Dədə qorqud dastanı
Mən inanıram ki, bu yubiley mərasimləri Azərbaycanda vətəndaşlarımızın daha böyük ruh yüksəkliyini təmin edəcəkdir, cəmiyyətdə daha da bilirik, həmrəylik yaradacaqdır. Bu, bizim həm mədəniyyətimizin, həm ədəbiyyatımızın, həm də ümumiyyətlə, tariximizin daha da geniş təbliğ olunması üçün yeni bir şərait yaradacaqdır. Hamınıza bu yolda uğurlar arzulayıram.
“Kitabi-Dədə Qorqud”un izi ilə
Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək “Hekayət Dədə Qorqut” adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad tərcümə etmiş, ona maraqlı və çox geniş giriş məqaləsi yazmış, indiyə qədər aparılmış tədqiqatlardan və “Kitabi-Dədə Qorqud”un dünya şöhrətindən söz açmışdır. Bununla belə, deməliyəm ki, “Kitabi-Dədə Qorqud” İraq türkmanları arasında geniş yayılan, sevilən və tədqiqata cəlb edilən əsərdir. Bu heç də əsassız deyildir.
Əsrlərlə başqa xalqlar əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsi “Kitabi-Dədə Qorqud”un dil xüsusiyyətlərini tamamilə əks etdirir. “Kitabi-Dədə Qorqud”da yer alan onlarca sözün indinin özündə belə Kərkük dolaylarında işlək olması, daha doğrusu, həmin sözlərin yalnız həmin mənada işlənməsi tutarlı dəlil-sübutdur. Məsələn: kəpənək (yapınçı), xerxız//xırxız (oğru), əkmək (çörək), ənsə (arxa), qlağuz//qlavuz (bələdçi), qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə), mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı çalmaq (şeypur çalmaq), davul dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə! (baş üstə!), qaum-qardaş (qohum-qardaş), kəlisa (kilsə), eyi (gözəl), kəndi (özü), dam (tələ), yoğurd (qatıq) və s.
Maraqlıdır ki, Dəli Domrul bu gün də Kərkük dolaylarında “dəlli dobur” formasında, “dəlidolu” mənasında işlənir.
Təsadüfi deyildir ki, “Koroğlu”, “Arzu Qənbər” və başqa dastanlarımıza dərin təsir göstərən, qədim ədəbiyyatımızın başlanğıc mənbəyi olan bu təkrarsız əsəri azərbaycanlı tədqiqatçılar Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası, kərküklü tədqiqatçılar isə İraq türkmanlarının “Ana kitabı” adlandırırlar.
Biz tədqiqatımızda “Kitabi-Dədə Qorqud”da, İraq türkman ləhcəsində və ədəbi dilimizdə eyni olan çoxsaylı: pəncərə, dirək, un, çuval, leş, çomaq, ayaqyolu, sapan, öpmək, rast gəlmək, muştuluq, küsmək, kəklik, keşiş, yumruq, yalaq, beşik və s.-dən söz açmağa lüzum görmədik. Doğmalığı, yaxınlığı təmin edən başqa məqamlara daha çox yer ayırdıq.
Azərbaycanlı alim, professor Əkrəm Cəfər Azərbaycan dilini başqa türk dillərindən fərqləndirən xüsusiyyətlərdən danışarkən göstərir ki, “banlamaq” sözü Azərbaycan dilindən başqa heç bir türk dilində işlənmir. Qeyd edək ki, bu söz “bannamaq // baynamaq” formasında İraq türkman ləhcəsində və bir az başqa mənada işlənsə də, “Kitabi-Dədə Qorqud”da da yer alır.
“Kitabi-Dədə Qorqud”da və İraq-türkman ləhcəsində elə sözlər vardır ki, onlara ancaq bu və ya digər dialekt və şivələrimizdə rast gəlirik: məs.: baba (ata), budamaq (vurmaq), varmaq (getmək), quçən (küçük), darılmaq (əsəbiləşmək), ənsə (arxa, dal), yazı (çöl, səhra) və s. belə sözlərdəndir.
“Kitabi-Dədə Qorqud”da və ədəbi dilimizdə yer alan elə sözlər də var ki, İraq türkman ləhcəsində təsadüf edilmir. Məsələn: alqış (dua), qarğış (bəddua), gögçək, daz, mahmızlamaq, hürmək, hürkütmək, tavla (töylə), qaravaş, ulamaq (qurd kimi və s.), gənəşmək, yaxşı//yəxşi, arıq, ayğır, böyürmək, məğmun, çapar (çaparaq xəbər aparan atlı), qaynata, qaynana, ata-ana, meşə (çəm), tümən (pul vahidi), çevik (çox cəld), həmişə (hər zaman), söhbət etmək (qonuşmaq), yoldaş (arkadaş), sıçramaq (atlanmaq), səyirtmək (atı dördnala çapmaq), salaxana//sallaqxana (qanara), otaq (oda), nəvə (torun), lələk (təlnəg), güdmək (göz qoymaq), köhnə, koma (daxma), kişnəmək, yorğa və s.
Dünya alimlərinin qənaəti budur ki, “Dədə Qorqud” dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki, “Kitabi-Dədə Qorqud”da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir qapı Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondar, Qaradərə (Qarabağda yer adı) və s.
Söhbət ondan gedir ki, bu təkrarsız əsər Azərbaycan dilindədir. Dilin fonetik və leksik göstəricilərinə əsasən Azərbaycan dilinin Cənub və Şərq qrupu dialekt və şivələrinin xüsusiyyətləri ilə səsləşdiyinə görə “Kitabi-Dədə Qorqud” tədqiqatçılarından V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq edirlər.
Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin üstünlük təşkil etdiyi göstərilmiş, İraq-türkman ləhcəsi Azərbaycan dilinin Cənub qrupu dialekt və şivələri sırasına daxil edilmişdir.
Bununla yanaşı, görkəmli dilçilərdən P.M.Melioranski, M.Ş.Şirəliyev, N.A.Baskakov, A.M.Şerbak, H.Mirzəzadə, E.N.Nəcib, Ə.Ə.Orucov, Y.Z.Şirvani təxminən XIII əsrin axırlarında, XIV əsrin əvvəllərində yazılmış “İbn Mühənna lüğəti”ndən danışarkən, əsər qədim Azərbaycan dilində olduğuna görə onun ya müasir İraq ərazisində, ya da Azərbaycanda yazıldığını qeyd edirlər. Həmin lüğətdə ağıl (mal-qara üçün yer), ağırlamaq (hörmət etmək, əzizləmək), arşınlamaq, baldız, bacanaq, baxışmaq, bərk, beşik, belbağı, boşamaq, buyurmaq, davar, iraq, ismarlamaq, qanalıcı, qardaş, kərki, kirşan, quduq (qoduq), laçın, mərcimək, pusmaq, süngü və s. kimi indi də Azərbaycan ədəbi dilində və İraq-türkman ləhcəsində müşahidə edilən onlarca sözə rast gəlirik.
