Tofiq Bayram bu gün uzun həsrətdən sonra özünün eşq zərrəsinə – Zərifəsinə qovuşdu
Şairin bacısı Svetlana Bayramova qardaşının həyatı ilə bağlı heç kimə danışmadıqlarını oxucular ilə bölüşür.
Novruz bayramı İslam dinində necə qiymətləndirilir?
Bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruz bayramı ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
Bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruzun ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir. Lakin elələri də var ki, dini baxımdan Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində qeyd edilməsinə imkan vermir. Bəziləri isə əksinə, bu bayramın İslam dini ilə bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə çalışır.
Bununla bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, əslində Novruz bayramının İslam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri çox olduğuna görə dinimiz ona qarşı çıxmayıb: “Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Ona görə də bu bayramın yaranmasının heç dəqiq tarixi də məlum deyil. Onun İslamla bağlı olmadığı isə birmənalıdır. Lakin İslam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır. Bu təbiət bayramı baharın gəlişinin qarşılanmasını ifadə edir. Novruz bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır. İnsanlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsən insanlar barışır, bayram süfrələri təşkil olunur. Hətta ölmüş insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur. Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir. Ona görə də İslam dini bu adət-ənənəni müsbət qarşılayıb”.
QMİ nümayəndəsi qeyd edib ki, İslam dininə görə Novruz bayramının qeyd edilməsinin guya haram olması barədə söylənən fikirlər də yanlışdır: “İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Lakin İslam dini müəyyən bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və İslam dini ilə də heç bir ziddiyyət təşkil etmir.
Bu gün müəyyən radikal cərəyanlar var ki, milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır. Təbii ki, bu, səhv yanaşmadır. Din heç zaman milli-adət ənənələrlə döyüşməz, ona zidd ola bilməz. İslam dini bir çox xalqlar tərəfindən ona görə rəğbətlə qəbul edilib ki, bu din onların mədəniyyətlərini sıradan çıxarmayıb, əksinə, onları təsdiq edib. Bir daha deyirəm, bəzi xürafat xarakterli ayinlər ola bilər ki, din onlara qarşı olsun, amma ümumilikdə İslam dini Novruz bayramını müsbət qəbul edir.
Həzrəti Peyğəmbərimiz (s) bu bayrama qarşı çıxmayıb. Məsum imamlarımızdan da hədislər nəql olunur. Onlar da bu bayramı təsdiq ediblər. Onlar da bu bayramı qeyd edən insanların əleyhinə olmayıblar. Hətta bu hədislər olmasa belə, bilirik ki, İslam dini müsbət dəyərləri, onun mahiyyətinə zidd olmayan hər hansı şeyi təsdiq və qəbul edir. Yəni bu adət-ənənələr dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil etmirsə, din onu rədd eləmir”.
Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov Trend-ə bildirib ki, min ilə yaxındır ki, müsəlman alimlər öz əsərlərində Novruz bayramının mənşəyi, mahiyyəti və müstəhəb əməlləri barədə məlumat verirlər: “Bir çox din alimləri öz əsərlərində təqvim günlərinə məxsus şəriət əməllərindən bəhs edərkən, Novruzun ibadət və mərasimlərinə də geniş yer ayırıblar. Çoxdan məlumdur ki, Novruz sözü fars dilində “yeni gün” deməkdir və konkret astronomik hadisə ilə bağlı gündür. Astronomik təqvimlə həmin gün şimal yarımkürəsində yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Astronomiya dili ilə desək, Günəş şərq zodiak sistemindəki Hut, yəni balıq bürcündən çıxıb, Həməl, yəni qoç bürcünə daxil olur.
Bəzi din və etiqad məktəbləri Novruzun cahanşümul mahiyyətini təsdiqləyib, onu dini bayram səviyyəsində qəbul ediblər. Məsələn, Novruz tarix etibarilə atəşpərəstlik və ya zərdüştilik dinindən daha qədim olsa da, bu dinin daxilində özünün ən parlaq inkişaf dövrünü yaşayıb. Zərdüştilər Novruzu öz əqidələrinə uyğunlaşdırıb, bir növ onu özününküləşdiriblər. Məhz buna görə də həm keçmişdə, həm də indi bir çoxlarının zehnində Novruz atəşpərəstlərin bayramı kimi təsəvvür edilir. Halbuki, bu fikir qətiyyən həqiqətəuyğun deyil”.
