Press "Enter" to skip to content

ЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ

Dəsmalı özgəsinə vermək ayrılıq gətirər.

Qarğışlar və alqışlar

İnsan şüurlu fəaliyyətində daim xeyir və şərlə qarşılaşmalı olmuşdur. Xeyir və şər anlayışının yaranması ilə erkən təsəvvürlərdə xeyri alqışlamaq, şəri isə qarğışlamaq anlayışı da yaranmışdır. Arzulamaq, bəyənmək mənasında başa düşülən “alqış”ın mənası alqışlama-xoş söz, qırmızı sözlə bağlı olmuşdur. Xeyirin əksi şərdir. Xeyiri alqışlayan insan şəri pisləməklə qarğış yaratmışdır.

Xalq arasında yaşamaqda olan alqış və qarğışlar aşağıdakı kimi qruplaşdırılır:
1. Mərasimlə bağlı yaranan alqış və qarğışlar
2. Məişətlə bağlı yaranan alqış və qarğışlar
3. Mifoloji və dini təsəvvürlərin təsiri ilə yaranan alqış və qarğışlar

Mərasimlə bağlı yaranan alqış və qarğışlar
Bu alqış və qarğışlar mərasim ritualları ilə bağlıdırlar və xalq arasında geniş yayılmışlar: “Bəylik hamamına gedəsən”, “Toy şirnini yeyim”, “Gəlinlik lampanı yandırım”; “Boyuna qəmiş ölçüm”, “Adın daşlara yazılsın”, “Adını adlara qoyum” və s.

Məişətlə bağlı yaranan alqış və qarğışlar
Bu tip alqış və qarğışlar da geniş yayılmışdır və məişət xarakteri ilə seçilir: “Evin abad olsun”, “Duz-çörəkli olasan”, “Süfrən açıq olsun”; “Evin yıxılsın”, “Ocağın sönsün”, “Yurduna süpürgə çəkilsin” və s.

Mifoloji və dini təsəvvürlərin təsiri ilə yaranan alqış və qarğışlar
İnsan həyatı dərk etdikcə ayrı-ayrı qüvvələri, obrazları fetişləşdirmiş, onlara inam bəsləmiş, sonralar isə bu inanc və etiqadlar sistemi alqış və qarğışlarda da öz əksini tapmışdır: “Şərdən uzaq olasan”, “Bəxt ulduzun sayalı olsun”, “Ocağın sönməz olsun”, “Həzrət Abbas köməyin olsun”; “Ulduzun axıb gedən olsun”, “Qapında bayquş ulasın”, “Səni tapşırıram Həzrət Abbasa”.

Maraqlı Baxılıb: 9279 Tarix: 23 yanvar 2014
f Paylaş

Digər yazılar

Üzüklər və barmaqlar

Üzüklər və barmaqlar. Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını ela

Bürclərə görə saç rəngləri

Saç qadınlar üçün imtina edilməz bir ünsür və çox əhəmiyyətlidir. Saç modellərinə diqqət etdikləri kimi saç rənglərini də tez-tez dəyişdirirlər. Qoç bürcü saç rəngi:. Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər

Kim hansı ayda doğulub? Aylara görə XARAKTERİNİZ

Yanvar. Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral. Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür

Həftənin neçənci günü doğulmusunuz? SİZİN HAQQINIZDA.

1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

Yanıltmacalar

Yanıltmaclar uşaq nitqinin inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Bir sıra vaxtlarda yanıltmaclar qüsurlu nitqi olanların dilinin rəvanlaşmasında vasitə hesab edilirdi. Lakin sonralar yanıltmaclar sürətli nitq vərdiş

Dünyanın maraqlı yerləri və mənzərələri

Draxenburq qəsri, Almaniya. Caerlaverock Qalası, Şotlandiya . Pena sarayı- Portuqaliya. Şverin qesri-herçoqların igamətgahi, Meklenburq. Kottags, Ingiltərə. Portofino, İtaliya. Bretan, Fransa. İstifade olunmayan demir yo

Göy qurşağı necə yaranır?

Göy qurşağı – Günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması nəticəsində atmosferdə yaranan optik və meteoroloji hadisədir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdə

Dünyanın yeddi möcüzəsi. İsgəndəriyyə mayakı

İsgəndəriyyə mayakının tarixi eramızdan əvvəl 332-ci ildə böyük Roma sərkərdəsi Makedoniyalı İsgəndərin şərəfinə adlandırılmış şəhərin əsasının qoyulması ilə bağlıdır. Eramızdan əvvəl 332-ci ildə Makedoniyalı İsgəndərin ölümündə

ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ

İlk yaradılışda yer üzü bom-boş, qorxulu bir çöl halında imiş, həqq-təala bu boşluğu bəzəmək üçün qabaqca dənizləri, sularda yaşayan heyvanları, bitkiləri, onun ardınca yer üzün­də yaşayan heyvanları, bitkiləri yaratmış, onlara həyat bağış­lamışdır.

Haqq-təala bütün bunları yaradandan sonra öz üstün qüdrət və əzəmətinə yaraşan bu yaradılışların hamısından üstün duran gözəl, misilsiz bir məxluq yaratmaq qərarına gəlir ki, bu insandır.

