Press "Enter" to skip to content

Azərbaycan və çin münasibətləri

İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.

YENİ AZƏRBAYCAN PARTİYASI

23 Yanvar 2023 10:15 Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Davos İqtisadi Forumu dünyanın ən böyük və nüfuzlu forumlarından biri olaraq dünya liderlərinin toplandığı bir platformadır. Bu Forum əməkdaşlıq, müzakirələr, birgə layihələrin işlənməsi və investisiya cəlbi üçün olduqca uğurludur. Azərbaycan da qlobal və regional əhəmiyyətli bir sıra layihələrin sahibidir. Bu günlərdə Foruma qatlmış ölkə Prezidenti İlham Əliyev bir sıra əhəmiyyətli görüşlər keçirmiş və Çinin CGTN televiziya kanalına müsahibə vermişdir. Qeyd etmək lazımdır ki bu gün Azərbaycan-Çin əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. O vaxtdan bəri ardıcıl surətdə Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Qarşılıqlı siyasi münasibətlərin normal məcrada inkişafını hər iki ölkənin dövlət başçıları dəfələrlə qeyd etmişlər. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əməkdaşlığını strateji əhəmiyyət kəsb edən əlaqələr hesab edir. Bunu 2022-ci il aprelin 1-də Xarici İşlər Nazirliyində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edənlər də vurğuladılar. Siyasi-diplomatik münasibətlərin müsbət məcrada inkişafı Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli mühit yaradır. Belə bir münasibətlər fonunda Çinin ən böyük telekanalının müsahibə alması onu göstərir ki, Çində azərbaycana maraq artmaqda, regionun aparıcı ölkəsi kimi Azərbaycanla əlaqələrin inkişafına önəm verilməkdədir. Bunu xüsusi vurğulayan cənab İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin onu Çinin böyük dostu adlandırmasından məmnunluq ifadə edərək bildirmişdir: “Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.” Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasından, xarici sərmayədarlar üçün hər cür imkan və şəraitin yaradılmasından bəhs edərkən Prezident İlham Əliyev qeyd etmişdir: “Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq.” Bu gün dünyanın diqqətini çəkən “bir kəmər, bir yol” layihəsində fəal yer alan Azərbaycan Çinlə sıx əməkdaşlıq edir. İki ölkə arasında artıq yeni formatda bərpa olunmuş ənənəvi İpək yolu marşrutu çərçivəsində sıx fəaliyyət həyata keçirilir. İnanırıq ki, Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə “Orta Dəhliz” rolunu oynayacaq. Əgər okean və dəniz yolu ilə yüklər Çindən Avropaya 30-35 günə çatdırılırsa, eyni yüklər quru yolla Azərbaycan üzərindən Avropaya 13-15 günə çatdırıla bilər. Bu isə kapitalın dövriyyəsinin sürətlənməsinə və nəticə etibarilə onun sahibinə 2-3 dəfə çox gəlirin gətirilməsinə şərait yaradılması deməkdir. Bu layihənin gələcək perspektivlərinə toxunan cənab Prezident qeyd etmişdir: “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.” “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.”-deyə bildirən cənab İlham Əliyev Azərbaycanın bu əməkdaşlıqda maraqlarının həm iqtisadi, həm də siyasi yönlərini qeyd etmiş, siyasətimizin qarşılıqlı əmədaşlığa əsaslandığını vurğulamışdır.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Azərbaycan və çin münasibətləri

Münasibətlərin tarixi: İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb.

İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.

1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb.

ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”.

Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açıb. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.

Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.

Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub.

1996-cı il 17-18 aprel tarixində Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edib. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri də Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.

1997-ci il 27-30 avqust arasında Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə görüşlər keçirilib. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.

2000-ci il 21-24 iyun tarixlərində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Heydər Əliyev Li Penə Çinin inkişaf yolunu yüksək qiymətləndirdiyini bildirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

‎Azərbaycan Prezidenti İlham Əliyev də CXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.

İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib.

7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu barədə 2019-cu ilin aprelində Çinin “Sinxua” agentliyinə müsahibəsində Prezident İlham Əliyev belə deyib: “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.”

2016-cı ilin may və iyun aylarında Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi Menq Ciancu Azərbaycana səfər ediblər. Tərəflər praqmatik əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələr haqqında fikir mübadiləsi aparıblar.