Tofiq Bayram bu gün uzun həsrətdən sonra özünün eşq zərrəsinə – Zərifəsinə qovuşdu
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Bəlkə də nə zamansa ölməz Tofiq Bayram bu misraları yazarkən heç ağlına da gəlməzdi ki, onun böyük ürəyi 56 yaşında qəflətən dayanacaq və güldürüb səadət bəxş etdiyi, qayğısı və məhəbbəti ilə ovundurub sevgisini verdiyi Zərifə xanımla düz 28 il 1 ay 17 gün sonra görüşəcək.
Kim bilir, bəlkə də bu ayrılığın olacağını bilirmiş deyə qadın ürəyini belə zirvələrə qaldırmışdı.
Ümumiyyətlə, Tofiq Bayram dünyasında həyat bir dəniz, sevgi isə bu dənizi qidalandıran çaydır.
Həsrət həmin dənizi yandırıb buxarlandıran Günəş, buxarlanan su isə eşq zərrəsidir.
Bəli, Tofiq Bayram məhz bu gün uzun həsrətdən sonra özünün eşq zərrəsinə – Zərifəsinə qovuşdu. Gözün aydın, Tofiq Bayram. İndi yəqin ki, ən sevimli şeirlərini həsrətlə gözlədiyin sevimli Zərifə xanımın üçün oxuyursan.
Oxu, oxu şair, oxu. Uzun illər həsrəti ilə yaşadı o bu şeirlərin.
Sevimli bacın Svetlana xanımla birgə gələninə, gedəninə Tofiq Bayram ölməyib, yaşayır dedilər bu dünyada. Övladlarına analıqla yanaşı atalıq da etdi. Qüruru ilə ölməzliyin təntənəsini daddırdı səni sevənlərə…
Yenə yaz vaxtıdır, indi yəqin köhnə dostun, qonşun Səttar Bəhlulzadə ilə oturub rahatcana söhbətlər edirsən. Axı artıq səni səndən çox sevən, uşaqlıqdan sevgi əfsanəsinə çevirdiyin Zərifən gəlib, Sizin qulluğunuzda duracaq. Arada çiynindən düşən plaşını çiyinlərinə qaldıracaq.
Ax, bircə görə biləydik bu həsrətin qovuşma anını…
Məkanınız uçmaq olsun, göylər ADAMLARI. Haqq dünyan xeyirli olsun, Zərifə xanım.
P.S. Çox dəyərli Svetlana xanım, başınız sağ olsun. Nəhəng Tofiq Bayram ocağının itkisini – mərhum Zərifə xanımın haqqa qovuşmasını böyük kədər hissi ilə anaraq, dərdinizə şərik olub, bu ağır günlərdə Sizlərə Allahdan səbr, dözüm, təmkin diləyirik. Allah rəhmət etsin.
“Tofiq Bayram türk müğənniyə vurulmuşdu”
19 aprel ömrünün 56-cı baharında dünyasını dəyişmiş böyük şairin, saçının telindən tutmuş, iliyinə qədər türk oğlu türk olan Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Bayramın anım günüdür
Şairin bacısı Svetlana Bayramova qardaşının həyatı ilə bağlı heç kimə danışmadıqlarını oxucular ilə bölüşür.
– Məmməd Araz deyirdi ki, Tofiq Bayram əsl Vətən şairidir. Elə Vətən şairi olduğu üçün də onun kövrək qəlbi 1990-cı ildə baş verənlərə dözmədi…
– Vallah, indiki şairlər nəinki millətin, heç nəyin dərdini çəkmirlər. Amma Tofiq Bayram başqa cür insan idi. Millət, torpaq onun üçün ən müqəddəs məfhum idi. Onun bir şeiri vardı: “Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm”. Hərdən fikirləşirəm, yaxşı ki Tofiq Qarabağ dərdini görmədi. O, Qarabağı canı qədər sevirdi. Ağdamda, Şuşada çoxlu dostları vardı. Tez-tez o yerlərə gedirdi. Tofiq gözəl təbiət aşiqi idi.
– Təkcə təbiətmi? Məncə, Tofiq Bayram bütün gözəllikləri, xüsusən də qadın gözəlliyini yüksək qiymətləndirirdi.