Allah-təala insanı yaratmaq üçün Cəbrayılı yer üzünə gön­dərib, ordan bir ovuc torpaq gətirməyi əmr edir. Yer Cəbra­yıldan Allahın fikrini öyrənincə dilə gəlib deyir:

– Pərvərdigara! Məndən aldığın bir ovuc torpaqdan ya­rat­maq istədiyin insan sabah üsyan edib günah işlər, cəzaya müstəhəq olursa, cəhənnəmdən qurtulacağı olmaz. Amma mə­­nim cəhənnəm odunda yanmağa taqətim yoxdu. Allahlı­ğın xatirinə, gəl, bu mövcudu yaratma!

Cəbrayıl torpaq götürməyib geri qayıdır. Bu dəfə Mika­yıl və onun ardınca İsrafil bir ovuc torpaq aparmaq üçün yer üzünə gəlirlər. Yer bunların da hər ikisinə çoxlu yalvar-yaxar edir, onlar da torpağa əl vurmadan geri qayıdırlar. Nəhayət, yenə Əzrayıl yerə göndərilir. Yer qabağdakı kimi ona da çox yalvarır. Əzrayıl yerin yalvarışına belə cavab verir:

– Sənin dediklərin hamısı doğrudu, lakin haqq-təalanın fərmayişi yerinə yetirilməlidir.

O, bir ovuc torpaq götürüb qayıdır. Əzrayıl bu işi baca­rıqla yerinə yetirdiyinə görə insanların ölüm ayağında canını almaq işi ona tapışırılır.

Əzrayıl gətirdiyi torpaqla insanın xəmirəsini yoğurur. Onu istənilən bir qəlib şəklinə gətirir. Bu qəlib bir rəvayətə gö­rə qırx gün, bir rəvayətə görə qırx il olduğu halda qalır. Bu müddət keçəndən sonra can (ruh) bağışlayır, onu Adəm ad­lan­dırır. Bütün mələklərə bu misilsiz yaradılışın önündə səcdə etməyi hökm edir. Mələklər insanın önündə səcdəyə düşüb onun gözəlliyi, kamalı qarşısında hörmət, qayğı göstərirlər.

Təkcə Şeytan oddan yarandığı üçün haqqın əmrinə bo­yun qoymayıb, insana səcdə qılmaqda inad göstərib. Buna görə də, o, mələklik dərəcəsini itirib, cənnətdən qovulur.

Adəm yalqız idi, haqq-təala Həvvanı ona yoldaş yaratdı. Hər ikisinə də behiştdə yer verdi. Adəm ilə onun əyalı behişt­də bütün nemətlərdən faydalanırdılar. Onlara təkcə bir bitki­nin meyvəsi yasaq edilmişdi. Bu meyvə bir rəvayətə görə buğ­da, bir rəvayətə görə əncir, ayrı bir rəvayətə görə xurma idi.

Adəm səcdə etmədiyinə görə cənnətdən qovulan şeytan ona kin bəsləyirdi. O, hər yol ilə olursa-olsun, behiştə girmə­yi, Adəm ilə Həvvanı yoldan azdırmağı düşünürdü. O, öz də­ril­ərini, ya qılıqlarını az müddət ona əmanət vermək üçün bü­tün hey­vanlara baş vurdu. Heç bir heyvan nə dərisini, nə qı­lığını şey­tana vermək istəmədi.

O, sonda ilana baş vurdu. İlan dərisini verməyə razı oldu. Şeytan ilan qiyafəsində behiştə girdi.

İlanın əlsiz-ayaqsız olub yerdə sürünməsi, zəhərli olub, in­san­ları çalması, buna görə də həmişə iyrənc, qorxunc gö­rün­məsi, heç şəfqət, rəhm edilmədən öldürülməsi bu səbəb­dən­di. Şeytan hiylə ilə soxulunca yeməsi yasaq olan buğda­dan Həvvaya, Həvvanın vasitəsi ilə də Adəmə yedizdirdi. Bu­nunla da insan ilk dəfə Allahın fərmayişinə qarşı durmuş oldu.

Adəm ilə Həvva bu ağır günahdan sarı behiştdən çıxa­rılma, yer üzünə buraxılma cəzasına məhkum oldular. Uzun zaman biri-birini görməyə həsrət qaldılar. Çox ağır dəhşət­lərlə, iztirab­larla qarşılaşdılar. Hər gün, hər saat uzun-uzun yalvarışları, il­ti­masları Allahın rəhmət dəryasını coşdurdu. Nəhayət, bağışlan­dılar, bir-birinə qovuşdular. Dünyaya gə­tir­dikləri körpələrlə həyatı şənləndirdilər.

Allah ilkcə göyləri, sonra dəryaları, quruluqları yaratdı. Bu yaradılışdan sonra ortada bir qara, qorxulu dumandan başqa bir şey görünmürdü. Onda Tanrının əmrilə günəş yara­dıldı.

Beləliklə də gecə-gündüz bir-birindən ayırd edildi, bunun ardınca da ay, ulduzlar, ağaclar, çiçəklər, uçan quşlar, quru­luq, su heyvanları, ən sonda insan yaradıldı.

