Press "Enter" to skip to content

Azərbaycanın ilk mətbəələri

Teymur Elçin elə bir iş üslubu yaratmışdı ki, verilişlərə cavabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdilər. Çünki sədrin qınağına gəlməkdən çəkinirdilər. Bu gün Azərbaycan teleməkanında baş verənləri nəzərdən keçirəndə həqiqətən bir təəssüf hissi adamı bürüyür. Ləhcələr, jarqon və latayır ifadələr baş alıb getməkdədir. Bəzi özəl kanallara baxanda sanki ekran qarşısında deyil, küçədə, hansısa bir dava-dalaşın, qalmaqalın, qeybətin içindəsən. Vaxtilə Teymur Elçin tərəfindən yaradılmış ənənələrin bu gün də tətbiqinə böyük ehtiyac var.

Yazılan hər bir şeirin min bir rəngi

Onun haqqında yazılan xatirələrdə, tədqiqatlarda “söz sərrafı” olması fikri tez-tez işlədilir. Həqiqətən də söz onun qələmində mum kimi yumşaq və təsirli olardı. Şair Teymur Elçin i oxuduqca sözün minbir rəngini görür, məna dərinliyinə varır, müəllifin sözə münasibətinə, sözlə işləmək qabiliyyətinə heyran olmaya bilmirsən. Azərbaycan uşaq ədəbiyyatının inkişafında, zənginləşməsində özünəməxsus xidməti və rolu olan Teymur Elçin bu sahənin ən qabaqcıl və tanınan nümayəndələrindən biri idi.

Ədəbiyyatşünas alim Zahid Xəlil onun haqqında qələmə aldığı “Söz adamı” məqaləsində yazırdı: “Teymur Elçin bir söz sərrafı kimi əsərlərində kəlmələri zərgər dəqiqliyi ilə seçirdi. Xalqın dilindən eşitdiyi sözləri ustalıqla oxucusuna öyrədirdi”. Həqiqətən də yaddan çıxmış, unudulmuş, işləkdən düşmüş elə sözlər var ki, Teymur Elçin bir müəllim kimi onları uşaqlara öyrətmək, başa salmaq məqsədilə şeirlərində işlədib, onun bütün mahiyyətini kiçik yaşlı oxuculara çatdırmağa çalışıb. Məsələn:

Qonşuluqda təzə bir ev tikdilər,
Köhnəsini sökdülər.
Köçaköç düşdü,
İlxıya canavar gəldi,
Atlar hürküşdü,
Qaçaqaç düşdü.

Teymur Elçin kimi köhnə şairlərin şeirləri həmişə təzətərdir. Onları oxuduqca bir qəlb rahatlığı tapırsan.

Teymur Süleyman oğlu Əliyev 1924-cü ilin yazında Şuşa şəhərində anadan olub. Yeddi yaşında ikən Bakıya köçüblər. 132 saylı Bakı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Oxuduğu illərdə həm də Radio Komitəsində ştatdankənar müxbir, diktor, məsul redaktor vəzifələrində çalışıb. Hələ tələbə ikən İkinci Dünya müharibəsinin başlanması gənc Teymurun həyat tərzini dəyişib. Müharibə illərində müxtəlif səngərlərdə Teymur kursant, kiçik komandir kimi döyüş yolu keçib. Müharibə qələbə ilə başa çatdıqdan sonra vətənə dönən Teymur müxtəlif vəzifələrdə çalışıb.

Ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilib. Onu bu vəzifədə görənlər, bir yerdə çalışanlar söyləyirlər ki, teleradio komitəsinə rəhbərlik etdiyi dövrlərdə həmişə dilimizin saflığı keşiyində dayanan bir şəxsiyyət olub. Xüsusilə də gənclərə məsləhət görürdü ki, kortəbii ifadələrdən, xarici sözlərdən qaçmağa çalışsınlar. Xatırlayırlar ki, o vaxt qaboy, klarnet, ney kimi nəfəslə çalınan musiqi alətlərinə adətən “nəfəsli alətlər” deyirdilər. Məhz Teymur müəllimin müdaxiləsi ilə bu söz “nəfəs alətləri” kimi əvəz edildi. O, hər kəsə başa salmağa çalışırdı ki, bu alətlərin özlərinin nəfəsi yoxdur. Onları dilləndirən insan nəfəsidir. Azərbaycan dilinin orfoepiyasına əməl etməyən efirə buraxılmazdı.

