Press "Enter" to skip to content

Bütün kənd bilməlidir ki, sənin qızını bu gecə əri. Kül bizim başımıza

Yox. Tərcümə dilimiz çox bərbad səviyyədədir. Ümumi keyfiyyət aşağıdır. Pis vəziyyətdədir. Ayrı-ayrılıqda uğurlu tərcümələr var. Məsələn, “100 ilin tənhalıığı”nı xatirəmdə deyil, kim tərcümə edibsə.

Sən hardan bilirsən ki, sənin dediyin axmaqlıqdır

“Mənim telefonumun yaşı sənin yaşın qədər olar” – deyərək, müsahibə üçün diktofon əvəzi stolun üstünə qoyduğum telefonuma diqqətlə baxdıqdan sonra ovcunu açdı. Ovcunda köhnə, lap köhnə, modelini belə xatılamadığım mobil telefon var idi. Mənim, sonra bir də özünün telefonuna baxıb davam etdi: “Birinci və axırıncı telefonumdu, yox. Bundan əvvəl də biri var idi”. Sonra o markasını görə bilmədiyim ovuc boyda telefonu masasındakı kağızların arxasına, görə bilməyəcəyim bir yerə qoydu: “Uşaqlar mənə deyirlər ki, başqalarının yanında telefonunu çıxartma, ayıbdır”. İstəyirəm soruşam ki, “hansı uşaqlar?” amma tez yadıma düşür ki, bura gəlməzdən əvvəl bir neçə nəfər “baş nazirin müavini ilə görüşə gedirsən, yersiz suallar vermə, diqqətli ol” deyib.

İnanmaya bilərsiz, amma bu telefon məsələsi əməlli başlı məmur təəssüratın dağıdır. Bəli, qarşımda baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev əyləşib. Amma Sizi əmin edirəm ki, bu adamın telefonu əməlli-başlı yazıçı telefonudur, sadə yazıçı. Məmur-yazıçı söhbətinə qayıdacağıq, amma sonra. Hələ ki, texnikadan danışmağa başlayırıq. O, yazılarını komputerlə yazdığını bildirir:

Gənclik illərimdən makinada yazdığıma görə indi mənə komputerə keçmək asan oldu.

Əli ilə iş masasının üstündəki sönmüş komputeri göstərir:

Orda nəsə axtarmağa-filana vaxtım da yoxdu, bacarmıram da. Evdə ancaq makina kimi istifadə edirəm.

. və atasını xatırlayırıq. Əvvəlki müsahibələrində də fikir vermişəm, o heç vaxt “atam” ifadəsini işlətmir, həmişə “İlyas Əfəndiyev” deyir. Mən hər dəfə “atanız” deyib sual verdikcə, o, “İlyas Əfəndiyev” deyib cavab verir.

İlyas Əfəndiyev həmişə əllə yazırdı, özü də mürəkkəblə. Makina tıqqıldadığı üçün mənə deyirdi ki, sən bu tıkkıltıda necə yazırsan? Məndə ona zarafatla deyirdim: “Bəs sən tıkkıltısız necə yazırsan?”.

Gülür. Başını bulayır. Sonra başı ilə nəyisə təsdiqləyir:

“Tak çto”, evdə oturub işləyəndə komputerlə yazıram. Amma söhbət əllə, ya komputerlə yazmaqdan getmir. Söhbət ondan gedir ki, yaxşı şey yazasan.

– Bəs tıkkıltısız necə yazırsız?

– Komputerdə tıkkıltı yoxdu axı.

Yenə bir az əvvəlki halına qayıdır. Yenə başını bulayır. yenə başı ilə təsdiqləyir və bu dəfə gülümsəyir:

Hə. düz deyirsən. daha tıkkıltı yoxdur. komputer tıkkıltısızdır.

Dramatik pauza. Yazıçının içində bir tıkkıltı həsrəti olduğunu və texnika haqda olan söhbətlərin səmərəsiz olduğunu, daha doğrusu, onun üçün texnikanın hər tərəfində bir nostalji gizləndiyini hiss edib sakitcə mövzunu dəyişirəm.

İmkan tapanda yazırsız, yoxsa.

Mən hər gün yazıram. Cavanlıqdan səhərlər çox tez oyanıram. Neçədə yatmağımdan asılı olmayaraq yayda 5-ə 15 dəqiqə qalmış, qışda 5 tamamda ayaq üstəyəm. Səhər saat 5-dən işə gələn müddətə qədər, düz 4 saat mənim özümə məxsus olan vaxtdır. Mütaliəmdir, yazı-pozumdur. Əsasən də yazımdır, axşam yaza bilmirəm. Axşamlar oxuya bilərəm. Bəlkə təcili lazım olsa məqalə, çıxış yaza bilərəm, amma bədii yazı yox.

Mözvu seçimindən danışırıq. “Bu haqda yazmayacam dediyim heç nə yoxdur” deyir və niyə böyük əsərlərində Qarabağ mövzusuna toxunmadığını soruşuram.

Bu haqda bir neçə yazım var, “Bayraqdar” povesti, “Qarabağ şikəstəsi”, başqaları. Eləcə də, misal üçün, Aqilin “Dolu” romanı seçilən bir əsərdir. Amma ümumilikdə böyük epik əsərlər hələ yazılmayıb. Cavabım qorxuram standart olsun, adətən deyirlər ki, gərək vaxt keçsin. Bunda həqiqət var. Bu hadisənin miqyası elədir ki, onu gərək böyük istedadlar qələmə alsın. Birin qoyub o birisinə keçirəm, indi hansı qəzeti açırsan Qarabağ haqqında bir şeir, bir hekayə görürsən ki, onların da çoxu primitiv ah-vaydan, bəzən də şeirə, hekayəyə parodiyadan başqa bir şey deyil. Halbuki bu haqda yazanda gərək bu mövzunun ağırlığına layiq bir şey yazasan. Bu bir tərəfdən. O biri tərəfdən isə görünür bu problem hələ həll olunmayıb, nöqtəsi qoyulmayıb deyə. Mənə elə gəlir ki, hansısa bir istedad təhtəlşüur olaraq o nöqtəni gözləyir. Şübhəsiz bu xalqın elə bir ağrısıdır ki, mütləq ədəbiyyatda öz fundamental bədii əksini tapacaq. Başqa cür ola bilməz.

– Elçinin qələmindən də olsa pis olmaz.

