Текст книги Dəhnamə
Üç nəstədürür səbəb bu namə
Şah İsmayıl Xətai – Bahariyyə – Dəhnamə (bir parça)
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizar rpuşan,
Cümle dilə gəldi ləbxamuşan.
Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə fu-fu.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül oxudu süfati-hicran,
Dəryada dür oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın oluban ovayə düşdü.
Alma ağacı dibindən sayə,
Tən eylər idi buluda, ayə.
Yaşın yerə tökdü əbri-neysan.
Bülbüllər oxudu sədhəzaran.
Mey bəslədi jalə hər vərəqdə,
Turac kitab oxur təbəqdə.
Qum-qum der idi ağacda qumri,
Məst oldu bənəvşə içdi xəmri.
Şax üstə qabaqlar aslı halı,
Qu gərdənidən verir misalı.
Quş beççələri ünü yuvadən,
Məktəb ünü tək gəlir həvadən.
Boyandı zəmin həzar rəngə,
Övraqi-şəcər də təngə-təngə.
Neylufər açıldı suya girdi,
Pirahənini başına bürdi.
Çinar əlini çü rəqsə açdı,
Gül xürdə zərin şəbaşə saçdı.
Çaylar bulandı, yıxdı arxı,
Bağlar ağacı göyərtdi şaxı.
Gilas ağacı dibində mahim,
Çün mah idi dərmiyani-əncüm.
Yüz dürlü qəba yeyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər.
Sirab gülünün üzündə ati,
Nərgis oturar başında xabi,
Hər qönçədə vərdi-ərğavəni,
Qumru fəridən verir nişani.
Ta çalmaya dan yeli tapança,
Üzünə niqabin örtdü qönçə.
Yaşıl çəmən üstdə jalə çin-çin,
Əxzər fələk üstə rəşki-Pərvin.
Sərv etdi çəməndə sərfərazi,
Gül cilvələnir başında nazi,
Çıxmış budaq üstə əndəlibi,
Mənbərdə oxur çəmən xətibi.
Günel Rəşadlı Qeydiyyat tarixi: 04 December 2018
Текст книги “Dəhnamə”
Ulu klassik şairimiz və böyük dövlət xadimi Şah İsmayıl Xətainin adı XVI əsr Azərbaycan varlığının bütün taleyüklü məsələləri ilə bağlı olaraq iftixar hissi ilə çəkilir. Onun müstəsna qabiliyyəti və ardıcıl qayğısı sayəsində milli dilimizin yad dillərin təsirindən təmizlənməsi və qədim mədəniyyətimizin dirçəlişi başlanmışdır.
Xətainin ölümsüz poeziyası arıdılmış Azərbaycan dilinin duruluq çeşməsi kimi klassik irsimizin möhtəşəm abidəsidir. Şairin əvəzsiz nəfəs yanğınları öz təmkini, bütövlüyü və sənətkarlıq cilası baxımından söz xəzinəmizin zirvə örnəkləridir.
Görkəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı ilə yanaşan, özü bu dildə ölməz sənət inciləri yaradan Şah İsmayıl Xətai Azərbaycan xalqının ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olan nadir şəxsiyyətlərdəndir. Xalqımızın inkişafının ən mühüm mərhələlərindən biri onun adı ilə bağlıdır. Xətai doğma zəminə möhkəm bağlı olan bir adam kimi ozan – aşıq sənətinə rəğbətlə yanaşmış, klassik şeir formaları ilə yanaşı, xalq şeirinin müxtəlif şəkillərində dillər əzbəri ola biləcək əsərlər yaratmışdır. Bir yandan yazılı ədəbiyyatın, başqa bir yandan xalq yaradıcılığının zəngin ənənələrindən bəhrələnən bu sərkərdə şair ədəbi fəaliyyətində məzmunla formanı həmişə vəhdətdə götürmüş, hər formadan, janrdan, vəzndən yerinə görə istifadə etmişdir. Sadəlik, aydınlıq, səmimilik, həyata, onun tələblərinə dərindən bağlılıq Xətai poeziyasının səciyyəvi keyfiyyətləridir. Bu poeziya saf mənəvi aləmin, aydın məfkurənin, sabaha dərin inamın, hər cür şərə odlu nifrətin parlaq ifadəsidir.
“Nəsihətnamə” sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər, insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir. Bəlkə də, bu ikinci daha əsasdır. Ona görə o da böyük sələfi Nizami kimi dinləyicilərini birinci növbədə zülmdən uzaq olmağa çağırır. “Yükün zülm isə arxandan buraxgil” deyən şair zülmkarlığı ən eybəcər bir sifət kimi rədd edir. Xətainin bu məsnəvidə irəli sürdüyü fikirlər dərin insanpərvərliyi ilə seçilir. Bu fikir və nəsihətlər yeni dövlət, yeni cəmiyyət, yeni düşüncə tərzi yaradan hökmdar şairin proqram sözləri kimi qarşılanır. Onlarda odlu, hərarətli bir çağırış ruhu duyulur.
“Dəhnamə” Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa “Dəhnamə”lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Rəngarəng təbiət təsvirləri və qəzəllər əsəri təkcə həcmcə yox, həm də fikir və bədii təsir baxımından xeyli gücləndirmişdir. Xətainin özünəməxsusluğu, hisləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.
Sufi panteist məhəbbət burada da vardır, lakin real insani hiss və duyğuların arxasında onlar görünməz olmuşdur. Poema, hər şeydən əvvəl, real insani məhəbbəti dilə gətirən bir əsər kimi diqqəti cəlb edir.
Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarətdir. Ancaq burada məktubların təkcə adı vardır. Poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir. Bu məktubların yazılmasına gətirib çıxaran hadisələr, onların yazılması zamanı qəhrəmanın keçirdiyi hallar, məktubu göndərmək üçün qasid axtarılması, qasidə yalvarışlar, məktubların sevgili tərəfindən necə qarşılanması, nə deməsi, aşiqin keçirdiyi intizarlı duyğular, nəhayət, sevgililərin qovuşması poemanın süjetini təşkil edən əsas epizodlardır.
Əsərdə göstərilir ki, eşqə biganə olan, eşq dərdinə tutulanlara əbləh deyən bir şəxs bir dəfə bağda yatarkən yuxuda bir gözəl görüb ona vurulur. Qəmli, dərdli günlər keçirir. Sevgilisinin kim və harada olduğunu bilmir. Allaha yalvarıb ondan kömək istəyir. Hatifdən gələn səs məşuqənin yerini bildirir. Məlum olur ki, aşiqin sevdiyi qız pəridir, yeri isə pərilər bağıdır. Hatifdən gələn göstəriş əsasında pərilər bağına gələn aşiq sevdiyi gözəli görür və daha dərindən sevir. Pərilər bağının bağbanı onu əvvəlcə sərt qarşılayır, döyür, dərdini bildikdə xeyirxah məsləhətlər verir. Öz yerinə qayıdıb Səba vasitəsilə məktub göndərməyi söyləyir. Səba bir neçə dəfə Aşiqlə Məşuqə arasında vasitəçilik edib məktub aparır, sevgilinin sifariş və hərəkətləri haqqında Aşiqə xəbər gətirir. Sonra Ah, Huş, Göz yaşı işə qarışır, onlar da sevgililərin qovuşması üçün əllərindən gələni edirlər. Məşuqə əvvəlcə qəzəblənir, elçiləri danlayır, incidir, onların eyiblərini üzünə deyib utandırır. Aşiq on dəfə məktub göndərir, sevgisinin sabit olduğunu sübut edir. Aşiqi dözümlü, vəfalı görən sevgili ona vüsal vədəsi verir, sevgililər qovuşurlar. Poema səbrin tərənnümü ilə bitir.
Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx, lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı ən maraqlı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. 122 misradan ibarət olan bu təsvir müşahidələrin dəqiqliyi, rəngarəngliyi, təzəliyi, təravətli olması ilə indi də insanı heyrətə salır, şən əhvali-ruhiyyə oyadır. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər. Ədəbiyyatşünaslığımızda bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Etiraf etmək lazımdır ki, ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq, Xətainin yaratdığı həmin təsvir bu tipli olanlar içərisində müstəsna yer tutur.
Təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğana düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, “Eşq odu yenə bu canə düşdü” deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır. Təbiətdə gül açıb, quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.
Təbiət təsvirləri ilə yanaşı, poemada Aşiqin mənəvi iztirabını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir. Aşiqin keçirdiyi müxtəlif xarakterli mənəvi hallar daha çox qəzəllər vasitəsilə açılır. Aşiqin həsrəti, kədəri, gileyi, şikayəti bu qəzəllərdə əlvan boyalarla qələmə alınır. Bədii suallar, xitablar, təkrirlər xalq danışıq dilinin xüsusiyyətlərinə uyğun şəkildə elə məharətlə qurulur ki, səmimi səslənir və diqqəti cəlb edir.
Vüsal sevincini əks etdirən qəzəllərdə isə güclü bir fərəh və şadlıq əhval-ruhiyyəsi duyulur. Aşiqin də, Məşuqənin də dediyi qəzəllər burada boyalarını dəyişir, daha parlaq və oynaq olur. Bu şeirlərdəki sevinc və fərəh yaz seli kimi aşıb-daşır, yaz çiçəkləri kimi təravətlənir.
“Dəhnamə” mövzusunda Xətaidən əvvəl də əsərlər yazılmışdır. Hümam Təbrizinin, Marağalı Əhvədinin “Dəhnamə”lərini xatırlatmaq olar. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Onu da nəzərə alaq ki, Xətainin “Dəhnamə”si ana dilində yaranan ilk epik əsərlərdəndir. Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şeirimizə “Dəhnamə” kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.
(Burada f.e.d. Əzizağa Məmmədov tərəfindən işlənmiş elmi-tənqidi mətn əsas götürülmüş, başqa nəşrlərdəki düzəlişlər də nəzərə alınmışdır.)
Filologiya elmləri doktoru, professor
“DƏHNAMƏ” POEMASININ NƏSRLƏŞDİRİLMİŞ NƏŞRİ ÜÇÜN
(redaktordan)
İsmayıl… Şah İsmayıl… Şah İsmayıl Xəta(y)i… Bu üç ad mənim yaddaşımda üç fərqli şəxsiyyət kimi qalıb.
Uşaqlıqdan bəri qardaşlarının başına gətirilən faciə sonrası lələsinin ölümdən qurtardığı kiçik İsmayılı unutmuram. Tez-tez xatırlanan bir rəvayətdə lələsi İsmayılı ağacdan asır və “Quran”a əl basıb and içir ki, İsmayılın ayağı mənim ayağımın altındakı torpağa dəymir. Hətta başqa rəvayətə görə, lələ əvvəlcədən öz çarığının içinə bir ovuc torpaq da tökübmüş. Bu andiçmədən sonra düşmənlər (əslində, İsmayılın dayısının adamları) İsmayılın burada saxlanılmadığına inanıb uzaqlaşırlar. Uşaq olarkən məhəllənin böyük uşaqları bizə öyrətmişdilər ki, bir şeyə yalandan and içib ürəyində 3 dəfə “əstəğfürullah” desən Allah baba bunu günah saymaz, ya da barmaqlarımızla X işarəsi tutub yalan and içə bilərik. Böyüdükcə bu yalançı andlardan uzaqlaşdım, eləcə də lələyə qarşı fikirlərim də dəyişdi. Bir yalana inandırmaq üçün Allahdan, Allahın kitabından istifadə etmək, bunu vasitəyə çevirmək dindar üçün müsbət hal ola bilməz. Materialist düşüncədə olanlar da düşünür ki, düşmənlər bir anda inanıb gedəcək ağıldadırlarsa, elə getmələri yaxşıdır, bu insanlardan nə dost kimi dost olmaz, nə düşmən kimi düşmən.
İkinci tarixi şəxsiyyət Şah İsmayıldır. Döyüşçü, güclü, qüvvətli, ağıllı, uzaqgörən, lider… Bir millətin tarixi qəhrəmanına çevrilmək üçün gərəkən bütün sifətlərin olduğu bir sima. Demək olar ki, yoxdan dövlət quran, tarixi əraziləri birləşdirən Şah İsmayıl. Şah İsmayılın ilk qələbələrindən son məğlubiyyətlərinə qədər hər şeyi öyrənmişik. 1501, 1503, 1506, 1514. Bu illəri az qala bütün Azərbaycan əzbər bilir. Harada kiminlə döyüşdü, kimə qalib gəldi, nə qazandı? Amma ən çox danışılan 1514-cü il döyüşü oldu. Şah İsmayılı məğlubiyyətinə görə qınaya da bilmərik. Rəqib – Avropanı topu ilə əzib keçən Osmanlı idi. Üç qitədə torpağı olan bu nəhəng imperiyaya qarşı gəlmək mümkün deyildi. Heç döyüş xətalarının olub-olmaması da günümüzün baxışından önəmli deyil. Bu döyüşlə bağlı bir rəvayət danışılır. Həmin döyüşdə Şah İsmayıl hirsindən topun lüləsini öz qılıncı ilə yarı bölür. Düşmən şah həmin qılıncı istəyir, topa vurur, qılınc qırılır. Hirslənir, qışqırır ki, mənə başqa qılınc gətirdiniz. Amma Şah İsmayıl deyir ki: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil”. Bu əhvalatda reallıq payı, fikrimcə, çox azdır. Böyüdükcə belə böyük məğlubiyyətdən sonra əlimizdə saxlayıb nəsildən-nəslə ötürdüyümüz əhvalata dönə-dönə baxdım. Qol həmin qol deyil. Şah İsmayıl özü tarixdə “qol həmin qol deyil” deyib qürrələnən biri kimi qalmaq istərdimi? Məncə, xeyr.
Üçüncü şəxsiyyət isə Şah İsmayıl Xətayidir – Şair Xətayi. Heca vəznini – xalqın şeirini saraya gətirən, sarayın şeirini xalqa aparan Xətayi ədəbiyyatçı kimi də iki fərqli insanı özündə birləşdirir. Bir tərəfdə
“Xatayi, işin düşə,
Gəlib gedişin düşə,
Dişləmə çiy loxmanı,
Yerinə dişin düşə”
– yazan müəllif vardısa, digər tərəfdə ədəbiyyat tariximizin şah əsərlərindən olan “Dəhnamə”ni yazan haqq aşiqi var idi.
“Dəhnamə” əsəri orta məktəbdə bütün şagirdlərə tədris olunur. Böyük əksəriyyət bu əsərlə tanışdır. Amma hansısa bir yanlışın nəticəsidir ki, ölkədə çox az adam bu əsəri bəyənir. Məsələ tədrisdədirmi, proqramdadırmı, qiymətləndirmədədirmi? Sualların cavabından asılı olmayaraq dəyişməyən reallıq odur ki, məktəblilər və bir daha orta əsrlər ədəbiyyatımıza dönməyəcək olan şəxslər “Dəhnamə” kimi şedevri sevmirlər, bəyənmirlər, oxumurlar.
Bizə də “Dəhnamə” poemasını məşuqəni sevən, onun uğrunda mübarizə aparan, qovuşduqda isə ayrılan aşiq obrazının olduğu əsər kimi keçmişdilər. Biz də Aşiqi nə istədiyini özü də bilməyən adam, Xətayini də məzmunsuz əsər yazan müəllif kimi yaddaşımıza həkk etmişdik. Universitet illərində yenə bu mövzu tədris olundu. Münasibətdə çox az dəyişiklik var idi. Sanki kütləvi şəkildə “Dəhnamə”yə nifrət hiss olunurdu. Amma peşəkar ədəbiyyat tarixçilərinin və nəzəriyyəçilərin əsərlərini oxuduqca, əsərin orijinalı ilə tanış olub söz-söz, cümlə-cümlə mənasını dərk etdikcə Şah İsmayıl Xətayiyə qarşı nə qədər haqsızlıq etdiyimizi aydın görürük. Bu əsərin müsbət keyfiyyətləri, şübhəsiz ki, çoxdur. Təkcə əsərin əvvəlində “Bahariyyə” deyə fərqləndirilən hissə dil-üslub xüsusiyyətlərini, bədii təsvirlərin dolğunluğunu, müəllifin incə zövqünün aydın hiss olunmasını göstərir:
Çinar əlini çü rəqsə açdı,
Gül xurda zərin şəbaşə saçdı.
