Press "Enter" to skip to content

Azərbaycan ədəbiyyatının şifahi qalan janrı

Gəlinə ayran demədim mən, Dədə Qorqud.

Klassik və şifahi xalq ədəbiyyatımızın misilsiz tədqiqatçısı – Akademik Həmid Araslı haqqında – Qəzənfər PAŞAYEV yazır

Keçən əsrin 40-50-ci illərində Azərbaycan ədəbiyyatşünaslığı hüdudlarını yarıb beynəlxalq aləmə çıxan, klassik Azərbaycan ədəbiyyatının ən mötəbər və nüfuzlu tədqiqatçısı kimi tanınan Həmid Araslı qürur duyduğumuz nəhəng alimimizdir.

Həmid müəllim həyatını ədəbiyyatşünaslıq və folklorşünaslıq elmimizə həsr edən, məktəb yaradan, ensiklopedik bilgiyə malik, iddiasız və təmənnasız yaşamağa vərdiş etmiş, böyük insanlara xas sadəliyi, təvazökarlığı, səmimiyyəti ilə seçilən görkəmli alim idi. Akademik Həmid Araslının yeri alimlər arasında o qədər ucadır ki, hansı tərəfdən baxsan, abidə əsərlərində onun nurlu simasını görmək olur.

Həmid müəllimin yaradıcılığını tədqiq edənlər, əsasən onun ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsindəki elmi nailiyyətlərindən bəhs edirlər. Bizə qalırsa, alimin böyük xidmətlərindən biri də yetişdirdiyi alimlərdir. O alimlər ki, Həmid Araslının elmi işini uğurla davam etdiriblər. Həmid müəllim gələcəyin görkəmli folklorşünas alimləri M.H.Təhmasib və Mirəli Seyidovun həm namizədlik, həm də doktorluq işində elmi rəhbər olmuşdur. Bu sırada Şamil Cəmşidov, Qara Namazov, Rüstəm Rüstəmzadə, Xalidə Qafqazlı və başqalarının da adını çəkmək olar. Həmid müəllim, eləcə də ədəbiyyatşünaslıq üzrə Mirzağa Quluzadə, Araz Dadaşzadə, Qulamhüseyn Beqdeli, Əzizağa Məmmədov və bir çox başqa alimlərin namizədlik və doktorluq işlərində elmi rəhbər olmuşdur.

Folklor üzrə neçə-neçə gələcəyin görkəmli aliminin opponenti olmuşdur: Əzizə Cəfərzadə, Paşa Əfəndiyev, Sədnik Paşayev, Fərhad Fərhadov, Əhliman Axundov və bir çox başqaları. Həmid müəllim folklor üzrə neçə-neçə fundamental əsəri redaktə etmişdir: “Koroğlu” – 454 səh., “Aşıq Ələsgər” – 487 səh., “Azərbaycan dastanları” – I cild, 475 səh., “Molla Nəsrəddin lətifələri” – 336 səh., Məmmədhüseyn Təhmasibin “Xalq dastanları” (Orta əsrlər) – 399 səh. və başqaları.

Tədqiqatçı həmişə folklorla yazılı ədəbiyyatı qoşa qanad hesab edir və hər iki elm sahəsində yorulmadan çalışır və ortaya qiymətli əsərlər qoyurdu.

Akademik Həmid Araslının ən böyük xidmətlərindən biri xalqımızın qürur mənbəyi, yazılı və şifahi ədəbiyyatımızın başlanğıcı, tükənməz enerji mənbəyi “Kitabi-Dədə Qorqud”la bağlıdır. Eposun yasaq edildiyi XX əsrin 40-cı illərində onun Azərbaycanda ilk tədqiqatçısı, əsərin Azərbaycan dilində yazıldığını, Azərbaycan xalqına mənsub olduğunu ilk dilə gətirən Həmid Araslı olmuşdur.