Hələ ki, sağ salamatıq, bəlkə elə Elçinin qələmindən çıxdı. Mənim, ümumiyyətlə, yaradıcılıqda plan qurmaq adətim yoxdur. Bu mənə yad şeydi. Rəhmətlik Əbülhəsən, yazıçı, tanıyırsan də? Mən axı uşaqlıqdan bunların arasında olmuşam. Sonralar da Yazıçılar İttifaqında işləyəndə bu rəhmətliklərlə biləvasitə gündəlik təmasda olmuşam. Deməli, bu Əbilhəsən bir hekayə yazacaqdısa, əvvəldən bir qalın dəftərdə plan hazırlayırdı, qeydlər aparırdı, hərfləri də çox iri yazırdı, bir səhifəyə yeddi-səkkiz söz ancaq sığışırdı. Mən onun oğlu rəhmətlik Çingiz (yazıçı Çingiz Ələkbərzadə) ilə dost idim, evlərinə gedib gələndə stolun üstündə görürdüm. Amma rəhmətlik Əli Vəliyev nə plan qururdu, nə də qeydlər edirdi, elə döşəyib gedirdi. Dünyada nə qədər yazıçı varsa o qədər də yazıçı psixologiyası var. Bu çox individual bir məsələdir.

Pyeslərindən danışırıq, onları çox tez və birnəfəsə yazdığını deyir. “Əfəndiyevlərin pyeslərində əsasən qadınların taleyi önə çəkilir. Qadının problemi qabardılır” deyirəm, çiynin çəkir:

Qarşıma elə bir məqsəd qoymuram. Özü gəlir, belə yaranır.

Söhbətə “Atasının oğlu” olmaqla davam edirik.

İndi mənə İlyas Əfəndiyevin oğlu deyəndə çox xoş olur, amma o vaxtlar bu məni pərt edirdi, bir yeniyetmə təkəbbürü ilə istəyirdim ki, məni müstəqil adam kimi qəbul etsinlər. Fikir verirsiz, mən İlyasoğlu imzası da götürmədim, ancaq Elçin. Ötən il məzuniyyətdə on günlük Karlovi Variyə getmişdim. Parkda gəzirdim, bir də gördüm skamyada əyləşmiş bir qadın məni o birinə göstərib deyir ki, “bax, bax İlyas Əfəndiyevin oğlu gedir”. Bu mənə çox ləzzət elədi, çox təsirli idi.

Bu hadisəni gözlərində uşaq sevinci parlayaraq danışır. O halını dağıtmamaq üçün atası haqda, onun dilincə desək, İlyas Əfəndiyev haqda söhbətə davam edirik. Bu dəfə diqqətimi çəkən əsas məqam o olur ki, yaradıcılığını izlədiyim və heç vaxt nə dilindən, nə qələmindən “Atam” sözünə rastlaşmadığım Elçin tilsimi sındırır:

Ömrüm boyu atamın adından istifadə etməmişəm və buna heç ehtiyac da olmayıb. Atamın xasiyyəti də elə deyildi. Heç bir redaksiyaya zəng eləməzdi ki, bu oğlumdur, yazısını çap edin, filan. Yazılarımı oxuyurdu, fikrini özümə deyirdi, xüsusən də, bəyənmədiyi yerləri. Bəzən bir yeniyetmə ehtirası ilə mübahisə edirdim. Kənarda isə onun məsləhəti ilə ilk yazılarımı İsa Hüseynova (Muğannaya) oxuyurdum. İiyas Əfəndiyevin zəngin mütaliəsi, çox dəqiq bədii zövqü var idi və İsa da çox az saylı yazıçılardan biri idi ki, İlyas Əfəndiyev onun bədii zövqünü qiymətləndirirdi.

Bəli, nəhayət ki, “ata” ilə başlamışdı, amma yenə “İlyas Əfəndiyevə” qayıtdı. Nədir bu? Niyə yadıma çox sevidiyim əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçurdan”ı düşür? Onun qəhrəmanı, gələcəyin böyük yazarı Əmirin atası ilə mürəkkəb münasibətləri, ilk yazılarını atasının dostuna oxuması. və. deyəsən mən məsələləri dramatikləşdirməyi sevirəm. Elçin müəllim isə atası haqqında aydın hiss olunan bir ehtiramla danışır:

İlyas Əfəndiyev ədəbiyyatla, ümumiyyətlə, sənətlə bağli çox tələbkar idi. Deyirdi ki, çap olunmağa tələsmə. Mən isə tələsirdim, gənclikdir də. İlk yazım 1959-cu ildə dərc edilib. İsa Hüseynovun razılığı ilə “O inanırdı” adlı hekayəm “Azərbaycan gəncləri” qəzetində çap olunanda 16 yaşım var idi. O yazıları sonrakı kitablara, cildlərə salmıram. Onlar gözəl ilk gənclik təcrübəsidir, çox səmimidirlər, ancaq ədəbiyyat həvəskarının yazılarıdır. Gərək mətbuat həvəskarın professionala çevrilməsi prosesini ifadə etməsin. Mətbuat gərək professionalın yazısını versin. Ona görə də xoşlamıram ki, həvəskar şair belə gəldi, həvəskar bəstəkar elə getdi. Həvəskar şair olar? Şair ya olar, ya olmaz. Bunun həvəskarı yoxdu ki. Elə deyil? Yaxud da, “mən şair deyiləm, amma şeir yazıram. ” Əgər sən özün deyirsən ki, şair deyilsən, deməli yazdığın da şeir deyil.

“Həvəskarların neylədiyin görürük də. ” deyib televizoru göstərir. Qeyri-peşəkarlıqdan şikayətlənir. Söhbət fırlanıb teatrın üstünə gəlir:

Çox təəssüflər olsun ki, tənqid sahəsində böyük boşluqlar var. İlk növbədə də teatr tənqidimizdə çox böyük bir boşluq var. İki-üç nəfər professional tənqidçi var ki, teatr tənqidi ilə məşğul olur: Məryəm Əlizadə, Aydın Talıbzadə. İlham Rəhimli daha çox teatrın tarixi ilə məşğul olur, rəhmətlik İnqilab Kərimov da daha çox teatrın tarixi ilə məşğul olurdu. Ona görə də səviyyəsiz və səriştəsiz müəlliflər teatr haqqında guya fikir söyləyirlər, əslində isə dedi-qodu ilə məşğul olurlar.

– Tənqidçiyə nə qədər ehtiyacımız var ki? Səhnəyə əsasən elə adamların əsərləri qoyulur ki, onu heç kim tənqid etməyəcək. Məsələn, kim Elçinin əsərin tənqid edəcək? Buna heç kim ürək etməyəcək axı.

