Press "Enter" to skip to content

Nə vaxt ölkədən çıxışa STOP qoyula bilər və bunu necə yoxlayım

Vergi orqanının müvafiq ərizəsinə əsasən, aidiyyəti məhkəmə tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar etməklə, ərizənin məhkəməyə daxil olduğu gündən 10 gün ərzində müvafiq qərar qəbul edir. Məhkəmənin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarı vergi orqanına rəsmi daxil olduqdan sonra, dərhal sistemə daxil edilir və vergi ödəyicisinə bu barədə məlumat göndərilir.

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirilir

Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub.

Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur.

Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəsifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.

Nə vaxt ölkədən çıxışa “STOP” qoyula bilər və bunu necə yoxlayım?

Yəqin ki, ən azı tanışlarınızdan eşitmisiniz, ailə səyahətə hazırlaşır, bilet, otel və s. səfər üçün bütün hazırlıqlar görülüb, amma aeroportda ölkədən çıxışa icazə verilmir. Bu halda çox vaxt ailə üzvlərini göndərib, şəxs özü isə “günahını” axtarmağa başlayır. Belə məlumat isə yerində verilmir və bir müddət nə səbəbdən ölkədən çıxışa qadağa qoyulduğunu öyrənməyə vaxt sərf edirsiniz. Xərclərinizə gəlincə, onlar “batır” və kompensasiya almaq şansınız yoxdur. Odur ki, səyahət planı qurarkən, digər sənədləşmələrlə yanaşı, ölkədən sərbəst çıxa bilərsinizmi? – bunu da araşdırın.

Nə vaxt “stop” qoyula bilər?

Ölkədən getmək hüququ bir sıra hallarda məhdudlaşdırılır. Həmin hallar və onların hansı hallarda ləğv olunması aşağıdakı kimidir:

– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

– Üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

– Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

– Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

– Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

– Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək.

Həmçinin Miqrasiya Məcəlləsində qeyd olunur ki, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olduqları məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Nazirliyin məlumatına görə, hərbi vəziyyət olarsa “Hərbi vəziyyət haqqında” müvafiq qanunvericiliyə əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Bundan əlavə, əgər siz hansısa cinayət işi üzrə şahid qismində keçirsinizsə, ölkədən çıxışınıza qadağa qoyula bilər. İstintaq orqanlarının qoyduğu “stop”larla bağlı məlumatlar açıq olmadığı və vətəndaşa da xəbər verilmədiyi üçün həmin şəxs yalnız sərhədi keçəndə bundan xəbər tutur və xarici səfərlə bağlı bütün xərcləri də batır.

Hansı qurumlar “stop” qoydura bilər?

Vətəndaşın adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.

Konkret məbləğ yoxdur

Cinayət işləri və prosesual məsələlər aydındır və bu hallarla bağlı çıxışına məhdudiyyət qoyulanların sayı elə də çox deyil. Amma 20 manat cəriməni ödəmədiyi üçün səyahəti təxirə salınıb min manatlarla zərərçəkən şəxslər var. Çünki cərimə və vergi borclarına görə vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün konkret bir məbləğ yoxdur. Üstəlik, çıxışa qoyulan “stop”un səbəbini yerində açıqlamadıqları üçün cəriməni dərhal ödəyib vəziyyətdən çıxmaq da mümkün deyil.

Vergi orqanlarının müraciətləri əsasında, 2021-ci il ərzində 274,0 milyon manat borc məbləği üzrə 6 min 154 şəxsin ölkədəngetmə hüququ məhkəmələr tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılıb. Belə hallarda “stop” məhkəmə qərarı əsasında qoyulduğundan vətəndaş borcunu verdikdən sonra məhdudiyyət məhkəmə qaydasında da geri götürülür.

“Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən, borcun məbləğindən asılı olmayaraq, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi orqanı tərəfindən bu barədə məhkəməyə müraciət olunmamışdan əvvəl, borcun alınması ilə bağlı vergi ödəyicisinə yazılı bildiriş və xəbərdarlıq göndərilir, onunla telefon əlaqəsi yaradılaraq bu barədə məlumatlandırılması həyata keçirilir.

Vergi orqanının müvafiq ərizəsinə əsasən, aidiyyəti məhkəmə tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar etməklə, ərizənin məhkəməyə daxil olduğu gündən 10 gün ərzində müvafiq qərar qəbul edir. Məhkəmənin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarı vergi orqanına rəsmi daxil olduqdan sonra, dərhal sistemə daxil edilir və vergi ödəyicisinə bu barədə məlumat göndərilir.