Teymur Elçin elə bir iş üslubu yaratmışdı ki, verilişlərə cavabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdilər. Çünki sədrin qınağına gəlməkdən çəkinirdilər. Bu gün Azərbaycan teleməkanında baş verənləri nəzərdən keçirəndə həqiqətən bir təəssüf hissi adamı bürüyür. Ləhcələr, jarqon və latayır ifadələr baş alıb getməkdədir. Bəzi özəl kanallara baxanda sanki ekran qarşısında deyil, küçədə, hansısa bir dava-dalaşın, qalmaqalın, qeybətin içindəsən. Vaxtilə Teymur Elçin tərəfindən yaradılmış ənənələrin bu gün də tətbiqinə böyük ehtiyac var.

Ədəbi fəaliyyətə hələ orta məktəb illərindən başlayan şair uzun illər o dövrün mətbuatında “Teymur Əlizadə” imzası ilə çıxış etmişdir. Əsasən də uşaqlar üçün yazmağı sevən Teymur Elçinin ilk bədii əsəri 1938-ci ildə çap edilmiş “Azərbaycan” şeiridir. Sağlığında 15-ə yaxın şeir kitabı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ-nin müttəfiq respublikalarında çap edilmişdi. Şair tərcümə ilə də məşğul olurdu. N.Zabila, İ.V.Turgenev, S.Marşak, A.Tudoraş, K.Çukovski, P.Voronko, T.Xovman, Ş.Rəşidov, N.Zəkəriyyə və başqalarının əsərləri Azərbaycan oxucularına məhz Teymur Elçinin tərcüməsində çatdırılıb. Onun bir sıra şeirlərinə mahnılar da bəstələnib. Mənzum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Ədəbi xidməti dövlət tərəfindən dəfələrlə təltiflərlə (“Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, 7 medal və müxtəlif fəxri fərmanlar) qiymətləndirilib. Dövlət mükafatı laureatı idi. 1975-ci ildən 1988-ci ilədək Azərbaycan mədəniyyət nazirinin müavini işləyib. Milli mədəniyyətimizin daha da çiçəklənməsində Teymur Elçinin də əməyi danılmazdır.

Bütün bunlarla bərabər, Teymur Elçin ən məhsuldar uşaq şairlərindən biri idi. XIX əsrin ikinci yarısından təşəkkül tapan uşaq ədəbiyyatının sistemli şəkildə inkişafında S.Ə.Şirvani, F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.Vurğun, M.Seyidzadə, Ə.Cəmil, M.Dilbazi, X.Əlibəyli və onlarca başqaları özlərinə məxsus fədakarlıq göstəriblər. Bu şairlərin əksəriyyətinin əsərləri bir tərbiyə ocağı olub, maarifləndirmək missiyasını şərəflə yerinə yetirib. Nəsillər Abdulla Şaiqin, Sabirin, Səhhətin, eləcə də Teymur Elçinin şeirlərini sevə-sevə oxuyaraq, əzbərləyərək həm özləri öyrəniblər, həm də sonralar övladlarına, nəvələrinə öyrədiblər. Onun çoxlu sayda çapdan çıxmış kitablarının sadəcə adlarına fikir versək, şairin məqsəd və məramı dərhal bəlli olar. “Qar qız”, “Bip-bip”, “Qulaq asın, danışım”, “Qızılduz, Yaşar və Nur nənə”, “Din-dan”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Xoruzbani gedirəm”, “Torağayın nəğməsi”, “Toğrul babanın nağıl ağacı”, “Balaca Aytən”, “Mənim kiçik ulduzlarım”, “Oğul Buğac”, “Babalar, nənələr, nəvələr” və başqaları. Teymur Elçin uşaq ədəbiyyatının zənginləşməsində çox böyük xidmətə malikdir. Onun şeirlərində dilimizin şəhdi-şirəsi duyulur. Misralar bir-birləri ilə elə ünsiyyət bağlayırlar ki, uşaqlar onu əzbərləməkdə, daha doğrusu, yadda saxlamaqda çətinlik çəkmirlər. Söz sözə bağlanaraq bir-birinin ardıcıllığına, yaddaşda iz salmasına kömək edir. Məsələn, “Gəl, bahar” şeirində təbiətin bu sevimli fəslini görün uşaqlar necə tərzdə çağırırlar:

