Azərbaycan Milli Elmlər Akademiyası
Özünəməxsusluğu, ayrılmaları (daha doğrusu, fərqliliklər qazanmaları) və ortaq cəhətləri ilə Türk dünyası ədəbiyyatı bu gün daha cazibdir. Onu daha çox öyrənməli, öyrətməliyik. Biz ümumi dəyərlərə qayğı göstərməklə və onları qoruyub saxlamaqla mənəvi bütövlüyümüzü qorumaq istəyirik. Çünki “ortaq keçmişdən ortaq gələcəyə” gedəcəyimizə inanırırıq.
Türk xalqları ədəbiyyatşünaslığının layiqli təmsilçisi – Məqalə
TANINMIŞ ÖZBƏK ALİMİ PROFESSOR HƏMDULLA BALTABAYEV HAQQINDA BİR NEÇƏ SÖZ
Oxunub: 235 dəfə
05.06.20 12:00
Şirindil ALIŞANLI
Filologiya elmləri doktoru, professor
Sovet dönəmində türk xalqlarının ədəbi-mədəni əlaqələri hakim ideologiyanın qəlibləri və sərhədləri çərçivəsində öyrənilsə də postsovet məkanında qarşılıqlı ədəbi ünsiyyətin intensivliyi və məhsuldarlığı təkzibolunmazdır.
Türk-müsəlman xalqlarının tarixinin, dilinin, ortaq düşüncə qaynaqlarının tədqiqində sovet senzurasının müəyyən etdiyi sərhədlər hüdudunda aparılan tədqiqatlarda, ədəbi-mədəni abidələrin tərcüməsi sahəsində ortaq dəyərlərin elə qatları üzə çıxırdı ki, bunlar müasir humanitar elmlərin metodoloji nailiyyətləri zəminində düşünən, yeni tipli alimlərin formalaşmasına zəmin yaradırdı. Türk xalqlarının müasir ədəbiyyatşünaslıq elmini təmsil edən görkəmli alimlərdən biri də özbək alimi professor Həmdulla Baltabayevdir.
SSRİ adlı böyük bir imperiya dağıldıqdan sonra bir müddət özünəqapanma, ədəbi-tarixi təcrübəni ifrat dərəcədə inkar meyləri meydana çıxdı. Yeri gəldi-gəlmədi, ədəbi-nəzəri fikrin bütün nailiyyətlərini inkar ovqatı, klassik mənəvi sərvətləri az qala təriqətlərin bədii tribunası kimi təbliğ edən yazılar meydan suladı. On il öncə Səmərqənddə Əlişir Nəvai irsi fonunda klassik irsin tədqiqinin problemlərinə həsr edilmiş beynəlxalq konfransda tanış olduğum professor Həmdulla Baltabayevlə tarixi elmi təcrübə ilə müasir elmi-siyasi reallıqları, elmi demokratizmi bir axarda birləşdirmək mənasında baxışlarımız üst-üstə düşdü. Elmi əməkdaşlığımız və səmimi dostluğumuz da həmin vaxtdan başladı.
Həmdulla Baltabayev bu gün təkcə özbək ədəbi-nəzəri fikrini yox, türk xalqları ədəbiyyatşünaslığını dünyanın mötəbər elmi kürsülərindən təmsil etmək səlahiyyəti qazanmışdır. Onun elmi maraq dairəsi genişdir. Az qala ədəbiyyatşünaslığın bütün istiqamətlərini əhatə edir: ədəbiyyat nəzəriyyəsi, klassik filologiya, estetika və sənətşünaslıq, dərslik və dərs vəsaitləri, dünya ədəbi-nəzəri fikrinin görkəmli nümunələrindən tərcümələr. Bu istiqamətlərdə uğuru onun elmi-nəzəri potensialı, yorulmaz tədqiqatçılıq səriştəsinin bəhrəsidir.
