Biomüxtəlifliyin qorunması Azərbaycanda ekoloji siyasətin əsas hədəflərindən biridir
Problemlərə də toxunan Telman Zeynalov, meşə zolaqlarında evlərin tikilməsini, istirahət obyektlərinin salınmasını mənfi qarşılayır. “İnsanlar meşə zolaqlarında özbaşına və qanunsuz olaraq ev və istirahət obyektləri tikirlər. Buna rayon İcra Hakimiyyəti başçıları qanunsuz olaraq icazə verirlər. Nəticə məlumdur – o ərazilərə yaxın yaşayan əhali zərər çəkir; yaşayış arealı daralan canavar, tülkü, çaqqal kimi yırtıcılar insanların saxladığı ev heyvanlarına və quşlarına hücum edir”.
Azərbaycanın təbiətinin qorunmasında dövlət və cəmiyyət nələr edib?
Ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişiklikləri, səhralaşma, əhalinin artması ilə əlaqədar istehlakın çoxalması, təbii ehtiyatlardan intensiv istifadə biomüxtəlifliyi sürətlə azaldır. Biomüxtəliflik üzrə konvensiyaya 2000-ci ildə qoşulmuş Azərbaycanda onun qorunması üçün bəzi işlər görülüb. Xüsusi mühafizə edilən təbiət ərazilərinin şəbəkəsi genişləndirilib. Yeni parklar, dövlət təbiət qoruqları yaradılıb. Həmçinin xüsusi mühafizə rejimi gücləndirilib. Bu sahənin hüquqi bazası möhkəmləndirilərək, beynəlxalq hüquq normaları səviyyəsinə yaxınlaşdırılıb.
Ekoloji fəlakətin fəsadları nədir?
Bütün dünyada vəhşi təbiət qorunur və öyrənilir. Bu baxımdan xüsusi qorunan təbiət ərazilərinin rolu böyükdür; onlar ekosistemin saxlanmasında əvəzsizdirlər. Elə bu baxımdan xüsusi mühafizə altında olan təbiət ərazilərində nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərini xilas etmək və yaşatmaq mümkün olur. Günümüzdə çevrəyə axıdılan tullantıların miqdarı durmadan artır. Bir çox yaşıl zonalar, meşələr dağıdılır ki, bu da planetdə yaşamı-biosfer təsərrüfatını zədələyir-sonucda çirklənmə dərəcəsi görünməmiş və qorxulu miqyas alır. Elə bu təhlükələrdən qorunmaq, onların qarşısını almaq üçün ekologiyanın müxtəlif bölmələrində araşdırmalar, axtarışlar aparılır.
Bizim “Qırmızı kitab”ımız.
Azərbaycan Respublikası “Qırmızı kitab”ı – ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, ölkənin bütün ərazisində, o cümlədən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. 6 hissədən ibarət olan “Qırmızı kitab”da nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibiya və reptiliya növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumat cəmləşib.
“Qırmızı kitab”a fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Azərbaycanda “Qırmızı kitab”ın tərtib olunması hələ 1977-ci ildə qərarlaşdırılıb. O zamandan sonra bitki və heyvanların kitaba salınması onların məhv olmasının qarşısını müəyyən qədər alıb. Çünki bu bitki və heyvan növləri ciddi qorunmağa başlanılıb. Dünyada 20 mindən çox bitki növünün yığılması qadağan edilib. Azərbaycana gəlincə, Milli Elmlər Akademiyasının məlumatına görə, respublikamızın “Qırmızı kitab”ının ikinci nəşrinə 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növləri daxil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Xüsusi müdafiə olunan ərazilər 890 min hektara çatdırılıb”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda 2002-ci ilin əvvəllərində xüsusi müdafiə olunan ərazilər 475 min hektar idisə, bu gün bu, təqribən 2 dəfə artaraq 890 min hektara çatıb: “Bu rəqəm ölkə ərazisinin 10,2 faizini təşkil edir. Bunlar əsasən nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin yerləşdiyi ərazilərdir. Həmin ərazilər xüsusi olaraq müdafiə edilir. Bu günə kimi 8 milli park, 11 təbiət qoruğu və 24 təbiət yasaqlığı yaradılıb, xüsusi mühafizə olunur”.
