Press "Enter" to skip to content

Multikulturalizm və xarici siyasət

Nizami adına Ədəbiyyat İnstitutunun Almaniyanın Humboldt Universiteti (2013), Beynəlxalq Türk Akademiyası (Astana, 2013), Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu (2013), Qafqaz Universitetlər Birliyi (Türkiyə, 2014), Sankt-Peterburq Smolnı Universiteti (2014), Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu (2014), Çin Konfutsi Mərkəzi (2015), Rusiya Elmlər Akademiyasının Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (2015-2016), Təbriz Universiteti (İran, 2016), Belarus Elmlər Akademiyasının Yanka Kupala adına Ədəbiyyat İnstitutu (2016) ilə imzaladığı əməkdaşlıq müqavilələri yeni tarixi epoxada elm sahələri və mədəniyyətlərarası dialoqun, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə geniş meydan açır.

Multikulturalizm və xarici siyasət

Multikulturalizm Azərbaycanın daxili və
xarici siyasətində mühüm yer tutur

22:17 11-10-2018 34042

Azərbaycan dünyada etnik, irqi ayrı-seçkiliyin hökm sürdüyü bir dövrdə
multikulturalizm ideyalarını yaşatmaq vəzifəsini öz üzərinə götürüb

Multikulturalizm siyasi ideologiyanın vacib hissəsi olaraq etnik qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə yönəlib. Azərbaycanın sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri də, ölkəmizdə ardıcıl həyata keçirilən multikulturalizm siyasətidir. Ölkəmizdə mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən bu siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycanda etnik zəmində tolerantlığın və multikulturalizmin bərqərar olması, azərbaycanlıların milli xüsusiyyətlərindən irəli gəlir. Bu gün də Azərbaycanda multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi, vacib məsələ kimi qarşıya qoyulur. Bunun nəticəsidir ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib.

Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının açılış mərasimində qeyd edib ki, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir: “Dünyada ilk dəfə 2008-ci ildə, məhz bizim təşəbbüsümüzlə İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranan əməkdaşlıq və daha geniş hərəkat “Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir. Həmin təşəbbüsün irəli sürülməsinə səbəb, yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin ən yaxşı nümunəsidir. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir”.

Bu həm də Azərbaycanın müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərinin tənzimlənməsi istiqamətində dünya ölkələrinə böyük töhfədir. Bunu eyni zamanda dünyada mövcud olan müxtəlif xalqların dinc-yanaşı yaşamasına çağırış kimi də qəbul etmək olar. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin nəticəsidir ki, müxtəlif xalqların nümayəndələri multikulturalizm və tolerantlıqla bağı problemlərin çözülə biləcəyi məkan kimi Azərbaycanı seçirlər. Bu mənada ölkəmiz beynəlxalq humanitar tədbirlərin həyata keçirildiyi məkana çevrilib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın multikulturalizm və tolerantlıq nəzəriyyəsi və təcrübəsi getdikcə daha geniş şəkildə öyrənilməkdədir. Ən çətini isə odur ki, Azərbaycan multikulturalizm ideyalarını dünyada etnik, irqi ayrı-seçkiliyin hökm sürdüyü, miqrasiya problemlərinin tüğyan etdiyi bir dövrdə yaşatmaq vəzifəsini öz üzərinə götürüb. Bu gün dünyada etnik və dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə belə bir vəzifənin öhdəsindən layiqincə gəlmək böyük uğurdur.

Qeyd edək ki, Azərbaycanda milli və dini azadlıqların inkişafı üçün hər bir şərait yaradılıb. Ölkəmizdə İslam və digər dini icmalar qanunvericilik çərçivəsində, sərbəst şəkildə qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdirlər. Bəzi Qərbi ölkələrində isə son illər islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradır. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri də, bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir. Son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş verən dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləyir. Bu ölkələrdə, məhz dövlətin bu sahədə buraxdığı səhvlər nəticəsində dini və milli zəmində ekstremizm baş qaldırır.

Azərbaycan isə tarixən tolerantlığı, etnik, mədəni rəngarəngliyi ilə seçilən ölkə kimi tanınıb və bu gün də belədir. Ölkəmizdə tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verilir. Şərqi Avropa və Qərbi Asiyanın qovuşağında, müxtəlif dinlərin və xalqların

birgə yaşadığı coğrafi məkanda yerləşən Azərbaycanda multikulturalizm həm də xarici siyasətin mühüm strateji amilinə çevrilib. Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb.

Sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. Bu mərhələlərin reallaşmasında da əsas rol dövlətə məxsusdur. Multikulturalizmin ölkə vətəndaşların həyat tərzinə çevrilməsi, onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır və bu ideyalar ictimai şüurda möhkəmlənir.

