urası” romanı. Bu məqama diqqət edək: son kitab “Axirət sevdası” (2003), son əsər isə „Ömür urası” (2000-2001)! “Ömür urası” Sabir Əhmədlinin həyat, ruhlar aləmi, iki dünya ilə bağlı narahat düşüncələrinin mətnləşdiyi son ünvandır. Bu həm də yazıçının özünün gəlib çatdığı, nəfəs dərdiyi son duracaqdır- ömür urasıdır. Necə ki, əsərin əvvəlində yazır:
»Bağlar sovulanda yığılan bara el arasında «peşxudr” deyirlər. Biçilmiş zəmidən düşən tək-tük sünbül „başaq” adlanır. Bostan, dirrikdən qalma son məhsulsa “ura”dır. Məsəl var: „Gedər bostan urası, qalar üzün qarası.”
İnsan ömrünün sovulan çağına da “ura” söyləmək olar. Oxuculara çatdırılan bu romansa yazıçı ömrünün son yetirməsi – „ura”dır. Bundan sonra nə yazsa, həmin ad altında gedəcək”.
Bu əsər də Qarabağ mövzusuna həsr olunub. Yazıçı son günlərinə qədər itki ilə barışa bilmir: qardaş, oğul, dost, torpaq itkisinin hər biri yazıçının qəlbində izini qoyur. “Yeddi il keçmişdi. Günə çevir bu yeddi ili, gör neçə gecə-gündüz eləyir. Onun hər anı ürəkağrısı, af-ufla doluydu”, — yazır əsərində. Burada da müharibənin insan psixologiyasına vurduğu zərbələr, yurdunun talanmasına biganələşən, doğma ocaqlarını qaytarmaq üçün tərpəniş göstərməyən insanlar, düşmən əməllərinin önündə unutqanlığımız əsas qınaq predmetnə çevrilir. Bəzi hallarda yazıçı qələmi daha dərin məqamlara işləyir, ziddiyyətlərə tuşlanır, oxucunu amansız gerçəklərlə üz-üzə qoyurdu. Məsələn, paytaxtda boş gördükləri şəhər evlərinə qanunsuz olaraq soxulan və bununla erməni istilasını hansısa formada təkrarlayan qaçqınların əməllərini Sabir Əhmədli sərt üslub və yalın dillə tənqid edirdi: „Yerli əhali illərdi Bakıda, Sumqayıtda ev növbəsinə dayanıb kooperativ mənzil tikintisini gözləyirdi: tikinti başa gəlsin, onlar mənzilsizlikdən qurtulub, rahat bir yaşayışa qovuşsunlar. Onların bu ümidini qaçqınlar büsbütün puç etmiş, zorla soxulmuşdular yarımçıq qalmış binalara, mənzillərə… Yurdu işğal edilmiş qaçqın, evsizlikdən əzab çəkən – tavanasız yoxsulun göz dikdiyi mənzili zəbt etmişdi”.
Amma əsər büsbütün bu motivlər üzərində qurulmayıb. “Ömür urası” Sabir Əhmədlinin xəyallar aləminə virtual səyahətidir. Savaş bitmiş, Qarabağ azad olmuş, itirdiyimiz torpaqlar geri alınmış, qaçqınlar öz yurdlarına qayıtmışlar. Əsər Sabir Əhmədlinin həm xəyalının, həm də gələcək arzularının təsviri, sabaha nikbin baxışı ilə qapanır.
Yazıçı Həmid Herisçinin fikrinə görə, „Bakı-Mincivan qatarı”nda Cəbrayıla gedib çıxan tənha müəllim obrazı Sabir Əhmədlinin özüdü”. Yolboyu trilogiyanın qəhrəmanı olan Kişi bir zaman müəllim işlədiyi yurdunun kənd-kənd, oba-oba sorağına çıxır. Ermənilərlə qonşuluqda yaşamalarını xatırlayır, işğala az qalmış tikdirdiyi evin izi ilə az qala hər dağın, daşın əvvəlki biçimini axtarır. Reallıqsa danılmazdır. Ermənilərin kənddə dağıtmadığı, viran qoymadığı heç nə qalmayıb. Evlər, muzeylər, tarixi abidələr, heykəllər, qəbirlər xarabazara çevrilib. Sabir Əhmədli sovet dövründə yanaşı, dinc şəraitdə birlikdə yaşadığımız erməni məsələsinə həssaslıqla yanaşır. Qeyd edək ki, yazıçı hələ 1984-cü ildə nəşr olunan “Göy gümbəz” kitabındakı „Qəribə səyyahlar” adlı hekayəsində “Qara limanı”, „Madğa” kimi sözlərlə Qarabağla bağlı müəyyən işarələr etmişdir. Bu artıq Sabir Əhmədli fəhminin gücü idi. İndi budur, illər ötmüş, “deyilənlər başa gəlmiş”dir. Yazıçı isə heç vəchlə olanlarla barışa bilmir: „Türk görəndə əsim-əsim əsən erməni gör bizi doğma yurddan qaçırtmış, yurd-yesir etmişdi: “Ara musurman! Yeddi ermənini bir dərədə tək görmüsən?” deyib də ələ saldığımız, sarıdığımız erməni başımıza nə müsibətlər gətirdi! Qorxaq, quşürək sandığımız dığalar, haylar tarixboyu nə qədər uduzmuşdular, nə ki, hayıfları vardı bizdə, hamısını aldılar”.

Sabir Əhmədli qələminin həqiqətləri boyasız təqdim etmək səriştəsi burda da işə düşür. Yazıçı ittihamına tuş gələn yalnız erməni vəhşiliklərinin hüdudsuzluğu olmur, həm də ermənilər gəlməmiş boşalmış yurdda, mahaldakı evlərin talan olması faktı mətnə gətirilir. Eyni zamanda, müharibə yaşanan bir dövrdə hökm sürən disharmoniya, ölkənin iki qütbündə ayrı atmosferin mövcudluğu, torpağı qorumaq əzmində birlik yarada bilməməyimiz, insanları düşmən önündə tərksilah, əliyalın buraxılması, üstəlik, müxtəlif dünya birliklərinin bu haqsızlığa göz yumması, erməni ilə olan iş birlikləri Kişinin düşüncələrindən keçən fikirlər qismində qərarlaşır: „Dünya ermənilərin mənafeyini güdür, bütün xaçpərəst aləmi, Avropa, Amerikada sakinləşmiş erməni diasporu onlara yardım edir, havadarlıq göstərirdi. Bizimkilərsə iqtidar-müxalifət cəbhəsinə bölünüb, bir-birilə çəkişir, öcəşir, bitib-tükənməz didişmədən qurtarıb, Qarabağın azadlığından ötrü iş görə bilmirdilər. ”.