Həmid müəllim eposu yeni əlifbaya çevirmiş, tərtib etmiş, müqəddimə və şərhlərlə 1939-cu ildə çap etdirmişdir. Ön sözdə əsərin tədqiqi tarixindən söz açmış, “Dirsə xanın oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yərma edilməsi”, “Basatın Təpəgözü öldürməsi”, “Bəkil oğlu İmranın boyu” və “Qazanın dustaq olduğu boy” hekayələrini – boylarını geniş tədqiqat süzgəcindən keçirmişdir.

1950-ci ildə Həmid Araslı Məmmədhüseyn Təhmasiblə birgə akademik Vasili Bartoldun “Dədə Qorqud” əsərini müqəddimə və şərhlərlə rusca çap etdirəndə, sanki bomba partladı. Moskva və qaragüruh hücuma keçdi.

“Kitabi-Dədə Qorqud” mürtəce əsər kimi tənqidə məruz qaldı. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud” ensiklopediyasına yazdığı möhtəşəm ön sözdə bu münasibətlə xüsusi qeyd etmişdir:

“O dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orada “Dədə Qorqud” tənqid olunmasın. 1951-ci ilin may ayında Azərbaycan Yazıçılar İttifaqının iclasında Həmid Araslının qeyri-səmimi olduğu xüsusi vurğulandı. Səhvini boynuna almadığına görə işdən çıxarıldı. Mirzə İbrahimov, Səməd Vurğun, Mikayıl Rəfili, Mikayıl Quluzadə və başqaları öz “səhvlərini” boyunlarına alsalar da, onlara qarşı keçirilmiş kampaniya hələ bir müddət davam etdi”.

Aradan 70 ilə yaxın vaxt keçib. Zaman hər şeyi öz yerinə qoyub. Lakin o vaxtın gözü ilə baxsaq görərik ki, Həmid Araslıdan sonra ən çox Əbüləzəl Dəmirçizadənin “zərərli” “Qaraca çoban” pyesinə görə və Səməd Vurğunun “Gələcəyin toy-bayramı” şeirində “Dədə Qorqud”u tərənnüm etdiyinə görə qara buludlar başlarının üstünü almışdı. Səməd Vurğun şair fəhmi ilə yazmışdı:

Dədə Qorqud dediyimiz

min bir yaşlı bir ozan da,

Qoca vaxtı öz sazını sinəsinə basacaqdır.

Bütün xalqlar və tayfalar

ona qulaq asacaqdır.

“Kitabi-Dədə Qorqud”a kəskin basqılar ölkədə siyasi ab-havada baş verən ciddi dəyişikliklərdən sonra səngiməyə başladı. 1953-cü ildə Həmid Araslı gözlənilmədən yüksək ordenlə təltif edildi. Bu o demək idi ki, eposa qarşı basqılar lap yuxarıdan idarə olunurmuş. Alimlərimiz H.Araslı, Ə.Dəmirçizadə, M.Arif və M.H.Təhmasib 1957-ci ilin mart ayının 26-da “Kommunist” qəzetində “Dədə Qorqud dastanları” adlı məqalə yazdılar. Bununla da eposun Azərbaycandakı basqısına son qoyuldu.

Elə həmin ildə Sovet nümayəndə heyətinin tərkibində Türkiyəyə gedən Həmid Araslı “Türk Dil Qurumu”nun VIII qurultayında “Dədə Qorqud” dastanı haqqında məruzə etmişdi. 1960-cı ildə isə heç nədən çəkinməyərək şərqşünasların Moskvada keçirilən yığıncağında “Nizami yaradıcılığında “Dədə Qorqud” motivləri” mövzusunda məruzə etmişdir.

Həmid müəllim görülən işlə kifayətlənməmiş, eposa yeni zəngin faktlar əlavə etməklə daha dolğun müqəddimə və şərhlərlə 1962-ci və 1978-ci illərdə yenidən çap etdirmişdir.

Onilliklər keçəndən sonra 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyində ulu öndərimiz Heydər Əliyev məruzəsində və ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyasına yazdığı “Milli varlığımızın mötəbər qaynağı” adlı möhtəşəm məqaləsində xüsusi vurğulamışdır:

“Dünya qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. “Kitabi-Dədə Qorqud”un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir”. (Bax: “Kitabi-Dədə Qorqud” ensiklopediyası, I cild, s.6).

