Press "Enter" to skip to content

Yad qadının məktubu

Amma bu təsirli başlıq mənim məktubumdan deyil . Bu məktubu uzun-uzun illərin o tayında, ötən əsrin 20-ci illərində qələmə alıblar. Bir azdan işıqlar sönəcək və həmin cümlələr səhnənin hansısa küncündən boylanan xanımın dodaqlarından qopacaq. Həmin andan alman romançısı Stefan Sveyqin novellasına adlayıb kədərli, eyni zamanda kənardan möcüzə kimi görünən sevgi hekayəsini canlı-canlı izləyəcəyik.

“Yad qadının məktubu” əsərini niyə bəyənmədim?

Çoxdan oxumalı olduğum əsəri bu günlərdə başa vurdum. Stefan Svayqın “Yad qadının məktubu” əsərindən söz açacam. Daha doğrusu əsəri öz çapımda tənqid edəcəm. Əsərə keçməmişdən əvvəl sizə Sveyq haqda qısa da olsa məlumat verim. Sveyq Vyanada doğulub, əsli yəhudidir. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir.

Həmin məktuba bir nəzər yetirək:

“Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm.

Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.

Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.

Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm”.

Qayıdaq, “Yad qadının məktublar”ına. Əsərdə məşhur yazıçı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadının bir ömür boyu sevdiyi adam üçün qələmə aldığı bu məktubu “göndərənin” adı yoxdur. Məktubun başında bir ünvan var: “Sənə, məni heç tanımayan sənə.”

Yazıçı bir ömrü, qadın hisslərini, iztirablarını, ağrılarını əsərə köçürə bilib.
Məktubda qadın yazır: ” Ey məni tanımayan və daima sevdiyim insan, sən”

Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən yazır. Sonra bu günə kimi başına gələn bütün əhvalatı…

Əsərdə belə bir yer var: “Bütün insanlar məni xatırlayır, əzizləyirdilər, hamı mənə qarşı mehriban idi; sən, yalnız sən məni unutmuşdun, yalnız sən, təkcə məni xatırlamırdın!”

Əsər haqda fikirlərimə gəldikdə isə. aşırı sentimental, kədər dozası yüksək hekayədir. Təsəvvür edin ki, depressiyada olan bir insan bu əsəri oxusa bəlkə də intihar edər. Oxucuya amansız kədər bəxş edən əsərin əlbəttə yükü də ağırdı. Hər oxucu da bunun altına girə bilmir. Bir də onu deyim ki, novella süjet etibarı ilə mənə şablon gəldi. Qadın uşağını saxlamaq, ona daha yaxşı həyat vermək üçün özünü satır, fahişəlik edir və bir gün sevdiyi kişiylə rastlaşır, onunla sevişir. Bundan əlavə qadının ən incə detallara belə fikir verməsi, sevdiyi adamın yerə atdığı siqaret kötüklərini belə yığması mənə çatmadı. Məktubunda deyir ki, sənin çəkdiyin siqaretlər mənim üçün müqəddəsdir. Çünki onlara sənin dodaqların toxunub. Bəlkə də mən anlamıram. Qadınlar bu qədər dərin duyğular, hisslər içində yaşayır. Əsər mənə “Yeşilçam” filmlərini də xatırlatdı. Elə bəlkə də “Yad qadının məktubu” əsərindən təsirlənən çoxlu türk filmləri var.

Mənə görə, bu əsəri bir qadın daha dərin hiss edə bilər. Sanki Sveyq əsəri yazarkən qadın olub. Bu cür dərin duyğuları yazıda ifadə etmək çətindi. Ancaq bunu da bir yəhudi bacara bilərdi.

Əsərdəki qadın obrazı bəllidi ki, yazıçını platonik sevgiylə sevir. Qadının ümidsizliyə qapıldığını bu sözlərlə dilə gətirir:

“Tanrıya inanmıram, dua edilməsini də istəmirəm, mən yalnız sənə inanıram, yalnız səni sevirəm və yalnız səndə bir az daha yaşamağa davam etmək istəyirəm.”

Sveyq burda obrazını o qədər bütləşdirib ki, az qala yazıçını Tanrıya çevirib. Qadının həyatı da məhz sevdiyi adamla bağlıdır. O yaşayırsa mən də yaşayıram, o sevinirsə, mən də sevinirəm və ilaxır. Əsər həm də mənə “Leyli və Məcnun”u xatırlatdı. Məcnunun düşdüyü əzablı yollar, sevgisi uğrunda yaşadığı iztirablar “Yad qadının məktubu”ndakı qadın obrazıyla sanki səsləşir. Bilmirəm, siz necə düşünürsünüz. Amma onu deyə bilərəm ki, əsər ifrat dərəcədə kədərli, sentimental, duyğu doludur. Sanki Sveyq əsəri ağlıyla yox, bütün hissləriylə qələmə alıb.

Yad qadının məktubu

Kulis.az Günel Mehrinin “Yad qadının məktubu” adlı essesini təqdim edir.