Heyvanların qorunması ilə bağlı aparılan işlər arasında vəhşi heyvanların istirahət mərkəzlərindən yığılıb təbiətə buraxılması da var: “Qanunsuz tutulmuş heyvanlar yığıldıqdan sonra Altıağac Milli parkının nəzdində “Vəhşi heyvanların reabilitasiyası və bərpası” Mərkəzində reabilitasiya edilir və yenidən təbiətə buraxılır. Eyni zamanda, burada nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılması işləri də həyata keçirilir. Bütün görülən işlər öz növbəsində nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması və artırılması üçündür.
Azərbaycan zooloqlarının böyük uğurları nədir?
Heyvanat aləminin öyrənilməsi sahəsi də inkişafdadır. Milli Elmər Akademiyasının Zoologiya İnstitutunda da artıq uzun onilliklərdən bəri geniş tətdiqatlar aparılır. Heyvanat aləminin öyrənilməsində mühüm uğurlar var. Sərbəst yaşayan və heyvanlarda parazitlik edən 1500 ibtidai növ öyrənilib. İnsanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən 1600 növdən çox helmit, 1930 növdə buğumayaqlı, 20 mindən çox həşərat, 101 növdə və formada balıq, 10 növ suda-quruda yaşayan, 54 növ sürünən, 365 növ quş, 97 növ məməli heyvan elmi araşdırmalarla müəyyən edilib. Azərbaycan zooloqları 109 nadir və nəsli kəsilməkdə olan heyvan növünü aşkar və tədqiq edib ki, onların hamısı “Qırmızı kitab”a salınıb.
Dünyada ilk dəfə müxtəlif sistematik qruplara aid elm üçün yeni 466 növ təsvir edilib. Zooloqların bu araşdırmaların sonucunda “Azərbaycan heyvanlar aləmi” 3 cildlik kitabı nəşr olunub, Azərbaycan faunasını tam olaraq özündə əks etdirən, informasiya bankı yaradılır. Bitki zərərvericilərinin təbii düşməni olan 2500 yırtıcı və parazit həşəratlar tapılıb və bioloji mübarizə üçün kütləvi çoxaldılıb. Bu, iqtisadiyyatın inkişafı ilə yanaşı çevrənin qorunması baxımından da önəm daşıyır.
Telman Zeynalov: “Çox iş görülüb, ancaq problemlər də az deyil”
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalovun sözlərinə görə, Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman respublikanın təbiətinə çox ağır zərbələr vurulmuşdu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə müəyyən işlər görülüb: “Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə zolağı salıb. Bu da biomüxtəlifliyin qorunmasında görülən mühüm işlərdəndir. Bunun nəticəsidir ki, Ümumdünya Ətraf Mühitin Müdafiəsi Cəmiyyəti 6 il ərzində biomüxtəlifliyin bərpasına və qorunmasına görə birinci yeri Azərbaycan və Estoniyaya verir”.
Hikmət Əlizadə də təsdiqləyir ki, həqiqətən bu sahədə Azərbaycan çox böyük göstəricilər əldə edib.
Problemlərə də toxunan Telman Zeynalov, meşə zolaqlarında evlərin tikilməsini, istirahət obyektlərinin salınmasını mənfi qarşılayır. “İnsanlar meşə zolaqlarında özbaşına və qanunsuz olaraq ev və istirahət obyektləri tikirlər. Buna rayon İcra Hakimiyyəti başçıları qanunsuz olaraq icazə verirlər. Nəticə məlumdur – o ərazilərə yaxın yaşayan əhali zərər çəkir; yaşayış arealı daralan canavar, tülkü, çaqqal kimi yırtıcılar insanların saxladığı ev heyvanlarına və quşlarına hücum edir”.