Bir əsərin bədii təsir gücü insan ağrısı və həqiqətini meydana qoymaqdısa “Ömür urası” romanında bu səviyyə yetərincə dolğun işlənib. Tehran Əlişanoğlu düz vurğulayır ki, „Sabir Əhmədli, tələb olunduğu tək, ədəbiyyatımızda ilk dəfə Qarabağ müharibəsi mövzusunu qlobal yanaşma müstəvisində çözməyə cəhd edir”. Tənqidçi əsaslandırır: “Romanda bir leytmotiv var – İnsan! Və bu, təkcə əsas personaj – Azərbaycan Kişisinin simasında təcəssüm tapmaqla qalmır; yazıçı təfərrüatları, faktları, yaddaşdan və bilavasitə lövhələri, epizodları, hadisələri danışdırmaqla geniş insan mənzərələri yaradır; eyni zamanda, antiinsani səhnələrə vurğu salır. S.Əhmədli insanlarımıza qarşı neçə-neçə erməni vəhşiliyinin konkret, faktiki təsvirini verərkən, sakit görünür; lakin bu, niyyəti duru bir qələmin toxdaqlığıdır, müharibəyə öz rəngində yanaşmaq gərəkdir: „Kişi öz həyətinə yaxınlaşmaqda özünə bununla təsəlli verirdi: erməni işğalçılarının törətdiyi bütün cinayətlər Nürinberqsayaq bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırdığı dinc əhali, körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası verilməliydi. Bağ-baxçalara amansızcasına divan tutmuş qəsbkarlardan məhv etdikləri bitkilərin də qisası alınmalıdı”.

Romanda son səhnədə yurduna qayıtmış Kişi burada ilk xalçaçı qızlarla rastlaşır. Bu həm də yurda bağlı olmağın təkrarsız milli çalarda ifadəsidir. Məhz xalça toxuyan qızların yurda ilk sahib çıxması! Amma onlar həm də Kişinin şəhid olmuş oğlunun arzularının şahidləridir: “Kişi hal-əhval tutdu. Xalça Birliyinin başına nə gəldiyini soruşdu.
Qızın baxışları taxtapuşu sökülmüş alt-üst evin üst qatına dolandı. Pəncərələri çıxarılmış otağın önündə, eyvanın tavanına dikildi. O, köks ötürüb dedi:
— Sizin oğlunuzun başına gələni də eşitdik… Murovda şəhid olub.
Qızı qəhər boğdu, kişi dilləndi:
— O, yayda buraya gəlir, evin işinə əl tuturdu.
Qız üst qatı, eyvanın tavanını göstərdi:
— Oranı rəngləyirdi. İşdən gedəndə görmüşdük. Anası çağırırdı: „Ehtiyatlı ol, yıxılarsan!” Bibisinin, sizin bacınızın toxumçuluq idarəsinə də baş çəkirdi… Bibisinə deyibmiş: “Mən xalçatoxuyan qız alacam!”
Kişi kəsik ağacların dibinə axan suya baxdı, dilləndi:
— Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər.

Xalçaçı qız üst qatdan gözünü yığıb, müəllimlə sağollaşıb, düzəldi yola”.

»Ömür urası” Avropa standartlı bir romandır,… qaldırdığı yükün çəkisinə görə burda biz bəlkə bir onda çaşa bilərik ki, romanı Nobel mükafatçısı yox, Sabir Əhmədli yazmışdır. “Ömür urası”nda yazıçı lokal yozumları, yalançı pozaları qıraraq etnoqrafik, məişət, mənəviyyat, vətəndaşlıq, millət və ümumən insanlıq sırasından hadisələri və ziddiyyətləri ustalıqla bəşəri məzmuna yığa bilmiş; aya, olmadı elə oldu belə, kiminsə yanında gözüqıpıq görünməyimizdən qorxmamışdır. Romanın uğuru məhz ondadır ki, burda vətən hissi, vətənə, Vətən torpağına bağlılıq fərdi məzmununda qavranılır. Kişinin yurdla təması o qədər ibtidai və eyni zamanda, düşüncəli, sivilizasiondur ki, istəsə də üçüncü bir kəsin bura girməyə yeri yoxdur. ” (Tehran Əlişanoğlu).
Yazıçının ölümündən sonra işıq üzü görən, 80 illik yubileyinə həsr edilən «Yazılmayan yazı» müəllifin ən irihəcmli romanı kimi avtobioqrafik səciyyə daşıyır. Romanda müəllifin dünyaya göz açdığı Cəbrayıl rayonunun tarixi ilə bağlı faktlar, məktəb və tələbəlik illəri ilə bağlı xatirələri, Bakıya gəlişi, müəllim kimi rayonda çalışması, ədəbi mühitlə münasibətləri, Cənub mövzusu, çox sevdiyi Ziyarət dağı, «onun hər iki yanından Araza doğru uzanan qollar”, Qarabağ silsiləsi haqqında məlumat, nəsil şəcərəsi, ailə üzvləri, 20 yaşında müharibədə həlak olmuş qardaşı Cəmil Əhmədovun məzarını „Qardaşlıq qəbiristanlığı”ndan tapması və başqa bu kimi tərcümeyi-halının bir çox səhifələri əbədiləşib.
Tənqidçi Südabə Ağabalayevanın 1999-cu ildə yazdığı “Bu ömür deyilən bir kiçik möhnət” məqaləsində yazıçının ibrətli həyat yoluna aydın, dəqiq vurulmuş naxışlar yer alıb: „Yazıçı Sabir Əhmədli çox yollara yolçu olub, çox yerləri gəzib, amma onun ömründə getdiyi iki yol var ki… Yolların biri Sabir Əhmədli qardaşı – Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun adına Polşa torpağına gedib. Şimali Qafqazdan Polşayadək vuruşub, Cəbrayıla heykəl olub “qayıdan” qardaşının qəbrini ziyarət edib.
On bir il əvvəl Sabir müəllim bir də yola çıxdı. Məhəmmədi görməyə getdiyi yol labirint oldu, oğlunu soraqladığı yollar səmtini Bakıya yönəltdi… Və Yasamaldakı evin həyətində qurulmuş yas mağarında bitdi… Burada Sabir müəllimin yolçuluğu başa çatdı. Bu yolun sonunda Sabir müəllimi Şəhid Atası adı gözləyirdi”.

Şəhid Atası! Azərbaycan nəsrinə qazandırdığı təkrarsız bədii örnəklərin müəllifi olmaqla bərabər Sabir Əhmədlinin ömrünün urasında qazandığı bu ad ona Tanrı tərəfindən verilmiş Seçilmişlik haqqının ən şərəflilərindəndir məncə.

Mənbə: kaspi.az

  • Teqlər:
  • Sabir Əhmədli
  • , yazıçılar
  • , yazıçı Sabir Əhmədli

Текст книги “Yazılmayan yazı”

Sabir Əhmədli zamanının reallıqlarım əsərlərində təsvir edən tanınmış qələm ustası idi. O, gördüklərini və eşitdiklərini olduğu kimi düzü-düzünə yazırdı. Bu əsərlərdə cəmiyyətdəki çatışmamazlıqların, kəm-kəsirlərin əks edilməsi isə sovet ideologiyasına qulluq edən məmurların ürəyincə olmurdu. Ona görə də uzun illər kitablarının çapına əngəllər törədilir, əsərlərinin təbliğinə, yayılmasına imkan verilmir, ona soyuq münasibət bəslənilirdi.

