Xəzər dənizinin təbii sərvətləri
Kurort-rekreasiya ehtiyatları
Meteoroloji Məlumatlar
Xəzər dənizi səviyyəsinin dəyişməsi onun morfometrik elementlərinin dəyişməsinə səbəb olur. Xəzər dənizində səviyyənin dəyişməsini yaradan əsas amillər bunlardır: Dənizin su balansı elementlərinin dəyişməsi; atmosfer təzyiqinin dəyişməsi; qabarma əmələgətirən qüvvələrin təsiri; tektonik proseslər. Xəzər dənizi səviyyəsinin dəyişməsinin iki növünü fərqləndirmək lazımdır: Həcmi dəyişmə; deformasion dəyişmə.
Səviyyənin həcmi tərəddüdlərinin əsas səbəbi atmosferin ümumi sirkulyasiyasının vəziyyətinin dəyişməsidir ki, bu da sutoplayıcı hövzədə rütubətliyin dəyişməsinə gətirib çıxarır. Nəticədə dənizin su balansının gəlir və çıxar hissələri arasında fərq yaranır. Səviyyənin həcmi dəyişməsinə əsrlik, çoxillik, illərarası, və ildaxili (fəsli) tərəddüdlər aiddir.
Səviyyənin deformasion tərəddüdlərinin əsas səbəbi dəniz çökəyində tektonik hərəkətlər (uzun müddətli), həmçinin meteoroloji şəraitin qısa müddətli (sinoptik) dəyişməsidir. Deformasion tərəddüdlər dənizin ayrı-ayrı rayonlarında suyun həcmi dəyişmədən su kütlələrinin paylanması nəticəsində yaranır və qeyri-periodik xarakterə malik olub qısa müddətdə (bir neçə saatdan bir neçə günə qədər) baş verir. Detormasion tərəddüdlər müşahidə olunan rayonun morfoloji şəraitindən və külək rejimindən asılı olaraq lokal xarakter daşıyır. Səviyyənin deformasion dəyişməsinə qovulma-gətirilmə, seyşlər və qabarma tərəddüdləri aiddir.
Xəzər dənizinin əsrlik və çoxillik tərəddüdləri
Xəzər dənizinin inkişaf tarixində 4 əsas dövr ayrılmışdır: Bakı (» 700-500 min il əvvəl); Xəzər (» 350-70 min il əvvəl); Xvalın (» 35-10 min il əvvəl); Yeni Kaspi (» 8-0 min il əvvəl). Pliosen dövründə Xəzər dənizi səviyyəsinin amplitudası » 200 m (-140 – +50 м abs.) olmuşdur. Ən aşağı səviyyə Yeni Kaspi, Xvalın, Xəzər və Bakı dövrünün əvvəlinə təsadüf edir.
Xəzər ətrafında aparılan arxeoloji tədqiqatlar, xəzər çöküntülərinin yaşlarının radiokarbon metodu ilə təyin olunması, tarixi mənbələrin və instrumental müşahidə məlumatları əsasında dənizin səviyyəsi son 3-4 min il üçün rekonstruksiya edilmiş və maraqlı nəticəıər alınmışdır
Aparılmış səviyyə təhlili göstərir ki, Xəzər dənizinin səviyyə gedişində 450-500 illik sikllər (200-250 illik ritm) mövcuddur. Araşdırmalar göstərir ki, tarixi dövrdə çoxəsrlik orta səviyyə – 27 m-ə bərabərdir. Ən çox təkrar olunan səviyyə durumu (»70 % – ə yaxın) -24 və – 30 m intervalında dəyişir. Tarixi dövr üçün səviyyənin dəyişmə amplitudası 15 m təşkil edir.
İlk dəfə Xəzər dənizində epizodik instrumental müşahidələr Bakı şəhərində 1830-cu ildə akademik E.X. Lents tərəfindən başlanmışdır. Müşahidələr 1837-ci ildən sistematik aparılır.
Xəzər dənizində əsrlik və fəaliyyətdə olan səviyyə məntəqələrinin instrumental müşahidə məlumatlarının təhlili göstərdi ki, 1837-1950-ci illərdə orta çoxillik səviyyə – 25.8 m-ə bərabər olmuş, 1930-1940-cı illərdə dənizin səviyyəsi 1929-cu il ilə müqayisədə 1.9 m düşmüşdü, 1941-1958-ci illərdə dənizin səviyyənin enməsi yavaşıdı və 1960-cı illərdə – 28.2 m ətrafında stabilləşdi. Bütün müşahidə dövrləri ərzində səviyyənin maksimal orta illik qiymətləri (-25.4 m) 1838-1839, 1868-1869, 1877-1883-cü illərdə, ən maksimal (- 25.2 m) 1882-ci ildə, səviyyənin minimal qiyməti isə 1977-ci ildə (-29.0 m) müşahidə edilmişdir. Müşahidə dövrü ərzində səviyyənin ən böyük düşməsi 3.8 m olmuşdur. Dənizin səviyyəsi 1978-ci ildən kəskin qalxmağa başlamış və 1995-ci ildə onun illik orta qiyməti – 26.2 m-ə çatmışdır. Bu müddət ərzində səviyyənin qalxma intensivliyi 14.5 sm/il, müxtəlif illərdə (1979, 1991) isə 25-35 sm/il olmuşdur. 1996-2009-cu illərdə dənizin orta səviyyəsi – 26.91 m olmuşdur.
