Böyükağa Mirzəzadə
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Böyükağa Məşədi oğlu Mirzəzadə 2007-ci il noyabrın 3-də ömrünün 87-ci ilində vəfat etmişdir.
Zamanın sınağından keçmiş rəssam – Böyükağa Mirzəzadə
XX əsr Azərbaycan təsviri sənətinin parlaq nümayəndələrindən biri, Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olub. Lakin 1941-ci ildə Böyük vətən müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyib, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətinə Azərbaycan Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə milli rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak edib. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə mahir fırça ustası kimi tanınıb. Artıq 1950- ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Bu sırada rejissor Şəmsi Bədəlbəylinin, dirijor və bəstəkar Niyazinin və xalçaçı rəssam Lətif Kərimovun portretlərini göstərmək olar.
Böyükağa Mirzəzadə təsviri sənətin bir çox sahələri ilə – rəngkarlıq, qrafika, monumental divar rəssamlığı, eləcə də heykəltəraşlıqla məşğul olaraq yüksək sənət nümunələri yaradıb. Rəssamın fırçasının məhsulu olan natürmort və mənzərə janrında o cümlədən tematik, tarixi, ədəbi-bədii mövzulu əsərlər çoxluq təşkil edir. Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil edib. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib. Onun İ. Əfəndiyevin “Mənim günahım”, Z. Bağırovun “Qayınana”, İ. Kalmanın “Bayadera”, “Milyonçunun dilənçi oğlu” və s. əsərlərin tamaşalarında yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, digər muzeylərin ekspozisiyalarında nümayiş etdirilir. Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da sənətkarın mühüm xidmətləri olub. Əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilib.
2007-ci ildə dünyasını dəyişən rəssamın əsərləri onun çoxşaxəli yaradıcılığı barədə sənətsevərlərdə zəngin təəssürat yaradır. Onun rəngləri sanki insanlarla danışır. Bu rənglərin öz musiqisi, ruhu, istisi, soyuğu var. Onlar insanı sanki rəngarəng bir dünyaya aparır.
Böyükağa Mirzəzadə
Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhu gətirən, onu daha da zənginləşdirən XX əsrin görkəmli rəssamı Böyükağa Mirzəzadə olmuşdur. Görkəmli fırça ustası Böyükağa Mirzəzadə klassik ənənələrlə müasir rəngkarlıq üslublarını, Avropa rəngkarlığı ilə Azərbaycan təsviri sənətini böyük məharətlə uzlaşdıra bilmişdir.
Kompozisiya aydınlığı, işıq-kölgə həllinin təsirliliyi, kolorit zənginliyi, plenerə, impressionist ənənələrə hədsiz maraq rəssamın yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərindəndir.
Böyükağa Mirzəzadənin yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə seçilən natürmortları neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Onun Abşeron torpağı, Xəzər dənizi, Qız qalası, Bakı şəhəri və şəhərətrafı kəndlərlə bağlı yaratdığı mənzərələr özünəməxsus kompozisiya həlli və koloriti ilə diqqəti cəlb edir. Rəssam vətənimizin dilbər guşələrini öz həssas təxəyyülünün parlaq boyaları ilə canlandırıb. Azərbaycan torpağının füsunkar gözəlliyi, təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyinə çevrilmişdir.
Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları tamaşaçıya milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında böyük ustalıqla yaratdığı rəngkarlıq əsərlərində tarixi şəxsiyyətlərin, elm və sənət adamlarının, sadə insanların daxili aləmi, xarakteri və mənəvi zənginliyi bütün dolgunluğu ilə öz əksini tapmışdır.
B.Mirzəzadə bir teatr rəssamı kimi müxtəlif tamaşalara bədii tərtibatlar hazırlayıb. Uzun illər Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmədova
Mənbə: Təsviri İncəsənət 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
BÖYÜKAĞA MƏŞƏDİ OĞLU MİRZƏZADƏ
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Böyükağa Məşədi oğlu Mirzəzadə 2007-ci il noyabrın 3-də ömrünün 87-ci ilində vəfat etmişdir.
Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəyərək, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945-ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak etmişdir. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Rəssamın yetirmələrinin əsərləri ölkədə və onun hüdudlarından kənarda geniş şöhrət qazanmışdır.
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə az bir vaxt ərzində Azərbaycan rəssamlıq sənətinin inkişafında özünəməxsus xidmətlərə malik mahir fırça ustası kimi tanınmışdır. Onun rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir.
Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil etmişdir. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapmışdır. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu olan natürmort, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək, neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynamışdır.
Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır.
Böyükağa Mirzəzadə uzun illər pedaqoji sahədə uğurla çalışmış və zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edərək, milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr vermişdir.
Böyükağa Mirzəzadənin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq təzahürüdür.
Görkəmli rəssam, gözəl pedaqoq və qayğıkeş insan Böyükağa Məşədi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Əbülfəs Qarayev, Fərhad Xəlilov,
Tahir Salahov, Ömər Eldarov,
Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə,
Tokay Məmmədov, Nadir Əbdürrəhmanov,
Mərhumun cənazəsi vidalaşmaq üçün 2007-ci il noyabrın 4-də saat 13.00-dan 15.00-a qədər Azərbaycan Rəssamlar Evində (İnşaatçılar prospekti, 28) qoyulacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
Comments are closed, but trackbacks and pingbacks are open.