Başa düşmədim. Deyirsən indi tamaşanı ona görə alqışlayırlar ki, bu Elçinin əsəridir, onun da vəzifəsi var? Bu olmadı ki. Sən məndən lap monstr düzəldirsən e. Mən ilk dəfədir bunu eşidirəm. Niyə olmaz ki? Mən həmişə deyirəm: bu vəzifəyə qədər kim idimsə, hansı Elçin idimsə, bu vəzifədə də həmən Elçinəm, gedəndən sonra da o adam olacam. Nə ondan aşağı olacam, nə yuxarı. Mən bunu həmişə demişəm ki, İlyas Əfəndiyevin heç bir vəzifəsi olmayıb. Onun ən böyük vəzifəsi yazıçılıq idi, həyatında ən böyük kabineti isə evindəki iş otağı olub. Yazıçı üçün bu böyük xoşbəxtlikdir. Hətta İlyas Əfəndiyev Komunist Partiyasının üzvü də olmadı. Sovet vaxtı o ranqda bir yazıçının partiya üzvü olmaması adi məsələ deyildi. Amma mənim taleyim belə gətirdi ki, gənc yaşladımdan ictimai işlərin içində oldum. Gənc yaşlarımdan vəzifədə olmuşam. 25-26 yaşım vardı, Nizami adına Ədəbiyyat və Dilçilik (onda bir yerdəydilər) İnstitunda Birləşmiş Müdafiə Şurasının elmi katibi idim. 31 yaşım var idi, rəhmətlik Heydər Əliyev məni dəvət elədi, ilk dəfə onun qəbulunda oldum və məni Yazıçılar İttifaqına katib məsləhət gördü. Onda Yazıçılar İttifaqı çox böyük təşkilat idi, super nazirlik idi. Sovet dövründə həqiqətən imkanlı bir təşkilat idi. Birinci katib İmran Qasımov idi. Mən də katib idim. Katib Mərkəzi Komitənin bürosunun nomenklaturası idi. O vaxtdan da bu cür. Rəhbər orqanların üzvü olmaq, deputat olmaq, o birisi, bu birisi. Və mən bu vəzifələrdə həmişə vicdanımla üz-üzə oturub işləmişəm, əslində, gəmidə oturub, gəmiçi ilə dava edirdim və aydın məsələdir ki, həmişə də ilk növbədə yazıçı olmuşam.

– “Qatil”ə baxdım. Məncə çox amansız tamaşa idi.

Hmm. Nooldu? Amansızılığı qəbul elədin?

– Həyat idi. Reallıq idi.

Hə. Reallıq idi. Mənə dedilər ki, çox açıq-saçıq səhnələr var, amma getdim baxdım və qəbul elədim. Hesab edirəm ki, orda açıq-saçıq bir şey yoxdur. Orda insanın hissləridir. 40 yaşında qızın min cür istəyi, hissi var və Mehriban Ələkbərzadə bunu çox istedadla göstərib. Münəvvərin (Münəvvər Əliyeva) simasında isə yeni aktrisa kəşf elədim.

– Mən oğlanı da çox bəyəndim.

Oğlan (Hikmət Rəhimov) YUĞ teatrından gəlib, istedadlı oğlandır. Mən elə bilirəm ki, bu Mehriban Ələkbərzadənin ən yaxşı tamaşasıdır. Bu ikinci quruluş idi, birinci quruluşdan tamamilə fərqlənir. Elə bil başqa tamaşadır.

– Amma romanlarınızı səhnədə qəbul etmirəm.

Gənc Tamaşaçılar Teatrında Loğman Kərimovun quruluşunda hazırlanan “Mahmud və Məryəm” tamaşasında Məryəmi oynadığıma işarə edərək təəccüblə:

Heç “Mahmud və Məryəm”i də?

– Bəli. Heç “Mahmud və Məryəm”i də?

Hmm. Həqiqət bundan ibarətdir ki, əsər gərək səhnə üçün yazılsın. Amma sənə deyim ki, mən o “Mahmud və Məryəm”i, “Ağ dəvə”ni, “Ölüm hökmü”nü heç vaxt səhnələşdirməzdim. Bunlar Loğman Kərimovun sayəsində meydana çıxdı. Mən Loğmanı istedadlı adam, ancaq istedadını hələ lazımı səviyyədə istifadə etməmiş bir rejissor hesab edirəm. O, gəlib mənimlə söhbət elədi və məni inandırdı ki, ortaya nəsə bir şey çıxardacaq. Və mən səndən fərqli olaraq Loğmanın o tamaşalarinı bəyənirəm. Tamaşaya baxanda gərək romanları unudasan. Bu yaxınlarda Cənnət Səlimova “Buzovna kəndinin əhvəlatları” tamaşasını qoyub. Çox maraqlı alınıb. Mən o hekayələri 30-40 il bundan qabaq yazmışam. Çox şeylər yadımdan çıxmışdı, mənim xoşuma gəldi. Hər şeyi istedad həll edir. Əgər adamın istedadı varsa ortaya bir şey çıxacaq, yoxdursa, heç nə çıxmayacaq.

– Teatrlarda adınızın ətrafında bir xof var. Premyeralardan əvvəl müəllif gələcək yox, məmur gələcək deyirlər.

Həmişə deyirəm ki, bu məmur sözündən xoşum gəlmir. Qoqolun, Çexovun tipləri yadıma düşür. Bilirsən, mən bütün ömrüm boyu sən dediyin həmin söz-söhbətlə qarşılaşmışam. Teatrlarla əlaqəsi olan adamsan, hansına təzyiq eləmişəm? Ömründə ola bilməz. Mən elədikləri ilə döşə döyən adam deyiləm, ona görə də bu mövzunu davam etmirəm. Özün onlarla söhbət etsən yaxşı olar.

Ancaq söhbətimiz boyu bu mövzuya tez-tez qayıtdıq. Görünür bu onu yorub. Hiss olunur ki, bu mövzuda onun ürəyi doludur. Deyir ki, hərdən qəzetlərdə böhtanlar, kin-küdurət püskürmələri, mədəniyyətsiz, qabiliyyətsiz yazılar yazırlar. “Xahiş edirəm, bunu yazasan”. Mən də olduğu kimi yazıram:

