Press "Enter" to skip to content

Tikinti icazəsini necə əldə etmək olar

Azərbaycanda tikinti lisenziyalarının alınmasında iş adamlarına hüquqi dəstək verən «Unilegal Consulting» şirkətindən FED.az-a verilən məlumata görə, lisenziya tələb olunan sahələrə digərləri ilə yanaşı, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri daxildir.

Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası

1.1. Bu Qayda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 75.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və barəsində icazə tələb olunan, lakin Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) və yerli icra hakimiyyətləri orqanları (birlikdə bundan sonra – icazə verən orqan) tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi tikinti niyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti obyektinin sifarişçisi olan hüquqi və fiziki şəxslərin və aidiyyəti qurumların yerinə yetirməli olduqları ayrı-ayrı prosedurların xüsusiyyətlərini və müddətlərini təkmilləşdirmək və tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmaq, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.

1.3. Bu Qaydanın tələbləri tikinti obyektinin tikintisinə və istismarına icazənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin verdiyi hallara şamil edilmir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Məcəllənin 3-cü maddəsində göstərilən anlayışları ifadə edir.

1.5. Bu Qayda əsasında tikintiyə icazə tikinti obyektinin inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi üçün verilir.

1.6. Tikinti obyektinin inşası üçün sifarişçilər, şəhərsalma və tikinti qanunvericiliyində göstərilən hallar istisna olmaqla, tikintisinə və istismarına icazə alınması üçün icraat çərçivəsində bu Qaydada nəzərdə tutulan prosedurlardan əlavə prosedurlara cəlb edilə, habelə onlardan əlavə sənədlər və ödənişlər tələb oluna bilməz.

2. Tikinti layihəsinin hazırlanması

2.1. Tikinti layihəsini müvafiq lisenziyası olan hüquqi və ya fiziki şəxslər (bundan sonra – layihəçi), o cümlədən müvafiq lisenziyası olduğu təqdirdə, sifarişçinin özü hazırlayır. Sifarişçi layihəçini cəlb etməyi nəzərdə tutduqda, bu məqsədlə layihəçi ilə Məcəllənin 48-ci maddəsinə əsasən müqavilə bağlayır.

2.2. Layihəçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, həmçinin ekoloji, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, habelə aparılmış mühəndis-axtarış işlərinin hesabatlarına uyğun hazırlanmasını təmin edir və buna cavabdehlik daşıyır.

2.3. Tikinti layihəsinin Məcəllənin 83-cü maddəsində göstərilən bütün bölmələrinin hazırlanması tələb olunduğu hallarda layihəçi tikinti layihəsinin ayrı-ayrı bölmələrinin hazırlanması üçün müvafiq lisenziyası olan digər layihəçini cəlb edə bilər.

2.4. Layihələndirmə sifarişçinin müvafiq qaydada verdiyi layihə tapşırığına əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun həyata keçirilir. Layihələndirmə ilə bağlı layihəçi Məcəllənin 48.3.1-ci və 48.3.3-cü maddələrində nəzərdə tutulanların yerinə yetirilməsini təmin edir.

2.5. Hazırlanmış tikinti layihəsinin hər vərəqəsi onu hazırlayan layihəçi və sifarişçi tərəfindən imzalanmaqla (layihəçi və sifarişçi fiziki şəxs olduqda), layihəçi və ya sifarişçi hüquqi şəxs olduqda isə onların möhürləri və ya ştampları ilə təsdiq edilir. Tikinti layihəsinin hazırlanması və təsdiqi üçün layihəçidən və ya sifarişçidən hər hansı dövlət qurumunun rəyləri, o cümlədən tikinti obyektinin layihələndirilməsi məqsədləri üçün mühəndis-axtarış işlərinə dair hesabata rəyin alınması və ya həmin hesabatın razılaşdırılması, habelə təchizat müəssisələrinin mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtləri və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin əldə edilməsi tələb oluna bilməz. Bu bəndə uyğun olaraq sifarişçinin təsdiqlədiyi layihədə göstərilən parametrlərlə layihə tapşırığında nəzərdə tutulan parametrlər arasındakı fərq həmin layihənin və ya tapşırığın dəyişdirilməsinin tələb edilməsinə əsas ola bilməz.

