Press "Enter" to skip to content

SON DƏQİQƏ

Mil kök sistemi rüşeym kökcüyündən, Saçaqlı kök sistemi isə əsas, yan, əlavə köklərdən, yarpaq və gövdələrdən inkişaf edir. Mil kök sistemi rüşeym kökcüyündən şaquli istiqamətdə inkişaf etmiş bir əsas kökdən və bu kökdən çıxan çoxlu sayda kiçik yan köklərdən ibarət olur. Mil kök sistemində bitkinin kökü dərinə doğru uzanır. Bitki əsas kök vasitəsilə torpağa bağlanır. Mil kök sistemi olan bitkilərdə bu kökün ucunu qırdıqda yan köklər inkişaf etməyə başlayır. Adətən, ikiləpəli bitkilərdə mil kök sisteminə rast gəlinir.

Bitkilərdə kök sistemləri

Bitkilərdə dibçək seçimini doğru etmək üçün onların kök sistemini bilmək vacibdir. Bitkinizin köklərinin xüsusiyyətlərini nəzərə alaraq onlar üçün ən uyğun dibçək formasını seçə bilərsiniz.

Toxumlu bitkilərdə iki əsas kök sistemi var. Bunlar: Mil kök sistemiSaçaqlı kök sistemidir.

Mil kök sistemi rüşeym kökcüyündən, Saçaqlı kök sistemi isə əsas, yan, əlavə köklərdən, yarpaq və gövdələrdən inkişaf edir. Mil kök sistemi rüşeym kökcüyündən şaquli istiqamətdə inkişaf etmiş bir əsas kökdən və bu kökdən çıxan çoxlu sayda kiçik yan köklərdən ibarət olur. Mil kök sistemində bitkinin kökü dərinə doğru uzanır. Bitki əsas kök vasitəsilə torpağa bağlanır. Mil kök sistemi olan bitkilərdə bu kökün ucunu qırdıqda yan köklər inkişaf etməyə başlayır. Adətən, ikiləpəli bitkilərdə mil kök sisteminə rast gəlinir.

Saçaqlı kök sistemi olan bitkilərdə isə bitki toxumdan cücərdikdən bir müddət sonra əsas kök tələf olur, onun əvəzinə çoxlu sayda yan köklər inkişaf edir ki, bu köklər daha çox yanlara doğru yayılırlar. Bitki bu köklərin köməkliyi ilə torpağa bərkidilir. Adətən, mil kök sistemi olan bitkilərdə dibçək seçimi zamanı nisbətən daha ensiz və dərin dibçəklərə, saçaqlı kök sistemində isə daha yastı və geniş dibçəklərə üstünlük verilir. Buna görə də becərdiyimiz bitkilərin kök sistemini bilməyimiz dibçək seçimi zamanı köməyimizə çatacaq. Aşağıdakı şəkildən a) mil kök sisteminin və b) saçaqlı kök sisteminin quruluşu ilə tanış ola bilərsiniz.

Kök sistemləri: a) Mil kök sistemi (Taproot), b) Saçaqlı kök sistemi (Fibrous root)

Köklər mənşəyinə görə 3 qrupa bölünür: Əsas, yan və əlavə köklər. Əsas köklərrüşeym kökcüyündən, yan köklərəsas, yan və əlavə köklərdən, əlavə köklər isə – yarpaq və gövdələrdən çıxır. Əlavə köklərə nümunə olaraq soğanaqlı bitkilərin köklərini misal göstərə bilərik. Bitkilərin vegetativ üsulla çoxaldılması nəticəsində çıxan köklər də əlavə köklərdir. Məsələn bitkilərin yarpaqdan və ya budaqdan çoxaldılması nəticəsində çıxan köklər, gövdədən çıxan köklər əlavə köklərdir. Əlavə köklər torpağın üst hissəsində də yarana bilər, məsələn bitkinin gövdəsində. Əsas köklər isə generativ üsulla, yəni toxumdan çoxaldılma zamanı birbaşa rüşeym kökcüyündən çıxan köklərdir. Əsas, əlavə və yan köklərdən yanlara doğru çıxan köklərə isə yan köklər deyilir.

Yeni məqalələrdən xəbərdar olmaq üçün sosial şəbəkələrdə izləyin:

SON DƏQİQƏ

Bitkilərin düzgün gübrələnməsi və suvarılması texnikası -Lamiyə Quliyeva yazır.

