Görkəmli siyasi xadim və sərkərdə Uzun Həsən
Oğuz elinə və onun Bayandur boyuna aid olmasına görə qürur duyurdu. Təkcə Quranı deyil, hədisləri də Azərbaycan dilinə tərcümə etdirmişdi. Dini kitabların doğma dilə tərcümə edilməsini, sadə xalq arasında yayılmasını savab iş hesab edirdi.
Uzun Həsən
Oğuz tayfalarından biri olan Ağqoyunluların soykökü ” Kitabi – Dədə Qorqud ” qəhrəmanı Bayandur xana gedib çıxır. Erkən orta əsrlərdə Ağqoyunlular çox geniş bir ərazidə məskunlaşmışdılar. Bu əraziyə Cənubi Qafqazda Qafqaz dağları ilə Araz çayının arası, Göyçə gölünün ətrafı, alagöz yaylaqları, Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri daxil idi.
XIV əsrin sonları- XV əsrin əvvələrində Əmir Teymurla müttəfiqlik və dostluq münasibətləri yaradan Ağqoyunlular öz siyasi rəqibləri olan Cəlairilər və Qaraqoyunlulara qarşı mübarizə aparmış, Şərqi Anadolunun cənub torpaqlarında əsas siyasi qüvvəyə çevrilmişdilər. Qara Yuluq Osman bəy tarixi mənbələrdə Amid bəyliyi adlanan Ağqoyunlu Oğuz dövləti yaratmağa nail olmuşdu. Bu dövlətin mərkəzi Diyarbəkr idi. Dövləti idarə edən sülülə isə ulu babaları Bayandur xanın adı ilə Bayandurlar adlanırdı.
Qara Yuluq Osman bəydən sonra hakimiyyətə gəlmiş Cahangir Mirzənin dövründə (1434 – 1453) dövlətin birliyi günü-gündən zəifləyirdi. Onun vəfatından sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda çəkişmələr başladı. Yalnız Cahangir Mirzənin arvadı Sara xatının müdrikliyi və saraydakı nüfuzu sayəsində dövlətin varlığı qorunub saxlandı. Sara xatın oğlu Uzun Həsənin Ağqoyunlu taxtına çıxmasına nail oldu.
Uzun Həsən Cahangir bəyin oğlanları arasında hərbi istedadı və siyasi uzaqgörənliyi ilə seçilirdi. O , hakimiyyətə gəldikdən sonra Amid bəyliyi xeyli möhkəmləndi. Şərqin, türk-müsəlman dünyasının ilk qadın diplomatı olan Sara xatın dövlət həyatının bütün sahələrində oğlunun ən yaxın məsləhətçisi idi.
XV əsrin 50-ci illəri idi. Yenə də Azərbaycan torpaqlarının başı üzərini qara buludlar almışdı. Hakimiyyət, taxt-tac uğrunda tayfalar arasında qanlı çarpışma gedirdi. Ağqoyunlularla Qaraqoyunlular bir-birinə qənim kəsilmişdilər. Qaraqoyunlu dövlətinin zəiflədiyini duyan Uzun Həsən yaranmış əlverişli şəraitdən istifadə edərək, Azərbaycanda vahid dövlət yaratmaq istəyirdi.
Trabzon məsələsi
XV əsrin ortalarında Ağqoyunlularla Osmanlı dövləti arasında münasibətlər çox gərgin idi. Azərbaycanın siyasi-coğrafi mövqeyi Avropa- Şərq ticarətində onun rolunu artırırdı. Buna görə də Osmanlı sultanı Fateh II Mehmet bu bölgəyə yiyələnmək üçün böyük səy göstərirdi. Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də öz rolunu oynadı.
Ağqoyunluların 1204-1461-ci illərdə mövcud olmuş Trabzon (Trapezund) yunan dövləti ilə dostluq əlaqələri var idi. Üstəlik Uzun Həsən Trabzon imperatorunun qızı Feodora ilə evlənmişdi. Onun adını dəyişərək Dəspinə xatın qoymuşdular. Bu qohumluq münasibətlərinə görə Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Həm də Trabzonun Ağqoyunlular üçün böyük iqtisadi əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi.
II Mehmetin Trabzon üzərinə hücumu ilə Osmanlı imperatorluğu və Ağqoyunlu dövləti arasında müharibə başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci ildə Qoyluhisar adlandırılan yerdə baş verdi. Bu döyüş Ağqoyunluların qələbəsi ilə başa çatsa da, rəqib öz gücünü hələ tam göstərməmişdi.