Yer üzündə yeməli, içməli hər nə varsa, Allahın “ne­mət­ləri” kimi insana tapşırıldı.

Bütün bunlar altı gün ərzində yaradılmış, yeddinci gün Allah yaratmasına fasilə vermiş, buna görə də insan altı gün çalışıb yeddinci günü dincəlməyə ülgü vermişdir.

Pəncərələrdən yəcuc-məcucları görənlərin arasında güna­hı olanların başında buynuzlar əmələ gələcək. Qiyamət günü yer üzündə müsəlmanlıqdan əsər qalmayacaq. Dünya düm­düz olacaq, məşriqdən baxanda məğrib, məğribdən baxanda məşriq görünəcək.

Ölən hər bir adam torpağa tapşırılıb qəbirdə yalqız qa­lın­ca dərhal dirilir. Əvvəlcə öz-özündən “Mən hardayam?” de­yə so­ruşur. Qalxmaq istəyəndə başı əlhəd daşına dəyincə deyir: “Ey­vay, ölən mən imişəm!”. O qəbirdə olduğunu başa düşür. Əv­vəlcə gecə iki sorğu mələyi (İnkir-Minkir) gəlib ölüdən yara­da­nını (Allahın dinini, peyğəmbərini, kitabını, məzhəbini, imamı­nı) soruşur. Ölü imanla dünyadan köçmüş olsa, bu sorğulara doğru-düzgün cavab verir. Sorğu mələkləri də səssiz bir ehti­ramla çıxıb gedirlər.

Qəbirdən cənnətə bir yol açılır, bu yoldan əsən küləklər behişt bağçalarındakı güllərin ətrini gətirir. Öləndə bu imanla dünyadan köçməyənlər, qəbrə gələn sorğu mələklərinin qar­şısında duruxub qalırlar. Dilləri dolaşır, suallara doğru-düz­gün cavab verə bilmir. Belə olunca sorğu mələkləri əllə­rin­dəki top­puzla onun başına vururlar. Bu ara qəbirdən cə­hən­nəmə bir yol açılır. Bu yoldan cəhənnəmin odlu yelləri əsir, ölü yandırıcı, əridici bir sıcaqlıqda qovrulur.

Din, inanc yolunda, yurdlarını, xalqlarını müdafiə uğ­run­da çarpışanlar, düşmən silahı ilə öldürülən kişilər, uşaq doğ­maqdan ölən qadınlar şəhid sanıldıqlarına görə Allah on­la­rın bütün günahlarını bağışlayır. Şəhidlər sorğu mələklərinə mütləq doğru cavab verirlər. Behişt yellərinin gətirdiyi gül ətirləri ilə sərməst olub, behişt bağlarını seyr edə-edə qalırlar.

Torpağa tapşırılan hər bir ölü (övliyalardan başqa) çürü­yür. Övliyalar qəbirdə qiyamət gününə qədər həyatda olduq­ları kimi qalır. Çürüyənlərin qəbirdə çürüməyən yeri bel sü­müyünün aşağı qurtaracağındakı sümükdür. Qiyamət qopub, İsrafil surunu çalınca ölülərin çürümüş üzvləri bu sümüyün ətrafına toplanır, vücud yenidən təşkil olur. İsrafilin surunu ça­lınması bütün məx­luqatı məhşər ayağına çağırması demək­dir. Surun səsi ucalınca bütün ölülər qəbirdən xortlayıb, qa­filə halında məhşərə tərəf yollanırlar.

Məhşər dünyada hər kəsin yapdıqları işlərin hesabını verdi­yi yerdir. Burada pis yaxşıdan, günahkar savabkardan ayrılır. Məhşərdə mələklər tərəfindən “mizan” adlandırılan tarazı ilə günahlar ilə savablar çəkilir. İman ilə dünyadan köçmüş savab­kar bəndələr behiştə girməyə haqq qazanırlar.

Dünyada fironluq edənlər, Allahın buyurduqlarına bo­yun qoymayan ziyankarlar cəhənnəmə göndərilir, haqsızlığa uğrayır­lar. Sitəmə məruz qalanlar məhşərdə Allahdan haqla­rını qəbul edilməsini istəyirlər.

Məhşərdə ata-ana uşaqlarını, uşaqlar ata-analarını, kişi arvadını, arvad kişisini, qardaş qardaşını, yaxınlar bir-birini, qonşu-qonşunu, dost-dostu, yoldaş yoldaşı tanımaz, hər kəs öz hayına qalır, öz başına çarə axtarır.

Dünyada hər bir iş Allah-təalanın məşitindən (iradə və istəyindən) asılıdır. Bu məşitdən qıraq heç bir iş baş tutası deyil. Doğulan hər bir yaradılışın bir təqdiri, bir alın yazısı var ki, istər-istəməz onu görəcək.

