Press "Enter" to skip to content

Aşiq Ələsgər” kitabının təqdimatı olmuşdur

X.Ələsgərli deyir ki, şəcərələrini dəqiqliklə bilir:

AŞIQ ƏLƏSGƏR ZİRVƏSİNƏ LAYİQ

“Aşıq Ələsgər Azərbaycan poeziyasının üfüqündə əzəmətli görünən qarlı-buludlu zirvələrdən biridir. Zamanın ən tutqun havalarında belə parıltısını itirməyən, yol azanlara bələdçilik edən, yar itirmiş didərgin aşiqlərə qoynunda yer verən bu ucalıq timsalının “mütləq hündürlüyünü” təyin eləmək çətindir. İllər ötdükcə el ədəbiyyatının, aşıq sənətinin sənət “süfrəsinə” tökdüyü boyaların saflığını müəyyən etmək üçün Ələsgər müqayisə vahidi və meyar olur. Aşıq Ələsgər Dədə Qorquddan başlayıb gələn ozan-aşıq ədəbiyyatını ustalıqla mənimsəmiş və bu ədəbiyyatın hələlik keçilməsi mümkün olmayan söz köhləninin cilovunu əlində möhkəm saxlamışdır” (Məmməd Araz).
Xalq şairi Məmməd Araz Aşıq Ələsgər sənətini beləcə yüksək qiymətləndirib və ustadlar ustadını aşıq sənətimizin hündürlüyü məlum olmayan bir zirvə adlandırıb.
Bu gün klassiklərə, xüsusilə aşıq sənətinin yaradıcılarına heyranlıq və məhəbbət hissi tükənmir. Çünki ustad aşıqların bizə miras qoyduğu sənət heç vaxt öz bədii təravətini, poetik qüdrətini itirmir. Aşıq Ələsgər XXI əsrdə də sevilir, oxunur, təbliğ edilir.
Aşıq Ələsgərdən nə öyrənirik, niyə onu bu qədər çox sevirik?
Fikrimcə, bunun ən başlıca səbəbi onun şeirlərinin yaratdığı möcüzədədir. İnsanı bu dərəcədə heyrətə salan, onun hisslərini, duyğularını bir andaca ələ alan şeirlər doğrudan da sirli-sehirli bir möcüzədir. İlahinin bəxş etdiyi istedad Ələsgər sözündə öz parlaq təcəssümünü tapmış, bir daha əyan olmuşdur ki, böyük sənətkarlar yaratdıqları ilə İlahi qarşısında peyğəmbərlərdən sonra ən seçimli insanlardır.
Şair-araşdırıcı Hacı Loğman Babacanlının “Vətən” nəşriyyatı tərəfindən çapdan çıxan “Aşıq Ələsgər” kitabını oxuyanda bir daha o poetik möcüzənin şahidi olduq. Hacı Loğman əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır, dediyinə görə Şah İsmayıl Xətainin saray aşığı, övliya, seyid, sufi şair Miskin Abdalın şəcərəsindəndir. Bu nəsildən 50-dən çox tanınmış şair, mütəfəkkir, alim, elm və din xadimləri yetişmişdir. Hacı Loğman özü də şairlik istedadına malik olan Məhəmməd kişinin ailəsində dünyaya gəlmişdir, ixtisası mühəndislik olsa da, şeirlə çoxdan ünsiyyətdədir və artıq bir neçə kitabın da müəllifidir.
“Aşıq Ələsgər” kitabı isə Hacı Loğmanın tədqiqat əsəridir. Bu kitabda müəllif Ələsgəri dərk etməyin yollarını göstərir.