Ana-oğul sövdələşməsi
Fateh II Mehmet Ərzincan yaxınlığında Bolqar yaxınlığında Bolqar dağının ətəyində yerləşən Yassıçəmən yaylağında düşərgə salıb yeni döyüşə hazırlaşırdı. Ağqoyunluların vəziyyəti xeyli çətinləşmişdi, çünki osmanlılarla müharibə onları əldən sala, ölkə daxilində hərbi-siyasi güc nisbətini Qaraqoyunluların xeyrinə dəyişə bilərdi. Vaxt qazanmaq, osmanlılarla müvəqqəti də olsa, sülh əldə etmək lazım idi.
Dəfələrlə bu cür vəziyyətlərdən çıxış yolu tapan Sara xatın bu dəfə də oğlunun köməyinə gəldi. Ana ilə oğlu arasında olmuş söhbət o dövrün tarixi salnamələrində öz əksini tapmışdılar.
Uzun Həsən yaranmış şəraitdə osmanlılarla sülhün yeganə çıxış yolu olduğunu anasına bildirdi. Sara xatın oğlunu dinlədikdən sonra dedi:
– Düz deyirsən,oğlum,indi yeganə yol Fatehlə sülh müqaviləsi bağlamaqdır.
– Bunu ancaq sən edə bilərsən,ana
– Doğru deyirsən. Bu işi sən mənə həvalə elə. Sultan Mehmet ağıllı adamdır, xalqımızın adət- ənənələrinə dərindən bələddir. Yəgin ki, mənim sözümü yerə salmaz
– Ana, sən ikinci bir məsələni də həll etməlisən. Trabzonun varlığını qoruyub saxlamağa çalışmalısan. Ancaq əgər bu məsələdə sultanın təminatını ala bilməsən, çox da təkid etmə. Əsas məsələ onunla sülhə nail olmaqdır.
Yassıçəmən sülhü
Bir neçə gündən sonra Sara xatın çoxlu qiymətli hədiyyələr və mötəbər bir elçi heyəti ilə Yasııçəmənə yola düşdü. Sultan II Mehmet onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirdi. Onlar bir – birinə ” ana ” , ” oğul ” – deyə müraciət edirdilər.
Sultan Mehmet dedi:
-Ana, Həsən bəylə savaşa girmək istəmirəm.O da mənim qardaşım. Biz bir – birimizlə anlaşsaq, yaxşı olmazmı?
Sara xatın yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:
-Elədir,oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş – qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə xatın Həsən bəyin arvadıdır.
-Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdən ona kömək də edərəm. Trabzona gəlincə isə, ana, gərək məni bağışlayasan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.
Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkin olmadığını görərək çox təkid etmədi.Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki, dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilirdi ki, Trabzon Ağqoyunlu – Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə, Sara xatın Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmet razılığını aldı. Bu hadisə 1461 – ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.
« Əbu Səid Fateh II Mehmet ola bilməz! »
Osmanlılarla münasibətləri yoluna qoyan Uzun Həsən Qaraqoyunlularla mübarizəyə başladı. 1467 – ci ilin noyabrında baş vermiş Muş döyüşündə Qaraqoyunluların məğlubiyyəti onların süqutunun başlanğıcı oldu. Bu döyüşdə Qaraqoyunlu hökmdarı Cahanşah öldürüldü. Bağdada qədər bütün ərazilər Uzun Həsənin əlinə keçdi.
Qaraqoyunluların xalqın dəstəyini itirməsindən məharətlə istifadə edən Uzun Həsən az bir zamanda Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz ələ keçirdi. 1468 – ci ildə o, Təbrizə daxil olaraq Ağqoyunlu dövlətinin yaradıldığını elan etdi.
Qaraqoyunlu dövlətinin dağılmasından sonra Teymurilərlə Ağqoyunluların münasibətləri kəskinləşdi. Uzun Həsən Teymuri hökmdarı Əbu Səidlə müharibəyə girməkdən ehtiyat edərək anası Sara xatının başçılığı ilə elçi heyətini onun yanına göndərdi. Sara xatın bütün diplomatik məharətini işə salsa da, Əbu Səidi mövqeyindən döndərə bilmədi. Bu, hökmdar Ağqoyunlu dövlətinin qüvvətlənməsini özü üçün böyük təhlükə hesab edirdi. Sara xatın geri qayıdıb Uzun Həsənə belə dedi: « Əbu Səid Fateh II Mehmet ola bilməz! » Ağbirçək anasının sözünün yerə düşməsi Uzun Həsənə bərk təsir etdi və onun Əbu Səidə qarşı nifrətini artırdı. Ağqoyunlu hökmdarı bu düşməninə qarşı bütün hərbi – siyasi bacarığını işə saldı.
1468 – ci ilin payızında Azərbaycanın cənub torpaqlarına daxil olan Əbu Səidə buradan hərəkət edərək Qızılağacda – Xəzərin sahillərində məskən salmışdı. Düşmənə qarşı mübarizədə Uzun Həsən Şirvanşah Fərrux Yassar və Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi blokadaya aldılar. Aclığa düçar olan düşmən qoşunu dağılmağa başladı. Əbu Səid vəziyyətin ağırlığını görüb sülh təklif etsə də, Uzun Həsən razılaşçadı. Teymuri ordusu ağır məğlubiyyətə düçür oldu.