– Mən deyərdim ki, qadınlar haqqında bəlkə də ən gözəl şeirlərin müəllifi Tofiqdir. Tofiqin qadınlara olan münasibəti, sevgisi fərqli idi. O, qadına İlahi bir varlıq kimi baxırdı. Sizə bir sirr açım: Tofiqin gizli bir sevdası vardı. Bu, Türkiyənin vaxtilə çox məşhur bir opera müğənnisi olan Sevda Aydan idi. 1964-cü ildə Sevda Aydan Bakıya, Opera və Balet Teatrına qastrola gəlir. Və bilirsiz ki, Opera Teatrındakı işlər uzun müddət çəkir. O ərəfədə də Tofiq həmin teatrda ədəbi-hissə müdiri idi. Onların arasında çox isti münasibətlər yaranır. Mənə elə gəlir ki, Tofiq sözün həqiqi mənasında o qadına vurulmuşdu. Və Sevda Aydan da ona qarşı biganə deyildi. Həmin ərəfədə Tofiq Sevdaya bir şeir yazır. Sevda həmin şeiri Türkiyəyə apardı. O şeir qısa bir müddətdə sevildi, dillər əzbəri oldu. Və bu şeiri həmin dövrdə də, indi də Türkiyədə əzbər bilməyən adamlar çox az olar. Hətta bir neçə il bundan qabaq Bakıda bir tədbir keçirilirdi. Həmin tədbirə Türkiyənin fəal qadınları da gəlmişdi. Onların arasında bir tanınmış jurnalist vardı, təəssüf ki, onun adını unutmuşam, o mənim Tofiq Bayramın bacısı olduğumu biləndə, durdu çıxış elədi və dedi ki, mənim ulu babalarım Qarabağdandır. Dedi, eşim (həyat yoldaşım – red.) mənə sevgisini Tofiq Bayramın həmin məşhur şeiri ilə etiraf edib.
– Polad Bülbüloğlu Tofiq Bayramın maşınını sürürdü…
– Sizə bir hadisəni danışmaq istəyirəm. O mənim çox ağrılı yerlərimdən biridir…1991-ci il idi. Artıq Tofiq dünyasını dəyişmişdi. Türk dünyasının çox məşhur simalarından biri , o vaxt Türkiyənin Mədəniyyət Naziri Namiq Kamal Zeybək Bakıya gəlmişdi. O, Heydər Əliyev sarayında çıxış etdi və dedi ki, mən Bakını Tofiq Bayramın Sevda Aydana həsr etdiyi şeirlə sevmişəm. Və o şeiri başdan-ayağa əzbər söylədi. Sonra da əlavə etdi ki, mən ötən il Bakıya gələndə Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğluna o şeirin müəllifi Tofiq Bayramla görüşmək istədiyimi dedim. Təəssüf edirəm ki, bu görüş mənə qismət olmadı, çünki Polad Bülbüloğlu Tofiq Bayramın ağır xəstə olduğunu bildirdi və dedi ki, sizinlə görüşəcək halda deyil. Mən bu xəbəri eşidəndə dəhşətə gəldim. Halbuki, Tofiq 1990-cı ildə çox sağlam idi. Heç gözü də əməliyyat olunmamışdı.
– Sözsüz ki, bir bacı kimi bu yalan sizə çox ağır təsir etdi.
– Əlbəttə, özü də necə təsir etdi. O həmin Polad Bülbüloğlu idi ki, vaxtı ikən bizim evin ən əziz adamı idi; rəhmətlik anam onu öz oğlanlarından ayırmırdı. Onun qardaşı Çingiz, anası Ada xanım tez-tez bizə gələrdilər.
– Siz Bülbülün ailəsi ilə qonşu idiz?