Sabir Əhmədlinin əsas günahı mədhiyyəçi olmaması idi. Sovet ideologiyası təbirincə desək, yazıçı gərəksiz həqiqətdənsə, sosializmin nailiyyətlərini tərənnüm etməli idi. Böyük nasir ona edilən təzyiqlərə gərgin əməyi, çoxsaylı roman və povestləri ilə cavab vermişdir. Bəlkə də bu səbəbdəndir ki, Sabir Əhmədli ədəbiyyatımızda ən çox – iyirmidən artıq roman yazan sənətkardır.

Yaradıcılığının başlanğıcında “Arabaçı” hekayəsi ilə tanınan yazıçı illər keçdikcə “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Dünyanın arşını”, “Qan– köçürmə stansiyası”, “Yasamal gölündə qayıqlar üzür”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu”, “Uyuq”, “Yazılmayan yazı” adlı əsərləri ilə ədəbiyyatımızda özünə möhtəşəm mövqe qazanmışdır.

“Yazılmayan yazı” əsəri Sabir Əhmədlinin vəfatından sonra çap olunan ilk romanıdır. Avtobioqrafik səciyyə daşıyan roman ixtisarla birinci dəfə 2010-cu ildə nəşr edilib. Hazırda ixtiyarınıza verdiyimiz bu kitab isə həmin nəşrin ailəsinin icazəsi ilə daha bir qədər ixtisar edilmiş variantıdır. Əsər yazıçının ən irihəcmli romanıdır. Onun bütün əsərlərində olduğu kimi bu romanda da cəmiyyətin alt qatlarının həqiqəti öz ifadəsini tapıb.

Müəllif əsərində uşaqlığından başlamış ahıl çağlarınadək yaşadığı illəri özünəməxsus təhkiyə ilə oxucuya çatdırmaqla rastlaşdığı insanlar, hadisələr barədə öz obyektiv münasibətini bildrimişdir. “Yer-yurd” bölümündə doğulduğu bölgə haqqında, “Soy-kök” bölümündə nəsli, qohum-əqrəbası, “Üç qardaş, bir bacı” bölümündə ailəsi barədə xatirələrini yazmışdır. Sonrakı bölümlərdə uşaqlıq illərini, tələbəlik illərini, rayon mərkəzində müəllim, məktəb direktoru işlədiyi illəri təsvir etmişdir. “Qırxdan bir əskik” adlı son bölümdə isə, o, “Ədəbiyyat qəzeti” ndə işlədiyi 39 illik bir dövrü əhatəli formada qələmə almışdır. Bu bölümdə həm də həmin dövrün görkəmli alimləri, yaradıcı şəxsləri, siyasi xadimləri haqqında da dəyərli məlumatlar, müəllifin onlara münasibəti əks olunmuşdur. İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş böyük qardaşı Cəmil Əhmədov, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan oğlu Məhəmməd haqqında xatirələri də həyəcansız oxumaq mümkün deyil.

Xalq həmişə onu sevənin dəyərini verir. Elə ona görədir ki, Sabir Əhmədli müstəqillik dövrümüzün ilk xalq yazıçısıdır.

Rövşən Yerfi

Yazılmayan yazı

Bu böyük sənətkarlarımızın təvazökarlığından irəli gəlmişdir; özündənsə başqalarından, daha maraqlı insanlardan və daha dəyərli hadisələrdən yazmalı. “Başına gələnləri yazıb” deyir, çox halda əsəri də, müəllifi də qınayırlar. Bu millət qədimlərdən bəri möcüzəni adidən, təxəyyülü gerçəklikdən üstün tutmuş, əsərə də, yazıya da bu sayaq yanaşmışdır.

Yalnız yazıçının yox, hər kəsin özündən danışmağı öyünmək sayılır. Ədibin “özündən danışmamağı” bir də oradan irəli gəlir ki, o, oxucunu öz yaşayışından, həyat macəralarından hali etmək istəmir. Onun elə gizlincləri, sirləri olub, onları oxuculara bildirməyə, açıb tökməyə lüzum görməyib.

Öz həyatını yazmamaq inadı bəlkə, yazıçının oxucuya inamsızlığından, yaşayışını örtülü, sirli saxlamaq niyyətindən və nəhayət, yazı sənətini hamının bacaracağı bir peşə həddinə endirməmək qənaətindən baş vermişdir. Yazmaq, kitab bağlamaq axı, vergidir. O, hər kəsə nəsib olmur. Müqəddəs kitabımız “Quran” da vergidir, göylərdən enmiş bir möcüzədir.

Sabir Əhmədli
20 iyul 1998-ci il

Yer-yurd

İndiyədək mən şəcərəmi, babamdan o yana ayırd edə bilməmişəm. Bunu çox adam bilir, ulu babasınadək sayır. Bəzən də görürsən özlərinə nüfuzlu, sayılan bir soy-san uydurur, aparıb tarixi şəxsiyyətlərə çıxarırlar. Nəsillə öyünmək böyük işdir, nəsilli-köklüsənsə nüfuzun qalxır. Bəy, xan, cəddi-baba, sanballı sayılır.

Sovet hökuməti təzə qurulanda, ondan sonra əksəriyyət nəslini danır, əfəndi, bəy, xan soyadından qaçır, imtina edirdilər. İndi bunu arayır, bəyləri, xanları, molla, mir, seyidləri dirildirlər.

Keçmişlərdə bizim millət başlıcası filankəs oğlu, filankəslərdən, filankəs uşağı təki tanınıb, çağrılıblar. Bizdə məsələn, Nəcəfqulu uşağı, Rüstəm uşağı, Səhliyallar… tanınıb, tanıdılıblar. Adı tanımlı, nəsli-kökü olmayanlarsa yeri, kəndi, ayamasıyla çağırılıblar, nişan veriliblər.

Hüseyn ağa nəsli gedib çıxır İbrahim xana, Pənah xana. Bunların Cəbrayılda, yalda böyük evləri vardı. İyirmi-otuz otaqdı. Sovet vaxtı oranı xəstəxanaya çevirdilər. Həyətdə iri xar tut ağacı vardı. Anamgil onlardan həvəslə danışır, xanımların davranış, əyləncə və istirahətindən söz açırdılar. Tutu iynə ilə yeyirmişlər. İynəni xar tuta sancır, qaldırıb qoyurmuşlar ağızlarına. Həm rahat, həm də əl-ovucları xar tutun şirəsinə, boyasına bulaşmırmış. Hüseyn ağanın oğlu Firuz ağa, başqa bir oğlu da varmış. Cəbrayılda, Qurban təpəsi səmtdə Qalalı qəbristanında dəfn olunublar. Nə Hüseyn ağanın, nə övladlarının qəbirləri bilinmir. Onu bizim nənələr, babalar bilərdilər. Onlar da dünyadan çoxdan köçüblər, soruşub öyrənməmişik.