Əgər mənim, Elçinin fəaliyyəti və yaradıcılığı bu cür böhtanlara, qarayaxmalara, kin-küdurət püskürmələrinə, primitiv dedi-qodulara tab gətirməyəcəksə, onda yaxşı edirlər yazırlar. Qoy yazsınlar. Neyləmək olar? Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski, Cəlil Məmmədquluzadə, Sabir haqda nələr yazmayıblar? Sarı mətbuat və nadan həmlələri həmişə olub. Ədəbiyyat da belədir ki, ədəbiyyatla yalançı ədəbiyyat, ədəbiyyat adamları ilə yalançı ədəbiyyatçılar, sənət ilə antisənət həmişə müştərək olub, yanaşı gedib. Həmişə belə olub. Mən onlara cavab verməyi qəti qəbul etmirəm. Nəyə cavab yazasan? Bir dəfə demişəm, mən Əkrəm Əylisliyə, Anara cavab yazaram, bunlar ədəbiyyat adamıdır. O birilər nə səviyyədə yazırlar ki, onlara cavab da yazım və niyə yazım? Mənim öz yaradıcılığımla da, fəaliyyətimlə də bağlı heç bir nigarançılığım yoxdur. Görünən dağa nə bələdçi? Yazırlar ki, Elçin vəzifəsindən istifadə etdi, teatrda pyesi getdi. Londonda, Moskvada, İstandulda, yaxud Sankt-Peterburqda, Krımda, Konyada, nə bilim harda pyesimi səhnəyə qoyublar, indi mən Londonda vəzifəmdən istifadə etmişəm? Türkiyədə beş tamaşam oynanılıb. Bu günlərdə xəbər tutmuşam ki, indi Ankara Dövlət Teatrında “Qatil”i hazırlayırlar. İstanbul Böyük Bələdiyə Teatrında “Şekspir”in, Londonda “Mənim sevimli dəlim”in məşqləri başlayıb, Kipr Dövlət Teatrı yanvarın 8-də “Qatil”in premyerasını nəzərdə tutub, Mehriban Ələkbərzadəni bu tamaşa üçün xüsusi dəvət ediblər. Burda da yazacaqlar ki, Elçin yenə vəzifəsindən istifadə edib. Yaxud da hansı qəzetdəsə oxudum ki, rəhmətlik Rafiq Tağı həbs olunanda Elçin heç nə etmədi. Sən hardan bilirsən ki, Elçin nə etdi, kimə nə dedi, kimdən nə xahiş etdi? Mətbuat konfransı çağırıb, car çəkməliydim ki, ay camaat, bilin və agah olun ki, mən onu eləmişəm, bunu eləmişəm? Mən o adam deyiləm və heç vaxt da olmamışam. Doğrusu, acınacaqli və kədərli vəziyyətdir.

– Bu arada, Türkiyədə çəkilən “Mahmud və Məryəm”in çox yaxşı film olacağına inanıram.

Çəkilişləri bitib, montaj işləri gedir. Yayda İstanbulda idim, Bakıda çəkilən fraqmentlərinə baxdım və bu dərəcədə gözləməzdim, çox xoşuma gəldi. Ümid edirəm ki, yaxşı bir şey çıxacaq. Mən “Mahmud və Məryəm”i qoruyurdum, onunla bağlı çox təkliflər olub, film olmasına icazə vermirdim, onu filmdə görmürdüm.

– Səhnədə də görmürdüz.

Görmürdüm, amma gördüm.

– Mən filmin tamaşadan daha yaxşı olacağını gözləyirəm. Çünki onlar üçün bu Azərbaycanlı yazıçı Elçinin əsəridir, vəzifəli adamın yox.

Sən yenə belə danışırsan?

Gülürük.

Məsələn, Gənc Tamaşaçılar Teatrında İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”i ilk dəfə hazırlananda o vaxtkı rəhbərlik çox narahat idi ki, əsər çox dəyişilib, Elçin müəllimin acığı tutar.

O tamaşanı çox bəyənmişdim. Vaqif Əsədovun tamaşasıdır. Amma sən belə deyirsən və bunun ab-havası mənim üçün çox yaddır.

– Reallıq budur.

Mən nə edə bilərəm. Təskinlik ondadır ki, mənim artistlərlə, rejissorlarla, ən sadə teatr işçiləri ilə çox yaxşı, isti, məhrəmanə münasibətim var. Eyni hüquqlu tərəf-müqabillərik. Başqa cür ola da bilməz.

Teatr reallıqları haqda xeyli danışandan sonra, keçirik ədəbiyyata. Gənc yazarlardan danışırıq. Stolunun üstündə iki sıra ilə yığılan kitabları göstərib yeni aldığını deyir. Əksəriyyəti gənclərin kitablarıdır.

Yaxınlarda məzuniyyətə çıxacağam, bunları da özümlə götürüb oxuyacam. Keçən yay 10-12 kitab aparıb bağda oxudum. İkisi haqda yazı da yazdım. Biri Şərif Ağayar idi, sonradan özü ilə də tanış olduq. Hansısa müşavirədə. Bir də Mübariz Cəfərli, onu isə heç görməmişəm. Bu ikisi xoşuma gəldi. Şərifin “Kərpic kəsən kişinin dastanı” povesti gələcəyin yaxşı perespektivlərindən xəbər verir. Sevinc Pərvanənin “Səhər” romanını oxudum. Axtarışdadır, hələ yaziçı kimi özünü axtarır. O qızın şeirlərini də oxumuşam, istedadlı qızdır. Bu istedad, bu protest onu hara aparacaq, deyə bilmərəm. Hər-halda, istərdim ki, Böyük Ədəbiyyata aparsın. Böyükçölün “Çöl”, Sahilənin “Zemi”, Qaraqanın “A” roman və povestlərini oxudum. Xanəmir maraqlı şairdir, onun “Qəvi qövmün qalı” kitabı poeziyamızda yeni sözdür.

– Tərcümələrin vəziyyəti necə, Sizi qane edir?

Yox. Tərcümə dilimiz çox bərbad səviyyədədir. Ümumi keyfiyyət aşağıdır. Pis vəziyyətdədir. Ayrı-ayrılıqda uğurlu tərcümələr var. Məsələn, “100 ilin tənhalıığı”nı xatirəmdə deyil, kim tərcümə edibsə.

– Günel Mövlud.

Ayrı-ayrı epizodları oxudum, yaxşı idi, eybəcər bir şeyə rast gəlmədim.

– Gənclərə hansı örnəyi verərdiz?

Mütaliə. Bu gün gəncləri oxuyuram və hiss edirəm ki, mütaliəyə böyük ehtiyacları var. Gənclik, indicə dediyim kimi, özünü axtarır, amma mütaliənin çatışmazlığı gün işığı qədər aydındır. Oxumurlar, görürsən ki, çoxunun dünyadan xəbəri yoxdur. Hətta böhtan atanda da gərək səviyyəli atasan ki, heç olmasa bir az effekti olsun. Böhtanı, qarayaxmanı, dedi-qodunu yazanda da azacıq səviyyə olsun ki, adam fikirləşə: bəlkə buna cavab vermək lazimdır, oxucuları çaşdıra bilər.

Gənclik deyən kimi də ağla ilk gələn böhtan olur niyəsə.

