Press "Enter" to skip to content

Bu gün Azərbaycanda sovet hakimiyyəti qurulub – 95 il öncə

Sovet hakimiyyəti ilə bağlı nisgili, keçmiş Sovet respublikalarının bugün üçün tutduqları yollara baxmaqla, daha yaxşı anlamaq mümkündür: burada özünü xalq kimi tanımış, dünyada özünün yerini bilən xalqlar (bura Baltikyanı respublikaları və qismən də, Gürcüstan daxildir) bütün səylərini birləşdirib, toparlanıb normal dövlətçilik qurmaqla, dünyanın mütərəqqi hissəsinə inteqrasiya olunmaq yolunu tutmuşlar və bu gün təbii sərvətləri Gürcüstandan ölçüyəgəlməz dərəcədə çox olan Azərbaycanın vətəndaşlarının Gürcüstana ərzaq dalınca axışması, oraya dincəlmək üçün üz tutması, sovet hakimiyyəti üçün qəribsəməyən bir xalqın nələrə qadir olduğunun göstəricisidir.

Azərbaycan Sovet rejimi şəraitində

XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu.
İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər «Müstəqil sovet Azərbaycanı» şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİnin (dekabr 1922) təşkili ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Azərbaycanda da Rusiyasayağı sosial-iqtisadi tədbirlər həyata keçirildi. Torpaq, neft sənayesi, Xəzər ticarət donanması, balıqçılıq və digər sənaye sahələri milliləşdirildi. Onlar dövlətin mülkiyyəti elan olundu. Zəruriyyət olmadan 1920-ci ilin yayından 1921-ci ilin yazına kimi Azərbaycanda da hərbi kommunizm siyasəti tətbiq olundu. 1922-ci ilin yazından etibarən isə Azərbaycanda yeni iqtisadi siyasət həyata keçirilməyə başladı.
Yeni iqtisadi siyasət şəraitində neft hasilatı 2 dəfə artdı. Kənd təsərrüfatında dirçəliş baş verdi. Əkin sahələri 2 dəfə çoxaldı. Kənddə təbəqələşmə gücləndi. Varlı və ortabab kəndlilərin sayı artdı. Onlar kəndlilərin yarıdan çoxunu təşkil edirdilər.
20-ci illərin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının əməli olaraq sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sosialist sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi həyata keçirməyə başladı. Bakıda neft sənayesinin inkişafı yeni vüsət aldı.Tezliklə Neftçala, Lökbatan, Qala, Sulutəpə, Korgöz və b. yeni neft yataqları istifadəyə verildi. Azərbaycan neftinin hesabına SSRİ neft istehsalı üzrə dünyada ikinci yerə çıxdı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76 faizini Azərbaycan verirdi.
Neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirildi. Gəncədə toxuculuq kombinatı, Gəncədə, Ucarda, Yevlaxda pambıq təmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq 30-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsullarının 95%-dən çoxunu XX əsrin 20 — 30-cu illərində tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
Bu illərdə Bakı-Batumi neft kəmərinin, Ələt-Culfa dəmiryolu xəttinin çəkilməsi başa çatdırıldı. 1926-cı ildə SSRİ hüdudlarında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti istifadəyə verildi.