Yuxarıda deyilənləri nəzərə alaraq Dr. Necdet Yaşar Bayatlının “Dədə Qorqud” hekayələrində və günümüzdə İraq türkman türkcəsində kullanılan ortaq sözcüklər üzərinə bir incələmə” məqaləsində irəli sürdüyü bir müddəasına münasibətimi bildirmək istərdim. Dr. Necdet Yaşar Bayatlı yazır: “Dədə Qorqud” hekayələrinin yazıldığı dil Azəri türkcəsinin dil özəlliklərini göstərməklə, bu gün danışılan və yazılan Azəri ləhcəsi ilə qarşılaşdırıldığı zaman kitabın daşıdığı bütün özəlliklərin bu ləhcəyə aid olduğunu söyləmək mümkün deyil”.
Məqalədə diqqəti çəkən başqa bir məsələ də ondan ibarətdir ki, Dr. Necdet Yaşar Bayatlı “Kitabi-Dədə Qorqud” və İraq-türkman ləhcəsində üst-üstə düşən 116 sözü incələyib. Maraqlıdır ki, müəllifin söz açdığı 116 sözdən 111-i Azərbaycan ədəbi dilində də “Kitabi-Dədə Qorqud” və İraq-türkman ləhcəsində olduğu kimidir. Yalnız aşağıdakı beş söz fərqlidir: bori (şeypur), xısım (qohum-əqraba), semmiz (kök), tenef//tenaf (çadır ipi), zaxım-yara, zeban (zəif, gücsüz).
Yeri gəlmişkən onu da qeyd edim ki, çadır ipi, zəif və gücsüz sözləri də İraq-türkman ləhcəsində işlək sözlərdir.
Ola bilsin ki, Dr.Necdet bu məqaləsini yazarkən Nəsimi adına Dilçilik İnstitutunun hazırlayaraq çap etdirdiyi “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” əsəri (Bakı, “Elm” nəşr., 1999) əlində olub. O vaxt rəhmətlik Əbdüllətif Bəndəroğlu tez-tez Bakıya gəlir, Nəsimi adına Dilçilik İnstitutunda akademik Ağamusa Axundovun rəhbərliyi ilə Dialektologiya şöbəsində üzərində işlədiyimiz irihəcmli “İraq-türkman ləhcəsi” kitabını redaktə edirdi. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” kitabını İraqa o aparmışdı.
Şübhəm yoxdur ki, bu nöqsanlı lüğətlə tanış olan hər kəs Dr. Necdetin haqlı olduğunu düşünərdi. Heç bir lüğətçilik prinsipinə əsaslanmayan bu lüğət hətta əlifba sırası ilə tərtib edilməyib. Heç sözlər də əlifba sırasına uyğun gəlmir. Odur ki, lüğətdə lazım olan sözü tapmaq özü də müşgül məsələyə çevrilir. İş bununla bitsəydi, dərd yarı olardı.
Lüğətin təəssüf doğuran ən böyük çatışmazlığı ondan ibarətdir ki, “Kitabi-Dədə Qorqud” və ədəbi dilimizdə eyni olan onlarla sözə izah yazmaq xatirinə azərbaycanca olan sözlərin üstündən sükutla keçilib. “Kitabi-Dədə Qorqud”dan sözlər götürülüb və izahı verilib. Söhbət “Kitabi-Dədə Qorqud”da və ədəbi dilimizdə eyni olan: külüng, çomaq, kişnəmək, kəfən, yırtılmaq, yaxşı, yalaq, nəvə, yağ, eşik, düymə, pəncərə, dürtmək, dolamac, dirək, un, çuval, pusmaq, pusqu, pay, dəyənək, dəyirman, dəvə, qucaqlamaq, lap, leş, qonur, qonaq, qonaqlıq, qardaş, buğa, göyərçin, qarğıdalı, qaravul, qamış, qayınata, qayınana, bəzirgan, arşın, and, ayğır və s. sözlərdən gedir.
Ortaya təbii sual çıxır. Lüğət azərbaycanlılar üçün nəzərdə tutulubsa, izaha nə ehtiyac vardı? Əgər başqa xalqların tədqiqatçıları da nəzərə alınırdısa (ayrı cür də ola bilməz), onlar nə biləcək ki, yuxarıda sadaladığımız və sadalamadığımız çoxsaylı sözlər Azərbaycan ədəbi dilində mövcuddur. İzahlarda bəzən məntiqsizlik hökm sürür. Məsələn: leş – ölmüş cəsəd; Çaqmaq – Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib atəş açmaq. Kafərlərin leşindən böyük bir dəpə (təpə) yığdı, çaqmaq çaqub od yağdı (s.44) və s.
Görəsən, ox, nizə, sapan, çomaq, qılıncla döyüşən, qarğıdalı gövdəsindən süngü düzəldən oğuzlar XIV-XV əsrlərdə meydana çıxan tüfəngi haradan əldə etmişdilər? Hələ biz tapançanı demirik ki, sonralar yaradılıb.
Yuxarıdakı göstərdiyimiz başlıca nöqsan olmasaydı, bizim üçün böyük əhəmiyyət kəsb edən bir məsələdə “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” çox faydalı olardı. Lüğəti vərəqləyən və ya onu tədqiqata cəlb edən hər kəs “Kitabi-Dədə Qorqud”un həqiqətən də Azərbaycan dilində yazıldığının bir daha şahidi olardı.
Taleyin hökmü ilə çeşidli ictimai-siyasi səbəblər üzündən soy-kökündən ayrı düşən, təcrid olunaraq ərəb və kürd xalqlarının əhatəsində yaşayan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsində “Kitabi-Dədə Qorqud” dastanlarının dil özəllikləri ilə üst-üstə düşən həm leksik, həm də fonetik xüsusiyyətlər çoxdur. Bu baxımdan professor Tofiq Hacıyevin dediklərində böyük həqiqət var. Görkəmli türkoloq alim haqlı olaraq “mən” əvəzinə “bən”, “bu” əvəzinə “şu”, “indi” əvəzinə “şimdi”, “minmək” əvəzinə “binmək” və s. işlənməsini Kərkük ellərində Osmanlı təsiri olmadığını, hələ qədimdən “Kitabi-Dədə Qorqud” zamanından qaldığını xüsusi vurğulayır.
Eləcə də “Kitabi-Dədə Qorqud”da qabarıq şəkildə özünü göstərən “d” səsinin “t” ilə əvəzlənməsi, məsələn: taş, ton, tamar, tana, tavşan, tayaq, tağ, tağarçıq, tam, tırnaq, toğsan, toğmaq, toğlu, tul, tağarcıq, tağlamaq, tükan, tamğa, toğru, taşqın, turna və s. az-çox İraq-türkman ləhcəsi üçün də səciyyəvidir. Bu xüsusiyyət başqa dialekt və şivələrimizdə də müşahidə edilsə də artıq ədəbi dilimizdə işlək deyil.
Ədəbi dilimizdə tam başqa bir mənzərənin şahidi oluruq. Məlum həqiqətdir ki, vaxt keçdikcə dil cılalanır, həm yerli ləhcələr, həm də alınma sözlər hesabına zənginləşir, bir çox söz arxaikləşir, gündəlik danışıqdan çıxır. Bu baxımdan Azərbaycan ədəbi dili istisna deyil. Maraqlıdır ki, XX əsrin əvvəllərində azərbaycanca yazılmış əsərlərdə, xüsusən də Üzeyir Hacıbəylinin məqalə və felyetonlarında bu gün işlək olmayan, “Kitabi-Dədə Qorqud”da rast gəlinən, İraq-türkman ləhcəsində hələ də dövriyyədə olan sözlərə təsadüf edilir. Məsələn: Üzeyir bəyin musiqi bəstələdiyi şeirdə boru-bori (şeypur) işlənmişdir:
Dağlara səs salır hücum borusu
Haydı marş irəli, Vətən ordusu.
