Press "Enter" to skip to content

Azərbaycan multikulturalizmi

Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir.

Ümumi məlumat

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Multikulturalizm ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir.

Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.

Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.

Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.

Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir.

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.

Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmlş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm – cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudiyyətidir. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.

Multikulturalizmin müxtəlif modelləri — ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir.

Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.

Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir.

Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi tərəfindən indiyədək 4 virtual dəyirmi masa təşkil olunmuşdur. “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində “Azərbaycan multikkulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”, “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda olan bu dəyirmi masaların materialları Azərbaycan, rus və ingilis dillərində dərc edilərək ölkə daxilində və xaricdə paylanmışdır.

Virtual dəyirmi masalarda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan, Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan, Misirdən, İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər və tələbələr iştirak etmişlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış və yay məktəbləri layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində

hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.

Qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

2016-cı ildə “Azərbaycan multikkulturalizminin qaynaqları” seriyasından “Azərbaycan multikkulturalizminin ədəbi-bədii qaynaqları” kitabı işıq üzü görmüşdür. Kitabda görkəmli Azərbaycan ədiblərinin əsərlərində bədii ifadəsini tapan çoxəsrlik multikultural dəyərlər və tolerantlıq ənənələri öz əksini tapmışdır.

26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.”

Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.

Copyright © 2016 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.

Azərbaycan multikulturalizmi

Azərbaycanda mədəniyyətin istənilən sahəsində multikulturalizmin nümunələrini görmək mümkündür

Azərbaycanın zəngin mədəniyyəti bütün dünyada yüksək səviyyədə qəbul edilir. Mədəniyyətimiz memarlıqda, ədəbiyyatda və incəsənətdə məxsusi obrazını yaradaraq tarixə öz möhrünü vurub.

Multikultural və tolerant dəyərləri özündə əks etdirən mədəniyyət abidələri hələ qədim dövrlərdən mövcud olub. Azərbaycanda multikulturalizm, başqalarına qarşı dözümlülük kimi ideyalar da, məhz tarixin köklərindən “su içir”.

Müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan ta qədim zamanlardan Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Bu səbəbdən də ölkəmizdə mədəniyyət müxtəlifliyi çox böyük sürətlə inkişaf edib. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də burada öz mədəniyyət hüquqlarına böyük hörmətin şahidi

olublar. Humanizm ideyalarının carçısı olan Azərbaycan mədəniyyəti dünyaya böyük mütəfəkkirlər bəxş edib.

Elm, mədəniyyət, incəsənət və ədəbiyyat nümunələrimizdə multikulturalizm dəyərlərinin ifadəsi yüksələn xətlə keçir. Mütəfəkkirlərimiz sözügedən dəyərlərin ümumbəşəri səviyyəyə çatmasında önəmli rol oynayıblar.

Hələ ötən yüzilliklərdə yaşayan alim və mütəfəkkirlər multikulturalizm ənənələrini öz yaradıcılıqlarında böyük ustalıqla tətbiq ediblər. Ensiklopedik bilik sahibi olan Nəsrəddin Tusinin astronomiya, fizika, fəlsəfə, məntiq və elmin digər sahələrinə aid əsərlərində bu dəyərlərin ifadəsi aparıcı yer tutur. Onun yaratdığı rəsədxana və “Hikmət evi” adlı elmi mərkəz müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanların toplaşdığı, çalışdığı bir məkan olub. Tarixi mənbələrdən bəlli olur ki, orada müxtəlif millətlərin nümayəndələri çalışıblar və bir çox ölkələrdən gələn tələbələr də həmin mərkəzdə təhsil alırdılar. Sözügedən mərkəzdə Mosuldan, Dəməşqdən, Tiflisdən, Buxaradan, Qəzvindən, Monqolustandan, Çindən, Hindistandan gələn alimlər elmi

işlərlə məşğul olublar. Təsadüfi deyil ki, akademik Ziya Bünyadov Tusinin yaratdığı rəsədxananı , elm-təhsil mərkəzini Şərq ölkələrinin və dünya sivilizasiyalarının ilk elmlər akademiyası adlandırıb.