Xəzər dənizi səviyyəsinin ildaxili dəyişməsi
Daxili dənizlərdə olduğu kimi, Xəzər dənizində ildaxili (fəsli) səviyyə dəyişmələri su balansının gəlir və çıxar hissələrinin nisbəti ilə müəyyən olunur ki, bu rayonun fiziki-coğrafi şəraitindən asılı olaraq dənizin səviyyəsini müxtəlif dərəcədə dəyişdirir.
. Bu amillər dənizin bu və ya digər rayonunda səviyyənin fəsili gedişində özünü göstərir. Xəzər dənizinin Azərbaycan akvatoriyasının müxtəlif rayonlarını xarakterizə edən Bakı, Neft Daşları, Qoltuq məntəqələrində səviyyənin müşahidə məlumatlarının ildaxili dəyişməsindən görünür ki, səviyyə 1900-1929-cu illərdə yüksəlmiş, 1930-1941-ci illərdə kəskin düşmüş, 1942-1969-cu illərdə az dəyişmiş, 1978-1995-ci illərdə isə kəskin qalxmışdı.
İl ərzində səviyyənin ən aşağı vəziyyəti dekabr və fevral aylarında müşahidə olunur. Mart-iyul aylarında səviyyə qalxmağa başlayır, ancaq ən intensiv qalxma may-iyun aylarında müşahidə olunur. Səviyyənin ən yüksək durumu iyun-iyul aylarında qeydə alınır ki, bu çaylarda yaz gursululuğu ilə əlaqədardır. İyul-avqustda çay axımının azalması və dəniz səthindən buxarlanmanın artması dəniz səviyyəsinin tədricən qış minimumuna qədər (dekabr) azalmasına səbəb olur. (orta çoxillik qiymətə nisbətən 12 sm). Dekabr-yanvar aylarında bəzən səviyyənin azca qalxması (2-4 sm) müşahidə olunur və bu kiçik fevral qalxması (1-3 sm) ilə əvəz olunur. Sonra səviyyə yenidən qalxmağa başlayır və bu müddətdə qalxmanın çoxillik orta qiyməti 20 sm olur. Çoxsulu illərdə səviyyənin orta qiyməti 22 sm, azsulu illərdə isə 13 sm olur.
Dənizin su balansı elementlərinə aid olan çay axımları və atmosfer yağıntılarının hesabına dənizin səviyyəsinin artması il ərzində orta hesabla uyğun olaraq 80 və 20 sm təşkil edir. Yağıntıların miqdarının normadan kənaraçıxması səviyyənin orta hesabla ± 3-7 sm illik dəyişməsinə səbəb olur ki, bu ildaxili səviyyə amplitudasının 10-15 % – ni təşkil edir. Xəzər dənizinin su balansının hesablanmasında yeraltı axımın miqdarı orta hesabla 4 km 3 – ə bərabər götürülür. Su balansının çıxar hissəsinin əsas elementi olan buxarlanma səviyyənin fəsili gedişinə əhəmiyyətli dərəcədə təsir edir. Dənizin illik səviyyəsi buxarlanmaya görə orta hesabla 97 sm azalır. Müxtəlif illərdə buxarlanmanın orta illik qiymətindən kənaraçıxması ± 10-20 sm-ə çatır. Bu səviyyənin ildaxili tərəddüdünün 30-50 % -nə uyğundur. Dəniz səviyyəsinin fəsili gedişində Qara-boğaz-qol körfəzinə axın da nəzərə alınır. Dənizdə səviyyənin bu səbəbdən azalması il ərzində 4 sm təşkil e dir.
Beləliklə, səviyyənin fəsili gedişini təyin edən əsas amillər – çay axımı, buxarlanma və onların ildaxili paylanmasıdır.
Xəzər dənizinin təbii sərvətləri
Xəzər dənizinin Təbii sərvətləri
Kurort-rekreasiya ehtiyatları
Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti “Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması” haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı “Xəzər” turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Resrublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır. Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.