Çıxmış budağ üstə əndəlibi,
Minbərdə оxur çəmən xətibi.
Lalə оturur başında taci,
Heç sərvərə yоxdur ehtiyaci.
Sünbül daramış saçın beşanə,
Ənbər qоxusun qılır fəşanə.
Al ilə yaşıl geyindi bağlar,
Ağ ləçəgi sərpə saldı dağlar.
Durmuş çəmən üzrə sərv ayağə,
Qılmağa təmaşa sоlü sağə.
Təqdim etdiyimiz hissədə obrazlılıq şeirə tam hakimdir. “Çinar ağacının sanki rəqs edəcəkmiş kimi qollarını qaldırması”, “bülbülün çəmən xətibi kimi vəz etməsi”, “sərv ağacının sanki ayağa qalxıb ətrafı seyr etməsi” kimi bənzətmələr baharı aydın təsəvvürümüzə gətirir.
Əsərin süjeti, bir çox klassik poemalarda olduğu kimi, gərgin deyil. Aşiq adlı mərkəzi obrazımız yuxuda Məşuqəni görür, onu axtarır, sevgisi yolunda min bir əzaba qatlaşır, Məşuqənin hər tənəsinə dözür, eşq yolundakı bütün sınaqlardan üzüağ çıxır. Əsərdə xəyali – mistik obrazlar olan Ah, Huş, Göz yaşı və Səba iştirak edir. Bu dörd obraz pərilər bağının bağbanı ilə birlikdə Aşiqə kömək edirlər.
Ədəbiyyat fənninin qiymətləndirmə materialına çevrildiyi vaxtdan, testologiyanın obyekti olandan əsərin məzmunu qədər faktlar da öyrədilməyə çalışıldı. Orta məktəbdə də, ali məktəbdə də faktlar, faktlar, faktlar önəm kəsb etməyə başlamışdı. Belə ki, “Dəhnamə” əsəri ilə bağlı orta məktəb şagirdlərinə düşən sualların əksəriyyətində on məktubun hansı obrazlar tərəfindən hansı ardıcıllıqla aparıldığı soruşulurdu. Bunu əzbərləmək də şagirdə yorucu gəlirdi. Bəlkə də, tam bir nəsil Ədəbiyyat suallarındakı belə əzbər üzərindən gələn suallara görə Ədəbiyyata nifrət etdi, eləcə də, “Dəhnamə”yə. Bu məktub ardıcıllığını yadda saxlamaq vacib idimi? Əlbəttə, yox. Amma o məktubları biz yazsaydıq, hansı ardıcıllıqla göndərərdik?
Əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi əsərdəki Səba, Ah, Huş kimi obrazlar simvolikdir, yoxdur. Var olan Aşiq və onun sevgilisidir. Sevmək hissini ilk dəfə necə hiss edirik? Daxildə nəsə olur, kəpənəklər uçuşur, sevinirik, kədərlənirik, sevgimiz üçün hər şeyi, hər şeyi edə biləcəyimizi düşünürük və bu mərhələdə verəcəyimiz vədlər də çox vaxt “köpüklü” küləklə sovrulan eşq sözləri olur. Aşiqin də ilk məktublarını Məşuqəyə Səba aparır. Üçüncü məktubda Məşuqə Səbanı həbs edir. Haraya? Saçlarına… Nə qədər incə…
Sevgi sözlərinə cavab gəlmədikcə nə baş verər? Biz oturub düşünərik. “Mən nə edirəm? Sevirəmmi? Sevmirəmmi?” Dərk edərik. Əgər ağıl süzgəcimizdən keçirə biləriksə, ağılla da yenidən sevgimizi etiraf edərik. Aşiq Səbanın uğursuzluğundan sonra məktubunu Huşla göndərər. Yenə də cavab gəlməz.
Sevgisinə cavab gəlməyən insan dərd çəkər, ah çəkər, “of” deyər. Aşiq də ah çəkir və Ah məktubu Məşuqəyə aparır. Cavab yoxdur.
Əgər əsl sevgidirsə və qarşılıq yoxdursa, bu “ah”lar tezliklə göz yaşına çevriləcək. Göz yaşı məktubu götürər və Məşuqənin yanına gedər. Aşiqdən xəbəri oxuyan Məşuqə məktubun üstünə düşən göz yaşını görər, ürəyi yumşalar və Aşiqi görüşə çağırar.
Aşiq getməzdən əvvəl bir məktub daha yazıb onu Səba ilə Məşuqəyə göndərir. Bu dəfə sevincdən havalanan aşiqin əhvalını ən yaxşı elə küləyə deyilən sözlər ifadə edər.
Onuncu məktubdan sonra Aşiq və Məşuqə görüşür. Vüsal gecəsi Aşiq daha böyük bir həqiqəti dərk edir. Əsl eşqi. Sufi eşqini. Aşiqin ürəyində yanmağa başlayan eşq atəşinin bir qız (mələk də olsa) tərəfindən söndürülə bilinməyəci həqiqəti, yalnız ilahi eşqin bu dərdə dərman olacağı qənaətinə gəlinir. Müəllif də qeyd etdiyi kimi, əsərin əsas yazılma səbəblərindən biri də məhz budur: İlahi eşq. Tanrı eşqi.
Eşqdən gözəl nə var ki? Eşqdən uca nə var ki? Eşqdən saf nə var ki?
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi,
Hədəf liseyinin Azərbaycan dili və Ədəbiyyat kafedrasının müdiri
Yaratdığı bütün varlığa rəhimli və mərhəmətli olan böyük Allahın adı ilə başlayıram.
Ey ürək! Bu ilahi eşqə əbədi olaraq bağlanmısansa, gərəkdir ki, hər işini bünövrədən qurasan. Hər bir arzu və istəyinin başa çatması üçün o böyük əzəmət və cəlal sahibinə sidq ilə bağlanıb şükürlər etməlisən. İlahi tərəfindən Yer üzərinə seçilib-göndərilmiş son peyğəmbərimiz olan Məhəmmədin bəyənilmiş dualarını – müqəddəs kəlamlarını dilindən əskik etmə ki, fəzilət sahibi imamlarımız kimi görəcəyin bütün işlər elmli, hünərli, əxlaqlı, mükəmməl və dürüst olsun. Onda görərsən ki, bu boyda dünya qəmləri içərisində o uca eşq ilə döyünən ürəyin necə şad ola bilir. Deyilən bu müqəddəs kəlamlar eşq əhlinə verilən elə nəsihətdir ki, aqillər məclisində daim bəyəniləcəkdir.
Allahın (haqqın) birliyinə inam
Allahın kəraməti də zatı kimi əbədi-əzəli olduğundan dünya durduqca duracaqdır. O elə möhtəşəm qüvvədir ki, dünyanı ”Yox”dan “Var” etmişdir. Heç bir kimsə də bu sirrə yol tapmaq iqtidarında deyildir. Neçə min illər boyu necə bir kamal ilə peyğəmbərlər nurundan elə bir çilçıraq yaratmışdır ki, bütün varlıqların fövqündə dayanan, dürlərlə dolu olan bu kəhkəşan bütün dünyanın suyuna və qurusuna şölələr saçmaqdadır. Onun elminin fəzilətindən bu uca göylər yarandığı kimi, ucu-bucağı görünməz olan əzəmətli Yer də o qüvvənin gücü ilə sirli bir qaynama kəfindən yaranmışdır. Sevə-sevə öz qüdrət qələmi ilə yaratdığı bu saflıqlarla bütöv olan dünyada, nəhayət ki, bütöv ucalıqların fövqündə olan, mələklərin də məskən etdiyi ən ali təxt (məqam), eləcə də zaman və məkan bərqərar oldu. İnsanlığın yaranışı da elə o uca məqama bağlıdır. Müqəddəs “Qurani-Kərim” ayələrinin nazil olması və sonuncu peyğəmbərimiz tərəfindən yer üzünə çatdırılması ona dəlalət edir ki, böyük yaradanın verdiyi təfəkkür, ürək vasitəsi ilə insanlar uca Allahın tək olduğundan və zatından (nişanələrindən) xəbər tutub haqq yolunu düzgün müəyyənləşdirə bilsinlər. Tanrı kafirləri tutduqları pis işlərin əvəzində cəzalandırmaq üçün cəhənnəmi yaratdığı kimi, gözəl əməl və xoş niyyət sahibləri üçün də cənnəti yaratmışdır. İnsanlar cəhənnəmin dəhşətini anladıqca əyri yoldan qorxub, çəkinərək cənnət gözəlliklərini duyur və Tanrı əmrlərinə itaətlə iman qazanıb, ibadət edirlər.