Bu halda nə etməli?

Xaricə səfərə hazırlaşarkən, mütləq ölkədən çıxışınıza stop qoyulub-qoyulmadığını yoxlayın. Bilmək olmaz, bəlkə hardasa, piyada keçid qaydalrını pozmusunuz, cəriməniz olub, unutmusunuz.

Əsas inteqrasiyalı sistem kimi Ədliyyə Naziliyinin saytında “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat verilməsi” elektron xidməti – https://exidmet.justice.gov.az:8284/Icra/QuitLimitation fəaliyyət göstərir. Burada şəxsiyyət vəsiqəsi və ya pasportunuzun FİN-i daxil etməklə məhdudlaşdırmanın olub-olmadığını öyrənmək mümkündür.

Sistem nə qədər inteqrə olunub desələr də AviaTravel olaraq, sizə əlavə bir neçə mənbə də təqdim edirik.

Dövlət Vergi Xidmətinin analoji sistemində də özünüz barədə məlumatı dəqiqləşdirin:

E-gov dövlət portalından istifadə edin:

Dövlət Miqrasiya Xidmətinə də baş vurun:

Daxili İşlər Nazilyinin analoji sistemində özünüz barədə məlumatı dəqiqləşdirin:

P.S. Başa düşürük ki, siyahı böyük oldu, amma 5 yerdə adınızı axtarın ki, tam əmin olasınız.

Tələbələrin təqaüdləri necə hesablanır? Kimlər təqaüd ala bilər?

Dövlət hesabına və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə verilir.

Hər növbəti semestrdə tələbənin təqaüd alması, yaxud alacağı təqaüdün miqdarı onun əvvəlki semestr imtahanlarının nəticələrinə əsaslanır. Ödənişsiz əsaslarla təhsil alan tələbə kimi ödənişli təhsil alan tələbə də təqaüd ala bilər, ancaq bu o tələbənin imtahan nəticələrinə bağlıdır.

Verilən təqaüd sayı dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin sayına əsasən müəyyənləşir. Məsələn, bir kurs üzrə qəbul olunan 75 tələbənin 54-ü ödənişsiz əsaslarla təhsil alır. Bu o deməkdir ki, ümumi olaraq 54 tələbənin təqaüd alma şansı var. Hər semestr imtahanlarına həmin 75 tələbə arasında ÜOMG balı ən yüksək olan 54 tələbə təqaüd almaq imkanı əldə edir. Nəticəsi digərlərindən yüksək olacağı təqdirdə ödənişli əsaslarla təhsil alan tələbə də təqaüdə düşə bilər.

ÜOMG – bir semestr ərzində keçirilən bütün fənlər üzrə tələbənin topladığı balların ümumi ortalamsıdır.

ÜOMG aşağıdakı düsturla hesablanır:

b1,b2,…,bn = tələbənin fənlər üzrə topladığı ballar;

k1,k2,…,kn= həmin semestrdə keçirilən fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;

k1*, k2*,…, k3* = fənlər üzrə qazanılan kreditlər.

Əgər tələbə imtahandan kəsilərsə, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.

İmtahan nəticələrinə əsasən, tələbələr “Əlaçı”, “Zərbəçi və “Adi” təqaüd əldə edir. Bəs bu necə tənzimlənir?

-fənlər üzrə göstəriciləri 91- 100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

– fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır.);

– fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

Yəni, kəsiri olmayan və göstəriciləri 51-dən yuxarı olan tələbələrə adi təqaüd verilir.

Əsasən, bir fənn üzrə imtahandan 91-100 arası bal toplayan tələbə A, 81-91 arası bal toplayan tələbə B, 71 81 arası bal toplayan tələbə C, 61- 71 arası bal toplayan tələbə D, 51 – 61 arası bal toplayan tələbə isə E ilə qiymətləndirilir.

Bəzi universitetlərdə təqaüdlərin verilməsi fərqli formada tənzimlənir, bu universitetin daxili nizamlamasından asılıdır.

Semestr bitdi və təqaüd alanların siyahısı müəyyən olundu. Lakin sonuncu yerə bir neçə tələbənin balı çatır. Bu zaman hansı tələbə təqaüd almalıdır?

I kursun ikinci semestrində DİM balı, sonrakı semestrlərdə isə əvvəlki semestrin orta balı (ÜOMG) yüksək olan tələbəyə təqaüd ödənilir.

Qeyd edək ki, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə I kursun I semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

Comments are closed, but trackbacks and pingbacks are open.