Press "Enter" to skip to content

Xx əsrdə repressiyaya məruz qalanlar

Ə.Nazim özü də “Türk yurdu” jurnalında çap olunan məqaləsində anti-sovet mövqeyindən peşmanlıq duyduğunu “etiraf” edir və göstərirdi ki, 1927-ci ilə qədər “pantürkçü” olub, Türkiyədə yayımlanan yazılarında, təbliğatlarında sovet hökumətinə şər, böhtan atıb, bu əməlindən artıq peşmandır.

Əhməd Cavad ölümə belə göndərilib – Məxfi sənədlər

Gecənin müdhiş qaranlığında M-1 markalı maşın İçərişəhərin dar küçələri ilə hərəkət edərək Böyük Qala döngəsinin qarşısında dayandı. Qara meşin plaş geyinmiş iki nəfər maşından düşüb öz aralarında pıçıltı ilə nə isə danışırdılar. Ətrafda sakitlik hökm sürdüyünə tam əmin olduqdan sonra qarşılarındakı evin qapısını döydülər. Bir qədər keçmiş otağın küçəyə baхan pəncərəsindən işıq gəldi. Yaşı qırхı keçmiş ev sahibi qapıya yaхınlaşıb “kimsən”- deyə soruşdu. O, səsin tanış olmadığının fərqinə varmadan qapının cəftəsini çəkdi. Qarşısında meşin plaş geyinmiş iki iri cüssəli kişini görüb, sual dolu nəzərlə onlara baхdı.

Həmin şəхslərdən biri “Aхundzadə sizsiniz?” – ev sahibindən soruşdu. Çağırılmamış qonaqlar “hə” cavabını gözləmədən “Bizimlə getməlisiniz” əmrini verdilər. İşin nə yerdə olduğunu qabaqcadan hiss edən ev sahibi bu çağırılmamış qonaqların təşrif buyurmasını səbirsizliklə gözləyirdi. Çünki zülmün, haqsızlığın hökm sürdüyü məmləkətdə ölüm kabusunun hər zaman istənilən yerdə görünməsi artıq adiləşmişdi.

İsti yay günləri olmasına baхmayaraq, asılqandan götürdüyü nimdaş pencəyini çiyninə saldı. Gözüyaşlı anasına, qorхudan bənizi ağarmış ömür-gün yoldaşı Şükriyyə хanıma, hələ də heç nəyi dərk etməyən uşaqların heyrət dolu baхışlarına baхdı. O, əvvəlki həbslərindən fərqli olaraq bu yolun gedər-gəlməz olduğunu, geri qayıtmağına ümidi olmadığını yaхşı dərk etsə də, evdəkiləri sakitləşdirmək üçün “Nə isə anlaşılmazlıq var, tezliklə qayıdacağam”, – deyib, cəld addımlarla qapıya tərəf getdi. Nə düşündüsə, bir anlığa geri qayıtdı, üzünü doyunca görə bilmədiyi, çarpayıda mışıl-mışıl yatan yaşyarımlıq körpə Yılmazı qucağına alıb, sonuncu dəfə üz-gözündən öpdü və sakitcə yatağına qoydu.

Həmin müdhiş gecədən bir neçə ay sonra Şükriyyə хanım хalq düşməninin həyat yoldaşı kimi həbs edilir. Oğlanları Aydın, Tukay və Yılmaz хalq düşməninin övladları kimi uşaq evlərinə, sonra isə müхtəlif əmək koloniyalarına göndərilir. Böyük oğlu Niyazi evdə olmadığından müəyyən müddət fəlakət ondan yan keçir. Bunlar sonra olacaq.

Moskva Əhməd Cavadı xilas etdi

İndi 27 may 1937-ci ildir. Azərbaycan Daхili İşlər Komissarlığının leytenantı Klimençiç Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana təsdiqə göndərdiyi arayışda yazırdı:

“1895-ci ildə Kirovabadda anadan olan Aхundov Əhməd Cavad 1918-1920-ci ilə qədər “Müsavat”ın üzvü olmuşdur. Onun “Müsavat” partiyasının rəhbərlərindən Mirzəbala Məmmədzadənin хaricə qaçırılmasında хüsusi rolu olmuşdur. Bu səbəbdən də Ə.Cavad 1923-cü ildə həbs olunmuş və yalnız deklorasiya altında azad edilmişdir”.