Anarın Orxan Pamuk haqqında məqaləsini, postmodernizm barədə mülahizələrini oxumusunuz?

Yox, oxumamışam. Ancaq Kulis.Azdakı müsahibəsini nəzərdən keçirmişəm. O vaxt Bakıda deyildim, gələndən sonra verdilər, baxdım. Orada, yumşaq desəm, qəribə bir şey gözümə dəydi ki, doğrusu, heç nə başa düşmədim. Ya belə çıxır ki, mən Anarın Nuh əyyamında yazdığı hansısa bir cümlədən ilham alıb üç cildlik roman yazmışam, ya da mənim bu romanımı Anar yazıb. Daha buna şərh vermək istəmirəm. Ancaq Anar dostumuz yəqin Türkiyədə yaşadığı gözəl günlərin təsirilə “Allah, Allah, yorum yok.” deyib gülür. Doğrudan da bundan artıq gülməli nə ola bilər?

Söhbətimizi yekunlaşdıranda bizim gəncliklə ədəbiyyatın sabahını necə proqnoz ediyini soruşdum, cavab: “Ədəbiyyat proqnoza baxmır ki. Sabah birdən adını da bilmədiyimiz biri ortaya elə bir roman çıxardı ki. Kim onu proqnoz edə bilər? Ədəbiyyatın taleyi insan taleyi kimidir, – deyib yenə başı ilə təsdiqləməyə başlayır. və deyəsən mən bu yerdə bir “ÇP”yə yol verirəm:

70-in pəncərəsindən boylanırsız.

Bu 70 söhbətin yadından çıxart! Buyur!

Allah, Allah! Nə buyur? 70-i unudandan sonra o sualın da heç bir əhəmiyyəti olmayacaq axı. Sualı belə dəyişməli oluram:

İndi nə yazırsız?

Çox pis bir xasiyyətim var. Bir yazını ki, başlayıb axıra çatdırmadım, onu davam etdirə bilmirəm. Mənim stolumda yalan olmasın 25-30 hekayə var ki, yarımçıq qalıb. Başlamışam, sonra harasa getmişəm, adətən bir yerə gedəndə özümlə aparıram, yazıram, amma nə isə olub də, eləcə fasilə yaranıb, yarımçıq qalıblar. Mən yazanda gərək birnəfəsə yazıb bitirəm. İndi bir sıra işlər var ki, işləyirəm. Pyeslər var, hekayələr var, həmin böyük roman hazırdır. Bilirsən, biz qəribə ölkədə yaşayırıq, daha yaza bilməyən, keçmişdə yazdıqlarının kölgəsində daldalanan yazıçı ilə yazanın arasında fərq yoxdur, yazmayan, quyusu qurumuş yazıçılar, yazandan çoxdur. Yazıçı gərək təzə əsərlər yazmaq iqtidarında olsun, yoxsa ki, nə qədər gözə kül üfürmək istəsə də, ortaya çıxan fındıqdır. O fındığı nə qədər tərifləsələr də içi boşdur.

– . (Burda 70 yaşda deyəcəkdim, demədim) Mövzu nədir?

Cavab maraqlı idi. Amma cavabı verməzdən əvvəl, 70 yaşın gündəmində dayanan mövzunu açıqlamazdan əvvəl masasının üstündəki telefona işarə etdi. Bu da bir peşəkarlıq. Bravo! Mövzu açıqlanmaz! Açıqlayarsan sabah kimsə götürüb fındığa çevirər. Şablon da olsa, hər yaşın öz mövzusu var və bəzi mövzular doğrudan da ancaq həyat təcrübəsi istəyir. Bəzi mövzulara toxunmaq üçün mütləq yaşamalısan.

. Ondan ayrılandan sonra artıq liftdə başladım o mövzu haqda düşünməyə. Ooooo. Bu mövzunu anlamaq üçün hələ bu qədər də yaşamalıyam.

  • Adil Kərimli ADMİU-da kadr hazırlığı prosesi ilə tanış oldu
  • “Pokerin xaç atası” vəfat etdi
  • 3 yaşına qədər gözləri görmədi, Zərdabinin qızına övladlığa verildi, Mədəniyyət naziri oldu, “knyaz” adı ilə də məşhurlaşan Xalq artisti haqqında – Maraqlı faktlar

Bütün kənd bilməlidir ki, sənin qızını bu gecə əri. Kül bizim başımıza!

Dünən Zaqatalada 17 yaşlı qız intihar edib. Rəsmi olaraq intiharın səbəblərinin məlum olmadığı deyilsə də, səbəb sevgi imiş. Sevdiyi var imiş, valideynləri deyib ki, ali məktəbi bitirsin, evlənərsiniz. Amma sonra başqası ilə nişanlayıblar. Qızcığaz da çıxış yolunu intiharda görüb, asıb özünü. Meyitini tövlədə tapıblar. Düşünəndə ki, balaca qızcığaz özünü necə asıb, kəndiri boynuna necə keçirib, necə son gücünü toplayaraq ayağının altındakını kənara itələyib, məni dəhşət bürüyür…

Son anda bəlkə də peşman olub, xilas olmaq istəyib. Bəlkə anasını-atasını köməyə çağırıb, bəlkə də beynindəki son kəlmə sevgilisinin adı olub. Bilmirəm… Amma daha bir can axmaq və gic cəmiyyətin qurbanı oldu.

Yəqin indi valideynləri rahatdır. Niyə belə düşünürəm, çünki bizim mentallitet üçün əsas odur ki, qız övladı qız uşağı kimi ər evinə getsin, vəssalam. Sevir, sevmir dəxili yoxdur. Əsas odur ki, gecə güllə açılmalıdır. Bütün kənd də xəbəri bilməlidir. Hə, bütün kənd bilməlidir ki, sənin qızını bu gecə əri, ardını özünüz bildiniz. Bu nə düşüncədir? Bu nə biabırçılıqdır? İntim münasibətləri xonçaya qoyub hamıya göstərmək hansı parlaq zəkanın məhsuludur, bilmirəm. Hələ də bundan qurtula bilmirik. Ya da istəmirik. Qız övladının valideynə bəxş edə biləcəyi yeganə fəxarət hissi ancaq budur bəyəm? Ərə getsin, uşaq doğsun? Niyə, fəxr etməyə başqa səbələr yoxdur?

Gülərin videosuna baxdım. Balaca qız, sarışın və gözəl. Mahnı oxuyur, ağlaya-ağlaya. A kişi, bu fani dünyada dəyərmi övladının qəlbini belə məhv etməyə? Uşaqdır axı. İlk sevgisidir. Kordur, şikəstdir, axmaqdır, hər nədir, sevir axı… Bəlkə də üç aya, beş günə unudacaqdı sevdiyini. Bir az səbirli davranmaq olmazdımı?