3. Tikintiyə icazənin alınması ilə bağlı müraciət və tikintiyə icazənin əldə edilməsinin “bir pəncərə” əsasında həyata keçirilməsi

3.1. Sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur.

3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

3.2.2. tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə);

3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti.

3.3. Tikintiyə icazə verən orqan 2 (iki) iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrini ərizəçiyə izah edir. Bütün natamamlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.4. Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Komitə 5 (beş) iş günü müddətində Məcəllənin 75.4-cü maddəsi çərçivəsində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğuna dair rəydə layihənin şəhərsalma sənədlərinə uyğun olub-olmaması göstərilməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.

3.5. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy bildirildiyi gün icazə verən orqan aşağıdakıları həyata keçirir:

3.5.1. Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq rəy bildirməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə (sanitariya-gigiyena tələblərinə uyğunluq baxımından) və Fövqəladə Hallar Nazirliyinə (yanğın təhlükəsizliyi tələblərinə uyğunluq baxımından) sorğu göndərir;

3.5.2. tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin təchizat müəssisələrindən əldə edilməsi üçün “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə, yaxud kiçik və orta biznes evlərinə (bundan sonra – KOB evləri) müraciət edir.

3.6. Bu Qaydanın 3.5.1-ci yarımbəndində göstərilən sorğuya 5 (beş) gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində rəy bildirilmədikdə, tikintiyə icazə verən orqan iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi rəyini bildirməyən qurumla razılaşdırılmış hesab olunur.

3.7. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzləri, yaxud KOB evləri bu Qaydanın 3.5.2-ci yarımbəndinə uyğun olaraq, onlara müraciətin daxil olduğu gündən təchizat müəssisələrindən 10 (on) gün müddətində mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtləri əldə edərək tikintiyə icazə verən orqana təqdim olunmasını təmin etməlidir. Tikintiyə icazə verən orqan “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzləri, yaxud KOB evləri ilə əhatə olunmayan ərazilərdə bu mərkəzlərin xidmətləri təşkil edilənədək, Məcəllənin 84.1-ci maddəsində qeyd olunan texniki şərtlərin birbaşa təchizat müəssisələrindən 10 (on) gün müddətində alınmasını təmin edir.

3.8. Bu Qaydanın 3.4-cü və 3.6-cı bəndlərinə uyğun olaraq əldə edilmiş rəylər (o cümlədən iradların olmaması prezumpsiyası və tikintinin razılaşdırılmış hesab edilməsi) və 3.7-ci bəndinə uyğun olaraq əldə edilmiş texniki şərtlər əsasında icazə verən orqan, sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 (on beş) iş günü müddətində tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

3.9. Tikintiyə icazə verildiyi halda icazə verən orqan 1 (bir) iş günündən gec olmayaraq kağız və ya elektron formada icazənin surətini, habelə tikinti layihəsinin bir nüsxəsini sifarişçiyə təqdim edir və belə icazə tikintiyə başlanılması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısı və tətbiqi halları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əlavə şərtlər nəzərdə tutulduqda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra icazə verən orqan sifarişçiyə 2 (iki) iş günündən gec olmayaraq xüsusi nişan təqdim edir. Bu halda xüsusi nişan tikinti işlərinə başlanılmasına əsas hesab edilir. Tikintiyə icazə verən orqanın tikinti layihəsinin ərizəçiyə verdiyi nüsxəsini həmin orqanın vəzifəli şəxsi imzalayır və möhürlə təsdiqləyir.

3.10. Komitə tikintiyə icazədə nəzərdə tutulmuş məlumatları 3 (üç) iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti verdikdə, tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) iş günü müddətində Komitəyə təqdim edilir.