Keçmişdən müasir dövrə qədər multikulturalizmin Azərbaycanda xalqımızın həyat tərzinə çevrilməsi və onun dövlət siyasətinin əsas istiqamətlərindən biri olması, həm də multikultural təhlükəsizliyin yüksək səviyyədə olmasını təmin edir. Multikultural təhlükəsizlik isə milli təhlükəsizlik sisteminin mühüm bir komponenti olaraq etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Antisemitizm, ksenofobiya, islamofobiya, radikalizm meyllərinin artdığı dünyanın əksər dövlətlərindən fərqli olaraq, Azərbaycan öz multikultural təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə müvəffəq olub.

Azərbaycanın multikulturalizm siyasətinin mühüm bir qanunauyğunluğu da mövcuddur. Ölkəmizin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasəti onun xarici siyasətinə də müsbət təsir göstərir. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında mövcud olan münasibətlərdən qaynaqlanır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olmasına zəmin yaradır.

Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici roluna əsaslanaraq, Azərbaycan multikulturalizm siyasətinin onun xarici siyasətinə müsbət təsir göstərməsi nəticəsində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurların səbəblərini anlamaq çətin deyil.

Ölkə daxilində Azərbaycanın multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır.

Bu da multikulturalizmi Azərbaycanın uğurli xarici siyasətinin mühüm amilinə çevirir və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən də etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət təsir edir.

Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki zəngin təcrübəsinin öyrənilməsi və tətbiği, son dövrdə bir sıra inkişaf etmiş ölkələrdə etnik-dini zəmində baş verən bir çox qanlı hadisələrin qarşısını ala bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır: “Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi”.

Buna görə də, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri də dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Ölkəmiz bu istiqamətdə də böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi, “Bakı prosesi”ni qeyd etmək olar.

Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şobəsinin müdiri Etibar Nəcəfov qeyd edir ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycanın uğurla apardığı xarici siyasətin, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində nüfuzu artıb. Bunun məntiqi nəticəsi olaraq BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilib: Prezident İlham Əliyevin sözləri ilə desək: ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir”.

Beləliklə, Azərbaycanda multikulturalizm üçün əlverişli tarixi və coğrafi şərait mövcuddur. Multikulturalizmin müasir dövrdə dövlət siyasəti olması və xalqın həyat tərzinə çevrilməsi ölkənin daxili və xarici siyasətinə müsbət təsirində, bütün ölkələrlə hərtərəfli əlaqələrinin inkişafında özünü göstərir. Bu məqamın özü də dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Multikulturalizm və xarici siyasət

Multikulturalizm / 10.01.2017 / 09:32

İnsan cəmiyyəti ən qədim zamanlardan qapalı şəkildə yaşamağın deyil, müxtəlif xalqlarla ünsiyyət yaratmağın zərurətini hiss etmişdir. Beləliklə, dünyada xalqların dinc yanaşı yaşaması üçün düşünülmüş addımlar atılmış, müxtəlif mədəniyyətlərin dialoqu meydana çıxmışdır. Həmin dialoq əsrlər boyu xalqların dostluq, qonşuluq və hətta qohumluq əlaqələrinə qapı açmışdır. Nəticədə ölkələr və xalqlar arasında etibarlı münasibətlər formalaşmışdır. Eyni proses ölkələrin daxilində yaşayan müxtəlif xalqların qarşılıqlı münasibətlərinin formalaşdırılması prosesi üçün də əhəmiyyətlidir. Yəni, eyni ölkəni təmsil edən ayrı-ayrı xalqların və ya etnik qrupların mədəniyyətlərinə hörmət bəsləmək və dinlərarası münasibətlərə tolerant düşüncə ilə yanaşmaq nəticə etibarilə vahid siyasi-inzibati coğrafiyanı təmsil edən tərəflərin hamısı üçün faydalıdır.

Əlbəttə, tarix boyu həm ayrı-ayrı xalqlar və ölkələr arasında, həm də ölkədaxili münasibətlərdə inteqrasiya prosesləri heç də birmənalı olmamışdır. Belə ki, səmimi və etibarlı münasibətlərlə yanaşı, müəyyən dövrlərdə qarşıdurmalar, çəkişmələr, hətta müharibələr də baş vermişdir. Bütün bunlar müəyyən hərbi-siyasi məqsədlərin həyata keçirilməsinə imkan yaratsa da, ancaq hər iki tərəfdə böyük itkilərə, insan tələfatına, dağıntılara, iqtisadi fəlakətlərə səbəb olmuşdur. Dünya təcrübəsi göstərir ki, hətta qalib gələn tərəflər də zəfərdən sonra ölkəni normal vəziyyətə gətirmək, yaraları sağaltmaq üçün illər və ömür sərf etmişlər. Ona görə uzaqgörən xalqlar tarix boyu həm ölkələrin daxilində, həm də beynəlxalq münasibətlərdə qarşıdurmalara və müharibələrə yox, dialoqa, sülhə və birgəyaşayışa, həmrəyliyə can atmış, bu amillərin inkişaf etdirilməsinə üstünlük vermişlər. Bütün bunlar isə öz növbəsində, ölkələrin və xalqların tarixində və taleyində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğunu əyani surətdə nəzərə çarpdırmışdır.