Dahi şairimiz Məhəmməd Füzulinin azərbaycanca divanında olan qəzəllər bir neçə dəfə, istər türk, istərsə də Azərbaycan füzulişünasları tərəfindən şərh olunmuş, geniş oxucu kütlələrinin başa düşəcəyi tərzdə izah edilmişdir. Çünki Füzuli elə bir şairdir ki, onun hər misrası, hər beyti, hər qəzəli obrazlı fikirlə, sözün fəlsəfi yüküylə doludur. Bu qəzəllərdə o qədər dərin mənalar var ki, onları izah etmək üçün özün də gərək “silahlanasan, dini, fəlsəfəni, ürfan elmini biləsən.
Bəs Ələsgərdə necə? İlk baxışda belə görünür ki, Aşıq Ələsgərin şeirləri: qoşmaları, gəraylıları, təcnisləri, divaniləri və s. çox asan başa düşülür və bunları şərh eləmək mənasızdır. Amma belə deyil. Ələsgər şeirlərində də izah olunmalı, oxucu üçün aydınlaşdırılmalı mətləblər az deyil. Çünki Ələsgərin qaynaqlandığı mənbələr çoxdur, Qurani-Kərim, İncil, Tövrat, Zənbur, təsəvvüf, müxtəlif təriqətlər, tarix, astronomiya, fəlsəfə, məntiq. bütün bunlardan təsirlənən Ələsgər şeirlərində arif bir şair kimi nəzərə çarpır. Kitaba ön söz yazan Xalq şairi Zəlimxan Yaqub doğru qeyd edir ki: “Qəvvas gövhəri necə üzə çıxarırsa, alim də Aşıq Ələsgərin elmini və helmini elə üzə çıxarmalıdır. Bu mənada şair-tədqiqatçı Hacı Loğmanın Ələsgər yaradıcılığına yeni baxışı, yeni münasibəti diqqət çəkir”.
Kitab Ələsgərin sələfi, aşıq sənətinin ilk ustadlarından olan Miskin Abdal haqqında geniş təsəvvür yaradan bir yazı ilə başlayır. O, Miskin Abdalın həyatı və yaradıcılığı ilə bir çox məlum olmayan faktları nəzərə çarpdırır, onu həm el aşığı, həm də sufi şair kimi təhlil edir. Əlbəttə, Ələsgəri daha yaxşı tanımaq üçün Miskin Abdaldan başlamaq doğru işdir.
“Aşıq Ələsgər” kitabında müəllifin üslubu elmi-publisistik səpkidədir. Yəni müəllif ilk növbədə tədqiqatçı kimi çıxış edir, amma fikirlərini sırf elmi şəkildə deyil, sadə, hamının başa düşəcəyi tərzdə izah edir. Daha doğrusu, onun tədqiqatçılığı ilə publisistliyi bir araya gəlir.
Hacı Loğman əsərin ilk fəslində qeyd edir: “Aşıq Ələsgərin yaradıcılığı bir çox istiqamətlərdə araşdırılmalıdır: 1. Ələsgər yaradıcılığında sufi dünyagörüş, özünüdərk. 2. Elmi mahiyyəti. 3.Sözün dəyəri və keyfiyyəti. 4. Ələsgər yaradıcılığının bəşəri mahiyyəti. 5. Ələsgər yaradıcılığında Sözün çoxçalarlılığı və dilin üslubu. 6. Ələsgər yaradıcılığında məntiq və realizm.
Bu göstərilən məsələlərin heç biri müəyyən bir fəsildə verilməyib, lakin şeirlərin izahında yeri gəldikcə həmin məsələlərə toxunulur.
Qeyd edək ki, Ələsgər yaradıcılığında sufiliklə bağlı məqamları Hacı Loğman doğru-düzgün şərh etməyə çalışır. O, Ələsgərin hərflərlə bağlı bir gəraylısından çıxış edib.