Bu tarixi xidmətdə akademik Həmid Araslının hamıdan çox payı vardır.

Hələ uşaqlıqda yaşlılardan Dədə Qorqudla bağlı eşitmişdim:

İynəyə tikən demədin, ay Dədə Qorqud.

Tikənə sökən demədin, ay Dədə Qorqud.

Gəlinə ayıran demədin, ay Dədə Qorqud.

Ayrana doyuran demədin, ay Dədə Qorqud.

Həmid müəllimin tədqiqatları ilə tanış olanda gördüm ki, bu maraqlı sətirlər onun da nəzərindən qaçmayıb, azacıq fərqlə:

Gəlinə ayran demədi o Dədə Qorqud.

Ayrana doyran demədi o Dədə Qorqud.

İynəyə tikən demədi o Dədə Qorqud.

Tikənə sökən demədi o Dədə Qorqud.

Bu, əsərin 1939-cu il çapına Ön sözdə verilmişdi. “Kitabi-Dədə Qorqud”un 1962-ci il çapındakı Ön sözdə dəyişiklik özünü göstərir:

Gəlinə ayran demədim mən, Dədə Qorqud.

Ayrana doyran demədim mən, Dədə Qorqud.

İynəyə tikən demədim mən, Dədə Qorqud.

Tikənə sökən demədim mən, Dədə Qorqud.

Epos barədə akademik Həmid Araslının tədqiqatlarından çıxış edərək tam əminliklə deyə bilərik ki, Həmid müəllim Dədə Qorqudla bağlı araşdırmalarından başqa heç bir əsər yazmasaydı belə, eposun ilk və mötəbər araşdırıcısı kimi ədəbiyyat tarixinə düşərdi.

Akademik Həmid Araslının tədqiqata cəlb etdiyi 2-ci qəhrəmanlıq dastanı “Koroğlu”dur. “Xalqın qəhrəman oğlu” (1942) adlanan əsərə Məmməd Arif ön söz yazmışdır. Ərəb əlifbası ilə çap olunan kitab 1988-ci ildə kiril əlifbasında yenidən, lakin müqəddiməsiz çap olunub.

Sadə dildə yazılan, orta məktəb şagirdləri üçün nəzərdə tutulan və çox gözəl şəkildə sadələşdirilən variant aşağıdakı yığcam fəsilləri əhatə edir: “Qoca kişinin oğlu”, “Təzə yerdə”, “Sınaq günü”, “İntiqam”, “Mübarizə günləri”, “Səfər”, “Cinayət və sədaqət”, “Ümid və inam”.

Son fəsildən məlum olur ki, Koroğlu cavanlıqda Dərbənddə Mömünə xanımla evlənibmiş. Həsənbəy adlı oğlu varmış.

Həmid Araslının folklorşünaslıq fəaliyyətində aşıq yaradıcılığı da əhəmiyyətli yer tutur. Alimin 1960-cı ildə çapına nail olduğu “Aşıq yaradıcılığı” əsəri hadisəyə çevrildi.

Əsər Giriş; Qədim aşıq yaradıcılığı; XVI əsrdə aşıq yaradıcılığı; XVII əsrdə aşıq yaradıcılığı; Yeni dastanlar; XVIII əsrdə aşıq yaradıcılığı; XIX əsrdə aşıq yaradıcılığı; Böyük Vətən müharibəsindən sonra aşıq şeiri və s. əhatə edir.

Həmid müəllim aşıq şeirinin ecazkar nümunələrini yaradan, çalıb-oxuyan, ağır məclisləri yola verən, dastan qoşan, “bağlama-deyişmələr”də cəsarətlə iştirak edən, istedadını, biliyini, bədahətən şeir demə qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan aşıqların “Dədə” adlandırıldıqlarını xüsusi vurğulayır. Burada böyük bir həqiqət vardır. Bunu Xəstə Qasımla Ləzgi Əhmədin “Bağlama deyişməsi”nin “hərbə-zorba” mərhələsindən də görmək olur. Xəstə Qasımı bağlayaraq sazını əlindən almaq iddiasında olan, zəmanəsinin qüdrətli aşığı Ləzgi Əhməd də etiraf edir.