Sosialist yenidənqurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
Sosializm cəmiyyəti qurmağın mühüm vəzifələrindən biri də mədəni «inqilab» idi. Burada məqsəd sosializm, bolşevizm ideologiyasına sadiq nəsillər yetişdirilməsinə xidmət edən mədəni quruculuq tədbirləri həyata keçirmək idi. O zaman mədəni geriliyin hökm sürdüyü milli ucqarlar üçün bu daha çox xarakterik idi.
Mədəni quruculuq sahəsində kütləvi miqyaslı tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycanda böyük nailiyyətlər əldə edildi. Əvvəla, respublikada kütləvi savadsızlıq ləğv olundu. 1939-cu ildə əhalinin savadlılıq səviyyəsi 1926-cı ildəki 25,2%dən 73,3%-ə çatmışdı; İkinci, respublikada ümumtəhsil sistemi inkişaf etdirildi. Sovet təhsil sistemi bərqərar oldu, 30-cu illərin sonu üçün Azərbaycanda 3575 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, onlarda da 655 min şagird təhsil alırdı. Qızların ümumtəhsilə cəlb olunması geniş miqyas almışdı. İbtidai məktəblərdə oxuyanların 46,7%, natamam orta məktəblərdə oxuyanların 39,3%, qızlar təşkil edirdi; Üçüncü, Azərbaycanda ali və orta ixtisas təhsil sistemi daha da inkişaf etdirildi. 1920-ci ildə Bakı Politexnik İnstitutu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası), 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Məktəbəqədər Tərbiyə İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1934cü ildə Xalq Təsərrüfatı İnstitutu, 1936-cı ildə Qiyabi Pedaqoji Institutu, 1939 — 1940-cı illərdə Şəkidə, Gəncədə və Naxçıvanda müəllimlər İnstitutları yaradıldı. Orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1920-ci ildə Bakı, Gəncə, Qazax müəllimlər seminariyaları yenidən quruldular. Şəkidə isə yeni Müəllimlər Seminariyası açıldı. 1932-ci ildə Azərbaycanda 85 müxtəlif təmayüllü orta ixtisas məktəbləri fəaliyyət göstərirdi. Artıq 1940-cı ildə Azərbaycanda 16 ali, 91 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərirdi. Onlarda da 33 mindən çox gənc təhsil alırdı; Dördüncü, elmin, mədəni-maarifin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də böyük nailiyyətlər əldə edildi. 1923-cü ildə «Azərbaycan tədqiq və tətəbbö» elmi-tədqiqat cəmiyyəti yaradılmışdı. 1929-cu ildə o, Azərbaycan elmi-tədqiqat İnstitutuna çevrildi. 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1945-ci ildə o, müstəqil Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Azərbaycanda mədəni-maarifin şəbəkəsi genişləndi. 1922-ci ildə 90-a yaxın klub var idisə, 1940-cı ildə onların sayı 1633-ə çatdı. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası yaradıldı. 1940-cı ildə 3 milyon nüsxə kitab fondu olan 1383 kitabxana fəaliyyət göstərirdi. Muzeylərin sayı 22-yə çatdı. Bu illərdə Azərbaycanda 141-ə qədər qəzet və 44 jurnal nəşr olunurdu.
1924-cü ildə Bakıda ilk radio qurğusu tikildi. 1926-cı ildə o, ümum respublika miqyasında fəaliyyətə başladı.
Bu illərdə çox ziddiyyətli və kəskin mübarizə şəraitində Azərbaycanda da sovet ədəbiyyatı formalaşdı. Onun ən məşhur nümayəndələrindən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Sabit Rəhmanı, M.S.Ordubadini, C.Cabbarlını, Mikayıl Müşviqi, Osman Sarıvəllini, Əhməd Cəmili, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Əli Vəliyevi, Mir Cəlalı, Əbülhəsəni və b. göstərmək olar.
Bu dövrdə teatr və kinonun, milli musiqinin, rəssamlığın nailiyyətləri də misilsiz olmuşdur. Bu illərdə Dövlət Akademik Dram Teatn (1924), Azərbaycan Dövlət Opera və Balet teatrı (1924), Gənc Tamaşaçılar Teatrı (1928), Azərbaycan Kukla Teatrı (1930), Azərbaycan Dövlət Rus Dram Teatrı (1937) yaradılmışdı. 1940-cı ildə Azərbaycanda 18 teatr fəaliyyət göstərirdi.
Azərbaycanda milli musiqinin inkişafında xalqımızın görkəmli oğlu Üzeyir Hacıbəyovun müstəsna xidmətləri olmuşdu.
Sovet dövründə Azərbaycanda kinofilmlərin çəkilməsi ilk dəfə 1923-cü ildən başlanmışdı. Bu illərdə «Qız qalası» (1923), «Söz üçün göz» (1924), «Bismillah» (1925), «Gilan qızı» (1927), «Hacı Qara», «Sevil», «Lətif» (1929), «26-lar» (1931), «İsmət» (1933), «Almaz» (1935), «Bakılıllar» (1938), «Kəndlilər» (1939), «Yeni üfüq» (1940) kinofilmləri çəkilmişdi.
Beləliklə, XX əsrin 20 — 30-cu illərində Azərbaycanda əsil nıənada mədəni inqilab baş verdi. Azərbaycanda da kamil sovet təhsil sistemi yaradıldı, elm, ədəbiyyat və incəsənət inkişaf etdirildi. Azərbaycan mədəni inkişaf dərəcəsinə görə qabaqcıl ölkələr səviyyəsinə çatdı. Bütün bunlar sovet hakimiyyətinin Azərbaycana gətirdiyi töhfələr idi.
Bununla yanaşı, Azərbaycanda da geniş miqyaslı mədəni quruculuq çoxlu səhv və nöqsanlarla müşahidə olunmuşdu. O, sovet Rusiyasının imper siyasətinə xidmət etmişdi. Milli mədəni və mənəvi dəyərlər, ənənələr nəzərə alınmamışdı. Onlara etinasızlıq göstərilmişdi. Hətta xalqın milli mədəni və mənəvi dəyərləri məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Din əleyhinə mübarizə şüarı altında islam dininə və islam mədəniyyətinə qadağalar qoyulmuşdu. Dinsiz, allahsız cəmiyyət qurmaq uğrunda mübarizə getmişdi. Din xadimlərinə divan tutulmuş, yüzlərlə məscidlər dağıdılmış, anbar, klub və kitabxanalara çevrilmişdi. Vaxtaşırı olaraq «Rədd olsun çadra!», «Rədd olsun papaq!», «Rədd olsun tar!», «Rədd olsun kamança!» və s. şüarlar altında mədəni yürüşlər keçirilmişdi.
Sovet hakimiyyəti illərində Azərbaycan əlifbası iki dəfə dəyişdirilmişdi (1929, 1939-cu illərdə). Bu da, Azərbaycanda kütləvi savadsızlığa, xalqın tarixi kökündən, elmi və ədəbi mənbələrindən məhrum olmasına səbəb olmuşdu. Azərbaycan daim sovet milli siyasətindən əziyyət çəkmişdi. Bolşeviklər, «Millətlərin öz müqəddəratını təyin etmək hüququ»nu elan etməsinə baxmayaraq sovet formasında müstəmləkəçilik siyasətini yeritmişdi. Rus dili