İbtidada “əlif”-Allah,
“Bey”-birliyə dəlalətdir..
“Tə”-təkdi vahidi-yekta,
Arif bu elmə bələddi.

“Se”-şahiddi doğru yola,
“Cim”-ucadı, bax calala.
“He”-mehribandır halala,
Minkir ondan xəcalətdi.

“Xe”-birdi xaliqi-əkbər,
“Dal”-doğru doqquz fələklər,
“Zal”-zikr eylə dildə əzbər,
“Re”-rəsulumuz Əhməddi.

İndi müəllif bu bəndlərlə bağlı şərhlərinə diqqət yetirək: “Ələsgər demək istəmişdir ki, insan Allahdan qopan bir zərrədir ki, əzəli Allahdan başlayır və yenə Allahın zatındakı zərrələrdən özünə vahid bir sistem yaradır. Bu sistemlər ayrı-ayrı mövcud olsa da, vəhdaniyyət-bir sistemi təşkil edir və bütün bu sistemlərdəki cazibəni və əlaqəni Ruh-Allah idarə edir. İnsan bir ata-anadan xəlq olduğu kimi, bütün hərflər də bir a hərfindən törəyib. Allahdan nöqtə, nöqtədən Allaha. Zərrədən doğuluş, doğuluşdan ölüm. Bəşəriyyətin inkişaf prosesi. A-N-A doğuluş, həyat, ölüm, qayıdış. A-Allah, N-nöqtədən doğuluş, xilqət-A-Allah. A-T-A Allah-törədən-Allah”.
Kitabda ən maraqlı bölmə təcnislərlə bağlıdır. Məlumdur ki, təcnis qoşmanın ən mürəkkəb bir formasıdır və burada şairdən böyük məharət tələb olunur ki, cinaslı sözlərdən məharətlə istifadə edib şeirdə forma ilə məzmunun gözəl vəhdətini yaratsın.
Hacı Loğman Ələsgərin demək olar ki, bütün təcnislərini, o təcnislərdəki cinaslı sözlərin mənalarını izah etməyə çalışır.
Ümumiyyətlə, təcnisi Ələsgər səviyyəsində yazmaq, poetik kəşfə, hünərə çatmaq deməkdir, eyni səs tərkiğləri gərək forma xatirinə işlənməsin, sətirlər və bəndlər arasında məna əlaqəsi üzülməsin, məntiqi bağlılıq, fikir ardıcllığı pozulmasın. Ələsgərin təcnisləri bu baxımdan ən şah nümunələrdir.
Xudam səni nə xoş gündə yaradıb,
Meylim axır sana sarı, görəndə.
Həsrətindən yüz yara var sinəmdə,
İnsaf eylə, birin sarı, görəndə.

Tifil tək qoynunda nara aşiqəm,
Mürği-Səməndərəm, nara aşiqəm,
Çəkərəm sübhədək nara, aşiqəm,
Tərlan oylağında sarı görəndə.

Ələsgər sızıldar, bala yetişər,
Nardan Səməndərə bala yetişər,
Gözlərindən mana bala yetişər,
Olur gül irəngin sarı, görəndə.

Təcnisin birinci bəndində işlənən cinas sözlərin mənaları məlumdur: Sana sarı-sənə doğru, birin sarı-sarımaq. İkinci bənddə: qoynunda nar deyəndə məmələrə işarədir, Səməndər-od quşuyam, oda aşiqəm, sübhədək nara çəkmək isə ah-nalə çəkmək deməkdir. Üçüncü bənddə-Ələsgər sızıldar, bala yetişər-yəni arı bal çəkəndə sızıldayan kimi, mən də sənin həsrətindən sızıldayıram və şeiriyyətin balına yetişirəm, şerin ən gözəlini yazıram. Nardan Səməndərə bala yetişər-yəni Səməndər od quşudur, onun balası oddan doğular, məni də səndən yazmağa sənin eşqin vadar edib, sənin gözlərin məni bəlaya salacaq, amma görəndə baxmasam dözə bilmirəm, baxışın məni dərd-bəlaya salır, rəngim saralır, halım pozulur. İkinci bənddəki sarı-quş, üçüncüsündəki sarı-rəng adıdır.
Ələsgərin təcnisləri içərisində dodaqdəyməz təcnislər, cığalı təcnis növləri də maraqlı araşdırmalara gətirib çıxarır. Və Hacı Loğman gücü çatdığı qədər o növlərdən olan təcnisləri də oxucular üçün şərh edib. Əlbəttə, bütün bu şərhlərdə olsun ki, bəzi qüsurlar da var, amma niyyət doğru seçilib, Ələsgər şeiriyyətinin görünməz qatlarını da oxucuya bəlli etmək. Çox təəssüf ki, Ələsgərin bağlamaları təhlil olunmayıb, sadəcə təqdim edilib. Kitabda Ələsgərin həcvləri və hərbə-zorbaları, deyişmələri, qəzəlləri, bir mərsiyəsi, dastanları da verilib. Bunlara şərhlər yazılmayıb, ehtiyac olmayıb.
Ümumən, bu kitab Aşıq Ələsgər dünyasına bir daha bələd olmağın yollarını aydınlaşdırır və Hacı Loğmanın bu zəhməti heç də hədər getməyib. Onun Dədə Ələsgərə sonsuz məhəbbətindən yaranıb bu kitab. Qeydlərimizi Hacı Loğmanın öz şeiri ilə bitirək:

O bağlı xəzinən, o nur çeşməsi,
Hələ yayılmamış kündəymiş, Dədə!
Ən dürlü hikmətlər-arif olana,
Mən səndən öyrəndim, dindəymiş, Dədə!

Mücrün açıldıqca, simuzər saçır,
Mənalar içindən mənalar daşır,
Kamal aciz qalır, düşüncə çaşır,
İlahi, nəymişsən, sən nəymiş, Dədə!

Göyçədən ruhuna əsdi Nəsimi,
Titrədi Loğmanın könlünün simi,
Füzuli, Firdovsi, Hafiz, Nəsimi,
Doğrudan doğruya səndəymiş, Dədə!

“Aşiq Ələsgər” kitabının təqdimatı olmuşdur

Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər” kitabının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Aşıq Ələsgərin xalqımızın mədəniyyət xəzinəsinə qızıl incilər bəxş etdiyini, hər zaman aşığın ehtiramla yad edildiyini bildirmişdir.

Kitabxananın direktoru Kərim Tahirov AAB-nin “Ustad aşıqlarımız” seriyasından “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap etdirdiyi “Aşıq Ələsgər” kitabı haqqında məlumat vermişdir. Kitaba ayrı-ayrı alimlərin görkəmli söz ustadı haqqında yazdıqları məqalələr, Xalq Şairi Zəlimxan Yaqubun “Göyçədən gələn səslər” poeması və Aşıq Ələsgərin qoşmaları daxil edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı ədəbiyyatımızda xüsusi yeri olan Aşıq Ələsgərin əsərləri əsasında hər il dissertasiyaların yazıldığını diqqətə çatdırmışdır.

Filologiya elmləri doktoru Qəzənfər Paşayev Aşıq Ələsgərin əsərlərində yüksək sənətkarlıq xüsusiyyətlərindən danışmış, onun bədii ifadə vasitələri ilə zəngin olan dəyərli irsinin daha ciddi tədqiq edilməsi istiqamətində lazımi işlər görüldüyünü bildirmişdir.

AAB-nin sədri, Xalq Şairi Zəlimxan Yaqub “Ustad aşıqlarımız” seriyasının ilk kitabının Aşıq Ələsgərə həsr edilməsinin heç də təsadüf olmadığını vurğulayaraq, onu zəmanəsinin və bütün dövrlərin ən böyük şairi kimi dəyərləndirmişdir.

Prezident təqaüdçüsü, şair İlyas Tapdıq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Kremlin Sütunlu Sarayında görkəmli aşığın 150 illik yubileyinin qeyd edildiyini, bu gün ulu öndərin yolunun layiqli davamçısı Prezident İlham Əliyevin Aşıq Ələsgər yaradıcılığına yüksək qiymət verdiyini bildirmişdir.

Məlumat verilmişdir ki, kitabın tərtibçisi və nəşrə hazırlayanı Musa Nəbioğludur. Kitab Xalq Yazıçısı Elçinin məqaləsi ilə başlayır.

Tədbirdə seriyanın davamı olaraq Aşıq Alı, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma və digər ustad aşıqların da irsinin toplanıb nəşrə hazırlanacağı bildirilmişdir.

Sonda böyük söz ustadının nəslinin davamçısı Nizami Ələsgər tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Aşıq ələsgər kitabı

Xətai Ələsgərli Nazir Əhmədlinin kitabında yazdıqlarının saxta olduğunu dəlillərlə ortaya qoydu.

Erməni mənbələrinə istinadən 2017-ci ilin iyununda Bakıda çap olunan “Haqq-nahaq seçilər haqq divanında” kitabında yer alan məlumatlara Aşıq Ələsgərin kötücəsi Xətai Ələsgərli sərt reaksiya verib.

Kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir. X. Ələsgərliyə qədər 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqda yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz etmişdi.

“Öz fantaziyası ilə ailənin yaş məsələsini izah etməyə başlayır”

Modern.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, X.Ələsgərli kitabda babası haqda yazılanlar həqiqət olmadığını deyib.

“Nazir Əhmədli həmin o kitabda bildirir ki, Aşıq Ələsgər guya 1821-ci ildə deyil, 1852-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Guya ustadın babasının adı Haqverdi, əmisi isə Allahverdi olub. N.Əhmədli Ermənistan Milli Arxivindən verilmiş məlumatlara əsaslanır. Babalarım haqqında məlumatlara kitabın 32-ci səhifəsində istinad mənbəyini belə göstərir: Ermənistan Milli Arxivi, F 227, siy 1. sax.vah 20.

Sonra qeyd edir ki, Aşıq Ələsgərin qardaşları arasında yaş fərqində ziddiyyətlər var. Öz fantaziyası ilə ailənin yaş məsələsini izah etməyə başlayır. Aşıq Ələsgərin qardaşı Məşədi Salehın və övladlarının yaşının da düzgün olmaması haqqında fərziyyələr irəli sürür, bununla bağlı “sübut”lar gətirməyə və erməni saxtakarlığını əldə əsas tutaraq fərziyələrini bəzəməyə çalışır “- deyə X.Ələsgərli bildirib.

Erməni fitnəsinə uymasın!

Böyük sənətkarın kötücəsi fikrini belə davam etdirir: “Həmin o erməni mənbələrinə istinad etməklə Aşıq Ələsgərin böyük oğlu Bəşirin və kiçik oğlu Talıbın da doğum tarixinin düzgün olmamasını qeyd edir. Beləliklə, bütövlükdə Ələsgər ocağının doğum tarixlərinin düzgün olmadığı iddiasını irəli sürür. Nazir Əhmədlinin yazdıqları tamamilə cəfəngiyyatdır, ən böyük saxtakarlıqdır. Bu, Aşıq Ələsgər nəslinə bir təhqirdir. Nazir Əhmədlinin dediyindən belə çıxır ki, biz öz babamızı tanımırıq. Buradan aydınca düşmənin sifarişi hiss olunur. Nazir Əhmədli, sadəcə, icraçıdır. Mən Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın nəvəsiyəm. Yaxşı yadımdadır, o, 1979-cu ildə dünyasını dəyişəndə mənim 11 yaşım var idi. Mən də hər kəs kimi öz babamı tanıyıram. Babam özü yaşını yaxşı bilirdi. Dəfələrlə yaşla bağlı söhbət düşəndə öz yaşını dəqiq açıqlayırdı. Babam Aşıq Talıb da, Aşıq Ələsgər də öz babalarını yaxşı tanıyırdı. Çünki bu nəsildə nəvələrin əksəriyyəti babalarını görüb, onların söhbətlərinə qulaq asıblar. Atam İslam Ələsgərlinin adını da elə Aşıq Ələsgər özü qoyub. N.Əhmədli Aşıq Ələsgərin doğum tarixini 31 il kiçildən zaman görüb ki, bu tarix ustadın övladlarının doğum tarixi ilə düzgün gəlməyəcək, başlayıb ustadın övladlarının yaşını öz arşını ilə kiçiltməyə. Hətta ustadın evləndiyi tarix və digər övladlarının doğum tarixlərini də saxtalaşdırıb. Bəşir Aşıq Ələsgərin 3-cü övladıdır. Ondan əvvəl oğlan uşaqları olub, amma dünyalarını dəyişiblər. Bəşir əkiz tayı olub. O birinin adı isə Həşim olub. Onlar 1867-ci ildə dünyaya gəlib. Həşim dünyasını dəyişib, Bəşir isə ailə qurandan sonra rəhmətə gedən qardaşının adını öz övladına qoyub. Bunu incəliklə ona görə açıqlayıram ki, N.Əhmədli bilmədiyi bir işə baş qoşmaqla özünü tamamilə biabır etdiyini nəhayət ki, anlasın, başa düşsün. Erməni fitnəsinə uymasın!”