3.11. Yeni tikinti obyektinin inşası üçün onun tikinti sahəsində mövcud digər tikinti obyektinin sökülməsi nəzərdə tutulduğu hallarda, sökülmə yalnız tikinti obyektinin inşası ilə bağlı tikintiyə icazə alındıqdan sonra həyata keçirilə bilər. Belə icazə alınanadək mövcud tikinti obyektinin sökülməsinə yalnız sökülmə ilə bağlı ayrıca tikintiyə icazə alındıqda yol verilir.

3.12. Tikintiyə icazədə birdən artıq ayrıca tikinti obyektinin inşası (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşası) nəzərdə tutularsa, tikintiyə icazədə tikinti layihəsində göstərilən hər bir tikinti obyekti və həmin obyektlər üzrə tikinti fəaliyyətinin həyata keçirilməli olduğu müddət və mərhələlər ayrıca qeyd olunmalıdır.

4. Tikintiyə başlanılması üçün hazırlıq işlərinin görülməsi

4.1. Tikintiyə icazə verildiyi hallarda, sifarişçi tikinti ərazisində tikinti işlərini, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət etməklə, tikinti layihəsinə uyğun olaraq həyata keçirir.

4.2. Sifarişçi tikintiyə başlamaq üçün Məcəllənin 86-cı maddəsinin tələblərinə əsasən hazırlıq işlərini yerinə yetirməlidir. Bu məqsədlə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti ərazisini hasarlamalı və görünən hissədə məlumat lövhəsinin yerləşdirilməsini təmin etməlidir. Məcəllənin 86.1-ci maddəsinə uyğun olaraq, məlumat lövhəsində aşağıdakılar öz əksini tapmalıdır:

4.2.1. icazə verən orqan haqqında məlumat;

4.2.2. tikintiyə icazənin, habelə Məcəllənin 75.7-ci maddəsinə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti;

4.2.3. obyektin təyinatı, sifarişçisi, layihəçisi və podratçısı haqqında məlumat;

4.2.4. tikintiyə başlanılması və tikintinin başa çatması ilə bağlı müddətlər haqqında məlumat;

4.2.5. obyektin mərtəbə sayı, qabariti və görünüşü.

4.3. Tikintiyə başlamazdan əvvəl meydançadaxili və meydançadankənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir.

4.4. Tikintiyə icazədə nəzərdə tutulmuş şərtlər, göstərişlər və əlavə müddəalar tikintiyə başlamazdan əvvəl yerinə yetirilməlidir.

4.5. Mühəndis-axtarış işləri istisna olmaqla, tikintiyə icazə alınanadək tikinti ərazisində hər hansı tikinti fəaliyyətinin, o cümlədən mövcud tikinti obyektinin sökülməsinin həyata keçirilməsinə yol verilmir.

4.6. Sifarişçi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nın açılmasını təmin etməlidir. “Tikintidə Dövlət Nəzarəti Jurnalı” sifarişçinin tikinti-quraşdırma işlərinə başlamazdan 10 (on) gün əvvəl Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq təqdim etdiyi sənədlərə əsasən açılır.

4.7. Ekspertizasının keçirilməsi tələb olunmayan bir mərtəbəsinin sahəsi 150 kvadratmetrdən, tikintinin ümumi həcmi isə 1200 kubmetrdən artıq, aşırımlarının uzunluğu 6 metrdən böyük olmayan birmərtəbəli və ikimərtəbəli iaşə, ticarət, sosial, təsərrüfat təyinatlı obyektlərin, habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin tikintisinə başlamaq üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nın açılması tələb edilmir. Bu bənddə göstərilən tikinti obyektləri istisna olmaqla, digər obyektlərə münasibətdə “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmadan tikintiyə başlamaq qadağandır.

5. Tikintiyə dövlət nəzarəti

5.1. Tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir.

5.2. Tikintiyə dövlət nəzarəti Məcəllənin 97-ci maddəsinə əsasən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

5.3. Tikintiyə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir.

5.4. Tikintiyə dövlət nəzarətini həyata keçirən dövlət orqanı, Məcəllənin 89.1.2-ci, 89.1.4-cü və 89.1.6-cı maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, bu Qaydada nəzərdə tutulmuş digər tikinti obyektlərinin tikintisində dövlət nəzarətini yalnız özülün quraşdırılması mərhələsində həyata keçirir.