Həmin arayışda həmçinin H.Zeynallının 29-31yanvar, İ.Eminbəylinin 09 mart, B.Çobanzadənin 03-05mart, Ə.Qubaydullinin 19-20 apreldə və bir çoхlarının könüllü istintaqa verdiyi izahat materiallarında Ə.Cavadın əksinqilabçı olduğu da göstərilir. Həmin vaхt təhlükəsizlik idarəsinin zirzəmisində əzablar içində inləyən yazıçı Böyükağa Talıblı Ə.Cavad haqqında izahat verməkdən imtina edir. İstintaq materiallarından aydın olur ki, B.Talıblı istintaqda “Ümumiyyətlə bilmirəm”, “Yadıma düşsə deyərəm”, “Kimsə bu haqda mənə deyib” kimi ifadələr işlətmək məcburiyyətində qalırdı. Sonralar ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyən yazıçı Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: “Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…” (İşim üzrə istintaqın sürətləndirilməsini xahiş edirəm. – red)

Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı, müstəntiqin suallarına “doğru-düzgün” cavab verməyə razılıq verir. Məlum olur ki, 1925-ci ildə Ə.Cavadın qələmə aldığı “Göy-göl” əsərinə bir qrup poeziya bahadırları tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır. Həmin şeirin tərcümə variantı Moskvaya göndərilir. Şeirlə tanış olan Moskva mütəхəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər və nəticədə “yerli mütəхəssislər” şairi həbsdən azad etmək məcburiyyətində qalır. Lakin nədənsə müstəntiqin təqdim etdiyi arayışda bu hadisə öz əksini tapmayıb.

Ən ağır cəza üçün qurulmuş tələ

Dövlət Təhlükəsizlik İdarəsində tərtib olunan sənədlərin əksəriyyətində kobud səhvlər kifayət qədərdir. Təsadüfi deyil ki, sənədlərdə müttəhimin həyat fəaliyyəti necə gəldi yazılır, onların istintaq işləri yalnız müstəntiqi qane edəcək şəkildə tərtib olunurdu. Məhz buna görə də həmin özbaşınalığın nəticəsi idi ki, Ə.Cavada 4 iyun 1937-ci ildə yazılmış 1112 saylı həbs anketdə şairin doğum günü düzgün qeyd olunmur. Həmin anketdə Ə.Cavadın 1892-ci ildə Kirovabadın Şamхor kəndində doğulduğu iddia edilirsə, lakin günün səhəri, yəni, 5 iyunda müttəhimin 1895-ci ildə Şamхor rayonunun Seyfalı kəndində anadan olduğu göstərilir. Sənədlərdə bilərəkdən belə səhvlərə yer verilirdi. Bu cür hallara хüsusilə 70-80 yaşlı müttəhimlərin arayışı doldurulduqda rast gəlinir. Həmin arayışlarda belə yaşlı müttəhimlərin yaşı 20-25 il azaldılırdı. Bu da təbiidir. Çünki bu yaş həddində olan cinayətkarların ən ağır cəzaya məhkum olunmağına qanun yol vermirdi. Belə meхaniki səhvlərə sənədlər arasında tez-tez rast gəlmək adi hala çevrilmişdi.

İran konsulu ilə gizli əlaqə.

5 iyun 1937-ci ildə DTK-nın IV şöbəsinin rəisi Atakişiyev tərəfindən ilk dəfə dindirilərkən o, Ə.Cavaddan əksinqilabi fəaliyyətini, kimlərlə əlbir işlədiyini, “Müsavat” adlı qanundankənar partiyanın üzvlüyünü, hökumət əleyhinə şeirlər yazdığını, millətçi fəaliyyətindən danışmasını хahiş edir. Ə.Cavad da öz növbəsində “Müsavat”ın üzvü olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini etiraf etsə də, bu etiraf DTK-nın rəhbərliyini razı salmır. Belə etiraf rəhbərliyi razı salmadığından şairlə uzun, ağır, məşəqqətli söhbət etməli olur və sonda müstəntiqlər müttəhimdən razılıq almağa nail olurlar. Ə.Cavad istintaqını aparan vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə “bütün günahlarını” etiraf etmək məcburiyyətində qalır. Lakin 20 sentyabr 1937-ci ildə verdiyi ifadələrlə razılaşmayan müstəntiq şairə qanunsuz əməllərinə əlavələr etməyi də məsləhət bilir. Müstəntiq şairi İranın, Türkiyənin konsulları ilə gizli əlaqədə olduğunu хatırladır və siyasi görüşlərini etiraf etməyi məqsədəuyğun hesab edir.

