Əski azərbaycan ərəb yazısı
«Kitab-i Dədə Qorqud» boylarının tarixi baxımdan araşdırılması Azərbaycanın uzaq keçmişinin albanlarla bağlı yeni bir səhifəsini üzə çıxarmışdır. IV boyda qonşu Gürcüstan taqavorunun casusu oğuz bəylərbəyi Qazan xan haqqında belə bir xəbər gətirir: «Hey, nə oturursan, alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub yatırlar». Kitabın VII boyunda «alpanlar» soy adı ilə yenidən qarşılaşırıq: «Ağ boz atlar çapdurur alpanlar gördüm. Ağ işıqlı alpları yanıma soldum». Burada «alpanlar» sözünün boy adı (etnonim) kimi işlənməsi şübhə doğurmur.
1.2 Əski əlifbamız ərəb əlifbası deyil
Ərəb əlifbası qədim Azərbaycan əlifbasından törəmə olmaqla, tamam yad bir dilin fonetikaslna əsaslandığına və bir sıra ciddi çətinliklərinə görə, Azərbaycan xalqı üçün qəbul edilməz olmuşdur. Mütəxəsislərin də etiraf etdikləri kimi, bu əlifba VIII_IX əsrlərdə Azərbaycan xalqının kütləvi savadsızlığının bünövrəsini qoymuşdur. Bu əlifbanı yalnız tək-tək adamlar çox çətinliklə mənimsəyə bilmişlər. İlk vaxtlar ərəb əlifbası ilə yalnız ərəb sözləri və mətnləti yazılmışdır.
VIII_IX əsrlərdə Cavidan-Babək üsyanı həm də xalqa zorla qəbul etdirilən ərəb əlifbasına qarşı üsyan olmuşdur. Zaman-zaman közərmiş bu etiraz dalğasını XIX əsrdə M,F,Axundov yenidən alovlandırmış və ən nəhayət 1926-cı ildə Azərbaycan xalqı bu yad əlifba ilə birdəfəlik üzülüşmüşdür.Sonralar latın, kiril və nəhayət sonuncu – türk latını qədim Azərbaycan əlifbasının qismən təhrifi ilə ona xeyli yaxınlaşmışdır. Təsadüfi deyil ki, ərəb əlifbasından imtina etmək 1920-ci illərdə Şərqdə mədəni inqilab kimi səslənmişdir. Xalqın kütləvi savadsızlıqdan çıxarılması məhz ərəb əlifbasından xilas olması ilə başlanmışdır. Ərəb əlifbasının öyrənilməsinin çətinliyi üzündən 1.100 ildə Azərbaycan xalqının içərisindən minlərlə istedad yetişə, inkişaf edə bilməmiş, öz içində boğulmuşdur. Bu faciəni qanlı tarixi fakt kimi etiraf etməyə borcluyuq. Keçmişimizi, varlığımızı sübut edən nadir tarixi abidələrimiz gözümüz qarşısında məhv ediləndə, biz soyuqqanlıqda dözmüşük. Buna saysız misallar gətirmək olar. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” faciəsində yabançı dillər, həm də yabançı əlifbalar timsalından xatırlanmışdır.
Ərəb əlifbasından qardaş Türkiyədə də 1920-ci illərdə imtina etmişdir.
Bu gün ərəb əlifbasını ərəb-fars təmayüllü orta və ali məktəblərimizdə tədris edən mütəxəssislərimiz özləri də onun çətinliklərindən, hətta “ən böyük çətinliklərindən” danışırlar. Məsələn, Z.T.Hacıyeva “Əski əlifba” kitabında (1989) bildirir ki, burada hərfin dörd formasından yalnız biiri seçilməlidir. Bu da sözdən asılıdır. Hərf sözün əvvəlində, ortasında, sonunda və s. gəlməlidir (səh. 4).
Gəmiqaya-Qobustan əlifbasında qarşıya belə çətin şərtlər qoyulmur. Burada eyni hərf sözün əvvəlində, ortasında və sonunda yalnız eyni qrafik işarə ilə yazılır.
Yenə də Z.Hacıyevanın dediyi kimi: ərəb əlifbasında hərf birləşmələri və onların “əli yazıdan çəkmədən axıradək yazılması” – çətinlik törədir. Burada “rəsmxətdə olduğu kimi, yazını qurtaranadək qələmi kağızdan ayırmaq olmaz” (səh.6).
Yalnız sözü yazıb sona çatdıqdan sonra hərflərin nöqtələri qoyulmalıdır. Bu nöqtələrə dahi M.F.Axundov sərt etirazını bildirmişdir. Ərəb əlifbasında “özündən sonrakı hərflə birləşmək üçün birləşə biləcək ünsürün olması vacibdir”.
Gəmiqaya-Qobustan əlifbasında belə ünsürlər və nöqtələr çoxluğuna ehtiyac olmamışdır. Ərəb əlifbasını öyrənmək üçün “formanı düzgün seçmə adətinə” yiyələnmək tələb olunur. Mütəxəssis özü deyir ki, ərəb əlifbasını öyrənməyin çətinliyi insanda ruh düşgünlüyünə səbəb olur. Amma gərək səbrli olub, ruhdan düşməyəsiniz (səh. 7).
Gəmiqaya-Qobustan əlifbasında isə ruhdan düşməyə heç bir əsas yoxdur. Hər şey bir yana, Gəmiqaya-Qobustan əlifbasının hərflərinin və buradakı bəzi piktoqrafların estetik görümü insanı ruhlandırır, ona zövq verir.
“Hərf nədir?” – Danışıq səsinin yazıda işarəsi. Ümumiyyətlə hər bir hərf yazıda müəyyən bir danışıq səsini ifadə edir. Hərfin arxasında danışıq səsi durur”.
Gəmiqaya-Qobustan əlifbası Azərbaycan dilinin danışıq səslərinə uyğun yaradılmışdır. Gəmiqaya-Qobustan əlifbası ilə müqayisədə tək ərəb əlifbası deyil, dünya əlifbalarının (törəmə əlifbaların) bir çoxunda ciddi çətinliklər var. Elə sözzü gedən “əski əlifbanı” – ərəbi keçmişdə çox çətin, bəzən 20 ilə öyrəniblər. Yəni əslində öyrənə bilməyiblər. Bu əlifbanı uşağa öyrətmək əzab olub. Elə çətinliyinə görə, əvvəlcə hərflərin adlarını mexaniki surətdə əzbərtlətmək lazım gəlmişdir. Uşaq əzbərlədiyi hərfi vaxtından əvvəl yazmaq istədikdə sevilmək, başı sığallanmaq əvəzinə, hətta ağır cəzaya məruz qalmışdır. Dahi Ələkbər Sabirin “Mollam da döyür yazı yazanda” – məşhur misrası zərb-məsəl olmuşdur.
Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev)
Ə.Fərzəli “Gəmiqaya – Qobustan Əlifbası” kitabı səh. 22 – 24
More from my site
- Xöşbəxtlik…nədir, nədədir?
- Bir tay uşaq ayaqqabısı
- Xəzərin səssiz şahidi “Nargin”
- Təndir, bütövdür, dəyişməzdir
- Əkrəm Məmməd oğlu Məmmədli hazırda qədim yallılarımızı da nota almaqdadır
- Ramin Məmmədov haqqında
Əski azərbaycan ərəb yazısı
Yengi Ögə
Mirəli Seyidov “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasında bildirir ki, son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq – doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər. Alimin yazdığına görə, ağacın doğum piri olması , onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Ardıca və başqa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamətidir.
Kökü minilliklərin dərinliklərinə qədər uzanan bu inancın izlərinə bu gün də rast gəlinməkdədir. Bu baxımdan Şəmkir və Tovuz rayonlarının ərazisində mövcud olan bir neçə ağac pirini misal çəkmək olar. Məsələn, Şəmkir rayonunun Tatar kəndində yerli əhali tərəfindən müqəddəs sayılan iki ocaq məvcuddur ki, bunlardan biri “Dağdağan ocağı”, digəri isə “Düldül ocağı” adı ilə məşhurdur. Bu iki ocaq oxşar quruluşa malikdirlər. Hər iki ocaqda bir məzar, və məzarın ayaq və baş tərəflərində dağdağan ağacları əkilmişdir.
Maraqlıdır ki, məzarların üst hissələri ənənəvi müsəlman qəbirlərindən fərqlənir və daş kurqan qəbirlərini xatırladır. Yəni onların üzərinə topa şəkildə daş parçaları yığılmışdır və bu daşlar kiçik kurqanı xatırladan təpəciklər oluşdurmaqdadır.
Məzarların ətraflarındakı ağaclar müqəddəs sayıldığından əhali onlara arzu və niyyətlərinin yerinə yetməsi üçün müxtəlif rəngli parçalar asaraq arzularının həyata keçməsini diləyirlər. Ağac kültünə inam, əski dövrlərdən türk xalqları arasında mövcud olmuşdur və ağaclardan ən çox qayın, şam və dağdağan ağacları müqəddəs ağac kimi qəbul edilirmiş. Eyni zamanda ölən adamların ruhunun əyəyə çevrilərək, çay, göl, dağ və s. kimi təbiət obyektləri ilə yanaşı ağaclarda yaşadığına inanılmışdır. Vaxtı ilə Azərbaycanda “hər bir şeyin, ağacın, suyun əyəsi var”, “nə ki görürük, hamısı əyəlidi” ifadələri, “gecə ağac altına getməzlər əyəsi səni vırar” kimi inamlar mövcud olub və onlar ümumilikdə ağacla bağlı inanclar sisteminin bir hissəsi idilər. Azərbaycandan toplanılmış folklor nümunələrinin birində deyilir:
“…Dağın üstündə böyük bir ağac var, o ağac pirdi. Gərək ona yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qollarını açasan, çağırasan. Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona nə sözün var ürəyində deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən”.
Eyni inanc sistemi digər türk xalqlarına da xas olub. Məsələn, telenqitlər inanırdılar ki, hər ağacınezzе-sahibi, ruhu var. Оnların inamına görə ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə edir, bu üzdən də onlara qurbanlar verilərdi. Yakutlarda sоnsuz qadınlar yuvalı qara şam ağacına gələr, ağ at dərisini ağacın altına sərib ağacın qarşısında dua еdərlər. Altay mifоlоgiyasına görə göy üzünə dоğru çоx böyük şam ağacı yüksəlir. Göyləri dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən оturur. Qadir Qədirzadə Sibir və Altay xalqlarında ağaclara bеz, parça bağlamanı ağac yiyəsini (iççi) razı salmaq, yaxud ağac ruhuna qurban xaraktеri daşıması ilə izah еdir. A.M.Saqalayev yazır ki, dağ və göllə yanaşı, ağac da türk mifologiyasının ən qədim obrazlarından hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini və dərisini də budaqlarına asırdılar .
Yakutlarda sоnsuz qadınların yuvalı qara şam ağacına gələrək, ağ at dərisini ağacın altına sərməsinə, ağacın qarşısında dua еtməsinə, qədim hunların isə ağaca at qurbanı kəsməsinə, kəlləsini və dərisini də budaqlarına asmalarına bənzər adətin izlərinə “Düldül ocağı”nda rast gəlinməkdədir. Belə ki, ziyarətçilər bu ocağa at nalları gətirir və daş topalarının üzərinə qoyurlar.
Azərbaycanda müqəddəs ağac funksiyasını daha çox dağdağan ağacı daşımışdır. Onun qol-budağını qırmaq böyük suç sayılıbmış və bu işi görən şəxsin lənətlənərək ağac əyəsi tərəfindən muxtəlif ziyanlara düçar olduğuna inanılıb. Dağdağan ağacı sehirli gücə malik olduğundan yalnız qamlar (şamanlar) onun budaqlarından kiçik hissəciklər ayıraraq üzərinə isti dəmirlə bir neçə xət dağlayıb körpə uşaqların paltarlarına sancaqlayaraq onu bədnəzərdən qoruyurmuşlar. Bu inanc da bu günə qədər yurdumuzun ucqar yerlərində hələ də öz önəmini itirməmişdir və yaşamaqda davam edir. Belə yerlərdən biri yuxarıda adını çəkdiyimiz Tatar kəndidir. Burada əhali, islam dininə inanmasına baxmayaraq, hələ də öz kəndlərində məscid tikməyib və onların yeganə tapınaq yeri həmin ocaqlardır. Bölgə əhalisi dini matəm günlərində belə sözügedən ocaqların ətrafına toplaşırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Düldül ocağı ağaca və ağac əyəsinə inancla bərabər, at kultuna inancın izlərini də özündə daşıyır. Ocağın adından da göründüyü kimi (Düldül Həzrət Əlinin atının adıdır) bu ocaq əsasən ata müqəddəs heyvan kimi baxışı aşılamaqdadır. Bu ocaqda bir qayanın üzərində at nalının izi qazılmış və tapınaq bununla daha da qutsal xarakter almışdır. Bənzər halla Tovuz rayonu ərazisindəki Haçaqaya ocağında üzləşmək mümkündür.