Beləliklə, bəşəriyyət “multikulturalizm” sözünü icad etməsə də, hələ qədim zamanlardan multikultural həyat tərzini əhəmiyyətli sayaraq bu yola üstünlük verilməsinin zəruriliyini dərk etmişdir. Ona görə də ən qədim zamanlardan hansı ölkələrdə multikultural həyat tərzi mövcud olmuşdursa, qorunub saxlanılmış və qiymətləndirilmişdirsə, orada real olaraq cəmiyyətin sabit həyatına və davamlı inkişafına nail olunmuşdur. Bütün bunlardan isə xalqlar və ölkələr rahatlıq tapmış və inkişaf etmək üçün şans qazanmışlar. Multikultural münasibətləri formalaşdıra bilməyən, cəmiyyəti tarazlaşdırmaqda yanlışlıqlara yol verən, birtərəfli münasibət bəsləyən ölkələrdə isə yerli əhali də, qonşu xalqlar da ən müxtəlif səviyyələrdə böhranlarla üzləşmiş, əzab-əziyyətlə qarşılaşmalı olmuşlar. Bütün bunlara görə multikulturalizm xalqların və ölkələrin birgəyaşayışının və davamlı inkişafının, dinc və yanaşı fəaliyyətinin hərəkətverici qüvvəsinə çevrilmişdir.

Multikulturalizm – müxtəlif xalqların vahid cəmiyyətdə birgəyaşayışı və həmrəyliyi modelidir.
Multikulturalizm – müxtəlif mədəniyyətlərin qarşılıqlı etimada əsaslanan dialoqudur.
Multikulturalizm – dinlərarası münasibətlərdə tolerantlıq nümunəsi göstərmək deməkdir.
Multikulturalizm – ölkənin siyasi-mənəvi zənginliyinin əsas göstəricilərindən biridir.

Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri birgə yaşamış, burada dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşmışdır. Bu, Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid örnəklərində də özünün parlaq bədii əksini tapmışdır. Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin (1141-1209) məşhur “Yeddi gözəl” poeması multikultural ideyalar əsasında yazılmış möhtəşəm sənət nümunəsidir. Əsərdə Çin qızının, Slavyan gözəlinin, Rum qızının, Hind, Xarəzm, Məğrib (Qərb) gözəlinin dilindən deyilmiş hekayətlər də ayrı-ayrı xalqların taleyinin ən maraqlı anları, ibrətamiz hadisələri sanki Azərbaycan nağıllarında olduğu kimi təqdim olunur. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması multikultural dəyərlərin insanın və cəmiyyətin mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir. “Yeddi gözəl” – müxtəlif xalqların mədəniyyətlərinə hörmət və ehtiramın böyük poeziya çələngidir. Bu əsərdə milli mənsubiyyətindən və dini inancından asılı olmayaraq, ümumiyyətlə insana dərin ehtiram duyğuları ifadə olunmuşdur. İnsanı hər şeydən uca tutmaq ideyası Şərq intibah mədəniyyətinin ən mühüm çağırışıdır.

Humanizmin böyük carçısı Nizami Gəncəvi Şərq intibah ədəbiyyatının qüdrətli yaradıcılarındandır. Nizami Gəncəvi ilə yanaşı Şota Rustaveli, Əfzələddin Xaqani, Əbülqasim Firdovsi, Sədi Şirazi, Mövlana Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Əcəmi Naxçıvani, İbn Sina, Fərabi, Bəhməniyar, Əbdülqadir Marağayi və başqaları Şərqdə intibah mədəniyyətinin yaranmasında və inkişafında böyük xidmətlər göstərmiş görkəmli simalardır.