Gəl bahar,
Çətir-çətir
Güllər gətir,
Otaqlara
Dolsun ətir.

Burada həm söz oyunu var, həm də ifadələrin mənası uşaqlara öyrədilir və tez də mənimsənilir. Teymur Elçinin şeirlərində daxili bir ritm və musiqi duyulur ki, bu da onların kiçik yaşlı oxucular tərəfindən qavranmasını asanlaşdırır.

Şairin yaradıcılığında yanıltmaclar da diqqət çəkir. Eyni və yaxın, oxşar səslərin ritmik təkrarı, ahəngdarlığı şeirlərə elə qəribə gözəllik gətirir ki, oxuduqca, öyrəndikcə onun cazibəsindən ayrıla bilmirsən. Uşaq ədəbiyyatında ən maraqlı janrlardan biri də laylalardır. Maraqlıdır ki, Teymur Elçin məhz öz laylalarını qələmə alıb. Məsələn, “Anamın laylası” şeirində oxuyuruq:

Layla dedim balama,
İl keçə, ay dolana.
Balam gedə yuxuya,
Başına Ay dolana.
Yat, ulduz balam,
Qorxusuz balam.
Ceyran körpə ahuya
Laylasını oxuya.
Canavarın balası
Çoxdan gedib yuxuya.
Yat, qoçaq balam,
Yat, oyaq balam.

Uşaq ədəbiyyatının folklordan gələn bir qanadı da tapmacalardır. Müəllifin bu janrda qələmə aldığı söz boxçasının rəngləri çox müxtəlifdir. Sadə və orijinaldır:

Gəldi qoyun sürüsü,
Göy üzünü bürüsün (buludlar).

Göydən gələ-gələ
Düşür yerə gilə-gilə (yağış).

Kiçik yaşlı uşaqlar bilməcələrə çox bağlı olurlar. Bunun da yaxşı cəhəti var. Çünki tapmacalar zehni qabiliyyəti üzə çıxarır, ağıl və mühakimənin inkişafında böyük təsiri olur. Uşaq ədəbiyyatı üzrə cəfakeş tədqiqatçılardan biri olan professor Qara Namazov yazırdı: “Tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşya və hadisə haqqında tənqidi mühakimə yürütmək vərdişi, əlamət və keyfiyyətlərə uyğun fəal nəticə çıxarmaq bacarığı, hazırcavablıq tərbiyə olunur”. Bu fikirlərin işığında Teymur Elçinin yaradıcılığına diqqətlə nəzər saldıqda görürük ki, tapmaca janrının ən yaxşı nümunələrini yaradıb:

Uca-uca evlərə
Pilləkənsiz çıxıram.
Günəşi damcı-damcı
Salxımlara yığıram;
Rəngləyirəm: ağ, qara
Verirəm uşaqlara (üzüm).