Məsələ burasındadır ki, əski türk inanclarını islamiyyət dönəmində də yaşada bilmək üçün türklər bu inanclarını islami motivlərlə bəzəmək məcburiyyətində qalmış, həm Düldül, həm də Haçaqaya barədə islamiyyətlə əlaqələndirilən yeni bir nağıl uydurmuş, bu yolla da əski tapınaq yerlərini dağıdılmaqdan qorumuşlar. Uydurulmuş yeni rəvayətə görə, islamiyyətin başlanğıc dönəmində bu ərazilərdə güya Salsal adlı zülmkar bir pəhləvan hakim yaşayırmış. Bu hakim yerli xalqı incidib zülm etdiyindən onlar zamanın xəlifəsi olan həzrət Əliyə məktub yazıb ondan şikayət edirlər. Həzrət Əli özü atı Düldülün belində, çaparaq Salsal pəhləvanın davasına gəlir. Yol sərt qaya ilə örtüldüyündən qılıncını qayıya çarparaq atının keçişinə yol açır və burada atı Düldülün ayaq izi qayada qalır. Nəhayət Salsalı yenərək geri dönür…
Azərbaycan ərazisində Düldül adı daşıyan bir çox ocaqlar mövcuddur. onlardan biri də Cəbrayıl rayonundakı Düldül ziyarətgahıdır. Təbii ki, həmin ocaqların nə həzrət Əli, nə də onun atı ilə heç bir əlaqəsi yoxdur. Lakin zamanla xalq özünün uydurduğu yeni əfsanəyə inanmağa başlamışdır.
Artıq söylədiyimiz kimi, Düldül ocağında bir məzar bulunmaqdadır. Bu məzarda uyuyan şəxsin kimliyi haqda (yerli xalq onun hansısa seyid olduğunu iddia edir) elə həmin məzarın yaxınlığnda kiçik bir qaya üzərində əski türk runik işarələri ilə bir yazı möcud olmuşdur. Lakin bu yazıya önəm verilməmiş və o, ocağın ərazısi genışləndirilərkən traktorla məhv edilmişdir. Amma xoşbəxtlikdən həmin yazının üzünü vaxtı ilə dilçi alim Firudin Cəlilov köçürmüş və öz “Azər xalqı” adlı kitabında nəşr etdirmişdir. Gerçəkləşdirdiyimiz oxunuş da məhz həmin şəklə əsaslanır..
Şəkildən göründüyü kimi yazı iki yanaşı qaya üzərində yazılmışdır . Birinci qayada qədim kufi xəttinin həndəsi forması ilə iki ərəb sözü və bir rəqəm yazılmışdır. İkincı qayada isə türk runları ilə yazılmış kiçik bir mətn yer almaqdadır.
Gəldiyimiz nəticəyə görə bu məzar müsəlman bir türkün qəbiridir və islamın yayilmasının ilk çağlarına aiddir. Yazıda isə aşağıdakılar qeyd olunub:
Y(I)NAL (şahzadə) İKŞİSİNq (İkşisin) KÖB (köp, uyuma) YERİ (yeri) – Şahzadə İkşisin qəbridir.
Sondakı dörd hərfi (KBYR), yazının islam dövrünə aid olduğunu nəzərə alaraq, “qəbiri”(şahzadə İkşisin qəbiri) kimi də oxumaq olar. Həmçinin qədim qıpçaq türkcəsində Qoba sözü oyuq, xəndəq mənasında olmuşdur ki bir növi qəbir mənasını andırır. Hərçənd ki, birinci versiya daha ağlabatandır.
Ərəb yazısı : Fİ 135(8) ƏN
Qeyd edək ki, ərəb yazısındakı 135 (və ya 138) ədədi güzgü əksi formasında tərsinə yazılmışdır ki, bu da onu yazanın ya ərəb yazı sistemini yaxşı bilməməsindən, ya da bu yazının kriptoqram (gizli yazı) olmasından xəbər verir. Ehtimalən həmin ədəd şahzadənin ölüm tarixini, yəni hicri 135(138)-ci, miladi 752 (755) -ci ili göstərir. Yox, əgər burada kriptoqramla üz-üzəyiksə, o zaman əbcəd sistemindən istifadəyə ehtiyac yaranır. Bu sistemi 138 ədədinə tətbiqi heç bir məna ifadə etmir. 135 isə قلة “qolle” (qüllə, zirvə, dağ başı və s.) anlamına gəlir. Əgər bu versiya doğrudursa, o zaman 135, yəni “qüllə” kəlməsi eyni mahiyyətli ocaq olan Haçaqayaya işarə edə bilər.
Tovuzun ən maraqlı abidələrindən biri də üzərində alban yazılarının olduğu söylənilən, Yanıqlı yaxınlarında, dağ başında yerləşən qəbir daşlarının bulunduğu qədim alban məzarlığıdır. Belə yazıları gördüklərini yerli sakinlər təsdiqləməkdədirlər. Fəqət qəbristanlıq artıq keçilməz, tikanlarla dolu kol və ağaclarla örtülüb və qəbirlərə ulaşmaq xüsusi alətlər olmadan mümkün deyildir. Sadəcə iki qəbir daşını görmək olur ki, onların da hər ikisinin üzərində sadəcə xaç işarələri var. Üzərləri mamırla örtülü olduğundan onlarda yazıların olub-olmadığını müəyyənləşdirmək çətindir. Mamırları təmizləməklə ehtimali yazıları təxrib etmək olar. Bu işi mütəxəssislər görməlidirlər.
Azərbaycan xalqının yaranması
Azərbaycan türkləri Avroasiyanın və Cənubi Qafqazın ən qədim sakinləridir.
Türklər Cənubi Qafqazın ən qədim sakinləridir. Tarix, arxeologiya, antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları Azərbaycan türklərinin Cənubi Qafqazın ən qədim və köklü əhalisi olmasını tamamilə sübut etmişdir. Azərbaycan türklərinin yayıldığı areala indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı. Cənubi Azərbaycan (indiki İran İslam Respublikasının tərkibindədir), İrəvan və Zəngəzur bölgələri (indiki Ermənistan Respublikası), Borçah (indiki Gürcüstan Respublikasının tərkibindədir), Dərbənd (indiki Dağıstan-Rusiya) torpaqları da daxildir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq formalaşmışdır.
Arxeoloji qazıntılar nəticəsində Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan və 1947-ci ilədək Başkeçid adlandırılan Dmanisi rayonunda Xram çayının sahilindəki mağaradan yaşı təxminən 1 milyon 800 min il olan iki kəllə qutusu tapılmışdır. Kəllələrin yanında sadə əmək alətləri aşkar edilmişdir. Bu tapıntı Qafqazın ən qədim insan məskəni olduğunu sübut etmişdir. Antropoloqlar ağ irqə mənsub olan bu kəllələrin Dolixokran (uzunbaş) olduğunu göstərirlər. Azərbaycan Respublikası ərazisində Qobustandakı mezolit dövrünə (e. ə. XII-VIII minilliklər) aid Firuz düşərgəsində tapılmış kişi kəlləsi də quruluşuna görə Dolixokrandır. Qafqazın neolit (yeni daş) dövrünə aid olan Qobustandakı «Kənizə» mağarasından, indiki Ermənistan və Gürcüstan ərazisindən tapılan 4 kəllədən 3-ü Dolixokran-uzunbaşdır.