Allah insanı yaxşı yollara getməyə, yaxşı işlər görməyə, şərdən çəkinməyə, xeyrə qapılmağa, bir sözlə, Allahın buyur­duqlarına əməl etməyə çağırır. Lakin şeytan onu xeyir işlərdən uzaqlaşmağa, şər işlərə qoşulmağa sövq edir. Özlərini şeytanın vəsvəsəsindən qoruyanlar – savabkarlar, şeytanın vəsvəsələrinə qapılanlar – günahkarlardır.

Dini inanışlara əsasən dirilik və həyat Allahın insana ba­ğışladığı ən böyük nemətlərdən biri sayılır. Bu böyük nemə­ti qorumaq yaradanın borcunu ödəməkdən və yaradana minnət­darlığını bildirməkdən başqa anlam kəsb etməz. Bu borcu ödə­məkdə, bu minnətdarlığı yerinə yetirməkdə insanın boynuna düşən təklif Allahın buyurduqlarını yerinə yetirməkdir.

Həyat Allah vergisi olduğu üçün onun nə qədər uzun ya qısa sürəcəyini Allahdan başqa kimsə bilməz. Bir insan Al­lahın təqdiri olmadan dünyaya gələ bilmədiyi kimi, Allahın qərar verdiyi alın yazısından nə ayrıla bilər, nə də ondan az, ya çox yaşaya bilər. Ömür Allahın bağışladığı yaşama dövra­nıdır. Bir nəfər öləndə “onunki da elə buracan imiş, ya elə bura qədər imiş” inancı da bundan irəli gəlir. Əlbəttə insana müqəddəs olan ömür məxluqun yaxşı, ya pis adam olması ilə də artıb, ya əksilə bilər. Xoş xislət, dininə, xalqa, məxluqata xeyirxah olan adam­ların ömürlərinin uzanması, əksinə, pis xasiyyət, dinə, camaata zərərli olan adamların daha az yaşa­ması da təqdir ola bilər.
* * *

Açarı oynadanın evinə dava düşər.

Axşam süpürülən evdən bərəkət əskilər.

Axır çərşənbənin falı doğru deyər.

Axşamın səbri xeyrə yürər.

Axşam aynaya baxanın bəxti tutqun olar.

Aqasiya gülünün arasındakı bəsmi dilivin altına qoysan, işin rast gələr.

Altı barmaqlı adamın əli udumlu olar.

Ala adama gülən özü də alalıq tutar.

Anadan dişli doğulan uşaq evə xeyir-bərəkət gətirər.

Ana ilə qızı bir ayda doğsalar, uşaqların biri eybəcər olar.

Anasına çəkən qız bəxtəvər olar.

Arı yuvasını dağıdanın dudmanı dağılar.

Astanada başmaqları saysan evdən adam əskilər.

At nalı evə bərəkət gətirər.

Aya çox baxanı ay çəkib aparar.

Aynanın şövqünü evə salanda evdən ölü çıxar.

Ay tutulanda mis qab çalmaq, tüfəng atmaq xeyirli olur.

Ayağının baş barmağı yekə olanın bəxti açıq olur.

Ay tutulanda boylu arvad aya baxsa uşağı ayxallı olar.

Ayağı ağır adamın ayağına iş başlasan iş uzun çəkər.

Ayı barmaqla göstərmə, göstərdin barmağıvi dişlə.

Ay işığı düşən divara çirkli su atının işi düz gəlməz.

Ayın üzünə gərnəşən nasazlığa düşər.

Aynanın üzüni divara sarı çevirmək uğursuzluq gətirər.

Azan veriləndə əlini işdən çəkənin ömri uzun olar.

Baltanın ağzını baş yuxarı qoysan, yağış yağar.

Barmaqlarını şaqqıldadanın ömrü gödək olar.

Barlı ağacı kəsənin ömrü az olar.

Barmaqları daraqlamaq qəm artırar.

Başmağı üst-üstə çıxaran başmaq sahibi zərər görər.

Başmağı başmaqçıya verəndə cüt ver, tək tay versən ar­va­dın ölər.

Başmağıvın bağın düzgün salsan işin düzgün düşər.

Başmağını taykeşik geyənin işi rast gəlməz.

Başın yekəsi dövlətdi, ayağın yekəsi nəkbət.

Bayquş həyətdə ağaca, ya dama qonsa, ev yiyəsi vay xə­bər eşidər.

Bayram günü xoş olan ili başa-baş şadlıqla yaşar.

Bir gecəlik ayı gördün, ya qızıla, ya gözələ baxgilən.

Bir gecəlik ayı əvvəl görənin işi udumlu olar.

Bir iş dalınca gedəndə qabağıva boş qabla çıxsalar, o işdən əliboş qayıdacaqsan.

Birinin başına köhnə palaz örtüb üstündən su calasan yağış yağar.

Biri daldan səni dabanladı, sən də dön onu dabanla, belə eləməsən işin dava-döyüşə çıxar.

Boylu arvad işlək olsa, uşağı oğlan olacaq, bir böyri üstə uzansa uşağı qız olacaq.

Boşqabı batıq qoyan ziyanın çəkər.

Boynunun dalında ət xalı olan adam dövlətli olar.

Boylu arvad şirinə yerikləsə uşağı oğlan olacaq, turşuya yerikləsə qız olacaq.