İstər yanıltmacları, istərsə də tapmacaları olsun, fərq etmir. Teymur Elçin bütün sözləri elə məharətlə tapıb zərgər dəqiqliyi ilə qafiyələndirib ki, yeni sözlər yaranıb. Bu, həm oxucunu düşündürür, həm də yeni bir ifadənin yaşamasını şərtləndirir. Son dərəcə zəngin bir yaradıcılıq yolu keçən Teymur Elçinin bütün şeirlərində bir səmimiyyət və təzə nəfəs var. Xüsusilə də təbiətdəki bitkilər və heyvanlar aləminə ünvanladığı şeirlər maraqlıdır. Bu şeirlərin hər birinin ahəngində öyrətmək missiyası duyulur. “Kirpinin laylası”, “Turacın laylası”, “Delfinin laylası”, “Siçan balası” kimi şeirlərdə uşaq aləminin minbir marağı nəzərdə tutulub. Bu səbəbdən də Teymur Elçinin şeirlərində əbədi hökm sürən bir sehirli qüvvə var. Oxuduqca ondan ayrılmaq istəmirsən. Maraqlısı da budur ki, müəllifin uşaqlar üçün nəzərdə tutduğu şeirləri böyüklər də həvəs və maraqla oxuyurlar. Yəqin ki, buna əsas səbəb şeirin əsl poetik mündəricəyə malik olmasıdır. Bir də Teymur Elçin kimi söz sərrafları şair doğulduqları üçün şeir yazırdılar, zorən təbib deyildilər. Ona görə də onların şeirləri həmişəyaşar və məftunedicidir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Azərbaycanın ilk mətbəələri

Güney Azərbaycanda mətbəə üsulu ilə ilk çap prosesinə 1812-ci ildə Təbrizdə başlanılsa da, Qafqaz Azərbaycanında bu proses XIX əsrin ortalarından etibarən geniş yayılmağa başladı.

1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya, 1900-cu ildə isə artıq 16 mətbəə mövcud idi.

Mətbəə avadanlıqları alınsa da, naşirlərin ən böyük problemləri hərflərlə bağlı idi. Çünki rəsmi qəzetlər Kiril qrafikası ilə olduğu üçün Qafqazdakı mətbəələrdə ərəb hərfləri tapmaq çətin idi. Həmin qəzetlərin Azərbaycan dili ilə bağlı əlavələrində istifadə olunan hərflər isə bir işə yaramırdı. Ona görə də ilk mütəşəkkil qəzet olan “Əkinçi” çap edilərkən Həsən bəy Zərdabi İstanbulun “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində çalışan həmyerlilərinin dəstəyi ilə hürufatları əldə edə bildi. Özünün müstəqil mətbəə açmaq imkanı qalmadığı üçün Həsən bəy məcbur olub aldığı hərfləri Bakı quberniyasının mətbəəsinə satdı, qəzeti də orada çap edəsi oldu.

Ünsizadələrin uğuru

Həsən bəydən sonra bu işə şövqlə girişən növbəti şəxslər Ünsizadə qardaşları oldu. Belə ki, 1879-cu ildə “Ziya” qəzetini nəşr etmək üçün Səid Ünsizadə mətbəə açır. Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə hesab edilən bu mətbəədə “Ziya”nın 76 sayı çıxır. Ardınca “Ziyayi-Qafqaziyyə” qəzeti 1880-cı ildən etibarən çap olunur. Daha sonra isə Ünsizadə qardaşları “Kəşkül” jurnalını çap edirlər. “Kəşkül”ün redaktoru və naşiri Ünsizadələrin ortancılı Cəlal Ünsizadə olur. “Kəşkül”ün ilk nömrəsi 1883-cü ilin yanvarında çıxır. 11 saydan sonra jurnal qəzet formasında nəşrini davam etdirir. C.Ünsizadənin mətbəəsi “Mətbeyi-cərideyi Kəşkül” adlanırdı. Bu mətbəədə qəzet və jurnalla yanaşı kitablar da çap olunurdu. Füzulinin “Leyli və Məcnun”, Əsgər bəy Goraninin “Qocalıqda yorğalıq”, eləcə də Lermontovun əsərləri nəşr olunub.