Dərin-dərin düşündükcə o hikmət və fəlsəfə sahibinin qüdrət və kamalını dərk etməliyik. Bu pak torpağa bir nəzər salmaqla Yer kürəsi kainatda möhkəm yumruq kimi bərqərar oldu. Uca Allahın bizlərə böyük lütfkarlıqla bəxş etdiyi könüllərimiz Onun fəzilətlərini sidq ilə düşünmək, dilimiz isə Onu hər an zikr etmək üçündür. Bu dünyada buyurulan haqq yolunu dürüst getmək üçün bizə verilən gözlər gördüklərimizi düzgün anlayıb doğru nəticə çıxarmaqdan ötrüdür. Digər canlılardan fərqli olaraq insanlar eşitdiklərini ağlın, fəhmin hesabına elm və təhsilin gücü ilə dərk edib, bəhrələnirlər. Torpağa əkilən çeşid-çeşid ağac şəcərəsinin meyvələrindən cəmiyyətin yetərincə faydalanması da uca Yaradanın insanlara bəxş etdiyi ağlın töhfəsidir.
Həyat və yaşamaq üçün zəruri olan saf su, damarlarımıza axan qanın möcüzəli tərkibi, hətta ceyran göbəyində yaranan xoş ətirli maddə elə Allahın insanlara xeyirxahlıqla verdiyi hədiyyələr kimi qiymətləndirilməlidir. Bütün bu bəxş olunan əvəzsiz nemətləri dərk edib qədrini bilməyənlər böyük günahkarlar kimi uca Tanrını unutmuş olurlar. Bir qul qismində bu yerin, göyün xaliqinin fəzilətlərini zikr etmək iqtidarında olmayan bəndənin haqq dərgahından niyyətləri qəbul olunmaz. Bu yoldan sapınıb başqa yolu tutanlar haqq dərgahında lənətlənib qovulmuş şeytanı rəhbər tutmuş olurlar. Gərək tutduğun yolda Allahın müqəddəs imamını rəhbər bilib, haqq-ədalət üçün dua və istəklərin dilində əzbər ola.
Bağışlanmağını istəmək haqqında
İlahi, əsil iman sahibi olaraq ürəkdən gələn gözəl dualarla uca varlığını zikr edib qüdrətini dərk etmək üçün oxşar yollarımızı birləşdirməyi işləri çətinə düşən aciz və günahkar bir bəndən kimi səndən diləyirik. Sən hünər, elm və əxlaq gözəlliklərinin cəmi ilə elə bir kərəm sahibisən ki, biz də hər an sənin böyüklüyünə sığınırıq. Bu qədər günahlarla qarşında üzüqara olsaq da, sənin kərəminə ümid bağlamışıq. Əməllərimizə layiq olan cəzanı kəssən də, bu burulğanda bizi qəhr etmə! Sənin hökmünün gizli tərəflərini anlaya bilmədiyimiz halda, nədən bu gerçək olan ümidlərdən yayınmalıyıq? Hər qüdrətinə sonsuz fikirlərimiz, hər nemətinə bitib-tükənməyən şükürlərimiz vardır.
Ey xeyirxahlıqlar səltənəti! Bir “Ol!” kəlməsi ilə bizi “yox”dan “var” edib, lütf göstərərək, iman sahibi kimi idrak etməyə ağıl, bir-birimizlə ünsiyyət qurmaq üçün nitq bağışladın. Bizə mərhəmətli və dürüstlüyün yolunu göstər! Axı əlimizdə sənə layiq olan elə bir dəyərli varımız yoxdur. Bitib tükənməyən səxavətinlə bu köməksiz bəndələrini (yaranışdan bəri fələklərin nizamlı gərdişinə vəsilə olan mələklər kimi) dünya işlərini nizama salan uca könüllü Məhəmməd peyğəmbərin yolundan ayırma!
Peyğəmbərin tərifi
O, elə bir şəmdir ki, Allahın övliya və peyğəmbərlərinin əbədi nuru ilə yanmaqdadır. Bütün dünyanın pak sahibi olan Tanrı onu fələklərin cəmi-yaranmışlara qarşı törədəcək fəlakətlərinin qarşısını almaq, eləcə də bu xoşagəlməzlikləri xeyrə yönəldən bir elçi kimi göndərmişdir. Dünya yaranandan hökmdarlar, sultanlar, xanlar onun icraçıları sayıldığı kimi, bütün peyğəmbərlər şəcərəsi də gəlişindən xəbərdar olub, bu mübarək günü böyük ümidlərlə gözləmişlər. Varlığınızın ən qiymətli hədiyyəsi olan Məhəmməd (ə.s.) izimiz düşən torpaq üstə aypara kimi iki qaşın arasında günəş parlaqlığı ilə şölələndi… Əlindəki təsbehlə zikr edərək, sanki Ayı öz əli ilə bölübmüş kimi, Allah yolunu tutmayanlara onun parçalanma səbəbinin elmi izahını verdi. Sifarişinə səhər yelləri hazır olduğu kimi, dağdan-dərədən ceyranlar da axışaraq ona salama gəlirdilər. Peyğəmbərliyinə şübhə ilə yanaşıb, qəsd etmək istəyən bədxasiyyətli düşmənlər Allahın qəzəbinə düçar oldular. Allahın izni ilə qumrular onun möcüzələrini öz nəğmələrində səsləndirərkən, sanki daşlar da dilə gəlir, onun gülə bənzər nurlu camalı aləmə işıq saçırdı. Ayağı dəyən hər yer burulğanlarda yüksəkliyə çevrilmədə idi. Onun məqamı kainatın gərdişi ilə yerlərə kölgəsi düşməyən uca ayın sevgisi qədər ənginliklərdə baş tacı kimi görünürdü. Hər iki cahanda görən gözlərin işığı olaraq, öz ümmətinin Allah tərəfindən seçilmiş elçi kimi dini qoşunları himayə edib haqqın yolunu bizə göstərirdi. Müqəddəs “Qurani-Kərim” onun şəninə nazil olduğu üçün kini, inamsızlığı məhv edərək haqq ilə nahaqqın, xeyir ilə şərin fərqini göstərib, ortaya çıxan suallara elmi dəlillərlə aydınlıq gətirirdi. Onun saçının bəyazlığı və üzünün ziyası bütün yer üzünü işıqlandırdığından haqq yolçularının könlü fərəhlə dolurdu. Başqa canlılarla bərabər ağaclar belə, qarşısında əyilib səcdə qılırdı. O, gecə ki, yerin-göyün sahibinin hüzurunda bəşəriyyət cəm olmuşdu, sanki bütün dünya lərzəyə gəlmişdi. Bütün peyğəmbərlərin də çağırıldığı o mübarək məqama müqəddəs ruhların belə sədaqətlisi olan, yeddi qat göyləri mələklərin müşayiəti ilə keçib gedən son peyğəmbərimiz Məhəmməd (ə.s.) da yaxınlaşırdı. Elə ki peyğəmbər ərşə yetişirdi, üzünün min illərlə şölələnən müqəddəs nuru ilə hər yer işıqlanırdı. Uca yaradanın lütfü ilə Ona bəxş olunan möcüzələr özünəqədərki peyğəmbərlərə verilən möcüzələrdən qat-qat üstün idi.
