Press "Enter" to skip to content

Məktəbəqədər yaşlı uşaqların sosial inkişafı

Məktəbəqədər yaş dövründə zaman qavrayışı da müəyyən qədər inkişaf etmiş olur. Psixoloji tədqiqatlar göstərir ki, gün rejimi düzgün təşkil edildikdə 3-5 yaşlı uşaqlar zaman məfhumlarını anlamaqda çətinlik çəkmirlər, zamanı müəyyən cisim və hadisə ilə əlaqələndirirlər.

Məktəbəqədər yaşlıların psixoloji xüsusiyyətləri

Sual 1.Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçirərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beynin, sinir sisteminin, bədənin ayrı-ayrı üzvlərinin keyfiyyətcə funksional təkmilləşməsi baş verir. Bu dövrdə beyin kütləsinin çəkisi 1110 qramdan 1350 qrama çatır. Sinir sisteminin birləşdirici, əlaqə yaradıcı tellər də xeyli inkişaf edib möhkəmlənir.

4-6 yaş arasında uşağın boyu surətlə artdığından ilk baxışdan belə təsəvvür yaranırki, o arıqlayıbdır, lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir, orqanizmin mütəhərrikliyi nəzərə çarpacaq dərəcədə çoxalır. Boyun belə sürətlə artımı endokrin sisteminin, xüsusilə də hipofizin funksiyasının qüvvətlənməsilə əlaqədar baş verir. Uşağın boyunun artması ilə əlaqədar onun bədənin ayrı-ayri üzvləri arasındakı mütənasiblik də dəyişir. Çağa ilə müqayisədə 7 yaşınadək uşağın ayaqları 3 dəfə, əlləri 2,5 dəfə bədəni isə 2 dəfə böyümüş olur.

Beş yaşlı uşağın əzələ və sümük sistemi yaxşı inkişaf etmiş olsada, onun əl və ayaq əzələlərində hələ sümükləşməmiş qığırdaqlar qalır (sümükləşmə yeniyetmelik dövrünün sonuna qədər davam edir).

Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşlı uşaqların skeleti əsasən qığırdaq toxumalarından ibarət olur. Bununla əlaqədar uşağı həddindən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqlardan istifadə etməyə qoymaq olmaz.

Əgər deyilənlər nəzərə alınmazsa uşağın qaməti düzgün inkişaf etməyəcək, bu isə öz növbəsində sümüklərin inkişafına qan dövranı və nəfəs almağa mənfi təsir göstərəcəkdir. Qabıq ləngimələrinin zəifliyi və oyanmanın çox yayılması üzündən uşaqların diqqəti davamsız, ətraf aləmin qıcıqlandırıcılarına verdikləri cavab isə emosional xarakter daşıyır. Əqli fəaliyyət zamanı onlar çox yorulurlar.

Bu yaşda olan uşaqlarda II siqnal sistemi əsasında asanlıqla şərti refleks yaratmaq olur, uşağın ürək-damar sistemində anatomik və funksional dəyişikliklər baş verir, ürəyin çəkisi və iş qabiliyyəti xeyli dərəcədə artır.

Bu yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyətlər alır; başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s.

Məktəbəqədər yaş dövrü şərti reflekslərin əmələ gəlməsi, sadə reflekslərdən mürəkkəb reflekslərə doğru inkişaf dövrü kimi xarakterizə olunur. Qabıq proseslərinin möhkəmliyi, daxili ləngimənin qüvvəsi, getdikcə davamlı şərti reflekslər kimi qalır. Məktəbəqədər dövrün axırlarında ləngimə prosesinin qüvvəsi xeyli artır, müvazinətlilik inkişaf edir.

Sual 2.Müasir psixologiyada belə bir fikir yürüdülür ki, uşağın əsas idrak qabiliyyətləri çox erkən təzahür etdiyindən onların təbiətinin öyrənilməsinə də məktəbəqədər yaş dövründə başlamaq lazımdır.Bu məsələnin praktik əhəmiyyəti ondan ibarətdir ki,həmin sahədə mövcud qanunauyğunluqlarının aşkara çıxarılması idrak qabiliyyətlərinin məqsədyönlü tərbiyəsi üçün valideyn və tərbiyəçilərə zəruri biliklər verə bilər.