19-10-2019, 19:30

Bitkilərin normal böyümə və inkişafını təmin etmək və onlardan yüksək məhsul əldə etmək üçün onların mütəmadi yemləndirilməsinin böyük əhəmiyyəti var. Xüsusilə eyni yerdə bir neçə il dalbadal bitki becərdikdə torpaqdakı qida elementləri tükənir. Bitkilərin daha çox mənimsədiyi qida elementləri makroelementlər, az istifadə etdikləri isə mikroelementlər adlanır. Makroelementlərə karbon, oksigen, hidrogen, azot, fosfor, kalium və kalsium mikroelementlərə isə bor, manqan, dəmir, mis və başqaları aiddir. Bitkinin həyat amilləri kimi qida maddələri də biri digərini əvəz edə bilmir. Hər hansı bir element çatışmadıqda orqanizmdə fizioloji proseslər pozulur, bitki inkişafdan qalır və məhsulu azalır. Məsələn: çox cüzi miqdarda istifadə olunan mis çatışmadıqda zoğun uc yarpaqları saralır, quruyur, meyvələr xırda və keyfiyyətsiz olur. Ona görə də bitkidə hər hansı çatışmazlıq müşahidə olunursa, ilk növbədə torpağın qida tərkibini öyrənmək və çatışmayan elementi bitkinin xüsusiyyətinə uyğun təmin etmək lazımdır. Bitkiyə çatışmayan qida elementləri üzvi və mineral gübrələr vasitəsi ilə çatdırılır. Gübrələrdən düzgün istifadə etmək üçün bitkinin xüsusiyyətini (yəni, hansı qida maddələrinə daha çox və ya az tələbatı olduğunu), böyümə və inkişaf fazalarını (məsələn: çiçəkləməyə qədər, yəni, intensiv böyümə dövründə azota, çiçəkləmə və meyvəvermə dövründə isə fosfor və kaliuma daha çox tələbat göstərir), torpaqdakı qida maddələrinin miqdarını, gübrənin verilmə vaxtını, tərkibini bilmək zəruridir.