Cəbrayılın yiyəsi Hüseyn ağa imiş. Onu görənlər vardı. Təhməz oğlu Hüseyn Hüseyn ağadan, Cəbrayılın keçmişindən maraqlı söhbətlər danışırdı. Şəhriyar Quliyev Tariyelgillə köməkli Cəbrayılın tarixini, etnosunu yazıblar. Orada Hüseyn ağa barədə də söz var. Mən hər dəfə Cəbrayıla gedəndə, Şəhriyargillə görüşəndə deyirdim: – Siz Təhməz oğlu Hüseyndən yapışın, onu dilləndirin, o nə söz desə, bütünlükdə yazın. Cəbrayılın yaxın tarixini o, yaxşı bilir, gördükləridir. Təhməz oğlu Hüseyn doxsan yaşdan artıq yaşadı, bu yaxınlarda rəhmətə getdi. Oğlu Bəhlul mənim yaşıdım, dostumdu. Hüseyn kişinin qızı Bakının hansı rayonundasa xalq hakimidir.

Təhməz oğlu Hüseyn üzdən bir qədər sərt, soyuq görünsə də mehriban insandı, oğlu Bəhlulla yaşdaş dost olduğumuza görə mənə isinirdi. Onun söhbətlərini məmnuniyyətlə dinləyirdim. Təhməz oğlu Hüseyn bizə əsl comərd, kişi sifətin-də görünürdü. Sürməyi kalife şalvar-rubaşqa geyirdi, furaşka qoyurdu, uca hündür adamdı, ağbənizdi, gözləri göyə çalırdı. İti, kəskin baxırdı. Onu Çinar kəhrizinin Yarəhmədliyəcən uzanan arxının üstdə, dikdən keçən yolda atlı, gah piyada çox görmüşdüm. Boyu elə uca idi ki, elə bil ucalığından bir qədər əyilmişdi. O yan, Nəcəf uşağının bağı onlarındı, məhlələri də Yarəhmədliylə Qalalının arasında idi. Üst yal hərbi şəhərcikdi. Oraya – hərbi sərhədçi bölməsinə bunca yaxın olmaqları elə bil onların sayılmağını xeyli artırmışdı. Sərhəd dəstəsilə qonşuluq Nəcəfqulları hərbi rütbəyə yaxınlaşdırmışdı. Sərhədçilər bədöy atlarını Nəcəfqulların həyətləri arasından arxa endirir, yuyur, çimdirir, qaşovlayır, sonra da çəkib, başıyuxarı «otryada» aparırdılar. Sərhədçilərin hamısından yad bir qoxu gəlirdi, sarı, kürən cavanlardı.

Yaraşıqlı zabitlər, gözəl geyimli komandirlər vardı. Ən gözəl atlar onlar minəndi. Hərdən atlanıb yal-yamaca, yollara gəzməyə çıxırdılar. Sərhədçilərin məskəni, Cəbrayılın yalında doğrudan-doğruya bir şəhərdi. Ağ daş-divarlı, qırmızı dəmir-taxtapuşlu, açıq, uzun eyvanları olan binalardı. Sərhədçi dəstənin qərargahı da orada, başda idi. Sarıbəniz sərhədçi məmurlar gözəl-göyçək zövcələri ilə hərdən kənd arasında görünür, gəzir, bazarlıq eləyirdilər. Cümə – yalnız bazar günləri toplandığından, onlar bu gün araya çıxır, həftəlik ərzaq-azuqə, meyvə alıb aparırdılar. Özlərinin də görünür ehtiyatı vardı. Tövlələrdən o üz, onların peyinliyinə, dərə aşağı çeşid-çeşid konserv qutuları, başqa qablar tullanırdı.

Hərbi şəhərcik bir özgə aləmdi. Onların nə üçün burada olduğu sorğusuzdu. Kimsə belə sual verməzdi. Buradan, bizim yallardan baxanda çox-çox enişdə qırılmış sarı sim, tel təki parçaparça Araz işarırdı, o çay sərhəddimizdi. İranla bizim aramızdı. Çay yatağından o üz pərdə-pərdə uca dağlar göyərirdi. Bu sərhəddin nə zaman yarandığı, nə demək olduğu barədə kimsə danışmırdı.

Təhməz oğlu Hüseyn mənə bir kərə danışmış, adını da çəkmişdi. Hərbi şəhərcikdən o üz dərə, bizim Dəyirman dərəsi çağırdığımız, şəhərciyin məşhur yeri vaxtilə bir erməni hampasınınmış. Dərə o üz-bu üz kələsərlik, üzümlükmüş. Orada erməni taciri üzüm becərtdirir, şərab zavodu işlədirmiş. Girli qazanc götürürmüş. Hüseyn ağa Yaponiyaya səfərə gedibmiş. Oradan özünə bir gözəl fayton alıb gətirir. Dəyirman dərəsinin o üzündə, El yolunun bəri başında el-oba yığışıb Hüseyn ağanı qarşılayırlar. Xankişi bir qoç qurban kəsir. Xankişilərin evi bəlliydi, dərənin ayağında dəmir taxtapuşlu tək bir evdi.

Hüseyn ağaya çatdırırlar, erməni siz olmayanda özünü namussuzcasına aparıb, qadına sataşıb. Səhər erkən Hüseyn ağa çıxıbmış araya. Çinarın altında, meydanda erməni hampası ilə qarşılaşır. Erməni ağaya salam verir: – “Sabahın xeyir, ağa!” – deyir. Hüseyn ağa cavab əvəzinə mauzeri ilə erməni hampasının düz alnından vurur. Öldürür onu. Böyük bir iş açılır, Ağa bir ara gedib Sank-Peterburqda qalmalı olur…

Bunu da mənə Təhməz oğlu Hüseyn danışmışdı.

Cəbrayılın tarixçəsi barədə az şey bilirik. Bununla kimsə maraqlanmırdı. Maraq yeni – sovet quruluşuna, onun yaranışına idi. Etnos tərpədilməli deyildi. Bu elm son vaxtlar yayılmış, mahallar, qəzaların tarixçəsi qələmə alınmışdır.

Şəhriyargilin kitabı bu baxımdan dəyərlidir.

Doğulduğum yerin tarixçəsi və coğrafiyasından mən əsərlərimdə az-çox soraq vermişəm. Bir də dönürəm ona: Bu yerin tarixçəsi lap qədimlərdən başlanır. Üzü Ziyarata dayananda, Cəbrayılın sol yanı Laçın, Qubadlı, Həkəri boyu üzyuxarı dağlardı. Şimal səmtdən – Ağcakənd və Dolanlardan Qafan dağları görünür. Başda Ziyarat dağıdır. Bu dağ ətrafdakı bütün zirvələrdən ucadır, divar təki sal dağdır, Ziyaratın o üzü Tağ, Kirs dağlarının meşəli ucalıqlarıdır. Ondan sağa yenə dağlardır, Hadrut səmtə, Balyand dağına gedib qovuşur. Ziyaratın hər iki yanından Araza doğru uzanan qollar getdikcə alçalır, dağlar təpələşir, axırı gedir düzəngaha çıxır. Arazın qırağında bu torpaqlar tükənir. Oradan o yana örüş-örəndir. O tayda yenə dağlar ucalır, Qaradağ silsiləsi yüksəlir.

Beləliklə, Cəbrayılın coğrafiyasını bu sayaq aydınlaşdırmaq olar: Ziyaratdan Araza, Şimaldan Cənuba, Dağ Tumas, Həkəri çayından Şərqə – Balyand dağlarına doğru. Balyandın o üzündən Qarabulaq – Füzuli torpaqları başlayır, Ziyaratın o üzü Hadrut, daha o yanlar Şuşa ərazisidir. Həkəridən o yana Qubadlı, Zəngilandır.

