Press "Enter" to skip to content

Bakı tarixi

İkinci dünya müharibəsi dövründə Bakı cəbhəni neftlə təmin edirdi. Faşizmin müvəffəqiyyətlə darmadağın edilməsi işinə Bakının töhfəsi çox böyük olmuşdur. Bakının neft ehtiyatları sovetlər ölkəsinin bütün neft ehtiyatlarının 75%-ə bərabər idi, təyyarə yanacağının 90%-i isə Bakı neftindən alınırdı. Bu dövrdə köhnə quyular bərpa olunub istismar edilirdi. Minlərlə neftçi cəbhəyə, vuruşmağa getmişdi. Mədənlərdə onlara qadınlar əvəz edirdi. SSRİ-nin müttəfiqləri tərəfindən İran ərazisindən keçməklə göndərilən hərbi və humanitar yardımın təmin edilməsində Bakı ən mühüm nəqliyyat qovşağı idi.

Bakı tarixi

“GİM” tərkibinə daxil olan Məşğulluq agentliyi işəgötürənlərə təcrübəli mütəxəssislərin seçimi və iş axtaranlara boş iş yerləri xidmətlərini göstərir. «CV FORMASINI YÜKLƏ»

Biz bizim bölgədə turizmin inkişafını artırmaq qərarına gəldik, elə bu məqsədlə də şirkətin nəzdnində GİM Turistik agentliyi yaratdıq. Ətraflı.

Veb Studiya sizin biznesinizin daha səmərəli inkişaf etməsi üçün keyfiyyətli işlər görür. Bütün istəklərənizi nəzərə alaraq sifarişinizi yerinə yetirəcəyik. Ətraflı.

AZƏRBAYCAN ÜZRƏ TURLAR

TARİX

AZƏRBAYCAN TARİXİ

Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

BAKININ TARİXİ

Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.

GƏNCƏNİN TARİXİ

Gəncək tayfasının adından götürülmüş Gəncə şəhəri tarixin müxtəlif mərhələlərində paytaxt statusunu qoruyub saxlamışdır.

Ərazisi: 2200 kv km. Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, onun qədim tarixə malik olması şübhəsizdir. Şəhərin yerləşdiyi Abşeron yarımadasının ərazisi əlverişli coğrafi mövqeyə malikdir. Yarımadanın əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində burada qədim insan məskənlərinin yaranması tamamilə qanunauyğun haldır.

Bakı, onun nefti və «yanar torpağı» qədim vaxtlardan onun hüdudlarından çox-çox uzaqlarda da məşhur idi. Bakı barədə orta əsrlərə aid yazılı mənbələrdə onun ətrafındakı «əbədi məşəllər» dönə-dönə xatırladılar. Bakı barədə ilk məlumatlardan birinə V əsrin əvvəllərində Qafqaz Albaniyası şəhərlərini təsvir etmiş Bizans əlyazmalarında «sualtı qayadan alov yüksələn» bir ərazinin adı çəkilir. IX əsrdən başlayaraq, ərəb coğrafiyaşünasları və tarixçiləri Bakını kiçik, lakin inkişaf etmiş bir feodal şəhəri kimi təsvir edirlər. Onların hər biri xüsusi qeyd edir ki, Bakıda ağ və tünd boz rəngli neft çıxarılır. Slavyan, Bizans, Çin, Venesiya, Hindistan tacirləri və bütün Yaxın Şərqdən gələn karvanlar Bakıdan neft aparırdılar.

IX əsrin ikinci yarısında Şirvanşahlar dövləti yaradıldı. O vaxtdan etibarən Şamaxı ilə yanaşı Bakı da Şirvanın əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar dövləti bu regionda baş verən hadisələrin mərkəzində olanda Bakı ətrafında qala divarları ucaldıldı. Şirvanşah I Axsitanın dövründə öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. Bakı Şirvanşahlar dövlətinin əsas şəhərinə çevrildi. Bakıdakı bir sıra qəsr və minarələr, mədrəsə və qüllələr, karvansara və hamamlar, məscidlər və yaşayış evləri məhz həmin dövrdə tikilmişdir. O dövrdə ucaldılmış tikililərdən salamat qalanlar arasında ən qədim 1078-1079-cu illərdə tikilmiş Məhəmməd məscididir. Qala divarlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirildi. Bakını dəniz tərəfdən müdafiə etmək məqsədilə 1232-1235-ci illərdə Bakı buxtasında indi suyun altında qalmış Səbail qəsri tikilmişdir.

XIII əsrdə bütün ölkə Monqol əsarətinə məruz qaldı. Monqollar Bakını uzun müddət mühasirəyə alandan sonra onu ələ keçirdilər. Onlar qarşılaşdıqları müqavimətə görə «cəza tədbiri» kimi, şəhəri amansızcasına viran etdilər. Neft hasilatı və ticarət sahəsində tənəzzül yarandı.