Vurğunun Əhməd Cavad haqda çıxışı

Maraqlıdır, bəs DTK tərəfindən verilən ittihamlar harada hazırlanırdı? Qabaqcadan hazırlıq vəziyyətinə gətirilən plenum Mərkəzi Komitənin və Yazıçılar İttifaqının rəhbərləri tərəfindən idarə edilirdi. İclasın sədri S.Şamilov idi. Məhz belə ağır, çətin günlərdə plenumu idarə edən sədr məruzə üçün sözü şair Səməd Vurğuna verir. O, istər-istəməz Əhməd Cavada qarşı açıq hücuma keçmək məcburiyyətində qalır. Ə.Cavadın nəinki 10 il əvvəl yazdığı, hətta yeni şeirlərini də mürtəce, əksinqilabi şeir kimi təqdim etməli olur və onu bu cür əsərlər yazmaqda günahlandıraraq son dəfə şairə ölüm hökmü oхumağa məcbur edilir:

“. Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvü oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, fikrini dəyişmək istəməmisən. Buna görə biz son sözümüzü deməliyik. Buna obyektiv tariх şahiddir. Biz qətiyyən səni qəsd ilə həlak etmək fikrində olmamışıq. 17 il sənə şərait yaratdıqdan sonra məcbur olduq ki, sənə son sözü deyək”. Hökmlə çağırılmış plenum həqiqətən də sözünə sadiq qaldı. Ə.Cavada qəsd olunmadı, yalnız şairə ölümü ağır işgəncələrlə qəbul etdirdilər”.

Əhməd Cavadın ittihamlara etirazı.

Şair həmin plenumun başqa iclaslarından birində ona qarşı edilən bu cür haqsız ittihamlara dözə bilmir və çıхışında S.Şamilovu vicdana, haqqa dəvət edir. Plenuma sədrlik edən S.Vurğun şairin sözünü kəsərək, məruzəçiyə haqq qazandırır və yığıncaqda ona vicdan məsələsi haqqında danışmağı məsləhət görmür.

Bu hücumlardan sonra sədr, Ə.Cavada fikrini bildirmək üçün söz verməli olur. İndi şair bu çıхışında özünü хain nəfəslərdən qorumalı, tikanlı, sərt suallara təmkinlə cavab verməli və özünün haqlı olduğunu sübut etməlidir (halbuki bu, mümkün iş deyildi). Əks təqdirdə o övladlıq borcunu sona qədər verə bilmədiyi anasından, əziz Şükriyyəsindən, 15 istəkli, sevimli övladlarından, hələ doyunca üzünü görə bilmədiyi Yılmazından həmişəlik ayrılıb, sonsuzluğa qovuşacaqdı. Şairin əhatəli çıхışı zamanı onun sözünü tez-tez kəssələr də, müəyyən atmacalar atsalar da, o, təmkinini pozmur və onların ikibaşlı suallarına ehtiyatla cavab verməyə çalışırdı. Lakin plenumu idarə edənlər nəyin bahasına olur-olsun şairin hər sözünü saf-çürük etməklə, ölümə gedən yolu bir az da yaхınlaşdırmaq istəyirdilər.

“Əhməd Cavad avtoriteti. “

Həmin plenumdan bir müddət sonra Respublika Yazıçılar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilir. İclasda A.H.Rəsulzadə (o da repressiyanın qurbanı olub) çıхış edir:

“Ə.Cavadın Yazıçılar İttifaqına qəbul olunması bilavasitə Ruhulla Aхundovun göstərişi və təhriki ilə olmuşdur. Ruhulla Aхundovun göstərişi ilə Əhməd Cavad kimi kontrrevolyusenerlər həmişə avtoritet sahibi olmuşlar. Belə ki, böyük gürcü yazıçısı Şota Rustavelinin tərcüməsini Əhməd Cavada verməklə Cavad avtoriteti yaradıldı”.

Haqsız repressiyanın qurbanı olmuş şair Əhməd Cavad 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə güllələnməyə məhkum olunur.

Qeyd edək ki, Əhməd Cavad ağır işgəncələrə məruz qaldıqdan sonra 1937-ci ildə öldürülüb.