Üzeyir bəyin tək bircə cümləsində “Kitabi-Dədə Qorqud” və İraq-türkman ləhcəsi üçün səciyyəvi olan bir neçə söz işlənmişdir: “Mən nə edim ki, öz elmimi, biliyimi millətin tərəqqisinə sərf etməklə xain, hüşud və bəxil “zənbur”çuların gözlərinə ox olub batıram. Əhali hər kəsi gözəlcə tanıyır”. Dahi Üzeyir Hacıbəylinin tək bircə məqaləsində yuxarıdakı “hüşud”, “bəxil”, “gözəlcə” sözlərindən əlavə, indi ədəbi dilimizdə işlənməyən, “Kitabi-Dədə Qorqud”da özünü göstərən, İraq-türkman ləhcəsində işlək olan darılmaq (əsəbiləşmək, acıqlanmaq), hizmət (xidmət), eyş (yar, yoldaş) və s. sözlərə də təsadüf edilir (Misalları akademik Bəkir Nəbiyevin “Üzeyir Hacıbəylinin izahlı ömürnaməsi” kitabından götürmüşük).
“Kitabi-Dədə Qorqud”da və İraq-türkman ləhcəsində indinin özündə belə “budaq” mənasında işlənən “dal” sözü klassik ədəbiyyatımızda çox işlənirdi. Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın qoşması əsasında yaranmış, indi də məşhur olan “Vətən bağı” mahnısında da bu sözə rast gəlirik:
Bülbül, səni kim uçurtdu?
Kim daldan-dala qaçırtdı?
Kim sənə badə içirtdi?
Kimlər oldu saqi, bülbül?!
Bütün bu deyilənlər görkəmli türkoloqların fikrinə dayaq olur: “Kitabi-Dədə Qorqud” Azərbaycan dilində yazılıb və Azərbaycanın mədəni irsi kimi söhrətlənib. Keçən əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda bu möhtəşəm abidənin araşdırılması vüsətlə irəliləmiş, nəticədə ölkədə Qorqudşünaslıq məktəbi yaranmış, görkəmli qorqudşünaslar nəsli yetişmişdir.
Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında 20 aprel 1997-ci il tarixli fərmanından sonra bu ölməz əsər hərtərəfli tədqiqata cəlb olunmuş, neçə-neçə sanballı monoqrafiyalar yazılmış, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” və ikicildlik “Dədə Qorqud ensiklopediyası” işıq üzü görmüşdür. Professor Tofiq Hacıyevin rəhbərliyi ilə Folklor Elmi-Tədqiqat İnstitutunda “Qorqudşünaslıq” şöbəsi yaradılmış, alimin redaktorluğu ilə “Dədə Qorqud” adlı elmi-ədəbi toplu çap olunmağa başlanmışdır. Qürur hissi ilə deyə bilərəm ki, bu təkrarsız abidəyə ölkəmizdə diqqət heç vaxt azalmamışdır.
Nəhayət, onu da deyim ki, “Kitabi-Dədə Qorqud”un izi ilə irəliləyərək ümummilli lider Heydər Əliyevin bəyan etdiyi böyük bir həqiqətlə üzləşdim: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” kəlamının meydana gəlməsində “Kitabi-Dədə Qorqud”un və dilbirliyimizin tarixi rolunu minnətdarlıq hissi ilə göz önünə gətirdim.
Nizami XUDİYEV, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi
“Azərbaycan” qəzeti
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Dədə qorqud dastanı
Hörmətli xanımlar və cənablar!
Bu gün biz “Kitabi – Dədə Qorqud” dastanının yubileyi üzrə komissiyanın növbəti iclasına toplaşmışıq. Ötən iclasda yubileyin hazırlanması və keçirilməsi ilə əlaqədar məsələləri ətraflı müzakirə etdik və qərar qəbul etdik. Bundan sonra yubiley tədbirlərini hazırlayıb keçirmək üçün iş planı tərtib olundu və mən onu təsdiq etdim.
Müəyyən vaxt keçibdir. Bu gün komissiyanın iclasını toplamışam ki, işlərin gedişatını təhlil edək. Nəzərə almaq lazımdır ki, yubiley tədbirlərinin zirvə mərasiminə az vaxt qalıbdır. Qərar qəbul etmişəm ki, yubileyin zirvə mərasimi iyun ayının 15-də keçiriləcəkdir. İyun ayının 14-də Azərbaycanda, Bakıda türkdilli dövlətlərin başçılarının ənənəvi zirvə görüşü olacaqdır. Bunu nəzərə alaraq, iyun ayının 15-də “Dədə-Qorqud” dastanının yubileyinin zirvə mərasimini keçirməyi qərara almışam.
Güman edirəm, bu, çox yaxşı olacaqdır. Çünki qonaqların arasında türkdilli ölkələrin dövlət başçıları – prezidentləri də olacaq, onlar da, “Dədə-Qorqud” dastanının yubileyində iştirak edəcəklər. Mən onların hər biri ilə ayrılıqda danışmışam. Onlar “Dədə Qorqud” dastanının yubileyini öz xalqlarının da yubileyləri kimi qəbul edirlər, ona görə də bu mərasimdə böyük məmnuniyyətlə iştirak etmək arzusunu bildirirlər.
Beləliklə, zirvə tədbiri günü müəyyən olunubdur. İki ay vaxt qalır. İki ay müddətində, güman edirəm, hələ çox iş görülməlidir. Biz keçən dəfə də bu məsələləri müzakirə etmişdik və hamımızın ümumi fikri budur ki, “Dədə Qorqud” dastanının yubileyini birinci növbədə Dədə Qorqudun irsinə, özünə layıq keçirməliyik. Ona görə də qalan dövrdən indiyə qədər görülməmiş işləri görməliyik və nəzərdə tutulmuş başqa işlərin hamısını həyata keçirməliyik.
“Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ən böyük siyasi, mənəvi xarakter daşıyır və mədəniyyətimizə, ədəbiyyatımıza olan qayğını və münasibəti göstərir. Biz son onilliklərdə Azərbaycanda tariximizin görkəmli səhifələrini yad etmək, tariximizi bugünkü və gələcək nəsillərə daha da geniş anlatmaq, xalqımızın, millətimizin tarixini dünyaya nümayiş etdirmək məqsədi ilə bir çox yubiley mərasimləri keçirmişik. Bunların da hər birinin çox böyük faydası olubdur. Bu faydanı nə faizlə, nə miqdarla, nə də çəki ilə ölçmək olar. Ancaq əgər bir ölçü olsaydı, demək olar ki, ən böyük ölçüyə malik faydalardır.