“Qeyrət” dönəmi

Ünsizadələrdən sonra mətbəə və qəzet işinin bayraqdarı Məhəmməd Ağa Şahtaxtlı olur. Belə ki, Şahtaxtlı 1902-ci ildə Tiflisdə mətbəə açır, 1903-cü ildən “Şərqi-Rus” qəzetini çap edir. M.Şahtaxtlı borca düşdüyü üçün mətbəəsini satmaq qərarına gəlir. Həmin vaxt Şahtaxtlının yanında işləyən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə, ticarətçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir. Beləliklə, mətbəə alınır və “Qeyrət” adlandırılır. Mətbəənin rəsmi müdiri Mirzə Cəlil olur. “Qeyrət”də çap olunan ilk kitab isə Ömər Faiqin “Nəşri-asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) əsəri olur. Bu əsər həm də Azərbaycan mətbəə və mətbuat tarixi haqqında ilk kitabdır. Ömər Faiq həmin kitabda yazırdı: “Bizim üçün istifadə və tərəqqi qapısı indilik, top, tüfəng və dinamit vasitəsilə aşılmaz. Biz bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir – mətbuatdır”.

Ömər Faiq əsərində “Tərcüman” mətbəəsinin və eyniadlı qəzetin uğurlarını sadalayır. Haqlı olaraq yazır: “Bir “Tərcüman”la 30 milyon xalqın ehtiyacı görülə bilməz. Rusiyada ruslardan sonra çoxluğumuza görə bizə 5-10 deyil, 100 mətbəə, 1-2 deyil, 15-20 qəzet və jurnal lazımdır”.

Mətbəənin ilk elanında deyilirdi: “Tiflisdə “Qeyrət” mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları ən gözəl hərf ilə çap edir”.

“Qeyrət”də ictimai-siyasi və dini kitablar, bədii əsərlər, pedaqoji ədəbiyyat, intibahnamələr, vərəqələr və təqvimlər, həmçinin rus, ərəb, fars dillərində tərcümə əsərləri də nəşr olunurdu. Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, mətbəədə böyük çap maşını, bir “Amerikanka” maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları olub. Maşınlar Moskvadakı “Modern” alman firmasından alınıb. Mətbəədə Mirzə Cəlilin “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal” hekayələri, Ə.Haqverdiyevin “Millət dostları” pyesi, Əhməd bəy Cavanşirin “Şeirlər məcmuəsi”, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi və digər əsərlər çap olunur.

Tərcümə materiallarından Mirzə Melkum xanın “Məbdəi-tərəqqi”, “Şeyx və vəzir”, Ağa Mirzə Ələkbərin “Tərcümeyi-istifta”, Namiq Kamalın “Röya”, Rəşid bəy Əfəndiyevin tərcüməsi olaraq, Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” hekayəsi nəşr edilir.

Bu mətbəənin ən böyük uğuru isə “Molla Nəsrəddin” jurnalının çapı olur.

“Qeyrət” mətbəəsi üç otaqda yerləşirdi. Mirzə Cəlilin yazdığına görə, birində mürəttiblər işləyir. Kiçik otaqda tək bircə çap maşını qurulmuşdu, digər otaqda da mətbəənin müdiri əyləşirdi: “Maşın əl ilə işləyirdi. O vaxt Tiflisdə elektriklə işləyən çapxana maşınları məhz böyük mətbəələrdə vardı ki, onlar da, söz yox, böyük pullara başa gəlmişdi. 6-7 min manatla qurulmuş olan “Qeyrət” mətbəəsinə elektriklə işləyən böyük maşınları gətirə bilməzdik”.

Digər mətbəələr

1901-ci ildə Bakı sosial-demkoratları gizli “Nina” mətbəəsini yaradırlar. Bu tip mətbəələrdə daha çox Çar əleyhinə olan vərəqələr, kitabçalar çap olunurdu. 1910-cu ildə Haşım bəy Vəzirov tərəfindən “Səda” mətbəəsi təsis edilir. 1911-ci ildə bu mətbəədə Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbilli” və “Vay şələkküm, mələkküm”, Yusif Vəzir Çəmənzəminlinin “İki hekayə” kitabları yayımlanır. Növbəti il Y.Vəzirin “Üç hekayə” kitabı çap olunur. Dönəmin mühüm mətbəələrindən biri də H.Z.Tağıyev tərəfindən açılan “Kaspi” mətbəəsi idi. 1904-cü ildə bu mətbəədə çap olunan Quranın təfsiri ilə bağlı kitaba görə Sultan II Əbdülhəmid Tağıyevi “Məcidiyyə” ordeni ilə mükafatlandırır.