5.5. Tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir.

6. Tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi

6.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

6.2. Tikintisi başa çatmış obyektin istismarına icazə verilməsini “bir pəncərə” prinsipi əsasında icazə verən orqan həyata keçirir.

6.3. Tikintisi başa çatmış obyektin istismarına icazə alınması üçün sifarişçi Məcəllənin 102-ci maddəsinə uyğun olaraq icazəni verən orqana ərizə ilə müraciət edir.

6.4. İcazə verən orqan tikinti obyektinin istismarına icazə verilməsi üçün müraciətin təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. Tikinti obyektinin istismarına icazə müəyyən edilmiş vahid formada verilir və icazə verən orqanın məsul şəxsi onu imzalayır və möhürlə təsdiqləyir.

6.5. Tikinti obyektinin istismarına icazə verilməsi üçün sifarişçinin hər hansı ödəniş etməsi nəzərdə tutulmur.

6.6. Bu Qaydanın 3.12-ci bəndinə uyğun olaraq tikintiyə icazə ilə birdən artıq ayrıca tikinti obyektinin inşası (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşası hallarında) nəzərdə tutularsa, tikinti obyektinin istismara hazırlıq aktı və tikinti obyektinin istismarına icazə sifarişçinin müraciəti əsasında tikinti-quraşdırma işləri başa çatmış hər bir tikinti obyekti üzrə ayrıca verilə bilər.

6.7. Tikinti obyektinin istismarına icazə verildikdən sonra, Komitə həmin məlumatları 3 (üç) iş günü müddətində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirir. İstismara icazəni yerli icra hakimiyyəti verdikdə, həmin icazəni vermiş orqan Tikintilərin Dövlət Reyestrində dərc edilməsi üçün 5 (beş) iş günü müddətində Komitəyə bu barədə məlumat verir.

7. Tikinti obyekti üzərində əmlak hüquqlarının qeydiyyata alınması

7.1. Yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gündən 5 (beş) iş günü müddətində bu icazəni vermiş orqan obyektin tikintisinə icazənin (tikintiyə icazənin) surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini və tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gündən, 5 (beş) iş günü müddətində isə icazənin (tikinti obyektinin istismarına icazənin) surətini daşınmaz əmlakın dövlət reyestrini aparan orqana kağız və ya elektron formada göndərir.

7.2. Tikinti obyekti üzərində əmlak hüquqlarının qeydiyyatı müvafiq qanunla tənzimlənir və tikintiyə icazə verilmə icraatının tərkib hissəsi deyildir.

7.3. Bu Qaydanın 7.1-ci bəndinə əsasən göndərilən sənədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tikinti obyekti üzərində hüquq sahibindən təkrar tələb edə bilməz.

Tikinti icazəsini necə əldə etmək olar

Koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və onun gətirdiyi məhdudiyyətlərə baxmayaraq, bəzi sahələrdə aktivlik azalmayıb. Belə sahələrdən biri də tikinti-quraşdırma sektorudur.

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əksər iqtisadi göstəricilərin zəiflədiyi dövrdə – yanvar-aprel aylarında tikinti sektorunda artım olub. İlk 4 ayda ölkədə 852 milyon manatlıq tikinti işləri aparılıb və bu ötən illə müqayisədə təqribən 2% artıqdır. Mənzil tikintisi isə 15% artıb.

Üstəlik, həm tikinti mövsümü olduğu, həm də iqtisadi passivliyin aradan qaldırılması üçün tikinti işlərinin qarşıdakı aylarda daha da sürətlənəcəyi gözlənilir.

Digər tərəfdən, xüsusilə regionlarda biznes obyektlərinin tikinti ilə bağlı mühəndis-tikinti quraşdırma işlərinə tələbatın artacağı gözlənilir. Belə işlərin həyata keçirilməsi üçün isə tikinti lisenziyalarının alınması tələb olunur.

Lisenziya nədir?