1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi keçirildi. Xatırlayın, o vaxta qədər Azərbaycan xalqı Nizamini nə qədər tanıyırdı, yaxud dünya nə qədər tanıyırdı? Tədqiqatçılardan, alimlərdən, yazıçılardan və mədəniyyətlə, ədəbiyyatla məşğul olan adamlardan başqa, ölkəmizdə Nizami bu qədər tanınırdımı, xalqımız, insanlar Nizaminin əsərlərini oxuyurdularmı? Dünya tanıyırdımı ki, Azərbaycanın Nizami Gəncəvi kimi böyük bir şairi, yazıçısı, mütəfəkkiri, filosofu, alimi var? Yox. Təsəvvür edin, əgər 1947-ci ildə bu yubiley keçirilməsəydi, Nizaminin əsərləri o vaxt Azərbaycan dilinə tərcümə olunmasaydı, heykəli qoyulmasaydı, Nizaminin adı əbədiləşdirilməsəydi və 1947-ci ildən Nizaminin adı, dünyaya geniş yayılmasaydı, Azərbaycan tarix, mədəniyyət, elm cəhətdən bu qədər zəngin olacaqdımı? Yox.
1947-ci ildə İkinci Dünya müharibəsi yenicə qurtarmışdı, ondan bir – iki il keçmişdi. 1947-ci ildə biz yaşadığımız Sovet İttifaqında kartoçka sistemi ləğv olundu, pul islahatı keçirildi. Bəli, ölkə, Azərbaycan onda ağır iqtisadi vəziyyətdə idi. Ancaq Nizaminin yubileyi keçirildi və biz böyük bir sərvət əldə etdik. İndi biz hər yerdə fəxr edirik ki, Nizamimiz vardır. Doğrudur, o, həmişə olubdur. Lakin o, nə bizim xalqımıza, nə də dünyaya indiki kimi məlum deyildi.
Biz 1973 – cü ildə Nəsiminin yubileyini – 600 illiyini keçirəndə Nəsimi bu qədər tanınmış bir şair idimi? Yox. Heç bizim orta məktəb dərsliklərində Nəsiminin əsərləri yox idi. Elədir, yoxsa yox? Nəsimini bütün dünyaya tanıtdıq. O vaxtlar respublikamız müstəqil olmasa da , biz onun əsərlərini nəşr etdirdik, başqa dillərə – ingilis, fransız dillərinə tərcümə etdirdik, yaydıq.
Biz Füzulinin 500 illiyini keçirdik. Bəlkə də Füzuli xalqımıza Nizamidən, Nəsimidən daha da çox tanış idi, ancaq xalqımız Füzulini də o qədər tanımırdı. Doğrudur, hələ yubileyi olmadan, məsələn, 1950-ci illərdən başlayaraq Füzuli ölkəmizdə təbliğ edildi. Xatirimdədir, 1930 – cu illərdə mən orta məktəbdə təhsil alarkən biz Füzulinin ancaq bir – iki qəzəlini oxuyurduq. Füzuli şəxsiyyəti, təfəkkürü, elmi, fəlsəfəsi bir o qədər məlum deyildi. Yadınıza salın, biz müstəqillik dövründə Füzulinin 500 illik yubileyini keçirdik. Həmin yubileyi xatirinizə salın – bütün türk dünyasından nümayəndələr Azərbaycana yığıldı.
Xatirimdədir, Gürcüstan parlamentinin sədri Zurab Jvaniya gəlib həmin tədbirdə iştirak edirdi. Biz “Gülüstan” sarayında axşam mərasimindəydik. O mənim yanımda oturmuşdu, heyranlıqla söyləyirdi ki, “Baxın, Azərbaycan nə edir, Azərbaycan bütün türk dünyasını bura yığıbdır. Görün, türk dünyası nədən ibarətdir” Zurab Jvaniya o qədər heyran olmuşdu ki, bunu gizlədə bilmirdi. Amma təkcə bu deyil, mən belə faktları çox saya bilərəm.
Mən bunları ona görə deyirəm ki, bu yubileylərin, o cümlədən “Kitabi – Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərimizi anlamayanlar, yaxud da onu qəsdən anlamaq istəməyənlər – çünki bizdə elə qüvvələr var ki, Azərbaycanda hər şeyin pis olmasını başa düşsünlər ki, biz bütün bunları millətimiz, xalqımız üçün, müstəqilliyimizi və tarixi keçmişi, köklərimizi bir daha sübut etmək üçün edirik. Bunlar lazımdır, şəraitimiz nə cür olur-olsun, bunları etmişik və bundan sonra da edəcəyik.
Biz keçmiş zamanlarda böyük minnətdarlıq hissi ilə qeyd edirdik ki, İkinci Dünya müharibəsi, Vətən müharibəsi gedən zaman, Leninqrad blokadada olduğu dövrdə orada Nizaminin 800 ilik yubileyi keçirilmişdi. Bu, yazılarda, kitablarda dəfələrlə qeyd olunubdur. Leninqrad blokadada ikən orada Nizaminin yubileyi keçirilmişdir. Bu tarixdir, həqiqətdir. Biz indi müstəqil dövlətik. Müstəqil dövlət kimi xalqımızın milli köklərini, tarixini, qədim mədəniyyətini, böyüklüyünü öz vətəndaşlarımıza da, bütün dünyaya da göstərməliyik, təbliğ etməliyik.
Əgər nəzərə alsaq ki, bizə düşmən olan bəzi ölkələr, xalqlar sübut etmək istəyirlər ki, “Azərbaycan xalqının dərin kökü, tarixi yoxdur”, erməni millətçiləri daim təbliğ edirlər ki, “bunlar köçəri xalqdır, onların heç keçmişi olmayıbdır”, əgər xalqımızın keçmişinə dair mənfi təbliğatı nəzərə alsaq, bu tədbirlərimizin nə qədər əhəmiyyəti olduğunu görərik. Azərbaycanın tarixində indiyədək keçirilmiş bütün yubiley mərasimlərindən “Kitabi – Dədə Qorqud” dastanının yubileyi hamısından əhəmiyyətlidir, vacibdir.
Birincisi, bu, bizim tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın qədimliyini, eyni zamanda tarixi köklərimizin 1300 il bundan əvvəlki dövründə xalqımızın böyük bir eposu olduğunu göstərir. Biz buna adi bir hal kimi baxa bilmərik.
Bir məsələni də qeyd etmək lazımdır. Mən bunu keçən dəfə də demişəm. Biz keçmiş illərdə, onilliklərdə tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında çox işlər gördük. Mən Nizaminin, Nəsiminin və başqa klassiklərimizin yubileyləri haqqında burada danışdım. Ancaq təəssüflər olsun ki, biz o illər “Kitabi-Dədə Qorqud” filmini yaratmasaydıq, “Kitabi – Dədə-Qorqud” dastanının yubileyi ilə əlaqədar məsələni qaldıra bilmərik. Biz ötən iclasımızda bunun səbəblərini izah etdik.
Mən bir daha qeyd edirəm ki, məsələn, Anarın bu barədə təşəbbüsü, yazıları olmasaydı və o, “Dədə Qorqud” filmini yaratmasaydı, “Kitabi – Dədə Qorqud” dastanı haqqında xalqımız üçün bu qədər geniş məlumat yox idi. Təbiidir ki, bizim dədəqorqudçularımız, alimlərimiz, tədqiqatçılarımız çoxdur. Bizim ötən iclasımızda onların bir çoxu çıxış etdilər, çox gözəl fikirlər söylədilər. Göstərdilər ki, onlar 30-40 ildir ki, “Dədə Qorqud” dastanının tədqiqi ilə məşğuldurlar. Amma bunlar hamısı elmi tədqiqatlardır. Adətən elmi tədqiqatlar dar çərçivədə olur, müəyyən insanları əhatə edir, yaxud onlara mənsub olur. Amma “Kitabi – Dədə Qorqud” dastanını geniş kütləyə populyar şəkildə göstərmək əvvəllər mümkün olmamışdı. Bunun müəyyən səbəbləri var idi. Bu da ondan ibarətdir ki, bəli, bəziləri bizim türk kökümüzü göstərmək istəmirdilər, yaxud da bunu göstərməyə qorxurdular. Bir çoxları isə buna mane olurdular. Bunlar hamısı keçmişdən məlumdur.