Gübrələrin növləri. Üzvi gübrələr: Bura peyin (mal, qoyun, at, quş, insan), peyin şirəsi, torf, yaşıl gübrə aiddir. Üzvi gübrələr azot, fosfor, kalium və bir sıra mikroelementlərlə zəngin olduğundan, gübrələrin ən yaxşısı hesab olunur. Üzvi gübrələrin tətbiqi zamanı torpaq qida maddələri ilə zənginləşməklə bərabər, onun strukturu (yüngül qumlu torpaqlarda suyun və havanın saxlanması, ağır gillicəli torpaqlarda isə suyun və havanın normal hərəkəti) yaxşılaşır, humusun miqdarı artır. Mineral gübrələr: Bura azotlu gübrələr, fosforlu gübrələr, kaliumlu gübrələr, kompleks gübrələr və mikrogübrələr (dəmir gübrəsi, mis gübrəsi, sink gübrəsi və b.) aiddir.
Gübrələrin verilmə vaxtı və qaydaları. Üzvi gübrələr ləng parçalandığından (minerallaşması və suda ionlaşması) bir qayda olaraq onları 3-4 ildən bir fasilə ilə, payızda əsas şum altına (20-30 sm dərinliyə) vermək yaxşıdır. Qeyd etmək istəyirəm ki, üzvi gübrələr təzə halda, əldə olunan kimi, istifadə olunana qədər mütləq tığ (topa) şəkildə qapalı qablarda və ya üstüörtülü halda (torpaqla, qumla və ya polietilen örtüklə) 6 aydan 1 ilə qədər saxlanılmalıdır. Təzə halda üzvi gübrələrin bitkiyə verilməsi bəzən yaxşı nəticə vermir. Tığ və ya topadan götürülmüş gübrə dərhal sahəyə səpilib dərin şumlanmaqla torpağa qarışdırılmalıdır. Fosforlu, kaliumlu və kompleks (N+P+K) gübrələrin illik normasının 50%-i payızda, 10-12 sm dərinlikdə şum altına, 30%-i yazda, 20%-i isə yayda yemləmə şəklində verilə bilər. Mikrogübrələr bir qayda olaraq vegetasiya dövrü suya qarışdırılaraq gövdə ətrafına və ya yarpaqlara çilənir. Azotlu gübrələr isə tez həll olduğundan vegetasiya dövrü 2-3 dəfəyə, torpaq səthinə və ya bitkinin gövdə ətrafına səpilir.
Gübrələmə normaları. Gübrələmə norması torpaqdakı qida elementlərinin miqdarından, becərilən bitkinin xüsusiyyətindən, becərmənin təyinatından asılıdır. Torpaqdakı qida elementləri kifayət qədərdirsə, yəni torpaq qidalıdırsa, gübrə norması da azaldılır və ya heç verilmir. Elə bitkilər vardır ki, onlar torpaq qidasına o qədər də tələbat göstərmirlər. Məsələn: bir çox dekorativ bitkilər, o cümlədən iynəyarpaqlılar, palma, kaktus, aqava və sairə. Ancaq bostan və tərəvəz bitkiləri, meyvə bitkiləri, torpaq qidasına çox tələbkardırlar. Bitkilər məhsul almaq üçün becərilirsə, hər il mütləq intensiv yemləndirilir, dekorativ və digər məqsədlərlə becərildikdə isə onların intensiv yemlənməsi tələb olunmur. Gübrə norması, gübrələrin tərkibində olan qida elementlərinin miqdarına (molekul çəkisinə) uyğun olaraq, təsiredici maddə hesabı ilə təyin edilir. Məsələn: Ammonium şorası (selitra) – NH4NO3-də qida maddəsi (elementi) olan azot (N), yəni, təsiredici maddə 34,5%-dir. Yəni, fiziki çəkidə 100 kq Ammonium şorası verildikdə, onun 34,5 kiloqramı azot (təsiredici maddə) hesab olunur. 1 hektara 100 kq təsiredici maddə hesabı ilə azot tələb olunursa, o halda fiziki çəkidə 310 kq ammonium şorası verilməlidir. Naxçıvan Muxtar Respublikasında torpaqların müxtəlif tiplərdə, qidalılıq dərəcəsinin isə fərqli olması hər zona üçün gübrə normaları müəyyənləşdirməyi tələb edir. Bununla əlaqədar olaraq alimlər orta gübrə normalarını da təklif etmişlər. Belə ki, hər 36 hektara 3-4 ildən bir 40-60 t üzvi gübrə, təsiredici maddə hesabı ilə 200-250 kq fosfor, 90-150 kq kalium, 150-200 kq azot gübrəsi planlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, xüsusi ilə mineral gübrələrin normadan artıq verilməsi, bitkinin inkişafına mənfi təsir etməklə bərabər ekoloji tarazlığın pozulmasına da təsir edə bilir. Ona görə də gübrələr bitkilərin tələbatına uyğun normada verilməlidir.
Dibçək bitkilərinin yemləndirilməsi. Dibçək bitkiləri daha çox otaq şəraitində becərildiyindən onlara gübrələrin verilməsi zamanı daha diqqətli olmaq lazımdır. Digər tərəfdən isə bu bitkilər məhdud substrat şəraitində becərildiklərindən burada mütəmadi yemləndirmə tələb olunur. Dibçək bitkilərinə gübrələrin, suda məhlullarının verilməsi daha münasibdir. Bunun üçün üzvi gübrə kimi quş və ya at peyinindən, mineral gübrələrdən azotlu, fosforlu və kaliumlu gübrələrdən, həmçinin bitkinin bioloji xüsusiyyətinə uyğun mikroelementlərdən istifadə olunur. Quş və at peyinindən şirə hazırlamaq üçün 10 litr suya 1 kq peyin əlavə edib, 25-30ºC temperaturda 15-20 gün ağzı kip bağlanmış qabda saxlanılır və gündə 1-2 dəfə qarışdırılır. Həmin məhlula 20 q azotlu, 20 q fosforlu və 10 q kaliumlu gübrə də əlavə etmək olar. Hazır olmuş məhlulun 1 litri 10 litr suya qarışdırılıb, ayda bir dəfə bitki dibinə verilir. Hər dəfə də 1 litrlik dibçəyə 0,2 litr, 3 litrliyə 0,5 litr, 10 litrliyə 2 litr vermək məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, indi bu cür qarışıqlar bitki mağazalarında da müxtəlif adlarla hazır satılır.
Bitkilərin suvarılması. Bitkilərin normal böyüməsi və inkişafı üçün havanın və torpağın rütubətliliyinin böyük əhəmiyyəti var. Ona görə də təbii atmosfer çöküntüləri az olan bütün ərazilərdə bitkilərin suvarılması zəruridir. Bitkilərin suvarılma norması və vaxtı torpaq-iqlim şəraitindən və bitkinin bioloji xüsusiyyətindən asılı olaraq müəyyənləşir. Ağır-gilli, qidalı-qara torpaqlarda suvarmalar çox norma ilə gec, yüngül-qumsal torpaqlarda isə az norma ilə tez-tez aparılır. Ağac və kol bitkilərinə nisbətən ot tipli bitkilər az su norması ilə, tez-tez suvarılır. Ümumiyyətlə, suvarma elə aparılmalıdır ki, bitkinin kök sistemi yerləşən torpaq qatının rütubətliliyi 70-80% olsun.
Yeni əkilmiş bütün bitkilər dərhal suvarılmalıdır ki, torpaqla bitki kökü arasında hava boşluğu qalmasın. Bitkilərin illik və ya aylıq suvarılma sayı hər hansı rəqəmlə təsdiq olunmur. Bu, say bitkilərin vəziyyətilə əlaqədardır. Yəni, bitkiyə suyu onun “tələb etdiyi” zamanda vermək lazımdır. Belə olduqda suya qənaət olunmaqla yanaşı, bitkilər də sudan səmərəli istifadə etmiş olur.
Dibçək bitkilərinin suvarılması. Dibçək bitkilərinin suvarılması, onların yemləndirilməsində olduğu kimi xüsusi diqqət tələb edir. Dibçəkdə suyun çatışmazlığı və artıqlığı bitkinin tez bir zamanda məhvinə səbəb olur. Qeyd olunmalıdır ki, suyun çatışmazlığı səbəbindən bitkinin məhv olacağı əvvəlcədən gözlə göründüyü halda, artıqlığından məhv olması gözlə müşahidə olunmur. Çünki, dibçəyin çox normada və tez-tez suvarılması ilk növbədə bitki köklərinin çürüməsinə səbəb olur. Daha sonra gözlə görünən hissə quruduğundan bitkini həyata qaytarmaq artıq gec olur. Dibçəkdə torpağın 5-10 sm-lik üst qatının quruması, onun suvarılması vaxtının əsas göstəricisidir. Dibçək bitkiləri payız-qış ayları səhərlər, yaz-yay ayları isə axşamlar suvarılmalıdır. İstifadə olunan su otaq temperaturunda olmalıdır.
Bitkilər də digər canlılar kimi xüsusi qulluq tələb edir. Gübrələmə və suvarılma texnikasını dügün təşkil etməklə həm məhsulun keyfiyyətinin yüksəlməsini, həm də bitkinin normal inkişafını təmin edə bilərik.

Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Zəhərli otaq bitkiləri – FOTO

Dibçək bitkiləri müalicəvi və faydalı xüsusiyyətlərə malik olsalar da, onların bir sıra zərərli keyfiyyətləri də var. Ona görə də mütəxəssislər yataq otağına bitki ya çiçək qoyulmasını məsləhət görmürlər. Daha çox dekorativ məqsədlə istifadə edilən bəzək bitkiləri və ya dibçək güllərinin bəziləri heç də göründüyü kimi məsum deyil. Otaq şəraitində becərilən bəzək bitkilərinin əksəriyyətinin zəhərli xüsusiyyətləri də var, onların tərkibində olan alkaloid, qlikozid, saponin və tanin kimi maddələr sağlamlığa mənfi təsir göstərə bilər. Çiçəklərin tərkibindəki həmin birləşmələr onların uzunömürlü və gözoxşayan forma almasını təmin etsə də, müxtəlif narahatlıq və zəhərlənmələrə səbəb olur.

Milli.Az bildirir ki, bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev deyib: “Bəzək bitkilərinin böyük əksəriyyətinin yarpaq və meyvələrinin yeyilməsi, qusma, ürək bulanması, allergik reaksiya kimi narahatlıqlar yaradır. Kiçik yaşlı uşaqlar onların təhlükəli olduğuna bilmədiklərinə görə bitkilərin müxtəlif hissələrinə əllə toxunur, yarpaq və çiçəkləri cəlbedici rənglərə malik olduğuna görə qoparıb yeyirlər. Bu, uşaqların dərisində qıcıqlanmaya, səpgi və zəhərlənmələrə səbəb olur. Evlərdə daha çox saxlanılan nərgiz, divar sarmaşığı və s. kimi dibçək güllərinin zəhərli olduğu mütləq nəzərə alınmalıdır.

Canlılar tənəffüs zamanı oksigeni alır, karbon qazını xaric edirlər. Bitkilər isə gündüz karbon qazını alıb oksigeni verir, gecələr isə prosesə bunun əksinə getdiyinə görə mənfi təsirə malik olur. Bəzi bitkilərin buxarlanma vasitəsilə yarpaqlarından ifraz etdiyi gözlə görünməyən maddələr sağlamlıq üçün zərərli təsir göstərir.

Zərərli maddələr əslində bitkilərin qorunmasına xidmət edir. Tibbi və kosmetik sənayedə, gündəlik həyat və məişətdə həmin kimyəvi maddələrdən geniş istifadə olunur. Otaq şəraitində becərilən dibçək bitkilərinin zərərli təsirləri olduğuna baxmayaraq, çox böyük faydalı xüsusiyyətləri var və onların xeyirli cəhətlərindən istifadə edilir. Onların sayəsində evdə milçək və ağcaqanadlardan xilas olmaq mümkündür. Beləliklə, dibçək gülləri lazımi yerə qoyulduqda və onlardan düzgün istifadə edildikdə çox böyük səmərə verir”.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.