2019-cu il aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə səfərə edib və ayın 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

Çin Xalq Respublikası və Azərbaycan Respublikası qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqlarının toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Azərbaycanın Tayvan, Tibet və “Şərqi Türküstan” məsələlərində Çinin mövqeyini dəstəkləyən xarici siyasətini qarşı tərəf də yüksək qiymətləndirir.

Hərbi sahədə əlaqələr: 1999-cu ilin may ayında ÇXR tərəfindən Ermənistan Respublikasına 8 ədəd “Tayfun” tipli raket kompleksinin satılması o zaman Azərbaycan-Çin münasibətlərinə soyuqluq gətirsə də, son dövrlər hər iki ölkə arasında hərbi sahədə münasibətlər inkişaf etməkdədir.

2019-cu ilin yanvarında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb.

İqtisadi əlaqələr: Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Komissiyanın ilk iclası 2009-cu il 27 may tarixində keçirilib.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb.

Azərbaycan Respublikası 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az – 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir.

Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.

Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir. 2018-ci ildə 16 minədək çinli turist Azərbaycana səfər edib.

Mədəni əlaqələr: Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib.

2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb.

2008-ci il 10 avqust tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində – “China World Hotel”-də XXIX Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri keçirilib, 10-14 dekabr 2012-ci il tarixində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib.

2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası səfirliyinın dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub.

Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.

Azərbaycan və çin münasibətləri

Qədim sivilizasiya mərkəzlərindən biri olan Çində tarixi abidələrin mövcudluğu burada mədəniyyətin yüksək inkişafını göstərir. Dünyaya bir sıra müdrik, dahi insanlar bəxş etmiş Çin xalqı özünün tarixi kəşf və ixtiraları ilə də öyünə bilər. Təsadüfi deyil ki, belə bir zəngin mədəniyyəti bu gün də ardıcıl inkişaf etdirən Çin xalqı bir sıra irimiqyaslı uğurlu iqtisadi layihələrə də imza atmışdır. Bu yeniliklər və inkişaf ölkə həyatının müxtəlif sahələrində özünü büruzə verir.

Hazırda dünyanın güc mərkəzlərindən birinə çevrilmiş Çin mühüm beynəlxalq problemlərin həllində də söz sahibi kimi çıxış edir. Beynəlxalq münasibətlər sistemində olduğu kimi, dünya iqtisadiyyatında da aparıcı yerlərdən birini tutur. Bu dövlətin milli ideyası əmək, zəhmət hesabına xalqın güzəranını, rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Hazırda ölkədə bazar iqtisadiyyatı quruculuğu uğurla həyata keçirilir və iqtisadiyyat özünün çoxukladlı xarakterini qoruyub saxlayır.

Dünya ölkələrinin Çin iqtisadiyyatına marağı gündən-günə artır. Bu ölkənin iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi 170 milyard dollar təşkil edir. Elə bu göstəriciyə görə Çin dünyada ikinci yerə çıxmışdır. Ölkə qapılarının xarici investisiya axını üçün açılması və xüsusi iqtisadi zonaların yaradılması sənaye fəallığının yeni dalğasının sahilboyu rayonlara, xüsusilə Cənubi Çinə keçməsinə təkan verdi. Xarici sahibkarların Çində investisiya fəaliyyəti ilə bağlı gözləntiləri və güvənləri ümumiyyətlə sabitdir. Vaşinqtondakı Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun məlumatına görə, qlobal iqtisadi və maliyyə gərginliyinə baxmayaraq, bu il Çinə birbaşa xarici sərmayə axını artmaqda davam edəcək. Müqayisə üçün deyək ki, 2020-ci ildə Çinin qlobal birbaşa xarici investisiyalardakı payı rekord yüksək səviyyəyə – 25 faizə çatıb. Bu isə 2019-cu ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

Amerika müəssisələrinin təxminən üçdəikisi və AB şirkətlərinin 59 faizi Çində öz bizneslərini genişləndirməyi planlaşdırırlar. Həmçinin yapon müəssisələrinin 36,6 faizi də Çinə qoyduqları sərmayələri artırmağı planlaşdırırlar. Çin xarici aləmə açıqlığını genişləndirməyi, işgüzar mühiti optimallaşdırmağı və xarici səhmdarların və müəssisələrin Çində daha yaxşı inkişaf etməsinə köməyi davam etdirir.