Orucov qardaşları

İlk elektrikli mətbəəni açmaq isə Orucov qardaşlarına qismət olur. Belə ki, 1906-cı ilin yazında O.Orucov mətbəə açmaq üçün Varşavadan çap maşını gətirir. “Orucov qardaşlarının elektrik mətbəəsi” Nikolayevski küçəsində, Tağıyevə məxsus binada yerləşirdi. Mətbəədə Azərbaycan dili ilə yanaşı, gürcü, rus, fransız şriftlərinin də olması geniş imkanlar yaradırdı. Mətbəə yüksək texniki avadanlıqlarla təchiz edilmişdi. “Mille” markalı özüyığan maşın, “Frankental”, “Aqzburq”, “Amerikanka” markalı çap maşınları alınmışdı.

1907-ci ildə M.Ə.Rəsulzadə A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını burada nəşr etdirir. Üzeyir Hacıbəyovun 1907-ci ildə tərtib etdiyi, redaktoru M.Ə.Rəsulzadə olan “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lüğəti” kitabı da bu mətbəədən yayımlanır.

Demək olar ki, dönəmin ziyalılarının əksəriyyəti bu mətbəə ilə əlaqədə olur. Bu mətbəədə Curci Zeydanın “Ərmənusə”, “Kərbəla yanğısı”, Daniel Defonun “Robinzon Kruzonun hekayəti”, L.Tolstoyun “İnsana çoxmu yer lazımdır?” (1908), “Rəhmanamı, yoxsa şeytanamı sitayiş etməli” (1910), Molyerin “Zorən təbib” (1912), Mark Tvenin “İyirmi beş milyonluq çek”, Armin Vamberinin “Əmir Teymur” kitabları çap edilir.

Cümhuriyyət və Sovetin ilk illəri

Çar dönəminin süqutu ərəfəsində mətbəə sistemi də zərər görür. Ermənilər Bakıda qətliam və dağıntı törədərkən “Kaspi” və bir sıra mətbəələri yandırırlar. Bu baxımdan Cümhuriyyətin elanından sonra hökumətin qarşısına qoyduğu məqsədlərdən biri də mətbəələrin bərpası və mətbəə işçilərinin mənafeyinin düşünülməsi olur.

1919-cu il mart ayının 20-də Orucov qardaşlarının bolşeviklər tərəfindən müsadirə edilmiş, sonralar hökumətin sərəncamına keçmiş mətbəəsinin pulunu ödəmək üçün Xalq Maarif Komissarlığına 468 380 manat pul ayrılması haqqında qanun qəbul edilir.

3 avqust 1919-cu ildə isə hökumət mətbəələrində işləyən mütəxəssislərin, çapçıların, sinkoqrafların və başqalarının orduya çağırışdan azad edilməsi haqqında qanun çıxarır.

Sovetin ilk illərində isə mətbəələrin vahid mərkəz tərəfindən idarə edilməsi gündəmə gəlir. 1920-ci ilin iyun ayında İnqilab Komitəsi bütün nəşriyyat işlərini Xalq Maarif Komissarlığının yanında mərkəzləşdirmək haqqında dekret verir.

Yeni yaradılan Azərbaycan Dövlət Nəşriyyatı Şöbəsi 1920-ci ildə 63 min tiraj, 1921-ci ildə isə 14 adda 167 min nüsxə tiraj kitab nəşr edir. 1924-cü ildə isə 753500 nüsxə tirajla 69 adda kitab buraxılır.