XIV əsrin əvvəllərində ticarət, o cümlədən, dəniz ticarəti yenidən dirçəldi. Genoya və Venesiyadan gələn italyan tacirlərinin gəmiləri Bakı limanına yan almağa başladılar. Bakı Qızıl Orda ilə, Moskva knyazlığı və Avropa ölkələri ilə ticarət əlaqələri saxlayırdı. Buradan neft, xalça və başqa mallar ixrac edilirdi. XIV əsrin ikinci yarısında Bakının iqtisadi və siyasi rolunun yüksəlməsi ilə əlaqədar Xəzər dənizini çox vaxt Bakı dənizi adlandırırdılar. Məsələn, 1375-ci ildə buraxılmış atlasda dəniz bu cür adlanır. Bakıdakı İçəri Şəhərdə qorunub saxlanmış Buxara karvansarası (XIV əsr), Moltanı karvansarası (XV əsr) və başqa memarlıq abidələri Bakının orta Asiya və Hindistanla geniş əlaqələr saxlamasını təsdiq edir.

XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə (1417-1462-ci illər) Bakıda tikinti işləri geniş vüsət almışdı. Şəhərin ən uca nöqtəsində Şirvanşahlar saray-kompleksi tikilmişdir.

1501- ci ildə I Şah İsmayılın qoşunları Bakını mühasirəyə aldılar. O dövrdə şəhər güclü qala divarları ilə əhatə olunmuşdu. Bu divarların bir tərəfi dənizə gedib çıxır, quru tərəfdən isə enli xəndəklə qorunurdular. Mühasirəyə alınmış bakılılar öz istehkamlarının sarsılmazlığına ümid bəsləyərək, mərdliklə mübarizə aparırdılar. Şəhər hakimi Qazı bəy burada olmadığına görə Bakının müdafiəsinə onun arvadı rəhbərlik edirdi. Şah İsmayılın elçiləri bu qadının yanına gəlib silahı yerinə qoymağı təklif edəndə, o, elçilərin edam olunmasını əmr etmişdi. Mühasirədə olan bakılıların təslim olmaq istəmədiyini görən Şah İsmayıl qalanın altını qazaraq onu partlatmağı əmr etdi. Sakinlər daha 3 gün davam gətirib müqavimət göstərdilər, lakin bundan sonra təslim oldular. Bakının 70 nəfər tanınmış nümayəndəsi əllərində Quran, bellərində qılınc və boyunlarında kəfən olduğu vəziyyətdə Şah İsmayılın yanına gəlib ona itaət edəcəklərini bildirdilər. İsmayıl dərhal qalanı tutdu. Şirvanşahların xəzinəsi ələ keçirildi və oradan xeyli qızıl və daş-qaş aparıldı. Şah İsmayılın Şirvana bu yürüşü Şirvanşahlar dövlətinə güclü zərbə vurduğuna baxmayaraq, bu dövlət 1538-ci ilə qədər öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. 1538-ci ildə Səfəvi hökmdarı Şah Təhmasib Şirvanşahların hakimiyyətinə son qoydu və Bakı da daxil olmaqla bütün Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.

XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəli Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında ardıcıl müharibələrlə əlamətdar olmuşdur. Bu dövrdə Bakı əldən-ələ keçirdi. XVII əsrin 40-cı illərində mərkəzləşdirilmiş hakimiyyətin möhkəmlənməsi, dağıdıcı müharibələrə və feodal çəkişmələrinə son qoyulması şəhər həyatının tərəqqisinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis sikkələr buraxılır, xalçaçılıq, neft və duz alveri inkişaf edirdi. Bu dövrdə Bakının dövrəsində ikinci qala divarlarının çəkilişi başlandı.

XVII əsrdə Don və Volqa kazaklarının Abşerona hücumları da o dövrün mühüm hadisələrindəndir. 1660-cı ilin aprel ayında Stepan Razinin başçılıq etdiyi kazaklar Bakı sahillərinə hücum etdilər və Maştağa kəndini qarət etdilər. Deyilənə görə, Razin özü Sabunçu kəndinin yaxınlığındakı bir mağarada yaşayır və öz quldur basqınlarını oradan həyata keçirirmiş.

XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi. Hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olur, ticarətin inkişafına şərait yaradırdı. Mirzə Məhəmməd xan admiral idi. O, malların və hərbi təyinatlı yüklərin daşınması üçün gəmiqayırma işlərinə rəhbərlik edirdi.

Bu dövrdə iqtisadiyyatın bir qədər canlanmasına baxmayaraq, XVIII əsrin axırlarında İran hökmdarı Ağa Məhəmməd şah Qacarın viranedici basqınları Azərbaycana çox böyük ziyan vurmuşdur. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Bakını ələ keçirdi və qarət etdi, lakin tezliklə onun ordusu Şirvanı tərk etdi.
Rusiya – İran müharibələri nəticəsində Bakı xanlığı Rusiyaya birləşdirildi. 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri imzalandı, Azərbaycan Araz çayı boyunca Rusiya ilə İran arasında bölündü. İşğal edilmiş torpaqlar, o cümlədən Bakı rəsmən Rusiyaya təhkim edilmiş oldu.

