Sözün təkmənalı və çoxmənalı
Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Sözün təkmənalı və çoxmənalı
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.”
Respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş
Konstitusiyada dövlət dili kimi təsbit edilmiş Azərbaycan dili
bütövlükdə 50 milyondan çox azərbaycanlıya xidmət göstərir.
FONETİKA
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i] .
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir : [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat – [sa:t], maaş- [ma:ş], camaat – [cama:t], təəssüf – [tə:ssüf], mətbəə – [mətbə:], bədii- [bədi:], təbii – [təbi:] və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima – [dayima], zəif – [zəyif], Səidə – [Səyidə], təbiət – [təbiyət], müdafiə – [müdafiyə], radio – [radiyo], dialoq – [diyaloq], iaşə – [iyaşə], maneə – [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət – [saadət], fəaliyyat – [fa:liyət], müavin [mavi], müalicə – [malicə], müəyyən – [məyyən], müəllim – [məllim] və s.
Qeyd 1 : Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa – [Əlağa, əmioğlu – [əmoğlu], əliaçıq – [əlaçıx], bacıoğlu – [bacoğlu], xalaoğlu – [xaloğlu] və s.
Qeyd 2 : Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.
Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
Heca
Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.
Vurğu
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim – bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) – dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
LEKSKOLOGIYA
Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: “qələm” sözünün leksik mənası “yazı alətidir”. Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq -müstəqillik – sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.
3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı- içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: “qələm” sözü əşyanın adını, “qırmızı” əlamətini, “bir” isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Sözün həqiqi və məcazi mənası
Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: “dəmir qapı”, “daş divar”, “yıımşaq çörək” və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: “dəmir iradə”, “daş ürək”, “yıımşaq söz” və s. söz birləşmələrindəki birinci tərəflər -“dəmir”, “daş” və “yumşaq” sözləri bənzətmə yolu ilə yaranmışdır. “Külək yatdı”, “Təbiət gülür”, “Təbiət oyanır”, “Günəş gizləndi” və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: “ayaq”, “ağız”, “boğaz”, “almaq”, “çəkmək” və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız – quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz – uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Almaq – kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq – topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı – acı dərman, acı xatirə, acı söz və s.
Ağır – ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: “adamın gözü” birləşməsındəki “göz” sözü həqiqimənada, “bulağın gözü” bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi – darağın dişi – hər ikisi isimdir; şirin meyvə – şirin söhbət – hər ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
QRAMMATIKA
Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos – forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
NİTQ HİSSƏLƏRİ
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.
İSİM
İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.
Konkret və mücərrəd isimlər.
Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər və mücərrəd isimlər.
Konkret isimlər – gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,ev və s.
Mücərrəd isimlər isə gözlə görünə bilməyən əşyaların adlarıdır. Məsələn:arzu,xəyal,yuxu,məqsəd və s.
Ümumi və xüsusi isimlər .
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1.Ümumi isimlər
2.Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:
1.İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.
2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
3. Qəzet, jurnal və əsər adları:”Azadlıq”,”Ulduz”, “Xəmsə” və s.
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. “Dəli Kür” (əsər), “Azərbaycan” (jurnal), “Bakı fəhləsi” (zavod), “Vətən” (cəmiyyət) və s. .
Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.
İsmin quruluşca növləri.
İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə isimlər yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur: Məsələn: kitab, su, şagirdlər, məktəbimizdə və s.
Düzəltmə isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, isimlərin özlərindən və fellərdən düzəlir.Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: isimdən düzələnlər və feldən düzələnlər.
İsimdən düzələn isimlər.
Aşağıdakı leksik şəkilçilərin köməyi ilə isimdən(bəzən də sifət, say və əvəzlikdən)düzəltmə isimlər düzəlir;
– çı4;- balıq-çı, dəniz-çi, ov-çu, üzüm-çü və s. Bu şəkilçi daha çox peşə, sənət bildirən isimlər düzəldir. Başqa mənalı isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: üsyan-çı, əla-çı, təbliğat-çı və s.
– lıq4- şəkilçisi daha çox yerbildirən isimlər düzəldir: daş-lıq. meşə-lik, çəmən-lik, odun-luq, üzüm-lük və s.
Cansız əşyabildirən bəzi isimlər də bu şəkilçinin köməyi ilə düzəlir: baş-lıq, nəfəs-lik, göz-lük, ön-lük.
-lıq4 -şəkilçisi mücərrəd mənalı isimlər də düzəldir: yaxşı-lıq, insan-lıq, təmiz-lik, gözəl-lik, zərif-lik, dost-luq, çox-luq, ucuz-luq, düz-lük və s. Nümunələrdən göründüyü kimi, bu cür isimlər daha çox sifətdən düzəlir.