Orta əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsimi (1369-1417) sözün böyük mənasında insanı və insanlığı tərənnüm etmişdir. O, insana mənəvi kamilliyinə və pak əməllərinə görə qiymət verilməsini zəruri saymışdır. Ümumiyyətlə, kamil insan konsepsiyası orta əsrlər Azərbaycan ədəbiyyatının ən aparıcı istiqamətini təşkil etmişdir. Həmin dövrdə Şərq ölkələrində, o cümlədən Azərbaycan ədəbiyyatında insanın mənəvi zənginliyi və kamilliyi əsasən məhəbbət motivləri üzərində qurulmuşdur. Məhəmməd Füzuli (1494-1556) məşhur “Leyli və Məcnun” poeması ilə Şərqin ən böyük məhəbbət dastanlarından birini yaratmışdır. Məhəmməd Füzuliyə görə, insanın sədaqəti və sevgisi onun mənəvi varlığının əsasını təşkil edir. Füzuli insana və zamana münasibətini “aşiqanə” dillə ifadə etmişdir. Şairin “aşiqanə” qəzəlləri geniş mənada insana məhəbbət şeirləridir. Qərb Renessans ədəbiyyatında sonet janrında yazılmış şeirlərin daşıdığı funksiyanı Şərq poeziyasında qəzəl yerinə yetirmişdir. “Leyli və Məcnun” poeması Şərqin “Romeo və Cülyetta”sı olduğu kimi, qəzəl də türk-müsəlman dünyasının sonetidir.

İnsana ehtiram ideyası əsrdən-əsrə inkişaf edərək nəinki onun mənəvi aləminin zənginliyinin və etibarının, hətta cəmiyyətdəki harmoniyanın mühüm amillərindən birinə çevrilmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Hüseyn Cavid (1882-1941) sevgini ideallaşdıraraq insanın və cəmiyyətin ən böyük dəyərlərindən biri səviyyəsinə qaldırmışdır. Onun dərin inamına görə: “Məhəbbətdir ən böyük din!” Bu, Azərbaycan ədəbiyyatında multikultural düşüncənin, ümumbəşəri baxışların ən yüksək zirvəsinə çatan ideyadır. Burada inanclara qarşı etimadsızlıq yox, insanlığa böyük ehtiram öz əksini tapmışdır.

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin (1869-1932) əsərlərində ifadə olunan humanizm həmin dövrdə cəmiyyətdəki ictimai-mənəvi münasibətlərin aparıcı istiqaməti kimi qiymətləndirilməyə layiqdir. Ədibin “Kamança” pyesində humanizm yalnız qonşuluq münasibətlərinin deyil, bütövlükdə insanlığın ən vacib keyfiyyətlərindən biri səviyyəsində təqdim olunmuşdur.

Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının (1899-1934), xalq şairi Səməd Vurğunun (1906-1956), xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) əsərlərindəki Şərq və ya Qərb kontekstindəki xalqlar dostluğu ideyası qarşılıqlı insan münasibətlərinin real bədii ifadəsidir. Yazıçıların insani münasibətlərdə dostluğu və birgəyaşayışı qorumaq və daha da möhkəmləndirmək ideyaları böyük ədəbiyyatın əsas çağırışlarından biridir.

Beləliklə, çoxəsrlik Azərbaycan ədəbiyyatı daim insanlığı uca tutmağı, birgəyaşayışa ehtiram bəsləməyi, cəmiyyətdəki münasibətləri tarazlamaqla dialoqa və həmrəyliyə əsaslanmağı təbliğ etmişdir. Bütün bunlar öz növbəsində, Azərbaycan ədəbiyyatında milli dəyərlərlə yanaşı, bəşəri meyarları da qüvvətləndirmişdir.

Bu yolla ədəbiyyat cəmiyyətin inkişafında harmoniyanın rolunu, zəruriliyini diqqət mərkəzinə çəkmişdir. Bu isə öz növbəsində, insan və zaman münasibətlərini tarazlamış, müxtəlif xalqların eyni coğrafiyada birlik və bərabərlik, qarşılıqlı etimad içərisində yaşayıb, irəliyə doğru inkişafa xidmət etmələrinə şərait yaratmışdır. Ona görə də Azərbaycandakı multikultural tarazlığın əsas mənbələrindən biri də ədəbiyyatdır. Çoxəsrlik Azərbaycan ədəbiyyatı həmişə insanlığı, dostluğu, birgəyaşayışı, dialoqu diqqət mərkəzinə çəkmişdir.