Lisenziya və icazələr – təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və sahibkarlıqla məşğul olan fiziki şəxslərə müxtəlif sahələrdə fəaliyyət göstərmək üçün dövlət və inzibati orqan tərəfindən verilmiş xüsusi icazədir.

Lisenziya hansı sahələrdə tələb olunur?

«Lisenziya və icazələr haqqında» qanuna əsasən, Azərbaycanda ümumilikdə 29 fəaliyyət növünə lisenziya, 86 fəaliyyət növünə isə icazə tələb olunur.

Azərbaycanda tikinti lisenziyalarının alınmasında iş adamlarına hüquqi dəstək verən «Unilegal Consulting» şirkətindən FED.az-a verilən məlumata görə, lisenziya tələb olunan sahələrə digərləri ilə yanaşı, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri daxildir.

Bura tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri aiddir. Bundan başqa, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri fəaliyyyəti üçün də lisenziya tələb olunur.

Tikinti lisenziyaları kimlərə lazımdır?

Tikniti sahəsində lisenziyalar bir neçə sənəddə nəzərdə tutulub. Məsələn, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti lisenziya tələb olunan sahə sayılır.

Eləcə də, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Bu layihələri isə yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq, yəni (lisenziya) almış hüquqi və ya fiziki şəxslər hazırlaya bilər.

Bundan başqa, yalnız Azərbaycanda qeydiyyatdan keçmiş və tikinti fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər podratçı kimi işləyə bilərlər.

Mühəndis-axtarış işləri də qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən yerinə yetirilir.

Sənaye və mülki obyektlərin tikintisinə nələr aiddir?

Son vaxtlar tikintisinə ən böyük tələbat olan sahələr sənaye və mülki obyektlərin tikintisidir.

Hazırda ölkədə baş verən dəyişikliklər – biznesin həvəslənlirilməsi və yeni güzəştlər nəticəsində sənaye və müxtəlif təyinatlı mülki obyektlərin tikintisi sürətlə artır. Burada zavod və fabriklər, emal müəssisələri, istehsal sahələri, sənaye parkları və məhəlləsindəki müəssisələr, eləcə də inzibati, yaşayış və digər mülki tikililər aiddir. Belə tikintilərlə bağlı sifarişləri əldə etmək və yerinə yetirmək, hətta tenderlərə qatılmaq üçün podratçıların müvafyiq lisenziyalarını olması tələb olunur.

Hansı obyektlərin tikintisi üçün lisenziya lazımdır?

Sənaye və mülki obyektlərin tikintisinə icazə alınması dedikdə həmin obyektlərin bir sıra göstəricilərini xatırlatmaq lazımdır. «Unilegal Consulting»in ekspertləri bildiriri ki, söhbət (1) aşırımı 24 metrədək; (2) aşırımı 24 metr və daha çox; (3) hündürlüyü 65 metrədək; (4) hündürlüyü 65 metr və daha çox; (5) tutumu 5 min nəfərədək; (6) tutumu 5 min nəfər və daha çox olan obyektlərdən gedir.

Lisenziyanı necə əldə etmək olar?

Ölkə qanunvericiliyinə əsasən bütün lisenziyalar İqtisadiyyyat Nazirliyi tərəfindən sahibkarların və şirkətlərin müraciətləri əsasında təqdim edilir.

Tikinti fəaliyyətinə lisenziyaların alınması üçün sahibkarlıq subyekti müxtəlif tələblərə cavab verməli, məsələn, onun sərəncamında lazımi kateqoriyaya aid texnika, lisenziyanın növündən asılı olaraq tələb olunan kvalifikasiyalı mühəndis və digər ixtisas sahibləri, anbar sahələri, ləvazimat və digərləri olmalıdır.

Məhz bütün tələblərə cavab verildiyi təqdirdə sahibkarlıq subyekti mvayfiq lisenziya alaraq və həmin sahədə fəaliyyətə başlaya bilər.