Qafqazın mis-daş (eneolit) dövründə (e. ə. VI-IV minilliklər) yaşayan əhaliyə aid olub, Kültəpədən tapılan insan kəlləsi uzunbaşlılığı və na-ziksifətliyi ilə Kaspi (Xəzər) tipinin qədim forması hesab edilir. Oxşar quruluşlu tapıntıya Cənubi Azərbaycanda (Sialk mədəniyyəti) da rast gəlinir. Gürcüstanın Samtavro qəbirstanlığından tapılan və mis-daş dövrünə aid olan 3 kəllədən 2-si naziksifətli və uzunbaşlı, 1-i isə enlisifətli və girdəbaşlıdır. Ermənistan Respublikası ərazisindəki (Göyçə gölünün cənub-qərbində) düşərgələrdə tapılmış 5 kəllə qutusunun heç birinin antropoloji baxımdan ermənilərlə qətiyyən bağlılığı yoxdur. Ümumiyyətlə, Ermənistan ərazisində tapılan çoxlu kəllənin ermənilərlə bağlı olmaması antropologiyada əsas dəlil sayılan baş göstəriciləri ilə də sübuta yetirilmişdir. Buradakı Cararat (Göyçə gölü ətrafında) düşərgəsindən tapılmış kəllənin hamısının baş göstəricisi 78,5- dir. Bu ölçü müasir azərbaycanlılarda 78 olduğu halda, müasir ermənilərdə 85,7-dir.
Cənubi və Şimali Qafqazda mis-daş dövründə ən geniş yayılmış antropoloji tip Kaspi (Xəzər) tipidir. Azərbaycan, indiki Ermənistan və indiki Gürcüstan ərazisindən üzə çıxarılan paleoantropoloji tapıntılar Cənubi Qafqazda Kaspi tipinə (onu Oğuz da adlandırırlar) mənsub olan əhalinin üstünlük təşkil etdiyini sənədləşdirmişdir.
Cənubi Qafqazın e.ə. II minilliyin sonu -1 minilliyinə aid edilən kurqan qəbirlərində də çox maraqlı qanunauyğunluq müşahidə olunmuşdur. Üzərində kurqan ucaldılan şəxs baş quruluşuna görə dolixokran, onunla birlikdə gömülən qul-qaravaş isə braxikran, yəni qısabaşlıdır. Azərbaycanın Gəncəçay hövzəsində tapılmış 7 saylı kurqan qəbrində dəfn edilmiş əsas mərhum uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyi halda, 3 nəfər oturmuş vəziyyətdə dəfn edilənlər isə qısabaşlılığı ilə seçilirlər. Bu cür qanunauyğunluq 9 saylı kurqanın qəbrində və Qarabağ kurqanlarında da müşahidə olunmuşdur. Arxeoloqlar bu kurqanları e. ə. XV-XIII əsrlərə aid edirlər.
İstər Qafqazın cənubundan, istərsə də şimalından əldə edilən paleo-antropoloji tapıntılar bölgənin ən qədim əhalisinin uzunbaşlı, naziksifətli, nazik-kəskin çıxıntılı burun sümüyü kimi morfoloji əlamətlərə malik olduğunu göstərir və bunlar indiki Azərbaycan türklərinin aid edildiyi Kaspi (Oğuz) tipinin əsas əlamətləri hesab edilir. Beləliklə, elmdə türklərin Qafqazın ilk sakinləri olması fikrinə şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Bu tarixi gerçəkliyi keçən yüz ilin əvvəllərində yaşamış gürcü tarixçisi İ.A.Cavaxaşvili təsdiq edərək yazırdı: «Antropologiya kəllə quruluşuna görə xalqları bir neçə qollara ayınr. Bu qollardan biri qısabaşlılar və ya braxikran, digərləri isə uzunbaşlılar və ya dolixokrandırlar. Qafqazın qədim qəbristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirilmişdir ki, öncə bizim ölkədə (indiki Gürcüstanda-Red.) uzunbaşlılar, yəni dolixokranlar yaşamışlar. Alman alimi, professor Rudolf Virxov isə qeyd etmişdir ki, “indiki ermənilərin və gürcülərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlılığı yoxdur. Deməli, erməni və gürcülər Qafqazın ilk yerli sakinləri deyillər. Onlar bu ölkəyə gələndə burada başqa xalqın (yəni, türklərin-Red.) varisləri yaşayırdılar”.
Alimlərin gəldiyi bu mühüm nəticə digər tarixi qaynaqlarda da sənədləşmişdir və Qafqaz bölgəsinin gerçək tarixi bunu şübhə yeri qoymadan təsdiqləyir. Tarixdə bəlli olan əsil həqiqət ondan ibarətdir ki. Şərqi Gürcüstan (Borçah bölgəsi) qədimdən böyük bir türk yurdu kimi tanınırdı. Gürcü mənbələrində buntürklərin və ya türklərin Kartli ərazisində e.ə. VI əsrdən də qabaq yaşaması haqqında inkarolunmaz dəlillər vardır. VIII əsrin 30-cu illərində əhalisi türk olan və bütün Şərqi Gürcüstanı əhatə edən Tiflis müsəlman əmirliyinin yaranmasını təsadüfi saymaq olmaz. Gürcülərin həmin türk əmirliyini 1123-cü ildə digər bir türk tayfası olan qıpçaqların əli ilə sıradan çıxarmasını indi, hətta məktəblilər də əzbərdən bilirlər. Ermənilərin isə indi yaşayıb dövlət qurduqları qədim türk torpaqlarına gəlmə olduğunu sübut etmək üçün ciddi araşdırma aparmağa ehtiyac yoxdur. Tarixi oğuz-türk torpağı olub, indi Ermənistan adlandırılan İrəvana ermənilər Rusiya tərəfindən XIX əsrin 20-ci illərinin sonlarından Türkiyədən və Qacar dövlətinin ərazisindən (indiki İrandan) kütləvi şəkildə köçürülüb yerləşdirilmişlər.
Gəlmə olan ermənilər, iki əsrə yaxın bir müddətdə İrəvan, Zəngəzur və digər tarixi torpaqlarınıızda etnik təmizləmə və soyqırım apararaq bölgənin köklü türk-müsəlman əhalisini doğma yurdlarından tamamilə qovub çıxarmışlar. Rusiya imperiyası və Sovet dönəmində Azərbaycan türklərinin yayılma coğrafiyasının xeyli kiçilməsi xalqımızın sosial-iqtisadi və demoqrafik inkişafına çox böyük ziyan vurmuşdur.