Beləliklə, Uzun Həsən qısa müddətdə Kürdən cənubda olan Azərbaycan torpaqlarını, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı əhatə edən qüdrətli bir türk – Azərbaycan dövləti – Ağqoyunlu imperatorluğu yaratmağa nail oldu.
Qərbin arxadan zərbə siyasəti
Uzun Həsənin hakimiyyəti illərində Azərbaycan özünün xarici siyasətində yeni mərhələyə qədəm qoydu. Ağqoyunlu imperatorluğu dünyanın siyasi iqlimini müəyyənləşdirən dövlətlərdən birinə çevrildi. Ağqoyunlularla Venesiya şəhər respublikası, Böyük Moskva knyazlığı, Polşa, Macarıstan, Avstriya, Çexiya, Almaniya, Vatikan və s. Ölkələr arasında əlaqələr yaranmışdı. Uzuz Həsənin sarayına axışan diplomatların ardı-arası kəsilmirdi. Venesiya respublikasının isə burdada daimi səfirliyi var idi. Ağqoyunlu imperatorluğunu Azərbaycan tarixində Avropa ölkələri ilə geniş diplomatik əlaqələr qurmuş ilk dövlət saymaq olar.
Uzun Həsənin Avropa ölkələri ilə yaxınlaşmaq siyasəti xristian dünyası tərəfindən sevinclə qarşılandı. Qərb dövlətləri Uzun Həsəndən osmanlılara qarşı mübarizədə istifadə etmək niyyətində idilər. Osmanlı imperatorluğunun sürətlə Avropanın içərilərinə doğru irəlilədiyi bir zamanda Qərb bu dövlətə qarşı arxadan zərbə vurmaq siyasəti yürütməyə başladı. Qərbin məkrli planına əsasən osmanlılara zərbə Ağqoyunluların əli ilə vurulmalı idi. Buna görə də Qərb dünyası Uzun Həsəni ” İkinci Teymur” adlandırır və ona çox böyük ümidlər bəsləyirdi.
«Qaraman böhranı» Ağqoyunlu – Osmanlı ziddiyətlərini son həddə çatdırdı. Mühüm hərbi-strateji əhəmiyyətə malik olan, Ağqoyunlular üçün Aralıq dənizinə çıxış rolunu oynayan Qaraman bəyliyi Ağqoyunlu dövlətinin müttəfiqi idi. Sultan II Mehmet 1468- ci ildə Qaraman bəyliyinin varlığına son qoymuşdu.
O zaman Uzun Həsənin Osmanlı imperatorluğuna qarşı müharibəyə başlamaq planı yox idi. O, Aralıq dənizinə çıxış yolu açmaq üçün Suriyanı tutmaq istəyirdi. Lakin Qərbin və Ağqoyunlu sarayına sığınmış Qaraman şahzadələrinin iftiraları və təhrikləri nəticəsində Uzun Həsən qərarını dəyişməli oldu. Sultan II Mehmetin Avropada hərbi əməliyyatlar aparmasından istifadə edən Ağqoyunlu dövləti 1472 – ci ilin baharında Osmanlı imperatorluğuna qarşı müharibəyə başladı. Beləliklə, Qərbin məkrli siyasəti baş tutdu: Ağqoyunlu və Osmanlı imperatorluqları arasında qanlı müharibə, daha doğrusu, qardaş qırğını başlandı.
Ərzincandan Qaraman istiqamətində hərəkət edən Ağqoyunlu ordusu osmanlılara qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı. Venesiya höküməti buraya Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisləri göndərməyə söz vermişdi. Lakin venesiyalılar iki türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdılar və müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə düşdü.
II Mehmet Ağqoyunlu ordusunu Anadolunun şərqində qarşılamaq qərarına gəldi. Onun ordusu Fəratın sağ sahili ilə Malatya yaxınlığına qədər irəlilədi. Burada – çayın sol sahilində Ağqoyunlu qüvvələri mövqe tutmuşdu.