Əlinin tərifi
O, elə bir hökmdardır ki, Tanrının görünən tərəfi olaraq hər zaman haqqın yanındadır. Öz dərsini müqəddəs övliyalardan və peyğəmbərlərdən alan, bəşəriyyətin arzu və istəklərinin cəmini həyata keçirən əsli pak olan ilahi bir varlıqdır ki, onun mələk təriqətini Yer sakinləri anlamaqda acizdirlər. Elə haqqın özü kimi, haqq-ədalət carçısı olduğu üçün açıq-aşkar vücuda gəlmişdir. Allahın yer üzündəki elçisi kimi doğru yola yönəldən, kərəm sahibi olan sirli-sehrli bir varlığıdır. Bir orta xəttin sahibi olaraq Yaradanla yerləri birləşdirən, müqəddəs varlıqdır. Haqq dərgahında seçilmişlərdən olduğu üçün əzablı insan ömrünün çətin suallarının dürüst cavabı ondadır. Əsli-zatı müqəddəs ruh olduğu üçün haqqı bilməyənlər onu anlamazlar. Vücudunda həm Adəm peyğəmbərin ruhu, həm də böyük yaradanın adına layiq uca əməllər görünmədədir. Tiyəsi üzərində incilər yazılmış Zülfüqar adlı haça qılıncının parıltısı çoxlarını zalım fələklərin yaratdığı pisliklərdən qorumuşdur. O, elə haqqın özü tərəfindən seçilmişlərdən olduğu üçün mələklər və ruhlar aləmi hamısı vəsfini yazmağa səfərbər olub, bütün dəryalar mürəkkəb olsa belə, yenə də bu sonsuz işləri yazıb bitirə bilməz. Könlü elə bir qüdrət dəryasıdır ki, onun xeyirxahlıq dalğaları bütün yer üzünə işləməkdədir.
Kaş ki, böyük yaradan aciz və köməksiz bəndələrindən öz xeyirxahlığını əsirgəməyib onları şükürsüz, duasız qoymasın! Nə olardı ki, xətalardan uzaqlaşa bilməyən etibarsız insanlar, heç olmasa Ona mənim kimi sonsuz sədaqət göstərən sadiq qul olardılar. Bu fəqir və üzüqara bəndələr yalnız onun xeyirxahlığı ilə nicat tapa bilərlər. Bəxşişinin uca bir bayraq kimi əzmkarlıqla səxavət dayağının başında dalğalanması insanları mərdlik və qürur dəryasında xoşbəxt yaşadır. Bu cahan adlı bədənin içində bir can kimi kainatın nur qaynağı olaraq niyyət sahiblərini öz arzularına yetirəndir. Canansız tənha olan can, axı, nəyə gərəkdir? O, elə bir hökmdardır ki, haqqın lütfü kimi görünüb, bəndələrin işindən xəbərdar olur. Biz onun ədalətli davranışlarına çox ümid bəsləyirik. Axı bu yer üzündə bizim ondan başqa bir pənahımız yoxdur. Əgər məqbul hesab edib məni də haqq dərgahına aciz bir qul kimi qəbul etsəydi, nə xoş halıma! Talesiz, yaxşı və ya yamanlığımdan asılı olmayaraq, o uca məqama can atan xəstəhal, çarəsiz bəndəyəm. Elə yüksək bir əməlim də yoxdur. Uca Tanrı yolunu öz yolu bilən və səxavətlərlə dolu başı çalmalı kərəm sahiblərinin yol göstərəni, eləcə də haqqın sağ əli onun əlidir. Hər iki cahanın sahibi olan Allah qoy onu tutduğu bu müqəddəs yoldan yayındırmasın! Haqqın özü onu göylərdən xəbər verən Nəbi kimi buyurduğundan, fələklər məkanının yeddinci qatına nəzarət edən bir aslan idi. Nəzərini mənim tək çarəsiz olan bəndənin üstündən əskik etmə ki, hökmdarın o mübarək qapısından ayrı düşməyim. Saflıq mücəssəməsi olan o varlığa can atmaq üçün etdiyim diləkləri üzlülük kimi qəbul etmə, ey dünyanın çırağı, ey iki cahanın günəşi! Bir ovuc torpaqdan yaranan vücudumuzun zülmətlərdə kor kimi qalmasına qıyma! Sən haqqın özü kimi səxavətlər dünyasının inam verəni, vüsal bağışlayanısan. Bu qədər xətalar içində Xətainin də günahlarını bağışlayıb, fani dünyada əbədiyyət verməyini istərdim.
Allah, Məhəmməd və Əlinin kəlamları zamanın söz heykəli olub, hər iki cahanın Allaha məxsus ən gözəl niyyətlər carçısıdır.
Əgər dünya işlərinin rahatlığını istəsən, haqq əhlinin dilindən düşməyən Allah, Məhəmməd və Əli adına yaraşan əməllər yolunu tutmalısan.
O qiymətli sirlər məkanının möcüzə sahibi Allah, Məhəmməd və Əli sevə-sevə haqq yolunu tutanları qoruyandır.
Dediyin sözlərin və fikirlərin Adəm övladları içərisində əziz və hörmətə layiq olmasını istəyirsənsə, bu böyük şərəfli adları hər zaman dualarında zikr etməlisən.
Fırlanmada olan yer kürəsinin bütün cansız və canlılarının, ağzı dualı insanların, habelə Allahın müqəddəs mələklərinin həyat zəmini o adlara bağlıdır.
Bu adlar səhralarda çətinliklə ömür edən bitkilərin, dəryalara əksi düşən Ayın, eləcə də ehtiyac içində olanların dilində səslənən dualarda çəkilməkdədir.
Onlar ən kiçik murdar həşəratlardan tutmuş, zəhmətkeş qarışqaya, arıya qədər, halı və ya huşu özündə olmayan yazıq bəndələrin də himayəçisidirlər.
Sirlər aləminin sehrli çevrəsini məğrur və saf baxışlarla daim göz önündə tutan bu müqəddəslər insanların ürəklərindəki arzu və mətləblərinin hasil olmasına vəsilədir.
Adəmdən sonuncu peyğəmbərimizə qədər olan dövrdə iki cahanda yaradılan hər şey Allaha, Onun rəsuluna və imam Əliyə aiddir.
Haqq yolçularının, ibadət əhlinin işıqlı kamalı, uğurlu taleyi, hətta bağlı qapıların açarı, eləcə də ədalətli dövlətlərin əbədiyanar çırağı cənnət sahibi o müqəddəslərlə bağlıdır.
Möminlərin pənahı, bəşəriyyətin xilaskarı olan Allah, Məhəmməd və Əli adı imam Əlinin polad qılıncına (Zülfüqarına), eynilə də müqəddəs mələklərin qanadına da yazılmışdır.
Haqqın müqəddəs kitabı olan “Qurani-Kərim”in yer üzünə göndərilmə səbəbi, həm də yaradılışdan əsl iman sahiblərinin ümumən gələn bəlalardan, şeytan şərindən qorunması da bu adlarla bağlıdır.
Onlar baş verən qəzalara qarşı bir qalxan kimi dövrün möhnətini alan, ən dəhşətli məqamlarda yardım üçün öz qılıncını sıyıran, xalqına şəfalar verən, yaşamaq eşqini daim alovlandıranlardır.
İbadət əhlininn könlündə olan fikri, maddiyyatdan asılı olmayan, yalnız taleyini haqqa bağlayanların dilində şükrü, eləcə də amalı uğrunda döyüşən sərkərdələrin (qazilərin) vaxtlı-vaxtında etmək imkanı olmadığı dualarını edərkən zikrləri də Onlara aiddir.
Üsyan qışının gözəl baharı olaraq sadiq bəndələrin dərdinə şərik çıxan o müqəddəslər Yerin sabitliyini qoruduğu kimi, doqquz qat uca göylərə də dayaqdırlar.
Onlar bütün qazilərin qolunda qüvvət, haqqa sığınanların başlarında xoşbəxtlik rəmzi olan Hüma quşu kimi bir tac olduqları üçün haqdan uzaq düşən böyük günah sahiblərinə, zülmkar, qaniçən cəlladlara lənətlər yağdıraraq bir bəla kimi qarşılarına çıxırlar.
Keçmiş zamanlardan üzübəri bəşəriyyətin sadə, zəhmətkeş və ən şərəflilərinin iftixarı olan, seçilmiş on bir imamın dərd-qəmlərinin, əzablarının haqq dərgahında nəqş olunması onların qüdrətidir.
Onlar şəriət sahiblərinin ibadətlərinin mətləbləri, tutduqları müqəddəs yolda iradəliliyin və dözümlülüyün mənası, eləcə də haqqın aşkar və gizli məqsədlərinin özüdür.