Təəssüf ki, dünyanın ayrı-ayrı ölkələrində multikulturalizmə münasibətdə ikili standartlar əsasında yanaşmalar mövcuddur. Bir sıra ölkələrdə müşahidə olunan dini və milli ayrı-seçkilik cəmiyyətdə qarşıdurmalara, hətta terrorizmə şərait yaratmışdır. Nədənsə bəzi ölkələrdə millətlər və dinlər arasında dialoq qurmaq əvəzinə ziddiyyət yaratmağa doğru addımlar atılır. Bundan isə təkcə həmin ölkələr yox, digər xalqlar da əziyyət çəkməli olurlar. Multikulturalizm və tolerantlığın arxa plana keçirildiyi ölkələrdə baş verən faciəli hadisələrin bir çoxunun kökündə milli və dini zəmindəki ayrı-seçkiliyin dayandığını görməmək mümkün deyil. Bir çox hallarda belə acı aqibətə malik olan hadisələrin açıq və ya örtülü şəkildə dəstəklənməsi də qəbuledilməzdir. Təəssüf ki, həmin ölkələrdə yaranan ədəbiyyatın da qarşıdurmalara və ayrı-seçkiliklərə etiraz sədaları eşidilmir. Hələ ki baş verən qanlı terror hadisələrinin, müharibələrin, qarşıdurmaların mahiyyətini açan, köklərini və səbəblərini əks etdirən, doğurduğu real faciələri insanların taleyində dərindən ifadə edən böyük ədəbiyyatın reaksiyası zəif görünür. Antimultikultural mühit ikili siyasətdə, fərqli münasibətlərdə aşkar müşahidə olursa da, ədəbiyyat və incəsənət əsərlərində bu dalğanın əks-sədası ümumdünya miqyasına çıxacaq səviyyədə deyil. Terrorizmin, əzablı yollardan keçən miqrasiya axınlarının, qarşıdurmaların hərbi-siyasi, ictimai-iqtisadi, sosioloji-kultural dərinliklərini tam mənası ilə əks etdirib ümumiləşdirən, bu böyük fəlakətdən bəşəriyyəti xilas etməyin proqnozlarını verən elmi əsərlərə də ciddi ehtiyac var. Bundan başqa, zaman multikulturalizm və tolerantlığın cəmiyyətdəki əhəmiyyətini, üstünlüklərini real şəkildə açıb göstərən elmi və bədii əsərləri də meydana çıxarmalıdır. Multikulturalizmə qarşı olan etinasız münasibətin ağrısını yaşayan xalqlar baş vermiş hadisələrdən obyektiv nəticə çıxarmalı, birgəyaşayışın və dialoqun təmin edilməsi üçün qətiyyətli addımlar atmalıdırlar. Həmrəyliyə və dialoqa çağırış böyük ədəbiyyatın da, müasir elmin də ən mühüm vəzifələrindəndir.

Hazırda Azərbaycan cəmiyyətində müxtəlif xalqların nümayəndələrinin vahid ailədə dinc və yanaşı yaşayıb işləmələri ölkəmizin əsas mənəvi sərvətlərindən biridir. Azərbaycandakı möhkəm multikultural əsaslara malik olan tolerant mühit müasir inkişafın əsas göstəricilərindəndir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə “normal həyat tərzi” kimi yüksək qiymətləndirir və həmin istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verir. Bu mənada Azərbaycan Respublikasında müasir dövrdə multikulturalizmə münasibətdə mövcud həyatın reallıqları ilə aparılan məqsədyönlü dövlət siyasəti bir-birini tamamlayır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini və həmrəyliyini ehtiva edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Hamımızın bir vətəni var. Bu, Azərbaycandır” təlimi ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların hamısının eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya – azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətidir. Bu müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla və ardıcıllıqla davam etdirilir. Azərbaycandakı sabit və dinamik həyat, inkişaf edən cəmiyyət həmin siyasətin konkret əməli nəticəsidir. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi və il ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasi-ideoloji və ədəbi-mədəni tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir.

Müasir dövrdə Azərbaycan Respublikası dünyada mədəniyyətlər və dinlərarası münasibətlərin dialoquna və harmoniyasına ən bariz nümunədir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun 29-30 aprel 2016-cı il tarixdə Bakı şəhərində keçirilməsi Azərbaycan Respublikasının həmin istiqamətdə dünyadakı ən örnək dövlətlərdən biri olduğunu təsdiq edir. Ölkəmizdə bu istiqamətdə ardıcıl olaraq keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirləri, aparılan müzakirələr, çıxarılan nəticələr qlobal və regional miqyasda yeni inkişafa təkan verəcək ideyaların daha da genişlənməsinə böyük töhfələr verir.

Azərbaycan – XXI əsrin mühüm çağırışlarından olan multikulturalizmin dünyadakı əsas mərkəzlərindən biridir. Multikulturalizm və tolerantlığın bərqərar edilməsi Azərbaycanın müasir dövrdəki hərtərəfli və sürətli inkişafına təkan verir, gələcək inkişaf yollarına gur işıq salır. Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə hardasa iflasa uğrayıb, amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır”.

Azərbaycan Respublikasının multikulturalizm və tolerantlıq təcrübəsi yeni tarixi epoxada müasir birgəyaşayışın və həmrəyliyin əməli nümunəsi, mükəmməl modeli hesab edilməyə layiqdir.