Professor H.Baltabayevin istər klassik irs, istərsə də yeni və ən yeni dövr ədəbiyyata baxışlarında nəzəri tutum dərhal seçilir. O, klassiklərin fonunda müasir hərəkatda baş verənləri ədəbi ənənə və modern müstəvisində müşahidə edə və dəyərləndirə bilir. İlk sanballı “Müasir nəsrin üslubi axtarışları (70-ci illər)” adlı monoqrafiyasında özbək nəsri 60-80-cı illər sovet nəsrinin kontekstində araşdırılır, nəsrin üslubi axtarışlarında klassik təhkiyə ənənələrini, gerçəkliyi poetik duyum yaddaşının üslub komponenti kimi müəyyənləşməsini doğru olaraq 70-ci illər nəsrinin uğuru kimi dəyərləndirir. Ötən əsrin 70-ci illərində üslub kateqoriyası geniş aspektdə öyrənilirdi. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun dörd cilddə nəşr etdiyi sanballı tədqiqatda dünya ədəbiyyatının tarixi təcrübəsi dövriyəyə gətirilirdi. Hələ o zaman rus və xarici ədəbiyyat kafedrasına rəhbərlik edən H.Baltabayev özünü nəzəriyyəçi ədəbiyyatşünas kimi təsdiq etdi. 1982-1992-ci illər arasında üslub mövzusunda nəşr etdirdiyi monoqrafiya və məqalələr məcmuəsi onun ədəbi prosesin estetik mənzərəsini yaratması, ədəbi-bədii yeniliyin nəsrin hüdudlarında müşahidə və ümumiləşdirmələri tədqiqatçının fərdi yaradıcılıq imkanlarının təsdiqi idi. Təsadüfi deyil ki, o, ilk monoqrafiyasını da belə adlandırmışdı: “İstedad və üslub”. Bu əsərdə mənə daha maraqlı görünən tədqiqatçının yaradıcılıq psixologiyası ilə bədii əsərin poetik strukturu arasındakı bağlılıqları doğru müşahidə etməsi və bunun fərdi üslubun müəyyənləşməsindəki rolunu elmi cəhətdən əsaslandırmasıdır.
Həmdulla Baltabayevin tədqiqatlarının əsas istiqamətlərindən biri ədəbi-nəzəri fikir tarixidir. O, özbək ədəbiyyatında bu problemi dünya nəzəri fikrinin kontekstində öyrənir. Bu sahədəki ən sanballı tədqiqatları öyrənib. Bunu həmmüəllifi olduğu “Ədəbi-estetik təfəkkür tarixi” (Daşkənd, 2013) əsəri də təsdiq edir. Bu kitabın strukturu, əhatə etdiyi elmi ədəbiyyat və tədqiqat prosesində Şərq tarixi abidələri ilə müqayisələr onun maarifləndirici missiyasına orijinal əlavələr kimi də əhəmiyyətlidir.
Professor H.Baltabayevin “XX əsr özbək ədəbiyyatşünaslığı və Fitrətin elmi irsi” mövzusunda doktorluq dissertasiyası da nəzəri-estetik fikrin tarixi təkamül problemlərinə həsr olunub. Nəzəri fikir tarixinin tədqiqi araşdırıcıdan yüksək elmi hazırlıq, humanitar elmlərin metodologiya məsələlərinə dərindən bələdlik tələb edir. Yuxarıda dediyimiz kimi, Həmdulla müəllim bu baxımdan hazırlıqlı alimdir və onun əsəri monoqrafiya kimi 1996-cı ildə nəşr olunduqdan sonra öz ölkəsində, həmçinin, Türkiyədə yüksək dəyərləndirirdi. Bu əsərin mühüm üstünlüyü onda idi ki, Stalin repressiyanın qurbanı olan universal təfəkkürlü bir şəxsiyyətin irsi elmi zəmin seçilmişdi. Fitrət böyük tarixçi, dilçi, şair olmaqla yanaşı, ədəbiyyatın nəzəri məsələlə rinə, o cümlədən, Əhməd Yəsəvi, Əlişir Nəvai, Babur, Firdovsi, Xəyyam haqqında əsərləri özbək ədəbiyyatşünaslığının klassik nümunələri idi. H.Baltabayev Fitrətin ədəbi irsini özbək ədəbi-ictimai düşüncəsinin, milli özünüdərkin daşıyıcısı və ifadəsi kimi səciyyələndirir.
H.Baltabayev 1998-ci ildən etibarən Özbəkistan Milli Universitetində Klassik ədəbiyyat kafedrasına rəhbərlik edir. Onun son iyirmi ildəki elmi fəaliyyətində klassik irsin dəyərləndirilməsi, dövrləşdirilməsi və poetikası kimi problemlər aparıcı yer tutur. Sufizmin qaynaqları, nəzəriyyəsi və tarixi, həmçinin, klassik Şərq poetikasına dair elmi-praktik, müntəxəbat səciyyəli kitabları professor H.Baltabayevi Özbəkistanda, Türkiyədə bu sahənin seçilən mütəxəssisi kimi tanıtmışdır. Onun bu sahədəki tədqiqatlarının yekunlarını özündə ehtiva edən məqalələri ABŞ, Rusiya, Almaniya, Yaponiya, Çin, Hindistan və digər ölkələrdə nəşr edilmişdir. H.Baltabayevin “Orta Asiya ədəbi tarixinin öyrənilməsinin metodoloji əsasları və onun dövrləşdirilməsi prinsipləri” mövzusunda 2010-cu ildə AMEA-da keçirilən beynəlxalq konfransdakı məruzəsində irəli sürülən müddəalar bu tədbirdə iştirak edən dünyanın bu sahədə tanınmış mütəxəssislərinin diqqətini cəlb etdi. Onun belə bir tezisi aktual olaraq qalmaqdadır ki, müəyyən bir xalqın ədəbiyyatının tarixi təkamülünü və onun dövrləşdirmə prinsiplərini təyin edərkən ictimai-siyasi sistemdən daha çox milli ideologiyaya əsaslanmaq gərəkdir. H.Baltabayevin nüfuzlu “Akademiçeskie tetradi” jurnalında dərc edilmiş “Şərq Orta əsrlərində Mərkəzi Asiya mütəfəkkirlərinin estetik irsi” məqaləsi onun yaxşı bələd olduğu tarixi faktları estetik düşüncənin müəyyən tarixi coğrafi hüdudlarda yerini və rolunu izah etməyə yardımçı olur.