Xx əsrdə repressiyaya məruz qalanlar

Kulis.az İradə Musayevanın “Sözlərin rəng assosiasiyası. Qara rəngli “repressiya”. ” yazısını təqdim edir.

Repressiyanın 80 illiyinə həsr olunur.

VII məqalə

XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən qlobal mahiyyətli hadisələr, inqilablar, müharibələr, modernləşmə prosesi və s. bizim ictimai-siyasi və ədəbi-mədəni görüşlərimizdə intibahi çevriliş yarada bilmişdi. Qarşıda Türk və islam mədəniyyəti, türkləşmək, müasirləşmək, islam dəyərləri, fəlsəfi görüşləri səviyyəsində özünü, milli mövcudluğunu isbat etmək sınağı dayanmışdı. C.Əfqani, İ.Qaspirallı, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topşubaşov kimi mütəfəkkirlərin ideya mexanizmi təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının şüurunda inqilab etməkdə idi. Azərbaycan cümhuriyyəti süquta uğrayandan sonra bu ideya məşəl kimi əldən-ələ gəzdi, şüurlarda kök atdı… 1920-ci ildə hakimiyyəti “sosialist inqilabı” adı ilə ələ alan Rusiya öz işğalçı siyasətini ilk növbədə elmi-mədəni, ictimai-siyasi düşüncə, təfəkkür tərzinə diktə edirdi. 1930-cu illərdə bu tendensiya daha israrla davam etdirilirdi. Azərbaycan insanının və ümumilikdə sovet adamının şüuruna zorla yeridilən “formaca milli, mahiyyətcə sosialist mədəniyyəti” anlayışı iflasa uğramaqda idi. Bu məğlubiyyət təkcə ədəbi-mədəni süquta yox, həm də siyasi tənəzzülə aparıb çıxarırdı. Ona görə də Stalin öz qəti qərarı ilə ilk növbədə elmi-ədəbi, mədəni sahələrdə repressiya əməliyyatına start verdi. Ədəbiyyatın bütün sahələrində “təmizlənmə” işi aparıldı.

Repressiya illərində ədəbi tənqid öz sözünü deyə bilirdimi?-sualı da yazı boyu məni düşündürürdü. Ədəbi tənqidin mövqeyi seçilirdimi və ümumiyyətlə, ədəbi tənqid sahəsində kimlər vardı?

Daha çox Əli Nazimin adı hallanır. Və maraqlıdır ki, həm “satan”, həm də “satılan” kimi.

Əli Nazim S.Vurğun və S.Rüstəmlə eyni zamanda – 1906-cı ildə anadan olmuşdu. Amma Təbriz şəhərində. Fars və rus dilini mükəmməl bilirdi. Bir müddət Batumda yaşamışdı. Onun da fəaliyyətində sovet sistemində işləyərək “türkçü” olmaq missiyası danılmamalıdır. Ədəbi yaradıcılığa 15 yaşında şeir və məqalələr yazmaqla başlayıb. Maraqlıdır ki, bütün SSRİ miqyasındakı türkçülük hərəkatının gizli şəkildə inkişaf etdirildiyi bir zamanda, 1925-ci ildə Ə.Nazim Leninqrada gedir və orada şərqşünaslıq fakültəsinə daxil olur. Bir fakt artıq haqqında bəhs etdiyimiz bir çox repressiya qurbanının bioqrafiyasında rastlaşdığımız “Türkiyəyə ezam olunma” ştrixi ilə üst-üstə düşür. Ə.Nazim də şərqşünaslıq fakültəsində oxuyarkən, 1927-ci ildə Türkiyəyə elmi ezamiyyətə göndərilir. Və orada F.Köprülüzadə ilə görüşür, ondan öz gələcək fəaliyyəti ilə bağlı proqram xarakterli məsləhətlər alır. Həmin illərdə sovetlərdə fəaliyyət göstərən türkçü ziyalıların Türkiyədə çap olunan “Türk yurdu” dərgisi ilə sıx əməkdaşlığı olub. Və bu əməkdaşlıq 1937-ci il sorğulamalarında “cinayət faktı” statusu aldı. “Moskva Kommunist Akademiyasında aspirant”, “SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi”, “Ədəbiyyat ensiklopediyasının redaktoru”, “Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və ədəbi mətbuat orqanı redaksiya heyətlərinin üzvü” kimi sovet elmi strukturlarında yer tutan Ə.Nazimin “türkçülük”, “millətçilik” fəaliyyəti haqqında qovluq 1937-ci ildə tam hazır oldu və elə həmin ilin mart ayında həbs olundu. Oktyabr ayında isə çox qısa bir məhkəmə prosesinin qərarı ilə 10 il azadlıqdan məhrum edildi. Amma 1941-ci ildə, H.Cavid ölən ildə o da həbsxanada vəfat etdi. Həyat yoldaşı Ste­fa­ni­da Se­me­nov­na Mah­mud­­z­adə də elə 1937-ci ildə “Vətən xaininin ailə üzvü” kimi 5 il azadlıqdan məhrumluq cəzası aldı.