Azərbaycan Milli Elmlər Akademiyasında “Multikulturalizm ili” işığında genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. İl ərzində akademiyanın Fəlsəfə, Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Folklor, Memarlıq və İncəsənət institutlarında genişmiqyaslı elmi konfranslar təşkil olunmuşdur. Fəlsəfə İnstitutunda Multikulturalizm elmi-tədqiqat şöbəsi fəaliyyətə başlamışdır. Akademiyanın əməkdaşlarının multikulturalizm və tolerantlıq məsələlərinə həsr edilmiş elmi əsərləri və məqalələri ictimaiyyətə təqdim edilmişdir.

Azərbaycan və Rusiya alimlərinin birgə səyləri və qarşılıqlı əməkdaşlığı əsasında meydana çıxmış “Multikulturalizm: meyillər və reallıqlar” adlı məqalələr toplusu da (2016) həmin istiqamətdə ölkələrimizdə toplanmış təcrübəni, əldə olunmuş mühüm nəticələri özündə əks etdirir. Bu kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialı ilə qarşılıqlı əməkdaşlığı əsasında hazırlanmışdır. Nizami adına Ədəbiyyat İnstitutunun Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialı arasında 27 may 2014-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsi əsasında bundan əvvəl görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun yaradıcılığına həsr edilmiş videokonfrans keçirilmiş və müəlliflər kollektivi tərəfindən monoqrafik kitab hazırlanıb nəşr edilmişdir.

Nizami adına Ədəbiyyat İnstitutunun Almaniyanın Humboldt Universiteti (2013), Beynəlxalq Türk Akademiyası (Astana, 2013), Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu (2013), Qafqaz Universitetlər Birliyi (Türkiyə, 2014), Sankt-Peterburq Smolnı Universiteti (2014), Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu (2014), Çin Konfutsi Mərkəzi (2015), Rusiya Elmlər Akademiyasının Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (2015-2016), Təbriz Universiteti (İran, 2016), Belarus Elmlər Akademiyasının Yanka Kupala adına Ədəbiyyat İnstitutu (2016) ilə imzaladığı əməkdaşlıq müqavilələri yeni tarixi epoxada elm sahələri və mədəniyyətlərarası dialoqun, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə geniş meydan açır.

Milli Elmlər Akademiyasının, o cümlədən Ədəbiyyat İnstitutunun əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi tədbirlərdə məruzələrlə çıxış edirlər. Beynəlxalq əlaqələrin genişlənməsi qarşılıqlı əməkdaşlığın və dialoqun əhəmiyyətini daha da artırmışdır. Hazırda milli-mənəvi dəyərlərin, davamlı ənənələrin və ölkənin müasir reallıqlarının dərindən, əsaslı şəkildə öyrənilməsi ilə yanaşı, dünya təcrübəsinin nəzərə alınması və bəşəri ideyalarla zənginləşmə də elmi-ədəbi fikrin dialektik inkişafının hərəkətverici qüvvəsini təşkil edir.

“Multikulturalizm: meyillər və reallıqlar” kitabı müasir şəraitdə ayrı-ayrı ölkələrin elmi qurumları, ali təhsil ocaqları və elm adamları arasında qarşılıqlı əməkdaşlığın və dialoqun zərurətini bir daha diqqət mərkəzinə çəkir. Bu kitabın təqdimatı üçün Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş beynəlxalq elmi seminarda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Belarus, Estoniya, Ukrayna, Gürcüstan, Türkmənistan alimlərinin iştirakı və çıxışları geniş mənada multikulturalizmə və tolerantlığa, ölkəmizin bu sahədəki zəngin təcrübəsinə dünya elmi ictimaiyyətinin böyük marağını və dəstəyini ifadə edir.

Beləliklə, multikulturalizm yalnız mədəniyyətlərarası dialoqun deyil, eyni zamanda qarşılıqlı əlaqələrin də böyük potensiala və geniş imkanlara malik olduğunu göstərir. Azərbaycan Respublikası cəmiyyətin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün multikulturalizm istiqamətində Prezident İlham Əliyevin məqsədyönlü şəkildə müəyyənləşdirdiyi yolla gedərək dünyaya müasir inkişafın yeni-yeni nümunələrini göstərir.

Xankəndi

Hazırda Qərb ölkələrində multikulturalizm prinsipləri ciddi şəkildə böhran keçirməkdədir. Avropanın aparıcı Britaniya, Almaniya və Fransa kimi ölkələrində multikulural dəyərlər siyasi zədə alaraq, müəyyən qüvvələr tərəfindən bilərəkdən gözdən salınır.