Təkcə Şərqin deyil, bütün dünyanın böyük mütəfəkkiri olan Nəsrəddin Tusi öz əsərlərində insanlar arasında birliyin qırılmaz bağ olduğunu bəyan edib. Dahi insan göstərirdi ki, insanlığın, cəmiyyətin əsasını təşkil edən dəyərlərə hörmətlə yanaşmaqla və onları yaşatmaqla böyük bir sivilizasiya qurmaq, onu müasir səviyyəyə qədər gətirmək mümkündür. Azərbaycanın belə dahi, müqtədir şəxsiyyətlərinin qoyub-getdiyi elmi-ədəbi məxəzlər ölkəmizin ərazisində yaşayan xalqlara göstərilən isti münasibətin, birgəyaşayışın indiyədək davam etməsində əhəmiyyətli rol oynayıb.

Unikallığı ilə daim diqqət mərkəzində olan Azərbaycan mədəniyyəti dünyanın aparıcı mədəniyyət sistemlərindən bəhrələnib. Nəticədə, milli mədəniyyətimizə digər mədəniyyət nümunələrinin də inteqrasiyası baş verib. Qədim atəşpərəstlikdən başlanan türk, Qafqaz, yəhudi, xristian, slavyan, İslam və digər müasir dünya sivilizasiyasıyalarını formalaşdıran mədəniyyətlər birləşərək ümumi bir mədəniyyət və inkişaf modeli yaradıb. Bu isə dünyanın inkişafına təkan verən amillərdən hesab edilir.

Bu mənada, Azərbaycanda mədəniyyətin istənilən sahəsində multikulturalizmin nümunələrini görmək mümkündür. XX əsr Bakı memarlığını da multikulturalizm nümunəsi hesab etmək olar. Belə ki, Bakı keçən əsrin əvvəllərində multikultural mədəniyyətə yaxınlaşmaqda davam edib.

“Multikulturalizmə giriş” kitabında da qeyd edilir ki, keçən əsrin əvvəllərində Bakı memarlığı multikulturalizmin nümunəsi kimi təqdim edilir.

Bakı şəhəri özünün memarlığı, əzəmətli tikililəri ilə diqqəti cəlb edib. Bakının memarlığı, inşa edilən binalar, həmin binaların müxtəlif memarlıq məktəbinin üslubunda tikilməsi indi hamıda maraq doğurur. Onu olduqca unikal bir memarlıq hesab edənlər orada həm əski, həm də müasir dövrün izlərini tapa bilirlər.

Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapitalizmin inkişaf mərhələsinə qədəm qoyan Şimali Azərbaycan Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur. Şərq sivilizasiyasının daşıyıcısı olan ölkəmiz, öz mədəniyyətini zənginləşdirir və bununla da multukultural dünyaya daha da yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai cərəyanlarının təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist rəsmlər Ötən əsrdə kapitalist Bakısında inşa edilən bir çox tikililər də Qərb memarlığı üslubunda salınıb. Bu memarlığın formalaşmasında isə alman memarları böyük rol oynayıblar.

Bakıda teatr binaları, kino salonları, əyləncə evləri də getdikcə inkişaf edib. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə H.Z.Tağıyevin pulu ilə

memar Koqnovitskinin layihəsi əsasında tikilib. Milli teatr ölkədə multikultural dəyərlərin inkişafında özünəməxsus rol oynayıb.

Kapitalist Bakısı Qərb mədəniyyətinin komponentlərindən olan teatrı qəbul etsə də, öz milli mentalitetindən də imtina etməyib. Belə ki, tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış lojalarda yerləşdirilir, xalqın milli davranış qaydaları əsaslı şəkildə qorunurdu. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışından da imtina etmirdi.

Bir sıra tədqiqat əsərlərində qeyd edildiyinə görə, həmin teatrda 1908-ci ildə “Leyli və Məcnun” operası oynanılıb. Azərbaycanın mədəni həyatında xüsusi yer tutan bu hadisə, ölkəni multikultural dünyaya aparırdı. İlk dəfə olaraq Şərqdə, Azərbaycanda Qərb mədəniyyətinin komponenti – opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır.

1909-cu ildə “Bakının incisi” adlanan Dənizkənarı Bulvarın salınmasına istedadlı mühəndis, vətənpərvər bir şəxs olan Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanılır. Multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından A.Eyxler də öz aktivliyi ilə seçilir.