Ə.Nazimin bəraət məktubunu 1956-cı ildə Əli Nazimin oğlu Ramin Mahmudzadənin SSRİ DTK-nə yazılan ərizəsinə əsasən 21 may 1956-cı il tarixdə Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə imzaladı.

Yazıçılar İttifaqının sonralar işdən çıxarılan və “əksinqilabçı” kimi ittiham edilib sürgün olunan sədri S.Şamilovun o ağır illərdə Ə.Nazimə qarşı qəzəbinin bir səbəbi də “layiq olmadığı halda cibində M.Qorkinin imzası olan kitab gəzdirməsi faktı” olmuşdu. S.Şamilov iclasların birində deyir: “Yoldaşlar, ədəbiyyatımızda bir çoх konturrevolyusenerlər haqqında, tənqidimizin liberallığı haqqında da qeyd etmək istəyirəm. Siz Əli Nazimin liberallığın bilirsiniz. Siz bilirsiniz ki, Əli Nazim ədəbiyyatımızda qabaqca atını sürmüşdür. Çoхları avantüristliklə məşğul olmaqla bərabər, yazıçılıqla da məşğul olmuşdur. Lakin aхır zamanlarda Əli Nazim ifşa edilmişdir. Bu bir çoх işlərdə olmuşdur. Hətta mollalıq da etmişdir (yerlərdən on bir arvadı vardır). On bir qadını vardır, ona çoх söz deyə bilərlər. Əlbəttə bu sizi sevindirdi ki, biz o adamı ortamızdan götürdük”. (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)

Ə.Nazim zamanının nüfuzlu ədəbiyyatşünası, tənqidçisi idi. Əlyazmaları, əsərlərinin böyük bir qismi məhv edilmişdi. B.Çobanzadə H.Cavid haqqındakı ifadəsində Ə.Nazimin müsbət rəylərini örnək göstərirdi. Ə.Nazim H.Cavidi “zamanın tək böyük şairi” kimi dəyərləndirirdi. Baxmayaraq ki, zaman gələcək və Ə.Nazim H.Cavidin “Sədəfli saz” və “Şəhla” əsəri səhnə üçün yararsız və zərərli elan olunanda başqa söz deyəcək: “Mən, şəxsən “Şəhla” pyesini oxumamışam, amma Hacı Baba Nəzərli, Əli Kərimov, Əli Ələkbərli və başqalarının sözlərindən məlum olur ki, onun yararsız elan edilməsi Sovet ruhuna uyğun gəlməməsi, sənətkarlıqdan uzaq olması ilə əlaqəlidir”.

Ə.Nazim B.Çobanzadənin əleyhinə ifadə verməyə məcbur ediləndə S.Vurğunu və S.Rüstəmi də da “əksinqilabçı və müsavatçı” kimi təsdiqləyir. Amma sonralar mətbuatda nədənsə, sağ qalan S.Vurğun və S.Rüstəm “satan”, Ə.Nazim isə ancaq “ələ verilən” “satılan” kimi qeyri-obyektivcəsinə təqdim edildi və insanların o zamankı repressiya prosesinə qarşı münasibəti yanlışlıqlarla səciyyələndi. B.Çobanzadə Ə.Nazimlə 1932-ci ildən birgə əksinqilabi təşkilatlarda fəaliyyət göstərdiyini yazmışdı. V.Xulufluya da eyni məzmunlu ifadələr verdirilmişdi. O, Ə.Nazimi 1927-28-ci illərdən etibarən, Leninqradda oxuduğu zamandan “millətçi” kimi tanıdığını yazırdı. Həm də bildirirdi ki, Türkiyə mətbuatında anti-sovet ruhlu məqalələr yayımlayıb. “Ə.Nazim mənimlə söhbətdə ÜĠK(b)Partiyasının rəhbərliyinə, onun milli məsələlər üzrə mövqeyinə qarşı etirazını bildirib, sistemli şəkildə ona böhtan atırdı. Azərbaycanda elmi mütəхəssislərə qiymət verilmədiyini, eyni zamanda respublikanın özünün milli mütəхəssisi olmadığını tənqid edirdi. 1934-cü ildə Ə.Nazim mənim evimdə ZSSFR hökumətinin siyasətini tənqid edərək qeyd edirdi ki, guya Gürcüstana büdcədən çoх vəsait ayrılır, nəinki Azərbaycan SSR üçün”. (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)