Bu dövrdə Bakının hüdudları qala divarları ilə əhatə olunmuş İçəri şəhərdən kənara çıxmırdı. İçəri Şəhərdə təqribən 300 ev və 3000-ə yaxın sakin vardı. 1846-cı ildə Qafqazda canişinlik təsdiq ediləndən sonra bu diyarda yeni inzibati-ərazi bölgüsü aparılır. Həmin bölgüyə görə Bakı qəzası yeni yaradılmış Şamaxı quberniyasına daxil edilmişdi. 1859-cu ildə quberniyanın mərkəzi Bakı şəhərinə köçürülür, quberniyanın mərkəzi Bakı şəhərinə köçürülür, quberniyanın adı dəyişdirilib Bakı quberniyası olur.

Neft hasilatı Bakı şəhərinin inkişafında böyük rol oynayırdı. Rusiyanın iqtisadiyyatı neftə tələbatı xeyli gücləndirmişdi. Bununla əlaqədar Bakı Rusiyanın sənaye cəhətdən inkişafına cəlb edilmişdi. Bakıda başlanmış neft ehtirasını yalnız Klondaykdakı qızıl ehtirasları ilə müqayisə etmək olar. Bu dövrdə Bakıdakı neft yataqlarının intensiv istismarı başlandı və əcnəbi neft şirkətlərinin kapitalının Bakıya güclü axını təmin edildi. Qısa bir vaxtda Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı.

1873- cü ildən etibarən Bakının Qara Şəhər adı ilə məşhur olan «neft kəməri» formalaşmağa başladı. Bundan bir qədər sonra Bakının «neft kəndlərini» – Suraxanı, Bibiheybət, Balaxanı və Sabunçunu əhatə edən Bakı sənaye rayonu yarandı. Burada dünyada ilk neft quyusu qazılmış, nefti nəql etmək üçün ilk tankerlər burada tikilmiş, Bakı-Batumi neft kəməri çəkilmişdir. Neftə və onun hasilatına həsr edilmiş ilk dövri nəşr olan «Neftyanoye delo» jurnalı da məhz Bakıda işıq üzü görmüşdü. XX yüzilliyin əvvəllərində dünyada çıxarılan bütün neftin yarısı Bakıda hasil edilirdi.

Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başlamışdı. Rusiyanın dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirdiyi daşımalarıni Xəzər dənizi ilə aparılırdı. 1883-cü ildə Bakını Tbilisi ilə birləşdirən dəmiryolu açıldı, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxşı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tbilisi və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkilmişdi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi.
40%- Abşeron yarımadasındakı bu şəhər o qədər yüksək sürətlə inkişaf edirdi ki, nə Rusiyada, nə də ümumiyyətlə Avropada heç bir şəhərdə bu cür sürətli inkişaf görünməmişdi. Rusiyanın bütün guşələrindən, xarici ölkələrdən müxtəlif millətlərin nümayəndələri iş və səadət axtara-axtara axışırdı. Artıqcü ildə Bakı əhalisinin sayı 45000-i keçmişdi, 1913-cü ildə isə bu rəqəm artaraq, 200.000-ə çatmışdı. Şəhərin ətrafında abadlıq işləri aparılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən malikanələrin sayı artırdı.
1883-
Beləliklə , XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş nəticəsində Bakı Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük və əhəmiyyətli şəhərə çevrilmişdi.

1918- ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Bu, bütün müsəlman şərqində ilk respublika idi. Bakı müstəqil Azərbaycan Demokratik Respublikasının paytaxtı oldu. Yeni dövlət hakimiyyəti orqanları formalaşmağa başladı.

1920- ci il aprelin 28-də XI Qızıl Ordu Hissələri Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil oldu. Azərbaycanda Sovet hakimiyyəti elan edildi.

İkinci dünya müharibəsi dövründə Bakı cəbhəni neftlə təmin edirdi. Faşizmin müvəffəqiyyətlə darmadağın edilməsi işinə Bakının töhfəsi çox böyük olmuşdur. Bakının neft ehtiyatları sovetlər ölkəsinin bütün neft ehtiyatlarının 75%-ə bərabər idi, təyyarə yanacağının 90%-i isə Bakı neftindən alınırdı. Bu dövrdə köhnə quyular bərpa olunub istismar edilirdi. Minlərlə neftçi cəbhəyə, vuruşmağa getmişdi. Mədənlərdə onlara qadınlar əvəz edirdi. SSRİ-nin müttəfiqləri tərəfindən İran ərazisindən keçməklə göndərilən hərbi və humanitar yardımın təmin edilməsində Bakı ən mühüm nəqliyyat qovşağı idi.