Sənin adın Dədə Qasım,

Yandıracam oda, Qasım.

Ləzgi Əhmədin əlindən

Gedəcəksən dada, Qasım.

Əhməd, belini dağa ver,

Gəl hirsinə qadağa ver.

Qurtarsan Xəstə Qasımdan

Bir ye, beş sadağa ver.

Tədqiqatçı xalq ruhunda yazıb-yaradan şairlərin aşıq kimi tanındıqlarını, onların əsərlərinin aşıq repertuarına keçib icra olunduğunu da göstərir. Yeri gəlmişkən, zəmanəmizdə xalq ruhunda yazıb-yaradan şairlər aşıq deyil, el şairləri kimi tanınırlar. Həqiqət budur ki, onlar aşıq poeziyasının və aşıq sənətinin inkişafına xidmət göstərirlər.

Həmid müəllim əsərində Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi ustadların hər birinə ayrıca məqalə həsr etmişdir. Tədqiqatçı dastanlara da geniş yer vermişdir. Əsrlərin sınağına sinə gərən, milli-bədii təfəkkürün canlı abidələri, Həmid müəllimin aşıq yaradıcılığının şah əsəri adlandırdığı dastanlar öz möhtəşəmliyini zəmanəmizə qədər qoruyub saxlamışdır. Araşdırıcı onları qəhrəmanlıq və məhəbbət dastanları olmaqla iki hissəyə ayırmış və tədqiq etmişdir. “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” kimi qəhrəmanlıq dastanlarında “Dədə Qorqud” dastanlarının izini araşdırmışdır. Qəhrəmanlıq dastanlarını tarixilik baxımından təhlil etmişdir.

“Şah İsmayıl”, “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” kimi məşhur məhəbbət dastanlarından, onların yaranma yollarından, dastanların yazılı ədəbiyyatımızın inkişafına təsirindən söz açmışdır.

Aşıq şeir şəkillərindən qoşma, gəraylı, təcnis, müxəmməs və s.-dən də bəhs etmişdir. Aşıq yaradıcılığının Azərbaycan ədəbiyyatının mühüm bir sahəsini təşkil etdiyini xüsusi vurğulamışdır.

Alimin aşıq sənəti və aşıq yaradıcılığı barədə orijinal tədqiqatları və irəli sürdüyü mülahizələri bu gün də öz əhəmiyyətini itirmir.

Həmid müəllim beynəlxalq aləmdə tanınan və nüfuzlu söz sahibi olan, Azərbaycan xalqına başucalığı gətirən milli-mənəvi dəyərimizdir.

Təəssüf ki, akademik Həmid Araslını yaradıcılığının kamillik dövründə itirdik. Bu, ağır itki idi. Hardasa oxumuşam, hər hansı bir itki təəssüf və məyusluq doğurur. Lakin insan itkisi həyatda ən ağır, ən əvəzsiz və göynərtili itkidir. O da ola Həmid müəllim kimi böyük alim və şəxsiyyətin itkisi. Həyatla vidalaşan alim beynində götür-qoy etdiyi, hələ qələmə almadığı neçə-neçə əsəri özü ilə apardı.

Təsəllini onda tapırıq ki, Həmid müəllim xalqımıza fundamental abidə əsərlər qoyub getmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Azərbaycan ədəbiyyatının şifahi qalan janrı

Meyxana, yoxsa bədiyyə?

Azərbaycan şifahi xalq ədəbiyyatının bütün dünya ədəbiyyatı çapında qədimliyi və zənginliyi ilə özünəməxsus yer tutduğu danılmazdır. XIX əsrdə formalaşan Azərbaycan folklorşünaslığı isə folklorumuzun tarixi köklərinin araşdırılmasına xidmət edir. Bəs görəsən, folklorşünaslarımız öz sahələrinin bütün qollarını araşdırıbmı?