Musa peyğəmbərə çətinliklərdən qurtarıb düşmənlərə qalib gəlmək üçün verilən sehrli əsa, Xızır peyğəmbərə bağışlanan əbədi həyat, İsa peyğəmbərin öz əhlinin günahlarını üzərinə götürərək çarmıxa çəkilməsi və qeyb olması, yer üzünü su basan zaman Nuh peyğəmbərə iman gətirən insanların xilası üçün verilən gəmi də elə o müqəddəslərin gücüdür.
Yaqub peyğəmbəri ağır və çəkilməz dərdlər burulğanında sızladan, Yusif peyğəmbərə (sınağa çəkdiyi acılarla bərabər) güllərdən də artıq təravətli çöhrə qismət edən, (İbrahim) Xəlil peyğəmbərə od-alov içində gülzar bağışlayan yenə də Onlardır.
Allah, Məhəmməd və Əli qorxunc qiyamət günü möminlərin qəhrini çəkib, sirat körpüsündən təhlükəsiz keçmək üçün əllərindən tutan, mizan-tərəzidə onların savab əməllərinin qiymətini artıran, cənnət qapısına nəzarət edənlərdir.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!
Dəhnamə poeması
Ş.İ.Xətayi.
Dəhnamə
Bahariyyə
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq оdu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxəmuşan.
Sərvin yenə dutdu damənin su,
Su üstə оxudu faxtə gu-gu.
Ğönçə dəhəni çəməndə xəndan,
Gülmaxdan ənar açıldı dəndan.
Bülbül оxudu sifati-hicran,
Dəryadə dür оldu əbri-neysan…
Aləm qamusu bu dəmdə xоşhal,
Mən öz işimdə fariğül-bal.
Gəh yerir idim çü ahu dağda
Gəh axar idim çü cuy bağda.
Gəh könlüm ilən çəməndə xürrəm,
Gəh həmdəm ilən gəzəndə biğəm.
Mə’şuq ilə eşqi tanımazdım,
Heç kimə könül verim deməzdim.
Öz pişəmə, öz işimə qane,
Heç kim yоx idi kim, оla mane.
Kim desə mənə ki, aşiq оldum,
– Əbləh, – deyübən gülərdim ana,
Hər tə’nə ki var, qılardım ana…
Bir gün çəmən içrə seyr edirdim,
Pərvanə misali teyr edirdim.
Bir sayeyi-sərvi-nazə yetdim,
Bir ləhzə оrada xabə getdim.
Ruhaniyə ruh qıldı seyran,
Gəl gör ki, mana nə qıldı dövran?
Göründü gözümə bir pəriru,
Xоş ləhcəvü xubcəmalü xоşru.
Çün seyr ilə gəldi mana yetdi,
Canü könül aldı beylə getdi.
Qaşları kəmanü kiprigi оx,
Aləm gözü qatda nərgisi-şux.
Nə şəkli-pəri, mələk, nə insan,
Rövşən yanağında nuri-rəhman.
Оldum beməsəl divanə bidar,
Nə məstü nə aqiləm, nə hüşyar.
Bilmən özümi ki, xandəyəm mən,
Ya mürdəmi, yоxsa zindəyəm mən.
Uzun gecələr səhər görünməz,
Zülmətdə mana qəmər görünməz.
Bu yоla, ilahi, yоxmu payan?
Bu dərdə, ilahi, yоxmu dərman?
Biçarəvü zarü natəvanəm,
Mən taqəti-ğəm nəmitəvanəm.
Yar zülfi təki günüm qarardı,
Yar ağzı kimi yerim darardı.
Bilmən necədir kəminə halım,
Artır dinü gün ğəmü məlalım.
Səbanın Mə’şuqun yanına getməsi
Gəldi və əlimdən aldı məktub,
Əzm etdi, yeridi suyi-məhbub.
Gəh dağ üzə əsdi, gahi daşda,
Gəh xüşk üzə əsdi, gahi yaşda.
Sürdü qatı atın оl vəfadar,
Оl bağə irişdi k-andadır yar.
Gördü ki, bir adlı şah imiş оl,
Nə yerdə, fələkdə mah imiş оl.
Gülşəndə bülənd оtağü eyvan,
Səncərlə səlatin ana divan.
Qarşudadurur mələk yasavul,
Hər kimi görür, edir ki, savul.
Dutmuş yüzü birlə nur baği,
Çün gördü anı Səbayi-miskin,
Çəkdi cilоvunu, оldu ğəmgin .
Kim, bu pəridir cəhanda məşhur,
Xudbinü cəmalü hüsnə məğrur.
Necə varım imdi həzrətinə,
Ta irişə ərzə xidmətinə?
Durmuşdu Səba qılıb təfəkkür,
Barmağını dişlib əz təhəyyür.
Nagah önünə çü gəldi bir pir,
Xоş şəklü şəmayil, özü dilgir.
Yanına gəlib Səba rəvani,
Söylədi ana sözün nihani.
Sоrdu ana kim, Səbamısan sən?
Eşq əhlinə aşinamısan sən?
Kim, aşiqi-xəstədən gəlirsən,
Halından anın xəbər bilirsən.
Aydır ki, bəli, Səba mənəm der,
Sözüm yetürüm, xanı Sənəm der.
Aydır ki, mənəm оl, ey xоş avaz,
Ölmüşlər içün Məsihi-dəmsaz.
Mən dəxi nigarə bağbanəm,
Aşiqlərə yarü mehribanəm.
Mən demişidim, sana ki, gəlsin,
Mə’şuqə nə der, sözünü bilsin.
Оldur оturur оtağ içində,
Sən bir dəm оtur bu bağ içində.
Mən varayım оl nigar qatına,
Оl dilbəri-gül’üzar qatına.
Könlün görəyim neçükdür anın,
Sözün deməgə о natəvanın.
Оturdu Səbavü оl yeridi,
Söz deməgə fürsət istər idi.
Qulluğa irişdi, durdu bir dəm
Könlüni aradı, gördü xürrəm.
Xəndan çəmən içrə tazə gül tək,
Bоynu sürahi, dоdağı mül tək.
Aydır ki, deyim sözü, məhəldir,
Könlü fərəhü dəmi gözəldir.
Bir qatla özünə eylədi fərz,
Bəs qıldı nigarə sözləri ərz.
Aydır ki, əya dəm afitabi,
Bir söz desəm, eyləmə itabi.
Bir qasidi-xəstə hali gördüm.
Yоx gəlməgə heç məcali gördüm.
Gəlməz yavuğa, həzər qılur оl,
Dərgah saru nəzər qılur оl.
Vardım yanına, dedim nə kəssən?
Kim əhli-səfər, zəbun fərəssən.
Qıldım aluban nəzər be məktub,
Gördüm yazılu kəlam be məhbub.
Yazılmış, əya əmiri-xuban,
Dərd ilə ölürmən, eylə dərman.
Оldu ğəm ilən belim xəmidə,
Rəhm eylə mana, e nuri-didə.
Оl dəm ki, mən оl cəmali gördüm,
Özümdən özümni xali gördüm.
Biəqlü kəlamü huş bоldum,
Çоx оldu könüldə fikri-fasid,
Qıldım bu yоla Səbanı qasid.
Öz halımı ərzü faş qıldım,
Yaşımla bitikni yaş qıldım.
Bu vəch ilə halım etdim e’lam,
Şəhlərdən оlur gədayə ən’am.
Mə’şuqənin sözü eşidib bağbanı və Səbanı danlaması
Eşitdi bu sözü çün pəriru,
Aydır: – Nə söz idi söylədin bu?
Sən bilməmisən ki, mən nə şahəm,
Huri həşəmü mələk süpahəm.
Sən bilməmisən ki, mən nə şuxəm,
Kirpigi, qaşı yay ilə оxəm,
Оl bilməz isə də sən bilürsən,
Bu həsrəti bəs nədən qılursan?
Vargil degil оl rəsulə gəlsün,
Оl sözləri naqəbulə gəlsün,
Kimdir görəyim gəlür buradən,
Vaqif оlayım bu macəradən.
Allaha Səba qılıb təvəkkül,
Yeridi rəvani bitəəllül.
Görsətdi səlamü izzü ikram,
Istərdi kəlamın edə e’lam.