Bağça yaş dövründə uşağın sensor inkişafı intensiv surətdə həyata keçir.Duyğuların müxtəlif növləri daha surətlə formalaşmağabaşlayır.Görmə duyğularının inkişafına dair aparılan psixoloji tədqiqatlarla sübut edilmişdir ki, görmənin itiliyi uşağın məşğul olduğu fəaliyyətdən və həmin fəaliyyətin düzgün təşkilindən çox asılıdır.Məs:oyun fəaliyyəti zamanı görmənin itiliyi 4-5 yaşlarda orta hesabla 17,2 % ,5-6 yaşlarında 29,9 % ,6-7 yaşlarında 30,2 % artır.

Məktəbəqədər yaş dövründə uşaqlarda rəngləri fərqləndirmək bacarığı da surətlə inkişaf edir.Onlar əsasən xromatik rəngləri-qırmızı,sari ,göy və yaşıl rəngləri yaxşi fərqləndirdikləri halda ,aralıq rəngləri (bənövşəyi, abı və s.) fərqləndirməkdə çətinlik çəkirlər.Həmin dövrdə axromatik ( qara, boz) rənglər də onlar üçün tanış olur.5 yaşdan etibarən uşaqlar həm əsas ,həm də araliq rəngləri səhvsiz ayırmaq və qruplaşdırmaq bacarığınayiyələnirlər. 6 yaşlılar isə müxtəlif çalarları da fərqləndirə bilir, lakin sözlə ifadə etməkdə çətinlik çəkirlər.

Kiçik məktəbəqədər yaşda tonal eşitmə və danışıq səslərini- nitqi eşitmə duyğusu yaşlıların eşitmə səviyyəsindən xeyli aşağı olur.

3-5 yaşlı uşaqlar yüksək səsli melodiyaları yada sala bilmir.Əksər hallarda monoton səslə oxuyurlar.

Məktəbəqədər yaş dövründə uşaqların hərəkət və lamisə duyğuları da surətlə inkişaf edib dəqiqləşir.Ümumiyyətlə, bu yaş dövründə lamisə ,iybilmə,dad, görmə və eşitmə duyğuları da iti kompleks halda təkmilləşir.Görmənin uzun müddət gərginliyi zamanı məs:pis işıqlandırılmış masa arxasında şəkillərə baxan vaxt uşaq yaxşı görmədiyi üçün göz büllurunun forması da dəyişmiş olur ki,bununda sayəsində görmə əzələləri həddindən çox yorulur.Belə vəziyyətin bir neçə dəfə təkrar olunması yaxından görmə -göz xəstəliyinin inkişafına gətirib çıxarır.

4-7 yaşlı uşaqların əksəriyyəti iyləri fərqləndirərkən tanıdıqları konfetlərin istifadə edirlər.

Məktəbəqədər yaş dövründə uşağın qavrayışı, xüsusən də məkan qavrayışı digər idrak proseslərilə üzvi vəhdətdə inkişaf edib təkmilləşir. Uşağın məkana bələdləşməsində onun gözü və əlləri mühüm rol oynayır.

Uşaq məkan münasibətlərini qavrayarkən əl və ya gözlə yanaşı, sözlərdən də istifadə edir, bu da onun məkan münasibətlərini dəqiq qavramasına əlverişli imkan yaradır. İcra ediləcək iş sözlərlə ( irəlidə, yanda, ortada və s. ) ifadə olunduqda, məkan münasibətləri daha düzgün dərk olunur.

Məktəbəqədər yaşlı uşaq ilk vaxtlar əşya və cisimlərdə ən çox formanı ayırmaqla onların mühüm əlamətlərini qavramağa cəhd göstərir. Bu dövrdə obyektlərin böyüklüyünü qavrama bacarığı da inkişaf etməyə başlayır.

Psixoloqların tədqiqatları göstərir ki, 3-6 yaşlı uşaqların hamısı cismin böyüklüyünü, 5 yaşlılar isə forma müxtəlifliyini qavramağı bacarır.