Azərbaycanda da dövlət dili elan edilmişdi. Milli kadrların çatışmaması bəhanəsilə kənardan Azərbaycana rus dilli kadrlar gətirilmişdi. Hökumətin tərkibi azərbaycanlılardan ibarət olduğu halda, sovet sistemində rəhbər rol oynayan partiya rəhbərliyi qeyri millətlərdən (ruslardan, ermənilərdən, gürcülərdən) olan kadrların əlində cəmləşmişdi. 1934-cü ilə kimi Azərbaycan K (b) P MK-nın birinci katibi qeyri millətlərin nümayəndələrindən (İ,Naneyişvili, Y.D.Stasova, V.Y.Dumbadze (Lado), Q.N.Kaminski, S.M.Kirov, D.Mirzoyan, N.F.Giqalo, V.İ.Polonski, Ruben) olmuşdu. Bakı partiya təşkilatının rəhbərliyi isə mikoyanların, sarkislərin, mirzoyanların əlində cəmləşmişdi. Sovet və partiya quruculuğunda yerli şəraiti, milli adət və ənənələri, milli dəyərləri nəzərə almağı tələb edən Nəriman Nərimanov Sarkisin, Lominadzenin, Orconikidzenin, Yeqorovun, Mikoyanın, Kirovun fitvası ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmışdı.
Azərbaycanda sovet milli siyasətinin bir istiqaməti də milli kadrlara inanmamaqdan, Bakını Azərbaycandan ayırmaq, onu bütovlükdə Azərbaycana qarşı qoymaqdan, «parçala, hökm sür» siyasəti yürütməkdən ibarət idi. B.Lominadze hələ 1920-ci ilin oktyabrında AK (b) P-nin II qurultayındakı çıxışında bildirmişdi ki, «müsəlmana etibar etmək olmaz, ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır».
Cənubi Qafqazda sovet milli siyasətinin ikibaşlılığı bu illərdə də ermənilərin Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək iştahasını artırmışdı. Ermənistan hələ Xalq Cümhuriyyəti dövründə «mübahisəli» ərazilər kimi Naxçıvan, Zəngəzur, Qarabağ, Şərur-Dərələyəz kimi əzəli Azərbaycan torpaqlarını özünə birləşdirmək niyyətində idi. Sovet Rusiyası ,da bu məsələlərdə ikibaşlı siyasət yürüdürdü. Məsələn, mərkəzdən səlahiyyətli hüquqlar alan S.Orconikidze 1920-ci ilin iyulunda Çiçerinə göndərdiyi teleqramda yalnız Zəngəzurun «mübahisəli» ərazi olduğunu, qalan ərazilərinsə Ermənistana birləşdirilməsini təklif etmişdi. O, bildirmişdi ki, «müəyyən siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər».
Bundan istifadə edən ermənilər hücum edərək Vedibasarda 118, Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kəndi dağıdıb yandırmışdılar.
Ermənilər XI Qırmızı Ordunun köməyilə 1921-ci ilin iyulunda Zəngəzurun yuxarı hissəsini (Qərbini) zəbt etmişdilər. Onun şərq hissəsində isə 1923-cü ildə Azərbaycanın tərkibində Kürdüstan qəzası yaradılmışdı. Zəngəzurun cənub-qərbində Ermənistana «bağışlanılmış» torpaqlar əsasında 1929-cu ildə Mehri rayonu təşkil edilmişdi. Bununla Naxçıvan materikdən ayrı düşmüşdü. O, Azərbaycanın digər rayonları ilə quru sərhədlərindən məhrum olmuşdu.
Növbəti addım Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək cəhdi olmuşdu. Ermənistan 1921-ci ilin iyununda Dağlıq Qarabağı özünün tərkib hissəsi elan etmişdi. Lakin bu Azərbaycan tərəfindən rədd edilmişdi.
1921-ci il iyulun 4-de RK (b) P-nın Qafqaz bürosunun plenumu əksər səslə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması barədə qərar qəbul etmişdi. Lakin o, N.Nərimanovun qəti etirazı ilə qarşılaşmışdı. 1921-ci il iyulun 5-də bu məsələ yenidən müzakirə olunmuşdu. Bu dəfə əksəriyyət Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması təklifinə səs vermişdi. Həmin qərara «Mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi» maddəsi de salınmışdı. Azərbaycanın etirazlarına baxmayaraq S.Orconikidzenin təkidi ilə 1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil olunmuşdu. Bu da sonralar Ermənistanın və onu himayə edənlərin Azərbaycana qarşı Qarabağ kartından öz məqsədləri üçün istifadə etməsinə, Dağlıq Qarabağda separatçılığın vaxtaşırı qalxmasına zəmin olmuşdu.
Sosialist islahatlarının və yenidənqurmaların nəticəsi olaraq Azərbaycanda da sovet cəmiyyəti yaradıldı. Sənaye və kənd təsərrüfatı dövlətin əlində cəmləşdi. Bütün sahələrdə ciddi mərkəzləşmə bərqərar oldu. Siyasi sahədə kommunist partiyasının rəhbər rolu olmazın dərəcədə yüksəldi. Hər şey partiyanın iradəsinə tabe edildi. Azərbaycanda da inzibati amirlik rejimi bərqərar oldu. Azərbaycan Mərkəzdən başlanan inzibati amirlik rejimi nərdivanın pillələrindən birinə çevrildi. Azərbaycanda da hadisələr mərkəzdəkinə oxşar, hətta ondan da ifrat şəkildə cərəyan etməyə başladı. Burada da Mərkəzə oxşar totalitar-avtoritar rejim formalaşdı. Azərbaycanda azad, müstəqil fikirliliyə qarşı kütləvi repressiyalar başlandı. Burada, o zaman Azərbaycan K (b) P MK-nın birinci katibi M.C.Bağırovun ətrafına toplanınış ermənilər xüsusi canfəşanlıq göstərmişdilər. Türklərin genetik düşmənləri olan Sumbatov-Topurudze, Qriqoryan, Markaryan, Malyan və b. ermənilərin fitvası ilə on minlərlə azərbaycanlı məhv edilmiş və uzaq sürgünə göndərilmişdilər. 1937 — 1939-cu illərdə bütün həyatım sovet hakimiyyətini yaratmağa və möhkəmlətməyə həsr etmiş yüzlərlə azərbaycanlı dövlət və partiya xadimləri, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə, R.Axundov, Ə.H.Qarayev, H.Sultanov, Q.Vəzirov və b. məhv edilmişdilər.
Azad düşüncəli, istedadlı Azərbaycan ziyalılarına da divan tutulmuşdu. 1937 — 1938-ci illərdə H.Cavid, M.Müşviq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı, V.Xuluflu, Yusif Vəzir Çəmənzəminli, B.Çobanzadə və b. repressiya qurbanları olmuşdular. Ümumən, bu illərdə Azərbaycanda 40 mindən çox adam repressiyaya məruz qalmışdı.