Öpdü ədəb ilə asitani,
Оl sərvi-səhi çü gördü ani,
Sоrdu: – Nə gərək, e hərzə-mərzə,
Kim dedi sana ki, gəl bu mərzə?
Yırtdı əlidən alıb kitabın,
Saydı yüzinə üyubi babın.
Eybini varın şümar qıldı,
Gül yüzlü Səbanı xar qıldı.
Səbanın mə’şuqənin sözləri
ilə aşiqin yanına gəlməsi
Qayıtdı Səba zi dərgəhi-şah,
Ğəmnakü məlul düşdü bər rah.
Deri kim, necə varım оl fəqirə,
Biçarəvü xəstədil həqirə?
Dəxi nə yüz ilə varım anda,
Ümmid ilə qasid etdi munda.
Ya anda neçük verim cəvabi?
Göndərdi itab ilən xitabi.
Çün yetdi, dedim ki, nikuxah,
Halın necədir zi zəhməti-rah.
Həm söylə nigar sağ, əsənmi?
Оl fitnəli yar sağ, əsənmi?
Der: – Sağdır, əsəndir оl pəriru,
Səndən vəli eyləmiş bəri ru.
Əhvalın ana ərzə qıldum,
Ərzinə yetürməgini bildim.
Xişm etdi haman dəm əz səri-naz,
Çоx ərbədə naz qıldı ağaz.
Yırtdı aluban yazan kitabi,
Biş etdi itab ilən xitabi.
Qıldı məni-xəstəni məlamət,
Başuma qоpardı yüz qiyamət.
Der: – Kimdürür оl xəsisü kəmtər,
Ögdi özünü qılıb mükərrər.
Dil munu eşitdi, narə düşdü,
Fəryadü fəğanü zarə düşdü.
Yaş etdi ümid evini parə,
Sögdüm yenə bəxti-nabəkarə…
Aşiqin Səbadan üzr istəməsi
Dedim ki, əya Səba, usandün,
Asudə оtur çözüb kəməndün.
Bir dəm sən оtur betərfi-gülşən,
Bir qasidi dəxi istəyim mən.
Оl durdu çəməndə, mən yeridim,
Bir elçi dəxi bulum der idim.
Ərvahım uçurdu fikr teyrin,
Bir dəmdə cəhanın etdi seyrin.
Qayıtdı yerinə, qıldı pərvaz,
Der: – Elçi Səbadən özgə yоx baz.
Səndən dəxi özgə çarə bilmən,
Mən durub ayağə varə bilmən.
Bir dəxi kərəmlər et mənimlən,
Canım yоluna fəda tənimlən.
Qalmışlara çün müavin оldin,
Məqsudə yetürüb alxış aldin.
(Səbanın mə’şuqənin yanına getməsi)
Оl peyk Səba çü mindi atı,
Xоş sürdü iradət ilə qatı.
Gəh gerdə bulaşdı, gəh ğubarə,
Gördü ki, çəmən yenə münəvvər,
Zülfindən anın cahan müəttər.
Gördü anı bağbani-məhrəm,
Kim, gözlər idi yоlunu hər dəm.
Yanına gəlib dedi ki, ey Bad,
Qıldınmı yenə bu kari bünyad?
Qayıt ki, bu işə çarə yоxdur,
Mundan nə cigərdə yarə yоxdur?
Qayıt, yenə bizni qılma bədnam,
Nagah özüni salma dər dam.
Söylədi Səba ki, əbsəm, əbsəm.
Öldürsə dəxi ki, çəkməzəm ğəm.
Sən varmaz isən varuram özüm,
Ərz eylərəm ana cümlə sözüm…
Səbanın tək mə’şuqənin görüşünə getməsi
Yeridi Səba çü bargahə,
Bağladı təvəkkülin ilahə.
Qıldı yer öpüb dua səlamı,
Ərz eylədi оl şaha kəlamı.
Çün gördü Səbanı Hüsn ilən Key,
Der: – Yenə nişə gəlibdürür hey.
Əl urdu, yapışdı yaxəsinə,
Saldı anı bəndi-türrəsinə.
Tar etdi günün sitarəsilən.
Bəs kari-Səba budur müdami,
Zülfi-sənəm оla bəndü dami.
Hər nəstə ki, var getdi əldən.
Düş ayağa kölgə tək, Xətayi,
Оl sərvi-çinar getdi əldən.
Mə’şuqənin yanına getməsi
Qıldı sözümü qəbul məktub,
Əzm etdi, yeridi suyi-məhbub.
Uğraşdı yenə о bağbanə,
Sоrdu: – Nişə gəldin, ey fəsanə?
Dün munca məlamət etdi оl yar,
Yоx səndə, nə оnda ğeyrətü ar.
Оl sözlə səni çü göndəribdir,
Bir söylə ki, nişə döndəribdir?
Der Namə ki, ana söylədim çоx,
Dutmaz sözümü, qərarı heç yоx.
Zinhar qılur ki, tanriçün var,
Ta rəhm edə mən fəqirə оl yar.
Ya qıla səni bu yоlda parə,
Ya dəxi qılam bir özgə çarə.
Vardı yenə yarə bağbani,
Təşviş оduna əridi cani.
Tоxuşdu dili gəlib kəlamə,
Aydır: – Yenə gəldi dünki Namə.
Miskin yenə fikri-xam bişürmiş,
Оl bihudəni yоla düşürmüş.
Eşitdi bu sözni, cuş qıldı,
Peymaneyi-qəhri nuş qıldı.
Der var gətir ki, kimdürür оl,
Munca nə gəlür beqоvli-mahövl,
Qоrxmadı məgər zi kari-mazi?
Qurtulduğuna degilmi razi?
Bağbanın məktubun yanına gəlməsi
və оnu Mə’şuqənin xidmətinə aparması
Çün gördü оnu nigari-məhru,
Der: – Yenə nə gəldin, ey əbəsgu?
Heç söyləmədin alıb əlinə,
Baxdı açıb anın əvvəlinə.
Qazıdı, götürdü nami-cəbbar,
Pəs eylədi naməni du səd par.
Çün gördü anın bu halını huş,
Gəldi mana biqərarü bihuş.
Gəldivü iraxdan etdi avaz:
– Qəhr etdi rəsulə türki-tənnaz.
Səd parə qılıbdır оl sitəmkar,
Gəlməz dəxi var, özünə qıl çar.
Göz yaşının Mə’şuqun yanına getməsi
Çün yоla düzəldi, Yaş getdi,
Əql ilə rəvanü baş getdi.
Axdı, yeridi besuyi-dildar,
Mərdümək adı, özü göhərbar.
Qılmadı bu yоlda bir dəm aram,
Sidq ilə işimə qıldı ehram.
Xub sürdü rikabın оl vəfadar,
Оl gülşənə yetdi k-оndadır yar.
Çün gəldi yanına bağbanın,
Sоrdu xəbərin nədir nişanın.
Der: – Qasidəm оl şikəstə zarə
Kim, aşiq оlubdur оl nigarə.
Lütf eylə yeri, bu bəndədən var,
Ərz eylə ana dilimdən əsrar.
Degil yenə gəldi özgə qasid,
Təhqiq gəlibdir оl nə qasid.
Tez vardı, nigarə söylədi оl.
Оl sevgili yarə söylədi оl.
Der: – Yenə sizə rəsul gəlmiş.
Ba tövrəvü ba üsul gəlmiş.
Dedim: – Nerədən gəlürsən, ey yar?
Aydır ki, zi aşiqi-cigərxar.
Dildar yenə itabə düşdü,
Zülfi təki piçü tabə düşdü.
Der: – Var, degil ki, getsin anı,
Algil mana əldə tərcümanı.
Var de, desin оl cəfagüzinə
Qatımda özü nədir, sözü nə?
Çоx etmə şikayə firqətimdən,
Qurtarmanam anı hirqətimdən.
Məndən apar ana naümidi,
Ta dutmuya vəslimə ümidi.
Bağbanın göz yaşının yanına gəlməsi
…Gətirdi çü bağban xəbərni,
Der: – Qıldı qəbul оl gəhərni.
Leykin sana şah verdi dəstur,
Getsün dedi tez, оturma, dur, dur!
Göz yaşı bulandı, оldu meygun,
Könlü bu xəbərdən оldu məhzun.