1949- cu ildə Neft Daşları yatağında işlər başlandı. Bu, dünya praktikasında açıq dənizdəki neft yataqlarının mənimsənilməsi istiqamətində ilk addım idi. Müharibədən sonrakı dövrün elə ilk illərindən başlayaraq, Bakıda yaşayış evlərinin və ictimai binalarının tikintisi bərpa edildi. Azərbaycan memarlığının klassiklərindən M.Useynovun və S.Dadaşovun, Q.Məcidovun, E.Qasımzadənin, Q.Əlizadənin, Q.Ələsgərovun və başqalarının istedadı və ustalığı sayəsində Bakının mərkəzində və onun yeni rayonlarında yeni və çox əhəmiyyətli memarlıq nümunələri ucaldılır. Bakı keçmiş SSRİ-nin ən iri sənaye mərkəzlərindən birinə çevrilir. Bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Bölmə: TURİZM | Müəllif: Admin | Tarix: 13-08-2013, 20:26 | Baxılıb: 9 349 |

Paylaş:

Azərbaycan

Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır.

Bakı şəhərinin mərkəzində sahəsi 22 ha. olan “İçəri Şəhər” yerləşir. “İçəri Şəhər”də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.

Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış “Şərq” divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son “Şərq” divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir.

Azərbaycan memarlığının unikal abidəsi olan “Qız Qalası” İçəri şəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələdə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır.

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və sair vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik iki qala mövcuddur. Bunlardan biri dördkünc olub, XII əsrdə Şirvanşah Mənçəhrin oğlu Axsitan tərəfindən tikilmiş və bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2.10 metr, yuxarıdan isə 1.60 metrdir. İçəridən qala 5 yarusa bölünür.

2-ci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12.5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.

Tarixi

Yaranma tarixi – III əsr
Ərazisi – 2,13 min kv. km
Əhalinin sayı – 2.039.700 nəfər
Əhalinin sıxlığı – 1 km – 958 nəfər
Bakı şəhəri Azərbaycanın paytaxtıdır.