Hazırda Çin dünyada koks, çuqun, polad və polad borular, alüminium, sink, qalay, nikel, televizor, radioqəbuledici və mobil telefon, yuyucu və toxuculuq maşınları, velosiped və motosiklet, saat və fotoaparat, gübrə, pambıq və ipək parçalar, sement, ayaqqabı, ət, buğda, düyü, darı, kartof, pambıq, alma, tütün, tərəvəz, barama və s. məhsulların ən iri istehsalçılarından biridir. Çin dünyada ən iri polad istehsalçısıdır. Ölkədə daş kömürün zəngin yataqları mövcuddur. Bu ölkə onun hasilatı üzrə dünyada birinci yeri tutur. Hazırda ağır sənayenin bəzi sahələri və milli strateji əhəmiyyətli məhsullar istehsal edən müəssisələr dövlətin mülkiyyətində qalır, ancaq yerdə qalan kompaniyalar özəl və ya xüsusi-dövlət birgə müəssisələrindən ibarətdir. Sənayenin başlıca dövlət sahələri – dəmir, polad, kömür, maşınqayırma, yüngül sənaye, silah və toxuculuq sənayesidir.

Çin həmçinin ayaqqabı, oyuncaqlar və elektronika avadanlıqları daxil olmaqla bir sıra istehlak mallarının ən iri istehsalçısına çevrilmişdir. O, həmçinin dünyada avtomobil istehsalının həcminə görə də öndə gedənlərdəndir. Hər il daxili və dünya bazarlarına 18 milyondan çox yerli markalı avtomobil çıxarılır. Müxtəlif sahələr arasında maşınqayırma və metallurgiya sənayesi ən yüksək üstünlük verilən sahələrdir. Son iyirmi il ərzində sənaye istehsalının həcmi ildə orta hesabla 10 faiz artmışdır.

2021-ci ilin yanvar-iyul aylarında Çində böyük internet şirkətlərinin həm gəlirlərində, həm də mənfəətlərində sürətli artım oldu. Bu şirkətlərin gəlirləri 26,3 faiz artaraq 137.34 milyard dollara çatdı. Hazırda internet sistemi sürətlə inkişaf edir. Ölkədə 872 milyon onlayn ödəmə sistemi istifadəçisi vardır. Bu da ölkədə internet istifadəçilərinin ümumi sayının 86,3 faizini təşkil edir.

Bu ilin ilk beş ayı ərzində Çinin məişət texnikası bolməsində sabit bir artım müşahidə olundu. Belə ki, yanvar-may ayları ərzində ölkədə 37,12 milyon soyuducu (artım 29,2 faiz) və 36,18 milyon paltaryuyan maşın (artım 37,3 faiz) istehsal edilmişdir.

2021-ci ilin yanvar-iyun ayları ərzində Çində plastik maddələr sənayesinin istehsal həcmi ötən ilin həmin dövrü ilə müqayisədə 18,2 faiz artaraq 38,84 milyon ton təşkil edib. İlin birinci yarısında ölkənin plastik məhsul istehsalçıları ümumilikdə 8,84 milyard dollar gəlir əldə ediblər.

Çində təbii qaza tələbat böyükdür. Bu ilin ilk yeddi ayında Çində təbii qaz hasilatının həcmi 120,2 milyard kubmetr təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur.

Elə bir il olmur ki, ölkədə böyük bir layihə uğurla başa çatdırılmasın. Bu mənada Çin nəhəng tikinti meydançasını xatırladır. Bu yaxınlarda Şərqi Çinin Sindao şəhərində (Şandun əyaləti) “Szyaodun” beynəlxalq hava limanının istifadəyə verilməsi buna bir nümunədir. Belə ki, 2025-ci ilə qədər hava limanı ildə 35 milyon sərnişinə xidmət göstərə biləcək. 2045-ci ildə isə onun illik sərnişin axını 55 milyon olacaq. Bu ilin yayında ümumi uzunluğu 2.800 km olan Pekin-Urumçi ekspres yolu istifadəyə verildi.

Bir vaxtlar ərzaq məhsullarına olan daxili tələbatı ödəyə bilməyən bu ölkə indi hətta ərazicə ondan böyük olan Rusiyaya yeyinti məhsulları ixrac edir. Dünyada ən böyük quşçuluq, donuzçuluq, xırda və iribuynuzlu mal-qara (qoyun, keçi, öküz və at) təsərrüfatları Çində yerləşir. Bu ölkə həm də dünyada balıq ovunun həcminə görə birincidir.