-lı4 şəkilçisi insan anlayışı bildirən isimlər düzəldir: azərbaycan-lı, Sultan-lı, Həsən-li, kənd-li, şəhər-li və s.
-ça2 -şəkilçisi ilə kiçiltmə mənalı isimlər düzəlir: meydan-ça, kitab-ça, bağ-ça, qazan-ça, döşək-çə, dəftər-çə, lüğət-çə və s.
-daş –şəkilçisi ilə insan anlayışı bildirən isimlər düzəlir: əmək-daş, vətən-daş, soy-daş, sir-daş, silah-daş və s.
-stan- (-ıstan4) şəkilçisi ölkə, yer bildirən isimlər düzəldır: Gürcü-stan, gül-üstan, Dağ-ıstan, Özbək-istan, Monqol-ustan və s.
-laq- şəkilçisi də yer bildirən isimlər düzəldir: qış-laq, yay-laq, ot-laq, buz-laq və s.
– cığaz4 və – cıq4 şəkilçiləri kiçiltmə və əzizləmə mənalı isimlər düzəldir: qulaq-cıq, ev-cik, gəlin-cik, uşaq-cığaz, quş-cığaz, qız-cığaz, körpə-ciyəz və s.
Az məhsuldar olan -kar, -sana, -zadə, -dar, -şünas, -gər şəkilçiləri də isimlərə qoşularaq düzəltmə isimlər düzəldir: sənət-kar, kitab-xana, şah-zadə, Həsən-zadə, hesab-dar, hüquq-sünas, mis-gər və s.
Qeyd: —lıq4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-dıx4], [-nıx4], [-rıx4] şəklində tələffüz olunur. Məsələn: qıtlıx – [qıtdıx], genişlik – [genişdix], sərinlik – [sərinnix], dar-lıq – [darrıx] və s.
Feldən düzələn isimlər.
– ış4 (-ş) şəkilçisi fel köklərinə qoşularaq hal-vəziyyətlə, hərəkətlə bağlı isimlər düzəldir. bax-ış, anla-yış, qaç-ış, gəl-iş, düzəl-iş, göstər-iş, dur-ıış, vur-uş, gxil-üş. döy-üş, dön-üş, tanı-ş, yeri-ş və s.
– aq (-q, -k) şəkilçisi ilə müxtəlif mənalı isimlər düzəlir: yat-aq, qaç-aq, dara-q. sına-q, qayna-q, daya-q, yama-q, boya-q, istə-k, ələ-k, bəzə-k, döşə-k və s.
– ma: şəkilçisi ilə də fel köklərindən müxtəlif mənalı isimlər düzəlir: vur-ma. Qovur-
ma, dondur-ma, qoş-ma, çək-mə, süz-mə, böl-mə, döşə-mə və s.
– qı4 (-qı, – ki- qu, – kü) şəkilçtsi sonu kar samitlə bitən fei köklərinə qoşularaq, əşya bildirən və mücərrəd mənalı isimlər düzəldir: as-qı, səp-ki, bit-ki, şeç-ki, it-ki, iç-ki, pus-qu, sürt-kü və s. Yuxarıdakı şəkilçinın başqa variantı olan -ğı4 (-ği -ğı, -ğu, -ğü) şəkilçisi isə sonu cingiltili samitlə bitən fel köklərinə qoşularaq, müxtəlif mənalı isimlər düzəldir: çal-ğı, sev-gi, sil-gi, vur-ğu, duy-ğu, böl-gü, hör-gü və s.
– tı4 şəkilçisi müxtəlif mənalı isimlər düzəldır: qaral-tı, qışqır-tı, qızar-tı, bozar-tı, çığır-tı, göyər-ti, cücər-ti, döyün-tü, hönkür-tü, görün-tü və s.
– ıntı4 şəkilçisinin köməyi ilə müxtəlif mənalı isimlər düzəlir: tap-ıntı, qaz-ıntı, yağ-ıntı, tik-inti, çök-üntü, sız-ıntı, qır-ıntı, sıx-ıntı və s.
Mürəkkəb isimlər.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.
Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir. Bu cür sözlər əmələ gəlmə üsullarına görə bir neçə qrupa bölünür:
• İki müxtəlifmənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi ilə: Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça, və s.
• Mənsubiyyət şəkilçili sözlərin birləşməsi ilə: suiti, kəklikotu, Nəbioğlu, dağkeçisi, Bazardüzü və s.