Gülər kimi nə qədər qız özünü asır, kəsir, yandırır bizə dərs olmur ki, olmur. Hamı da Allahdan qorxur, pir-məscid gəzir, beş dəfə namaz qılır. Amma heç kim düşünmür ki, 17 yaşlı uşağı belə sındırmaq olmaz. 124 min peyğəmbər bizi adam edə bilmədi, Gülər də edə bilməz. Nə deyim, gözəl qız, yəqin ki, gəlinlik sənə çox yaraşacaqdı. Gözlərin də işıldayardı sevdiyinin yanında olsaydın. Ürəyin də gülərdi. Nə xəyallar qurmuşdunsa, bağışla. Çünki ən azı bir cəmiyyət olaraq o qədər cılız və murdarıq ki, səninkimiləri müdafiə edə bilmirik. Bir yerimiz çatmır ki, dost kimi, rəfiqə kimi valideynlərin qarşısına keçib yetkinlik yaşına çatmamış qızlarımıza yiyə duraq. Nə hüquqi müstəvidə, nə də mənəvi. Çünki kənd-kəsək qalxıb deyəcək ki, get, rədd ol, xalxın uşağını pis yola çəkmə. Qız onundur, özü bilər. Axı qız övladı əşyadır. Ailə özü bilər kimin evinə bəxşiş göndərər.

İndi, qoy, doyunca ağlasınlar. Hamımız ağlayaq günümüzə. Gör övladlarımızı nəyə görə itiririk. Öz şəxsi ambisiyalarımıza görə… Kül bizim başımıza!

Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması

Deyirəm bu söhbəti danışmamışdan qabaq bir-iki ustad kişiyi öz sözləriylə yada salaq, yenə söhbətimizə davam eləyək. Amma o sözlər ki, qəriblikdən, ayrılıqdandı… Çünki indi xeyli vaxtdı biz yurddan-yuvadan ayrı düşmüşük. Gərəkdi ki, bizim bu hal-əhvalımıza uyğun söz deyilsin. Xüləsə, deyirəm qabaqca Yetim Əsgərdən bir söz deyək, ruhu şad olsun.

Müxənnət fələyin nəzərindəyəm,
Qəzaynan, xətaynan hədələr məni,
Yaxam əlindədi, qalmışam naçar,
Nə olsun tanıyır dədələr məni.

Yaş gedir, dərd artır, bel də bükülür,
Candan qüvvə gedir, nur də çəkilir,
Ürəyə xal düşür, bağrım sökülür,
Tutur tənələrə gədələr məni.

Əhli-hal tapmıram açam dərdimi,
Ona nişan verəm ata yurdumu,
Yetim Əsgər sevər elin mərdini,
İnsafdı, namərdlər didələr məni?!

Ustadlar bir deməz, iki deyər. Biz də yenə birini də Yetim Əsgərdən deyək, olsun iki.

Hardan, niyə gəldin, soruşma, qardaş,
O dağdan bu dağa güzardı düşdü.
Məni yurd-yuvamdan, eldən elədi,
Sədəmə toxundu, nazardı düşdü.

Əlindən iş gəlmir, eybinə kor ol,
Varda gözüm yoxdu, lap sahibkar ol,
Məni tanıyandan məni xəbər al,
Qəriblik qanıma azardı düşdü.

Dürlü sözləri var Yetim Əsgərin,
Bir zad deyil sənin anarı-bərin,
Mən indi qəribəm, yoxdu öz yerim,
Sanıram baxtıma məzardı, düşdü.

Ustadlar sözü iki deməz, üç deyər. Biz də birini Mağaraçıqlı Hasan xandan deyək, olsun üç.

En, ey könül, sən göylərdən,
Əhli-hal yerindədi,
Məqamın həmən məqamdı,
Cah-calal yerindədi.
Söz mülkünün ləl-cövhəri,
Qaradan gəldi ağa,
Çünki böyük zəhmətim var,
Var halal yerindədi.

Dərddən nələr çəkib başım,
Bilirik sən də, mən də,
Fələk məni tanıyıbdı,
Salıb qəmnən kəməndə.
Mən bir ürfan adamıyam,
Süvar olub səməndə,
Dolanıram oba-oba,
El, mahal yerindədi.

Hasanxanı gəl incitmə,
O ki, qırxlar quludu,
Safdı qəlbi, həm nəfəsi,
Könlü sözlə doludu.
Getdiyi yol haqq yoludu,
Şahi-mərdan yoludu.
Təbi qaynar, sözü lətif,
Pir, abdal yerindədi.

Bəli, Allah ustadlara rəhmət eləsin, keçək söhbətimizə. Aşıq Heydər Hacı Abbasoğlu Mahmud ağanın məclisinin nuru sayılırdı. Ağa ona aşıq kimi, şair kimi böyük hörmət eləyir, harya getsə, onu aparırdı. Aşıq cavan vaxtı saz çalsa da, sonralar ana babasının sözüynən daha sazı yerə qoydu, amma avaznan elə oxuyurdu, az qalırdı ki, uçan quşlar da havada qanad saxlaya. Sözüm yox, yenə Mahmud ağaynan Aşıq Heydər Kəmərvana getmişdilər. İşlərini görəndən sonra, yəni orda məclis keçirəndən sonra onlar geri qayıdanda kəndin qırağında bir cavana rast oldular. Baxdılar, bu, cütün macından tutub yeri heç yaxşı əkə bilmir. Yeri əkməyin əvəzinə cızalayıb, zay eləyib bu. Odu ki, Aşıq Heydər Mahmud ağaya dedi:
– Ağa, əgər izn versən, bu cavana bir söz demək istəyirəm. Sinəmə bir neçə xana söz gəlib.
– İzindi, sən söz deməymində ol.
Mahmud ağa belə deyəndə Aşıq Heydər görək burda götürüb nə dedi:

Durma, macdan yaxşı yapış,
Xərək qoyub qaralama.
Ək ürəklə, həvəsiynən,
Gəl torpağı yaralama.

Haqosa bax, diqqət elə,
İşlə, çalış, gülə-gülə,
Bu obadan sən naz ilə,
Gəl özünü aralama.

Niyə oldu halın xarab?
Peşən olsun özünə bab.
Heydər deyər başqa iş tap,
Yeri-yurdu qaralama.