Boylu arvadın üzünə səngil düşsə, uşağı qız olacaq.

Boylu arvadın südünü suya sağsalar, süd suyun dibinə batsa uşaq oğlandı, batmasa qız.

Canamaz ayaqlayanın gözi kor olar.

Cümə güni gələn qonaq özü ilə xeyir-bərəkət gətirər.

Cümə güni yağış yağsa, şənbə hava açılacaq.

Cümə güni dırnaq tutan dövlətli olar.

Cümə güni səfərə çıxmazlar.

Cüt səbir xeyirli olar.

Çay içəndə istəkanlar rədif düzülsə evə qonaq gələr.

Çadranı tərs örtmək qəm gətirər.

Çərçivəni daraxliyanın işi rast gəlməz.

Çəçisən bil ki, sovğat yeyəcəksən.

Çinar ağacından nənni düzəltmək yaxşı olmaz.

Çinar ağacı yarpağını ətəkdən töksə qış ağır keçər.

Çini, ya bülur qabın sınması evdən qada-balanı sovar.

Çox ağlayan uşaq atasının, ya anasının başın yeyər.

Çox gülən adam zərərin çəkər.

Çoxdan səfərə gedənin tez qayıtması üçün qapı ağzına qeyçi, ya pıçaq qoyarlar.

Çömbəltmə oturmaq bədbəxtlik gətirər.

Çörəyi yerdə görüb ayaqlayanın gözi kor olar.

Çörəyi ayaq üstə yesən bərəkəti qaçar.

Dan yeli üzünə əsən adam həyalı olar.

Darda qalanın dadına çatmasan günaha batarsan.

Dəsmalı özgəsinə vermək ayrılıq gətirər.

Dəvə yunu oğru qızdırmanın dərmanıdı.

Dəyirman daşın yatdıq yerə qoymaq şər gətirər.

Dırnağıva xal düşsə taza paltar geyəcəksən.

Dırnağı uzun adam şeytan törəməsidir.

Dırnağı bir-birinə çalmaq qovğa yaradar.

Dizləri qucaqlayıb oturmaq qəm artırar.

Dil açmayan uşağa göyərçin yumurtası versən tez dil açar.

Disgintidə olan adama qapı həlqəlcəsini suda çalxalayıb içirsən disgintisi qoyar.

Divar dalına çögürmək fəlakət gətirər.

Doğan arvadın yanında qız uşağı olsa çətin doğar.

Doğan arvad yerinə keçəndə Allahdan hər nə istəsə verər.

Duz yerə töküləndə yığmasan evə dava düşər.

Duzu bu dünyada dağıdan o dünyada kirpikləri ilə yığacaq.

Ehsan üçün kəsilən heyvanın kəllə-paçasını ehsan verən yeməsə yaxşıdı.

Evdən uzağa gedəndə üç yol qapıya desən: “Evi sənə tapşırıram” – evə oğru gəlməz.

Evi yarımçıq süpürənin ömri yarımçıq olar.

Evi süpürəndə çalış süpürgə bədənivə toxunmasın, yoxsa sözün kəsərli olmaz.

Evə bədnəzər gəlsə, gedəndə dalınca pasab * atsan zərər toxunmaz.

Əcinələr səni çağırsalar denən ki, əlimdə işim var, məyər görmürsüz duz dartıram.**

Əcinədən qorxan yaxasına iynə taxsa amanda olar.

Əli yüngül adamdan siftə alanın qazancı çox olar.

Əlinən ayaq dırnağını bir yerdə tutmaq pis olar.

Əncir ağacı altında yatan ağırlaşar.

Əncir ağacını sındıran, odununu yandıran xeyir görməz.

Əri çox istəyən arvadın paltarı tikiləndə sap tez-tez qırılar.

Ərə gedən qızın ayaq baş barmağı o biri barmaqların­dan uzun olsa, ərinin itaətində olacaq, ikinci ayaq barmağı uzun olsa, əri onun itaətində olacaq.

Əti acı adamı mığmığa sancmaz.

Fal açanda danışmazlar.

Fəqirə gülən yoxsulluğa düşər.

Gec dil açan uşağa sərçə əti yedirtsən tez dil açar.

Gecə ağzı açıq yatan adamın ağzına şeytan tüpürər.

Gecə anadan olan adamın ayağı ağır olar.

Gecə başının altına paltar qoyub yatan adamı qara basar.

Gecə baş daramaq yaxşı olmaz.

Gecə dırnaq tutanın ömrü azalar.

Gecə yarısı it hürüb qarğalar qarıldasa, zəlzələ olar.

Gecə qayğanaq yeyəni qara basar.

Gecə saçını kəsdirənin ruzusu kəsilər.

Gecə yatanda mitəkəyə tapşırsan, vəqtli-vəqtində səni oyadar.

Gəlin gedən qızın ata evində geydigi başmağı ər evinə aparsalar gəlinin ər evində yeri daralar.

Gəlin başına tökülən noğullardan yesə bəxti açılar.

Göydə hərənin bir ulduzu var, adam öləndə göydəki ulduzu axır.