  • Teqlər:
  • Azərbaycan tarixi
  • , Sovet dövrü

Bu gün Azərbaycanda sovet hakimiyyəti qurulub – 95 il öncə

Tarixdə bu gün aprelin 28-də 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib.

1848 – Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.

1902 – Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Əsərləri: “Vasek Trubacev və onun dostları” (povest), “Sehrli söz”, “Ata ködəkçəsi”, “Mənim dostum” (hekayələr toplusu).

1902 – Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.

1916 – Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub.

1917 – Xalq artisti Məhluqə Sadıqova (1917 – 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

1920 – Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət isə Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

1920 – Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda, tanınmış həkim-cərrah olub.

1923 – Görkəmli oftalmoloq, akademik, böyük öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva (1923-1985) Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1960-cı ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyası müdafiə edib, Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1985-ci il aprelin 15-də vəfat edib.

1924 – Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.

1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 – 6.7.1994) Lerik rayonun Kürdəsər kəndində doğulub. Əsərləri: “Dağlar oğlu”, “Torpağın ətri”, “Döyüşən illər” (romanlar), “Prokuror”, “Ana fəryadı” (pyeslər).

1938 – Şair, dilçi, publisist Adil Babayev (1938-1977) anadan olub.

1952 – Amerika aktrisası Meri Makdonnel (Mary Eileen McDonnell) anadan olub.

1974 – Məşhur ispan kinoaktrisası, “Oskar” mükafatı laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: “Canlı bədən”, “Gözlərini aç”, “Anam haqqında hər şey”, “Viki Kristina Barselona” (“Oskar”, 2009).

1998 – Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilib. Sənəd Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyası əsasında hazırlanıb.

2004 – Prezident İlham Əliyev Varşavada (Polşa) keçirilən Avropa iqtisadi sammitində iştirak edib.Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub.

Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi?

Yazıçı Seymur Baycanın Azadlıq Radiosunun “Oxu Zalında” başlatdığı önəmli mövzular üzrə sorğu-müzakirələr, məncə, maraqlı bir təşəbbüsdür. Birincisi, “Hind kinoları” ilə bağlı olan müzakirədə mən də sözümü demişdim. İkinci, “Sovet nostalgiyası niyə bitmir?” mövzusuna da, Seymur bəyin çağırışı ilə fikrimi bildirmişdim, ancaq yazımdakı bir məqamla bağlı yazıçı ilə aramızda yaranmış fikir ayrılığına görə, bu yazımı geri götürməli oldum, həmin məqam mənim üçün əhəmiyyətli olduğundan, yazımın ixtisarla çap olunmasını istəmədim. Hansı məqamda fikir ayrılığının yaranması ilə bağlı danışmayacağam, məncə, diqqətli oxucu bunu özü də tapa biləcəkdir. Ona görə də, öncə, müzakirədən geri götürdüyüm yazını, olduğu kimi, baxışlarınıza çatdırmaq, daha sonra, “Oxu Zalında” mövzu ilə bağlı açılmış müzakirədə səsləndirilən fikirlərə münasibətimi bildirmək istəyirəm.