Bəli, söz tamama yetdi. Amma cavan oğlan öküzü əylədi. Alnının tərini slib atlılara, yəni Aşıq Heydərlə Mahmud ağaya yaxınlaşıb dedi:
– Düzdür, dediyinə iradım yoxdur, amma ağa özü məni məcbur elədi ki, get yeri sən ək. Mən də əkin işini bilən adam deyiləm. Mənimki daş işidir, ev tikirəm, mustuq yonuram, holuq düzəldirəm.
– Bə adın nədir ?
– Yetim Ləvənd.
– Soruşmaq ayıb olmasın, hansı tərəfdənsən?
– Axırkələkdənəm. Atam-anam öldü. Mən bir parça vaxtımnan düşdüm qapılara. Sağ olsun Usta Pirini, mənə sənət öyrətdi – güzaranım bu tərəfə düşür, o da belə.
Mahmud ağa bunu bir xeyli sorğu-suala tutdu, daha heç nə demədi. Yenə üzünü Aşıq Heydərə tutdu. Yəni görək Aşıq Heydər nə deyir bəs. Aşıq Heydər Yetim Ləvəndə dedi:
– Baxıram sinən söznən doludu. Bəlkə bir söz deyəsən.
– Ürəyimnən dedin, sən də cavab verərsənmi?
– Sən de görüm. Baxım, xoşuma gəlsə, mən də bir şey deyərəm.
İndi görək burda Yetim Ləvəndə nə dedi, Aşıq Heydər ona nə cavab verdi:

Kor baxdım mənimlə heç getmir yola
Yandırıb oddara hara gəlibdi.
Yığıb mənə verib dərdi, bəlanı,
Əzəldən belədir, qara gəlibdi.

Aldı Aşıq Heydər:
Boy-buxun, sir-sifət, cavanlıq səndə,
Bulud tək tutulub dolmağın nədi.
Dərd-sərini söylə, biz də bir bilək,
Heyva tək saralıb solmağın nədi.

Aldı Yetim Ləvənd:
Barı «hiş» də qanmır tərs öküz kimi,
Qəmi qabağıma düzür köz kimi.
Bircə faydası yox çürük qoz kimi,
Deyim bircə gün də kara gəlibdi.

Aldı Aşıq Heydər:
Qaradan qaradı o baxt dediyin,
Əlbət ki, varlıdı xoşbəxt dediyin.
Yerini alarmı hər vaxt dediyin,
Dərdi sinən üstə almağın nədi.

Aldı Yetim Ləvənd:
Feldardı, bal yağır yağlı dilindən,
Baş aça bilmirəm heç əməlindən.
Qurtarmaq olur ki, bunun əlindən.
Yetim Ləvənd bezib, zara gəlibdi.

Aldı Aşıq Heydər:
Aşıq Heydər deyər bir az tab elə,
Aç sinədəftərin, bir kitab elə.
Səxalı bəylərə bir xitab elə,
Baxtın qarasında olmağın nədi?

Söz tamama yetəndə Aşıq Heydər Yetim Ləvəndə dedi:
– Əyə, sən əməlli söz deyənsənmiş ki! İndi bir söz deyəcəm, mənə cavab verərsənmi?.
– Sən başla görüm, mən də sənə layiq bir-iki söz tapa bilərəmmi?.
Bəli, Aşıq Heydər burda yenə görürdü görək nə dedi:

Nə ucadı, nə alçaqdı,
Bu məqamlar kimdədi?
Gözəl işlər, gözəl peşə,
Böyük namlar kimdədi?
Pul oduna ömür verən
Nə qazanar dünyada?
Haqq ataşı, üzün nuru,
Dolu camlar kimdədi?

Aldı Yetim Ləvənd:
Mərd ucadı, namərd alçaq,
Uca məqam mərddədi,
Gözəl işlər, gözlə peşə,
Böyük namlar mərddədi,
Pul oduna yanan kəslər
Faniliyi qazanar,
Haqq ataşı, üzün nuru,
Dolu camlar mərddədi!

Aldı Aşıq Heydər:
Varü-dövləti, qızıl-gümüş,
Ləlü-göhhər nə şeydi?
Nədi söylə kişi işi
Bu dünyada nə yeydi?
Qara saçı nə ağartdı,
Əlif qəddi nə əydi?
Ağır məclis, şirin söhbət,
Qara damlar kimdədi?

Aldı Yetim Ləvənd:
Varü-dövlət, qızıl-gümüş
Aqillərə nə şeydi,
Kişi işi səxavətdi,
Eylik eləmək yeydi,
Qara saçı, əlif qəddi
Qoca fələk tez əydi;
Ağır məclis, şirin söhbət,
Qara damlar mərddədi!

Aldı Aşıq Heydər:
Mərd dediyin necə kəsdi?
İşi-gücü yoxdumu?
El içində yeri-yurdu,
Varı-yoxu çoxdumu?
Mala-pula meyl eləmir
Harda qurub taxtını?
Aşıq Heydər sual eylər
Şirin dəmlər kimdədi?

Aldı Yetim Ləvənd:
Mərd deyilən haqq elçisi,
Yaxşı bilir işini,
Əzəl başdan heç buraxmır
Yaxşılığın peşini;
El içində məclis qurar.
Mərdə verər aşını;
Yetim Ləvənd doğru söylər
Şirin dəmlər mərddədi!

Söz tamama yetəndə Aşıq Heydər baxdı yenə Yetim Ləvəndin sözü var deyən.
Odu ku, dedi:
– Baxıram yenə dənçiyində söz var. De görüm, nə deyirsən.
– Bu belə deyəndə Yetim Ləvənd yenə sözə başladı:

Bir yandan yetiməm, bir yandan kasıb,
Tale dərd şələsin belimə basıb.
Ataşlı zənciri boynundan asıb,
Kimsə pənah yoxdu, təkcə qalmışam,
Sitəmə tuşam.

Aldı Aşıq Heydər:
Darıxma darılma, dərdə qayım ol.
Əlbət, tanrı verər sənə da bir yol.
Ucadan ucadı çox adildi ol,
Hər vaxt pənahında saxlayar səni,
Gəl eşit məni.

Aldı Yetim Ləvənd:
Evsiz-eşiksizəm, simsarsız, fağır.
Nə məclis görürəm, nə də çal-çağır.
Dərd dərdin dalınca üstümə yağır.
Hələ indiyəcən kədər almışam,
Yuvasız quşam.

Aldı Aşıq Heydər:
Sən ki, söz deyəsən, simsar tapılar,
Açılar üzünə bağlı qapılar.
Dərddən sınıq könlün sözlə yapılar,
Qovarsan başından dumanı-çəni,
Gəl dərddən geni.

Aldı Yetim Ləvənd:
Yetim ləvənd deyər bir ustadım yox,
Saza həvəsim var, sözə ondan çox.
Aşıq Heydər, mənə yaxşı göznən bax,
Bu cavan yaşımda dərdə dalmışam,
Bir bağrıdaşam.