1473 – cü il avqustun 1-də Malatyada Ağqoyunlularla osmanlılar arasında döyüş başladı. Uzun Həsənin tətbiq etdiyi düzgün döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşununun əsas zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkə bildi və II Mehmet ağır məğlubiyətə uğradı. Osmanlı qoşununu təqib edən Ağqoyunlu süvariləri 1473- cü il avqustun 11-də onları Ərzincanla Ərzurum arasında, Otluqbeli adlanan yerdə qabaqladılar. Otluqbeli, bəzən də Tərcan adlanan bu döyüşdə Ağqoyunlular sayca çox olsalar da, odlu silahlardan isrifadə edən Osmanlı ordusu qalib gəldi. Tarixçi Oruc bəy Bayat həmin döyüş haqqında yazır: «İki nəhəng ordu bir-birilə döyüşə başladı və döyüş tamam iki gün çəkdi. Qələbənin sultanın tərəfində olmasını deyənlər haqlıdırlar. Lakin qələbə sultana o dərəcədə baha başa gəldi ki, o, Uzun Həsənin ölkəsinə hücum etməyə cəsarət etmədi. »
«Həsən padşahın qanunları»
Uzun Həsən uzaqgörən dövlət xadimi idi. O yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində yaradılmış Ağqoyunlu imperatorluğu ərazicə geniş olsa da, daxilən möhkəm deyil. Hər hansı xarici təhlükəni dəf etmək üçün ilk növbədə, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Bu məqsədlə Uzun Həsən islahatlar keçirdi. Ölkəni iqtisadi həyatını dirçəltmək, ölkə daxilində nizam – intizamı möhkəmlətmək üçün xüsusi «Qanunnamə» hazırlatdı.
«Qanunnamə» ölkə iqtisadiyyatının canlanmasını təmin etməli idi. Bu sənədə əsasən kəndlilərdən alınacaq vergilərin miqdarı dəqiqləşdirildi. Qanunların tətbiqi nəticəsində vergiyığan məmurların özbaşınalığına son qoyuldu, yığılan vergilərin birbaşa xəzinəyə daxil olması təmin olundu. Salnaməçi Xandəmir yazırdı ki, vergi islahatı nəticəsində əkinçilərin vəziyyəti xeyli yaxşılaşdı.«Uzun Həsənin günbəgün artmaqda olan ədalətindən Arran, Azərbaycan, Fars, Kirman, Əcəm və Ərəb İraqları abadlaşmağa başladı»
Uzun Həsənin «Qanunnamə»si yalnız vergi sisteminin deyil, dövlətin bütün daxili işlərinin qaydaya salınması üçün vacib sənəd idi. Hərbi-köçmə tayfaların, əyan və feodalların mərkəzi hakimiyyətə tabe etdirilməsində «Qanunnamə»nin böyük rolu var idi. Bu sənədin əhəmiyyəti o qədər böyük idi ki, bütün XVI əsr boyu qüvvədə qalmışdı. «Qanunnamə» sonralar «Həsən padşahın qanunları» adı ilə məşhurlaşdı. O dövrün başqa salnaməçiləri də öz yazılarında Uzun Həsənin ədalətini qeyd edirdilər.
Uzun Həsən dövlətin mənafeyini hər şeydən üstün tuturdu. Bu yolda o, ən yaxın adamlarına belə güzəşt etmirdi. Böyük oğlu Uğurlu Məhəmmədin xəyanətini ona bağışlamamış, edam etdirmişdi.
Uzun Həsən dünya hərb sənətində baş verən yenilikləri diqqətlə izləyirdi. O, nizami ordu yaradır, onu odlu silahlarla təmin edir, topçuluğun inkşafına xüsusi diqqət yetirirdi. Bu məqsədlə Venesiyadan mütəxəssislər də dəvət etmişdi.
Uzun Həsənin dini siyasəti də dövlətin möhkəmlənməsinə yönəldilmişdi. Ölkənin ərazisində yaşayan qeyri-müsəlman əhali dini mənsubiyyətinə görə təqib olunmurdu. Uzaqgörən hökmdar ölkədə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Ona görə də bacısı Xədicəbəyimi Səfəvi Şeyx Cüneydə, qızı Aləmşahbəyimi isə onun oğlu Şeyx Heydərə verməklə məzhəb ayrılığının qarşısını almağa çalışırdı. Bu izdivaclarda o, həm də siyasi məqsəd güdürdü: kifayət qədər nüfuza və tərəfdarlara malik səfəviləri öz tərəfinə çəkmək və onların hərbi gücündən istifadə etmək istəyirdi.
Görkəmli dövlət xadimi elmin, maarifin inkşafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimləri öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə etdirmiş, o dövrün görkəmli tarixçi – salnaməsi Əbu Bəkr əl-Tihraniyə Oğuz türklərinin tarixindən bəhs edən «Kitabi – Diyarbəkriyyə» adlı kitab yazdırmışdı.
Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan Uzun Həsən 1478- ci ildə vəfat etdi və Təbrizdə dəfn olundu. Təəssüf ki, onun varisləri qüdrətli Ağqoyunlu dövlətini qoruyub saxlaya bilmədilər.
Tarixi yaradanlar seriyasından.