Araz Gündüz

Azərbaycan insanı nə üçün “Sovet dönəminin” nisgilini çəkir?

2009-cu ildə belə bir şeir qaralamışdım:

iki niyəsi vardır məncə,

biri: orada nələrinsə

biryolluq, əlçatmaz qalmağıdır;

o biri: burada tapılanların

Keçmişə nisgillə yanaşmaq istər insani, istərsə də xalq səviyyəsində, natamamlıq komleksinin təzahürü olub, sırf psixoloji məsələdir. Normal yaşayış şərtləri daxilində yanaşılarsa, fərdi baxımdan bu, insanın öz ömrünün bir hissəsini yaşadığı və onu həyatının sonuna yaxınlaşdıran keçmişin ötüb keçməsinə təəsüflənməsidir. Xalq baxımından isə, bu heç vaxt normal və sivil şərtlər daxilində yaşayan xalqlarda baş vermir, ancaq məşhur aforizmdə deyildiyi kimi, “keçmişindən dərs almayan xalqın onu yenidən yaşamağa can atması” kimi ortaya çıxır. Natamamlıq komleksini yaşayan xalqlar, adətən, sivil inkişaf yolunda başqa xalqlardan çox geridə olur, öz inkişaflarının mif yaratmaq mərhələsində ilişib qalır, keçmişi ideallaşdırır, yaşadıqları sıxıntılardan “çıxış yolunu” orada arayır, uydurduqları, daha doğrusu onlar üçün uydurulan, nağıllara inanmaqla, nə vaxtsa, bugünkü çıxılmazlıqların da ortadan qalxacağı ilə təskinlik tapırlar. Belə xalqlar bugünkü mahir fırıldaqçılar tərəfindən “öndərlik-liderlik” nağılları ilə aldanmağa da, çox tez uyurlar.

Bertran Rassel paralellər aparıb Kommunizm cəmiyyətinin də, elə İslamın cənnəti ilə eyni mahiyyətli olduğunu deyirdi.

Sovet hakimiyyətinin ideoloji təbliğat maşını ucuz demoqoqiyaya və avantyuraya əsaslanırdı. Bu baxımdan, bir örnək vermək istəyirəm. 1921-ci ildə Sovet ittifaqına kommunizm ideyalarına rəğbət bəsləyən birisi kimi gəlib, Leninlə, Trotski ilə, Qorki ilə, habelə, xalqın müxtəlif təbəqəsindən olan insanlarla görüşmüş, ölkənin bir sıra bölgələrini gəzmiş, nəticədə bu səfərindən böyük şübhələrlə geriyə dönmüş böyük ingilis filosofu Bertran Rassel öz təəsüratlarını “Bolşevizmin praktikası və nəzəriyyəsi” kitabında yazıya almışdı.

İngilis filosofu Bertrand Russel.

Rassel bolşevizmin öz nəzəriyyəsində fanatizmə əsaslandığını yazır, bunun ən çox islam fanatizminə bənzədiyini xüsusi qeyd edirdi. Böyük filosof paralellər aparıb Kommunizm cəmiyyətinin də, elə İslamın cənnəti ilə eyni mahiyyətli olduğunu deyirdi. Bu baxımdan, Sovet dövlətinin insanlara vəd etdiyi ictimai quruluş da, özünün yaranmasında və yaşamasında insanların şüurunu daimi nəzarətdə saxlamaqda və şüurlara bacardıqca daha çox mistik duyğular aşılamaqda idi. Dövlət ideologiyasının ateizmə əsaslanmasına baxmayraq, cəmiyyətin inkiafını – öncədən bəlli olan, dəyişməz qanun və ehkamlarla idarə olunmasına bağlamaq, sovet adamına ekstrimal dini duyğulara bənzər olan bir ovqat aşılayırdı. Burada da, “möminlər-kafirlər” bölgüsünə uyğun, insanları düşmənçilik edən siniflərə bölmək və kütlənin xəyallarını yaxın gələcəyin cənnətinə – kommunizmə sürükləmək vardı. Bu kommunizmin cəlbediciliyi isə, onun bu dünyada, real həyatda “olması” idi. İndi hər şey olub qurtarandan sonra Lenindən başlamış sonrakı sovet rəhbərlərinə qədər, onların ürəkdən inandıqları və dilə gətirdikləri ideyaları gözdən keçirəndə, bu adamların tarixi hadisələrin gedişinə nə qədər bəsit yanaşdığını görmək olur. Misal üçün, Lenin 1923-cü ildə gənclərin bir yığıncağındakı çıxışında demişdi: bu salonda oturan gənclər Kommunizm cəmiyyətində yaşayacaqlar. Lenin, hətta, kommunizmin formulunu da “kəşf” etmişdi: Kommunizm – bütün ölkənin kollektivləşməsi, üstəgəl, elektrikləşməsi deməkdir. Xruşşov isə, 1961-ci ildə sovet adamının kommunizmdə yaşayacağı konkret tarixi də göstərmişdi: bu, 1981-ci ildə baş verməli idi.