Aldı Aşıq Heydər:
Aşıq Heydər gördü sənin dərdini,
Həlbət bular el-obanın mərdini.
Qəm eləmə, mən bilirəm qədrini.
Gəl unut burada olub-keçəni,
Haqqa sal yönü.

Söz tamama yetən kimi Mahmud ağa bir qələm, bir kağız çıxarıb nəsə yazdı, sonra Aşıq Heydərə baxıb dedi:
– Aşıq Heydər, zəhmət olmasa, atdan düş, ver onu Yetim Ləvəndə, qoy getsin kəndə.
Bayaq Aşıq Heydər atı verdi Yetim Ləvəndə. Mahmud ağa dedi:
– Neçə aydı burda işləyirsən?
– Üç aydı.
– Yaxşı, ağa sənə 15-20 manat haqq verməlidi. Amma sən bu kağızı al, ver ona geri, dübara burya gəl. Özün də bir az çəpik ol.
– Bu saat.
Bayaq Yetim Ləvəndə ata minən kimi atı dəhmərləyib kəndə tərəf yol aldı. Aradan az keçmədi ki, Yetim Ləvənd geri qayıtdı, atdan düşüb onu sahibinə qaytaranda Mahmud ağa dedi:
– Yetim Ləvənd, min Aşıq Heydərin tərkinə. Deyirlər Aşıq Nəsib yaxşı aşıqdı. Səni onun yanına aparıram. Əlbət hünərin var, amma yenə xeyrinədi. Al bu da sənə yol xərcliyi.
Mahmud ağa Yetim Ləvəndə xeyli pul verdi. Yetim Ləvənd ağanı dualaya-dualaya pulu cibinə qoydu, Aşıq Heydərin tərkinə mindi. Gəlhagəl gəlib onlar bir kəndə çıxdılar. Mahmud ağa atını bir evin qabağında saxlayıb dedi:
– Bilirəm, Aşıq Nəsib burda olur.
Ona kimi qapı açıldı. Ev sahibi eşiyə çıxdı, gələnləri qarşıladı. Nökər-qulluqçu tökülüb atları tövləyə çəkdilər. Mahmud ağagili də evə apardılar. İçəri keçdilər ki, məclis qurulub. Aşıq Nəsib lap başda oturub qəlyan çəkir. Bunlar salam verib keçdilər başa. Aşıq Nəsib o saat Aşıq Heydəri tanıdı.
– Əyə, a qara Heydər. Mən harya gedirəm, gərək sən də oraya gələsən?
– Bə, neynim. Mən də belə adamam.
– Yanındakı bu cavan oğlan kimdi?
– Yetim Ləvənd.
– Axırkələkli cavandımı bu?
– Necə ki.
– Deyirlər bir az söz-zad deməyi var.
– Sən hardan bilirsən.
– Mənim bilmədiyim şey var ki?!
Aşıq Nəsib qəlyanı bir yana qoyub sazını sinəsinə basdı.
– Əyə, a qara Heydər, sən yaxşı söz deyənsən, amma sinəmə bir neçə xana yaxşı söz gəlib, deyim qulaq as.
İndii görək Aşıq Nəsib burda götürüb nə dedi:

Qırxların əlindən badə işmişəm,
Qəlbinin nurundan sözüm bol gəlir.
Dərdə alışmışam, düzü seçmişəm,
Sinəmin başına haqdan yol gəlir.

Meylim yox dünyada mala-dövlətə,
Pendir-çörək bəsdi, yemərəm kətə.
Mən tamah salmaram pişmişə, ətə,
Boğazdan, gödəndən axı ol gəlir.

Nəsibəm, sözümə sən də, yaxşı bax,
Yerdən öz-özünə qaynayır bulaq.
Yorğa yeriş nədi nə bilir ulaq?
Sağdan sonra əlbət, bir də sol gəlir.

Söz tamama yetən kimi Mahmud ağa aşığın qabağına bir onluq qızıl qoydu.
– Sağ ol, var ol, aşıq. Səndən bir xahişim var, bu oğlanı (əliynən Yetim Ləvəndi göstəridi) sənin yanına gətirmişəm ki, bunu özünə şəyirt götürəsən. Səsi də var, sözü də var. qalanını da sən bilirsən.
– Nə deyirəm. Mahmud ağa, amma bu cavanla ötəri deyişmək istiyirəm. Görək razı olacaqmı.
– Mən razıyam.
– Eləmi, onda gəl qabağa.
O saat Yetim Ləvənd keçdi Aşıq Nəsibin qabağına. Yenə
Aşıq Nəsib sazı sinəsinə basdı, görək nə dedi:

Ustadın, pirin kim, özün de kimsən,
Söz betər tutubdu harada səni?
Yoxsa natarazsan, bir ağlı kəmsən,
Xəcil eləmiyim burda səni.

Aldı Yetim Ləvənd:
Ustadım Əlidi, ol Şahi-Mərdan,
Yetiməm dərd üstə tutub söz məni.
Ağlı-huşu cəməm, ağlım başımda
Gəl sıxma-boğmuya salnan az məni.

Aldı Aşıq Nəsib:
Fağırsan, gədəsən, yoxsamı mərdsən,
Yoxsa özün boyda dünyaya dərdsən.
Olmuya bilmirəm, qurd oğlu qurdsan,
Dar yerdə qoyarsan qarada məni.

Aldı Yetim Ləvənd:
Fağıram, kasıbam, gədə deyiləm,
Nə də özüm boyda qada deyiləm.
Mən qurd oğlu qurdam – bilir bu aləm,
Dillənsə, ram edir telli saz məni.

Aldı Aşıq Nəsib:
Aşıq Nəsib deyər sözü uzatma,
Uca məqamlara əlini atma.
Mənim düz sözümə qaşını çatma,
Nədi dingildədən arada səni.

Aldı Yetim Ləvənd:
Yetim Ləvənd deyər sözüm uzanmaz,
Dərdə müştaq olan boşuna yanmaz.
Bir alçaq könüldü deyil ki, qanmaz.
Çağırar çöllərə gələn yaz məni.

Bəli, söz tamama yetdi. Aşıq Nəsib dedi:
– Yetim Ləvənd, sağ ol. Səndən yaxşı aşıq olacaq. Bu gündən səni özümə şəyird götürdüm.
Elə o vaxtdan Yetim Ləvənd Aşıq Nəsibə şəyird oldu. Bir neçə il onun yanında qaldı, aşıqlığın yolunu-izini öyrəndi. Allah sizləri də mətləbinizə çatdırsın.

  • Aşıq rəvayətləri
  • Dastanlar

Comments are closed, but trackbacks and pingbacks are open.