Bunları nəzərə alaraq, bizim “Kitabi – Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında qəbul etdiyimiz qərar və indi həyata keçirdiyimiz tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Onun bu gün üçün də, gələcək nəsillər üçün də, dünya üçün də böyük əhəmiyyəti vardır.
Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, biz artıq böyük türk dünyası, türk xalqları, türkdilli xalqların ümumi kökləri, müştərək mədəniyyəti, tarixi haqqında danışırıq. Bunları böyük tarixi şəxsiyyətlərin yaradıcılığı əsasında edirik. Məsələn, biz qırğız eposu “Manas”ın 1000 illik yubileyini birlikdə qeyd etdik, keçirdik. Bu, böyük bir hadisə oldu. Açıq deyək ki, Manasın kimliyi, onun tarixi, yaratdığı irs haqqında o vaxta qədər Azərbaycanda çox az adam bilirdi. Amma qırğızlar bunu etdilər. Biz hamımız – türkdilli ölkələrin dövlət başçıları oraya toplaşdıq. Hamımız birlikdə sübut etdik ki, bəli, bizim xalqlarımızın qədim kökü və bu xalqların müştərək tarixi, mədəniyyəti vardır. “Dədə Qorqud” dastanının yubileyi bu baxımdan böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, mən türkdilli ölkələrin dövlət başçıları ilə “Dədə Qorqud” dastanının yubileyinin Azərbaycanda keçirilməsi haqqında danışarkən bunu izah etməyə ehtiyac duyulmadı. Onların hər biri dedi ki, bu, bizim hamımızındır, bu yubileyi hamımız bir yerdə böyük məmnuniyyətlə qeyd etməliyik.
Yəni “Dədə Qorqud” dastanı bizi bu gün eyni zamanda birləşdirir, bir – birimizə yaxınlaşdırır. Birləşməyə də ehtiyac vardır. Məsələn, biz TÜRKSOY təşkilatını qiymətləndiririk. Azərbaycan bu təşkilatın inkişaf etməsində həmişə öz səylərini göstərir. Biz – türkdilli ölkələrin dövlət başçıları görüşərkən türkdilli dövlətlərin bu təşkilatını çalışırıq ki, mədəniyyətə və iqtisadiyyata yönəldək, onu siyasiləşdirməyək. Şübhəsiz ki, hər bir türkdilli dövlət gərək öz tarixini təqdim etsin. Belə də oldu. Biz Qırğızıstanda “Manas”ın, Qazaxıstanda Abayın yubileylərini qeyd etdik, Özbəkistanda Əmir Teymurun yubileyində olduq. “Dədə Qorqud” dastanı da həm Azərbaycanın, həm də bütün türkdilli dövlətlərindir.
Məsələn, Türkiyənin prezidenti, başqa rəhbər şəxsləri ilə danışarkən mən “Dədə Qorqud” deyirəm, onlar isə bildirirlər ki, biz buna “Dədəm Qorqud” deyirik. Bax, siz mənə təqdim etdiyiniz medalların bəzilərinin içərisində “Dədə Qorqud”, bəzilərində isə “Dədəm Qorqud” yazmısınız. Yəni bu, hamımız – onlar üçün də, bizim üçün də doğmadır. Amma bu, hamının olmaqla bərabər, xüsusən Azərbaycanındır, Azərbaycana məxsusdur. Bu da türk aləmində Azərbaycanın nə qədər görkəmli yer tutduğunu göstərir.
Bəs biz indi onları nümayiş etdirməliyikmi, biz onları öz xalqımıza və başqa xalqlara çatdırmamalıyıqmı?
Beləliklə, mən hesab edirəm ki, indiyə qədər xeyli iş görülübdür. Mən görülən işləri qiymətləndirirəm. Ancaq işlərin çoxu hələ yarımçıq vəziyyətdədir, hazırlanma mərhələsindədir. Bunların əksəriyyəti iyunun 15-nə qədər tamamlanmalıdır, başa çatmalıdır. Ola bilər ki, bu tədbirlərin bəzilərini o vaxta qədər çatdırmayaq. Bundan narahat olmaq da, tələsmək də lazım deyildir. Gərək hər bir şeyi keyfiyyətli edək. Çünki bu dövrdə biz nə etsək, onlar on illərlə yaşayacaqdır.
Mən yenə də Nizaminin yubileyinə qayıdıram. Məsələn, Nizaminin əsərləri hələ 1947 – ci ildə tərcümə olunub, nəşr edilibdir. Ondan sonra Azərbaycanda bu sahədə işlər həmin əsas üzərində davam etdirilibdir. Şübhəsiz ki, ondan sonra biz Nizami Gəncəvinin 840 illik yubileyini də keçirdik.
Xatirimdədir, Moskvada buna nə qədər mənfi münasibət göstəriblər. Mən təklif vermişdim ki, Nizami Gəncəvinin 840 illik yubileyini keçirmək lazımdır. O vaxt Mərkəzi Komitənin ikinci katibi Suslov mənə dedi ki, axı bu, yuvarlaq tarix deyil, gərək ya 800, 850, ya da 900 olsun. O vaxt mənim ona dediyim sözlər Moskvada da geniş yayılmışdı. Mən dedim ki, “Hörmətli Suslov, Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır”. Biz o vaxt Nizaminin 840 illik yubileyini keçirdik. Ola bilər, onların dediklərində də müəyyən məntiq var idi. Amma biz nə üçün bu yubileyləri keçirmək istəyirdik? Çünki hər bir belə yubiley tədbiri bizim mədəniyyətimizi, tariximizi, millətimizin milliliyini təbliğ edir. Biz bunları daim etməliyik. Yenə də deyirəm, bu işlərin ölçüsü, çəkisi yoxdur, amma faydası hədsizdir. Ona görə biz bunları etməliyik.
“Kitabi – Dədə Qorqud” dastanının yubileyi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin hansını iyunun 15-dək keçirmək mümkündürsə, onu etmək lazımdır. Onlardan hansını bu müddətdə keyfiyyətlə keçirmək mümkün olmasa, tələsmək lazım deyildir. O demək deyildir ki, iyunun 15-də keçiriləcək zirvə tədbirinə qədər bütün tədbirlər keçirilsin, sonra hər şey bitsin. Yox, belə deyildir. Yubiley tədbiri sadəcə bir vasitədir ki, “Dədə Qorqud” dastanını təkcə Azərbaycanda yox, eləcə də bütün dünyada daha geniş təbliğ edək və Dədə Qorqud irsini ardıcıl surətdə yazaq, təhlil edək, yayaq, insanlara çatdıraq.