H.Baltabayevin göstərilən istiqamətlərdəki fəaliyyəti onun məhsuldar tərcüməçiliyi ilə paraleldir. Tərcümə etdiyi klassik və müasir müəlliflər, onların tərcümə üçün seçilən əsərləri göstərir ki, H.Baltabayev öz araşdırmalarında ciddi nəzəri irsə əsaslanır. Bu irsin vacib saydığı nümunələri özbək ictimaiyyətinə təqdim edir. V.Belinski, N.Çernişevski, R.Bart, V.Şklovski, Eyxenbaym, L.Barxes, Y.Borev və s.
Bu gün böyük bir enerji ilə elmi-pedoqoji işlə məşğul olan professor H.Baltabayevin son on ildə Azərbaycanla yaxın, səmərəli yaradıcılıq əlaqələri yaranıb və öz bəhrələrini verməkdədir. Azərbaycan-özbək ədəbi əlaqələrinin müasir elmi-demokratik meyarlar, yeni arxiv materialları əsasında tədqiqində onun müstəsna xidmətləri vardır. Son illər AMEA-nın keçirdiyi konfrans və yubiley tədbirlərində onun təmiz Azərbaycan dilində, özü də müasir ədəbiyyatşünaslıq üslubunda məruzələri rəğbətlə qarşılanır. Ötən il Cəlil Məmmədquluzadə haqqında yeni faktlara söykənən məqaləsi onun Azərbaycan-özbək ədəbi-elmi əlaqələrinin keyfiyyətcə yeni mərhələsindən xəbər verir.
Professor H.Baltabayev Hüseyn Kürdoğlunun “Seçilmiş əsərləri”ni Özbəkistanda çap etdirdi. Bu kitaba yazdığı ön sözdə bir daha təsdiq etdi ki, o, Azərbaycan ədəbiyyatının klassikləri ilə yanaşı, müasirlərinin də yaradıcılığına bələddir, XX əsr Azərbaycan poeziyasını təmsil edən nəsillərin yerini, ədəbi gedişatdakı rolunu doğru müəyyənləşdirir.
Professor H.Baltabayevin akademik İsa Həbibbəyli haqqında olan kitaba (A.Ülvi, Y.Qasımbəyli) yazdığı ön sözü onun Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə səmimi ehtiramı oldu. Kitab özbək oxucusuna İsa Həbibbəylinin məhsuldar bir tədqiqatçı kimi yaradıcılığının əsas istiqamətləri haqqında dolğun təsəvvür yaradır.
Bu sətirlərin müəllifini professor H.Baltabayevlə bağlayan onun əsl elm fədaisi, yüksək əxlaqi-mənəvi keyfiyyətləri, səmimiliyi, təvazökarlığıdır. Mənim üçün çox xoşdur ki, ikimiz də Rusiya Estetika və Azad Sənətlər Akademiyasının üzvüyük. Hər ikimiz Y.Borevi öz ustadımız kimi tez-tez yad edirik. Həmdulla onun “Estetika” kitabını özbək dilinə çevirib nəşr etdirdi. Onunla Səmərqənddə, Buxarada və Bakıdakı görüşlərimizin predmeti Azərbaycan-özbək ədəbi əlaqələrini yeni səviyyəyə qaldırmağın vəzifələridir. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ötən il Azərbaycana böyük sevgisinin təzahürü olan fəaliyyətini nəzərə alıb onu “İlin alimi” adına layiq gördü.
Professor Həmdulla Baltabayev Azərbaycanda keçirilən ən mötəbər elmi tədbirlərin arzuolunan qonağı, sanballı elmi nəşrlərdə əsərlərinə yer ayrılan görkəmli alimdir.