Gözü ölüyə sataşan boylu arvadın uşağı kor olar.

Gözün üstündən öpmək ayrılıq gətirər.

Gözündə xalı olan adamın baxışı tutarlı olar.

Gözü yol çəkən adam taza xəbər eşidər.

Gülab çəkmənin düşər-düşməzi olur.

Gün batanda tikiş tikməzlər.

Gündüz anadan olan adamın ayağı yüngül olar.

Hamamdan çıxanda sərin su içmə, içdin əlivi qoy başuva.

Hörümçək göydən sallananda evə qonaq gələr.

Xallı qız bəxtəvər olar.

Xalı çox olan adamın düşməni də çox olar.

Xırda pulu səsləndirsən pullanarsan.

Xonçaya başmaq qoymaq darlıq gətirir.

İki arvadın arasından keçənin işi rast gəlməz.

İldırım çaxanda dəmirə əl vurmazlar.

İlin axır çərşənbəsində qulaq falı düz deyər.

İlin axır çərşənbəsində səhər tezdən sudan atlananın bəx­ti açılar.

İlin axır çərşənbəsində səhər tezdən özünü axar suynan yuyan gözəlləşər.

İl təhvil olanda balıq üzünü qibləyə qoyar.

İstiot dağılan evə dava düşər.

İsti suyu yerə tökəndə “Bismillah” deyərlər ki, ziyan tapmayalar.

İşi ayağı yüngül adamın ayağıla başlasan, iş tez qutarar.

İt kəlləsi asılan bostana göz dəyməz.

İt olan evə məlakə dolanmaz.

İt yaylaqda ləhləyəndə dolu düşər.

İtki tapılmasa şeytanın quyruğunu (sapın ucunu, ya dəsmalın guşəsini) düyünləsən tapılar.

İydə gül açanda altında durmaq yaxşı olmaz.

Kağızı, ya parçanı doğramaq fəlakət gətirər.

Kəbin kəsəndə açıq bıçağı büksən qaynananın dili bağlanar.

Kəhrəbanı evdə saxlamağın düşər-düşməzi olur.

Kərpici üst-üstə qoysan arasında əqrəb törər.

Kitabı açıq qoyub yatanın oxuduqları yadından çıxar.

Kitabı oxuyandan sonra açıq qoysan, şeytan oxuyar.

Kişinin başmağı astanadan yanaki dursa evə qonaq gələr.

Köçən gəlinin dalınca daş atsan, yeri ər evində qeyim olar.

Qabağına tor atan adam varlı olar.

Qabaq dişləri yekə olan adam xoş iqbal olar.

Qabağına qərə pişik çıxsa getdigin iş boşa çıxar.

Qabını yuyulmamış qoysan işin bəndə düşər.

Qapını əl ilə daraxlasan borclu düşərsən.

Qaranquş alçaqdan uçanda yağıntı olar.

Qaranquş yuva salan evdə həmişə şadlıq olar.

Qaranquşun yuvasını dağıdanın yurd-yuvası dağılar.

Qarğa çox olanda qış soyuq keçər.

Qarpız qabığı gəmirənin başı keçəl olar.

Qaşıq yerə düşsə arvad qonağı gələcək.

Qaşı çatma olan qızı qohumlarına verərlər.

Qazan dibi yalayanın toyunda qar yağar.

Qeyçi əldə oynadılan evdə dava düşər.

Qəbir üstə su səpəndə ölünün ürəyi sərinlər.

Qəbristanlıqdan çıxanda dönüb dala baxmazlar.

Qırxılı uşağın paltarını qaranlıq çökməmiş şəritdən götürərlər.

Qırxılı uşağa sarı geyindirməzlər.

Qolları qucaqlayıb durmaq qəm gətirər.

Qonağın tez getməsini istəsən başmağına duz cütlə.

Qoz ağacının altında yatan ağır durar.

Qurban ətindən yeddi yerə pay çıxmaq vacibdi.

Qurbağanı öldürənin əlinin duzu olmaz.

Qurd yağı sürtən adamı hamı qurd görər.

Qurbağanı əlinə götürənin bədəninə ziyil düşər.

Lüt yatanın imanı olmaz.

Lüt adama baxan günaha batar.

Maşanı boş yerə titrədənin, əlləri titrəyər.

Maşanı boş yerə titrətsən qıtlıq olar.

Mayadan borc alanın mayasını qaytarmasan ruzusu kəsilər.

Meşəyə kəsərsiz gedən ziyanın görər.

Məscidə başmaqlı gedənin dalısı sözlü olar.

Mürgülüyəni bərkdən səsləsən günaha batarsan.

Müştəriyə yalan deyənin işi bəd gedər.

Nalı oda salsan sönmüş məhəbbət doğrular.

Nanə əkməyin düşər-düşməzi olar.

Od, ya ocaq yandıranda alov çırtıldasa dalınca söz danışarlar.

Oğlan uşağı tez umar.

Oturan adamın başına dolanmaq yaxşı olmaz.

Ölünün dalıca danışanda fəlakət olar.

Ölü paltarı satmaq nikbət gətirər.

Özgənin payın yeyənin dilinə pay çıxar.