Qusar sakini: “Meşələrdə istirahət mərkəzi olar, ev olmaz”
Qusar rayon sakini Ayaz Kərimov deyir ki, meşə zolaqlarında istirahət mərkəzlərinin salınması ölkə turizmi üçün xeyirlidir. “Meşə zolaqlarında meşəyə zərər vermədən, gözəlliyi pozmadan istirahət obyektləri salına bilər. Çünki istirahət obyektləri turizm üçün vacibdir. Ancaq meşə zolaqlarında evlərin tikilməsinə yol vermək olmaz”, – deyən A.Kərimovun fikrincə, bu həm təbiətə, həm də həmin meşələrə yaxın yaşayan əhaliyə zərər verir. “Meşə zolağında yaşayan insanlar ev heyvanları və quşlarını saxlayır. Bu da meşədki yırtıcıları oraya cəlb edir. Həmin yırtıcılar isə sonra yaxınlıqdakı kəndlərə, kənd əhalisinin təsərrüfatlarına hücum edirlər”.
A.Kərimovin dediyinə görə, meşələrdə ev tikənlər ya çox yoxsullar, ya da hədsiz varlılar olur: “İmkansızlar normal bir ərazidə torpaq alıb ev tikə bilmir. İmkanlılar isə meşə panoramasında yaşamaq və dincəlmək üçün istirahət evləri tikirlər. Bunlar qanunsuzdur. Bu qanunsuzluğa isə icra başçıları və meşə nəzarətçiləri məsuliyyət daşıyır”.
“Xüsusi mühafizə olunan ərazidə yaşamaq qadağan olunub”
Hikmət Əlizadə də bildirir ki, xüsusi mühafizə edilən ərazilərdə tikintilər, insanların yaşaması tam qadağandır; həmin ərazilərdə təbii yolla nəsli kəsilməkdə olan fauna və flora növləri artırılır. Bununla yanaşı, həmsöhbətimiz meşələrdə turizm məqsədilə yüngül tikililərə icazə verildiyini də deyir. Əlizadə təəssüflə bildirir ki, xüsusi mühafizə olunan meşə zolaqlarında ev tikənlərə cərimələr çox hallarda reallıqda tətbiq edilmir.
Onu da deyək ki, “Qırmızı kitab”ın II hissəsi də artıq nəşrə hazırdır. Bura nadir və nəsli kəsilməkdə olan növlər daxil edilib. H.Əlizadənin sözlərinə görə, “Qırmızı kitab”a düşmüş növlər daha çox müdafiə edilir və onların ovlanması zamanı 3 qat cərimələr tətbiq edilir.
Təbiətin qorunmasında cəmiyyət də maraqlı olmalıdır.
Telman Zeynalov deyir ki, bu problemlərin həllində vətəndaş cəmiyyəti də öncül olmalıdır: “Hər şeyi dövlətdən gözləmək, bütün təqsiri dövlətin üzərinə atmaq olmaz. Təbiəti cəmiyyət özü qorumaqda maraqlı olmalıdır. İnsanlar yaşadıqları ərazilərdə təbiətin qorunmasında fəal olsalar, heç bir icra başçısı meşə zolaqlarını sata bilməz”.
Bununla yanaşı, ekoloq hesab edir ki, ümumilikdə bu problemlərin aradan qaldırılması üçün xüsusi dövlət siyasətinə də ehtiyac var.
“Biomüxtəlifliyin qorunması sahəsində dövlət siyasəti var”
Biomüxtəlifliyin qorunması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri isə belə bir siyasətin olduğunu bildirirlər. Hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq, “Bitki mühafizəsi haqqında” qanunu təsdiqləyib. Sonrakı illərdə də ekologiyanın qorunması ilə bağlı bir sıra dövlət sənədləri qəbul edilib. Prezident İlham Əliyev 2006-cı il 24 mart tarixli sərəncamla “Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair” Milli Strategiya və Fəaliyyət Planı təsdiq edib. Həmin sənədlərə uyğun olaraq nadir bitki və heyvan növlərinin qorunması, xüsusi mühafizə olunan ərazilərdə inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi istiqamətində iş aparılır.