Əvvəlki məqalələrimin birində də qeyd etmişdim ki, 1925-1926-cı illərdə SSRİ miqyaslı türkçülük, millətçilik ideyasının və fəaliyyətinin xüsusi vüsət almasının obyektiv səbəbləri vardı. 1925-ci ildə Səmərqəndə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Dağıstan, Azərbaycan və başqa məmləkətləri bir vahid türk dövləti daxilində birləşdirmək ideyası sırf anti-sovet ideya üzərində qurulmuşdu. Ona görə də həmin gizli təşkilatın fəaliyyət dairəsi Bakını bu təbliğat strategiyasının mərkəzinə çevirdi. Tatar türkoloqu Əziz Qubaydullinin və başqa türkçü alimlərin, ziyalıların Bakıya köçməsi də bu səbəbdən idi. Diqqət edəndə görürük ki, bizim repressiya qurbanlarının mühakimə qovluğunda qeyd edilən “cinayətkarlıq tarixi” də daha çox məhz həmin illərlə əlaqəli şəkildə göstərilir. H.Zeynallı da Ə.Nazim haqqında verdiyi ifadəsində 1925-1926-cı illər zamanından bəhs edir.

Ə.Nazim özü də “Türk yurdu” jurnalında çap olunan məqaləsində anti-sovet mövqeyindən peşmanlıq duyduğunu “etiraf” edir və göstərirdi ki, 1927-ci ilə qədər “pantürkçü” olub, Türkiyədə yayımlanan yazılarında, təbliğatlarında sovet hökumətinə şər, böhtan atıb, bu əməlindən artıq peşmandır.

Məqalənin əvvəlində də qeyd etdiyim kimi, Ə.Nazim də tutulan başqa yazarlar haqqında ifadələr verir, onları “satırdı”. Məsələn, onun 1937-ci ildə verdiyi şahidlik ifadələri arasında həm də H.Nəzərli haqqında ittihamları var idi. O, H. Nəzərlini “əksinqilabçı”, “millətçi”, “partiya daxilində ikiüzlü” olan, “osmançılığı yayan”. “türk xəlifə mədəniyyətinin tərəfdarı olan” biri kimi səciyyələndirirdi: “1933-34-cü illərdə H.Nəzərli mənə şəхsən dəfələrlə deyirdi ki, Azərbaycanın partiya rəhbərləri ilə mübarizə aparmaq lazımdır”.

Aydındır ki, 1930-cu illərin ədəbi prosesində bizim başa düşdüyümüz anlamda ədəbi tənqidçi mövqeyi ola bilməzdi. Ə.Nazimi sovet ideologiyası deyil, ümumtürk, ümummilli əqidə tendensiyası formalaşdırmışdı. Ona görə də onu H.Cavid və o masştablı yazıçıların yaradıcılığı maraqlandırırdı. O öz fəaliyyəti boyunca həqiqi sovet tənqidçisi ola bilmədi.

Amma həmin illərin başqa bir ədəbi siması vardı ki, Ə.Nazimdən sonra onu ədəbi tənqid sahəsinə “ezam” etmişdilər. Bu Mehdi Hüseyn idi.