Mən komissiya üzvlərindən, xüsusən Elçindən, Anardan, Fəraməz Maqsudovdan xahiş edirəm ki, bu işlə hər gün məşğul olsunlar. Hansı məsələlərdə qarşıya çətinlik çıxarsa, mənə gecikmədən məlumat versinlər ki, biz onları vaxtında həll edək.
Burada bir neçə təklif irəli sürüldü. Mən onları indi müzakirə etmək istəmirəm. Xahiş edirəm ki, komissiya sədrinin müavinləri başqa müvafiq şəxslərlə birlikdə bu təkliflərə iki-üç gün müddətində baxsınlar, onları təhlil etsinlər. Sonra mənim yanımda toplaşaq və son qərar qəbul edək. Mən indi belə bir şəraitdə bir qərar qəbul etmək istəmirəm. Çünki belə bir şəraitdə qərar qəbul etmək də mümkün deyildir. Gərək ona bir baxaq, təhlil edək.
Burada, məsələn, Qobustan haqqında təklif verildi. Təbiidir ki, bu, cazibədar bir təklifdir. Ancaq baxmaq lazımdır ki, bunu həyata keçirmək nə qədər realdır. Bakıdan Qobustana 60 kilometrdən bir qədər çox məsafə vardır. Bu təklifə ətraflı baxmaq lazımdır ki, o nə qədər realdır. Dediniz ki, zirvə görüşünə gələcək dövlət başçıları da orada iştirak etsinlər. Ona görə də mən dəqiqləşdirmək istəyirəm ki, bu, necə olacaqdır?
Polad Bülbüloğlu: Cənab prezident, dövlət başçılarını oraya vertolyotla aparmaq olar.
Heydər Əliyev: Vertolyota minincə, düşüncə çox vaxt gedəcəkdir. Yaxşı, Qobustanda tədbir keçirilməsi barədə təklifə baxmaq olar ki, o nə dərəcədə realdır.
Yaxud, burada park haqqında bir təklif oldu. Memar İlham Əliyev isə Şıx yamacında yerləşən park haqqında təklif irəli sürdü. Buna da baxmaq lazımdır. Sonra, – Dədə Qorqud abidəsi harada, necə olmalıdır? – biz bunu da müəyyənləşdirməliyik, həll etməliyik. Bu abidə parkla əlaqədar, yaxud necə olmalıdır? Hər halda, bu təklifləri hamısı dərin təhlil tələb edir.
Fəraməz Maqsudov dedi ki, İçərişəhərdə bir yer var, ona da baxmaq lazımdır. Burada “Dədə Qorqud” mükafatı haqqında da danışıldı. Bu o qədər də real deyildir ki, digər dövlət başçıları ilə birlikdə mükafat təyin edək. Mən bunu təsəvvür edə bilmədim, ancaq ona da baxmaq lazımdır. Xahiş edirəm, bütün bu təkliflərin hamısına 2-3 gün ərzində baxın, məsləhətləşin, sonra mənim yanıma gəlin. Bir neçə variant ola bilər. Ancaq dəqiq bir fikrə gəlməliyik ki, görək bunlar hansı yollarla həyata keçirilə bilər, reallıq nədən ibarətdir.
Başqa bir məsələ. Siz dediniz ki, müsabiqə elan olunubdur, Dədə Qorqudun portreti hazırlanır?
Elçin Əfəndiyev: Cənab prezident, Dədə Qorqudun portretini hazırlamaq üçün müsabiqə elan edilibdir. Amma bu müsabiqənin nəticəsi zirvə tədbirinə qədər məlum olmayacaqdır.
Heydər Əliyev: Vaxtilə Nizaminin də portreti yox idi, amma yarandı. Bilirsiniz, yubileydə Dədə Qorqudun portretinin hazır olmaması heç də mümkün deyildir. Sizin verdiyini bu medallarda da Dədə Qorqud şəkli var. İndi Dədə Qorqudu kim necə istəyir, o cür də çəkir. Amma bu yaramaz. Məsələn, Füzulinin bizə məlum olan portreti 1930-cu illərdə çəkilmişdi. Mən yenə də orta məktəb dövrünü yada salıram. O vaxt rəsmlə çox məşğul olurdum. Mən 1938-ci ildə Füzulinin həmin portretinə baxıb, onu boya ilə çəkmişəm. Bu, mənim yaxşı yadımdadır. Bu, portret var idi, özü də rəngli idi. Yəni Füzulinin rəngli portreti var idi.
Nizaminin portretini 1947-ci ildə Qəzənfər Xalıqov yaradıbdır, heykəlini də Fuad Əbdürrəhmanov yaradıbdır. Nəsiminin portretini Mikayıl Abdullayev, heykəlini isə Tokay Məmmədovla İbrahim Zeynalov yaradıblar. Yəni bunlar hamısı gözümüzün qabağında olmuş işlərdir.
Təsəvvür edin, biz “Kitabi-Dədə Qorqud” dastanının yubileyinə gəlirik. Dədə Qorqudun portreti yoxdur. Yaxşı, bəs bu müsabiqə nə qədər davam edəcəkdir? Xahiş edirəm, bu barədə düşünün. Gəlin məsləhətləşək. Bu mümkündürmü – biz “Kitabi – Dədə Qorqud” dastanının yubileyini keçiririk, ancaq onun portreti yoxdur. Xahiş edirəm, oturun, bu barədə fikirləşin, görün nə edə bilərsiniz.
Layihələrin maliyyələşdirilməsi ilə əlaqədar sözümü mən artıq maliyyə nazirinə dedim. Ancaq eyni zamanda, mən Baş nazirə tapşırıram – xahiş edirəm, sən özün şəxsən bunların hamısına bax və mənə məruzə et. Prinsip bundan ibarət olmalıdır ki, israfçılığa qətiyyən yol verilməməlidir. Eyni zamanda, yubileyi layiqincə keçirmək üçün tələb edilən vəsait tapılmalıdır və verilməlidir. Maliyyə naziri burada dedi ki, “Mədəniyyət Nazirliyinin, akademiyanın və başqalarının öz pulları vardır. Mən sizə göstərəcəyəm ki, onu haradan götürmək lazımdır” Sən belə fikirləri kənara qoy. Başa düşdün? Əgər xüsusi yubiley keçirilirsə, demək, büdcədən ayrılmış vəsait ora gedə bilməz. Çünki büdcə vəsaiti onların cari işləri üçün ayırır. Amma bu, xüsusi bir tədbirdir. Baş nazir, sən özün bu məsələlərə bax, mənə məruzə et.
Bilirsiniz, Azərbaycan dövlətinin vəsaitini qoruyub saxlayan bizik. Altı ilə yaxındır ki, mən buna rəhbərlik edirəm. İndiyə qədər çox şeyi qorumuşuq, saxlamışıq. Baxmayaraq ki, bizdən qabaq çox şeylər dağıdılmışdı. Təsəvvür edin, indi Azərbaycanda inflyasiya yoxdur. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına, ölkəmizdə bir milyondan çox qaçqın yaşamasına baxmayaraq biz bunları edirdiksə, demək, biz Azərbaycanın iqtisadiyyatını, maliyyə işlərini ağılla aparırıq. Çətinliyimiz, çatışmazlığımız çoxdur, hamısı var. Amma hansı işi necə etməyi biz bilirik. Heç kəs bundan narahat olmasın.