Paytaxtın tarixi
Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaratmışdır. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb. Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Yuliy Maksim, XII «İldırımsürətli» legionun senturion vaxtıdır». Ehtimal ki, Bakı ətrafındakı Ramana və ya Romana kəndinin adı da eramızın I əsrində Roma qoşunlarının Abşeronda olmasından xəbər verir. Bakı, onun nefti, «yanan torpaq» hələ qədimdən onun hüdudlarından kənarda da məşhur idi.
Orta əsrlər Bakısı ilə bağlı yazılı mənbələrdə daim onun ətrafındakı «yanan atəş»dən danışılır. Bu barədə ilk söz açanlardan biri bizanslı Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, «sualtı qayadan qalxan od»dan söz açır. IX əsrdən etibarən bölgədə islam dininın yayılması ilə bağlı Bakı ərəb coğrafiyaçılarının və tarixçilərinin yazılı mənbələrində kiçik, amma inkişaf etmiş feodal şəhəri kimi xatırlanır. Hər dəfə də qeyd olunur ki, Bakıda ağ və tünd-boz neft mənbələri var.
IX əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və xilafətə tabe olan ölkələrdə mərkəzi hakimiyyətdən uzaqlaşma meyllərinin güclənməsi bir sıra müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Onlardan biri də Şirvanşahlar dövləti idi. Orta əsrlər Bakısı, Şamaxı ilə birgə Şirvanın əsas şəhərlərindən birinə çevrildi. X əsrdə Şirvanşahlar dövlətinin tədricən bölgədəki hadisələrin mərkəzinə çevrilməsi ilə şəhər, həqiqətən də, inkişaf etdi. Məhz bu vaxt Bakıda ilk dəfə qala divarlarının tikintisinə başlanıldı. Bərpa işləri zamanı divarlardan tapılan daş yazı da bunu sübut edir, orada qeyd olunur ki, divarlar II Mənuçöhrün (1120- 1160) zamanında tikilib. Şirvanşahlar dövlətinin sonrakı inkişafı II Mənuçöhrün oğlu I Axsitanın hakimiyyəti dövrünə təsadüf edir. O, səlcuqların və köçəri qıpçaqların hücumlarını uğurla dəf edirdi. Onun zamanında Bakı limanında qüdrətli donanma yaradılmışdı. Beləliklə, o, 1175-ci ildə 73 gəmiylə Bakı ətrafına hücum edən rusların basqınının qarşısını almışdı. 1191-ci ildə Şirvanşah I Axsitan öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. İlk dəfə Bakı Şirvanşahlar dövlətinin baş şəhəri oldu. Həmin zamanın günümüzədək gəlib çıxan ən erkən tikili 1078-1079-cu illərdə Bakı qalasında ucaldılmış Məhəmməd məscididir. Həmin dövrün tikililəri arasında qüllələr və qalalar xüsusi yer tutur – feodallar üçün onlar daxili mübarizədə etibarlı dayaq və hücumlar zamanı sığınacaq yeri idi. Qala divarlarının, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi diqqət ayrılırdı. Bakının dəniz istiqamətindən müdafiəsi üçün 1232-35-ci illərdə Bakı buxtasında qala tikildi – bu hazırda suyun altında qalan Səbail qalası idi. XII əsrdə bütün ölkə monqol əsarəti altına düşdü. 1230-cu illərdə uzun sürən mühasirədən sonra Bakı da monqollara təslim oldu.
XIV əsrin əvvəlində ticarət, xüsusən də, dəniz ticarəti yenidən canlandı. Bakı limanına Genuyadan və Venesiyadan olan italiyalı tacirlərin gəmiləri yan alırdılar. Bakı Qızıl Orda, Moskva knyazlığı və Avropa ölkələri ilə ticarət aparırdı. Buradan neft, xalça və digər mallar xaricə çıxarılırdı. Eyni zamanda Həştərxana və Mərkəzi Asiyaya da əmtəə aparılırdı. XIV əsrin birinci yarısında Bakının iqtisadi və siyasi rolunun yüksəlməsi ilə bağlı Xəzər dənizini tez-tez Bakı dənizi adlandırırdılar.
1501-ci ildə Səfəvilər sülaləsindən olan Şah İsmayıl Xətai Şirvana hücumu zamanı Bakını da işğal etdi.
XVII-XVIII əsrlərdə şəhərdə tikilən binalar memarlığın və daş üzərində oyma sənətinin yüksəlişindən xəbər verirdi. Bu zaman Bakı ikinci dəfə qala divarları ilə yeniləndi. XVII əsrdə Abşerona Don və Volqa kazaklarının basqınları müşahidə olunur. 1660-cı ildə Stepan Razinin kazakları Xəzərin Bakı sahillərinə hücum etdilər və Maştağa kəndini dağıtdılar.
XVII əsrdən etibarən, zəngin təbii ehtiyatlar və şəhərin mühüm strateji əhəmiyyəti Rusiyanın diqqətini özünə çəkdi. I Pyotr Xəzərin qərb və cənub sərhədlərini tutmağa və türklərlə iranlıları oradan sıxışdıraraq Xəzərə sahiblənməyə çalışırdı. Xəzəryanı ərazilərin ələ keçirilməsi üçün o, xüsusi hərbi-dəniz ekspediyası yaratdı. 1723-cü ilin iyun ayının sonunda Həştərxandan yeddi gəmidən ibarət eskadra general-mayor Matyuşkinin rəhbərliyi ilə şəhərə göndərildi. 1723-cü ilin iyunun 26-da uzunsürən mühasirəyə alınan və top atəşinə tutulan Bakı ruslara təslim oldu. Pyotrun fərmanı ilə şəhər komendantı knyaz Baryatyanskinin rəhbərliyi altında Bakı qarnizonunda iki əsgər alayı (2382 nəfər) saxlanıldı. 1725-ci ildə Pyotrun ölümündən sonra Xəzəryanı torpaqlar ruslara ağır yük olmağa başladı. İşğal olunmuş torpaqların saxlanması üçün böyük orduya ehtiyac vardı, məsrəflər isə, gəlirlərdən çox idi. 1730-cı ildə bu vəziyyət bir qədər də pisləşdi, İranda istedadlı sərkərdə Nadir şah güclənməyə başlayırdı. Nadir şahın Şirvandakı uğurları 1735-ci ilin martın 10-da rusları Gəncə ətrafında saziş bağlamağa vadar etdi, bu sazişə əsasən, rus qoşunları Bakıdan çıxarılmalı idi. Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