Cəbrayılın ən məhsuldar torpaqları Arazbardır, taxıl yerləri başlıcası Quycax, Daşkəsən səmtdədir. Dağavarda sərin bulaqlar var – Ayı bulağı. Tanınmış, sayılan ocaq – Hacı Qaraman, Ziyarat ətəyi, Sirik yaxınlığındadır. Qaraman nəslinin insanları da orada dəfn edilmişlər. Bütün el Qaraman ocağına and içir, uzaqlardan oraya qonaqlar gəlir.

Siftə gedişimdi Qaramana. Bir dəstə qonaqdıq. Kəndin kişiləri qarşıladılar. Biz qədim mədrəsəyə yollandıq. Yıxılan dam dirəyindən bəlli. Mədrəsə bir iri damdı, üst torpaqdı, qapısı görünür, meşədən kəsilmiş palıd girdınından idi. Qapının tərpənə bilməsi üçün həngama əvəzinə, ağacdan girdə fır düzəltmişdilər. Fır topuğ çökəyə girir, qapını açıb bağlamaqdan ötrü fırlanırdı.

Bir iş təəccüblüydü. Bu iri damın üstünü torpaqla necə örtmüşdülər torpaq havada, tavanda dayanmışdı. Anlatdılar. Əzəlcə torpağın altını qazmış, kürümüş, çıxarmış, beləliklə üst bütöv, sal qalmışdı.

Xırda hücrələr vardı, burada tələbələr qalırmışlar.

Mədrəsənin nə zaman tikildiyi divara ərəb əlifbası ilə yazılmışdı. Əski əlifbanı mən oxudum. Min altı yüz… neçənci ildisə dürüst yadımda qalmayıb.

İş burasında idi ki, el-obanın tanıyıb and içdikləri bu ocaq baxımsız, tör-töküşdü. Şagirdlərin keçmişdə qalıb, yaşadığı hücrələrdə hinduşqa, toyuq-cücə saxlayırdılar, dana-buzov buraxılırdı buraya, dini mərkəz, müqəddəs guşəyə. Bu yeri büsbütün çirkaba, üfunətə bulamışdılar. Guya oraya güvənir, ziyarətgah, pir sayırdılar. Hücrələri o kökdə görəndə mən bərk hirsləndim. Bizim əmiuşağı səmtdən qohumlardan buraya yaxın yaşayan vardı. Araya çıxdılar. “Ayıb döyülmü, bəs, el-obanın yüksək tutduğu, and yeriniz olan qədim ocağı, allah evini bu kökdə saxlayırsınız? Toyuq-cücə hininə çevirmisiz! Bura tarixi abidədir”.

Eşitmişdim Molla Vəli Vidadi buralara, Vaqiflə görüşə gələndə baş çəkərmiş. Deyilənə görə o, yaxındakı Şıxlar qəbristanında basdırılmışdı. Vidadi həmin bu mədrəsədə dərs də verərmiş əkinçi balalarına.

Mədrəsəni, məscidin içini oradaca təmizlətdik. Tapşırdıq ki, dana-buzov, toyuq-cücə saxlamasınlar orada, ayıbdır. Günahdır!

Cəbrayıl əhlinin yaylaq yeri keçmişlərdən Ziyarat dağı olmuşdur. Yeyib-içənlər Ayı bulağının üstünə gəlirdilər. Rəhmətlik anam danışardı, Ziyaratda ailəlikcə necə yaylayıblar. Bu yaylaq əlbəttə böyük qoyun, mal sürülərinə darlıq eləyərdi. İri sürülər, ilxılar Bazarçaya tərpənirdi, Ziyaratsa az adam, təkəmseyrək ailələr üçün əlverişli imiş. Tərəkəmə, bizim heyvandarlar Sisyan, Bazarçay dağlarına gedərdilər. Cəbrayılın hər bir obasının, kəndinin orada, Bazarçaydan üz yuxarı dərə boyu yurd yerləri vardı. Hər kəsin yurdu öz kəndinin adıyla bəlliydi. Ermənilər Zəngəzuru, oraları aldılar. Qoymadılar tərəkəmə elləri dədə-baba yaylaqlarına köçsünlər. Hər daş-qayası türkcəazərbaycanca adlandırılmış dağlar min illərdən bəri tərəkəmə yaylağıydı. Bazarçaydan o üz, gedib çıxır Biçənəyə, Şahbuz üstünə, Batabata, bir yandan da Ordubada. Bazarçay səmtdən də Azərbaycan Naxçıvanla birləşir, torpaqlar bikirləşirdi. Necə ki, aşağıdan, dəmir yolu boyu Meğridən də Azərbaycan qədim torpağı Naxçıvanla birləşirdi.

İndi, büsbütün dəyişmişdir. Ermənilər əzəlcə Göycəyə, Şərura, Qəmərliyə, Vedibasara, Basar-Keçərə yiyələndilər. Sonra bizim Sisyan, Bazarçay yaylaqlarımızı tutub, oraya getməyimizə yol vermədilər. Daha sonra böyük işğal başladı. Dağlıq Qarabağdan üstəlik, Qarabağın başqa yerlərini şəhər, kəndimizi işğal etdilər, hərbi yolla, rus imperiyasının yardımı ilə Azərbaycan torpaqlarını qamarlayıb tutdular. Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl keçdi erməni hərbi qüvvələrinin caynağına. Azərbaycan torpağının gözəl guşələri gündüzün günortasında hayasız bir basqınla, Kremlin qurması ilə zəbt edildi, yurdları, ev-eşiyimizi taladılar, arvad-uşağı qızgəlini girov apardılar. Başlayıblar əkib-biçməyə bizim torpaqlarımızı. Ermənilər arxayınlaşıb, günü-gündən oturaqlaşır, yerlərini bərkidirlər. Erməni Kəlbəcərin İsti-suyunu, qızıl-mis mədənlərimizi torpaq qarışıq qazıb, kürüyüb aparır. Qarabağın bir milyon əhalisi cındır çadırlarda, Biləsuvarın, Muğanın düzlərində, ilan mələyən çöllərdə qırılır.

Dolaşıq bir işə düşmüşük. Heyf səndən, Qarabağ, heyf səndən Şuşa! Yazıq sənə Ağdam! Qalxmalıdır! Daha millət ovunmamalı, yeriməlidir düşmən üstünə. Körpəmizdən ağsaqqaladək hamı – Vətənin bu yaralı, parçalanmış günündə döyüşə girməliyik. Bizim istəyimiz haqdır, biz öz halal, doğma torpaqlarımız uğrunda döyüşə başlayırıq.

Mən sıra ilə, keçmişdən başlayıb aramla gələcəkdim. Dərd məni oynadır. Qarabağ, bu müharibə, qaçqın-köçkün, durum barədə sakit danışmaq olmur.