Uşaqlar 3 yaşdan etibarən ayrı-ayrı həndəsi fiqurları tanıyır və onları bir-birindən fərqləndirə bilirlər. Psixoloji tədqiqatlar göstərir ki, 3-4 yaşlı uşaqlar formanı əvvəl lamisə, sonra isə görmə ilə, 5-6 yaşlılar isə əvvəl görmə, sonra lamisə ilə yoxladıqda daha yaxşı fərqləndirir və dərk edirlər.

Məktəbəqədər yaş dövründə zaman qavrayışı da müəyyən qədər inkişaf etmiş olur. Psixoloji tədqiqatlar göstərir ki, gün rejimi düzgün təşkil edildikdə 3-5 yaşlı uşaqlar zaman məfhumlarını anlamaqda çətinlik çəkmirlər, zamanı müəyyən cisim və hadisə ilə əlaqələndirirlər.

Sual 3. Məktəbəqədər yaşlı uşaqlarda əqli proseslərdən biri olan diqqət və onun əsas xüsusiyyətlərinin inkişafı üçün səmərəli şərait yaranmış olur və uşağın diqqəti surətlə inkişaf edir. O, maraqlı və bələdləşmə refleksinin yaranmasına səbəb olan cisim və hadisələr üzərində daha çox mərkəzləşməyə başlayır.

Məktəbəqədər yaş dövründə diqqətin davamlılığının artması uşağın cisim və hadisələrə dərindən bələd olması, onlar haqqında müəyyən biliklər əldə etməsilə sıx bağlıdır. Bu yaş dövründə diqqətin həcmi tədricən genişlənməyə başlayır.

3-4 yaşdan etibarən, söz siqnalları ilə uşağın diqqətini müəyyən obyektlərə cəlb etmək olur, bu yolla hətta diqqəti bir obyektdən digərlərinə keçirmək də mümkündür. 6-7 yaşlı uşaqların demək olar ki, hamısı lap I sifahi sözlü təlimatdan sonra diqqətlərini çox asanlıqla bir obyektdən digərinə keçirməyi bacarır.

İxtiyari diqqətin inkişafında uşaq fəaliyyətinin düzgün təşkili böyük əhəmiyyət kəsb edir. Ona görə də bağça yaşlı uşaqların fəaliyyətinə yaşlılar tərəfindən daim ciddi nəzarət və rəhbərlik edilməlidir.

Məktəbəqədər yaş dövründə uşağın hafizəsi də müəyyən qədər inkişaf edir. Məqsədli hafizə və ya bir sıra psixoloqların mnemonika adlandırdıqları yaddasaxlama, daxilində mnemik işlər olan fəaliyyətdəki motivlər sayəsində baş verir. Həmin motivlər mnemik məqsədin anlaşılmasına və dərk olunmasına müəyyən təsir göstərir. Bununla əlaqədar laborator eksperimenti şəraitində, həmçinin oyun prosesində yaddasaxlama və yadasalmanın xüsusiyyətləri tədqiq olunmuşdur (Z.M.İstomina)

Məktəbəqədər dövrdə hafizənin fərqləndirici xüsusiyyətlərindən biri də onun əyani-obrazlı xarakter daşımasıdır. Həmçinin bu dövrdə sözlü-məntiqi hafizə də müəyyən qədər inkişaf etmiş olur.

Məktəbəqədər dövrdə uşaqlarda ixtiyari yaddasaxlama təşəkkül tapıb inkişaf etsə də, qeyri-ixtiyari yaddasaxlama daha çox üstünlük təşkil edir və məhsuldar xarakter daşıyır.

Söz hafizəni genişləndirir və təsəvvürləri sistemləşdirir, yaddasaxlanan materialı ümumiləşdirir, onları müəyyən məna qruplarında birləşdirməyə imkan verir. Ona görə də yaddasaxlama və yadasalmanın inkişafinda nitqdən bir vasitə kimi istifadə edilməsi olduqca zəruridir.

Hafizənin inkişafı ilə əlaqədar uşaqlarda təsəvvürlər, xüsusən də hafizə təsəvvürləri inkişaf edir. Cürbəcür həyati təcrübələr uşağın idrakını daim yeni surətlərlə zənginləşdirir və əvvəlki surətlərin dəyişməsinə səbəb olur.