• Sadə və düzəltmə sözün birləşməsi ilə: soyqırım, Əlibayramlı, qəlbisınıqlıq, beşillik və s.
• İkinci tərəfi feli sifət olan mürəkkəb isimlər: falabaxan, yelqovan və s.
• ”Ha”, “a”, bitişdiricilərinin vasitəsilə birləşən eyni fel köklərinin təkrarı ilə yarananlar: gəlhagəl, vurhavur, qaçaqaç və s.
• Tərkibində ağa, xanım, bəy, şah, xatun kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda: Ağasəlim, Bəyəli, Gülxanım, Saraxatun və s.
Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır:
• Yaxın mənalı sözlərin birləşməsi ilə: söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-ənənə və s.
• Əks mənalı sözlərin iştirakı ilə: baş-ayaq,eniş-yoxuş, gediş-gəliş və s.
• Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos, kağız-kuğuz, zir-zibil, dəmir-dümür, sür-sümük və s.
• İzafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal və s.
• Tərkibində əks, eks, vitse, kontr, ober, super, külli sözləri olan mürəkkəb isimlər: əks-inqilab, eks-prezident, vitse-admiral, ober-leytenant, super-market, külli-ixtiyar və s.
Defislə yazılan mürəkkəb isimlərin də əksəriyyəti bir vurğu altında deyilir.
Mürəkkəb adlar.
Şəxslərin, əşyaların adları ayrı-ayrı isimlərlə, söz birləşmələri ilə də ifadə oluna bilər. Bu baxımından mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə qarışdırmaq olmaz. Unutmayın ki, mürəkkəb isimlər söz, mürəkkəb adlar isə söz birləşməsidir.
Mürəkkəb söz
Məmmədhüseyn,
Məmmədhüseyn Şəhriyar
Mürəkkəb ad
Qarabağ, Qarabağ xanlığı
Qeyd: Mürəkkəb adlar bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur. amma mürəkkəb sözlər sadə cümlə üzvü olur.
Tarixi hadisələrin, dövrlərin, sülalələrin, yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adların birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yüzillik müharibə, Gülüstan müqaviləsi, Orxon-Yenisey abidələri, Səfəvilər sülaləsi, Azadlıq meydanı, Şəhidlər günü və s.
Belə sözlərə fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Son Paleolit dövrü, Orta Paleolit dövrü və s.
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti.
Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Babək Rayon Təhsil Şöbəsi, Bakı Dövlət Universiteti və s.
Orden, medal, bədii əsr, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, kafe, nəşriyyat, restoran, düşərgə,mağaza və s. Adları dırnaqda və böyuk hərflə yazılır:”Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Azərbaycan”qəzeti, “Çinar” kafesi və s.
Qeyd: Dırnaqda yazılan belə sözlərə artırılan şəkilçi dırnaqdan kənarda yazılır: ”Xalq Qəzeti”nin dünənki sayı, “Leyli və Məcnun”un ilk tamaşası və s.
İsmin mənsubiyyətə görə dəyişməsi.
Dilimizdəki isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:
I-şəxs -m, -ım, ata+m, ütü+m, bağ+ım, ev-im, top-um, üzüm-ün -mız, -ımız4; ata+mız, ütü+müz, bağ-ımız, ev+imiz, top+umuz, üzüm+ümüz
II-şəxs -n, -ın, ata+n, ütü+n, bağ+ın, ev+in, top+un, üzüm-ün -nız4, -ınız4; ata+nız, ütü+nüz, bağ+ınız, ev+iniz, top+unuz, üzüm+ünüz
III-şəxs -ı4 –sı4; ata+sı, ütü+sü, bag+ı, ev+i, top+u, üzüm+ü -ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+i, top+u, üzüm+ü
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edənlər əşyanın yalnız insana mənsubluğunu bildirir. Məsələn: mənim arzum, sevincim; sənin arzun, sevincin; bizim arzumuz, sevincimiz; sizin arzunuz, sevinciniz və s.
III şəxsə aid bu şəkilçini qəbul edən isim isə əşyanın həm ana, həm də başqa əşyalara (istər canlı, istərsə də cansız olsun) mənsubluğunu bildirir. Məsələn: Onun bağı, qonşunun bağı, məktəbin bağı: Onların qapısı, qonşunun qapısı, evin qapısı və s. III-şəxsin təki və cəminin qəbul etdiyi mənsubiyyət şəkilçilər eynidir.