Nadir şah 1747-ci ildə saray çevrilişi nəticəsində öldürüldükdən sonra onun imperiyası dağıldı. Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar yarandı, Bakı xanlığı onların ən mühümləri arasında yer alırdı. Hakimiyyəti ələ alan Mirzə Məhəmməd xan (1747-1768) bu xanlığın başına keçdi. İyirmi illik hakimiyyəti dövründə Mirzə Məhəmməd xan iqtisadiyyatın bərpasına və ticarətin inkişafına yardım göstərdi. O, admiral idi, yük nəqli və hərbi məqsədlər üçün gəmiçiliyə rəhbərlik edirdi. Ondan sonra oğlu Məlik Məhəmməd xan Bakı xanlığının başına keçdi. Ayrı-ayrı xanlar arasında feodal müharibələri dayanmırdı. Bakı xanı da bu mübarizəyə qoşulmuşdu və qohumu, tabe olduğu Quba xanı Fətəli xanın tərəfində döyüşürdü. 1784-cü ildə Məlik Məhəmməd xan Bakı xanlığının taxt-tacını oğlu II Mirzə Məhəmməd xana (gələcəkdə məşhur Azərbaycan tarixçisi olacaq Abbasqulu ağa Bakıxanovun atasına) ötürərək öldü. Sonrakı illər də xanlar arasında daxili müharibələrlə keçirdi. Bakı xanlığında daxili müharibələr əsasən böyük gəlirlər gətirən neft mədənləri uğrunda aparılırdı. Bu mərhələdə iqtisadiyyat müəyyən qədər canlansa da, XVIII əsrin sonlarında İran hökmdarı, ölkəsinin bütün əyalətlərini və Azərbaycanın cənubunu özünə tabe dən Ağa Məhəmməd xan Qacarın dağıdıcı hücumları nəticəsində Azərbaycana böyük ziyan dəydi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Bakını ələ keçirib, viran qoydu, amma tezliklə onun ordusu Şirvanı tərk etdi. Ağa Məhəmməd xan Qacarın gücləndiyini görən çar hökuməti Azərbaycanın Rusiyaya tabe olunması üçün siyasət yürütməyə başladı. 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə general Zubovun rəhbərliyi altında çar qoşunlarının Qafqaza yürüşü başladı. Şəhərin ələ keçirilməsi üçün 6 min nəfərlik qoşun göndərən Zubovun ilk tələbindən sonra Bakı təslim oldu. 1796-cı ilin iyunun 13-də Xəzər donanması Bakı buxtasına daxil oldu və rus qoşunları qarnizonu Bakıda yerləşdirildi.
Rusiya və İran arasında 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi həm də Bakı xanlığının Rusiyaya birləşdirilməsini rəsmiləşdirdi. Amma razılaşma bütün Rusiya-İran narazılıqlarını həll etmədi. Bakının keçmiş xanı da şəhərə qayıtmaq ümidlərini üzməmişdi. 1826-cı ilin iyulunda İran ordusu Şimali Azərbaycana daxil olanda Hüseynqulu xanın rəhbərliyi altında dəstə də Bakıya doğru istiqamət aldı və şəhərin mühasirəsində iştirak etdi. Bakının və ətraf kəndlərin sakinləri ruslar əleyhinə üsyan qaldıraraq, ona fəal şəkildə yardım edirdilər. Amma İran ordusunun məğlubiyyəti, eyni zamanda rus ordusunun Bakı xanının əleyhinə atdıqları addımlar onu 1826-cı ildə İrana dönməyə məcbur etdi. Sonuncu Rusiya-İran müharibəsinin bitməsi ilə 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı, bu sənədə əsasən, Azərbaycan Araz çayı vasitəsilə Rusiya ilə İran arasında bölündü. Müqavilə rəsmən torpaqların, o cümlədən Bakının Rusiya tərəfindən işğalını təsdiqlədi. Bu zaman Bakının sərhədləri qala divarları ilə əhatə olunmuş İçəri Şəhərlə məhdudlaşırdı, burada üç yüz ev və üç min sakin vardı. Yalnız Rusiya-İran müharibəsindən sonra şəhər tədricən böyüməyə başladı.
Artıq XIX əsrin ikinci yarısında Bakı öz sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın digər şəhərləri arasında birinci yerə keçdi. Şəhərin inkişafında neft hasilatı mühüm əhəmiyyət kəsb edirdi. Rusiyanın iqtisadiyyatının neftə ehtiyacı artmışdı. Bakı Rusiya sənayesinin inkişafına cəlb olunmuşdu. Neft quyularına nəzarət edən çar hökuməti ilkin dövrlərdə onları müəyyən müddətə ayrı-ayrı şəxslərə icarəyə verirdi. Amma artıq 60-cı illərdə məlum oldu ki, neft yataqlarının icarə sistemi keçmişin yarasız qalıqlarından biridir və bu sənaye sahəsinin inkişafı üçün neft işinin təşkilinə ehtiyac var. 1872-ci ildə yeni qaydalar təsdiq olundu. Bu qaydalara əsasən, dövlətin icarə hesabında olan neft mənbələri hərracdan fərdi şəxslərə ötürüldü. İcarə sisteminin ləğvi bütün neft işində həlledici dönüş yaratdı. Bu neft ehtirası yalnız Klondaikdəki qızıl ehtirası ilə müqayisə edilə bilər. Bakıdakı neft yataqlarının qızğın istismarı başladı və əcnəbi neft şirkətlərinin kapital axını təmin olundu. Qısa müddət ərzində Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı. Onlardan ən məşhurları – Nobel və Rotşild qardaşlarının firmaları idi.