Azərbaycan Milli Elmlər Akademiyası
– Şöbənin elmi fəaliyyətinin əsas istiqamətlərini türk xalqları ədəbiyyatının inkişaf tarixi üçün səciyyəvi olan ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemlərin, qarşılıqlı ədəbi-mədəni əlaqələrin – türk təsəvvüf ədəbiyyatı: onun tarixi ənənəsi, inkişaf meylləri, ortaq və fərqli cəhətləri; türk xalqlarının yazılı ədəbiyyatının formalaşmasında folklorun – əski türk eposu, xalq şeiri ənənələrinin, aşıq poeziyasının rolu; türk divan ədəbiyyatı; türk xalqları ədəbiyyatının özünəməxsusluqları; XIX əsr türk xalqları ədəbiyyatında yeni mərhələ kimi: tarixi ədəbi ənənələr və müasir növlər, janrlar, maarifçilik və cədidizm; XX əsr türk xalqları ədəbiyyatının inkişaf meylləri (yeni mövzular, ideyalar, problemlər, ədəbi cərəyanlar, sənətkarlıq vasitələri və s.), türk nəsrinin inkişaf istiqamətləri, Avropa türklərinin ədəbiyyatı, görkəmli şair və yazıçıların həyat və yaradıcılıqlarının və s. araşdırılması, türk xalqları ədəbiyyatı ilə bağlı antologiyaların hazırlanması, konfrans, simpozium, disputların keçirilməsi təşkili edir.
Şöbə, “Yaşayan Yunus Əmrə” (09-10 dekabr, 2013) və “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda(01-02 dekabr, 2015) iki beynəlxalq elmi konfrans, Məhtimqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş “Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi” (06 may 2014) və “Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür” (25 may 2015) mövzusunda praktik elmi konfranslar keçirmişdir.
Türk xalqları ədəbiyyatı üzrə 10 cildlik antologiyanın hazırlanıb nəşr olunması nəzərdə tutulur. İlk cild – “Türk şeir antologiyası” çapa təqdim olunmuşdur.
Şöbədə ilk dəfə olaraq Koroğlunun Bolqar variantının poetikası, XIX əsr türk xalqları ədəbiyyatı: ədəbi inkişaf meylləri, etnik-milli özünəməxsusluqlar, Azərbaycan -qaqauz ədəbiyyatınnda epik növün inkişaf meyilləri, Qaraçay ədəbiyyatının təşəkkülü məsələləri, XX əsr tatar maarifçiliyi, Azərbaycan-özbək ədəbi ənənələri, XX əsr qazax ədəbiyyatında cədidizm və s. kimi məsələlər sistemli şəkildə tədqiq olunmuşdur. Qaracaoğlan, Seyrani, Yunus Əmrə, Nicati, Şeyx Qalib, Fazil Hüsnü Dağlarca, Əlimcan İbrahimov, Peyami Səfa, Muxtar Auezov kimi şəxsiyyətlərin həyatı və yaradıcılığı tədqiqata cəlb olunmuşdur.
2009-2013-cü il tarixlərində şöbənin “Türk xalqları ədəbiyyatı” məcmuəsi dərc olunmuşdur. Türk xalqlarının müxtəlif problemlərini əhatə edən məcmuənin 6 sayı işıq üzü görmüşdür.
Linklər
- RƏSMİ SƏNƏDLƏR
- BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
- AMEA İNSTİTUT VƏ TƏŞKİLATLARININ SAYTLARI
- ELM SAHƏLƏRİ ÜZRƏ PROBLEM ŞURALARI
- LİNKLƏR
Türk xalqları ədəbiyyatı
Əkbər Qoşalı
Türk xalqları ədəbiyyatı adətən “İslamöncəsi (Qədim dövr)” və “İslamsonrası” şəklində iki böyük dövrə (qrupa) bölünərək, şərh olunur. Biz bu yazıda yeni bölgü təklif edirik. Bizcə, türk xalqları ədəbiyyatını ən ümumi şəkildə üç böyük dövrə (qrupa) bölmək məqsədəuyğundur:
I dövr – ən qədimdən Yunus Əmrəyədək (dövrünədək),
II dövr – Yunus Əmrədən (dövründən) I Dünya Savaşınadək,
III dövr – I Dünya Savaşından günümüzədək.
Bəri başdan vurğulayaq ki, türklər İslamdan öncə də dinlər qəbul edib, bu dəyişimlər ədəbiyyata, mədəniyyətə dərindən nüfuz edib. Din dəyişimini bir dövr kimi götürməkdənsə, bütün dinlər dövründə öz estetikası ilə işıq sütunu kimi ucalan türk ədəbiyyatının, türk ruhunun, türk dilinin özünü, onun digər kateqoriyalara təsirləri ilə birgə, müəyyənləşdirdiyi dövrləri qəbul etmək daha düzgündür. Bəlkə mübaliğəli kimi görünə bilər ancaq idrakı çətin deyil ki, əgər İslamdan sonra başqa bir səmavi din gəlmiş (yayılmış) olsaydı, əcdadımız zəruriyyət yarandığı təqdirdə onu da qəbul etmiş ola bilərdi. Yəni biz dövləti müqəddəs bilmişik və dövləti, dövlətçiliyi qorumaq yaxud dövləti böyütmək, xalqın mədəniyyətini yeni dünyabaxışı ilə zənginləşdirməkçün din dəyişikliyinə gedə bilmişik. İslamı son səmavi din olaraq qəbul etdiyimiz üçün din dəyişmə mövzusu da qapanmış sayıla bilər. Əlbəttə, biz bilirik ki, İslamı qəbul etməmiş yaxud öz ilkin dini inanc sistemində qalmış türklər də (türk xalqları da) var; İslam bütün türk xalqlarının böyük çoxluğunun qəbul etdiyi, geniş yayılmış din olduğu üçün əsasən onun üzərinə vurğu edilir.