Yeni hökumət getdikcə nəşriyyata pul ayırırdı. Çünki yeni rejimin təbliği üçün bunlar vacib idi.

1927-1928-ci illərdə nəşriyyat işinə 29 milyon, 1929-1930-cu illərdə is 42 milyon manat ayrılır. 1927-ci ildə latın əlifbası ilə 126 adda 479250 nüsxə tirajla kitab çap edilir.

Azərbaycan Xalq Komissarları Soveti 1927-ci ilin yanvarında “Azərnəşr”lə “Bakı fəhləsi” kooperativ nəşriyyatının birləşdirilməsi haqqında qərar qəbul edir və bununla da “Azərbaycan Dövlət Nəşriyyatı” yaradılır.

1929-cu ildə respublikada 997 adda 2961700 nüsxə kitab çap olunur ki, bu 1920-ci illə müqayisədə 30 dəfədən çox idi.

Beləliklə, Azərbaycanda peşəkar nəşriyyatın qurulması Sovetlərin ilk dövrünə təsadüf edir. Çünki gərgin işləyən mətbəə hər gün sayı artan təbliğat qəzetləri, jurnalları və kitabları üçün lazım idi…

Gülər Ədilzadə – Azərbaycan teatr sənətində Molyer faktoru

Molyer deyirdi ki, gün gələcək, hər kəs deyəcək: “Molyerin dilində danışın”, yəni, fransızca danışın. Fransa dramaturgiyasının ən böyük simalarından biri Jan Batist Molyerdir.

1622-ci ildə Fransada doğulmuş Jan Batist Molyer dünya dramaturgiyasında komediya janrının ən usta sənətçilərindən hesab olunur. Molyerin zamanını “Roi Soleil” (Günəş Kral) dövrü adlandırılır. O, bu zamanın, bu çevrənin yazıçısıdır. Yaradıcılığına Parisin dəbli yaşam tərzinin, qadınların, saray həyatının, kübar mühitin böyük təsiri olmuşdur. Molyer həmçinin İtalyan teatrının “Komedi del arte”sindən təsirlənmişdir.

Dünya teatr tarixində iz qoymuş Jan Batist Molyerin Azərbaycan teatrında da özünəməxsus yeri var. Belə ki, milli teatrımızın təşəkkül dövründə dramaturqlarımızın yaradıcılığında Molyer təsiri duyulmuşdur. Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun yaradıcılığında Molyer komediyalarının dəsti-xəttini görmək olar. Bu təsir, əlbəttə ki, M.F.Axundzadə yaradıcılığında daha çox duyulur. M.F.Axundzadənin “Hekayəti-Molla İbrahim Xəlil kimyagər” əsərində Hacı Nuru obrazı “Mizantrop” əsərinin qəhrəmanı Alsesti ilə, “Sərgüzəşti-mərdi xəsis” əsərinin Hacı Qarası “Xəsis”dəki Qarpaqonla müqayisə olunur.

Mirzə Fətəli Axundzadə milli dramaturgiyanın əsasını qoyduqdan sonra yazıçı və dramaturqlarımız yeni pyeslər yazmaqla yanaşı, xarici dramları tərcümə və təbdil etməklə repertuarı genişləndirirdilər. Azərbaycan teatrında ən çox təbdil və təcrümə olunan ilk müəlliflərdən biri Molyerdir. Teatr tədqiqatçısı Qulam Məmmədli “Azərbaycan teatr salnaməsi” kitabında 1905-1920-ci illər arasında müxtəlif həvəskar teatr dəstələrinin Molyerin “Zorən təbib”, “Xəsis” əsərlərinə quruluş verdiyini bildirir. Lakin bu tamaşaların bəzilərinin, sadəcə, oynanılma tarixi və ifaçıları məlumdur və onlar haqqında daha ətraflı məlumat ala bilmirik.