İndiki nəsil bilməz. Bizim vaxtımızda məktub yazmaq dəb idi. Kimi əsgərə məktub ünvanlayırdı, kimi sevgilisinə, kimi də şaxtababaya. O günlərin nostaljisinə dalıb əlimdə qələm ağ vərəqə dalmaq istəyirəm, məktub yazmaq istəyirəm.

“Ey məni tanımayan sevgilim! Mən sənin üçün həmişə yad qadın olaraq qalacam. ”

Amma bu təsirli başlıq mənim məktubumdan deyil . Bu məktubu uzun-uzun illərin o tayında, ötən əsrin 20-ci illərində qələmə alıblar. Bir azdan işıqlar sönəcək və həmin cümlələr səhnənin hansısa küncündən boylanan xanımın dodaqlarından qopacaq. Həmin andan alman romançısı Stefan Sveyqin novellasına adlayıb kədərli, eyni zamanda kənardan möcüzə kimi görünən sevgi hekayəsini canlı-canlı izləyəcəyik.

Əsəri tələbə vaxtı bir dostumun tövsiyəsi ilə oxumuşdum. O vaxtlar dilimizə tərcümə edilmiş bədii ədəbiyyat nümunələri qıt idi. Ümumiyyətlə, hər kitabı satışdan asanlıqla əldə etmək olmurdu. Ona görə də novellanın rus dilinə tərcüməsini Axundov adına Mərkəzi kitabxanada oxumalı oldum. Oxudum və elə o vaxtdan bu əsəri dünya ədəbiyyatında qələmə alınmış ən təsirli sevgi hekayələri onluğuma saldım. Sonralar çox novellalarla tanış oldum, amma heç biri qəlbimi fəth edə bilmədi. Həmişə düşünürdüm ki, İlahi, bir kişiyə uğrunda hər şeyini fəda edəcək qədər böyük və alovlu bir eşqlə necə bağlanmaq olar? Və niyə də, niyə bu kişilər onları təmənnasız sevən xanımlara qarşı əksər halda diqqətsiz və soyuq olur? Maraqlıdır ki, əsərin illər sonra izlədiyim kinematoqrafik versiyası diqqətimi cəlb etməmişdi və deyirdim, görəsən, monoloqu xatırladan bu əsərin səhnə quruluşu necə alınar.

Bir gün dostlardan eşitdim ki, “M teatr”ında sevgili novellamın məşqləri gedir və tezliklə “Yad qadının məktubu” tamaşası oynanılacaq. Özü də istedadlı teatr və kino adamı Vidadi Həsənovun quruluşunda. Və beləcə, sərin payız günlərindən birində yolumu “Qanun” nəşriyyatının 3-cü mərtəbəsində yuva salmış “M teatrı”ndan saldım. Pillələri tez-tez qalxıb sevimli qəhrəmanlarımın görüşünə tələsirdim. Mən çatanda dəhlizdə bir xeyli tamaşaçı toplanmışdı. Bayırdan fərqli olaraq içəridə isti bir ab-hava hökm sürürdü. Birdən şux geyimli gənc italyan dilində bir nəğməni zümzümə edə-edə aramızdan keçib getdi. Bu, tamaşanın başlanmasına bir replika idi. Və elə həmin məqamda yaratdığı obrazları sevərək izlədiyim aktyor İlqar Cahangirov əlində tutduğu kiçik zəngi təbəssümlə cingildətdi və hər kəs kiçik zala daxil olub üstündə nömrə həkk olunmuş sadə taxta skamyalarda yerini tutdu. Bu taxta skamyalar nədənsə mənə uşaq ikən həyətdə qonum-qonşuyla oturduğumuz doğma günləri xatırlatdı. Sonra tamaşaçıları salamlamaq üçün səhnəyə teatrın aktrisalarından Oksana Rəsulova çıxdı. Elan etdi ki, tamaşa üç aktyorun oyunu üstündə qurulub: Vidadı Həsənov, Günəş Mehdizadə və Vüqar Hacıyevin. O danışdığı müddətdə tamaşaçılardan çox kiçik məsafədə olan səhnəyə və minimaliz üslubunda qurulmuş 3-4 dekordan ibarət səhnə həllinə baxırdım. Artıq aktyorlar yarıqaranlıq səhnədə yerlərini tutan kimi səhnə işıqları yandı. Və həmin o sehirli cümlələr:

“Ey məni tanımayan sevgilim! Mən sənin üçün həmişə yad qadın olaraq qalacam. ”