Yasamala qalxan pillələr doludur Qarabağın qaçqın uşaqlarıyla. Körpə cocuqlardır, eləsi var üç, dörd yaşında. Bunların Vətəni yoxdur, yurdu yoxdur. Bunlar yataqxana künclərində, eləsi var olacağa, otağa çevirdiyi tualetdə, daha harda, Mil-Muğandakılar ağcaqanadların sürü-sürü dolaşdığı cındır, dəlmədeşik çadırlarda doğulub, işıqlı dünyaya gəliblər. O gün bir kişi ilə tanış olduq. Soruşuram: Adın nədir? Deyir Qaçay. Qaçqındır. Dedim gərək bundan sonra küll Qarabağın bütün cocuqlarının adını dəyişib, qoyaq Qaçay.

Qaçqınlığı körpələr vecinə almır. Onların yurdu yataqxana dəhlizləri, ata-anaların dərdindən çərlədikləri dağlardan, bağlardan şirindir. Körpələr, dörd-beş yaşlılar oraları görməyiblər, gözlərinin qabağına gətirə bilmirlər. Körpələrin görmədiyi, tanımadığı torpaqlar, yurdlar züryətsizdir, daha oralarda körpə doğulmur. O sulardan içmir, o çörəkdən yemirlər. Qayıdacaqlarmı? “Pilləkan uşaqları” necə yanaşacaq, necə baxacaq dədənənələrin nisgildən can verdikləri torpaqlara, viranə ev-eşiyə!

Yurdsuz, evsiz-eşiksiz adam necə olar? Bunu bir ruhən araşdıran varmı? Olacaqsız, məskənsiz insan nə halda yaşayır? Elə bil əyləşdiyin kətili çəkiblər. Havada qalıbsan, bütün varlığında bir boşluq istinadsızlıq var. Belə, bu kökdə yaşayır qaçqın. Torpaq, bağ-bağat insanın cismini canlandırır, ayağının altını bərkidir, vücudunda bir sabitlik, durum yaradır. Baxırsan qaçqın kişilərə, qaçqın qadınlara, bunların varlığında bir çəkisizlik var. Kosmonavta dönüblər bədbaxtlar!

Vətən, ev-eşik, doğma torpaq insana, onun halına necə əsər göstərir? Bunlar araşdırılmalı, qaçqın ruhu-xassəsi, davranışı-psixolojisi öyrənilməlidir. Bir həqiqət var: Ermənistan respublikası, ondan qabaq Ermənistan “ölkəsi” kimsənin yox, ancaq Azərbaycanın torpaqları sayasına yaranmışdır. Ermənilər İranla Rus imperiyası arasında Türkmənçay, Gülüstan bağlaşmalarından başlayaraq İrandan köçürülüblər bu yana, Qarabağa, İrəvana. XIX əsrin başlanğıcında İrəvan xanlığının əhalisinin səksən, doxsan faizi biz – azərbaycanlılar olmuşuq. Demoqrafik statistika var, tarix var. Yavaş-yavaş Gömrü, Qara kilsə, Göyçə, Vedibasar tutulub. Nəhayət, axırda Qarabağ!

Yüz illərdir onlar bizə qəsd eləyirlər. Bütün qonşular arasında bizim satqın düşmənimiz onlardır. Bizə qarşı törətdikləri əməllərdən ağlımız başımıza gəlmir. Giclikdən, başısoyuqluqdan əl çəkmirik. Budur bizim mentalitetimiz, milli çatışmazlığımız.

Azərbaycan ölkəsinin başına gəlmiş bu hadisələrin, bu mağmınçılığın nədən törəndiyini, necə, nə üçün baş verdiyini hey düşünürsən, bir yana çıxara bilmirsən. Nədən oldu axı, bunca şəhər-kəndlərimiz erməni əlinə keçdi? İndiyədək də ermənilər şəhər, kəndlərimizdə meydan sulamış, əhaliyə əziyyət vermiş, hətta Bakını ələ keçirmişlər. Amma bütün bu alçaqlıqların cavabı verilmiş, ermənilər qovulmuşlar. 1918-20-ci illərdə onlar çox azğınlıqlar törətmişlər.

Daşnaksyütun dığalar Bakıda, Şamaxıda, Salyanda, Nəvahidə çox qanlar tökmüşlər. Bütün bu fitnəkarlıqda satqın azərbaycanlılardan istifadə etmişdilər. Baxaq,”iyirmi altılara”. Qondarma-qurama Bakı hökumətinə xalis daşnak olan Şaumyan başçılıq eləmiş, iyirmi altıdan ən azı on altısı erməni olmuşdur. Şaumyanın ən yaxın silahdaşı azərbaycanlı Məşədi Əzizbəyovdu. İndi sənədlər çıxır ortaya. Leninin Şaumyana məktubları çap olunur. Aydın olur ki, Lenin hamıdan artıq Şaumyana inanırmış Qafqaz məsələsində, buranın işğalında onunla ünsiyyət saxlamış, ona söykənmişdir. Azərbaycanı, Bakını almaq, tutmaqdan ötrü Daşnaqsyütun himayədarı Şaumyan bolşeviklərin ən inandığı sima olmuşdur. Bəs, Əzizbəyov nə ağılla gizli qayəsi Azərbaycanı məhv etmək olan bu erməni hökumətinin tərkibinə girmişdi? Bakının, Şamaxının körpəsindən ağbirçəyinədək süngüyə taxılanda Əzizbəyov bunu törədən hökumətin başçılığında necə qalmışdır? Hansı qeyrətlə, hansı ürəklə? İndi adını daşıyan prospektdəki nəhəng heykəl, qolunu göyə açıb harasa çağıran kişi satqınlıq, xəyanət abidəsi deyilmi? Kirovun heykəli təki bu abidə də darmadağın edilməli, ya da altından iri bir bildiriş vurulmalıdır: «Satqın». Əzizbəyov şüurlu, istər şüursuz, millətinə qarşı xəyanət yolunu tutmuşdur. Erməni bizi ağılsız yerinə qoyub, istədiyi yola yönəltmişdir. Elə həmin yolla sonralar, axırıncı hərbi münaqişəyədək bizimkilərin arasından, öz içimizdən erməniyə bağışlanmazcasına qulluq göstəriblər. Yeri gələndə hakimiyyət ehtirası, vəzifə mənafeindən yana erməniyə işləyiblər. Sübuta, şahidə ehtiyac yoxdur. Baş vermiş hadisələri öyrənib bildikdə, görürsən erməni böyük himayədarı Rus imperializminin, Moskvanın yardımına güvənib. O biri yandan KQB-yə satılmış, Rusiyaya xidmət edən imperializm agentlərinin əliylə altdan-altdan bu işləri yeritmişlər. Ən dəhşətlisi, bütün bu cinayətlər cəzasız qalmışdır. Cəzasızlıq yeni-yeni cinayətlərə şirnikləndirmişdir. Eləcə də sonralar hakimiyyətdə qalmaq istəyən MK-nın birinci katibləri, Nazirlər soveti sədrləri, digər yüksək vəzifə tutanlar ən çox Moskvada çalışan, baş mövqelərdə iş görən ermənilərdən çəkinmiş, onlarla hesablaşmış, erməniyə gözün üstə qaşın var deməmiş, həmişə ermənidən həsləmişlər. Mikoyana, Baqramyana münasibət, onlarla ünsiyyət, ermənilərin rəğbətini qazanmaq istəyi güdülmüşdür. Moskva, rus dövləti iki yüz ilə yaxındır hayları başa adladır, bizi həmişə onların ayağına verir. İndi isə bizə düşmən kəsilmiş erməniylə hərbi müqavilə bağlayır, müttəfiq kimi sənədlər imzalayır. Azərbaycana qarşı qəsd etmiş, təcavüzə varmış, torpaqlarımızı tutmuş erməniyə nəinki havadarlıq edir, onu açıq-aşkar dəstəkləyir. Rusiya öz hərbi qüvvəsini gətirib Ermənistana, bizimlə döyüşə yönəldir.