XX əsrin əvvəllərində dünyada çıxarılan bütün neftin, demək olar ki, yarısı Bakıda hasil edilirdi. Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başladı. 1883-cü ildə Bakını Tiflislə birləşdirən dəmiryolu açıldı, 1892-ci ildə şəhərdə ilk konka işə düşdü, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxışı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tiflis və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkildi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi. 1917-ci ildə şəhər bu gün də fasiləsiz işləyən Şollar kəməri vasitəsilə su ilə təmin olundu. Bakı həm də mədəni sahədə inkişaf edirdi. 1873-cü ildə Azərbaycanın ilk milli teatrı yaradıldı. 1875-ci ildə ilk qəzet nəşr olundu. 1894-cü ildə Nəriman Nərimanov ilk milli kitabxananın əsasını qoydu. 1908-ci ildə Şərqdə ilk opera “Leyli və Məcnun” tamaşaya qoyuldu. Nəşriyyat işi inkişaf etdi, mətbəələr açıldı, Azərbaycan və rus dillərində qəzetlər («Bakı», «Kaspi», «Bakinski raboçiy», «Hümmət», «Yoldaş»), o cümlədən broşuralar, kitablar və jurnallar nəşr olunmağa başladı. Abşeron yarımadasındakı bu şəhər Rusiyada və ümumiyyətlə Avropada görünməmiş sürətlə inkişaf edirdi. Rusiyanın bütün guşələrindən, xarici ölkələrdən müxtəlif millətlərin iş və səadət axtaran nümayəndələri Bakıya axışırdı. Artıq 1883-cü ildə Bakı əhalisinin sayı 45 min nəfəri keçmişdi, 1913-cü ildə isə bu rəqəm 200 minə çatırdı. Şəhərin ətrafı abadlaşdırılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən memarlıq abidələrinin sayı artırdı. Onların arasında dəmiryolu vağzalı; Bakı şəhər duması; «realnı» məktəb (İqtisadiyyat Universitetinin binası); «İsmailiyyə» (Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti) və s. Eyni zamanda şəhər yaşıllaşdırılırdı, şəhər hamamı kompleksi ilə birgə Dənizkənarı bulvar, bağlar: Mixaylovski (indiki «İçərişəhər» metro stansiyası), Mariyinski (Molokan bağı), Nobel bağı (Nizami parkı) salınırdı. Beləliklə, XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş Bakını Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük və əhəmiyyətli şəhərə çevirdi.
1917-ci ilin fevralında Rusiyada çar hökuməti devrildi. 1917-ci ilin noyabrın 2-də Bakıda Bakı Sovetinin genişlənmiş konfransı keçirildi. Burada bolşeviklər bu orqanı şəhərdə ali hakimiyyət adlandırmağa və Sovet hakimiyyətinin qurulduğunu elan etməyə nail oldular. 1918-ci ilin martında Bakı Soveti Bakıda türk məhəllələrinin silahsız dinc əhalisinə qarşı soyqırım törətdi, bu qırğın zamanı on min nəfərə yaxın şəhər sakini öldürüldü. Şəhərin əhalisinə divan tutulmasına Bakının İnqilabi Müdafiə Komitəsinin rəhbəri S.Şaumyan başçılıq edirdi. Qırmızı Ordunun Bakıdakı qərargahının rəhbəri çar ordusunun polkovniki, daşnak partiyasının üzvü Z.Avetisyan idi. Martın 30-dan aprelin 2-dək Bakıda, sonra isə uyezdlərdə davam edən qarışıqlıq Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdan başqa bir şey deyildi. Bu səbəbdən də Bakıda sovet hakimiyyəti uzun sürmədi və elə 1918-ci ildə də rüsvayçılıqla səhnədən getdi.
Zaqafqaziya Federasiyasının dağılmasından sonra, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Bu vaxt Bakı əvvəlcə Bakı kommunasının, sonra isə daşnaklardan və menşeviklərdən ibarət Sentrokaspi Diktaturasının əlində idi. Türkiyə gənc Azərbaycan Respublikasının köməyinə gəldi. Onun 15 minlik Qafqaz İslam Ordusunun tərkibində türklərlə yanaşı general Şıxlinskinin rəhbərliyi ilə yeni yaranmış azərbaycanlı hissələri də döyüşürdülər. Qafqaz İslam Ordusu döyüşə-döyüşə bütün Azərbaycan ərazisindən keçərək, 1918-ci il sentyabrın 15-də ona qarşı duran çoxminlik ordunun müqavimətini qıraraq, Bakıya daxil oldu. Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edildi və 1918-ci il sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə hökumət Bakıya köçdü.
1920-ci il aprelin 27-də XI Qırmızı Ordu Azərbaycan sərhədlərini keçərək, Bakıya doğru istiqamət aldı. Eyni vaxtda Sovet Rusiyası Azərbaycan Respublikasına hakimiyyətin təslim olunması ilə bağlı ultimatum təqdim etdi. Aprelin 28- də XI Qırmızı Ordu Azərbaycanın paytaxtına daxil oldu.