Bütövlükdə türklərin, o cümlədən Azərbaycan türklərinin mənsub olduğu oğuz antropoloji tipinin irqi baxımdan Avropoid olması elmdə heç bir şübhə doğurmur. Antik müəlliflərin əsərlərində Yuxarı Dondan Volqa (İdil) çayının orta axarınadək olan ərazidə yaşayan budunların (budun-qədim türk dilində tayfa deməkdir) «mavi gözlü və sarı saçlı» olduğu göstərilmişdir. Herodot budun adlanan tayfanın Azərbaycanda da yaşadığını qeyd edir. Antik yunan mənbələrində albanların ucaboylu, sarı saçlı və ağ üzlü olduğu göstərilmişdir.
Azərbaycan türklərinin bir xalq kimi tarix səhnəsinə çıxması elmdə böyük maraq doğuran mövzulardan biridir.
Ön Asiyada tarixin ulu çağlarında yaşamış olan şumerlərin, iskitlərin və başqa toplumların öyrənilməsinin bu ünkü durumu Azərbaycan tarixinə də dolayısıyla təsir göstərir. Şumer tarixinin etnomədəni və etnodil baxımından türklərin ulu keçmişi ilə səsləşməsi yaxın zamana kimi Avropa elmində açıq şəkildə göstərilirdi. E. ə. III minillikdə Şumer mixi yazılarında işlənmiş onlarca söz və ya onların törəmələri türk dillərində indiyə kimi yaşamaqdadır. Belə söz və anlayışların elmə bəlli olan toplu sayı 160-dan çoxdur. Şumer-türk dil «bənzəyişlərinin» öyrənilməsi keçmiş Sovetlər İttifaqında isə «türkçülük» və «pantürkizm» adlandınlaraq damğalanırdı.
Ancaq bütün yasaq və qadağanlara baxmayaraq iskit mədəniyyətinin bir sıra göstəriciləri yalnız türk xalqlarının dil və yaşayışında qorunub saxlanmışdır. E. ə. IV minillikdən başlayaraq çöl-düzənlik dəfn qaydasının sabit, ənənəvi etnokültür göstəricisi olan kurqan anlayışı Hind-Avropa, Hind-İran və Qafqaz dillərinin heç birində yoxdur. Bu anlayışın kökü yalnız türk dillərindədir, bu dillərdəki qur (tikmək, düzəltmək, torpaq tökməklə yaratmaq) və qan (ata, soy, nəsil) sözlərinin birləşməsindən yaranmışdır. E. ə. VII-III minillərdə Ön və Mərkəzi Asiyada onlarca yaşayış yerlərinin adlarında bir qayda olaraq təpə sözü var, bu söz isə, bütün dünya dilçilərinin bildirdiyi kimi, ümumtürk kökündəndir.
Bu göstəricilər həm də türklərin Ön Asiyada və Aralıq dənizi üzərində tarixin ulu çağlarından yerləşib oturduqlarını sübuta yetirir. Sonrakı Yunan-Roma qaynaqlarında da türklərin adı Aralıq və Qara dəniz bölgələrində yaşayan xalqlar ilə yanaşı çəkilməkdədir. Karyandlı Skulaks, eramızdan əvvəl 500-cü ildə əski oğuzlardan Afşar (yunanca yazıda: Apşaros Pota- mos) və Kayı (Kaikos) boylarını qeydə almışdır. Yunan mənbələrində bizim eranın V əsrinədək, yəni min il ərzində Afşar adı dəfələrlə xatırlanmışdır.
Bugünkü elmdə qəbul olunmuş fikrə görə, xalqın yaranışının başlıca göstəricisi həmin xalqın dilidir. Belə isə Azərbaycan türkləri Anadolu türkləri, türkmənlər və qaqauzlar ilə birlikdə oğuz kökündən yaramblar. Çünki onların hər birinin dili təbii ayrılıqlara baxmayaraq oğuz dilidir. Sovet tarixçilərinin yazılarında isə elmdə ümumi qanunauyğunluq kimi qəbul olunmuş bu meyar Azərbaycan türklərinə aid edilmirdi. Onlar türk xalqı deyil, olsa-olsa «türkdilli» xalq, yəni Qafqaz-İber köklü albanların və “İran köklü” Güney Azərbaycan əhalisinin son yeddi yüz il içərisində «türkləşmiş» törəməsi sayılırdı.
Xalqımızın yaranışında iştirak etmiş türk boyları
Mesopotamiyanın şimalında, Azərbaycan və Anadolu hüdudlarında ilkin türk boylarının uzaq izləri mixi qaynaqlardan bəllidir. E. ə. 2200-cü illərdə Akkad çan Naram-Sinə aid mixi yazıda onunla savaşan 17 «Quzey» hökmdarının sırasında Turki kralı İlşu Nailin adı çəkilmişdir. E. ə. 1800-ci illərə aid başqa bir mixi yazısında Turukku adlı «xalqm» adı çəkilmişdir. Urartu hökmdarı I Argiştinin (e. ə. 786-764) Manna dövləti üzərinə yürüşü ilə bağlı yazısında Alatei ölkəsinin adı çəkilmişdir ki, bu anlayış Alato, Alata, Alatava, Aladağ anlayışı ilə yanaşı qoyulur.
Mixi yazılarda Uşkaya (sonralar Üçqaya), Uişdiş (Bişdiş, Beşdiş), İştatti (İsti yer), Qantau («Baba dağ»-əski türkcədə «qan» sözü ata-baba anlamında işlənir) və bu kimi anlayışlar diqqəti özünə çəkir. E. ə. V yüzil yunan tarixçisi Herodotun lürk (Strabonda-Ürk) və Türriqet adlandırdığı etnos. Böyük Plini və Pomponi Melanın yazılarında tirklər (turkae) kimi yad edilir.