Rusiya heç vaxt Azərbaycanın müstəqilliyinə qol qoymazdı. Araz boyu, İran torpaqlarının qarşısı ilə düzülmüş rus əsgərləri qovuldu. Çıxdı bizim ölkədən. Rusiyanın cənub sərhədləri çəkildi Mahaçqalaya, Dərbəndə. Hələ orada toxdasa… İndi Rusiyanın əlinə girəvə düşdü, basıb gəldi. Bizim Arazqırağı, Arazbar-Qarabağ torpaqlarını ermənilərlə əlbir tutdular. Araz boyunca yenə rus əsgərləri düzüldü.

Sovet İttifaqının yıxılmağı ilə sərhədlərin dəyişməsi, daralması Rusiyanı yandırmışdı, dözə bilmirdi. Axırı bu sayaq, erməni təcavüzü ilə yenə də öz sərhəddini İranla Sovet hökuməti vaxtındakı yerəcən bərpa etdi. İran çox vaxt Azərbaycana, Türkiyəyə qarşı birləşdikləri, ənənəvi müttəfiqləri Rusiya əvəzinə, Azərbaycanla sərhədi olmaq istəməzdi: onun ən yaxın qonşuluğunda, İrandakı azərbaycan-türklərini ürəkləndirən bir azad ölkə yaransın, artsın. Günü sabah güney Azərbaycan azad, müstəqil qardaşlarına qovuşsun, qurtulsun.

Hökumətlər dəyişir, quruluşlar bir-birini əvəz edir. İnqilablar olur, imperiyalar parçalanır, amma siyasət qalır. Bu baxımdan Rusiyanın ənənəvi siyasi-beynəlxalq münasibətləri yüz illərdən bəri həmişəki təki saxlanır. Kimin ağlına gələrdi, II Nikolayı dirildəcəklər, Yekaterinopoldan onun və ailəsinin cəsədlərini Sank-Peterburqa böyük dəbdəbə ilə daşıyacaqlar. Bunun qarşısında Leninin doxsan beş il türbədə «diri» saxlanan nəşini torpağa basdırmaq istəyəcəklər. Belə çıxır ki, Nikolayı əbəs yıxıblar, Çar hökuməti barədə yüz ildən bəri yağdırdıqları lənət, yaman əbəsmiş, inqilab əbəs bir işmiş, haqsızmış, Sovet hökuməti qurama imiş. İndi II Nikolay əlbəttə Lenindən, Stalindən qat-qat urvatlıdır. Dünyanın işinə bax! Beləliklə, Rusiya əlahəzrət Nikolay dinastiyası, Romanovların siyasətinə qayıtmalıymış. Nikolayın “dirilməsi”, çarla bağlı nə varsa, bütün siyasət, beynəlxalq münasibətlər də qaytarılmalıdır. Belə ki, ruslar belə sanırlar, bununla onlar nəhəngliklərini, imperiyanı qurtara biləcəklər düşdükləri fəlakətdən?! Altmış illik zəhmət, vurhavur, kəşməkeş yalanmış, yoxsa? Heç ağılabatan işə oxşamır: Doğrudanmı, Lenin Nikolayı ona görə güllələtmişdir ki, o, Romanovlardan sevimli qardaşının qısasını alsın.

Qayıdaq mənim başladığım tarixçəyə. Cəbrayılın coğrafi yeri sarıdan mən bildirmişdim. Onun hədlərini göstərmişdim.

Bir neçə kəlmə də onun qədimlərinə dair. Məsələn, Cəbrayıl adının haradan götürüldüyü.

Yeddi qardaş bir bacı olublar. Qardaşlar: Cəbrayıl ata, Çomağ ata, Al-Paşa, Ziyarat, Gordu… bacıları Mazan. Mazan nənənin Diri dağda ocağı var. Mən oraya getmişəm. Hələ onda erməni Azərbaycan münaqişəsi başlamamışdı. Biz Fazillə Diri dağına yollandıq. Maşınla dağın ətəyinəcən otuz kilometrdən artıq yol getdik. Oralar qışlaq, yataqlardır. Bərk isti idi. Qumlaqdan keçdikdən sonra maşınla dağın ətəyinə çatdıq. Aralıdan Diri dağ Arazın o tayında təki ucalır. Əslində, Araz çayı Diri dağın ayağından keçir, dolanır. Dağ bəri tayda qalır. Diri dağı Ziyaratın başından Arazbasarda, əlli verstlikdə aşkarca görünür.

Fazil icraiyyə komitəsində şöbə müdiridir, alimdir, tarixçidir. Şəhriyarla birlikdə Cəbrayıla həsr olunmuş kitabın yazılmasında o da əmək çəkib. Qanacaqlı oğlandır. Fazilə dedim, dağı ayaqla çıxacayıq. Bərk isti idi, adamın beyni qaynayırdı. Başladıq dırmanmağa. Fazil bu dağın başına bir neçə kərə çıxmışdı. Oranın aşağı-yuxarısına bələddi. Ən qədim yaşayış məskəni nişanələri qalırdı Diri dağda. Bir bayatı da vardı. Onu mən yazılarımın birində söyləmişəm.

Əzizim Diri dağı,
Duman gəl bürü dağı.
Burda bir körpü saldım,
Arxası Diri dağı.

Diri dağı Xudafərin körpülərindən bir qədər aşağıdır. Onun zirvəsindən körpülər ap-aydın, qənşərdir.

Bir saata qədər dırmandıqdan sonra dağın başına qalxdıq. O tay dağlar, enişdə, alçaqda Araz, İran yüksəklikləri açıldı. Burada, göz önündə Diri Dağın başında, yastanada daşlarla çevrəyə alınmış bir parça torpaq önündə Fazil dayandı. Söylədi ki, bura Aşıq Qurbaninin – Dirili Qurbanın qəbridir. Qəbirdə yerdən, torpaq üstündən çevrə düzülmüş çaylaq daşlarından savayı, heç bir nişanə yoxdu. Mən söylədim, gərək buradaca Diri Dağın başında aşıq Qurbaniyə elə bir abidə qoyula, hər iki ölkədən baxanda göyün üzündə görünə. Sevgilisinin – yuxuda gördüyü gözəlin ardınca Gəncə ellərinə gedən, orada başına müsibətlər gələn aşıq qayıdıb doğma kəndində ölmüş, Diri dağın zirvəsində basdırılmışdı. Diri dağ özü elə bil ona abidə idi və onun adını daşıyırdı. Dirili kəndi var, o taydadır. O vaxtlar Azərbaycan parçalanmamışdı, o tay, bu tay bir idilər.