Sovet hakimiyyəti qurulandan sonra da Bakının inkişafı davam etdi.
1924-1937-ci illərdə Bakının baş planının üç variantı işlənib hazırlanmışdı. Bu ərəfədə şəhərin mərkəzi-tarixi hissəsində və onun ətrafında geniş quruculuq işləri aparılırdı, yeni yaşayış massivləri: M.Məmmədyarovun, P.Montinin, S.Razinin və s. adını daşıyan qəsəbələr tikilirdi.
1926-cı ildə Bakını şəhəryanı fəhlə qəsəbələri ilə birləşdirən SSRİ-də ilk elektrik dəmiryolu tikildi. Həmin illərdə Bakının yaşıllaşdırılması işləri də həyata keçirilirdi. Minlərlə bakılının iştirak etdiyi çoxsaylı məcburi iməciliklərdə həm şəhərin tarixi hissələrində, həm də yeni rayonlarda bağlar və parklar salınırdı.
İkinci dünya müharibəsinin başlanması ilə Bakı yenidən beynəlxalq aləmin diqqət mərkəzinə çevrildi. 1939-cu ildə biri-birinə hücum etməmək barədə sovet-alman paktının bağlanmasından sonra SSRİ Almaniyanı neftlə təchiz etməyə başladı. Fransa və İngiltərə 1930-40-cı illərdə Bakını bombalamağı və Bakı neft sənayesi rayonunu ələ keçirməyi planlaşdırırdılar. Fransız generallarının fikrincə, belə əməliyyat Sovet İttifaqının iqtisadi qüdrətini zəiflədər və sovet quruluşunun iflasına səbəb ola bilərdi. İngiltərənin də analoji planları vardı. Britaniya Kral Hərbi Hava Qüvvələrinin qərargahı ehtimal edirdi ki, «üç bombardmançı eskadrilya 6 həftədən 3 ay müddətinədək fəaliyyət göstərməklə neft mədənlərini sıradan çıxara bilər». Amma almanların qərbdən güclü hücumu müttəfiqləri Bakı ilə bağlı planları təxirə salmağa vadar etdi. Faşizmin uğurla darmadağın edilməsində Bakının böyük əməyi vardı. Müharibə zamanı Bakının neft ehtiyatları ölkənin neft ehtiyatlarının 75 faizini təşkil edirdi. Təyyarə yanacağının 90 faizi Bakı neftindən ibarət idi. Neftə artan ehtiyacları nəzərə alan şəhər neftçiləri 1941-ci ildə neft hasilatını rekord səviyyəyə – 23.482 milyon tona çatdırdılar. Müharibə illəri ərzində arxa cəbhə şəhəri kimi, Bakı 440 min yaralını qəbul etmişdi. Şəhərdə müharibədən sonra da inkişaf gedirdi. 1949-cu ildə Neft Daşları tikilməyə başladı. Bu, dünyada açıq dənizdə yataqların mənimsənilməsi sahəsində ilk təcrübə idi. Müharibədən sonrakı mərhələnin ilk illərindən yaşayış evlərinin və ictimai binaların tikintisi davam etdirildi. Azərbaycanın klassik memarları M.Hüseynovun, S.Dadaşovun, H.Məcidovun, E.Qasımzadənin, Q.Əlizadənin, Q.Ələsgərovun və başqalarının istedadı və ustalığı sayəsində Bakının mərkəzi və onun gənc rayonları yeni memarlıq tikililəri ilə zənginləşirdi. Bakı keçmiş ittifaqın böyük, əhəmiyyətli sənaye mərkəzlərindən birinə çevrilirdi. Neft hasilatı, neft emalı və neft maşınqayırması ilə yanaşı, intensiv şəkildə elektronika, cihazqayırma, yüngül sənaye və yeyinti sənayesi inkişaf edirdi. Qısa müddət ərzində Bakıda Məişət Kondisionerləri zavodu, Cihazqayırma zavodu, Elektron Hesablama Maşınqayırma (EHM) zavodu, Şampan şərabı zavodu, Dərin özüllər zavodu və s. kimi böyük müəssisələr tikilirdi. Bu müəssisələrin rəqabətədə özümlü məhsulları təkcə Sovet İttifaqının daxili bazarını deyil, həm də bir sıra əcnəbi bazarları da fəth etmişdi.
Bakı keçmiş SSRİ-nin mühüm nəqliyyat qovşağı idi. Həmin illər yük dövriyyəsinin həcminə görə o, bütün ittifaq respublikalarının şəhərləri arasında üçüncü yeri tuturdu. Bakı dəniz ticarət limanı mühüm əhəmiyyət daşıyırdı. Bu liman tək Xəzər dənizinin deyil, ittifaqın bir çox digər limanlarının arasında da ən nəhəngi idi. Mühüm hadisələrdən biri də Bakıda 1967-ci ildə Yaxın Şərqdə ilk metropolitenin açılması idi. Bakı iri təhsil və mədəniyyət mərkəzinə çevrilirdi. Azərbaycanın bütün böyük ali təhsil müəssisələri paytaxtda yerləşirdi. Onlarla teatr, mədəniyyət evləri burada fəaliyyət göstərirdi, dünya və ittifaq əhəmiyyətli ictimai, elmi, peşəkar forumlar bu şəhərdə keçirilirdi.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin (DQV) Ermənistana birləşdirilməsi tələbləri ortaya çıxdı. Eyni zamanda bütün azərbaycanlı əhali – 200 min nəfərdən çox insan Ermənistandan çıxarıldı və onların böyük bir hissəsi Bakıda məskunlaşdı.
1991-ci ildə Azərbaycan suverenlik əldə etdikdən sonra Bakı müstəqil Azərbaycanın paytaxtı kimi Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzinə şevrildi. Şəhərdə aparılan abadlıq işləri, salınan yeni yaşayış massivləri, parklar, xiyabanlar, ucaldılan göydələnlər paytaxtın tarixində yeni quruculuq mərhələsinin başlandığından xəbər verir.

Comments are closed, but trackbacks and pingbacks are open.