– Yox, Bülbül mənim atamla dost idi. Poladla Tofiqin dostluğunun isə maraqlı tarixçəsi var. Demək, 1960-cı illərdə yeni bir maşın istehsal olunmuşdu: “Moskviç – 408”. O maşına “bala Çayka” deyirdilər. Bakıda o maşından bir-iki dənə idi. O vaxt Yazıçılar Birliyinin sədri Mehdi Hüseyn idi. O bilirdi ki, Tofiq Əmircanda yaşayır, şəhərə gəlib-getmək onun üçün çətindir. O zamanlar yeni çıxan maşınları Moskvadan xüsusi limitlə yaradıcı təşkilatlara göndərirdilər. Həmin maşınlar da seçilmiş adamlara verilirdi. Atam da Mehdi Hüseyndən xahiş etmişdi ki, əgər maşın məsələsi olsa, Tofiqi yaddan çıxartmasın. Nəsə, imkan yarandı, atam Tofiq üçün o maşını aldı. Demək, Bülbülün evi yerləşirdi Yazıçılar Birliyinin yanındakı binada. Günlərin birində səhər-səhər pəncərədən bayıra baxan Polad “Yazıçılar Birliyinin” qabağında bu “bala Çaykanı” görür. Onda da 18-19 yaşı olardı. Düşür aşağı, gəlir binanın qarşısına, maşının kimin olduğunu soruşur. Deyirlər ki, bəs Tofiq Bayramındır. Tofiq də maşın sürmək bacarmırdı. Onunçün kimsə sürürdü. Tofiqə deyir ki, olar, mən bu maşını bir az sürüm? Tofiq də Bülbülün oğlu olduğu üçün ona çox böyük bir ehtiramla yanaşmışdı və razılıq vermişdi.
Həmin ərəfədə onların maşını yox idi, köhnəldiyi üçün satmışdılar. Onda Mərkəzi Komitənin I katibi Vəli Axundov söz vermişdi ki, yeni “QAZ-21” maşını gələndə Bülbülə verəcək. Ona görə də həmin ərəfədə Polad maşınsız idi. O razılıqdan sonra Polad böyük həvəslə qardaşımın maşınını sürərdi. Beləcə, onların dostluğu başladı.
– Amma həmin o Polad Bülbüloğlu da axırda nankor çıxdı.
– Hə… Həmin o Polad ki bütün günü bizim evdə idi. Ən əziz tikə ona saxlanardı. O vaxt bizim Əmircandakı evimizdə ədəbi-musiqili bir mühit vardı. Niyazi rəhmətlik atamın yaxın dostu idi. Şəmsi Bədəlbəyli, Fərhad Bədəlbəyli evimizin ən əziz qonaqlarıydı. Fərhad pianinoda çalırdı, Polad oxuyurdu. Evimizə kimlər gəlməzdi. Amma heç kim Polad kimi naxələf çıxmadı.
– Bəs sonradan Poladdan bu hərəkətinin səbəbini soruşmadız?
– Tofiqin ölümündən bir müddət sonra Polad bizə gəldi. Anamı görmək, ona başsağlığı vermək istəyirdi. Mən də qarşısını kəsib soruşdum: sən niyə indi gəlirsən ki? Niyə Tofiq xəstə olanda gəlmədin? Niyə Tofiq əməliyyat olundu gəlmədin? Hətta Tofiq sağlam ola-ola Namiq Kamal Zeybəkə demisən ki, o elə haldadır ki, sizin görüşməyinizi istəmirəm. Soruşdum ki, Tofiq nə halda imiş ki? Mənə cavab vermədi. Mən də ona qapını göstərdim. Dedim get burdan.
– Demək, Tofiqin və ananızın haqqını Polada halal etmədiz?
– Sizcə etmək mümkünmü? O, hətta Tofiqin ölümünü evlərində də deməmişdi. Ada xanım qardaşımın öldüyünü təsadüfən kimdənsə eşitmişdi. Deyəsən, 40-na yaxın gəlib çıxmışdı bizə… Heç yadımdan çıxmaz: pilləkənləri qalxa-qalxa ancaq Poladı qınayırdı. O da anlamırdı ki, oğlu niyə belə iş tutub. Elə hey deyirdi: mən indi bu ailənin üzünə necə baxacam. Bilirsiz, insanlar var ki, dostluğu da axıra qədər bacarırlar. Görünür Poladda bu xüsusiyyət yoxdur. Elə Müslüm Maqomayevlə olan münasibətlərindən götürmək olar ki, Poladda dostluq anlayışı sona qədər deyil. Hətta elə adamlar da oldu ki… ad çəkmək istəmirəm, elə Poladın vəfasızlığına görə ondan uzaqlaşdılar. Biz ümumiyyətlə, ailəlikcə fərqli olmuşuq. Bizim üçün insanların vəzifəsi, tutduğu mövqe, oturduğu kreslo əhəmiyyət daşımayıb. Kimliyindən asılı olmayaraq biz insana onun özünə görə dəyər vermişik, oturduğu kürsüyə, vəzifəyə görə yox….