Başqa bir məqama diqqət edək: İnsanın yaradılışdan sonrakı törəyişi (çoxalması) dini ədəbiyyatlarda necə təqdim olunur? – qardaşın bacı ilə evlənməsi, insanın cinlə evlənməsi və s. yolu ilə, bizim yaradıcı əcdadımızsa törəyişi (çoxalmanı) kişinin ağacın köksündən çıxan gözəllə evlənməsi şəklində “modelləşdirib”! – Bu daha əxlaqlı baxış deyilmi? – Bax, bu dini təsəvvürlərdən fərqli (üstün), türk ədəbiyyatının, türk ruhunun və əxlaqının özünü, onun digər kateqoriyalara təsirlərini, estetikasını göstərməkdədir.
Bura qədim dövr ədəbi örnəklərindən tutmuş, Yunus Əmrə yaradıcılığınadək olan dövrə aid seçmə ədəbi abidələr, mətnlər daxildir.
İdeya-məzmun, poetik biçimcə özəllik daşıyan qədim türk eposu, qədim türk şeiri, o cümlədən türk maniçi və buddist şeiri, qədim türk nəsri, o cümlədən türk maniçi və buddist nəsri, ardınca “Orxon-Yenisey”dəki, Mahmud Kaşqarlının “Divanü Lüğat-it-Türk”ündəki bədii mətnlər, “Dədəm Qorqudun Kitabı”, “Manas”, Yusif Balasaqunlunun “Qutadqu Bilik”i, Əhməd Yüqnəkinin “Atəbətül-Həqaiq”i, Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət”i, Nizami Gəncəvinin, Mövlanə Cəlaləddin Ruminin, eləcə də Yunus Əmrənin əsərləri I dövrə aiddir. (Yeri gəlmişkən, “Atəbətül-Həqaiq” ATATÜRK Mərkəzi tərəfindən 2018-ci ildə nəşr edilib. Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət”i isə Milli Məclisin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyi tərəfindən nəşrə hazırlanır. “Divani-hikmət”i Azərbaycan dilinə tam şəkildə, geniş izahlarla birgə ilk dəfə, şair, ruhaniyyatçı Tural İrfan və bu sətirlərin müəllifi (Türkiyə və Qazax türkcəsində nəşrləri, əsərin orjinalını tutuşduraraq) uyğunlaşdırıb).
I dövrü qapayan Yunus Əmrənin yaradıcılığı həm xəlqiliyinə, epos (ozan-aşıq) təfəkkürünü geniş şəkildə yansıtmasına (milliliyinə) həm də öz dövrünün və özündən öncəki dövrün, necə deyərlər. üslubunu – aparıcı Şərq ədəbi motivlərini, hətta ərəb-fars mədəniyyətinə dayalı şeir gələnəyini sənətkarlıqla yansıtmasına görə seçilib. Ən başlıcası, Yunus Əmrə məhz doğma dildə yazmasına görə universal (özünəqədərkiləri “ümumiləşdirən”, özündən sonrakılara yön verən, təsir edən, tarixin hər iki üzündən möhtəşəm qala bürcü kimi görünən) bir ədəbi hadisə olaraq çıxış edir.
Qəbri həm Anadoluda həm də Azərbaycanda olduğu sanılan Yunus Əmrə şəxsiyyətinə və yaradıcılığına müraciət edənlər variantlılıqla üzləşə bilir: onda mistika da, ağıl da, ruhun fizikası da, metafizika da var. Belə bir variantlılıq, XX yüzilin başlarında Mustafa Kamal Paşa Atatürkə də şamil edilirdi (qərbçi, türkçü, sosialist, demokrat və b.). Atatürk özü “Mevzu-bahis Vatansa gerisi teferruattır” düsturu ilə bu məsələni ən yaxşı müəyyənliyə qovuşdurmuş oldu. Əgər Atatürkün addımları ictimai-siyasi, hərbi müstəvidə və Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçiddə variantlılıqlar şəklində təzahür edirdisə, sözün paşası Yunus Əmrə Səlcuqludan Osmanlıya keçid dönəminin (ərəfəsinin) ədəbi, ruhani şəxsiyyətiydi. O dövrdə də, mövzu Vətəndi, gerisi təfərrüatdı.