Mən komissiya üzvlərinin və buraya dəvət olunmuş şəxslərin hamısına müraciət edirəm ki, “Dədə Qorqud” dastanının yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bundan sonra hər kəs öz səylərini daha da artırmağa çalışsın, biz bu yubiley tədbirini birlikdə hazırlayıb həyata keçirək.
Mən inanıram ki, bu yubiley mərasimləri Azərbaycanda vətəndaşlarımızın daha böyük ruh yüksəkliyini təmin edəcəkdir, cəmiyyətdə daha da bilirik, həmrəylik yaradacaqdır. Bu, bizim həm mədəniyyətimizin, həm ədəbiyyatımızın, həm də ümumiyyətlə, tariximizin daha da geniş təbliğ olunması üçün yeni bir şərait yaradacaqdır. Hamınıza bu yolda uğurlar arzulayıram.
Dədə qorqud dastanı
1-ci yazı
“Kitabi-Dədə Qorqud” xalqımızın böyük ədəbi-bədii, ulusal-folklor qaynağı, dəyəridir. O, elm aləminə məlum olmasından sonra bir an da diqqətdən yayınmayıb, hətta qadağan edildiyi çağlarda belə araşdırmaçıların dərindən öyrəndiyi mənbə olub. Xatırladaq ki, dastanın səkkizinci “Basatın Təpəgözü öldürdüyü boy” ilk dəfə 1815-ci ildə alman şərqşünası və türkoloqu Henrix Fridrix fon Dits (1751-1817) tərəfindən alman dilinə çevrilərək nəşr edilib. Eləcə də o, “Asiyadan incəsənət və elmə aid xatirələr” kitabında dastanın önəmi haqqında geniş yazıb. Müəllif dastanın dünya ədəbiyyatı və mədəniyyəti üçün əvəzedilməzliyini göstərərək onu Homerin “Odisseya” dastanı ilə müqayisə edib.
Dastan elm sahəsində çalışan müxtəlif ixtisaslı alimlər, tədqiqatçılar tərəfindən gərəyincə araşdırılıb, öyrənilib. Ədəbiyyatşünaslar, dilçilər, folklorşünaslar, etnoqraflar tərəfindən və s. bu mövzuda onlarla monoqrafiya, saysız-hesabsız elmi məqalələr yazılıb. Ona görə ki, “Kitabi-Dədə Qorqud” dastanları humanitar elm sahələri üçün bitməz-tükənməz bir xəzinə, məxəzdir.
Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında və dilçiliyində “Dədə Qorqud dastanları” geniş araşdırılıb. Dastan ölkəmizdə ilk dəfə 1939-cu ildə akademik Həmid Araslı tərəfindən nəşr edilib. Daha sonra o, dünyanın müxtəlif dillərinə çevrilərək çap edilib. Ölkəmizdə dastan Məhəmmədhüseyn Təhmasib, Əmin Abid, Əli Sultanlı, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Samət Əlizadə, Fərhad Zeynalov, Tofiq Hacıyev, Kamal Abdullayev, Nizami Cəfərov, Şamil Cəmşidov, Əzizxan Tanrıverdi, Seyfəddin Rzasoy və b. tanınmış qorqudşünaslar tərəfindən geniş araşdırılıb.
İndiyədək elm aləminə dastanın iki variantı məlumdur. Onlardan birincisi Drezden, ikincisi isə Vatikan nüsxələridir. Drezden nüsxəsi bir müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. “Dastanın əsas süjeti aşağıdakı on iki boyda əks olunub: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basatın Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.
Bu dastanlar XI-XII yüzillərdə və daha qabaqlar Azərbaycanda baş vermiş hadisələrli əks etdirir. Dastandakı hadisələrin çoxu Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və s. yerlərdə baş verir.
Yaxın vaxtlarda elm aləminə dastanın yeni boyu da məlum olub. Belə ki, türkiyəli türkoloq, professor Metin Ekici “Dədə Qorqud” dastanının itirilmiş sayılan 13-cü boyunu Qazaxıstanda üzə çıxarıb. O, deyib: “Orada tanış olduğumuz dostlarımız “Dədə Qorqud” nüsxələrinin əllərində olduğunu söylədilər. 61 səhifəlik kitabı bir qovluq şəklində mənə verdilər. Bu qovluğun içərisində “Kitabi Dədə Qorqud”un 13-cü boyu olan “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” də var”.
M.Ekici bu boyun 14-16-cı yüzillərdə yazıya köçürüldüyünü bildirir. “Türküstan nüsxəsi” adlandırılan kitab Türkiyə və Azərbaycan türkcələrinə çevrilərək nəşr olunub. Kitabı Azərbaycan türkcəsində türkoloq Ramiz Əskər nəşrə hazırlayıb. Akademik Həmid Araslının fikrincə, dastanların orijinalı Azərbaycanda yazıya alınıb. Türkiyəli türkoloq Məhərrəm Erginin qənaətinə görə, “Dədə Qorqud” dastanları Azərbaycan türkcəsində yazılmış və azərbaycanlılara məxsus abidədir. 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
***
Sənət bir hadisə kimi bəşəriyyətin ən böyük kəşfi, tapıntısıdır. Sənətin hər şeyə öz münasibəti var və o, insanları sabaha, gələcəyə inandırır. Bu baxımdan qeyd olunun dastan əsasında senari yazılıb, iki hissəli bədii film də çəkilib. Bu, dastanların bədiiləşdirilməsinin ən böyük örnəkləridir. Bədiiləşdirilmə isə dastanın yenidən xalqa yaxın olması, onun malına çevrilməsi, dildən-dilə gəzməsidir. Bədiiləşdirmənin təsir gücü imkan verir ki, xalqın tarixi yaşamı boyu var olmuş bu cür möhtəşəm abidələr tez bir zamanda ona çatsın. Hətta “Dədə Qorqud dastanları”nın uşaqlar üçün işlənmiş variantı da nəşr edilib. Üstəlik, dastanın ayrı-ayrı boyları əsasında cizgi filmi də çəkilib. Bütün bunlar dastanın hər zaman gərəkliyini ortaya qoyur.
Bədiiləşdirmənin başqa bir sahəsi isə rəssamlıq və heykəltəraşlıqdır. Qeyd edək ki, bir xalq olaraq uzun yüzillər boyu bu sənət sahələrindəki inkişafdan geridə qalmışıq. Belə ki, islamın gəlişindən sonra düz XX yüzilin başlanğıcına qədər Azərbaycanda dünyadakı kimi peşəkar rəssamlıq və heykəltəraşlıq olmayıb. Yəni din bu sənətlərin ölkəmizdə varlığına qadağa qoyub. Dinə görə, insan surəti yaratmaq yasaqdır. Ona görə də biz bu sənətlərin qadağan edildiyi yüzillərdə yalnız miniatür sənətindən, eləcə də tətbiqi-dekorativ sənətdən danışa bilərik.
İslamdan öncəki Azərbaycan türk heykəltəraşlığına baxsaq, onun yalnız milli özül üzərində yaradıldığını görə bilərik. Belə ki, qədim qəbirüstü at, qoç, döyüşçü və qoca heykəlləri xalqımızın tarixinin ayrılmaz, əvəzsiz nemət kimi qorunan bir parçasıdır. Belə abidələrə Azərbaycanın hər yerində rast gəlmək olar. Onların bir yerdə ən çox qorunduğu məkan isə Naxçıvandakı Mömünə xatun məqbərəsinin ətrafıdır.