Vacib məqam: Lisenziya almaq üçün hüquqi dəstək

Tikinti lisenziyalarının alınması olduqca vacib və məsuliyyətli prosesdir. Lisenziya alınması üçün tələblərə cavab vermək, lazımi işçi heyət və avadanlıqlara malik olmaq, prosesi, o cümlədən işin hüquqi tərəfini peşəkar idarə etmək lazımdır.

Bu sahədə iş adamları və hüquqi şəxslərə «Unilegal Consulting» şirkəti peşəkar dəstək göstərir. Şirkət tikinti fəaliyyəti üçün tələb olunan bütün növ lisenziyaların alınmasna hüquqi dəstək verir. Bundan başqa, «Unilegal Consulting» tikililərdə havalandırma, isitmə, soyutma, yanğınsöndürmə sistemlərinin quraşdırılması üçün tələb olunan lisenziyaların alınmasına da hüquqi dəstək göstərir.

Qeyd edək ki, tikinti lisenziyaları ilə yanaşı, «Unilegal Consulting» yerli və xarici hüquqi şəxslərə kadr işinin təşkili və audit olunması, mühasibat işinin təşkili, maliyyə nəzarəti, miqrasiya, korporativ hüquq, əmtəə nişanlarının alınması kimi xidmətlər də göstərir.

Tikinti icazəsini necə əldə etmək olar

“Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-09-2014, Nəşr nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2014, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1133)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201409160309
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 16 sentyabr 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə

Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin

1. Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:

1.1. tikintiyə icazə;

1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;

1.3. tikinti obyektinin ünvanı haqqında arayış;

1.4. liftlərin istismara qəbulu aktı;

1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin , Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; [2]

1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;

1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;

1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);

1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;

1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;

1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);

1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.

2. Digər obyektlərə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:

2.1. körpülər üzrə:

2.1.1. körpünün yük altında sınaq aktı;

2.2. avtomobil yolları üzrə:

2.2.1. yolun istismara hazırlığı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı;

2.3. elektrik stansiyaları üzrə:

2.3.1. stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı;

2.3.2. yerləbirləşdirmə və ildırımötürücünün sınaq aktı;

2.3.3. elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı;

2.3.4. maşın zallarında səs-küyün normaya uyğunluq aktı;

2.4. aeroportlar (hava limanları) üzrə:

2.4.1. uçuş-enmə zolağının yoxlanılması aktı;

2.4.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən uçuşlara icazə sənədi; [3]

2.4.3. uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı;

2.4.4. uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt;

2.4.5. dispetçer avadanlıqlarının istismara yararlılıq aktı;

2.5. magistral boru kəmərləri üzrə:

2.5.1. boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı;

2.5.2. boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı;

2.6. hidrotexniki qurğular üzrə:

2.6.1. su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı;

2.6.2. su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı;

2.7. metro və tunellər üzrə:

2.7.1. mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.7.2. havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı;

2.7.3. metro və kontakt relslərinin yük altında sınaq aktı;

2.7.4. eskalatorların istismara qəbul aktı;

2.7.5. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.8. dəmir yolları üzrə:

2.8.1. mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.8.2. relslərin yük altında sınaq aktı;

2.8.3. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.9. qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar üzrə:

2.9.1. quraşdırılmış səs, işıq, havalandırma, müşahidə və digər sistemlərin sınaq aktları;

2.9.2. aşırım konstruksiyalarının keyfiyyət sertifikatları və sınaq aktları;

2.9.3. asma konstruksiyaların yük altında sınaq aktı;

2.9.4. quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları;

2.10. mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər üzrə:

2.10.1. obyektin təyinatı, istismarı və yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq və texnoloji proseslərin sınaq aktları.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948 )

2. 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813 )

3. 18 may 2022-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 21 may 2022-ci il, № 106 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 556 )

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948 ) ilə ikinci abzas 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

[2] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813 ) ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1.5-ci bəndinə “yerli icra hakimiyyətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin” sözləri əlavə edilmişdir.

[3] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948 ) ilə Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 2.4.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyasından” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən” sözləri ilə əvəz edilmişdir.

18 may 2022-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 21 may 2022-ci il, № 106 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 556 ) ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 2.4.2-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.