Bulqarlar Bulqar türklərinin Qafqazda yaşaması haqda ilk yazı IV yüzil süryani müəllifi Mar Abas Katinanın qələmindən çıxmışdır. Bu kitabdan Horenli Movsesin gətirdiyi bir neçə parça birbaşa bulqar türklərinin tarixinə toxunur. Bunlardan birində yazılır ki, «Saray sərhədləri yaxınlığındakı çəmənli torpaqları əski yazarlar Yuxarı Ormansız Basen adlandırırdılar. Həmin torpaqlar Vxndr Bulqar Vəndin adı ilə bağlı olaraq Vənənd adı almışdır». Mar Abasm kitabından qalmış olan bu parçaların elmi dəyəri böyükdür. Çünki burada e. ə. II əsrdə bulqar türklərinin iki çoxsaylı toplusu Transqafqazm qədim sakinləri kimi göstərilmiş, həmin türklərin «varlı», «çörəkli» yerlərdə «uzun illər boyu» yaşaması yazılmışdır. Deməli, bulqar türkləri burada e. ə. II yüzilliyin II yarısından Mar Abasm yaşadığı IV yüzilə və Horenli Movsesin yaşadığı VII yüzilə kimi, təxminən 700-800 ilədək yaşamışlar. Bununla bağlı olaraq bu yerlər həmin yüzillər boyu Vxndr (Vexendir) Bulqar Vəndin özünün, qardaşlarının və soy xələflərinin vətəninə çevrilərək Vənənd və başqa türk adları daşımışdır. İlkin suryani qaynaqda adı çəkilən etnotoponimlər Transqafqaz xəritəsində, özü də məhz Araz vadisində: Azərbaycanın Ordubad və Zəngilan bölgələrində günümüzə kimi yaşamaqdadır. Burada Vənənd və Vənədli kəndləri var. Doğu Anadoluda Bulqar dağı oronimi tarixçilərə çoxdan bəllidir. Bundan başqa, Azərbaycan xəritəsi üzrə bulqar türklərinin adı ilə bağlı çeşidli etnotoponimlər və onların qalıqları ilə üzləşirik. Mil-Qarabağ düzündə Qarvənd yuxarıda adı keçən Bulqar Vənd adındakı başlanğıc «bul» kökü bilmədiyimiz səbəbdən itirilmiş, qalan hissə isə günümüzə kimi yaşamışdır. Yağlavənd, Xocavənd, Papravənd kimi kənd adları buna canlı misaldır. Muğan bölgəsində Bolqarkənd, Bulqargöytəpə, Oğurkənd, Oğurbulaq kimi yer adları da qədim bulqarların bu yerlərdə geniş yayılıb yaşadığını göstərir. Bulqar boyundan olan xəzər türkləri də Azərbaycan oğuzlarına «yaxm olanlar» sırasında idilər. Çünki İstəxri və İbn Havqəl kimi böyük ərəb tarixçiləri xəzər dili ilə bulqar dilinin eyni olduğunu yazmışlar.
Buntürklər. Böyük bulqar xalqının bir qolu da buntürklər sayılırdı. Onların adı Transqafqaz qaynaqlarında e. ə. I minillik hadisələri ilə bağlı çəkilir. X yüzil gürcü salnaməsi «Mokçevay Kartisay» («Kartlinin dinə gəlməsi») və XI yüzil salnaməçisi Leontii Mrovelinin «Kartlis sxovreba» («Kartlinin həyatı (tarixi)») kitabında buntürklərin Kartlidə Makedoniyalı İsgəndərin yürüşlərindən, hətta Babil hökmdarı Novuxodonosor tərəfindən Yerusəlimin (Qüdsün) dağıdılmasından öncə yaşamaları yazılmışdır. İkinci hadisə E. ə. 586-cı ilə düşür. Salnaməçilər bu toplumu həm buntürk (“bun” qədim gürcü dilindəki “bunevnoba”sözündən götürülüb və “yerli, köklü” deməkdir-Red). həm də sadəcə türk adlandmrlar. Mroveli bir səhifədə «türklər Mtsxeta yaxınlığında özlərinə yer seçərək, oranı abadlaşdırdılar, möhkəm hasar içərisinə aldılar və bu yerə Sarkine deyilməyə başlandı» yazır, o biri səhifədə isə «Sarkinedə buntürklər yaşayır» söyləyir. Gürcü salnamələrində Makedoniyalı İsgəndərin yürüşü çağında (E. ə. 334-323) Gürcüstanda, Kür çayı vadisində buntürklərin oturaq yaşaması qədim türklərin Cənubi Qafqazın ən qədim sakinləri olmasından xəbər verir. Hətta gürcü tarixçilərindən obyektivliyi ilə seçilən S.E.Takayaşvili buntürkləri və ya türkləri «Kartlinin ən qədim sakinləri» hesab edir. Onun çap etdirdiyi salnamə əlyazmalarının birində buntürklərin 28 min evdən ibarət olması göstərilmişdir. Orta hesabla hər ailə beş nəfər götürülsə, burada yaşayan türk toplumunun azı 140 min nəfər olması faktından çıxış etsək, o dövr üçün bu çox böyük rəqəmdir. Gürcüstanın üç aparıcı etnotarixi anlayışından ikisi-İberi və Egeri türk mənşəli olmaqla Kartveli ilə eyni mənanı daşıyır. Bu üç anlayış əski türkcədə «möhkəmləndirilmiş yer», bəzən də «şəhərdə doğuları sakin» mənasında işlənir. Türklər qədimdən indiki Gürcüstan ərazisində yaşamasaydılar, bu yerlərin hətta indi də daşıdıqları adlar türkcə olmazdı.
Albanlar. Gündoğar Transqafqazda «Albaniya» adlı ölkənin adını ilk dəfə yunan coğrafiyaçısı Strabon çəkmişdir. Bu ölkədə yaşayan çeşidli boy və tayfaların adı isə «albanlar» şəklində E. ə. 331-ci il Qavqamela döyüşü ilə bağlı olaraq Flavi Arrian tərəfindən yazıya alınmışdır. Alban etnosunun adı Transqafqazda məskunlaşan və Strabonun «madyan sağanlar» adlandırdığı sak/saka tayfalarının içərisində çəkilmişdir.
«Kitab-i Dədə Qorqud» boylarının tarixi baxımdan araşdırılması Azərbaycanın uzaq keçmişinin albanlarla bağlı yeni bir səhifəsini üzə çıxarmışdır. IV boyda qonşu Gürcüstan taqavorunun casusu oğuz bəylərbəyi Qazan xan haqqında belə bir xəbər gətirir: «Hey, nə oturursan, alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub yatırlar». Kitabın VII boyunda «alpanlar» soy adı ilə yenidən qarşılaşırıq: «Ağ boz atlar çapdurur alpanlar gördüm. Ağ işıqlı alpları yanıma soldum». Burada «alpanlar» sözünün boy adı (etnonim) kimi işlənməsi şübhə doğurmur.