Çin iqtisadiyyatının ən mühüm hissəsini kənd təsərrüfatı təşkil edir. Onun aparıcı sahəsi isə bitkiçilik təsərrüfatıdır. Hökumət kəndlilərin hərtərəfli dəstəklənməsi siyasətini yeridir, onların həyatını yaxşılaşdırmağa çalışır. Kəndlilər kənd təsərrüfatı, mal-qara kəsimi və xüsusi kənd təsərrüfatı vergisindən tam azad olunmuşlar. Eyni zamanda xüsusi maliyyə yardımlarının verilməsi qaydası müəyyən edilmişdir. Taxılçılara dövlət maliyyə yardımları və böyük miqdarda taxıl istehsal edən qəzalara ödənişlər artırılıb. Çin tərəvəz ixracatının və məhsul istehsalının həcminə görə dünyada birinci yeri tutur. Dünyada istehsal olunan meyvənin 17 faizi Çinin payına düşür.

Müasir Çin iqtisadiyyatının xarakterik xüsusiyyətlərindən biri onun xarici bazardan asılılığıdır. Belə ki, Çin ixracatın həcminə görə dünyada birinci yeri tutur. İxracat dövlətin valyuta gəlirlərinin 80 faizini təşkil edir. Sənaye və kənd təsərrüfatının ümumi məhsulunun 20 faizi xarici bazara çıxarılır. Dünya bazarına 50 min adda ixracat məhsulları göndərilir. Çinin əsas ticarət tərəfdaşları inkişaf etmiş kapitalist ölkələri, ilk növbədə, Yaponiya, ABŞ, Qərbi Avropa dövlətləridir. Onun xarici ticarət dövriyyəsinin 55 faizi onların payına düşür.

Son illər ÇXR-in Sədri Si Cinpinin rəhbərliyi altında ölkədə böyük planlar həyata keçirilir. Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunun işində Azərbaycanın nümayəndə heyəti də iştirak etmişdi. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar, Zəngəzur dəhlizinin açılması səyləri Çinin kəmər və yol təşəbbüsünün quru yolları istiqaməti üçün olduqca əhəmiyyətlidir.

Bu ilin birinci yarısında Çinlə “Bir kəmər, bir yol” boyunca yerləşmiş ölkələr arasında xarici ticarətin həcmi xeyli artmışdır. Bu dövrdə Çinin və adıçəkilən ölkələrin xarici ticarət dövriyyəsi 27,5 faiz artaraq təxminən 826 milyard dollar təşkil etmişdir. Çinin bu ölkələrdən idxalı 25,6 faiz artmış, xam neft, kənd təsərrüfatı məhsulları və mineral maddələrin idxalının artımı isə sabit səviyyədə qalmışdır.

2021-ci ilin ilk 8 ayı ərzində Sincan-Uyğur Muxtar rayonunda (Şimal – Qərbi Çin) yerləşmiş iki nəzarət-buraxılış məntəqəsindən Çin-Avropa marşrutları üzrə 8 mindən çox qatar keçib. Bu il Çin-Rusiya sərhədində yerləşən Mancouli /Mancuriya/ və Suyfenhe quru keçid məntəqələrindən isə Çin-Avropa beynəlxalq dəmir yolu yük daşımaları çərçivəsində hərəkət edən 3000-dən çox qatar keçmişdir. Bu ilin avqustunda isə 50 vaqondan ibarət olan 10.000-ci yük qatarı Çin-Avropa beynəlxalq dəmir yolu marşrutlarından biri üzrə Şensi əyalətinin (Şimal-Qərbi Çin) inzibati mərkəzi olan Siandan yola düşmüşdür. Malların çeşidi toxuculuq məhsulları, maşınlar, elektronika, avtomobillər və onlar üçün ehtiyat hissələri daxil olmaqla 9 kateqoriyaya qədər genişlənmişdir. 2021-ci ilin ilk beş ayında Çinin ümumi idxalı və ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz artmışdır.

Azərbaycan və Çin xalqları tarixboyu bir çox çətinliklərlə üzləşmiş və sərt sınaqlardan keçmişlər. Onların coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlar arasında tarixən dostluq əlaqələri mövcud olmuşdur. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu xüsusi rol oynamışdır. Hələ 2.500 il bundan öncə qədim İpək yolu vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Şair Çin xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.