Görkəmli siyasi xadim və sərkərdə Uzun Həsən
Bayandur tayfasının başçısı Pəhləvan bəy XIII əsrin ortalarında tayfa birliyini yaratmağa çalışsa da, buna müvəffəq olmamışdır. Onun oğlu Tur Əli bəy ilk dəfə 1340-cı ildə Ağqoyunlu tayfa birliyini yaratmışdır. O, Azərbaycanı və ətraf əraziləri idarə edən monqol Cəlairi dövlətinə tabe olmaqdan imtina etmiş, oğlu Fəxrəddin Qutluq bəyi Trabzon imperatoru III Aleksiyin bacısı Mariya Komnin ilə evləndirmişdir. 1362-ci ildə atası vəfat edəndən sonra Fəxrəddin Qutluq bəy Trabzonla dostluq münasibətləri saxlamış, mərkəzi Bayburt olan dövlət aparatı təşkil etmiş, Cəlairilərə qarşı mübarizədə Əmir Teymurla ittifaq bağlamışdır. Atasının 1389-cu ildə vəfatından sonra Qara Yuluq Osman “bəy” titulunu qəbul etsə də, Qaraqoyunlu tayfa birliyi ilə toqquşmada məğlub olduğuna görə nüfuzu zəifləmiş, hakimiyyəti öz qardaşları ilə bölüşməyə məcbur olmuşdur. Əmir Teymurun ən yaxın müttəfiqi qismində onun bir çox yürüşlərində iştirak etmiş, Sivasın alınması və Ankara döyüşündə fəallığına görə ona Diyarbəkirin şəhəri və ətraf ərazilər verilmişdir. 1403-cü ildə yenidən Ağqoyunluların yeganə lideri olmuşdur. Qaraqoyunlularla mübarizədə məğlub olsa da hakimiyyəti və Diyarbəkri qoruyub saxlaya bilmişdir. 1430-cu ildə ərazilərini genişləndirmiş, 1435-ci ildə şirvanşah I Xəlilullahla ittifaq bağlamışdır. Qara Yuluq Osmanın 1435-ci ildə Qaraqoyunlularla döyüşdə həlak olmasından sonra, hakimiyyətə onun oğlu Əli bəy gəlmiş, Məmlük sultanlığı ilə ittifaq bağlamış, lakin 1438-ci ildə vəfat etmişdir. Hakimiyyətə gələn onun qardaşı Həmzə ibn Qara Osman ilk dəfə Ağqoyunlu pullarını zərb etməyə başlamış, Diyarbəkir və Mardini regionun ən qüdrətli qalalarına çevirmiş, qonşuları ilə sülh münasibətləri saxlamışdır. 1444-cü ildə Əli bəyin oğlu Cahangir Həmzəni hakimiyyətdən devirmiş və özünü bəy elan etmişdir. İqtisadi islahat keçirərək bəyliyi qüvvətləndirmiş, Qaraqoyunlularla yeni müharibəyə başlamış, lakin məğlub olaraq Diyarbəkir anlaşması imzalamış və Qaraqoyunlulardan asılı vəziyyətə düşmüşdür. Buna etiraz edən qardaşı Uzun Həsən tərəfindən 1453-cü ildə məğlub edilmiş və bəy titulunu itirmişdir. Uzun Həsən 1467-ci ildə Qaraqoyunlu dövlətini məğlubiyyətə uğratmış, Ağqoyunlu dövlətinin əsasını qoymuş, padşah titulunu qəbul etmişdir.
Uzun Həsənin şəxsiyyəti
Uzun Həsən (tam adı: Nüsrət əd-Din əbu Nəsr Həsən) 1424-cü ildə Diyarbəkirdə anadan olub. Atası Əli ibn Qara Yuluq Osman, anası Sara xatundur. Yaxşı ailə tərbiyəsi almış, gözəl əxlaqa sahib olmuşdur. Erkən yaşlarından döyüşlərdə iştirak etmiş, 11 yaşında Kemah şəhərinin hakimi, əmisi Yaqub bəyin yanında xidmətə başlamış, dövlət işlərinin aparılması ilə yaxından tanış olmuşdur. Cavan yaşlarında döyüşlərdə şəxsən iştirak etmiş, uca boyu sayəsində “Uzun Həsən” adı ilə tanınmışdır.
Bəy və dövlət başçısı olanda döyüşlərdə sərkərdə qismində iştirak etmiş, sərkərdəlik istedadı ilə şöhrət tapmışdır. Dövlət başçısı kimi sadə əhaliyə qarşı mülayim davranışına görə xalq arasında ona “Adil sultan”, yəni “Mərhəmətli hökmdar” deyilirdi. Şəxsi şücaəti, sərkərdəlik istedadı, dövlət işlərində müdrik fəaliyyətinə görə əmirlər arasında böyük nüfuz qazanmışdır. Ən ipə-sapa yatmaz əmirlər belə onun hüzurunda mənasız söz danışmaqdan çəkinərdilər.