6-7 yaşlı uşaqlar onlara verilmiş fiqurları analitik surətdə qavrayır, onları tanımaqla bərabər, həm də hər birinin vəziyyətini ayrı-ayrılıqda müəyyənləşdirə bilir.

Tanış surətin yadda saxlanması və lazım gəldikdə yada salınmasında, habelə yeni surətlərin yaranmasında nitqin rolu böyükdür. Nitq eyni zamanda cismi geniş şəkildə təsvir etmək imkanı verir.

Məktəbəqədər yaş dövründə uşağın təfəkkürü əsasən əyani-əməli xarakter daşıyıb, icra etdiyi işlərlə, dərk etdiyi konkret cisim və hadisələrlə bağlı olur. Qavrayış materialları əsasında fikirləşməklə yanaşı, uşağın da geniş söz ehtiyatına yiyələnməsi ilə əlaqədar onda obrazlı, nəzəri və mücərrəd təfəkkürə keçid üçün imkanlar yaranır.

Psixoloqların tədqiqatları göstərir ki, 3-4 yaşlı uşaqlar bəzən hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə qəribə, həqiqətə uyğun olmayan hökmlər irəli sürürlər, düzgün olmayan nəticələr çıxarırlar. Uşağın bilik və təcrübəsinin artması, onun təfəkküründə özünü göstərən bu cür halların tədricən aradan qalxmasına, hökmlərin dəqiqləşməsinə səbəb olur.

Məktəbəqədər dövrdə uşaq təfəkkürü əsasən, əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqli (mücərrəd) təfəkkür istiqamətində inkişaf edir.

Məktəbəqədər yaşlı uşaqlar tədricən cisim və hadisələrə aid hökm çıxarmağa başlayırlar.

4-5 yaşlı uşaqların mühakiməsi mürəkkəb xarakter daşıyır. Onlar bir neçə oxşar faktlar əsasında müəyyən ümumi nəticələr çıxarır və yeri gəldikcə bundan başqa məsələnin həllində istifadə edirlər.

6-7 yaşlı uşaqların mühakiməsi daha mürəkkəb və təkmilləşmiş xarakter daşıyır. Uşaq bu mərhələdə nəinki, ümumiləşdirmə aparır, həmçinin onları təsbih edir və təkmilləşdirir.

Məktəbəqədər dövrdə uşaqlar hissi idrakla kifayətlənməyib, təbiət və cəmiyyət haqqında yaşlıların verdiyi şifahi təsvir və izahatdan da istifadə edib, idrak fəaliyyətlərini zənginləşdirirlər. Uşaq böyüyüb zənginləşdikcə, tələbatı artdıqca, onda əyani-obrazlı təfəkkür əsasında mücərrəd təfəkkür də inkişaf etməyə başlayır.

Təfəkkürün bu yüksək pilləsi təlim-tərbiyə və ictimai fəaliyyət prosesində inkişaf edir və öz növbəsində biliklərə yiyələnməyə, məfhumlar sistemini mənimsəməyə imkan yaradır.

Məktəbəqədər dövrdə nitq, xüsusilə də şifahi nitq daha sürətlə inkişaf edib zənginləşir, lüğət ehtiyatı artır, o, ana dilinin qramatik qanunları əsasında danışmağa başlayır. Ümumiyyətlə, bu dövrdə uşaq nitqi əsasən 3 istiqamətdə inkişaf edir:

  1. Uşaqda söz ehtiyatının artması
  2. Nitqin fonetik cəhətdən inkişafı, yəni uşağın səsləri düzgün eşitməyə və tələffüz etməyə yiyələnməsi.
  3. Uşağın nitqinin qrammatik cəhətdəm inkişafı.

Məktəbəqədər dövrdə uşaqların nitqi ünsiyyət vasitəsi kimi inkişaf edir, özü də bu, ailədə, bağçada, yaxın adamlarla, onu əhatə edənlərlə ünsiyyət zamanı olur. Nitqin bu cür ünsiyyət formasına situativ nitq deyilir. Uşaq qarşısına sual çıxdıqda, yeni cisim və hadisələrlə qarşılaşdıqda ondan istifadə edir.

Uşağın ünsiyyət dairəsi, marağı genişləndikcə kontekst nitqi mənimsəyir (konkret mətnin mənaca bitməsi). Bu nitqə uşaq bağça məşğələlərində, müntəzəm təlim prosesində yiyələnir (inkişaf edir).