Sovet hakimiyyəti ilə bağlı nisgili, keçmiş Sovet respublikalarının bugün üçün tutduqları yollara baxmaqla, daha yaxşı anlamaq mümkündür: burada özünü xalq kimi tanımış, dünyada özünün yerini bilən xalqlar (bura Baltikyanı respublikaları və qismən də, Gürcüstan daxildir) bütün səylərini birləşdirib, toparlanıb normal dövlətçilik qurmaqla, dünyanın mütərəqqi hissəsinə inteqrasiya olunmaq yolunu tutmuşlar və bu gün təbii sərvətləri Gürcüstandan ölçüyəgəlməz dərəcədə çox olan Azərbaycanın vətəndaşlarının Gürcüstana ərzaq dalınca axışması, oraya dincəlmək üçün üz tutması, sovet hakimiyyəti üçün qəribsəməyən bir xalqın nələrə qadir olduğunun göstəricisidir.

Əslində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı qeyri-insani vəziyyət xalqın sovet mifinə inamını sarsıtmalı, onun gözünü açmalıydı.

Azərbaycanda Sovet hakimiyyəti xalqın şüurunda həmişə Rusiya ilə assosiasiya olunmuşdur. Deyilənə görə, savadsız və rus dilini pis bilən Mirbəşir Qasımıov XI rus-işğalçı ordusunu qarşılaynda yarı sözlə, yarı əl-qolla belə bir qısa “tarixi” çıxış eləmişdi: “Tovarişi, siz bizə revolyusya kaçay-kaçay, biz də sizə neft kaçay-kaçay”. 1970-lərdən sonra Sovet hakimiyəti həm də, uzun illər Azərbaycanda hakimiyyətdə olmuş Heydər Əliyevlə assosiasiya olunmağa başladı. Əslində 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasının coşqu ilə qarşılanmasında onun şəxsiyyətinin sovet hakimiyyəti ilə assosiasiya olunmasının da böyük rolu var idi. (Sözsüz, burada hakimiyyətin ona ötürülməsinə gətirib çıxarılmasında xidməti olan Elçibəy iqtidarının da “xidmətini” qeyd etmək yerinə düşür). Sovet hakimiyyətinin dağılmasından sonra keçən qısa müddət ərzində yağ-bal içində üzəcəyi vəd olunmuş xalq deyilənləri ən qısa müddətdə ala bilməyəndə səbirsizləşmiş, və ən başlıcası, onun həyatı, məişəti sovet dönəmində olduğundan daha da pis vəziyyətə düşmüşdü.

Heydər Əliyev sovet hakimiyyəti dövründə.

Əslində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı qeyri-insani vəziyyət xalqın sovet mifinə inamını sarsıtmalı, onun gözünü açmalı, çıxış yolunun yalnız öz gücü ilə quracağı, demokratik prinsiplərə əsaslanan bir cəmiyyətdə olduğunu anlatmalı idi. Ancaq burada da, xalqın mistikaya olan güclü meyillərinin idarə olunmasından ustalıqla istifadə edən əliyevçiliyin hiyləgər təbliğat maşını ən müxtəlif üsullarla xalqın əliyevçiliyi (və dolayısı ilə sovet hakimiyyətinə assosiasiya olunan bir rejimi) yeganə çıxış yolu olaraq görməsinə bağlayır. İkinci assosiativ obyektin, yəni Rusiyanın, qeyri-rəsmi statistikaya görə, iki milyondan artıq Azərbaycan vətəndaşının çörək qazandığı bir məkan olması da, məncə, sovet nisgilini gücləndirən bir cəhət olaraq qalır.

Mövzu ilə bağlı fikir bildirənlərin çoxu, doğru olaraq, bu nostalgiyanın sentimental-psixoloji tərəfini vurğulamışlar, yəni, bugün artıq yaşa dolmuş insanlarının uşaqlıq, gənclik illəri ilə bağlı belə bir nisgil duymalarının təbii olduğunu göstərmişlər.

Ancaq müzakirəyə qoşulanlardan iki nəfərin özlərinin də bu nostalgiyaya qapıldıqlarını biruzə verməsi, daha maraqlı və diqqət göstərilməyə layqidir. Bu iki şəxsin fikirlərini ümumiləşdirsək belə bir mövqe alınır: “Sovet hakimiyyətinin qurulması dahi Marksın ideyalarına əsaslanırdı; ancaq idarəetmənin düzgün qurulmaması, Stalinin şəxsi qüsurları, kütləvi repressiyalar, insanların bu quruluşa hazır olmaması, bu, olduqca gözəl, nümunəvi və müsbət xarakterli quruluşun süqutuna səbəb oldu”. Adamlardan biri biraz da uzağa gedib, sovet hakimiyyətinin bizim geriçilik içində ilişib qalmış cəmiyyətimiz üçün müstəsna rol oynayan mütərəqqi bir hadisə olduğunu deyir, hətta, İran Azərbaycanının və Türkiyənin belə bir mütərəqqi təcrübəni yaşamamasını, az qala, onların faciəsi hesab etməyə gəlib çıxır.