Yunus Əmrə (1240–1321, Kiçik Asiya) Türk-İslam mütəfəkkiriydi, təsəvvüf (və xalq) şairiydi, sufiydi. Anadoluda türkcə şeirin banilərindən olan Yunus Əmrənin ustadı Tapduq Əmrə (1210-1215) Türküstan mürşidlərindən, o mürşidlər Əhməd Yəsəvidən dərs almışdı. Nə qəribədir: İslamı Orta Asiyada ərəblər yaymışdı, Orta Asiyadan Anadoluya Türküstan alpərənlərinin gəlişini zəruri edən dönəmdə isə ərəblər tənəzzül içindəydi, İslamın bayrağını o vaxt və ondan sonra ucaltmaq türklərin sayəsində mümkün olmuşdur. O zamanlar ruhanilərimiz şair, şairlərimiz ruhaniydi. II dövr içində padşah, sultan və sərkərdələrimizin şairliyi (yaxud şairlərimizin padşahlığı, sultanlığı, sərkərdəliyi) sayğı ilə xatırladığımız hadisələr sırasındadır: Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Qanuni Sultan Süleyman və b.
Bəs türklər Orta Asiyadan, Türküstandan Anadoluya, Yaxın Şərqə gəlmişdi yoxsa bu, onların geri dönüşüydümü? – Geri dönüşüydü. Amma bu dəfə yeni keyfiyyət, yeni qazanımlarla və əbədi dönüşüydü. Bu yerdə, türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmu nəzəriyyəsini irəli sürən görkəmli türkoloq alim Firudin Ağasıoğlunun son 30 ildə apardığı araşdırmalarını, “Doqquz bitik”ini xatırlatmaq istərdim. O əsərlər İslamöncəsindəki türk kimliyini müxtəlif aspektlərdən dəyərləndirən və dəyərləndirmələrə kömək edən sanballı əsərlərdir.
Yaxın Şərqdən Türküstana getdiyi rəvayət edilən Arslan Babanın (Arslan Bab) Əhməd Yəsəviyə (Xoja Ahmad Yassaviy; 1093, Sayram – 1166, Yəsi) verdiyi bir xurmadan, Tanrının sonuncu elçisinin əmanətindən rişələnən fikir toxumları Türküstan torpağında mayalandı, Anadolu torpağında böyüdü, ta Balkanlarda belə bar verdi. Örnəyi, Sarı Saltuk Baba adı, qəbri Balkanlarda Türküstan alpərənliyinin möhürüdür.
Anadolu Səlcuqlu İmperiyası dönəmində (1077-1308) Anadolu coğrafiyasında ərəb/fars İslami ədəbiyyatlarının təsiri altında gəlişən bir ədəbi mədəniyyət formalaşmışdı. Bu çərçivədə Konya mərkəzli Anadolu Səlcuqlu sultanlarının özəlliklə farsca ədəbi əsərlərin yaradılmasını təşviq etdiyi bilinməkdədir. Bax, Yunus Əmrə belə bir fonda türkcə yazıb-yaradıb.
Beləliklə, Yunus Əmrə böyük bir mədəniyyət epoxasının ifadəçisi, daşıyıcısı və yeni fazanın yaradıcısıydı!
Onun dövründə Anadolu torpağı yeni bir dövlətçilik mədəniyyətinə hamiləydi: Səlcuqlu İmperiyası öz yerini Osmanlıya verməyə “hazırlaşırdı”. Dövlət, quruluş dar gələndə türk xalq(lar)ı onun küllərindən yeni dövlət inşa etmə təcrübəsinə malikdir. Bu, din mənsubiyyətinə də aiddir. Heç təsadüfi deyil ki, türk xalqlarının böyük əksəriyyəti bütün səmavi dinləri– hər birini öz zamanında qəbul edərək inkişaf edib.
Yəsəvidən öncə orta yüzillər Türk dünyasının ən böyük mütəfəkkirlərindən Yusif Balasaqunlu (Yusif Has Hacib; 1019–1077, Qaşqar, Qaraxanlılar dövləti) var, XII yüzil Qaraxanlılar şairi Əhməd Yüqnəki (Əhməd ibn Mahmud Yüknəki; Səmərqənd (yaxud Fərqanə) doğumlu) var; Yəsəvidən Əmrəyədəksə orta yüzilliklər Şərqinin ən böyük şairlərindən biri, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik üslub gətirmiş qüdrətli sənətkar Nizami Gəncəvi var, təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi Rumi (Mövlana Cəlaləddin Bəlxi; 30.09.1207–17.12.1273, Konya, Rum Səlcuqlu dövləti) var.