Hazırda Çin özünün xarici siyasət kursunda Cənubi Qafqaza və onun aparıcı dövləti olan Azərbaycan ilə münasibətlərə ciddi əhəmiyyət verir. Təsadüfi deyil ki, Çin hökuməti Azərbaycanın dövlət müstəqilliyini rəsmən 1991-ci il dekabrin 27-də tanımışdır. 1992-ci ilin aprelində isə iki dövlət arasında diplomatik əlaqələr qurulmuşdur. 1994-cü ilin martında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Çinə rəsmi səfəri isə qarşılıqlı münasibətlərin inkişafında yeni səhifə açdı və iki dövlət arasında səkkiz müqavilə imzalandı. Çin və Azərbaycan şəhərləri (Dalyan və Bakı) qardaşlaşdılar.

İki ölkə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirmək üçün Azərbaycan ilə Çin arasında 81 müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005, 2008, 2015 və 2019-cu illərdə Çinə rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərdi. Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri iki ölkə arasında digər sahələrdə də qarşılıqlı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür. Son illər həyatın müxtəlif sahələrində əlaqələr durmadan artır.

İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməkdədir.

Çin hökumətinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini Azərbaycan birincilər sırasında dəstəkləmişdi. Bu layihəyə daxil olan altı istiqamətdən üçüncüsü Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələrini birləşdirir.

Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirir.

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2020-ci ildə iki ölkə arasında ticarətin həcmi 1,847 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 15,4 faiz azdır.

2021-ci ilin yanvar-iyul aylarında Çin və Azərbaycan arasında ticarətin ümumi həcmi 700 milyon dollar təşkil etmişdir. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə 12,59 faiz azdır. Bununla belə Çin Azərbaycanın 4-cü ticarət tərəfdaşı olaraq qalmışdır.

Çinin Azərbaycandan idxalı 2021-ci ilin birinci yarısında 170 milyon dollar təşkil etmişdir. Bu da 2020-ci ilin birinci yarısı ilə müqayisədə 63,32 faiz azdır. Ona görə ki, idxal olunan xam neftin həcmi kəskin surətdə aşağı düşmüş və Çinin Azərbaycandan idxalının ümumi payında 80 faizdən çox təşkil etmişdir.

Azərbaycanın Çinə ixrac etdiyi məhsullar sırasında aşağıdakıları qeyd etmək olar: enerji daşıyıcıları (əsasən xam neft), ilkin formada etilen polimerləri, metanol, yod, tiofenləşmiş yağların sulfoturşuları, üzüm şərabları, biyan şirəsi və ekstraktı, qoyun yunu, iribuynuzlu heyvan dəriləri, meyvə şirələri, elektrikli qızdırma avadanlıqları, qlükozidlər, onların duzları və efirləri.

Çinin Azərbaycana ixracatı 2021-ci ilin birinci yarısında 530 milyon dollar təşkil etmişdir. Bu da 2020-ci ilin birinci yarısı ilə müqayisədə 58,47 faiz çoxdur.

Azərbaycanın Çindən idxal etdiyi məhsulların çeşidi daha çoxdur: mexaniki qurğular, onların hissələri, elektrik maşınları, aparatura və hissələri, qara metallar və onlardan məmulatlar, paltar və geyim ləvazimatları, plastik kütlələr və məmulatlar, ayaqqabılar, avtomobil şinləri, quru nəqliyyat vasitələri və onların hissələri, azqiymətli metallardan alətlər və ləvazimatlar, sintetik saplardan parçalar, keramika məmulatları, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, lampalar, işıqlandırıcı avadanlıqlar və hissələri, şüşə və onlardan hazırlanan məmulatlar, mebel və onun hissələri, çemodanlar, portfellər, çantalar, alüminium və məmulatları, ətriyyat və gigiyenik vasitələr, qeyri-üzvi kimya məhsulları, pestisidlər, əczaçılıq vasitələri, digərləri.

Artıq Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 120-dək şirkət qeydiyata alınıb və onlar tikinti-quruculuq işlərində fəal iştirak edirlər. Azərbaycan tərəfindən Çin iqtisadiyyatına 1,7 milyard dollar, Çindən isə Azərbaycan iqtisadiyyatına 900 milyon dollardan artıq sərmayə yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak ediblər.