Şifahi xalq ədəbiyyatımızın hələ tədqiqat obyektinə çevrilməyən, çox maraqlı bir qolu olan meyxana haqqında söz açmaq istəyirəm.
Vaxtilə sovetlər ölkəsi meyxananı məhv etməyə çalışsa da bunu bacarmadı. Güclü ideologiya maşını xalqın məfkurəsini dəyişə və xalqın keçmişinə kölgə sala bilmədi. Meyxana da xalq arasında, dillərdə yaşadı. Dünənini, bu gününü və gələcəyini təsdiq etdi. Amma təəssüflər olsun ki, bu təsdiq elmdə öz əksini, öz davamını tapmadı. Hansı ki, meyxana da aşıq sənəti kimi (ona yaxın) gözəl, bəzən həzin, bəzən oynaq ritmlər üzərində köklənən söz yarışmasıdır. Yeri gəlmişkən, qeyd edək ki, meyxana hər hansı bir qafiyəyə uyğun söylənilir. Deyilən meyxananın ritmi, ahəngi bu qafiyə ilə bağlı olur. Qafiyənin hansı ritm üzərində köklənməsi isə onun vəznindən daha çox asılıdır. Meyxana bir qayda olaraq heca və əruz vəznləri və sonuncunun müxtəlif bəhrləri üzərində deyilir. Bu janrın bu və ya digər cəhətdən rəngarəngliyi əruz vəznində daha çox nəzərə çarpır.

* * *
Meyxana istedadlılar ölkəsi Azərbaycanımızın doğma övladıdır. O, elə bir övladdır ki, oxşarı dünyanın heç bir ölkəsində yoxdur.
Yeri gəlmişkən, bir faktı da qeyd edək ki, kommunist rejimi də meyxanaya biganə deyildi. Bu mənada ki, rejim arabir öz mənafeyi naminə bu sənət növündən istifadə edirdi. Məsələn,