Karbohidrogen ehtiyatları
Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-ci ildə qazılmışdır. Ancaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. Artıq XIX əsrin ortalarından Xəzər öz varlığının neft erasına daxil olmuşdur. 1913-cü ildə Azərbaycanda Çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvələrində neft emalına görə Azərbaycan dünyada birinci yeri tutur. SSRİ dövründə Azərbayçanda ən çox neft 1941-ci ildə hasil olunmuşdur – 23 mln ton. Xəzərdə ildə 10 mln. ton neft istehsal olunurdu. Dünyanın nüfuzlu proqnoz institutlarının məlumatına görə Xəzər regionundakı neft və qaz kondensatın ehtimal ehtiyatları 18-20 mlrd. tona yaxındır. Sübut olunmuş neft ehtiyatları isə 10 mlrd. tondur və bunun 3 mlrd. tonu Xəzərin Azərbaycan sektoruna düşür.
Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və məxtəlif duzlarla zəngindir.
Bioloji ehtiyatlar
Xəzər dənizinin fauna və florası növcə çox zəngin olmasa da, inkişaf tarixinə və özünəməxsusluğuna görə başqa dəniz və göllərdən seçilir. Bununla yanaşı Xəzərin müasir faunası tipik dəniz faunasından ciddi fərqlənir. Burada əsil dəniz faunası azsaylı olmaqla, cəmi bir neçə növdən ibarətdir.
Xəzərdə 920-ə yaxın heyvan növündən ibtidai canlıların 62 növü, onurğasızların 543 sərbəst yaşayan növü, onurğalıların 79, tüfeylilərin 179 növü mövcuddur. Xəzərin faunasının tərkibində endemik və relikt növlər də çoxdur. Dənizin uzun müddət başqa dəniz və okeanlarla əlaqəsinin kəsilməsi relikt növlərin çoxluğunun əsas səbəbidir. Qədim tipik dəniz faunasının bir çox növləri Xəzər dənizi sularının şorluğunun azalması və vaxtaşırı dəyişməsi şəraitinə uyğunlaşmış (xərcəngkimilərin 44 növü, balıqların 18 növü və s.), hətta şirin sulara da keçmişdir (molyuskaların 7 növü, bağırsaqboşluqların 2 növü və s.).
Müəyyən edilmişdir ki, Xəzər dənizində bakteriyaların ümumi biokütləsi 1,600 min tona çatır. Xəzərdə fitoplanktonların 400 növü mövcuddur. Onların 163 növünü diatom yosunlar təşkil edir. Fitoplanktonun yayılmasına dəniz suyunun şorluğu mənfi təsir göstərir. Buna görə də Şimali Xəzər fitoplanktonla daha zəngindir. Orta və cənubi Xəzərdə fitoplankton növcə kasıblaşır və burada onun kütləsi çox azalır.
Qoruqlar və yasaqlıqlar
Xəzərin florası 728 növ və qruplardan ibarətdir. Çayların aşağı axarı və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuvaqurma yerləridir. Ramsar konvensiyasına əsasən onların mühafizəsi üçün Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada – Həştərxan, Türkmənistanda – Xəzər (1994-cü ilə qədər Krasnovodsk).
Qızılağac qoruğu Azərbaycanın ucqar cənub-şərqində, Xəzər dənizinin eyni adlı körfəzində yerləşmişdir, sahəsi 180 ha yaxındır, 1926-cı ildə yaradılmışdır. Böyük və Kiçik Qızılağac hissələrinə bölünür. Xəzərdə məskunlaşmış 101 balıq növündən 54-nə burada rast gəlinir. Dənizdə su səviyyəsinin dəyişməsi körfəz-qoruğun hidroloji, hidrokimyəvi və bioloji rejiminə kəskin təsir göstərir. Qoruğun xarakterik nümayəndələri aşağıdakılardır: turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar və s. Abşeron qoruğu 2005-ci ildə yaradılmışdır.
Xəzər dənizində zooplanktonun 315-ə qədər növü və yarımnövü müəyyən edilmişdir. Zooplanktonun kütləsi şimali Xəzərdə daha çoxdur. Burada şirinsu, dəniz və zəif şor suların zooplanktonu yayılmışdır.
Xəzər dənizində bentosun 826 növü yayılmışdır ki, bunun 566 növünü mikrobentos, 360-nı isə makrobentos təşkil edir. Xəzər dənizinin ixtiofaunası balıqların 75 növündən və 17 yarımnövündən ibarətdir. Bunlardan bölgə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm olduqca qiymətli balıq növləri olmaqla, böyük təsərrüfat əhəmiyyətinə malikdir. Göstərilən balıqlardan əlavə, Xəzərdə 27 növ əhəmiyyəti olmayan balıq mövcuddur.
Comments are closed, but trackbacks and pingbacks are open.