“Atam dünyaya gələndə adını Aşıq Ələsgər qoyub”

X.Ələsgərli deyir ki, şəcərələrini dəqiqliklə bilir:

“Aşıq Ələsgər 40 yaşında ailə qurub, onun 11 övladı dünyaya gəlib. 10-cu övladı mənim babam Aşıq Talıb olub. Aşıq Ələsgərin qardaşı Məşədi Saleh isə 45 yaşında ailə qurub. Məşədi Salehin böyük oğlu Aşıq Qurban olub. Aşıq Qurban dünyaya gələndə anası dünyasını dəyişib. Aşıq Qurban anasız böyüyüb. Məhz bu səbəbdən Aşıq Ələsgər ona həmişə diqqət ayırıb. Qurbanın atası Məşədi Saleh 30 il keçdikdən sonra 2-ci dəfə ailə qurub və bu evlilikdən Növrəs İman və Aşıq Musa dünyaya gəlib. N.Əhmədli belə dəqiq məlumatları bilmədiyi üçün hesab edib ki, saxta məlumatlarını ictimaiyyətə asanlıqla yeridə bilər. Hətta 1979-cu ildə dünyasını dəyişən babam Aşıq Talıbın doğum tarixini saxtalaşdırmaqdan belə çəkinməyib. Babam Aşıq Talıb onun təsəvvür etdiyi kimi, 1892-ci ildə deyil, əslində 1877-ci ildə anadan olub və 40 yaşında evlənib. Nənəm Zinyət Aşıq Ələsgərin kiçik qardaşı Xəlilin qızı olub. Babamla nənəm ailə quranda nənəmin 13 yaşı olub. Babam isə nənəmdən 27 yaş böyük olub. Bir neçə il uşaqları olmayıb. 1925-ci ildə isə atam İslam Ələsgərli dünyaya gəlib. Atam dünyaya gələndə adını Aşıq Ələsgər qoyub. Aşıq Ələsgərin atasının Alməmməd, Alməmmədin atasının adı isə Allahverdi olub. Haqverdi isə Alməmmədin qardaşı olub. Burda düşmən barmağı aydınca hiss olunur. Bütövlükdə türk dünyasında tanınmış bir ustad sənətkarın ailəsi ilə bağlı saxtakarlığa yol verməklə Göyçənin tarixini saxtalaşdırırlar. Bu məlumat isə hansısa formada saxtalaşdırılmış və təhrif olunmuş şəkidə N.Əhmədlinin əlinə keçib. Dəfələrlə tədqiqatçılar bizim ocağın qonağı olub, onlar Aşıq Talıb və ustadın şagirdi zodlu Aşıq Ağayarla dəfələrə görüşüb onlardan ustadla bağlı geniş və dəqiq məlumatlar toplayıblar. Adını çəkdiyim şəxslər və o cümlədən Göyçədə o dövrdə yaşayanlar ustad barədə müfəssəl məlumata malik idilər. Yadımdadır, mərhum şairlərimizdən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və onlardan öncə və sonra da ocağımızda qonaq olanlar olub və tədqiqat işlərini davam etdiriblər”.

“Nazir Əhmədli erməni saxtakarlığına o qədər aludə olub ki. ”

X.Ələsgərli deyir ki, Nazir Əhmədli erməni saxtakarlığına o qədər aludə olub ki, ona ötürülən yalan informasiyanı mötəbər mənbə adı ilə çəkinmədən ictimaiyyətə sırımağa çalışıb: “Hələ üstəlik, hesab edir ki, ustadı görən canlı şahidlər həyatda olmadığı üçün o, Aşıq Ələsgərlə bağlı istədiyi fantaziyanı qura və ictimaiyyəti çaşdıra bilər. Amma xəbəri yoxdur ki, Aşıq Ələsgərin canlı şahidləri bu həyatda olmasalar da, onların hazırda hələ heç bir yerdə səslənməyən səs yazıları var. O səs yazılarında ustadın həyatı və yaradıcılığı ilə bağlı dəyərli məlumatlar öz əksini tapıb. Bu da bəlkə Allahdandır ki, həmin səs yazıları bu günümüzə qədər qorunub saxlanılır və bugünlərdə əsas hissələri ictimaiyyətə təqdim olunacaq. Onda görək, N.Əhmədli çulunu sudan çıxara biləcəkmi?