Mənsubiyyət şəkilçili isimlər özündən əvvəl gələn və yiyəlik da işlənən əvəzliklərlə (I və II şəxslərdə), eləcə də isimlərlə (I şəxsdə) bağlı olur və birlikdə cümlənin bir üzvü olur. Mənsubiyyət şəkilçili isimlərdən qabaq çox vaxt yiyəlik halda işlənən əvəzlik və ya isimlər yığcamlıq xatirinə buraxılır. Məsələn: Atam kənddədir. Kitabın məndədir. Evi uzaqdadır və s. Lakin belə isimlərin əvvəlinə əvəzlik (və ya isim) artırmaq olar. Məsələn: Mənim atam kənddədir. Sənin kitabın məndədir. Onun (Əlinin, qonşunun, müəllimin) evi uzaqdadır və s.
Bəzi alınma sözlərin mənsubiyyətə görə dəyişməsi
Dilimizdə saitlə bitən bir neçə alınma sözün qəbul etdiyı mənsubiyyət şəkilçilərinin əvvəlində y samiti işlənir. Məsələn: tale-yim, tale-yin, tale-yimiz, taleyi (taleləri). Mövqe, mənşə, mənafe, mənbə sözlərinin də mənsubiyyətə görə dəyişməsi belədir. Saitlə bitən başqa sözlər isə cədvəldə göstərildıyi kimi, – m, – n, -si ,-mız,4- sı4 şəkilçilərini qəbul edir. Məsələn: ailə-m, ailə-n, ailə-si, ailə-niz, ailə-si (ailə-lər-i) və s.
İsmin şəxsə görə dəyişməsi
İsimlər şəxsə görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik) şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:
I şəxsin təki – am2, cəmi -ıq4
II şəxsin təki –san2, cəmi – sınız4
III şəxsin təki – dır4, cəmi – dır4, +lar2
Məsələn:
Mən insan+am (sagird+əm). Biz insan+ıq (şagird+ik).
Sən insan+san (sagird+sən). Siz insan+sınız (şagird+siniz)
O, insan+dır(şagird+ dir). Onlar insan+dır+lar (şagird+ dir+ lər).
Saitlə bitən isimlərdə I şəxsə aid şəxs şəkilçilərinin (təkdə və cəmdə) əvvəlinə y bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.
İsimlərdə həm mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.
Qeyd: Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit deyilmir. Məsələn: müəllimdir – [məllimdi], ıışaqdır – [uşaxdı]. körpüdür – [körpüdü], borudur – [borudu]və s.
İsmin şəxsə görə dəyişməsi.
İsimlər şəxsə görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik) şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:
I şəxsin təki – am2, cəmi -ıq4
II şəxsin təki –san2, cəmi – sınız4
III şəxsin təki – dır4, cəmi – dır4, +lar2
Məsələn:
TƏK CƏM
Mən insan+am (sagird+əm). Biz insan+ıq (şagird+ik).
Sən insan+san (sagird+sən). Siz insan+sınız (şagird+siniz)
O, insan+dır(şagird+ dir). Onlar insan+dır+lar (şagird+ dir+ lər).
Saitlə bitən isimlərdə I şəxsə aid şəxs şəkilçilərinin (təkdə və cəmdə) əvvəlinə y bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.
İsimlərdə həm mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.
Qeyd: Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit deyilmir. Məsələn: müəllimdir – [məllimdi], ıışaqdır – [uşaxdı]. körpüdür – [körpüdü], borudur – [borudu]və s.
İsmin hallanması.
İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.
Isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.
Adlıq hal
İsimlərin başlanğıc formasıdır. Adlıq hal kim? nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: atam (kim?), kitabım (nə?), evlər (nələr?), kəndimiz (hara?), qələmdir (nədir?) və s.
Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s. Bu halda olan isim sifətləşdikdə cümlədə təyin də olur. Məsələn: Şəkidə kərpic evlər çoxdur. Uşağa dəri çanta aldım. və s.
Yiyəlik hal
Yiyəlik, sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?), qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.
Yiyəlik halın iki növü var: müəyyənlikbildirən yiyəlik hal, qeyri-müəyyənlikbildirən yiyəlik hal.
Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində konkret bir məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrindəki məktəb və kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı nümunələrdə də aydın görmək olar:
Müəyyənlik bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, dəftərin üzü, gülün ətri.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, dəftər üzü, gül ətri. Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.
Yiyəlik halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir.Belə isim özündən sonra gələn başqa bir isimlə – üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili isimlə məna və qrammatik cəhətdən bağlı olur. Bu iki isim birləşmə əmələ gətirir və birlikdə cümlənin bir üzvü olur. Məsələn: Məktəb illəri arxada qaldı. Qonşunun oğlu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.