El tüpürür vicdanına Hitlerin
Qorxu düşübdür canına Hitlerin

Bu məşhur qafiyədə bu sənət növü məhz sovetlər birliyinin siyasi təbliğat elementi kimi görünür.
Əsl xalqın sözü olan meyxana isə xalqın el şənliklərində, müxtəlif mərasimlərində, toylarında və toyxanalarında olurdu. Ümumiyyətlə, meyxananın ilk rüşeyimlərini və bu gününü toyxanalarda axtarmaq daha məntiqlidir.
Bütün bunlarla belə, şifahi xalq ədəbiyyatının sözügedən janrının nə vaxt meydana çıxması haqqında konkret fikir söyləmək çətindir. Meyxana haqqında az da olsa məlumatı olanlar bilir ki, bu janr şifahi xalq ədəbiyyatının digər janrlarından bədahətən söylənilməyi ilə fərqlənir. Odur ki, meyxananın «bədiyyə» adlandırılması daha düzgün hesab olunur. «Meyxana» anlayışı «mey evi» mənasını ifadə edir. Meyxananın isə bilavasitə mey evi ilə əlaqələndirilməsi köhnəlmiş və yanlış fikirdir.
Bəzən meyxananın bir janr kimi meydana gəlməsi XX əsrin əvvəllərinə aid edilir. Ola bilər ki, konkretləşmiş meyxana forması və meyxana anlayışı bu dövrdə meydana gəlsin. Lakin bədiyyə haqqında bu fikri söyləmək olmaz. Çünki hələ VII əsrdə Məhəmməd peyğəmbərin bədahətən söz demək bacarığı buna bir sübutdur. Və yaxud 1600-ə qədər bir-birindən dəyərli qəzəllərin müəllifi olan M.Füzulinin bədahətən qəzəl demək bacarığını qeyd etsək, yəqin ki, yanılmış olmarıq. Başqa bir misal isə Sabir yaradıcılığıdır. O cür rəvan təbə, satirik ustalığa malik olan Sabir ola bilməz ki, bədiyyədən istifadə etməsin. Bu yerdə maraqlı bir faktı qeyd etmək yerinə düşər ki, Sabir yaradıcılığını nəzərdən keçirdikdə bu dahi şairin üslubunun meyxana janrına yaxınlığı diqqəti cəlb edir. Və yaxud Əliağa Vahidin bədahətən yaratdığı şeiriyyət nümunələri yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir.
Adlarını çəkdiyimiz sənətkarlar içərisində Əliağa Vahid meyxanaya ən yaxın olan sənətkardır. 1894-cü ildə (bu tarix rəsmi sənədlərdə və ədəbiyyatlarda səhvən 1895-ci il kimi göstərilir) Bakının Masazır kəndində anadan olan İsgəndərov Əliağa həqiqətən də XX əsr qəzəl janrında vahid idi. Füzuli məktəbinin davamçısı olan Vahidin qəzəlxan, yoxsa meyxanaçı olması məsələsi mübahisə obyekti olsa da, əsasən qeyd edilir ki, Vahid meyxana desə də, meyxanaçı olmayıb. Dövrün ən güclü meyxana ustadı Ağahüseyn Əfsun imiş. A.Əfsun Vahidi əlavə qazanc üçün toylara, meyxana məclislərinə apararmış. A.Əfsunun dövrün ən güclü meyxana ustadı olması Ə.Vahidlə müqayisədə də görünürmüş. Belə ki, ustad Vahidin bu janrda A.Əfsunla rəqabət apara bilməməsi bunu sübut edir.
Bu sənətkarlardan sonra meyxana bir janr kimi daha da gücləndi, sovet hökumətinin təzyiqlərinə baxmayaraq meyxana əsasən Ağasəlim Çıldağın (Səlimov Ağasəlim Əliağa oğlu) timsalında bu günə qədər yaşadı. Təbii ki, meyxananın möhkəmlənməsi, inkişafı bu sahədə də güclü sənətkarların ortaya çıxması, artması ilə əsaslı rəqabətə yol açdı. Bu tendensiya özünü xüsusilə 90-cı ildən sonra göstərməyə başladı. Ağasəlim meyxana məktəbi artıq rəqabətlə üzləşməli oldu. Meyxana aləmində yeni bir qütb meydana çıxdı – Nizami Rəmzi qütbü. Söhbət o, Nizami Rəmzidən gedir ki, meyxana janrının inkişafında və təbliğatında onun xidmətlərini qiymətləndirməmək olmaz: N.Rəmzi ilk dəfə olaraq meyxananı müasir musiqi ritmləri üzərinə köklədi, onu musiqiləşdirərək müasirləşdirdi. Daha sonra isə onu ilk dəfə olaraq televiziya ekranlarına çıxardı. Bununla da meyxana üçün də efir pəncərəsi açılmış oldu.
Hazırda şifahi xalq ədəbiyyatının bir qolu olan meyxana janrı sürətli inkişaf yoluna qədəm qoyub, xalq tərəfindən daha çox sevilir və biz bu janrı el şənliklərində, müxtəlif məclislərdə, ən əsası isə efirdə az qala hər gün görə bilirik.

* * *
Xalq tərəfindən qəbul olunan və uzun illər ərzində təzyiqlərə məruz qalmasına baxmayaraq inkişafını səngitməyən meyxana janrı keçən uzun zaman kəsiyində mütləq folklorşünaslarımızın tədqiqat obyektinə çevrilməliydi. Görəsən, 50 illik fəaliyyəti dövründə AMEA-nın şifahi xalq ədəbiyyatının tədqiqi ilə məşğul olan folklorşünasları meyxana janrını tədqiq edib, dərindən araşdırıb, onun ən kiçik elementlərini ortaya çıxararaq xalqa, geniş auditoriyalara təqdim edə bilməzdilərmi? Və yaxud ədəbiyyatın bir çox qollarını, o cümlədən folklorumuzu tədqiq etməklə xüsusi diqqət çəkən BDU-nun filologiya fakültəsinin ədəbiyyatşünasları, folklorşünasları şifahi xalq ədəbiyyatının bir növü kimi meyxananı da tədqiq edə, araşdıra bilməzdilərmi? Əlbəttə, edə bilərdilər.
Amma çox əfsuslar olsun ki, hələ bu işlə heç kim elmi cəhətdən məşğul olmayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.