Burada iki mühüm cəhət nəzərə alınmalıdır. Birincisi, Dədəm Qorqud kitabında qarşımıza çıxan oğuz toplumu, oğuz boy birliyi əslində qohum tayfaların birliyindən başqa bir şey deyildir. Bu toplumun içində yad, yabançı boylara yer yoxdur. Oğuzların döyüş-əsgəri qurumu yağılarla qarşılaşarkən sağ qolda Daş oğuzlar, (Aruz Qocanın və «Balqar bir ər» Bəkdüz minbaşısı Əmən bəyin bölükləri), sol qolda Qazan xanın qardaşı oğlu Dəli Budağın bölükləri, mərkəzdə isə İç Oğuz bəylərinin bölükləri ilə bəylərbəyi Qazan xan özü yer tuturdu. İç Oğuz döyüşçüləri oğuz elinin bütün əsgəri təşkilatında aparıcı yer tuturdu. Beləliklə, bütün Oğuz, «Qalın Oğuz» birliyinin mərkəzi olan İç Oğuz, həm də albanların vətəni idi. Tarixi-coğrafi araşdırmalar «Kitab-i Dədə Qorqud» boylarındakı İç Oğuzun da, xanlar xanı Bayandur xanın və bəylər bəyi Qazan Alpın divanlarının (mərkəzi idarə) da Qafqaz Albaniyasının mərkəzi torpaqlarında: Kür ilə Araz çaylarının əmələ gətirdiyi təbii üçbucaqda yerləşdiyini aydın etmişdir.
İkincisi, miladdan sonrakı III yüzillikdə tarixi qaynaqlarda adı çəkilən Aran, ərəb yazılışında “Arran ölkəsi” Albaniyanın əski yerli adıdır. Bununla yanaşı. Aran ölkə adı deyil, həm də boy adı, dil mənsubluğu bildirmişdir, çünki orta çağ tarixçi və coğrafiyaçıları «Aran dili» anlayışını işlətmişlər. X yüzil müəllifi Əl-Müqəddəsi yazmışdır: «Ərməniyyədə (indiki Türkiyə ərazisindədir-Red.) ermənicə, Arranda Aran dilində danışırlar». Eyni bilgiyə X yüzilin başqa iki müəllifi Əl-İstəxri və İbn Havqəlin yazılarında rast gəlirik. Sara Aşurbəylinin fikrincə «Aran» sözü əski türk dilindən başqa heç bir Şərq dilində işlənməmişdir. O yazır ki, «Aran dili» dedikdə «X yüzilə kimi yaranmış olan Azərbaycan türk dili» nəzərdə tutulurdu. Deməli «Aran» sözünün «Alban» sözü ilə sinonim olması, aranlıların isə dil baxımından türkcə danışması Qafqaz Alban əhalisinin başlıca kütləsinin soykök baxımından türk olmasını göstərir. Uzaq keçmişdən başlayaraq miladın IV-V yüzillərinə kimi Azərbaycanda bulqar, buntürk, saka, alban /aran/, dondar, tərtər və bu kimi onlarca türk soyköklü boy və toplumlar yaşamaqda idi. Onların çoxunun adlarına antik ədəbiyyatda rast gəlirik. Yeni araşdırmalar görə bu toplumların demək olar hamısı həm Şimali, həm də Cənubi Azərbaycan torpaqlarında yerləşmişdilər. Bununla yanaşı, onların bir qismi Cənubi Qafqazın başqa bölgələrində, indiki Gürcüstan və Ermənistan ərazisində yaşayırdı. Azərbaycan türklərinin bir xalq kimi yaranışı indiki Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmamış. Cənubi Qafqazın çox böyük hissəsində baş vermişdir.
Qarqarlar. Azərbaycanda məskunlaşmış qıpçaq toplumlarını araşdırarkən qarqar etnonimi diqqəti cəlb edir. Əxsikəndinin «Məcmu ət -təvarix» əsərində «qarqar qıpçaqları»nın adı çəkilir. Mərkəzi Asiyada qədimdən yaşayan qarqar qıpçaq toplumu Albaniyada da məskunlaşmışdır. Qarqarlar haqqında ilk məlumat Strabona məxsusdur. Daha sonra erməni tarixçisi M.Xorenli, alban tarixçisi M.Kalankatlı və başqaları Albaniyada yaşayan etnoslar içərisində qarqarlar haqqında məlumat verir.
Strabona görə «Metrodor Skepsiyalı və Hipsikrat, həmçinin bu yerlərlə tanış olanlar məlumat verirlər ki, amazonlar Qafqaz dağlarının şimal ətəklərində, Kerauniya adlanan yerdə qarqarlarla yanaşı yaşayırlar». Bu məlumata əsaslanan K.V.Trever qarqarların e. ə. III əsrdə Qafqaz dağlarında məskunlaşdığını, sonra dağlardan Qarabağ düzünə yayıldığını göstərir. Samur çayının mənsəbində Qarqar dağı məlumdur. Ölkənin qədim sakinləri haqqında, başlanğıcını Qarabağ dağlarından götürən Qarqarçay da danışır; çay Ağdamın şimalından axaraq şərqə Ağcabədiyədək istiqamətlənir və Kür yaxınlığında bataqlıq yerə tökülür.
Qarqar etnotoponiminin Şimali Azərbaycanla yanaşı. Cənubi Azərbaycanda da yayılması diqqəti cəlb edir. Hazırda burada Qarqar, Qərqər -Nəsir, Baba Qarqar, Qarqarak Kərkərə, Kərkər yaşayış məntəqələri mövcuddur.
Kənqərlər. Əski bulqarların və buntürklərin xələfi kəngər toplumu oldu. 482-ci ildə Sasanilərə qarşı üsyandan yazan tarixçi Paraplı Lazar kəngər türkləri yaşayan ayrıca bir vilayətin adını çəkir: Qavam Kangarac. Bu tarixçinin yazdığına görə, Sasanli qoşunu ilə döyüşdə basılan Vaxtanq Qorqasalın döyüşçüləri Albaniyanın İberiya ilə sərhədlərində Kəngər dağlarından (Ermənistanın bir rayonunda indi də Kəngər dağı oronimi qalmaqdadır-Red.) enərək «Kəngər elinə» gəlib «qonşu hunların» köməyini gözləməyə başladılar. Bu hadisədən 60-70 il sonra (542 və 552-ci illər) həmin xalqın adı hanqaraye şəklində suryani qaynaqlarda çəkilir.
IV yüzillikdən sonra kəngərlilərin yaşayış yerləri Kür ilə Araz arası bölgələrdə və Azərbaycanın başqa ellərində çox idi. Bunu həmin bölgələrdə «Kəngər», «Kəngərli» adım daşıyan kəndlərin günlərimizə kimi qalması sübut edir. XIX yüzilin ortasına yaxın yalnız Naxçıvan əyalətində qafqazşünas İ.Şopen kəngərlilərin 33 qol və tirəsini qeydə almışdı: Yurçi, Sarbanlar, Xalxallı, Cağatay, Qaraxan, Hacılar, Qaracalı, Sofulu, Didavarlı, Bolqarlı, Bərgüşadlı və s.