Müəyyənlik bildirən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Məsələn: Qələm Anarındır. Kitab kitabxananındır və s. Qeyri – müyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.
Qeyd: Samitlə bitən isimlərin qəbul etdiyi yiyəlik hal şəkilçisi –ın4 ilə II şəxs təkin mənsubiyyət şəkilçisi -ın4 bır-biri ilə omonimdir. Məsələn: otağın açarı, sənin otağın, qələmin ucu, sənin qələmin və s. Bunları daşıdıqları mənaya görə fərqləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra ikinci bir isim tələb edir (eləcə də mənsubiyyət şəkilçili ismin əvvəlində yiyəlik hal şəkilçisi qəbul etmiş sənin əvəzliyini işlətmək olur: kitab-ın cildi, sənin kitab-ın). Bundan əlavə mənsubiyyət şəkilçisi qəbul etmiş ismi hallandırmaq olur: sənin kitabını, kitabına, kitabında və s. Yiyəlik hal şəkilçisi qəbul etmiş ismi isə hallandırmaq mümkün deyil (ümumiyyətlə, bir isim iki hal şəkilçisi qəbul edə bilməz).
Yönlük hal
Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə? nəyə? haraya? suallarından birinə cavab olur və -a2 (-ya2) şəkilçisini qəbul edir. Məsələn: O, Anara (ata-ya) baxır – kimə? Mən qrafın-ə (güzgü-yə) yaxınlaşıram – nəyə? Qız məktəb-ə (Şəki-yə) çatır – haraya? və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən birinə keçir. Məsələn: babaya – [babıya], nənəyə – [nəniyə], Şuşaya – [Şuşuya], kölgəyə – [kölgüyə] və s.
Kimə? nəyə? sualına cavab olan isimlər cümlədə həmişə vasitəli tamamlıq, haraya? sualına cavab verən isimlər isə zərflik olur.
Təsirlik hal
Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4 (-nı4) şəkilçisinı qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi? Qələm-i (düymə-ni) götürdüm – nəyi? və s.
Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir. və s. Təsirlik halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da, qrammatik mənaca onlardan tamamilə fərqlənir:
1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işlətmək olar. Məsələn: O, alma (almanı) yeyir. Bağban ot (otu) biçir və s.
2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Aygün dostuna məktub yazır. Aygün məktubu dostuna yazır.
3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Günay qələm aldı. Günay bu qələmi aldı.
4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirən təsirlik hal kimi yalnız təsirli fellərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan və nə? sualına cavab verən isim isə əksər hallarda təsirsiz fellərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdü. Kitab bilik mənbəyidir. Kitab maraqlıdır və s.
Qeyd 1: Samitlə bitən isimlərin təsirlik halının şəkilçisi -ı4 ilə III şəxs təkin mənsubiyyət şəkilçisi –ı4 omonimdir. Məsələn: Kitabı oxu. Onun kitabı evdədir. Qələmi götürdüm. Uşağın qələmi sındı və s. Bunları fərqləndirmək üçün ilk növbədə mənaya fıkir vermək lazımdır. Formaca oxşar olan belə isimlərdən birincisi (təsirlik halda olan isim) nəyi? sualına, ikincisi (mənsubiyyət şəkilçili isim isə nə? sualına (bütövlükdə, birləşmə şəklində) cavab olur. Məsələn: Qonaq çayı (nəyi?) içir. Qonağın çayı (nə?) soyudu. Deməli, təsirlik hal şəklçili isim həmişə cümlədə tamamlıq, formaca oxşar olan mənsubiyyət şəkilçili isim isə mübtəda olur. İkinci fərq isə yuxarıda qeyd olunduğu kimi, təsirlik halda olan isimlərin yalnız təsirli fellərlə bağlı olmasıdır.
Qeyd 2: Təsirlik halın şəkilçisi –ı4 həm də isim düzəldən -ı4 leksik şəkilçisi ilə omonimdir. Məsələn: sanc-ı, yaz-ı, çək-i və s.
Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.
Yerlik hal
Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab olur və -da5 şəkilçisi ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) və s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəlitamamlıq,harada? sualına cavab olan isim isə zərflikolur.
Çıxışlıq hal
Hərəkətin çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən? nədən? haradan? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan, Sevincdən (kimdən?), kitabdan, dəftərdən (nədən?), bağçadan, küçədən (haradan?) və s. Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini bildirir. Məsələn: bağçaya (çatılacaq nöqtə) -bağçadan (çıxış nöqtəsi) və s.