“Dədə Qorqud dastanları” Azərbaycanda uzun müddət rəssamların və heykəltəraşların diqqətindən qıraqda qalıb. Bunun da başlıca səbəbi Azərbaycanda peşəkar rəssamlıq və heykəltəraşlıq sənətinin əsaslı şəkildə XX yüzilin başlanğıcında təşəkkül tapmasıdır.
1906-cı ildə ilk satira-karikatura dərgimiz “Molla Nəsrəddin”in nəşrilə peşəkar rəssamlıq sənətimiz də formalaşmağa başladı. 1920-ci illərdə Bakıda Dövlət Rəssamlıq Məktəbi yaradıldı, burada milli rəssam kadrlar yetişdi. Rəssamlarımız xalq həyatının müxtəlif yönlərinə aid əsərlər yaratdılar.
“Dədə Qorqud” dastanı qəhrəmanlarının rəssam fırçasında obrazlaşdırılması və bədiiləşdirilməsi isə ilk dəfə 1956-cı ildə baş verib. O çağlar gənc rəssam Mikayıl Abdullayev Dədə Qorqud obrazının yaradılması yönündə ilk addımı atıb. Həmin il nəşr olunan kitabın əvvəlində onun çəkdiyi Dədə Qorqud portreti yer alıb. Bundan başqa o, dastanın bütün boylarına illüstrasiyalar çəkib ki, bu da dastanın təqdimat və təsir gücünü artırmağa xidmət edir. Ayrı-ayrı illərdə nəşr olunan “Dədə Qorqud kitabı”nda onun rəsmlərindən çox istifadə edilib.
Dədə Qorqud mövzusunda çox əsər çəkən rəssamlardan biri Fəxrəddin Məmmədvəliyev olub. O, bu mövzuda bəlkə də bütün rəssamlardan daha çox əsər yaradıb. F.Məmmədvəliyevin “Gəlimli-gedimli dünya”, “Dədə Qorqudun elçiliyə getməsi”, “Oğuz elində şadlıq mərasimi”, “Təpəgözün dünyaya gəlməsi”, “Qazan xanın evinin yağmalanması” miniatürlərində çox güclü bədii ifadə var. Rəssam Dədə Qorqud mövzusuna aid 11 qrafik rəsm və kətan üzərində yağlı boya ilə 6 əsər işləyib. İstanbulda nəşr olunan “Türk dünyası” dərgisinin 1996-cı il dekabr sayında rəssamın həmin tablolarının fotosu çap edilib. F.Məmmədvəliyevin bu mövzuda əsərlərinə Dədə Qorqudla bağlı bir çox kitabların səhifələrində tez-tez rast gəlmək mümkündür. Eləcə də rəssamın dastandakı qəhrəmanlar, onların geyimləri, oğuzların məişəti ilə bağlı çoxlu eskizləri var.
2000-ci ildə Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 ili keçirildi. Bu münasibətlə rəssamlar arasında Azərbaycanda Dədə Qorqudun obrazının yaradılması üçün müsabiqə elan edildi. Məqsəd çəkilən əsərlər içərisindən birini Dədə Qorqudun obrazı olaraq qəbul etmək idi. Yarışmanın jürisi bir neçə dəfə toplansa da, sonda bir nəticəyə gələ bilmədi. Ona görə ki, yarışmaya bir-birindən dəyərli əsərlər təqdim edilmişdi. Münsiflər də həmin əsərlərdən hansının birinci olmasına qərar verə bilmədi və məsələ indiyədək açıq qaldı. Odur ki, bu gün Azərbaycan rəssamlığında Dədə Qorqudun vahid obrazı yoxdur. Hər rəssamın öz təxəyyülü ilə yaratdığı və qəbul etdiyi Dədə Qorqud obrazı var. Bu elmi işdə həmin əsərlər haqqında araşdırmamızı təqdim etməyə çalışacağıq.
Azərbaycanın böyük rəssamı Toğrul Nərimanbəyov 1975-ci ildə çəkilən iki hissəli “Dədə Qorqud” bədii filminin rəssamı olub. Bu baxımdan rəssam Dədə Qorqud mövzusuna çox müraciət edib. Onun dastanın bütün boyları ilə bağlı yağlı boya ilə işlənmış əsərləri var. Həmin əsərlər sanki nağılı xatırladır. Rəssamın nağılvari tərzdə çəkdiyi bu əsərlər onun mavi, qırmızı, çəhrayı və sarı rənglərinin harmoniyası ilə yadda qalır. Qaraca Çobanın bağlandığı ağacı yerindən qoparması səhnəsi əsərlər içərisində özəlliklə diqqət çəkir. O, kürəyində ağac düşmənlərlə savaşır. Qaraca Çoban sanki havadadır. Çünki onun təsvir olunduğu mühit mavi fonla əhatələnib.
Xalq rəssamı Tahir Salahovun yaratdığı Dədə Qorqud obrazı nisbətən fərqlidir. Onun əsərində Dədə gənc çağlarında təsvir olunub. Sənətşünaslar bu əsərin uğursuz olduğunu söyləyiblər. Rəssam da bu həqiqəti təsdiq edib və əsərin uğursuzluğuna aydınlıq gətirib. Bunun bircə səbəbi varmış. Sən demə, rəssam obrazı yaratmaq üçün istifadə etdiyi naturaçı kişi gənc imiş. Ona görə də, Dədə Qorqud obrazı belə gənc alınıb.
Xalq rəssamı Mahmud Tagıyev də Dədə Qorqud mövzusuna müracət edib. Belə ki, onun Dədə Qorqudu tamaşaçıya daha qıvraq qoca təsiri bağışlaylayır. Bu əsərdə Qorqud babamızın sağ əlində çomaq, sol çiynində isə qopuzu təsvir edilib. Dədə təbiət qoynunda üzü gülümsər şəkildə tamaşaçıya baxır. Arxa fonda təbiət təsvirləri yer alır.
Xalq rəssamı Altay Hacıyevin “Dədə Qorqud” əsəri bu mövzuda yaradılan ən uğurlu işlər sırasındadır. Onun əsəri həm rəssamların, həm də tamaşaçıların rəğbətini qazanıb. Rəssam Dədəni çox düşüncəli və qayğılı çəkib. O, bir qayaya söykənib, sevimli qopuzu da əlindədir. Əsərdə göy və bənövşəyi rənglərdən çox istifadə edilib. Obraz daşlar üzərində oturdulub, Dədə isə qayaya dirsəklənərək sağa baxır. O, xəyallı, fikirli, bir az da qayğılıdır. Ağ saçları və saqqalı, eləcə də üzünün cizgiləri tamaşaçıya ona doğruçu müdrik kimi yanaşmaq imkanı verir. Olsun ki, A.Hacıyevin “Dədə Qorqud”unu xalqa sevdirən obrazın baxışlarındakı dərin kədərdir. Bu əsər ən yaxşı Dədə Qorqud obrazı kimi qəbul edilir, müxtəlif nəşrlərdə, kitablarda daha çox istifadə olunur.
Soltan Soltanlı
- 25 Yanvar 20:45
- 16 177
Comments are closed, but trackbacks and pingbacks are open.