Xarici səyyah və diplomatlar Uzun Həsəni açıq üzlü, uca boylu, türk çöhrəli yaraşıqlı bir şəxs kimi, əyləncə və içkiyə meyilli, çalğıçı və musiqiçilərin ifa etdikləri əsərlərə müdaxilə edə biləcək qədər musiqini sevən bir insan kimi qeyd edirlər. Diyarbəkir və Təbrizdə saraylarının olmasına baxmayaraq sadə həyat tərzi sürür, hətta sülh dövründə belə sarayda deyil, paytaxt yaxınlığındakı çadır şəhərciyində qurulmuş çadırda yaşayırdı. Ziyafətlər zamanı çox yeyib, içsə də, gündəlik həyatda, əsasən, bal və meyvələrlə qidalanırdı.
Oğuz elinə və onun Bayandur boyuna aid olmasına görə qürur duyurdu. Təkcə Quranı deyil, hədisləri də Azərbaycan dilinə tərcümə etdirmişdi. Dini kitabların doğma dilə tərcümə edilməsini, sadə xalq arasında yayılmasını savab iş hesab edirdi.
İslamı paklıq və təmizliyə aparan yol kimi qəbul edən Uzun Həsən hər cümə axşamı üləmaları toplayır və İmam əl-Buxarinin “əl-Cami üs-səhih” əsərindən hədislər oxutdururdu.
Uzun Həsənin daxili və xarici siyasəti
Uzun Həsən Ağqoyunlu dövlətini kiçik bəylikdən Kür çayından Fars körfəzinədək uzanan böyük imperiyaya çevirməyə nail olmuşdur. Bütün Cənubi Azərbaycan, Kür çayına qədər Şimali Azərbaycan, bütün İran, Ərəb və Əcəm İraqları onun dövlətinin tərkibinə daxil idi, Şirvanşahlar dövləti ondan asılılığı qəbul etmişdi. Uzun Həsən 1468-ci ildə Təbrizdə taxta çıxarkən II Mehmetə məktubunda yazırdı: “İndi bütün Azərbaycan, İraq, Fars, Kirman, Şiraz, İraq bizim hökmümüz altındadır”.
Uzun Həsən hakimiyyətə gələndə “bəy” titulunu daşımış, dövləti yaradanda “padşah” titulunu, böyük əraziləri zəbt edəndən sonra isə “sultan” titulunu qəbul etmişdir. O, dövlətin qoşunlarının ali baş komandanı sayılır, baş komandan vəzifəsini “əmir-əl-üməra” (əmirlər əmiri) icra edir, padşahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri “mövlana” (ağa) ləqəbini daşıyan “sədr-əzəm” tuturdu. O, ruhanilərə, vəqflərə, mədrəsə və dini müəssisələrə, onlardan vergi toplanılmasına və məhkəmə işlərinə başçılıq ediıdi. “Baş vəzir” daxili və xarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Ölkə vilayət, tümən və nahiyələrə bölünürdü.
Uzun Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə çalışırdı. Uzun Həsən şəhərləri inkişaf etdirmək üçün böyük pul vəsaitləri ayırırdı. Onun dövründə Təbriz və Sultaniyyə Şərqin ən böyük ticarət mərkəzləri kimi fəaliyyət göstərirdi.
Dövlətin maliyyə-vergi sistemində atılan ən mühüm addım “Qanunnamə”nin verilməsi oldu. Məqsəd vergi sistemini qaydaya salmaq və bu sahədə məmurların və əyanların özbaşınalıqlarına son qoymaqdan ibarət idi. “Qanunnamə” ilə əhalidən alınan vergilərin əsas növləri dəqiqləşdirildi və onların həcmi azaldıldı. Monqollardan qalan və sənətkarlığın, ticarətin inkişafına əngəl olan tamğa vergisinin həcmi yarıya qədər azaldıldı, karvansaralardan alınan vergi dəqiqləşdirildi. Ölkədə 30 adda vergi toplanılırdı.
Uzaqgörən dövlət xadimi olan Uzun Həsən XV əsrdə dünyada baş verən prosesləri diqqətlə izləyir, onları nəzərə alaraq öz dövlətinin mənafeyini qoruyurdu. Şərqdən Qərbə gedən qlobal ticarət marşrutlarının dəyişməsi, Avropa dövlətlərinin dəniz ticarətini gücləndirərək okeanları çıxışları, Böyük Coğrafi kəşflər Ağqoyunlu dövlətinə toxunmaya bilməzdi. Qədim beynəlxalq ticarət yolu olan Böyük İpək yolu üzərində yerləşən, beynəlxalq ticarətdən böyük gəlir götürən Ağqoyunlu dövləti dəyişən dünyada öz yerini tutmağa çalışırdı.