– Sevda ilə Tofiqin münasibətləri nə əcəb davam etmədi?
– O dövrdə bu, mümkün deyildi. Əslində, o şeirə görə Tofiqin başı çox zülümlər çəkdi. O şeir Türkiyədə çap olunandan sonra SSRİ-nin oradakı səfiri bu barədə Moskvaya xəbər verir. Ordan da Azərbaycanın “KQB”sinə zəng vurub bildirirlər ki, bəs sizdə bir şair var, o necə cürət edib: “Canı canımdandır, qanı qanımdan…”deyə, yaza bilir. 1964-cü ildə bu cür cümlələr qurmağın özü belə təhlükəli idi.
– Tofiq Bayram dissident idi?
– Bəli…. Onu tanıyanlar Tofiqə yaxşı bələd idi. O əsl bakılılar kimi mərd, sözü üzə deyən, həqiqəti hayqıran bir insan idi. Tofiq heç vaxt Kommunist Partiyasının üzvü olmadı. Ömrü boyu Azərbaycan dilinə xor baxanlara qarşı mübarizə apardı. İlahi, insan dilini, torpağını nə qədər sevərdi… Hə, o şeirdən sonra ona “şovinist, millətçi, turançı” damğası vurdular. Artıq Tofiqin başının üstündə qara buludlar dolaşırdı. Rəhmətlik dirijor Niyazi onda Opera və Balet Teatrının direktoru idi. Tofiq də onun həm işçisi idi, həm də dostu… Onda Niyazi ulu öndər Heydər Əliyevə məsələni danışmışdı, demişdi, Tofiqi ora-bura çağırırlar, incidirlər. Heydər Əliyev işə qarışdı və tapşırdı ki, Tofiq gedib otursun Əmircanda, bir müddət şəhərə gəlməsin. Amma Niyaziyə demişdi ki, “ işə gəlməsə də, maaşını ver, şairi pulsuz qoyma, ailəsi var”.
– Ailəsi? Belə çıxır ki, Tofiq Bayram Sevda Aydanı sevəndə ailəli idi?
– Bəli. Tofiq çox tez evlənmişdi: 22 yaşında artıq ata idi. Özü də deyim ki, Zərifəni çox sevirdi. Bir sinifdə oxumuşdular. Tofiq silsilə məhəbbət şeirlərini ona həsr etmişdi. O, qardaşımın ilham mələyi idi.
– “Eşqdən, məhəbbətdən yazan şairin, Hardasa bir gizlin məhəbbəti var”… Tofiq Bayram bu misraları yazanda yəqin Sevda xanımı nəzərdə tuturdu.
– Sevdanı sevəndə Tofiqin 30 yaşı vardı. Xanımı da bu sevgidən xəbərdar idi. Çox da sakit qarşılayırdı. Deyirdi ki, mən fəxr edirəm ki, qadınlar mənim yoldaşımı sevir. Tofiqin gizli sevdası başqa bir qadın idi. Bu barədə ancaq mən bilirdim. Və o qadın sağdır.
P.S. 1991-ci ilin, aprel ayı… Xəstəxana, dəmir çarpayı, rəngi saçları qədər bəyazımış şair…
– Svet, bağımızdakı ağaclar çiçək açıbmı?
– Səndən bir xahiş… Mənə o çiçək açmış budaqdan qırıb gətirərsənmi?…
… İki saat sonra Svetlana Bayramova Əmircandakı həyətlərindən gətirdiyi budağı qardaşına uzatdı. Budağı üzünə yaxınlaşdıran Tofiq Bayram çiçəklərin ətrini ciyərlərinə çəkib, çox mənalı şəkildə iki kəlmə dedi: ağaclar yenidən çiçək açacaq, amma… Sözünün ardını gətirmədi. Həyat işığının öləzidiyi gözlərini pəncərədən uzaqlara dikdi… dikdi. Və o an sanki qeybdən qulağına həzin, sevdalı bir şərqi süzüldü:
Comments are closed, but trackbacks and pingbacks are open.