H.Əlizadənin sözlərinə görə, birinci fəaliyyət planı 2010-cu ildə başa çatıb. “Hazırda xüsusi komissiyya yaradılıb, ikinci fəaliyyət planı hazırlanır. Biomüxtəlifliyin qorunması sahəsində ikinci fəaliyyət planının 1 il müddətində hazırlanıb təsdiqlənəcəyi gözlənilir və həmin plan 2020-ci ilədək həyata keçiriləcək”- ETSN rəsmisi belə deyir.
Biomüxtəlifliyin qorunması Azərbaycanda ekoloji siyasətin əsas hədəflərindən biridir
Sənaye sahələrinin nəzarətsiz fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantılar və yandırılan kimyəvi məhsullar Yer üzərində və atmosferin aşağı qatında çoxsaylı dəyişikliklər törədir. Tədqiqatlar zamanı müəyyən edilib ki, 1980-ci ildə Hudzon körfəzinin (Kanada) qərb rayonlarında erkək ağ ayının orta çəkisi 295,5, 2004-cü ildə 230,5 kq təşkil edib. Güman etmək olar ki, ağ ayıların orta çəkisinin azalması Arktikada dəniz buzlarının əriməsi ilə əlaqədardır. Dəniz buzlarının sahələrinin azalması hətta pinqvinlərin də populyasiyasının 50 faiz azalmasına gətirib çıxarıb. İqlim dəyişikliyi artıq Arktika xalqlarının həyatına ciddi təsir göstərir, onların balıqçılıqla və ovçuluqla məşğul olmalarına maneçilik törədir.
Məlumdur ki, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi gələcəkdə yad növlərin yayılması və torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə birgə, bəzi növlərin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların itməsini sürətləndirəcək. İqlimin dəyişilmələri ərzaq, həyat üçün gəlir və vasitələrin vacib mənbəyi olan daxili su ekosistemlərinə də mənfi təsir göstərir. Belə ki, son 10 ildə dünyada balıqlarının 20 faizindən çoxu ya itmiş, ya itmək təhlükəsi altındadır, ya da nadir hesab oluna bilər. Dəniz ekosistemləri də iqlim dəyişilmələrinə qarşı çox həssasdırlar. Mal-qara otlaqlarının normadan artıq istifadəsi də torpaqların sıradan çıxması ilə nəticələnir. İqlim dəyişmələri kənd təsərrüfatında da mənfi izlər buraxır, zərərverici və xəstəliklərin yayılmasına şərait yaradır, bitkilərin məhsuldarlığına təsir göstərir. Eyni zamanda, yağıntıların rejiminin dəyişməsi, güclü yağış zamanı torpaqdan faydalı maddələrin daha intensiv yuyulması, küləklərin güclənməsi və daha quru rayonlarda təsadüfi meşə yanğınlarının sayının artması nəticəsində də ətraf aləm ciddi ziyan görür.
Bir sözlə, iqlimin dəyişilməsi biomüxtəlifliyə təhlükə törədir. Nə qədər acınacaqlı olsa da, XXI əsrin başlanğıcında bəşəriyyət iqlim dəyişiklikləri ilə üzbəüz qalıbdır. Odur ki, yaranmış vəziyyət biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlər görülməsini tələb edir.
Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması – milli və bəşəri məsələlərdir. Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən, milli parklar 3,7 faizini təşkil edir.
Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyada zəngin fauna və florası olan ölkələrdən biridir. Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınıbdır. Ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü – Şərq çinarı bitir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı kitabı”na yazılıb. Buna baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib. Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də, faunanın azalması mühüm yer tutur. Bu isə öz növbəsində biomüxtəlifliyin qorunub saxlanılmasını zəruri edir. Bu baxımdan Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirildi. Təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”, – deyirdi.