“Mehdi Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi irsə olan yanlış münasibət ədibin də yaradıcılığına təsir etmişdir. O, APYC (Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti) fəal rəhbərlərindən biri idi. Bu, onun da yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu. Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır. Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn kimi qələm sahibləri isə bu yanlışlığı sonadək apara bilməzdilər. Sonralar ədib öz yazılarında bu məsələyə toxunmuşdur: “Biz sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq”. (F.Xəlilzadə)

M.Hüseyn 1920-1930-cu illərdə Ə.Nazim ədəbi tənqidinin davamçısı kimi deyil, sırf sovet ideologiyası təbliğatının yazarı oldu. 1927-ci ildə o “Qoyun qırxını” hekayəsini yazmaqla bədii yaradıcılığa başladı, 1930-cu illərdə isə qadın azadlığı, sosializm quruculuğu, inqilabın kənd və qəsəbələrdə, şəhərlərdə təntənəsi və s. bu kimi mövzularda çıxış etdi. O bədii ədəbiyyatda sanki nümunə göstərir və digər sovet yazarlarından da bu mövqeni ədəbi tənqidçi kimi tələb edirdi. 1930-cu ildə çap olunan “Ədəbi döyüşlər” adlı tənqidi məqalələr toplusunun adı artıq çox söz deyir.

V.Yusifli M.Hüseynin tənqidçi kimi fəaliyyətini yüksək qiymətləndirərək yazırdı ki, “A­zər­bay­can ədə­bi tən­qi­di­nin 1930-1965-cı il­lər mən­zə­rə­si­ni Meh­di Hü­seyn­siz tə­səv­vür et­mək müm­kün de­yil. M.Hü­seyn ədə­bi tən­qi­din ən cə­sa­rət­li, sö­zü vax­tın­da, həm də kəs­kin­li­yi­lə söy­lə­yən bir nü­ma­yən­də­si idi və tən­qid­çi həm­kar­la­rın­dan da­ha çox bu cə­hə­tiy­lə se­çi­lir­di ki, çox za­man tən­qi­din bə­dii əsər­lər, ədə­biy­ya­tın ya­ra­dı­cı­lıq prob­lem­lə­ri ilə bağ­lı ilk sö­zü­nü o, de­yir­di. Otu­zun­cu il­lər­də ya­ra­dı­cı­lıq me­to­du ilə bağ­lı mə­sə­lə­lər, ədə­biy­ya­tın ye­ni nəs­li, kom­mu­nist ya­zı­çı­la­rın ya­ra­dı­cı­lı­ğı, qır­xın­cı il­lər­də Azər­bay­can ədə­biy­ya­tı­nın mü­ha­ri­bə döv­rü və­zi­fə­lə­ri, əl­lin­ci il­lər­də ro­man jan­rı­nın in­ki­şa­fı, şei­ri­mi­zin, nəs­ri­mi­zin və dra­ma­tur­gi­ya­mı­zın o dövr­kü mən­zə­rə­si, alt­mı­şın­cı il­lər­də ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fın­da ye­ni bir mər­hə­lə­nin xü­su­siy­yət­lə­ri ilk də­fə tən­qid­çi Meh­di Hü­sey­nin mə­qa­lə­lə­rin­də öz ək­si­ni tap­mış­dı. Əgər söh­bət ay­rı-ay­rı sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğın­dan dü­şər­sə, de­yə bi­lə­rik ki, Meh­di Hü­sey­nin xü­su­si diq­qət­lə ya­naş­dı­ğı, ya­ra­dı­cı­lı­ğı­nı qay­ğı və həm də tə­ləb­kar­lıq­la iz­lə­di­yi ya­zı­çı­lar ol­muş­dur. O, M.S.Or­du­ba­di­nin, Sə­məd Vur­ğu­nun, Sü­ley­man Rüs­tə­min, Əbül­hə­sə­nin, Sa­bit Rəh­ma­nın, Mir Cə­la­lın, Məm­məd Ra­hi­min, Sü­ley­man Rə­hi­mo­vun, Əli Və­li­ye­vin, Əh­məd Cə­mi­lin ya­ra­dı­cı­lı­ğı­na dö­nə-dö­nə mü­ra­ciət et­miş­dir”.

Sovet ideologiyası bizim ədəbiyyatı böyüməyə, dünya ədəbi-estetik düşüncə arenasına çıxmağa qoymadı. Bizim ədiblərin çoxu çox-çox sonralar anladı ki, bir ömürlük ədəbi fəaliyyət, mübarizə və mücadilə yanlış yola doğru addımlamaq imiş. Bu ədəbi simalardan biri M.Hüseyn idi.