XV əsrdə Azərbaycanın ipəkçilik təsərrüfatı beynəlxalq əhəmiyyət daşıyırdı. Şirvan ipəyi Avropa və Asiya ölkələrində böyük şöhrət qazanmışdı. Venesiya səfiri Kontarini qeyd edirdi ki, Avropa və Asiya ölkələrində Şirvan ipəyindən əla məxmər hazırlanır. Şamaxıda hazırlanan ipək Venesiyada “talaman ipəyi” adı ilə məşhur idi. Digır avropalı, Şiltberger Şirvan ipəyindən Dəməşqdə, Kaşanda, Bursada, Venesiyada və başqa şəhərlərdə yaxşı parçalar hazırlandığını, əla məxmər toxunduğunu qeyd edirdi. Gözəl ipək parçalar, güləbətin, pambıq, bez, qumaş par- çalar Aəzrbaycana əsas gəlir gətirən mallar idi. Buradan xam ipək, ipək parçalar Moskva dövlətinə, Venesiyaya, Kiçik Asiya, Suriya, İraq və başqa ölkələrə ixrac ohınurdu. Avropa ölkələri (Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Avstriya-Macarıstan, Çexiya, Almaniya dövlətləri, Burqundiya hersoqluğu və s.) Azərbaycanla geniş ticarət əlaqələri saxlayırdılar.
Uzun Həsən dövlətinin xarici siyasətini beynəlxalq ticarət yollarına nəzarətin ələ keçirilməsi, dənizlərə, ilk növbədə Aralıq dənizinə çıxışların əldə olunmasına yönəltmişdi. Eyni siyasəti Osmanlı imperiyası da həyata keçirdiyindən iki böyük türk dövləti arasında müharibə başlamışdır. Öz dövlətinin maraqlarını təmin etmək məqsədilə Uzun Həsən təkcə Şərq dövlətləri ilə deyil, Avropa dövlətləri ilə diplomatik əlaqələr yaratmış, ticarət əlaqələrini genişləndirmiş, hətta hərbi-siyasi ittifaq təşkil etməyə çalışmışdır.
Sara xatun – Azərbaycanın ilk diplomat qadını
Uzun Həsənini anası Sara Xatun Azərbaycan tarixində ilk diplomat qadın sayılır.
Ağqoyunlu Pir Əli bəyin qızı Sara xatun əmisi oğlu Əli bəyə ərə getmiş, onların 7 oğlu (Cahangir, Hüseyn, Uzun Həsən, Cahanşah, İsgəndər, İbrahim, Üveys) və bir qızı (Xədicə bəyim) olmuşdur. Gənc yaşlarından dərin bilikləri və qətiyyəti ilə seçilən Sara xatun həyat yoldaşı səfərdə olanda Xarput şəhərini idarə etmişdir.
Sara xatunun diplomat keyfiyyətləri hələ XV əsrin 50-ci illərində özünü büruzə vermişdir. 1452-ci ildə oğulları Cahanşahla Uzun Həsən arasında başlayan ixtilaf ara müharibəsinə çevrilməmişdən məsələyə müdaxilə edən Sara xatun qardaşlar arasında sülh əldə etmişdir.
1461-ci ildə Osmanlı sultanı II Mehmetin Trabzona yürüşü zamanı onunla danışıqlara başlayan Sara xatun sultanı fikrindən döndərə bilməsə də, Trabzon imperatorluğunun xəzinəsinin Ağqoyunlulara verilməsinə, imperator və ailəsinin edamdan xilas edilməsinə nail olmuşdur. Ağqoyunlularla osmanlılar arasında Yassıçəmən sülhünün imzalanmasında da Sara xatunun rolu böyükdür.
1466-cı ildə ağqoyunluların Diyarbəkirdəki uğurlarından narahat olan Misir Məmlük Sultanlığı sərhədə qoşunlar yeridəndə müharibə təhlükəsi yaranmışdır. Sara xatun Qahirə şəhərinə getmiş, sultan Seyfəddin Çaxmaqla danışıqlar aparmış və məsələnin sülhlə nəticələnməsinə nail olmuşdur. Sultan Xoşqədəmin dövründə də danışıqlarda Ağqoyunlu tərəfini Sara xatun təmsil etmişdir.
Teymuri hökmdarı Əbu Səid 1469-cu ildə yürüşə başlayanda Sara xatun əvvəlcə Xorasanın Kalbuş vilayətində, düşmən Azərbaycana ayaq basanda isə Miyanədə Əbu Səidlə görüşmüş və onu gözləyəcək təhlükələrdən xəbərdar edərək yürüşə son qoymağı tövsiyə etmişdir.
XV əsrin 70-ci illərində Avropa dövlətlərinin səfirləri Azərbaycana gəldikdə hökumətləri tərəfindən onlara Sara xatunla xüsusi görüşmək, hörmət bildirmək, fikrini öyrənmək tövsiyə olunurdu.
Sara xatun xeyriyyəçi kimi də tanınıb: Xarputda inşa etdirdiyi məscid indiyə qədər “Sara xatun məscidi” adı ilə qalmışdır.