Müasir alman filosofu Yürgen Habermasın dediyi kimi, multikulturalizmin əsas prinsipi “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması”, yəni azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. Ümumiyyətlə, azlığın dəstəklənməsi proqramının dövlət siyasətinin sadəcə bir xəttinə yox, ümumən bütün sosial-siyasi sistemin tərkib hissəsinə çevrilməsi vacibdir.

Hələ XVIII-XIX əsrlərdə Avropada savaşların getdiyi bir vaxtda çoxlu sayda alman dünyanın müxtəlif qitə, region və ölkələrinə miqrasiya etməyə başladılar. 1917-ci ildə Şimali Qafqazdakı 200-dən artıq alman koloniyasında 160 mindən çox alman yaşayırdı. 1819-cu ildən sonra Azərbaycanda 194 alman miqrant ailəsinin yerləşdirilməsindən sonra çoxlu koloniya yaradıldı: məsələn, “Annenfeld”, “Helenendorf”, “Georqsfeld”, “Qrünfeld”, “Ayxenfeld” və “Traubenfeld”.

1918-ci ilə qədər bütün Azərbaycan ərazisindəki almanların ümumi sayı 6 min nəfər idi. Azərbaycanda yaşayan almanlar dini baxımdan Protestantlığa etiqad edir və çox rahat şəkildə dini ibadətlərini həyata keçirə bilirdilər. Ən əsası isə, 1857-ci ildə Helenendorf, 1868-ci ildə Gədəbəy, 1869-cu ildə Şamaxı, 1897-ci ildə Bakı və 1911-ci ildə isə Annenfeldə almanlar tərəfindən kilsələr inşa olunmuşdu.

Azərbaycanda yaşayan almanlara təkcə din, məişət azadlığı yox, həmçinin öz dillərində qəzet buraxmaq kimi imkanlar da yaradılmışdır. Misal olaraq, 1924-cü ildə Bakıda çap olunan “Bauer und Arbeit” adlı qəzetin adını çəkmək olar. Alman dilində nəşr olunan həmin qəzetin işçi heyəti – A.A. Erfurt, P.Kulfeldt və Schönberg adlı almanlardan ibarət idi.

Bu qədər açıq və çoxmədəniyyətli Azərbaycan cəmiyyətində həmişə qeyri-azərbaycanlılara qarşı xoş və müaliyim rəftar sərgilənib. Vaxtilə almanlar Azərbaycana miqrasiya etmişdilərsə, sonradan Qarabağ müharibəsindən dolayı bəzi qaçqınlar Almaniyaya köçdülər. Almaniyada baş alan ksenofob, dini, etnik, milli ayrı-seçkilik zəminindəki düşüncə və fikirlərdən dolayı mənfi davranış Azərbaycandan olan mühacirlərə qarşı da müşahidə olunub. 2015-ci ildə Bavariya əyalətində yerləşən Azərbaycandan olan 19 miqrantın, həmçinin 3 azyaşlı uşağın məşkunlaşdığı sığınacağa millətçilər od vuraraq yandırdılar.

Faktlar onu göstərir ki, Avropada multikulturalizm birgə yaşam tərzi anlayışından çıxaraq, sırf siyasi əhəmiyyət daşımağa başlayıb. Bir vaxtlar ağız dolusu ilə multikuluralizmdən danışan Avropanın dediyi prinsiplər sarsılmaqdadır.

“Amnesty İnternational” təşkilatının verdiyi məlumata görə, bu günə qədər Almaniyada 6 mindən çox fəal nasist qeydə alınıb, miliyyətçilər tərəfindən irqi zəminində ən azı 200-dən artıq cinayət törədilib. Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında keçirdiyi görüşlərin birində bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri “tamamilə iflasa uğrayıb”.

Ümumiyyətlə, “Ümumavropa evi” konsepsiyasının mənəvi əsaslarını təşkil edən multikulturalizm ideyasından rəsmi şəkildə imtina edilməsi mahiyyət etibarilə Avropanın immiqrasiya siyasətində fikirlərin toqquşması hallarının artmasına gətirib çıxardı. Multikulturalizmin paradiqmasına uyğun olaraq, mədəni müxtəliflikləri dərk etmək ədalətin əsas şərtidir. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla onların realizasiyasının praktik gerçəklikləri arasındakı uyğunsuzluq nəticəsində yaranır. Multikulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə söykənən sosial strukturların qarşılıqlı əlaqəsi üzərində qurulmasını nəzərdə tutur. Multikulturalizmin alternativi assimilyasiyadır, etnik-milli xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir.