Fikirlərin haçalanıb yayğınlaşmaması üçün mən burada deyilən mühakimələrdən ikisinin üzərində dayanmaq istəyirəm. Birincisi, Karl Marks doğrdanmı dahi idi? İkincisi, Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi bir hadisə idimi?

1989-cu ildə Azərbaycanda xalq hərəkatı dövründə Azadlıq meydanında mitinq.

Birinci sualdan başlayıram. Mən indiyədək qazandığım biliklərə arxalanmaqla, marksizmi sistemli şəkildə tənqid edə bilmək bacarığımın olduğunu düşünmürəm. Ancaq sovet dönəmində oxuduğum orta məktəbin “Tarix” və “İctimaiyyət”, BDU-da beş il ərzində “Sov İKP tarixi”, “Dialektik-Tarixi Materializm”, “Siyasi iqtisad” və nəhayət dövlət imtahanı verdiyim “Elmi kommunizm” fənlərini bacardığım qədər diqqətlə oxuduğumu, MarksEngelsin bir sıra əsərlərini gözdən keçirdiyimi, habelə, antisovet və antimarksist ədəbiyyatları oxumaqdan aldığım məlumatları ümumiləşdirməyin, bu mövzuya bəlli dərəcədə aydınlıq gətirə biləcəyini düşünürəm. Marksın yaxın silahdaşı Engels ilə birlikdə gördükləri çox geniş miqyaslı və çoxşaxəli işi, bunun üçün çəkdikləri gərgin əməkləri yerə vurmaq fikrim yoxdur. Onlar bəşər tarixinin özlərinə qədərki tarixinin, elmi və fəlsəfi irsinin əldə olan bütün yazılı mətnlərini araşdırmağa çalışmış və buradan, bəşəriyyətin gələcək inkişaf yolunu müəyyən edəcək daimi və ümumi olan qanunauyğunluqları tapmağa çalışmışdılar. Bir sözlə, marksizm insanlığa elmi-fəlsəfi, sosioloji-iqtisadi təlimatlar hazırlamaq və insanlığın məhz onların göstərdiyi bu inkişaf yolu ilə gedəcəyini əsaslandırmaq istəmişdi. Burada marksizmin mənbələri barədə uzun-uzadı danışmadan, yalnız onu qeyd etmək istəyirəm ki, Marks və Engels o dövrün iki möhtəşəm hadisəsinin təsiri altında heç də obyektiv olmayan qənaətlərə gəlmişdilər və qurduqları nəhəng ideoloji sistemin özülü, metodu yanlış idi. Birincisi, XIX yüzillikdə İngiltərədə baş verib sonradan Avropaya sirayət edən sənaye inqilabını yanlış proqnozlaşdırmaqla onlar istehasalın ümumi xarakter alması ilə mənimsənənin xüsusi səciyyə daşıması arasında yaranan kəskin ziddiyyətin qaçılmaz olaraq qanlı toqquşmaya, inqilaba gətirməli olduğunu iddia edir, ikincisi, Darvinizmdən gözləri qamaşdığından bu nəzəriyyədəki “yaşamaq uğrunda mübarizə” ilə bağlı deyilənləri mexaniki şəkildə cəmiyyət həyatına tətbiq edir, sinfi mübarizənin cəmiyyətin inkişafının şəriksiz lokomotivi olduğu fikrinə gəlirdilər. Yaxud materialist fəlsəfədə dialektikanın üç qanunun bütün inkişafın gedişini formullaşdırdığını iddia etmək əslində özünü materialist və rasional düşüncənin tərəfdarı kimi tanıdan marksizmin mistikaya və utopiyaya uyması sayıla bilər. Asif Atanın ifadəsncə desək, “marksist dialektika əslində “dilaektika falçılığından” başqa bir şey deyildi”. Beləliklə də, yanlış metod, çəkilən gərgin əməyin nəticəsini dəyərdən salırdı.