Göründüyü kimi, I dövrə aid edilən abidələr, adlar, əsərlər türk mədəniyyət axımlarının xəritəsini, din landşaftını, düşüncə süxurlarını, fikrə təsir edən ictimai-siyasi, ideoloji relyefləri göstərir. Və bütün mürəkkəbliyi (təbiəti) ilə bir bütöv dövr kimi götürülməsini əsaslı qılır.
Əgər yeni baxışlar, cərəyanlar, təriqətlər və s. yaranıbsa, deməli, o vaxtadək olanlar o sənətkarlara dar gəlib, onlar yeni fikir dünyaları yaratmağa ehtiyac duyub. Bu tarixi şəxiyyətlərin yaradıcılığında şamanizmdən, Tanrıçılıqdan, digər qədim Türk inanc sistemlərindən sonuncu səmavi dinə keçidin izləri var. Bu yerdə, Osmanlının Balkanlardan çəkilişini poetik dillə ifadə etmiş olsa da, Yahya Kamal Bəyatlının məşhur misraları yada düşür “Hala o kızıl hatıra titrer gözümüzde”.
I dövrə aid olan əsərlər, əsasən orta türk ədəbi abidəsi kimi çıxış edən yaxud o enerjini daşıyan əsərlərdir.
Beləliklə, Yunus Əmrənin şəxsiyyəti və yaradıcılığı, onun özündən öncəkiləri ümumiləşdirən, sonrakılara yol göstərən sənətkarlığını, fars-ərəb dilinin, poetikasının hakim mövqe qazandığı bir coğrafiyada/dövrdə məhz doğma türkcədə (doğma ruhda!) ozan şeirləri yazmasını, habelə onun yaşayıb-yaratdığı dövrü, Anadolu Səlcuqlusundan Osmanlıya keçid ərəfəsini dövrlərin keçidi kimi sərh etməyə əsas verir.
I dövrün son böyük şairi Yunus Əmrədən sonrakı dövrdə Türk xalqları ədəbiyyatını I Dünya Savaşınadək yaşayıb-yaratmış şairlərimizin, yazıçılarımızın əsərləri və xalq yaradıcılığından seçmə örnəklər təşkil edir.
Dövrün I Dünya Savaşı ilə qapadılması, türk xalqlarının yaşadığı doğma coğrafiyada (ümumən dünyada), həyat və fəaliyyətin, demək olar, bütün sahələri boyu yeni şəkillənmənin başlanması ilə əlaqəlidir. – I Dünya Savaşı və sonrasında Osmanlı çöküş ərəfəsində idi, Azərbaycanda (yaxın Şərqdə) ilk cümhuriyyət qurulurdu (az sonra türk xalqlarının çoxunu da zor-xoş içinə alan yeni imperiya (SSRİ) yaranacaqdı). Hərbi-siyasi devrimlər baş verir, əlifba, yeni geyim, yeni çalışma sahələri – bir sözlə, yeni mədəniyyət axım(lar)ı təcalla edirdi. Üstəlik, yeni sınırlar cızılır, vətəndaşlıqlar, ölkə mənsubiyyətləri dəyişilir, yeni xəritələr tərtib edilirdi. – Demək olar, bütün türk xalqlarının həyatında yeni dönəm başlayırdı.
Heç şübhəsiz, belə şəkillənmələr yaradıcılığın digər sahələri kimi ədəbiyyata da böyük ölçüdə təsir edib. Bu təsir özünü həm ideya-məzmunda, həm formada (üslubda, intonasiya və ritmdə), həm də, ədəbiyyatı təmsil edən yeni nəsillərin meydana gəlməsi, yeni çağırışların təzahür etməsi ilə göstərib. Təsadüfi deyil ki, sovet ədəbiyyatşünaslığında “Böyük Oktyabr Sosialist İnqilabı”ndan sonra yaranan ədəbiyyat yeni, ona qədər olanlar isə ya klassika ya da sadəcə, köhnə ədəbiyyat sayılırdı.
II dövr, sənayeləşmənin yaranması, bir sıra böyük elmi kəşflər, fəthlərlə (təəsüf ki, sonrakı – III dövrdə fəthlərin yerini istilalar, işğallar almış oldu. ) və bunların ədəbi-bədii yaradıcılığa təsirləri, yaradıcılığın geniş yayılmasına texnoloji imkan bəxş etməsi kimi hadisələrlə də zəngindir.
II dövrə aid edilən əsərlərin bir qisminin artıq “ayrılma sürəci”ndən keçmiş əsərlər olması başa düşüləndir. Bu dövrə aid olan bir sıra qüdrətli söz ustadlarının adını çəkək: Nəsimi, Nəvai, Babur, Füzuli, Xətai, Qurbani, Baki (Mahmud Abdülbaki), Dadaloğlu, Məhtumqulu, Vaqif, Aşıq Ələsgər, Abay, Mirzə Fətəli Axundov, Nədim, Toktoqul Satıganov, Tofiq Fikrət, Abdulla Tukay, Şeyxzadə Babiç və b.