Özgənin canına and içənin andı özünü tutar.

Özünə qəsd eliyən adam gorbagor olar.

Saçı yumşaq olanın xoyu da yumşaq olar.

Saçuvun tükü üzüvə düşsə, bil ki, qonağın gələcək.

Sağ əlivin içi qaşınanda əlivə pul çatacaq.

Sağ gözün səyirləməsi şadlıq gətirir.

Sayıqlayan adamı oyatmazlar.

Səfərə çıxan adamın dalıca su səpsən səfərdən tez qayıdar.

Səhər tezdən qabağına boş dolça çıxan adamın işi rast gəlməz.

Sən demək istədigin sözü səndən qabaq deyən adam çox yaşayacaq.

Səməni içindən götürülən acil (fındıq, badam, püstə), hər kəsin yanında olsa, hər cür qada-baladan amanda olar.

Sınıq qabdan çörək yeyən yarımaz.

Sınan qab-qacaq qada-bəlanı evdən qovar.

Soğan evdə güllənsə, didərginlik gətirər.

Soğan çox soyulan evə naxoşluq gəlməz.

Sol əlin qaşınsa xərcin çox çıxacaq.

Sol gözün səyirləməsi xoş xəbər gətirəcək.

Sözünün üstünə çıxan adam həlalzadədir.

Söyüd ağacını əyməyin düşər-düşməzi olur.

Su qızdıranda içinə yarpaq atsan, su tez qızar.

Su yolunda əcinnələr yurd salar.

Su yoluna kəsərsiz girən cinli-baxmalı olar.

Suyun evə calanması aydınlıqdı.

Süd verən adamın südü murdar yerə tökülsə, südü kəsilər.

Süfrə başında çörəyi çox doğrayan, çox uşaqlı olar.

Süfrədə qablar sıra düşsə evə qonaq gələcək.

Süfrəni əl ilə silən yoxsulluğa düşər.

Süfrədə qablardan biri dingildəsə süfrə başındakılardan biri acıq eyləyəcək.

Süfrədə tikə birinin boğazında qalsa onun yaxınların­dan biri acdır.

Süfrə üstə gəlib çıxanı qaynanası çox istər.

Süpürgəni aralığa atsan evə dava düşər.

Süfrə başında boşqabı təmiz siyirənin nişanlısı göyçək olar.

Şabalıd ağacını kəsməzlər.

Şalvarı ayaq üstə giyinmək yoxsulluq gətirər.

Şəmi (lampanı) püfləyib söndürməzlər, əl ilə söndürərlər.

Şənbə günü dırnaq tutmazlar.

Şər qarışanda ağlamazlar.

Şər qarışanda evdən çörək verməzlər.

Şər qarışanda işığı söndürməzlər.

Şər qarışanda qeybət eləməzlər.

Şər qarışanda yatmazlar.

Taxıl çuvalının üstündə otursan bərəkəti qaçar.

Taza paltarı özgəsinə pay verməzlər.

Taza evə köçəndə qayğanaq bişirmək şirinlik gətirir.

Taza paltarı ya toya, ya qonaqlığa gey.

Taza evə köçəndə qabaqcadan ayna, Quran aparmaq xoş olar.

Taza ayı hamıdan tez görənin işi rast gələr.

Tikənin əldən düşməsi sevinc gətirir.

Torağay üzüyüxarı çıxanda, yağış yağar.

Toyuq basdırmanın düşər-düşməzi olur.

Uçuği soyuq dəmirlə diksindirsən toxtar.

Uşaq əvvəl diş çıxardanda hədik bişirərlər.

Uşaq yuxuda güləndə məleykələr onu danışdırırlar.

Uşaq çox pənir yesə korafəhim olar.

Uşağa babasının adını qoysalar çox yaşayar.

Uşağın ayaq tutması evə qonaq gətirər.

Uşağın dırnağını tutanda dayısı ovucuna pul qoysa uşaq varlı olar.

Uşağın boynundan öpsən küsəyən olar.

Uşağın başına bambaça salsan yetim qalar.

Uşağı çox qıdıxlasan əti tökülər.

Yağış yağanda gün çıxsa deyərlər qurd balalayar.

Yaxın adamdan yaylıq almaq ayrılıq gətirir.

Yaxın adamdan nəsə aldın əvəzinə bir şey ver.

Yaxşı yuxunu danışsan kəsərdən düşər.

Yarpız bitən bostana ilan dolanmaz.

Yara-xoradan çimçəşən özü də yara-xora tökər.

Yasəmən ağacının düşər-düşməzi olur.

Yatan adamın üstünə atlanmazlar, atlayanın qada-balası yatan adamın üstünə düşər.

Yatanda başuvun altına paltaruvi qoysan, qatma-qarı­şıq yuxu görərsən.

Yatanda üzüvi qibləyə qoyub yatsan rahat yatarsan.

Yataqda yuxu deməzlər, düşər-düşməzi olur.

Yatdıq yerdə çörək yeməzlər.

Yerikləyən arvad hər adamın əlindən tikə yesə uşağı ya­laq olar.

Yuxuda ölən adamı öpən günaha batar.