Bulqar, buntürk alban türk toplumları ilə yanaşı, Azərbaycan ərazisində başqa hun boyları da yaşamaqda idi. Dərbənd keçidi ilə Beşbarmaq dağı arasında yaşayan bu hunları «masaha hunları» adlandırırlar. 330-cu illərdə Masaha hun hökmdarı Sanatruk öz hökmdarlığını Kür çayı hövzəsinə kimi yaymağa çalışırdı. Moisey Kağankatlı yazır: «… Paytakaran şəhərində Sanatruk adlı birisi aqvanlar üzərində hökmdar oldu». Adı çəkilən hökmdarın daşıdığı adın hər iki yazılışı (Sanatruk, Sanesan) çox maraqlıdır. Hər iki adın tərkibində olan san sözü əski türkcədə «bədən», «gövdə», «cüssə» çalarında işlənmişdir. Görünür, Sanatruk adı «gövdəli türk» anlamında işlənirdi. Erməni tarixçilərinin bu hun hökmdarını «heybətli bahadur» adlandırması bütünlüklə buna uyğun gəlir.
Bu hadisələrdən 120 il ötdükdən sonra, Transqafqaz xalqlarının sasanilərə qarşı 450-451-ci il üsyanı ilə bağlı olaraq yenə Masaha hunlarının ad;na rast gəlinir. Moisey Kağankatlının yazdığına görə, onlar «göyün buyruğu ilə ittifaqa girib and içdilər». Sasanilərə qarşı azadlıq hərəkatında əslində bütün Şimali Azərbaycan əhalisinin: bulqarların, albanların, büntürklərin, kəngərlilərin və masaha hunlarının fəal iştirak etməsi aydın olur.
Bulqarların qollarından biri olan Basil/Barsil toplumu da Azərbaycanda güclənməkdə idi. İlkin orta çağ qaynaqlarında bu xalqın adı ilə bağlı olan Bersil-Barsil-Barşilə ölkəsinin adı çəkilir.
Ərəb müəllifləri İbn Rustə və Qərdizi Barsil türklərini Bərçölə adı ilə tanıdıqlarını yazmışlar. Başlıca məsələ isə Xəzər sahili Barşiləsi ilə yanaşı, Transqafqazm mərkəzi bölgələrində, Azərbaycan ilə Gürcüstan sərhədində ikinci bir «Barşilə»nin olmasıdır. Bu, orta çağlarda Borçalı-Borşalı-Boz- çalı adlanan bölgədir və Borçalı «Qurd çölü», «Qurd oğulları yaşayan yer» deməkdir.
Suvarlar (sabirlər). Quzey Qafqazda bulqarların suvar (sabir) qolu öncə yaranmış olan qohum Onoqur/Onoquz (Haylandur) əsgəri birliyini çökdürüb onun yerini tutdu. V yüzüdə «ən böyük türk tayfa birliklərindən biri» sayılan onoqurlar Azərbaycanda yaşayırdılar. V yüzilin 60-cı illərində onoqurları onlara qohum olan suvar türkləri üstələdilər. Onlar öz adlarını itirib suvar boylarına qovuşdular. Yüz il ötdükdən sonra suvarlar özləri də Quzey Qafqazda avar türkləri tərəfindən basılaraq Azərbaycana doğru sıxışdırıldılar. Onların on minlik bir kütləsi Azərbaycanda, o sıradan Gəncəbasarda (Sakaşendə) yerləşdi. Bir hissəsi isə şimala-Xəzər xaqanlığına köç etdi. Muğan düzündə bütün orta çağ boyunca yad edilən Bcləsuvar, XIV yüzüdə Güney Azərbaycanda Həmdullah Qəzvininin qeydə aldığı Tutsuvar, XIX yüzüdə Quba qəzasında olan Qaleyi Suvar xarabalığı və Qalasuvar kəndinin adları suvar bulqarlarının tarixi izləridir.
İslamın ilkin yayılması
Xəzərlərin Qafqazda hakim qüvvəyə çevrilməsi Xilafətin Transqafqaz bölgələrinə yürüşləri ilə qarşılaşdı. 200 ilə kimi sürən ərəb-xəzər qarşıdurması Azərbaycanın sabitliyini pozaraq siyasi durumuna böyük təsir göstərdi. Xilafətin köçürmə siyasəti ölkənin etnotarixi xəritəsində müəyyən izlər buraxsa da, türk etnosunun öz doğma ərazisində sabit yaşayışı davam etməkdə idi. 735-737-ci il yürüşünü uğurla başa vurduqdan sonra ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd “40 min və ya ondan da çox dinsizi (türkləri) Nəhr əs-Samur adlanan yerdə… və Əl-Kür çayına yaxın düzənlərdə” yerləşdirdi. 854-cü ildə Azərbaycan və Ərməniyyəyə hakim qoyulmuş Buğa əl-Kəbir «onun himayəsinə sığınaraq islamı qəbul etmək istəyən xəzərlərin bir hissəsini Şəmkirdə yerləşdirdi)). Əbdülmalik İbn Hişam öz əsərində ilkin ərəb yürüşləri çağında (VII əsrin 40-cı illəri) Xilafət qoşunlarının Azərbaycanda türklər ilə qarşılaşdığını yazmışdır. Azərbaycana yeni yürüş keçirmək fikrində olan Xəlifə I Müaviyə, qoşunlarının qarşılaşa biləcəyi çətinlikləri düşünərək əl-Cürhumidən bu ölkə haqqında arayış istəmişdi. Əl-Cürhuminin «Əxbar» ma istinad edən İbn Hişam tərəflərin söhbətini olduğu kimi verməyə çalışır: «Müaviyənin Übeyd İbn Şəriyyə ilə söhbətləri bu məsələyə (ərəb sərkərdəsi Şimrin Azərbaycana yürüşü haqqında iki daş üzərində yazdırdığı kitabəyə) çatdıqda Müaviyə Übeydə müraciət edərək Azərbaycan haqqında onun fikrini öyrənmək istəyərək dedi: «Sən allah, Azərbaycan (haqqında) əlaqəniz və xatirəniz nədir?)) Übeyd ibn Şəriyyə cavab verir: «Ora (yəni Azərbaycan-Red.) türk torpağıdır. Onlar oraya toplaşaraq bir-biri ilə qarışmış və təkmilləşmişlər)).
İslamın Azərbaycanda yayılması burada yaşayan türk boylarının vahid etnos halında formalaşmasına təkan verdi. Belə ki, ümumi dil və soykök birliyinə mənəvi birliyin yaranmasında başlıca amil olan dini birlik də əlavə olundu. İslama qədər Azərbaycanda mövcud olan dini rəngarəngliyin aradan qalxması ilə vahid Azərbaycan xalqı yarandı.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova
- Teqlər:
- Azərbaycan xalqı
- , Azərbaycan tarixi
Comments are closed, but trackbacks and pingbacks are open.