Sonu n, n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə (-nan3) şəklində deyilir. Məsələn: babam-dan- [babamnan], nənəmdən – [nənəmnən], Naxçıvandan-[Naxçıvannan], çəməndən – [çəmənnən] və s.
Çıxışlıq halda olan isim, əsasən, təsriflənən fellərlə əlaqəyə girir. Məsələn:Uşaq məktəbdən gəlir. O, anasından soruşdu və s.
İsim ba Ş qa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn:Mən Anardan böyüyəm. Aysel Günaydan irəlidədir və s.
İsmin cümlədə rolu.
İsimlər cümlədə, daha çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).
Leksika
Leksika Hər hansı bir dildə və ya dialektdə işlədilən sözlərin məcmusu.
Sözün leksik və qrammatik mənası
Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini, təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: qələm sözünün leksik mənası yazı alətidir. Sözün leksik mənasını bir neçə yolla izah etmək olar:
- Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq – müstəqillik – sərbəstlik.
- Verilən sözə əks mənalı söz seçməklə. Məsələn: quzey – güney
- Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan peşə sahibi.
- Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı – içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanaşı, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Məsələn: qələm sözü əşyanın adını, qırmızı əlamətini, bir isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.
Sözün həqiqi və məcazi mənası
Dilimizdəki sözlərin bir çoxu həm həqiqi, həm də məcazi mənada işlədilir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: dəmir qapı, daş divar, yumşaq çörək və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sonradan qazandığı törəmə mənası isə onun məcazi mənası adlanır. Məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşayalara aid edilməsi yolu ilə yaranır. Məsələn: dəmir iradə, daş ürək, yumşaq söz və s. söz birləşmələrindəki birinci tərəflər – dəmir, daş və yumşaq sözləri bənzətmə yolu ilə yaranmışdır. Külək yatdı, Təbiət gülür, Təbiət oyanır, Günəş giz-ləndi və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksik mənada işlənən təkmənalı sözlərdir.
Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: ayaq, ağız, dil, boğaz, almaq, çəkmək və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda da işlənir: Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s. Ağız – quşun ağzı, qazanın ağzı, baltanın ağzı və s. Dil – insanın dili, alovun dili, qarmonun dili, çəkmənin dili Boğaz – uşağın boğazı, bardağın boğazı, çəkmənin boğazı və s. Almaq – kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s. Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s. Tutmaq – topu tutmaq, üz tutmaq, fikri tutmaq və s. Acı – acı dərman, acı xatirə, acı söz və s. Ağır – ağır yük, ağır itki, ağır cəza, ağır xasiyyət və s. Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: adamın gözü birləşməsindəki göz sözü həqiqi mənada, bulağın gözü birləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin birinci mənaları (uşağın ayağı, quşun ağzı və s.) həqiqi mənada, sonrakı mənaları isə məcazi mənada işlənmişdir. Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdən ibarət olur. Dilimizdə çox işlək olan çoxmənalı sözlər əsasən bunlardır: ağ, ağız, ağır, ayaq, almaq, alçaq, baş, burun, boğaz, boz, bişmək, çevirmək, çıxmaq, dil, diş, düşmək, ətək, qaş, qol, kök, üz, göz, yol, yumaq, qara, yüngül, soyuq, yüksək, tutmaq, kəsmək, yaymaq, getmək, salmaq və s. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: diş – uşağın dişi, darağın dişi; maşın – paltaryuyan maşını, təbliğat maşını, reklam maşını; lövhə – yazı lövhəsi, təbiət lövhəsi; şirin meyvə – şirin söhbət.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
Omonimlər
Deyilişi və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən söz-lərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn: Bağ – meyvə ağacları əkilmiş sahə. Bağ – bir şeyi bağlamaq üçün ip Şam – yandırmaq üçün cisim Şam – ağac adı Şam – axşam yeməyi Fokus – linzanın fokusu Fokus – sirkdə göstərilən nömrə Bu nümunələrdəki bağ, şam və fokus sözlərinin deyilişi və yazılışı eyni olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, an, aş, aşıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bənd, çat, çap, çay, çaxmaq, çən, dad, dağ, dan, dar, daş, din, don, doğru, dolu, divan, düz, en, əqrəb, əsər, göy, gül, hava, iç, inci, it, kök, köç, kürək, qala, qat, qaş, qaz, qır, qız, qurd, qan, qol, qovaq, qoyun, ləpə, mürəkkəb, nəticə, ov, oxu, oxşamaq, saç, şam, şor, tala, tək, top, tut, uçmaq, üz, var, yağ, yal, yan, yaş, yad, yay, yar, yara, yaz, yol və s.
Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bağ və şam omonimlərinin hər ikisi isimdir.
Aşağıdakı omonimlər də eyni bir nitq hissəsinə (ismə) aiddir:
- Ay – yerin peyki: Ay göründü. Ay – 30 gün: Bu gün ayın beşidir.
- Bal – qatı şirin maddə: Bal tutan barmaq yalar. Bal – zəlzələnin, küləyin gücünü bildirən ölçü vahidi: Beş bal gücündə zəlzələ oldu. Bal – rəqs gecəsi, şənlik: Yeni il balı maraqlı keçdi.
- Əqrəb – saatın mili: Saatın əqrəbləri 12-ni göstərir. Əqrəb – zəhərli həşərat: Çöldə əqrəb gördük və s.
Dilimizdə fel kimi işlənən omonimlər də vardır. Məsələn:
- Uçmaq – qanadlanmaq: Quş qanadlanıb uçdu. Uçmaq – dağılmaq: Köhnə divar uçdu.
- Oxşamaq – bənzəmək: Uşaq atasına oxşayır. Oxşamaq – əzizləmək, nazlamaq: Ana körpəsini oxşayır.
- Alışmaq – öyrənmək, adət etmək: Uşaq yeni mühitə alışdı. Alışmaq – yanmaq: Quru odun tez alışdı.
Dilimizdə ayrı-ayrı nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur. Bu cür omonimlərə aid bir neçə nümunə: Isim və sifət kimi işlənən omonimlər:
- Yaş – insan ömrünün müəyyən dövrü: Uşağın 5 yaşı var. Yaş – nəm, islanmış: Yaş odun yanmadı.
- Kök – tərəvəz: Kök dadlı idi. Kök – yoğun, dolu, şişman: Kök adamdan xoşum gəlir.
- Mürəkkəb – yazı üçün maye: Qələmin mürəkkəbi qurtardı. Mürəkkəb – çətin: Imtahana çətin suallar düşmüşdü.
Omonimlərin bir çoxu isim və fel kimi işlənə bilir. Məsələn:
- Gül ətri (isim) – Ağlama, gül (fel).
- Divarda çat var (isim) – Qaç, uşaqlara çat (fel) və s.
Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: oynaq (bədəndə sümük) ismi ilə oynaq hava birləşməsindəki oynaq sifəti düzəltmə omonimlərdir. Buruq (neft buruğu) ismi ilə buruq sifəti (buruq saç) və ya iki müxtəlif mənada işlənən vergi ismi (gəlir üçün dövlətə ödənilən məbləğ və istedad mənalarında) düzəltmə omonimlərdir.
Səslənməsinə görə bir-birinə oxşar olan sənəd – sənət, süfrə – sürfə, qəlb – qəlp, məhsul – məsul, mətn – mətin, əmr – əmir, atlaz – atlas, əsr – əsir, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, ahəng – əhəng və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Tərkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır. Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Məsələn:
- alma (isim) – alma (fel),
- əkin (isim) – əkin (fel),
- dondurma (isim) – dondurma (fel),
- dimdik (isim) – dimdik (sifət) və s.
Bu cür sözlərin yazılışları eyni olsa da, tələffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır. Tələffüzü və yazılışı eyni, lakin kökləri (və ya başlanğıc formaları) fərqli olan sözlər də omonim deyil. Məsələn: “əsgər çoxlu yara almışdı” və “Sözümü yara çatdır” cümlələrindəki “yara” sözləri köklərinə görə fərqlənir. Birinci cümlədəki “yara” sözü başlanğıc formadadır. Ikinci cümlədəki “yara” sözünün kökü isə “yar” ismidir. (“a” qrammatik şəkilçidir).
Qrammatik şəkilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
- Mehriban (şəxs adı) – mehriban,
- çiçək – Çiçək (şəxs adı),
- yaqut – Yaqut (şəxs adı) kimi tərəflərindən biri xüsusi isim olan sözlər omonimlik yaratmır.
Belə ki, bu vaxt məna–məfhum fərqi meydana çıxmır, anlayış dəyişmir. Bundan başqa, nərə, əyan, bəzən tipli sözlər də omonim sayılmır. Çünki nərə (qışqırtı), əyan (dövlət məmuru), bəzən (hərdən) sözlərində birinci hecadakı sait uzun tələffüz olunur. Eyni cür yazılan nərə (balıq növü), əyan (aşkar), bəzən (bəzənmək) sözlərində isə heç bir sait uzanmır. Omonimin tərifindən çıxış edərək, bu sözlərin yazılışı eyni olsa da, tələffüzünün fərqli olması onların omonim olmadığını söyləməyə əsas verir. Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlan və şirəli kök birləşmələrindəki kök sözü isə omonimdir. boğaz, yar, qaş, qol, yol, dolu, düz, dil, yay, üz, tut, bel sözləri də həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.