Çün gəldi mənim yanuma yetdi,
Sоrdum ana kim, nigar netdi?
Der: – Sоrma, əya ğəribü məhrum,
Verməz sana vayə taleyi-şum.
Gər qıldı qəbul töhfəmizni,
Görmədi vəli çü töhfə bizni.
Çün yenə bu sözni eylədim cəm’,
Ah оduna can tutuşdu çün şam’.
Dedim yenə оl rəfiqi-halə,
Yaşdan dəxi yetmədim vüsalə.
Göz yaşının ikinci dəfə
Mə’şuqənin yanına getməsi
Çün yоla düzəldi. Yaş getdi,
Əqlü dilü didə, baş getdi.
Bulandıvü daşdı, çayə döndü,
Gəh suyəvü gəh həvayə döndü.
Оl bağə irişdi hər neçük var,
Etmişdi məqamin anda dildar.
Istib yenə bağibani buldu,
Bir cism idi оl ki, cani buldu.
Dedi ki, həm оl fəqirü bimar
Göndərdi məni sana digər bar.
Var bir dəxi lütf edüb nigarə,
Rəhm edə məgər о dilfikarə.
Çün bağban aldı оl göhərni,
Vardı ki, ala nədir xəbərni.
Yetürdü nigarə töhfəni çün,
Gördü pərirüx о töhfəni çün,
Der: – Söylə ki, gəlsün оl rəsulə,
Varmı görəli sözü qəbulə.
Gər qabil оlursa həzrətimdə,
Xas eyləyəm anı xidmətimdə.
Çün gəldivü bağban dedi: – Dur.
Xas etdi səni о yari-məşhur.
Yaş getdi rəvani həzrətinə,
Mədh etdi duayi-dövlətinə.
Yar aydır ana ki, ey cigərxun,
Çоx etmə bu yоlda sən cigər xun,
Derlər səni çünki zadi-mərdüm,
Оlmuş vətənin səvadi-mərdüm.
Hər yerdə ki var, hörmətin var,
Hər xanda ki оlsa, izzətin var.
Çün əslilə mərdüməklisən sən,
Gəlgil mana kim, gərəklisən sən.
Sərvəm, dilərəm yanımda bir cu,
Gülzari-cəmalimə gərək su.
Çün muca gərəklüsən mana sən,
Neyçün varasan dəxi ana sən?
Gər beylə səni irağə salur,
Yüzdən sürübən ayağə salur,
Qоyman dəxi anda gedəsən sən,
Qasidliğin anın edəsən sən.
Yaşım dedi ki, əya pəri ru,
Səndən xaçan eylərəm bəri ru?
Çün sana gərəklüyəm, mana sən,
Bir xidmət edər qulam sana mən.
Оndan dəxi səndən ötrü gəldim,
Gördüm çü yüzüni, baxa qaldım.
Amma dilərəm ki, ey pəri ru,
Bir dəxi varam о xəstə saru.
Dəsturun оlursa, varayım bir,
Оlan xəbərini verəyim bir.
Aydır: – Yeri var, zud gəlgil,
Оd kimi varub çü dud gəlgil.
Məndən dəxi aparma naümidi,
Nə ümid apar, nə naümidi.
Degil dəxi kəsməsün ricayi,
Şayəd qılam ana mən vəfayi.
Degil çü yanımda kəşfin оldu,
Vəslim diləmək bəs işin оldu.
Göz yaşı sevindi, düşdü bər rah,
Der bəndəyə mürvət etdi оl şah.
Tə’cil ilə axdı оl axar su,
Nurkən yügürür misali-ahu.
Gördüm ki, gəlür, rəvan yügürdüm,
Baxdım yüzünə qılıb təbəssüm.
Aydır ki, ver imdi müjdəgani.
Meyl etdi sana nigari-cani.
Nоmid оturma gəl vüsalə,
Şayəd səni hicr əlindən alə.
Çün bu xəbəri eşitdi guşim,
Gəldi yerinə qərarü huşim.
Əql ilə könül birər barışdı,
Aram ilə səbrü dil qarışdı.
Səbanın hədiyyə ilə bağlı
Mə’şuqənin yanına getməsi
Çün yetdi Səba о yar qatına,
Оl türki-vəfagüzar qatına,
Söyləşdi, cəvabın aldı, gəldi,
Hər sözdə səvabın aldı, gəldi,
Başdan diləmiş ki, dür gətürsün,
Bir damən anınla pür gətürsün.
Bu qəsd ilə kim, qavuşdu həsrət,
Dəf’ оldu ğəmü bəlavü möhnət.
Bir vəchilə nəzmin eyləsin der,
Dürtək qulağımda eyləsin yer.
Bu sözləri çün eşitdi guşim,
Qalmadı qərarü səbrü huşim.
Daldım gözüm içrə həmçü qəvvas,
Aldım düri-pakü gövhəri xas.
Aşiqin Mə’şuqənin vəslinə diqqət yetirməsi
Qıldım yazuban sözü vərəquş,
Biəql yeridim anda, bihuş.
Şad idim vücudum, оynar idi,
Can həsrət оdunda göynər idi.
Gördüm çü pəri besəhni-gülzar.
Bir şəkl göründü, bir şəmayil,
Əqlim ilə huşum оldu zayil.
Bisəbrü qərarü huş düşdüm,
Qıldım meyi-vəsli nuş, düşdüm.
Dilbər yanıma gəlib оturmuş,
Nazik dizinə başım götürmüş.
Bu sənmisən, ey nigari-məhru?
Ta xeyli-xəyalım оlmasun bu?
Gəh ruzi-fəraqi fikr edirdim,
Gəh vəsl güninə şükr edirdim.
Gəh hali-dilim qılıb təfəkkür,
Derdim neçə beyti dər təhəyyür.
Mə’şuqənin Aşiqin dözümünü öyməsi
Təhsinim edərdi оl pəri ru,
Çəkdinmi fəraqü dərdü qayğu.
Zar etdi səni bu ruyi-çün gül,
Gül görməsə, səbr edərmi bülbül?
Gər оlmasa firqətü bəla, bil,
Оlmazdı həzar nitqə qabil.
Pərvanə əgər fəraqə yanmaz,
Ğəltan оluban оda bоyanmaz.
Kitabın bitməsi və yazılmasının səbəbi barədə şe’r
Üç nəstədürür səbəb bu namə
Kim, bоldu zəruri qılamğ ani.
Əvvəl səbəb оldu nəzmi-tövhid
Kim, bəndəligin оdur nişani.
İkinci bu kim, оlanda ğəmgin
Bu könlünün оla mehribani.
Üçüncü bu kim, qalursa xоşdur
Bu dünyadə hər kimin nişani.
Poemanın qısa məzmunu
“DƏHNAMƏ” ƏSƏRİNİN QISA MƏZMUNU
Şair məsnəvi şəklində yazdığı bu əsərin əvvəlində onun qələmə alınmasının üç səbəbini göstərir. Əsəri Allahın birliyi və öz bəndəliyini bildirmək, qəmli insanları şadlandırmaq, dünyada özündən sonra bir iz qoymaq üçün yazdığını göstərir. Sonra “Bahariyyə” adlı hissədə bahar fəsli təsvir edilir.
Əsərin qəhrəmanı sevənləri düşüncəsiz sayan bir gəncdir. Lakin bir gün o, özü yuxuda buta alır, bi qıza aşiq olur.
Qeybən gələn səs aşiqə sevdiyi qızın gözəl pəri olduğunu, pərilər bağında yaşadığını deyir. Aşiq pərilər bağına gedir, sevdiyi qızı tapır, onun gözəlliyinə heyran olur. Ancaq bağban Aşiqi döyüb qovur. Lakin Aşiqin gözəl pərini sevdiyini biləndə rəhmə gəlir, ona yol göstərir.
Aşiq sevdiyinə on məktub yazır. Dostları Səba, Ah, Huş, Göz yaşı ilə Məşuqəyə məktub göndərir, öz eşqindən, sədaqətindən söz açır. Məşuqə hər dəfə məktub alanda Aşiqə rədd cavabı verir. Ancaq Aşiq sınaqdan üzüağ çıxır, məhəbbətindən dönmür. Məşuqə ona inanıb könül verir.
Comments are closed, but trackbacks and pingbacks are open.