Hüseyn Ərəblinski (“Zorən təbib”, Molyer), Mirseyfəddin Kirmanşahlı “Bağa qınını bəyənməz” (“Meşşan dvoryanlıqda”, 9 aprel 1928), Abbas Mirzə Şərifzadə (“Zorən təbib”), Aleksandr İvanov (“Jorj Danden”, 14 dekabr 1923), Aleksandr Tuqanov (“Don Juan”, 18 yanvar 1926), (“Jorj Danden”, 1924), Rza Darablı (“Skapenin kələkləri”, 5 dekabr 1936), Mehdi Məmmədov (“Vasvası xəstə”, Gəncə Teatrı), Səməd Mövləvi (“Jorj Danden”, Naxçıvan teatrı), Yusif Yulduz (“Cancur Səməd”, Naxçvan teatrı), Zəfər Nemətov, Tofiq Kazımov kimi rejissorlar bir zamanlar Molyerin komediyalarına fərqli və maraqlı quruluşlar vermişlər.

Əbülfət Vəli (Cənnətəli, “Zorən təbib”), Məhəmməd bəy Əlvəndi (Təbib İlyas, “Zorən təbib”), Ələkbər Süheyli (Tuba, “Zorən təbib”), Cəlil Bağdadbəyov (Təbib, “Zorən təbib”), Xəlil Hüseynov (Cəbi, “Zorən təbib”), Cahangir Zeynalov (Eyvaz, “Zorən təbib”), Abbasmirzə Şərifzadə (Don Juan, “Don Juan”), Mustafa Mərdanov (Jorj Danden, “Jorj Danden”, Sqanarel, “Don Juan”, Jordan, “Bağa qınını bəyənməz”), Əli Qurbanov (Jeront, “Skapenin kələkləri”), Möhsüm Sənani (Skapen, “Skapenin kələkləri”), Nataliya Lizina (Tuba, “Zorən təbib”), Sona Hacıyeva (Zerbinetta, “Skapenin kələkləri), Mirzağa Əliyev (Skapen, “Skapenin kələkləri”), Mərziyə Davudova (Elvira, “Skapenin kələkləri”), Ələsgər Ələkbərov (Cancur Səməd, “Cancur Səməd”), Nəsibə Zeynalova (Elvira, “Skapenin kələkləri”), Kərim Sultanov (Notarus, “Cancur Səməd”), Məmmədağa Dadaşov (Valer, “Zorən təbib”, Leandr, “Skapenin kələkləri”), Hüseynağa Sadıqov (Jeront, “Skapenin kələkləri”), Süleyman Əsgərov (Arqant, “Skapenin kələkləri”), Əliağa Ağayev (Sqanarel, “Zorən təbib”), Süsən Məcidova (Javklina, “Zorən təbib”, Zerbinetta, “Skapenin kələkləri), Firəngiz Şərifova (Zerbinetta, “Skapenin kələkləri) kimi aktyorlar Molyer personajlarını ifa etmişlər.

Molyer XX əsrin sonu və XXI əsrdə də Azərbaycan teatrının sevə-sevə müraciət etdiyi dramaturqlardan biri olmuşdur. Belə ki, Rəhman Əlizadə, Oruc Qurbanov, Mirbala Səlimli, Əsgər Əsgərov, Nihad Qulamzadə kimi rejissorlar böyük komedioqrafın əsərlərini səhnəyə qoymuşlar.

Azərbaycan teatrında “Xəsis”, “Zorən təbib”, “Don Juan”, “Jorj Danden”, “Skapenin kələkləri” əsərləri Molyerin ən çox müraciət olunan pyeslərindəndir.

Ədəbiyyat siyahısı
1. Cəfər Cəfərov, Əsərləri, II cild, Bakı, Azərnəşr, 1968
2. Qulam Məmmədli, “Azərbaycan teatrının salnaməsi”, Bakı 1975
3. İnqilab Kərimov, “Azərbaycan teatr tarixi, I cild, Bakı-“Elm”, 2008
4. İnqilab Kərimov, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Maarif” nəşriyyatı, Bakı, 2002

Gülər Ədilzadə
ADMİU-nun magistı

Comments are closed, but trackbacks and pingbacks are open.