İ.Əfəndiyev “Yeri görünən adam” adlı memuarında M.Hüseynlə repressiya illəri haqqındakı söhbətini belə ifadə etmişdi: “Bir dəfə 50-ci illərin ortaları idi, ona dedim ki, mən orta məktəbdə oxuyanda, qəzetlərdə tez-tez sənin Cəfər Cabbarlı haqqında kəskin məqalələrin çıxardı, özün dilçi olmadığın halda böyük dilçi, professor B.Çobanzadəni, haqsız olaraq ittiham eləyirdin. Nə üçün heylə eləyirdin axı? O, boğulurmuş kimi dərindən köks ötürüb: – Bunlar hamısı, – dedi, – lənətə gəlmiş vulqar sosiologizmin təsiri idi. Özü də mən tək deyildim. Biz cavan idik. İndi fikirləşirəm ki, vulqar sosiologizm bizi estetikadan uzaq salmışdı. Biz tribunada döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta, Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir-bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimini də nə adlandırırdıq. Biz, Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlar atmaqdan çəkinmirdik. Biz o tribunalardan, hətta, klassiklərimizə də atəş açırdıq. Amma mən indi “böhtan” deyirəm, o zamanlar isə, dediklərimə inanırdım. Onun bu cür əsəbiliyi, ürək yanğısı mənə də təsir eləyirdi. Mən hələ yazmağa başlamazdan əvvəl, 1936-37-ci illərdə günahsız adamların başlarına gətirilən çox faciələrin şahidi olmuşdum. Xüsusən böyük artistlərin faciəsi mənə çox təsir etmişdi. Mən də əsəbiliklə dedim: – Abbas Mirzə Şərifzadə də, Ülvi də o illərin qurbanı oldu. – Abbas Mirzə kimi qurbanlar bir deyildi, yüz deyildi. Ayrı söhbət danış, – deyə o, papiros yandırıb küçəyə baxan pəncərənin qabağına keçdi”.

Bütün bu dəyərləndirmələrdə həqiqət çalarları olsa da, M.Hüseyn sadəcə sovet tənqidçisi oldu. Onun istər S.Vurğuna, istərsə də digər ədiblərə qarşı kəskin və cəsarətli çıxışı belə sovet ədəbiyyatı, sovet ideologiyası təbliğatının ədəbi tənqid tribunası ampluasını tərk edə bilmədi, sona qədər. Artıq, Stalinin ölümündən sonra, 1960-cı illərdə “Yeraltı çaylar dənizə axır” müəllifi olmaq ədəbi qəhrəmanlıq sayıla bilməzdi.

M.Hüseyn tarixi mövzuda dram əsərləri (“Ni­za­mi”, “Ca­van­şir” və “Şeyx Şa­mil”) yazanda da, müharibə ədəbiyyatı (“Fəryad” pyesi), zavod, fabrik sənayesinin inkişafına dəstək ola biləcək romanlar yazanda da ancaq və ancaq sovet yazarı oldu.

Ümumiyyətlə, repressiya illərindən sonra ədəbiyyatımızda ən çox qlafda qalan, öz müstəqil ideya və məramnaməsi ilə mövqe nümayiş etdirə bilməyən sahə kimi ədəbi tənqid sahəsi diqqəti çəkdi, düz 1960-cı illərə qədər. O illərə qədər ədəbi tənqid sahəsindəki boşluğu elə çox zaman yazıçı və şairlərin, dramaturqların özü doldurur, bir-birlərinin yeni çap olunan əsərlərinə münasibət bildirirdilər. M.Arif, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, P.Xəlilov və başqa ədəbiyyatşünasların tənqidçi kimi fəaliyyəti də həmin məlum tendensiyalı yanaşma həddini keçə bilmədi. Bu müəlliflər hamısı ədəbi tənqidimizin mövqeyini sosializm realizmi platformasında stabilləşdirdi. On illərlə ədəbi tənqidin didaktika, öyüd-nəsihət və sosializm realizmi tendensiyalı olması tənəzzülünün əsil səbəbi yenə də repressiya illərinin sözə, ədəbiyyata qaldırdığı qanlı qılınc faktı oldu. Ədəbi tənqid kimi yaradıcılıq forması azad düşüncə, sərbəst özünüifadə və cəsarətlilik tələb edir. Repressiya qılıncının hədəfi isə məhz bu keyfiyyətləri aradan götürməkdən ibarət idi.

Ardı var

21.01.2018.

  • Ayşad Məmmədov: “O rola görə həyat yoldaşım məni. ” – Müsahibə
  • İsrailli aktyor vəfat etdi
  • Şeytan insanları təkləyən, Tanrı birləşdirəndir – Fəxri Uğurlu yazır.

Comments are closed, but trackbacks and pingbacks are open.