Elə bayaqkı italyan şərqisinin məlahətli zümzüməsi altında səhnədə bir sevgi mehi əsməyə başlandı və biz nəfəs almadan gözlərimiz qarşısında doğulan, ətə-qana dolan, böyüyən, şaxələnən və can verən sevgi nağılını izlədik. Tamaşanı nöqtə-vergülünə qədər təkrarlamaq istəməzdim. Sadəcə diqqətimi çəkən məqamları vurğulayacağam. Birincisi, çox dəqiqliklə işlənmiş təsirli musiqi həlli. İkincisi, səmimi quruluş. Təsəvvür edin, o qədər səmimi ki, bəzi səhnələrdə tamaşanın aparıcı-müəllifi rolunda çıxış edən Vidadi müəllim elə obrazda ola-ola tamaşaçıların yerdən gələn replikalarına reaksiya, hətta cavab verirdi. Və bu səmimiyyət eyni cümlələri hər üç aktyor bir-birinin ağından tutub təkrarlayınca, birinin yarımçıq cümləsini digəri davam edincə də pozulmadı. Tamaşaçını bu üçlüyün harmonik oyununa inandırdı. Hətta eşq səhnəsinin ən çılğın anlarını izlədikdə belə izləyici diksinmədi və bu səmimiyyəti alqışladı. Üçüncüsü, səhnədə az sayda olan əşyaların hər biri əsərin dramaturgiyasında önəmli detallara çevrildi. Şəxsən mən düşündüm ki, nə yaxşı səhnədə artıq əşya yoxdur. Hə, bir də Günəş xanımın emosional oyunu zamanı havada uçuşan buruq saçlarını, Vüqar bəyinsə öz obrazına uyğun buz kimi soyuq mimikasını qeyd etməsəm, olmazdı.

Açığı final novellanın orijinal versiyasından fərqli bitdi. Əsərdən xəbərdar olduğum üçün təəccübləndim. Çünki əsərdə təkcə qadın dünyasını dəyişirdi. Tamaşanın sonunda isə qadın və kişi birgə intihar etdilər. Və bu səhnə mənə əsərin müəllifinin ölümünü xatırlatdı. Bir dəfə oxumuşdum ki, Stefan Sveyq və həyat yoldaşı Lotte 1942-ci ildə bir parça məktub yazaraq yatarkən intihar edirlər. Bu, o zamanlar dünyanı silkələyən Hitlerin hegemonluğuna qarşı etiraz əlaməti idi. Demək, final səhnəsi təsadüfi seçilməmişdi.

Gurultulu alqışlar və təzim üçün yandırılan işıqlar məni düşüncələrimdən ayıltdı. Qaranlıqda elə bilirdim, doluxsunan bircə mənəm. İşıqlar yanınca fikir verdim ki, hər kəs pərişan, əksər xanımlar burnunu çəkir. Amma tamaşanın yaradıcı heyəti bizimlə vidalaşmağa tələsmirdiı. Aktyorlar qarşımızda əyləşib bizimlə birgə tamaşanı müzakirə etməyə başladılar. Çox səmimi bir ortam vardı. İlk dəfə teatra gələn üç uşaq anasının emosiyaları, “M teatr”ını özü üçün kəşf edən teatralın təklifləri və aktyorların öz obrazları haqda şərhləri elə tamaşanın özü qədər maraqlıydı. Sonra səhnədə toplaşıb xatirə fotosu çəkdirdik. Tamaşaçı və tamaşanın heyəti bir-birinə qarışmışdı. Həmin an anladım ki, bura mənim teatrımdır.

Məncə tamaşanı izləməyənlər üçün bu qədər anons yetər. Çox detallara varmadan göydən üç almanı çağırmaq istəyirəm. Biri Günəş xanımın, biri Vidadi müəllimin, biri də Vüqar bəyin. Əzizlər, bu təsirli və səmimi performansa görə, dünyanın ən ali və ən möhtəşəm hissi olan sevgiyə bizi inandırdığınız üçün sizlərə alicənab təzim.

P.S. Bayıra çıxanda gecənin sazağı iliklərə işləyirdi. Amma mən bayaqkından fərqli olaraq donmurdum. Sanki tamaşadan sonra içimdə hələ də hərarəti soyumamış bir sevgi mehi dolanırdı. Mənə görə, hər tamaşa izləyicilərlə bir görüşdür. Və səhnə quruluşundan, oynanılan əsərin janrından asılı olmayaraq tamaşaçılarla görüşə gələn hər tamaşanın bir ali məqsədi olmalıdır. Əsərin duyğu yükünü qarşı tərəfə ötürə bilmək. Həm də elə ötürə bilmək ki, tamaşaçı uzun müddət dolub-daşdığı bu emosiyaların təsirində qalsın, düşünsün, özü üçün bir nəticə çıxarsın. Mən də bu yazını yaza-yaza uzun-uzun düşündüm, daşındım və bu qərara gəldim ki, əgər sevginə inanırsansa, elə hər çətinliyin fövqündə sevmək gözəlmiş. Nə demiş ustad Şəms: “Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi Yaradan nə qədər gözəldir. ” Elə bu məqamda məktubumu nöqtələmək istərdim.

  • “Xocalı döngəsi” sənədli filmi təqdim edildi
  • Azərbaycanlı şairə vəfat etdi
  • Vaqif Bayatlı Odərin saytı yaradıldı

Comments are closed, but trackbacks and pingbacks are open.