Marksizmin Rusiya uzantısı olan leninizmə gəlincə, onun marksizmin nisbətən ağlabatan görünən “inkişaf etmiş kapitalist ölkələrinin hamısında eyni zamanda başlayacağını” dedikləri proletar inqilabı nəzəriyyəsindən uzaqlaşması və yenə də, marksizimin inqilabi şəraitin yeişməsi ilə bağlı digər ideyalarını gözardı etməsi, əslində bir siyasi provakasiya sayıla bilərdi. Çox uzun danışmadan, Leninin sosialist inqilabı nəticəsində yaranmış SSRİ-nin bünövrəsində proletariatın siyasi şüurunun, iqtisadi inkişafında isə, kapitalist istehsalını üstələyəcək “sosialist əmək məhsuldarlığının” dayanacağını deməsi, sənayeləşmənin və kənd təsərrüfatındakı kollektivləşmənin ictimai şüuru dəyişəcəyi ilə bağlı ideyaları çox keçmədən iflasa uğradı. Sovet dövründə ömrünün şüurlu hissəsini yaşamış insanlar proletariatın siyasi şüurluğunun “qeyri-şüuri olaraq mandat qaldırmaq üzrə çempionata” çevrilmiş yalançı parlament oyunbazlığına, “əmək məhsuldarlığının yüksəlişinin” isə “perepiska” deyilən iyrənc şişirtmələrə və gözə kül üfürmələrə gətirib çıxardığını çox yaxşı xatırlayırlar. Birinci sualı yekunlaşdırmaq üçün, SSRİ-yə rəhbərlik etmiş Nikita Xruşşovun oğlu Sergey Xruşşovun atası ilə bağlı memuarından bir sitat gətirmək istəyirəm: “1963-cü ildə İsveç səfərindən qayıdan atam mənə səfər təəsüratlarını danışırdı. Otaqda yalnız ikimiz olsaq da, atam danışığının bir yerində səsini alçaldıb pıçıltı ilə mənə dedi: “Seryoja, onlar orada artıq sosializmi qurublar, bizdə isə hələ də, sosializmin əsər-əlaməti belə yoxdur!” SSRİ dağılması labüd olan bir ictimai-siyasi sistem idi və ən kiçik demokratik islahata belə dözə bilməyərək çökməsi də, elə bunu sübut etmiş oldu.

İndi isə, “Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi?” sualı ilə bağlı düşüncələrimə keçirəm.

28 aprel 1920-ci ildə Azərbaycana qarşı rus-bolşevik höküməti tərəfindən törədilən tarixi bir cinayət baş verdi. Dünya dövlətləri tərəfindən tanınan, müstəqil Azərbaycan Demokratik Cümhuriyyətində hakimiyyət silah gücünə devrildi. Bunun ardınca, ölkənin müxtəlif bölgələrində: Gəncədə, Şəkidə, başqa bir çox yerlərdə baş verən etirazlar amansızlıqla yatırıldı və Azərbaycanda oyuncaq bir rejim yaradılmaqla onu özünün seçdiyi müstəqillik yolundan çıxardılar. Bundan sonra baş verənlərə hansı prizmadan baxılmasından asılı olmayaraq, bütün bu hadisələr ölkənin sərvətlərinin imperiya maraqlarına uyğun olaraq talanmasından və ölkə əhalisinə qarşı cismani və mənəvi terror-genosid hadisəsindən başqa bir şey deyildir. Azərbaycan, müsəlman Şərqində ilk olaraq qurduğu demokratik idarəetməyə əsaslanan tarixi inkişaf yolundan çıxarılıb, əslində Rusiyanın imperiya maraqlarının yedəyinə qoşuldu və ölkəyə, həm də, onun xalqına vurulan maddi-mənəvi ziyanların acısını biz, bugün də, çəkməkdə davam edirik. Çox vaxt soruşurlar: Azəarbaycanda sovet hakimiyyəti qurulmasaydı, o özünün müstəqil inkişaf yolu ilə haraya gedib çıxacaqdı? Mənə elə gəlir, 1917-ci ilinqilabından sonra Rusiya imperiyasından ayrıla bilmiş bir çox xalqalrın təcrübəsinə baxmaqla, bu halda ölkəmizin heç də pis olmayan perspektivlərinin olduğunu tam bir əsasla demək mümkündür. Tarixi inkişafın keçmişdə qırılan inkişafına qayıdıb hər şeyi yenidən, oradan başlamaq imkanı olmadığından, biz indiyə qayıdıb, bugünkü bir çox fəlakətlərimizin səbəbinin də, elə məhz sovet hakimiyyətinin yaratdığı fəsadlarla bağlı olduğunu deyə bilərik.

Sovet hakimiyyətinin yaranmasının Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş cinayət aktı olduğunu xatırlasaq, bu kimi çağırışlar mənəvi baxımdan vətən xainliyi, hüquqi baxımdan, cinayət əməli saymalıyıq.

Sözümün sonunda, mənəvi və hüquqi baxımdan məsuliyyət yaradan, ancaq yetərincə diqqət yetirilməyən bir məsələdən söz açmaq istəyirəm. Bugün Azərbaycan insanının sovet nostajisinin olması və bunun səbəbi ilə bağlı danışdıq. Ancaq, indi bu nostalji artıq, özünə ziyalı deyən şəxslərin dilindən daha uca səslə deyilməyə və mətbuat ilə sosial şəbəkələrdə yayılmağa başlayır. Sovet hakimiyyətinin yaranmasının Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş cinayət aktı olduğunu xatırlasaq, bu kimi çağırışlar mənəvi baxımdan vətən xainliyi, hüquqi baxımdan, cinayət əməlinə haqq qazandırmaqla, cinayət əməli törətməyə sövq etmə kimi dəyərləndirilməli və lazımi mənəvi-hüquqi qiymətini almalıdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu ©

MÜTLƏQ hiperlinklə istinad verilməlidir.
– İcazə olmadan fotolarımızı təkrar dərc etməyin.
İstifadə şərtləri ƏTRAFLI BURADA

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.