Bütün bunlardan aydın olur ki, qəzalarda tarixi tolerantlıq ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriyyəçiləri İslam ənənələrini inkişaf etdirməyə daha çox meylli, kapitalist Bakısında isə İslam dəyərlərinin qoruyucusu idilər. Onlar eyni zamanda, paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya aşılamış və Qərb-Şərq mədəniyyətinin sintezi kimi bəşər tarixinə təkraredilməz bir multikultural mədəniyyət gətirmişlər. Bunun əyani nümunəsi kimi, 1907-ci ildə N.Z.Tağıyevin tikdirdiyi “Con Mironosets” kilsəsini misal göstərmək olar.

Ümumiyyətlə, Azərbaycan xeyriyyəçiləri öz fəaliyyətləri ilə ölkəmizin sosial-mədəni həyatında özünəməxsus tolerantlıq dəyərlərini yaratmışdılar. Bakının tarixində, memarlıq abidələrində bu, əyani şəkildə görünür. Bununla da onlar hələ o dövürdə ölkəmizdə multikulturalizmin inkişafına böyük tarixi xidmətlər göstəriblər.

Bunu, eyni zamanda, multikultural dəyərlərin təbliği kimi də anlamaq olar. Hələ yüzillər əvvəl də Azərbaycanda bütün xalqların özünü təsdiq etməsinə şərait yaradılıb. Mədəniyyətimizin yaranmasında, formalaşmasında və inkişaf etdirilməsində milli memarlarla yanaşı, ölkəmizdə yaşayan xalqların nümayəndələri olan memarları, əcnəbi mütəxəssislər və incəsənət xadimləri də öz əməyini əsirgəməyiblər.

Bir sözlə, Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla yanaşı, əcnəbi mütəxəssislər də fəal iştirak ediblər. Burada həm Şərq üslubu qorunub,, həm də Avropa stili geniş əksini tapıb.

Bu mənada, Bakının arxitekturasında polyak memarların da xüsusi əməyi var. Polşa memarlarının Bakıya gəlməsi ilə paytaxtda möhtəşəm binalar inşa edilməyə başlayıb. Polyak memar İosif Ploşko həcm plastikası, daş üzərində oyma və ornament motivlərilə heyranedici olan Şirvanşahlar saray ansamblına xüsusi maraq göstərib və istedadı sayəsində şəhərin bəzəyi olan gözəl, monumental binaların müəllifi olub. O, çox sayda yaşayış evləri, binalar, ictimai, mülki və dini tikililər inşa edib. Memarın sifarişçiləri isə yerli milyonçular olublar. Avropa klassikası, Venesiya və fransız qotikası, modern əsərlər onun əsas üslubu idi.

Ploşko qotika və modern üslubunda binalar tikəndən sonra yerli memarlıq elementlərinə müraciət edib. Onun layihəsi əsasında inşa edilən tikililər Bakının memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutub. Monumental səciyyəli ilk işi olan “İsmailiyyə” binası memarı şəhərin memarlıq mühitində ön sıralara çıxarıb. Milyonçu Ağamusa Nağıyev erkən vəfat edən oğlunun xatirəsinə tikdirdiyi “İsmailiyyə” ictimai-xeyriyyə cəmiyyəti binasının inşasını Ploşkoya sifariş edib.

Memarın Venesiya qotikası üslubunda tikilən bu binadan başqa da məşhur əsərləri var. Misal üçün, Ploşkonun milyonçu Murtuza Muxtarovun sifarişi ilə tikdiyi indiki “Səadət sarayı”nı misal göstərmək olar. Ploşko Bakıda mühəndis kimi işləyib və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsində iştirak edib.

Əcnəbi memarlar Azərbaycanda öz üslublarını tətbiq etməklə bərabər, yerli memarlığın bədii-estetik cəhətdən çox zəngin olduğunu da qeyd ediblər. Onlar bu elementlərdən interyerdə istifadə edirdilər. O illərdə zəngin adamların sifariş etdiyi binaların içində bir otağı yerli memarlıq üslubunda işləyirdilər. Məsələn, “İsmailiyyə”nin memarlığı yerli mühiti özündə əks etdirib, Bakı və Abşeronun bütün qədim abidələrində də çatma tağlar üstünlük təşkil edir. Eləcə də, Hacı Zeynalabdinin evinin bir otağı Azərbaycan milli memarlıq elementləri ilə işlənilib.