Ulu öndərin bünövrəsini qoyduğu ekoloji siyasətin əsasında bu gün biomüxtəlifliyin qorunub-saxlanılması dayanır.
Buna misal olaraq Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair dövlət başçısının Sərəncamı ilə qəbul edilmiş Milli Strategiya və Fəaliyyət Planını (mart, 2006) göstərmək olar. Bununla yanaşı, son illər biomüxtəlifliyin mövcud vəziyyətinin və inkişaf tendensiyalarının öyrənilməsi, eləcə də genetik ehtiyatların səmərəli istifadə və reintroduksiya məqsədləri ilə toplanması üzrə beynəlxalq və yerli ekspedisiyalar həyata keçirilib. 2004-cü ildə Azərbaycanda Bioloji Müxtəlifliyə dair I Milli Məruzə, 2006-cı ildə Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının vəziyyətini əks etdirən II Milli Hesabat hazırlanıb. Beynəlxalq əhəmiyyətli bu mühüm sənədlərdə biomüxtəlifliyin və onun genetik ehtiyatlarının həqiqi vəziyyəti, gözlənilən təhlükələr və bu təhlükələrin təsirinin yumşaldılması üzrə görülməsi vacib olan tədbirlər, prioritet və tələbatlar geniş şərh olunub. Son illər Prezident İlham Əliyevin sərəncamları ilə mühafizə edilən ərazilərin sayının artırılması, onların sahələrinin genişləndirilməsi, eləcə də statusunun qaldırılması, yeni milli parkların, qoruq və yasaqlıqların yaradılması Bioloji Konvensiyanın konseptual müddəalarına əsaslanaraq biomüxtəlifliyin bərpası və qorunmasının strateji və taktiki məsələlərinin həlli istiqamətində Azərbaycanda atılmış çox mühüm addımlardır.
2010-cu ilin 24 dekabr tarixində start verilmiş “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2014-cü il ərzində 12 baş ceyran Samux rayonunun inzibati ərazisinə buraxılıb. Bununla da reintroduksiya olunmuş ceyranların sayı 150 başa çatdırılıb.
Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması üçün təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib, ilkin qiymətləndirmə sənədi hazırlanaraq Niyyət Protokolu imzalanıb. Hazırda layihəyə başlanılması üçün Xüsusi Razılaşma Protokolunun dövlətdaxili razılaşdırılması üzrə iş aparılır.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə Nazirlər Kabinetinin 2014-cü 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” layihə sənədi” təsdiq edilib və layihənin təqdimatı ilə bağlı ilk görüş keçirilib.
İl ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 927 akt, 237 protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən inzibati qaydada 154550 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyan 67667,80 manat məbləğində müəyyən edilib.
Ötən ildə Milli Parkların ərazisinə daxil olmuş turistlərin sayı 2313 nəfər (onlardan 340 nəfəri xarici, 1973 nəfəri yerli vətəndaş) olub və bilet satışından daxil olan vəsaitin məbləği 3665 manat təşkil edib.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Qafqaz Biomüxtəlifliyi Sammiti də biomüxtəlifliyin qorunması sahəsində atılan ən uqurlu addımlardandır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sammitdə çıxışında deyib: “Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağından 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir. Ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ekologiyanın, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün – qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Sevindirici haldır ki, artıq Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür.”
Həyata keçirilmiş layihələr çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkildiyini diqqətə çatdıran Leyla Əliyevanın sözlərinə görə, bununla yanaşı, təhsil ocaqlarında ətraf mühitin qorunması üzrə siniflər yaradılıb.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən davamlı ekoloji siyasət nəticəsində bioloji müxtəlifliyin qorunması üçün xüsusi mühafizə olunan ərazilərə qayğı göstərilir. Bitki genetik ehtiyatlarının pasportlaşdırılması, toplanması, bərpası, çoxaldılması, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə ölkəmizdə görülən işlər də bu qəbildəndir.
Comments are closed, but trackbacks and pingbacks are open.