“Sən öz babanı N.Əhmədlinin kitabından sonra tanımısansa. ”

Ümumiyyətlə, hələ də mənə çatmır ki, N.Əhmədlinin bu kitabına mötəbər bir mərkəzə rəhbərlik edən akademik Nizami Cəfərov və Folklor İnstitutunun əməkdaşı Əli Şamil necə elmi redaktorluq edib, necə rəy yazıblar? Onun bu saxtakarlığına necə şərik çıxıblar?”

X.Ələsgərli deyib ki, kitabın çapından sonra bu məsələni aydınlaşdırmaq üçün Əli Şamillə görüşüblər: “Ona iradımı bildirdim. Sual etdim ki, babalarımın həyatları haqqında məlumatların saxtalaşdırılmasına nə üçün yol vermisiniz. Axı mən babalarımın kim olduğunu yaxşı tanıyıram, yəqin siz də babalarınızı yaxşı tanıyarsınız. Onun cavabı çox qəribə oldu. Dedi ki, N.Əhmədlinin kitabı nəşr olunandan sonra öz babamı tanımışam. Bu sözdən sonra ”Sən öz babanı N.Əhmədlinin kitabından sonra tanımısansa, daha mənim sənə sözüm yoxdur”, deyərək, ondan aralaşdım. Doğrusu, N.Əhmədlidən artıq hər şey gözləmək olar. Nə qədər mənəvi cəhətdən kasad olasan ki, bu qədər saxtakarlıq edəsən, ustadın həyat və yaradıcılığına həqarətlə yanaşasan, onun haqqında yazılanların uydurma olduğunu söyləyəsən, sonra da həyasızcasına deyəsən ki, Aşıq Ələsgərin nəsli mənə təşəkkür etsin. Bu, heç bir əxlaqa və heç bir mənəviyyata sığmır. Aşıq Ələsgər dövlətimiz və millətimiz tərəfindən qiymətini çoxdan alıb”.

“Tülküsən, aslanla girmə savaşa”

X.Ələsgərli deyib ki, N.Əhmədli vaxtilə Dərələyəz mahalı haqda yazdığı kitaba görə daş-qalaq olunub: “Atası Surxayla birgə Dərələyəz mahalı ilə bağlı ”Yada düşənlər” adında bir kitab yazmışdı. Kitabı Dərələyəz mahalından olanların ciddi etirazına səbəb olmuşdu və kitabı yandırıb, ata-balanı daş-qalaq etmişdilər. Belə bir adamın Dədə Ələsgərin doğum tarixini təzədən “kəşf” etməsi əslində gözlənilən idi. Nazir Əhmədliyə ustadın aşağıdakı misralarını çatdırıram:

Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa,
Gəl yapışma gücün çatmayan daşa
Götürə bilməzsən, zora düşərsən.

“Məlumatları saxtalaşdırıb, kəndləri, yer-yurd adlarını, milli tərkibi belə təhrif edib”

Ümumiyyətlə, bu çap məhsulu başdan-başa saxtakarlıqlarla doludur. Təkcə Aşıq Ələsgərin deyil, onun ustadı Aşıq Alının, Ağ Aşıq Allahverdinin, Şair Məhəmmədhüseynin və digər ustadların həyatları haqqında məlumatları saxtalaşdırıb, kəndləri, yer-yurd adlarını, milli tərkibi belə təhrif edib”.

X.Ələsgərli bildirib ki, mələk donuna girərək özünü Aşıq Ələsgərə sonsuz məhəbbəti olan bir şəxs kimi göstərən, əslində isə onun haqqında yazılanları uydurma adlandıran, böyük ustadın təvəllüd tarixini təhrif edən, indiyədək aparılan bütün araşdırmalara, eləcə də dövlət səviyyəsində keçirilən yubiley tədbirlərinə kölgə salan N.Əhmədlinin erməni mənbəyinə istinadlarla zəngin olan bu çap məhsulu üz qarasından başqa bir şey deyildir.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.