Bu dövr artıq bəlli olduğu kimi yeni (və ən yeni) çağımızı əhatə edir.
Öncəki dövrdə də vurğuladığımız kimi, I Dünya Savaşından sonra türk xalqları coğrafiyasında ciddi, inqilabi hadisələrin olması, güclü ideoloji-siyasi axımların hakim mövqe qazanması, Çar Rusiyasının və Osmanlının çöküşünün başlanması, Sovet imperiyasının tarix səhnəsinə hazırlanması, yeni, dəmir pərdəli sınırların cızılması və s. diametral fərqlə bir dövrün başqa dövrlə əvəzlənməsi kimi götürülə bilər. Zatən o dövrədək olmuş heç bir savaşa Dünya Savaşı “status”u verilməməsi də, tarixi bölğünü əsaslı qılır. Bütün bunlar ədəbiyyatda, mədəniyyətdə ayrılmaların, başqa sözlə, fərqliliklər qazanmaların meydana çıxması ilə müşahidə olunub.
Öncəki dövrlə müqayisədə, III dövr türk ölkə və topluluqlarında KİV-lərin, digər kommunikasiya vasitələrinin də inkişaf etdiyi yaxud yeni yarandığı dövrdür. Bununla da yazılanların tirajlandığı, daha çox yayılaraq təsir imkanı qazandığı və başqa xalqlarla, mədəniyyətlərlə intensiv ədəbi əlaqələrin qurulması imkanları bilinən hadisədir.
Beləliklə, XX yüzillikdə yaşayıb-yaratmış və sevilən müəlliflər (Mehmet Akif Ərsoy, Rəşad Nuri Güntəkin, Musa Cəlil, Mustay Kərim, Cəfər Cabbarlı, Hüseyn Cavid, Platon Oyunski, Mağjan Jumabay, Çolpan, Maqsud Şeyxzadə, Muxtar Auezov, Hüseyn Nihal Atsız, Şəhriyar, Çingiz Aytmatov və b. söz ustadları), aparıcı istiqamətlər bizim bölgü üzrə III dövrə aiddir.
Bütün dövrlərdə içdünyamıza – “ortaq keçmişdən ortaq gələcəyə” çağıran, eləcə də, dış dünyaya sayğılı davranıb, bərabərhüquqlu ədəbi dialoqda olan şair, yazıçı və ədəbiyyatşünasların yaradıcılığı önplana çıxır.
Bir çox türk xalqı uzaq coğrafiyalarda yaşamış olsa belə, qardaşların ədəbiyyatı, tarixi, ruhu, taleyi oxşardır – daha doğrusu, hamısı eyni kökdən gəlir. Əslində, bəşəriyyətin kökü eynidir. Biz ümumbəşəri kökdən çağdaş dönəmə, özünəməxsusluğumuza gələnədək zamanın, məkanın, coğrafiyanın xalq, ədəbiyyat ömrünün Türk dünyası mərhələsindən (yaxud baxışından) keçirik. Dünya ədəbiyyatını bütün dünya araşdırır, öyrənir, öyrədir və bir çox hallarda bu iş bizim əcdadın yerini, rolunu qısıtlamağa çalışılaraq, görməzliyə vuraraq icra edilir.
Özünəməxsusluğu, ayrılmaları (daha doğrusu, fərqliliklər qazanmaları) və ortaq cəhətləri ilə Türk dünyası ədəbiyyatı bu gün daha cazibdir. Onu daha çox öyrənməli, öyrətməliyik. Biz ümumi dəyərlərə qayğı göstərməklə və onları qoruyub saxlamaqla mənəvi bütövlüyümüzü qorumaq istəyirik. Çünki “ortaq keçmişdən ortaq gələcəyə” gedəcəyimizə inanırırıq.
Bəli, türk ədəbiyyatı çox qədimdən başlayıb, müxtəlif dövrlərdən, aşamalardan keçərək, günümüzə yetişib və əlbəttə, gələcəkdə də yaşayacaq, üfüqötələrinə qanadlanacaq, toplumumuzu da qandlandıracaq, ruhlandıracaqdır. Bu önəmli ədəbiyyatın yüzillər içində obyektiv, subyektiv səbəblər üzündən fərqliliklər qazanması aydındır və günümüzdə ümumtürk ədəbiyyatından danışarkən, ayrı-ayrı türk ölkə və topluluqlarının ədəbi mühitlərinin ən ümdə, ümumi hadisələrinin, məhsullarının əsasında danışmalı oluruq. Qarşılıqlı ədəbi-mədəni ilişkilərdə, həmin mühitlərin ortaq keçmişdən ortaq gələcəyə gedən yolun tələblərinə ən universal şəkildə cavab verən abidələrini, imzalarını çağdaş çağırışlarla bir ortamda tutmaq alternativlərin ən yaxşısıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.