Beləliklə, qeyd edilənlər Azərbaycanın multikultural mühitinin hələ ötən əsrlərdən qaynaqlandığını deməyə əsas verir. Bütün bunlar həm yazılı, həm də tarixi faktlar olmaqla ölkəmizin multikultural dəyərlərə verdiyi hörmətin əyani nümunəsidir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

SON DƏQİQƏ

Müstəqil dövlət kimi özünü dünyada təsdiqləməyi bacaran Azərbaycan Respublikası zəngin siyasi və mədəni irsə malik olan bir ölkədir. Özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından, eləcə də əlverişli təbii şəraitdən istifadə edərək, istiqlal arzusunu gerçəkləşdirən Azərbaycanda multikultural dəyərlər yüksək səviyyədə qorunur. Mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş multikulturalizmin ən önəmli özəlliyi assimilyasiyaya qarşı olmasıdır. Multikulturalizm və tolerantlıq, eyni zamanda, cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, sülh deməkdir. Çoxmədəniyyətlilik ideyalarının davamlı olmasını şərtləndirən zəruri amillərdən biri tolerantlıq – dözümlülükdür. Tolerantlığa zəmin yaradan iqtisadi amildirsə, digər bir əsas amil isə dindir. Tolerantlığın minimum şərtlərinə görə, dini çoxluq dini azlığa hörmətlə yanaşmaqla bərabər, onların öz inanclarına uyğun yaşamasına əngəl törətməməkdir. Azərbaycanda dini azlıqlara bütün tarixi dövrlərdə hörmətlə yanaşılmış, öz inanclarına uyğun yaşamaları üçün şərait də yaradılmışdır.
Zəngin və mürəkkəb tarixi olan Azərbaycanda çoxalahlılıq, bütpərəstlik, səmavi dinlər və bu kimi dünyanın bütün məşhur dinləri mövcud olmuşdur. Bunun nəticəsidir ki, etnik müxtəlifliyə baxmayaraq, çoxsaylı etnoslar yüzilliklər boyu Vətənimizi tərk etməmiş, başqa ərazilərə köçməmişlər, Azərbaycanda sərbəst sərbəst yaşamış, yerli əhali ilə qaynayıb-qarışmışlar.
Çoxmədəniyyətliliyin və tolerantlığın izlərinə Azərbaycanda tarixin bütün dövrlərində bir çox sahələrdə rast gəlmək mümkündür. XIX əsrin sonlarında bir sıra dini icma nümayəndələri üçün ölkəmizin müxtəlif bölgələrində ibadət məkanlarının tikilməsi multikulturalizm ənənələrinin yeni yaranmadığını göstərir.
Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdışı və özünütəsdiqində Heydər Əliyevin ideya-siyasi baxışlarının əvəzsiz rolu olmuşdur. İkinci dəfə müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycanı yeni bir tarixi şəraitdə qarşılaşdığı böhranlardan çıxarmasının, onun özgüvəninin yaradılmasının əsas konsepsiyası kimi milli adət-ənənələr və dini-mənəvi dəyərlərə söykənərək Vətənimizin çağdaş dünyaya inteqrasiyasını təmin etmək üçün dinlərə və dindarlara qarşı münasibətləri sağlam müstəvidə quraraq dəfələrlə müxtəlif dinlərin xadimləri ilə görüşləri onun düşünülmüş siyasətinin bariz nümunəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin müxtəlif dini konfessiyaların rəhbərləri və nümayəndələri ilə dəfələrlə bir araya gəlməsi, Rus Provaslav Kilsəsinin Arxiyepiskopu ilə, Dağ Yəhudiləri İcmasının sədri ilə və bu kimi bir sıra görüşləri, eyni süfrə arxasında əyləşmələri azərbaycanlı din xadimləri ilə digər dini konfessiya liderləri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu sübut edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müqəddəs Ramazan ayında təşkil olunmuş iftar süfrələrində müxtəlif dini icma rəhbərləri ilə eyni masada əyləşməsi tolerantlığın ölkəmizdə dövlət səviyyəsində dəstəkləndiyindən xəbər verir.
Müsəlmanların Ramazan ayında təşkil olunmuş iftar süfrələrində başqa dini konfessiyaların liderləri və nümayəndələri ilə bir araya gəlməsi praktikasıın digər bir təqdirəlayiq örnəyi isə Qəbələnin Nic qəsəbəsində kompakt halda yaşayan xristianların müsəlmanlar üçün kilsədə iftar süfrəsi təşkil etmələridir.