Çin tərəfi TANAP qaz layihəsinin maliyyələşdirilməsinə 600 milyon dollar kredit ayırmışdır. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin prioritet istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun potensialından istifadə olunması Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsini zəruri edir. Bununla belə əlaqələri genişləndirmək üçün potensial imkanlar hələ çoxdur. Təsadüfi deyil ki, iki dost ölkəni bir sıra beynəlxalq layihələr bir-birinə möhkəm bağlayır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin bu problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Pekinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir.

Çin pandemiya ilə mübarizə sahəsində Azərbaycana da böyük dəstək verir. Bu il aprelin 24-də Çin hökuməti tərəfindən verilən COVID-19 koronavirusuna qarşı peyvəndlər Bakıya gətirilmişdir.

Çin hökuməti Azərbaycan Prezidentinin BMT Baş Məclisinin COVID-19-la bağlı xüsusi videokonfransını çağırmaq təşəbbüsünü dəstəkləyib. Çinin Azərbaycandakı səfiri xanım Qo Min qeyd etmişdir ki, epidemiyanın ilk yayıldığı günlərdə Çində də tibbi ləvazimat çatışmazlığı yaşanırdı. Belə bir vaxtda Azərbaycandan – Sumqayıt şəhər bələdiyyəsi təcili olaraq 100 min qoruyucu tibbi qapaq, 80 min cərrahi maska, 150 min cüt tibbi əlcək, 4 ton tibbi spirt və epidemiya əleyhinə digər vasitələri toplayaraq Çinin Sian və Myanyan şəhərlərinə göndərdi. Bu yardım onların tibbi ləvazimat çatışmazlığını bir qədər yünğülləşdirdi.

Çin tərəfi də Bakıya ümumilikdə 10 milyon yuan həcmində nuklein turşusu test reaktivləri, süni nəfəs aparatları, tibbi maskalar, qoruyucu geyimlər, gözlüklər, temperatur dəyişikliyini ölçmək üçün cihazlar və s. göndərərək əhaliyə faydalı yardım göstərmişdir.

Hazırda təhsil sahəsində də mübadilələr aparılır. Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Dillər Universitetində Çin Mərkəzlərinin açılması və fəaliyyəti müsbət hal kimi dəyərləndirilir. Bu il iyunun 12-də Bakıda Çinin respublikamızdakı səfiri xanım Qo Minin iştirakı ilə Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri arasında “Çin Körpüsü” adı altında Çin dili üzrə 20-ci regional müsabiqə keçirildi. Tədbir COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda dörd universitetdən gəlmiş səkkiz tələbə arasında aparıldı.

Eyni zamanda Çin universitetlərində təxminən 500 azərbaycanlı tələbənin təhsil alması təqdirəlayiq haldır. Təhsil Nazirliyi dövlətlərarası razılaşmalara əsasən hər il Çinə təhsil almaq üçün 50-dək tələbə göndərir. Eyni zamanda BDU nəzdində Konfutsi mərkəzi də fəaliyyət göstərir. Çinli magistr və doktorantlar ölkəmizdə çinşünas kadrların hazırlanmasında mühüm işlər görürlər.

Hazırda Çinin müxtəlif universitet və ali təhsil ocaqlarında onlarca azərbaycanlı tələbə, magistr və doktorant təhsillərini davam etdirməkdədir. Eləcə də Çinin bir neçə universitetində Azərbaycan dilini tədris edən xüsusi bölmələr açılıb. Bu gün iki dövlət arasında hərbi təhsil sahəsində əlaqələr də yüksək səviyyədədir.

Azərbaycan-Çin münasibətləri öz tarixinin ən məhsuldar dövrünü yaşayır. Hər iki ölkə iqtisadi tərəqqi yolunda inamla irəliləyir. İrimiqyaslı layihələrdə birgə iştirak etmələri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Qarşılıqlı etimadın artması münasibətləri əməkdaşlıq səviyyəsindən tərəfdaşlıq səviyyəsinə yüksəltməyə imkan verir. Dünyanın iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çin ilə Azərbaycanın əməkdaşlığı hər iki ölkə xalqlarının mənafeyinə tamamilə uyğundur və o, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avropa-Asiya əlaqələri sistemində mühüm rol oynayır.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.