Məktəbəqədər dövrdə uşağın yiyələndiyi nitq formalarından biri də izahlı nitqdir. Uşaq bu nitqlə oyunun məzmunu yoldaşlarına izah edir. Rabitəli nitqin bir forması olan izahlı nitq uşağın həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir. Məktəbəqədər dövrdə bu nitq yenicə təşəkkül tapıb inkişafa başlayır.

Bu dövrdə həmçinin uşağın nitqində fonetik cəhətdən bəzi qüsurlara təsadüf olunur. “R” səsini uşağın düzgün tələffüz etməməsini xüsusi ədəbiyyatda rotatsizm adlandırırlar. Bu qüsuru aradan qaldırmaq üçün uşağı güzgü qabağında oturtmaq və ona təklif etmək lazımdır ki, ağzını geniş açsın, dilinin ucunu dişlərinin dibinə yaxınlaşdırsın və bu vəziyyətdə “z” səsini ifadə etsin. Bu vaxt uşağın dili altdan çay qaşığı ilə yuxarı qaldırılır və “z” səsini ifadə etməsi tapşırılır. Bu zaman “r” səsinə oxşar səs yaranır.

“L” səsinin düzgün tələffüz olunmaması lambdatizm adlanır. Bu səsin düzgün tələffüzü üçün uşağa tapşırmaq lazımdır ki, o, dilini yastılaşmış halda kəsici dişlərin arasına soxsun, sonra dilin uc hissəsini yavaşca dişləsin və bu vəziyyətdə “l” səsini ifadə etsin.

“Ş” səsini düzgün tələffüz etmək üçün uşağa tapşırmaq lazımdır ki, “s” səsini tələffüz edərkən dilinin ucunu dişlərin ucuna deyil, üst dişlərin dibinə tərəf yaxınlaşdırsın.

Bir çox hallarda nitq orqanlarında heç bir qüsur olmadıqda belə uşaq qüsurlu danışır. Bunun səbəbi uşağın səsə uyğun, düzgün fizioloji mexanizm yarada bilməməsi, mənfi tərbiyəvi təsirlər, yamsılamaq və yerli ləhcələrdir. Bunların qarşısı erkən alınmazsa, uşağın nitqində özünə uzun zaman yer edər. Bəzən bu cür nöqsanlar şirindillik hesab edilərək, qarşısı alınmır, böyük yaşlarda isə qarşısının alınması çətinləşir.

Nitq inkişafının II və III mərhələsində uşağın tələffüzü ilə yanaşı, onun söz ehtiyatı da sürətlə inkişaf edir.

Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və təkmilləşməsi ilə yanaşı, nitqin daha mürəkkəb və müstəqil növü olan monoloji nitq də inkişaf etməyə başlayır.

Nitq inkişafının III — şifahi nitqin zənginləşməsi mərhələsində lüğət ehtiyatı sürətlə artır: 3 yaşlı uşaq 1000-1500, 4 yaşlı uşaq 1600-1926, 5-6 yaşlı uşağın nitqində isə 2500-3000-ə qədər söz ehtiyatı olur.

Məktəbəqədər yaşda təxəyyül surətlə formalaşır. Uşaq oyun və onun gedişi barədə böyüklərin, tərbiyəçinin izahatını dinləyir, bu izahat əsasında oyunun gedişini öz təxəyyülündə canlandırmağa səy göstərir.

Məktəbəqədər yaş dövründə uşağın bərpaedici təxəyyül surətləri hələ solğun olur, uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq və zəngin surətlər yarada bilmir.

Məktəbəqədər yaş dövründə bərpaedici təxəyyüllə yanaşı, yaradıcı təxəyyül də inkişaf edir. Bir çox tədqiqatlar yaradıcı təxəyyülün ilk əlamətlərinin hələ 3 yaşdan etibarən təzahür etdiyini göstərir.

Qeyri-adi surətləri yaradarkən uşaqlar nağıl və bədii əsər materiallarına istinad edirlər. Yuxarı məktəbəqədər yaşlıların təxəyyülündə realist meyl daha qabarıq şəkildə nəzərə çarpır.

Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  2. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  3. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  4. Кулагина И.Ю., Колюцкий В.Н. Возрастная психология.
  5. Обухова Л.Ф. Возрастная психология, М., 2000.
  6. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
  • Teqlər:
  • məktəbəqədər dövrdə fiziki inkişaf
  • , məktəbəqədər dövrdə sensor inkişaf
  • , məktəbəqədər dövrdə əqli proseslər
  • , məktəbəqədər dövr

Məktəbəqədər yaşlı uşaqların sosial inkişafı

Bir çox valideynlər bilir ki, şəxsiyyətin əsası erkən uşaqlıqda qoyulur. Məktəbəqədər yaş dövrü uşağın həm davranışında, həm də sosial inkişafında vacib bir dövrdür. Ümumiyyətlə uşağın sosial inkişafı nə deməkdir? Uşağın sosial inkişafı cəmiyyətin adət-ənənələrini, mədəniyyətini bilməsi, cəmiyyətdə özünəməxsus yer tapmasıdır. Əlavə etmək lazımdır ki, körpəlik dövründə uşaq böyüklərlə ilk ünsiyyətini qurur, onlara inanır, öz bədənini və davranışlarını idarə etməyə başlayır, nitqini qurur və sözlərlə bəzəyir. Uşağın sosial inkişafının formalaşması üçün ona və onun maraqlarına xüsusi diqqət yetirmək, vaxt ayırmaq lazımdır.

Ünsiyyət- uşağın sosial keyfiyyətlərinin formalaşması üçün başlıca rol oynayır. Əsasən, bu dövrdə valideyn ilə uşaq daha çox ünsiyyətdə olur. Uşağın sosial tərbiyəsi- sosial tərbiyə uşağın sosial inkişafının əsasını təşkil edir. Məhz, məktəbəqədər yaş dövründə uşaqlar və böyüklər arasında qarşılıqlı ünsiyyət yaranır. Erkən uşaqlıqda uşaqlar əşyalardan neçə istifadə etmək lazım olduğunu öyrənirlər. Daha sonra böyüklər onlar üçün bir obyekt olurlar ki, uşaqlar onların hərəkətlərini təkrar edir, onlar kimi davranırlar. Bəs sosial tərbiyə nədir? Sosial tərbiyə uşağın başqalarının maraqlarına diqqət ayırmaq, işləri ilə maraqlanmaq, hər bir peşəyə, insanlara hörmətlə yanaşmaq, başqalarının kədərinə heyifslənmək, sevincinə sevinmək və s. Bütün bunlar əsasdır çünki, bu dövrdə uşaqlarda həm də paxıllıq hissi formalaşır. Sosial tərbiyə həmçinin uşaqlarda günahkarlıq hissinin formalaşmasıdır. Məsələn, oğlan uşağı öz yaşıdının əlindən oyuncaq maşını kobudcasına aldığına görə narahat olmalı və etdiyi hərəkətə görə üzr istəməlidir. Və ya yaxud qız uşaqları oyuncaq gəlinciklərini zədələməməlidirlər. Onlar anlamalıdırlar ki, oyuncaqları korlamaq olmaz. Hər bir əşyanın, istər geyim olsun, istərsə də oyuncaq bütün bunların qiymətini bilməlidirlər.

Uşaq baxçasında sosial inkişaf – Ola bilər ki, ailədə həm ana, həm də ata işləsinlər bu zaman uşağın sosial inkişafının formalaşmasında uşaq baxçaları və tərbiyəçilər önəmli yer tutur. Bəs uşaq baxçasında uşağın sosial inkişafı necə olur? Burada uşaqlar adət-ənənə, mədəniyyət, norma və dəyərlər, cəmiyyətdə davranış və s. kimi bilikləri öyrənirlər. Böyüklərlə daha çox ünsiyyətdə olduqca uşaqlarda etik normalar, təbiətə və insanlara olan sevgiləri formalaşır, yaşıdları ilə ( baxçada) kollektiv şəklində hərəkət edirlər, bu kollektivin maraqlarını nəzərə alırlar.

Tərcümə edən : Məmmədova Afaq

Narınc Könüllü Qrupunun Üzvü

Comments are closed, but trackbacks and pingbacks are open.