Bu gün tolerantlıq fəlsəfəsini dünyaya yüksək səviyyədə nümayiş etdirən Azərbaycan, dinlər və mədəniyyətlərarası dialoqla bağlı keçirilən tədbirlərə ev sahibliyi etməklə nəinki multikultural dəyərləri və tolerantlığı dəstəkləyir, eyni zamanda ölkəmizi dünyaya tanıtmaq məqsədini hədəfləmişdir.
Bütün bu uğurlu siyasi xəttin işığında Heydər Əliyev fondu öz öhdəsinə götürdüyü dövlətçilik ideyalarının təbliğini istər ölkə daxilində, istərsə də ölkə xaricində böyük uğurla həyata keçirməkdədir. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi əsasında Fondun təşəbbüsü ilə 2006-cı ildə bir sıra dini abidələr bərpa edilərək, istifadəyə verilib. Həmin layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa olunub, Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunub. Fondun tolerantlıq ənənələrinin qorunması ilə bağlı fəaliyyəti ölkəmizin hüdudlarını aşaraq daha da geniş vüsət almışdır. Belə ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vatikanda Marçellinio, Pietro və Sebastian yeraltı sərdabələrinin və Vatikan Apostol Kitabxanasının bərpası üçün xərcləri öz üzərinə götürmüşdür. Onun bu sahədəki səmərəli fəaliyyətinin nəticəsində xoşməramlı səfiri olduğu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının qətnaməsi (İSESCO) əsasında 2009-cu il üçün Bakı və 2018-ci il üçün Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci ili Naxçıvan Muxtar Respublikasında “Milli-mənəvi dəyərlər ili” elan etməsi milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, tədqiqi və təbliği sahəsində əvəzsiz addımdır.
Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar təşkilat komitəsinin yaranması haqqında” sərəncamından irəli gələn tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən məscid, ziyarətgah, imamzadə və türbə komplekslərində bir sıra mühüm təmir və bərpa işləri aparılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında sərəncamı ilə mükəmməl bir loqotip ərsəyə gəlmiş, videoçarxlar, suvenirlər, hazırlanmış, zərf və poçt markaları buraxılmış, İslam filmləri həftəsi təşkil olunmuş, habelə elmi-kütləvi, mədəni və idman tədbirləri keçirilmişdir.
Bu gün Naxçıvan Dövlət Universitetində rəngarəng etnik tərkibə, fərqli dini və məzhəbi mənsubiyyətə malik olan Türkiyə, İran, Nigeriya, Hindistan, Banqladeş vətəndaşlarının azərbaycanlı tələbələrlə eyni auditoriyada təhsil alması, yüksək dostluq şəraitində qarşılıqlı təhsil, dil bilikləri və mədəni-intellektual səviyyə mübadiləsi milli və dini tolerantlığa mükəmməl nümunədir.
Azərbaycan multikulturalizmi bu gün dünyanın 30-dan çox ölkələrində tədris olunur, dünya Azərbaycan çoxmədəniyyətliliyindən örnək götürür. Tarix boyu dinlərin və mədəniyyətlərin qovşağı olan Azərbaycanda dövlət siyasətinə çevrilmiş multikulturalizm artıq həyat tərzinə çevrilmişdir. Bu siyasətdən bəhrələnməklə ölkəmizi, milli-mənəvi, dini-mədəni dəyərlərimizi dünya səviyyəsində təbliğ etmək, multikulturalizmi dövlətçilik ideyalarımızın təbliği sahəsində məqsədə gedən yol kimi seçmək Azərbaycan vətəndaşlarının prioritet vəzifələrindən olmalıdır.


Leyla Səfərova
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan Bölməsi

Похожие статьи

  • Azərbaycan və islam mədəniyyəti

    Azərbaycanda islam İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah…

  • Azərbaycan xalqının yaranması

    Azərbaycan xalqının yaranması Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları…

  • Azərbaycan xalq cümhuriyyəti

    Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan tarixi 2 ci cild

    Azərbaycan tarixi – 2 adı__________________________ Azərbaycan tarixi M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında Azərbaycan tarixi 15 mart 2020,…

Comments are closed, but trackbacks and pingbacks are open.