Sinonimlər
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir. Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq – alışdırmaq – yandırmaq və s.
Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. -bi, -sız4; -la, -sız4 sinonim şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız; laməkan – məkansız
Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.
Antonimlər
Bir-birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir. Məsələn: yer – göy, sülh – müharibə, igid – qorxaq, gülmək – ağlamaq, oturmaq – qalxmaq, gecə – gündüz və s. Antonimləri təşkll edən sözlər eyni bir nitq hissəsinə aid olur. -lı4, -sız4; -bi, -lı4 antonim şəkilçiləri ilə yaranan sözlər leksik antonim deyil. Məsələn: güclü sözünün antonimi gücsüz yox, zəif sözü sayılır.
Ümumişlək sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər. Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.
Ümumişlək olmayan sözlər
Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir. Ümumişlək olmayan sözlər iki qrupa bölünür: 1. dialekt sözləri 2. ixtisas sözləri (terminlər)
Dialekt sözləri
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir. Məsələn: döşəkçə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü isə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), ciyi;ciji (ana), digə (dağ yerində yaşayış yeri, alaçıq), gəvəzə (boşboğaz), əlardan (dəsmal), düşğu; düşgi (stol silmək üçün əsgi), dənab (qaynadılmış su), qəməlti (bıçaq), siyəzi (kisə), zivə (paltar asmaq üçün ip), manşırlamaq (nişanlamaq), maş (lobya), əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey, peyğəmbəri, kəbə, məkə (qarğıdalı), yerpənək (xiyar), qəlbi (hündür), lapdan (qəfildən) və s. sözləri də dialekt sözləridir.
Terminlər (İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər (ixtisas sözləri) deyilir.
Məsələn: frazeologiya, mübtəda, orfoepiya, embriologiya, süjet, epitet, subtropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna, flora və s.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var.
Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinoniminin olmamasıdır.
Dilimizdə elə sözlər var ki, onlar dildə yalnız termin kimi çıxış edir. Məsələn: metonimiya, sinekdoxa, fiksaj, akvarel, hiperbola və s. Elə sözlər də vardır ki, həm termin, həm də ümumişlək söz kimi işlənir. Məsələn: güc, qüvvə, xəbər, say, enerji, zərf, sifət, fel və s. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik.
Sözün tərkib hissələri
Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir. Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir.
Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir. Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s. Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır: na-, bi-, ba-, la-, a-, anti- və s. Məsələn: namərd, narahat, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s.
Bu şəkilçilərdən ilk dördü ərəb-fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Sözün quruluşca növləri
Dilimizdəki sözlər quruluşuna görə üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb. Yalnız bir kökdən (və ya kök və qrammatik şəkilçidən) ibarət olan sözlər sadə sözlər adlanır. Məsələn: ev (evlər, evdə), uşaq (uşaqlarda, uşaqlarımız), şagird (şagirddə, şagirdin) və s.
Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi (iş+çi), enli (en+li), başla (baş+la), baxış (bax+ış) və s. Mürəkkəb sözlər iki (bəzən də üç) kökdən (sözdən) ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), tozsoran (toz, soran), əlüzyuyan (əl, üz, yuyan) və s.
Söz yaradıcılığı
Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var: 1. Leksik şəkilçilərin köməyi ilə yeni – düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+lük, gül+dan və s.
Leksik şəkilçilərin köməyi ilə düzəltmə sözlərin yaranması qaydası morfoloji üsul adlanır. 2. İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni – mürəkkəb sözlərin yaranması. Məsələn: ayaq və qab = ayaqqabı, uca və boy = ucaboy, aş və süzən = aşsüzən və s.
Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Xarici keçidlər
Omonim (yun. ὁμός ὄνομα – eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: “Meyvə ağacları əkilmiş sahə” və “Bir şeyi bağlamaq üçün ip” mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər.
Omonim, Omofon, omoqrafRedaktə
- Omonim – deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözlərdir.
- Omofon – səslənməsinə görə eyni olan, lakin yazılmasına görə fərqlənən sözlərdir.
- Omoqraf – yazılışına görə eyni olan, lakin səslənməsinə görə fərqlənən sözlərdir.
- Omonim – səs tərkibinə görə eyni, mənasına görə müxtəlif söz qrupu.
Comments are closed, but trackbacks and pingbacks are open.