Sara xatunun adı XV əsr “Kitabi-Diyarbəkiriyyə” əsərində “Saray xatun” şəklində göstərilir.
Uzun Həsənin siyasətinin davamçıları. Sultan Yaqub
Uzun Həsənin 1478-ci ildə vəfatından sonra oğlu Sultan Xəlil özünü dövlət başçısı elan etmiş, lakin həmin ildə Xoy döyüşündə həlak olmuşdur.
Hakimiyyətə gəlmiş Sultan Xəlil qardaşı, Sultan Yaqub 1480-ci ildə Məmlük Suriya sultanının hücum edən qoşununu məğlub etmiş, Şirvanşahlar dövləti ilə dostluq münasibətləri saxlamış, şirvanşah Fərrux Yasarın qızı ilə evlənmiş, ona Səfəvi şeyxlərinin yürüşlərini dəf etməyə kömək göstərmişdir. Sultan Yaqub Məmlük Misir dövləti vasitəsilə Aralıq dənizinə və Gürcüstana yürüş edərək Qara dənizə çıxış eldə etmişdir.
1490-cı ildə onun ölümündən sonra 1490 – 1492-ci illərdə ölkəni onun oğlu Sultan Baysunqur, onun ölümündən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm 1492-1497-ci illərdə, daha sonra Uzun Həsənin və eyni zamanda II Mehmetin nəvəsi Sultan Əhməd (Gödək Əhməd) idarə etmişdir. 1497-ci ildən sonra başlayan daxili müharibələr 1500-cü ildə dövlətin iki hissəyə parçalanması ilə nəticələndi. 1501-ci ildə Uzun Həsən və Despinə Xatunun qızı olan Aləmşah bəyimin Şeyx Heydərdən olan oğlu I Şah İsmayıl yeni dövlətin – Səfəvilər dövlətinin əsasını qoydu.
Uzun Həsənin sabit, inkişaf etmiş dövlət yaratmaq, dənizlərə çıxış əldə etmək, beynəlxalq ticarət yollarına nəzarət edərək qlobal ticarət sayəsində ölkəsinin gəlirlərini təmin etmək istiqamətindəki siyasətini onun oğlu Sultan Yaqub, daha sonra isə nəvəsi I Şah İsmayıl Xətai davam etdirmişlər.
Uzun Həsənin oğlu Sultan Yaqub (tam adı Qiyas əs-Səltanə Əbü-l Müzəffər Sultan Yaqub-xan) 1478–1490-cı illərdə Ağqoyunlu dövlətinin hökmdarı olmuşdur. Sultan Yaqub 1464-cü ildə anadan olmuş, mükəmməl təhsil almışdır. Uzun Həsən bütün uşaqlarını, o cümlədən Yaqubu yeniyetmə yaşlarından hərb sənətinin qayda- qanunları ilə tanış etməyə çalışıraq döyüşlərə özü ilə bərabər aparırdı. Uşaqları gənc yaşlarında dövlət işləri tanış etməyə çalışaraq o onları ölkənin müxtəlif vilayətlərinin canişini təyin edirdi (onların yabnına təcrübəli köməkçilər təhkim etməklə). Diyarbəkir vilayətinin canişini olan Yaqub əmirlər arasında böyük nüfuz qazanmışdır.
1478-ci ilin iyun ayında hakimiyyətə gələndən sonra Sultan Yaqub atasının daxili və xarici siyasətini davam etdirirdi. Dənizlərə çıxış əldə etmək üçün o, dövlətinin xarici ticarətini Misir Məmlük dövlətinin limanlarına yönəltməyə çalışmışdır. 1480-ci ildə Misir Məmlük dövlətinin qoşunları Ağqoyunlu torpaqlarına hücum etmiş, lakin Sultan Yaqub onlara qalib gəlmişdir. Sonralar iki dövlət arasında möhkəm diplomatik və ticarət əlaqələri qurulmuşdur. Ölkənin daxilində bəzi yerli hakimlərin özbaşınalığının qarşısını alarkən Sultan Yaqub iri feodalların qiyamları ilə üzləşmiş, lakin Həmədan, Qum və Şirazda baş qaldırmış qiyamçılar Yaqubun qoşunları tərəfindən darmadağın edilmişlər. 1487-ci ildə Gürcüstana yürüş edən Sultan Yaqub Kartli çarı II Konstantini məğlub etmiş, hakimiyyətdən devirmiş və Ağqoyunlulardan asılılığı qəbul edən II Aleksandrı çar elan etmişdir. Ağqoyunlularla Şirvanşahlar arasında dostluq və qarşılıqlı yardım haqqında müqaviləyə əsasən, 1488-ci ildə o, şirvanşah III Fəribürzə komək göstərərək Şeyx Heydərin yürüşünün dəf edilməsi üçün Şirvana qoşun göndərmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.