Qocaman ulu dağda qədim yaşayış nişanələri, üzüm tənəkləri, cır armud, zoğal ağacları var. Bir “şirə daşı” da var. İri sal daş – təhnəyə yığılmış üzüm əzilir, şirəsi daş novdan axıb tökülürmüş daş çanağa. Şirə daşı min-min illər bundan geriki təki qalır. Dağı yabanı bitkilər bürüyüb. Vaxtilə burada təkələr, dağ keçiləri, ceyran-cüyür, vəhşi heyvanlar, quşlar yaşayırmış. İndi kökləri kəsilib. Yayın cırhacırı, gün altında günortanın istisində Diri dağın kəlləsinə qalxmağımız inanılmazdı. Beyin qaynayırdı. Fazil kəndli balasıydı, özü sarıdan çəkinməsə də, məndən nigarandı. Adamın üz-gözünü qarsan yanğında mən Diri dağın başına qalxa biləcəyəmmi? Bir halda ki, biz Diri dağına, həm də Mazan nənə ocağını görməyə gəlmişik, ocaq bizə kömək edəcək.

Dağın təpəsində bir qədər dolandıqdan sonra endik o üzə.

Endik dağın qurşağına. Dağa çıxmaq çətindir, düşməyə nə var. Fazil məni gətirdi bir qədim abidə-qəbrə. Qəbir dörd yandan arşın yarımca daşla hörülmüşdü, ortadan bir armud, bəlkə iydə ağacı qalxırdı. Ağac elə bil daşlaşmış, öz heykəlinə çevrilmişdi. Yarpaqları, budaqları qaya parçası təkiydi. Arada qəbirdi. Bu, Mazan nənənin qəbriydi. Ocaqdı.

Yaxında iki kişi əyləşmişdi. Bunlar hər ikisi yaxın kənd, Qumlaqdandılar. Oranın kişilərinin əksəri dəmiryolçu olur. Arada qoyuna, mala nobata gedirlər. Bunların da iki bölük qoyunu vardı, vermişdilər döşə. Özləri yıxılmış çinar gövdəsinin üstündə oturmuşdular. Salamlaşıb əyləşdik, söhbətləşdik. Həmin bu kişilərdən biri necə oldusa, söhbətdə dedi. “Buralar erməni yeri olub”. Ağlıma gəldi: Axı, Bakı-Naxçıvan, Bakı-Noraşen, İrəvan-Bakı, Bakı-Qafan qatarları buradan keçir. Bu qatarlarda, vaqonlarda əksərən ermənilər gedib gəlirlər. Bu da ki, bələdçidir, yola baxandır, nədir. Ermənilər görünür qılıqlayıb bu rəyi yeridiblər gic müsəlmanın beyninə: “Buralar erməni yeridir”. Ancaq oradan, dəmiryoldan gələ bilərdi bu azğın söz onun başına.

Diri dağı heybətli yerdir, Mazan nənənin məzarı adama doğma gəlir. Elə bil doğrudanca öz nənəndi. Zənən, qadın xaylağına abidə çox az qoyulur. Qadın adına ocaq da çox az rast gəldiyimizdir. Yuxarıda bulaqdı. Suyundan içdik, onları çoban mətəsində qoyub, tərpəndik. Bu dəfə bir də Diri dağa dırmanmayıb, enişdən dolandıq. Maşınımız bizi gözləyirdi.

Beləliklə, Cəbrayıl yeddi qardaş bir bacı olan pirlərin birinin adıdır. Cəbrayıl şəhərinin günbatanında ucalan, Xubyarlıdan yuxarı, Ziyaratdan sallanıb gələn, Minbaşıya, Kavdara doğru alçalıb, təpəliyə çevrilən dağların üz enişə ən hündürü Gordu, Alpaşa yalları, Yarəhmədli aşırımıdır. Buranın adı Mazan nənənin yeddi qardaşının birinin – Cəbrayıl atanın adından götürülmüşdür. Cəbrayıl qəsəbəsinin bir parçası, çaylağın o tayı Mirzəcanlılar özləri də boyunlarına alırlar ki, onların yaşadığı yer əslində Arazbasar, Maşanlı, Hasanlının torpağıdır. Bəs, Mirzəcanlılar kimdir? Haradan Gəliblər? Burası bilinmir, açılmayıb, araşdırılmayıb. Deməyə də dil gəlmir. Mirzəcanlı sözündən erməni iyi gəlir, ermənilər bu adı bizdən götürüblər. Onların türkdən ad, soy götürmələri saysız-hesabsızdır. Sonra, Mirzəcan Mədətov qardaşları da ermənidir. Biri çarın Qafqazı işğal ordusunda general, o biri tərcüməçi – Aşıq Pərinin sevgilisi.

Doğulduğum məskənin adı, kökü ilə beləcə tanış olduq. Bu, mənim yerim-yurdum. Orasını deyim ki, Cəbrayılda bəziləri indiyədək bizi xalis Cəbrayıllı saymırlar. Niyə?!

Qonşumuz İsgəndər oğlu Mustafa atamgil yuxarıda İsgəndər yurdu sayılan məhlədə yer götürüb ev tikəndə, demişdi: “Sizin torpağınız odur, Ləmbərəndədir. Gedin orda ev tikin”. O torpaqlar qədimdən Mustafagilinmiş. Amma artıq kiminsə dədə-baba torpağına yiyəlik eləməsi götürülmüşdü. Kim harada istəyir, yerli sovet harada yer verir, orada da tikirdilər. Bəyin, xanın, mülkədarın nə həddi vardı, indinin indisində dura torpaq davasına. Heç bəyliyini söyləyə bilirdi? Bəs bu söhbət haradan? Mən öz soyumuzu tapmaqdan ötrü, Mustafa kişinin söylədiyi sözü açmalıyam.

Cəbrayıl şəhərciyi özü – məncə, kəndlərdən xeyli sonra yurd salınıb. Nə vaxtdan, tarixcə bilinmir. Dürüstləşməyib. Cəbrayıl qədim qəsəbədir, görünür, Türkmənçaya qədər buralar daha gediş-gəlişli olmuşdur. Ruslar gələnədək, Cəbrayılın – Qarabağın başlıca get-gəli, ticarəti, alveri Xudafərindən olmuşdur. Xudafərin adlanan iki körpünün biri indi tarixçilərin söylədiyinə görə, eramızdan qabaq, gərək ki, VII əsrə aid edilir. Sınıq körpü burada sınmaq, dağılmaq mənasında yox, körpünün quruluşu ilə bağlıdır; “sınıq” görünür körpünün endimi, üstü, bütünlükdə görünüşünə görədir. Amma öndəki körpü doğrudan da sınmışdır. Belə ki, ondan çox sonra tikilmiş, eramızın V əsrinə aid edilən aşağıdakı körpü salamat qaldığı halda, birinci körpünün on bir aşırımının bir neçəsi gövdədən qopmuş, uçurlanmış, sulara qərq olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.