Yuxuda öpüşmək ayrılıq gətirir.

Yuxuvu hamıdan əvvəl suya denən.

Yumurtanın qabığını evə səpmək dava-dalaş gətirər.

II. ALQIŞLAR, QARĞIŞLAR, ANDLAR
ALQIŞLAR
Acı gün görmiyəsən.

Axar suyun qurumasın.

Ağzın fal olsun.

Ağzıvın dadı pozulmasın.

Ağ günə çıxasan.

Aqibətin xeyir olsun.

Allah imdadına çatsın.

Allah o biri balavı saxlasın.

Allah uğruva xeyir çıxartsın.

Allah ürəyivin muradın versin.

Allah işin rast gətirsin.

Allah işivə rövnəq versin.

Allah imanuvi kamil eləsin.

Allah bağlı qapıları üzüvə açsın.

Allah bərəkətivi çox eləsin.

Allah başundan töksün.

Allah balavi saxlasın.

Allah başuvi göylərə çatdırsın.

Allah birivə min versin.

Allah bizi düz yoldan ayrı salmasın.

Allah cavan canıva qıymasın.

Allah dünyada məkansız, axirətdə imkansız eləməsin.

Allah ziyarət qismət eləsin.

Allah səlamətlik versin.

Allah səni darda qoymasın.

Allah səni xoşbəxt eləsin.

Allah səni namərdə möhtac eləməsin.

Allah səni görünməz bəlalardan saxlasın.

Allah səni yaman gözdən saxlasın.

Allah son nəfəsdə imandan ayırmasın.

Allah ömrünü uzun eləsin.

Allah göz işığını əlindən almasın.

Allah gələn günlərimizi xeyir eləsin.

Allah nəzərini üstündən kəsməsin.

Allah yanında üzün ağ olsun.

Anadan əmdigin süd həlalın olsun.

Atan rəhmətlik olsun.

Bağ-bostanın bəhrəli olsun.

Bağlı qapılar üzüvə açılsın.

Balan atalı-analı böyüsün.

Balan boya-başa çatsın.

Başın bəla görməsin.

Başın dost-düşmən arasında uca olsun.

Başın ərşə dayansın.

Bazarın xeyirli olsun.

Canuva qada-bəla dəgməsin.

Canın sağ olsun.

Cah-cəlalın artıq olsun.

Cibin boş qalmasın.

Çırağın heç vaxt sönməsin.

Çörək verən əlin kəsilməsin.

Çörəyin bərəkətli olsun.

Durduğun yerdə Allah başından töksün.

Dünya durduqca durasan.

Dünyada darlıq çəkməyəsən.

Dünyada “Neynim?”, “Necə eləyim?” deməyəsən.

Dünya qəmi səndən uzaq dursun.

Ehtiyac üzi görmiyəsən.

El içində başın uca olsun.

Ev-eşigin abad olsun.

Əhl-əyal şərməndəsi olmiyasan.

Əkdiyin birə min bitsin.

Əlin Allahdan üzülməsin.

Əlin bərəkətli olsun.

Əlin boşa çıxmasın.

Əməgin hədər getməsin.

Əməlin zay olmasın.

Ər kölgəsi başından əskik olmasın.

Əzrail qapını tanımasın.

Haqq daduva dursun.

Haqqın gözü üstündən yayınmasın.

Haqqın əli dalınca olsun.

Həlal ömür sürəsən.

Xeyir xəbər olasan.

Xətadan-bəladan iraq olasan.

İlin ildən xoş gəlsin.

İmanın kamil olsun.

İşin uğurlu olsun.

Qada-bəla səndən iraq olsun.

Qadan-bəlan mənə gəlsin.

Qapın qıfıl görməsin.

Qapın həmişə açıq olsun.

Qardaş dağı görməyəsən.

Qədəmin uğurlu olsun.

Oxun daşa dəyməsin.

Oğul-uşağın darda qalmasın.

Ölün qapuvi tanımasın.

Ömrün uzun olsun.

Övladdan bəhrə görəsən.

Payın çox olsun.

Pis gün görməyəsən.

Ruzun bol olsun.

Ruzun başından aşıb-daşsın.

Sabahın xeyir olsun.

Sağ gedib salamat qayıdasan.

Sənə gələn qada-bəla mənə gəlsin.

Səni görüm bala dağı görmiyəsən.

Səni görüm bəxtəvər olasan.

Səni görüm bir qoyub min götürəsən.

Səni görüm peşmanlıq çəkməyəsən.

Səni görüm xeyir xəbər olasan.

Səni görüm duz dağı olasan.

Səni görüm dünya durduqca durasan.

Səni görüm min yaşayasan.

Səni görüm sözün kəsərli olsun.

Səni yamanlıq görməyəsən.

Səni görüm yaman gözdən iraq olasan.

Süfrən şadlığa açılsın.

Taxçan-boxçan boş qalmasın.

Torpağı sana yaşayasan.

Torpağın bəhərli olsun.

Uğrun açıq olsun.

Uğrun üzüvə gülsün.

Üzünün suyu tökülməsin.

Comments are closed, but trackbacks and pingbacks are open.