Multikulturalizm termini Avropanın siyasi leksikonunda ilk növbədə daha çox “tolerantlıq” kimi anlaşılırdı. Yəni Avropa hökumətlərinin məsələyə konseptual baxışı ikinci və üçüncü nəsildən olan mühacirlərin cəmiyyətə inteqrasiyasına yox, yad mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa, daha çox dözümlü olmağa əsaslanırdı. Avropa ölkələrinin hökumətləri multikulturalizm siyasətini heç də inteqrasiya məqsədilə yox, daha çox siyasi və elektoral mülahizələrdən çıxış etməklə yürüdür, bu zaman özlərinin məhdud populist və sırf praqmatik maraqlarını güdürdülər.

Elə bu səbəbdən də anti-miqrant, anti-müsəlman siyasi kurs yürüdən “PEGİDA” “AfD”, “LEGİDA”, “Die Rechten” kimi sağ təmayüllü siyasi partiya və təşkilatlar əhalinin səsini qazanmaq üçün anti-multikultural düşüncələrlə çıxış etməyə başladılar. Millətçi atmosferin formalaşması nəticə etibarı ilə cəmiyyətdəki multikulturalizmin özülünü yavaş-yavaş dağıtmağa başladı.

“Azərbaycan Modeli”

Əsirlər boyu inkişaf keçərək püxtələşən və hər bir ölkəyə nümunə ola biləcək multikuluralizmin artıq “Azərbaycan Modeli” var. Əslində multikulturalizm və assimilyasiya eyni problemin – cəmiyyətin parçalanmasının həlli üçün irəli sürülən müxtəlif strategiyalardır. Avropada istiqamətverici fikirlərdən biri də o olub ki, immiqrasiya və inteqrasiya dövlət strategiyaları və qurumları tərəfindən idarə edilməlidir. İstər immiqrantların, istərsə də yerli qrupların real inteqrasiyası isə dövlətin fəaliyyətində nadir hallarda öz əksini tapıb.

Birincisi, Avropa yaşanmış bir təcrübə kimi sosial müxtəlifliyi siyasi bir proses kimi multikulturalizmdən ayırmalıdır. Kütləvi immiqrasiya nəticəsində yaranan sosial müxtəliflik qəbul edilməlidir. İkincisi, Avropa irqçiliyi görməzdən gəlməməlidir. Ancaq bu, o demək deyil ki, dövlət xüsusi qruplara qarşı diskriminasiyanı gözardı etməlidir.

Azərbaycan əsirlər boyu müxtəlif xalqların nümayəndələri ilə çox sıx və bir dövlətdə yaşayıblar. Heç bir zaman ölkədəki etnik qruplar arasıda multkulturlizmin prinsiplərinə tərs olaraq təpki müşahidə olunmayıb. Azərbaycanda ləzgi, tat, talış, yəhudi, rus, gürcü, alman, udin, buduq, ingeloyd, avar, dargin və digər etniklər tarixin müəyyən dövründə yaşayıb və hələ də birlikdə yaşamaqdadırlar. Məsələnin incəliyinə varsaq, hətta erməni əsilli vətəndaşların hazırda Azərbaycanda birgə yaşadıqlarını demək olar. Bu, Azərbaycan modelinin sadəcə etnik və millət tərkibidir.

Şübhəsiz ki, multikultural modelin forlaşması üçün dövlətin də diqqət və qayğısı danılmazdır. Prezident İlham Əliyevin 2015-ci il 15 may tarixli qərarı ilə “Bakı Beynəlxalq “Multikulturalizm Mərkəzi” yaradıldı. “Multikuluralizm Mərkəzi” tez-tez ölkə daxilində və xaricidə müxtəlif səpkidə elmi konfrans və simpoziyumumlar təşkil edərək “Azərbaycan Modeli”ni dövlətlərin diqqətinə çatdırır.

Bundan başqa prezident İlham Əliyevin xüsusi fərmanı ilə “Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri” adlı səlahiyyətli dövlət rəsmi nümayəndəliyi təsis olundu. Sözügedən müşavir də öz növbəsində dünya çapında multikuluralizmin tam qayəsini, o cümlədən Azərbaycanın qazandığı tarixi təcrübələrin, modelinin dünyaya ixrac olunmasında əsas fiqurlardan sayılır.

Bu zamana qədər Azərbaycanın təşkilatçılığı ilə Almaniyada keçirilən multikulturalizm və tolerantlıq adlı mövzuların hamısı xüsusən diqqət çəkir. Konfransaların bir çoxuna Almaniyanın bir sıra yüksək səviyyəli dövlət rəsmilər qatılıblar. 2015-ci ildə Auqsburq Universitetində keçirilən növbəti akademik kurrikulumla 11-ci ali məktəbə imza atılıdı. Belə ki, bütün bu çəkilən zəhmətin nəticəsində Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya, Almaniya və Belarus universitetlərində “Azərbaycan Multikulturalizmi” adlı fənni həm magistr, həm də bakalavr dərəcələrində tədris olunmağa başlanılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.